Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Mustafa Kamal Atatürk», страница 5

Шрифт:

Lütfi Müfit Bəy Mustafa Kamalla bağlı məktəb xatirələrini danışarkən onun qəzet çıxararaq tələbə yoldaşlarının da düşüncələrini aydınlatdığını bildirib və fikirlərini belə davam etdirib: “Böyük Şef şüursuz idarəçilik ucbatından o dərəcədə iztirab çəkirdi ki, hələ məktəbdəykən o zamankı rəhbərliyə qarşı yoldaşları ilə söhbətlər aparır, rəhbərliyi tənqid edir, hətta böyük təhlükələrə baxmayaraq, həftədə bir-iki dəfə gizli qəzet çıxarırdı. Hələ o zamanlar övladı olduğu türk millətinə gələcəkdə necə böyük xidmətlər etməyə hazır olduğunu çox gözəl şəkildə izah edirdi. Xasiyyətinə, dürüst düşüncələrinə məftun olan, ona inanan yoldaşları “o Böyük Adamın ətrafına” toplaşmışdılar…”189

Hayri Paşa (Tıronavacık) jurnalist Naci Sadullaha bunları söylə-yib: “… Qazi həzrətləri sinfin ən ağıllı tələbəsiydi. Onda yaşından gözlənilməyən yetkinlik vardı. Çox qüvvətli inandırmaq qabil-iyyətinə malikdi. Bir dəfə də olsun, hansısa davaya qarışdığını xa-tırlamıram. Məktəblərdə anlama qabiliyyətlərinin, zəkalarının qıt-lığını hansısa yollarla, özünü oxumağa məcbur etməklə vəziyyətdən çıxmağa çalışan bədbəxt tələbələr vardı. Bu cür məcburiyyətlərə ehtiyacı olmayan Qazi həzrətlərinin dərs üzərində davamlı olaraq baş sındıran əzbərçilər kimi çalışdığını da xatırlamıram. Adətən, onun üçün maraqlı olan dərslərlə daha çox məşğul olurdu. Riya-ziyyat və ədəbiyyata qarşı xüsusi maraq duyurdu. Ən çox oxuduğu Tevfik Fikrətin əsərləriydi. Xüsusilə, “Sis” mənzuməsini çox bəyənirdi. Namiq Kamalı, Abdullah Hamidi oxumaqdan da zövq alırdı. Ən çox məşğul olduğu şeylərdən biri də o dövrün fəlsəfəsi və fikir cərəyanlarıydı. Cəmiyyətin, hələ ki, həll edilməmiş mübarizələri haqqında çox düşünürdü. Darvin nəzəriyyəsi ilə də çox məşğul olur, “Papazlar” dini nəşriyyatını diqqətlə təqib edirdi… Qazi həzrətləri sinfimizin ən yaraşıqlı, ən şux, ən təmiz geyinən tələbəsiydi. Müasir həyatın İstanbuldan əvvəl özünə yer elədiyi Selanikdə böyüdüyü üçün cəmiyyətdə riayət olunması vacib ədəb qaydalarıyl hamımızdan daha çox tanışdı. Beyrutdaykən dəvət edildiyimiz yüksək səviyyəli ziyafətlərdə çox gözəl rəqs etməyi, özünü sərbəst aparmağı, şirin-şirin danışığıyla həm qadınlar, həm kişilər arasında böyük təsir, etibar qazanır, hamımıza böyük iftixar hissi yaşadırdı… Onunla birlikdə Monastır İdadisindən gələn Tevfiq bəy də – bu böyük insanı məktəbdən məzun olduğu zaman itirdik – indi Kırşəhər millət vəkili olan Müfit bəy də səmimi dostlarıy-dılar”190.

Monastırda və Hərbi Məktəbdə ondan bir sinif aşağıda oxuyan Kazım Özalp Paşa da hərbiyyədəki yoldaşlıqları haqqında bunları söyləyib: “1899-cu ildə Mustafa Kamal İstanbula Hərbi Məktəbə getdi. Bir il sonra mən də eyni məktəbə qəbul olundum. Beləcə, yoldaşlığımız yenidən başladı. Monastır İdadisindən Hərbiyyəyə gə-lənlər tətil günlərində, adətən, Babialidəki Stefanın qiraətxanasında, ya da Sirkəçidə, Yaninin qəhvəxanasında görüşürdülər. Bu yerlərdə etdiyimiz söhbətlər əvvəlki illərlə müqayisədə daha mənalı, daha mübahisəli olurdu. İmkanımız olanda nərddən əlavə bilyard da oy-namağa çalışırdıq”191.

Hərbi məktəbi Mustafa Kamaldan bir il tez bitirən, lakin elə hə-min il “havaya uyğunlaşa bilmədiyi” ilə bağlı arayış alaraq məmlə-kətinə gedən, Hərbi Akademiyaya bir il sonra başlayan Asım Gündüz orada Mustafa Kamalla eyni sinifləri oxuyub. Xatirələrində Hərbiyyəli Mustafa Kamal haqqında bunları danışıb: “Hərbi Məktəbi bitirdiyim zaman xəstələnmiş və məktəbin xəstəxanasının verdiyi arayışla bir il havamı dəyişmək üçün öz məmləkətimə getmişdim. O zaman Hərbiyyəyi birinciliklə onunculuq arasında bitirənləri Hərbi Akademiyaya qəbul edirdilər. Hərbi məktəbi birinciliklə bitirməyimə baxmayaraq səhhətimdəki narahatlıq üzün-dən Akademiyaya yalnız bir il sonra gedə bildim. Beləcə, Mustafa Kamal, Əli Fuad Cebesoy və Əli İhsan Sabislə Hərbi Akademiyada bərabər oxumalı oldum. Əvvəllər də sinif birincisi olmağım, aldığım qiymətlərin o ilin sinif birincisi Əli İhsan Sabistən 14 xal yüksək ol-masından dolayı burada da sinif nümayəndəsi seçildim. İstər Hərbiyyədə, istərsə də Hərbi Akademiyada bir şey diqqətimi çəkmişdi. Şərq ellərindən, Anadoludan gələn yoldaşlar istanbullular kimi yalnız dərsləri ilə məşğuldulər. Amma Monastır İdadisindən gələn yoldaşlarımız daha dünyagörüşlü, qərbmeyilli görünürdülər. Dərslərindən kənarda məmləkətin problemlərilə bağlı da mübahisələr edir, müəyyən fikirlər irəli sürürdülər. Mustafa Kamal da bunlardan biriydi. Məni Mustafa Kamalla ilk dəfə tanış edən köhnə yoldaşım Fəthi bəy (Okyar) olmuşdu. Atatürk çox gözəl geyinir, çox gözəl danışır, heç kimin xətrinə dəymirdi. Bir sözlə, tərbiyəli gəncdi. Yəqin ki, doğulub-böyüdüyü Selanik Qərblə əlaqəli olduğundandı – fikirləri diqqət çəkirdi. Ətrafına topladığı yoldaşlarıyla cəsarətlə danışır, gözəl nitqilə təsiri altına alırdı. Bizim oxumadığımız bir çox vətən şeirini, o, tez-tez təkrarlayırdı. Namiq Kamalın bütün şeirlərini bir dəftərə köçürmüşdü. Biz də ona baxaraq hamımız bu şeirləri qısa zaman ərzində dəftərlərimizə yazmış və əzbərləmişdik. Mustafa Kamal hər zaman: “Millətləri oyandıracaq olan fikir adamları, dövlət adamlarıdır”, – deyirdi. Xarici dillərə qarşı böyük həvəsi vardı. Bu məqsədlə Bəyoğlunda bir fransız madamının pansionuna gedirdi. Qadın fransız səfirliyinin kuryerləri vasitəsilə ittihadçıların Parisdə yayımladıqları qəzetləri İstanbula gətirdir, Mustafa Kamala verirdi. Fransız qadını, eyni zamanda, Mustafa Kamala fransızca dərs də verirdi. Biz vətən, millət və türklük fikirlərini ilk dəfə Hərbi Akademiyada oxuduğumuz zaman ondan eşitmişdik. Bizim sinifdə fransızca ən yaxşı bilən Əli Fuad (Cebesoy) idi. Çünki Əli Fuad Hərbiyyəyə fransız məktəbindən gəlmişdi. Ondan sonra ikinci ola biləcək Mustafa Kamal da fransız dilini yaxşı bilirdi. O hələ Hərbiyyədəykən hər tətildə Selanikdə fransız məktəbinin tətil kurslarına gedir, dil bilgilərini inkişaf etdirdiyini söyləyirdi”192.

Bütün bu danışılanlardan başa düşülməkdədir ki, Hərbi mək-təbdə oxuduğu illər Mustafa Kamalın həm vətən, millət, türklük fi-kirlərinin formalaşmasında, həm də Qərbə meyil göstərərək müasirləşmə düşüncələrinin inkişafinda əhəmiyyətli dövr olub. Üstəlik, bu fikirlərini yoldaşlarına da anlatması, düşüncələrini məktəbdə yaymaq üçün qəzet çıxarmağa cəhdi hələ o zamanlar liderlik xüsusiyyətlərinin formalaşmağa başladığını göstərir. Məhz bu illərdə İstanbulun sosial mühiti içərisində özünü tapmış kimi görünür. “İçki” və “tans” məsələsində də ilk təcrübələrini məhz burada olarkən əldə etdiyi aydın olur”193.

Yenə də aparılan son araşdırmalara görə, Mustafa Kamalın Hər-bi Məktəbdə oxuyarkən “şeir yazıb dərgilərə göndərdiyi” məluma-tının da yanlış olduğu meydana çıxıb. Şeir oxuyan, yoldaşlarına şeir oxudan Mustafa Kamal Atatürk şeir yazan başqa Mustafa Kamalla səhv salınıb”194.

B. HƏRBİ AKADEMİYA TƏHSİLİ

Mustafa Kamalın hərbi məktəbdən çıxış tarixi olan 28 yanvar 1317-ci il, yəni 10 fevral 1902-ci ilin bazar ertəsi həm də Hərbi Aka-demiyaya girdiyi tarixdir. Quru Qoşunları Hərbi məktəbinin arxivindəki “1315-ci il daxil olanların ad dəftəri”ndə Əhməd Tevfik, Mustafa Kamal, Rəcəb Fəxri və Əli Şevkətin yer aldığı səhifənin başında “Monastır Məktəbi-İdadisindən gələn şagirdlər” başlığı altında “daxil olma” və “çıxış” tarixləri yazılıb. Bundan başqa, Mustafa Kamalın “çiçək ləqəbinin” üzərində “3-cü ordu Ali Hərbiyyənin birinci il namizədliyinə” yazılıb. Eyni ifadələr Əhməd Tevfiq və Əli Şevkətin adlarının üzərində də var”195.

1848-ci ildə Hərbi Məktəb içində “Ali Hərbi Qüvvələr” adıyla qurulan Hərbi Akademiya Esat Paşanın 1899-cu ildə Hərbi məktəb-in təlim rəhbəri keçirilməsindən sonra, yəni Mustafa Kamalın Hərbi məktəbdə təhsilə başladığı ərəfədə, bəzi yeni qaydalar qəbul edilib. O zamana qədər Hərbi Məktəbdən “ali hərbi siniflərə” keçən tələbələrə “hərbi akademiya məzunu” deyilirdi. Esat Paşa bunu də-yişdirib, “hərbi akademiya məzunluğuna namizəd” şəklinə salıb. Bundan sonra Hərbi Akademiyanın tələbələri qısaca olaraq “namizəd” kimi qeyd edilməyə başlanıb. O zamana qədər Hərbi Akademiyanın 15 nəfəri adlamayan tələbə sayı yenə də Esat Pa-şanın səyi nəticəsində qırxa qədər yüksəldilib. Lakin bu tələ-bələrdən ordunun ehtiyacı olandan artığına məzunluq haqqı veril-məmiş, bunlar “seçilmişlər” adı altında və kapitan rütbəsi ilə hərbi hissələrə çıxarılmışdılar196.

Alınan bu qərarlar nəticəsində1971902-ci ildən etibarən Ali Hər-biyyə siniflərindən “çox yaxşı” dərəcədə uğur qazananlara “kur-may”198 və “yaxşı” dərəcədə bitirənlərə “mümtaz”199 dərəcəsi veril-məyə başlanıb. 1909-cu ilə qədər bu üsuldan istifadə edilib. Seçilmişlər arasında kurmay ehtiyacının təmini üçün sonradan kurmaylıqları təsdiqlənənlər də çoxdur. Bu dövrdə Ali Hərbiy-yənin tələbələri “kurmay kapitan” kimi məzun olublar və iki il sonra da “təcrübəli kapitan”lığa yüksəliblər200.

Mustafa Kamal akademiyada təhsilə başladığı il siniflərdəki şa-gird sayı topçu və süvari məktəblərindən gələnlər, müxtəlif səbəblərdən sinifdə qalanlarla birlikdə 43 nəfərdi201. Mustafa Kamal burada keçirdiyi ilk ili 1922-ci ildə dərc olunan xatirələrində bu cür anladır: “Ali Hərbi məktəbin siniflərinə keçdik. Adət etdiyim dərs-lərə çox yaxşı hazırlaşırdım. Bundan əlavə həm məndə, həm də bəzi yoldaşlarımda yeni fikirlər yaranırdı. Məmləkətin idarə olunması və siyasətində bəzi çatışmazlıqların olduğunu dərk etməyə başlamışdıq…”202 .

Quru Qoşunları Hərbi Məktəbin arxivindəki əllə yazılmış, dərc olunmayan “16 nömrəli dəftər”ə görə,203 Atatürkün Hərbi Akademiyanın birinci və ikinci sinfində oxuduğu dərslər, aldığı qiymətlər və müvəffəqiyyəti haqda müəyyən məlumatlar ala bilirik. Sinif tərkibi 42 nəfər olan akademiyanın birinci sinfində204 tam xal 580 olan dərslərdən Mustafa Kamal ümumilikdə 479 xal yığaraq sinif səkkizincisi olub. Oxuduğu dərslər və aldığı xallarsa belədir: “Ordunun köçürülməsinin coğrafiyası (32), Tətbiqat təlimi (41), Silah qaydaları fənni (38), Hərb tarixi fənni (35), Fransız dili (36), Ri-yaziyyat (43), Təlim qaydaları (45), Hərbi katiblik (39), Yerləşdirmə qaydaları (33), Məşhur müharibələr, münaqişələr (32), Alman dili və ya rus dili (33), Müfəssəl topoqrafiya (34), Hərbi kəşfiyyat (18), Tə-lim əməliyyat (20)”205.

Eyni sinfin müvəffəqiyyət sıralamasında Əhməd Tevfiq (Sela-nik) 522 xalla birinci, İhsan (Cihangir, Sabis) 517 xalla ikinci, Süley-man (İzmir) 508 xalla üçüncüdür. İlk onluğa düşən digər şagirdlər və onların toplam xalları bu şəkildədir: 4. Hayri – Davutpaşa (493); 5. Mustafa Əziz – Qala Sultaniyyə (492); 6. Kamal – Ohri (489); 7. Səlim – Çərkəz (486); 8. Mustafa Kamal – Selanik (479); 9. Əli – Rumelikavağı (488); 10. Əhməd – Saraçhanə (470)206.

Mustafa Kamalın akademiyanın ikinci sinfində qırx nəfərin içə-risində 480 xalla 6-cı olub. Dərsləri və xalları bu şəkildədir: “Topçuluq və topçu istehkamı (45), Məşhur müharibələr və münaqişələr (38), Ordunun hərəkət coğrafiyası (45), Böyük istehkamlar (35), Yerləşdirmək tətbiqi (36), Əcnəbi ordu təşkilatı (43), Geologiya (39), Fransız dili (38), Təlim qaydaları (43), Riyaziyyat (45), Alman dili və ya rus dili (42), Hərbi kəşfiyyat (16), Təlim əməliyyatı (20)”207.

Bu sinifdə ilk onluğa düşən tələbələr, onların ümumi xalları bu şəkildədir: 1. İhsan – Cihangir (511); 2. Əhməd Tevfiq – Selanik (501); 3. Sedad – Üsküdar (501); 4. Asım – Kütahya (Gündüz) (494); 5. Mustafa İzzət – Kalayi Sultaniyyə (487); 6. Mustafa Kamal – Selanik (480); 7. Əhməd Müfit – Kırşehir (Özdeş) (478); 8. Əli Fuad – Salacaq (Cebesoy) (478); 9. Süleyman – İzmir (476); 10. Kamal – Ohri (476)208.

Mustafa Kamal hərbi məktəb məzunu – kapitan kimi 8 oktyabr 1320-ci il (hicri: 11 avqust, 1322), miladi 21 oktyabr 1904-cü il, cümə günü and içib. “Sabah” qəzetinin 21 oktyabr 1320-ci il (3 noyabr 1904-cü il) nüsxəsində Hərbiyyə məktəbindəki andiçmə mərasi-mində nömrələrin də oxunduğunu və mərasimdə Hərbi Məktəblər naziri Zəki Paşa, ikinci nazir Ferik Rıza Paşa, Hərbiyyə məktəbinin müdiri Ferik Servet, Dərs naziri Esat Paşanın da iştirak etdiyini, həmçinin Zəki Paşanın məzunlara bir-bir and içdirdiyini yazır. Bu qəzetə görə, and içən məzunlar bunlardır: “Bu il Hərbi məktəbdən kapitanlıqla məzun olan ali hərbiyyəçilər, namizədlərlə leytenant ki-mi ikinci ilə keçirilən namizədlər beşinici il və Aşirət məktəbi əfən-diləri”209.

Mustafa Kamal 29 dekabr 1320-ci il, yəni 11 yanvar 1905-ci il, çərşənbə günü “Ali Hərbiyyə kapitanlığı ilə məktəbdən məzun ola-raq üçüncü sinfi bölük idarə və komanda etməklə 5-ci çevik orduya məmur təyin edilib”210.

Akademiyanın 57-ci buraxılışının məzunu cəmi 37 nəfər olub. Bunların 13-ü “kurmay”, 27-si də “mümtaz” kimi məzun ediliblər. Mövcud məlumat və sənədlərə görə, Mustafa Kamal kurmay olaraq Akademiyanı bitirən 13 nəfər arasında 5-ci olub. Dönəmin birincisi Əli İhsan Sabis, ikincisi Asım Gündüz, üçüncüsü Əhməd Sedat Doğruər, dördüncüsü Əhməd Tevfik, altıncısı Mehmed Hayri Turhan, yeddincisi Mustafa İzzət Yavuzər, səkkizincisi Əli Seydi Uğur, doqquzuncusu Əli Fuad Cebesoydur. Digər üç kurmay da sırası ilə bunlardır: Süleyman Şevket Demirxan, Kemal Ohri və M.Şevki211.

Mustafa Kamalın akademiyadakı müəllimləri, öyrəndiyi dərslər aşağıdakı kimi olub: Topçu Feriki (general-leytenant), Əhmed Muxtar (Köhnə Osmanlı səfərləri tarixi), Kurmay mayor Refik bəy (Napaleonun apardığı savaşlar və digər savaşlar), kurmay podpolkovnik Nuri bəy (Yerləşdirmə), Pertev paşa Dəmirxan (kur-may vəzifələri ilə 1866 və 1871 Prusiya-Avstriya, Prisuya-Fransa sa-vaşları), Kurmay Albay Həsən Rza bəy (Pertev Dəmirxandan sonra), Kurmay Albay Zəki bəy, Kurmay podpolkovnik Fevzi bəy.

Sinif yoldaşı Əli Fuad Cebesoy müəllimləri və Mustafa Kamalın akademiyadakı həyatı haqqında bunları danışıb: “Müəllimlərimiz arasında haqqında hamıdan əvvəl danışılması lazım olan adamı ən sona saxladım. Bunun səbəbi onun haqqında, qısa da olsa, məlumat verməkdir. Mustafa Kamalla mən yeni müəllimlərimizin içində ən çox trabzonlu Nuri bəyi sayır, təqdir edirdik. Atam İsmayıl Fazil paşa bir gün hər ikimizə “Nuri bəyin dərslərinə maraq göstərib özünü diqqətlə dinləsəniz, çox şey qazanarsınız. Peşəsində çox güclüdür, geniş dünyagörüşə sahib, məlumatlı əsgərdir”, – deyə, öyüd vermişdi. Nuri bəy, həqiqətən, çox mədəni, öz zamanına görə aydın düşüncəli, strategiyada ustad sayılan kurmay podpolkovnik idi. Bizə istehkam qurmaq, düşmənə qarşı ordunun yerləşdirilməsini öyrədirdi. Aradakı məsafəni qorumaqla bərabər, tələbələrinə qarşı səmimi, böyük qardaş mehribanlığı ilə davranırdı. Sadəcə dərs keçməklə kifayətlənmir, gənc kurmay namizədlərinin müxtəlif suallarını da cavablandırır, bundan xüsusi zövq alırdı. Bir Ali hərbi qüvvələrin zabitləri hərbi biliklərdən kənar məlumatlara da sahib olmalıydıq. O bizə: “Sabah hər biriniz komandan olacaqsınız, məsuliyyət daşıyacaqsınız”, – deyirdi.

Nuri bəy Birinci Dünya müharibəsi səfərbərliyində korpus ko-mandiri olmuş, lakin döyüşə girməzdən əvvəl qəza nəticəsində dünyasını dəyişmişdi. İndi Mustafa Kamalın həyatına təsir edən hadisə haqqında danışmaq istəyirəm. Podpolkovnik Nuri bəy bir gün ordunun yerləşdirilməsi dərslərində partizanlardan geniş şəkil-də söz açdı. “Partizan kimdir?” mövzusunun üzərində uzun-uzadı dayandı. Müəyyən izahlar verdi, bir müddət sonra: “Yoldaşlar, – dedi, – gerilla212 olmaq nə qədər çətindirsə, üsyanı yatırmaq da o qədər çətindir”. Yoldaşlarımız ondan bir neçə nümunə göstərməsi üçün xahiş etdilər. Mustafa Kamalsa mövzunun daha yaxşı qavranılması üçün hadisənin ölkənin hansısa yerində olmuş kimi danışılmasının mümkün olub-olmayacağını soruşdu. Yoldaşım Tevfik də onun sözlərinə dəstək verdi. Bundan sonra Nuri bəy: “Belə oldusa, o zaman Boğaza aid xəritələrinizi açın”, – deyə, əmr etdi. De-məli, müəllimimiz misalı bu qədər yaxın yerlərdə göstərmək istə-yirdi. Hamımız xəritəmizi açdıq. Əlindəki xətkeşlə Dudullu kəndinə işarə etdi: “Hesab edin ki, üsyan bu kənddə başlayıb”. Marağımız daha da artdı. Nuri bəyin sözlərinə görə, üsyan iki istiqamətdə inkişaf edirdi. Bir qol Beykoza, bir qol da Üsküdarın üzərinə hücum çəkir. Üsküdara hücum etmiş qol hökumət qüvvələri tərəfindən məğlub edilmiş və dağıdılmışdı. Lakin Beykoza qədər gəlməyi bacaranlar gecənin qaranlığından istifadə edərək qayıqlarla əvvəlcə Ortaköyə keçib, sonra da piyada şəkildə sürətlə Ortaköy təpələrinə çıxıblar. Marağımız daha da artdı. Görəsən, sonra nə olmuşdu? Bu qolun istiqaməti və məqsədi nə idi? Nuri bəy: “Problem burada həll olunmalıdır”, – dedi və bizə həll etmək üçün iki tapşırıq verdi. Bu üsyanın səbəbi nə ola bilərdi və davam etməsi hansı yolla mümkündü? Hökumət, ordu üsyanı yatırmaq üçün nə etməliydi?

Mustafa Kamal həmin an söz istədi və bu sualı verdi: “Nə üçün üsyanın Dudulluda qalxdığını deyir, başqa yer göstərmirsiniz?” Nuri bəy cavab verdi: “Manevrlə bağlı problemlərdə mümkün ol-duğu qədər real vəziyyətləri tapmağa çalışmaq lazımdır. Bu üsyan ya içəridə – daxildə, ya da xaricdə ola bilərdi”. Bir az dayandı və sonra əlavə etdi: “Nə demək istədiyimi anladınızmı?” Onun nə demək istədiyini təxminən anlamışdıq. Lakin bunun həmin an izah edilməsi mümkün deyildi. Dərsdən sonra Mustafa Kamal Nuri bəyin arxasınca getdi: “Əfəndim, bu dediyiniz partizanlar həqiqət ola bilər, elə deyilmi?” Nuri bəy özünəməxsus və hər zaman is-tifadə etdiyi “nevima”213 sözünü də əlavə edərək: “Ola bilər, – dedi. – Lakin artıq bu qədəri yetərlidir".

Bu hadisə haqqında Mustafa Kamal çox danışıb. Hətta hörmətli professor Afet İnan bu söhbəti Atatürkdən eşidərək baş verənləri ədəbi üslubda qələmə alıb. Bu yazdıqlarım yalnız yaddaşımda qalan cizgilərdir. Mustafa Kamal yerləşdirmə dərsinin ilk tətbiq məkanını Trablusqərb döyüşlərində tapdı. Mənə Toprukdan yolladığı məktubda Kurmay podpolkovnik Nuri bəyin gerilla metodlarını uğurla tətbiq etdiyini yazırdı”214.

İstər özünün, istərsə də yoldaşlarının xatirələrindən öyrəndiyimizə görə, Mustafa Kamal akademiyada mədəni fəaliyyətə çox əhəmiyyət verirdi. O, qəzet çıxarmaq işini burada Hərbiyyədən daha nizamlı şəkildə həyata keçirir, kürsüyə qalxaraq çıxışlar edir, sonra da nitqinin mətinini yoldaşları arasında yayırdı. Əli Fuad Cebesoy Akademiyadakı sinif qəzetlərilə bağlı bunları deyir: “… Fikirlərimizi Hərbi məktəbin minlərlə tələbəsinə aşılamaq üçün hələ kurmay siniflərinə keçməzdən əvvəl gizli təşkilat qurmuş, Mühittin Baha Parsın böyük qardaşı İsmayıl Haqqı (Pars), Ömər Naci və bir neçə yoldaşın da səyilə əl yazısında iki nüsxə qəzet çıxarmışdıq. Liderimiz Mustafa Kamaldı. Məsuliyyətin böyük hissəsi də onun üzərinə düşürdü. Hürriyyət yolunda fəaliyyətimizə kurmay si-niflərində də davam etdirməyə qərar vermişdik… Dərgini dərsxana-da çıxarırdıq. Sonra da gizlicə əldən-ələ ötürülməsinə çalışırdıq…

Əli Rza paşa, bəlkə də, ideal Hərbi Məktəb müdiri, dəyərli zabit deyildi. Amma etiraf etmək lazımdır ki, namuslu, vicdanlı insandı. Əgər o gün istəsəydi, adını çəkdiyim yoldaşların gələcəklərinə mane ola bilərdi. Amma əl yazısı olan dərgini görməzliyə vurdu. Dərhal Mustafa Kamalı taparaq: “Keçmiş olsun”, – dedim. Artıq dərgini yayımlamaq işinə fasilə verməliydik. Əli Rza paşadan canımızı qurtarmışdıq, amma Zülüflü İsmayıl paşadan canımızı qur-tarmağa imkan yoxdu. Başımıza hər oyunu aça bilərdi.

Sonralar, Cümhuriyyət dövründə Əli Rza paşayla Kadıköy gəmisində qarşılaşdım. Məni o dəqiqə tanıyıb yanıma gəldi. Bir qədər söhbətləşdikdən sonra Hərbi Akademiyadakı təhsil həya-tımızdan söz düşdü. Paşa bu hadisəni xatırlayırdı. “Allaha şükürlər olsun ki, – dedi, – Tanrı o gün məni yanlış qərar verməkdən qorudu. Türk milləti üçün də xeyirli oldu”. Sonra o, Ankaraya gedib Qazi ilə görüşmək istədiyini söylədi, yardım edə bilib-bilməyəcəyimi soruş-du. Bizə heç bir pislik etməmiş bu ixtiyarın, təqaüddə olan zabitin arzusunu yerinə yetirdim. Deyəsən, 1933-cü il idi. Ankaraya gəl-di. Qazi tərəfindən böyük hörmətlə qəbul edildi”215.

General Asım Gündüz öz xatirələrində Hərbi Akademiyanın si-niflərində Atatürkün yoldaşları qarşısında konfranslarda olduğu kimi çıxışlar etdiyini bildirir, bu çıxış mətnlərinin bəzilərini də təqdim edir. Başqa mənbədə verilməmiş, ilk dəfə Asım Gündüzün təqdimatında açıqlanmış bu mətnlər tarixi əhəmiyyət daşımaqla bərabər, Atatürkün mədəni, fəlsəfi cəhətdən dəyərləndirilməsi baxımından da çox dəyərli sənədlərdir. Bu çıxış mətnlərinin bəzi əhəmiyyətli hissələrini biz də qeyd edirik:

“Hərbi Akademiyada hər cümə axşamı bir sinifdə toplanır, qa-pılar bağlandıqdan sonra Mustafa Kamal kürsüyə çıxır, eynilə kon-fransçı kimi Parisdən gələn türkcə, fransızca qəzetlərdən öyrən-diklərini bizə danışırdı. O zamana qədər: “Padşahım, çox yaşa”, – deməkdən başqa nəsə bilməyən bizə Mustafa Kamalın danışdıqları çox maraqlı görünürdü. Belə çıxışlardan birində təxminən bu sözləri demişdi: “Altı yüz il əvvəl Anadoluda yaranan Osmanlı imperatorluğu 350 ildə Vyana qapılarına qədər irəlilədi. Amma sonra imperatorluğun dayağı olan mənəvi faktorlar zəiflədiyi üçün yavaş-yavaş Vyana, Budapeşt, Belqrad əldən çıxdı. Artıq bir ovuc Rumeli torpağına sığınmışıq. Əlimizdə qalan kiçik torpaq parçasını da ruslar, avstryalılar almaq istəyirlər. Rusların məqsədi Balkanları öz irqlərindən saydıqları bolqarlara, serblərə peşkəş etməkdir. Tarixdə inqilablar əvvəlcə ziyalı insanların beynində – fikir halında yaranıb, zaman keçdikdən sonra toplumu təsiri altına salıb. Dünənki vilayətimiz olan Bolqarıstanın milli şairi var. Şeirlərilə davamlı olaraq bolqarları qurtuluş hərəkatına, miskinlikdən xilas olmağa çağırırdı. Millətinə, tarixinə aşiq olan bu sənətkar qısa zaman içərisində kütləyə hakim olub, şeirləri xalq arasında dildən-dilə dolaşmağa başlayıb, yüz illərdir, bizim çobanımız olan bolqarlar onun göstərdiyi yolla gedərək istiqlallarına qovuşublar. Bəlkə də bir müddət sonra bizdən başqa yurd torpaqlarını da istəyəcək və alacaqlar. Serblərin də kor milli şairi var. O da eyni yolla gedərək millətinə milli duyğuları, istiqlal fikrini aşılayıb. Şeirlərində miloş kaploviçlərdən, Sultan Muraddan bəhs edərək millilik fikrini toplumun hafizəsinə yeridib. Onun bir şeirində Sultan Muradın bu sözləri verilir: xristianlara zülm etməyin… Zülm və istibdad səltənət və hakimiyyəti parçalar. O öz şeirlərində istiqlal fikrini işləyir və bunu müdafiə edərkən həqiqətləri də gizlətməmək yetkinliyini göstərir. Yunanların da belə bir milli şairləri var. O da illər boyu öz şeirlərilə qədim yunan mədəniyyətini anladaraq xalqına güc qazandırmaq, azadlıq üçün birlik, bərabərlik şərtini təlqin etmək istəyib. Bütün millətlərin belə çırpınan, millətini oyandırmaq istəyən milli şairləri, ziyalıları var. Başqa millətlərin şairləri, ziyalıları bu cür çalışıb millətini oyadarkən bizim mütəfəkkirlərimiz haradadırlar? Bizim bir Namiq Kamalımız var. O, türk millətinin yüz illərdən bəri gözlədiyi səsi verdi. Yoldaşlar! Bizim üzərimizə böyük vəzifə düşür. Sabah getdiyimiz hər yerdə millətimizi yetişdirmək üçün zabitlərimizin müəllimi olacağıq. Ziyalı gənclərlə yoldaşlıq edərək onları bu istiqamətə sövq edəcəyik. Vətənimizi və imperatorluğu böyük təhlükələrin gözlədiyini yadımızdan çıxarmamalıyıq”.

Heç unutmaram, bir dəfə qapıda pusquda duran yoldaş həyəcanla növbətçi zabitin gəldiyini işarə etdi. Mustafa Kamal da kədərli və hirsli şəkildə kürsüdən aşağı düşmək məcburiyyətində qaldı. O zaman Hərbi Akademiyanın ya iki, ya da üçüncü sinfində oxuyurduq. Mustafa Kamal Selanikdən – anasının yanından qayıtmışdı. Çox kədərliydi. Onsuz da Selanikdən hər qayıdışında onu bu cür kədərli görməyə alışmışdıq. Tətil səbəbindən Selanikdə olduğu müddətdə fransız məktəbinin dil kurslarına qatıldığını söyləmişdim. Kurs müəllimi, keşiş həm ona dərs verir, həm də “Fiqaro” qəzetindən Osmanlı imperatorluğu ilə bağlı xəbər və məqalələri ona oxuyurdu. Bütün bu nəşrlər Osmanlı İmperatorluğunun çökmək üzrə olduğunu göstərirdi. Kədərli olmasının səbəbi məhz bu idi. Cümə axşamı bu kədərlə kürsüyə çıxan Mustafa Kamal belə bir çıxış etdi: “Yoldaşlar, kədərlənərək sizə demək məcburiyyətindəyəm ki, Osmanlı İmperatorluğunun özülləri Avropa hissəsində əməlli-başlı sarsılıb. Rumelidə serb, yunan və bolqar komitəçilərini bəsləyən ruslar babalarımızın öz qanları bahasına aldıqları bu türk yurdunu bizdən qoparmaq fikrindədirlər. Bu bölgədə orduların başında olan komandanlar acizlik göstərirlər. Avropalıların “Qızıl Sultan” adını verdikləri padşah Əbdülhəmid isə orduya baxa bilmir. Öyrəndim ki, aylardan bəri maaş almayan zabitlər var. Orduda təlim-tərbiyə yoxdur. Bu əsrdə belə hökmdarı olan dövləti yaşamağa qoymazlar…”

Atatürk qorxu nədir bilməyən cəngavər kimi görünürdü. Bütün sinif bu məsələdə ona heyrandıq. Tarix haqqında oxumaq onun ən böyük həvəsi, ehtirasıydı. Fransız dilini də bunun üçün çox yaxşı öyrənmək istəyirdi. Çünki Osmanlı tarixini fransız dilində olan əsər-lərdən oxuyurdu. Səbəb olduqları qanlı hadisələrə görə Osman-oğulları ailəsini heç sevməzdi”.

Yenə də bir nitqində belə söyləmişdi: “Hanı Fateh, Yıldırım, Qanuni, Üçüncü Səlim kimi hökmdarlar? Son dövr Osmanlı padşah-ları elə hey cahil və zavallı insanlar olublar. Özləri cahil olduqları üçün də məmləkətə nizam verə, millətə xidmət edə biləcək vəzirlərə qarşı qətiyyən dözümlü ola bilməyiblər, beləcə, məmləkəti bu hala sürükləyiblər. Əbdülməcid Mustafa Rəşid paşadan, Əbdüləziz Əli və Fuad paşalardan, Əbdülhamid Mithat paşadan, Hüseyn Avni paşadan daima qorxub. Çətin zamanlarda onları baş vəzirliyə layiq görüb, təhlükə aradan qaldırıldıqdan sonra Mahmud Nədim kimi yaltaqları, oğru və uğursuzları iş başına gətiriblər. Bunu yaxşı bilək ki, Mithat paşa sağ olsaydı, Hüseyn Avni paşa öldürülməsəydi, nə ordumuz, nə də donanmamız bugünkü hala düşərdi. Ağdənizdə ikinci olan donanmamız hər halda Qaradənizdə ruslara dərsini verəcək, 1877–1878-ci il səfərində Ayastefanosa qədər geri çəkilmək məcburiyyətində qalmayacaqdıq. Türk-yunan müharibəsində bu donanmanı Halicdən çıxmayacaq hala gətirmək günah deyilmi? Millət padşahından nə üçün hesab sormamalıdır ki? Xəyanət olan bu hərəkətləri edən insanı fatehlərin, yavuzların nəvəsi kimi qəbul etmək mümkündürmü?"216.

III BÖLÜM

MUSTAFA KAMALIN KARYERASI

I. Mustafa Kamalın II Məşrutiyyənin elanından əvvəlki hərbi əsgəri fəaliyyəti

“İttihad və tərəqqi” ilə əlaqəsi217

1876-cı ildən elan edilən “Qanuni-əsasinin”218 yenidən qüvvəyə minməsi Osmanlı dövlətinin öz orqanizmində qoruyub saxladığı, müxtəlif millətlərin təmsil ediləcəyi məşrutə idarəçilik sistemi ziya-lıların ortaq qənaətiydi. Lakin bu yeni quruluşun dövləti gücləndirəcək konkret proqramının olmaması məşrutə idarəçiliyinə “hər şeyi həll edəcək sehrbaz dəyənəyi” kimi baxılmasına səbəb olurdu.

Ziyalılar arasında Şahzadə Səbahəddin kimi “yerində idarəçili-yi” müdafiə edən, müəyyən anlamda radikal xarakterizə edilə bilə-cək liberal sistemin gəlməsinin       lazım olduğunu düşünənlərə qarşılıq böyük əksəriyyət mühafizəkar münasibətdəydi. Bu fərqliliyə baxmayaraq ziyalılarda Sultan Əbdülhəmidin “istibdad” adlandı-rılan idarəçiliyinin aradan qaldırılması, bəzi hüquqlarının saxlanıl-ması, dövlətin bütün ünsürlərinin bərabər olacağı təqdirdə böhran vəziyyətinin aradan qalxacağı düşüncəsi vardə.

Osmanlı ziyalılarının dövlətin içində olduğu sosial, siyasi, iq-tisadi problemlərin dərinliyindən, demək olar ki, bixəbər olduqları söylənilə bilər. Çünki “Gənc türklər” hərəkatı, əsasən, radikallıqdan məhrum, daha çox romantik quruluşu ifadə edirdi. Tarık Zəfər Tunayanın da ifadə etdiyi kimi, onların əsas ideyası “Bu dövlət necə azad olar?” sualına axtarılan cavablarla formalaşmaqdaydı. İstə-dikləri, sadəcə, məşruti, konstitusiyalı sistemin hakimiyyətə gəlməsi, padşahlıq hakimiyyətinin davam etdirilməsiydi. Ortada səltənəti aradan qaldırmaq kimi fikir yoxdu və ya, ən azından, belə ifadə edilməmişdi.

Məşruti idarəçiliyin həyata keçirilməsi üçün dövlətin müxtəlif ərazilərində, xüsusilə də Balkanlarda gizli dərnək və cəmiyyətlər qu-rulmuşdu. Balkanların Avropaya yaxın olması buranın Avropadan gələn fikirlərdən ilk təsirlənən bölgə olmasını təmin edirdi. Bundan başqa, fərqli millətlərdən meydana gələn Balkanlar “Avropanın iştahını artıran ərazi” mövqeyinə də sahibdi. Bu səbəbdən də Os-manlı dövlətindən ayrılmaq fikrini, fəaliyyətini dəstəkləyən bu vəziyyət bölgənin mövqeyini fövqəladə dərəcədə həssas hala gətir-mişdi.

Bölgədə, sadəcə, türk ünsürlər dövlətə bağlı qalmaq istəyirdi. Bu isə xaosun bitməsi, yeni dövlətin necə qurulacağı məsələsində fərqli fikirlərin ortaya çıxması, bu istiqamətdə təşkilatlanma işinin aparılması üçün münbit mühit yaradırdı. Bu məqsədlə müxtəlif dərnək və cəmiyyətlər də meydana çıxmışdı. Bundan başqa, bölgənin davamlı olaraq Avropa dövlətlərinin nəzarəti altında olması dövlət nüfuzunun tam mənası ilə tətbiq edilməsini çətin-ləşdirdiyindən digər bölgələrlə müqayisədə daha sərbəst quruluşa sahibdi.

Selanikdə doğulub bu cür şərtlər altında böyüyən Mustafa Ka-malın da bir türk olaraq dövlətin düşdüyü vəziyyətə laqeyd qal-ması mümkün deyildi. Hələ hərbi lisey illərində Namiq Kamal kimi ziyalıların əsərlərilə özünü inkişaf etdirməyə çalışan Atatürk xarici nəşrləri izləmək üçün fransız dili ilə bağlı biliklərini artırıb.

Mustafa Kamal hələ Hərbi məktəb zamanında siyasətlə məşğul olmağa başlayıb. Hürriyyətçi fikirləri Hərbi məktəbin tələbələrinə aşılamaq üçün İsmayıl Haqqı, Ömər Naci, Əli Fuad (Cebesoy) kimi bəzi yoldaşlarıyla birlikdə əlyazma dərgi çıxarırdı. Əli Fuad xatirələrində qrupun liderinin Mustafa Kamal olduğunu söyləyir. Amma bəlli ki, qrupun fəaliyyəti haqqında qısa müddət sonra rəhbərliyə xəbər verilmiş, dərslərin birində Təhsil naziri Əli Rza paşa tərəfindən tələbələr “iş üstündə” tutulmuşdular. Lakin daha sonra elə Əli Rza paşanın təşəbbüsüylə cəza çəkməkdən xilas ola bilmişdilər219.

Mənbələrdə Mustafa Kamalın Hərbi Akademiyada başqa “hadisə”yə də tuş gəldiyi qeyd edilir. Belə ki, o, akademiyanı bitirər-bitirməz həbsə salınıb. Mustafa Kamalın Hərbi Akademiyadan məzun olduğu tarix 11 yanvar 1905-ci ildir220. Həbs olunma məsələsinin də bu tarixdən sonra baş verdiyi söylənilə bilər.

Mustafa Kamal məzun olduqdan sonra təyin ediləcəyi ordunun bilinəcəyi tarixə qədər bir neçə yoldaşıyla birlikdə yaşamaq üçün ev tutmuşdu. Bu evdə bəzi yığıncaqlar, müzakirələr aparılırdı. Lakin yenə də bu fəaliyyətləri haqqında lazımi yerlərə məlumat verildi. Onları komitə qurmaq və II Əbdülhəmidə sui-qəsd hazırlamaqda günahlandırırdılar. Hərbi fəaliyyətdən uzaqlaşdırılmaları, hətta sür-günə belə göndərilmələri müzakirə mövzusuna çevrildi. Lakin yal-nız “töhmət cəzası” alaraq bir ay həbsdə saxlanıldıqdan sonra azadlığa buraxıldılar221. Amma eyni zamanda da onların təyinat-larının “məmləkətlərinə asanlıqla gedə bilməyəcəkləri yerə sürgün edilmə” qərarı çıxdığı üçün II və III ordu əvəzinə Ərzurumdakı IV Ordu və Şamdakı V Orduya verildi. Mustafa Kamal, Əli Fuad və Müfit (Özdeş) Şama göndərildilər222.

369,26 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
700 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают