Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Amerika faciəsi », страница 4

Шрифт:

Görəsən o, Robertanı vurarkən, qız bu zərbənin təsadüfi olduğunu… bunun yalnız bir qəzəb və etiraz anında baş verən bir hərəkət olduğunu başa düşdümü? İndi Roberta harada olursa-olsun, gölün dibində, yaxud, bəlkə də burada, bu qaranlıq meşədə, onun yanında, fərqi yoxdur, harada olursa-olsun, görəsən o bunu bilirmi? Robertanın kabusu!.. Yox, buradan tez qaçıb uzaqlaşmaq… baş götürüb getmək lazımdır! Belə lazımdır… lakin bununla belə… Burada, bu qalın, uzaq meşə içərisində, o, təhlükədən uzaqdadır. O özünü ələ almalıdır, böyük yola çıxmaq lazım deyildir. Orada yol ötən, gəlib-gedən ola bilər. Orada, bəlkə onu axtaran adamlar var!.. Görəsən, insanların öləndən sonra da yaşadıqları doğrudurmu? Xəyal və ruhlar aləmi mövcuddurmu? Onlar bütün həqiqəti bilirlərmi? Əgər belə isə onda Roberta da bilir… belə olduqda, Roberta onun əvvəlki niyyətlərindən xəbər tutmuşdur. İndi Roberta onun haqqında nə düşünəcəkdir? Bəlkə elə bu saat Roberta amansız məzəmməti ilə, öz səhv ittihamı ilə onu təqib etməkdədir? Bəli, səhv ittihamı ilə, – amma, digər tərəfdən, əvvəllər o, qızı doğrudan da öldürmək istəyirdi. O, belə bir fikri başında gəzdirirdi! Onun belə bir niyyəti var idi! Bu isə, əlbəttə, böyük bir günahdır. Doğrudur, o, Robertanı öldürməmişdir, lakin nə isə onun əvəzinə bu işi görmüşdür. Bütün bunlar həqiqətdir.

Lakin gözə görünməyən ruhlar!.. ölənlərin qəbirdən çıxıb, bu dünyaya gələn ruhları… onlar səni ifşa etmək və cəza vermək üçün təqib edirlər… Kim bilir, bəlkə onlar səni təqib edən adamları, sənin izinə salırlar? Anası bir dəfə ona, Frenkə, Estaya və Culiyaya demişdi ki, şəxsən o, xəyal və ruhlara inanır.

Budur, o, üç saat bu cür büdrəyərək, ətrafa qulaq verərək, tir-tir əsərək, qan-tərə bataraq, hər dəqiqə dayanıb gözləyərək, yol getdikdən sonra, – nəhayət, ay çıxdı. Şükür olsun ki, ətrafda heç kəs yoxdur! Yuxarıda, başı üzərində isə indi Sondranın yaşadığı Payn Poynt üzərindəki ulduzları yandıran, parlaq və mehriban ulduzlar göz qırpır… Əgər indi Sondra onu görsəydi, – üzərində şlyapasını qoyub gəldiyi o gölün suları içərisində dəfn olunmuş Robertadan necə baş götürüb qaçdığını görsəydi! Əgər Sondra Robertanın qışqırtılarını eşitsəydi! Nə qədər qəribədir ki, Klayd məhz, Sondranın üstündə, – onun gözəlliyinin, ona bəslədiyi ehtirasın və bu qızın onun həyatı üçün kəsb etdiyi məna üstündə, – bu işə əl atdığını… bu dəhşətli işi etmək istədiyini – əvvəllər sevdiyi bir qızı öldürməyə cəhd etdiyini heç vaxt, heç vaxt Sondraya açıb deyə bilməyəcəkdir. Bütün həyatı boyu bu fikir onu təqib edəcəkdir. O heç vaxt bu fikirdən yaxasını qurtara bilməyəcək, – heç vaxt, heç vaxt, heç vaxt! Əvvəlcə o, bu barədə düşünməmişdi, Axı, bu bir dəhşətdir!

Birdən zülmət içində, o sonradan təyin etdiyi kimi (saatı suya düşdüyü üçün dayanmışdı), saat on birə yaxın, – Klayd artıq qərbə doğru gedən böyük yola çıxaraq, bir, yaxud iki mil getmişdi ki, qəfildən qaranlıq meşədən, kabus kimi, o üç nəfər onun qarşısına çıxdı! Əvvəlcə Klayd elə düşündü ki, bu adamlar o, Robertanı vurduğu zaman və yaxud bundan bir az sonra onu görmüşlər və indi onu yaxalayıb tutmağa gəliblər. Bu nə qədər dəhşətli və qorxunc bir dəqiqə idi! Balaca oğlan uşağı isə onun üzünü yaxşı görmək üçün fənərini yuxarı qaldırmışdı. Şübhəsizdir, o, bu zaman Klaydın üzündə şübhə doğuran bir qorxu və çaşqınlıq əlaməti görmüşdü, çünki elə bu dəqiqə Klayd baş vermiş hadisə haqqında ağır düşüncələrə dalmışdı: dəhşətli bir fikir onu rahat qoymurdu, ona elə gəlirdi ki, nəyi isə yadından çıxarıb orada qoymuşdur, sonra bu şey onu asanlıqla ələ verə bilər. Klayd, bu adamların onu tutmağa gəldiklərini zənn edərək kənara sıçradı. Lakin bu an, irəlidə gedən arıq və uzunboy adam Klaydın qorxaqlığı ilə əylənirmiş kimi çox sadə bir halda onu səsləyib dedi: “Salam, yolçu qardaş!” oğlan uşağı isə heç bir heyrət əlaməti göstərmədən, irəliyə addımladı və fənərinin işığını artırdı. Yalnız bu zaman Klayd başa düşdü ki, qarşısındakılar sadəcə yerli kəndlilər, yaxud bələdçilərdir və bu heç də onu tutmaq üçün göndərilmiş bir dəstə deyil, buna görə o, özünü sakit və nəzakətli aparsa, heç vaxt qatil olduğundan şübhələnməzlər.

Lakin sonra o öz-özünə dedi: “Axı, bu adamlar məni yadlarında saxlayacaqlar ki, mən gecə vaxtı əlimdə çamadan, bu boş və xəlvət yolla gedirdim…” Sonra o, bu qərara gəldi ki, tələsməlidir, tələsməlidir ki, bir daha heç kəsə rast gəlməsin, heç kəsin gözünə görsənməsin.

Bir neçə saat sonra isə ay artıq batmağa başladıqda və meşəyə yayılmış sarı-solğun işıqdan gecə daha artıq qüssəli və cansıxıcı bir hal aldıqda, Klayd, Hind dağlarının şimal ətəklərinə sığınmış, yerlilərin komalarından və yaylaq kotteclərindən ibarət kiçik bir kənd olan üçüncü mil Buxtasına yaxınlaşdı. Yolun döngəsindən, o, hələ bəzi pəncərələrdən zəif işıq gəldiyini gördü. Dükanlar, evlər, küçə fənərləri. Lakin ayın solğun işığında bu fənərlər tamamilə tutqun, – həm tutqun, həm bir xəyal kimi görünürdülər. Aydın bir şey idi ki, belə vaxtda, belə bir kostyumda, əlində çamadan, o belə bir yerdə gözə görünə biməzdi. Onu görən olsa, şübhəsiz, o öz görkəmi ilə maraq və şübhə oyadacaqdır. Bu qəsəbə ilə Şeyron arasında işləyən kiçik paroxod (Şeyrondan Klayd Payn Poynta getməli idi) buradan yalnız saat doqquzun yarısında yola düşəcək, – deməli, o, hələlik bir yer tapıb gizlənməli və üst-başını mümkün qədər abırlı bir hala salmalıdır.

Buna görə o, yenə qəsəbənin civarlarına qədər gəlib çıxan meşəyə girərək, səhərin açılmasını meşədə gözləmək istədi, meşədən nə vaxt çıxacağını təyin etmək üçün oradan kiçik kilsənin qülləsindəki saata baxa bilərdi. Hələlik isə, o, bu cür hərəkət etməyin ağıllı bir iş olub-olmadığını düşünməyə çalışırdı. Bəlkə elə burada birisi pusquda durub onu gözləyir? Rast gəldiyi o üç nəfər… yaxud, bəlkə də, onu görən bir başqası… və ya birisi tərəfindən xəbərdar edilmiş polis agenti onu pusa bilər… Bir az sonra o, bu qərara gəldi ki, hər halda qəsəbəyə getsə, daha yaxşıdır. Gölün qərb sahili ilə.. özü də gündüz onu görən olmasın deyə, gecə vaxtı meşə içərisindən keçib getmək zəhmətinə dəyən bir işdimi… halbuki əgər o, bu kiçik paroxoda minsə, saat yarımdan sonra, ən uzağı iki saatdan sonra Şeyron şəhərində, Krenstonların evində ola bilərdi! Yox, əgər, piyada yola düşsə, yalnız sabah gedib ora çata biləcəkdi, – bu isə çox axmaq bir iş ola bilərdi, bu daha təhlükəli bir hərəkət idi. Bundan başqa o, Sondraya və Bertinaya salı günü gələcəyini vəd etmişdi, indi isə artıq cümə günü idi. Bir də ola bilər ki, sabah səs-küy qalxsın, axtarış başlansın… hər yerə onun nişanələrini xəbər verəcəklər… bu gün səhər isə… məgər Robertanı bu qədər tezliklə tapıb sudan çıxara bilərlərmi? Yox, yox. Bu – ən doğru yoldur. Burada onu kim tanıyır, kim onun, Karl Qrexem, yaxud Kliford Qolden olduğunu müəyyən edə bilər? Roberta haqqında bir şey məlum olana qədər qaçıb, bu yerlərdən uzaqlaşması daha yaxşıdır. Belə etmək lazımdır. Nəhayət, kilsə qülləsindəki saatın əqrəbləri doqquza on dəqiqə işlədiyini göstərdikdə, Klayd ürəyi bərk döyünə-döyünə meşədən çıxdı.

Küçə bir baş körpüyə doğru gedirdi, kiçik paroxod isə oradan Şeyrona yola düşəcəkdi. Klayd ləng yeriyirdi. Birdən o, Reket gölündən gələn avtobusu gördü. Bu zaman o düşündü ki, körpüdə və yaxud paroxodun göyərtəsində tanış bir adama rast gəlsə, onlara, Sondranın və Bertinanın çoxlu dostları və tanışları olan Reket gölündən gəldiyini söyləyə bilər – yox, əgər Sondraya və Bertinaya rast gəlsə iki gün əvvəl Reket gölü sahilində olduğunu söyləyə bilər. Ağlına gələn ilk familiyanı, yaxud yay malikanəsini nişan verər və bədbaşı, özünün uydurub düzəltdiyi bir adamın familiyasını deyər.

Beləliklə, o, paroxoda doğru yönəlib, göyərtəyə çıxdı, sonra isə Şeyronda paroxoddan düşdü – ona elə gəldi ki, yoluzunu heç kəsin diqqətini özünə cəlb etməmişdir. Paroxodda on nəfərə qədər sərnişin var idi, lakin onların içərisində bir nəfər də olsun tanış adam yox idi və əgər, yerli sakinlərdən birinə oxşayan ağ həsir şlyapalı, göy paltarlı gənc bir qız istisna edilsə, heç kəs Klayda diqqət yetirmədi. O qızın baxışları isə, hər şeydən çox bir heyranlıq ifadə edirdi. Lakin bütün başqa sərnişinlər göyərtənin burun tərəfində dayanmağı tərcih etdikləri halda, az gözə çarpmağa çalışan Klaydın paroxodun arxa tərəfinə keçməsi üçün elə bu da kifayət idi.

Şeyrona gəlib çıxdıqda, sərnişinlərin əksəriyyətinin birinci səhər qatarına yetişmək üçün dəmiryol stansiyasına gedəcəklərini bildiyindən, Klayd da sürətlə adamların arxasınca getməyə başladı, lakin izini itirmək məqsədilə qabağına çıxan ilk kafelərdən birinə girdi. O, Biq Biterndən başlayaraq, piyada çox yol gəldiyinə və bundan əvvəl günortaya qədər avar çəkdiyinə, sonra isə Roberta ilə bərabər qəlyanaltı edərkən, yalandan özünü çörək yeyirmiş kimi göstərdiyinə baxmayaraq, hətta indi belə ac deyildi. Sonra dəmiryol stansiyasından gələn bir dəstə sərnişini görərək (onların içərisində tanış adam yox idi), Klayd da onlara qoşuldu, özünü guya qatardan düşüb gələn, mehmanxanaya və körpüyə tələsən bir adam kimi göstərdi. O düşündü ki, yəqin, bu qatar cənubdan, Olbeni və Utika şəhərlərindən gələn qatardır və buna görə də, onun bu qatarla gəldiyi tamamilə təbii bir şey kimi görünəcəkdir. O, guya stansiyaya gedirmiş kimi hərəkət etdi, lakin yolda telefon tapıb, Bertina və Sondraya gəlişini xəbər verdi və onun arxasınca motorlu qayıq əvəzinə avtomobil göndərəcəklərini eşidib, maşını mehmanxananın verandasında gözləyəcəyi barədə qızları xəbərdar etdi. Qəzetlərdə, baş vermiş hadisə haqqında hələ heç bir xəbər ola bilməyəcəyini başa düşdüyü halda, Klayd yenə də, geri qayıdarkən, yolda bir səhər qəzeti aldı. O, mehmanxanaya çatıb, verandada təzəcə oturmuşdu ki, Krenstonların avtomobili gəlib çıxdı.

Klayd ürəyinin dərinliklərində indi belə qorxu əzabı duyduğuna baxmayaraq, Krenstonların yaxşı tanış olduğu şoferinin salamına və mehriban təbəssümünə şən və təbii bir təbəssümlə cavab verdi. O öz-özünə təkrar edirdi ki, meşədə rast gəldiyi o üç nəfər ovçu, şübhəsiz, indi artıq gedib, Biq Biternə çatmışlar. Orada isə, yəqin ki, indi onun və Robertanın yoxa çıxdığından xəbər tutmuşlar və kim bilir, – bəlkə artıq həm çevrilmiş qayıq, həm Klaydın şlyapası, həm də qızın vualı tapılmışdır. Çox ola bilər ki, o üç nəfər, gecə ikən, əlində çamadan cənuba doğru gedən cavan bir oğlan gördüklərini artıq xəbər vermişlər. Əgər məsələ belədirsə, o zaman Robertanın meyidinin tapılıb-tapılmadığından asılı olmayaraq, qızla bərabər Klaydın da göldə batıb boğulduğuna şübhə doğa bilər.

Bəlkə qəribə bir təsadüflə, Robertanın meyidi suyun üzərinə çıxmışdır. Bəs onda nə olsun? Onda nə olsun? Bəlkə qızın üzündə onun vurduğu zərbənin izləri qalmışdır. – Axı o, Robertanı çox bərk vurmuşdu. İz qalsa, Robertanın öldürüldüyündən şübhələnəcəklər. Sonra göl axtarıldıqda Klaydın meyidi tapılmadıqda və həmin üç nəfər, meşədə rast gəldikləri zahiri görkəmini təsvir etdikdə, artıq hamıda Kliford Qoldenin, yaxud Karl Qrexemin qatil olduğu barədə şübhə oyanmazmı?

Lakin Kliford Qolden və yaxud Karl Qrexem – axı Klayd Qrifits deyildir. Məgər Klayd Qrifits ilə Kliford Qoldenin, yaxud Karl Qrexemin eyni bir şəxs olduğunu müəyyən etmək mümkün ola bilərmi? Axı, o, lazım gələn bütün ehtiyat tədbirlərini görmüş və onlar Qrass gölündə olarkən, Roberta onun xahişi ilə səhər yeməyi hazırlamaq üçün otaqdan çıxdıqda, Klayd hətta qızın çamadanını və sumkasını belə axtarmışdı. Doğrudur, o, sumkada bir qızın Robertaya yazdığı iki məktubunu tapmışdı. Bunları yazan Tereza Bauzer adlı bir qızı idi ki, məktublarını Bilts şəhərinə, Robertanın adına göndərmişdi, lakin Klayd hələ Qan Lodj stansiyasına getməzdən əvvəl, bu məktubları məhv etmişdi. Üzərində “Uaytli, Likurq” damğası olan örtüklü bəzək qutusuna Klayd toxunmamışdı, – çünki missis Kliford Qolden və yaxud missis Karl Qrexem bu bəzək qutusunu özü Uaytlinin maqazinindən ala bilərdi –beləliklə bu qutu heç bir vəchlə, onun izinə düşmək üçün bir vasitə ola bilməzdi. Təbiidir ki, bu mümkün olan bir şey deyildi. Sonra Robertanın paltarları məsələsi qalırdı. Lakin əgər Robertanın paltarları qızın şəxsiyyətini müəyyən etməyə kömək etsə belə, məgər qızın ata-anası da bütün başqa adamlar kimi, Robertanın bu səyahətə Qolden və yaxud Qrexem familiyalı naməlum bir adamla çıxdığını düşünməyəcəkdilərmi? Çox ola bilsin ki, qızın ata-anası bu əhvalatın dilə-ağıza düşməsini istəməyəcəklər. Beləliklə, Klayd bu işin xətərsiz sovuşacağına ümid bağlamağı, heç kəsin az da olsa ondan şübhələnməməsi üçün, özünü təmkinli, sakit, gümrah və şən aparmağı qərara aldı. Axı, əslinə baxsan, Robertanı heç o öldürməmişdi!

İndi o, gözəl bir avtomobildə oturub yol gedirdi, Sondra və Bertina onu gözləyirdilər. O, buraya bir baş Olbenidən gəldiyini söyləməli olacaqdı: əmisinin tapşırığı ilə, oraya getmiş və bu tapşırıq salı günündən bəri onun bütün vaxtını almışdır. İndi o daima Sondranın məclisində dolaşaraq nəşələnəcəkdi, – lakin buna baxmayaraq, o həmişə, hər zaman, bu dəhşətli iş haqqında düşünməyə məcbur olacaqdı… Bəlkə o, bir xətaya yol vermiş, huşsuzluq etmiş, onu ifşa edəcək bir nişanəni, bir izi yaxşı gizlədə bilməmişdir… Onda nə olar? Onu ifşa edərlər! Onu həbs edərlər! Ola bilər ki, işi tələsiyə salaraq, onu ədalətsiz surətdə məhkum etsinlər… əgər o, Robertanı bilmədən, təsadüfən vurduğunu izah edə bilməsə… ona cəza verəcəklər. Belə olduqda, artıq onun Sondraya və Likurq şəhərinə aid arzu və xəyallarına, parlaq gələcəyə aid ümidlərinə son qoyulacaqdır. Lakin o, məsələnin nə yerdə olduğunu izah edə biləcəkdimi? Buna bacarığı çatacaqdımı? Ah, aman Allah!

VII FƏSİL

Cümə günü səhərdən salı günü günortaya qədər, əvvəllər Klaydı bu qədər heyran edən və sevindirən o mühit indi onu yenə idarə etmişdi, – lakin buna baxmayaraq, o bir an rahatlıq bilmədən, əzablı qorxu və təlaş içərisində çırpınmaqda idi. Krenstonların yay malikanəsi önündə Sondra ilə Bertina onu qarşıladıqları və xüsusi bir otağa apardıqları zamandan bəri, bir an belə olsun ara vermədən, bir tərəfdən, bütün buradakı sevinclər, o biri tərəfdən onu təhdid edən yaxın və amansız bir fəlakət arasındakı ziddiyyət haqqında düşünməkdə idi.

O daxil olan kimi, Sondra dodaqlarını büzərək, Bertinanın eşitməməsi üçün yavaşdan onun qulağına pıçıldadı:

– Pis oğlan! Burada ola bildiyi halda, bir həftədir ki, orada əyləşib, Sondra isə sizin üçün hər şey hazırlamışdır. Bunun üstündə, sizi bir yaxşıca kötəkləmək lazımdır. Mən artıq elə bu gün, harada qaldığınızı bilmək üçün sizə zəng etmək istəyirdim!

Qızın gözləri isə, artıq, Klayda ehtirasla vurulduğunu ifadə edirdi.

Başındakı təşvişli fikirlərə baxmayaraq, Klayd şən bir halda Sondraya baxıb gülümsədi, çünki Sondranın yanında bütün o duyduğu dəhşət, – həm Robertanın ölümü, həm indi onun özünü təhdid edən təhlükə – sanki bir anda arxa plana çəkilmişdi. İndi bircə, hər şey salamatlıqla qurtaraydı, heç bir şey onu ifşa edib, onu ələ verməyə idi! Artıq onun qarşısında geniş bir yol açılmışdır! Onu parlaq bir gələcək gözləyir! Sondranın gözəlliyi, onun məhəbbəti, onun sərvəti, – hamısı Klaydın olacaqdır! Bununla belə o, əvvəlcə çamadanının aparıldığı öz otağına keçdikdə, dərhal kostyumunu düşünüb əsəbiləşməyə başladı. Axı onun kostyumu yaş idi və əzilmişdi, indi bu kostyumu mütləq gizləmək, – heç olmasa şkafda yuxarı gözə qoyub gizləmək lazım idi. Klayd tək qalıb, qapını açarla bağlayan kimi, dərhal kostyumunu çamadandan çıxardı, – o hələ də qurumamışdı, bərk əzilmişdi, şalvarın balağı, Biq Bitern sahillərinin palçığına bulaşmışdı, – Klayd bu qərara gəldi ki, kostyumu axşamadək bağlı çamadanda saxlasa daha yaxşıdır: o vaxtadək bu kostyumunu nə edəcəyini daha yaxşı və ətraflı düşünə bilərdi. Lakin o, həmin gün əynində olan bütün başqa paltarları, kiçik bir bağlamaya bükdü ki, sonra yudurtmağa versin. Bütün bunları edərkən, o aydın bir şəkildə, bir dəhşət içərisində, ürəkbulandırıcı bir şiddətlə, həyatın bütün sirli cəhətlərini, bütün faciə və pafosunu dərk edirdi… şərq ştatlarına gəlib çıxdıqdan sonra onun başı nələr çəkməmişdi, ilk gəncliyində yaxşı və ürəkaçan bir şey olduqca az görmüşdü. Əslində, indi belə, onun nəsibinə düşən şey nə qədər az, əhəmiyyətsizdir. Bu geniş, zinətli otaq ilə onun Likurq şəhərindəki kiçik otağı arasında nə qədər böyük bir ziddiyyət vardır. Dünən baş verən o hadisədən sonra, ümumiyyətlə indi onun burada olması nə qədər qəribədir… Pəncərə arxasından görünən bu gölün işıldayan mavi suları, Biq Bitern gölünün tutqun, qara sularına heç oxşamır!.. Bu işıqlı, möhkəm və geniş evdən – geniş verandası və pəncərələrində zolaqlı pərdələri olan evdən gölün sahilinə qədər uzanan yaşıl çəmənlikdə isə Stüart Fincli, Vayolet Teylor, Frenk Harriet və Vaynet Fent, şıq idman kostyumlarında tennis oynayırlar, Bertina ilə Xarley Beqot isə talvarın kölgəsində istirahət etməkdədirlər.

Budur, Klayd vanna qəbul edib, paltarını dəyişdikdən sonra, əsəbləri əvvəlki kimi gərgin olduğuna və ürəyi qorxu içərisində döyündüyünə baxmayaraq, üzünə şən bir ifadə verərək, evdən çıxır, Sondraya, Berçard Teylora və Cil Trambala yaxınlaşır: onlar dünən, motorlu qayıqda gəzərkən, baş vermiş məzəli bir əhvalatı yadlarına salıb, qəhqəhə ilə gülürlər.

Cil, Klaydı şən bir səslə qarşılayır:

Hello, Klayd! Harada itib-batmışdınız? Mənə elə gəlir ki, artıq yüz ildir ki, sizi görməmişəm.

Klayd əvvəlcə mənalı bir halda Sondraya baxıb gülümsədi, – o hələ heç vaxt bu qızın onu başa düşməsini və onu sevməsini belə bir şiddətlə arzu etməmişdi. – Sonra verandanın sürahisindən tutub, bədənini qaldırdı və bacardığı qədər sakit bir ifadə ilə dedi:

– Salı günündən bəri Olbeni şəhərində işləyirdim. Ora bərk istidir! Bu gün bura gəlib çıxdığıma ürəkdən şadam. Bizimkilərdən burada kim var?

– Məncə, hamı buradadır, – deyə Cil gülümsədi. – Dünən Rendelgildə mən Vandaya rast gəldim. Skott isə Bertinaya yazmışdır ki, gələn salı günü gələcəkdir. Belə görünür ki, bu il Qrinvud gölündə çox adam olmayacaqdır.

Qrinvud gölünün nə üçün artıq əvvəlki kimi şən bir yer olmadığı barədə uzun-uzadı qızğın bir mübahisə başlandı. Birdən Sondra dedi:

– Gör ha, lap yadımdan çıxarmışdım. Mən elə bu gün Bellaya zəng etməliyəm. O, gələn həftə Bristola, atların sərgisinə söz vermişdir.

Atlar və itlər haqqında söhbət başlandı. Klayd var qüvvəsilə başqaları kimi görünməyə çalışaraq, diqqətlə söhbətə qulaq asır, lakin buna baxmayaraq, yenə də iztirablarla eyni şey haqqında düşünürdü. Gecə rast gəldiyi o üç nəfər… Roberta… kim bilir, bəlkə onun meyidi artıq tapılmışdı… digər tərəfdən, bu qədər qorxmağın nə mənası var, deyə öz-özünə ürək-dirək verirdi. Robertanın meyidini o qədər dərin bir yerdən tapmaq çox da asan bir şey deyildir – axı orada gölün dərinliyi əlli futa qədərdir! Bir də axı, onun Kliford Qolden və yaxud Karl Qrexem olduğunu nə cür müəyyən edə bilərlər? Bunu nə cür təyin edə bilərlər? Axı, o bütün izləri ört-basdır etmişdir… Təkcə rast gəldiyi o üç nəfər… ona rast gələn o üç nəfər! Klayd sanki bədənindən bir üşütmə keçirmiş kimi, qeyri-iradi olaraq diksindi.

Sondra onun nə isə ağır bir hal keçirdiyini hiss etdi. Hələ Klayd ilk dəfə buraya gələrkən, Sondra onun paltarının nə qədər az olduğunu görmüşdü, – buna görə indi qız belə düşündü ki, Klaydın kefinin pis olması, – kifayət qədər vəsaiti olmadığından irəli gəlir. Sondra belə qərara gəldi ki, qənaət edib yığdığı pullarından elə bu gün yetmiş beş dollar götürüb, zorla Klayda versin, – qoy heç olmasa bu dəfə, nə qədər ki, buradadır, hər cür xırda-para xərclər məsələsi onu bu qədər sıxmasın! Bir neçə dəqiqə sonra isə Sondranın başına yeni bir fikir gəldi, qolf oyununun ötəri qucaqlaşmalar və öpüşmələr üçün bir çox əlverişli imkanlar yaratdığını fikrindən keçirərək, qız sıçrayıb ayağa qalxdı:

– Kim qolf oynamaq istəyir? Cil, Klayd, Berc! Gəlin dördümüz oynayaq! Mərc gələrəm ki, siz ikiniz, Klayd ilə mənə qalib gələ bilməzsiniz.

Berçard Teylor ayağa qalxıb, əynindəki göyzolaqlı sarı sviterini düzəldərək:

– Razıyam, – deyə cavab verdi. – Amma nəzərə alın ki, mən bu gün səhər dörddə evə gəlmişəm. Siz necə, Cil? Sonni şərtimiz belə olacaq: uduzan hamını səhər yeməyinə qonaq edir, razısınızmı?

Klayd diksindi və onun bədəni soyudu, o, bütün bu dəhşətli macəradan sonra indi cibində cəmisi iyirmi beş dollar pulu qaldığını xatırladı. Klubda dörd nəfərlik yemək isə, səkkiz və yaxud on dollar tutacaqdı! Bəlkə də bundan artıq xərcə düşəcəkdi! Lakin bu an Sondra onun tutulduğunu müşahidə edərək: “yaxşı, razıyıq!” – deyə qışqırdı və Klayda yaxınlaşaraq, tuflisinin burnu ilə yavaşdan onun çəkməsinə vurdu.

– Ancaq mən paltarımı dəyişməliyəm. Bircə dəqiqə çəkər! Siz isə, Klayd… hələlik, Endryunu tapın və deyin ki, qolf ağaclarını gətirsin, yaxşımı? Biz sizin qayıqda gedəcəyik, Berqi, deyilmi?

Klayd, Endryunu tapmaq üçün qaçdı. O, eyni zamanda fikirləşirdi ki, Sondra və o, uduzsalar bu səhər yeməyi neçəyə başa gələcəkdir. Lakin Sondra arxadan yüyürüb ona çatdı və Klaydın qolundan tutdu:

– Məni burada gözləyin, əzizim, mən bu dəqiqə qayıdıram.

Sondra bunu deyərək, pilləkənlə üzü yuxarı öz otağına yüyürdü və balaca əlində bərk-bərk bir dəstə pul tutduğu halda dərhal qayıdıb gəldi.

– Budur, alın, əzizim, tez olun! – deyə qız pıçıldadı və tələsik bir halda, pulu Klaydın pencəyinin cibinə qoydu. – Şş… bircə kəlmə də! Tez olun! Bu, oyunu uduzsaq yemək xərcini vermək və başqa xırda-para şeylər üçün lazımdır… mən sonra deyərəm. Mənim balaca Klaydım, bilsəydiniz, sizi nə qədər sevirəm.

Sondra bir an mehriban, qara gözləri ilə məftunluqla Klayda baxdı, sonra yenə pilləkənlə üzü yuxarı yüyürdü və artıq oradan, yuxarıdan qışqırdı: – Nə üçün orada dayanıb durmuşsunuz, əzizim? Ağacların dalınca gedin! Tez!

Bunu deyərək Sondra yox oldu. Klayd isə cibini yoxlayaraq, qızın ona çoxlu pul verdiyini başa düşdü, – bu pul, şübhəsiz, nəinki bütün buradakı xərcləri üçün eyni zamanda, lazım gəlsə, buradan qaçıb getməsinə də kifayət edirdi. “Mənim əzizim! Sevimli Sondram!” – deyə o öz-özünə səsləndi. Gözəl, şəfqətli, səxavətli Sondra! O, Klaydı nə qədər sevir. Həqiqətən, ürəkdən sevir. Lakin əgər Sondra bir zaman bilsə ki… Ah, aman Allah! Axı, bunların hamısını Klayd yalnız Sondranın xatiri üçün etdi… Əgər o, bunu bilsəydi! Bəli, hər şeyi yalnız onun xatiri üçün etdi! Nəhayət, Klayd Endryunu axtarıb tapdı və əlində qolf ağacları, qayıdıb, dəstəyə qoşuldu. Budur, Sondra da təzədən qayıdıb gəldi. O, modalı, yaşıl rəngli, toxunma idman kostyumunda, onlara tərəf yüyürür. Cil isə başında kiçik şapka və əynində bluz lap jokeyə oxşayır, o, artıq motorlu qayığın sükanı arxasında oturan Berçardla zarafatlaşıb gülür. Sondra isə, yüyürə-yüyürə Bertinaya və Xarley Beqota qışqırır:

– Ey, dostlar! Bizimlə getmək istəyirsinizmi?

– Hara?

– “Kozino”nun qolf-klubuna!

– Yox, çox uzaqdır. Səhər yeməyindən sonra, plyajda görüşərik.

Sonra, Berçard qayığı elə bir sürətlə yerindən tərpədir ki, qayıq delfin kimi su üzərində sıçrayır. Klayd isə bunların hamısına yuxuda imiş kimi, – gah bir zövq və ümidlə, gah da, sanki qara bir dəhşət buludu arxasından baxır, – bu zülmət arxasında isə, bəlkə artıq həbs və ölüm təhlükəsi pusa-pusa lap ona yaxınlaşır.

Bütün əvvəlki mühakimələrə baxmayaraq, indi ona elə gəlirdi ki, bu gün səhər gizlənmədən meşədən çıxmaqla səhv etmişdir. Digər tərəfdən, hər halda bu, ən yaxşı bir çıxış yolu idi, – çünki, əks təqdirdə, o, günlərlə meşədə oturub qalmalı, yalnız gecələr sahilboyu uzanan yola çıxıb, bu yol ilə Şeyrona qədər piyada getməli olacaqdı. Buna isə, iki və yaxud üç gün sərf etmək lazım gələcəkdi. Belə olduqda isə, onun yubanmasından heyrətə və təlaşa düşən Sondra Likurq şəhərinə zəng edə bilərdi, Klayd haqqında söz-söhbət və sorğu-sual başlanardı, bu isə sonradan onun üçün təhlükəli bir vəziyyət yarada bilərdi…

Lakin burada, belə işıqlı bir gündə ona elə gəlirdi ki, heç bir qayğı və əndişəsi yoxdur və ola da bilməz, – hər halda yanındakı bütün bu gənclər elə qayğısız idilər ki… onun ruhunun dərinliklərində isə soyuq bir zülmət hökm sürürdü… Sondra isə Klaydın yanında olmasından fərəhlənərək, birdən sıçrayıb, ayağa qalxır – onun əlindəki qırmızı şərf bir bayraq kimi dalğalanır – və qız, şən, nadinc bir ifadə ilə qışqırır:

– Kleopatra dənizləri üzüb, onu qarşılamağa… onu qarşılamağa… ax, yadımdan çıxıb, o kimi qarşılamağa gedirdi?

Sondranın müvazinətini itirib yerə oturması üçün, Teylor qayığı daha bərkdən sürərək:

– Çarli-Çaplini qarşılamağa gedirdi, – deyə cavab verdi.

Sondra müvazinətini saxlamaq üçün, ayaqlarını gen açaraq:

– Çox axmaq cavabdır! – deyə səsləndi.

– Yox, siz də bilmirsiniz Berci – deyə Sondra əlavə etdi. – Kleopatra… aha… bildim, o, akvaplanda üzüb gedirdi!

Sondra başını arxaya ataraq, qollarını geniş açdı, qayıq isə ürkmüş bir at kimi gah sağa, gah sola tərəf sıçrayaraq, irəli şığıyırdı.

– Fərqi yoxdur, siz məni yıxa bilməyəcəksiniz, Berçi! Nahaq yerə zəhmət çəkməyin! – deyə Sondra qışqırdı, Berçard isə hər dəqiqə qayığın istiqamətini dəyişərək, cəsarəti çatdığı qədər, sərt hərəkətlərlə qayığı o tərəf bu tərəfə döndərməyə başladı. Cil qorxub çığırdı:

– Nə edirsiniz? Bizi batırıb boğmaq istəyirsiniz?

Klayd diksindi, elə bil onu ildırım vurdu, rəngi büsbütün qaçdı. O birdən-birə ürəyinin bulandığını və taqətdən düşdüyünü hiss etdi. Bu cür əzab çəkib, iztirab içərisində çırpınacağını, o əsla ağlına gətirməmişdi. Ona elə gəlirdi ki, hər şey tamamilə başqa cür olacaqdır. İndi budur, Klayd təsadüfən deyilmiş hər bir sözdən diksinib titrəməkdədir. Bəs o, ciddi bir imtahan qarşısında qalsa nə edəcəkdir… məsələn, əgər qəfldən bir polis agenti gəlib, dünən onun harda olduğunu və Robertanın ölümü haqqında nə bildiyini soruşsa, onun halı necə olacaq?.. Yəqin ki, o mızıldamağa və titrəməyə başlayacaq, çox ola bilsin ki, dili bir söz tutmayacaq və beləliklə, əlbəttə, özünü ifşa edəcəkdir! Yox, o özünü ələ almalı, özünü çox sadə və şən aparmalıdır… hər halda, heç olmasa birinci gün o özünü belə aparmalıdır.

Xoşbəxtlikdən qayıq sürətlə getdiyi üçün hamı o qədər şən və həyəcanlı idi ki, görünür Cilin sözlərinin Klaydı necə sarsıtdığını heç kəs müşahidə etməmişdi. Klayd yavaş-yavaş yenə əvvəlki sakit görkəmini aldı. Bu zaman qayıq artıq “Kazinoya” yaxınlaşırdı, buna görə Sondra bu gəzintini hamının diqqətini cəlb edən bir dəcəllik ilə tamamlamaq istədi: o, qayıqdan sıçrayaraq, körpünün sürahisindən yapışdı və qollarını bükərək, bədənini yuxarı qaldırdı, qayıq isə aşağıdan sürüşüb keçdi və yalnız dövrə vurduqdan sonra körpüyə yan aldı. Sondra bu zaman dönüb, sevinc dolu bir təbəssümlə Klayda baxdığı üçün, o ürəyində bu qıza qarşı, – onu sevən bu gözəl, nəcib və cəsarətli Sondraya qarşı amansız bir məftuniyyət duydu – və indi qızın təbəssümünə layiq olmaq üçün, ayağa sıçrayıb Cilə, körpünün pilləkəninə çıxması üçün kömək etdi, özü isə sürahidən tutub, bədənini yuxarı qaldırdı və Sondranın arxasınca tez yuxarı dırmaşıb, özünü şən və qayğısız göstərməyə çalışdı. Lakin onun bu halı zahirən nə qədər təbii görünsə də, daxilən bir o qədər saxta idi.

– Afərin! Siz əsl idmançısınız!

Sonra, qolf oyunu meydançasında, Sondranın rəhbərliyi altında, təcrübəsizliyinin və keçirdiyi əzablı həyəcanın imkan verdiyi dərəcədə, o, müvəffəqiyyətlə oynadı. Sondra isə, bərabər olduqlarından, ikilikdə qaldıqlarından və oyun zamanı tez-tez dəstədən uzaqlaşaraq, öpüşmək mümkün olan kölgəli guşələrə çəkildiklərindən fərəhlənərək, Klayda nağıl etməyə başladı ki, o, Stüart, Frenk Qarriet, Vaynet Fent, Berçard və Vayolet Teylor, Qrent və Bertina Krenston, Xarley Beqot, Perli Xeyns və Cil Trambal bir həftəliyə səyahətə çıxmağa hazırlaşırlar. Onlar sabah gündüz yola çıxacaqlar, – əvvəlcə motorlu qayıqda göl ilə otuz mil üzəcək, sonra isə avtomobildə şərqə tərəf, Ayı gölü adlanan yerə qədər gedəcəklər; orada bütün dəstə çadır qurub qalacaq və yavaş-yavaş qayıqlarla gölün sahillərini gəzəcəkdir, – orada yalnız Xarley və Frenkin tanıdığı hər cür gözəl yerlər vardır. Beləliklə onlar hər gün yeni bir yer görəcəklər. Oğlanlar dələ ovlayacaq və nahar üçün balıq tutacaqlar. Hələ ay işığındakı gəzintilər nə qədər gözəl olacaq! Deyilənə görə orada mehmanxana da vardır və qayıq ilə ora getmək mümkündür. Onlarla bərabər iki-üç nəfər xidmətçi də gedəcəkdir və nəzakət xatiri üçün böyüklərdən bir nəfər onların yanında olacaqdır. Hələ meşə gəzintiləri! Aşiqlər üçün nə qədər əlverişli fürsət düşəcəkdir, – göldə qayıq ilə gəzəcəklər, uzun zaman ikilikdə qalacaqlar. Beləliklə, onlar düz bir həftə bir-birindən ayrı düşməyəcəklər.

Son günlərin hadisələri Klaydı tərəddüd göstərməyə məcbur edə bilərdi, lakin buna baxmayaraq, o qeyri-ixtiyari belə düşündü ki, nə baş verirsə versin, bu dəstə ilə bərabər səyahətə çıxması daha yaxşı deyilmi? Sondranın onu bu qədər sevməsi nə qədər gözəldir! Bir də ki, burada qalıb, o nə edəcəkdir? Bu səyahət isə ona buradan… bu yerlərdən… o bədbəxt hadisə baş vermiş yerdən… uzaqlaşmağa imkan verəcəkdir. Əgər birdən, kim isə ona oxşayan bir adamı axtarmağa başlasa, demək, o, artıq buralarda olmayacaq ki, onu görə bilən, onun haqqında danışa bilən olsun… Kaş, o üç nəfər onu görməmiş olaydı.

Lakin Klayd eyni zamanda dərhal düşündü ki, bu məsələdə bir adamdan şübhə edilib-edilmədiyini mümkün qədər dürüst öyrənmədən o heç bir vəchlə buradan çıxıb getməməlidir. Buna görə qolf oyunundan sonra bir dəqiqəliyə tək qaldıqda, o, köşkə yaxınlaşdı, qəzet olub-olmadığını soruşdu və öyrəndi ki, saat yeddidən və yaxud səkkizin yarısından əvvəl, Utika və Olbeni şəhərlərindən gələn qəzetlər, nə də yerli axşam qəzeti olmayacaqdır. Deməli, o vaxtadək Klayd heç bir şey öyrənə bilməyəcəkdir.

Səhər yeməyindən sonra hamı çimdi, rəqs etdi, sonra Klayd, dostu Xarley Beqot və Bertina ilə bərabər Krenstonların yay malikanəsinə qayıtdı, Sondra isə bir qədər keçmiş Qarietgildə Klayd ilə görüşəcəyi barədə sözləşib Payn Poynta getdi. Lakin bütün bu müddət ərzində bir halda düşünürdü ki, necə olursa-olsun fürsət tapıb, qəzet ələ keçirməlidir. Əgər bu gün Krenstongildən Qarrietgilə gedərkən, o buraya gəlib, bütün qəzetləri və yaxud heç olmazsa bir qəzet ələ keçirə bilməsə, o zaman Ayı gölü sahilinə yola düşməzdən əvvəl, elə sabah bir hiylə işlədib, “Kazinoya” baş çəkmək lazım gələcəkdi. O, mütləq qəzetləri almalı idi. O, göldə batan iki nəfər haqqında bir şey danışılıb-danışılmadığını və məhz nə danışıldığını – həmçinin, axtarış başlanıb-başlanmadığını bilməli idi.

Yolda Klayd qəzet ala bilmədi: qəzetlər hələ gəlməmişdi. Qarrietgilə gəldikdə, orada da hələ heç bir qəzet yox idi. Lakin yarım saat sonra Klayd hamı ilə bərabər verandada oturub, şən bir halda, (amma yenə də eyni şey haqqında düşünərək) söhbət etdiyi zaman Sondra içəri girib dedi:

350,35 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
580 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают

Новинка
Черновик
4,9
127