Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Amerika faciəsi », страница 2

Шрифт:

– Çox yaxşı, Fred. Hələlik bu məsələ barəsində heç kəsə heç bir şey deməyin, yaxşımı? Mən bu saat o qadının yanına gedirəm. Lakin bəlkə siz başqa bir şey də öyrənmişsiniz?

Mister Meyson lap dirçəlmiş və cuşa gəlmişdi, o dalbadal sual verirdi və hətta öz köhnə dostu ilə belə amiranə bir səslə danışmağa başlamışdı.

Bəli, az şey öyrənməmişəm, – deyə müstəntiq mənalı və ciddi bir ifadə ilə cavab verdi. – Orvil, qızın üzündə şübhəli qançırlar və zədələr vardır: sağ gözünün altı, sol gicgahının üstü, həmçinin dodaqları və burnu zədələnmişdir, görünür, yazıq qızı nə iləsə – daşla, yaxud ağacla, bəlkə də avarlardan birisi ilə vurublar; avarlar bir az o yanda suyun üstündə üzürmüş. Zahiri görünüşü etibari ilə qız lap uşağa oxşayır, çox kiçikdir və bilirsinizmi, Orvil, çox qəşəngdir… ancaq özünü yaxşı aparmamışdı. Bu saat məsələni izah edərəm. – Bunu deyərək müstəntiq susdu, cibindən böyük bir əl dəsmalı çıxartdı səs-küylə burnunu silib, sonra səliqə ilə saqqalını tumarladı. – Orada, həkim tapmağa vaxtım olmadı, amma bazar ertəsi burada meyidin yarılmasını təşkil etməyə və istintaqın başlanmasına çalışacağam. Mən artıq sərəncam vermişəm: Luç qardaşları qızın meyidini bu gün buraya gətirəcəklər, lakin üçüncü mil Buxtasında yaşayan iki nəfər ovçu ilə bir cavan oğlan uşağının verdiyi məlumat hamısından şübhəlidir: onlar cümə axşamı, axşamüstü ov etmək və balıq tutmaq üçün Biq Biternə gedirmişlər. Mən Erlə əmr etdim ki, onların adını yazsın, çağırış vərəqəsi dolduraraq, bazar ertəsi dindirmək üçün buraya çağırsın.

Müstəntiq həmin adamların təsadüfən Klayda rast gəldikləri haqqında verdikləri ifadəni bütün təfsilatı ilə prokurora nağıl etdi.

Məsələ ilə dərindən maraqlanmış prokuror, tez-tez:

–Belə, demək belə, – deyə səslənirdi.

– Bundan başqa, Orvil, – deyə müstəntiq sözünə davam edirdi. Mən Erlə tapşırdım ki, telefon vasitəsilə üçüncü mil Buxtasında, – mehmanxana sahibindən, poçta müdirindən və oranın polis rəisindən lazimi məlumat alsın, lakin görünür, həmin gənci yalnız bir nəfər görübdür. O adam da, üçüncü mil Buxtası ilə Şeyronun arasında işləyən kiçik bir paroxodun kapitanı Munidir, yəqin ki, siz onu tanıyırsınız. Mən tapşırdım ki, Erl o kapitanı da şahid sifəti ilə çağırsın. Kapitanın dediyinə görə cümə günü səhər, onun “Qu quşu” adlı paroxodu Şeyrona ilk reysə çıxdığı vaxt, yəni saat doqquzun yarısında həmin gənc və yaxud ona çox oxşayan bir başqası paroxoda minib, Şeyronadək bilet almışdır. O gəncin əlində çamadan, başında isə kepka varmış, amma o üç nəfər ovçu meşədə ona rast gələrkən, həmin gəncin başında həsir şlyapa olduğunu görüblər. Kapitanın dediyinə görə çox gözəl oğlandır. Yaxşı boy-buxunu var, şıq geyinmişdir, zahirən yüksək cəmiyyətə məxsus adama oxşayır. Paroxodda adamlardan gen gəzirmiş.

– Yaxşı, çox yaxşı, – deyə Meyson qeyd etdi.

– Mən Erlə tapşırdım ki, Şeyrona zəng edib, hər kimdən mümkündürsə, orada belə bir adamı görən olub-olmadığını soruşsun. Amma, görünür, orada onu görüb, – yadında saxlayan yoxdur, – hər halda, dünən axşamadək, mən oradan yola düşənədək bu barədə heç bir məlumat yox idi. Lakin mən sərəncam verdim ki, Erl teleqraf vasitəsilə həmin gəncin zahiri əlamətlərini bütün buradakı mehmanxanalara, yaylaq yerlərinə və dəmiryol stansiyalarına xəbər versin, buna görə, o hələ bizim tərəflərdədirsə, izinə tez düşəcəklər. Mən bu fikirdə idim ki, tədbirlərimi bəyənəcəksiniz. İndi isə, əgər siz mənə order versəniz, mən həmin çamadanı Qan-Lodj stansiyasından alıb, sizə gətirərəm. O çamadanda bizim işimizə yarayan şeylər ola bilər. Çamadanı gətirmək üçün mən özüm ora gedə bilərəm. Bundan başqa, əgər macal tapsam, mən elə bu gün Qrass gölünə, üçüncü mil Buxtasına və Şeyrona baş çəkmək istəyirəm. Baxım görüm, orada daha nə kimi şeylər aydınlaşdırmaq mümkündür. Ancaq mən əminəm ki, Orvil, bu açıqdan-açığa cinayətdir, qətldir. Özünüz fikirləşin, o cavan, qızı əvvəlcə Qrass gölü yaxınlığındakı mehmanxanaya gətirmişdir, sonra isə Biq Bitern gölünə gəlmişdir və hər dəfə özünü müxtəlif adlarla yazdırmışdır. Bundan başqa, o öz çamadanını özü ilə bərabər götürərək, qızın çamadanını stansiyada qoymuşdur. – Bunu söylərkən, Xeyt mənalı bir halda başını yırğaladı. – Siz özünüz başa düşürsünüz ki, Orvil, düz adam bu cür hərəkət etməz. Təkcə bir şeyi başa düşə bilmirəm ki, qızın ata-anası, adamın kim olduğunu bilmədən, öz qızlarının onunla çıxıb getməsinə nə cür yol vermişlər.

– Doğrudur, – deyə Meyson nəzakət gözləyərək müstəntiqlə razılaşdı. Prokuror həris bir maraqla, həmin qızın, göründüyü kimi çox da nöqsansız bir əxlaqa malik olmadığı haqda düşünürdü. Yəqin qız, o gənclə qeyri-qanuni əlaqədə imiş! Özü də, yəqin ki, o gənc cənubdan gəlmiş zəngin bir şəhərli imiş. İndi Meyson bu işlə əlaqədar olaraq nə qədər böyük bir şöhrət qazana bilər və görkəmli bir mövqe tuta bilərdi! Meyson özündə yeni bir qüvvət hiss edərək, coşqun bir hərəkətlə ayağa qalxdı. Bircə o cinayətkar yaramazı tuta bilsəydi! Belə qəddarcasına bir qətl, əlbəttə, sonsuz bir qəzəb doğuracaqdı. Qarşısında isə avqust konfransı və namizədlərin irəli sürülməsi məsələsi vardı. Sonra isə, payızda seçkilər başlanacaqdı!

– Allah mənə qənim olsun ki, mən bu işi belə qoymayacağam! – deyə Meyson səsləndi, dindar və təmkinli bir adam olan Xeytin yanında prokuror daha qəliz bir ibarə işlətməkdən çəkindi. – Biz, lap yəqin, çox ciddi bir şeyin izinə düşmüşük, Fred. Mən buna əminəm. Məncə, bu çox pis əhvalatdır, – ən alçaq bir cinayətdir. Məncə, hər şeydən əvvəl telefonla Bilts şəhərinə zəng edib, orada Oldenlər ailəsinin yaşayıb-yaşamadığını və onların məhz harada olduqlarını öyrənmək lazımdır. Avtomobil ilə gedilsə, Bilts şəhərinə cəmisi əlli mil məsafə var, bəlkə də bundan azdır. Amma yol çox pisdi, – deyə Meyson əlavə etdi. – Yazıq qadın! Doğrusu, mən onunla görüşməkdən qorxuram. Əlbəttə, bu çox ağır səhnə olacaqdır…

O, Zillanı çağıraraq, ondan Bilts şəhəri ətrafında Taytus Olden adlı birisinin yaşayıb-yaşamadığını və onu nə cür tapmaq mümkün olacağını öyrənməyi xahiş etdi. Sonra Meyson əlavə etdi:

– Amma, əvvəlcə Bertonu bura çağırın (prokurorun köməkçisi olan Berton Berley şənbə və bazar günləri iki günlüyə şəhər kənarına getmişdi). Əgər bir sərəncam vermək və yaxud başqa bir şey etmək lazım gəlsə, o sizə kömək edə bilər, Fred, mən isə o bədbəxt qadının yanına gedirəm. Bir də, Erli o çamadanın dalınca göndərsəniz, sizə çox minnətdar olardım. Mən isə qızın şəxsiyyətini müəyyən etmək üçün onun atasını buraya gətirərəm. Ancaq mən qayıdıb gələnə qədər nə məktub barəsində, nə də mənim Bilts şəhərinə getdiyim barədə heç kəsə bir söz deməyin, başa düşürsünüzmü? – Meyson dostunun əlini sıxdı. – İndi isə, – deyə prokuror artıq, gələcək böyük hadisələrdə öz rolunu fikrindən keçirərək, bir qədər təşəxxüslə sözünə davam etdi: – Mən sizə təşəkkür etməliyəm, Fred. Mən sizə çox minnətdaram və inanın ki, bunu heç vaxt unutmayacağam. – Meyson öz köhnə dostunun düz gözlərinə baxdı – Bu məsələ bizim üçün, güman etdiyimizdən daha yaxşı bir nəticə verə bilər. Mənə elə gəlir ki, bütün xidmətim ərzində, bu, mənim rast gəldiyim ən böyük və ən ciddi bir işdir və əgər biz payızdakı seçkilərə qədər bu işi tez və müvəffəqiyyətlə başa çatdıra bilsək, bunun bizim hamımıza çox böyük xeyri dəyəcəkdir, siz nə fikirləşirsiniz?

– Doğrudur, Orvil, tamamilə doğrudur, deyə Xeyt razılaşdı. – Mən özüm bayaq sizə dedim ki, məncə, siyasəti belə işlərə qarışdırmaq lazım deyil, lakin madam ki, belə bir şey öz-özlüyündən meydana çıxır… – müstəntiq fikrə gedərək susdu.

– Hələlik, – deyə prokuror sözünə davam etdi. Erlə tapşırın ki, foto aparatla bir neçə şəkil çəkərək, qayığın, avarların, şlyapanın harada tapıldığını, suda boğulan qızın gölün harasından çıxarıldığını dürüst olaraq təsbit etsin. Həm də mümkün qədər çox şahid çağırın. Mən auditorla danışaram ki, sizin bütün xərcləriniz ödənilsin. Sabah və yaxud bazar ertəsi mən artıq burada olacaq və özüm işə başlayacağam.

Prokuror Xeytin əlini sıxdı, sonra onun çiyninə vurdu. Xeyt isə prokurorun ona göstərdiyi diqqətdən sevinərək və buna görə də gələcəyə aid ümidlərlə qanadlanaraq, yöndəmsiz həsir şlyapasını başına keçirdi, enli paltosunun yaxasını düymələdi və şəhərarası telefon vasitəsilə sədaqətli Erli çağırıb, ona göstəriş vermək, həmçinin, özünün də yenə cinayət baş vermiş yerə gedəcəyini katibə bildirmək üçün öz dəftərxanasına qayıtdı.

IV FƏSİL

Orvil Meyson, dərhal ürəyində Oldenlərə bir rəğbət hiss etdi, çünki ilk baxışdan başa düşdü ki, özü kimi bu ailə də, taleyin zərbələrinin, zəlalət və təhqirlərin acısını dadmışdır. Şənbə günü, gündüz saat dörddə, o, öz xidməti avtomobilində Bricburqdan gələrək, qarşısında – köhnə, zavallı uçuq bir ev və təpənin ətəyində, tövlənin qapısı ağzında qısaqollu köynək kombinezon geymiş Taytus Oldenin özünü gördü; qocanın üzü, zahiri görkəmi və bütün qiyafəsi aydın göstərirdi ki, o, öz cidd-cəhdlərinin əbəs olduğunu başa düşən, bəxti gətirməmiş bir adamdır. İndi Meyson bugün Bricburqdan yola düşməzdən əvvəl, telefon vasitəsilə buraya zəng etmədiyinə təəssüfləndi: o başa düşdü ki, belə bir adam üçün qızının ölüm xəbəri dəhşətli bir zərbə olacaqdır. Bu an Taytus ona doğru gələn Meysonu görərək, onun, yolu soruşmaq istəyən gəlmə bir adam olduğunu düşünərək, nəzakətlə prokurora yaxınlaşdı.

– Mister Taytus Olden sizsinizmi?

Bəli, ser, mənəm.

Mister Olden, mənim familiyam Meysondur, mən Bricburqdan gəlmişəm, Kataraki mahalının prokuroruyam.

Çox yaxşı, ser, – deyə Taytus, prokurora nə üçün lazım olduğunu, həm də belə uzaq bir mahalın prokuroruna nə üçün lazım olduğunu başa düşməyərək cavab verdi. Meyson isə Taytusun üzünə baxaraq, söhbətə nədən başlayacağını bilmirdi. Gətirdiyi faciəli xəbər, çox zəif və taqətsiz olan bu adam üçün, yəqin ki, ölümcül bir zərbə olacaqdı. Onlar evin qabağında ucalan şam ağaclarından birinin altında dayanmışdılar. Şam ağacının iynələrini titrədən xəfif külək, dünya qədər qədim mahnısını pıçıltı ilə təkrar edirdi.

Mister Olden, – deyə Meyson özünə xas olmayan qeyri-adi bir ciddiyyət və yumşaqlıqla sözə başladı, – Sizin Berta və yaxud Alberta adlı bir qızınız vardırmı? Mən onun adını dürüst bilmirəm.

Roberta, – deyə Taytus Olden prokurorun səhvini düzəltdi və nə isə pis bir şey hiss edib, daxilən diksindi.

Meyson qorxurdu ki, bu adam sonra heç bir şey danışa bilməz, onun öyrənib-bilmək istədiklərini əməlli-başlı nağıl edə bilməz. Ona görə prokuror tələsik soruşdu.

–Yeri gəlmişkən soruşmaq istəyirəm ki, siz təsadüfən burada Kliford Qolden adlı bir gənci tanımırsınız ki?

– Belə bir adam haqqında heç vaxt heç bir şey eşitməmişəm, hər halda yadıma gəlmir, – deyə Taytus yavaş-yavaş cavab verdi.

– Bəlkə, Karl Qrexem adlı birisini tanıyırsınız?

– Xeyr, ser. Bu adda bir adam tanıdığım yadıma gəlmir.

– Mən də elə bu fikirdə idim, – deyə Meyson, Taytusdan artıq özünə müraciət edərək, səsləndi və ciddi, sərt amiranə bir ifadə ilə sözünə davam etdi: – yaxşı, deyin görüm, sizin qızınız bu saat haradadır?

– İndi bu saat o, Likurq şəhərindədir. O, orada işləyir. Ancaq siz bunu nə üçün soruşursunuz? Məgər pis bir iş tutmuşdur… yaxud sizdən bir şey xahiş etmişdir? – Taytus zorla gülümsədi, lakin onun qonur-mavi gözlərində bir çaşqınlıq və təlaşlı bir sual ifadəsi var idi.

– Bircə dəqiqə səbir edin, Mister Olden – deyə Meyson yumşaq ifadə ilə, lakin eyni zamanda qətiyyətlə sözünə davam edirdi. – Bu saat mən hər şeyi sizə izah edərəm. Lakin əvvəlcə mən sizə iki-üç sual verməliyəm. – Bunu deyərək, prokuror həm ciddi, həm də təəssüfünü bildirən bir ifadə ilə, Taytusa baxdı. – Axırıncı dəfə siz qızınızı nə vaxt görmüsünüz?

– O buradan, keçən salı günü səhər çıxıb getmişdir, Likurq şəhərinə qayıtmalı idi. O, orada, Qrifitslərin yaxalıq və köynək hazırlayan fabrikində işləyir. Lakin…

– Bircə dəqiqə səbr edin, – deyə prokuror möhkəm bir səslə təkrar etdi, – bu saat mən hamısını izah edərəm. Yəqin qızınız həftənin axırı üçün evə gəlibmiş, elədirmi?

–O, məzuniyyət götürüb gəlmişdi və təqribən bir aya qədər bizim yanımızda yaşadı, – deyə Taytus ağır-ağır və müfəssəl izahat verdi. – O özünü çox da yaxşı hiss etmirdi, buna görə bir az istirahət etmək üçün evə gəlmişdi. Ancaq buradan çıxıb gedəndə tamamilə sağlam idi. Ümid edirəm ki, mister Molden, siz onun başına nə isə pis bir iş gəldiyini demək istəmirsiniz? – Taytus uzun və günəşdən qaralmış əlini çaşqın bir halda çənəsinə qaldırdı. – Mənim başıma belə bir fikir gəlsəydi… O, əsəbi bir halda, əlini seyrək çal saçlarına çəkdi.

– Qızınız gedəndən sonra, siz ondan bir xəbər, bir məktub almışdınızmı? – deyə Meyson, o ağır zərbəni endirməzdən əvvəl, mümkün qədər çox məlumat almaq üçün möhkəm bir niyyətlə, sakit bir halda sözünə davam edirdi. – O sizə, Likurq şəhərinə deyil, başqa bir yerə gedəcəyi barədə bir şey yazmamışdı ki?

– Xeyr, ser, biz ondan heç bir xəbər, heç bir soraq almamışıq. Ancaq deyin görüm, onun başına bir iş gəlməmişdir ki? Bəlkə o elə bir iş görmüşdür ki… yox, belə bir şey ola bilməz! Ancaq siz elə sorğu-sual edirsiniz ki… elə danışırsınız ki…

Taytus azacıq titrəyir və əlini şüursuz bir halda, rəngi qaçmış nazik dodaqlarına sürtürdü. Lakin prokuror onun sualına cavab verməyərək, Robertanın anasına yazdığı məktubu cibindən çıxartdı və yalnız zərfin üzərindəki yazını qocaya göstərərək soruşdu:

– Bu, sizin qızınızın xəttidirmi?

– Bəli, ser, bu onun xəttidir, – deyə, Taytus səsini azacıq qaldıraraq cavab verdi. – Axı nə olmuşdur, cənab prokuror? Necə olmuşdur ki, bu məktub sizin əlinizə düşmüşdür? Orada nə yazılmışdır? Taytus, Meysonun gözlərində nə isə dəhşətli bir fəlakətin xəbərini artıq aydın surətdə oxuyaraq, böyük bur həyəcan içində gərgin və əsəbi bir halda əllərini sıxdı. – Bu nədir? Orada nə var?… Mənim qızım o məktubda nə yazmışdır? Siz qızımın başına nə gəldiyini deməlisiniz! – Taytus həyəcan içərisində ətrafına baxdı, sanki evə qaçmaq, kimi isə köməyə çağırmaq, duyduğu dəhşəti arvadına söyləmək istəyirdi… Meyson isə bədbəxt qocanı nə hala saldığını görərək, qüvvətlə, lakin dostcasına bir hərəkətlə onun qolundan tutdu.

– Mister Olden, – deyə Meyson sözə başladı. – Bizim hər birimizin həyatında elə ağır dəqiqələr olur ki, bu zaman biz bütün mətanətimizi səfərbər etməliyik. Mən nə baş verdiyini açıb sizə deməyə ona görə cəsarət etmirəm ki, mənim də başım həyatda çox şeylər çəkmişdir və indi sizin necə əzab çəkəcəyinizi başa düşürəm.

– O yaralanmışdır? Bəlkə o ölmüşdür? – deyə Taytus bərkdən qışqırdı və geniş gözləri ilə prokurorun üzünə baxdı:

Orvil Meyson başını yırğaladı.

– Roberta! Mənim balam! İlahi, aman Allah! – qoca, sanki zərbə almış kimi əyildi və yıxılmamaq üçün ağaca söykəndi. – Ancaq necə? Harada? Onu fabrikdə maşın əzib öldürmüşdürmü? Aman Allah! Taytus evə, arvadının yanına getmək üçün geri döndü, lakin şikəstüzlü, qüvvətliəlli prokuror onu tutub saxladı:

– Bir dəqiqə, səbir edin, mister Olden, bir dəqiqə səbir edin! Siz, hələlik arvadınızın yanına getməməlisiniz. Mən bilirəm ki, bu çox ağır, çox dəhşətli bir şeydir, lakin icazə verin, məsələni sizə başa salım. Qızınız Likurqda ölməmişdir, maşın altında qalmamışdır. O, suda boğulmuşdur. Biq Biterndə. O, cümə axşamı şəhər kənarına çıxmışdır, başa düşürsünüzmü? Eşidirsinizmi, cümə axşamı! O, cümə axşamı qayıqla gəzdiyi zaman Biq Bitern gölündə batmışdır. Qayıq çevrilmişdir.

– Taytusun acınacaqlı halı, onun sözləri və hərəkətləri prokuroru o qədər həyəcanlandırmışdı ki, o, bütün bu hadisənin nə cür baş verdiyini lazımi soyuqqqanlıqla izah edə bilmədi (hətta bunun bədbəxt bir hadisə olduğu təxmin edilsə belə, o lazımi izahat verə bilmədi). Meysonun ağzından “ölüm” sözünü, həm də Robertanın adı ilə əlaqədar olaraq, “ölüm” sözünü eşidən kimi sarsılmış Olden az qaldı ağlını itirsin. Qışqıra-qışqıra ilk suallarını verdikdən sonra, o sanki nəfəsi daralırmış kimi, xırıltılı bir səslə inildəməyə başladı. O əyildi, şiddətli bir sancıdan qovrulurmuş kimi çırpındı, sonra əllərini çırparaq, gicgahlarını ovucları arasına alıb sıxdı.

– Mənim Robertam ölmüşdür! Mənim qızım! Yox, yox! Roberta! Ah, ilahi! Yox, o boğulmamışdır! Bu ola bilməz! Bircə saat əvvəl anası onun barəsində danışırdı. İndi o, bu xəbəri eşitsə, ürəyi partlayıb öləcəkdir. Bu xəbər məni də öldürəcək. Bəli, öldürəcək. Mənim yazıq, mənim əziz qızım! Mənim balam! Mən buna tab gətirməyəcəyəm, cənab prokuror.

Taytus ağır və yorğun bir halda, Meysonun çiyninə söykəndi, prokuror isə onu bacardığı qədər tutub saxlamağa çalışırdı. Bir dəqiqə sonra qoca evə tərəf döndü və dəli bir adamın axan baxışları ilə, bir heyrət içərisində qapıya baxdı.

Bu xəbəri ona kim deyəcək? – deyə o soruşdu – kim ürək edib, bu xəbəri anasına yetirəcək?

– Qulaq asın, mister Olden, – deyə Meyson qocanı dilə tutmağa başladı – özünüzün və arvadınızın xatiri üçün sizdən xahiş edirəm ki, sakit olun və bu işi aydınlaşdırmaqda mənə kömək edin, həm də bu məsələ sizin qızınıza aid deyilmiş kimi, soyuqqanlıqla və diqqətlə kömək edin. Mən hələ işin hamısını sizə nağıl etməmişəm. Lakin əvvəlcə siz sakit olmalısınız. İmkan verin, mən hamısını sizə izah edim. Bu dəhşətli şeydir və mən sizin halınıza ürəkdən yanıram. Sizin nə çəkdiyinizi bilirəm. Lakin bu işdə dəhşətli və ağır cəhətlər vardır ki, siz onları bilməlisiniz. Mənə qulaq asın! Yaxşı qulaq asın!

Bundan sonra Meyson Taytusun qolundan tutduğu halda, bacardığı qədər sürətlə və inandırıcı bir ifadə ilə, Robertanın ölümü ilə əlaqədar olan müxtəlif faktları və şübhələri nağıl etdi, sonra məktubu qocaya verdi ki, oxusun və axırda dedi:

– Burada bir cinayət var. Bəli, burada bir cinayət işi var, mister Olden! Bricburqda bizim fikrimiz belədir. Hər halda biz belə bir şey baş verdiyindən şübhələnirik, – əgər belə amansız və soyuq bir sözü işlətmək caizdirsə, sizin qızınızı öldürmüşlər, mister Olden. – Bunu deyərək, Meyson susdu: Olden isə cinayət haqqında söylənən sözlərdən sarsılaraq, hərəkətsiz bir halda prokurorun üzünə baxır, sanki ona nə deyildiyini yaxşı başa düşə bilmirdi.

– Sizin hisslərinizə nə qədər hörmət bəsləsəm də, – deyə Meyson yenə sözə başladı. – lakin mənim mahalımda qanunu pozan idarənin baş nümayəndəsi kimi, mən özümə bir vəzifə bildim ki, Kliford Qolden və yaxud Karl Qrexem haqqında və yaxud sizin qızınızı aldadıb, kimsəsiz gölə aparan bir başqası haqqında sizə nə məlum olduğunu öyrənmək üçün bu gün buraya gəlim. Başa düşürəm ki, mister Olden, siz bu saat amansız iztirab keçirirsiniz. Lakin buna baxmayaraq, mən israr edirəm ki, sizin borcunuz, – bu sizin arzunuz da olmalıdır, – bu işi aydınlaşdırmaq üçün var qüvvənizlə mənə kömək etməkdən ibarətdir. Bu məktub göstərir ki, sizin arvadınız hər halda o adam haqqında nə isə bilir – heç olmasa o adamın adını bilir.

Prokuror mənalı bir əda ilə, barmağı ilə məktubu döyəclədi.

Olden, qızının cinayətkar bir fitnəyə qurban getdiyini başa düşən kimi, duyduğu acı itki hissinə, fitri bir ovçunun marağı, qəzəbi və ehtirası ilə qarışıq olan nə isə heyvani bir sövqi-təbii əlavə olundu, – bütün bunlar isə onu, özünü ələ almağa məcbur etdi. İndi o, sükut içərisində, tutqun bir sima ilə prokurorun dediklərinə qulaq asırdı. Demək, onun qızı sadəcə, suda batıb boğulmamışdır, – onun qızı öldürülmüşdür, həm də onu öldürən, məktubdan anlaşıldığına görə, Robertanın ərə getməyə hazırlaşdığı bir gəncdir! O isə, Robertanın atası isə, belə bir adamın mövcud olduğundan xəbər belə tutmamışdır. Nə qədər qəribədir ki, arvadı bu barədə nə isə bilirmiş, onun isə heç bir şeydən xəbəri yoxmuş. Həm də Roberta onun bu barədə bir şey bilməsini istəməmişdir.

Dərhal onun başından, dini etiqadlarından və məşrut qaydalardan doğan, həmçinin şəhərin dolaşıq, allahsız həyatına qarşı şübhəli əlaqə bəsləyən bir kənd adamı üçün səciyyəvi olan belə bir fikir gəlib keçdi ki, yəqin, Robertanın Likurqda tanış olduğu cavan zəngin, əxlaqsız və yalançı bir şəhərli, evlənəcəyini vəd edərək, onun qızını yoldan çıxarmış, sonra isə, əlbəttə, verdiyi sözü yerinə yetirmək istəməmişdir. Qocanın ürəyində dərhal, onun qızına qarşı belə alçaq bir cinayət işləyən adamdan intiqam almaq üçün amansız və qarşısıalınmaz bir arzu oyandı. Alçaq! Cani! Qatil!

Həm o özü, həm də arvadı elə düşünürdülər ki, Roberta Likurq şəhərində sakit və ciddi, həm də xoşbəxt bir halda öz çətin və namuslu yolu ilə getməkdə, həm özünü saxlamaq, həm də qoca ata-anasına kömək etmək üçün başını aşağı salıb işləməkdədir. Halbuki, cümə axşamından cümə günü səhərədək Robertanın meyidi gölün dibində imiş. Onlar isə qızlarının dəhşətli taleyindən bixəbər bir halda, yumşaq yataqda yatıblar, gəziblər, öz aralarında söhbət ediblər. İndi, yəqin, Robertanın meyidi haradasa yad bir otaqda, kim bilir, bəlkə də meyitxanadadır və nəvazişli doğma əllər onun qeydinə qalmamışdır, – sabah isə laqeyd, soyuqqanlı məmurlar onun meyidini Bricburqa aparacaqlar.

– Əgər allah varsa, – deyə Olden həyəcan içində çığırdı, – o belə alçaq bir yaramazın cəzasız qalmasına yol verməyəcəkdir! Yox, o belə bir şeyə yol verməyəcəkdir!..“ mən hələ, – deyə qoca birdən müqəddəs kitabdan bir ayə gətirdi – o zahidin uşaqlarını başsız və onun gələcək nəslini çörək dilənən görəcəyəm”. – Sonra birdən bir iş görmək, bir şey etmək üçün ürəyində bir yanğı, bir atəş duyaraq, əlavə etdi:

– İndi mən hamısını arvadıma nağıl etməliyəm! Yox, siz, burada gözləyin. Əvvəlcə mən təklikdə, hamısını ona deyərəm. Mən bu saat qayıdaram. Bu saat. Məni burada gözləyin. Bilirəm, bu xəbər onu öldürəcəkdir. Ancaq o hamısını bilməlidir. Bəlkə o adamın kim olduğunu arvadın deyə bildi, onda o cani qaçıb uzaqlaşana qədər biz onu tutarıq… Mənim yazıq qızım! Yazıq, balaca Robertam! Mənim sevimli, mehriban, namuslu qızım!

Bu cür, nə isə rabitəsiz sözlər mızıldayaraq, iztirablı, demək olar ki, dəlicəsinə ifadə almış bir sima ilə qoca geri döndü və yöndəmsiz, ağır addımlarla, kiçik tikintiyə –mətbəxə tərəf yönəldi: o bilirdi ki, missis Olden orada, sabahkı bazar günü naharı üçün nə isə xüsusi xörəklər hazırlayır. Lakin qapının ağzında o dayanıb durdu, irəli getməyə qətiyyəti və cəsarəti çatmadı. O, həyatın amansız, anlaşılmaz və laqeyd qüvvələri qarşısında, insanın faciəli çarəsizliyinin canlı bir timsalı idi.

Missis Olden geri döndü və ərinin eybəcər bir ifadə almış üzünü görərkən, əlləri sustalmış bir halda yanına düşdü, qocanın nə isə bəd bir şeydən xəbər verən baxışları, qadının üzündəki yorğun, lakin dinc və sadədil sükunət ifadəsini bir anda silib apardı.

Taytus. Allah xatirinə! Nə olmuşdur!

Qocanın əlləri göyə qalxdı, ağzı azacıq açıldı, qeyri iradi olaraq, qeyri-təbii bir halda gözləri qıyıldı, sonra bu gözlər yenidən geniş açıldı və nəhayət, onun sinəsindən yalnız bu söz qopdu:

Roberta!

Ona nə olmuşdur? Ona nə olmuşdur, Taytus? Onun başına nə gəlmişdir?

Taytus dinmədi. Ağzı, gözləri, əlləri yenə rəşələr içərisində titrədi… Sonra…

Ölmüşdür! O… O, göldə boğulmuşdur! – bunu deyərək, qoca taqətsiz bir halda, qapının yanındakı skamya üzərinə yıxıldı.

Missis Olden bir an heç bir şey anlamadan ərinə baxdı. Sonra hər şeyi başa düşdü və bir söz belə demədən, ağır bir halda döşəmənin üstünə sərildi. Taytus isə arvadına baxaraq, başını yırğalayır, sanki demək istəyirdi: Budur – budur. Elə-belə də olmalı idi. Budur, indi o, bütün bu əzabdan qurtulub xilas oldu. Qoca ağır-ağır ayağa qalxdı, arvadına yaxınlaşdı və diz çökərək onu qaldırmağa çalışdı. Sonra o eyni ağır hərəkətlə ayağa qalxdı, mətbəxdən çölə çıxdı və evin başına dolanaraq, Orvil Meysonun oturduğu yarımçıq artırmaya doğru yönəldi; Meyson isə batmaqda olan günəşə tamaşa edərək, bu zavallı, bəxtiqara fermerin indi öz arvadına necə ağır bir müsibət xəbər verdiyini düşünürdü. İndi o, hətta bir anlığa bütün bu şeylərin başqa cür olmasını arzu etdi, – onun üçün, Meyson üçün xeyirli olduğuna baxmayaraq, kaş, bu iş heç baş verməmiş olaydı.

Lakin, o, skeletə oxşayan fermerin fiqurasını gördükdə, sıçrayıb irəli cumdu və Oldenin yanından ötərək mətbəxə yüyürdü. Meyson, fermerin arvadını, öz qızı kimi balaca və kövrək vücudlu missis Oldeni döşəmə üzərində səssiz və bihuş br halda sərilib qalmış görərkən, qüvvətli əlləri ilə qadını yerdən qaldırdı, onu yemək otağından keçirib, ümumi böyük otağa apardı və orada laxlayan taxtın üstünə uzatdı. Sonra o, qadının nəbzini yoxladı və su gətirmək üçün yüyürdü. Bu zaman Meyson ətrafına baxaraq, yaxında bu qadının oğlundan, qızından və yaxud qonşulardan bir adam olub-olmadığını yoxladı, lakin heç kəsi görməyib, tələsik missis Oldenin yanına qayıtdı, onun üzünə və əllərinə azacıq su çilədi.

Meyson qayıdıb, otağa gələrkən, arvadının yanında dizi üstündə dayanmış Taytusu görərək, ona müraciət edib soruşdu:

– Burada, yaxında bir doktor varmı?

– Biltsdə var… Doktor Kreyn.

– Sizdə, ya qonşuluqda bir adamda telefon varmı?

–Mister Uilkoksgildə var. – Qoca əli ilə, Uilkoksgilin evini göstərdi. Hələ bu yaxınlarda Roberta onların evindəki telefondan istifadə edərdi.

– Gözünüz onun üstündə olsun. Mən bu saat qayıdıram.

Meyson, doktor Kreyni və yaxud başqa bir həkimi çağırmaq üçün telefona cumdu və demək olar ki, dərhal missis Uilkoks və onun qızı ilə bərabər qayıdıb gəldi. Sonra onlar uzun müddət qonşuların və nəhayət, doktor Kreynin gəlib çıxmasını gözləməli oldular; Meyson elə bu gün missis Oldenlə, onu bura gətirən mühüm və gizli bir iş haqqında danışmaq mümkün olub-olmayacağı barədə doktorla məsləhətləşdi. Mister Meysonun nüfuzlu və rəsmi davranışı, hərəkətləri doktor Kreynə böyük təsir bağışladığı üçün, o, dərhal qeyd etdi ki, belə bir şey, deyəsən, qadın üçün daha yaxşıdır.

Dərman vasitəsilə, həmçinin, mehriban nəsihətlərlə missis Oldeni huşa gətirdilər. Hamının tez-tez ürək-dirək verməsi onu sakitləşdirdiyi üçün, nəhayət, o əvvəlcə məsələnin nə yerdə olduğuna qulaq asa bildi, sonra isə Robertanın məktubunda adı çəkilən o sirli adam haqqında Meysonun suallarına cavab verdi. Missis Olden qızının yalnız bir adam haqqında, ona xüsusi diqqət yetirən bir gənc haqqında danışdığını xatırladı, – özü də Roberta həmin adam haqqında, yalnız bir dəfə, keçən il Milad bayramında danışmışdı. Bu adam zəngin Likurq fabrikantı Semuel Qrifitsin qardaşı oğlu, Robertanın işlədiyi şöbənin müdiri, – Klayd Qrifits idi.

Lakin həm Meysonun, həm də Oldenin dərhal hiss etdiyi kimi, təbiidir ki, bu heç də o demək deyildi ki, belə böyük bir adamın qardaşı oğlu, Robertanı öldürməkdə ittiham edilə bilər. Qrifitslərin sərvəti! Onların cəmiyyətdə tutduqları mövqe! Aydındır ki, belə bir ittihamla çıxış etməzdən əvvəl, Meyson bu barədə bir az ətraflı düşünməyə və yubanmağa meyil edirdi. Onun fikrincə, ictimai vəziyyət etibarilə, həmin adamla bu qız arasında çox böyük fərq var idi. Amma buna baxmayaraq, məsələ məhz belə də ola bilərdi. Nə üçün də belə olmasın? Əksinə, belə mövqe tutan gənc, bir başqasına nisbətən daha asanlıqla Roberta kimi bir qızla sevişməyə başlaya bilərdi, – axı, Xeyt deyirdi ki, o qız çox qəşəngdir. Demək, Roberta həmin gəncin əmisinin fabrikində işləyirmiş və kasıb bir qız imiş. Bundan başqa, Fred Xeytin verdiyi məlumata görə, Roberta öz ölüm saatında kimlə olmuşdursa, həmin adamla nikahlanmadan qabaq yaşamağa risk edibmiş. Məgər bu zəngin və pozğun bir gəncin kasıb bir qızla necə rəftar etdiyini göstərən xarakterik bir hadisə deyildirmi? Meyson gəncliyində varlı və xoşbəxt gənclərlə üz-üzə gələrkən, taleyin bir çox zərbə və təhqirlərinə məruz qalmışdı, buna görə də indi bu fikir ona çox təbii görünürdü. Alçaq varlılar! Ürəksiz, qansız zənginlər! Anası və atası isə, əlbəttə, qızlarının günahsız və ismətli bir qız olduğuna sarsılmaz bir inam bəsləyirdilər.

Sonrakı sorğu-sualdan məlum oldu ki, missis Olden heç vaxt bu gənci görməmişdir, lakin eyni zamanda da heç vaxt da başqa bir adam haqqında qızından bir söz eşitməmişdir. Missis Olden və onun əri əlavə olaraq, yalnız bunu deyə bildilər ki, Roberta son dəfə bir aylıq evə gələndə, özünü çox da yaxşı hiss etmir, süst bir halda gəzib-dolaşır və tez-tez məktub yazıb, poçtolyona verir, yaxud özü aparıb, yol ayrıcındakı poçta qutusuna salırdı. Nə mister, nə də missis Olden bu məktubların kimə yazıldığını bilmirdilər, lakin Meyson elə buradaca fikrindən keçirdi ki, poçtolyon yəqin ki, məktubların kimə yazılmış olduğunu bilir. Bundan başqa, bu bir ay ərzində Roberta özünə bir neçə paltar, – deyəsən, dörd dəst paltar tikdirmişdir. Son zamanlar isə, mister Beyker adlı birisi Robertanı bir neçə dəfə telefona çağırmışdır, – bunu isə Taytus mister Uilkoksdan eşitmişdir. Roberta çıxıb gedərkən, özü ilə bərabər yalnız buraya gətirdiyi şeyləri, – yəni kiçik bir sandıqça ilə bir çamadan aparmışdır. Sandıqçanı stansiyada Roberta özü baqaja vermişdi, lakin Taytus qızın bu sandıqçanı Likurq şəhərinə, yaxud başqa bir yerə yola saldığını deyə bilmədi.

Meyson çox mühüm bir xəbər hesab etdiyi Beyker haqqında məlumatı düşünürdü. Birdən onun başına belə bir fikir gəldi: “Kliford Qolden – Karl Qreyzem-Klayd Qrifits!” Bu ad və familiyaların baş hərflərinin eyni olması, bu adların bir-birinə oxşar səslənməsi onu heyrətə saldı. Əgər Klayd Qrifits bu cinayətlə əlaqədar deyilsə, bu adların bu cür bir-birinə oxşaması doğrudan da, qəribə bir təsadüf idi! İndi Meyson dərhal poçtolyonu tapıb, onu dindirmək istəyirdi.

Lakin Taytus Olden yalnız Robertanın meyidini tanımaq və Qan-Lodj stansiyasında qalan çamadandakı şeylərin məhz öz qızının şeyləri olduğunu təsdiq etmək üçün bir şahid kimi deyil, həmçinin poçtolyonu da, həqiqəti açıb söyləməyə razı sala biləcək bir adam kimi lazım idi. Buna görə Meyson qocadan, geyinib, onunla bərabər getməsini xahiş etdi və elə sabah onu evə buraxacağını vəd etdi.

Meyson missis Oldenə bərk-bərk tapşırdı ki, bu barədə heç kəsə bir söz deməsin, sonra poçtolyonu dindirmək üçün poçtaya getdi.

Poçtolyon tapılıb gətirildi və qalvanize edilmiş bir meyit kimi prokurorun yanında dayanmış Oldenin hüzurunda dindirildi. Poçtolyon yadına saldı ki, Roberta son dəfə burada olarkən, ona bir neçə məktub vermişdir, – bu məktubların sayı on ikiyə və hətta on beşə qədər olardı, – sonra o, hətta bunu da xatırladı ki, bütün bu məktublar hamısı Likurq şəhərinə, kimə isə… adı nə idi onun?.. hə, özüdür ki, var, – Klayd Qrifitsə göndərilmişdir. Meyson dərhal poçtolyonla bərabər qanunun bütün qaydalarına uyğun olaraq, poçtolyonun verdiyi ifadələri protokola qeyd etdi. Sonra prokuror öz idarəsinə zəng edərək, Robertanın meyidinin artıq Bricburqa gətirilmiş olduğunu öyrəndi və maşınına minib, iti sürətlə yola düşdü.

Axşam saat onda, “Lüts qardaşlarının dəfn bürosunun” qəbul otağında, Berton Berley, Xeyt, Erl Nyukom Robertanın meyidinin yanına toplanmışdılar. Taytus dəli olmaq dərəcəsinə gələrək, qızının üzünə baxırdı. Bu zaman, Meyson, əvvələn, bu qızın doğrudan da Roberta Olden olduğunu yəqin etdi və ikincisi, Qrass gölü yanındakı mehmanxanada edilən qeydlərə əsaslanaraq, bu qızı asanlıqla qeyri-qanuni əlaqəyə yol verən bir qız hesab etmək olarmı? – sualına özü cavab verdi. Yox, deyə Meyson bu qərara gəldi ki, Roberta belə yüngül qiz deyildir. Burada hiyləgər və alçaq bir qəsd – bir qızın pis yola çəkilməsi və sonra öldürülməsi məsələsi vardır. Ax yaramaz! Hələ də ələ keçməmişdir. Bu işin siyasi əhəmiyyəti artıq Meysonun başında, təsəvvüründə arxa plana keçdi, onun yerini – bütün varlılara qarşı qəzəb və nifrət hissi doldurdu.

350,35 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
580 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают

Новинка
Черновик
4,9
126