Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Amerika faciəsi », страница 5

Шрифт:

– Dostlar, diqqət! Mən sizə bir əhvalat danışacağam! Dünən yaxud elə bu gün səhər Biq Bitern gölündə bir qayıq çevrilmiş və iki nəfər batıb boğulmuşdur. Bunu mənə indicə, bu saat Blanş Lok telefonla xəbər verdi, o, bu gün üçüncü mil Buxtasındadır. O deyir ki, qızın meyiti tapmışdır, amma onun yanında olan oğlanın meyidini hələ tapa bilmirlər. Onlar haradasa, gölün cənub tərəfində boğulublar.

Klayd bir an içində donub hərəkətsiz qaldı və kağız kimi ağardı. İndi onun qanı çəkilmiş, dodaqları ağ bir zolaq kimi görünür, bir nöqtəyə zillənmiş gözləri isə, qarşısındakı şeyləri yox, Biq Bitern gölünün sahillərini, yüksək şam ağaclarını və Robertanın qərq olduğu tutqun suları görürdü. Demək, qızın meyidi tapılmışdır. İndi onun ümid etdiyi kimi, Klaydın meyidinin də orada, suyun dibində olduğuna inanan olacaqdımı? Lakin qulaq asmaq lazımdır! Başı gicəlləndiyinə baxmayaraq o, bu söhbətə qulaq asmalıdır.

Mandolinanı danqıldadan Berçard Teylor əlini saxlayıb:

– Kədərli xəbərdir! – dedi. Görəsən, bizim tanışlardan deyil ki?

– Blanş dedi ki, o hələ bu əhvalatı bütün təfsilatı ilə bilmir.

– O göl həmişə mənə bir cür görünürdü, heç xoşuma gəlmirdi, – deyə Frenk Qarriet sözə qarışdı. – Çox xəlvət göldür. Keçən yay mən atamla və Mister Rendel ilə bərabər orada balıq tuturdum, lakin çox tez çıxıb getdik. Ora çox qüssəli yerdir.

– Biz üç həftə əvvəl orada idik. Yadınızdadırmı, Sondra? – deyə Xarley Beqot əlavə etdi. – O göl o vaxt sizin xoşunuza gəlməmişdi.

– Elədir, yadımdadır, – deyə Sondra cavab verdi, – çox xəlvət yerdir. Təsəvvür edə bilmirəm ki, kim və nə üçün ora getmək istəmişdir…

– Ümid edirəm ki, orada batanlar bizim tanışlardan deyildir, – deyə Berçard fikirli bir halda qeyd etdi. – Yoxsa, bu bədbəxt hadisə bizi uzun müddət dilxor edə bilər.

Klayd qeyri-ixtiyari olaraq dili ilə quru dodaqlarını yaladı və bir sarsıntı içərisində udqundu. Onun boğazı lap qurumuşdu.

– Yəqin ki, bu günkü qəzetlərin heç birində bu barədə hələ bir xəbər yoxdur. Bu günkü qəzetləri oxuyan olubmu? – deyə Sondranın ilk sözlərini eşitməyən Vaynet Fent soruşdu.

– Heç bir qəzet yoxdur, – deyə Berçard qeyd etdi. – Birdə ki, qəzetlər hələlik bu barədə heç bir məlumat verə bilməzlər. Axı, Blanş Lok bunu indicə bu saat, özü də telefonla Sondraya xəbər vermişdir. O indi hadisə baş verən yerdədir.

– Elədir, doğrudur.

– Amma yenə də, bəlkə Şeyronda çıxan axşam qəzetində – onun adı nədir… deyəsən “Benner”-dir, deyilmi?.. – bəlkə o qəzetdə bu barədə bir xəbər var? O qəzeti elə bu gün tapsaydıq, pis olmazdı.

Bu an – Klaydın başından ayrı bir fikir keçdi! İlahi, o yalnız indi, birinci dəfə bu barədə düşündü: bəs onun izləri!… Bəlkə orada, sahildə, palçıq üstündə onun ayaq izləri qalmışdır?

O, göldən uzaqlaşmağa elə tələsirdi ki, bir dəfə də olsun geriyə dönməmişdi, arxasına belə baxmamışdı. Axı, orada onun ayaq izləri qala bilərdi. Belə olduqda bu izləri tutub, gələ bilərlər… o üç nəfərin rast gəldiyi adamı təqib edə bilərlər! Kliford Qoldeni axtara bilərlər! Klaydın səhər getdiyi yollar… Krenstonların avtomobilində gəlməsi… indi orada Krenstonların yay malikanəsində – çamadanda onun yaş kostyumu var! Bəlkə birisi Klaydın orada olmadığından istifadə edib, onun otağına girmiş, hər şeyi yoxlamış və hamını sorğu-suala tutmuşdur… Kim bilir, bəlkə o, çamadanı da açmışdır? O adam polis agenti ola bilər! Aman Allah! Onun yaş kostyumu hələ də çamadandadır! Nə üçün o, bu kostyumu çamadanda, həm də öz yanında saxlamışdır? Onu lap əvvəldən gizlətmək lazım idi… Heç olmasa, daşa büküb, gölə atmaq olardı. Onda kostyum gölün dibində qalardı. Belə çıxılmaz bir vəziyyətdə ikən, nə üçün o bu barədə düşünməmişdi? Yoxsa kostyumu bir də geyinəcəyini güman edirdi?

Klayd ayağa qalxdı. O, sözün tam mənasında həm ruhən, həm də cismən donub qurumuşdu. Onun gözləri bir anlığa şüşə kimi donuq və hərəkətsiz qaldı. Klayd bir an yubanmadan, oraya qayıtmalı və o kostyumdan yaxasını qurtarmalıdır… onu gölə atmalı… və ya evin arxasında, meşənin bir yerində gizlətməlidir!.. Lakin göldə batanlar haqqında bu söhbətdən sonra, birdən-birə bu cür durub getmək olmaz axı! Bu nə cür təsir bağışlaya bilər?

Yox, deyə o, dərhal bu fikrindən vaz keçdi. Sakit ol… həyəcan çəkdiyini heç bildirmə…soyuqqanlı ol…və heç bir əhəmiyyəti olmayan bir neçə söz danışmağa çalış.

Budur, o, bütün iradəsini toplayaraq, gərgin bir halda, Sondraya yaxınlaşdı və zorla dedi:

– Çox kədərli hadisədir, deyilmi? – Klayd demək olar ki, normal bir səslə danışırdı, lakin dizləri və əlləri titrədiyi kimi səsi də hər an titrəyib qırıla bilərdi.

– Elədir, – deyə Sondra ona tərəf dönərək, cavab verdi. – Belə əhvalatlara qulaq asmağı mən heç sevmirəm, – siz necə? Mən Stüartla bərabər bu gölləri gəzib dolaşanda, anam həmişə çox nigaran qalır.

– Elədir, başa düşürəm, – Klaydın səsi xırıldamağa və titrəməyə başladı. O bu sözləri zorla, axmaqcasına və anlaşılmaz bir ifadə ilə söylədi. Dodaqları ensiz və rəngsiz bir zolaq halında bir-birinə daha bərk sıxıldı və üzünün rəngi lap qaçdı.

Sondra onun üzünə diqqətlə baxaraq:

– Sizə nə olmuşdur, Klayd? – deyə birdən-birə soruşdu. – Sizin rənginiz lap qaçmışdır! Hələ gözləriniz! Nə olmuşdur? Siz bu gün özünüzü xəstə hiss edirsiniz, yoxsa işıqda üzünüz belə görünür?

Sondra müqayisə etmək üçün otaqdakıları gözdən keçirdi, sonra yenidən Klayda tərəf döndü. Klayd isə qızın dediyi kimi yox, başqa cür görünməyin onun üçün nə qədər əhəmiyyətli olduğunu anlayaraq, özünü mümkün qədər ələ almağa çalışaraq, cavab verdi:

– Yox, xəstə deyiləm. Yəqin ki, işıqdan belə görünür. Əlbəttə, işıqdandır. Mən… dünən mən, çox ağır bir gün keçirmişəm, hamısı ondandır. Gərək mən heç bu gün axşam bura gəlməyəydim. – Bunu deyərək, Klayd zorla gülümsədi.

Sondra isə onun halına ürəkdən yanaraq, Klayda baxıb pıçıldadı:

– Demək, mənim balaca Klaydım dünən çox işləyib, yorulmuşdur? Elə isə bütün günü bizimlə atılıb düşmək əvəzinə, nə üçün, mənim əzizim səhər bu barədə mənə heç bir soz deməmişdir? İstəyirsiniz, mən Frenkə deyim, o bu saat sizi, Krenstongilə aparsın? Yaxud, bəlkə elə buradaca, yuxarıya, Frenkin otağına qalxıb, bir az uzansanız, daha yaxşı olar? O, heç bir söz deməz. Mən bu saat ondan soruşaram, yaxşımı?

Sondra, artıq Frenklə danışmaq istəyirdi ki, Klayd qızın son təklifindən dəhşətə gələrək və eyni zamanda, əlverişli bir bəhanə gətirib, buradan çıxıb getmək istəyərək, səmimi bir halda, lakin yenə də bir tərəddüd içərisində səsləndi:

– Yox, xahiş edirəm, lazım deyil, əzizim! Mən… mən istəmirəm. Keçib gedər! Mən sonra, əgər istəsəm yuxarı qalxaram və yaxud əgər bir az sonra siz də gedəcəksinizsə, mən də bir az tez çıxıb evə gedərəm, ancaq indi lazım deyil. Doğrudur, mən özümü çox da yaxşı hiss etmirəm, ancaq hamısı keçib gedər.

Sondra onun qeyri-təbii və hətta əsəbi danışıq tərzindən heyrətə gələrək, dərhal güzəştə getdi:

– Yaxşı əzizim. Siz deyən olsun. Ancaq əgər özünüzü pis hiss edirsinizsə, yaxşı olardı ki, icazə versəydiniz, mən Frenki çağıraydım, o sizi yuxarıya, öz otağına aparaydı. O, bundan heç inciməz. Bir az sonra isə, – təqribən saat on birin yarısında mən də burdakılarla xudahafizləşərəm və biz Krenstongilə qədər bərabər gedərik. Mən evə getməzdən əvvəl sizi özüm ora apararam, yoxsa bir başqası çıxıb getmək fikrinə düşər və sizi öz maşınında aparmaq istəyər. Məgər belə bir plan mənim əzizimin xoşuma gəlmirmi?

Klayd cavab verdi:

– Yaxşı, amma əvvəlcə mən gedib, bir şey içmək istəyirəm.

Klayd məclisi tərk edərək Qarrietlərin evindəki geniş vanna otaqlarından birinə girdi, qapını bağlayıb oturdu və düşünməyə başladı… O, düşünürdü ki, artıq Robertanın meyidi tapılmışdır və indi qızın üzündə çox ola bilər ki, onun vurduğu zərbədən qançırlar qalmışdır, onun ayağının izləri də islaq qum üzərində və sahilin palçığında qalmış ola bilər… bundan başqa o, Krenstonların yay malikanəsində qalmış yaş kostyumu haqqında, meşədə rast gəldiyi o üç nəfər haqqında, Robertanın çamadanı, onun şlyapası və paltosu haqqında və özünün göldə su üstündə qalan astarı qoparılmış şlyapası haqqında düşünür… və öz-özündən indi nə edəcəyini soruşurdu. O indi nə cür hərəkət etməli idi? Nə deməli idi? Bu saat Sondranın yanına gedib, qızı, dərhal ona qoşulub qaçmağa razı salmalı, yaxud burada qalıb, yeni əzablara qatlaşmalı idimi? Hələ görəsən sabahkı qəzetlərdə nə olacaqdı? Nə cür xəbərlər çıxacaqdı? İndi, əgər gec-tez onun axtarılacağını güman etməyə əsas verən bir xəbər vardısa, – əgər onun bu hadisə ilə əlaqədər olduğundan şübhələnən vardısa, – onda sabah, nəzərdə tutulan bu səyahətə çıxmaq ağıllı bir hərəkət idimi? Bəlkə buradan qaçıb uzaqlaşmaq daha ağıllı bir iş olar? İndi onun bir az pulu vardır. İndi o, Nyu-Yorka, Bostona və yaxud Yeni Orlean şəhərinə gedə bilər, – Reterer oradadır… lakin oraya yox! Elə bir yerə getməlidir ki, orada onu heç kəs tanımasın!..

Ah, ilahi, bu vaxta qədər onun düzəltdiyi planlar nə qədər axmaq bir şeymiş! O nə qədər xətaya yol vermişdir! Bir də ki, lap əvvəlindən, o bütün bunları düzmü ölçüb-biçmişdi? Məgər o, belə dərin bir yerdən Robertanın meyidinin tapılacağını ağlına gətirə bilərdimi? İndi budur, qızın meyidi tapılmışdır, – özü də bu tezliklə, elə birinci gün tapılmışdır ki, onun əleyhinə şəhadət versin! Doğrudur, o, mehmanxanalarda ona rast gələn o üç nəfərin və paroxodda diqqətlə ona baxan qızın göstərişləri sayəsində, məgər onun izinə düşə bilməzdilərmi? Bu barədə düşünmək, düşünmək, düşünmək lazımdır! Bu yaş kostyum ucbatından, böyük bir bəla üz verməmiş, buradan mümkün qədər tez çıxıb getmək lazımdır.

Bir anda onun bütün varlığına elə amansız bir zəiflik və dəhşət hissi hakim oldu ki, o, Sondranın yanına qayıtmaq istədi, qıza doğrudan da özünü lap xəstə hiss etdiyini və əgər o, etiraz etmirsə, düzəldə bilərsə, onunla bərabər evə getmək istədiyini söyləməyi qərara aldı. Buna görə hələ axşam məclisinin qurtarmasına xeyli qalmış, saat on birin yarısında Sondra Berçarda dedi ki, özünü çox da yaxşı hiss etmir və onu, Klaydı, həmçinin Cili evə aparmalarını xahiş edir, lakin sabah, sözləşdikləri kimi, Ayı gölünə getmək üçün hamısı mütləq görüşməlidirlər.

Klayd isə ürəyi bir təlaş içərisində döyündüyü halda, bu ümidsiz və uğursuz yolda, bu vaxta qədər addımbaşı bir səhv buraxdığı kimi, indi buradan tez çıxıb getməsini də üstəlik daha fəlakətli bir xəta olduğunu düşünərək, nəhayət, motorlu qayığa mindi və o saat gəlib, Krenstonların yay malikanəsinə yetişdi. Sahilə çıxdıqda, o, mümkün qədər sərbəst bir əda ilə Berçarddan və Sondradan üzr istədi və dərhal dönüb öz otağına cumdu, şeylərini yoxlayıb, kostyumunun yenə də əvvəlki kimi öz yerində olduğunu gördü, – o burada olmadığı müddətdə, başqa bir adamın onun otağına əl gəzdirdiyini göstərən heç bir əlamət yox idi. Lakin buna baxmayaraq o, əsəbi bir halda, qorxa-qorxa kostyumu çamadandan çıxarıb, bağlamaya bükdü, diqqətlə qulaq asmağa başladı və görünmədən çölə çıxmağa fürsət verən sakit bir dəqiqəni gözləyərək, guya yatmazdan əvvəl bir az gəzmək istəyirmiş kimi evdən çıxdı. Gölün sahili ilə evdən təxminən dörddə bir mil uzaqlaşdıqdan sonra o, ağır bir daş tapıb, kostyumuna bağladı və əlindəki bağlamanı var qüvvəsi ilə uzağa, suya atdı. Sonra, yenə eyni yavaş addımlarla qaşqabaqlı və narahat bir halda öz otağına qayıtdı, yenə təşviş və əndişə içərisində, sabahkı günün onun başına nələr gətirəcəyini, həmçinin, əgər onu dindirməyə, istintaq aparmağa gələn olsa, ona nə deyəcəyini uzun-uzadı düşünməyə başladı.

VIII FƏSİL

Klayda əzab verən ağır yuxular içində keçmiş (o yuxusunda Robertanı, onu həbs etməyə gələn adamları və bu qəbildən bir çox başqa şeylər görmüşdü) narahat, demək olar ki, yuxusuz bir gecədən sonra, səhər açıldı. Nəhayət, o, yatağından qalxdı: onun bütün əsəbləri ağrıyırdı, gözləri acışırdı. Bir saat sonra o, aşağı düşməyi qərara aldı və avtomobillərin birində yola düşən Frederiki (dünən onu buraya gətirən şoferi) görərək, Olbeni və Utika şəhərlərində çıxan bütün səhər qəzetlərini alıb gətirməyi tapşırdı. Şofer saat onun yarısında qayıdıb gəldi. Klayd qəzetləri alıb, öz otağına çəkildi, qapını bağlayıb qəzetlərdən birini açdı və dərhal bütün varlığını sarsıdan bir sərlövhə gördü:

BİR QIZIN ƏSRARLI ÖLÜMÜ.

MEYİT DÜNƏN ADİRONDAK GÖLLƏRİNİN

BİRİNDƏ TAPILMIŞDIR.

QIZIN YANINDAKI ADAMIN MEYİDİ

HƏLƏ TAPILMAMIŞDIR.

Klayd həyəcandan kağız kimi ağararaq, pəncərənin yanındakı stulun üstünə yıxıldı və oxumağa başladı:

“Bricburq” (Nyu-York ştatı), 9 iyul, dünən günortaya yaxın, Biq Bitern gölünün cənub tərəfində sudan naməlum bir gənc qadının meyidi tapılmışdır, güman edirlər ki, bu qadın, çərşənbə günü səhər Qrass gölü yanındakı mehmanxana adını “Karl Qrexem və arvadı” və cümə axşamı isə Biq Bitern gölü yanındakı mehmanxanada adını “Kliford Qolden və arvadı” yazdıran bir gəncin arvadıdır. Ay buxtası adlanan yerdə, çevrilmiş bir qayıq və həsir şlyapası tapılmışdır. Buna görə də orada bütün günü qarmaq və tor vasitəsilə axtarış aparılmışdır. Lakin bununla belə, axşam saat yeddiyədək kişinin meyidi tapılmamışdır. Saat ikiyə yaxın Bricburq şəhərindən fəlakət baş verən yerə çağırılmış müstəntiq Xeytin fikrinə görə, kişinin meyidi çox güman ki, heç tapılmayacaqdır. Məhv olan qadının başındakı və üzündəki göyərmiş və qançır olmuş yerlər, həmçinin, hələ axtarış davam edən zaman hadisə yerinə gələn və keçən gecə göldən cənub tərəfdə, meşədə, zahiri görkəminə görə Qolden və yaxud Qrexemə oxşayan bir gəncə rast gəldiklərini söyləyən üç nəfərin verdiyi şəhadət, – bir çoxlarını, burada bir cinayət baş verdiyini və qatilin aradan çıxıb gizlənməyə çalışdığını güman etməyə vadar etməkdədir.

Həlak olmuş qadının qəhvəyi rəngli dəri çamadanı Qan-Lodj dəmiryol stansiyasında saxlanılmağa verilmiş (bu stansiya Biq Biterndən beş mil şərq tərəfdədir), şlyapası və paltosu isə Biq Bitern mehmanxanasında qalmışdır, halbuki Qrexem və yaxud Qolden, deyildiyinə görə, çamadanını özü ilə bərabər qayığa aparmışdır.

Biq Bitern gölü yanındakı mehmanxana sahibinin verdiyi məlumata görə, bu qızla oğlan oraya gələrkən, özlərini Olbeni şəhərindən olan Kliford Qolden və arvadı kimi qeyd etdirmişlər. Onlar mehmanxanada cəmisi bir neçə dəqiqə qalmışlar, sonra Qolden mehmanxana yanındakı qayıq stansiyasına getmiş, kiçik bir qayıq kirayələmiş və öz çamadanını götürərək, yanındakı qızla bərabər gölə gəzməyə çıxmışdır.

Onlar bir daha geri qayıtmamışlar, dünən səhər isə, ağzıüstə çevrilmiş qayıq gölün cənub tərəfindəki kiçik bir körfəzdə – Ay buxtası adlanan bir yerdə tapılmışdır, tezliklə gənc qadının meyidi də elə orada axtarılıb tapılmışdır. Gölün bu hissəsində sualtı daşları olmadığına görə, həlak olan qadının üzündə isə zərbə yerləri olduğu üçün, dərhal belə bir şübhə doğmuşdur ki, qadınla bərabər olan bu adam onu nə ilə isə vurmuşdur. Bütün bunlar, yuxarıda qeyd etdiyimiz o üç nəfərin verdikləri şəhadət ilə bərabər, həmçinin qayığın yanında tapılan həsir kişi şlyapasının astarı cırıldığı üçün sahibinin kim olduğunu müəyyən etməyə heç bir nişanə olmadığına görə mister Xeytə əsas verir ki, gəncin meyidi tapılmasa, burada bir cinayət işləndiyini iddia etsin.

Mehmanxana sahibinin və mehmanxanada qalanların, həmçinin Qrass gölü ilə Biq Bitern gölləri yanında işləyən bələdçilərin təsvir etdiyinə görə, Qolden və yaxud Qrexem iyirmi dörd, yaxud iyirmi beş yaşlı, boylu-buxunlu, əsmərbənizli bir gəncdir, boyu isə beş fut səkkiz düymdən, yaxud beş fut doqquz düymdən artıq deyil. Onun əynində açıq boz rəngli kostyum, ayağında qəhvəyi rəngli çəkmə, başında həsir şlyapa var imiş, əlində qəhvəyi rəngli bir çamadan aparırmış ki, bu çamadana çətir və nə isə başqa bir şey, – bəlkə də əl ağacı bağlanıbmış.

Gənc qadının mehmanxanada qalan şlyapası tünd qəhvəyi rəngdə, paltosu açıq qəhvəyi rəngdə, paltarı isə tünd göy rəngdədir.

Bütün ətrafdakı dəmiryol stansiyalarına Qoldeni yaxud Qrexemi axtarıb tapmaq üçün məlumat verilmişdir ki, əgər o sağdırsa və gizlənməyə çalışırsa, dərhal həbs edilsin. Göldə batıb boğulan qadının meyidi isə mahalın baş şəhəri Bricburqa aparılacaq və istintaq orada davam etdiriləcəkdir.

Klayd lal-dinməz və sanki donmuş bir halda oturaraq, düşünürdü. Belə alçaq bir qətl haqqında xəbər (bu qətl isə hamıya belə təsir bağışlamalıdır), üstəlik, belə yaxın bir yerdə baş verən bu hadisə, yəqin ki, elə bir həyəcan doğuracaqdır ki, bir çoxları, hətta bu tərəflərin bütün sakinləri, artıq, zahiri əlamətləri qəzetdə xəbər verilən o canini tutmaq ümidi ilə bütün rast gəldiklərini və buraya gələn hər bir adamı, diqqətlə gözdən keçirməyə başlayacaqlar. Madam ki, artıq az qala onun izinə düşmüşlər, daha yaxşı olmazmı ki, o elə burada, yaxud Biq Biterndə hakimiyyət idarələrinə müraciət etsin, hər şeyi açıb söyləsin – ilk planını və onu bu işə vadar edən səbəbləri açıb desin, sonra başa salsın ki, əslində, Robertanı o öldürməmişdir, çünki son dəqiqə ruhunda bir dönüş əmələ gəlmişdir və buna görə artıq öz niyyətini icra etmək iqtidarında olmamışdır… Lakin yox! belə bir iş, Roberta ilə münasibətlərinin bütün tarixini Sondraya və Qrifitslərə açıb söyləmək demək idi, həm də ki, heç bir başqa çıxış yolu olmadığını yəqin etməmiş, belə bir addım atmağın mənası yox idi. Bundan başqa, Klayd oradan qaçdıqdan sonra və Robertanın üzündəki zərbə yerləri haqqında bu məlumatdan sonra, ona inanan olacaqdımı? Axı, o, bu işi tutmadığını nə qədər izah etməyə çalışsa da, hər şey onun, doğrudan da, Robertanı öldürdüyünü göstərir.

Həmçinin, çox mümkündür ki, Klayd indi, bu saat boz rəngli kostyumda və həsir şlyapada olmadığına baxmayaraq, qəzetdə dərc edilən əlamətlərə görə, onu görənlərdən bəziləri Klaydı tanıyacaqdır. İndi onu axtarırlar, – daha doğrusu ona oxşayan Kliford Qoldeni yaxud Karl Qrexemi adam öldürməkdə ittiham etmək üçün axtarırlar! Axı o, lap Qoldenə oxşayır – və indi birdən o üç nəfər gəlib çıxa bilər! Klaydın bütün bədəni titrəməyə başladı. Onun başından daha dəhşətli bir fikir keçdi (bu fikir elə indicə, ilk dəfə olaraq ildırım kimi onun beynində alışdı) axı, Qolden ilə Qrexemin adlarının və familiyalarının baş hərfləri eyni idi. Əvvəllər o bunda heç bir pis şey görmürdü, lakin indi belə bir şeyin onu məhv edə biləcəyini anladı. Nə üçün o əvvəlcə, bir dəfə də olsun, bu barədə düşünməmişdi? Nə üçün? Nə üçün? Ah, ilahi!

Elə bu vaxt Sondra onu telefona çağırdı. Klayda dedilər ki, onu telefona çağıran Sondradır. Lakin buna baxmayaraq, telefonda səsinin təbii çıxması üçün, o özünə zor gəlməli oldu.

Əziz Klayd, bu gün səhərdən özünü necə hiss edir? İndi yaxşıdır? Bəs dünən birdən-birə nə üçün elə bərk xəstələnmişdi? Demək, indi o özünü artıq tamamilə yaxşı hiss edir, doğrudurmu? Elə isə hamı ilə bərabər səyahətə çıxacaqdır, deyilmi? Bax, bu lap yaxşı oldu! Yoxsa Sondra çox qorxmuşdu, bütün gecəni nigaran qalmışdı ki, birdən Klayd bərk xəstələnər və onlarla bərabər gedə bilməz. Demək, indi Klayd da gedir, – demək artıq hər şey qaydasındadır. Əzizim! Mənim əziz Klaydım! Klayd öz Sondrasını sevirmi? Lap çox? Sondra bu fikirdədir ki, belə bir səyahət Klayda çox yaxşı təsir edəcək. Lakin Sondra səhər yola hazırlıqla bərk məşğul olacaqdır, amma saat birdə, yaxud ikinin yarısında hamı “Kazino” körpüsündə olmalıdır. O zaman isə – ah, o zaman! Orada vaxtlarını nə qədər xoş keçirəcəklər! Klayd, oradan Bertina, Qrent və ümumiyyətlə, Krenstonların evindən yola düşənlərlə bərabər gəlməlidir, körpüdə isə Stüartın motorlu qayığına keçməlidir. Onlar vaxtlarını çox şən keçirəcəklər, çox gözəl keçirəcəklər, amma, indi artıq Sondranın vaxtı yoxdur! Xudahafiz, xudahafiz!

Əlvan və parlaq bir quş dərhal uçub yox olduğu kimi, Sondra da dərhal yox olub getdi.

Lakin Klayd hələ gözləməlidir: o buradan yalnız üç saatdan sonra çıxıb gedə biləcək və, beləliklə, Kliford Qoldeni, yaxud Karl Qrexemi axtaran birisi ilə üz-üzə gəlmək təhlükəsindən qurtulacaqdır. Bəlkə hələlik çıxıb, göl sahilində gəzmək və yaxud meşəyə girmək lazımdır? Yaxud çamadanını götürüb, aşağıda oturmalı və şose yolundan yay malikanəsinə doğru uzanan əyri-üyrü cığırla yaxınlaşan hər bir adamı və ya qayıqda göl ilə gələn başqalarını gözdən keçirməlidir? Axı, çox şübhəli bir adam zahir olarsa, o hələ qaçıb, aradan çıxa bilər… Klayd düşündüyü kimi hərəkət etdi: əvvəlcə, təqib edilən bir heyvan kimi hər dəqiqə dönüb, geri baxa-baxa meşəyə getdi, sonra yay malikanəsinə qayıtdı, lakin burada da, gah oturaraq, gah gəzinərək, diqqətlə ətrafda nələr olduğunu izləyirdi. (Görəsən, o adam kimdir? Orada, göldəki o qayıq kimindir? O qayıq hara yönəlir? Bəlkə elə buraya gəlir? Görəsən, o qayıqdakı kimdir? Birdən polis nəfəri… yaxud xəfiyyə agenti olar… Belə olduqda əlbəttə… macal tapıb qaçmaq lazımdır).

Nəhayət, üç saat gəlib keçdi və Klayd Bertina, Qrent, Xarley ilə bərabər Krenstonların motorlu qayığında “Kazino” yanındakı körpüyə doğru yola düşdü. Orada, bu səyahətin digər iştirakçıları xidmətçilərlə bərabər, onlara qoşuldular. Otuz mil şimalda, Balıqçılar körfəzində, şərq tərəfdəki sahildə Qarrietlərin, Beqotların və başqalarının avtomobilləri onları qarşıladı və buradan onlar bütün əmək ehtiyatları və kiçik qayıqları ilə bərabər, qırx mil şərqdəki, Biq Bitern gölü kimi xüsusi axar-baxarlı xəlvət yerlər olan Ayı gölü sahillərinə gəlib çıxdılar.

Əgər başının üzərini almış o bəla olmasa idi, bu səyahət Klayda nə qədər böyük sevinc və fərəh verə bilərdi! Sondranın gözləri aramsız olaraq öz məhəbbətini izhar etdiyi zaman onun yanında olmaq nə qədər böyük bir nəşə idi! Lakin Robertanın meyidi tapılmışdır! Kliford Qoldeni – Karl Qrexemi axtarırlar. Onun bütün zahiri əlamətləri telefon və qəzetlər vasitəsilə hər yerə xəbər verilmişdir. Qayıqlarda və avtomobillərdə səyahətə çıxmış bu gənclər yəqin ki, həmin əlamətlər haqqında verilən məlumatı oxumuşlar. Lakin bu gənclər hamısı onunla yaxın tanışdır, onun Sondra ilə və Qrifitslərlə olan münasibəti hamıya məlumdur, buna görə heç kəs ondan şübhələnmir və heç kəs o əlamətlər haqqında düşünmür. Lakin onlar bu barədə düşünsələr! Əgər onlar bir şey duysalar! Dəhşət! O qaçmalı olacaqdı! O ifşa olunacaqdı! Polis onu yaxalayacaqdı! Bu gənclərin hamısı, – bəlkə yalnız Sondradan başqa – hamısı ondan üz çevirəcəkdir. Yox, Sondra da ondan üz döndərəcəkdir. Əlbəttə, Sondra da ondan üz çevirəcəkdir… Özü də baxışlarında bir dəhşət ifadəsi ilə ondan üz çevirib gedəcəkdir…

Elə həmin axşam, gün batan zaman bütün dəstə otu hamar biçilmiş meydança kimi düz və hamar olan bir çəmənlikdə, Ayı gölünün qərb sahilində məskən saldı; beş müxtəlif rəngli çadır Hind kəndi kimi tonqalı əhatə etdi; aşpazların və xidmətçilərin çadırları bir az kənarda qurulmuşdu, altıya qədər qayıq sudan çıxarılmış ala-bəzək balıqlar kimi, yaşıl otlu sahilə çəkilib atılmışdı. Gənclər tonqalın yanında axşam yeməyi yedilər. Axşam yeməyindən sonra, Beqot, Qarriet, Stüart və Qrent o birilər rəqs edərkən, dəbdə olan mahnıları oxumağa başladılar, sonra isə böyük neft lampasının gur işığında kart oyununa girişdilər. O biri gənclər isə, məzəli lager və tələbə mahnıları oxumağa başladılar, Klayd bu mahnılardan heç birini bilmirdi, ancaq o da oxuyanlara qoşulmağa çalışırdı. Hər tərəfdən qəhqəhə səsləri eşidilirdi. Bəziləri mərc gəlirdi: birinci balığı kim tutacaq, birinci dələni, yaxud kəkliyi kim vuracaq, kim qayıq yarışında qalib çıxacaq? Nəhayət, öz planlarını təntənə ilə müzakirə etməyə başladılar: sabah, səhər yeməyindən sonra lageri ən azı on milədək şərq tərəfə köçürmək lazım idi, – orada çox gözəl çimmək yeri var, beş mil o yandakı Metiss mehmanxanasında isə, onlar nahar edib, sonra tabdan düşərkən yıxılana qədər rəqs edə bilərdilər.

Daha sonra, – artıq hamının yatmış olduğu güman edildiyi dəqiqələrdə, lagerin gözəl gecə mənzərəsi və ətrafa hakim olan bu sükut! Hələ ulduzlar! Əsrarəngiz, qaranlıq sular azacıq tərpənib titrəyir, əsrarəngiz, tutqungörkəmli şam ağacları xəfif külək altında pıçıldaşır, gecə quşlarının və bayquşların çığırtısı eşidilir… Hər şey Klaydın ürəyini təlaşla doldurur və o, dərin bir qüssə içərisində gecənin bu səslərinə diqqətlə qulaq asır. Əgər qəbirdən çıxmış bir kabus kimi onu təqib edən bu dəhşət olmasaydı, – nəinki Robertaya qarşı işlədiyi cinayətin dəhşəti, eyni zamanda onu qatil hesab edən qanunun zəhmli qüdrəti, onu bu qədər sıxmasaydı… Hər şey nə qədər gözəl, nə qədər füsunkar ola bilərdi!.. Sonra artıq hamı öz yatağına uzandıqda və yaxud qaranlıq içində yox olduqda, Sondra ulduzların işıqları altında onunla pıçıldaşmaq və onunla öpüşmək üçün gizlincə öz çadırından çıxıb gəldi. Klayd isə pıçıltı ilə qızı oxşamağa başladı, özünü hədsiz dərəcədə xoşbəxt hiss etdiyini söylədi və Sondradan gördüyü məhəbbət və etimada görə ona ürəkdən minnətdar olduğunu bildirərkən az qaldı qızdan soruşsun: əgər o bir zaman, Klaydın heç də indi ona göründüyü kimi yaxşı bir adam olmadığını öyrənib bilsə, buna baxmayaraq, yenə də az da olsa onu sevəcəkdirmi… ona nifrət etməyəcəkdir ki… Lakin o, özünü saxladı. Sondra onun indiki əhvali-ruhiyyəsini, (axı, dünən axşam o, açıqdan-açığa vahimə içində titrəyirdi!), onun ürəyini gəmirən o dəhşətli və fəlakətli sirri duya bilərdi.

Sonra isə o, Berqot Qarriet və Qrent ilə bərabər bir çadırda, öz yerində uzanaraq, saatlarla, narahat bir halda çöldən gələn hər bir səsə qulaq verdi: görəsən, yavaş-yavaş yaxınlaşan addım səsləri eşidilmir ki, bu addım səsləri isə o demək idi ki… o demək idi ki… ilahi, bu addım səsləri hətta burada belə, onun üçün bir fəlakətə səbəb ola bilməzdimi? – Məhkəmə! Həbs! İfşa və ölüm! Bu gecə o, iki dəfə, dəhşətli, vahiməli yuxudan ayıldı və ona elə gəldi ki, (bu daha dəhşətli idi) o, yuxuda qışqırmışdır.

Sonra yenə səhərin işığı ətrafa yayılır, günəşin sarı kürəsi göl üzərində yüksəlir, qarşı sahildə, körfəzdə, vəhşi ördəklər suda çimirlər. Bir az sonra Qrent, Stüart və Xarley tələsik geyinib, ov tüfənglərini götürürlər və köhnə, usta ovçular kimi qayıqlara minib, uzaqdan bir cüt ördək ovlamaq ümidilə, gölə çıxırlar, lakin bir az sonra əliboş qayıdır və sahildəkilər tərəfindən səs-küy və qəhqəhə ilə qarşılanırlar. Həm gənclər, həm də qızlar əlvan plyaj kostyumları üzərinə atdıqları ipək xalatlarda sahilə yüyürüb, şən bir halda, səs-küy salaraq, çığırışaraq özlərini suya atırlar. Saat doqquzda, səhər yeməyindən sonra bir dəstə ala-bəzək qayıq, gitaraların mandolinaların və bancoların səsləri altında şərqə tərəf üzməyə başlayır… Hər tərəfdən mahnı, zarafat və gülüş səsləri eşidilir.

– Mənim balaca Klaydıma yenə nə olmuşdur? Nə üçün üzü yenə belə tutulmuşdur? Məgər burada, Sondranın və bu yaxşı uşaqların yanında onun könlü açılmırmı?

Klayd dərhal fikir və xəyaldan ayıldı: o özünü şən və qayğısız göstərməlidir.

Günortaya yaxın Xarley Beqot, Qrent və Qarriet qarşıda, lap yaxında, onların gedib çıxmaq istədikləri gözəl bir sahil, yəni Ramxsorn burnu göründüyünü xəbər verirlər, bu burnun təpəsindən bütün göl göz işlədikcə görünür, aşağıda, sahildə isə, çadır qurmaq üçün ekspedisiyanın bütün başqa avadanlığını yerləşdirmək üçün bol yer vardır. Beləliklə, bu isti və fərəhli bazar günü adi proqramla, müxtəlif əyləncələr içərisində keçdi: yeyib-içdilər, göldə çimdilər, rəqs etdilər, ətrafı gəzib dolaşdılar, kart oynadılar, musiqi çaldılar. Klayd ilə Sondra – Sondra əlində mandolina – başqa qızlar və oğlanlar kimi, kol-kos basmış qayaya doğru yönələrək, lagerdən şərqə tərəf uzaqlaşıb, gözdən itirlər. İndi onlar şam ağaclarının kölgəsində uzanmışlar, – Sondra Klaydın ağuşuna sıxılaraq, gələcəyə aid planlar qurur, eyni zamanda, qız ona xəbər verir ki, missis Fincli demişdir ki, Klaydın bu dəfəki gəlişindən sonra, onun qızı artıq, məsələn, belə bir səyahətin imkan verdiyi dərəcədə Klaydla yaxın tanışlığını davam etdirməyəcəkdir. Sondranın anasının dediyinə görə Qrifitslərin qohumu olan bu Klayd çox kasıb, çox əhəmiyyətsiz bir adamdır. Anasının öyüd-nəsihətinin əsl mənası belə idi, – lakin Sondra bütün bunları Klayda nağıl edərkən, anasının kəskin ibarələrini bir qədər yumşaltdı və elə buradaca əlavə etdi: – Bu çox gülüncdür, əzizim! Lakin siz bütün bunları ürəyinizə salmayın. Mən hələlik anamı əsəbiləşdirməmək üçün yalnız gülürdüm və ona etiraz etmirdim. Ancaq buna baxmayaraq, yenə də ondan soruşdum ki, mən nə cür sizinlə burada yaxud başqa yerlərdə görüşməkdən çəkinə bilərəm, – axı, indi siz hamının sevimlisi olmuşsunuz və indi hamı sizi öz evinə dəvət edir. Mənim əziz Klaydım, – gör nə qədər gözəl və göyçək oğlandır! Hamı bu fikirdədir, hətta oğlanlar belə bu cür düşünürlər.

Həmin bu saatda, Şeyron şəhərindəki Gümüşü mehmanxananın verandasında prokuror Meyson, onun köməkçisi Berton Berley, müstəntiq Xeyt və Erl Nyukom, həmçinin, zəhmli bir adam olan polis rəisi Slek (bu, şişman və qaşqabaqlı bir adam idi, amma buna baxmayaraq, cəmiyyətdə adətən həmişə çox şən olurdu) üç nəfər köməkçisi ilə bərabər – yəni Kraut, Sissel və Suenklə bərabər, – canini tez tutmaq üçün ən yaxşı və düzgün bir yol seçməyə çalışaraq, məsləhətləşirdilər.

– O, Ayı gölünə getmişdir. Axtarıldığı xəbəri onun qulağına çatana qədər, biz onun başının üstünü almalı və dərhal onu həbs etməliyik.

Bundan sonra bütün dəstə yola düşdü. Berley və Erl Nyukom Şeyron şəhərini dolaşaraq, Klaydın buraya gəlməsi və onun cümə günü Krenstonların yay malikanəsinə getməsi haqqında müxtəlif əlavə məlumat yığmağa çalışırdılar. Onlar Klaydın hərəkəti, səfəri barəsində baş verə bilən və bununla məsələni azacıq da olsa aydınlaşdıran adamların hamısı ilə söhbət edir və bu adamlara sonra məhkəməyə gəlmələri üçün çağırış vərəqəsi verirdilər. Müstəntiq Xeyt aldığı tapşırıq üzrə “Qu Quşu” paroxodunun kapitanı Munini və meşədə rast gəlmiş Klayda rast gəlmiş üç adamı dindirmək üçün üçüncü mil Buxtasına yola düşdü, Meyson, polis rəisi və onun köməkçiləri isə, kirayə tutduqları sürətli bir katerlə az əvvəl səyahətə çıxmış gənclər dəstəsinin arxasınca hərəkət etdilər: onlar əvvəlcə Balıqçı körfəzinə gələcək, Klaydın izinə düşüb-düşmədiklərini müəyyən etdikdən sonra Ayı gölünə yola düşəcəkdilər.

Bazar ertəsi səhər, gənclər Ramsxorn burnu yanındakı düşərgədən yığışıb, Şelter-Biçu tərəfə (on dörd mil şərqə doğru) hərəkət edərkən, Meyson polis rəisi Slek və onun üç nəfər köməkçisi ilə bərabər, gənclərin bir gün əvvəl çadır qurduqları və indi oradan köçüb getdikləri yerə gəlib çıxdı. Burada, polis rəisi ilə Meyson məsləhətləşdilər və öz dəstələrini üç yerə böldülər: yerli sakinlərdən qayıq alaraq, Meyson və polis rəisinin birinci köməkçisi Kraut cənub sahili boyunca hərəkət etməyə başladılar. Slek ilə onun ikinci köməkçisi Sissel, – şimal sahili boyu yola düşdülər, canini tutub, onun qollarını bağlamaq arzusu ilə çırpınan gənc köməkçi Suenk isə, qayığını gölün ortası ilə düz şərqə tərəf sürərək, özünü tək başına ova çıxmış bir ovçu, yaxud balıqçı kimi göstərməyə çalışır və diqqətlə ətrafına baxınaraq, sahildə tonqal tüstüsü, yaxud çadır və ya istirahət edən avara adamlar olub-olmadığını yoxlayırdı. O artıq öz xəyalında canini yaxalayır və “Klayd Qrifits, qanun naminə siz həbs edilirsiniz!” deyə ona müraciət edirdi, lakin çox təəssüf ki, Meyson və Slek onu qabaqcıl kəşfiyyatçı təyin etmişdilər. Buna görə Sueni, şübhəli bir şey görən kimi şikarı ürküdüb, əldən qaçırmamaq üçün, dərhal geri dönməli və caninin onu eşitməyəcəyi bir yerə çəkilərək, səkkiz patronlu tapançasından bircə dəfə atəş açmalı idi. Bu zaman ən yaxında olan dəstələrdən biri, bir atəşlə ona cavab verməli və mümkün qədər sürətlə ona yaxınlaşmalı idi. Buna görə o, canini tək başına tutmağa heç bir halda cəhd etməməli idi. Sueni yalnız Klayda oxşayan şübhəli bir şəxsin piyada, yaxud qayıqla qaçıb gizlənmək istədiyini görsəydi, onu təkbaşına tutmağa çalışmalı idi.

350,35 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
580 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают

Новинка
Черновик
4,9
127