Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Mustafa Kamal Atatürk», страница 3

Шрифт:

Atatürkün sağlığında – 24 noyabr 1934-cü ildə Soyad Qanununun qəbulundan sonra hazırlanan şəxsiyyət vəsiqəsində do-ğum ili olaraq miladi təqvimlə 1881-ci il qeyd edilib. Rumi 1296-cı ilinin, sadəcə, 20 dekabr ilə 28 fevral tarixləri arasındakı günləri miladi 1881-ci ilin 1 yanvar ilə 12 mart tarixləri arasına uyğun gəldiyinə görə80, Mustafa Kamal bu tarixlər arasında dünyaya gəlmiş olmalıdır. Şübhəsiz, doğum tarixinin təyinində ən etibarlı məlumatlar rəsmi sənədlərə görə təyin edilən yuxarıdakı tarixlər aralığında verilən gün və ay ilə bağlı şərhlərdir. Atatürkün anası Zübeydə xanım 1922-ci ildə Ənvər Behnan Şapolyoya bu məsələ ilə bağlı söyləyib: “O zamankı Hamidiyyə kağızlarına gün və ay yox, yalnız il yazılardı. Oğlum Mustafanı Ərbəin soyuqları davam edərkən dünyaya gətirmişdim. Bu doğum yadımda qaldığına görə, 23 dekabr 1296-cı ilə düşüb”81.

“      Ərbəin soyuqları” qışın 22 dekabrdan 21 yanvara qədər davam edən ən soyuq günləridir. Bu sözü 40 gün əsən şiddətli küləkləri ad-landırmaq üçün istifadə edirlər82. Belə olduqda Zübeydə xanımın verdiyi tarix – 23 dekabr 1296-cı ilhəm danışdığı zamanla, həm də rəsmi sənədlərdəki tarixlərə uyur. Bu tarix miladi təqvimlə 4 yanvar 1881-ci il, çərşənbə axşamıdır83.

O zaman Mustafa Kamal Atatürkün doğum tarixini 4 yanvar 1881-ci il çərşənbə axşamı günü kimi qəbul etmək mümkündür. İn-gilis səfirliyinin onu təbrik etmək üçün verdiyi suala: “Nə üçün bu, bir 19 may günü olmasın ki?” – deməsi bu tarixin tamamən “məcazi” məna ifadə etməsilə bağlıdır. Əgər bu tarix gün və ay olaraq qəbul edilsə, gərək Mustafa Kamal Atatürkün doğum ili dəyişsin. Çünki 19 may 1881-ci il tarixi rumi 7 may 1297-ci il tarixinə uyğun gəlir84.

Yuxarıda Mustafa Kamalın bacıları ilə bağlı verilən məlumatlar, demək olar ki, təsdiqlənmir. 1839-cu il təvəllüdlü Əli Rza Əfəndi, 1857-ci il təvəllüdlü Zübeydə xanımla 1870 və ya 1871-ci ildə evləndikdən sonra altı uşaqları olub. Uşaqlarının adı, doğum və ölüm tarixləri belədir: Fatma (1871/1872-1875), Əhməd (1874-1883), Ömər (1875-1883), Mustafa (Kamal Atatürk) (1881-1938), Məqbulə (Boysan, Atadan) (1885-1956) və Naciyə (1889-1901). Mustafanın qar-daş-bacılarından Fatma dörd, Əhməd doqquz, Ömər səkkiz yaşla-rında o illərdə Rumelini yandırıb-yaxan yoluxucu xəstəliklər ucbatından – difteriyadan ölmüşdülər. Ən kiçikləri Naciyə isə on iki yaşında vəfat etmişdi.

Atatürk Selanik Hərbi Rüşdiyyəsindən etibarən, həyatı boyunca dostluqları davam edən Fuat Bulcaya bir gün belə deyib: “Qardaş-bacılarımın arasında ən sevdiyim Naciyəydi. Uşaqlıqdan həddən artıq həssas, duyğulu, öyrənməyə həvəsliydi. Mən Hərbiyyəyə gedərkən kitablarımı istəmişdi. Anamdan onu oxutmasını xahiş etmişdim. Nə böyük bacım Fatmanı, nə də böyük qardaşlarım Əhməd və Öməri xatırlayıram. Son ikisi eyni ildə – 1883-cü ildə, mən iki yaşımda olarkən ölmüşdülər. Naciyə anam kimi sarışın, mavi gözlü, ağbənizdi. Tipik yörük qızı… Məqbuləyə heç bənzəməzdi”85.

Göründüyü kimi, Mustafa Kamal Əli Rza Əfəndi ilə Zübeydə xanımın Fatma, Ömər və Əhməd adlı üç uşaqdan sonra dünyaya gə-lən dordüncü övladlarıdır. Gələcəkdə türk millətinin taleyini dəyiş-dirəcək olan Mustafaya bu adın niyə, necə verildiyini bacısı Məqbulə xanım xatirələrində belə qeyd edir: “Böyük qardaşıma ad qoymaq üçün bütün tanışlar və qohum-əqraba bizə yığışmışdılar. Bir çox ad məsləhət gördülər. Lakin atam heç birini bəyənməyərək qardaşımın adını Mustafa qoydu… Bunun səbəbi vardı. Atam balacaykən qardaşı Mustafanı yelləncəkdə yellədəndə yıxılıb ölməsinə səbəb olmuşdu. Xatirəsini yaşatmaq üçün qardaşıma Mustafa adını qoydu. Bununla da uşağın qulağına “Mustafa” sözünü pıçıldadılar. Qardaşım qundaqdaykən çox sakitmiş. Elə də ağlamazmış…”86

Göründüyü kimi, kiçik Mustafa öz adını tamamən türk ənənə-lərinə uyğun şəkildə alıb, onun üçün milli və mənəvi motivlərlə zəngin mərasim keçiriblər.

Kamal adınısa ona sanki şəxsiyyətini ifadə edən ad kimi müəllimi verib. Selanik Hərbi Rüşdiyyəsində tələbə olduğu illərdə zəkası, xüsusilə də riyaziyyat dərsində göstərdiyi qabiliyyət müəlliminin diqqətini çəkmişdi. Adı Mustafa olan riyaziyyat müəl-limi: “Oğlum, sənin də adın Mustafadır, mənim də. Amma belə alınmır. Arada fərq olmalıdır. Bundan sonra adın Mustafa Kamal olsun”, – demişdi87.

Bu şəkildə onun özündən də, digər şagirdlərdən də fərqli və üs-tün vəziyyətini qeyd etmiş, bundan başqa, ona daha yaxşıya, daha gözəl olan şeylərə doğru can atmaq üçün davamlı olaraq sürətli bir təşviq səbəbi vermişdi. Yəhya Akyüzə görə: “Bu çox əhəmiyyətli ta-rixi hadisəni Mustafa Kamalı davamlı olaraq daha böyük uğurlar, xeyirxah işlər dalınca getməyə vadar edən amil kimi dəyərlən-dirmək lazımdır”88.

Məlum olduğu kimi, 1934-cü ildə çıxarılan 2525 saylı Qanunla hər türkün soyad daşıması məcburi hal almışdı. Soyadı Qanunu Böyük Millət Məclisində qəbul edildikdən, rəsmi qəzetdə yayımlandıqdan sonra prezident Qazi Mustafa Kamalın da soyadı alması gündəmə gəlmiş və uzun müzakirələrdən sonra89 ona “Atatürk” soyadı uyğun görülmüşdü.

Atatürk soyadı təhlil edildiyində bu adın təməllərinin türk tari-xinə söykəndiyini görmək mümkündür. Bu soyada mənbə olan “Atabəy” adı Səlcuqlu dövrü türk dövlətlərində geniş şəkildə isti-fadə olunub, “Atabəylik” də türk dövlət adətlərində, həyatında yer alan əhəmiyyətli türk qurumudur. Türk milli mədəniyyətinin dərin izlərini daşıyan bu soyaddakı “türk” adı da onu milli lider, türk millətinin ən önəmli “ortaq məxrəc”i halına gətirən bu anlayış və qəbulun ifadəsidir.

II BÖLÜM

MUSTAFA KAMALIN TƏHSİL HƏYATI

I. İlk təhsil

A. Məhəllə məktəbi

Mustafa Kamal 1887-ci ilin iyununda ibtidai təhsilə başlayıb90. Osmanlı təhsil sistemində müsəlman uşaqlarının əksəriyyəti ilk təhsillərini məhəllə məktəblərində alırdılar91.

Məktəbə başlaması məsələsində Zübeydə xanımla Mustafanın atası Əli Rza Əfəndi arasında mübahisə düşüb. Atadan fərqli olaraq daha mühafizakar xarakterə malik Zübeydə xanım Mustafa Kamalın dualar, ilahilər öyrətməklə klassik təhsil verən məhəllə məktəbinə getməsini istəyib. Daha yenilikçi xarakterə sahib, oğlunu məktəb həyatı müddətində daim: “Adam olmaq üçün oxumaq, öyrənmək lazımdır. Başqa çarəsi yoxdur”, – deyərək oxumağa həvəsləndirən Əli Rza Əfəndi isə onu təzə açılan, yeni metodlarla təhsil verən Şəmsi Əfəndi Məktəbinə getməsini istəyib.

Mustafa Kamal gənclik illərinə aid xatırlaya bildiyi, “ilk ha-disə” adlandırdığı bu məsələ haqqında 1922-ci ildə belə deyir: “Uşaqlığımla bağlı ilk xatırladığım şey məktəbə necə getdiyimdir. Bu məsələdə anamla atam arasında qızğın mübahisə oldu. Anam məktəbə ilahilərlə başlamamı, məhəllə məktəbinə getməyimi istə-yirdi. Vergi İdarəsində məmur olan atam isə o zamanlar yeni açılan Şəmsi Əfəndinin məktəbinə getməyimə, yeni üsulla oxumağıma tərəfdardı. Nəhayət, atam işi mahiranə şəkildə həll etdi. Əvvəlcə adət olunmuş formada məhəllə məktəbində oxumağa başladım. Bu-nunla da anamın könlüncə addım atmış olduq. Bir neçə gün sonrasa məhəllə məktəbindən çıxıb Şəmsi Əfəndinin məktəbinə yazıldım”92.

Mustafa Kamalın yuxarıda izah etdiyi və “ilahilərlə keçirilən adət edilmiş mərasim” adlandırdığı mərasim “Bed-i Əlifba”dır93. O zaman bütün uşaqlar bu mərasim keçirildikdən sonra məhəllə mək-təbinə gedirdilər94. Yeni paltarlar geyinmiş, içində əski əlifba, hətta “Qurani-Kərim” olan naxışlı çantanı boynuna taxmış uşaq öz evində gözləyər, daha sonra müəllimin – xocanın rəhbərliyi altında iki-iki düzülmüş uşaqlar cərgəylə yeni şagirdin evinin önünə gələr, burada təzə yoldaşları dərhal sıranın önünə keçirilərdi. Uşağın anası və bü-tün məhəllə qadınları gözyaşları içərisində evin pəncərəsindən dəs-tənin uzaqlaşmasını izlər, uşaqların yaxşı təhsil ala bilməsi üçün dua edərdilər. Sonra dəstə ilahi oxuya-oxuya küçələrdən keçər, xalq onları duayla yola salar, beləcə, məktəbə gedib çatardılar. Burada uşaqlar öz yerlərini tutar, yeni şagird sarıqlı müəllimin rahləsi95 önündə diz çökər, qarşısındakı əlifba kitabından müəllimin barmağıyla göstərdiyi hərfləri təkrarlamaq şərtilə hecalar oxuyar, mərasim bu şəkildə sona yetərdi”96.

Lord Kinrossun əsərində yer alan məlumatlara görə, Mustafa Kamal illər sonra məktəbə başlama mərasimi haqqında belə deyib: “Məhəllə məktəbinə getdiyim gün səhər anam mənə ağ əntari geyindirmiş, başıma qızılı işləməli sarıq sarıyaraq bəzəmişdi. Əlimdə qızıl suyuna çəkilmiş budaq da vardı. Sonra xoca əfəndi yanındakı uşaqlarla birlikdə evimizin yaşıllıqlarla bəzənmiş qapısına doğru gəldi. Dua bitər-bitməz hörmət əlaməti olaraq anam-la xocanın əllərini öpdüm. Arxadan gələn yeni yoldaşlarımın alqış-ları altında şəhərin küçələrindən keçərək məscidin yanındakı mək-təbə getdik. Ora çatdığımız zaman yenidən dualar oxundu. Sonra xoca əlimdən tutaraq məni boş bir otağa apardı. Orada “Quran”ın müqəddəs kəlamlarını mənə izah etməyə başladı”97.

Məqbulə xanımın verdiyi məlumatlara görə də, “atası Mustafa-nın əlindən tutaraq məktəbə aparıb”98.

Təəssüf ki, Mustafa Kamalın ilk təhsilinə başladığı, Qoca Qasım Paşa mə-həlləsində yerləşən, adından da (“Fatma Molla Qadın məktəbi”) qa-dın məktəbi olduğu bilinən99 bu məhəllə məktəbində keçən həyatıyla bağlı ətraflı məlumat yoxdur. Lakin ibtidai təhsil dövründə Şəmsi Əfəndi Məktəbində baş verdiyi söylənilən “üsyan” hələ kiçikkən psixologiyasını müəyyən etmək, göstərmək üçün diqqətçəkən faktdır. Əhməd Behnan Şapolyonun mənbə qeyd etmədən haqqında yazdığı bu hadisə Mustafa ilə “sevmədiyi yeganə müəllimi – onlara hüsnxətt dərsi verən Çopur Hafiz Əmin Əfəndi” arasında baş vermişdi: “… Hafiz Əmin Əfəndi bütün uşaqları yerdə oturdaraq dizlərinin üstündə yazı yazdırırdı. Mustafa (Kamal) buna heç cürə dözə bilmirdi. Bir gün qəfil ayağa qalxdı. Müəllimi Çopur Əmin Əfəndi ondan: “Nə üçün oturmursan?” – soruşdu. “Dizlərim ağrıyır”. Müəllim: “Sənə otur deyirəm”, – deyəndə kiçik Mustafanın üzü qıpqırmızı oldu. “Oturmayacağam”, – deyə, bağırdı. Müəlliminin: “Mənə üsyan edirsən?” – sualına “Bəli, üsyan edi-rəm”, – cavabı verdikdə bütün uşaqlar bir ağızdan:“Biz də üsyan edirik”, – qışqırmağa başladılar. Müəllim isə bu hərəkət qarşısında qəbahətini anlayaraq məsələni sülhlə həll etdi”100.

Bu hadisə, çox ehtimal ki, məhəllə məktəbində baş verib. Çünki Şəmsi Əfəndi təzə açdığı və yeni metodla təhsil verdiyi məktəbində şagirdləri “şam ağacı qoxusu verən gözəl-gözəl taxta-lardan düzəltdirdiyi və bunları müəllimin keçə biləcəyi şəkildə iki cərgə ilə düzdürdüyü” skamyalarda oturdaraq dərs keçirdi. Müəlli-min stolu, qara lövhə, təbaşir və silginin olduğu101, o zamana görə son dərəcədə inkişaf etmiş şəkildə və çox yeni olan bu məktəbdə yu-xarıda haqqında danışılan hadisənin baş verməsi mümkün deyildi. Belə ki Lord Kinross da bu üsyan hadisəsinin “Mustafa Kamalın Şəmsi Əfəndi Məktəbinə getməzdən əvvəl qısa bir müddət oxuduğu Məhəllə məktəbində baş verdiyini və bundan sonra da atası Əli Rza Əfəndinin oradan uşağını alaraq Şəmsi Əfəndi Məktəbinə keçirdi-yini”102 yazır. Məqbulə Atadanın xatirələrində böyük qardaşının “Məhəllə məktəbində bir ay yarım oxuduğundan, razı qalmadığından atasının təşəbbüsüylə oradan çıxarıldığından”103 danışması həm hadisənin Məhəllə məktəbində baş verməsi ehtimalını gücləndirir, həm də kiçik Mustafanın bu məktəbdən çıxarılaraq Şəmsi Əfəndi Məktəbinə verilməsinin səbəbini izah etmiş olur.

Şəmsi Əfəndi məktəbi

Atatürkün təhsil həyatının, şəxsiyyətinin və düşüncələrinin for-malaşmasında təsiri olan, üzərində dayanılacaq ən əhəmiyyətli qu-rum Şəmsi Əfəndi məktəbidir. Mustafa Kamalın ilk müəllimi Şəmsi Əfəndi (1852-1917)104 müsəlman türklərə də özəl məktəb açmaq im-kanı verən 1869-cu il tarixli “Maarif nizamnaməsi”nin verdiyi imtiazdan yararlanaraq ibtidai məktəb açmaq üçün cəhd edib. 1872-ci ildə Selanik şəhərinin Səbri Paşa küçəsindəki Çərşənbə Dərgahı adlı təkkənin qarşısında, birmərtəbəli kiçik binada məktəb açıb. Mövcud araşdırmalara görə, Şəmsi Əfəndi məktəbi105 İslam Tədris Cəmiyyəti tərəfindən 1865-ci ildə İstanbulda açılmış məktəbdən son-ra bir türkün açdığı ilk özəl məktəbdir.

Məhəllə məktəbləri ilə sıbyan106 məktəblərinin öz tədris və təh-sil fəaliyyətlərini qədim ənənə və üsullara görə davam etdirdikləri bir zamanda Şəmsi Əfəndinin açdığı məktəb həm dərs vasitələri, həm istifadə edilən pedaqoji metodlar baxımından daha çox inkişaf etmişdi, üstün mövqedə dayanırdı. Müqayisə edildikdə görünürdü ki, Şəmsi Əfəndinin şagirdləri rüşdiyyənin son sinif şagirdlərindən daha yaxşı qəzet oxuya bilir, daha yaxşı yazır, hesablamağı bacarır və coğrafiya xəritələrindən daha gözəl baş çıxarırlar. Məhz bu səbəbdən də Atatürkün atası Əli Rza Əfəndidə daxil olmaqla bəzi valideynlər uşaqlarını məhəllə və ya sıbyan məktəblərindən çıxarıb Şəmsi Əfəndinin məktəbinə yazdırırdılar.

Şəmsi Əfəndinin məktəbi 1890-cı ildə, yəni Mustafa Kamal üçüncü sinifdəykən Fevziyə məktəbiylə birləşdirildi və dördü “ilk”, dördü də “orta”sinif olmaqla səkkizillik rüşdiyyə halını aldı. Şəmsi Əfəndinin də müəllimlik etdiyi məktəbdə Mustafa müəyyən müd-dət təhsil aldı. Atası Əli Rza Əfəndi 28 noyabr 1893-cü il tarixdə vəfat etdiyi zaman Mustafa altıncı sinfi, yəni məktəbin orta qisminin iki sinfini bitirmişdi107.

Əli Rza Əfəndinin ölümündən sonra anası Zübeydə xanım on-ları qardaşının Lankazadakı ciftliyinə apardığı üçün Mustafanın məktəb həyatına qısamüddətlik fasilə verildi. Onu Lankaza ətrafında Rum Kilsə məktəbinə göndərmək istəsələr də, Mustafa Kamal buna razılıq vermədi. Ciftlik ətrafında yaşayan Arnavutlu yazıçı Kamil Əfəndi və qonşuları Xədicə xanımın verdiyi dərslərdən də razı qalmayan anası təhsilini davam etdirməsi üçün Mustafa Kamalı Selanikdəki bibisinin yanına göndərdi.

C. Mülkiyyə rüşdiyyəsi

Dörd ay yarım-beş ay davam edən ciftlik həyatından sonra Selanikə gələn Mustafa Kamal Mülkiyyə Rüşdiyyəsində108 oxumağa başladı. Burada haqsızlığa baş əymədiyi, intizamsızlığa səbəb olduğu üçün “Qaymaq Hafiz” deyə, tanınan riyaziyyat müəllimi Hüseyn Əfəndinin onu döyməsindən sonra bu vəziyyəti qüruruna sığışdıra bilməyən nənəsi Ayişə xanım onu məktəbdən çıxardı109.

Uşaqlığı və Hərbi rüşdiyyəyə qədər olan təhsil müddətində (1881–1894), şübhəsiz, Mustafaya təsir edən insanların başında ata-anası dururdu. Mustafa Kamalın 12 yaşında atasını itirməsi psixoloji cəhətdən böyüməsinə, gələcəyilə bağlı sərbəst qərarlar verməsinə təsir edib. Əslində, bu vəziyyət elm adamları tərəfindən də qəbul edilməkdədir: “Yetim qalmış uşaqlarda formalaşan “güclənmə instinkti” əksər hallarda onları öz məqsədlərinə çatmalarına yardım edir”, – deyən isveçrəli elm adamı, psixoanalitik dr. Pyer Retçnik yazır: “Bu sahədə ən gözəl nümunə uşaqkən atasını itirən Mustafa Kamal Atatürkdür. Özünü ölkənin faydasına həsr edən Atatürkün bu sahədə şəxsiyyət olmasının ən böyük faktorlarından biri hələ kiçik yaşlarındaykən atasının ölməsiydi”110.

Mustafa Kamalın sonradan uşaqlara çox böyük sevgi hiss et-məsinin, diqqət göstərməsinin özülündə də kiçik yaşda atasız qal-ması durur. O, həyatı boyunca uşaqlarla yaxından maraqlanacaq, xüsusilə də yetim, yoxsul uşaqlara açılan sevgi dolu qucaq ola-caqdı. Kimisini mükafatlandıracaq, kimisini mənəvi övlad kimi öz qanadları altına alacaqdı. Türk uşaqlarının təhsil almaları ilə maraq-lanacaq, getdiyi hər yerdə məktəbləri ziyarət edəcəkdi111.

Mustafa Kamalın şəxsiyyətinin formalaşmasında rol oynayan dövrlərdən biri də dayısının ciftliyində keçirdiyi təxminən beş aylıq müddətdir. Ciftlikdə baş verən bəzi hadisələri pedaqoq gözüylə dəyərləndirən İsmayıl Haqqı Baltaçıoğlu Atatürkdəki yaradıcılığın, ağac, heyvan sevgisinin uşaqkən yaşadığı bu yaradıcı mühitin “əsəri” olduğu qənaətindədir: “Yaradıcılığın meydana çıxmasında ən böyük faktor uşaqlıq dövründə əmək fəaliyyəti ilə məşğul olmaqdır. Əgər uşaq hələ kiçik yaşda yaradıcı mühitdə yaşayar, özünə görə oyun, sınaq, yaradıcılıq sahələri tapa bilərsə, o zaman yaradıclıq xüsusiyyəti doğulur, vaxt keçdikcə də inkişaf edir. Sonda da sosial məhsuldarlıqla nəticələnir. Məncə, bu yaradıcılıq genetika şəkli olmayıb, insandakı enerjinin sosial mənfəət şəklində formalaşmasıdır… Elə Atatürkün uşaqlıq həyatında da belə quruculuq, yaradıcılıq mərhələsi olduğunu öyrənirik… Mustafanın uşaqlıq, yeniyetməlik dövründə əllərlə görülən işlərə nə qədər maraq göstərdiyi məlumdur… Bu işlər hər zaman faydalı, sosial anlamda xeyir verən işlərdir. Beyin işləri, könül işləridir. Dülgərlik, çiçəkçilik, heyvandarlıq hər zaman belədir. Sosial xarakterin forma-laşmasına yarayan işlər məhz bu cür işlərdir”112.

Bu ərəfədə Atatürkün şəxsiyyətinin formalaşmasında onu ye-tişdirən müəllimlər də əhəmiyyətli yer tuturlar. Mustafa Kamalın həyatının hər mərhələsində öz işində müvəffəqiyyətli, peşəsinin tə-ləb etdiyi xüsusiyyətləri daşıyan, xarakter sahibi müəllimləri olub. Onlar Atatürkə fərqli şəkillərdə təsir edib, yararlı istiqamətlər veriblər. Şübhəsiz, ona mənfi təsir edən müəllimləri də olub. Bunların arasında ənənəvi təhsil verilən məhəllə məktəbi buradakı hüsnxətt müəllimi Çopur Hafiz Əmin Əfəndi ilə Mülkiyyə Rüşdiyyəsində riyaziyyat müəllimi, müdür köməkçisi “Qaymaq Hafiz” adlandırılan Hüseyn Əfəndinin adlarını çəkmək mümkündür. Bu cür misallar Atatürkə etdiyi inqilablar zamanı “pis nümunə” kimi təsir edib, onu köhnəlmiş təhsil müəssisələrinin aradan qaldırılması istiqamətində yönləndirib. İllər sonra Mustafa Kamal Hərbi Akademiya məzunu kimi Selanikdə yaşadığı ərəfədə oxuduğu Şəmsi Əfəndi ibtidai məktəbiylə məhəllə məktəbini ziyarət edib, Hafiz Mehmet Əfəndinin məhəllə məktəbinin qapısında böyük qıfıl asıldığını görəndə: “Bağlanması lap yerinə düşüb”, – deyərək münasibətini bildirib113.

Yenə Hərbi Məktəbdə şagirdkən Qaymaq Hafiz Hüseyn Əfən-di ilə bağlı: “Onu çoxdan bağışlamışam. Mülkiyyə Rüşdiyyəsindən ayrılmamda onun qaba, insafsız hərəkəti başlıca rol oynayıb”114, –söyləyib.

Bu dövrdə Mustafa Kamala yaxşı tərəfdən təsir edən, dövlət, siyasət adamı kimi formalaşmasında çox böyük rolu olan müəllimlərin başında, şübhəsiz, Şəmsi Əfəndi gəlir. Şəmsi Əfəndinin şagirdlərinin bir pillə yuxarı təhsil verən rüşdiyyədəki şagirdlərdən də savadlı olmasını yeni pedaqoji üsul , tətbiqlərlə təmin edə bilib.

Atatürkün dində fanatikliyə qarşı münasibətində, yenilikçi fi-kirlərində, nizam-intizamla bağlı xarakterinin formalaşmasında Şəmsi Əfəndinin təhsil və tətbiqlərinin böyük rolu olub115. Məsələn, Atatürkün əlifba inqilabı ərəfəsində tətbiq etdiyi üsullar, verdiyi ismarıclar Şəmsi Əfəndinin ibtidai məktəbdə onlara əlifba öyrədər-kən istifadə etdiyi “hecalama və oxuma” üsulundakı yenilikləri xa-tırlatmaqdadır116.

II. Hərbi orta təhsil dövrü

A. Selanik Hərbi Rüşdiyyəsi

Uşaqlığından etibarən hərb sənətinə böyük maraq duyan Mustafa Kamal hərbçi olmaq istəyirdi. Xatirələrində dediyinə görə, Hərbi Rüşdiyyəyə hərbi formada gedən qonşularından Qədri bəyin oğlu Əhməd, küçələrdə gördüyü hərbi geyimli əsgərlər hərb sənətinə həvəsini artırırdı. Nəhayət, Mustafa Kamal hərbçi olmasını istəməyən anasına xəbər vermədən Selanik Hərbi Rüşdiyyəsinin imtahanlarında iştirak edib, onları uğurla verdi117. Faiq Rəşid Unat: “Mustafanın imtahanda göstərdiyi uğura görə dörd illik məktəbin üçüncü sinfinə götürüldüyünü, bu tarixin də 1894-cü ilin iyul-avqust ayları ola biləcəyini”118, – söyləyir. Aşağıda da görüləcəyi kimi, Rüşdiyyə dördüncü sinif qiymətlərini göstərən dəftərin 1895-ci il tarixli olması da Faiq Rəşid Unatın fikirlərini təsdiqləyir. Belə olduqda Ömər Sami Coşarın: “… əvvəlcədən dörd il təhsil verən Hərbi Rüşdiyyələrin həmin il birinci siniflərinin ləğv edilərək üç ilə endirilməsi səbəbindən Mustafa 1894-cü ilin aprelində Selanik Hərbi Rüşdiyyəsinin ikinci sinfində təhsilinə başladı”119, – düşüncələrinin yanlış olduğu ortaya çıxır.

Bu dövrdə mülki orta məktəblərə çox da rəğbət edilməz, hərbi məktəblər isə türk dilinə daha çox diqqət göstərilməsi və xarici dil təhsilinə iki il erkən başlaması səbəbindən daha çox bəyənilərdi. Adi məktəblərdə “Quran”ın üsuluna uyğun oxunmasına, ərəb dilindəki dərslərə daha çox yer verilərdi. Hərbi rüşdiyyələrdə şagirdlər, heç olmasa, istedadları və səviyyələrinə görə yüksələ bilirdilər. Bütün bunlarla yanaşı sözügedən məktəbləri bitirənlər orduya girəndə Osmanlı İmperatorluğunun ucqarlarında insanların güzəranını görüb öyrənmək fürsətləri də olurdu. Bu, mülkü məktəbdə oxuyanların elə də asanlıqla əldə edə bilmədikləri imkan idi120.

Qara Hərbi məktəbinin arxivindəki 13 saylı “Nömrə dəftəri”nə görə, Atatürkün Selanik Hərbi Rüşdiyyəsinin dördüncü sinfində oxuduğu dərsləri, qiymətləri və buradakı dərs uğurları bu şəkildə-dir: bu sinifdə “tam xalı” doqquzunda 45, ikisində isə 20 olan, ümumilikdə on bir dərs var. Dərslərin ümumi xalı 445-dir. “Nömrə dəftəri”ndə “Əhməd Subaşı məhəlləsi” adı ilə qeyd olunan “Mus-tafa Kamal Əfəndi” on bir dərsin onundan tam xal, birindən də tam xaldan iki xal əskik, cəmi 443 xal alıb və ümumi sırada dördüncü olub. Oxuduğu dərslər, aldığı qiymətlər bu şəkildədir: Məntiq (45), Hesab (45), Üsuli-dəftəri (45), Həndəsə (45), Coğ-rafiya (45), İslam tarixi (43), Osmaniyyə qrammatikası (45), Fransız dili (45), Türk imlası (45), Fransız xətti (20), Rəsm (20)121.

Eyni sinfin müvəffəqiyyətinə görə sıralamada Əhməd Tevfik (Tarakçı) 444 qiyməti ilə birinci, Süleyman Adil (Şəhabəddin) 444 ümumi xalla ikinci, Məhmət Şənizi (Əhməd Subaşı) 444 toplam qiy-mətlə üçüncüdür. İlk onluğa girən digər şagirdlər, onların ümumi qiymətləri belədir: 4. Mustafa Kamal (Əhməd Subaşı) – (443); 5. Os-man Nuri (Sinancıq) – (443); 6. Mehmet Tevfik (Abdullah Kadı) – (438); 7. İsmail Haqqı (İki Şərəfə) – (431); 8.Rafət Əfəndi (Hamidiyyə) – (426); 9. Mehmet Mukbil (İki lülə) – (404); 10. Əli Əfəndi (Əhməd Subaşı) – (402)122.

Bu arxiv məlumatları Mustafa Kamalın 1895-ci ilin sonu və ya 1896-cı ilin yanvarında, on beş yaşında, Hərbi Rüşdiyyənin son sinfini dördüncü olaraq bitirdiyini göstərir.

Mustafa Kamalın təhsilə başladığı Selanik Hərbi Rüşdiyyəsi Nithat Paşa küçəsində, yeni, olduqca gözəl binaya sahib nizam-intizamlı məktəb idi. Dərsləri ixtisas əsasında oxudan, əksəriyyətini hərbçilərin təşkil etdiyi təhsil və təlim kadrlarına malikdi. Ye-niyetməlik çağlarında iki yüzə yaxın uniformalı zabitliyə namizəd nizam-intizam içərisində orta təhsillə birlikdə ilk hərbi təhsillərini də burada alırdılar. Mistafa Kamal qısa müddətdə müəllimlərin, komandirlərin diqqətini çəkən şagird kimi özünü ətrafındakı insanlara sevdirə bilmişdi. Xatirələrində deyildiyinə görə, Rüşdiyyədə oxuyarkən riyaziyyata xüsusi maraq göstəribvə bu dərsdə sinfin “müzakirəçiləri”123 arasına girə bilib. Çox sevdiyi bu dərsin müəllimi Üsküplü Yüzbaşı Mustafa Səbri bəy istedad, yaradıcılıq və yetkinliyini görərək ona “Kamal” adını verib. Beləcə, Mustafanın özündən, yoldaşlarından fərqli, üstün vəziyyətini görüb, onun daha yaxşıya, daha gözəl şeylərə can atması üçün davamlı həvəs göstərməsinə səbəb olub. Yəhya Akyüzün ifadəsi ilə desək: “Bu çox əhəmiyyətli tarixi hadisəni Mustafa Kamal Atatürkü davamlı olaraq daha böyük uğur və gözəl xüsusiyyətlər ardınca getməyə vadar edən hərəkət kimi dəyərləndirmək lazımdır”124. Bundan başqa, Mustafa Kamal Atatürkün bir lider kimi ağıllı, “hesab-kitab bilən adam” olmasında, həqiqətən, rol oynayan amil kimi riyaziyyat sevgisi qəbul edilərsə, yüzbaşı Mustafa bəyin ona istiqamətverici təsiri daha böyük əhəmiyyət qazanmış olar.

Selanik Hərbi Rüşdiyyəsində Mustafa Kamala xüsusi diqqət göstərən müəllimlərindən biri də fransız dili müəllimi yüzbaşı Na-kiyüddin Bəydir. Atatürk 22 sentyabr 1924-cü ildə Samsunda müəl-limlərin təşkil etdiyi bir çay mərasimində Nakiyüddin bəylə qarşılaşıb və haqqında belə deyib: “… Bununla bərabər xatırlamaq l-zımdır ki, əsl və fədakar müəllimlər, pedaqoqlar az deyildilər. On-ların bizə verdiyi savad, əlbəttə, nəticəsiz qalmayıb. İndi burada bir ali insanla rastlaşdım. Rüşdiyyədə birinci sinifdə oxuyarkən müəllimim olub. Mənə ilkin bilikləri öyrədərkən gələcək üçün ilk fikirləri də o verib. Demək istəyirəm ki, ilk ilham ata-ana qucağından sonra məktəbdəki pedaqoqun dilindən, vicdanından, tərbiyəsindən alınır…”125 .

Selanik Hərbi Rüşdiyyəsində 1908-ci ilə qədər iyirmi il fransız dilindən dərs deyən Nakiyüddin bəy gənc Mustafa Kamala bir tə-rəfdən gələcəklə bağlı nəsihət verib, o biri tərəfdən də: “Sən bu fran-sızcanı əldən vermə”, – deyib. Sonradan Mustafa Kamalın Şamda qurduğu “Vətən və hürriyyət” cəmiyyətinin Selanik şöbəsinin yaranmasında, 31 mart hadisəsinin yatırılmasında şagirdi Mustafa Kamalla birlikdə çalışan Nakiyüddin bəy Cümhuriyyət dövründə Atatürkün istəyilə millət vəkilliyinə namizəd göstərilib və üç çağırışda vəkil seçilib”126.

Həyatının sonuna qədər yanından ayrılmayacaq Nuri (Conker), Salih (Bozok) və Fuad (Bulca)127 ilə yoldaşlıqlarının da formalaşdığı Selanik Hərbi Rüşdiyyəsində gənc Mustafa Kamal, sadəcə, məktəb dərslərilə də kifayətlənməyib. Dünyagörüşünü genişləndirmək, mədəni səviyyəsini yüksəltmək üçün həmin zamanın şərtləri daxilində ətrafında dərc olunan nəşrləri izlədiyi, yarışmalara qa-tıldığı görünür. O ərəfələrdə Selanikdə qabaqcıl fikirli bir neçə müəllim və yazar “Uşaqlara rəhbər” adlı həftəlik jurnal dərc edir-dilər. Təmiz türk dili uğrunda mübarizənin öndə gedənlərindən olan bu dərginin əksər sayında fənn və riyaziyyat mövzularında aparılan yarışmalarda qalib gələnlər arasında Hərbi Rüşdiyyənin son sinif şagirdlərindən Mustafa Kamalın da adı var. Bu onun geniş mədəniyyətini, oxuma, öyrənmə sevgisini, hələ uşaq deyilə biləcək yaşlarda dahi olduğunu göstərir. Sonradan türk dilini öz mənliyi ilə qovuşdurmaq üçün apardığı işlərin ilhamını ilk dəfə məhz bu dərgilərdəki yazılardan almış olduğunu düşünmək mümkündür”128.

B.Monastır Hərbi Liseyi və Frerlər məktəbi

Osmanlı təhsil sistemi129 içərisində idadilər ali məktəblərə tələbə hazırlayan orta dərəcəli təhsil qurumları kimi, həm mülki, həm də hərbi təhsilin əhəmiyyətli müəssisələri olub. İlk vaxtlarda “hazırlayan məktəb” və ya “hazırlıq sinfi” anlamında qəbul ediliblər. Rüşdiyyələr açılanda bunlara tələbə yetişdirən “sıbyan məktəbləri” üçün də istifadə edilən “idadi” anlayışı qısa müddət sonra geniş ya-yılıb və rəsmi olaraq “orta məktəb” mənasına gəlib130.

Fəaliyyətə başlayanda dörd illik olan, sonradan üç ilə endirilən idadilər 1904-cü ildə iki sinfin hərbi rüşdiyyələrə əlavə edilməsindən sonra öz fəaliyyətlərini bir illik olaraq davam etdirməyə başlayıblar. Bir ildə keçilən dərslərsə bunlardı: Din əqidəsi, Əxlaq elmi, makina, rəsm-həndəsə, kozmoqrafiya131, kitabət132, fransız dili, hikmət, kimya, rəsm, gimnastika. Bu sinifə on səkkiz yaşında, tələb olunan xüsusiyyətləri olan müsəlman və qeyri-müsəlmanlar qəbul edilirdilər.

Lakin hələ İkinci Məşrutiyyənin əvvəllərində Bahriyə Nəzarəti, Bahriyə Hərbiyəsinə tələbə hazırlayan dörd illik Bahriyə İdadisini mərhələli şəkildə ləğv etmişdi. Daha avropasayağı tərzdə mülki idadi məzunlarından yarışma imtahanları ilə tələbə qəbul ediləcək-di. Qara idadiləri isə öz fəaliyyətlərini bütün II Məşrutiyyə dövrü (1908-1914) boyunca davam etdirdilər.

1914-cü ilin əvvəllərində hərbi idadilərin səviyyəsi yüksəldilə-rək dərs proqramları yenidən hazırlandı. Buna görə də üç illik hərbi idadini bitirən hər kəs Hərbiyyəyə girməzdən əvvəl zabit namizədi olaraq altı ay xidmət edəcəkdi. Sonra bunlar Kuleli İdadisində top-lanaraq təkrar təhsil və tədrisə başlayacaqdılar. Burada da uğur qa-zananlar hərbi məktəblərə girə biləcəkdilər133.

Bu dövrdə Atatürkün yetişdiyi idadini saxlayan Monastır Ma-kedoniyanın ən əhəmiyyətli mərkəzlərindən biri, Osmanlı Dövləti dövründə də Selanik, Kosova ilə birlikdə Makedoniyanın üç əhə-miyyətli vilayətindən birinin mərkəzi idi134.

Mustafa Kamal lisey təhsili üçün Monastıra gəldiyi illərdə (1896–1898) burada uşaqlığını keçirdiyi Selanikdən fərqli mühitlə qarşılaşıb. Pelister (Perister) dağının ətəklərində qurulan şəhərin əhali sayı həmin dövrdə 31 minə çatırdı. Bunun üçdə ikisi türk və arnavut müsəlmanlarıydı. Geridə qalan hissəsisə serb, bolqar, ulah135, rum və musəvilərdi. Sonuncular Selanikdə olduğu kimi, burada da sayca xeyli çoxdular. Monastırın qeyri-müsəlman əhalisinin əksəriyyəti slavdı136.

Bunları “serb” və “bolqar” deyə bir-birindən ayırmaq da çox çə-tin idi. Danışdıqları dildə serb, bolqar, türk, rum, ulah kəlmələri bir-ləşmiş halda istifadə edilirdi.

Mustafa Kamal Hərbi Rüşdiyyəni bitirdikdən sonra lisey təhsi-linə İstanbulda Kuleli Hərbi Liseyində davam etmək istəyib. Bu qərarın qəbulunda anasının ikinci evliliyinin, yəni evdə ögey ata olmasının rolu böyükdür. Beləcə, o, ana evindən və Rumelindən uzaqlaşacaqdı. Lakin vətənsevər zabit olan Həsən bəy onu bu qərarından daşındırdı. Həsən bəy dəfələrlə rüşdiyyəyə gələn, imtahanlarda Mustafa Kamalı tanıyıb sevən komandirdi. Həmin günlərdə gənc tələbəsindən lisey təhsilini harada davam etdirəcəyini soruşmuş, niyyətinin İstanbula getmək olduğunu anlayınca ona belə tövsiyə vermişdi: “Bundan vaz keçin, oğlum. Monastıra gedin, orada daha yaxşı şəkildə yetişə bilərsiniz”137.

Mustafa Kamal Həsən bəyin tövsiyəsini dinləyəcəkdi.

1896-cı ilin mart ayının ortalarına qədər tətilini Selanikdə keçi-rən Mustafa Kamal tətil bitəndən sonra qatarla Monastıra yola düşüb. Onun Monastıra gəlişiylə bağlı məlumatlar bundan ibarətdir. Eyni zamanda, liseyə başladığı günün 13 mart tarixi olması da qüv-vətli ehtimaldır. Çünki Rumi 1 mart – miladi 13 mart tarixi “ma-liyyə ilinin” başladığı tarixdir. Hərbiyyədə olduğu kimi, hərbi məktəblər o dövrdə tədrislərinə bu tarixdə başlayar, dekabr ayının sonlarında isə tədrisi yekunlaşdırardılar. Liseydə yatılı, daha üstün dərəcəli məktəbin həyat və təhsil şərtlərinə qısa müddətdə adap-tasiya olan Mustafa Kamal üçün artıq ömrünün sonuna qədər da-vam edəcək “ailə yuvasından kənardakı həyat” başlayır.

Əsgərlik məsələsinin çətinliyindən qaynaqlanan bu vəziyyət onun “azad yaşama” xarakterinə uyğun gəlirdi.

Mustafa Kamalın Monastırdakı sinif yoldaşları, sadəcə, Selanik Rüşdiyyəsindən olan gənclər deyildi. Onların arasında Monastır böl-gəsinə tabe olan Üsküp, İşkodra, Yanya və Monastır Hərbi Rüşdiy-yələrindən gələn gənclər də vardı. Bu mühitdə müxtəlif xarakter, xa-siyyət və səviyyədə gənclərlə tanış olmaq, bir-birini başa düşmək, onlara özünü qəbul etdirmək məsələsində Mustafa Kamalın üstün xüsusiyyətlərinin böyük rol oynadığı şübhəsizdir.

Monastır İdadisində138 Mustafa Kamal riyaziyyatda yenə də çox müvəffəqiyyətli idi, fransız dilini öyrənmək isə bir az çətin alınırdı. Xatirələrində bu məsələ ilə bağlı özü belə deyib: “Hərbi Rüşdiyyəni bitirdiyim zaman marağım əməllicə çoxalmışdı. Monas-tır Hərbi İdadisində riyaziyyat çox asan başa gəlirdi. Yenə də bu-nunla məşğul olmağa davam edirdim. Lakin fransız dilindən geri qalırdım. Müəllim mənimlə çox məşğul olmur, sadəcə kobud xə-bərdarlıqlar edirdilər”139.

369,26 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
700 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают