Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Dekameron», страница 11

Шрифт:

Vallisdə, ingilis kralı marşalının yanında qalan Perotto da böyüdü, o da öz ağasının rəğbətini qazandı, adada hamıdan qəşəng, cəsarətli bir gənc oldu, belə ki, o ölkədə heç kəs ona yarış meydan-larında, cıdırda, hərbi işdə tay ola bilməzdi. Hamı ona pikardiyalı Perotto deyirdi. O, adlı-sanlı, məşhur bir adam oldu. Allah onun bacısını yaddan çıxartmadığı kimi, sübut etdi ki, onun özünü də unutmamışdır, çünki o ölkəyə taun azarı düşəndə camaatın təxminən yarısı qırıldı; sağ qalanların da çoxu qorxudan başqa vilayətlərə qaçıb dağıldı, ölkə boşaldı. Bu zaman Perottonun ağası marşal da, onun arvadı da, oğlu da, qardaşları da, əmisi, dayısı uşaqları da, bütün qohum-əqrəbası da öldü. Marşalın ərə getməli yetişmiş bir qızı, bir də Perottonun bir neçə xidmətçisi qaldı. Taun xəstəliyi bir qədər azalandan sonra qız, orada diri qalmış bir neçə adamın məslə-həti və razılığı ilə, Perottoya ərə getdi, çünki o, mərd və ləyaqətli bir adamdı. Qız onu varisi olduğu bütün var-dövlətə sahib elədi. Bunun üstündən bir az keçəndən sonra İngiltərə kralı marşalın öldüyünü eşidib, pikardiyalı Perottonun mərd, cəsarətli bir adam olduğunu bildiyindən, onu mərhumun yerinə qoyub, özünə marşal elədi. Bəli, Anvera qrafı öz uşaqlarını itirmiş kimi, başqalarına verdiyi halda, az vaxtda bu iki günahsız uşağın başına belə əhvalat gəldi.

Anvera qrafı canını qurtarmaq üçün Parisdən qaçdığı vaxtdan on səkkiz il keçmişdi. O, İrlandiyada yoxsulluq içində yaşarkən çox müsibətlər çəkmişdi. İndi qocaldığını hiss etdiyindən, mümkün olarsa, uşaqlarını görmək, onların başına nələr gəldiyini bilmək istədi. Buna görə, üzdən özünü tamamilə dəyişmiş görüb, həm də uzun zaman ağır həyat keçirdiyindən, bekarçılıqla keçən gəncliyinə nisbətən bədəninin xeyli möhkəmləndiyini hiss edib, çoxdan bəri yaşadığı adamın evindən çıxdı, yoxsul və dilənçi halında İngiltərəyə yola düşdü, – Perottonu burada marşala verib getmişdi. Gedib gördü ki, Peretto marşaldır, mötəbər ağadır, möhkəm bədənli, sağlam, gözəl bir kişidir, bu, onun çox xoşuna gəldi, ancaq Cyannettadan xəbər tutmayınca özünü ona tanıtmaq istəmədi. Bu məqsədlə də yenə yola düşüb, heç yerdə dayanmadan Londona gəldi. Burada Cyannet-tanı evində qoyub getdiyi xanımın və Cyannettanın barəsində çox ehtiyatla məlumat aldı, bildi ki, Cyannetta o xanımın oğluna ərə getmişdir. Bu da onun çox xoşuna gəldi, uşaqlarını sağ-salamat və yaxşı vəziyyətdə görərkən, çəkdiyi müsibətlər yadından çıxdı. Cyan-nettanı görmək arzusu ilə bir diləkçi kimi onun qonşuluğundakı evə gedib-gəlməyə başladı. Bir gün Cyannettanın əri Cyakketto Lamien onu orada gördü, bu qoca dilənçiyə yazığı gəldi, xidmətçilərindən birinə tapşırdı ki, onu evə aparıb, allah rizasına yedirib doydursunlar, xidmətçilər bunu məmnuniyyətlə etdilər, Cyannettanın Cyakkettodan bir neçə oğlu vardı, – böyüyü səkkiz yaşında idi, – hamısı da çox qəşəng, çox mehriban uşaqlardı. Onlar qrafın çörək yediyini görüb, o saat başına yığışdılar, ona mehribanlıq elədilər, sanki gizli bir qüvvə-nin təhriki ilə onun kim olduğunu hiss etmişdilər. Qraf da bilirdi ki, bu uşaqlar onun nəvələridir, onları sevə-sevə əzizləyirdi, uşaqlara baxan adam onları çağırsa da, uşaqlar qrafın yanından getmək istə-mirdilər. Cyanetta buu eşidib otaqdan çıxdı, qraf oturduğu yerə gəlib uşaqları bərk hədələdi, dedi ki, müəllimin sözünə baxmasanız, sizi döyəcəyəm. Uşaqlar ağladılar, dedilər ki, biz bu yaxşı adamın yanından getmək istəmirik, o bizi müəllimdən çox istəyir. Bunu eşidəndə uşaqların anası da, qraf da güldülər. Qraf bir ata kimi deyil, bir yoxsul kimi, Cyannettaya qızı kimi deyil, bir xanım kimi təşəkkür etmək üçün ayağa qalxdı, qızını görəndə vəsfə gəlməz bir sevinc duydu. Lakin Cyannetta nə onda, nə də sonralar qrafı tanımadı, çünki qraf əvvəlkinə görə çox dəyişmişdi: qocalmışdı, saçı ağarmışdı, üzünü saqqal basmışdı, arıqlamışdı, rəngi qaralmışdı, o, qrafa deyil, başqa bir adama oxşayırdı. Cyannetta gördü ki, uşaqları aparmaq istəyəndə onlar ağlayırlar, qrafdan ayrılmaq istəmirlər, müəllimə dedi ki, icazə verin, uşaqlar bir az burada qalsınlar. Bu qayda ilə uşaqlar o hörmətli adamın yanında ikən, elə oldu ki, Cyakkettonun atası gəldi, müəllim əhvalatı ona danışdı. Cyakkettonun atasının Cyannettadan zəhləsi gedirdi, o dedi ki: «Qoy qalsınlar, allah onları ağ günə çıxartmasın! Nəsillərinə çəkiblər, ana tərəfdən səfilə oxşa-yıblar, buna görə, onların səfillə durub-oturmaq istəməsi heç də təəccüblü deyil». Qraf bu sözü eşidəndə yaman pərt oldu, lakin o, çiyinlərini çəkib, bir çox həqarətə dözdüyü kimi, buna da dözdü. Cyakketto, uşaqların o hörmətli adamı, yəni qrafı sevinclə qarşıla-dığını eşidəndə, bundan xoşu gəlməsə də, uşaqları çox istədiyindən, onları gözü yaşlı görməmək üçün, belə bir əmr verdi: «Əgər o adam mənim yanımda qulluğa girib, burada qalmaq istəyirsə, onu bir işə düzəldin». Qraf bu təklifi məmnuniyyətlə qəbul etdi, ancaq dedi ki, mən ata baxmaqdan başqa ayrı bir şey bacarmıram, bütün ömrüm boyu buna öyrəşmişəm. Ona at verdilər. O hər gün ata baxandan sonra uşaqları əyləndirməklə məşğul olurdu.

Qəza-qədər, yuxarıda söylədiyimiz qayda ilə Anvera qrafının və onun uşaqlarının işinə belə əncam verdiyi halda, elə oldu ki, Fransa kralı almanlarla sülh müqaviləsi bağladıqdan sonra öldü, oğlu onun yerində hökmdar oldu. Qraf da onun arvadının ucbatından didərgin düşmüşdü. Almanlarla bağlanan son müqavilənin vaxtı qurtardıqdan sonra, yeni kral yenə də amansız bir müharibəyə başladı. İngiltərə kralı, təzə qohum kimi, onun köməyinə öz marşalı Perottonun, həm də başqa marşalın oğlu Cyakketto Lamienin başçılığı altında çoxlu qoşun göndərdi. O hörmətli adam da, yəni qraf da onlarla getdi. Heç kəs onu tanımadı, o, uzun zaman qoşunda mehtər kimi qulluq elədi. Bacarıqlı adam olduğundan, öz məsləhəti ilə, işi ilə ondan tələb olunandan artıq xeyir verirdi. Təsadüf elə gətirdi ki, müharibə vaxtı fransız kraliçası bərk xəstələndi; ölümünün yaxınlaşdığını hiss etdiyindən, günahlarını Ruan arxiyepiskopuna etiraf etdi, başqa günahları ilə bərabər, qraf barəsində böyük bir ədalətsiz iş tutduğunu da söylədi. O ancaq bunu söyləməklə kifayətlənmədi, mötəbər adamların yanında işin necə olduğunu danışdı, sonra xahiş etdi ki, onlar krala təsir göstərsinlər, – qraf sağ isə onu, sağ deyilsə, onun uşaqlarından birini gətirdib əvvəlki mövqeyinə qoysun. Kraliça bir qədərdən sonra öldü, onu hörmətlə dəfn etdilər. Kraliçanın etirafını krala söyləyəndə, kral ləyaqətli bir adama haqsız yerə belə pislik edildiyinə təəssüflənərək, bir neçə dəfə dərdli-dərdli ah çəkdi. Bütün qoşuna və başqa yerlərə məlumat verdi ki, kim Anvera qrafının ya onun uşaqlarının harada olduğunu öyrənib xəbər gətirsə, onların hər biri üçün böyük hədiyyələr veriləcəkdir, çünki kraliçanın etirafından aydın olmuşdur ki, onun heç bir təqsiri yoxdur. O nahaq yerə didər-gin düşmüşdür, kral ona əvvəlkindən də yüksək rütbə verəcəkdir. Qraf bu xəbəri eşidəndə hələ mehtər idi, o bunun doğru olduğunu bilirdi, elə o saat Cyakgettonun yanına gedib xahiş etdi ki, mənimlə bərabər Perottonun yanına gedək, mən kralın axtardığı adamı göstər-mək istəyirəm. Bir yerə yığışanda Perottoya dedi: «Perotto! Burada, bizim yanımızda olan Cyakketto sənin bacınla evlənmişdir, amma qızın cehizi olmamışdır. Bacının cehizsiz olmaması üçün mən istəyirəm ki, kralın həm səndən (bil ki, sən Anvera qrafının oğlusan), həm bacın Violantadan, həm də sizin atanız olan Anvera qrafından, yəni məndən ötrü vəd etdiyi böyük mükafatı sən alasan». Perotto bu sözü eşidəndə diqqətlə qrafa baxdı, onu dərhal tanıdı, ağlaya-ağlaya atasının ayaqlarına düşdü, qıçlarını qucaqlayıb dedi: «Ata, xoş gəlmisən!» Cyakketto qrafın sözlərini eşidəndə, sonra da Perottonun hərəkətini görəndə buna elə heyrət etdi, elə sevindi ki, heç bilmədi nə eləsin. Deyilən sözə inandı, həm də qraf mehtər olarkən ona nalayiq sözlər deməsindən xəcalət çəkərək, üzü üstə onun ayaqlarına yıxıldı, o təhqirlər üçün bağışlanmasını acizanə xahiş etdi, qraf da Cyakket-tonu ayağa qaldırıb, çox mehribanlıqla onu əfv etdi. Onlar başlarına gələn müsibətlərdən danışaraq, çox ağladılar. Sonra da belə ağ gün-lərə çıxmalarına çox sevindilər. Perotto ilə Cyakketto qrafın paltarını dəyişmək istədilər, lakin qraf buna qətiyyən razı olmadı, dedi ki, Cyakketto kralın vəd etdiyi mükafatı aldıqdan sonra məni elə bu mehtər paltarında krala təqdim edin, qoy o daha artıq xəcalət çəksin. Bəli, Cyakketto qabaqda, qrafla Perotto dalda, kralın hüzuruna gəldilər. Cyakketto krala dedi ki, vəd etdiyiniz kimi, mənə mükafat versəniz, qrafı da, oğlunu da sizə göstərərəm. Kral dərhal, onlar üçün vəd edilən mükafatın gətirilməsini əmr etdi, Cyakkettoya dedi ki, əgər doğrudan da qrafla uşaqlarını mənə göstərsən, hədiyyələr sənindir. Hədiyyələr də, Cyakkettonun fikrincə, çox qiymətli şeylərdi. Cyakketto mehtərlik edən qrafı və Perottonu qabağa gətirib dedi: «Mənim hökmdarım, ata ilə oğul budur; mənə ərə gələn qız isə burada yoxdur, siz az vaxtda, allahın köməyi ilə, onu da görəcək-siniz». Kral bunu eşidəndə qrafa baxdı. Qraf çox dəyişsə də, diqqətlə baxdıqdan sonra onu tanıdı, – qraf onun qarşısında diz çökmüşdü,–onu qucaqlayıb öpdü, Perottoya da mehribanlıq göstərərək əmr etdi ki, geyim, xidmətçi və əmlak məsələsində qraf yenə onun əsil-nəcabətinə layiq olan vəziyyətə qaldırılsın. Onun əmri dərhal yerinə yetirildi. Bundan başqa kral Cyakkettoya çox hörmət etdi, həm də onun keçmişini bilmək istədi. Cyakketto qrafla oğlu üçün vəd edilən hədiyyələri aldıqdan sonra, qraf dedi: «Mənim kralım olan hökm-darın böyük səxavətlə verdiyi hədiyyələri al, yadından çıxartma, atana de ki, sənin uşaqların, onun və mənim nəvələrim ana tərəfdən sərsərilər nəslindən deyil». Cyakketto hədiyyələri aldıqdan sonra arvadını və onun qayınanasını Parisə çağırtdırdı. Perottonun da arvadı ora gəldi, onlar, qrafla bərabər, böyük şənlik düzəltdilər. Kral da qrafın bütün əmlakını özünə qaytardı, rütbəsini də əvvəlkinə nisbətən xeyli yüksəltdi. Sonra onlar qrafın icazəsi ilə öz evlərinə qayıtdılar, qraf da ömrünün axırına kimi Parisdə şan-şöhrət içində yaşadı.

DOQQUZUNCU HEKAYƏ

Ambrocilo genuyalı Bernabonu aldadır. Ber-nabonun var-yoxu əlindən çıxır, o öz günahsız arvadını öldürmək istəyir. Qadın kişi paltarı geyib, sultanın yanında qulluğa girir, yalançını ifşa edir, Bernabonu İskəndəriyyəyə gətirdir; orada yalançı cəzalandırılır. Qadın yenə arvad paltarı geyir, varlanaraq əri ilə Genuyaya qayıdır.

Yeliza qəlbi riqqətə gətirən hekayəsini söyləyərək, öz borcunu yerinə yetirdikdən sonra, ucaboylu, gözəl, hamıdan mehriban və gülərüzlü kraliça Filomena bir az düşünüb dedi: «Dioneo ilə qoyulan şərti yerinə yetirmək lazımdır: bizdən başqa hamı öz hekayəsini söyləmişdir, indi əvvəl mən öz hekayəmi danışacağam, sonra da o, çünki bunu o, acizanə xahiş etmişdir». Kraliça bunu deyib sözə başladı: – Xalq arasında belə bir zərbi-məsəl vardır, deyirlər ki: yalançı, aldatdığı adamın ayağı altına düşür; bunu başqa bir yol ilə deyil, adamın başına gələn işlə daha yaxşı sübuta yetirmək olar. Buna görə, əziz xanımlar, öz vəzifəmi yerinə yetirməklə bərabər, mən istəyirəm ki, bu zərbi-məsəlin də doğru olduğunu sübut edəm. Onu eşitmək sizin üçün də pis olmaz, çünki siz də özünüzü yalan-çılardan qoruyarsınız.

Parisdə bir mehmanxanaya bir neçə böyük italyan taciri toplaş-mışdı. Onlardan hərəsi bir iş üçün gəlmişdi. Bir axşam onlar ləzzətli yeməkdən sonra söhbətə başladılar. Sözdən sözə keçərək, evlərində qoyub gəldikləri arvadlarından söhbət saldılar. Tacirlərdən birisi zarafatla dedi: «Bilmirəm indi mənim arvadım neyləyir, amma onu bilirəm ki, mənim əlimə qız düşəndə, o qız da xoşuma gələndə, arvadıma olan sevgimi kənara qoyub, bu qızla istədiyim kimi kef eləyirəm». O biri tacir də dedi: «Mən də belə eləyirəm; çünki təsəv-vür etsəm ki, arvadım sevgi məsələsində bir iş tutmaq fikrinə düşsə istədiyini eləyəcək, bunu təsəvvür etməsəm də, o, hər halda, istədi-yini eləyəcək. Buna görə orada arvad nə eləyirsə, biz də onu eləyək: eşşək divara necə təpik vursa, səsi də elə çıxar». O biri tacir də eyni nəticəyə gəldi. Sözün qısası, bu məsələdə onların fikri bir oldu: dedilər ki, evdə qoyub gəldiyimiz arvadlar, fürsət düşsə, bu fürsəti əldən verməyəcəklər. Ancaq Bernabo Lomellino adlı bir nəfər genu-yalı tacir bu fikirlə razılaşmadı, dedi ki, mənim arvadım qadınlara lazım olan hər cür gözəl əxlaqa malikdir, hətta cəngavərdən ya saray baş mehtərindən də mərddir, belə mərd arvad bəlkə bütün İtaliyada tapıl-maz; o həmdə gözəldir, çox cavandır, diribaşdır, güçlüdür, qadına aid olan bütün işləri, məsələn, ipək tikmələri və bu kimi şeyləri hamıdan yaxşı bacarır. Tacir onu da dedi ki, elə baş mehtər ya da məsələn, qulluqçu tapılmaz ki, nahar vaxtı ağaya onun kimi yaxşı və cəld qul-luq eləsin, çünki o çox gözəl tərbiyə almışdır, mərifətli və ağıllıdır. Sonra da onun yaxşı at minməsini, qolu üstündə alıcı quş tutmasını, oxuyub-yazmasını, tacirdən də yaxşı hesab bilməsini dedi. O öz arvadını başqa bir çox şeylərdə də tərifləyərək, o biri tacirlərin söylədiyi məsələ üstünə gəldi, and içib dedi ki, dünyada onun kimi namuslu, ismətli qadın olmaz, buna görə də mən lap arxayınam ki, on il də evdən kənarda qalsam, o, heç vaxt belə şeylər üçün başqa kişilərə müraciət etməz.

Orada tacirlərlə bərabər söhbət edən piaçensalı Ambrociolo adlı cavan bir tacir vardı. O, Bernabonun öz arvadı haqqında söylədiyi son tərifi eşidəndə, qəhqəhə ilə güldü, onu ələ salaraq soruşdu ki, başqa kişilərdən üstün olmaq üçün bu imtiyazı sənə bəlkə imperator vermişdir? Bernabo bir az acıqlanaraq dedi ki, bu inayəti mənə impe-rator deyil, imperatordan qüdrətli olan allah bəxş etmişdir. Onda Ambrociolo dedi: «Bernabo, sən söylədiyinin doğru olduğuna əminsən, mən buna zərrə qədər şübhə etmirəm; ancaq mənə elə gəlir ki, sən məsələnin mahiyyətinə az diqqət yetirmisən, əgər yaxşı diqqət yetirmiş olsaydın, – sən o qədər də fəhmsiz deyilsən ki, bir çox şeyi görməmiş olasan, – bu da səni bu məsələ haqqında ehtiyatla danışmağa vadar edərdi. Biz öz arvadlarımız haqqında çox sərbəst danışdıq, sən bundan elə nəticə çıxartma ki, bizim arvadlarımız sənin arvadından fərqlənir, ya da onlar başqa cür yaranmışlar. Biz bunu təbii düşüncənin təhriki ilə söylədik, indi mən səninlə bu məsələ haqqında bir az söhbət etmək istəyirəm. Mən həmişə eşitmişəm ki, allahın yaratmış olduğu məxluqat içərisində ən nəcib heyvan kişidir, sonra da qadındır. Lakin kişilər, ümumiyyətlə, güman edildiyi kimi, həm də tutduqları işlərindən görünür ki, daha mükəmməldirlər, belə mükəmməl olduqları üçün də, heç şübhəsiz, daha mətanətli olmalıdırlar, əslində, elə mətanətlidirlər də; qadınlar isə ümumiyyətlə cıvrıqdırlar. Onlar niyə belədirlər: bunu bir çox təbii səbəblərlə izah etmək olardı, ancaq mən indi bu barədə susmaq fikrindəyəm. Bu qayda ilə kişi böyük mətanətə malik olduğu halda, qadın məsələsində özünü saxlaya bilmirsə, ondan xahiş edən qadına güzəştə gedirsə, xoşuna gələn qadına qarşı şəhvət hissi duyursa, şəhvət hissi duyduğu qadınla yaxınlıq etmək üçün əlindən gələni etməyə hazırsa, bu da onun başına ayda bir dəfə deyil, gündə min dəfə gəlirsə, elə ümid edirsən ki, öz təbiəti etibarı ilə cıvrıq olan qadın onu sevən ağıllı bir adamın xahişlərinə, yalvarışlarına, hədiyyələrinə və min cür başqa tədbir-lərinə qarşı dura bilər? Sən elə güman edirsən ki, qadınlar özlərini saxlaya bilər? Sən öz-özünü bu barədə inandırsan da, mən inanmıram ki, sən buna inanırsan: deyirsən ki, mənim də arvadım qadındır, o da başqa arvadlar kimi eyni ətdən-qandan yaradılmışdır; əgər belə isə onun da, başqa arvadlar kimi, eyni arzusu, eyni təbii ehtirası olmalıdır. Buna görə o çox namuslu arvad olsa da, yəqin ki, başqa arvadların etdiyini edəcəkdir, bunun əksini sənin kimi ciddi-cəhdlə sübuta yetirməklə, bunu inkar etmək olmaz». Bernabo ona belə cavab verdi: «Mən tacirəm, filosof deyiləm, sənə bir tacir kimi də cavab verəcəyəm. Mən bilirəm ki, sənin dediyin şeyi abrını itirmiş ağılsız arvadlar edə bilər. Amma abrını gözləyən ağıllı arvadlar öz namuslarını elə qoruyurlar ki, hətta kişilərdən də mətanətli olurlar, başqa kişilər heç yadlarına düşmür. Mənim də arvadım belə arvad-lardandır». Ambrociolo dedi ki: «Doğrudan da arvadlar hər dəfə belə işlə məşğul olanda onların alnında buynuz çıxsaydı, buynuz da onların belə iş tutduğunu göstərsəydi, yəqin ki, belə işlə məşğul olan arvadlar az tapılardı. Amma heç bir arvadın alnında buynuz çıxmır, ağıllı arvadlarda bunun heç izi də görünmür. Namusa toxunan biabır-çılıq isə ancaq üstü açılanda biabırçılıq olur. Ona görə arvadlar da bu işi gizlin tuturlar, ancaq axmaq arvadlar aşkar edirlər. Sən bir şeyə əmin ol: ismətli ancaq o arvaddır ki, ya heç kəs ondan bu şeyi istə-məmişdir, ya da heç kəs onun xahişini eşitməmişdir. Mən bunun təbii və həqiqi səbəblər əsasında belə olduğunu bilsəm də, özüm bir çox arvadlarla dəfələrlə belə iş tutmasaydım, bu barədə belə qətiyyətlə danışmazdım. İndi gör sənə nə deyirəm: mən sənin o sədaqətli arvadınla bir yerdə olsaydım, söz verirəm ki, başqa arvadların başına gətirdiyimi az vaxtda sənin də arvadının başına gətirərdim». Bernabo acıqlı halda dedi: «Mübahisə sözlə çox uzana bilər, sən deyərsən, mən deyərəm, bunun bir nəticəsi də olmaz. Deyirsən ki, bütün arvadları ələ almaq olar, guya sən bunu yaxşı bacarırsan, onda mən arvadımın namuslu olmasını sələ sübut etmək üçün belə bir şərt qoyuram: sən onu ələ ala bilsən, mən başımın kəsilməsinə razı olaram, yox, bacarmasan, onda sən bunun əvəzində mənə min qızıl florin verərsən». Ambrociolo da mübahisədən acıqlanaraq dedi: «Bernabo, mən bu məsələdə udsam, heç bilmirəm sənin meyitinlə nə edəcəyəm. Sən mənim dediyim məsələni görmək istəyirsənsə, onda məndən tələb etdiyin min florinin qabağında beş min qızıl florin qoy, bu pul yəqin ki, sənə başından daha ucuz oturar. Sən bunun üçün vaxt təyin etməsən, mən boynuma götürürəm ki, Genuyaya gedib, buradan çıxan gündən üç ay sonra sənin arvadınla öz işimi görərəm. Bunu da sübut etmək üçün onun ən çox istədiyi şeylərdən sənə gətirərəm, həm də onun elə nişanələrini sənə deyərəm ki, özün etiraf edərsən ki, bu doğrudan da belədir. Ancaq bircə şərtim var: söz ver ki, bu vaxt ərzində Genuyaya gəlməyəcəksən, arvadına da bu barədə bir şey yazmayacaqsan». Bernabo dedi ki, məmnuniyyətlə razılaşır. O biri tacirlər bu işə mane olmağa çalışdılar, dedilər ki, nəticəsi pis olar, lakin Bernabo ilə Ambrociolo elə acıqlanmışdılar ki, tacirlərin sözünə baxmadılar, bu şərtlərə əməl edəcəklərinə söz verdilər.

Belə bir şərt qoyduqdan sonra Bernabo burada qaldı, Ambrociolo fürsət düşən kimi Genuyaya getdi. Orada bir neçə gün yaşadıqdan sonra o qadının əxlaqını, hansı küçədə yaşadığını çox ehtiyatla öyrəndi: o qadın haqqında Bernabonun söylədiklərindən də artıq sözlər eşitdi, buna görə girişdiyi iş ona ağılsız oyun kimi göründü. Bununla belə, Bernabonun arvadının yanına tez-tez gedən yoxsul bir qadınla tanış oldu; Ambrociolo onu başqa bir işə təhrik edə bilməsə də, bir məsələdə pul ilə ələ ala bildi. o, Ambrociolonu qutuda o hör-mətli qadının yataq otağına aparmalı idi. Ambrociolo bunun üçün öz səliqəsi ilə bir qutu qayırtdırdı. Ambrociolonun tökdüyü tədbirlə o yoxsul qadın Bernabonun arvadının yanına getdi, ondan xahiş etdi ki, mən öz işim üçün başqa yerə gedəcəyəm, bu qutu bir neçə günlüyə sənin otağında qalsın. Qadın razı oldu. Qutu qadının yataq otağında qaldı. Gecə, qadın yatandan sonra, Ambrociolo öz karastıları ilə qutunu açıb, yavaşca oradan çıxdı. Otaqda işıq yanırdı. Otağın quru-luşunu, divarlardakı naxışları və başqa yaxşı şeyləri gözdən keçirib, yadında saxladı. Sonra qadının yatağına yaxınlaşdı, qadın öz qızı ilə şirin-şirin yatırdı. Yavaşca onun üstünü açdı, gördü ki, o çılpaqdır; bu halında da geyimli olduğu qədər gözəldir. Ancaq onun bədənində elə bir əlamət tapmadı ki, gedib bunu Bernaboya söyləsin. Yalnız sol döşünün altında bir xal, xalın da ətrafında, qızıl kimi parıldayan bir neçə zərif tük gördü, sonra yavaşca onun üstünü örtdü. Qadını çılpaq görəndə onun yanında yatmaq həvəsinə düşsə də, buna cəsarət etmədi, çünki onun bu barədə çox ciddi olduğunu, heç kəsi özünə yaxın buraxmadığını bilirdi. Gecənin çox hissəsini sərbəstcə onun otağında keçirdi, sandığını açıb, onun pul kisəsini, üst paltarını, kəmərini, bir neçə üzüyünü götürüb öz qutusuna qoydu, sonra da qutuya girib, qapağını əvvəlki kimi bərkitdi.

Ambrociolo iki gecə belə elədi, qadın bundan duyuq düşmədi. Yoxsul qadın, verilən tapşırığa görə, üçüncü günü gəlib qutunu apardı. Ambrociolo qutudan çıxıb, o yoxsul qadını, verdiyi vədə əsasən, razı saldı, əldə etdiyi şeyləri götürüb, müəyyən edilmiş günə qədər özünü Parisə yetirdi. Söhbətdə və mərcdə iştirak edən tacirləri çağırdı, Bernabonun yanında dedi ki, mərci uddum, çünki lovğalan-dığım məsələni yerinə yetirdim. Bunun doğru olduğunu sübut etmək üçün, əvvəl otağın quruluşunu, divarındakı naxışları təsvir etdi, sonra da gətirdiyi şeyləri göstərdi, dedi ki, onları qadın mənə vermişdir. Bernabo etiraf etdi ki, otaq doğrudan da onun təsvir etdiyi kimidir, bu şeylər də arvadınındır. Onu da qeyd etdi ki, sən otağın quruluşunu xidmətçilərdən öyrənib, bu şeyləri əldə edə bilərsən, başqa bir şey göstərməsən, söylədiyin şeylər mərci udmaq üçün kifayət deyil. Ambrociolo dedi: «Əslinə qalanda, bunlar kifayətdir, sən ki başqa dəlillər də istəyirsən, qoy onda deyim: sənin arvadın madonna Cinevranın sol döşü altında iri bir xal, xalın da ətrafında, qızıl kimi parıldayan altı dənə zərif tük var».

Bernabo bunu eşidəndə elə bil ki, ürəyinə bıçaq soxdular; o, böyük kədər duydu. Bircə kəlmə söyləməsə də sifəti tamam dəyişdi, bununla da Ambrociolonun dediklərinin doğru olduğunu göstərdi. Bir az keçəndən sonra dedi: «Ağalar, Ambrociolonun söylədikləri doğrudur, buna görə də mərci udmuşdur, qoy o nə vaxt istəsə gəlsin, udduğu pulu alsın». Uduzduğu pulun hamısını ertəsi günü Ambro-cioloya verdi. O birisi gün Parisdən çıxıb Genuyaya yola düşdü, – onun qəlbi arvadına qarşı qəzəblə dolu idi. Genuyaya yaxınlaşarkən, şəhərə girmək istəmədi, şəhərdən iyirmi mil kənarda olan bir malikanəsində qaldı. Çox inandığı xidmətçisini iki at və bir məktubla Genuyaya göndərdi; arvadına yazdı ki, qayıtmışam, xidmətçi ilə mənim yanıma gəl. Amma xidmətçisinə gizlincə tapşırdı ki, sənə əlverişli görünən bir yerə gəlib çatanda, mərhəmət göstərmədən onu öldür, sonra mənim yanıma qayıt. Xidmətçi Genuyaya gəlib, məktubu xanıma verdi. Qadın onu böyük sevinclə qəbul etdi, ertəsi gün, ata minib, xidmətçi ilə bərabər yola düşdü. Onlar yolda müxtəlif məsələlər haqqında söhbət edə-edə gəlib dərin bir dərəyə çatdılar. Dərə yüksək qayalar və ağaclar arasında tənha bir yerdi. Bu yer xidmətçiyə, özünü təhlükəyə salmayaraq, ağasının əmrini yerinə yetirmək üçün əlverişli göründü, bıçağını çıxartdı, qadının əlindən tutub dedi: «Madonna, ruhunuzu allaha tapşırın, çünki siz burada öləcəksiniz». Qadın bıçağı görüb, bu sözləri eşidib qorxdu, dedi: «Allah eşqinə, mənə rəhmin gəlsin, sənə axı nə pislik eləmişəm ki, məni öldürmək istəyirsən, onu de, sonra öldür». Xidmətçi dedi: «Madonna, siz mənə heç bir pislik etməmisiniz, amma ərinizi təhqir etmisiniz, bunu da ancaq ondan bilirəm ki, o mənə tapşırmışdır heç bir mərhəmət göstərməyim, sizi yolda öldürüm; o deyib ki, əmri yerinə yetirməsən, səni boğazından asacağam. Siz bilirsiniz ki, mən ona çox minnətdaram, onun tapşırığına irad tuta bilərəmmi? Allah özü görür ki, mənim sizə yazığım gəlir, ancaq başqa cür eləyə bilmə-rəm». Qadın ağlaya-ağlaya dedi: «Sən allah, rəhm elə, başqasına qulluq göstərib, sənə pislik eləməyən adamın qatili olma. Hər şeydən xəbəri olan allah özü bilir ki, mən elə bir şey eləməmişəm ki, bunun üçün ərim məndən belə qisas alsın. Əl saxla, əgər istəsən, sən allah üçün də, ağan üçün də, mənim üçün də xeyirli bir iş görərsən: mənim paltarımı al, öz çuxanı, plaşını mənə ver, mənim paltarımı ağana apar, de ki, onu öldürdüm. Sənin mənə bəxş etdiyin canıma and içirəm, mən buradan elə yerə gedərəm ki, heç kəs bu ölkədə məndən səs-soraq tutmaz: nə sən, nə ərim, – heç kəs yerimi bilməz». Xidmət-çinin də onu öldürməyə ürəyi gəlmirdi, qadının sözü ona təsir etdi. Paltarını aldı, öz köhnə çuxasını, plaşını, yanında az-çox nə qədər pulu vardısa ona verdi, xahiş etdi ki, başqa bir yerə çıxıb getsin. Qadını dərədə qoydu, onun atını da götürüb ağasının yanına getdi, dedi ki, tapşırığınızı yerinə yetirdim, hələ meyitini də bir sürü canavara atdım.

Bernabo bir qədərdən sonra Genuyaya qayıtdı. Adamlar bu əhva-latı eşidəndə onu bərk danladılar. Xidmətçi gedəndən sonra qadın dərədə tək qaldı. O, böyük kədər içində idi. Hava qaralandan sonra, mümkün qədər sir-sifətini dəyişib, yaxındakı bir həyətə getdi. Burada bir qarı ona lazımi şeylər verdi; o da çuxanı bir az qısaldıb öz bədə-ninə görə düzəltdi, köynəyindən bir çaxçur tikdi, saçını kəsdi, dənizçi simasında dənizə sarı getdi. Xoşbəxtlikdən, burada Enkararh adlı bir senyora, Kataloniya zadəganına rast gəldi. O öz gəmisindən düşüb bulaq başında sərinlənməyə gedirdi, gəmi də bir az kənarda, Albada dayanmışdı. Qadın senyorla danışdı, onun yanında qulluğa girib, gəmisinə mindi, özünü də finaleli Sikurano adlandırdı. Bu hörmətli adam ona yaxşı paltar verdi, Sikurano paltarını dəyişdi. Gəmidə zadəgana elə yaxşı, elə məharətlə qulluq elədi ki, onun çox böyük hörmətini qazandı.

Bir qədərdən sonra təsadüfən elə oldu ki, bu kataloniyalı Enka-rarh, gəmisinə yük yığıb İsgəndəriyyəyə gəldi, sultana bir neçə tülək tərlan gətirdi. Sultan bir neçə dəfə onu nahara dəvət etdi. Sikurano da həmişə öz ağası ilə gələr, ona qulluq edərdi. Onun rəftarı sultanın çox xoşuna gəldi, kataloniyalıdan xahiş etdi ki, bu xidmətçini ona versin, kataloniyalı da könülsüz halda onun xahişini yerinə yetirdi. Sikurano az vaxtda öz xidməti ilə sultanın da hörmət və məhəbbətini qazandı. Bunun üstündən bir müddət keçdi. O zaman, ilin müəyyən vaxtında, sultanın hakimiyyəti altında olan Akrada yarmarka kimi bir bazar açılırdı, ora çoxlu xristian və müsəlman tacirləri gəlirdi. Sultan bu tacirləri, onların gətirdiyi malı mühafizə etmək üçün, adətən, öz məmurlarından başqa, əyanlarından da birini bir neçə adamla ora göndərərdi. Vaxtı çatanda sultan bu iş üçün ora Sikuranonu göndər-məyi qət etdi, göndərdi də. Sikurano indi onların dilini çox yaxşı bilirdi. Bu qayda ilə Sikurano tacirləri, onların malını qoruyan mühafizə dəstəsinin rəisi və başçısı kimi Akraya gəldi. O öz vəzi-fəsini yaxşı və çox diqqətlə yerinə yetirir, gəzə-gəzə hər şeyə göz qoyurdu. Burada Siciliyadan, Pizadan, Genuyadan, Venetsiyadan və başqa yerlərdən gəlmiş bir çox italyan tacirini gördü. Sikurano vətənini xatırlayaraq, onlara məmnuniyyətlə yaxşılıq edirdi. Bir gün də elə oldu ki, o, Venetsiya tacirlərinin dükanı qabağında dayananda, qiymətli şeylər arasında bir pul kisəsi və kəmər görüb təəccüb etdi: bu şeylər onun idi. Özünü o yerə qoymayaraq, nəzakətlə soruşdu ki, bu şeylər kimindir, bunları satırlarmı? Ambrociolo Pyançensadan Venetsiya gəmisində ora çoxlu mal gətirmişdi; o eşitdi ki, mühafizə dəstəsinin başçısı bu şeylərin sahibini soruşur, özünü qabağa verib gülə-gülə dedi: «Messere, bu şeylər mənimdir. Mən onları satmıram, ancaq sizin xoşunuza gəlirsə, məmnuniyyətlə sizə sataram». Siku-rano onun güldüyünü görüb, şübhələndi: bəlkə bu adam onu bəzi hərəkətlərindən tanımışdı? Lakin o, üzünün ifadəsini ciddiləşdirərək dedi: «Sən yəqin ona gülürsən ki, mən hərbi adam olduğum halda bu qadın şeyləri ilə maraqlanıram?!» Ambrociolo dedi: «Messere, mən ona gülmürəm, onları necə əldə elədiyimə gülürəm». Sikurano bunun cavabında dedi: «Yaxşı da, onda əgər nalayiq məsələ deyilsə, allah eşqinə, danış görək onları necə əldə etmisən». Ambrociolo: «Messere, – dedi, – bunları, bir neçə də başqa şeyi mənə Bernabo Lomellinonun arvadı, genuyalı madonna Cinevra adlı ləyaqətli bir qadın, gecə onunla yatanda vermişdir, özü də xahiş etmişdir ki, bunları mən ona olan sevgim xatirinə qoruyub saxlayım. Mən Berna-bonun axmaqlığına güldüm, çünki o, çox ağılsız adam idi, mənimlə mərc gəldi, dedi ki, sən mənim arvadımı ələ ala bilməzsən, mənim min qızıl florinimin qabağında o, beş min florin qoydu. Mən də gedib onun arvadını ələ aldım, mərci də uddum. Əslində, o gərək özünü öz sarsaqlığı üstündə cəzalandıraydı, çünki onun arvadının tutduğu işi bütün arvadlar tutur: sonra da eşitdim ki, Parisdən Genu-yaya qayıdıb arvadını öldürtdürüb».

Sikurano bunu eşidəndə, Bernabonun niyə ona acığı tutduğunu başa düşdü, aydınca gördü ki, onun bədbəxtliyinə bu adam səbəb olmuşdur, öz-özlüyündə qərara gəldi ki, bunun heyfini ondan çıxsın. Üzdən özünü elə göstərdi ki, guya əhvalat onun çox xoşuna gəlmiş-dir, hiylə işlədərək Ambrociolo ilə elə dostluq düzəltdi ki, yarmarka qurtarandan sonra Ambrociolo, onun təhrikiilə malını götürüb, Sikurano ilə İsgəndəriyyəyə getdi. Sikurano İsgəndəriyyədə onun üçün dükan açdı, özünə də çoxlu pul verdi. Ambrociolo bu işi özü üçün çox faydalı görüb, məmnuniyyətlə İsgəndəriyyədə qaldı. Sikurano günahsız olduğunu tezliklə Bernaboya göstərmək üçün sakit oturmadı. İsgəndəriyyədə olan bir neçə tanış genuyalı tacir vasitəsi ilə, müxtəlif bəhanələrlə Bernabonu ora çağırtdırdı. Bernabo yoxsullaşdığından, Sikurano dostlarının birinə gizlicə tapşırdı ki, onu öz yanında saxlasın. Sikuranonun fikrincə, işlətdiyi kələyi başa yetirənə kimi, Bernabo o adamın yanında qalmalı idi. O, Ambro-ciolonu yola gətirmişdi ki, sultanı əyləndirmək məqsədi ilə bu əhvalatı ona danışsın. Sikurano gördü ki, Bernabo buradadır, daha məsələni ləngitməyi lazım bilmədi, əlverişli bir vaxt tapıb sultandan xahiş etdi ki, Ambrociolonu və Bernabonu öz yanına çağırtdırsın, Bernabonun yanında, xoşluqla olmasa, zorla məsələnin düzünü Ambrocioloya söylətsin, qoy o, lovğalana-lovğalana danışdığı əhvalatı, yəni Bernabonun arvadı ilə tutduğu işi nəql etsin. Sultan Ambrociolo ilə Bernabonu çağırtdırdı, bir çox adamın yanında çox ciddi ifadə ilə Ambrocioloya əmr etdi ki, Bernabodan necə beş min qızıl florin udduğunu danışsın. Sikurano da burada idi, Ambrociolo xüsusilə ona arxayın idi, amma Sikurano daha qəzəblə ona baxır, bu baxışı ilə də, sözün düzünü deməsə, ona daha artıq cəza veriləcəyini bildirirdi.

Buna görə də Ambrociolo həm o tərəfdən, həm də bu tərəfdən qorxaraq, bir qədər də məcburiyyət qarşısında qalaraq, Bernabonun və oradakı başqa adamların qarşısında əhvalatı olduğu kimi danışdı: o, beş min qızıl florin və o biri şeylərin qaytarılmasından başqa ayrı bir ağır cəza gözləmirdi. Ambrociolo sözünü qurtarandan sonra Siku-rano, sultanın hökmünü yerinə yetirirmiş kimi, Bernabodan soruşdu: «Bu yalanın qabağında sən öz arvadına nə elədin?» Bernabo ona belə cavab verdi: «Mən də həm pul əlimdən çıxdığından, həm də arva-dımın doğrudan da mənə xəyanət etdiyinə inandığımdan, qəzəb mənə qalib gəldi, xidmətçimə tapşırdım ki, arvadı öldürsün. Xidmətçi də gəlib dedi ki, öldürdüm, elə o saat da bir sürü canavar onu parçalayıb yedi».

260 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
ISBN:
978-9952-8125-9-7
Правообладатель:
JekaPrint

С этой книгой читают

Новинка
Черновик
4,9
164