Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Dekameron», страница 10

Шрифт:

Qadın Baffada tacirlə bir qədər yaşadı. Bu zaman elə oldu ki, Baffaya Antiqon adlı bir aristokrat gəldi. O, yaşa dolmuş çox ağıllı bir adamdı, ancaq dünya nemətlərindən istifadə etmək məsələsində bəxti gətirmirdi, çünki Kipr kralının yanında qulluq edirkən, bir çox işlərdə tale ona yar olmamışdı. Bir gün o, gözəl qadının yaşadığı evin qabağından keçəndə, təsadüfən pəncərədən onu gördü, qadın çox gözəl olduğundan, diqqətlə ona baxmağa başladı, ona elə gəldi ki, qadını haradasa görmüşdür, ancaq hərada gördüyü yadına düşmürdü. Bu zaman Kipr taciri Ermənistana mal aparmışdı. Qadın uzun zamandan bəri taleyin əlində oyuncaq olduğu halda, indi bunun sonu yaxınlaşırdı: Antiqona baxan kimi yadına düşdü ki, onu İskəndəriy-yədə, atasının yanında qulluqda və yaxşı vəzifələrdə görmüşdür; buna görə qəlbində o saat belə bir ümid doğdu: Antiqonun məsləhəti ilə o yenə də şahanəlik vəziyyətinə qayıda bilər; tacirin evdə olmadı-ğını bildiyindən, tez onu yanına çağırtdırdı. O adam gələndə utana-utana soruşdu: «Siz famaqostalı Antiqon deyilsinizmi?» Antiqon onun sözünü təsdiq etdi, sonra da dedi: «Madonna, mənə elə gəlir ki, sizi tanıyıram, ancaq harada gördüyümü yadıma sala bilmirəm, buna görə xahiş edirəm, sizin üçün pis düşməzsə, kim olduğunuzu mənim yadıma salın». Qadın onun doğrudan da Antiqon olduğunu görüb, hönkür-hönkür ağlayaraq, onun boynunu qucaqladı, bir qədər keç-dikdən sonra soruşdu: «Siz məni İskəndəriyyədə görmüsünüzmü?» Antiqon qadının bu hərəkətinə son dərəcə heyrət etdi, sonra da sualı eşidəndə o saat başa düşdü ki, bu, sultanın qızı Alatieldir; onu dəniz-də batmış zənn edirdilər. Antiqon ona bir padşah qızı kimi hörmət etmək istədi, lakin Alatiel qoymadı, xahiş etdi ki, bir az otursun. Antiqon da belə elədi, sonra ondan ehtiramla soruşdu ki, nə vaxt, necə və haradan bura gəlib çıxıb, çünki bütün Misir yəqin etmişdi ki, o bir neçə il bundan əvvəl dənizdə batmışdır. Alatiel ona belə cavab verdi: «o cür ki mən yaşamışam, kaş elə dənizdə batmış olaydım. Elə güman edirəm ki, atam necə yaşadığımı eşitsəydi, o da elə mənim dənizdə batmağımı arzu edərdi». Alatiel bunu deyib hönkür-hönkür ağlamağa başladı. Antiqon dedi: «Madonna, indidən ürəyinizi sıxmayın. Xahiş edirəm, başınıza gələn müsibətləri, necə yaşadı-ğınızı mənə söyləyin, bəlkə də məsələ elədir ki, biz, allahın köməyi ilə, yaxşı bir nicat yolu tapacağıq». Alatiel dedi: «Antiqon, səni görəndə mənə elə gəldi ki, atamı gördüm. Mənim borcumdur atamı istəyəm, ona hörmət eləyəm, buna görə də başıma gələn əhvalatı açıb sənə deyirəm, bunu mən deməyə də bilərəm. Çox az adam tapılar ki, mən onları görəndə, səni görüb tanıyarkən duyduğum həzzi duya biləm. Buna görə, uğursüz taleyin müsibətlərini həmişə gizlətdiyim halda, ancaq öz atam kimi, onları sənə açıb deyirəm. Deyəcəklərimi eşidəndən sonra əgər yol tapıb məni əvvəlki vəziyyətimə qaytara bilsən, səndən xahiş edirəm, bunu elə. Yol tapa bilməsən, sənə yalvarıram, məni gördüyünü, ya mənim haqqımda bir söz eşitdiyini heç kəsə söyləmə». Alatiel belə dedikdən sonra, Mayorka sahilində qəzaya uğrayandan ta indiyə qədər başına gələn əhvalatı ağlaya-ağlaya Antiqona danışdı. Antiqon da onun halına ağladı. O bir az düşündükdən sonra dedi: «Madonna, bu müsibətlər içində sizin kim olduğunüzu heç kəs bilməmişdir, mən, heç şübhəsiz, sizi atanıza, sonra da kral del Qarboya qaytararam; atanız sizi daha artıq əzizlər, del Qarbonun da arvadı olarsınız». Alatiel soruşdu ki, bu necə ola bilər, Antiqon nə etmək lazım gəldiyini qayda ilə ona danışdı; başqa bir maneənin meydana çıxmaması üçün o saat Famaqostaya yola düşdü, kralın yanına gedib dedi: «hökmdarım, əgər istəsəniz, siz həm özünüzə yaraşan şərəfli bir iş tutarsınız, həm də mənə, qulluq cəhət-dən kasıbladığım halda, az xərc ilə böyük fayda yetirə bilərsiniz». Kral soruşdu ki, bu necə ola bilər? Antiqon dedi: «Baffaya çox gözəl bir qız gəlmişdir; o, sultanın qızıdır: çoxdan bəri söz yayılmışdır ki, o, dənizdə batmışdır. Öz namusunu qorumaq üçün o, böyük müsi-bətlər çəkmişdir, indi isə yoxsul bir vəziyyətdədir, atasının yanına getmək istəyir. Siz bu qızı mənim himayəm altında onun atasına yetirsəniz, bununla çox şərəfli bir iş tutmuş olarsınız, mənə də bundan böyük xeyir dəyər. Elə güman edirəm ki, belə yaxşılıq sultanın heç vaxt yadından çıxmaz». Kral şahanəlik alicənablığı ilə elə o saat dedi ki, bunu eləməyə hazırdır; hörmət və ehtiramla qızın dalınca adam göndərdi ki, onu Famaqostaya gətirsinlər. Famaqostada onu həm kral, həm də kraliça vəsfəgəlməz təntənə ilə, böyük hörmətlə qəbul etdi. Kral və kraliça onun başına gələn əhvalatı soruşanda, qız, Antiqonun verdiyi məsləhətə əsasən, hamısını açıb dedi.

Bir neçə gündən sonra kral, qızın xahişi ilə, onu, bir neçə kişidən və qadından ibarət gözəl, hörmətli məiyyətlə, Antiqonun başçılığı altında sultana göndərdi. Qızın, həm də Antiqonun və yoldaşlarının necə təntənə ilə qəbul edildiyini heç soruşmaq lazım deyil, Qız bir neçə gün dincəldikdən sonra sultan bilmək istədi ki, o necə sağ qala bilmişdir, bu vaxta qədər harada olmuşdur, öz vəziyyəti haqqında niyə heç bir xəbər verməmişdir. Qız, Antiqonun məsləhətini yadında çox yaxşı saxladığından, atasına belə dedi: «Ata, sizin yanınızdan gedəndən bəlkə iyirmi gün sonra, gecə bizim gəmimizi şiddətli fırtına qərbdə, Akvamorta deyiləi yerin yaxınlığında sahilə çırpıb sındırdı. Gəmidəki adamların başına nələr gəldiyini bilmədim, sonra da bunu heç kəsdən eşitmədim. Yadımda qalan ancaq bu oldu ki, səhər açılanda mən sanki ölmüşdüm, dirildim, camaat hər tərəfdən axışıb gəldi, sınmış gəmini görüb, onu qarət eləməyə başladılar. Məni iki qızla dartıb sahilə çıxartdılar, iki cavan oğlan o qızları götürüb hərəsi bir yana qaçdı, onların başına nələr gəldiyini heç indi də bilmirəm. Sonra iki oğlan da, mənim müqavimət göstərməyimə baxmayaraq, hörüklərimdən tutub darta-darta sürüdü, mən də bərk ağlayırdım. Məni meşəyə tərəf yol ilə çəkə-çəkə apardılar, birdən dörd atlı göründü. Məni darta-darta aparan adamlar onları görən kimi tez məni buraxıb qaçdılar. O dörd adam mənə hökumət adamı kimi göründü, onlar özlərini mənə yetirib, sorğu-suala başladılar, mən də onlara çox söz dedim, ancaq nə onlar mənim sözümü başa düşdülər, nə də mən onların. Atlılar öz aralarında xeyli məsləhətləşdilər, sonra məni atların birinin belinə qoyub qadınlar yaşayan yerə apardılar, onların qanununa görə, bu qadınlar rahibələr imiş. Atlıların onlara nə dediyini bilmədim, ancaq onlar məni dostcasına qəbul etdilər, həmişə də mənə hörmət edirdilər; sonralar biz böyük ixlaskarlıqla Dərin Dərədə müqəddəs Vstaninin şərəfinə bayram düzəldirdik: o yerin qadınları müqəddəs Vstaniyə yaman pərəstiş edirdilər. Orada bir qədər qalandan sonra onların dilini də bir az öyrəndim. Onlar məndən soruşanda ki, kimsən, haralısan, man harada olduğumu bildiyimdən, sözün düzünü deməyə qorxdum, qorxdum ki, ayrı dindən olduğuma görə məni qovarlar, dedim ki, kiprli bir aristokratın qızıyam, məni ərə verib Kritə göndərəndə yolda tufan bizi gətirib bura çıxartdı, gəmimizi də sahilə çırpıb parçaladı. Mən çox vaxt daha pis vəziyyətə düşməkdən qorxaraq, onların qayda-qanununa əməl edirdim. O qadınların bir başçısı vardı, ona abbat deyirdilər, o da qadındı. Bir gün o məndən soruşdu ki, Kiprə qayıtmaq istəyirsənmi? Mən çavab verdim ki, bundan artıq heç bir şeyi arzu etmirəm. Amma o mənim namusumu qoruduğundan, Kiprə gedənlərdən heç kəsə arxayın olub məni tapşıra bilmirdi. Axırda, bəlkə də iki ay bundan əvvəl Fransadan bir neçə hörmətli adam öz arvadı ilə ora gəldi, o qadınlardan biri abbat qadının qohumu idi. Abbat qadın eşidəndə ki, onlar Qüds-Şərifə, müqəddəs qəbri ziyarətə gedirlər, – onlar bu qəbirdə basdırılana allah kimi pərəstiş edirlər, onu yəhudilər öldürəndən sonra orada dəfn ediblər, – bəli, o abbat qadın məni onlara tapşırdı, xahiş etdi ki, onu Kiprə aparıb, atasına verin. Bu ləyaqətli adamlar məni elə hörmətlə qarşıladılar, onların arvadları məni elə mehribanlıqla qəbul etdilər ki, bunu danışmaq çox uzun çəkərdi. Bəli, biz gəmiyə mindik, bir neçə gündən sonra gəlib Baffaya çatdıq. Mən heç kəsi tanımırdım, ora gələndən sonra bilmirdim ki, o ləyaqətli adamlara nə deyim, çünki onlar məni, o hörmətli qadının tapşırığı ilə, atamın yanına aparmaq istəyirdilər. Bu zaman elə bil ki, allahın mənə rəhmi gəldi, məni qarşılamaq üçün Antiqonu sahildə hazırlayıb qoydu. Baffada sahilə çıxan kimi Antiqonu çağırdım, öz dilimizdə dedim ki, məni qızın kimi qəbul elə. Ona görə öz dilimizdə dedim ki, bu hörmətli adamlar, onların arvadları mənim söylədiyimi başa düşməsinlər. Antiqon dərhal mənim nə demək istədiyimi anladı, məni böyük şadlıqla qarşıladı, yoxsulluğun verdiyi imkan dairəsində o ləyaqətli adamlara, onların arvadlarına hörmət göstərdi, məni Kipr kralının yanına apardı. Kipr kralı da məni elə hörmətlə qəbul edib, sizin yanınıza göndərdi ki, bunun hamısını danışmaq iqtidarında deyiləm. Qalan bir şey varsa, qoy Antiqon söyləsin, çünki başıma gələn əhvalatı bir neçə dəfə ona danışmışam».

Antiqon öz sultanına müraciət edərək dedi: «hökmdarım, madon-nanın bir neçə dəfə mənə nəql etdiyini, onunla bərabər o hörmətli kişilərin və xanımların da mənə söylədiyini indi madonna sizə eynən danışdı. Ancaq bir şeyi demədi, bunu da, elə güman edirəm ki, söy-ləmək ona yaraşmazdı: madonnanı gətirən o hörmətli kişilər və qadınlar onun rahibə qadınlarla bir yerdə müqəddəs həyat keçirdi-yindən, yüksək əxlaq sahibi və xoşxasiyyət olduğundan danışdılar, o kişilər və qadınlar madonnanı mənə qaytararkən göz yaşı ilə, təəssüflə ondan ayrıldılar. Onların söylədiyini sizə müfəssəl danış-saydım, buna bu gün də, gecə də kifayət etməzdi. Sizə bir şey deyim, bu özü kifa-yətdir: onların sözündən belə bir nəticə çıxartmaq olar ki, – mən özüm də bunu gözümlə gördüm, – sizin qızınız bütün tacidar hökmdarların qızından həm gözəl, həm namuslu, həm də mərd qızdır, siz onunla fəxr edə bilərsiniz». Sultan bu sözləri eşidəndə çox sevindi, o, allaha yalvardı ki, mənim qızıma hörmət edənlərə, xüsusilə qızı belə şərəflə mənə yetirən Kipr kralına layiq olduqları yaxşılığı etmək üçün mənə imkan ver. Bir neçə gündən sonra əmr etdi, Antiqona qiymətli hədiyyələr verib, Kiprə yola saldıdar, həm də qızına yaxşılıq etdiyi üçün, krala məktubla, xüsusi olaraq göndərilən səfirlərlə çox-çox təşəkkürlər etdi. Sonra da əvvəl başladığı işi sona yetirmək, yəni qızını kral del Qarboya ərə vermək üçün məktub yazıb məsələni izah etdi; onu da yazdı ki, əgər qıza sahib olmaq istə-yirsinizsə, onda qızı aparmaq üçün adam göndərin. Kral del Qarbo buna çox sevindi, qızın dalınca hörmətlə adam göndərib, onu fərəhlə qəbul etdi. Qız da səkkiz kişi ilə bəlkə on min dəfə yatandan sonra bakirə bir qız kimi onun yatağına girdi, kralı da buna inandırdı. Bu qayda ilə padşah arvadı olaraq, onunla uzun illər şən həyat sürdü. Bax buna görə də deyirlər: «Dodaq öpüşdən təravətini itirmir, ay kimi təzələnir».

SƏKKİZİNCİ HEKAYƏ

Anvera qrafı yalandan müqəssir edildiyindən, iki oğlunu İngiltərənin başqa-başqa yerlərində qoyub, sürgünə gedir; qayıdandan sonra onu tanımırlar; o, uşaqlarını yaxşı vəziyyətdə görür, fransız kralı qoşununda mehtər olur, müqəssir olmadığı üçün əvvəlki mövqeyinə qaytarılır

Xanımlar o gözəl qızın başına gələn əhvalata qulaq asdıqca, dərindən ah çəkirdilər. Bəlkə də, bəzisi onun halına yanmaqdan artıq, onun kimi tez-tez ərə getmək arzusu ilə ah çəkirdi. Lakin, onlar Pamfilonun son sözünə güldükdən sonra daha bu barədə danışmaya-cağıq. Kraliça da bu sözlə hekayənin qurtardığını görüb, Yelizaya sarı döndü, qoyulmuş qayda ilə öz hekayəsinə başlamasını əmr etdi.

– Bu gün bizim hərəkət etdiyimiz meydan böyükdür, elə adam yoxdur ki, onun bir deyil, on belə fəaliyyət meydanını çox asanlıqla yüyürüb keçmək imkanı olmasın. Bu meydan taleyin gözlənilməz, amansız təsadüfləri ilə doludur. Mən də bu hədsiz-hesabsız təsadüf-lərdən birini nəzərdə tutub danışmaq istəyirəm. Roma imperatorluğu titulu fransızlardan almanlara keçəndə, bu iki xalq arasında böyük düşmənçilik, ardı-arası kəsilməyən amansız müharibə başlandı. Bunun da nəticəsində fransız kralı öz ölkəsini qorumaq, həm də başqasının ölkəsinə hücum etmək üçün, öz oğlu ilə bərabər, bütün qüvvəsini, həm də köməyə gələ bilən dostlarının, qohumlarının qüvvəsini toplayıb, düşmənin üstünə yerimək üçün böyük bir ordu düzəltdi. Kral hərbi səfərə çıxmamışdan əvvəl, krallığı başsız qoymaq istəmədi. O bilirdi ki, Anvera qrafı Qvaltyeri əsli-nəcabəti olan ağıllı bir adamdır, onun sədaqətli dostu və xidmətçisidir. Qvaltyerinin hərbi işdən yaxşı başı çıxsa da, o, dava etməkdən daha artıq naz-nemətə meyl edirdi, buna görə də onu, fransız krallığını idarə etmək üçün, bir canişin kimi öz yerində qoyub, yola düşdü. Qvaltyeri ona tapşırılan vəzifəni, kraliça və kraliçanın gəlini ilə məsləhətləşərək, qayda-qanunla, ağılla yerinə yetirməyə başladı. Kral onları Qvaltyerinin mühafizəsi və hakimiyyəti altında qoyub getsə də, o, kraliçaya da, gəlininə də hökmdar arvadı və gəlini kimi, həm də özündən böyük adamlar kimi hörmət edirdi. Qvaltyeri deyilən bu adamın qırxa yaxın yaşı olardı. O, çox qəşəng, bir aristokrat kimi çox mülayim və xoş rəftardı. Bundan əlavə, o zaman məşhur olan cəngavərlərin hamısından nəzakətli və cazibədardı, geyimi-nin qəşəngliyinə hər şeydən çox fikir verirdi. Qvaltyerinin arvadı ölmüşdü, ondan kiçik bir oğlu, bir də qızı qalmışdı. Kral öz oğlu ilə müharibədə ikən, Qvaltyeri kraliça ilə gəlininin sarayına tez-tez gedər, krallığın ehtiyacı haqqında onlarla söhbət edərdi. Belə oldu ki, kraliçanın gəlininin Qvaltyeriyə gözü düşdü, onun xasiyyətinə, hərəkətlərinə böyük heyranlıqla baxaraq, öz ürəyində ona vuruldu. O özünün cavan, təravətli bir qadın olduğunu, Qvaltyerinin də arvadının öldüyünü bilir, öz arzusuna asanlıqla çatacağını zənn edirdi. Buna ancaq onun isməti mane ola bilərdi. İsməti də kənara atıb, belə qərara gəldi ki, ürəyini açıb ona desin. Bir gün evdə tək idi, vaxtı əlverişli görüb, başqa məsələlər haqqında söhbət etmək üçün qrafın dalınca adam göndərdi. Qadının düşündüyü şey qrafın heç ağlına da gəlmirdi. Qraf dərhal onun yanına getdi. Onlar, qadının təklifi ilə, skamyada oturdular, otaqda ayrı heç kəs yox idi. Qraf nə üçün çağrıldığını iki dəfə ondan soruşdu. Qadın susurdu. Nəhayət, sevginin təsirindən, utandığından qıpqırmızı qızararaq, bədəni əsə-əsə, az qala ağlayaraq, qırıq-qırıq dedi: «Mənim əziz və istəkli dostum, hökm-darım! Siz ağıllı adam olduğunuzdan, kişilərin və qadınların, – müxtəlif səbəblərə görə birinin az, birinin çox, – zəif olduğunu yaxşı bilirsiniz; buna görə də adamların müxtəlif keyfiyyətləri nöqteyi-nəzərindən ədalət məhkəməsi qarşısında, haqlı olaraq, eyni xəta üstündə eyni dərəcədə cəza almırlar. Kim inkar edə bilər ki, güclə dolanan bir yoxsul kişi ya yoxsul qadın sevgiyə qapılarsa, sevginin təhriki ilə hərəkət edərsə, o, bütün arzuları yerinə yetən varlı, qeyri-kübar bir qadından daha çox məzəmmətə layiqdir? Elə zənn edirəm ki, heç kəs. Buna görə mən belə güman edirəm: bu göstərilən şərtlər belə bir vəziyyətə düşən qadını, – əgər o qadın sevgiyə qapılmışsa, – təmizə çıxarmaq üçün böyük bir əsas olmalıdır, başqa cəhətdən isə onu, sevib seçdiyi ağıllı, mərd adam, – əgər o belə bir adam sevmişsə, – bağışlar. Mənə elə gəlir ki, bu şərtlərin hər ikisi məndə vardır: bundan əlavə, məni sevməyə vadar edən səbəblər də, yəni mənim gəncliyim də, ərimin burada olmaması da göz önündədir: qoy bu şərtlər mənim xeyrim və mənim odlu ehtirasımın müdafiəsi üçün sizin qarşınızda canlansın. Bunlar sizə təsir etsə, – əslində bu şeylər ağıllı adama təsir etməlidir, – yalvarıram sizə, sizdən xahiş etdiyim məsələ haqqında öz məsləhətinizi mənə-söyləyin, mənə kömək edin. Məsələ burasındadır ki, ərim burada olmadığından, şəhvətin təhri-kinə, həm də sevginin təsirinə qarşı dura bilmək iqtidarında deyiləm; bu sevgidə və şəhvətdə elə güc vardır ki, o hər gün ancaq zəif ,qadınları deyil, qüvvətli kişiləri də özünə tabe edir. Bolluq içində yaşadığımdan, heç bir iş görmədiyimdən, – özünüz bunu görürsünüz, – mən vurulduğum bir adamın da sevgisinə uyaraq, bu sevgi ilə əylənməyə özümə icazə verdim. Mən bilirəm ki, işin üstü açılsa, bu, namussuz bir hərəkət hesab edilərdi, amma nə qədər ki, bu gizli qalıb, mən onu namussuz hərəkət hesab etmirəm. Lakin Eşq allahı mənə elə mərhəmət göstərdi ki, özümə aşiq seçməkdə ağlımı itirmədim, hətta o mənə çox kömək etdi: sizi mənim kimi bir qadının eşqinə layiq gördü, çünki, əgər fikrim məni aldatmırsa, mən sizi bütün Fransa krallığında ən qəşəng, ən xoş, ən sevimli, ən ağıllı cəngavər hesab edirəm. Bir də ki, mən ərsiz yaşadığım kimi, siz də arvadsız yaşayırsınız, bunu söyləməyə mənim haqqım var. Buna görə, sizdən xahiş edirəm, sizə qarşı qəlbimdə alovlanan bu sevgi naminə siz də məni öz sevginizdən məhrum etməyin, məni od qarşısında büz kimi əriməyə vadar edən cavanlığıma yazığınız gəlsin». Bu sözdən sonra o elə ağladı ki, əlavə xahiş etmək istərkən, daha bir söz söyləmək iqtidarında olmadı və məyus halda göz yaşı tökə-tökə başını qrafın sinəsinə qoydu, onun boynunu qucaqlamaq istədi. Qraf namuslu bir cəngavər olduğundan, qadını özündən kənar edərək, dəlicəsinə ehtiras üstündə onu ciddi məzəmmət etməyə başladı, and içərək dedi ki: «Mən çarmıxa çəkilməyə razıyam, lakin öz hökmdarımın şərəfinə xəyanət etmərəm, başqasını da qoymaram». Qadın bunu eşidəndə dərhal öz sevgisini unutdu, bərk açıqlanıb dedi: «Yaramaz cəngavər, bu qayda ilə siz mənim arzumu ələ salırsınız! Vay o gündən ki, siz məni ölümə sürükləmək istərkən, mən sizi ölməyə vadar edim, ya da ali cəmiyyətdən didərgin salım!» Bunu deyib saçını yolmağa, əynindəki paltarı cırmağa, çığırmağa başladı: «Ay aman, köməyə gəlin, Anvera qrafı məni zorlamaq istəyir!» Qraf bunu görüb, vicdan əzabı çəkəcəyindən yox, saray adamlarının hədəsindən qorxaraq, həm də onun günahsız olduğuna deyil, bu xanımın hiyləsinə daha artıq inanılacağını nəzərə alaraq, tez yerindən qalxıb otaqdan və saraydan çıxdı, evinə yüyürdü. Çox fikirləşmədən uşaqlarını ata mindirdi, özü də ata minib, tələsə-tələsə Kaleyə yol aldı. Qadının çığırtısına çox adam yüyürüb gəldi: onu görəndə, çığırtısının səbəbini eşidəndə, hamı onun sözünə inandı. Bunu da əlavə etdilər ki, qrafın xeyli vaxtdan bəri göstərdiyi xoş ədaları, qəşəng geyinməsi də elə bu məqsəd üçün imiş. Hamı qəzəblə qrafın evinə cumdu: onu tutmaq istədilər, qrafı tapa bilməyib, evini talan etdilər, sonra da tamam uçurub dağıtdılar. Bu xəbər iyrənc şəkildə qoşuna, krala və onun oğluna çatdı. Onlar yaman acıqlandılar, qrafı və onun nəslini əbədi sürgünə məhkum etdilər, həm də kim onun ölüsünü ya dirisini gətirsə, ona böyük hədiyyə vəd etdilər.

Qraf müqəssir olmadığı halda, qaçdığı üçün müqəssir olmuşdu, bu, onu çox məyus etdi. Öz uşaqları ilə Kaleyə gəldikdən sonra kim olduğunu heç kəsə bildirmədi. Heç kəs də onu tanımadı. Elə o saat da gəmiyə minib, İngiltərəyə yola düşdü, yoxsul paltarında Londona getdi. Londona çatmamışdan əvvəl o öz uşaqlarına lazımi məsələləri müfəssəl başa saldı, xüsusilə iki şeyi bərk tapşırdı: birincisi budur ki, günahsız olmadığı halda taleyin həm sizin başınıza, həm də mənim başıma açdığı bu ağır müsibətə səbirlə dözün; ikincisi də, əgər yaşa-maq istəyirsinizsə, heç kəsə haradan gəldiyinizi, kimin uşaqları olduğunuzu qətiyyən deməyin. Qrafın oğlunun adı Luici, qızının adı Violanta idi; Luicinin bəlkə doqquz yaşı, qızın da altı yaşı olardı. Onlar kiçik olsalar da, atalarının sözünü və tapşırığını yaxşı başa düşdülər, sonralar da bunu işdə göstərdilər. Qraf öz işini yaxşı qurmaq üçün uşaqlarının adını dəyişməyi lazım gördü; belə də elədi: oğlana Perotto, qıza Cyannetta adını verdi. Onlar köhnə paltarda Londona gələndən sonra, fransız dilənçiləri kimi, dilənməyə başla-dılar. Bir gün kilsənin qabağında dilənəndə, elə oldu ki, ingilis kralı marşallarından birinin arvadı, məşhur bir xanım kilsədən çıxanda qrafla uşaqlarını sədəqə istəyən gördü. Qadın ondan soruşdu ki, sən haralısan, uşaqlar sənindirmi? Qraf da cavab verdi ki, mən Pikardi-yadanam, böyük oğlumun yaramaz hərəkəti üstündə bu iki uşağımı götürüb oradan uzaqlaşmağa məcbur oldum. Xanımın onlara rəhmi gəldi; Cyannetta çox qəşəng, sevimli, mehriban bir qız idi; qız qadının çox xoşuna gəldi, dedi ki: «hörmətli adam, sənin bu qızın çox qəşəng qızdır, onu mənə versən, məmnuniyyətlə apararam. O böyüyüb ləyaqətli bir qız olsa, vaxtı gələndə ərə də verərəm, onun üçün də yaxşı olar». Xanımın xahişi qrafın çox xoşuna gəldi, dərhal razı oldu, göz yaşı tökə-tökə qızı ona verdi, çox xahiş etdi ki, ondan muğayat olsun.

Bu qayda ilə qraf qızını bir yerə düzəltdikdən, həm də o adamın kim olduğunu bildikdən sonra daha Londonda qalmaq istəmədi. Oradan yola düşüb, çox çətinliklə Vallisə gəldilər, çünki onlar piyada getməyə vərdiş etməmişdilər. Burada kralın başqa bir marşalı yaşa-yırdı. Onun imarəti və çoxlu qulluqçusu vardı. Qraf özünün və oğlunun qarnını doydurmaq üçün tez-tez onun qapısına gələrdi. Orada marşalın oğlu, bir neçə də aristokrat uşağı vardı; onlar həyətdə oynardılar, yüyürərdilər, hoppanardılar. Perotto da bu oyunlarda iştirak etməyə başladı. O bütün oyunları hamıdan yaxşı oynayırdı. Marşal bir neçə dəfə onu gördü, uşağın hərəkəti, mərifəti çox xoşuna gəldi, soruşdu ki, uşaq kimdir? Dedilər ki, bir yoxsulun oğludur, o bəzən bura dilənməyə gəlir. Marşal tapşırdı ki, o gələndə xahiş edin, uşağı bizə versin. Qraf da elə bunu allahdan istəyirdi, oğlundan ayrılmaq onun üçün çox ağır olsa da, uşağı məmnuniyyətlə ona verdi.

Oğlu ilə qızının işini bu qayda ilə düzəltdikdən sonra daha İngil-tərədə qalmadı, özünü bir təhər İrlandiyaya yetirib, Stanforda gəldi. Orada təsadüfən bir qrafın cəngavərinin yanında qaldı, bir nökər ya mehtər kimi cəngavərin işini görməyə başladı. Burada o, uzun zaman məhrumiyyət və əziyyət içində yaşadı, ancaq onun kim olduğunu heç kəs bilmədi.

Cyannetta deyilən Violanta Londonda aristokrat xanımın yanında yaşayır, ildən-ilə böyüyür, gözəlləşirdi. O, xanımın da, ərinin də, başqa ev adamlarının da, onu tanıyanların da hüsn-rəğbətini qazan-mışdı, hamı ona valeh idi. Qızın xasiyyətinə, mərifətinə hər kəs diqqət yetirsəydi, onun böyük hörmət və səadətə layiq olduğunu etiraf edərdi. Qızı öz himayəsinə götürən, lakin onun həqiqətən kim olduğunu bilməyən aristokrat qadın onu, mənsub olduğu ictimai vəziyyətə görə, ləyaqətli bir adama ərə vermək qərarına gəldi. O, qızın atası haqqında qrafın dediyindən başqa ayrı bir şey bilmirdi. Allah-taala hər kəsin qədr-qiymətini ədalətlə müəyyən edir: o bilirdi ki, bu qız aristokrat ailəsindəndir, heç bir günahı olmadan, başqasının cinayəti üzündən əzab çəkir, buna görə də məsələni başqa cür həll etdi, yəqin ona görə başqa cür həll etdi ki, aristokrat bir qız əsli-nəcabəti olmayan adamın əlinə düşməsin. Bunun da nəticəsində, allahın inayətilə, başqa bir hadisə baş verdi. Aristokrat xanımın bir oğlu vardı; anası da, atası da onu həm oğul kimi, həm də çox ləya-qətli bir insan kimi istəyirdi, çünki o hamıdan mərifətli, şücaətli, mərd, qəşəng bir gəncdi, Cyannettadan altı yaş böyükdü. O, qızın gözəl, füsunkar, məlahətli olduğunu görüb, ona vuruldu; elə vuruldu ki, ondan yüksək bir insan təsəvvür etmədi. Qızın aşağı təbəqədən olduğunu zənn edərək, onunla evlənmək istədiyini ata-anasına söylə-məyə cəsarət etmirdi, həm də qorxurdu ki, aşağı təbəqədən olan bir qızı sevmək üstündə onu məzəmmət edərlər. Buna görə öz sevgisini ürəyində saxlayırdı. Bu, onun eşqini daha da alovlandırırdı. Onun məhəbbəti açıq olsaydı, bəlkə də belə şiddət etməzdi. Nəhayət, o, qəm çəkməkdən bərk xəstələndi. Müalicə üçün çağırılan həkimlər onu yoxlayaraq, xəstəliyini müəyyən edə bilmədilər; heç biri də onun sağalacağına ümid etmirdi. Cavan oğlanın ata-anası elə dərd çəkirdi ki, daha buna dözmək mümkün deyildi. Onlar bir neçə dəfə yalvara-yalvara ondan xəstələnməsinin səbəbini soruşdular, o da bunun cava-bında ya astaca ah çəkir, ya da deyirdi ki, gün-gündən zəiflədiyimi hiss edirəm. Bir gün təsadüfən elə oldu ki, çox cavan, lakin çox bilikli bir həkim onun yanında oturub, nəbzini yoxlayırdı. Birdən Cyannetta içəri girdi, – o öz xanımına yaxşılıq etmək məqsədi ilə cavan oğlana qulluq edirdi. Cavan oğlan qızı görən kimi, heç bir söz söyləmədən, hərəkət etmədən, qəlbində sevgi odunun şiddətlə alov-landığını duydu, bunun da nəticəsində nəbzi tez-tez vurmağa başladı. Həkim buna təəccüb etdi, onun nəbzinin çoxmu belə vuracağını dinməz-söyləməz yoxladı. Cyannetta otaqdan çıxanda onun nəbzi yenə əvvəlki qayda ilə vurdu. Buna görə həkim elə zənn etdi ki, cavan oğlanın xəstəliyinin səbəbini qismən tapmışdır. Az sonra bir şey soruşmaq bəhanəsi ilə qızı yenə də otağa çağırtdırdı. Oğlanın da nəbzini əlindən buraxmadı. Cyannetta dərhal gəldi. Otağa girən kimi oğlanın nəbzi yenə tez-tez vurdu, qız gedəndə yenə öz qaydasına düşdü. Bunun nəticəsində həkim öz müşahidəsini tamamilə əsaslı hesab edərək, yerindən qalxdı, oğlanın ata-anasını kənara çəkib dedi: «Sizin oğlunuzun sağalması həkimin qüvvəsi daxilində deyil, Cyannettanın əlindədir; mən bəzi əlamətlərdən aydın bildim ki, sizin oğlunuz o qıza aşiq olmuşdur, amma bunu da bildim ki, qızın bundan xəbəri yoxdur. Oğlunuzun yaşamasını istəyirsinizsə, indi özünüz bilirsiniz nə etmək lazımdır», O hörmətli adamla arvadı bunu eşi-dəndə çox sevindilər, çünki onu ölümdən xilas etmək üçün əlac tapılmışdı, ancaq bir şey onların heç xoşuna gəlmədi: bu, elə bir əlacdı ki, onlar elə bundan, yəni Cyannettanı öz oğullarına almaqdan qorxurdular. Həkim gedəndən sonra onlar xəstənin yanına getdilər. Qadın dedi: «Oğlum, mən heç gözləməzdim ki, sən arzu etdiyin bir şeyi məndən gizlədəsən, xüsusilə dərk edəsən ki, bunu yerinə yetirməmək sənə ziyan gətirir. Sən əmin olmalı idin, indi də əmin olmalısan: sənə zövq verə bilən elə bir şey yoxdur ki, – lap elə ləya-qətsiz şey olsun, – mən ona əməl etməmiş olum, elə bil lap bunu özüm üçün edərəm. Sən belə hərəkət etsən də, allah səndən artıq sənin qeydinə qalmış, sənə mərhəmət göstərmişdir: bu xəstəlikdən ölməməyin üçün bunun səbəbini mənə bildirmişdir, bu da sənin bir qıza bəslədiyin qəribə sevgidən ibarətdir. Əslində sən gərək utanma-yaydın, açıb deyəydin, çünki sənin cavanlığın bunu tələb edir, sən qız sevməmiş olsaydın, mən səni çox əhəmiyyətsiz bir adam hesab edərdim. Oğlum, məndən çəkinmə, öz arzunu aç söylə, qorxma. Qəm-qüssəni at getsin, fikir çəkmə, bu xəstəlik də ondandır, qoy ürəyin açılsın, elə bir şey yoxdur ki, sən onu istəyəsən, onun əldə edilməsini mənim öhdəmə buraxasan, mən onu bacardığım qədər yerinə yetirməmiş olum, çünki səni canımdan artıq istəyirəm, buna əmin ola bilərsən. Utanmağı, qorxunu at getsin, de görüm, sənin eşqin üçün bir əlac edə bilərəmmi, görsən ki, mən bunun üçün çalış-mıram, buna müvəffəq olmuram, məni ən amansız bir ana hesab et». Cavan oğlan anasının sözlərini eşidəndə əvvəl utandı, sonra fikirləşdi ki, heç kəs onun arzusunu anasından yaxşı yerinə yetirə bilməz, utan-mağı bir tərəfə qoyub, anasına belə dedi: «Madonna, yaşa dolmuş bir çox adamları müşahidə etdiyimdən, ancaq buna görə öz sevgimi gizlətməyə məcbur oldum, çünki onlar bir zaman cavan olduqlarını yadlarına salmaq istəmirlər. Mən görürəm ki, siz məsələni başa düşürsünüz, buna görə də sizin hiss etdiyiniz, söylədiyiniz şeyi mən inkar etməyəcəyəm, ürəyimi açıb sizə deyəcəyəm, ancaq bir şərtlə: verdiyiniz vədə əsasən mümkün qədər bunu yerinə yetirəsiniz. Onda mənim sağalmağıma kömək etmiş olarsınız». Qadın məsələni nəzərdə tutduğu yolla həll edəcəyinə çox arxayındı, lakin buna müvəffəq olmadığını görüb, açıqca dedi: «Qorxma, öz arzunu mənə de, mən yubanmadan işi elə quraram ki, sən istədiyinə nail olarsan». Cavan oğlan bunu eşidəndə dedi: «Madonna, Cyannettanın adamı valeh edən gözəlliyi, tərifəlayiq xoş rəftarı, sevgimi onun duya bilməsindən çəkinməyim, bunun başqasında mərhəmət hissi oyada biləcəyi fikri, sevgimi, kim olur-olsun, özgələrinə açıb söyləmək qorxusu məni indi gördüyünüz hala salmışdır. Əgər siz verdiyiniz vədə əməl etməsəniz, onda əmin olun ki, ömrümün sonudur». Qadın gördü ki, indi məzəmmət vaxtı deyil, oğluna təsəlli verməlidir, gülümsəyərək dedi: «Ah, oğul, elə bundan ötrü özünü bu günə salmısan? Sakit ol, sən sağalan kimi mən bunu düzəldərəm». Cavan oğlanın qəlbi xoş ümidlərlə doldu, o az vaxtda sağalmağa başladı, anası da buna çox sevindi, vədini yerinə yetirməyə çalışdı. Bir gün Cyannettanı yanına çağırdı, sanki zarafatla, həm də çox mehriban-lıqla ondan oynaşı olub-olmadığını soruşdu. Cyannetta qıp-qırmızı qızarıb dedi: «Madonna, mənim kimi evindən qovulmuş, gəlib baş-qasının yanında qulluqçuluq eləyən zavallı bir qıza sevgi ilə məşğul olmaq lazım deyil, bu ona heç yaraşmaz da». Qadın bunun qabağında belə dedi: «Sizin könlünüzə yatan bir adam yoxsa, biz sizə belə bir adam verərik, onda siz şən yaşayarsınız, öz gözəlliyinizdən daha artıq zövq alarsınız. Sizin kimi gözəl bir qız gərək oynaşsız yaşa-masın». Cyannetta ona belə cavab verdi: «Madonna, siz məni atamdan alıb öz qızınız kimi böyütdünüz, buna görə də gərək mən sizin hər bir arzunuzu yerinə yetirəm, ancaq bu məsələdə sizin arzu-nuza əməl edə bilməyəcəyəm, elə bilirəm ki, bununla da yaxşı iş tutmuş olaram. Siz məni ərə vermək istəsəniz, mən o adamı sevə bilərəm, başqasını yox, çünki ata-babadan mənə ancaq bir namus qalmışdır, nə qədər ki sağam, mən onu qoruyub saxlayacağam». Qadın gördü ki, qızın söylədiyi sözlər onun əldə etmək istədiyi şeyin əksinədir, bununla da oğluna verdiyi vədi yerinə yetirə bilməyə-cəkdir. O, ağıllı qadındı, ürəyində qızın hərəkətini bəyənsə də, dedi: «Necə axı, Cyannetta? Əlahəzrət kral, – cavan bir cəngavər, – sənin kimi gözəl bir qızın sevgisindən zövq almaq istərsə, onu rədd edərsənmi?» Cyannetta dərhal ona belə cavab verdi: «Kral məni zorlaya bilər, lakin mənim razılığımla namusuma toxunan bir şeyi heç vaxt əldə edə bilməz». Qadın Cyannettanın necə bir qəlbə malik olduğunu görüb, söhbəti kəsdi, sonra da onu sınaqdan keçirmək fikrinə düşdü, oğluna dedi ki, sən sağalandan sonra qızı gətirib sənin otağına sala-ram, onda çalışıb istədiyin şeyi əldə edə bilərsən. O, eyni zamanda nalayiq iş tutduğunu da hiss edirdi: sanki aradüzəldən arvad kimi qızı tovlayır, oğluna düzəltmək istəyirdi. Oğlu anasının bu tədbirinə qətiyyən razı olmadı, xəstəliyi də birdən ağırlaşdı. Qadın bunu görüb, öz fikrini Cyannettaya dedi, lakin onu əvvəlkindən də möhkəm görüb, tutduğu işləri ərinə danışdı. Onlar Cyannettanı almağı özləri üçün nalayiq bir şey hesab etsələr də, buna razı oldular, çünki öz oğullarını arvadsız ölü görməkdənsə, onun tayı olmayan bir qızla diri görməyi üstün tutdular. Çox götür-qoydan sonra belə də elədilər; Cyannetta çox sevindi, onu yaddan çıxarmayan allaha sədaqətli bir qəlblə şükürlər etdi; bununla belə o həmişə özünə pikardiyalının qızı deyirdi. Cavan oğlan sağaldı, hamıdan yaxşı, ürəkaçan bir toy elədi, Cyannetta ilə çox gözəl yaşayıb, ömür sürdü.

260 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
ISBN:
978-9952-8125-9-7
Правообладатель:
JekaPrint

С этой книгой читают

Новинка
Черновик
4,9
165