Читать книгу: «Bu yay da belə keçdi̇. Şerlər», страница 2

Шрифт:

Şairlik qəlb yanğısıdı

Şairlik qəlb yanğısıdı,

Onu addan-sandan umma.

Göz yaşı can acısıdı,

Dərd çəkməyən candan umma.

Haqdan dolu olsa sinə,

Odu, nuru çətin sönə…

Qoy, adı xalq versin sənə,

Onu bəydən, xandan umma…

Vahid, arzun açmaz çiçək,

Tər tökməsən ətək-ətək.

Şan-şöhrəti sədəqə tək,

Gəl, sən ondan-bundan umma

Gəmilər

(Dostum Vahid Qaziyə həsr olunur)


Sahillərdə misqal-misqal böyüyər,

Yağışlarda, dumanlarda gecələr.

Enər bir gün göy dənizin qoynuna,

Dəryalarda, ümmanlarda gecələr.

Şahə qalxan dalğalarla oynayar,

Vuran, yıxan dalğalarla oynayar,

Dağdan uca dalğalarla oynayar,

Neçə sirli zamanlarda gecələr.

Üfüqlərdə alovlara qalanar,

Mamırlara, mərcanlara bulanar;

Bu dünyanı dəniz-dəniz dolanar,

Yenə doğma limanlarda gecələr.

Vahid Qazı

14.06.2018

Sən sevgimə irad tutub, qınadın

Sən sevgimə irad tutub, qınadın,

Barı özün vəfasız tək qınanma.

Çəkdi yüz yol imtahana inadın,

İnadımdan əsər qaldı, – inanma!


Öz əlinlə bəzəmişdin yaxamı,

Nişan yerin, hədəf yerin yaxamı?

Naz – qəmzənlə çıxarmısan yuxamı,

Ocaq olub sinəm üstə qalanma.


Mətləbimi ürəyimdə ürəyimdə gizlərəm,

Gecə – gündüz kölgə kimi izlərəm…

Vədə versən, ömür boyu gözlərəm,

Bir şərtinən, nə zamansa gəl amma!

Yenə də bahar gəldi

Yenə də bahar gəldi.

Bu neçənci bahardı?

O başqa bahar idi,

Bu da başqa bahardı.

Kimlər mənə yar idi,

İndi kim mənə yardı?..


O baharda rəngbərəng,

Neçə çiçəklər vardı.

O baharda yağışlar

Başqa cürə yağardı.


O baharın atəşi,

Alovu, közü vardı.

O baharın göyləri,

Səma boyda olardı.


O baharda gözəllər

Necə xonça bağlardı.

O baharda gözlərim

Bir gözəli arardı…

O başqa bahar idi.

Bu da başqa bahardı.


O baharım qeyb oldu,

Sinəmdə odu qaldı.

Gözümdə nuru qaldı,

Dilimdə adı qaldı.


O bahar bircə əlçim,

Bulud tək keçib getdi.

Qərib durnalar kimi

Ömrümdən köçib getdi.

Qapqara saçlarıma

Ağappaq lələk saldı…

O başqa bahar idi,

O bahardan nə qaldı?

04.06.2018

Əlacı yox təkcə Vahid bihalın

20 yaşında bir xatirə dəftərinə yazdığım şer.

05 may 1977 – ci il

Bütün yolu yalnız səni düşündüm,

Xəyalımda cilvələndi xəyalın.

Bir ümidin nəşəsindən isindim,

Sevindim ki, keçib gedər məlalın.


Necə qıyım qəlb ağlaya, göz dola,

Gizli-gizli ürək yana, qovrula,

Günəş ola,

yağış ola,

gül sola,

Necə məni yandırırdı bu halın…


And verdim ki, xoş xəbərlə dönəsiz.

İnsafdımı, parlamamış sönəsiz…

İnanırdım, xəzan gəlməz vədəsiz,

Bulud tutmaz tər üzünü hilalın.


Necə gözəl başa çatdı imtahan,

Məğrur çıxdın neçə qara qorxudan.

Gəncliyini qorumağa hər zaman.

Çox istərdim, çata əqlin, kamalın.


Öz bəxtinə əlindədir ixtiyar,

Arzularla yaşa azad, bəxtiyar,

Unutma ki, hər bir dərdə əlac var,

Əlacı yox təkcə Vahid bihalın…

Gənclik hara çıxıb gedir?

Gəl, qayıdaq ömrümüzün,

O qayğısız, şən çağına.

Bir də ataq özümüzü,

O ilk eşqin qucağına.


Geri dönsün on beş yaşın,

Sevincimiz coşub daşsın,

Acıq verək soyuq qışın,

Şaxtasına, sazağına.


Nanə, yarpız dərə-dərə,

Uçaq xəyal uçan yerə,

Yenə də dırmaşaq hərə,

Bir ağacın budağına…


Yenə səni andı ürək,

Əvvəlki tək yandı ürək,

Xatırladım kövrək-kövrək,

Düşdüm sənin sorağına.


Zaman su tək axıb gedir,

Canımızı yaxıb gedir,

Gənclik hara çıxıb gedir?

Ömür dönür göz dağına…

Gördüm

Sinif yoldaşım, dostum Nizami Bayramova həsr edirəm.


Dostum Nizami Bayramov


Aradım dayazda, üzdüm dərində,

Tilsimlərlə dolu yüz hikmət gördüm.

Göylərə bağladım ümidlərimi,

Tağında min cürə qıfilbənd gördüm.


İnsandı dünyanın zinəti, tacı,

İnsanın enməsi acıdı, acı.

Ata, ana, oğul, qız, qardaş, bacı;

Hərədən min cürə məhəbbət gördüm.


Cocuqluq çağlarım düşdü yadıma,

Üz tutdum elimə, ata yurduma,

Nizami aslan tək gəldi yardıma,

Qəlbində dostluğa sədaqət gördüm.


Ay Vahid, şairlər gördüyün deyər,

Onu kim susdurar, onu kim əyər?

Elimə, dilimə verirəm dəyər.

Hər sözdə xalqımdan əmanət gördüm.

Şair sözü şirin şəkər

Suyu bumbuz dağ şəlaləm.

Suların qurumaz ola.

Yamaclarda bitən laləm,

Bağrın qara olmaz ola…


Bahar gələ, güllər aça,

Bənövşələr ətir saça.

Könlüm yara sarı uça,

Gözüm yolda qalmaz ola…


Şair sözü şirin, şəkər,

Gah sevinər, gah qəm çəkər…

Nə gözünə duman çökə,

Nə yanağı solmaz ola…

Bakı 2018.15.05

Həkim

Doktor Müşfiq Mirzəyevə həsr edirəm.


Bir dərd daşıyıram gör neçə ildi,

Bu dərdə dağ dözməz, daş dözməz, həkim.

Qəlbimə tökülən göz yaşlarından,

Od tutub yansa da, can bezməz, həkim.


Bir yandan Kəlbəcər, bir yandan Laçın,

Bir yandan Tərtərçay, bir yandan Xaçın,

Bir yandan Ağdamım, – suları qırçın,

Murov boyda dərdi kim görməz, həkim?


Yağı düşmən tutub qədim Qalanı,

Qubadlı, Füzuli, Zəngilan hanı?

Tutduq üzümüzə Çocuq-Mərcanı,

Abdal-Gülablıdan səs gəlməz, həkim.


İrəvan dəyişib oldu Yerevan,

Göyçə gözəlini etdilər Sevan;

Sülhsevər xalqıma tutdular divan,

Üzüm həşrə qədər ta gülməz, həkim


Yandırır Zəngəzur həsrəti bizi,

Ot basır biz keçən çığırı izi;

Həsən Mirzə yurdu Dərələyəzin

Yanğısın Araz da söndürməz, həkim.


Həsən Mirzə


Yuxuda görürəm Cıdır düzünü,

Ağdərəm, Xocalım cırır üzünü.

Tənha Dəldağım büküb dizini,

O məğrur qaməti düzəlməz, həkim.


Xankəndi, Cəbrayıl düşmən əlində,

Seyranə çıxırlar Sərsəng gölündə.

Yanır çəmənim də, yanır çölüm də,

Yurdum nə dirilməz, nə ölməz, həkim.


Kədərdən, qəhərdən tutulur boğaz.

Bu dərdə yüz həkim bir çara tapmaz;

Qurdla qiyamətə qalanda qisas,

Bu dərdən kim yanıb üzülməz, həkim.

Aşiqin oldum

Baxışın bal kimi işləyir qana,

Bu bir sevda toyu, könül yarışı.

Kəlmələr düzülür yenə yan – yana,

Yağır ağ vərəqə tər gül yağışı…


Səhər şəfəqləri dumanda itir.

Qəm gələn yolları çən alır yenə.

Dodaqda bir alqış öpüşü bitir,

Bir nəfəs boğazda daralır yenə.


Əl vurma, ay gözəl, pəjmürdə – halam.

Baxdım gözlərinə, gözlərim doldu.

Deyəsən, dağıldı bu güvənc qalam,

Deyəsən, mən sənin aşiqin oldum…

Fağır kişi

Köhnə qəhvədanı qoymusan dəmə,

Gözlərin hayana de, baxır, kişi?

Yaz gəlir, sən isə batmısan qəmə,

Üstündən, başından dərd yağır, kişi.


Yamaqlı pencəyin batıb paxıra,

Gözlərin əriyib, düşüb çuxura.

Hər səhər naxıra, axşam axura,

Nə qədər uzanar bu naxır, kişi?


Yüz dəfə sökmüsən nimdaş palanı,

Noxtan, çulun hanı, çubuğun hanı?

Tək sənmi çəkirsən ağır kotanı?

Yükün ağırdımı, ay ağır kişi?


Taylılar tapmasa əgər tayını,

Kəsməz həşrə qədər ahu – vayını

Doyunca aldınmı, kötək payını?

Dur Əhməd dayını di çağır kişi.


Yerdə sürünməkdən ağrıdı dizin,

Uşaqlar yanında qaradı üzün…

Vallahi, çatışmır beş arşın bezin,

Bürünüb gedəsən, ta fağır kişi.

07.03.2018

Dördlüklər

1.

Bir sözü demədən diqqət et ki, sən,

Sonra peşman olub, üzülməyəsən.

Yerdə də, göydə də olsa məskənin,

Haqq özü yaxandan tutacaq sənin.

2.

Demişdin, bu dünya fanidi, fani,

İndi bu kəlama inandım, Allah.

Sorsalar, hardadı haqqın divanı,

BaşImın içində, – deyərdim, Vallah!

3.

Bu ömrü özümə bağlayım necə?

Pərişan günlərim sanki can çəkir.

Axşamdan səhərə qurtarmır gecə,

Səhərdən axşama bircə an çəkir

4.

Neyləyim, bilmirəm belə baharı?

Güllərdən yoluma xalı sərmədi.

Axdı gözlərimdən bütün suları,

Nə fayda, bir çəngə ot cücərmədi.

5.

Ey mənim sevdiyim qoca adamlar,

Əfv edin, getdiniz, tuta bilmədim.

Əlçatmaz oldunuz uca adamlar,

Nə qədər böyüdüm çata bilmədim…

6.

Şirin xəyallara tez uyur beyin,

Acını kim sevir?

– Onu bulanmı?

Hansı gözəl olur, özünüz deyin,

Acı həqiqətmi, şirin yalanmı?

7.

O sirli baxışlar nə idi, Allah?

Tərpətdi, oynatdı yerimdən məni.

Bir zaman nər oğlu nər idim, Allah,

Bəs indi sevərmi yenidən məni?


8.

Seçə bilirsənmi qaranı ağdan?

Dilində şimşəyin gurultusu var.

Yel nə qoparar ki, qocaman dağdan?

Təkcə baş aparan vıyıltısı var.


9.

İnsan deyinəndi, İnsan susandı,

Tənədən usanar, öyüddən qaçar.

İşıqdan zülmətə düşmək asandı,

Oğulsan, zülmətdən çıxmağı bacar!

10.

Sənə nə, kim harda nə əkir, biçir?

Kim harda bulaşır çamura, lilə…

Yerdə sürünməklə gününü keçir,

Nə işin göylərdə uçanlar ilə…


11.

Gedirik gecəni qatıb gündüzə,

Biz olduq bəzirgan, sən xoca, dünya!

Üzünü turşudub baxırsan bizə,

Səndən nə gözləyək, a qoca dünya?

12.

Yurduma elə bil gəlmişdin dünən,

Bu gün öz yerini verdin bahara.

Ay qış, qışlığına qalmadı güvən,

Qarsız ağ üzünü elədin qara…

Dünya köhnə dəyirmandı

Sultan Mərziliyə həsr olunur


Dünya köhnə dəyirmandı,

Çərxi – fələkdən çıxacaq…

Günü dən-dən xəlbirlənir,

Unu ələkdən çıxacaq.


Gül əkdinsə, gülşən olar,

Ömrün – günün çox şən olar,

Dörd yanına dost cəm olar,

Səsin də bərkdən çıxacaq!


Çox axıtma gözdən yaşı,

Səni başa düşməz naşı,

Bahar gəlir, – yaz yağışı,

Soyuq küləkdən çıxacaq.


Haqq yolunda yürü mətin,

Demə, işim oldu çətin…

Gün gələcək, şan – şöhrətin,

Neçə ürəkdən çıxacaq.


Çəmənlidə əkdim gülü,

Sultan, şad elə könülü;

Qürbət üzməsin bülbülü,

Əlacı Təkdən çıxacaq!


Sultan Mərzili

Rübailər

Təzə tər güllərim üzüldü getdi,

Şehi gözlərimə düzüldü getdi,

Bir ömür vermişdi payıma Allah,

Qum kimi ovcumdan süzüldü getdi!


Günəş üfüqə döğru sallanır fağır-fağır

Bir günün də üzünə xal düşür ağır-ağır…

Nə keçən günə üzül, nə qaranlıq gecəyə,

İşıqlı sabahların qatı zülmətdən doğur…

Qaldı

Yusif Məmmədovun xatirəsinə


Buludlar bürüdü göyün üzünü,

Ulduzlar sayrışa – sayrışa qaldı.

Sevənlər çəkildi yuvalarına,

Küçələr küləyə, yağışa qaldı.


Zaman oxu qoyub, çəkdi yayını,

Yetirdi ömrünə xəzan ayını.

Budaqlarda qalan nubar payını,

Sərçələr bölüşə – bölüşə qaldı.


Ey köçüb gedənlər, əfv edin bizi,

Yaşada bilməsək xatirənizi…

Bir daha görmərik xoş çöhrənizi,

Ümid qiyamətdə görüşə qaldı


Dərdi yük eləmə

Mehman Göytəpəliyə həsr olunur

Kiminə avtomobil çarpır,

kimini ildırım vurur,

kimini də hansısa bir vələd…

Mənisə dərd vurub, dərd…

O dərd namərd…

(şair Mehman Göytəpəli)

Dərdi yük eləmə özünə, şair!

Dərd də səni görüb yaxandan keçir.

Elə mindirmisən qəmi urvata,

Sevinc qəmli – qəmli yaxından keçir!


Yol çəkən gözlərin gözləyir kimi?

Yorğun baxışların izləyir kimi?

Dilin susa – susa gizləyir kimi?

Dünyanın soyuğu yuxundan keçir.


Hikməti olsa da naşı dünyanın,

Canına od düşsün yaxşı dünyanın…

Güləndə pozulur naxışı dünyanın,

Elə bil varından – yoxundan keçir.

05.01.2018

Şair Mehman Göytəpəli

Mehman Göytəpəliyə həsr olunan qəzəl

Eşqinin fikri yenə eylədi avarə məni,

Od tutub yandı dilim, tez yetirin yarə məni.


Çəkirəm həsrətini, qıyma sola güllü bağım.

Görməsin qoy rəqibim, eyləmə biçarə məni.


Bülbülün naləsinə dözməyə yoxdur qərarım,

Sonda minnətçi edər göz yaşım ol xarə məni.


Mən sənin aşiqinəm, sən kimə uydun gözəlim?

Rəhm edib bəlkə əzəl, çəkdirəsən darə məni…


Bir neçə sətri düzüb qoşdu Vahid Mehman üçün,

Qəbul eylər, sanıram, etməz üzü qarə məni!


02.09.2017

Qaldı

Üyütdüm günləri dəyirman kimi,

Qaldı, baş aparan çax-çaxı qaldı

Nə umdum, ömrümə yazıldı nələr?

Dilimdə gileyi, ah-vahı qaldı.


Əkdiyim ağaclar vermədi bəhər,

Üzdü boğazımı acı bir qəhər…

Bu günü yaşadım elə bir təhər,

Üzun bir gecəsi, sabahı qaldı.


İstədim söz satam, alan olmadı,

Ciblərim boş qaldı, kalan olmadı.

Vallahı, bir qazanc-filan olmadı,

Borclarım uzun bir siyahı qaldı.


Vahid, ağ günlərim dara çəkildi,

Üstünə kədərli qara çəkildi…

Sevincli günlərim hara çəkildi?

Əlimdə çox ağır günahı qaldı.

28.07.2018

Murov dağı

(Dostum Mailə həsr olunur)


Murov, səndən gileyliyəm,

Zirvələrdə qarın hanı?

Quzeylərin sənə qalsın,

Güneylərdə barın hanı?


Döyəclədik nala-mıxa,

Yurd-yuvamız çıxdı yoxa…

Qaldıq sənə baxa-baxa,

Heç demədin varın hanı?


O tərəfin Göyçə eli,

Bol-bol bitir həsrət gülü…

Kim ovudar bu könülü,

Soruşanda yarın (1) hanı?


Kəlbəcərinm əsir-yesir,

Yollarını yağı kəsir…

Xaçın, Tərtər umur, küsür,

Vətən oğlu, yarın hanı?


Hanı mənim elim, obam?

Zülfüqarlı, Dəmirçidam,

Başlıbelim, başsız qalam,

Soruşacaq bir gün babam-

Ağkilsədə (2) gorum hanı?

1. İkinci hissə.
2. Aşıq Ələsgərin məzarı nəzərdə tutulur

Aşıq Haşım Qubalıya həsr olunan dörd şer

Kənddəki evimin eyvanındayam,

Ürəyim narahat, özüm rahatam

Bir baxış, bir ülfət, bir sən çatmırsan,

Bu rahat dünyamın gözünə qatam

(Aşıq Haşım Qubalı)

1.


Aşıq Haşım Qubalı


Bu köhnə divarlar nələrə şahid,

Acı xatirələr indi bal dadır.

Aşığın sözünə çox uyma, Vahid.

Hər şeyi çatır da…

Bizi aldadır!


Xaçmazdan Qubaya beş addım yoldu,

Yolunun üstündə tikanmı boldu?

Gəlib – gedəni yox, ayı il oldu,

Ata ocağının gözü yoldadır.


Günə-güzərana olmuşuq əsir

Başda duman gəzir, soyuq yel əsir.

Ümidsiz sabahlar ümidi kəsir,

Neyləyək, başımız qalmaqaldadır.


Aləmə bəllidir sözün söhbətin,

Dost-tanış yanında çoxdu hörmətin.

Yadından çıxmayır ilk məhəbbətin,

Yarası sinədə, adı qoldadır.


Aşıq, çox bicliyə qoyma özünü,

Qoy Vahid söyləsin sözün düzünü,

Nə yaş, nə də zaman əyməz dizini,

Qocaldım deyirsən, gözün xaldadır.



Aşıq Haşımın Qubadakı evindən açılan mənzərə

Yadındamı, səni harda görmüşəm,

Kövrək təbəssümlə könül vermişəm.

Şamama üzmüşəm, nar da dərmişəm

Haşımam bax, həmin bağındayam mən…

Edirsən

Oxuya bilmirəm, başım qarışıq,

Zərif misralarla tufan edirsən.

Bağbandan icazə aldınmı, aşıq?

Ya bəlkə xəbərsiz talan edirsən.


Təzə sevdalara düşdünmü yenə,

Hicrana, vüsala dözərmi sinən;

Əgər verilibsə bir özgəsinə,

Vallahi, nahaqdan qan – qan edirsən.


Bəxtəvər yaradıb səni yaradan,

Eşqin cövhərini qoyub binadan,

Anlamaz bu eşqi hər cahil, nadan,

Sən sazla, söz ilə bəyan edirsən.


Vahidəm, çox gəzdim aranı, dağı,

Ən gözəl dövrandı cavanlıq çağı,

Bar dərdim, bağlara olmadım yağı,

Bir deyən olmadı ziyan edirsən.

Aşıq Haşım Qubalıya

Açılmır nə sazın, nə sözün baxtı,

İndi müğənnilər zəbt edib taxtı…

Sözlərin nur kimi qəlbimə axdı,

Elə bil, göylərdə süzürəm, aşıq.


Sən haqqı nahaqqa verməzsən heç vaxt,

Sənətin yolunda gedirsən sərvaxt,

Yollara çıxmazsan vaxtsız, baxtabaxt,

Mən səni şam ilə gəzirəm, aşıq.


Hünərdi əldə saz girmək meydana,

Qoşma, təcnis demək mərdi mərdana…

Sənin tək aşığı doğmaz hər ana,

Demə, yoruluram, bezirəm, aşıq.


Vahidin qələmi itidir hələ,

Azmı tərif yazıb neçə gözələ?

Allahın yolunda cani-dil ilə,

Mən də hər çətinə dözürəm, aşıq.

27.10.2018

Üz gözəlliyi

Aşıq, vədəsində deyilən sözün,

Olar öz hikməti, öz gözəlliyi.

Nur saçar ürəyə, gözə könülə,

Səsin məlahəti, söz gözəlliyi.


Axşamdan sazını simləyib, köklə,

İntizar içində sabahı bəklə*

Səhər toy evinə üz tut ürəklə,

Sağına, soluna düz gözəlliyi.


Çoxları bənd olur gözəl çamala,

Kimdi nəzər salan əqlə, kamala?

Vahid də istəyər kamını ala,

Onu da məst edər üz gözəlliyi…


* – gözləmək

27.10.2018

Təcnis

Qoydum dostlarımı intizarımda,

Tənha dolanıram yenə bu dağı.

Bir budaq üstündə tutmuşam qərar,

Əlim silkələyir neçə budağı.


Namərdə tay olar namərd, – mərdə mərd.

Haqqı tanımayan Namürddü, Namürd…

Elimiə, obama dağ çəkən namərd,

Mənim də sinəmə çəkdi bu dağı…


Zaman saçlarıma saldı gözəl dən,

Getdi ağıl əldən, getdi göz əldən,

Vahid yığ gözünü gəl o gözəldən,

Al gözün önünə sən o bəd ağı…

Bu dağın yamacında

Kəlbəcərli dostum Mail müəllimə həsr edirəm.


Dostum Mail


Bu dağın yamacında

gəl quraq bir alacıq,

Dörd yanımız gül-çiçək,

səma aydın, göy açıq.

Dizimizdə təpər də

olsun dostum, azacıq,

Dolaşaq yurdumuzu

Gecə-gündüz döymadan…


Gəl, baş-başa dayanaq

göydə buludlar ilə

Öpüşək çiçəklərlə,

yam-yaşıl otlar ilə,

Bulaqların gözündən

süzülək gilə-gilə,

Ömürdən ötüb keçən

günümüzü saymadan…


Dolaylarda nəfəsim,

silinməz ayaq izim…

Vətən bizim, el bizim,

Yurd bizim, yaylaq bizim.

Meşə bizim, çay bizim,

El bizim, oylaq bizim…

Yaşadaq bir daşına,

Kəsəyinə qıymadan…

Vətən dərdi ağırdı…

Cəfakeş İnsan, Ağdam torpağının mərd oğlu, əsil vətəndaş alim Zaur Qarabağıyə həsr edirəm.



Zaur Əliyev


Vətən dərdi ağırdı,

Əritdi bu dərd bizi,

Düşmən yumşaq tanıdı,

Heç görmədi sərt bizi…

Qınadı lağa qoyub

Nə qədər namərd bizi,

Bu ağır qınaq ilə

Böyüdük, yaşa dolduq…


Düşmənlər dost adıyla

Gəldilər, dillənmədik,

«Baran» deyib, «xər» deyib,

Güldqülər dillənmədik,

Oba-oba, kəndbəkənd

böldülər, dillənmədik,

Zalımlara baş əydik,

Qatillərə qul olduq.


Başbilənlər yaxşıca

Piylədi başımızı,

Üstümüzə uçurdu,

Olan dam-daşımızı.

Taladılar quldur tək,

Çatmadıq qaşımızı,

Sonuncu köynəyəcən

Soğan kimi soyulduq.


Axışdıq küçələrə,

«Hüriyyət» deyə-deyə

Xain kommunistlərin

Kölgəsin döyə-döyə…

Sonra tutulub qaldıq:

«Bizə kim dursun yiyə?»

Elə bildik oyandıq,

Elə bildik ayıldıq…


Sinə gərə bilmədik

Tufanlara, sellərə.

Çörək dərdi dərd oldu,

Oğullara, ərlərə…

Vətəni tərk eləyib

Üz tutduq yad ellərə,

Neçə – neçə ölkəyə

Qərib kimi yayıldıq…


Nazir, fəhlə, müəllim…

Yumruq kimi birləşək.

Bu yumruqla düşmənin,

Acgöz gözünü deşək.

Vətən üçün, yurd üçün

İgid kimi döyüşək,

Bəlkə biz də axırda,

Böyük millət sayıldıq!!!

Ramiz

Ramiz Bayramov


Neçə ürəklərdə yerin, yurdun var,

Neçə ürəklərə yol alan Ramiz.

İçində təpərin, yanar odun var.

Adıyla, varıyla var olan Ramiz.


Dünya çox salasa da səni oyuna,

Zərrəcə gəlmədi xələl boyuna,

Adına, sanına öz kök-soyuna,

Oldun çox layıqli bir oğlan Ramiz.


Qəm yemə, ağrılar keçib gedərdi.

Dərd özü sənin tək üzü gülərdi.

Dərdə qalıb gələn fövqəl bəşərdi.

Dərd sənin yanında bir yalan, Ramiz!


Nə xoşdu ülfətdə olmaq səninlə,

Könül fərəhlənir şirin dilinlə…

Yaşa, öz yurdunda,

sən öz elinlə,

Olsun bu dünyada bir qalan, Ramiz!


****


Könüldən könülə yüz yol çəkmisən,

Yüz yol da çəkməyə gücün var, Ramiz.

Ömür bağcasında çox gül əkmisən.

Başında güllərdən tacın var, Ramiz.


İnsan bu dünyada beş gün qonaqdı,

Onu Allah bilər, haqdı, nahaqdı.

Ağrı da, kədər də ömrə sınaqdı,

Bilirəm, çox ağrın, acın var, Ramiz.


Bərk yapış həyatdan, eldən obadan.

Yaxşı ol, həmişə gəlsin xoş sədan.

Başının üstündə Uca Yaradan,

Yanında qardaşın, bacın var, Ramiz.


Vahid sənə yazdı beş – üç kəlməni,

Həmişə yanında bir dost bil məni…

Süpür at yolundan dumanı, çəni,

Atanın ruhundan öcün var, Ramiz!

Alır

Ağıllı başların cibləri boşdu.

Dünyadan kamını elə gic alır.

Zamana güvənib sərvət yığsa da,

Zaman özü gəlib ondan bac alır.


Üstünə yağsa da tənələrdən daş.

Məsləkin yolunda ürəklə savaş…

Əvvəl baş verməyə qəsd eləyən baş,

Sonra öz başına qızıl tac alır.


Dərə keçməlidir zirvəyə gedən,

Çətinə dözdükcə bərkiyər bədən…

Vahid, qorxaq olur nəfini güdən,

Savab sahibləri Haqdan güç alır.

Kəhriz

Kəhrizin başında Qarabağ yanğısı


Canıma illərin yanğısı düşüb,

İzin ver, suyundan doyunca içim,

Sərçələr yuvadan çıxana qədər,

Dəcəl kəpənəklər duyunca içim.


Çox uzun, çox ağir yol gəldim sənə,

Atəşdən od tutub alışır sinə,

Neçə parç içim ki, bu yanğım sönə?

Nizami birbəbir sayınca içim.


Vətənim, el-obam ümid çırağım,

Nur olum dağına, düzünə yağım…

Mənsiz axıb gedən İsa bulağım

Babalı boynuma qoyunca içim.


Kəhrizim, üstündə gördüm bağca-bağ,

Budaqlar üzünə çəkibdir duvaq…

Qürbətdən yol alan qonağam, qonaq,

Dayanım, həsrətim boyunca içim.


Vahid, Allah bizə verməsin səbir,

Ağdamsız bu dünya qəbirdi, qəbir

Qarabağ yanğısı sönərmi de bir,

İstər lap Arazın suyunca içim.

Ağdam haqqında ballada

Xəbər alsan bu vilanın əhvalın…

(Qasım bəy Zakir)


Ərz eləyin məndən Zakir babama,

Bu vilada necə qalmaqal oldu..

Olan oldu, ölən öldü, qalan yox,

Dağlar, düzlər qanımızdan al oldu.


Ağdam adlı bir şəhərim talandı,

Damı, daşı alovlara qalandı,

Zülüm qalxdı, yeri, göyü dolandı,

Dünya gördü, amma susdu, lal oldu.


Məscidimdən azan səsi kəsildi,

Kəndlərimdən ozan səsi kəsildi.

Neçə-neçə yazan səsi kəsildi,

Neçə-neçə ürəklərdə xal oldu.


Toy evimi yağı döndərdi yasa,

Başımıza kül ələdi bir kasa…

Əllər yalın, ürək dolu, dil qısa,

«İgidlərin „əlif“ qəddi „dal“ oldu».


Gülablımın bulaqları durulmaz,

Beşbulaqda alaçıqlar qurulmaz.

Nənəqızlar halayında yer olmaz,

Bağbanların almaları kal oldu.


Qozlu bağa elə bil ki, od düşdü.

Şelli narı budaqlarda büzüşdü.

Güllücədə toz dumana qarışdı,

Qarağacı qəbristanı yol oldu.


Yüsifcanlım tər çiçəyə bürünmür,

Şahbulağım dumanlardan görünmür,

Hanı Kötəl, izi-tozu bilinmir,

Qullar dönüb quldurlara qul oldu.


Mərzilimdən nə səs gəlir, nə səda.

Xudu yurdun bürüyübdü qan-qada,

Muradbəyli nalə çəkir ortada,

Seyidlidə üzüm qaldı bal oldu!


Əhmədavar, Ətyeməzli, Qiayaslı,

Xaçın yaslı, Qarqar yaslı, mən yaslı…

Bazarında ta görünmür Zarıslı,

Kəngərlidə qaratikan kol oldu.


Neçə – neçə igidlərim şəhiddi,

Hesabına Bircə Allah şahiddi.

Baş küçəmin daşı üstə daş bitdi,

Neçə-neçə qız-gəlinim dul oldu.


Mən nə yazım, kim anlayar dərdimi?

Uzundərə üzün yerə sərdimi?

Köçüb gedən durnaları gördümü?

Geri dönmür, görən neçə il oldu?


Bu Maqsudlu, Bu Nəmirli, bu Cinli,

Qərvənd vardı, bu ölçülü, biçimli,

Ağam vardı, əsli-kökü Laçınlı,

Çəmənlimdə tənha bitən gül oldu!


Boyəhmədli, Əliağalı, Kolanlı,

Sevindirməz gözü yolda qalanı,

Qaramanım, qov başından dumanı,

Bəlkə səndən həzin əsən yel oldu.


Yurdum mənim, sənə həsrət qalandan,

Dərdli Vahid çıxdı dindən, imandan,

Gileyim var, Mehdi Sahib-zamandan,

Göz yaşlarım axıb, axıb sel oldu!

31.08.2018

Şahmar Əkbərzadəyə

Anam bir sonaydı, nənəm bir sona…

(Şahmar Əkbərzadə)


Sözləri kəlmə – kəlmə

Elə şirin deyirdin,

Hər sözünün önündə,

Çiçəklər büzüşürdü.

Ürəyimdən çəkilən

Sarı simə dəyirdin,

Gözlərimdən üzümə

Şeh damlası düşürdi…


Şahmar dedi adına

Bir zaman atan, anan,

Şahmar kimi sərt ola

Bəlkə üzün hər zaman…

Sən Şahmar yox şah idin

Gözlərindən nur daman, —

Üzündə payızla yaz,

Qışla yay öpüşürdü.


Ayrı cür yaratmışdı

Səni ana təbiət,

Bir kimsəyə haqq-nahaq,

Eyləməzdin nəsihət.

Hamıya ərk edərdin,

Amma qoymazdın minnət,

Yalançılar, sözbazlar

Yanından sivişirdi.


Çəmənlidən başlayan

Dünyalara yol aldın,

Yollar üstə açılan

Yaz nəfəsli gül oldun…

Yandın Vətən eşqinə,

Qovurğa tək qovruldun,

Canın odun, atəşinin

Közlərində bişirdi.


Vətən elə Vətəndi,

Altı nədi üstü nə?..

Sona dedin anana,

Sona dedin nənənə.

Həyat müjdə gətirdi

Altmışıncı sənənə,

Ana torpaq qoynunda

Əzizlər görüşürdü…

30.08.2018

Бесплатный фрагмент закончился.

400 ₽
Жанры и теги
Возрастное ограничение:
6+
Дата выхода на Литрес:
14 июня 2017
Объем:
171 стр. 86 иллюстраций
ISBN:
9785448531552
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, html, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают