Читать книгу: «Bu yay da belə keçdi̇. Şerlər»

Шрифт:

© Vahi̇d Çəmənli̇, 2018

ISBN 978-5-4485-3155-2

Создано в интеллектуальной издательской системе Ridero

Vahid Çəmənli


Ömür adlı qatarın belə sürətlə hərəkət etməyi xəyalıma gəlməzdi. Mənimlə birgə yola çıxanların da qatardan belə tez düşəcəyini güman etməzdim. Amma, sən demə qatarlar dayanacaqlardan keçəndə hər kəs öz dayanacağında düşməli imiş. Mənim yol yoldaşlarımdan qatarı ilk tərk edən babam Abbas kişi oldu. Sonra anam Pərizad, atam Valeh, xalam Səriyyə, sonra İdris dayımla İsa dayım bir – bir qatarı tərk elədilər. Hürizad xalam xeyli yol yoldaşı oldu mənə. Sonra bir gün o da haqqın dərgahına qovuşdu.

Mənim sevdiyim insanlar! Bu gün mən sizin yer üzündə yaşayan səsiniz, sədanızam. Qələmə aldığım… yox, ürəyimin ən dərin guşələrindən süzülüb gələn bu misralarda sizin sevgi dolu qəlbinizin çırpıntıları yaşayır. Bu çırpıntılar mən durduqca vuracaq Sonra bir gün mən də estafeti sizin üzünü görmədiyiniz, amma sizi andıran nəvələrinizə, nəticələrinizə verib qatarı tərk edəcəm. Bilin ki, mən heç zaman sizi unutmadım. Həmişə ürəyimdə yaşadınız. Həmişə ürəyimdə yaşayacaqsınız.

Əzizlərim, mən bu kitabı sizin xatirənizə həsr edirəm!

Sizi canı qədər sevən Vahid Çəmənli.

Minnətdarlıq

Daha bir kitabla qarşınızdayam, əziz oxucularım. Sizin qarşınızda imtahan vermək asan deyil.


Qəlbinizdə şerə, sözə dərin maraq olduğunu, həm də mahir söz sərrafı olduğunuzu bilə – bilə yenə özümü oda atmışam.


Bilmirəm, yazdığım bu cızma – qaralar könlünüzü oxşaya biləcəyəmmi?


Amma bu kitabdan tək bircə şer, tək bircə bənd, tək bircə misra, tək bircə söz də xatirinizdə qalsa, özümü xoşbəxt hesab edərəm.


Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.


Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 – sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi – yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam – anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.


Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.


Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim – Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim – Sizə minnətdaram.


Mənə göstərdikləri səmimi münasibətə görə, hal – hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.


İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.


Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova… minnətdaram.


Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev – Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.


Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.


İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.


Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.


Adını sevə – sevə andığım, atamın dostu, uşaqlığımdan bu günə qədər dərin bir məhəbbətlə sevdiyim Məhəmmədəli əminin övladları Cəfər bəy, Aydın bəy, bu gün həmin sevgini izafisi ilə mənə bəxş etdiyiniz üçün Sizə minnətdaram.


Müasir Azərbaycan Ədəbiyyatının azman nasiri, şairi, filosofu Firuz Mustafa müəllim, mənə göstərdiyiniz etimad üçün Sizə minnətdaram.


Bu kitabın ərəsəyə gəlməsində böyük əməyi olan dostum şair Vidadi Ağdamlıya minnətdaram.


Dostum, ellim, şair Zaur Ustac, zəhmət çəkib ön söz yazdınız. Bilirəm ki, bu asan olmadı. Ön söz kitabın simvoludur, onun vizit kartıdır. Zəhmətinizə görə Sizə minnətdaram.


Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə, oğlanlarım Valeh, Aydın sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.

Hörmətlə: Vahid Çəmənli


Ön söz

Bu yay da belə keçdi» -Allah bilir daha neçə belə yaylar keçəcək…

«Bu yay da belə keçdi» -yə keçməzdən əvvəl Vahid Çəmənli adının, imzasının üzərində bir az dayanmaq istəyirəm. Vahid Çəmənli – bu imzadakı Vahid elə Vahiddir bunun şərhə, əlavə izahata ehtiyacı yoxdur. O ki, qaldı Çəmənliyə bu torpaq olduqca müxtəlif sahələrdə sayılıb-seçilən, dəli-dolu oğulları ilə məşhurdur. Bu gün belə oğullardan biri Vahid Çəmənlinin sözünün hənirtisinə isinib, kölgəsində sərinləməyə çalışacağıq… Sözün əsl mənasında çox qurşaqlı iqlimə malik Azərbaycan torpağından pöhrələnib, qol-budaqlı söz ağacına çevrilmiş Vahid poeziyası elə zəngin və rəngarəngdir ki, onun bir budağında istədiyin qədər ağlamaq üçün bəhanə tapıb, ürəyini boşaldana qədər hönkür-hönkür ağlaya, digərində zəmanənin çirkin insanlarının eybəcər əməllərinə için-içindən gedənə qədər acı-acı gülə, bir budağında tənhalıqdan üşüyən zaman isinə, digərində isə üz qızardan əmməlləri görməmək üçün qaçıb, gizlənmək, necə deyərlər sərinləmək olar… Söz istidən düşmüşkən gələk «Bu yay da belə keçdi» məsələsinin üstünə… Vahid qardaşım bu işə Sənin əsrin dördə birindən çox vaxt ərzində gözünün nurunu, saçının qaralığını, qəlbinin fərahlığını verib böyütdüyün bu qollu-budaqlı söz ağacının (lap həyətimizdəki, Ağdamın dörd bir tərəfi görünən hündür qoz ağacı yadıma düşdü…) ən hündür budağından əlini gözünün üstünə qoyub göz işlədikcə baxdıqda belə görünür ki, «bu xəmir hələ çox su aparacaq…»

«Qardaşım, bu söhbəti hər gecə təkrarlanan bir yuxu ilə yekunlaşdırmaq istəyirəm. Ancaq, yuxuya keçməzdən də əvvəl onu qeyd edim ki, mən yuxu məsələləri üzrə mütəxəsisəm və bu barədə də köklü-köməcli bir yazım var. Hər bir yuxunun istər iradi, istərsə də qeyri – iradi bir əsası olmalıdır. Yəni mən yuxumun iki iradi əsasını reallıqda görmüşəm. Bunun birincisi Biçənək aşırımında Naxçıvanın dövlət sərhəddində əsas magistral asfalt yolun üzərinə tökülmüş, lap Qarqadan yığılan qrabilə oxşayan bir-neçə «samasvalt» şeben, bir də Dördyoldan üzü Ağdama tərəf gedəndə yolun üzərindəki topalar (Aqil Abbasın filmində) …

Hə indi gələk yuxuya – hər gecə yuxumda görürəm ki, reallıqda gördüyüm bu topalar kimi topanın üstündən keçib Tək Söyüdün yanından sevinə-sevinə kəndimizə tərəf gedirəm, qəflətən üzümlükdən çıxan öz əsgərlərimiz məni tutub saxlayırlar ki, bəs, sən qayda-qanunu pozmusan belə olmaz. Kor-peşiman yuxudan oyanıram. Səhərə qədər də yuxunun təsirindən çıxa bilmirəm, deyirəm, elə bu saat gəlib məni aparacaqlar. Indi mənim qardaşım, bizimki qalıb ancaq, Allaha. Uca Yaradan özü bizə kömək olsun.

Bu işlər düzəlsin, Sənin bu söz ağacın da ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşaallah…

Var ol, qardaşım, Allah uzun ömür, can sağlığı versin, yaz, yarat…

02.08.2018.

Bakı.

Hörmətlə: Zaur Ustac.


Vahid Çəmənli Ziyəddin İsgəndərov adına Ağdam rayonu, Çəmənli kənd orta məktəbin müəllim kollektivi arasında (Ayaq üstə duranlardan sağdan 5-ci Məktəbin Direktoru Taleh Nuruyev)

Lə İləhə İlləllah

Hüzuruna gəlmişəm,

Lə ilahə İlləllah.

Sənə könül vermişəm,

Səndən dönmərəm billah.

Eşqim, amalım QURAN,

Məhəmməd Rəsulallah,

Məhəmməd Həbibullah,

Dostlarım – Haqq dostları,

Əhli Beyti Nurullah,

Lütvünlə məsud elə,

Kərəm eylə, Ya Allah!..


Sənsiz olsam Ya Həkim,

Sənsiz olsam Ya Əziz,

Ərşə çıxan ahımı,

Söndürə bilməz dəniz…

Nəsib eylə, yaşayım

Həyatımı tərtəmiz,

Sızlayan yaralara

Məlhəm eylə, Ya Allah!!!


Səndən başlar dirilik,

Əvvəli, Axiri sən…

Sən Xaliqsən, sən Qüddüs,

Həyatın təməli sən…

Sən Əzimsən, sən Xəbir,

Əliyyü, Vəliyyü sən…

Məni yolunda sabit

qədəm eylə, Ya Allah!!!

Dünyanı sevəni dünya unudur

Nə qədər dünyaya insanlar gəlib?

Milyondan birisən Çəmənli Vahid.

Əvvəlin bəllidi el arasında,

Sonun nə olacaq, nə bəlli, Vahid?


Yurdunu, elini, obanı tanı,

Yolunda mərdanə ver şirin çanı…

Damarda kim tutar çağlayan qanı?

Çox vermə özünə təsəlli, Vahid!


Ürəyim kövrəlib yenə bu axşam,

Suallar önündə çaşıb qalmışam…

Sönərmi meh ilə haqdan yanan şam?

Edər ürəklərdə təcəlli, Vahid.


Hər xalqın öz əsli, öz nəsli, boyu,

Əsli olmayanın quruyar soyu.

Mənim də xalqımı əsrlər boyu

Yaşadar neçə düz əməlli, Vahid.


Özün də, adın da haqdır, uludur,

Yaz, yarat, nə qədər canın suludur.

Dünyanı sevəni dünya unudur,

Yapışma dünyadan dördəlli, Vahid!

Mənim ana dilim

Mənim ana dilim, ulu Türk dilim,

Səni gözüm, könlüm anbaan çəkir.

Bu dildə deyənə, yazana qurban,

Hər sözü, cümləsi şöhrət, şan çəkir.


Bu dildə edəsən yar ilə ülfət,

Dost ilə dəyərli, mənalı söhbət…

Şair, qələminə, təbinə qüvvət,

Hər sözün canımdan sanki can çəkir.


Hər sözün öz dadı, istotu, duzu,

Hər sözdə min gözəl işvəsi, nazı,

Nəğməmdə Ələsgər sazı, avazı,

Üzeyir bəstəyir, zilə Xan çəkir!


Rəbbim dil verməyib, dürr verib bizə,

Maşallah, nəmxuda, gəlməyək gözə…

Sanki bal qatılıb kəlməyə, sözə,

Bu şəkər dadını Vahid, qan çəkir.

Amma görüm Ağdam azad Ağdamdı

Ağdamıma həsrət qaldı gözlərim,

Ahıl çağım, nə ağrılı zamandı.

Ağdama yox, Quzanlıya sığındım,

Məni düzgün anlayın haa, amandı.


Quzanlı da öz yurdum, öz məskənim,

Üçoğlana kəm baxana min qənim,

Zəngişalı, Mahrızlı da Vətənim,

Ürəyimdə nəğmə dolu ümmandı.


Xındırıstan Zakirimin Vətəni,

Canım – gözüm, heç qınama sən məni…

Çəmənlimin zümrüd düzlü çəməni,

Hər gülünə göz yaşlarım damandı.


Əfətli də, Çıraqlı da öz qalam,

Baharlı da hikmət qalam, söz qalam,

Mirəşellim, – kövrəlirəm az qalam,

Adın – sanın dilimizdə dastandı.


Qaradağlı, Sarıcalı tağbəndim,

Düşmənlərin boğazında kəməndim,

Oğulların oylaqlarda şir əmdi,

Dör bir yanın bağ – bağatdı, bostandı…


Ağdam yoxdu, yurdum qalıb dirəksiz,

Ürəyim yox, necə dözüm ürəksiz…

Mən razıyam qalım susuz, çörəksiz,

Amma görüm, Ağdam azad Ağdamdı!

Oldu

Bircə gün dərdinlə tənha qalmadın,

Demə, nə dost oldu, nə yoldaş oldu.

Soruşdum çarəni obadan, eldən,

İçimdə çöx böyük bir təlaş oldu


Kimsədən bir kəlmə gəlmədi cavab,

Suallar bağrımı eylədi kabab…

Dedim hayan olum, qazanım savab,

Nəfsimlə ağrılı bir savaş oldu.


Davalar, dərmanlar vermədi fayda,

Sən demə, Tanrıdan beləymiş qayda…

Şam kimi əriyib soldun üç ayda,

Qayğılı ömrünün sonu boş oldu.


Yalvardım, Ya Rəbbim, budumu fəhmin?

Səndəmi susursan, yoxdumu Rəhmin?

Geriyə dönüş yox, elədim təxmin,

Sinəmdə çırpınan ürək daş oldu.


Nə ağla, nə sızla Ay Vahid, dayan,

Gedənə hər bir iş ayandı, ayan…

Tapılsa dünyada səni bir duyan,

Onda utanma, de, mənə xoş oldu.

Ürəyimi sıxan dağlar

Dərdli ananın bu şəklinə biganə qalmaq olmur. Gərək daş olasan ki, əriməyəsən. Bilmirəm, niyə, amma bu şəklə baxdıqca ürəyimdən kağıza bu sətirlər axdı.



Ürəyimi sıxan dağlar,

Uzağın yaxın oldumu?

Üzü bəri baxan dağlar,

Qoynuna axın oldumu?


Bir el vardı, görən oldu?

Hamı pərən – pərən oldu…

Kimlər gülün dərən oldu?

Gül pəmbə taxtın oldumu?


Hanı sənin qızıl vaxtın?

Niyə belə döndü baxtın?

Arxamızca qəmli baxdın?

Baxmağa vaxtın oldumu?


Göz-görəti düşdük oda.

Canım dağmı düşdü yada?

Sənə demədik əlvida,

Həsrətlə baxdın, oldumu?


Başımızı versək belə,

Qayıdarıq əziz elə!

Bir də gördün gülə – gülə,

Yollara çıxdın!

Oldumu!

17.08.2018

Gözlərim doymadı xatirələrdən

Gözlərim doymadı xatirələrdən,

O bahar,

o bəhər dünən oldumu?

Cavanlıq ulduz tək parladı, söndü.

Hüdudsuz göylərdən enən oldumu?


Keçirdim günləri yarıyuxulu,

Ağ bəxtim bu qara nəfsimin qulu…

Elə ilk döngədə itirdim yolu,

Qayıdıb yoluna dönən oldumu?


Dağ dağa söykənər dağ olar Allah,

Bağ bağa baxanda bağ olar Allah,

Sözünə söz desəm ağ olar Allah,

Önündə bir kəlmə dinən oldumu?


Könüldən könülə yol salmaq çətin,

Gərək itməyəydi bir an diqqətim,

Yəhərsiz, yüyənsiz qalan diqqətim,

Təzədən atına minən oldumu?


Ay Vahid, bilmirsən bu hansı çağdı?

Çox şükür Allaha, can hələ sağdı…

Payız yağışları qəlbinə yağdı,

Quruyan çöllərin çəmən oldumu?

Endi

Onu gördüm, əsdi əlim, ayağım,

Od-alovlu yay günümə qış endi.

«Bu sənsənmi?» -pıçıldadı dodağım.

Sinəsinə ağ saçlı bir baş endi.


Üzüm gülür, içimi qəm sıxırdı,

Bu qəm mənim qürurumu yıxırdı…

Solan gülün gözlərinə baxırdım, —

Üstümüzə görən neçə yaş endi?


Halın sordum, heç pozmadı halını,

Tumarladı qolundakı xalını…

Düzəldəndə başındakı şalını,

Elə bil ki, başıma bir daş endi.


Vahid, demə bu ömürdü, həyatdı.

Bu həyatdan qismətinə nə çatdı?

Xatirələr ürəyimi sızlatdı,

Yanağıma iki gilə yaş endi…

Şair Ədalət Bədirxanova həsr olunur

Elə bilmə heç nə duymur Babamız

O, Alimdi o, Hakimdi ay dədə!

Nə yazıq ki, Haqdan gəlmir sədamız,

Ağsaqqal da ta heç kimdi, ay dədə…


Qapazlardan qutarmadı canımız,

Bizlənməkdən yara oldu yanımız,

Dərd-sər ilə çox qaraldı qanımız,

Düzünə de, nə him-cimdi, ay dədə?


Yaramazlar fitnəsindən yarınmaz,

Qara yalan ağ kağıza sarınmaz…

Yüz il axa ta durulmaz, arınmaz,

Bu çaylarda namərd çimdi, ay dədə!

Düşdün burulğana, çox çabalama

Düşdün burulğana, çox çabalama,

Bəlkə qurtarasan, belədi gerçək.

Mindiyin ulağı çox yabalama,

Atacaq üstündən bil səni, eşşək.


Oturub duranda ədəbi gözlə,

Yüzün ovsunata düşər bir sözlə…

Hal-əhval tutanda tut gülər üzlə.

Gülər üz görərsən hamıdan bişəkk.


Hamı yazır, pozur, hamı rəy verir,

Allah yazanlara çox həmrəy verir…

Axır qiymətini yenə bəy verir,

Bəyin saqqalının altından keçək!..

25.08.2016
Bakı ş 15.12.2017

Bir şerin tarixi

1978-ci ilin iyul ayında yazılan bu şeri köhnə şer dəftərimdən tapmışam. Tapmışam deyəndə, bir az qəribə olur. Əslində, bu şer həmişə orada olub. Mən nəsə diqqət verməyib, səhifəni çevirmişəm. Bəlkə bu elə o zaman da, indi də mənim əlçatmaz, ünyetməz bir arzum olub ona görə…

Xatirimdə deyil.

Vallah, kimi nəzərimdə tutub yazmışam o da xatirimdə deyil.

Gözlərimi yumub xəyala daldım.

Ey bu sətirləri yazmağa məni həvəsləndirən, ey şer dəftərimdə sakit, səssiz-səmirsiz yaşayan gözəl, ömrümün iyirmi ikinci baharını ələk-vələk elədim, amma səni xatırlaya bilmədim.

Bu şeri paylaşmaq üçün hazırlayanda bəzi sətirləri dəyişdim.

Məsələn, birinci bəndin üçüncü misrası belə idi:

Çöksün utancaqlıq yanaqlarına…


Axırıncı bənd iki variantda idi.

Çox ağrılı sətirlər vardı, rəva görmədim:


Sonra da ayrılaq!

Üz tutub hərə,

Gedək sən bir yana,

mən də bir yana,

Dönüb şirin – şirin xatırələrə

Səpilək hərə bir evə, ünvana


Bu bəndin üstündən tamam xətt çəkmişdim.

Amma deyəsən əsil həqiqət elə bu bənddə imiş. Ən azından, ikimiz də başqa ünvanlarda yaşayırıq.


Axırıncı bəndin yeni variantının birinci, ikinci sətri də fərqli idi:


Ayrılıq yaxındı, bəs qəlbimizə,

Neyləyək, qonmasın bir zərrə kədər?..


Yox! Heç nə anlamadım.

Görüşə dəvət etmək istədiyinə ayrılıqdan danışmaq çox qəribədir, deyilmi?

Mənim gəncliyimin qızları, siz bahar nəfəsi kimi ilıq, bənövşə kimi utancaq idiniz. Heç zaman başınızı qaldırıb adamın üzünə baxmazdınız. Söz deyəndə yanaqlarınız lalə kimi qızarardı. Bəlkə də ona görə mənim bu şerim xəyallarımda qurduğum bədii lövhədən başqa bir şey deyildi.

Çox maraqlıdır, bu şer dəftərimə mənim öz xəttimlə yazılmayıb. Bəlkə sən var idin, bu şeri dəftərimə köçürməyi mən səndən xahiş elədim.

Bəlkə bu bir məktub idi?

Göndırilməyən məktub…

Dəftərimdə 40 il sükutla yaşayan şerin adını da belə qoydum:

Göndərilməyən məktub

Bir axşam görüşək sahil bağında…

Bir az ürəkli ol, inadı burax.

Şəfəqlər parlasın yanaqlarında,

Arabir qıyğacı gözlərimə bax.


Ürkək addımlarla yerimək niyə?

Gülüşə bələnsin incə dodaqlar.

İpək saçlarına toxunsun deyə,

Üstünə əyilsin körpə budaqlar.


Bir boş skamyaya gəlib yetərkən,

Dincəlmək adıyla oturaq qəstən.

Dərim ulduzları bir-bir göylərdən,

Asım medalyon tək sinənin üstən.


Bir könül bağışla mənə təzə-tər,

Əmanət götürüm təbəssümündən.

Haçan bir də bura yolumuz düşər?

Bu da bir xatirə yay mövsümündən…


Bax, heç nə gəlməsin ürəyimizə,

Qəlbi üşütməsin bir zərrə kədər.

Beləcə sığınıb bir-birimizə

Uyuyaq sahildə səhərə qədər…


Vahid Çəmənli

25 iyul 1978

Bu yayın istisi bir az çox oldu

Doldurub kömürü, basdı körüyü,

Şəfəqlər hər biri yanar ox oldu.

Çaylarım qurudu, qaldı köpüyü,

Bu yayın istisi bir az çox oldu.


Vədəsiz saraldı dağda lalələr,

Boşaldı, boş qaldı zər piyalələr,

Sızqa suya döndü gur şəlalələr,

Bu yayın istisi bir az çox oldu.


Çəmənin ciyəri çöldə alışdı,

Yaşılbaş sonralar göldə alışdı,

Şirin kəlmələrim dildə alışdı,

Bu yayın istisi bir az çox oldu…


Kəhrizin başında dayanıb baxdım,

Keçdi göz önündən qismətim, baxtım…

Əridim, buxar tək göylərə axdım,

Bu yayın istisi bir az çox oldu.

Qalıb

Dünyanın qəmini yığdım üstümə,

Bölməyə nə anam, nə nənəm qalıb.

Ayaqlar yoruldu,

Qollar yoruldu,

Yorulmaq bilməyən bir çənəm qalıb.


Atəşəm, alovam – edirdim güman,

Bilməzdim bu odu söndürər zaman…

Məni oxa basdı çox qaşı kaman,

Süzgəcə bənzəyən bir sinəm qalıb.


Hanı dağ vüqarım, hanı dağ eşqim?

O dəcəl baxışım, o şıltaq eşqim.

Çox verdin ömrümə kef-damaq, eşqim,

Zilimi tükətdin, quru bəm qalıb.


Ay Vahid, qış gəlib, hava ayazdı,

Bir saxla qələmi, nə yazhayazdı…

Tanrım qismətimi şəhərdən yazdı,

Kənddə gözü yolda bir sənəm qallb.

Keçir

Məni bənd eləmə özünə gözəl,

Ömür sətirlənir varaqdan keçir.

İndi necə düşüm izinə gözəl?

Yollarım burulur qıraqdan keçir


Hər səni görəndə əsir dizlərim,

Çaşıram, baş-ayaq olur sözlərim,

İsti göz yaşıyla dolur gözlərim,

Atəşi süzülür yanaqdan keçir.


Vədəsiz gəlmisən solan ömrümə,

Dünyanın kədəri dolan omrümə,

Demərəm bəzək ver qalan ömrümə,

Hər anım tənədən, qınaqdan keçir.


Şirin cavanlığım hara tələsdi?

Qocalıq qış kimi qapımı kəsdi.

Ürək pıçıldayır, həvəsdi bəsdi,

Söz sözə baxmır ki, dodaqdan keçir…


Vahid, qəm eləmə, çatma qaşını,

Kimsədən gizlətmə olan yaşını…

Çevir o gözəldən öz baxışını,

İmanın, dözümün sınaqdan keçir!

Bir izah göndər, Allah

Oddan mələk yaratdın,

Dedin Şeytandı, Allah.

Çərxi-fələk yaratdın,

Dedin zamandı, Allah.


Sudan cahan yaratdın,

Dedin yalandı, Allah.

Torpaqdan can yaratdın,

Dedin İnsandı, Allah.


Yaratdın da yaratdın…

Sonra da bu İnsanı,

Sonra da bu Şeytanı,

Birlikdə Yerə atdın.


Ya məni oddan qoru,

Ya suya döndər, Allah…

Anlamadım mən səni,

Bir izah göndər, Allah!

Qarabağ, ay mənim muğam beşiyim

Qarabağ, ay mənim muğam beşiyim,

Həsrətin əlindən gəlmişəm zara.

Qarabağ, ay mənim evim, eşiyim.

Necə boyun əyim bu sərt rüzgara?


Qırıq ümidimi apardı sellər,

Yol tapa bilmirəm qoca dağlara.

Mənə xəbər verin, ay əsən yellər,

Nə zaman yetəcək əllərim yara?


Dəmir qayalara yazdım adımı,

İndi kimlər yazır adını ora?

Ey Tanrı, özümə qaytar odumu,

Qoyma bu dərd gedə mənimlə gora!

Dağlar oğlu

Azərbaycan Ordusunda layiqli döyüş yolu keçən dostum Mail Adilova həsr edirəm


Mail Adilov


Kəlbəcərin igid oğlu, alqış sənə,

Qarabağda tufanlara gərdin sinə,

Ürəyində odun – közün çətin sönə,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.


Sən döyüşdə ər igidsən, ər oğlu ər.

Güllə özü qorxar səndən, yolun əyər.

O gün olsun, Azərbaycan çalsın zəfər,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.


Elimiz bir, yurdumuz bir, canımız bir,

Damarlarda coşa gələn qanımız bir,

Adımız bir, şöhrətimiz, şanımız bir,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.

Zirvələrə boylanıram

Zirvələrə boylanıram,

Hər tərəfi ağ görünür.

Yamaclarda dolanıram.

Gül-çiçəkli bağ görünür.


Qaçhaqaçda keçir ilim,

Yanır əlim, yanır dilim.

Yurda həsrət qalan elim,

Sinənizdə dağ görünür.


Sözlərini uda-uda,

Əcəb məni saldın oda,

Versə də çox günün bada,

Vahid hələ sağ görünür.

Gedər

Özünə Tanrıdan uğur dilə sən,

Hər sözün ürəyə toxunub gedər.

Yaxşılıq eləsən bircə gilə sən,

Birə min əvəzlə oxunub gedər.


Şirin ol, əziz ol, acılıq etmə,

Sakit, təmkinli ol, qoçuluq etmə,

Uğursuz bir yola yolçuluq etmə,

Üzünün abırı arınıb gedər.


Arifsən, sirrini saxla dərində,

Zəhmət çək elinin xeyir-şərində…

Halal qazancında, alın tərində

Varlığın su kimi durunub gedər.


Gör-götür dünyası bizi xar etdi.

Şöhrətə hərislik kimə yar etdi?..

Aləmi başına kim ki dar etdi,

Dikəlməz, zəlil tək sürünüb gedər.


Ay Vahid, mərd yaşa, təmiz ad qazan,

Bir kimsə dalınca deməsin nadan…

Varlı da, kasıb da qoca dünyadan.

Beş arşın kətana sarınıb gedər.

400 ₽
Жанры и теги
Возрастное ограничение:
6+
Дата выхода на Литрес:
14 июня 2017
Объем:
171 стр. 86 иллюстраций
ISBN:
9785448531552
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, html, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают