Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Kopenhagen trilogiyası», страница 3

Шрифт:

VIII BÖLÜM

Payızdır və qəssabxananın önündəki lövhə nişanları külək cır-cır cırıldadır. Enqahavey küçəsindəki ağaclar yarpaqlarını demək olar ki, tamamilə itirib və tökülən yarpaqlar torpaq üzərində sarı, qırmızı-qəhvəyi xalı əmələ gətirib. Bu xalı günəş anamın saçları ilə oynayanda onun saçlarının rənginə bənzəyir. Qəfildən kəşf edirsən ki, anamın saçları sən demə tamamilə qara deyilmiş. İşsizlər donur, amma bununla belə əlləri ciblərində, damaqlarından tənbəki ayaqüstə dayanıblar. Küçə işıqları yenicə yandırılıb və aradabir ay bir-biri ilə ötüşən, dəyişkən buludların arasından boylanır. Hər zaman ay ilə küçə arasında hansısa mistik bir anlaşma olması düşüncəsində olmuşam. Bir yerdə qocalan işarələrlə bir-birini başa düşən, danışmağa ehtiyacı olmayan bacılar kimi. Biz Rutla alatoran küçə boyu gəzirik, tezliklə küçəni tərk etməliyik və tam qaranlıq düşmədən, gün sona çatmadan istəyirik nə isə baş versin. Qaskersvay küçəsinə yetişdiyimizdə – çox zaman buradan dönüb geri qayıdırıq- Rut dedi: – “Gəl belə aşağı gedək qəhbələrə baxaq. Yəqin ki, bir-ikisi artıq işə başlayıb”. Qəhbə bu işi pul müqabilində görəndir, mənim üçün onlar bu işi pulsuz görənlərdən daha anlaşılandır. Rut mənə bu haqda danışdı, bu sözün çirkin olduğunu düşündüyüm üçün kitabda tapdığım başqa bir sözlə – “Bir gecəlik xanım” – əvəz etdim. Bu birləşmə daha gözəl, daha romantik səslənir. Rut mənə belə şeylər haqqında hər şeyi danışır. Onun üçün böyüklərin heç bir sirri yoxdur. O, mənə həmçinin Şabi Hans və Rapunzel haqqında danışıb, mənsə bunu başa düşmürəm. Mənim üçün Şabi Hans çox yaşlı kişidir. Bundan əlavə, onun Gözəl Lilisi də var. Mənə maraqlıdır görəsən bir kişi eyni zamanda iki qadını sevə bilərmi? Mənim üçün böyüklərin dünyası çox sirlidir. Mənim üçün İstedqada küçəsi arxası üstə uzanan gözəl bir qadındır, onun saçları isə Enqahavey meydanına sərilib. Hər şeydən məhrum olanlarla tərbiyəli insanlar arasında sərhəd rolunu oynayan Qasverksvayi küçəsində onun ayaqları ayrılır və bir ayağı gözəl otellərə, bahalı dükanlara, o birisi isə daim ehtiyac və problemlər, dava-dalaş içində çabalayan insanlara tərəf yönəlir. Bunları məndən dörd yaş böyük olan və gecə saat 10-a kimi çöldə qalmasına icazə verilən Edvindən öyrənmişəm. O, öz “Danimarka gəncləri” köynəyində evə dönüb atamla siyasətdən danışarkən mən ona heyranlıqla baxıram. Sonradan onlar hər ikisi şəkilləri qəzet və jurnal səhifələrin-dən boylanan Sakko və Vanzettiyə çox qəzəblənirlər. Onlar tünd rəngli, xarici simaları ilə elə gözəl görsənirlər ki… Və mən həmçinin düşünürəm ki, etmədiyin bir şeyə görə edam edilmək həddən artıq pis şeydir. Amma mən atam kimi həyəcanlanmıram bu işlə bağlı. O, Peter əmimlə bu mövzunu müzakirə edəndə dəliyə dönür, qışqırır-bağırır, yumruğunu masaya vurur. O da atam və Edvin kimi sosial-demokratdır. Amma o, Sakko və Vanzettinin daha yaxşı taleyə layiq olduqlarını düşünmür. Çünki onlar anarxistlərdir. “Mənim vecimə deyil!”, – atam qəzəblə qışqırır və əlini masaya çırpır: – “Ədalətin pozulması, elə ədalətin pozulması deməkdir! Hətta bu məsələ mühafizəkarlara aid olsa belə!” Mən bilirəm ki, bu sənin ola biləcəyin ən pis şeydir! Sinfimizin bütün qızları Pinq klubun üzvüdür. Təzəlikcə mən də üzv olmaq üçün icazə istədim. Bunu eşidən atam qəzəbli nəzərlərlərini anama tuşladı. Sanki onu öz siyasi baxışlarını mənə təlqin etməkdə günahlandırırdı. Sonra dedi: -“Görürsən, Matter? Qızın çevrilib olub hər şeyə reaksiya verən. Çox güman bu axırda hamımızın “Berlinqske Tidende” qəzetinə abunə olmağımızla yekunlaşacaq.”

Aşağıda, dəmiryol stansiyasında həyat qaynayır. İçkili kişilər qollarını bir-birinin çiyninə keçirib mahnı oxuya-oxuya dolaşır. Kafe Çarlzın qarşısında isə kök kişi yerə yıxılıb bir neçə dəfə yuvarlanır, keçəl başı daş səkiyə çırpılır, sonra gəlib ayağımızın altına düşür. İki zabit ona yaxınlaşıb empatik tərzlə təpikləyib bir kənara çəkir, nəticədə o, kəskin, narazı səslə bağırıb ayağa qalxır. Ayağa qaldırdıqlarında kişi sərt bir hərəkətlə qayıdıb yuvasına girmək istəyəndə möhkəm təpik yeyir. Onlar küçə boyu yollarına davam edir. Rut isə barmaqlarını ağzına salıb onların arxasınca uzun fit çalır, onun bu istedadına qısqanclıqla yanaşıram. Helqolandsqata küçəsi tərəfdə bir dəstə gülən, səs-küylü uşaq yığışıb və mən ora yaxınlaşdığımda qıvrımsaç Çarlzın küçənin ortasında dayandığını görürəm. İstidən buxarlanan atının tər damcıları damla-damla bədənindən axırdı. O, dayanmadan iyrənc, izahedilməz mahnılar oxuyur, uşaqlar isə gülə-gülə qışqırır və ondan daha yeni əyləncələr gözləyirlər. Gözləri vəhşi baxışlarla çevrilir. Mənə görə o həm faciəvi, həm də qorxuncdur amma başqalarına qoşulub dəli kimi gülən Ruta görə özümü elə aparıram ki, sanki məni də əyləndirir. Qəhbələrə gəldikdə isə yalnız 1-2 yaşlısını görə bildik, bu kök qadınlar enerji ilə yançaqlarını oynada-oynada tamaşaçıların qarşısından keçir, uğursuzluqla özlərinə müştəri gəzirdilər. Bu, məni xeyli dərəcədə məyus edir, çünki onların hamısını Ketti kimi bilirdim. Rut mənə onun şəhərdə axşam çıxartdığı oyunlardan danışmışdı. Evə qayıdarkən Revalsqata küçəsindən keçdik. Orada bir dəfə siqar dükanında işləyən yaşlı bir qadın qətlə yetirilmişdir. Biz həmçinin Matheusqata küçəsində, lənətlənmiş evin qarşısında dayandıq və gözümüzü zillədik keçən il Qırmızı Karl tərəfindən öldürülən balaca qızın yaşadığı dördüncü mərtəbəyə. Örsted zavodunda atam onunla bərabər çalışırdı. Bizlərdən heç birimiz gecə vaxtı oradan tək keçməyə cürət etmirdik. Qerda və Tin Snaut elə qucaqlaşıb dayanıblar ki, qaranlıqda onları bir-birindən ayırmaq mümkün deyil. Orada burnumu tuturam, çünki hər zaman bu yerdən sidik-pivə qarışıq üfunət iyi gəlir. Pilləkənləri qalxdıqca görürəm ki, sıxılıram. Seksin qaranlıq tərəfi getdikcə mənim üzərimə daha çox çökür. Və getdikcə bu hissi ürəyimin hər zaman pıçıldadığı yazılmamış, əsən sözlərlə təsvir etmək qeyri-mümkündür. Mən oradan keçərkən Qerdanın qapısının yanındakı qapı açılır və Xanım Poulsen əli ilə məni içəri dəvət edir. Anama görə o “cındı” və mülayimdir. Amma mən bilirəm ki, eyni zamanda həm cındır, həm də mülayim olmaq olmaz. Onun bir kirəkeşi var, anam onu “gözəl hersoq” adlandırır. Hərçənd o poçtalyondur və xanım Poulseni sanki onlar evliymişlər kimi dəstəkləyir. Onların uşağı yoxdur. Rutdan öyrənmişəm ki, onlar ər-arvad həyatı yaşayır. Könülsüz şəkildə onun göstərişinə əməl edirəm və eyni ilə bizimkinə oxşayan – yeganə fərq orada dilləri olmayan pianonun olması idi – qonaq otağına daxil oluram. Mən otururam və xanım Poulsen gözlərində yalvarış dolu nəzərlərlə keçib divanda əyləşir. “Mənə nəsə de, Tove”, – o, ruhlandırıcı tərzdə mənə dedi, – “Bilmirsən, Miss Anderseni gəlib ziyarət edən kişilərin sayı çoxdur?” Dərhal çənəmi sallayıram, axmaq bir görkəm alıram: – “Yox”, – mən təəccüblənmiş kimi göstərirəm özümü. – “Amma sən də, anan da, oranı tez-tez ziyarət edirsiniz. Bir düşün. Oraya, onun mənzilinə gələn heç bir centlmen görməmisiniz? Heç axşam da?” – “Yox”, – mən qorxu içində yalan deyirəm. Mən bu Ketiyə hər hansı bir yolla ziyan vurmaq istəyən qadından qorxuram. Anam mənə daha Ketini ziyarət etməyi qadağan edib. Və yalnız oraya özü gedir, o da atam olmayanda. Xanım Polusen görür ki, məndən heç nə çıxmır, beləcə müəyyən bir soyuqqanlılıqla buraxır gedirəm. Bir neçə gün sonra bütün bina boyu bir ərizə dolaşır və bu səbəbdən valideynlərim yatağa girdiklərində dalaşırlar. Ona görə ki, məni yatmış bilirlər. Mən buna imza atacağam, atam deyir, uşaqların xətrinə edəcəyəm bunu. Ən azından sən bu zaman onları ən pis iyrəncliyə şahidlik etməkdən qoruya bilərsən. – “Bu, o köhnə qancıqlardır”, – anam qeyzlə dillənir, – “o cavandır, xoşbəxtdir, sevinclidir, buna görə onlar onu qısqanır. Onlar heç mənə də dözə bilmir”. -“Bəsdir də özünü qəhbələrlə müqayisə etdin”, – atam onu it kimi qapır, – “Düzdür, mənim daimi işim yoxdur, amma sən heç zaman bu səbəbdən öz həyatını qazanmaq zorunda qalmamısan. Bunu unutma!”. Belə şeylərə qulaq asmaq dəhşətli idi. Sanki dava nəsə fərqli bir şey üstündə idi, elə bir şey ki, onların bu mübahisəni etməyə sözləri yox idi.

Tezliklə gün gəlib çıxır və Ketti, anası ilə polisin qoruduğu, çıxarılıb çölə qoyulan cilalanmış və üst-üstə yığılmış mebellərin üzərində oturur. Polislər orada vurnuxur, Ketti isə insanların arasından nifrət dolu nəzərlərlə baxır və zərif çətirini yağışa qarşı tutur. Mənə baxır, gülüb deyir: – “Xudahafiz, Tove. Özünə yaxşı bax”. Bir qədər sonra yük maşını yola düşür və mən onları bir daha heç vaxt görmürəm.

IX BÖLÜM

Ailəmdə dəhşətli bir hadisə baş verdi. Landmand bankı iflasa uğradı və nənəm çox pul itirdi. Bütün həyatı boyu yığdığı 500 kronu! Bu iyrənc ticarətdir və yalnız kiçik sərmayəçiləri “vurur”. “Varlı donuzlar” atam belə adlandırır. Əllərindən gələni edəcəklər ki, pullarını geri alsınlar. Nənəm yazıq-yazıq ağlayır və qızarmış gözlərini qar kimi ağ dəsmalı ilə qurulayır. Onunla bağlı hər şey təmiz, səliqəli və təravətlidir. Hər zaman ondan təmizləyicilərdən gələn iy gəlir. Pulu öz dəfn mərasimi üçün yığıbmış. Hər zaman sanki öz dəfni barədə düşünürdü. Nənəmlə hər zaman fəxr edib məftunluq duymuşam. Anamla bağlı da bu hissləri yaşayırdım, amma qorxuya görə. Nənəmə olan isə içdən, səmimi idi. Mənə onu tək ziyarət etməyə icazə verirlər, çünki bunu özü istəyir. Anam isə onun istəyinin əleyhinə çıxmağa cəsarət etmir. Anam mənə deyir ki, mənə hamilə qalanda nənəmgil ona çox qəzəbli olublar. Çünki artıq bir oğlanları olduğundan başqa uşağın olmasına heç bir ehtiyac yox idi. İndi nənəm normal, sayğılı bir dəfn mərasimini necə təşkil edəcəyini bilmir. Çünki bizim heç pulumuz yoxdur. Və Rozalia xalamın sərxoş ərinin də pulunun olduğunu söyləmək olmaz. Peter əmi heç şübhəsiz ki varlıdır, amma o da xəsisliyi ilə məşhurdur. Heç kim onun qaynanasının yas məclisinə necəsə yardım edə biləcəyini düşünmür. Nənəmin 73 yaşı var və uzun müddət yaşayacağını heç o özü də düşünmür. Hətta anamdan belə cılızdır, hər zaman başdan-ayağa qapqara geyinir. Onun ağ, ipək kimi yumşaq saçları yuxarıda sancaqlanır, hərəkətləri isə cavan qızlardakı kimi çevikdir. Bir otaqlı mənzildə yaşayır və yalnız qocalıq üçün aldığı təqaüdlə dolanır. Hər dəfə onu qəhvə içmək üçün ziyarətə gedəndə özümlə çovdar çörəyi və kərə yağı götürürəm. Onlar birlikdə mənim evdə yediyim hər şeydən daha dadlı olur. Edvin şəyirdliyə başladığından hər bazar nənəni ziyarət edir. Hər dəfə də nənə ona tam bir kron pul verir, çünki o, ailənin yeganə oğlan övladıdır. Mənə və üç əmimqızına isə heç nə düşmür. Hər dəfə yanında olanda nənəm deyir ki, mənim üçün nəğmə oxu. İstəyir görsün səsim keçən dəfəkindən daha pis olmayıb ki?! “Demək olar ki, düz oxudun” – o, mənə ürək-dirək verir. Hərçənd özüm bilirəm ki, bəzi yerlərində xaric vurmuşam. İstədiyim kimi olmayan səslər də çıxartmışdım. Heç zaman onunla söhbəti birinci başlaya bilməzsən, birinci gərək o, sənə sual ünvanlasın sonra. Amma özü də söhbət etməyi xoşlayandır və mənim onu dinləmək xoşuma gəlir. Dəhşətli keçən uşaqlığı haqqında danışır, bir ögey anası olub, yazığı hər xırda şey üstündə ölüncəyə qədər döyüb. Sonra o, qulluqçu olub və faytonçu olan babama qulluq edib. Adı Mundus olan babam sərxoşluğa qurşanana kimi fayton düzəltməklə məşğul imiş. “Böyürən sərxoş”… Binada hər kəs onu belə çağırırmış və o, sonda özünü asdığında nənəm ailənin çörək pulunu qazanmaq üçün məcbur olub qapılarda paltar yumağa başlamışdır. – “Amma üç qızım da həyata normal qədəm qoya bildi”, – nənəm başadüşülən bir fəxarət hissi ilə dedi. Mən deyirəm ki, babamı da çox istərdim tanıyam, dərhal cavab gəlir: – “Hə, yaraşıqlı biri idi, bu heç! Amma qəlb deyilən şey yox idi o əclafda! Əgər istəsəm, sənə elə şeylər danışıram ki…”Sonra o, dişsiz damaqlarını bir-birinə sıxıb daha heç nə demir. Mən “qəlbsiz” sözü haqqında düşünürəm, qorxuram deyəsən elə qorxunc babama oxşamışam. Tez-tez qorxunc şübhələr oyanır içimdə: deyəsən axı mən heç kimə qarşı heç bir şəfqət hissi duya bilmirəm- hə, əlbəttə, Rut istisnadır. Bir dəfə yenə nənəmgildəyəm və onun üçün oxumalı oldum. Dedim ki, məktəbdə yeni nəğmə öyrənmişəm. Və keçib oturdum onun çarpayısında, saxta, əsən səslə öz yazdığım şeri oxudum onun üçün. Bu çox uzundur – “Yalmar və Hilda”, “Yörgen və Hansiqne” və anamın bütün başqa balladaları kimidir. Bu şeir bir-birinə sahib ola bilməyən iki nəfər haqqında idi. Amma mənim versiyamda şeir aşağıdakı sətirlərlə daha az tragik bitirdi.

 
Sevgi, zənginlik və gənclik,
Onları minlərlə zəncir halqası ilə bağlayır.
Nə fərqi var ki, bəy-gəlin yatağı,
Əgər ucqar kənd cığırında qoyulubsa da?!
 

Bura qədər oxuduğumda nənəmin qaşları çatılır, alnı qırışır, ayağa qalxır, sanki xoşagəlməz bir təəssüratdan yaxa qurtarmaq naminə paltarına sığal çəkir. – “Bu yaxşı nəğmə deyil”, – o, ciddi-ciddi dillənir, – “bunu doğrudanmı məktəbdə öyrənmisən?” Mən dərin təəssüflə “hə” deyirəm. Çünki düşünürdüm ki, indi “Nə qəşəng nəğmədir, kim yazıb bunu?” deyəcək. – “Adam gərək kilsədə evlənsin”, – nənəm deyir, – “ondan qabaq gərək bir-birlərinə toxunmasınlar.”

– “Amma bunu, əlbəttə ki, bilmək olmur da! Oh, ay nənə, mən bu haqda sən düşündüyündən daha çox şeylər bilirəm, amma gələcəkdə də bu barədə səssiz qalacağam. Bir neçə il öncə məni təəccübləndirən kəşfim barədə düşünürəm:

Atamla anam fevral ayında ailə qurub, elə həmin ilin aprelində isə qardaşım Edvin dünyaya gəlib. Anamdan soruşdum ki, bu necə ola bilər? O isə cəld cavab verdi: – “Bilirsən bala, ilk uşaq ana bətnində iki aydan artıq qalmır axı.” Sonra o güldü. Edvinlə atam isə qaş-qabaq salladı. Böyüklərlə bağlı ən pis şey budur. Onlar heç zaman qəbul etmir ki, həyatlarında heç olmasa bir dəfə nəsə məsuliyyətsiz, səhv bir iş görürlər. Başqalarını mühakimə etməyə həvəslidirlər, amma heç zaman öz səhvlərini görüb mühakimə etmirlər.

Ailəmi yalnız valideynlərimlə birlikdə, yaxud ən azından anamla bərabər olanda görürəm. Rozalia xalam da nənəm kimi Amagerdə yaşayır. Mən onu yalnız bir neçə dəfə ziyarət etmişəm, çünki Karl əmi – onu “Deşikayaqlı”adlandırırdılar – hər zaman qonaq otağındakı divanda oturur, ya pivə içir, ya da qumar oyanyır. Bunları seyr etmək isə uşaqlar üçün o qədər də yaxşı deyil. Qonaq otaqları hamının qonaq otağına bənzəyir, divar boyu bufet yığılıb, bir divarda divan qoyulub, ortada isə ətrafına stullar düzülən masa dayanıb. Bufetdə bizim apartamentdə olduğu kimi çuğun sini içində qəhvədan var, heç zaman istifadə edilməyən, silinib, parıldadılıb tərtəmiz yalnız qonaq gəlişi üçün saxlanılan krem rəngli sürahi qoyulub. Rozalia xala Maqazin dükanları üçün paltarlar biçir və bizi işdən sonra evə gedərkən tez-tez ziyarət edir. Əlində, böyük alpaka bükülməsində biçməyə hazırlaşdığı paltarları daşıyır. Və bizi ziyarət etməyə gələrkən də onları yerə qoymur. Papağı hər zaman başında olur, “bircə dəqiqəlik, elə-belə gəldim dəyəm” deyir. Papağını başından çıxartma-maqla sanki bir neçə saat evdə olmasını inkar etməyə zəmin hazırlayır. O anamla hər zaman keçmişdən, cavanlıqlarından danışır. Bu yolla da mən əslində öyrənməli olmadığım çox şey eşidirəm. Bir dəfə misal üçün anam bərbəri evdə dolabda gizlətməli olub, çünki atam qəfil gəlib çıxıb üstünə. Əgər anam onu birtəhər evdən yola salmasaydı, bərbər dolabda boğulacaqmış. Belə əhvalatlar çoxdur və onları hər dəfə danışanda bərkdən gülürlər. Rozalia xala anamdan cəmi 2 yaş böyükdür. Aqnete xala isə onlardan 8 yaş böyükdür və heç də onlarla bir cavanlıq keçirtməyib. O və Peter əmi tez-tez gəlib mənim valideynlərimlə kart oynayır. Aqnete xala dindardır və hər dəfə kimsə onun yanında söyüş söydüyündə – əri sadəcə onu əsəbləşdirmək üçün tez-tez söyür – çox əziyyət çəkir. O hündürdür, dolubədəndir və sinəsindən Daqmar xaçı asıb. Peter əmi ona “eyvan” deyir. Əgər valideynlərimə inanmalı olsam, o şeytandır, inanmayandır, amma əslində hər zaman mənə qarşı dostcanlıdır, ona görə valideynlərimə inanmıram. O dülgərdir və işi heç zaman bitmir. Onlar qonaq otağında piano olan Österbroda buz kimi soyuq evdə yaşayır və bu evə ayaqlarını yalnız Milad bayramı ərəfəsində basır. Deyirlər ki, Peter əmiyə xeyli dərəcədə pul miras qalıb və o, bu pulları vergi müfəttişlərini axmaq yerində qoymaq üçün müxtəlif banklarda saxlayır. Bəzən işlədiyi mağazanın işçilərini başqa şirkətlər pulsuz-parasız qonaq edir. Onlarla bərabər Tuborqa getdiklərində o qədər çox içir ki, onu məcbur xəstəxanaya aparırlar və növbəti gün mədəsini yuyurlar. Enayd südçülük fabrikini ziyarət etdiyində isə o qədər çox süd içir ki, növbəti həftə xəstə yatır. Bunları saymasaq, heç zaman sudan başqa bir şey içmir. Mənim üç əmiqızım yaş-ça məndən böyükdür və onlar kifayət qədər eybəcərdir. Hər axşam onlar yemək masasının ətrafında oturur və qəzəblə toxuyurlar. Amma onlar elə də zəkalı deyil. Bu sözləri atam deyir və doğrudan da onların böyük evlərində heç bir kitab belə yoxdur. Mənim valideynlərim deyəndə ki, biz o qızlardan daha yaxşı hazırlıqlıyıq, üzgörənlik etmirlər. Peter əmi əvvəl bir dəfə evli olub və həmin evlilikdən anamdan 7-8 yaş kiçik olan bir qızı var. Onun adı Esterdir, yekəpər, əyri yerişi olan bir qadındır. Gözləri elə bil hədəqəsindən bu dəqiqə pırtlayıb çıxacaq. Və hər dəfə bizi ziyarət etdiyində mənimlə çağa kimi danışır, buna isə həyatda hər şeydən daha çox nifrət edirəm. Anam onu “şirin piroq” çağırır. Anamla axşamlar gəzməyə çıxır, bu isə atamı çox hürküdür. Bir dəfə Folkets Hüsdə maskarada gedirlər və onlar kosmetikalarını etdikləri müddətdə mən güzgünü onlar üçün saxlayıram. Mənə görə anam “The Night Queen”dəki qadın kimi son dərəcə gözəldir. Ester isə “18-ci əsrdən qalan faytonçu kimidir” və onun əlləri poluverinin qolundan hər zaman sallanır. Onlar tələsməlidir, çünki atam tezliklə gələcək. Anam yüzlərlə qızıl pulcuqlardan ibarət parıldayan qara tül donunu geyinib dayanıb. Onlar da anamın kövrək xoşbəxtliyi kimi asanlıqla qopub tökülür. Onlar elə evdən çıxan kimi atam evə daxil olur. Qapıda rastlaşırlar, atam anamın gözlərinin içinə baxıb deyir: -“Ay səni köhnə qancıq!” Anamsa heç nə demir, Esterin hündürdabanlarında sadəcə səssiz-səmirsiz yanından ötüb keçir. Atam bilir ki, onu eşitmişəm və həlim, melanxolik simasında qeyri-müəyyən ifadə ilə düz qarşımda əyləşir. – “Böyüyəndə nə olmaq istəyirən?”, – o, naqolay tərzdə xəbər alır. – “The Night Queen”, – mən qəddarlıqla deyirəm. Çünki bu məhz o Ditlevdir ki, hər zaman anamın kefini, əhvalını korlayır.

X BÖLÜM

Orta məktəbə getməyə başlamışam və bununla da dünyam genişlənməyə başlayıb. Mənə davam etməyə icazə verdilər, çünki valideynlərimə görə, mən məktəbi bitirdiyimdə 14 yaşdan artıq olmayacağam və Edvini də təlimlərə yazdırdıqlarından məni ayırmaq istəməyiblər. Eyni zamanda mənə nəhayət ki, Valdemarsqata küçəsindəki uşaq kitabları bölməsi olan dövlət kitabxanasından istifadə etməyə icazə verildi. Anama görə böyüklər üçün yazılmış kitabları oxumaqdan daha da qəribə ola bilərəm. Atam razılaşmasa da, heç nə demir, çünki mən anamın qəyyumluğuna keçmişəm və həlledici məsələlərdə atam anamın iradəsinin əleyhinə getməyə cəsarət edə bilmir. Beləliklə ilk dəfə kitabxanaya ayaq basıram və bir yerə yığılan bu qədər kitabı gördüyümdə nitqim quruyur. Uşaq kitablarına baxan kitabxanaçının adı Helqa Mollerupdur və onu ətrafda yaşayan uşaqların hamısı çox sevir. Çünki evlərində işıq, istilik olmayanda, onlara icazə verirlər ki, axşam saat beşə kimi – kitabxana həmin vaxt bağlanır – kitabxananın qiraət zalında otursunlar. Onlar orada ev tapşırıqlarını edir, ya da elə-belə kitabları vərəqləyirlər və xanım Mollerup çox səs-küy edənləri çıxardıb bayıra atır. Çünki kitabxanada kilsədə olduğu kimi tam səssizlik hökm sürməlidir. Kitabxanaçı məndən yaşımı soruşur, sonra 10 yaşlı uşaqlar üçün münasib olan kitabları tapıb gətirir. Bu qadın arıq, hündürdür. Canlı, qara gözləri var. Əlləri böyük və gözəldir və mən onlara müəyyən hörmətlə yanaşıram, çünki deyirlər ki, onun vurduğu şapalaq istənilən kişininkindən daha qüvvətli olur. Mənim müəlliməm xanım Klausen kimi geyinir- uzun, hamar yubka və boğazında ağ yaxalıq olan köynək. Amma xanım Klausendən fərqli olaraq bu xanım uşaqlara qarşı nəhayətsiz düşmənçilikdən əziyyət çəkmir – əksinə! Bir masaya otuzdurur məni, qarşıma uşaq kitabı qoyur, kitabın müəllifinin adını təəssüf ki, unutmuşam. Mən oxuyuram: Ata, Diananın 5 iti var.” Bu sözlərlə on beş yaşlarında arıq bir qız böyük səs-küylə otağa daxil olur və otaqda rəhbərdən savayı bir də…” və s. Səhifə dalınca səhifə… Oxumağa həvəsim yoxdur. Kitab məni qəmginlik və dözülməz darıxma hissi ilə basır. Başa düşmürəm dildən necə belə – belə zərif, hissiyyatlı alətdən – səhv, uğursuz istifadə edilə bilər. Deməli belə gözəl, şəkilli uşaq kitabının içinə belə bədheybət cümlələr yol tapa bilər və xanım Mollerup kimi ağıllı və cazibədar bir qadın həmin kitabı mənim kimi müdafiəsiz uşağa oxumaq üçün məsləhət görə bilər. Fəqət indi üçün, bu hissləri ifadə edə bilmirəm, mən sadəcə bu kitabların darıxdırıcı olduğunu, daha çox Zakarias Nielsen yaxud Vilhelm Berqsöenin kitablarını oxumaq istədiyimi deyirəm. Amma xanım Mollerup cavab verir ki, uşaq kitabları maraqlı olur, sadəcə səbrli olub oxumağa davam etməlisən ki, hadisələrin gedişatı başlasın. Yalnız böyüklər üçün kitabların düzüldüyü rəflərə baxmaq haqqında qəti israrımdan sonra o, təəccüblənir və geri çəkilir: – “Yaxşı, amma hansı kitabı istədiyini mənə de, mən özüm gedim gətirim. Sənin ora keçməyə icazən yoxdur”. – “Viktor Hüqonun kitabını istəyirəm”, – mən deyirəm. – “Hüqo yox, Üqo”, – o gülərək deyir və başıma sığal çəkir. Onun tələffüzümü düzəltməsi məni utandırmır.

Amma əlimdə “Səfillər” evə döndüyümdə atam kitaba baxır, bəyənərək deyir: – “Hə, Viktor Hüqo, çox yaxşı yazır”. Mən isə üzümə vacib bir görkəm verib didaktik aura ilə dedim: – “Onun adı Hüqo yox, Üqo kimi tələffüz edilir.” – “Mənim nə vecimə onun adı necə deyilir”, – o sakitcə dedi, – “ bütün bu cür adlar necə yazılır, elə də deyilməlidir. Başqa hər bir şey sadəcə olaraq göstəridir.”

Bizim küçəmizdə yaşamayan bir insanın dediklərini gəlib evdə valideynlərimə danışmağın heç zaman bir faydası olmayıb. Bir dəfə məktəbdə diş həkimi mənə demişdi ki, anana de, sənə diş fırçası alsın, mən də axmaq kimi gəlib demişdim. Anam məni it kimi qapdı: – “Gedib ona deyərsən ki, zəhmət çəkib diş fırçasını sənə elə özü alsın.” Amma onun dişi ağrıdığında, bir həftə əziyyət çəkir, evdə dolaşır, bütün evdə onun ağrı-acı içindəki iniltiləri əks-səda verir. Sonra başqa bir qadından məsləhət istəyir, o da deyir ki, viskini tök cod pambığın üzərinə, xəstə dişin üstündə saxla. Anam məsləhətə dəqiqliklə əmək edir, bir neçə gün daha belə keçir, amma dişağrısı kəsmir. Yalnız bu zaman bəzənib-düzənib Vesterborqata küçəsinə – həkimimiz burada yaşayır – qədəm basır. Həkim alətini götürüb onun dişini çəkir və yalnız bundan sonra bir müddətlik anam sakitləşir. Dentist heç zaman bir də görüntüyə çıxmır.

Orta məktəbdə qızlar daha yaxşı geyinir və ibtidai məktəbdən daha az mızmızlanırlar. Heç birinin saçında bit-birə olmur. Atam deyir ki, indi sən “yaxşı təminatlı” insanların övladları ilə bir sinifdə oxuyacaqsan. Amma bu öz evinə yuxarıdan aşağı baxmaq üçün bir səbəb deyil. Bu həqiqətən belədir. Uşaqların atası əksər hallarda bacarıqlı işçilər olur və mən atamı çevirib eləmişəm maşinist. (Mənə görə bu peşə dəllaldan daha yaxşı səslənir.) Sinfimizdəki ən varlı qızın atasının Qasverksvay küçəsində gözəllik salonu var. Onun adı Edit Şnurdur və lovğalığından cırılır. Bizim sinif rəhbərinin adı xanım Matiasendir. O öyrətməkdən zövq alan cılız, canlı qadındır. Xanım Mollerup xanım Klausenlə birgə və köhnə məktəbin direktoru (küpəgirən qadına oxşayan həmin o) məndə belə bir aşkar təəssürat oyadır ki, qadınların da iş dünyasında böyük nüfuzu, təsiri ola bilər. Yetər ki, yastısinə olsunlar. Anam istisnadır. Ondan başqa küçəmizdəki bütün qadınların gəzərkən fəxarətlə nümayiş etdirdikləri iri sinələri var. Mənə maraqlıdır, niyə belə edirlər? Xanım Matiasen bizim yeganə qadın müəlliməmizdir. O, mənim şeiriyyatı xoşladığımı kəşf edib və onunla özümü axmaq yerinə qoymaq işə yaramır. Bunu mənə maraqlı olmayan fənlər üçün sonraya qoyuram – amma belə fənlərin sayı çoxdur. Yalnız danimarka dili və ingilis dili dərslərini sevirəm. Bizim ingilis dili müəlliməmizin adı Damsqaardır və o, hərdən xeyli səbirsiz ola bilər. O, yumruğunu masanın üzərinə çırpıb deyir: and içirəm, mən sizi öyrədəcəm! Bu yumşaq andı o qədər çox işlədir ki, bir müddət sonra elə bu adla tanınır: And içirəm! Bir dəfə o, xüsusi çətin olan bir cümləni bizim üçün ucadan oxuyur, sonra məndən təkrar etməyimi istəyir. Cümlə təxminən belə idi: “Sizin sorğunuza cavab olaraq mən xüsusilə Voburn Playes 11dəki internat məktəbi təklif edə bilərəm. Dostlarımdan bəziləri keçən qış orada qalmışdılar və onların fikirləri müsbət idi.”O, mənim düzgün tələffüzümü tərifləyir. Elə bu səbəbdən həmin axmaq cümləni heç zaman unuda bilmirəm.

Sinfimizdəki bütün qızların şeir albomları var və uzun müddət anamın baş-beynini apardıqdan sonra mənim də belə albomum oldu. Albom özü qəhvəyi rəngdədir və üstündə qızılı hərflərlə “Şeiriyyat” yazılıb. Qızların bəzilərinə ora adi şer misraları yazmağa icazə verirəm. Bəzi səhifələrə isə öz misralarımı qeyd edirəm ki, gələcək nəsillər mənim dahi uşaq olduğuma şübhə etməsin. Albomu yataq otağında dolabın aşağı gözlərinin birindəki siyirtmədə paltarların və can dəsmallarının altında gizlədirəm. Orada onun lazımsız nəzərlərdən və gözlərdən uzaq olacağını düşünürəm. Amma bir axşam mənlə Edvin evdə tək idik. Çünki atamla anam xalam və dayımla kart oynamaq üçün evdən çıxmışdılar. Başqa vaxt Edvin də adətən axşamlar harasa gedir. Amma artıq şəyirdliyə başladığından həmin axşam çox yorğun idi. İş yerinin çox pis olduğu haqda şikayət edirdi və atama tez-tez yalvarırdı ki, onun üçün başqa iş yeri tapsın. Bu bir işə yaramayanda isə başlayırdı qışqırmağa ki, oradan qaçacağam dənizə, evi tərk edəcəyəm, nə bilim nə. Onda atam da qışqırır, bu zaman anam davaya müdaxilə edir və Edvinin tərəfini tutur və qonaq otağında bir həngamə qopur ki, gəl görəsən, aşağıdakı Rapunzelgildəki davalar onun yanında “toya getməli” olur. Bu günlərdə qonaq otağında hər gün hüzurun pozulması Edvinin günahıdır və mən bəzən öz-özümə arzulayıram ki, kaş dediyi hədə-qorxuları həyata keçirərdi və evi tərk edib gedərdi. İndi qaş-qabağını sallayıb kefsiz oturub və “Sosial demokrat” qəzetini vərəqləyir, bu dəqiqələrdə evdəki səssizliyi yalnız divar saatının taqqıldayan əqrəbləri pozur. Mən ev tapşırığımı edirəm amma aramızdakı səssizlik məni sıxır. Qəfildən atamın gözləri qədər tutqun və melanxolik olan gözlərini mənə zilləyib deyir: – “Lənətə gələsən, hələ gec gedərsən yatmağa? Heç vaxt bu lənətə gəlmiş evdə tək olmaq mümkün olmur da!” – “İstəyirsən, özün get də yataq otağına”, – mən incik halda dillənirəm. – “Gedərəm, niyə getmirəm!”, – deyinir, qəzetini götürür, qapını arxasınca möhkəm çırpıb yox olur. Bir qədər sonra təəccübümə səbəb olacaq şey baş verir. İçəridən qəhqəhə, gülüş səsləri eşidirəm. Nə belə gülməli ola bilər? İçəri girirəm və qorxudan donuram. Edvin əlində mənim biçarə albomum oturub anamın çarpayısında. Qəhqəhələrdən başı tamamilə “qaçıb”. Utancdan qıpqırmızı qızarmış halda bir addım irəli atıb əlimi uzadıram: – “Kitabı mənə ver”, – deyirəm və ayağımı yerə çırpıram, – “sənin bu kitabı götürməyə haqqın yoxdur.” Aman Allahım o, qarnını tutub gülməkdə davam edir. – “Bu gülüncdür! Sən, doğrudan, yalan-palanla dolusan. Buna qulaq as bir?”, – gülməsi onu yarıda saxlayır, sonra davam edib oxuyur:

 
Yadında o zamanlar biz səninlə
Aram axan axınla üzərdik?
Ayın şəkli dənizdə əks olunardı.
Hər şey sevimli bir yuxu kimi idi.
Qəfildən kürəyi əlindən qoyursan
Qayıq sakit-səssiz su səthində dayanır.
Heç nə demədin, amma əzizim.
Baxışlarındakı ehtiras hər şeyi danışır.
Sən məni qüvvətli qollarına götürürsən,
Məni sevgi dolu öpüşlərə qonaq edirsən.
Heç zaman, heç zaman səninlə keçən zamanı
Unutmayacağam.
 

-“Of, yox! Ha ha ha!”, – geriyə yayxanıb gülməyinə davam etdi. Mənim gözlərimdənsə yaşlar süzülürdü. – “Sənə nifrət edirəm!”, – mən ayaqlarımı gücsüz şəkildə yerə çırparaq qışqırdım, – “sənə nifrət edirəm! İstəyirəm sən öləsən!” – bu sözlərimi deyib qapını çırpıb çıxmaq istəyirdim ki, Edvinin vəhşi gülüşü yenidən eşidildi. Səs daha narahatedici, yeni tonda idi. Çevrilib gördüm anamın zolaqlı pijamasının yanında qarnıüstə uzanıb, üzünü əli ilə gizlədib ağlayır. Qiymətli kitabım yerə atılmışdı. Özünə nəzarət edə bilmir, dayanmadan hönkürüb ağlayır, qorxu və dəhşət hissi məni bürüyüb. Tərəddüd içində yatağına yaxınlaşıram, amma ona toxunmağa cəsarət etmirəm. Biz bunu daha öncə heç zaman etməmişik. Öz göz yaşlarımı paltarımın qolu ilə silib deyirəm: – “Həmin sözü ciddi demədim, Edvin. Sənin ölməyini istəməyimi deyirəm.” Mənə baxmadan, cavab vermədən ağlamağına davam edir, sonra qəfildən mənə tərəf çevrilir və ümidsiz baxışla mənə baxır. – “Mən onlara nifrət edirəm”, – o deyir, – “müdirə də, asistentə də. Onlar məni hər gün döyür və… mən heç zaman maşın boyamağı öyrənə bilmirəm. Məni sadəcə göndərirlər ki, hamısı üçün pivə alım. Atama nifrət edirəm, çünki mən iş yerimi dəyişə bilmirəm. Və evə gəldiyində heç zaman yalnız ola bilmirsən. Bir dənə lənətə gəlmiş künc yoxdur ki, orada öz başına, özünlə ola biləsən.” Mən başımı aşağı əyib şeir albomuma baxıram və deyirəm: – “Sən bilirsən ki, mən də özümlə tək-başıma qala bilmirəm, heç anamla atam da bilmir. Onlar heç, onlar heç… tək qala bilmirlər.” O, təəccüb dolu baxışlarla mənə baxır, sonra nəhayət ağlamağını saxlayır. “Yox”, – o kədərlə dillənir. “Müqəddəs İsa! Mən heç zaman bu barədə düşünməmişdim”. Ayağa qalxır, əlbəttə ki, bacısının onu zəif anında görməsinə görə peşmanlıq duyur. “Həə”, – cod səslə deyir, – “yəqin ki, hər şey sən evdən köçəndən sonra düzələcək.” Bu barədə onunla razıyam. Sonra mən çıxıram və hindəki yumurtaları sayıram. İkisini götürürəm, qalanını qırağa çəkirəm ki, sayı çox görünsün. Yumurta sarısını viski ilə qatacağam! Qonaq otağına doğru qışqırıb hazırlıqlara başlayıram. Həmin anlarda mən Edvini gözəl, möhtəşəm, məndən uzaq, şənləndirən olduğu illərdə istədiyimdən daha çox istəyirdim. Bu heç zaman heç nəyi bəyənməyən həmin adam deyildi.

225,93 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
20 октября 2022
Переводчик:
Правообладатель:
Alatoran yayınları / Алаторан

С этой книгой читают