Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Kerri bacı», страница 5

Шрифт:

Kerri məhzun halda yad adamların sıx izdihamı içərisində dolaşırdı. Birdən kimsə onun dirsəyindən yapışdı və özünə tərəf çevirdi. Kerri:

– Bah, bah! – sözlərini eşitdi.

Kerri Drueni dərhal tanıdı. O gümrah idi. Sifəti sağlamlıqdan parıldayırdı. Sanki o, günəş şüalarından və mərhəmətindən yoğrulmuşdu.

– Necəsiniz, Kerri? – deyə o soruşdu. – Siz qiyamətsiniz! Bütün bu vaxtı harada idiniz?

Bu söz axınından mütəəssir olmuş Kerri ixtiyarsız olaraq gülümsədi.

– Mən evdə idim, – deyə o cavab verdi.

– Bilirsinizmi, mən hələ uzaqdan, küçənin o tərəfindən sizi gördüm və fikirləşdim ki, bu yəqin sizsiniz. Mən elə indi sizə gəlmək üçün hazırlaşırdım. Hə, necə yaşayırsınız?

– Pis deyil, – deyə Kerri təbəssümlə cavab verdi.

Drue onu başdan-ayağa qədər süzdü və cavabdan əks-nəticə çıxartdı.

– Mən çox istərdim ki, sizinlə söhbət edəm, – dedi. – Siz bir yana tələsmirsiniz ki?

– Yox, indi tələsmirəm, – deyə Kerri cavab verdi.

– Elə isə gedək bir yerdə çörək yeyək. Aman allah, siz inanmazsınız ki, sizi yenidən gördüyüm üçün nə qədər şadam!

Bu gülər üzlü adamın onun yanında olması və həmçinin ona açıq maraq göstərməsi nəticəsində üzərindən ağır bir yükün götürüldüyünü hiss edən Kerri bir qədər tərəddüdlə olsa da məmnuniyyətlə razılıq verdi. Drue onun qoluna girib:

– Hə? – dedi, onun səsinin ahəngində o qədər sadə yoldaşlıq hissi var idi ki, qızın qəlbi dərhal isindi.

Onlar Monro-striti keçib o zaman gözəl mətbəxi və nümunəvi xidməti ilə şöhrət tapmış geniş və səliqəli “Vindzor” restoranına tərəf yollandılar. Drue küçədən gedən adamların hərəkətini görmək üçün lap pəncərənin yanında stol seçdi. O, küçə həyatının dəyişən mənzərəsini, başqalarına tamaşa etməyi və burada nahar edərkən göz qabağında olmağı xoşlayırdı.

Onlar hər ikisi rahat oturduqdan sonra Drue :

– Siz nə yeyəcəksiniz? – dedi.

Kerri nə oxuduğunu belə anlamadan ofisiantın verdiyi menyuya nəzər saldı. O çox acmışdı, xörəklərin adları isə onun iştahını daha da artırırdı. Ancaq xörəklərin baha qiyməti onu qorxudurdu.

Şişdə qızardılmış cücə – yetmiş beş sent.

Göbələkli bifşteks-file – bir dollar iyirmi beş sent.

Kerri belə yeməklər haqqında dumanlı təsəvvürə malik idi, lakin özünün bu xörəkləri sifariş etməli olduğu fikri nədənsə heç onun beyninə yerləşmirdi.

– Gəlin belə edək, – deyə Drue dilləndi. – Ey, xidmətçi!

Enlikürək, girdəsifət zənci onlara yanaşdı və ehtiramla baş əydi.

– Göbələkli bifşteks və pomidor dolması.

Zənci baş əyərək:

– Baş üstə, ser! – dedi.

– Qızardılmış kartof.

– Baş üstə, ser!

– Quşqonmaz.

– Baş üstə, ser!

– Bir də qəhvə.

Xidmətçi getdikdən sonra Drue Kerriyə tərəf çevrildi.

– Səhərdən dilimə bir şey dəyməmişdir. Mən indicə Rok-aylenddən gəlmişəm. Sizi görən zaman nahara getmək istəyirdim.

Kerri cavabında ancaq gülümsədi.

– Siz bütün bu vaxtı nə edirdiniz? – deyə Drue sözünə davam etdi. – Özünüz haqqında müfəssəl danışın. Bacınız necədir?

– O sağ-salamatdır, – deyə Kerri ancaq axırıncı suala cavab verdi.

Drue diqqətlə ona baxdı.

– Bura baxın, – dedi, – siz özünüz xəstə deyildiniz ki?

Kerri başının hərəkəti ilə təsdiq etdi.

– Nə pis olub! – deyə o həyəcanlandı. – İndi də sizin rənginiz üstünüzdə deyil. Mən dərhal hiss etdim ki, sizin rənginiz qaçmışdır. Bütün bu vaxtda siz nə edirdiniz?

– İşləyirdim.

– Eləmi? Harada?

Kerri nağıl etdi.

– “Rods, Morkentau və Skott?” Tanıyıram, tanıyıram! Bu, Beşinci avenüdədir, elə deyilmi? Oh, onlar xəsis adamlardır. Sizi oraya getməyə nə məcbur etdi?

– Mən ondan yaxşısını tapa bilmədim, – deyə Kerri açıq etiraf etdi.

Drue:

– Bu lap adamı ələ salmaqdır, – dedi. – Siz gərək o cənabların yanında işləməyəydiniz. Onların emalatxanası lap mağazanın arxasındadır. Doğrudurmu?

– Bəli, – deyə Kerri təsdiq etdi.

– Bu, o qədər də yaxşı firma deyil. Sizə belə iş yaramaz.

Xidmətçi isti və dadlı yeməklərlə doldurulmuş yekə məcməini gətirənə qədər o, arası kəsilmədən danışır, suallar verir, özü haqqında nağıl edirdi. “Vindzor” restoranı haqqında izahat verirdi. Druenin üzü gülürdü, o, Kerriyə qulluq etməyə çalışırdı. Qar kimi ağ aşxana süfrələri və gümüş qablar arasında o daha da xoş görünürdü. O, bıçaq və çəngəli əlinə alıb, yağda qızardılmış əti kəsərkən barmağındakı üzük adam kimi danışırdı. Hər dəfə əlini hər hansı bir xörək üçün uzatdığı, çörək verdiyi və yaxud qəhvə tökdüyü zaman onun təzə kostyumu xışıldayırdı. Kerrinin ürəyi və canı qızışmışdı, o tamam dəyişilirdi. Drue meşşanlıq nöqteyi-nəzərindən çox yaxşı bir oğlan idi, o, qızı tamamilə məftun etmişdi.

Kerri bəxt təkərlərinin gözlənilmədən çevrilişini heç bir heyrət etmədən qəbul etdi. O, özünü bir qədər narahat hiss edirdi, lakin salonun gözəlliyi ona sakitləşdirici təsir edir, küçədən keçən yaxşı geyinmiş izdihamı seyr etmək onu heyrətə salırdı.

Varlı olmaq nə yaxşı şeydir! – fikri onun beynindən keçdi. Buraya nahara gəlmək nə qədər xoşdur! Drue nə qədər xoşbəxtdir! O çoxlu səfərlərə çıxır, yaxşı geyinir, nə qədər də qüvvətlidir! O həmişə bu gözəl restoranlarda nahar edə bilər! Drue indi onun nəzərində əhəmiyyətli şəxsiyyət idi və Kerri bilaixtiyar özündən soruşurdu ki, Druenin dostluğunu və ona qarşı diqqətini nə ilə izah etmək olar.

– Deməli, siz işi xəstəlik üzündən itirdiniz? – deyə Drue soruşdu. – İndi siz nə etmək fikrindəsiniz?

– İş axtarmaqda davam edəcəyəm, – deyə Kerri cavab verdi.

Lakin bu gözəl restorandan kənarda ehtiyacın ac bir it kimi hər addımda onu izlədiyini xatırlayarkən gözlərində qorxu qığılcımları parladı.

Drue:

– Yox, bu heç nəyə yaramaz, – dedi. – Çoxdanmı siz iş axtarırsınız?

– Dörd gündür.

Drue sanki gözə görünməyən üçüncü adama müraciət edirmiş kimi həyəcanla:

– Bircə təsəvvür edin! – dedi. – Yox, bunlar sizə heç yaraşmır. Bu qızlar, – o, bütün satıcı və fabrikdə işləyən qadınları göstərirmiş kimi qollarını geniş açdı, – öz əməkləri müqabilində heç nə almırlar. Məgər bu pula yaşamaq olar?

Drue özünü Kerri ilə tamamilə yoldaşcasına aparırdı. Axırda Kerrinin belə yerlərdə işləməsinin mümkün olması fikrini də tənqid edərək o, başqa məsələyə keçdi. Kerri doğrudan da məlahətli idi. Hətta indi, bu saat, bu köhnə paltarda belə şübhəsiz gözəl görünürdü, onun gözləri isə necə iri və sevimli idi.

Drue qıza diqqətlə baxdı və Kerri onun nə barədə fikirləşdiyini anladı. O, Druenin səxavəti, sadədilliyi və şən təbiəti ilə daha qabarıq nəzərə çarpan həyəcanının səbəbini başa düşürdü. Kerri həmçinin başa düşürdü ki, Drue də onun xoşuna gəlir və həmişə də xoşuna gələ bilər. Lakin onun fikirlərinin cərəyanına başqa bir şey, nə isə gizli və daha isti bir axın da qarışırdı. Onların gözləri demək olar ki, hər dəqiqə bir-birinə sataşır və nəzərləri hisslərinin bir-birinə qarşı hərəkət etdiyi bir dairədə birləşirdi.

– Şəhərdə qalıb axşam mənimlə teatra getsəniz nə olar? – deyə Drue qıza yaxın oturdu, stol o qədər də böyük deyildi.

Kerri qorxaraq:

– Yox, mən bunu edə bilmərəm, – dedi.

– Siz bu gün nə etmək istəyirsiniz?

– Heç bir şey, – deyə Kerri məyusluqla cavab verdi.

– Görünür ki, yaşadığınız yer sizə o qədərdə xoş gəlmir?

– Necə deyim…

– İş tapmasanız, nə edəcəksiniz?

– Çox ehtimal ki, evə qayıdacağam.

Bu sözləri deyərkən Kerrinin səsi yavaşca titrədi. Drue böyük cazibə qüvvəsinə malik idi. Onlar bir-birini sözsüz başa düşməyə başladılar. Kerrinin nə vəziyyətdə olduğu Drueyə aydın oldu. Kerri isə başa düşdü ki, Drue bunu bilir.

– Yox, bu yaramaz! – deyə Drue bu dəqiqə səmimi ürək yanğısı ilə dilləndi. – Sizə yardım etməyə icazə verin, məndən bir qədər pul götürün.

– Yox! Yox! – deyə Kerri səsləndi və hətta ondan kənara çəkildi.

– Bəs siz nə edəcəksiniz?

Qız susur və fikirli halda başını bulayırdı.

Drue nəvazişlə ona baxdı. Jiletinin cibində bir neçə əsginaz var idi. Onlar yumşaq idilər. Drue onları barmaqları ilə səssizcə çəkib bürmələdi və əlində sıxdı.

– Qulaq asın, Kerri, – deyə o yenidən başladı, – mən mütləq sizi çətinlikdən qurtarmaq istəyirəm. Özünüzə bir az paltar alın.

O, ilk dəfə olaraq bu mövzuya toxunurdu. Kerri dərhal özünün nə qədər pis geyinmiş olduğunu xatırladı. Drue bu məsələyə çox kobud yanaşdı, lakin düz yerinə düşdü. Kerrinin dodaqları titrədi.

Qızın bir əli stolun üstündə idi. Onlar oturduqları küncdə tək idilər. Drue iri və kobudlaşmış əli ilə qızın barmaqlarını örtdü.

– Di bəsdir, Kerri! – deyə dilləndi. – Bir fikirləşin, siz tək nə edə bilərsiniz? İcazə verin, sizə kömək edim.

Bu sözləri deyərkən o, Kerrinin barmaqlarını yüngülcə sıxdı. Kerri əlini çəkmək istərkən o, qızın əlini daha bərk sıxdı və qız artıq müqavimət göstərmədi.

Bu zaman Drue göy əsginazları onun əlinə soxdu və Kerrinin etirazını kəsərək yavaşca dedi:

– Mən bunları sizə borc verirəm, yaxşımı? Ancaq borc.

O, Kerrini pulu götürməyə məcbur etdi. Hərarətli minnətdarlıq hissi Kerrini bürüdü və o, özünün bu adama nə isə qəribə bir şeylə bağlandığını hiss etdi.

Onlar söhbət edə-edə restorandan çıxdılar. Drue cənub istiqaməti ilə onu xeyli uzağa, Polk-stritə qədər ötürdü.

O sanki sözarası olaraq soruşdu:

– Siz görünür qohumlarınızla yaşamaq istəmirsiniz?

Kerri sualı eşitmiş olsa da ona o qədər əhəmiyyət vermədi.

– Sabah buraya bir az tez gəlin, biz birlikdə gündüz tamaşasına gedərik, – deyə Drue davam etdi. – Yaxşımı?

Kerri etiraz etmək istədi, lakin sonra razılıq verdi.

– Siz ki, indi bir şeylə məşğul deyilsiniz. Özünüzə yaxşı ayaqqabı və isti kofta alın, – deyə Drue məsləhət verdi.

Kerri güman etmirdi ki, Drue gedəndən sonra onu nə kimi mürəkkəb təzadlı fikirlər həyəcanlandıracaqdır. İndi o, burada ikən, qız bu adamın fərəhli, qayğısız əhval-ruhiyyəsinə şərik olurdu.

O vidalaşarkən əlavə etdi:

– Siz yaşadığınız adamlar haqqında fikirləşməyi unudun, mən sizə kömək edərəm.

Kerridə elə bir hiss var idi ki, sanki təşviş və qayğı yükünü onun çiynindən götürmək üçün kiminsə əli ona doğru uzanmışdır. Onun əlində yumşaq və qəşəng iki göy ondollarlıq əsginaz vardı.

VII FƏSİL
DÜNYA NEMƏTLƏRİNİN BÖYÜK CAZİBƏDARLIĞI. GÖZƏLLİYİN ÖZ DİLİ VARDIR

Hələ indiyə qədər heç kəs pulun əsl əhəmiyyətini lazımınca izah etməmiş və lazımınca anlamamışdır. Pulun adamlara onların xidmətinə görə, onun qanunsuz olaraq ələ keçirilmiş imtiyaz deyil, vicdanla toplanmış enerji haqqı kimi verilməli olduğuna hər birimizdə inam yarandığı zaman, bir çox ictimai, dini və siyasi çəkişmələrimizdən yalnız bir xatirə qalacaqdır. Kerri Miber də pula əksəriyyətin baxdığı kimi baxırdı. Keçmişdə deyərdilər “Pul – başqalarında olan bir şeydir və bunu əldə etmək mənə də lazımdır”. Bu sözlər onun pul haqqındakı təsəvvürünü gözəl ifadə edə bilərdi. Budur, indi o, əlində iki yumşaq göy əsginaz tutmuşdur. O, bunlara sahib olduğundan özünü müqayisəsiz dərəcədə yaxşı hiss edirdi. Bu kağızlarda nə isə xüsusi bir qüvvə vardır. Ağlı Kerri qədər inkişaf etmiş bir adam insan yaşamayan bir adaya düşdükdə orada böyük bir pul kisəsi tapsa sevinər və yalnız uzun müddət ac qaldıqdan sonra bəlkə anlaya bilər ki, pulun heç bir qiyməti olmur. Lakin hətta o zaman da pulun qiymətinin nisbiliyini anlamaz və şübhəsiz yalnız onu düşünərdi ki, belə bir qüvvənin sahibi olmaq və ondan istifadə etməyə imkan tapmamaq nə qədər acınacaqlıdır.

Zavallı qız Druedən ayrılıb küçə ilə gedərkən tamam əsirdi. O, zəiflik göstərib pulu götürdüyünü başa düşdüyü üçün bir qədər utanırdı. Lakin qız o qədər ehtiyac içində idi ki, köməkdən sevinməyə bilməzdi. Nəhayət, onun gözəl təzə jaketi olacaqdır. Nəhayət, o, özünə qəşəng düyməli ayaqqabı alacaqdır. Onun corabları və təzə yubkası olacaqdır… O, özünün gələcək alıcılıq iqtidarını iki dəfə artıq qiymətləndirirdi.

Drue məsələsinə gəldikdə onun haqqında Kerridə tamamilə düzgün fikir əmələ gəlmişdi. Kerrinin gözlərində, həmçinin bütün dünyanın gözündə, o, yaxşı və çox ürəyiaçıq adam idi. Bu adamda heç bir pis cəhət yox idi. O, pulu ancaq rəhmdilliyindən, yalnız onun ehtiyac içində olduğunu anladığı üçün vermişdi. Doğrusu, o, bu qədər pulu ehtiyacı olan bir kişiyə verməzdi, lakin yadda saxlamaq lazımdır ki, ehtiyac içində olan kişi onu bir gənc qız qədər mütəəssir edə bilməzdi. Qadınlar həmişə ona qüvvətli təsir edirdilər. O, qadına etinasız baxa bilməzdi. Eyni zamanda ona bir dilənçi rast gəlib “Mister, mən acından ölürəm” desəydi, o, dilənçiyə məmnuniyyətlə onun zənnincə verilməli olan pulu verər və dərhal bunu unudardı. O, xəyala dalmaz, filosofluq etməzdi. Onun ağlında elə proseslər əmələ gəlməzdi ki, onu bu məfhumların birilə adlandırmaq mümkün olsun. Bəzəkli və gümrah Drue qayğısız pərvanəyə bənzəyirdi. Onu tutduğu mövqedən məhrum etsə idilər, əgər tale ona insanlara çox tez-tez nəsib olan bir sıra ağır zərbələr endirsə idi, o da Kerri kimi köməksiz olar, o da mərhəmətə layiq olar, o da ətrafda olan hadisələrdən bir şey başa düşməzdi.

Druenin qadınlara olan meylinə gəldikdə isə onun heç bir pis niyyəti yox idi, çünki onlarla yaxınlığa cəhd edərkən o, bunda heç bir pis cəhət görmürdü. O, qadınlara ehtiram göstərməyi, öz kişilik cazibəsi ilə onları özünə tabe etməyi sevərdi, lakin o, soyuqqanlı, vicdansız bir yaramaz deyildi, sadəcə olaraq təbii meyil onu həyatda ən yüksək bir zövq kimi buna sövq edirdi. Drue şöhrətpərəst və lovğa idi, gözəl geyim yelbeyin qızlar kimi onun da başını gicəlləndirirdi. O, gözəl fabrik işçisinin başını hiylə ilə tovlaya bildiyi kimi, əsl fırıldaqçı adam da onu asanlıqla aldada bilərdi. Onun bir kommivoyajer kimi sözsüz müvəffəqiyyəti qismən açıqürəkli və şən olmasından, qismən də firmanın şöhrətinin yayılmasından irəli gəlirdi. O, insanlar arasında hərlənən qayğısız və şən pərvanələr kimi idi, onda ağıl adlandırıla biləcək mənəvi bir qüvvə yox idi, elə bir fikir yox idi ki, “alicənablıq” epitetinə layiq görülsün. Elə bir hiss yox idi ki, onu uzun müddət həyəcanlandıra bilsin. Safo onu “donuz” adlandırar, Şekspir onun haqqında “mənim oynaq uşağım” deyər, köhnə əyyaş Kario isə onu ağıllı, istedadlı gənc saya bilərdi. Sözün qısası təbiət onu necə yaratmışdısa, elə idi.

Şübhəsiz bu adamda səmimi və rəğbət oyadan cəhətlər var idi: Kerrinin ondan pul qəbul etməsi də buna ən gözəl bir sübut idi. Onu pis niyyətdə olan əxlaqsız adam dostluq pərdəsi altında heç olmasa bir neçə sent belə qəbul etməyə məcbur edə bilməzdi. Böyük ağıla malik olmayan adamlar heç də köməksiz deyillər. Təbiət heyvanlara gizli təhlükəni hiss edən kimi qaçmağı öyrətmişdir. Təbiət sarsaq, balaca dələyə zəhər qarşısında izah edilməz bir qorxu təlqin etmişdir. Kerrinin təcrübəsi yox idi, lakin bunun əvəzində məsum quzu kimi instinktə malik idi. Ancaq Druenin ona mehribançılıq etməsi bu cür müstəqil təbiətlərdə çox qüvvətli olan özünü mühafizə instinktini Kerridə demək olar ki, oyatmadı.

Drue Kerridən ayrılarkən ona yaxşı təsir edə bildiyi üçün sevinirdi. Lənət şeytana, gənc qızların vəziyyətinin bu cür ağır keçməsi adamı hiddətləndirir! Soyuqlar yaxınlaşır, onun isə geyməyə bir şeyi yoxdur. Bu dəhşətdir! “Fitscerald və Moy”a girib bir siqar çəkmək lazımdır. Kerri haqqında fikirlər onu qanadlandırırdı.

Kerri evə kefi saz qayıtdı, o, bunu heç cür gizlədə bilmirdi. Eyni zamanda aldığı pul onu ciddi surətdə pərt etmişdi. Minni onun bir senti belə olmadığını bildiyi halda o nə ala bilər? Evə girməmişdən qabaq o, müəyyən qərara gəldi: şey almaq mümkün deyildir. Bunları almaq üçün heç bir izahat düşünmək olmazdı.

– Nə oldu? – deyə Minni soruşdu.

Kerri aldatmaq, bir şey düşünüb başqa şey demək istedadına malik deyildi. Əgər bəzən həqiqətdən kənara çıxırdısa, bu da hər halda zəruri hesab etdiyi hallarda olurdu.

Özünü bu qədər yaxşı hiss etdiyi üçün, müvəffəqiyyətsizliyindən şikayətlənmək əvəzinə o cavab verdi:

– Mənə bəzi şeylər vəd etdilər.

– Harada?

– “Boston” universal mağazada.

– Bu yəqindirmi? – deyə Minni əslini bilmək istədi.

Lazım gəldiyindən artıq yalan danışmaq istəməyən Kerri:

– Sabah öyrənəcəyəm, – deyə cavab verdi.

Minni dərhal Kerrinin kefinin saz olduğunu hiss etdi və onun Çikaqoya gəlməsi haqqında Hansonun rəyi barəsində bacısı ilə danışmaq üçün vaxtın çox münasib olduğunu qət etdi:

– Əgər sən bu yerə düzəlməsən…

Müvafiq söz tapmadığı üçün onun dili dolaşdı.

– Əgər mən ən yaxın vaxtlarda bir iş tapmasam, ehtimal ki, evə qayıdacağam, – deyə Kerri cavab verdi.

Minni bu fikri bəyəndi.

– Sven də belə fikirdədir ki, bu ən doğru yoldur. Heç olmazsa qış qurtarana kimi…

Kerri dərhal hər şeyi anladı: onlar işsiz qohumlarını saxlamaq istəmirdilər. O, Minnini heç də məzəmmət etmir və Hansona o qədər acığı tutmurdu. Lakin bacısı ilə yanaşı oturaraq, onun sözlərini götür-qoy edir və onda Druenin pulu olduğuna sevinirdi. Bir qədər sükutdan sonra o:

– Bəli, mən də bu barədə fikirləşmişəm, – dedi.

Kerri, Kolumbiya-sitiyə qayıtmaq fikrinin onda şiddətli həyəcan oyandırdığını əlavə etməyi lazım bilmədi. Kolumbiya-siti! Onu orada bir yaxşı şey gözləyirmi? O, oradakı məhdud cansıxıcı həyata yaxşı bələd idi. Burada isə hələ də onu özünə maqnit kimi çəkən əsrarəngiz şəhər var idi. Onun görə bildiyi şeylər hədsiz imkanların olduğunu göstərirdi. Belə çıxır ki, o, yenə əvvəlki kimi sürünməlidir. Kerri təkcə bu fikrin doğurduğu qəzəbdən bağırmağa hazır idi.

O, pəncərənin qabağında oturub fikirləşmək üçün qonaq otağına getdi. O, indi nə etsin? O, təzə çəkmə alıb burada geyə bilməzdi. Hər halda bu iyirmi dolların bir hissəsini o, geri qayıtmaq üçün yol xərci saxlamalı idi. O, yol üçün Minnidən borc almağa utanırdı. Bununla belə bu pulları necə əldə etdiyini nə ilə izah edə bilərdi? Əgər az-maz qazanıb bu çətin vəziyyətdən çıxa bilsə idi!

Kerri beynindəki bu dolaşıq kələfi açmaq haqqında dəfələrlə fikirləşdi. Sabah səhər Drue onun təzə jaketində gələcəyini gözləyəcəkdi. Ancaq bu mümkün deyildi. Hansonların onun gedəcəyi günü gözləməkdən səbirləri tükənmişdi. O, özü də onlardan ayrılmağa sevinərdi. Eyni zamanda evə qayıtmaq istəmirdi. Onun işləmədən pul qazanmasına adamların necə baxacağını düşünərkən Kerri özü də öz hərəkətindən dəhşətlənməyə başladı. Onu xəcalət bürüdü. Əmələ gəlmiş vəziyyət onu əzirdi. Drue onun yanında ikən hər şey nə qədər aydın idi. İndi isə hər şey o qədər dolaşıq, o qədər ümidsiz idi ki, – vəziyyət əvvəlkindən daha pis idi. Onun əli altında kömək vardır, lakin o, bundan istifadə edə bilmir!

Kerri ruhdan düşdü və nahar zamanı Minni belə nəticəyə gəldi ki, bacısı bu gün də heç bir şey tapa bilməmişdir. Nəhayət, Kerri pulu Drueyə qaytarmaq qərarına gəldi. O, pulu götürməkdə böyük səhv etmişdi. Sabah səhər o, şəhərə iş axtarmağa gedər, şərtləşdikləri kimi günorta Drue ilə görüşər və onunla danışar. Burada onun ürəyi qopdu və o, yenidən özünü son dərəcə bədbəxt hesab etdi.

Nə qədər qəribə olsa belə Kerri əsginaza toxunan kimi ağırlığın üzərindən götürüldüyünü duyurdu. Əvvəllər üzüntülü xəyallara dalan Kerri, sonra bütün təşvişi bir kənara qovdu, o zaman bu iyirmi dollar ona əcayib və həyəcanlandırıcı bir şey kimi göründü. Ah, pul, pul! Pulu olmaq nə yaxşıdır! Onun çoxlu pulu olsaydı, bütün qayğıları tüstü kimi dağılardı.

Kerri səhər evdən tez çıxdı. Onun iş axtarması qərarı o qədər də möhkəm deyildi, lakin onu bu qədər yüngülləşdirirdi. Kerri yenidən toplu satış firmaları rayonuna getdi, lakin bir yerə öz xidmətini təklif etmək niyyətinə gələn kimi dərhal ürəyi donurdu. “Bu nə qorxaqlıqdır” – deyə o, heyrətə gəlirdi. Axı, o, neçə dəfə iş üçün müraciət etmişdi. İndi yəqin ki, yenə də köhnə əhvalat təkrar olacaqdı. Uzun müddət dolaşdıqdan sonra bir firmaya girməyi qət etdi və həmişəki kimi rədd cavabı ilə qarşılandı, oradan da çıxdı və elə hesab etdi ki, xoşbəxtlik onun əleyhinədir. Bütün səyləri əbəsdir!

Demək olar ki, o, özü hiss etmədən Dirbori-stritə çatdı. Burada aldadıcı vitrinlərı, dəstə-dəstə alıcıları, alınan şeyləri daşımaq üçün çoxlu furqonları olan “Bazar” deyilən məşhur universal mağaza yerləşmişdi. Bu mənzərə Kerrinin düşüncələrinin istiqamətini tezliklə dəyişdi. Bir də ki, bu fikirlər onu xeyli darıxdırmışdı. O, elə əvvəldə lazım olan şeyləri buradan almağı nəzərdə tutmuşdu. Hər halda az da olsa fikrini dağıtmaq üçün buraya girə bilərdi. O, yalnız jaketlərə baxacaqdır.

Bir şey əldə etmək arzusu və bunun üçün lazım olan vəsait olduğu halda ya vicdan əzabından və yaxud kifayət qədər qətiyyətsizlikdən ləngiməyimizin yaratdığı mütərəddid vəziyyətdən xoş bir şey yoxdur. mağazaya daxil olduğu və hər addımda qarşısına çıxan gözəl şeylər arasında dolaşdığı zaman Kerrinin ruhi vəziyyəti belə idi. İş axtarmaq üçün bura gəldiyi gün aldığı təəssüratın təsiri altında bu mağaza haqqında onda çox yüksək fikir əmələ gəlmişdi. İndi Kerri o zaman tələsik keçdiyi nəzərini cəlb edən hər vitrinın qarşısında dururdu. Onun qadın ürəyi bütün bu gözəlliklərə sahib olmaq arzusu ilə çırpınırdı. Bax bu, ona necə yaraşar, o birisini geyərsə o, nə qədər cazibədar olardı. O, korsetlər olan piştaxta qarşısında dayandı, əlvan parça və qurcuvadan qayırılmış zərif şeyləri görərkən xəyala daldı. O istəsəydi onlardan birini ala bilərdi. O, sırğa, boyunbağı, sancaq, zəncirlərə baxa-baxa uzun müddət qızıl-gümüş şöbəsində dolaşdı. Burada olan şeylərə sahib olmaq üçün o, heç nəyi əsirgəməzdi. O bilirdi ki, bu bəzəklərdə o hamını heyran edə bilər.

Lakin onu başdan edən əsas şey jaketlər idi. O, mağazaya girərkən bu payızda son moda olan qəhvəyi rəngli və böyük sədəf düyməli jaketə baxdı. Kerri jaketə baxır və bundan yaxşısını tapa bilməyəcəyini düşünürdü. O, içərisində ən müxtəlif zinətlər yerləşdirilmiş şüşəli şkafların arası ilə dolaşır və bu tezliklə ən yaxşı şey seçdiyi üçün sevinirdi. Bütün bu müddət ərzində o, tərəddüdlərdən yaxasını qurtara bilmirdi. Gah özünü inandırmağa çalışırdı ki, istədiyi yeni şeyi ala bilər, gah da əsl vəziyyətini xatırlayırdı. Lakin günorta vaxtı yaxınlaşırdı. O hələ heç bir şey almamışdı. Yox, gedib pulu geri qaytarmaq lazımdır.

Drue onu tində şərtləşdikləri yerdə gözləyirdi. O:

– A! – deyə qızı salamladı və soruşdu. – Bəs jaket hanı? – Sonra ayaqqabılarına baxaraq əlavə etdi: – Bəs ayaqqabılar?

Kerri öz qərarına əsaslı surətdə ona izah etmək istəyirdi, lakin onun başında bütün fikirlər bir-birinə qarışdı. O, artıq əvvəlcədən hazırladığı cümlələrdən birini də xatırlamırdı.

– Mən gəldim sizə deyim ki… mən sizin pulunuzu götürə bilməyəcəyəm.

– Bəs belə! – deyə Drue səsləndi. – Yaxşı mənimlə gedək, bir Partricə baxaq.

Kerri onunla getdi. Şübhə və tərəddüdlərdən yaranmış mürəkkəb hörümçək toru dərhal dağıldı.

Kerri özünə bu qədər ciddi görünən səbəbləri ona izah etmək istədiyi vəziyyəti heç vəchlə izah edə bilmədi.

– Siz nahar etmişsinizmi? – deyə Drue birdən soruşdu. – Yəqin ki, yox! Gəlin, bura gedək.

O, Kerri ilə Steyt-strit yaxınlığında Monro-stritdəki qəşəng restorana daxil oldu.

Rahat bir küncdə yerləşdikdən və Drue nahar sifariş etdikdən sonra Kerri təkrar etdi:

– Mən sizdən pul götürməməliyəm. Mən ki, alacağım şeyləri orada geyə bilmərəm. Mənim qohumlarım… onlar mənim bunları haradan aldığımı bilmək istəyəcəklər.

– Siz nə etmək fikrindəsiniz? – deyə Drue təbəssümlə soruşdu. – Tam çılpaqmı gəzmək istəyirsiniz?

– Mən evimizə qayıdacağam – deyə Kerri məyuscasına cavab verdi.

– Bəsdir, bəsdir! Siz bu barədə çox fikirləşirsiniz. Nə etmək lazım olduğunu mən sizə deyim. Siz deyirsiniz ki, alacağınız təzə şeyləri bacınızın evində geyə bilməzsiniz? Nə üçün siz mebelli bir otaq tutub bu şeyləri, tutalım bir həftəliyə, orada qoymayasınız?

Kerri başını buladı. Başqa qadınlar kimi o da sonradan təkidlərə təslim olmaq üçün etiraz etməli idi.

Drue Kerrinin şübhələrini dağıtmalı və imkan daxilində başqa fikirlərə yol açmalı oldu.

– Nə üçün evə qayıdırsınız? – deyə o soruşdu.

– Ona görə ki, mən burada iş tapa bilmirəm.

– Qohumlarınız sizi saxlamaq istəmirlər? – deyə o, işin nə yerdə olduğunu başa düşdü.

– Onların qüvvəsi çatmır.

– Mən sizə nə etmək lazım olduğunu deyərəm! – deyə Drue dilləndi. – Məndən ayrılmayın. Mən sizin qayğınıza qalaram.

Kerri itaətlə onu dinləyirdi. O, elə bir vəziyyətdə idi ki, Druenin sözləri ona açılmamış qapıdan gələn sərin bir meh kimi təsir edirdi. Elə bil Drue onu tamamilə anlayırdı. O, çox mehriban idi… O, səliqəli, gözəl, yaxşı geyinmiş və qayğıkeş idi. Onun səsi dost səsi idi.

– Siz Kolumbiya-sitidə nə edəcəksiniz? – deyə o soruşdu. Onun sözləri Kerrinin təsəvvüründə vaxtilə qaçdığı nəşəsiz həyatı canlandırdı. – Orada heç bir yaxşı şey yoxdur. Yaşamaq üçün əsl yer Çikaqodur. Yaxşıca bir otaq tutun, əməlli-başlı geyinin, onda iş taparsınız.

Kerri pəncərədən küçədə vurnuxan izdihama baxır və düşünürdü:

“Bu gözəl, böyük şəhərə bax, pulu olanlar üçün o, necə cazibəlidir!” Bir cüt kəhər at qoşulmuş ekipaj keçib getdi, onun içərisində yumşaq balınclar arasında gənc bir qadın oturmuşdu.

– Siz Kolumbiya-sitiyə qayıtsanız orada sizi nə gözləyir? – deyə Drue yenidən soruşdu.

Sual başqa bir məqsəd güdmədən, çox səmimi verilmişdi. Drue sadəcə olaraq fikirləşirdi ki, Kerri evlərinə qayıdarsa, həyatda nəyin xatirinə yaşadığını bilməkdən məhrum olacaqdır.

Kerri hərəkətsiz halda oturub küçəyə baxırdı. O, necə hərəkət etmək barəsində gərgin surətdə fikirləşirdi. Axı Hansonlar onun bu həftə evə qayıdacağını gözləyirdilər.

Drue yenidən paltar məsələsinə qayıtdı:

– Siz nə üçün özünüzə qəşəng isti jaket almırsınız? Axı bu zəruridir. Siz narahat olmayın, mən sizə yenə də pul verərəm. Özünüzə yaxşı bir otaq axtarın ki, orada tamamilə tək yaşayasınız. Siz məndən ehtiyat eləməyin.

Kerri söhbətin nəyə doğru yönəldiyini yaxşı anlayırdı, lakin fikrində olanları danışa bilmirdi. O, nə kimi çıxılmaz vəziyyətdə olduğunu həmişəkindən daha artıq hiss edirdi.

– Əgər bir iş tapa bilsəydim! – deyə Kerri pıçıldadı.

– Burada qalsanız, bəlkə də taparsınız, – deyə Drue cavab verdi. – Amma getsəniz, əlbəttə, bir şey əldə etməzsiniz. Qohumlarınız onlarla qalmağınızı istəmirlər, elə deyilmi? Bəs siz nə üçün balaca bir otaq tutmağa mənə icazə vermirsiniz? Mən sizi narahat etmərəm, qorxmayın! Siz özünüzü yaxşı düzəldəndən sonra ola bilsin ki, iş də taparsınız.

Qızla söhbət edə-edə Drue onun sevimli üzünə baxır və bu onu ruhlandırırdı. Kerri şübhəsiz Druedən daha qüvvətli bir təxəyyülə malik idi və daha incə zövqü var idi. Əzab çəkməsinin və kədərinin səbəbi də ruh zərifliyi idi. O, nə qədər pis geyinmiş olsa də cəlbedici bir görkəmi var idi və özü belə hiss etmədən başını çox gözəl tuturdu.

– Demək, sizin fikrinizcə mən bir şey tapa bilərəm? – deyə Kerri şübhə ilə soruşdu.

– Əlbəttə ki, – deyə Drue ona çay süzmək üçün əyildi. – Mən sizə kömək edərəm.

Kerri ona baxdı, o da qıza ürək verməyə çalışaraq laübalı güldü.

– Gəlin biz belə edək. Partricin mağazasına gedib sizə lazım olan şeyləri seçək. Sonra otaq taparıq, siz öz şeylərinizi orada qoyarsınız. Axşam isə birlikdə teatra gedərik!

Kerri başını buladı.

– Hə, yaxşı, siz sonra bacınızın evinə qayıdarsınız. Deyəsən, bu daha yaxşıdır. Sizin yeni otaqda qalmağınız heç də lazım deyil. Siz ancaq onu tutun və şeylərinizi orada qoyun.

Kerri heç bir cavab vermədi və naharın axırına qədər şübhələr içində əzab çəkdi.

Nəhayət Drue:

– Gedək, jaket seçək, – dedi.

Onlar hər cür yeni şeylərlə xışıldayan və parlayan mağazaya birlikdə yollandılar və söz yox ki, Kerri dərhal bu şeylərin cazibə qüvvəsinin əsiri oldu. Şən Drue ilə nahar etdikdən sonra Kerri onun planını tamamilə mümkün hesab edirdi. O, şeylərə baxmağa başladı və eynilə “Bazar”da görüb bəyəndiyi bir jaketi seçdi. Kerri jaketi əlinə aldıqda, o, qıza daha gözəl görünürdü.

Satıcı qadın jaketi yoxlamaq üçün onun geyinməsinə kömək etdi. Jaket sanki onun əyninə biçilmişdi. Bu paltarı görən Drue tamamilə şənlənmişdi. Kerri dərhal qəşəngləşdi.

– Lap elə sizin malınızdır! – deyə Drue səsləndi.

Kerri ayna qarşısında hərlənir və sevinclə hər tərəfdən özünə baxırdı. Onun yanaqları lalə kimi qızarmışdı.

– Lap elə sizin malınızdır! – deyə Drue təkrar etdi. – İndi isə pulunu verin.

– Doqquz dollar! – deyə Kerri dəhşətə gəldi.

Drue:

– Eybi yoxdur, – dedi.

Kerri pul kisəsini qurdalayaraq əsginazların birini çıxartdı. Satıcı qadın paltarı geyib-geyməyəcəyini soruşdu. Təsdiq cavabı aldıqda o getdi və bir dəqiqə sonra pulun qalanını qaytardı.

Onlar Partricin mağazasından çıxaraq, ayaqqabı mağazasına getdilər, burada Kerri ayaqqabılarını ölçməyə başladı. Drue buradaca ona yeni çanta və bir cüt əlcək aldı, sonra corab almağı təklif etdi.

– Sabah yenidən mağazaları gəzib özünüzə yubka alarsınız, – dedi.

Kerri bütün bunlarla razılaşarkən yaxşı hərəkət etmədiyini hiss edirdi. O, nə qədər artıq tora düşürdüsə, bir o qədər də özünü inandırmağa çalışırdı ki, hər şey onun hələ etmədiyi şeydən asılı olacaqdır. O hələ filan, filan şeyləri etməyibsə, geri çəkilmək mümkündür.

Drue Bobeş avenüdə kirayə verilən mebelli otaqlar olan bir evi tanıyırdı. Onlar getdikləri yerə yaxınlaşarkən o, Kerriyə evi göstərdi və:

– İndi yadınızda saxlayın ki, mənim bacımsınız! – dedi.

O, ev sahibəsi ilə şən və sərbəst danışır, hər şeyə baxır, seçir, tənqid edir və öz fikrini deyirdi. O, kirayənişindən çox razı olan ev sahibəsinə:

– Bacımın şeyləri bir-iki gündən sonra gətiriləcəkdir, – dedi.

Onlar otaqda tək qaldıqları zaman Drue öz rəftarını azacıq da olsa dəyişmədi. O, eləcə laqqırtı vurmaqda davam edirdi, sanki onlar əvvəlki kimi küçədə idilər. Kerri alınmış şeyləri yeni otağa qoyub, qapını bağladı.

Drue soruşdu:

– Nə üçün siz bu gün köçməyəsiniz?

– Yox mən bunu edə bilmərəm, – deyə Kerri cavab verdi.

– Nə üçün?

– Mən bizimkilərdən bu cür ayrılmaq istəmirəm.

Küçədə Drue yenə həmin mövzuya qayıtdı. Gün aydın və isti idi. Günəş buludlar arxasından çıxmış, külək isə tamam sakitləşmişdi. Drue Kerri ilə söhbətindən onun bacısı evində nə kimi bir vəziyyətin hökm sürdüyünü çox aydın başa düşmüşdü.

– Tezliklə oradan çıxın, – deyə o, qıza məsləhət gördü, – Onlar heç də heyifsilənməyəcəklər. Mən sizə hər şeyi yoluna qoymağa kömək edərəm.

Kerri onu dinləyir və ürəyindəki ağır duyğuları tədricən tüstü kimi dağılırdı. Drue söz arası dedi ki, o, əvvəl Kerrini şəhərlə tanış edər və sonra iş tapmaq üçün kömək edər. O, dediklərinə özü də inanırdı. O, tezliklə iş səfərinə çıxacaqdır. Kerri isə burada qalar və işləyər.

– Siz belə də edin, – deyə Drue sözünə davam etdi. – Bacınızgilə gedin, sizə nə lazımsa götürün və sonra çıxın.

Kerri bu sözlər üzərində çox düşündü. Nəhayət, onun məsləhətlərilə razılaşdı. Onlar şərtləşdilər ki, Drue onu axşam saat doqquzda Peoriya-stritin tinində gözləsin.

Kerri altının yarısında evə qayıtdı və altıya qədər onun qərarı tamamilə möhkəmləndi.

– Sən vəd edilmiş işə girdinmi? – deyə Minni soruşdu.

Minni bunu soruşduqda Kerrinin dediyi “Boston” universal mağazasında vəd edilmiş yeri nəzərdə tuturdu.

Kerri?

243 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
ISBN:
978-9952-8245-4-5
Правообладатель:
JekaPrint

С этой книгой читают