Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Kerri bacı», страница 4

Шрифт:

V FƏSİL
GÖZƏL GECƏ ÇİÇƏYİ. KERRİNİN ADI NECƏ ÇƏKİLDİ

Təyin olunmuş axşam Drue gəlmədi. Kerrinin məktubunu aldıqda, onun haqqında olan bütün fikirlərini müvəqqəti olaraq bir tərəfə qoyub tamamilə əyləncələrə – bu sözü anladığı mənada əyləncələrə – qoşuldu. Bu gün o Klark və Monro-strit küçələrinin tinində, zirzəmidə yerləşən xeyli məşhur “Rektor” restoranında nahar etdi. Nahardan sonra Adams-stritdə şəhər bələdiyyə idarəsinin əzəmətli binası qarşısında olan “Fitscerald və Moy” barına yollandı. Orada zəngin piştaxtanın yanında oturdu, bir qədər xalis viski içdi və iki siqara alıb onlardan birini yandırdı. Druenin təsəvvürünə görə belə hərəkət “yüksək cəmiyyət” həyatının adətlərinə daxil idi və bu həyatın daşıdığı mahiyyətin yəqin ki, bir hissəsini təşkil edirdi.

Drue əyyaş və pullu adam deyildi. O ancaq həyatda olan bütün yaxşı – Druenin təsəvvürünə görə yaxşı – şeylərin həsrətini çəkirdi və belə vaxt keçirmək Drueyə o yaxşı şeyin bir hissəsi kimi görünürdü. Divarları və döşəməsi pardaxlanmış mərmərdən olan, başdan-başa ziyaya qərq olmuş, gümüş və çini qablarla bəzənmiş, ən başlıcası isə artistlərin sevdiyi yığıncaq yeri olan “Rektor” restoranı Drueyə bəxti gətirmiş adamlar üçün daha əlverişli yer kimi görünürdü. Drue yaxşı geyməyi, dadlı şeylər yeməyi sevirdi, ancaq o, yaxşı məclisləri və həyatda müvəffəqiyyət qazanmış adamlarla tanış olmağı daha çox qiymətləndirirdi. Bu restoranda nahar edərkən o, Cozef Ceffersonun burada tez-tez olmasından, o dövrün başqa bir şöhrətli artisti – Henri Diskin ondan bir neçə stol aralıda oturması fikrindən həzz alırdı. Siyasətçilərin, birja dəllallarının, artistlərin, həmçinin bütün şəhərdə məşhur olan varlı avara gənclərin göründüyü boş laqqırtı gurultusu içərisində yeyib-içdikləri “Rektor”da həmişə bu ləzzəti almaq olardı.

– Odur, orada filankəslər oturmuşlar, – bu və ya başqa bir centlmenin, xüsusən yeməyə səxavətlə pul xərcləmək imkanı verən başhərləndirici yüksəkliyə çatmamış, lakin vaxtilə çatmağa ümid edən adamların ağzından tez-tez bu cümləni eşitmək olardı.

– Doğrudanmı? – deyə ona həmişəki kimi sual verilərdi.

– Əlbəttə! Bəs siz bilmirsiniz? O, Böyük operanın direktorudur.

Bu sözlər Druenin qulağına çatdığı zaman o, çiyinlərini düzəldib daha böyük iştahla yeməyə başlayırdı. Əgər onun bunsuz da özünə məxsus bəzi şöhrətpərəstliyi var idisə, belə söhbətlər bu şöhrətpərəstliyi daha da qüvvətləndirirdi, əgər o, məğrur idisə, bu sözlər onun məğrurluğunu daha da alovlandırırdı. Bəli, elə bir gün gələcək ki, o da dəstə-dəstə pullar xərcləyə biləcəkdir. Hələ indi o həmin adamların nahar etdiyi yerdə nahar edə bilir!

Onun Adams-stritdə olan “Fitscerald və Moy” barını üstün tutması da eyni mülahizələrə əsaslanmışdı. Çikaqo üçün bu, zəngin yer idi. “Rektor” restoranı kimi o da yumşaq elektrik işığına qərq olmuşdu, döşəməsinə rəngarəng dördbucaqlı daşlar döşənmişdi. Divarların aşağı hissəsinə vurulmuş tünd rəngli pardaxlanmış ağac gözəl çilçıraqların işığını əks etdirirdi. Divarın yuxarı hissəsinin gözəl naxışları salona fövqəladə zənginlik verirdi. Barın parlaq işığa qərq olmuş uzun piştaxtası da pardaxlanmış ağacla örtülmüşdü. Hər tərəfdə billur qablar, rəngli şüşələr və hər növ qəribə formalı butulkalar parlayırdı. Bura böyük palma ağacları, bahalı şərabları, bol meyvəsi, heç yerdə tapılmayan ən yaxşı konfeti və siqarları olan həqiqətən zəngin bir bar idi.

Drue “Rektor” restoranında m-r Herstvud ilə tanış olmuşdu. O, “Fitscerald və Moy” barının müdiri idi. Onun haqqında şəhərdə yaxşı tanınmış çox bacarıqlı və bəxti gətirən bir adam kimi danışırdılar. Herstvud bu fikri tamamilə doğruldurdu. Onun qırxa yaxın yaşı olardı, o, yaxşı geyinirdi, möhkəm bədəni və nəcib hərəkətləri var idi. Özünü müəyyən mövqe tutmuş və şəxsi ləyaqətini bilən mötəbər bir şəxs kimi aparırdı. Drue dərhal anladı ki, bu adamla dostluq etməyinə dəyər. Buna görə də Herstvud ilə sadə tanışlıqla kifayətlənməyib, hər dəfə bir az vurmaq və siqar çəkmək arzusu olanda Adams-stritə gedirdi.

Herstvud öz-özlüyündə maraqlı bir tip idi. O, zirək və hiyləgər idi, insanlara müsbət təsir bağışlamağı bacarırdı. Təmtəraqlı barın müdiri vəzifəsi çox şərəfli bir vəzifə hesab olunurdu. Herstvud illər boyu canfəşanlıq və inadla qulluq etmək nəticəsində yoxsul bir salonda bufetçilik vəzifəsindən indiki vəzifəyə qalxmışdı. Barda onun pardaxlanmış gilənar ağacı ilə bəzənmiş balaca bir kabineti var idi, o burada stolun gözündə çox da mürəkkəb olmayan mühasibatını yerləşdirmişdi, bunun köməyi ilə o lazım olan, sifariş edilmiş və alınmış malları hesablayırdı. Ümumi rəhbərliyi və maliyyə vəzifələrini bar sahibləri – Fitscerald və Moy və satışdan toplanan pulları idarə edən kassir yerinə yetirirdi.

Herstvud vaxtının çox hissəsini barın ortasında gəzməklə keçirirdi, onun əynində xarici parçadan tikilmiş şıq kostyum, almazdan sancaq, mütləq yeni bir fasonda tikilmiş jilet, ən yaxşı marka hesab olunan ağır qızıl zəncirli, qəribə breloklu saat olardı. O, şəhərdə məşhur olan yüzlərlə aktyorların, tacirlərin və bir çox başqalarının adlarını bilir və onları: “Hə, salam, qoca!” – sözlərilə salamlayırdı. Onun şöhrət və müvəffəqiyyəti qismən də bununla izah olunurdu. Onun həftədə on beş dollar alan kontorçular və xırda xidmətçilər (bara tez-tez gəlmək sayəsində Herstvudun kim olduğunu bilmək şərəfinə çatanlar) üçün “Gündüz xeyir”dən başlamış “Salam, salam! Kefiniz necədir?”ə qədər tədricən yüksələn salam silsiləsi var idi. Son salam onu tanıyan və onunla dostluğa meyil edən şəhərin məşhur adamlarına və yaxud varlılarına məxsus idi. Lakin bir qisim çox zəngin və tanınmış qonaqlar var idi ki, Herstvud onlarla yanaşı durmağa cəhd etməzdi. Belə adamlara o, peşəkar bir nəzakətlə yanaşır, onlara lazımi hörmət göstərirdi. Belə hallarda o, simasına ciddilik və şəxsi ləyaqət ifadəsi verirdi. Beləliklə, Herstvud onların rəğbətini qazanır və bundan onun ləyaqətinə azacıq da olsa zərər toxunmurdu. Nəhayət, buraya kifayət qədər məşhur olan, lakin yüksək şöhrəti olmayan, nə kasıb nə də varlı adamlar da gəlirdi ki, bunlarla Herstvud əsl dostluq əlaqəsi saxlayırdı. Bu təbəqədən olan adamlarla o daha böyük məmnuniyyətlə söhbət edir və onların fikirlərinə ciddi qulaq asırdı. O ara-sıra vaxtını əyləncələrə sərf etməyi də sevirdi, yəni cıdıra, hər hansı bir klubun düzəltdiyi teatra, yaxud idman tamaşalarına gedirdi. Onun gözəl atları və ekipajı var idi; o öz arvadı, iki uşağı ilə Linkoln-parkın yaxınlığında, Şimal tərəfdə olan gözəl evində yaşayırdı.

Bir sözlə, Herstvud bizim Amerikanın, necə deyərlər, “yüksək sinfinin” nümayəndəsi idi. Həyat səviyyəsinə görə isə pullu tuzlardan bir pillə aşağıda dururdu.

Drue Herstvudun çox xoşuna gəlirdi. Onun sadə hərəkətləri də, bəzəkli xarici görünüşü də Herstvudun ürəyindən idi. O, Druenin vur-tut az stajlı bir kommivoyajer olduğunu bilirdi. Lakin “Bartlet Kario və Ko” işləri yaxşı gedən böyük bir firma hesab olunurdu. Drue də orada yaxşı işçi sayılırdı. Herstvud m-r Kario ilə yaxından tanış idi. O, ümumi söhbətin gurultusu altında öz dostları ilə bir stəkan viski içmək üçün dəfələrlə buraya gəlmişdi. Çarlz Drue öz işi üçün çox faydalı olan məzəlilik hissinə malik idi və yeri gəldikdə məharətlə lətifə danışmağı bacarırdı. Herstvudla o, cıdır haqqında danışır, qadınlarla olan macəralarından və həyatında baş vermiş maraqlı hadisələrdən söhbət edir, olduğu şəhərlərdə bazarların vəziyyəti haqqında məlumat verirdi. Bütün bunların sayəsində o, yaxşı bir müsahib olmuşdu. Bu axşam onun halı çox yaxşı idi, çünki onun hesabatı firma tərəfindən təsdiq edilmiş, yeni nümunələr müvəffəqiyyətlə seçilmişdi və o, gələcək altı həftəlik səfəri üçün plan düzəldib qurtarmışdı.

Drue saat səkkizdə bara daxil olarkən:

– A, Çarli, dostum! – deyə Herstvud onu salamladı, – işləriniz necədir?

Bu zaman bar camaatla dolu idi. Drue razılıqla gülümsünərək Herstvudla salamlaşdı və onunla birlikdə piştaxtaya tərəf yollandı.

– Sağ olun, pis deyil, – deyə Drue gedə-gedə cavab verdi.

– Mən sizi ay yarımdır ki, görmürəm. Nə vaxt gəlmisiniz?

– Cümə günü, – deyə Drue cavab verdi. – Səfərim çox müvəffəqiyyətlə keçdi.

– Çox şadam.

Bu sözləri deyən zaman Herstvudun qara gözlərində adi soyuqluğu müvəqqəti olaraq əvəz edən nə isə bir mülayimlik və istilik göründü.

Ağappaq gödəkcə geymiş və eləcə də qalstuk bağlamış bufetçi sifariş qəbul etmək üçün azacıq qabağa əyildiyi zaman Herstvud soruşdu:

– Nə içəcəksiniz?

– Köhnə istiot arağı.

Herstvud:

– Mənə də bir azacıq ondan verin, – deyərək soruşdu: – Siz şəhərdə çoxmu qalacaqsınız?

– Ancaq çərşənbə gününə qədər. Bu dəfə Sen-Pola gedəcəyəm.

– Şənbə günü Corc İvens burada idi. Deyirdi ki, keçən həftə sizi Milokidə görmüşdür.

– Elədir, mən Corcu gördüm, – deyə Drue təsdiq etdi. – Yaxşı oğlandır, deyilmi? Biz onunla yaxşı vaxt keçirtdik.

Bufetçi şüşəni onların qabağına qoydu. Dostlar söhbəti davam etdirərək hərəsi özü üçün araq tökdü. Drue ədəb qaydalarına müvafiq olaraq stəkanının üçdə iki hissəsini doldurdu. Herstvud isə qədəhinə yalnız bir neçə damcı araq töküb selter ilə qarışdırdı.

– Kario harada itib batmışdır? – deyə o soruşdu. – İki həftə olar ki, görünmür.

– Deyirlər, xəstədir. Axı qocanın podaqra xəstəliyi var!

– Vaxtilə az pul qazanmamışdır, eləmi?

– Bəli, onun pulu çoxdur, – deyə Drue razılaşdı. – Lakin o çox yaşamaz. İndi o demək olar ki, heç kontora gəlmir.

– Deyəsən, onun ancaq bir oğlu var? – deyə Herstvud soruşdu.

– Bəli, özü də yaşamaq üçün tələsənlərdəndir, – deyib Drue güldü.

– Güman eləmirəm ki, başqa şəriklər olduğu halda onun işə böyük ziyanı ola bilsin.

– Xeyr, mən də onun zərər verə biləcəyini düşünmürəm.

Herstvud pencəyinin düymələri açılmış halda hər iki əlinin baş barmağını jiletin ciblərinə soxaraq piştaxtaya söykənib durmuşdu. Gur işıq onun bütün simasına xoş bir zəriflik verirdi. O, gözəllik və nəzakət mücəssəməsinə oxşayırdı.

İçməyə və düşünməyə meyil edən üçün gurultulu və səs-küylü camaatla dolu olan bu böyük parıldayan salon anomaliya kimi, təbiətin və həyatın bir növ təhrifi kimi görünə bilərdi. Kəpənəklər parlaq işığın hərarətli şüalarından isinmək üçün ardı-arası kəsilmədən buraya axışırdılar. Burada eşidilən qırıq-qırıq söhbətlərə görə barın müştəriləri haqqında müəyyən fikir yürütmək çətin idi. Hər kəsə aydındır ki, fırıldaqçılar özlərinin iyrənc kələklərinə müzakirə üçün daha xəlvət yer seçər, siyasətçilər isə burada məclis çağırmaz, qulağı iti olan hər kəsin diqqətlə qulaq asacağı bu yerdə mühüm məsələlər haqqında söhbət etməzdilər. Bütün bu adamların buraya toplanmasını onların şəraba olan meyilləri ilə izah etmək çətin idi, çünki bunların çoxu əyyaş deyildilər. Hər halda onları camaatla dolu salonda çənə vurmaq və mühakimə yürütmək üçün toplanmağa nə isə bir şey məcbur edirdi. Şübhəsiz, hansı bir ehtirassa, hansı bir izahedilməz arzu isə bu xüsusi müəssisələrin meydana çıxmasına səbəb olmuşdu – əks-təqdirdə onlar heç olmazdı.

Məsələn, Drueni buraya sövq edən yalnız əyləncə həsrəti, eləcə də varlı adamların arasında olmaq arzusu idi. Onun burada görüşdüyü dostları, ola bilsin özləri belə düşünmədən, burada gördükləri cəmiyyətə, bu xarici parlaqlığa, bu mühitə ehtiyac hiss etdiklərindən buraya gəlirdilər. Nəhayət, bu hadisəyə ictimai adətlərin yaxşılaşması əlaməti kimi də baxmaq olardı, çünki müştəriləri buraya sövq edən ancaq hissi arzular olsa da, bunda heç bir pis şey yox idi. Bara bu cür gəlmək, uzaq başı, həyata kobud materialist nöqteyi-nəzərilə baxan adamda dəbdəbəli yaşamaq, heç nəyə ehtiyac hiss etməmək arzusu doğura bilərdi. Lakin belə olduqda da insan özü və onun şeylərə olan münasibəti müqəssir idi. Etiraza səbəb olan yeganə amili – əyyaşlığı bir tərəfə atın və o zaman şərait gözəlliyi əleyhinə, bara getməkdən doğan xoş duyğuların əleyhinə çıxacaq bir adam da tapılmaz. Bizim ən yaxşı restoranlarımızın şöhrəti bu nöqteyi-nəzərin doğruluğunu təsdiq edir.

Bununla belə bu işıqlı salon, fikirlərin məqsədsiz qarmaqarışıq axınına qapılaraq, xırda və mənasız laqqırtı ilə məşğul olan bərli-bəzəkli, acgöz izdiham, bütün bu zahiri gözəllik və modabazlıq qarşısında əyilən adamlar bu divarlardan kənarda əbədi ulduzların təmiz parıltısı altında olan adama nədənsə heyrətli və qəribə görünərdi. Bəli soyuq külək dolaşan bir gecədə ulduzlar altında durub bu çıraqban edilmiş bara tamaşa etdikdə, o, yəqin sirli, şən əyləncələrdən başhərləndirici lətafət saçan, pərvanələr dəstəsi ilə əhatə olunmuş qırmızı gecə çiçəyi kimi görünür.

– Siz indicə buraya girən adamı görürsünüzmü? – deyə Herstvud silindrli və sürtuklu centlmenə baxıb soruşdu. Bu adamın kök yanaqları yaxşı yeməkdən sonra olduğu kimi qırmızı idi.

– Yox. Hanı? – deyə Drue soruşdu:

Herstvud gözləri ilə silindrli centlmeni göstərib dedi:

– Odur, orada!

Drue göstərilən tərəfə baxdığını bildirmədən:

– Hə, hə, görürəm, – dedi. – O kimdir?

– Məşhur sprit Jül Uollesdir.

Drue maraqlandı və:

– Mən deməzdim ki, o, ruhlarla işi olan adama oxşayır, – dedi.

– Doğrusu, mən onun onlarla əlaqədə olub-olmadığını deyə bilmərəm, lakin onun həmişə pulu var, – deyə Herstvud səsləndi və onun gözlərində tamahkarlıq alovu parladı.

Drue dedi:

– Mən şəxsən belə şeylərə o qədər inanmıram. Siz necə?

– Necə deyim, – deyə Herstvud cavab verdi. – Bəlkə də bütün bunların arxasında bir şey var. Hər halda, mən şəxsən bu məsələ üzərində başımı yormazdım. Yeri gəlmişkən, – deyə o əlavə etdi, – sizin bu gün gedəcək yeriniz varmı?

– Bəli, “Torpaqda deşik” pyesinə baxmağa gedəcəyəm, – deyə Drue o zaman şöhrət tapmış komediyanın adını çəkdi. Herstvud saata baxıb:

– Elə isə sizin getmək vaxtınızdır, doqquzun yarısıdır, – dedi.

Barda adamlar seyrəkləşirdi. Müştərilər dağılmağa başlamışdılar. Bəziləri teatra, başqaları öz klublarına, bir qismi də ən cazibədar əyləncə mənbəyi olan (hər halda bura gələn müştərilər kimi adamlar üçün) qadınların yanına gedirdilər. Drue dedi:

– Bəli, vaxtdır.

– Tamaşadan sonra gəlin, – deyə Herstvud təklif etdi. – Mən sizə bəzi şeylər göstərmək istəyirəm.

Drue sevinərək:

– Məmnuniyyətlə gələrəm, – dedi.

– Ancaq bəlkə bu gün işiniz var? – deyə bar müdiri soruşdu.

– Yox, heç bir işim yoxdur.

– Onda teatrdan sonra gəlin!

Drue vidalaşarkən dedi:

– Cümə günü səfərdən qayıdarkən yolda çox gözəl bir qızla tanış olmuşam. Lənət şeytana, yeni səfərə qədər mütləq onunla görüşmək lazımdır.

– O sizin nəyinizə lazımdır? – deyə Herstvud zarafat etdi.

Drue dostunu mümkün qədər çox maraqlandırmaq məqsədilə böyük bir inamla dedi:

– Onun nə qədər gözəl olduğunu bilmirsiniz.

– Demək, saat 12-də, – deyə Herstvud bir daha xatırlatdı.

Drue bardan çıxa-çıxa:

– Bəli, bəli, – dedi.

Beləliklə, Kerrinin adı bu axmaq kef yerində bu cür xatırlandı, balaca işçi isə bu zaman ilk vaxtlarda onun üçün demək olar ki, labüd olan miskin taleyinə acı-acı ağlayırdı.

VI FƏSİL
MAŞIN VƏ QIZ. ZƏMANƏMİZİN CƏNGAVƏRİ

Kerri, axşam bacısıgildə indiyə kimi nəzərinə çarpmayan bəzi şeylər də gördü. Otaqda heç bir dəyişiklik olmamışdı, lakin Kerri özü dəyişilmişdi və bu, Kerriyə hər şeydən yaxşı baş çıxarmağa imkan verirdi. Kerri dünən kefi kök gəldikdən sonra, Minni ondan işi haqqında xoş bir şey eşidəcəyini gözləyirdi. Hanson da elə zənn edirdi ki, Kerri tamamilə razı olacaqdır.

O, iş paltarında dəhlizdə görünüb Kerrinin olduğu yemək otağının qapısından baxaraq soruşdu:

– İşiniz necədir?

– Çox ağırdır, – deyə qız cavab verdi. – Ora mənim xoşuma gəlmir.

Onun simasındakı ifadə, yorğunluğunu və peşmanlığını sözdən daha aydın bildirirdi.

Hanson vanna otağına getməzdən əvvəl bir anlığa ayaq saxlayıb:

– Axı nə cür işdir? – deyə soruşdu.

– Maşında işləyirəm, – deyə qız cavab verdi.

Hiss olunurdu ki, Hansonun bu məsələ ilə maraqlanması, onun şəxsi ailə həyatına dair hər hansı bir münasibətindən irəli gəlirdi. Hanson bir qədər acıqlanmışdı: axı nə üçün hər şey elə düzəlməmişdir ki, Kerri öz taleyindən razı qalsın?

Minninin də qanı qaralmışdı: o indi Kerri gəlməmişdən qabaqkına nisbətən daha həvəssiz işləyirdi. İndi bacısının şikayətindən sonra, tavada qızardılan ətin cızıltısı ona ləzzət vermirdi.

Halbuki belə bir gündən sonra Kerrini yalnız o sevindirə bilərdi ki, qayıtdıqda şən və mehriban adamlar, onu gözləyən yaxşı düzəldilmiş süfrə görsün, biri ona desin ki: “Bütün bunlar boş şeydir! Bir az səbir elə. Sən bundan da yaxşı iş tapacaqsan!”

Lakin, indi onun bütün ümidləri puça çıxmışdı. Kerriyə aydın oldu ki, onun şikayətlənməsi ər-arvada əsassız görünür, o işləməli və susmalıdır.

Kerri öz yeməyi üçün onlara həftədə dörd dollar verməli olduğunu bilir və bu adamlarla yaşamağın kədərdən başqa heç bir şey vəd etmədiyini başa düşürdü.

Minni ona yoldaş ola bilməzdi. Bunun üçün o çox yaşlı idi. Onun hər şeyə öz həyat şəraitinə müvafiq olaraq yaranmış xüsusi görüşləri var idi. Hanson isə ara-sıra onda şən fikirlər əmələ gəlirsə və yaxud xoş duyğular olurdusa da, o bunları bildirməyi sevmirdi. O, kimsəsiz ev kimi dinməz idi.

Kerridə isə gəncliyin hərarətli qanı coşurdu və o, təxəyyüldən məhrum deyildi. Onun üçün hər şey: nəvaziş də, məhəbbət və onun sirləri də hələ irəlidə idi. Etmək istədiyi şeylər, geymək istədiyi paltarlar, getmək istədiyi yerlər haqqında düşünmək ona xoş gəlirdi. Onun bütün fikirləri bu şeylərin ətrafında hərlənirdi və bacısının evində onun dərdinə şərik olan bir nəfərin tapılmasını o, özünün hər bir addımına qarşı bir maneə kimi qəbul edirdi.

Kerri günün hadisələrini götür-qoy edərək Druenin gələ biləcəyini tamamilə unutmuşdu. İndi, bir dam altında yaşadığı adamların ona nə qədər az ürək yandırdıqlarına əmin olduqdan sonra, o hətta Drue ilə burada görüşməməyi daha üstün tuturdu. O, birdən Drue gələrsə, onunla nə edəcəyini və necə danışacağını qətiyyən bilmirdi.

Kerri axşam yeməyindən sonra paltarını dəyişdi və dərhal qəşəngləşdi. Bəzək-düzəkdən sonra iri gözlü və ağzının yanında kədərli qırışlar olan bu qız həmişə çox gözəl görünürdü. Keçirdiyi bütün hisslər: ümid, narazılıq, ürək sıxıntısı onun üzərində əks olunurdu. Stol üzərindəki qablar yığışdırıldıqdan sonra Kerri otaqda gəzişdi. Minni ilə bir qədər söhbət etdi və sonra aşağı düşüb qapıda durmağı və əgər Drue gələrsə onu orada qarşılamağı qət etdi və cəld şlyapasını geyib pilləkənlərlə aşağı endi.

Hanson bir neçə dəqiqə yemək otağında oturmaq üçün əlində qəzet daxil olduğu zaman Minni ərinə müraciətlə:

– Görünür, Kerri öz işindən o qədər də razı deyildir, – dedi.

– Hər halda o bir müddət dözməlidir, – deyə Hanson cavab verdi. – O, aşağıya düşdü?

– Bəli.

– Sən ona bir qədər dözməyi məsləhət gör, – deyə Hanson təkrar etdi. – Başqa bir iş tapana qədər ola bilsin ki, bir neçə həftə boş gəzməli olacaqdır.

Minni belə edəcəyini bildirdi. Hanson yenidən qəzetini oxumağa girişdi. Bir qədər keçdikdən sonra o əlavə etdi:

– Mən sənin yerinə olsaydım, onun aşağıda, qapıda durmasına icazə verməzdim. Bu heç də yaxşı deyildir.

– Yaxşı, mən on deyərəm, – deyə Minni söz verdi.

Küçədəki həyat Kerrini daim maraqlandırırdı. Bütün bu adamların ekipajlarda haraya getdikləri və nə kimi əyləncələrlə məşğul olduqları haqqında fikirləşməkdən o heç vaxt yorulmurdu. Onun xəyal dairəsi çox dar idi: onu ancaq pul, xarici görünüş, bəzək, zövq aləmi maraqlandırırdı. Hərdənbir bir anlığa Kolumbiya-sitini xatırlayır, bəzən isə bir gün içərisində çəkdiyi bütün əzab haqqında fikirləşərkən hirslənirdi. Lakin ümumiyyətlə, onun ətrafındakı bu kiçik aləm onun nəzərini özünə cəlb edirdi.

Minninin yaşadığı evin birinci mərtəbəsində çörəkxana var idi. Kerri qapıda durduğu zaman Hanson çörək almağa getmişdi. Qız bunu ancaq Hansonu öz yanında gördüyü zaman bildi.

Hanson qızın yanından keçərkən ancaq:

– Mən çörək almağa gedirəm, – dedi.

Bir adamın fikrini başqası necə də tez və asan başa düşür. Hanson doğrudan da çörək almaq üçün çıxmışdı, lakin o eyni zamanda Kerrinin nə ilə məşğul olduğunu də bilmək istəyirdi. O hələ Kerriyə yaxınlaşmamışdı ki, qız onun niyyətini duydu. Kerri, bu fikrin onun ağlına necə gəldiyini deyə bilməzdi, ancaq hər halda Hansonun bu hərəkəti qızda ona qarşı həqiqi bir kin doğurdu. İndi qız ondan bu cür şübhələnən adamdan acığı gəldiyini başa düşdü.

Bəzən xırda bir şey ətrafda olan hər şeyi tamamilə başqa cür aydınlaşdıra bilir. Kerrinin sakit axan fikirləri pozuldu və Hanson evə qayıtdıqdan sonra Kerri dərhal onun arxasınca qayıtdı. Yarım saat keçdikdən sonra Kerri Druenin gəlməyəcəyini anladı və özünü bir qədər incimiş hiss etdi. Ona elə gəldi ki, Drue onu atmışdır və görünür ki o, Drueyə o qədər də yaraşmır. Bacısının evi sakitlik idi. Minni stolun arxasında oturub lampa işığında tikiş tikirdi. Hanson artıq yatağına uzanmışdı. Yorulmuş və ümidi üzülmüş Kerri də yatağına getdiyini bildirdi.

Minni dedi:

– Hə, yatsan yaxşıdır, axı sən erkən durmalısan.

Açılan səhər heç bir sevinc gətirmədi. Kerri otağının qapısını açarkən Hanson artıq evdən çıxırdı. Səhər yeməyi zamanı Minni bacısını söhbətə tutmaq istədi, lakin onların heç bir ümumi maraqları yox idi.

Dünən olduğu kimi bu gün də Kerri piyada yola düşdü, çünki o artıq başa düşmüşdü ki, onun həftədə alacağı dörd yarım dollar yemək və ev kirayəsi xərcini çıxdıqdan sonra konkaya belə çatmaz. O, bilaixtiyar düşündü ki, qazancının bu cür bölünməsi onun üçün o qədər də əlverişli deyildir. Lakin küçəyə çıxan kimi səhər günəşi onun bütün ağır düşüncələrini dağıtdı. Səhər günəşinin belə bir qəribə xüsusiyyəti vardır!

Kerri ayaqqabı fabrikində canüzücü uzun bir gün keçirtdi. İş onun üçün birinci gün olduğundan asan idisə də qızın təəssüratında yenilik daha az idi. Baş usta emalatxananı gəzdiyi zaman onun maşınının yanında durdu və soruşdu:

– Siz haradan gəlib bura çıxmısınız?

– Məni m-r Braun işə götürmüşdür, – deyə Kerri cavab verdi.

– Bəs belə! Yaxşı! Ancaq baxın ha, işi ləngitməyin.

Kerri ilə bir yerdə işləyən qızlar ona birinci gündə olduğundan daha az müsbət təsir bağışladılar.

Onlar elə bil öz qismətlərindən razı idilər. Kerrinin təxəyyülü onlarınkından çox-çox artıq inkişaf etmişdi. O, onların danışıq ləhcəsinə alışa bilmirdi, həm də Kerri onlardan daha yaxşı geyinirdi. Həyat mübarizəsindən cana doymuş bir qızın danışığı xüsusən ağır təsir edirdi.

O qız bir dəfə yoldaşına müraciət edərək:

– Mən buradan gedəcəyəm, – dedi. – Qəpik-quruş alıb uzun günü işləmək mənim səhhətim üçün ziyandır.

Kerri gördü ki, qızlar istər gənc, istərsə də yaşlı kişilərlə özlərini çox sərbəst aparır, onlarla çox kobud surətdə sözləşirdilər. Bu, ona əvvəllər ağır gəlirdi, şübhəsiz, onu da belə rəftar gözləyirdi.

Nahar fasiləsi zamanı işçilərindən biri:

– Salam, gözəl qız! – deyə səsləndi. – Nə qəşəngsən!

Bu sözlər heç də qəlbə dəyən ahənglə deyilməmişdi və oğlan həmişə olduğu kimi: “Açıl başımdan” sözlərini eşitməyi nəzərdə tutmuşdu. O, Kerrinin bir söz demədən üzünü çevirdiyini görərkən çox təəccüb etdi və pərt halda dodaqaltı gülümsəyərək getməyə tələsdi.

Evdə isə onu dərhal kədərli bir axşam gözləyirdi. Bu sönük həyat ona getdikcə daha ağır gəlirdi. O, bir şey də öyrəndi ki, Hansongilə heç vaxt qonaq gəlmir. Kerri aşağı düşüb qapıda bir az dayandı və sonra cəsarətini toplayaraq bir az gəzmək qərarına gəldi. Onun sakit yerişi və boş-boş gəzməsi müəyyən kişilərin nəzərini cəlb edirdi. Otuza qədər yaşı olan bir kişinin Kerrinin yanından keçərkən ona diqqətlə baxması və sonra ayaq saxlayaraq ona tərəf dönüb:

– Gəzməyəmi çıxmışsınız? – deməsi qızı çaşdırdı.

Kerri heyrətlə ona baxaraq, geri çəkildi və özünü toplayaraq:

– Mən sizi qətiyyən tanımıram, – dedi.

– Bunun bir əhəmiyyəti yoxdur! – deyə yoldan keçən təbəssümlə səsləndi.

Kerri onunla danışmadı, tələsik uzaqlaşdı və tənginəfəs halda öz evlərinin qapısına çatdı. Bu kişinin baxışında nə isə onu qorxudan bir şey var idi.

Bütün həftə belə keçdi. Kerri bir-iki dəfə işdən evə gedərkən özünü çox yorğun hiss etdiyindən konkaya mindi. Kerri bədəncə o qədər möhkəm deyildi. Buna görə də bütün günü bir yerdə oturmaqdan onun beli qırılırdı. Bir dəfə o, Hansondan da qabaq yatağa uzandı.

Çiçəklər və qızlar yeni torpağa və mühitə düşməyə həmişə yaxşı davam gətirmirlər. Bəzən təbii inkişafın davamı üçün torpağın daha artıq zəngin, mühitin daha artıq əlverişli olması tələb olunur. Kerri üçün keçid dövrü bu qədər kəskin olmasaydı, o, tədricən mühitə uyğunlaşa bilsə idi, yaxşı olardı. Əgər o, bu tezliklə iş tapmasaydı və daim onu maraqlandıran şəhərlə əməlli-başlı tanış olsaydı, bu, onun üçün daha əlverişli olardı.

Elə birinci yağışlı gündə məlum oldu ki, Kerrinin çətiri yoxdur. Minni köhnə və solmuş çətirini ona verdi. Kerrinin mənliyi həyəcana gəldi. O, universal mağazaya gedərək öz cüzi maaşının dörddə birini təşkil edən bir dollara çətir aldı.

– Bunu sən nə üçün etdin? – deyə Minni dəhşətə gəldi.

– Axı, mənə çətir lazımdır! – deyə Kerri cavab verdi.

– Sarsaq qız!

Bu söz Kerrini hiddətləndirdisə də o, bir söz demədi. Doğrudanmı onlar fabrikdə işləyən qadının hər növ cır-cındırla kifayətlənəcəyini düşünürlər!

Kerri elə birinci şənbə günü işdən qayıdan kimi yemək xərci və ev kirayəsi olaraq bacısına dörd dollar verdi. Minni pulu alarkən bir qədər vicdan əzabı hiss etdi – lakin o, bacısından az alarsa, Hansona nə deyəcəyini bilmirdi. Bu ləyaqətli centlmen razılıqla gülümsəyərək arvadına xərclik üçün həmişəkindən dörd dollar əskik verdi. Beləliklə, o, öz torpaq sahəsi üçün hər ay verəcəyi haqqı artırmaq istəyirdi.

Kerri isə həftədə əlli sent ilə necə geyinmək və vaxt keçirmək üzərində başını sındırırdı. O, bu məsələ haqqında o qədər düşündü ki, axırda hirsləndi.

Şamdan sonra Kerri dedi:

– Mən bir az küçədə gəzmək istəyirəm.

– Yəqin ki, tək yox? – deyə Hanson soruşdu.

– Yox, tək gəzəcəyəm.

– Nahaq yerə, – deyə Minni söhbətə qarışdı.

Kerri:

– Axı mən də bir şey görmək istəyirəm, – dedi.

Son sözlər elə bir ahənglə deyildi ki, Hansonlar qızın onlardan narazı olduğunu ilk dəfə anladılar.

Kerri şlyapasını geymək üçün çıxdığı zaman Hanson soruşdu:

– Ona nə olub?

– Doğrusu, bilmirəm, – deyə Minni cavab verdi.

– Hm… o anlamalıdır ki, axşamlar küçəyə tək çıxmaq onun üçün yaxşı deyil.

Lakin Kerri uzağa getmədi, tezliklə qayıdıb qapının ağzında durdu.

Ertəsi gün hamı birlikdə Harfild-parka getdi. Pis geyinmiş olduğu üçün gəzinti Kerriyə heç bir ləzzət vermədi. Ertəsi gün isə o, işdə başqa qızların əslində çox miskin olan əyləncələri haqqında hərarətlə danışdıqlarını eşitdi. Onlar xoşbəxt idilər. Bir neçə gün arası kəsilmədən yağış yağdı və Kerri də evə konkada qayıdırdı. O bir dəfə axşam Van-Büren-stritdəki dayanacağa gedərkən bərk islandı. Həmin gün bütün axşamı Kerri qonaq otağında pəncərənin qabağında fikirli halda tək-tənha oturub fənərlərin işığını əks edən nəm küçəyə baxdı. O, kifayət qədər tez mütəəssir olan bir qız olduğundan qanı bərk qaralmışdı.

O biri şənbə günü yenə bacısına dörd dollar verdi və qalan əlli sentini kədər hissilə gizlətdi. O, fabrikin bəzi işçi qadınları ilə tanış olmuş və öyrənmişdi ki, onların qazandığı puldan öz xüsusi ehtiyacları üçün daha artıq qalır. Bundan başqa onların tanış gəncləri vardı ki, əyləncə xərcini onlar çəkirdilər. Lakin Drue ilə görüşdən sonra emalatxanada gördüyü yelbeyin gənclər Kerrinin xoşuna gəlmirdi. Onlar Kerriyə qaba görünürdülər. Doğrudur, Kerri onları ancaq iş vaxtında görürdü.

Yaxınlaşan qışın ilk carçısı olan soyuq küləyin şəhərin küçələrini dolaşdığı gün gəlib çatdı. Bu külək səmada buludları bir-birinin üzərinə qalayır, fabrik borularından çıxan tüstü zolağını ətrafa yayır, küçə və yol ayrıclarından böyük sürətlə keçirdi. Kerri qış paltarı barəsində düşüncəyə daldı. O nə etməli idi? Onun nə isti koftası, nə şlyapası, nə də ayaqqabısı var idi. Bu barədə Minni ilə danışmağa o çox çətinlik çəkirdi. Nəhayət, o cəsarətini toplayıb, bir axşam tək olduqları zaman dedi:

– Doğrusu, bilmirəm mən qışda nə geyəcəyəm. Mənim isti paltarım yoxdur. Bundan başqa, mənə şlyapa da lazımdır.

Minninin sifəti qayğılı bir ifadə aldı.

– Sən qazancından bir hissəsini özündə saxla və şlyapa al – deyə o bacısına təklif etdi, ürəyində isə Kerrinin növbəti haqqını azaltmasından doğan çətinliklərdən həyəcan hiss etdi.

Cəsarətlənmiş Kerri:

– Sən icazə versəydin, bu çox yaxşı olardı, – dedi. – Sən bir, yaxud iki həftənin pulunu mənə ver.

– Sən iki dollar verə bilərsənmi? – deyə Minni soruşdu. Kerri ağır vəziyyətdən çıxdığına sevindi və dərhal səxavətlənərək məmnuniyyətlə razılıq verdi. O çox sevinirdi və dərhal haqq-hesab etməyə başladı. Hər şeydən əvvəl ona şlyapa lazım idi. Bacısının Hansona necə izahat verdiyindən onun xəbəri olmadı. Hanson isə baldızına heç nə demədi, ancaq evdə gizli bir narazılıq yarandı.

Xəstəlik mane olmasaydı, yəqin ki, Kerri planını yerinə yetirəcəkdi. Növbəti yağışların birindən sonra birdən soyuqlar düşdü. Kerrinin isə hələ isti koftası yox idi. O axşam saat 6-da boğuq fabrik havasından çıxarkən dərhal soyuq küləyin pəncəsinə düşdü. Onu titrətmə tutdu. Səhər onda zökəm başlandı. Ancaq o yenə də işə getdi. Fabrikdə bütün gün onun sümükləri ağrıyırdı, başında nə isə bir boşluq var idi. Axşamüstü o özünü tamamilə xəstə hiss etdi və evə qayıdarkən heç bir şey yemədi. Minni onun yorğun hərəkətlərini görüb nə olduğunu soruşdu.

– Özüm də bilmirəm, – deyə Kerri cavab verdi. – Nədənsə özümü pis hiss edirəm.

O, sobanın yanından ayrılmır və soyuqdan dişləri bir-birinə dəyirdi.

O, tamamilə xəstə bir halda yatağa uzandı və səhəri məlum oldu ki, qızdırması qalxmışdır.

Minni çox təşvişə düşdü və bacısına mehribanlıqla yanaşdı. Hanson isə dedi ki, Kerri bir müddət evlərində qayıtsa yaxşıdır.

Üç gündən sonra Kerri yataqdan durarkən onun fabrikdəki yerini itirdiyinə şübhə etmək olmazdı. Qış qapını döyürdü. Kerrinin isə isti paltarı yox idi, bir tərəfdən də işi əlindən çıxmışdı.

Kerri:

– Doğrusu, nə edəcəyimi bilmirəm, – dedi. – Bazar ertəsi şəhərə gedib axtararam, bəlkə bir iş tapdım.

Bu dəfə Kerrinin səyi daha az müvəffəqiyyətlə nəticələndi. Onun paltarı payızın son ayı üçün nazik idi. O axırıncı puluna şlyapa almışdı. Qız üç gün şəhəri dolandı, getdikcə daha da ruhdan düşürdü. Hansonlarla münasibət getdikcə gərginləşirdi. O, axşamlar onların evinə ürək ağrısı ilə qayıdırdı. Hanson buz kimi soyuq idi. Kerri başa düşürdü ki, uzun müddət belə davam edə bilməz. Tezliklə o, özünü məğlub hesab etməli və evlərinə qayıtmalıdır.

O, nahar üçün Minnidən on sent borc alıb bütün dördüncü günü də iş axtarmaqla keçirdi. O, ən aşağı əmək haqqı veriləcək bir işə belə razı idi. O hətta pəncərəsində xidmətçi tələb olunduğunu bildirən elan yapışdırılmış balaca bir restorana da müraciət etdi, lakin ona təcrübəli qız lazım olduğunu bildirdilər.

243 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
ISBN:
978-9952-8245-4-5
Правообладатель:
JekaPrint

С этой книгой читают