Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Dahi», страница 14

Шрифт:

– Onun üçün ki, sən bu qədər gözəlsən, belə füsunkarsan, həyat isə belə qısadır.

– Sənin məni sevmək üçün cəmi əlli ilin qalmışdır, – deyə Kristina qəhqəhə çəkdi. –Ah, Yucin, sən hələ nə qədər uşaqsan!

Qısa fasilədən sonra o:

– Bir dəqiqə dayan, – deyə əlavə etdi və atı yol kənarında saxladı. – Tut, – dedi və cilovu ona uzatdı, o, cilovu tutan zaman Kristina qollarını onun boynuna doladı və səslədi:

– Axmaq! Mən səni sevirəm! Sevirəm! Sevirəm! Mən heç bir zaman sənin kimisini görməmişəm! Bu sənə azacıq da olsa təsəlli vermirmi? – deyə o, təbəssümlə onun gözlərinin içinə baxaraq sözünü qurtardı.

– Bəli, – deyə Yucin cavab verdi. – Lakin tamamilə yox. Yetmiş il yaşamaq məni heç vəchlə kifayətləndirmir. Bu saatkı kimi bir həyat üçün əbədiyyət belə azdır.

– Bəli, bu saatkı kimi, – deyə Kristina onun əlindən cilovu alaraq, sanki əks-səda kimi təkrar etdi, çünki əbədi gənclik və əbədi gözəllik – bir anlığa yaşayan və sürətlə solmağa məhkum edilən hər şey haqqında Yucinin hisləri və xəyalları onu da bürüdü.

İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Yucin dağlarda, Kristinanın yanında on yeddi gün qaldı və bu vaxt içərisində elə coşqun bir vəziyyətə çatdı ki, bunu heç bir zaman keçirməmişdi. Əvvəla, o heç bir zaman Kristina kimi gözəl, bədəncə nöqsansız, dərin ağla və incə artist qəlbinə malik bir qadına rast gəlməmişdi. Kristina onun ifadə etmək istədiklərini heyranedici bir sürətlə qavrayırdı. Kristinanın fikirləri və hisləri onu intəhasız zənginləşdirirdi. O da Yucin kimi həyatın sirləri haqqında, insan orqanizminin mürəkkəbliyi haqqında, onun müəmmalı sirləri haqqında, onların şüurlu və yarımşüurlu təzahürləri haqqında və bunların arasında olan qarşılıqlı əlaqə haqqında düşünürdü. İnsanın ehtirasları, arzuları, ehtiyacları ona baxıb düşünməyi sevdiyi ən incə naxışları kimi görünürdü. Onun öz fikirlərini nizama salmaq üçün vaxtı yox idi, bunun müqabilində duyduğu gözəllik və əzəməti öz ifadəli mahnılarında çox yaxşı verirdi. Lazım gələndə o danışmağı, şairanə hüzünlə gözəl danışmağı bacarırdı. Onun ürəyində o qədər gənclik cəsarəti və qüvvəsi var idi ki, həyatın heç bir cəhəti onu qorxutmurdu, – hətta yaranmış olduğu bir ovuc maddə dünyanın intəhasız genişliyində əriyib gedəcəyi zaman, təbiətin bu əhəmiyyətsiz maddə ilə nə edəcəyi də onu qorxutmurdu. “Zaman heç kəs üçün izsiz keçmir”, – o bunu dəfələrlə Yucinə deyir və Yucin bu fikirlə razılaşdığını başının qəti hərəkəti ilə bildirirdi.

Yucinin düşdüyü mehmanxana onun indiyə qədər görmədiyi dəbdəbə ilə parlayırdı. Həyatında heç bir zaman onun bu qədər pulu olmamışdı və o heç bir zaman onları belə sərbəst xərcləmək meyli duymamışdı. Onun tutduğu nömrə mehmanxananın ən yaxşı nömrələrindən biri idi. Bu nömrəni seçəndə o, Kristinanın nə düşünəcəyini nəzərə almışdı. Kristinanın məsləhəti ilə o bir neçə dəfə onu anası və qardaşı ilə birlikdə (onun ailəsinin qalan üzvləri hələ gəlməmişdilər) nahara dəvət etmiş və öz növbəsində özü də bağa səhər yeməyinə və nahara dəvətnamə almışdı.

Yucin gələn kimi dərhal anladı ki, Kristina onunla birlikdə olduqca çox vaxt keçirmək niyyətindədir. Bu məqsədlə Kristina üç yaxın dağa – Hündür, Cəsarətli, Boru dağlarına qalxmağı təklif etdi. O yeddi, on beş kilometr radiusunda əla mehmanxanalar tanıyırdı. Oraya, sonra ay işığında qayıtmaq şərtiylə, qatarla yaxud kabrioletlə getmək olardı. Meşənin qalınlığında və kolluqda o iki-üç xəlvət yer seçmişdi, ağaclar arasında balaca bir tala var idi; burada yelləncək düzəldir, şeir kitablarını yanlarına yığıb söhbət və nəvazişlə əylənirdilər.

Təklikdə olan bu gəzintilər, gözəl iyun günləri, aydın səma o yerə gətirib çıxartdı ki, Kristina Yucinin xəyalına belə gəlməyən qərar qəbul etdi. Onlar tədricən məhəbbətin bütün mərhələlərindən keçdilər. Onlar kişi ilə qadın arasında ən yaxın əlaqədə belə günah bir şey ola biləcəyi haqqındakı fikri etinasızlıqla rədd edərək, məhəbbət və ehtiras haqqında çox danışdılar. Nəhayət, Kristina açıqcasına dedi:

– Mən ərə getmək istəmirəm. İzdivac, hər halda ciddi müvəffəqiyyət qazanana qədər mənim üçün deyildir. Əgər səni sevmək və azadlığı mühafizə etmək mümkün olarsa, mən gözləməyi üstün tuturam.

– Sən nə üçün mənə təslim olmaq istəyirsən? – deyə Yucin soruşdu.

– Mən bunu istədiyimə əmin deyiləm. Əgər bu səni qane etsə idi, mən sadəcə sənin məhəbbətinlə kifayətlənə bilərdim. Lakin mən sənə səadət vermək istəyirəm. Mən sənə bacardığım hər şeyi vermək istəyirəm.

Yucin əlini geniş alnına çəkərək:

– Qəribə qızsan, – dedi. – Sən mənimçün müəmmasan, Kristina. Sənin belə fikrə necə gəldiyini mən anlaya bilmirəm. Nə üçün sən buna razı olursan? Əgər bir hadisə baş vermiş olsa, axı sən zərər çəkəcəksən.

– Ah, yox, – deyə Kristina gülümsündü. Əgər bu hadisə baş versə, mən sənə ərə gedərəm.

– Necə! Sən məni sevdiyinə, məni xoşbəxt görmək istədiyinə görə belə şeyə razı olursan! – deyərək Yucin susdu.

– Mən özüm də bunu baş düşürəm, sevimli oğlan. Elə belə razı oluram.

– Lakin əgər sən buna hazırsansa, onda nə üçün mənimlə bir yerdə yaşamaq istəmirsən? Bax, bunu mən heç cür başa düşmürəm.

Kristina onun başını əlləri arasına aldı.

– Mənə belə gəlir ki, mən səni özün tanıdığından yaxşı tanıyıram. Mən elə düşünürəm ki, sən evlənməklə xoşbəxt olmazsan. Ola bilər ki, sən məndən soyuyasan, yaxud mən səndən soyuyam. Ola bilsin ki, sən peşman olasan. İndi biz xoşbəxtik, lakin yəqin sənin məni sevməyəcəyin vaxt gələcəkdir. Bilirsənmi, o zaman mən səadəti dadmadığımız fikriylə əzab çəkmərəm.

– Bu nə məntiqdir! – deyə Yucin səsləndi. – Sən yəqin demək istəyirsən ki, o zaman sən məndən soyuyacaqsan?

– Oh, yox! Mən səni sevəcəyəm, lakin belə yox. Sən niyə başa düşmürsən ki, biz ayrılsaq da, bacardığımın hamısını sənə verdiyimi düşünmək məni sevindirər?

Yucin bu qızın belə mühakimə etməyə və belə dəlillər gətirməyə qabil olmasından kədərləndi. Bu nə qəribə, fədakar, fatalist ağıl tərzidir: gənc, gözəl, istedadlı qızın belə mühakimə yürütməsi mümkündürmü? Əgər söyləsə, dünyada bir adam buna inanarmı? O, qıza baxdı və kədərlə başını buladı.

– Belə də iş olar ki, həyatda olan ən yaxşı şeyi həmişəlik mühafizə etmək olmasın, –deyə o, köksünü ötürdü.

– Yox, gözümün işığı, sən olduqca çox istəyirsən, – deyə Kristina cavab verdi. – Sənə ancaq belə gəlir ki, sən bunu mühafizə etmək istəyirsən. Xeyr, sən istəyirsən ki, hər şey olub keçsin. Sən bütün ömrün boyu mənimlə yaşamaq istəməzdin, mən buna əminəm. Elə isə Allahların sənə göndərdiyini al və heç bir şey barəsində təəssüflənmə. Fikri bir tərəfə at – sən ki bunu bacarırsan.

Yucin coşğunluqla onu özünə tərəf çəkdi. Bütün keçmiş əlaqələrini onun sinəsində unudaraq, onu sonsuz öpüşlərə qərq etdi. Kristina da xoşbəxt olduğunu durmadan təkrar edərək, məmnuniyyətlə və sevinclə ona təslim oldu. O:

– Əgər sən kənardan baxıb özünün necə yaxşı olduğunu görə bilsəydin, bu səni təəccübləndirməzdi, – deyirdi.

Yucin belə nəticəyə gəldi ki, Kristina onun təsadüf etdiklərinin hamısından ən heyrətəşayan xilqətdir. Heç bir qadın məhəbbətdə ona belə şahanə səxavət göstərməmişdi. O tanıdığı qadınların heç birində şüurlu, belə sadə, belə düzünə məqsədə getmək üçün bu qədər mətanət yox idi. Bu istedadlı artistin, bu qədər gözəl olan bu qızın bəkarətini məhəbbətə qurban versinmi, izdivac öz adi formalarında incəsənət xadimləri üçün yarayırmı, hər ikisi gənc ikən Yucinin məhəbbətindən doyunca həzz alsınmı, yaxud mövhumata tabe olaraq gəncliyin sürətlə keçib getməsinə yol versinmi – deyə sakitcə mühakimələrini eşidərkən, Yucin hiss etdi ki, onun hələ də şərtiliklərlə buxovlanmış qəlbində hər şey buna qarşı üsyan edir, çünki özünün şəxsi azadlıq meylinin əksinə, şübhələrin və əxlaqi sofizmin əksinə olaraq, Cotem Blunun və onun arvadının yaratmış olduğu ailəyə və burada əmələ gələn normal, sağlam, müti nəsilə dərin hörmət bəsləməkdə davam edirdi. İnsanı indiki vəziyyətə gətirmək üçün təbiətə, şübhəsiz, böyük zəhmət və səy lazım gəlmişdir, çətin ki, o özünə məxsus olan şeydən belə asanlıqla əl çəkər. Bir də ki, bütün bunlardan imtina etmək həqiqətən zəruridirmi? O, Yucin, indi Kristinanın etdiyi kimi, qadının onu müvəqqəti qəbul etməyə razı olacağı və sonra atacağı bir aləmi görmək istərmi? Bu yeni iztirab Yucini düşünməyə məcbur etdi. Bu onun bütün nəzəriyyə və görüşlərini alt-üst edir, onda əmələ gəlmiş həyat təsəvvürlərini bir-birinə qarışdırırdı. O, həyatın və məhəbbətin mürəkkəbliyi üzərində başını sındırır, mehmanxananın geniş eyvanında oturaraq, cavabın nədən ibarət olduğu və nə üçün başqa kişilər kimi bir qadına sadiq qalmağı və xoşbəxt olmağı bacarmadığı üzərində intəhasız olaraq düşünür, düşünürdü. O bunun həqiqətən belə olduğunu və həqiqətən başqaları kimi ola bilmədiyini özündən soruşurdu. Bəlkə də ola bilərdi. O bilirdi ki, bu vaxta qədər özündən baş çıxara bilməmişdir və öz iradəsini, öz qabiliyyətini idarə etməyi bacarmır.

Bu dadlı günlər onda dərin iz buraxdı. Bəzi nadir dəqiqələrdə o, həyatın nə kimi təkamülə çatdığı fikri ilə heyrətə gəlirdi. Dairəvi cizgiləri bu qədər yeknəsəq olan bu yaşıl, sakit, yüksək, dilsiz-ağızsız dağlar onun qəlbinə rahatlıq verirdi. Bir dəfə Yucin Kristina ilə bir yerdə “dünyanın bütün səltənətləri üzərində”, ucsuz-bucaqsız yaşıl çəmənlər və şahmat xalçalı tarlalar üzərində, adi qəsəbə və şəhərlər üzərində, mehriban qardaşlar kimi uzaqlarda yüksələn təpələr üzərində hökmranlıq edən – Yucinə belə gəlirdi – iki min fut yüksəkliyində dağa qalxdı.

Kristina sıldırım qayadan bir mil məsafədə kənd evi qarşısında odun doğrayan və buradan son dərəcə kiçik görünən bir adamı göstərərək:

– Orada, bağçadakı o adama bax, – dedi.

– Görmürəm, – deyə Yucin cavab verdi.

– Ora bax, o qırmızı anbara, kol-kosun arxasına. Doğrudanmı görmürsən? Bax, orada inəklərin otladığı çəmənlikdə.

– Mən heç bir inək görmürəm.

– Oh, Yucin, sənin gözlərinə nə olmuşdur?

Yucin onun əlini sıxaraq:

– Aha! İndi görürəm, – dedi, – O, tarakana oxşayır, eləmi?

– Bəli, – deyə Kristina güldü.

– Dünya necə geniş, biz isə necə əhəmiyyətsizik! Bircə sən bu adama, öz ümid və arzuları, mürəkkəb beyin və əsəbləri olan bu kiçik adama nəzər sal və de görüm, hansı Allah bütün bunlarla məşğul ola bilər? Hə, söylə, Kristina, sən necə düşünürsən, məşğul ola bilərmi?

– Əlbəttə yox, əzizim, Allah tək belə bir adamla məşğul ola bilməz. Lakin o bölgə ümumiyyətlə insan haqqında və bütünlüklə insan nəsli haqqında düşünməklə məşğuldur. Bir də ki, mən özüm də inanmıram, mənim ruhum, mənə ancaq bir şey aydındır: bu saat mən xoşbəxtəm.

– Mən də, – deyə Yucin əks-səda kimi səsləndi.

Söhbət bununla kəsilmədi və onlar həytın mənşəyi və onun məqsədləri haqqındakı məsələlərdə daha uzaqlara getməkdə davam etdilər.

Onlar kainatın ağlagəlməz qədimliyi haqqında, yerin tarixi boyu kortəbii qüvvələrdən əmələ gəlmiş çoxalma və ölmə dövriyyəsi haqqında danışdılar.

– Bütün bu məsələləri biz həll edə bilmərik. Eugenio mio – deyə Kristina güldü, – yaxşısı budur ki, evə gedək. Mənim əziz, zavallı anacığım öz Kristinası üçün narahat olacaqdır. Bilirsənmi, məncə o mənim sənə aşiq olduğumu başa düşməyə başlayır. Məni sevən adamın kim olduğu ilə onun işi yoxdur, lakin elə ki, bir adama azacıq meyl göstərirəm, o dərhal həyəcanlanmağa başlayır.

– Belə meyl göstərmək halları çoxmu olmuşdur? – deyə Yucin soruşdu.

– Xeyr. Lakin bu sual nə üçündür? Nə fərqi var? Hə, Yucin, söylə, sənin üçün nə fərqi var? Axı indi mən səni sevirəm.

– Fərqli və ya fərqsiz olduğunu bilmirəm, – deyə Yucin cavab verdi, – lakin mən sənin keçmişin haqqında düşünərkən əzab çəkirəm. Bunun nə üçün belə olduğunu sənə deyə bilmərəm. Ancaq belədir.

Kristina dalğın-dalğın uzaqlara baxırdı.

– Nə olursa olsun, heç bir adam mənə sənin kimi əziz olmamışdır. Məgər bununla hər şey deyilmir?

– Bəli, əzizim, bununla hər şey deyilmişdir. Bəli, bəli, hər şey! Məni bağışla. Mən bir də sənin qanını qaraltmayacam.

Kristina:

– Lazım deyil, – dedi. – Sən mənə də, özünə də əzab verirsən.

Yucin mehmanxanada, eyvanlardan birində oturub, sütunlar arasında xəfif işıqla yanan Çin fanarlarının necə asıldığına və axşam rəqslərinə necə hazırlıq aparıldığına baxdığı axşamlar olurdu. O bu yaylaqda yaşayan kişi və qadınların necə toplandığını müşahidə etməyi sevirdi. Şəffaf ağ paltarlar və ağ başmaqlar geymiş qızlar, ağ kətan və flanel paltarlar geymiş kişilər şən halda danışa-danışa yol gedirdilər. Kristina bu məclislərə anası və qardaşı ilə birgə gəlirdi. Krujeva ilə bəzənmiş ağ kətan, yaxud batist paltarda o elə füsunkar görünürdü ki, Yucin rəqs sənətində kamilliyə çatmadığını kədərlə düşünürdü. O oynamağı bacarırdı, lakin mum çəkilmiş döşəmədə yüngülcə sürüşən Kristinanın qardaşına və bir çox başqa kişilərə məşuqəsi ilə keçirdiyi gözəl axşamdan sonra ətrafdakı təbiətin gözəlliyi haqqında xəyala gedərək, tamamilə tək otururdu. Ulduzlar, laqeyd səpicinin əli ilə səpilmiş almaz dənələrini xatırladırdı. Uzaqlarda qaranlıq dağlar ucalırdı. Hər yerdə sakitlik və rahatlıq hökm sürürdü.

Nə üçün həyat həmişə belə ola bilməsin, – deyə Yucin düşünür və özünə cavab verirdi ki, vaxtilə bu, dəyişikliyə məruz qalmayan hər cür gözəllik kimi, öldürücü surətdə cansıxıcı olardı. İnsanın qəlbi rahatlıq deyil, çaxnaşma həsrətindədir. Uzun fəaliyyətdən sonra qısa bir müddətə rahatlıq yaranır, sonra isə yenidən fəaliyyət başlanır. Belə də olmalıdır. O bunu anlayırdı.

Nyu-Yorka yola düşmə ərəfəsində Kristina ona dedi:

– İndi biz yenidən görüşdüyümüz zaman mən miss Çenninq olacağam, sən isə mister Vitla. Biz bir zaman bir yerdə olduğumuzu, demək olar ki, unudacağıq. Biz gördüklərimizi gördüyümüzə, eşitdiklərimizi eşitdiyimizə çətinliklə inanacağıq.

– Kristina, sən elə danışırsan ki, guya bizim aramızda hər şey bitmişdir. Axı bu belə deyildir, eləmi?

– Nyu-Yorkda buna oxşayan heç bir şey ola bilməz, – deyə o ah çəkdi. – Mənim vaxtım yoxdur, sən də işləməlisən.

Onun səsində möhkəm qərar duyulurdu.

– Kristina, rica edirəm, belə danışma! Mən bunu təsəvvür edə bilmirəm.

Kristina:

– Yaxşı, danışmaram, – dedi. – Baxarıq. Mən qayıdana qədər gözləyək.

O vidalaşarkən azı on dəfə qızı öpdü və artıq astanada ikən yenidən bağrına basdı.

– Sən məni tamamilə unudacaqsan. Bir şeyi xatırla, əzizim. Sən hər şeyə nail oldun, eləmi? İcazə ver, mən sənin sevdiyin meşə pərisi olaraq qalım. Yerdə qalan heç bir şey bizə layiq deyildir.

Yucin mehmanxanaya qayıtdı. Onun ürəyi sıxılırdı. O bilirdi ki, onlar keçirməli olduqlarının hamısını keçirmişlər. Kristina onunla bir yerdə keçirdiyi yaydan tam mənası ilə həzz almışdı. O özünü tamamilə Yucinin ixtiyarına vermişdi. İndi isə o, işləmək üçün sərbəst olmaq istəyir. Yucin bunu anlaya bilmirdi, lakin bilirdi ki, bu belədir.

İYİRMİ BEŞİNCİ FƏSİL

Dağlardakı gözəl günlərdən sonra yayda qızmar şəhərə qayıtmaq çətindir. Səssiz dağ yamacları, iti çayların gözəlliyi və şırıltısı Yucinin ruhuna hələ də həkim idi. O, şəffaf mavi səmada qanad çalan qırğıları, qartalları və çalağanları hələ də gözü qarşısında görürdü. O ilk vaxtlar kədər, yorğunluq duyur, adi həyata və işə qayıtmaq üçün özündə qüvvə hiss etmirdi. Hərdənbir Kristinadan bu yaxınlarda keçirilmiş xoşbəxt günləri xatırladan məktublar və qısa xəbərlər gəlirdi. Lakin Yucin hələ ayrılarkən onu təşvişə salan sonun çatması duyğusundan əzab çəkirdi.

Ancelaya yazmaq lazım idi. Yucin öz səfəri müddətində onun haqqında qətiyyən düşünməmişdi. Əvəllər o hər üç-dörd gündən bir Ancelaya məktub yazmağa adət etmişdi. Son zamanlarda onun məktublarında əvvəlki hərarət olmasa da, yenə də onlar müntəzəm gəlirdi. Indi isə o gözləmədən üç həftə susduğu zaman Ancela onun xəstələnməsindən qorxdu, lakin daxilində bir şübhə yarandı ki, nə isə bir dəyişiklik olmuşdur. Yucin məktublarında birlikdə keçirdikləri sevincli dəqiqələr haqqında, gələcəkdə onları gözləyən səadət haqqında getdikcə az yazırdı. Nyu-York həyatını daha tez-tez təsvir edir və özünün şöhrətpərəstlik meylləri haqqında danışırdı. Ancela Yucinin bütün qüvvəsini müvəffəqiyyət qazanmağa və onların birgə həyatının vəsaitlə təmin olunmasına sərf etdiyini xatırlayaraq, ona çox şeyi bağışlamağa hazır idi. Lakin heç bir ciddi səbəb görmədən sükutu izah etmək çətin idi.

Yucin bunu anlayırdı. O özünə xəstəliklə bəraət qazanmağa cəhd etdi. Yazdı ki, indi artıq yataqdan qalxmışdır və özünü nisbətən yaxşı hiss edir. Lakin Ancela onun məktubundakı qeyri-səmimi ahəngi dərhal sezdi və bunun nə demək olduğu üzərində fikrə getdi. Hamının dediyi kimi, rəssamların keçirdiyi o pozğun həyatın azdırmalarına uymamışmı? Şübhə və təşvişlər Ancelaya əzab verirdi, çünki vaxt keçir, Yucin isə onların dəfələrlə müzakirə etdikləri toyun vaxtını təyin etmirdi.

Ancelanın vəziyyəti həm də ona görə ağır idi ki, onun bütün ümidləri Yucinə bağlı idi. O, on səkkiz yaşından iyirmi iki yaşına qədər qızlara xas olan təravət və şənliyini çoxdan itirmişdi. Qızın qızılgül kimi açdığı və zəngin, yeni, parlaq həyatın təravət və boyaları ilə nəfəs aldığı qısa dövr onun üçün artıq geridə qalmışdı. Qarşıda aşağıya, daha adi, ayıq və sərt həyata doğru aparan yol dururdu. Bəzi qadınlarda bu solma dövrü uzun çəkir, gənclik lətafəti illərlə davam edir, buna görə də dərzilərin, ətriyyatçıların, zərgərlərin məharətinə böyük ehtiyac olmur. Başqalarında isə bu dövr sürətli keçir, narahat, qane olmayan üsyankar qəlbin yaratdığı dağıntıların qarşısını almağa iqtidarı çatmır. Bəzən qocalmaqda olan qadının özünə məharətlə qulluq etməsi, fiziki gözəlliklə yanaşı mənəvi gözəlliyə malik olması, xüsusən zövq və nəzakətlə birlikdə, ona demək olar ki, solmaz bir məlahət verə bilər.

İllər Ancelaya qarşı mərhəmətli idi, həm təsəvvür və hiss coşğunluğu onun dadına çatırdı. əgər ailə mühitinin xeyirli təsiri olmasa idi və sevgi haqqında öz arzularına qələm çəkməyə hazır olduğu dəqiqələrdə o – Yucinə rast gəlməsəydi, daxili atəş və təşviş ona qarımış qız möhürünü vuracaqdı. O böyümək, inkişaf etmək və həyatda öz müstəqil mənafeyini tapmaq üçün geniş aləmə daxil olmaq həsrətində olan yeni tipli qızlardan deyildi, daha doğrusu, o, qayğı və məhəbbət tələb edən, ər arzusunda olan evdar qadınlara mənsub idi. İndi onun Yucinlə səadət haqqındakı qəşəng, gözəl arzusunu fəlakət qorxu altına alır və Ancela dəhşətlə düşünürdü ki, o gələcəkdə də mərkəzdən uzaq kənddə cüzi əmək haqqı alan bir müəllimə kimi mənasız, son dərəcə usandırıcı həyat keçirməli olacaqdır.

Bu dövrdə, yay sona yaxınlaşdıqca, Yucin qadınlar arasında daha artıq tanışlıq qazanırdı. Mak Xyu və Smayt yayı keçirmək üçün valideynlərinin yanına getmişdilər və tamamilə tək qalan Yucin bir dəfə jurnal redaksiyalarının birində çoxları kimi ürəkdən Yucinlə maraqlanan qara saçlı, şux təbiətli fövqəladə açıq-saçıq olan redaktor və jurnalist Norma Uitmoru gördükdə böyük yüngüllük duydu. Onları bu jurnalın bədii şöbə müdiri Yans Yansen tanış etdi. Norma gənc rəssamla bir müddət söhbət etdikdən sonra onu öz kabinetinə apardı.

Norma onu eni altı, uzunu səkkiz futdan artıq olmayan balaca bir otağa gətirdi. Burada onun stolu qoyulmuşdu. Yucin dərhal gördü ki, bu qız zəifdir, rəngi solğundur, yaşca bəlkə də ondan böyükdür və çox ağıllıdır. Onun kübar təbiətinə dəlalət edən nazik, gözəl əlləri Yucinin diqqətini cəlb etdi. Qızın gözləri xüsusi bir parlaqlıqla yanırdı. Çox yaraşan paltarı onun böyük zövq sahibi olduğunu göstərirdi. Onlar Yucinin şəkilləri haqqında söhbət etdilər. Qız bu şəkilləri görmüş və onlara valeh olmuşdu. Sonra o, Yucini evinə qonaq dəvət etdi. O, Normaya baxır və özü də dərk etmədən ona qiymət verirdi.

Kristina hələ şəhərə qayıtmamışdı. Lakin onun haqqındakı xatirə belə Yucinə Ancelaya əvvəlki kimi məktub yazmağa, öz sadiqliyinə onu inandırmağa mane olurdu. Ancela ona yenə də əvvəlki kimi füsunkar gəlirdi. O öz-özünə deyirdi ki, ona müntəzəm yazmalıdır və yaxın vaxt içərisində Blekvuda getmək, onunla evlənmək lazım gələcəkdir. Onun Ancelanı saxlamaq imkanı olacağı və əgər onlar sadə yaşamış olsalar xüsusi studiya düzəldə biləcəyi vaxt artıq yaxınlaşırdı. Lakin əslində o heç də evlənmək istəmirdi.

Budur, artıq üç ildir ki, o, Ancela ilə tanışdır. İl yarım var ki, onu görməmişdir. Son ildə onun məktublarında onların münasibətləri haqqında getdikcə çox az, başqa məsələlər haqqında isə daha çox danışılırdı. Adi məhəbbət məktubları yazmaq onun üçün çətinləşirdi. Lakin o bunun səbəbini öyrənməyə çalışmırdı. O öz hislərini düzgün təhlil etməkdən ehtiyat edirdi – bu onu belə bir əzabverici nəticəyə gətirərdi ki, o Ancelayla evlənə bilməz və onu Ancelaya verdiyi sözdən bu ya başqa şəkildə imtina etməyə məcbur edirdi. O bunu etmək istəmirdi. Ancelanın ötüb keçən gəncliyinə, qızın Yucinə olan sonsuz məhəbbətinə onun rəhmi gəlirdi. Öz ədalətsizliyi – qızın neçə il vaxtını alması və öz taleyini başqa cür qurmaqda ona mane olması fikri və nəhayət, Yucinin onu atması haqqında valideynlərinə xəbər verərsə, onun taleyinin necə olacağı fikri Yucini məsələni uzatmağa məcbur edirdi. Yucin adamları incitməyi qətiyyən sevmirdi. Kimə isə əzab verdiyini düşünmək ona ağır gəlirdi, düşünməyi də bacarmırdı. O olduqca ürəyiyumşaq adam idi, Ancelaya evlənməyi vəd etmişdi, söz ilə bağlı idi, qıza üzük bağışlamamış və gözləməyi xahiş etmişdi, mehribanlıq və ehtiras göstərərək, kobud surətdə qızı aldatmışdı. İndi, üç ildən sonra, onu sevimli ailəsinin – qoca Cotemin, anasının, bacılarının, qardaşlarının – qarşısında biabır etmək ona elə amansız görünürdü ki, o bunu xəyalına gətirməyə belə cəsarət etmirdi.

Vasvası, ehtiraslı və utancaq təbiətə malik olan Ancela yaxınlaşan fəlakəti, əlbəttə, hiss etməyə bilməzdi. O, Yucini hərarətlə sevirdi, onun uzun müddət gizli qalan ehtirası alovlanmaq üçün bu illər ərzində ancaq bir işarə gözləmişdi, – belə bir işarə ancaq izdivac ola bilərdi. Lakin Yucin, hələ müəyyən dəqiqələrdə onda alovlanan ehtiras və cinsiyyət məsələlərindən söhbət gedəndə gətirdiyi dəlilərin incəliyi bir yana dursun, öz valehedici rəftarı və məlahəti ilə Ancelanın xülyalarının tamamilə həyata keçiriləcəyinə o qədər ümid təlqin etmişdi ki, qız ədəbi unudaraq, öz bakirəliyini qurban verməyə hazır idi. O, yeganə, unudulmaz gecə haqqındakı xatirə qızı üzürdü. Öz-özünə deyirdi ki, əgər onun məhəbbəti belə laqeydliklə əvəz olacaqdısa, elə o zaman Yucin güzəştə getsə idi, yaxşı olardı. Nə üçün o özünü xilas etməyə can atdı? Onun bəlkə də uşağı olardı və Yucin məhəbbət və vəzifə hissindən ona sadiq qalardı. O, qadınlar üçün ən böyük nəşəni – sevgiliyə qovuşmağın şərbətini dadırdı. İş yaxşı gətirmədikdə isə o intihar edə bilərdi.

Ancelanın fikri, ixtiyarsız olaraq, sakit, balaca gölə doğru çevrilirdi. Səthində səmanı əks etdirən bu göl onların malikanəsi yaxınlığında idi. O, gölün qumlu dibində necə uzandığını təsəvvür edirdi: sarı saçları dağılmışdır, su onları tərpədir, gözləri həmişəlik yumulmuşdur, əlləri sinəsində çarpazlanmışdır. Lakin onun xəyalı cəsarətini ötürdü: o bunu etməyə qadir deyildi, bu barədə ancaq düşünə bilərdi və belə fikirlər onun kədərini daha da artırırdı.

Vaxt keçir, Yucin hərəkətə gəlmirdi. Ancela da məhəbbətin həll edilməmiş şübhələrindən daha artıq əzab çəkir və Yucinin məhəbbətini qaytarmaq üçün nə kimi tədbirlər görmək üzərində getdikcə daha ciddi düşünürdü. Son gəlişi zamanı Yucin Ancelaya malik olmaq üçün o qədər səy göstərmişdi ki, ayrılıq və qaynar paytaxt həyatı Ancela haqqında xatirələri müvəqqəti olaraq kölgədə buraxsa belə, o indi də Yucinin məhəbbətinə inanırdı. Yucinlə birgə baxdığı operettada eşitdiyi bir ifadə onun yadına düşdü: “Ayrılıq – məşuqların neqativ kağıza köçürdükləri qaranlıq otaqdır”, – bu, indiki hadisəyə çox münasib idi. Əgər Yucini qaytarmaq mümkün olsaydı, əgər o yenidən Ancelanın yanında olsaydı, əvvəlki atəş onda yenə alovlanardı, o zaman Ancela, bəlkə də, ona təslim olmağa razı olardı. Onun başında özünü fəda etmək haqqında tutqun bir fikir dolaşır və onun şüurunu qarışdırırdı.

Ancelanın evlərində məruz qaldığı iztirablar da buna müəyyən dərəcədə səbəb olurdu. Onun bacısı Marietta pərəstişkarlarla əhatə olunmuşdu. Arılar çiçəyin ətirli şirəsinə cumduğu kimi, onlar da Mariettaya sarı gəlirdilər. Ancela anlayırdı ki, bu adamlar ona kiçik bacıya təhkim olunmuş mürəbiyyə kimi baxırlar. Ata-anası Ancelaya ürək acısı ilə baxırdı. Onlar belə bir yaxşı qızın, görünür, bir anlaşılmamazlıq nəticəsində əzab çəkdiyi fikrindən kədərlənirdilər. O öz hislərini gizlətməyə müvəffəq olmurdu, valideyni görürdü ki, o bədbəxtdir. Ancelaya da aydın idi ki, onlar bunu görürlər. Yucin haqqında bəzən xəbər tutmaq istəyən bacılarına və qardaşlarına hər şey öz qaydasındadır deməsi ona ağır gəlirdi, – halbuki o, Yucinin yaxın zamanlarda onu aparmaq üçün gələcəyini demək istəyirdi.

Marietta əvəllər bacısına qibtə edirdi. Onun ağlına gəlirdi ki, Ycini bacısının əlindən almaq pis olmaz və yalnız Ancelanın yaşının ötməsi, bacısının kişilər yanında o qədər müvəffəqiyyəti olmaması fikri onu saxlayırdı. İndi isə, Yucinin Ancelaya etina etmədiyi, yaxud hər halda izdivacı bağışlanmaz surətdə ləngitdiyi aydın olduqda, Marietta bacısına qarşı dərin mərhəmət hissi duydu. Bir dəfə, kişilərin qıza nəvaziş göstərdikləri yaşa xeyli qalmış o, Ancelaya demişdi: “Mən kişilərlə mehriban olacağam. Sən çox soyuqsan. Sən heç vaxt ərə getməyəcəksən”. Ancela o zaman anladı ki, iş izafi soyuqluqda deyil, əksəriyyətdə gördüyü kişi tiplərinə təbii olaraq duyduğu inamsızlıqdadır. Həm də adi kişilər onu maraqlandırmırdı. Onların cəmiyyətindən həzz almağa o özünü məcbur edə bilmirdi. Yalnız Yucin onda məhəbbət alovunu yandırmağa müvəffəq olmuşdu. Bir dəfə bu hissi duyduqdan sonra onu bir başqasına doğru çevirə bilməzdi. Marietta bacısının hissini anlayırdı, indi isə, bu üç ildən sonra, Ancela bütün pərəstişkarları, o cümlədən hamıdan artıq ona sadiq olan vəfalı Viktor Dini tamamilə özündən uzaqlaşdırmışdı. Tam etinasızlıq təhlükəsindən onu xilas edə biləcək yeganə şey varsa, o da romantik xəyalpərvərlik idi, bunun sayəsində o yaşından cavan görünürdü və hislərinin təravətini mühafizə etmişdi.

Ancela tərk ediləcəyindən qorxaraq, məktublarında Yucinə işarə etməyə başladı ki, Yucin onu görməyə gəlməlidir və yəqin ki, onların gələcək həyatı ilə əlaqədar olan çətinliklər üzündən o nigahı daha uzatmaq istəməyəcəkdir. Ancela dəfələrlə təkrar edirdi ki, yoxsulluqda da onunla xoşbəxt olacaqdır və onun ayrılığından əzab çəkir. Yucin nə cür hərəkət etmək lazım gəldiyi üzərində biixtiyar fikrə getdi.

Əmələ gəlmiş şəraitdə Ancelanın üstünlüyü ondan ibarət idi ki, fiziki cəhətdən o, Yucini hər bir başqa qadından artıq cəlb edirdi. Ancelada nə isə vardı ki, Yucinə indiyə qədər tanımadığı daha dərin, daha qüvvətli, daha dadlı bir nəşə vəd edirdi. Ancela ilə keçirdiyi gözəl günlər, xüsusən Ancelanın özünü özündən xilas etmək haqqında yalvardığı o unudulmaz gecə onun xəyalından getmirdi. Bərəkətli yayın gözəlliyi, bu mehriban, dost ailənin cazibəsi, çiçəklərin ətri, ağacların kölgəsi – bütün bunlar qızın əsiredici obrazını bütün lətafəti ilə onun təsəvvüründə mühafizə etməyə kömək etmişdi. O bunu, başa çatdırılmamış romanı, kobud surətdə yarıda kəsə bilərdimi, bu gözəl çiçəyi bir tərəfə ata bilərdimi?

Bu dövrdə Yucinin heç bir eşqbazlıq macərası yox idi. Miriem Finç təbiətcə olduqca mühafizəkar, olduqca mühakiməli idi. Norma Uitmor bu cəhətdən onu cəlb etmirdi. Yucinin bu və ya başqa mühitdə görüşdüyü başqa gözəl qadınlara gəldikdə, nə Yucinin onlara meyli vardı, nə də onların Yucinə. O, ruhi tənhalıq hiss edirdi ki, bu da həmişə təəssüratı kəskinləşdirirdi. O özünü belə bir nəticəyə gəlməyə məcbur edə bilərdi ki, Ancela ilə onun arasında hər şey bitmişdir.

Böyük bacısının sərgüzəştinin inkişafını uzun müddət müşahidə edən Marietta, nəhayət, bu nəticəyə gəldi ki, ona kömək etməlidir. Ancelanın qəlbində, görünür, onu rahatlıqdan və ruhi müvazinətdən məhrum edən bir kədər vardı. O olduqca bədbəxt idi və bu, onun bacısını mütəəssir edirdi. Yucinin onların arasına nifaq sala biləcəyinə baxmayaraq, Marietta bacısını bütün qəlbi ilə sevirdi. Bir dəfə o, Yucinə dostcasına məktub yazmaq və işin nə yerdə olduğunu söyləmək fikrinə düşdü. O belə hesab edirdi ki, Yucinin ürəyi rəhmli və incədir. O, Ancelanı sevir; ola bilsin ki, Ancela haqlıdır, Yucin birlikdə yaşamaq üçün şərait yaratmaq məqsədilə işi ləngidir. Bəlkə onunla lazım gəldiyi kimi danışılarsa, o, parlaq zənginlik arxasınca sürünməyi tərk edər və başa düşər ki, elə indi, onlar hələ cavan ikən, Ancela ilə birləşmək gözləməkdən yaxşıdır, yoxsa hər ikisi o qədər qocalar ki, izdivac bütün gözəlliyini həmişəlik itirər. Marietta, Ancelanın belə səadətə layiq olduğunu öz-özünə təkrar edərək, uzun müddət bu fikirlə dolaşdı və nəhayət, cəsarətini toplayaraq, məktub yazıb Yucinə göndərdi.

“Əziz Yucin!

Siz mənim məktubu alarkən təəccüblənəcəksiniz. Ancaq heç kəsə, xüsusən Ancelaya, bir kəlmə belə deməyin. Yucin, mən çoxdan onu izləyir və bilirəm ki, o bədbəxtdir. O sizi hədsiz məhəbbətlə sevir. Sizdən uzun müddət məktub gəlməyəndə o özünə yer tapa bilmir. Onun bir arzusu vardır, o da sizinlə bir yerdə olmaqdır. Yucin, nə üçün siz onunla evlənmirsiniz? O elə sevimli, elə gözəldir ki. Xasiyyəti çox yaxşıdır. O yaxşı düzəlmiş mənzili və dəbdəbəni gözləmək istəmir, sizi Ancela kimi sevən heç bir qız, mən bilirəm, buna razı olmaz. O indi, siz hər ikiniz cavan ikən və bir-birinizə səadət verə bilərkən sizinlə bir yerdə olmaq istəyir, o, bəzəkli mənzili, sizin bir zaman ona verə biləcəyiniz yaxşı şeyləri gözləmək istəmir. Yucin, onu bilin ki, mən ona heç nə deməmişəm və işarə belə vurmamışam. Mən bilirəm ki, mənim sizə yazdığımı bilsə çox acıqlanacaq. O bunu mənə heç vaxt bağışlamaz. Lakin mən sizə yazmaqdan özümü saxlaya bilmədim. Onun nə cür kədərləndiyini və bikefliyini görmək mənə ağır gəlir. Mən əminəm ki, bunu bildikdə siz gələcək və onu özünüzlə aparacaqsınız. Ancaq, rica edirəm, heç bir işarə ilə məni ifşa etməyin və əgər o qədər meyliniz olmasa, bu məktuba cavab yazmayın. Yaxşısı budur ki, heç yazmayasınız. Bu məktubu cırın. Lakin tezliklə gəlin, Yucin, xahiş edirəm, gəlin. Ancela sizi gözləyir və o sizə gözəl arvad olacaqdır, çünki o çox sevimli qızdır. Biz hamımız – atam da, anam da, hamımız – onu elə sevirik ki! Əminəm ki, siz məni bağışlayarsınız. Mən bunu etməyə bilməzdim.

Sizi sevən Marietta”

Məktub nəyinki Yucini təəccübləndirdi, hətta onu heyrətə gətirdi, – o özünə də, Ancelaya da, Mariettaya da acıdı. Həqiqətən necə kədərli vəziyyətdir! Bu vəziyyət Yucini təkcə onun mənafeyinə toxunduğu üçün deyil, hər şeydən əvvəl özündə faciə elementləri gizlətdiyi üçün narahat edirdi. Qızıl saçlı, mələk simalı yazıq Ancela! Onların bu vaxtadək bir yerdə olmaması nə qədər eyibdir. O bunu istədiyi kimi müəyyən dərəcədə Yucin də bunu istəyir. O, qəşəngdir, buna şübhə yoxdur. Öz ağıl və inkişafı ilə fərqlənən qadınlar hesaba alınmazsa, o başqa gözəl qadınlardan azacıq belə pis deyildir. Hiss etibarı ilə isə , Miriem Finçdən və Kristina Çenninqdən zəngindir. Ancaq o bu barədə danışmağı bacarmır, bütün fərq də bundan ibarətdir. O yalnız hiss etməyi bacarır. Yucin onun bütün müxtəlif ruhi işgəncələrini – heyrətlə ona baxan valideyninin münasibəti, bu nəzərlərin onu təşvişə salmasını, onun şəxsi əzablarını, bu sirri bilməyə cəhd edən tanışların soyuqcasına ürək yandırmalarını təsəvvür edirdi. Zavallı Ancela, Yucin onu necə dözülməz bir vəziyyətdə qoymuşdu. O, Ancelanın yanına getsə yaxşı olmazmı? Ancela ona səadət verə bilər. Onlar studiyada yaşayar və gələcəkdə özləri üçün hər şey düzəldərlər. Bəlkə ürəyinə daş bağlayıb qalsın və getməsin? Bu fikirlə razılaşmaq onun üçün çətin idi.

379 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
1 стр. 1 иллюстрация
ISBN:
978-9952-8245-8-1
Правообладатель:
JekaPrint

С этой книгой читают

Новинка
Черновик
4,9
176