Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Dahi», страница 13

Шрифт:

Kristina Çenninqin Ancela ilə rəqabət edəcək cəhəti onun xarici görünüşü idi. Onun uca boyu və gözəl bədən quruluşu, al yanaqları, dolu dodaqları var idi, tünd qara saçlarının sıx topası qarayanız üzünü daha da gözəlləşdirirdi. Onun ifadəli, şəfəqli qonur gözləri var idi. Şotmeyer Boston dostlarından birinin Kristinanın adına verdiyi zəmanət məktubu vasitəsilə onunla tanış olmuş və öz növbəsində görkəmli gənc rəssam dostu barəsində söyləmiş və bir dəfə onu özü ilə gətirməyə icazə verilməsini xahiş etmişdi. Çenninq razılıq vermişdi, çünki o, Yucinin bir neçə etüdünü görmüş və onlarda özünə bir növ yaxın olan şairanə bir ahəng duymuşdu. Əslində ancaq onun əyləndirici söhbətinə dözən görkəmli tanışları ilə fəxr edən Şotmeyer, miss Çenninqin səsini Yucinə tərifləmiş və onun bir dəfə miss Çenninqə baş çəkmək istəyib-istəmədiyini soruşmuşdu. Yucin, “Böyük məmnuniyyətlə” deyə cavab vermişdi.

Gün təyin olundu və onlar bir yerdə getdilər. Miss Çenninq On doqquzuncu küçədə ən yaxşı pansionların birində bir neçə otaq tuturdu. O, qonaqları əynində saya qara məxmər paltar və saçlarında qırmızı lent olduğu halda qəbul etdi. Bu, Yucinə Rubini ilk dəfə gördüyü zaman onun geyindiyi paltarı xatırlatdı. Gənc xanəndənin gözəlliyi Yucini heyrətləndirdi. Kristinaya gəlincə, sonralar Yucinin ondan dəfələrlə eşitdiyi kimi, o nə isə qəribə, izahedilməz bir həyəcan duymuşdu.

– O axşam mən saçlarımı darayıb qurtardıqdan sonra yenicə aldığım sürməyi lenti bağlamaq istəyirdim, – deyə Kristina deyirdi. – Birdən düşündüm ki, yox, qırmızı lent bağlasam, ona daha çox xoş gələrəm, qəribədir, elə deyilmi? Mən elə əvvəlcədən hiss edirdim ki, sən məni sevəcəksən və biz bir-birimizi yaxından tanımalı olacağıq. O adam – adını unutmuşam – səni eynilə olduğun kimi mənə təsvir etmişdi.

Bu etiraf onların tanışlığından bir neçə ay sonra olmuşdu.

Yucin, Nyu-Yorkdakı həyatı daha geniş yola çıxan zamandan bəri qazandığı müstəqil və məğrur görünüşlə Kristanın qarşısında durdu. O özünü çox vüqarlı aparır, əl-qolunu ata-ata yeriyir, müsahibinə ürəyinin içinə baxır kimi sınayıcı nəzərlərlə baxırdı. O, istedadlı adamlarla və xüsusən istedadlı qadınlarla tanışlığına çox ciddi yanaşırdı. O özündə insanlar haqqında çox tez rəy yaradır və onlarda olan istedadı duymağı bacarırdı. Miss Çenninqə nəzər salarkən, Yucin bədəninə başdan-ayağa kimi titrətmə düşdüyünü hiss etdi.

Kristina salamlaşaraq ağ, zərif əlini ona uzatdı. Onlar öz qiyabi tanışlıqları haqqında danışdılar. Yucin Kristinaya hiss etdirirdi ki, onun həsr etdiyi sənət sahəsinə məftundur. Kristina Yucinin öz sahəsindən söhbət salarkən o: “Musiqi daha yüksəkdə durur” – dedi.

Kristinanın tünd qonur gözləri Yucini başdan-ayağa süzür: “O nə iləsə öz etüdlərini xatırladır – deyə düşündü, – onun özünə baxmaq da adama xoş gəlir”.

Kristina onu anasına təqdim etdi, onlar əyləşdilər və dərhal başladılar. Sonra miss Çenninq “Che faro senza Euridica”nı oxudu. Yucində elə bir hiss var idi ki, sanki Kristina onun üçün oxuyur. Kristinanın yanaqları qızarmış, dodaqları daha artıq allaşmışdı.

O qurtardıqdan sonra anası:

– Bu gün sənin səsin çox gözəl səslənir, Kristina, – dedi.

– Mən özümü çox yaxşı hiss edirəm, – deyə qızı cavab verdi.

– Son dərəcə gözəl səsiniz var! – deyə Yucin səsləndi. – O, sanki lalə, yaxud iri sarı orxideyadır.

Kristina onun müqayisəsini bəyəndi. Bu ona çox inandırıcı göründü. Oxuduğu zaman buna oxşar bir şey duyurdu.

Bir qədər keçdikdən sonra Yucin:

– Lütfən, “Silviya kimdir?”i oxuyun, – deyə xahiş etdi. Kristina da çox məmnuniyyətlə onun xahişini yerinə yetirdi.

Kristina oxuyub qurtardığı zaman Yucin lap royala yaxınlaşdı və yavaşdan:

– Bu sizin üçün yazılmışdır, – dedi. – Siz mənim üçün Silviyasınız.

Kristinanın sifətinə qızartı çökdü.

O, başını əyərək:

– Sağ olun, – dedi, lakin onun gözləri daha sevimli sözlər deyirdi. O, Yucinin cəsarətini alqışlayır və ona bunu hiss etmək imkanı verirdi.

İYİRMİ İKİNCİ FƏSİL

Yucin üçün əsas kədər mənbəyi, xüsusən bu iki qadın onun həyatına daxil olandan sonra, onun çox az qazanması idi. Bu kədər getdikcə artırdı. Birinci il o cəmi min iki yüz dollara, ikinci il iki min dollara qədər qazana bilmişdi, bu il, yəni üçüncü ildə qazancı, olsun ki, daha çox idi. Lakin ətrafında gördükləri ilə müqayisədə, tanış olduğu həyatla müqayisədə bu qazanc heç bir şey deyildi. Nyu-York Yucinin qarşısında onun xəyalına belə gəlməyən maddi tərəqqi mənzərəsi açırdı. Beşinci avenyüdə zəngin karetalara qoşulan bahalı atlar, bahalı otellərdə naharlar, hər gün qəzetlərdə xəbər verilən kübar balları, – bütün bunlar onun başını gicəlləndirirdi. Hər yerdə hakim olan dəbdəbə və incəliyi görmək, küçələrdə geyimli-keçimli izdihama baxmaq onu cəzb edir və getdikcə bu qənaətə gəlirdi ki, o yaşamır, sürünür. Çoxdanmı sənət ona yalnız şöhrətə deyil, həm də zənginliyə açılan yol kimi görünürdü? İndi, ətrafındakı aləmi öyrəndikcə, elə çıxırdı ki, bu heç də belə deyildir. Rəssamlar heç vaxt o qədər varlı olmurlar. O, Balzakın “Betti xalaqızı” povestində görkəmli rəssam haqqında oxuduğunu xatırladı. Zəngin Paris ailəsi mərhəmətə gələrək qızını ona vermişdi və hamı belə hesab edirdi ki, qız özünə layiq olmayan bir adama getmişdir. Hələ bu yaxınlara qədər o buna inanmazdı. Sənət adamları ona əlçatmaz məxluqlar kimi gəlirdi. Lakin indi o artıq inandı ki, fransız yazıçısı aristokratiya tərəfindən rəssamlara olan münasibəti düzgün təsvir etmişdir. Amerikada şöhrət qazanmış rəssamlar çox idi, onlardan bəziləri – Yucinin fikrincə qətiyyən layiq olmayanları – ildə on mindən on beş min dollara qədər qazanırdılar. Yucin özünə sual verirdi ki, bu qazanc onları məşhur dördyüzün – bu yüksək mövqe və tükənməz sərvət sahiblərinin – başçılıq etdiyi həqiqi dəbdəbə aləmində ictimai pilləkənin hansı pilləsinə çıxarır? O, qəzetlərdə oxumuşdu ki, cəmiyyətə çıxmağa başlayan bir gənc xanımın ətrinə ildə on beş min dollardan iyirmi beş min dollara qədər pul sərf olunur. O, bilirdi ki, restoranda nahara on beş-iyirmi dollar verməyi əhəmiyyətsiz bir şey hesab edən adamlar da vardır. Kişi və qadın dərzilərə sovrulan pullarla müqayisədə, teatrda gördüyü qiymətli daş-qaş və bəzəklərlə müqayisədə rəssamın cüzi gəliri tamamilə əhəmiyyətsizdir. Miss Finç öz dostlarının evində müşahidə etdiyi ehtişam, zinət və sərvət sərgisi haqqında daim ona danışırdı – özünə xas olan nəzakət sayəsində o, yüksək cəmiyyətdə çoxlu tanış qazanmışdı. Yucinlə yaxından dost olduğu zaman miss Çenninq də öz çıxışları üçün çox zaman min dollar alan məşhur xanəndələr, yaxud musiqiçilərdən, opera ulduzlarının özləri üçün tələb etdikləri yüksək maaşdan danışırdı. Cüzi gəlirini xəyalına gətirən Yucin özünü yenidən Çikaqoya gəldiyi ilk günlərdə olduğu kimi acınacaqlı, dilənçi hiss edirdi. Şöhrət hesaba alınmasa, sənət, görünür, insana heç bir şey bəxş etmir. O ki həyatın bütün dolğunluğundan həzz almaq imkanı vermir. O hər kəsin etiraf etməyə hazır olduğu bir növ mənəvi yüksəlişə aparırsa belə, bu, rəssamın yoxsul, xəstə, ac, necə deyəllər, miskin dahi olmasının qarşısını almır. Bu yaxınlarda Parisdə ölən Berlen belələrindən deyildimi?

Yucinin çıxardığı nəticə qismən onunla izah olunurdu ki, bütün bunlar Nyu-Yorkun yaşadığı dəbdəbə aləminin “qızıl dövrü”nün başlanğıcında idi və o hər yanda, hər yerdə buna təsadüf edirdi. Son əlli il ərzində çoxları böyük varidat toplamışdı. İndi Nyu-Yorkda minlərlə adamın milyondan, əlli milyona qədər, hətta yüz milyona qədər varidatı var idi. Şəhər – başlıca olaraq Əlli doqquzuncu küçədən o tərəfdə, Manhetten adasında – alaq otları kimi sürətlə böyüyüb artırdı. “Ağ işıqlar rayonu” adlandırılan rayonun müxtəlif hissələrində böyük otellər yüksəlirdi. Bu dövr kapitalın yeni doğmuş tələbləri ödəməsinin ilk mütəşəkkil təşəbbüsü dövrü idi, bu zaman səkkiz, on iki mərtəbəli müasir dəbdəbəli yaşayış evləri əmələ gəlirdi. Bu evlər ölkənin hər tərəfindən axınla Nyu-Yorka tökülüşüb gələn, son zamanlarda varlanmış burjuaziya nümayəndələri, yeni əmələ gəlmiş çoxlu kapitalistlər üçün tikilirdi. Onlar Qərbdə, Cənubda və Şimalda böyük pullar qazanmışdılar. Həyatlarının qalan hissəsini şənlik və dəbdəbədə keçirmək üçün kifayət qədər vəsait toplayan kimi onlar Şərqə köçür, bahalı mənzillər tutur, böyük otelləri və zəngin restoranları doldurur, şəhərdə israf xərclər mühiti yaradırdılar. Zənginlik və dəbdəbəli tələblərinə xidmət edən bütün sahələr fövqəladə yüksəliş əldə edirdilər. Əntiq şeylər satan dükanlar, xalçalar, pərdələr, mebel, bəzək-düzək şeyləri, şəkillər, qiymətli daş-qaşlar, büllur və çini qablar – hər şey, yalnız rahatlıq və şan-şöhrətə kömək edəcək hər şey – ala biləcəyiniz mağazaların sayı sürətlə artırdı.

Yucin şəhəri dolanarkən bütün bunları görürdü, o ətrafında olub keçən təbəddülatı duyur, əhalinin sərvətin, gözəlliyin artmasına olan bu sarsılmaz meylini sezirdi. Onun bütün fikirləri ancaq bir məsələ ilə məşğul idi: indi, hələ gənc ikən, qüvvələri aşıb-daşarkən, hər şey onu cəzb edərkən yaşamaq lazımdır. Çox keçmədən bunlar onun üçün mənasını itirəcəkdir – axı insana ancaq yetmiş il ömür verilmişdir, bundan da iyirmi beşi artıq getmişdir. Bəlkə sərvəti dadmaq ona nəsib olmayacaq, bəlkə yüksək cəmiyyət ona əlçatmaz görünəcək, bəlkə onun heç bir zaman zənginlərin yaşadığı kimi yaşamaq imkanı olmayacaqdır? Bu fikir ona əzab verirdi. O, dünyadan pul və şöhrət qoparmaq üçün quduz bir arzu duyurdu. Həyat ona payını verməlidir, əks təqdirdə o, ömrünün axırına qədər ona lənət yağdıracaqdır. Həyatının iyirmi altıncı ilində Yucinin ehtisası belə idi.

Kristina Çenninq ilə dostluğunun təsiri altında bu hislər xüsusilə kəskinləşdi. Kristina ondan bir qədər yaşlı idi, o da Yucin kimi eyni temperamentə malik idi, eyni ümid və arzularla yaşayırdı, həyatın quruluşundan, ondan pis baş çıxarmırdı. Nyu-York öz dəbdəbəsinin qızıl dövrünü görməli idi, o artıq bu dövrə daxil olurdu və hər hansı bir sahədə, – xüsusən musiqi və səhnə sənətində, – yüksək zirvəyə çatanlar, bəşəriyyətə məlum olan zənginliyin ən parlaq səhnələrinin birində iştirak edəcəklərinə, yəqin ki, ümid edə bilərlər. Kristina Çenninq bu ümidlərlə yaşayırdı. O əmin idi ki, öz payını alacaqdır, Yucinlə bir neçə söhbətdən sonra onda belə bir etimad əmələ gəldi ki, Yucin də buna ümid edə bilər. O elə gözəl, elə ağıllı idi ki.

Yucin ikinci dəfə onun yanına gələrkən o:

– Siz başqalarından fərqlənən adamsınız, – dedi, – sizdə nə qədər qüvvə vardır. Mənə elə gəlir ki, siz istədiyiniz hər şeyi əldə edə bilərsiniz.

– Yox, – deyə Yucin etiraz etdi, – mən heç də elə qoçaq deyiləm. İnanın, istədiyim şey, hamı üçün olduğu kimi, mənə də çətinliklə başa gəlir.

– Lakin yenə də istədiyinizə nail olursunuz. Sizin müəyyən məqsədiniz var.

Bu iki nəfərin bir-birini tamamilə anlaması üçün çox vaxt lazım olmadı. Onlar birlikdə bir-birinə özləri haqqında – əlbəttə, əvvəllərdə müəyyən təmkinlə – danışırdılar. Kristina Yucini özünün Merilend ştatının Xargerstaun şəhərində başlayan musiqi karyerasının tarixi ilə tanış etdi. O isə Aleksandriyada keçən ilk gənclik günlərini xatırladı. Onlar öz valideynləri haqqında və onların özlərinə göstərdikləri tamamilə müxtəlif təsirlər haqqında danışdılar. O öyrəndi ki, Kristinanın atası istridyə vətəgələrinin sahibidir, özü isə etiraf etdi ki, atası tikiş maşınlarının satışı üzrə agentdir. Onlar balaca şəhərin şəxsiyyətin inkişafına təsirindən, özlərinin ilk xülyalarından, həyatda can atdıqları hər şeydən söhbət etdilər. Kristina doğma şəhərinin metodistlər kilsəsində müğənni olmuşdu. O bir zamanlar dərzi olmaq istəmiş, sonra isə musiqi müəllimindən dərs almağa başlamışdı. Bu müəllim Kristinanı az qala ona ərə getməyə razı etmişdi. Burada bir hadisə baş vermiş – ya Kristina yayda hara isə getmiş, ya nə isə başqa bir şey olmuşdu, Kristina da fikrini dəyişmişdi.

Yucin onunla teatrda keçirdiyi axşamdan, restoranda gecə yarısı şam etdikdən və üçüncü dəfə axşamı onun yanında keçirməyə dəvət aldıqdan sonra Kristinanın əlindən tutmağa cəsarət etdi. Kristina royalın yanında dayanmışdı, Yucin onun üzünə, sual dolu gözlərinə, zərif, gözəl dəyirmi boynuna və çənəsinə baxırdı.

Yucin, onların bir-birinə duyduqları qüvvətli meyl nəzərə alınmazsa, heç bir şeyə dəxli olmadan birdən-birə:

– Mən sizin xoşunuza gəlirəmmi? – dedi.

Kristina bir an belə tərəddüd etmədi, üzünü, boynunu qızartı bürüsə də, başı ilə təsdiq işarəsi verdi.

– Siz mənə elə gözəl görünürsünüz ki, bunu söz ilə ifadə etmək olmaz, – deyə Yucin davam etdi. – Mən yalnız sizin portretinizi çəkə bilərəm, siz isə bunu mahnıda ifadə edə bilərsiniz, – burada söz acizdir. Mən dəfələrlə vurulmuşam, lakin bu mənim indi hiss etdiyim kimi olmamışdır.

– Məgər siz mənə vurulmusunuz? – deyə Kristina sadəlövhcəsinə soruşdu.

Yucin onu qucaqlayıb özünə tərəf çəkərək:

– Sizcə? – dedi. Kristina başını çevirdi, onun qızarmış yanağı Yucinin dodağına yaxınlaşdı. Yucin əvvəlcə onun yanağını, sonra dodaqlarını, boynunu öpdü. Onun çənəsini qaldıraraq gözlərinin içinə baxdı.

Kristina:

– Ehtiyatlı ol, – dedi, – anam içəri girə bilər..

– Anana istefa ver, – deyə Yucin güldü.

– Baxın, birdən anam sizə istefa verər. O heç ağlına gətirməz ki, mən belə şeyləri edə bilərəm.

Yucin:

– Bu ancaq onu sübut edir ki, ana öz Kristinasını çox az tanıyır.

– Kifayət qədər tanıyır, – deyə Kristina güldü. – Ah, indi dağlarda olasan!.

– Hansı dağlarda? – deyə Yucin maraqlandı.

– Mavi dağlarında. Orada, Florizeldə bizim bağımız vardır. Biz yayda orada olduğumuz zaman siz mütləq gəlməlisiniz.

– Anan da orda olacaqdır? – deyə Yucin soruşdu.

– Bəli, atam da, – deyə Kristina cavab verdi.

– Yəqin ki, Eni xalaqızın da?

– Yox, amma qardaşım Corc orada olacaqdır.

Yucin:

– Elə isə, rədd olsun o bağ, – dedi.

– Narahat olmayın, mən oralara çox yaxşı bələdəm. gəzmək üçün orada çox gözəl yollar, cığırlar vardır.

Kristinanın bu sözlərində sadəlövh bir işarə vardı və onun ifadəli üzü işıqlandı.

Yucin təbəssümlə:

– Onda başqa məsələ, – dedi, – lakin hələlik…

– Hələlik isə sizə gözləmək lazım gələcəkdir. Siz vəziyyətin necə olduğunu görürsünüz, – o, işarə ilə miss Çenninqin yüngül baş ağrısından yatdığı qonşu otağı göstərdi, – anam çox da məni tək buraxmır.

Yucin Kristinanı anlaya bilmirdi. O belə qıza təsadüf etməmişdi. Istedadına şübhə olmamaqla bərabər onun zəkası Yucini heyrətə gətirirdi. O bunu gözləmirdi, düşünmürdü ki, o, Yucinə sevgisini etiraf edə bilər, bilmirdi ki, onun Florizel haqqındakı sözlərini necə başa düşsün. O özünü xoşbəxt hiss edirdi, o öz gözlərində böyüyürdü. Əgər Kristina kimi gözəl, istedadlı qadın ona öz sevgisini etiraf edirsə, deməli, o, müstəsna adamdır. Kristina daha münasib şərait arzulayır… Nə üçün?

Yucin hadisəni çox da sürətləndirmək istəmirdi. Kristina da buna can atmadı. O, Yucin üçün müəmmalı qalmağı üstün tuturdu. Lakin Yucin Kristinanın baxışlarında məhəbbət və məftunluq oxuyurdu, başqa heç bir şey arzu etmədən o bununla xoşbəxt və məğrur idi.

Kristina haqlı idi – onların məhəbbət izahı bu şərait üçün imkansız idi. Kristinanın anası, demək olar, qızından gözünü çəkmirdi. Kristina Yucini filarmoniyada olan konsertlərini dinləməyə dəvət etdi. Budur, Yucin əvvəlcə “Uoldrof Astoriya” otelinin geniş konsert salonunda, sonra Karnegi-xollun möhtəşəm auditoriyasında və üçüncü dəfə “Arion” cəmiyyətinin gözəl binasında onun – ah, o nə gözəldir – cürətli addımlarla rampaya necə yaxınlaşdığını, özünü inamla tutaraq, onu gözləyən orkestrin və camaatın qarşısında hətta bir qədər təkəbbürlə necə durduğunu həyəcanla gördü. Böyük salon əl çaldığı zaman Yucin xatirələrlə nəşələnirdi.

“Dünən axşam o, qollarını mənim boynuma saldı, bu gün isə mən onlara gedəcəyəm, biz tək qaldığımız zaman o məni öpəcəkdir. Orada, estradada təzim edən və gülən qəşəng qeyri-adi qız başqa bir kəsi yox, məni sevir. Hərgah mən ona təkif etsəm, o mənə ərə gedər. Kaş mən bunu edə biləydim, kaş pulum olaydı”.

“Kaş mən bunu edə biləydim…” Bu fikir Yucinin qəlbinə bıçaq kimi sancıldı, çünki bilirdi ki, bunu edə bilməyəcəkdir. O, Kristinaya onun arvadı olmasını təklif edə bilməzdi. Necə az qazandığını Kristinaya desə, o, Yucini istəməz də. Lakin kim bilir?

İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Bahar sona yaxınlaşdıqca, Yucində yenidən Ancelanın yanına deyil, dağlara, Kristinanın bağına yaxın bir yerə getmək fikri artıq möhkəmlənirdi. Paytaxtın gərgin, həyəcanlandırıcı təsiri altında Ancelanın sürəti onun qəlbində bir qədər tutqunlaşmışdı. Onun haqqındakı xatirələr əvvəllər olduğu kimi yenə də cazibədar idi, – onlar əvvəlki kimi gözəlliklə dolu idi, lakin Yucini bir qədər şübhə bürüməyə başlamışdı. Dəbdəbəli Nyu-York cəmiyyəti başqa tip adamlardan ibarətdir; Ancela qəşəng və sevimlidir, lakin o burada öz yerində olacaqmı?

Bu vaxt içərisində Miriem Finç Yucini tərbiyə etməkdə davam edirdi. O, Yucin üçün məktəbi əvəz edə bilərdi. Yucin Miriemin yanında oturur, onun bu və ya başqa pyesi təsvir etməsini, bu və ya başqa kitab haqqındakı mühakiməsini, dəbdə olan bu və ya başqa fəlsəfi məsələ haqqındakı rəyini dinləyir və hər gün deyil, saatbasaat inkişaf etdiyini hiss edirdi. Miriem çox adamlar tanıyırdı və onu maraqlandıran şeyləri görmək üçün hara getmək lazım gəldiyini həmişə deyə bilərdi. Elə bir görkəmli şəxsiyyət – dinləməyə dəyən natiq, yaxud yeni aktyor – yox idi ki, onun haqqında Miriemin ən müfəssəl məlumatı olmasın.

O, Yucini görərkən səslənirdi:

– Bilirsinizmi, Yucin, siz mütləq gedib “Damğa” pyesindəki Xeyden Boyda baxmalısınız.

Yaxud:

– Siz Elmina Deminqə, onun yeni rəqslərinə baxmalısınız.

Yaxud:

– Uinson Xomerin şəkillərinə baxmağı unutmayın, onlar Nodlerdə sərgiyə qoyulmuşdur.

Miss Finç Yucinin bu, ya başqa sənətkarı görməsini nə üçün istədiyini və onun fikrincə, bu sənətkarın Yucinə nə verə biləcəyini hərtərəfli ona izah edirdi. Miriem onu dahi hesab etdiyini gizlətmir və üzərində işlədiyi haqqında məlumat verməyi həmişə Yucindən tələb edirdi. Mətbuatda onun hər hansı bir müvəffəqiyyətli əsəri çıxdıqda, Miriem bu barədə ona birinci olaraq demək təsadüfünü əldən buraxmırdı. Yucində çox vaxt elə bir hiss olurdu ki, sanki o, Miriemin otağının və onun özünün sahibidir, sanki Miriemdə olan hər şey – onun fikirləri onun dostları, onun iztirabları – hamısı Yucinə məxsusdur. O, Miriemin yanında oldumu, yaxud onunla harasa getdimi, bütün bunlar tamamilə onun xidmətində idi. Miriem bahar gələn kimi məmnuniyyətlə onunla gəzməyə çıxır və Yucinin təbiət və həyat haqqında dediklərini dinləyirdi.

– Qəşəngdir! – deyə o səslənirdi. – Nə üçün siz bunu təsvir etməyəsiniz?

Yaxud:

– Nə üçün siz bunu çəkməyəsiniz?

O Miriemə özünün bəzi şeirlərini göstərir, Miriem isə dərhal üzünü köçürür və özünün şah əsərləri külliyatı adlandırdığı albomunun içərisinə yapışdırırdı. Beləliklə, o daim Yucini əzizləyirdi.

Digər tərəfdən, Kristina da ona az sevinc vermirdi. O, Yucinə onun haqqında necə yüksək fikirdə olduğunu, onu necə gözəl hesab etdiyini deməkdən yorulmurdu.

Bir dəfə Kristina onun əlini möhkəm sıxaraq və mehribanlıqla gözlərinin içinə baxaraq:

– Siz belə böyük, belə ağıllısınız, – dedi. – Sizin saçlarınızı daramağınız mənə xoş gəlir. Siz hər cəhətdən rəssamsınız.

– Siz məni korlamaq üçün asan yol tapmısınız, – deyə Yucin cavab verdi. – Yaxşısı budur, icazə verin, sizin necə qəşəng olduğunuzu deyim. İstəyirsinizmi, deyim?

– M-m-m, – deyə Kristina gülümsədi və başını buladı.

– Dağa gedənə qədər gözləyin. Orada mən sizə deyərəm – deyə Yucin Kristinanın dodaqlarından elə uzun sürən bir öpüş aldı ki, az qala qızın nəfəsi kəsilmişdi.

– Aman Allah, siz necə qüvvətlisiniz, – deyə qız səsləndi. – Elə bil poladdansınız…

– Siz isə iri, ala, qırmızı gülsünüz. Məni öpün.

Kristina ona musiqidən baş çıxarmağı öyrətmiş və ən böyük ifaçıların adları ilə tanış etmişdi. Yucin musiqinin müxtəlif janrları – opera, simfoniya, kamera musiqisi – haqqında bəzi anlayışlar əldə etmişdi. O, musiqi yaradıcılığının müxtəlif formaları ilə, istilahlarla, səs tellərinin sirri ilə, vokal təhsilinin üsulları ilə tanış oldu. O bu mühitin nə kimi intriqa ilə dolu olduğunu, böyük musiqi avtoritetlərinin bu və ya başqa bəstəkar, yaxud xanəndə haqqında nə kimi fikirdə olduqlarını öyrəndi. O, opera aləmində özünə yol açmağın necə çətin olduğunu, orada necə amansız mübarizə aparıldığını, tamaşaçıların şöhrət ulduzu sönməkdə olan artistdən necə sürətlə üz döndərməyə hazır olduqlarını anladı. Kristina hər şeyə elə laqeyd münasibət bəsləyirdi ki, Yucin təkcə bu qoçaqlıq üçün onu sevməyə hazır idi. O elə ağıllı, elə xeyirxah idi ki!

O bir dəfə Yucinə:

– Əgər yaxşı xanəndə olmaq istəyirsənsə, xoş şeydən imtina etmək lazım gəlir, –dedi. – Adi həyatla yaşamaq və sənətə sadiq qalmaq olmaz.

Yucin:

– Mən sizi başa düşmürəm, Krissi, – dedi və onlar tək olduqları üçün mehribanlıqla onun əlini sığalladı.

– Burada qaranlıq bir şey yoxdur. Ərə getmək və uşaq doğmaq olmaz, cəmiyyətdə gözə çarpan rol oynamaq olmaz. Mən bilirəm ki, bəzi xanəndə qadınlar ərə gedirlər, lakin mənə belə gəlir ki, bu səhvdir. Ailə ilə bağlı olan artistlərin əksəri, məndə olan məlumata görə, elə bir müvəffəqiyyət qazanmırlar.

– Bəs siz ərə getmək fikrində deyilsiniz? – deyə Yucin maraqlandı.

Kristina onun nəyi nəzərdə tutduğunu anlayaraq:

– Bilirəm, – deyə cavab verdi. – Hər halda mən əvvəlcə bu barədə çox düşünmək istəyirəm. Artistlərin vəziyyəti son dərəcə çətindir. Onlara çox şeylər barəsində düşünmək lazım gəlir.

– Məsələn?

– Məsələn onun haqqında adamların və ailənin nə deyəcəyi barəsində, daha bir çox məsələlər üzərində. bizim üçün səhnə xidmətçiləri üçün, arılarda olduğu kimi, üçüncü bir cins ixtira etmək lazım idi.

Yucin gülümsədi. O da Kristinanın nəyə meyl etdiyini anlayırdı. Lakin o bilirdi ki, Kristinanın şəxsi həyatla sənət həvəsi arasındakı ixtilafı həll etmək təşəbbüsü onun ilk təşəbbüsü deyildir. O özünün artistlik karyerasını izdivacla çətinə salmaq istəmirdi. O lap yəqin bilirdi ki, yeni başlayan xanəndə üçün opera səhnəsində müvəffəqiyyət – xüsusən xaricdə parlaq müvəffəqiyyət – ümidi müəyyən dərəcədə hər hansı bir əlaqədən asılıdır. Bəziləri bunsuz keçinməyə müvəffəq olurdu, ancaq belələri çox az idi. O durmadan özündən soruşurdu ki, hökmranlıq edən əxlaq qaydalarına müvafiq olaraq, qızmı qalmalıdır? Ümumi qəbul edilmiş rəyə görə, qızlar sonralar ərə getmək üçün özlərini qorumalıdırlar, ancaq bu ona tətbiq oluna bilərmi, bir də ki, bunu artistlik temperamentinin tələbləri ilə necə birləşdirsin? Anası və qohumları haqqındakı fikir onu narahat edirdi. O, təmiz qalmışdı, lakin gənclik və ehtiraslı təbiəti ona çoxlu acı dəqiqələr verirdi. Bu yandan da Yucin meydana çıxmışdı.

Yucin Kristinanın nəticə etibarilə nə cür hərəkət edəcəyini düşünərək:

– Bəli, bu çətin məsələdir, – deyə təsdiq etdi.

O hiss edirdi ki, Kristinanın evlilik haqqında görüşləri bilavasitə onun Yucinə olan münasibətinə aiddir. Doğrudanmı o, incəsənət naminə məhəbbəti qurban verməyə hazırdır?

Kristina:

– Bu, məsələ deyil, tam bir problemdir, – dedi və bir şey oxumaq üçün royala doğru getdi.

Bu söhbətin təsiri altında Yucində elə bir təəssürat əmələ gəldi ki, Kristina nə isə ciddi bir addım atmaq xəyalındadır. O bu addımın nədən ibarət olduğunu düşünmək belə istəmədi, lakin bu problemin Kristina tərəfindən necə həll ediləcəyi Yucini hədsiz maraqlandırırdı. Qadının müstəsna dərəcədə açıq fikirli olması onu təəccübləndirirdi, bu, hətta onun görüş dairəsinin genişlənməsinə yardım edirdi. Maraqlıdır, – deyə o düşünürdü, – izdivac haqqında belə, necə deyərlər, “ölüm, yaxud olum” ruhunda mühakimə yürüdən bir qız barəsində onun bacısı Mirtl nə fikirdə ola bilər? Silviya nə deyə bilər? Maraqlıdır: görəsən qızların çoxumu belə mühakimə yürüdür? Onun tanıdığı qadınların əksəriyyəti bu məsələlərdə, deyəsən, ondan daha ardıcıl idi. O bir dəfə Rubidən “qeyri-qanuni məhəbbəti” günah hesab edib-etmədiyini soruşduğunu və “yox, bəziləri bunu günah hesab edirlər, lakin bundan heç də belə çıxmır ki, mən də belə düşünməliyəm” cavabını eşitdiyini xatırladı. Budur, daha bir qız və daha bir nəzəriyyə.

Onlar bundan sonra da məhəbbət haqqında danışırdılar. Yucin Kristinanın onun yayda nə üçün Florizelə gəlməsini istədiyini özü özündən soruşdu. Ola bilməz ki, o… yox, yox, o bunun üçün olduqca mühafizəkardır. Lakin o anlayırdı ki, Kristina onunla izdivac haqqında düşünmür, bu saat o ümumiyyətlə, heç kəsə ərə getməyəcəkdir. Yəqin o, sadəcə olaraq, məşuqə olmaq istəyir, heç olmasa qısa müddətə.

May gəldi, Kristinanın konsert çıxışları qurtardı, nəğmə dərsləri də onu artıq Nyu-York ilə bağlamırdı. Qış zamanı o tez-tez Pittsburq, Buffalo, Çikaqo, Sent-Pol səfərlərinə çıxır və qayıdırdı, indi isə bir il ağır işdən sonra anası ilə birlikdə sonradan Florizelə getməyi nəzərdə tutmaqla bir neçə həftəliyə Xagerstauna getmişdi.

“Kaş sən burada olaydın! – deyə o, iyunun əvvəllərində Yucinə yazırdı. – Ay bizim bağa işıq salır, güllər açmışdır. Elə gözəl ətir iyi gəlir, elə şeh düşür! Ot pəncərəyə qədər qalxmışdır, mən də hey oxuyuram”.

O hər şeyi atmaq və onun çağırışına qoşulmaq istəyirdi, lakin özünü saxlayırdı; çünki Kristinaya xəbər vermişdi ki, iki həftədən sonra dağa gedəcəkdir. O bir jurnal üçün seriyalı şəkillər çəkmək sifarişini almışdı, onu çox tələsdirirdilər; o, işi qurtarana qədər gözləməyi qət etdi. İyunun axır günlərində o, Mavi dağlara, Florizelin yerləşdiyi Pensilvaniya ştatının cənub hissəsinə yola düşdü. O, Çenninqlərin dəvətini gözləyirdi, lakin Kristina onu xəbərdar etdi ki, o yaxında olan otellərin birinə düşmüş olsa, daha təhlükəsiz və əlverişli olar. Dağların ətəklərində bir neçə otel var idi. Kirayə pulu gündə beş dollardan on dollara qədər idi. Bu, Yucin üçün böyük pul olsa da, o yenə də getməyə qərar verdi. O bu qəribə qızı görmək, onun Yucinlə dağda bir yerdə olmaq arzusunun nə ilə izah olunduğunu bilmək istəyirdi.

Onun əmanət kassasında səkkiz yüz dollara qədər pulu vardı, o bu puldan səfər üçün üç yüz dollar götürdü. O, Kristina üçün onun çox sevdiyi Viyonun zərif cildlənmiş kitabını, bir neçə yeni şeirlər kitabı aldı. Bu həzin şeirlər Yucinin son zamanlardakı əhvali-ruhiyyəsi ilə həmahəng idi. Bunlarda həyatın kamil gözəlliyi yüksəklərə qaldırılsa da, onun mənasızlığı, dözülməz kədəri haqqında danışılırdı.

Bu vaxt Yucin qəti nəticəyə gəlmişdi ki, heç bir axirət dünyası yoxdur, məqsədsiz olaraq insanla oynayan kor və qara qüvvələrdən başqa heç bir şey yoxdur, halbuki əvvəllər düşünmədən hikmətə inanır və cəhənnəmin olub-olmaması məsələsi üzərində düşünürdü. Kitablar məntiq və fəlsəfənin tapdalanmış yollarında və əyri-üyrü cığırlarda ona bələdçi oldu. Son vaxtlar o çox oxuyur və fikirləşməyi öyrənirdi. O, Spenserin “Əsas başlanğıcını” başa vurmuşdu, bu kitab onun bütün görüşlərini tamamilə alt-üst etmiş və adət etdiyi yoldan uzun müddətə çıxarmışdı. O, Spenserdən geriyə, Mark Avreliyə, Epiktetə, Spinozaya və Şopenhauerə, onun bütün şəxsi nəzəriyyələrini havaya sovuran və onu həyatın nə olduğu üzərində düşünməyə məcbur edən mütəfəkkirlərə qayıtdı. Belə kitabları oxuduqdan sonra, təbiətin anlaşılmaz məqsədləri haqqında, maddənin itməməsi haqqında, insan təfəkkürünün göydəki buluddan artıq daimi olmadığı haqqında xəyala gedərək, uzun müddət şəhərdə dolaşdı. Fəlsəfi nəzəriyyələr yaranır və yox olur, idarə formaları gəlir və gedir, insan irqləri doğulur və ölür. Bir dəfə o, Nyu-Yorkda təbiət elmləri muzeyinə daxil oldu və məlum olduğu kimi, yer üzərində iki, üç, beş milyon il bundan əvvəl yaşayan, tarixdən qabaqkı heyvanların skeletini gördü. Yucin, sonradan bu qədər rəhmsizliklə ölümə məhkum etmək üçün bu heyvanları həyata gətirmiş qüvvələr haqqında heyrətlə düşündü. Görünür, təbiət müxtəlif məxluqlar yaratmaqda fövqəladə səxavətlidir, lakin bununla bərabər, onların mühafizə olunmasına tamamilə laqeyddir. Yucin bu nəticəyə gəlirdi ki, onun özü də ancaq boş balıqqulağı, zərif əks-səda, küləyin pəncəsinə düşən, əslində heç bir əhəmiyyəti olmayan yarpaqdır və o zaman bu fikir onun xudbinliyini sarsıtmaqla, düşünən məxluq kimi bütün qürunu əzməklə hədələyərək ona dözülməz əzab verdi. O sarsılmış, incimiş, çaşmış halda, qanı qaralmış bir uşaq kimi şəhəri dolaşırdı. Lakin onun fikri inadla işləməkdə davam edirdi.

Sonra səhnəyə Darvin, Heksli, Tindal, Lebbok kimi bir sıra ingilis mütəfəkkirləri gəldi. Onlar başqa filosofların çıxardıqları ilk nəticələri təsdiq edərək, təbiətin tətbiq etdiyi metodların gözəlliyini, qanunauyğunluğu, çox müxtəlif forma və ideyaları açıb ona göstərdilər və o valeh oldu. O hələ də şeirlər, həmçinin təbiət elmlərinə dair kitab və məqalələr oxuyurdu, amma əvvəlki kimi qəlbiqara idi. Ona elə gəlirdi ki, həyat özlüyündə qara, məqsədsiz, mütərəddid qüvvələrdən ibarətdir.

Bu fikirləri necə həyata keçirməsi onun üçün – kəskin fərdi xasiyyətdə olan adam üçün – tamamilə səciyyəvi idi. Gözəlliyin sonradan yox olmaq üçün ancaq qısa müddətə çiçəklənməsi fikri onda qüssə oyadırdı. Ömrün yetmiş il davam etməsi, sonra labüd sona çatması fikri onu dəhşətə salırdı. Yucin düşünürdü ki, o və Ancela bir növ seçmə qohumluqla bağlanmış ancaq təsadüfi tanışlardır, onlara əbədiyyat aləmində bir daha görüşmək nəsib olmayacaqdır. O və Kristina, o və Rubi, o və kim olursa-olsun, bir yerdə yalnız bir neçə xoş saat keçirə bilər, bundan sonra böyük sükut, parçalanma başlanar, hər şey bitər. Bu fikirlər ona, bir tərəfdən əzab verir, digər tərəfdən onda yaşadığı müddətdə həyatı və məhəbbəti dadmağa daha qüvvətli arzu oyadırdı. Hələ sevgilinin ağuşunda həmişə bu şeyləri unutmaq mümkün olsaydı!

O bütün gecəni yolda keçirərək, belə bir əhvali-ruhiyyədə Florizelə çatdı. Hərdənbir özü də düşüncələrə dalmağı və filosofluq etməyi sevən Kristina bunu görməyə bilməzdi. O, Yucinlə bir yerdə gəzməyə getmək üçün onu stansiyada özünün yaraşıqlı balaca kabrioletində gözləyirdi.

Kabriolet yumşaq, sarı tozla örtülmüş yolla gedirdi. Dağ şehi hələ torpaqdan çəkilməmişdi və rütubət çəkmiş toz havaya qalxmırdı. Ağacların yaşıl budaqları onların üzərinə sallanırdı. Hər bir döngədə valehedici mənzərələr açılırdı. Ətrafda heç kəs olmadığı üçün Yucin Kristinanı öpdü və onun dodaqlarını doyunca əmmək üçün başını özünə doğru çevirmək istədi.

– Xoşbəxtlikdən at dinc atdır, yoxsa zərər çəkərdik. Lakin sən nə üçün belə tutqunsan – deyə Kristina soruşdu.

– Heç də tutqun deyiləm… lakin ola bilər… mən son zamanlarda çox düşünmüşəm, özü də çoxu sənin haqqında.

– Mənim haqqımda düşünmək səni kədərləndirir?

– Qismən.

– İcazə verin bilək nə üçün, ser? – deyə Kristina süni bir ciddiyətlə soruşdu.

379 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
1 стр. 1 иллюстрация
ISBN:
978-9952-8245-8-1
Правообладатель:
JekaPrint

С этой книгой читают

Новинка
Черновик
4,9
176