Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Amerika faciəsi », страница 3

Шрифт:

Stəkanları yuyarkən, qablara dondurma qoyarkən, şərbət tökərkən, podnoslara limon və portağal düzərkən, o həyatında ilk dəfə bu qızları yaxından müşahidə edirdi. Qızlar ona bir möcüzə kimi görünürdülər. Demək olar ki, onların hamısı yaxşı geyinib-kecinmişdilər, üzükləri, sancaqları, xəzləri, gözəl şlyapaları və qəşəng tufliləri vardı. Klayd tez-tez onların maraqlı şeylər haqqında söhbətlərini eşidirdi: burada şən məclislər, naharlar, Kanzas-Siti ətrafındakı gəzintilər, hazırkı modanın bildirki modadan nə ilə fərqləndiyi, bəzi aktyor və aktrisaların, xüsusilə, indi şəhərdə tamaşa verən və tezliklə bura qastrola gələcək aktyorların nə qədər məlahətli və cazibədar olduqları haqqında danışıqlar gedirdi. Evdə Klayd heç vaxt belə söhbətlər eşitməmişdi.

Çox vaxt gənc, gözəl qızlardan gah birisini, gah digərini, frak geymiş, köynəyinin qolu kraxmallı, ala-bəzək qalstuklu və ağ əlcəkli, lak çəkməli, başında silindr olan gənclər müşayiət edirdilər. Onların kostyumu o vaxt Klayda kübarlıq və gözəlliyin, zəriflik və zənginliyin zirvəsi kimi görünürdü. Belə saymazyana sərbəstliklə bu cür gözəl kostyumlar geymək bu şıq gənclər kimi qızlarla bu cür sərbəst və soyuqqanlı bir əda ilə danışmaq, – bax, kamil insan olmaq buna deyərlər! O zaman Klayda elə gəlirdi ki, əgər onun əynində belə bir kostyum olmasa, heç bir gözəl qız gözünün ucu ilə belə ona baxmaq istəməz. Belə bir kostyum son dərəcə zəruri bir şeydir, demək olar ki, əsas bir şeydir. Əgər Klayd buna nail olarsa, bax bu cür geyinib-kecinməyi bacararsa, demək, artıq o da xoşbəxtliyə doğru gedən bir yolun yolçusu olacaqdır. Belə olduqda, əlbəttə, həyatın bütün sevincləri ona nəsib olacaqdı. Mehriban nəvazişli təbəssümlər… Gizlin olaraq sıxılmış əllər… bəlkə də, onun öz əlləri bir qızın belinə dolanacaqdır… sonra öpüşlər… evlənmək vədi və sonra, sonra…

Bütün bunlar uzun illərdən bəri ata və anası ilə küçələri gəzib dolaşdıqdan sonra, dua yığıncaqlarında oturub yolunu azmış düşkün insanların, son dərəcə axmaq və qəribə olan bu adamların İsanın onları necə xilas etdiyi və Allahın onlara nələr bəxş etdiyi haqqında nağıllarını dinlədikdən sonra, indi qəfildən alışan bir işıq kimi onun gözlərini qamaşdırdı. Arxayın ola bilərsiniz, indi Klayd bütün bunlardan canını qurtaracaqdır. O, işləyəcək, pul yığacaq və nəhayət, bir adam olacaqdır… Doğrudan da, mürəkkəb olmayan bu bayağı arzular yığını, eynilə səhraların qurbanı – susuz bir yolçunun gözləri qarşısında açılan cazibədar bir sərab kimi, onun xəyalında yeni bir təbəddülatın möcüzəsi kimi parıldayırdı.

Lakin Klayd tezliklə bu nəticəyə gəldi ki, onun yeni vəziyyətində pis olan bir cəhət vardır: doğrudur, burada yeni meyvə içkiləri hazırlamağı öyrənmək və bununla da həftədə on iki dollar qazanmaq mümkün idi – lakin bu heç də Klaydın qəlbini gəmirən şöhrətpərəstlik ümid və arzularını təmin edə bilmirdi. Mağazada onun bilavasitə tabe olduğu Albert Ziberlinq möhkəm qərara gəlmişdi ki, bu peşənin sirrini və bu işin ən xoş qismini özü üçün saxlasın. Bundan əlavə bu adam mağazanın sahibi aptekçi ilə bərabər bu fikirdə idi ki, Klayd ona, yəni Ziberlinqə kömək etməkdən başqa, mağaza sahibinin bütün tapşırıqlarını yerinə yetirmək üçün şəhərdə o yan-bu yana qaçmalıdır, bu isə, demək olar ki, Klaydın bütün iş gününü əlindən alırdı. Buna görə də tanıdığı bu yeni iş ona çox az fayda verirdi: o, nə edirdisə, yaxşı geyinə bilmirdi. Bundan əlavə, pulsuzluğu, dostları və tanışları olmaması Klaydın ürəyini son dərəcə sıxırdı. Əslində ailə xaricində o lap tənha adam idi, digər tərəfdən ailə içərisində də o, özünü tənha hiss edirdi.

Estanın qaçması Kanzasdakı missioner fəaliyyətinə pis təsir göstərmişdi. Esta qayıdıb gəlmədiyi üçün Klaydın ata-anası çarəsizlikdən Kolorado ştatındakı Denver şəhərinə köçmək barəsində düşünməyə başlamışdılar. Lakin Klayd qəti olaraq onlarla getmək istəmirdi. “Bunun mənə nə xeyri vardır? – deyə öz-özünə sual verirdi, – orada da eynilə buradakı kimi yeni bir missiya, yeni bir ruhani təşkilatdan başqa nə görəcək, nə əldə edəcəyəm?”.

O, həmişə ata-anası ilə bir yerdə Brikel küçəsindəki missiya nəzdindəki mənzildə yaşayırdı və belə bir həyatı görməyə gözü yox idi. On bir yaşından bəri onun ailəsinin Kanzas-Sitiyə köçdükləri zamandan bəri tanış oğlanları evə gətirməyə xəcalət çəkirdi. Buna görə də onun heç bir dostu yox idi, demək olar ki, həmişə təkbaşına və yaxud qardaşı və bacıları ilə gəzər, oynayardı.

Lakin indi onun on altı yaşı var, o, istədiyi kimi yaşamaq üçün kifayət qədər böyümüşdür, buna görə də bütün bunlardan canını qurtarmaq üçün bir çarə axtarmalıdır. Lakin digər tərəfdən o, hələ olduqca az qazanırdı, – təkbaşına yaşamaq üçün hələ lazımi bacarığı və cəsarəti yox idi.

Ata-anası Denver şəhərindən köçüb getmək barəsində danışmağa başlayanda Klaydın onlarla bərabər getmək istəməyəcəyini ağıllarına gətirməyərək söz arasında işarə vurdular ki, Klayd üçün orada da iş tapmaq mümkündür. Klayd isə yavaş-yavaş araya söz saldı ki, burada qalsa, onun üçün daha yaxşı olardı. O Kanzas-Siti şəhərini sevir. Yerini dəyişdirməyinin nə mənası vardır? İndi onun burada işi vardır və çox ola bilsin ki, sonra daha yaxşı bir iş tapa biləcəkdir. Lakin ata-anası Estanın taleyini düşünərək bu məsələyə çox şübhə ilə baxırdılar. Klaydın bu qədər gənc ikən müstəqil bir həyata başlamaq cəhdindən nə çıxa bilər? Kiminlə yaşayacaqdır? Həyatda nə kimi təsirlərə məruz qalacaqdır, onu ata-anasının getdiyi doğru və salamat yola salmaq üçün kim ona xeyirxah məsləhət verəcək, kim ona kömək edəcəkdir? Bütün bunlar haqqında düşünmək lazım idi.

Klayd çox bərk qorxuya düşmüşdü. Denver şəhərinə köçmələri artıq labüd görünür və günü-gündən yaxınlaşırdı, üstəlik elə bu vaxt, mister Ziberlinq gözəl cinsə qarşı göstərdiyi həddindən artıq iltifat üzündən işdən çıxarılmışdı, indi aptek mağazasında onun yerinə arıq, qaşqabaqlı və görünür, Klaydı öz yanında köməkçi görmək istəməyən, yeni baş satıcı təyin olunmuşdu. Buna görə də Klayd iş yerindən çıxıb getməyi qərara almışdı, lakin o bu fikrini dərhal yerinə yetirmək istəmirdi: müxtəlif tapşırıqlar alıb şəhərdə o yan-bu yana qaçarkən o, özünə başqa bir iş yeri tapmaq ümidində idi. Bu axtarışlar zamanı bir dəfə onun ağlına belə bir fikir gəldi ki, şəhərin baş otelinin nəzdindəki böyük aptek mağazasının soyuq su satan xidmətçisinə müraciət etsin, on iki mərtəbədən ibarət olan bu otel isə cah-calallı bir bina idi və Klaydın nəzərində zinətin və cah-calalın zirvəsi kimi təcəssüm edirdi. Otelin pəncərələri həmişə qalın pərdələrlə örtülü olardı, əsas girəcək qapısı (Klayd bu tərəfdən keçməyə heç vaxt cəsarət etmirdi) şüşə və dəmirdən ibarət qəribə bir bina idi, bu qapı arxasında isə palma ağacları düzülmüş mərmər dəhliz başlanırdı. Klayd tez-tez bu otelin yanından ötüb keçir və bir uşaq marağı ilə otelin daxilindəki həyat haqqında düşünürdü. Otelin qapısı qabağında həmişə çoxlu taksi maşınları və xüsusi avtomobillər dayanmış olardı.

Həmin gün bir tədbir görmək, bir iş tapmaq arzusu ilə çırpınan Klayd qapıları Ondördüncü və Baltimorstrit küçələrinə açılan otel binasının tinindəki aptek mağazasına girdi. Qapı yanında kiçik şüşə budkada oturmuş kassir qızı görərək Klayd ondan soda suyu satanın kim olduğunu soruşdu.

Klaydın ürkək, fağır hərəkətləri, sanki yalvaran dərin, ifadəli gözləri ilə maraqlanaraq kassir qız, onun iş axtardığını duyub dedi:

– Odur, mister Sikor özü mağazanın müdiridir.

Kassir qız başı ilə işarə edərək şüşə sərginin yuxarı qapağı üzərində yeni tualet şeylərini düzən alçaqboy, otuz beş yaşlı, qara geyimli bir adamı göstərdi. Klayd ona yaxınlaşdı və həyatda bir şeyə nail olmaq istərkən nə cür hərəkət etmək lazım gəldiyini hələ yaxşı bilməsə də, müraciət edəcəyi adamın başı qarışıq olduğunu görərək dayanıb durdu, ayaqlarını götürüb qoyaraq gözləməyə başladı. Nəhayət, müdir kiminsə arxada dayandığını hiss edib geri döndü:

– Nə olub? Nə istəyirsiniz? – deyə o Klayddan soruşdu.

– Xahiş edirəm deyəsiniz, soda suyu satmaq üçün sizə köməkçi lazımdırmı?

Klayd ona elə baxırdı ki, gözləri açıq-aydın olaraq belə deyirdi: “Əgər sizdə yer varsa, mən çox istərdim ki, məni işə qəbul edəsiniz. Mənim buna çox ehtiyacım vardır”.

– Yox, yox, yox, – deyə müdir cavab verdi. Möhkəm bədənli bu sarışın adam, görünür, təbiət etibarilə əsəbi və yovuşmaz idi. O, üzünü kənara çevirmək istəyirdi, lakin Klaydın üzündən onun nə qədər məyus olduğunu görüb soruşdu:

– Siz belə bir yerdə işləmisinizmi?

Ətrafındakı cah-calala heyran qalmış Klayd:

– Yox, ser, belə gözəl bir mağazada işləməmişəm, – deyə cavab verdi. Mən indi yeddinci küçə ilə Bruklin Strit küçələri tinindəki mağazada, mister Klinklin yanında işləyirəm, lakin ora heç də sizin mağazaya tay ola bilməz, ona görə mən daha yaxşı bir yer tapmaq istəyirəm.

Mağazanın üstünlüyünə aid belə məsum bir tərifdən sonra iftixar hissi duyan müdir:

– Hım, – deyə səsləndi, – nə eybi var, bu, tamamilə haqlı bir arzudur. Ancaq indi bu saat mən sizə heç bir şey təklif edə bilmərəm. Biz xidmətçilərimizi tez-tez dəyişdirmirik. Amma əgər siz buyuruq şagirdi vəzifəsinə daxil olmaq istəsəniz, mən sizə harada özünüzə iş tapa biləcəyinzi deyə bilərəm. Burada, oteldə işə qəbul etmək üçün oğlan uşağı axtarırlar. Oteldə bu işləri idarə edən müdir mənə demişdi ki, ona bir nəfər oğlan lazımdır. Məncə, bu, su satana kömək etməkdən heç də pis bir iş deyil.

Sonra o, Klaydın üzünün necə işıqlandığını görərək əlavə etdi:

– Ancaq onlara deməyin ki, sizi mən göndərmişəm, çünki mən sizi tanımıram. Orada pilləkənin altında mister Skuayrsı tapıb özünüz nə lazımsa danışın.

Klayd Qrin-Devidson oteli kimi mötəbər bir müəssisədə iş tapa biləcəyini xəyalından keçirdikdə gözləri həyəcandan titrədi, sonra o, müdirə, yəni ona məsləhət verən xeyirxah adama təşəkkür etdi və mağazanın içərisindən otelin dəhlizinə gedən mərmər divarların keçid yoluna tərəf yönəldi. Keçid yolundan çıxdıqdan sonra otelin dəhlizinə girdi. O heç vaxt belə bir şey görməmişdi: kasıblığı, qorxaqlığı bu vaxta qədər, heç olmasa, uzaqdan da olsa, bu aləmə ötəri bir nəzər salmasına mane olmuşdu. Hər tərəfdə nə qədər israfçı, bədxərc bir zinət, cah-calal var idi! Ayaqları altındakı döşəmə şahmat taxtası kimi qara və ağ mərmər kvadratlardan ibarət idi, başı üzərindəki tavan tuncla və qızıl suyu çəkilmiş naxışlarla bəzənmişdi. Döşəmə kimi hamar və ayna kimi cilalı qara mərmər sütunlar meşəsi, tavana dirənmişdi. Sütunlar sırası üç ayrı-ayrı giriş yollarına – sağa, sola və Dalrimpl-avenü küçəsinə çıxan mərkəzi qapıya doğru uzanır və bu mərmər sütunlar arasında lampalar, heykəllər, palma ağacları, kreslolar, böyük və kiçik divarlar, xalılar, saysız-hesabsız ən müxtəlif şeylər görünürdü. Bir sözlə, bu otel kimi vəzifəsi “kütlələrə incə zövq aşılamaqdan” ibarət olan bağlı bir zinətin mücəssəməsi idi.

Doğrudan da, Amerikanın gündən-günə tərəqqi edən bir ticarət şəhərindəki mötəbər bir otel üçün buradakı şeylər həddindən artıq zinətli idi. Otelin nömrələri hollu2 və dəhlizi, həmçinin restoranı həddindən artıq zəngin döşənmişdi – burada nə alicənab bir sadəlik, nə zəriflik, nə də rahatlığı təmin edən məqsədəuyğunluq vardı.

Klayd ayaq saxlayaraq çaşqın bir halda dəhlizi və buraya yığışmış adamları gözdən keçirirdi, burada qadınlar və uşaqlar da vardı, lakin kişilər daha çoxdu, onlar o yan-bu yana gəzinir, yaxud bir-birinin yanında dayanıb söhbət edir, təkbaşına və ya dəstə-dəstə kreslolarda oturub dinclərini alırdılar. Ağır pərdələr arxasında, divar içərisindəki zinətli taxçavari köşklərdə üzərində dəstə-dəstə qəzetlər olan yazı stolları qoyulmuşdu, dəhlizin bir başında poçt şöbəsi, o biri başında isə qalanteriya şeyləri satan köşk və çiçək dükanı vardı və buraya da çoxlu adam yığışmışdı. Bu zaman şəhərdə dantistlərin qurultayı getdiyi üçün onlardan bir çoxları öz arvadları və uşaqları ilə bu gün “Qrin-Devidson” otelində toplaşmışdılar. Lakin bu barədə heç bir şey bilməyən və “qurultayın” nə demək olduğunu təsəvvürünə gətirməyən Klayda elə gəlirdi ki, bütün bu gördükləri otelin hərgünkü həyatının ali bir mənzərəsidir.

Klayd ürkək bir heyrətlə ətrafındakılara baxırdı. Birdən Skuayrsı xatırlayaraq “pilləkən altındakı” kontora onu axtarmağa getdi. Pilləkən Klaydın sağ tərəfində idi, iki qanaddan ibarət olan, qara-ağ rəngli bu böyük mərmər pilləkən geniş və hamar bir qövslə ikinci mərtəbəyə qalxırdı. Yəqin ki, pilləkənin bu böyük qanadı altında otelin kontoru yerləşirdi. Çünki oraya xeyli xidmətçi toplaşmışdı. Lakin pilləkənin yaxındakı qanadı arxasında aptekçi mağazasına keçid yolu olan divar yanında uca bir kiçik kontor vardı və bu kontor dalında, təqribən Klayd yaşda gənc bir oğlan dayanmışdı, onun əynində düymələri işıldayan qəhvəyi rəngli iş kostyumu, başında isə həb qutuları kimi dəyirmi və kiçik bir şapka vardı. Oğlan şapkasını yanakı qoyub özünü şax tutmuşdu. O, əlindəki karandaşla qabağındakı dəftərə nə isə yazırdı. Burada həmin oğlanın geyindiyi paltarda və onun yanında başqa oğlan da vardı: bəziləri kontor yanındakı uzun skamyada oturmuşdular, digərləri isə ildırım sürəti ilə o yan-bu yana qaçırdılar, bəzən onlar qaynayıb kontorka arxasındakı oğlanın yanına gəlir ona müxtəlif qəbzlər, açarlar, hesablar verir, sonra yenidən skamyada oturub başqa bir tapşırıq alanadək gözləyirdilər. Görünür, onlar burada çox oturub gözləməli olmurdular, demək olar ki, aramsız olaraq telefon zəng çalır və kontorka arxasındakı oğlan tapşırığa qulaq asıb qabağındakı kiçik zəngi çalır və yaxud “növbə kimindir?” – deyə səslənir, skamyanın lap kənarında oturmuş oğlan uşağı isə cəld ayağa qalxıb cavab verirdi. Çağırılan uşaqlar dərhal pilləkənlərdən, yaxud giriş qapılarından birinə və ya liftlərə doğru yüyürür, bir az sonra isə, demək olar ki, həmişə otelə gələnlərin və gedənlərin arxasınca əllərində onların bağlamaları, çamadanları, paltoları, qolf ağacları qayıdıb gəlirdilər. O biri oğlanlar isə dəhlizin içərilərində gözdən yox olur, sonra podnos üstündə butulkalarla və yaxud yuxarıdakı nömrələrə apardıqları müxtəlif bağlamalarla qayıdırdılar. Əgər Klaydın bəxti gətirsə idi və onu bu oteldə işə götürsəydilər, yəqin ki, o da belə işlə məşğul olacaqdı.

Oğlanlar elə zirək tərpənirdilər ki, burada həyat elə canlı, elə gümrah idi ki, o bütün varlığı ilə tez xoşbəxt olmaq, tez bura işə girmək istədi. Lakin buna nail ola biləcəkdimi? Hələ bu mister Skuayrs, görəsən, haradadır? Klayd kontorka arxasında oturmuş cavan oğlana yaxınlaşıb soruşdu:

– Mən mister Skuayrsı görmək istəyirəm, onun harda olduğunu mənə deyə bilərsinizmi?

– Odur, özü gəlir, – deyə oğlan cavab verdi və canlı, qonur gözlərilə diqqətlə Klayda baxdı.

Klayd göstərilən tərəfə baxaraq şıq geyimli, şübhəsiz ki, dünyagörmüş, iyirmi doqquz, yaxud otuz yaşlarında bir adamın sürətlə onlara doğru yaxınlaşdığını gördü. Bu adam o qədər qamətli, enerjili idi və o qədər gözəl geyinmişdi ki, onun elə sərt üzü vardı ki, Klayd nəinki sıxıldığını, hətta ehtiramla qarışıq bir qorxu duyduğunu hiss etdi, görünür, bu çox hiyləgər və məkrli bir adam idi, onun uzun, nazik burnu, nazik dodaqları, iti baxışları və ensiz çənəsi vardı…

O, kontorka yanında dayanıb öz köməkçisindən so-ruşdu:

– İndicə buradan ucaboylu, ağsaçlı, şotland pledli bir adam çıxdı, onu gördünüzmü?

Köməkçi başını tərpədib onu gördüyünü təsdiq etdi.

– Hə, mənə dedilər ki, bu adam lord Landreyldir. O, bu gün səhər on dörd sandıq və dörd nəfər xidmətçisi ilə getmişdir. Siz bir işə baxın ha! Şotlandlarda böyük adamdır. Amma özgə adla səyahət edir. Bizim otel dəftərində familiyasını mister Blant yazdırmışdır. İngilislər belədirlər, görürsünüzmü? Kişilər yaşamağı bacarırlar da!…

– Düzdür, lap düzdür, Mister Skuayrs, – deyə kontor arxasındakı gəncə ehtiramla cavab verdi.

Yalnız indi mister Skuayrs dönüb gözucu Klayda baxdı, lakin ona heç bir əhəmiyyət vermədi. Kontor arxasında oturmuş oğlan Klaydın dadına yetişdi:

– Bu oğlan sizinlə danışmaq istəyir, – dedi.

– Siz məni görmək istəyirdiniz? – deyə mister Skuayrs Klayda tərəf döndü, iti və sınayıcı baxışla bir onu gözdən keçirdi və Klaydın ucuz parçadan tikilmiş kostyumu belə nəzərindən qaçmadı.

Bu adam Klaydın o qədər də xoşuna gəlmədi, lakin Klayd ona mümkün qədər yaxşı təsir bağışlamağa çalışdı:

– Aptek mağazasındakı centlmen mənə dedi ki, – deyə Klayd sözə başladı, – mənə məsləhət gördü ki, sizə müraciət edim… bəlkə, mənim bəxtimdən sizə şey daşıyan xidmətçi lazımdır. Mən yeddinci küçə ilə Bruklin-Strit küçələri tinindəki Klinkilin aptek mağazasında köməkçi vəzifəsində işləyirəm… O centlmen mənə dedi ki, siz mənə iş düzəldə bilərsiniz… O güman etdi ki… bəlkə, sizdə boş yer var…

Klayd o qədər tutulmuşdu ki, bu adamın soyuq sınayıcı baxışlarından özünü o qədər itirmişdi ki, nəfəsini güclə dərirdi, boğazı tamamilə qurumuşdu.

Həyatında ilk dəfə olaraq düşündü ki, əgər müvəffəqiyyət əldə etmək istəyirsinizsə, insanların rəğbətini qazanmalı, onların xoşuna gələn bir iş görməli və ya bir söz deməlisən. Klayd özünü zorlayaraq mister Skuayrsa baxıb yaltaqcasına gülümsündü və əlavə etdi:

– Siz mənə imkan versəniz, mən var qüvvəmlə çalışaram.

Klaydın qarşısında dayanmış adam cavab olaraq yalnız soyuq bir ifadə ilə ona baxdı, lakin o özü hiyləgər olduğu və məqsədinə müxtəlif dolanbac yollarla nail olmağı bacardığı üçün zirək, fəndgir və başqaları ilə dil tapmağı bacaran hər bir adamdan xoşu gəlirdi. Buna görə də mister Skuayrs başını bulayıb rədd cavabı vermək niyyətindən vaz keçərək dedi:

– Axı sizin bu işdə heç bir təcrübəniz yoxdur.

– Elədir, yoxdur, ser, ancaq mən tez öyrənərəm, can-başla çalışaram.

Xidmətçi uşaqların rəisi olan mister Skuayrs şübhə ilə gicgahını qaşıyaraq:

– Yaxşı, fikirləşərəm, – deyə cavab verdi, – bu saat vaxtım yoxdur. Yekşənbə günü axşam gəlin. Onda danışarıq.

Mister Skuayrs dabanları üzərində geri dönüb uzaqlaşdı.

Klayd tək qaldı və bütün bunların hələ nə demək olduğunu dərk edə bilməyərək çaşqın bir halda ətrafına baxmağa başladı. Doğrudanmı, ona yekşənbə günü buraya gəlməyi tapşırılmışdır? Doğrudanmı, bu mümkün olan bir şeydir? Klayd dönüb birnəfəsə özünü küçəyə saldı, onun bütün bədəni əsirdi. Bax, müvəffəqiyyət buna deyərlər! O, Kanzas-Siti şəhərinin yaxşı bir otelindən iş istəmişdi və ona yekşənbə günü gəlməsini tapşırmışdılar. İşə bax! Görəsən, bu nə deməkdir? Doğrudanmı, onu bu cah-calallı aləmə, özü də bu tezliklə buraxacaqlar! Doğrudanmı, onun arzusu həqiqətə çevrilmişdir?

V FƏSİL

Bu hadisədən Klaydın fantaziyasının necə təlatümə gəldiyini, belə böyük bir müəssisədə işləməklə əlaqədar olaraq onun öz gələcəyinə aid nə cür xəyallara düşdüyünü yalnız güman etmək olar, onun zinət və cah-calal haqqında təsəvvürü, əsasən, çox şişirdilmiş, səhv və mənasız idi, bunlar sadəcə bu vaxta qədər yalnız uydurmalarla qidalanan, daima boğulan, təmin edilməmiş bir xəyalın tutqun sayıqlamaları və məhsulu idi.

Klayd aptek mağazasındakı işinə qayıtdı. İşdən sonra evə qayıdır, yeyir, içir və yatırdı, lakin bütün bu günlər ərzində – cümə, şənbə, bazar və bazar ertəsi gününün axşamına qədər haradasa fəzalarda, buludlar içərisində cövlan edirdi. Nə etdiyini bəzən özü də bilmirdi, müdiri bir neçə dəfə ona “oyanmağı, özünə gəlməyi” təklif etmişdi. İşdən sonra o birbaşa evə gəlmək əvəzinə yenə də oraya – On dördüncü küçə ilə Baltimor-Strit küçələrindəki o cah-calallı otelə tamaşa etməyə gedirdi. Orada, hətta gecə yarısı belə üç küçəyə açılan baş qapılardan hər birinin əyinlərində qəhvəyi rəngli, çoxlu düymələri olan uzun iş paltarı, başlarında isə böyük günlüklü uca qəhvəyi furajkalar olan qapıçılar dayanırdılar. İçəridə, incə ipək pərdələr arxasında isə aşağı mərtəbədə yerləşən böyük zaldakı restoranın və barın işıqları hələ də yanırdı. Küçədə, baş qapıların qabağında bir çox taksi maşınları və xüsusi maşınlar dayanmış olurdu və həmişə haradansa musiqi səsləri gəlirdi.

Klayd bütün bunları cümə günü axşam, şənbə günü səhər və bazar günü müşahidə etdi, bazar ertəsi isə mister Skuayrsın təyin etdiyi kimi günün ikinci yarısında otelə gəldi. Mister Skuayrs bu dəfə Klaydı çox soyuq qarşıladı, çünki bu müddət ərzində o, Klaydı tamamilə yadından çıxarmışdı. Lakin ona, doğrudan da, bir nəfər xidmətçi lazım idi və Klayd, deyəsən, bu vəzifəyə yaraya bilərdi, buna görə Skuayrs Klaydı pilləkən altındakı öz kiçik kontoruna apardı və orada əzəmətli bir görkəm və tam bir laqeydliklə Klaydın ata-anası, harada yaşadığı, əvvəllər harada və nə ilə məşğul olduğu, atasının nə yolla pul qazandığı haqqında soruşmağa başladı, – axırıncı sual Klaydı xüsusilə çaşdırdı. O, məğrur idi, buna görə də ata-anasının ruhani bir təşkilata rəhbərlik edərək küçələrdə dini təbliğatla məşğul olduqlarını etiraf etməkdən utanırdı. Klayd cavab verdi ki, (axı bəzən, doğrudan da, belə olurdu) atası paltaryuyan firmasında satıcı agent vəzifəsində işləyir, bazar günləri isə dini vəzlə məşğul olur, bu cəhət oteldə işləyən oğlanların rəisinə xoş gəldi, çünki ona tabe olan oğlanlar dinc və ismətli həyata o qədər də meyil göstərmirdilər. Klayd indiki xidmət yerindən tövsiyə məktubu gətirə bilərmi? Bəli, gətirə bilər.

Mister Skuayrs oteldə çox ciddi və sərt bir qayda-qanunun olduğunu izah etməyə başladı. Bir çox oğlan uşaqları otelin həyatını müşahidə edərək və vərdiş etmədikləri həddindən artıq bir zinətlə təmasa gələrək, (əlbəttə, mister Skuayrs bütün bunları başqa sözlərlə ifadə edirdi) başlarını itirirlər və cızıqlarından çıxırlar. Buna görə də o, bir qədər artıq pul qazandıqdan sonra özlərini pis aparan uşaqları daima işdən çıxarmağa məcbur olur. Ona zirək, ədəbli, nəzakətli və bacarıqlı uşaqlar lazımdır. Bu uşaqlar, təmiz geyinməli, səliqəli və təmizkar olmalıdırlar, hər gün vaxtında işə gəlməli, bir dəqiqə də olsun gecikməməli və üst-başlarına fikir verməlidirlər. Yox, əgər birisi bir az pul qazandıqdan sonra özündən böyüyə qaba cavab vermək, sonra isə yorğun və əzgin bir halda işə gəlmək fikrindədirsə, qoy əvvəldən bilsin ki, işdən qovulacaqdır. Belələri dərhal bayıra atılacaqdır. O, yəni Skuayrs, heç bir axmaqlığa yol verən adam deyil. Buna görə indidən bunu birdəfəlik möhkəm yadda saxlamaq lazımdır.

O danışdıqca Klayd razılaşdığını bildirmək üçün başı ilə onun sözlərini təsdiq edir, hərdənbir “bəli, ser”, yaxud “yox, ser” – deyə sözə qarışırdı. Nəhayət, o, mister Skuayrsı əmin etdi ki, belə bir tərbiyəsiz hərəkətə yol verməyəcəkdir, çünki xasiyyət etibarilə mister Skuayrsın danışdığı hərəkətlərə uyan adam deyildir.

Sonra mister Skuayrs xidmətçi oğlanların ayda on beş dollar aldıqlarını, həmçinin yeməklərinin də təyin edildiyini söylədi. (Otelin alt qatında xidmətçilər üçün xüsusi yeməkxana var idi.) Lakin (bu xəbər Klayd üçün ən qəribə bir kəşf idi) oteldə yaşayan hər bir qonaq oğlanların hər xidməti üçün, yəni bu oğlanlar nömrəyə çamadan, yaxud bir qab su gətirdikdə və yaxud başqa bir tapşırığı yerinə yetirdikdə onlara çay pulu verir. Bəzən hətta çox səxavətli tərpənib on-on beş və iyirmi sent, yaxud daha artıq pul verən qonaqlar da olur. Bu çay pulları isə orta hesabla gündə dörd dollardan altı dollara qədər, hər halda bundan az yox, bəzən isə bundan daha çox məbləğ təşkil edir. Klayd: “bu lap çox dövlətdir ki!” – deyə düşündü. O, belə böyük bir məbləği eşidərkən ürəyi yerindən oynadı, nəfəsi daraldı. Gündə dörd dollardan altı dollara qədər qazanc – həftədə iyirmi səkkiz və hətta qırx iki dollara qədər bir məbləğ təşkil edirdi. Klayd buna zorla inanırdı. Bu hələ ayda on beş dollar maaşdan və yeməkdən əlavə bir qazanc idi. Bundan əlavə mister Skuayrs izah etdi ki, uşaqların oteldə geydikləri qəşəng iş paltarları üçün də onların maaşından heç bir şey tutulmur. Lakin bu paltarı yalnız iş zamanı geyinmək olar. Sonra mister Skuayrs başa saldı ki, bazar ertəsi, çərşənbə, cümə və bazar günləri Klayd səhər saat altıdan günortayadək, sonra isə altı saatlıq fasilədən sonra, axşam saat altıdan gecə yarısınadək işləməlidir, tək günü, cümə axşamı və şənbə günləri isə o, yalnız günortadan axşam saat altıyadək məşğul olacaqdır, beləliklə, gah günün ikinci yarısında, gah da axşamlar boş olacaqdır, lakin səhər yeməyinə və nahara o yalnız boş saatlarında vaxt sərf edə bilər. Nəhayət, o, başqa oğlanlarla bərabər, vaxtlı-vaxtında və öz iş paltarında mister Skuayrsın hər növbə işə başlamamışdan düz on dəqiqə əvvəl keçirdiyi yoxlamaya gəlməlidir.

Mister Skuayrs başqa şeylər haqqında da düşünürdü, lakin bu barədə bir söz demədi. O, bilirdi ki, bu sözü onun əvəzindən Klayda deyən adamlar tapılacaqdır. Bunun əvəzinə o, hələ nə isə başa salaraq sözünə davam edirdi. Birdən onun sözlərini sanki bir yuxu içərisində dinləyən Klayda müraciət edərək gözlənilmədən dedi:

– Mənə elə gəlir ki, siz elə indi işə başlaya bilərsiniz.

– Bəli, ser! Əlbəttə, ser! – deyə Klayd cavab verdi

– Çox gözəl!

Mister Skuayrs ayağa qalxıb qapını açdı.

– Oskar! – deyə o skamyada oturmuş uşaqlardan birini çağırdı və dərhal təmiz iş paltarı geyinmiş, ucaboy, enlikürəkli bir gənc tələsik ona yaxınlaşdı – bu cavan oğlanı – sizin adınız Klayd Qrifitsdir eləmi? – on ikinci mərtəbəyə, paltar saxlanan yerə aparın, qoy Cekobs bunun üçün iş kostyumu seçsin. Əgər əyninə yaxşı olanı tapılmasa, sabaha qədər əyri-əksiyini tikib düzəltsin. Ancaq mənə elə gəlir ki, Silsbinin geydiyi bunun əyninə yaxşı gələr.

Sonra kontorka arxasında Klayda baxan köməkçisinə müraciət edərək mister Skuayrs onu başa saldı:

– Sınamaq üçün qəbul edirəm. Qoy uşaqlardan biri bu gün axşam, yaxud işə başladığı zaman bunu özü ilə oraya-buraya aparıb öyrətsin. Di gedin, Oskar, – deyə o, Klaydı tapşırdığı gəncə müraciət etdi, – bu hələ xamdır, ancaq mənə elə gəlir ki, işin öhdəsindən gələcəkdir, –mister Skuayrs, Klayd ilə Oskar liftlərdən birinə doğru gedəndə yenə köməkçisinə müraciət edərək əlavə etdi. Sonra o, Klaydın adını maaş vərəqələrinə qeyd etdirmək üçün özü də çıxıb getdi.

Klayd isə öz yeni hamisinin arxasınca düşüb gedir, bu vaxta qədər eşitmədiyi bir çox şeylər haqqında onun verdiyi məlumata qulaq asırdı.

Belə bir yerdə işləməyibsənsə, heç qorxub eləmə, – deyə gənc sözünə başladı. Klayd sonralar öyrənmişdi ki, bu gənc Nyu-Cersi ştatındakı Cersi şəhərindən gəlmişdir, adı Xeqlanddır və danışığındakı bu ekzotik şivə, geniş əlqol atması doğma şəhərinin yadigarıdır. Xeqland ucaboylu, möhkəm bədənli, qızartdaq saçlı, üzü çilli, mehriban və çox danışan bir gənc idi.

Onlar qapısında “xidmətçilər üçün” sözləri yazılmış liftə daxil oldular.

– Burada heç bir çətin şey yoxdur, – deyə Klaydın yoldaşı ona izahat verirdi, – mən birinci kərəm, yəni üç il əvvəl Buffaloda işləməyə başlayanda heç nədən başım çıxmırdı. Sən ancaq fikir ver gör, başqaları nə edirlər, nə cür edirlər, başa düşdünmü?

Yoldaşından daha artıq təhsil görmüş olan Klayd bu gəncin sözləri doğru tələffüz etmədiyini və küçə şivəsinə mənsub sözlər işlətdiyini fikrində təsvib etmirdi, lakin bu dəqiqə Klayd ən kiçik bir diqqət üçün özünü o qədər minnətdar hiss edirdi ki, ona nəsihət verən Xeqlanda, səmimi və mehriban olduğuna görə hər bir şeyini əfv edə bilərdi.

– Əvvəlcə bax gör kim nə edir, nə cür edir, onda özün də tez öyrənərsən. Məsələn, bir də görürsən zəng çalınır, əgər sən skamyanın lap qırağında oturmusansa, demək, sənin növbəndir, cəld ayağa durub yüyür. Onlar burada cəld tərpənən xidmətçiləri sevirlər, başa düşdünmü? Bir adam qapıdan içəri girir, ya əlində çamadan liftdən çıxırsa və sən skamyada qıraqda oturmusansa, o saat – rəis səni çağırdı-çağırmadı cumub çamadanı götür. Daha durub gözləmə ki, o səni çağırsın, çünki bəzən onun başı qarışıq olur, kimin gəlib-getdiyini görmür. Burada gərək sən özün ağzını aralayıb maymaq kimi oturmayasan. Yüyürüb çamadandan yapışmasan, çay pulu da almayacaqsan, başa düşdünmü? Kimin əlində çamadan, ya başqa bir bağlama gördün, aydın məsələdir ki, ona kömək etməlisən, əlbəttə, öz yükünü özü aparmaq istəməsə. Həmişə kontorun yanında olmalısan, çünki otelə girən adam, əvvəl-əvvəl adını yazdırıb nömrə istəyir, – deyə, onlar liftlə qalxarkən Oskar ara vermədən danışırdı, – sonra klerk sənə açar verəcəkdir, orda baqajı yığışdırıb düz birbaş nömrəyə aparmalısan. Sonra əgər nömrədə vanna otağı və ya ayaq yolu varsa, hər yerdə işıqları yandırmalısan ki, içəri girən adam nəyin harada olduğunu görsün. Başa düşdünmü? Sonra əgər gündüzdürsə, pəncərələrin pərdələrini qaldırmalısan, yox əgər axşamdırsa, pərdələri salmalısan, sonra göz yetirməlisən ki, nömrədə üz dəsmalı vardırmı, əgər yoxsa dəhlizdəki xidmətçi arvada xəbər verməlisən, bundan sonra əgər sənə çaypulu verməsələr, tez çıxıb getməlisən. Ancaq içəridə bir az ləngisən yaxşıdır, bir az qapının açarını əlləşdir, pəncərənin yuxarı gözünü yoxla, xülasə, bir az içəridə hərlənib-dolan, başa düşdünmü? Onda əgər nömrə tutan arif adamdırsa, sənə çaypulu verəcək, yox, əgər verməsə, demək, gözünü çəkib getməlisən. Ancaq nə badə narazı qaldığını bildirəsən, başa düşdünmü? Sonra əgər buzlu su və ya başqa bir şey istəməsələr, işini bitmiş hesab elə. Tez aşağıya düşüb skamyada otur, öz növbəni gözlə. Bu çox da çətin bir iş deyil. Ancaq əl-ayaqdan bir az zirək olmalısan, kimin girib-çıxdığını gözündən qaçırmamalısan. Vəssalam! Elə ki iş paltarı alıb işə başladın, hər növbədən sonra çıxıb evə getməzdən əvvəl öz rəisinə bir dollar pul verməyi yadından çıxarma, başa düşdünmü? Bir gündə iki növbə işləsən, onda iki dollar verməlisən. Burada qayda belədir. Biz hamımız belə edirik, əgər sən də burada qalmaq istəyirsənsə, belə etməlisən. Vəssalam, hamısını dedim. Qalanı sənin öz işindir.

Бесплатный фрагмент закончился.

218,97 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
240 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают