Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Amerika faciəsi », страница 2

Шрифт:

Bu zaman artıq onun varlığında mənsub olduğu cinsin səsi baş qaldırdı: qızların gözəlliyi onu cəzb edir və həyəcanlandırırdı və o, qızların xoşuna gəlib-gəlmədiyini bilmək istəyirdi. Təbiidir ki, bununla əlaqədar olaraq o, öz zahiri ilə, kostyumu ilə az məşğul olmurdu: Klayd özünü və öz görkəmini digər gənclər ilə müqayisə edirdi. O, pis geyindiyini, kifayət qədər qəşəng və gözəl olmadığını düşünüb iztirab çəkirdi. Anadan kasıb doğulmaq, heç bir yandan kömək gözləməmək və özündə də özünə kömək üçün heç bir iqtidar görməmək nə qədər amansız bir bədbəxtlikdir!

Klayd qabağına gələn bütün aynalarda özünə tamaşa edərək belə bir əqidəyə gəldi ki, heç də eybəcər adam deyildir: onun yaxşı quruluşu olan burnu, uca ağ alnı, işıldayan dalğalı qara saçları və bəzən kədərli görünən qara gözləri vardı. Lakin ailəsinin bu cür miskin vəziyyətdə olması, ata-anasının seçdiyi peşə və əlaqələri ucbatından heç vaxt həqiqi dostları olmadığı fikri onun ürəyini getdikcə daha artıq üzür və onda bir məyusluq yaradırdı ki, bu da gələcəkdə ona heç bir yaxşı şey vəd etmirdi. Bəzən o, üsyan etmək istəyir, sonra isə birdən-birə yorulur və taqətsiz bir hala düşürdü. Ata-anası haqqında fikirlər Klaydı o qədər məşğul edirdi ki, o, öz zahiri görünüşünü yadından çıxarırdı – həqiqətdə isə o heç də pis deyildi və diqqəti cəlb edən bir gənc idi – buna görə də tamamilə başqa təbəqələrə mənsub olan qızlar özlərinin ona xoş gəlib-gəlmədiklərini, onun cəsarətli və ya qorxaq olduğunu bilməyə çalışaraq zahirən etinasız və eyni zamanda qəmzəli baxışları ilə onu süzdükləri zaman Klayd bu baxışları heç vaxt öz xeyrinə yozmurdu.

Buna baxmayaraq, o hələ özü heç bir şey qazanmadığı zamanlar belə həmişə gününü xəyal və arzular içərisində keçirirdi: ah, kaş onun da bəzi gənclər kimi yaxşı yaxalığı, nazik parçadan köynəyi, zərif ayaqqabısı, yaxşı tikilmiş kostyumu, gözəl paltosu olaydı! Ah, gözəl paltarlar, rahat və zinətli mənzillər, qol saatları, üzüklər, qızıl sancaqlar… onun ətrafında bununla lovğalanan nə qədər gənc var idi! Onunla yaşıd olan oğlanların çoxu, artıq özlərini həqiqi bir dendi kimi aparırdılar. Bəzi ata-analar onunla yaşıd olan oğullarına avtomobil alıb bağışlayırdılar. Klayd bu gənclərin Kanzas-Sitinin baş küçələrində milçək kimi o tərəf-bu tərəfə uçduqlarını görürdü. Onların yanında həmişə qəşəng qızlar da olurdu. Onun isə heç bir şeyi yox idi.

Lakin həyatda yüksəlmək üçün nə qədər çoxlu imkan var, onun ətrafında nə qədər firavan yaşayan xoşbəxt insanlar var. İndi o, nədən başlamalıdır, nəyə əl atmalıdır? Özünə nə cür yol seçməlidir? Hansı iş, hansı sənət onun irəli getməsinə, yüksəlməsinə kömək edə bilər? O cavab tapa bilmirdi. O nə edəcəyini bilmirdi. Onun ata-anası olan bu qəribə adamlar isə kifayət qədər məlumatlı və bilikli olmadıqlarından ona heç bir məsləhət verə bilmirdilər.

III FƏSİL

Bir hadisə Qrifits ailəsinə son dərcə ağır təsir göstərərək Klaydı məhz o əməli bir qərara gəlmək istədiyi zaman daha da pərişan etdi: onun bacısı Esta (Klayd ilə bacısı arasında xasiyyətcə ümumi cəhətlər az olduğuna baxmayaraq, o, bacısına son dərəcə bağlı idi) yerli teatra, qastrola gələn və ötərgi bir hiss ilə Estaya bənd olan bir aktyora qoşulub evdən qaçdı.

Demək lazımdır ki, Esta ciddi əxlaqi tərbiyə və bəzən hətta dini vəcdə qapıldığına baxmayaraq, nə istədiyini özü də bilməyən, öz hisslərinin əsiri olan zəif iradəli bir qız idi. Estanı əhatə edən mühit ona tamamilə yad mühit idi. Adamların dinə yalnız sözlə riayət edən böyük əksəriyyəti kimi Esta özü belə hiss etmədən lap uşaqlıqdan dinin bütün ehkamlarını əzbərləmiş, lakin hər gün təkrar edilən bu sözlərin mənasını bu günə qədər başa düşməmişdi. Ata-anasının öyüd-nəsihətləri, qanun və “dini ehkamlar” onu müstəqil düşünmək zərurətindən azad edirdi və digər nəzəriyyələr, digər mülahizələr, xarici və daxili təkanlar, bütün bunlarla üz-üzə gəlib toqquşana kimi Esta kifayət qədər möhkəm müdafiə altında idi. Lakin əvvəlcədən demək olardı ki, belə bir toqquşma baş verən kimi, onun öz daxili əqidəsinə əsaslanmayan və onun xasiyyətindən nəşət etməyən bu dini etiqadlar ilk zərbəyə belə davam gətirə bilməyəcəkdir. Qardaşı Klayd kimi Estanın da fikri və hissləri, dini cəfakeşlik və fədakarlıq ideyaları ilə heç uyuşa bilməyən eşq və məhəbbət, xoş və yüngül həyat ətrafında dolaşırdı. Onun bütün daxili aləmi, bütün arzuları dinin bu tələblərinə zidd idi.

Lakin Estada Klaydın təbiətinə xas olan qüvvət və müqavimət göstərmək qabiliyyəti yox idi. Esta passiv təbiətə malik bir qız idi, onu yalnız dumanlı bir sürətlə qəşəng paltarlar, şlyapalar, tuflilər, lentlər və bu qəbildən digər şeylər cəzb edir, dini etiqadlar isə ona belə şeyləri arzulamağı yasaq edirdi. Səhərlər və gündüzlər dərsdən sonra, yaxud axşamlar Esta uzun və gurultulu küçələrdən keçib gəlirdi. Qol-qola gəzən və gizli sirlərini bir-birinə söyləyən qızlar onun xoşuna gəlirdi, gənc oğlanlar da onun xoşuna gəlirdi, bu gənclərin dəcəlliyi və əyləncəli nadincliyi gənc bir məxluqun fikir və hərəkətləri altında gizlənmiş sövqi-təbiidən xəbər verir, özünə tay axtarıb tapmaq istəyən inadlı bir sövqi-təbii hissinin qüvvətini büruzə verirdi. Esta bəzən tin başında və yaxud qapı ağzında cüt-cüt dayanmış aşiqləri gördükdə və yaxud macəra axtaran birisinin ehtiraslı və sınayıcı baxışlarına rast gəldikdə, onun öz varlığında bütün gözlə görünən və cismən hiss edilən, göylərin vəd etdiyi qeyri-cismani şeylərdən tamamilə uzaq olan həyati sevinclər üçün tutqun bir həyəcan və əsəbi bir titrəyiş baş qaldırırdı.

Gənclərin baxışları isə gözə görünməyən şüalar kimi onun bütün varlığına nüfuz edirdi, çünki o, yaraşıqlı bir qız idi və gündən-günə daha da cəlbedici olurdu. Gənclərin əhvali-ruhiyyəsi onun qəlbində öz əks sədasını tapır və onun daxilində dünyadakı bütün əxlaqlı və əxlaqsız hərəkətlərin əsasını təşkil edən dəyişdirici kimyəvi reaksiyalar doğururdu.

Bir dəfə o, məktəbdən evə qayıdarkən, şıq görkəmli bir gənc onunla danışmağa başladı, sanki Esta bütün görkəmi ilə o gənci belə bir hərəkət etməyə dəvət edirdi. Estanı bu hərəkətdən saxlaya biləcək qüvvələr çox zəif idi. Çünki o, ehtiraslı olmasa da, tez güzəştə gedən bir qüvvətə malik idi. Bununla belə evdə ona ismətini qoruması üçün, təmkinli və məsum olması üçün, elə bir ciddi tərbiyə verilmişdi ki, hər halda o, indi o saat günah işləmək təhlükəsindən uzaq idi. Lakin bu birinci hücumdan sonra digər hücumlar başlandıqda Esta artıq ona göstərilən bu nəvazişləri qəbul edir və yaxud əvvəllərdə olduğu kimi tez qaçıb getmirdi, beləliklə, aldığı tərbiyənin onunla həyat sevincləri arasında yüksəltdiyi təmkinlik hasarı yavaş-yavaş uçub dağılmağa başladı. Esta yavaş-yavaş sirlərini ürəyində saxlamağa və sərgüzəştlərini ata-anasından gizlətməyə başladı.

Bəzən elə olurdu ki, gənclər onun etirazlarına qulaq asmayaraq Estanı evlərinə qədər ötürür, onunla söhbətə girişirdilər. Bu gənclər onları özündən rədd etmək üçün əvvəllər Estaya kömək edən həddindən artıq qorxaqlığa, ürkəkliyə qələbə çaldılar. Esta yeni görüşlər arzulamağa, gözəl, qayğısız, sevincli bir məhəbbətin həsrətini çəkməyə başladı.

Beləliklə, bu arzular onun üzərində yavaş-yavaş, lakin qarşısıalınmaz bir şiddətlə, getdikcə dərindən kök salmağa başladı və axırda da bu aktyor meydana çıxdı, bu aktyor isə şöhrət düşkünü, yaraşıqlı və qaba kişilərdən biri idi ki, belələri yalnız yaxşı geyinməyi bacarır, zahirən gözləri qamaşdırır, lakin heç bir əxlaqa, zövqə, nəzakətə heç olmasa, həqiqi bir şəfqət hissinə belə malik olmurlar, lakin bu aktyor bir kişi kimi cazibədar idi və buna görə də bir neçə görüşdən sonra bircə həftənin içərisində Estanı elə sərməst etdi ki, qız tamamilə aktyorun iradəsinə tabe oldu. Aktyor isə əslində, Estaya qarşı, demək olar ki, laqeyd idi. Bu bayağı adam üçün Esta sadəcə bir neçə incə sözlə yoldan çıxarılması mümkün olan bir çox yaraşıqlı, hissiyyatsız, təcrübəsiz, yelbeyin qızlardan biri idi, bunun üçün yalnız aşiq donuna girmək, yağlı dil tökmək, evləndikdən sonra xoşbəxt, firavan bir həyat sürəcəklərini və müxtəlif yerlərə səyahət edəcəklərini vəd etmək kifayət idi.

Lakin eyni sözləri həmişə sadiq qalan həqiqi bir aşiq də deyə bilərdi. Aktyor isə Estanı inandırmağa çalışdı ki, o ancaq hər şeyi buraxıb onunla getməli və yubanmadan dərhal onun arvadı olmalıdır. Aktyor qızı dilə tuturdu: bir-biri üçün yaradılmış iki adam bir-birinə rast gələrkən işi uzatmağın nə mənası var? Burada, bu şəhərdə onların evlənmələri üçün maneçilik törədən əngəllər vardır – o, bu maneçiliklərin məhz nədən ibarət olduğunu izah edə bilmir, bu məsələ onun dostları ilə əlaqədardır; lakin Sent-Luisdə onun keşiş bir dostu vardır – bu keşiş onların kəbinini kəsə bilər. Estanın hələ heç vaxt görmədiyi yeni, qəşəng paltarlara sahib olacaq, xoş macəralar və məhəbbət görəcəkdir. Esta onunla bərabər səyahətə çıxacaq və bu böyük dünyanı gəzəcəkdir. Estanın heç bir qayğı və nigarançılığı olmayacaq, o yalnız öz ərinin qayğısını çəkəcəkdir… Esta üçün bütün bunlar həqiqi bir ehtirasın sözlə ifadəsi idi və bu sözlər ona bir həqiqət kimi görünürdü, aktyor üçün isə bu sözlər qızları yoldan çıxarmaq üçün işlətdiyi köhnə və əlverişli bir üsul idi ki, o əvvəllər də bundan müvəffəqiyyətlə istifadə etmişdi.

Buna görə də gah səhər, gah gündüz, gah da axşamlar fürsət tapıb görüşdükləri bu bir həftə ərzində çox da böyük məharət tələb etməyən bu cadugərlik müvəffəqiyyətlə başa çatdı.

Bir dəfə aprel ayında, şənbə günü, Klayd axşam evə çox gec qayıtdı (o hər şənbə günü keçirilən dua yığıncağında öz vəzifəsindən canını qurtarmaq üçün bu gün xeyli gəzmişdi) və ata-anasını böyük təlaş içərisində gördü: Esta yox olmuşdu, bugünkü dua yığıncağında Esta həmişəki kimi orqan çalmış və elə bil, özünü həmişəki kimi aparmışdı. Sonra o əhvalının pis olduğunu söyləyib bu axşam tez yatacağını bildirmiş və öz otağına çəkilmişdi. Gecə saat on birdə Klayd evə qayıdan zaman ana təsadüfən Estanın otağına baş çəkmiş, qızı nə onun öz otağında, nə də başqa bir yerdə tapa bilməmişdi. Otaqdakı bəzi dəyişikliklər – paltarların, bəzi xırda-para şeylərin, köhnə çamadanın yox olması – ananın diqqətini cəlb etmişdi. Bütün evi axtardılar, Estanı heç bir yerdə tapa bilmədilər, o zaman Eysa çölə çıxdı, küçənin o başına gedib geri qayıtdı. Esta bəzən təkbaşına gəzməyə çıxar, yaxud boş vaxtlarında missiyanın pəncərələri altında oturardı.

Lakin bu axtarışlar da bir nəticə vermədi. Klayd atası ilə bərabər tin başına və oradan da Missuri avenü xiyabanınadək getmişdilər. Esta heç bir yerdə yox idi. Gecəyarısı ata və oğul evə qayıtdılar. Təbiidir ki, evdəki nigarançılıq və təlaş daha da artdı.

Əvvəlcə belə təxmin etdilər ki, Esta heç kəsə demədən hara isə gəzməyə çıxıb getmişdir, lakin saat birin yarısını, bir az sonra biri, daha sonra ikinin yarısını vurduqda və Esta hələ də gəlib çıxmadıqda onlar artıq qızın itməsi barəsində polisə xəbər vermək istədilər. Lakin bu zaman Klayd bacısının otağına girərək, kiçik taxta çarpayı üstündə, balışa sancılmış kiçik bir məktub gördü – bu məktub ananın gözündən qaçmışdı. Klayd ürəyinə nə isə dammış kimi irəli atıldı, çünki o özü, əgər ata-anasından gizli olaraq evdən çıxıb gedərsə, onları bu barədə nə cür xəbərdar edəcəyini çox fkirləşmişdi: o bilirdi ki, ata-anası bu məsələni ən xırda təfərrüatına qədər ölçüb biçməsələr, heç vaxt onun özxoşuna evdən çıxıb getməsinə icazə verməyəcəklər. İndi budur, Esta yox olmuşdu, bu da onun məktubudur, əlbəttə, Klaydın özü də belə bir məktub qoyub gedə bilərdi. Klayd məktubda nə yazıldığını oxumaq üçün tez onu əlinə aldı, lakin bu zaman anası otağa girdi, Klaydın əlindəki məktubu görüb qışqırdı:

– O nədir? Məktubdurmu? Esta yazmışdırmı?

Klayd məktubu anasına uzatdı, ana kağızı açıb dərhal oxudu. Klayd anasının həmişə qırmızı-tutqun rəngdə olan enli sərt üzünün bir anda dönüb qapıya tərəf gedərkən necə ağardığını gördü. Onun iri ağzı, qabarıq, müstəqim bir xətt şəklini aldı. Kiçik məktubu tutan iri, qüvvətli əli, azacıq titrəyirdi.

Eysa, – deyə o, qonşu otağa girib ərini səslədi. Eysa bu zaman qonşu otaqda oturub arvadını gözləyirdi, onun ağarmağa başlamış qıvrım saçları dəyirmi başında bir-birinə qarışmışdı, – bir bunu oxu!

Anasının dalınca o biri otağa keçən Klayd onun əllərilə məktubu necə əsəbi halda qapdığını və onun qocalıqdan qırışmış, həmişə rəngsiz dodaqlarının necə qəribə bir şəkildə tərpəndiyini gördü. Onu yaxşı tanıyan hər bir adam deyə bilərdi ki, Eysa talenin ağır zərbələrini həmişə məhz bu cür qəbul etmişdir.

O, əvvəlcə yalnız:

– Ts! Ts! Ts! – deyə səslədi. Bu səs Klayda çox mənasız göründü. Bir azdan sonra Eysa yenidən “Ts! Ts! Ts!” – deyə səsləndi və başını o tərəf bu tərəfə bulamağa başladı. Sonra dönüb gözlərini arvadına zilləyərək: “Sən bilən Esta nə üçün evdən getmişdir?” – deyə soruşdu. Ana heç bir cavab verməyərək ümidsiz bir görkəmlə ərinə baxırdı. Eysa əllərini belinə çataqlayıb otaqda o yan-bu yana gəzməyə başladı, o, qısa ayaqları ilə qeyri-təbii şəkildə böyük addımlar ataraq başını bulayır və yenə də eyni mənasız nidaları təkrar edirdi: “Ts! Ts! Ts! ”.

Missis Qrifits hər şeyi ərinə nisbətən daha dərindən hiss edir, hadisələrə daha coşqun bir münasibət bəsləyirdi. İndi də, bu ağır sınaq anlarında da o, özünü başqa cür, həyata daha artıq bağlı olan adam kimi aparırdı. Nə isə bir qəzəb, həyata qarşı küskünlük hissi və açıq-aydın özünü göstərən cismani bir iztirab – sanki bir kölgə kimi onun üzündən süzülüb keçdi. Əri ayağa qalxan kimi əlini uzadıb məktubu ondan geri aldı, gözlərini yenidən məktuba zillədi, onun üzündə sərt, lakin eyni zamanda iztirablı bir ifadə əmələ gəldi. Bu saat o hansı bir kələfi isə açmağa çalışan, lakin bunu bacarmayan, özünü ələ alıb şikayət etmək istəməyən, amma buna baxmayaraq, yenə də acı-acı və qəzəblə şikayət edən son dərəcə həyəcanlı və acıqlı bir adamı xatırladırdı. O, ömrünün uzun illərini kor-koranə iman gətirdiyi etiqadlara və dini xidmətə həsr etmişdi, buna görə onun məhdud ağlı belə təsəvvür edirdi ki, o ədalət naminə bu dərddən, bu fəlakətdən xilas edilməlidir. Bəs bu cür müsibət baş verdiyi, ona bu cür pislik edildiyi vaxt onun Allahı, onun İsası harda idilər? Nə üçün Allah anaya kömək etmədi? İndi o, bu müsibəti nə cürə izah edə bilər? Onun Tövratda verdiyi vədlər necə olmuşdur? Onun dillərdə əzbər olan rəhm və mərhəməti harada qalmışdır?

Klayd görürdü ki, belə böyük bir bədbəxtlik qarşısında anası dərhal öz suallarına cavab tapmaqda çətinlik çəkir. Lakin Klayd bunu əvvəlcədən bilirdi ki, anası əvvəl-axır, şübhəsiz, bu suallarına cavab tapacaqdır. Zira bütün mütəəssib dindarlar kimi Klaydın atası və anası da kor-koranə olaraq Allahı hər bir şər işdən, səhv və bədbəxtliklərdən inadla ayırır, kənar tuturdular, lakin eyni zamanda heç bir şübhəyə yol vermədən Allahı ən yüksək bir qüdrət kimi qəbul edirdilər. İndi onlar bu bədbəxtliyin kökünü nə isə başqa şeydə, Allahın iradəsi və qüdrətinə zidd olaraq insanları azdırıb yoldan çıxaran məkrli, xain və yalançı bir qüvvədə axtaracaqdılar və nəhayət, baş verən bütün bu bəlaları Allahın yaratdığı, lakin idarə etmək istəmədiyi insan qəlbinin günahlı və pozğun olması ilə izah edəcəklər.

Lakin indi ananın qəlbində yalnız ağrı və qəzəb coşub-daşırdı, buna baxmayaraq, onun dodaqları Eysanın dodaqları kimi rəşələr içərisində titrəmirdi və onun gözlərindəki qədər dərin bir məyusluq yox idi. O, bir addım geri çəkildi, təzədən qəzəbli bir hal ilə məktubu oxudu və Eysaya dedi:

– O kimə isə qoşulub qaçmışdır, ancaq o adamın kim olduğunu yazmır…

Ana birdən uşaqlarının, Klaydın, Culiyanın və Frenkin burada olduqlarını xatırlayıb sözünü kəsdi, uşaqlar hamısı burada idi və hamısı gərgin bir maraqla, etimadsızlıq hissilə analarına baxırdılar.

– Bura gəl, – deyə o, ərinə müraciət etdi, – mən səninlə danışmalıyam. Siz gedib yatsaydınız, daha yaxşı olardı, – deyə o, uşaqlara tərəf dönüb əlavə etdi, – biz bu vaxt qayıdacağıq.

O, Eysa ilə bərabər missiyanın zalına bitişik kiçik otağa keçdi. Uşaqlar o biri otaqda elektrik düyməsinin vurulduğunu, ata-analarının pıçıltı ilə danışmağa başladıqlarını eşidərək mənalı-mənalı bir-birinin üzünə baxdılar. Frenk çox kiçik olduğu üçün (onun yalnız on yaşı vardı) baş verən hadisəni çox da yaxşı anlaya bilmirdi. Hətta Culiya belə baş verən əhvalatın mənasını tamamilə başa düşmürdü. Lakin həyatla daha artıq tanış olan Klayd anasının “o kimə isə qoşulub qaçmışdır?” sözlərini eşidərkən hər şeyi çox yaxşı başa düşdü. Görünür, belə bir həyat onun kimi Estanı da cana gətirmişdi. Bəlkə, bacısı küçədə qəşəng qızlarla gördüyü o şıq gənclərdən birinə qoşulub qaçmışdır. Lakin o hara qaça bilərdi? Onun qoşulub qaçdığı adam nə cür adamdı? Məktubda bu barədə nə isə yazılmışdı, lakin anası məktubu oxumağa aman vermədi. Çox tez əlindən aldı. Təəssüf ki, o gizlin olaraq məktubu oxumağa macal tapmadı.

Ata-anası o biri otağa keçdikdən sonra o, Culiyaya baxaraq şübhə ilə:

– Sən bilən o, tamam qaçıb getmişdir? – deyə soruşdu. Culiyanın rəngi qaçmışdı, o özünü itirmiş kimi göründü.

– Mən nə bilim, – deyə qız əsəbi halda cavab verdi. Ata-anasının dərdi və bütün sirli pıçıltılar onu Estanın hərəkətlərindən az həyəcanlandırmamışdı, – Esta mənə heç nə demirdi. Mənə elə gəlirdi ki, indi o öz hərəkətindən utanır.

Esta və Klayda nisbətən daha təmkinli və sakit bir təbiətə malik olan Culiya həmişə ata-anasına daha yaxın idi və buna görə də indi o biri uşaqlara nisbətən daha pərişan olmuşdu. Doğrudur, o, nə baş verdiyini tamamilə başa düşə bilmirdi, lakin bəzi şeylərdən şübhələnirdi, lakin o da öz növbəsində başqa qızlarla söhbət edirdi, fərq yalnız burasında idi ki, o öz söhbətlərində daha təmkinli və daha ehtiyatlı olurdu. Onu hər şeydən artıq acıqlandıran Estanın ailəni tərk edib getmək üçün belə bir yol seçməsi idi: o, ata-anasından, qardaşlarından və bacısından gizlin olaraq evdən qaçmış, valideynlərini belə bir dəhşətli müsibətə salmışdı. Bu, doğrudan da, dəhşət idi! Sanki onları hər tərəfdən bədbəxtlik bürümüşdü.

Klayd isə ata-anası qonşu otaqda məsləhətləşdikləri müddətdə dərin fikrə getmişdi: o, gərgin və ağır halda həyat haqqında düşünürdü. Axı Esta nə etmişdir? Yoxsa bu – bir qorxu hissi ilə təxmin etdiyi kimi – oğlan uşaqlarının daima küçələrdə və məktəbdə bir-birinə pıçıldadıqları o dəhşətli qoşulub qaçmalardan, heç də yaxşı olmayan o natəmiz eşq sərgüzəştlərindən biridir? Əgər belə isə bu nə qədər böyük rüsvayçılıqdır! Onda, demək, Esta bir daha evə qayıtmayacaqdır. O, yad bir kişiyə qoşulub qaçmışdır. Əlbəttə, bu bir qız üçün çox biabırçı və pis hərəkətdir, çünki o eşitmişdi ki, bir gənclə bir qız arasında, bir kişi ilə bir qadın arasındakı əlaqələr təmiz, ədəbli olduqda həmişə mütləq nikah ilə nəticələnir. İndi budur, ailələrinin bütün başqa bədbəxtlikləri az imiş kimi, Esta belə bir hərəkətə də yol vermişdir. Əlbəttə, onların, onsuz da, ağır və sevincsiz olan həyatları indi daha artıq dözülməz olacaqdı.

Tezliklə ata-anası qonşu otaqdan qayıdıb gəldilər. Hələ də gərgin və pərişan olan missis Qrifitsin üzündə nə isə bir dəyişiklik var idi: bəlkə də, indi onun üzündə daha az bir məyusluq, lakin daha çox ümidsiz bir itaətkarlıq ifadəsi vardı.

Ana, uşaqların ondan izahat gözlədiyini görərək:

– Esta bizi qoyub getməyi qərara almışdır, – dedi, – hər halda müvəqqəti getmişdir. Siz onun nigarançılığını çəkməməli, bu barədə fikir etməməlisiniz. Mən əminəm ki, bir müddət sonra o yenə də evə qayıdacaqdır. Hələlik bəzi səbəblərə görə o, öz yolu ilə getmişdir. Nə etmək olar, görünür, Allah belə istəyirmiş! (“Çox şükür olsun Allaha, o adildir” – deyə Eysa sözə qarışdı.) Mən elə bilirdim ki, o, bizim içərimizdə özünü xoşbəxt hiss edir, amma, görünür, mən səhv etmişəm. İndi o özü həyatın nə olduğunu görəcəkdir. (Bu yerdə Eysa yenə “Te! Te! Te!“ – deyə səsləndi). Ancaq biz Esta haqqında pis fikirdə olmamalıyıq. Bunun mənası yoxdur. Qoy bizim ürəyimiz yenə də məhəbbət və xeyirxah hisslərlə döyünsün.

Lakin ana bu sözləri, onların ifadə etdiyi mənaya zidd olan sərt bir ifadə ilə dedi, onun səsi cingildəyirdi.

İndi biz ümidimizi ancaq bircə yerə bağlaya bilərik ki, Esta tezliklə nə qədər ağılsız və yüngül hərəkət etdiyini anlayacaq və qayıdıb evə gələcəkdir. O, seçdiyi yolda xoşbəxt ola bilməz. Bu yol Allahın göstərdiyi yol deyil və Allahın iradəsinə ziddir. Esta çox gənc olduğu üçün pis yola düşmüş və yolunu azmışdır. Ancaq biz onu bağışlayırıq. Biz onu bağışlamalıyıq. Bizim ürəklərimiz həmişə onun üçün açıq olmalıdır, həmişə ona qarşı məhəbbət və şəfqətlə dolu olmalıdır.

Ana, sanki böyük bir auditoriyaya müraciət edirmiş kimi danışırdı, lakin onun səsi sərt və kədərli idi, üzündə soyuq və donmuş bir ifadə vardı.

– İndi gedin yatın. Biz indi ümidimizi ancaq Allaha bağlayıb səhər, günorta və axşam dua etməliyik ki, Estanın başına heç bir müsibət gəlməsin. Əlbəttə, mən istərdim ki, o, belə hərəkət etməyəydi, – deyə, ana sanki qarşısında dayanmış uşaqlar haqqında deyil, yalnız Esta haqqında düşünərək, bütün əvvəlki nitqilə heç bir əlaqəsi olmayan bu sözləri əlavə etdi.

Lakin Eysa!…

– “Belə də ata olarmı?!” – deyə Klayd sonralar tez-tez öz-özünə düşünərdi.

Öz dərdindən savayı, elə bil ki, o yalnız arvadının daha dərin olan dərdini görmək iqtidarında idi, bundan başqa o, heç bir şey görmür, heç bir şey duymurdu! Bütün bu müddət ərzində qısaboylu, qıvrım ağsaçlı bu miskin adam başını yana əyib, mənasız bir halda dayanıb durmuşdu.

– Allaha çox şükür, Allah adildir, – deyərək o hərdənbir arvadının səsinə səs verərək öz sözünü deyirdi, – biz Estadan üz döndərməməliyik. Bəli, bəli, biz onu qınamamalıyıq. Biz ancaq yaxşılıq barəsində düşünməliyik. Bəli, bəli, Allaha çox şükür olsun! Allah kərimdir! Amin! Bəli, bəli! Te! Te! Te!

Bir an susduqdan sonra, missis Qrifits ərinə əhəmiyyət verməyərək ətrafını almış uşaqlara tərəf dönüb sözünə davam etdi:

– Əgər bir adam Estanın harada olduğunu soruşsa, biz deməliyik ki, o, Tonavandaya, bizim qohumların yanına getmişdir. Əlbəttə, bu tamamilə doğru deyildir, ancaq axı hələlik biz özümüz də onun harada olduğunu bilmirik… Bir də ki o, tezliklə qayıdıb evə gələ bilər. Deməli, biz hər şeyi öyrənib-bilməmiş onun haqqında pis danışmamalıyıq.

– Bəli, Allaha çox şükür olsun, – deyə Eysa zəif bir səslə yenə söhbətə qarışdı.

– Deməli, əgər birisi Esta barəsində soruşsa, hələlik biz özümüz heç bir şey bilmədiyimiz üçün mənim sizə dediyim kimi cavab verməliyik.

– Əlbəttə, – deyə Klayd anasına yarınmaq istəyərək cavab verdi, Culiya isə əlavə etdi.

– Elədir.

Missis Qrifits susdu və sərt bir baxışla, lakin eyni zamanda sanki üzr istəyirmiş kimi uşaqlara baxdı. Eysa yenidən “Te! Te! Te!” – deyə səsləndi, sonra uşaqları yatmağa göndərdilər.

Klayd Estanın məktubunda nələr yazıldığını bilməyi çox arzu edirdi, lakin uzun təcrübəsi sayəsində bilirdi ki, anası lazım bilməsə, bu barədə ona heç bir şey deməyəcəkdir, nəhayət, o özünü yorğun hiss edərək öz otağına getdi. Əgər Estanı tapmağa ümid vardısa, nə üçün ata-anası onu axtarmaq istəmirdilər? Görəsən, o indi, bax elə bu dəqiqə haradadır? Bəlkə, bu saat yol gedir, qatardadır? Görünür, Esta istəmir ki, onu axtarıb tapsınlar. Yəqin ki, burada yaşamaq onun kimi Esta üçün də dözülməz idi. Hələ bir az əvvəl o özü evdən qaçıb hara isə getmək barəsində düşünürdü, ailənin buna nə cür baxacağını təsəvvürünə gətirirdi, indi budur, bacısı onu qabaqlamışdır. Bu məsələ onun qərarına və gələcək hərəkətlərinə nə cür təsir edəcək? Əslində ata və anasının müsibətinə baxmayaraq, Klayd bacısının evdən çıxıb getməsini, hər halda onun ailəni tərk etməsini çox da böyük bədbəxtlik hesab etmirdi. Bu yalnız bir daha onu sübut edirdi ki, onların evində hər şey öz qaydasında deyildi. Missiyanın bütün fəaliyyəti heç bir əhəmiyyətə malik deyildi. Bütün bu dini hisslərin və söhbətlərin də bir mənası yox idi. Bütün bunlar Estanı xilas edə bilməmişdi. Görünür ki, onun kimi Esta da bütün bunlara çox da dərindən inanmırdı.

IV FƏSİL

Belə bir nəticəyə gəldikdən sonra Klayd həmişəkindən daha artıq bir inadla öz gələcəyi haqqında düşünməyə başladı. O, bu qərara gəldi ki, özü, həm də çox tezliklə nə isə bir şey etməlidir. Bu vaxta qədər o, adətən, on iki – on beş yaşlı uşaqların qismətinə düşən bəzi xırda-para işlər tapmağa müvəffəq olurdu: bir dəfə yayda o, bir qəzet satana, qəzetləri paylamaqda kömək etmişdi, o birisi yay (şənbə günləri isə qışda da) standart qiymətlər mağazasının anbarında işləmişdi: o, burada qutuların qapağını açır, malları çıxarır və bunun müqabilində o vaxt ona böyük bir dövlət kimi görünən bol zəhmət haqqı, yəni həftədə beş dollar alırdı. O, özünü zəngin bir adam kimi hiss edir və teatrı, kinonu yaramaz, günah bir şey hesab edən ata-anasının fikirlərinə zidd gedərək bəzən bu yasaq olunmuş yerlərə gedir, ucuz qiymətli yuxarı yerlərdə oturub tamaşa edirdi. O, bu əyləncələri valideynlərindən gizləməyə məcbur idi. Lakin belə bir vəziyyət Klaydın qarşısını ala bilmirdi. O, belə hesab edirdi ki, qazandığı pulları istədiyi kimi xərcləməyə ixtiyarı vardır. Hətta kiçik qardaşı Frenki də özü ilə bərabər kinoya və teatra aparırdı, Frenk isə qardaşı ilə bərabər tamaşaya getməyi sevirdi və bu barədə bir dəfə də olsun ata və anasının yanında ağzından bir söz qaçırmamışdı.

Həmin il bir az sonra, Klayd məktəbi buraxmağı qərara aldı, dərslərdən çox geridə qaldığını artıq özü də hiss edirdi, o, ora – bir aptek mağazasına soda suyu satanın yanında köməkçi vəzifəsinə işə girdi; bu mağaza teatr binasına bitişik idi və elə bil ki, teatrın himayəsi altında idi. Klayd təsadüfən belə bir elana rast gəldi: “oğlan uşağı tələb olunur” (o, bu elanı məktəbə gedəndə görmüşdü). Sonra o, yanında köməkçi vəzifəsində işləyəcəyi gənc oğlana danışdı. Bu oğlan dedi ki, Klayd fərasətli və diribaş olsa, ona təzə peşəni öyrətməyə hazırdır. Klayd bu söhbətdən başa düşdü ki, bu peşəni yaxşı mənimsəsə, həftədə on beş, hətta on səkkiz dollar qazana bilər. Deyilənə görə, Strudun on dördüncü küçə ilə Baltimor-Strit küçələrinin tinindəki mağazada işləyən iki xidmətçi bir yerdə bu qədər maaş alır. Klaydın işə girmək istədiyi mağazada isə yalnız on iki dollar maaş verirdilər, – bu belə müəssisələr üçün adi bir maaş idi.

Lakin belə bir peşəyə sahib olmaq üçün ona deyildiyi kimi, vaxt və təcrübəli bir adamın dostcasına köməyi lazımdır. Əgər o, bu mağazaya daxil olub ilk zamanlar beş dollara işləməyə razıdırsa (Klaydın üzü tutuldu), – yaxşı tutaq ki, altı dollara işləməyə razıdırsa, – tez bir zamanda şirin içkilər düzəltmək sənətinə və hər cür dondurma növlərini şərbətləmək peşəsinə yiyələnə bilər. Lakin Klayd əvvəlcə bir şagird kimi işləməlidir. Buna görə də o, sifonları və piştaxta üzərindəki bütün qab-qacaqları təmizləməli və təbiidir ki, saat 8-in yarısında mağazanı açmalı, döşəməni süpürməli, tozu silib təmizləməli və mağaza sahibinin ona tapşıracağı hər bir işi yerinə yetirməlidir. Onun bilavasitə tabe olduğu mister Ziberlinq adlı özünə güvənən, iyirmi yaşlı, çərənçi və bəzək-düzək sevən oğlan çox məşğul olduqda isə limonad, koka-kola və buna bənzər başqa şərbətlərdən sadə kokteyllər hazırlamaq Klayda etibar ediləcəkdir.

Klayd anası ilə məsləhətləşdikdən sonra bu xeyirli təklifi qəbul etməyi qərara aldı. Əvvələn o burada dondurma yeyəcəkdi, – bu isə kiçik bir üstünlük deyildi. İkincisi, onun fikrinə görə, burada işləməklə o bir peşə əldə etməyə imkan tapacaqdı. Sonra – bu özü də böyük bir üstünlük idi – o, gecə saat on ikiyə qədər işdə yubanacaqdı, bunun əvəzində isə gündüz boş saatları olacaqdı. Beləliklə, o, axşamlar evdə olmayacaq və saat onda axşam sinfinə gedib gəlməyəcəkdi. Bundan əlavə dua yığıncaqlarında iştirak etmək üçün yalnız bazar günləri ondan kömək tələb edilə bilərdi, bazar günləri də nahardan sonra və axşamlar məşğul olacaqdı.

Bundan başqa mağazada soda suyu satan hər bir xidmətçi, foyesi mağazanın yan qapısı ilə bitişik olan qonşu teatrın inzibati müdirindən müntəzəm surətdə kontra marka ala bilərdi. Mağazanın teatra bu qədər yaxın olması Klaydı son dərəcə sevindirirdi. Teatrla bu qədər sıx əlaqədə olan bir mağazada işləmək ona olduqca maraqlı görünürdü.

Lakin hamısından yaxşısı bu idi ki, (Klayd buna həm sevinirdi, həm də bəzən bundan əzab çəkirdi) hər dəfə tamaşadan əvvəl, gündüz tamaşaları zamanı isə tamaşadan sonra da statist qızlar buraya toplaşırdılar. Onlar tək-tək və ya dəstə ilə gedib piştaxtanın qabağındakı stullarda oturur, söhbət edir gülüşür, ayna qarşısında saçlarını düzəldir, dodaqlarını boyayır və ya pudralanırdılar. Hələ yüksək cəmiyyətin qaydalarına, qadınların adət və ədalarına bələd olmayan təcrübəsiz Klayd bu statist qızların gözəlliyinə, mütəkkəbbir ədalarına və zərifliklərinə tamaşa etməkdən doymurdu.

218,97 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
240 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают