Читать книгу: «Qatardakı qız», страница 2
Bəzən heç keçib gedən qatarlara baxmırdım da, sadəcə səslərinə qulaq asırdım. Səhərlər gözlərimi yumub burda otururdum, göz qapaqlarıma dəyən isti günəş şüası narıncı rəngə çalırdı. İndi başqa bir yerdə də
ola bilərdim. Məsələn, İspaniyanın cənubunda, sahildə; ya da İtaliyada, o gözəl, rəngbərəng evlərin və turistlər üçün nəzərdə tutulmuş qatarların olduğu Çink-ve Terredə… Holkamda olub ağzımda duz dadını, qu-lağımda qağayıların səsini hiss edə bilərdim və beş yüz metr uzaqdakı paslanmış dəmir yolundan bir qatar keçib gedərdi.
Qatar bu gün dayanmır, yavaş hərəkətlə irəliləyirdi. Təkərlərin relslərə sürtünüb cırıldadığını eşidirdim, həmçinin silkələnməyini də duya bilirdim. Sərnişinlərin üzlərini görməsəm də onlar haqqında yeganə bildiyim şey oturacaqlarına söykənmiş Yuston sərnişinləri olmaları idi, amma təsəvvür edə bilərdim; daha ekzo-tik səyahətlərin, reysin sonunda və ondan irəlidəki ma-cəraların xəyalını… Holkama yenidən səfər etmək fikri-3 1 yard = 0,9144
1
ni özüm üçün dəqiqləşdirmişdim, bunu, bu cür səhər-ləri hələ də bu cür ürəklə, bu qədər həvəslə düşünmə-yim qəribə olsa da, vəziyyət belə idi. Otları titrədən külək, qumluqların üzərindəki səma, siçanların qaçış-dığı şam, çirkab və musiqiylə əhatə olunan daxmalar…
İndi mənə yuxu kimi gəlirdi.
Ürək döyüntülərimin sürətləndiyini hiss etdim.
Pilləkənlərdən gələn ayaq səslərini eşidirdim, mə-ni çağırırdı.
“Bir dənə də qəhvə istəyirsən, Meqs?”
Yuxu bitdi, oyandım.
Axşam
Küləkdən bir az üşüsəm də martinimə əlavə etdiyim iki barmaq vodka məni tərlətmişdi. Eyvanda idim və Skotun evə gəlməsini gözləyirdim. Məni Kinqli küçəsindəki italyan restoranına şam yeməyinə aparması üçün razı salmaq fikrində idim. Neçə ildir evdən kənarda şam etmirdik.
Bu gün elə də çox iş görməmişdim. St.Martinsdəki toxuculuq kursuna müraciət məktubu yazmalı idim.
Başlamışdım, amma mətbəxdə işləyərkən təsadüfən bir qadının çığırtılarını eşitdim; səsi tükürpədici idi; elə
bildim ki, kimisə öldürürlər. Qaçıb özümü həyətə atdım, amma heç nə görmədim.
Qadının səsi hələ də gəlir, arasıkəsilmədən qula-ğımda əks-səda verirdi; doğrudan da şiddətli və çarəsiz idi.
“Neynirsən? Ona neynirsən? Ver mənə onu, ver mənə!”
1
Çıxandan sonra bir neçə saniyə də olsa davam etmişdi.
Yuxarı mərtəbəyə qaçıb eyvana çıxdım. Ağacların arasından bir neçə həyət uzaqlıqda – kolluğun yanında iki qadın gördüm. Biri qışqırırdı – bəlkə ikisi də birdən qışqırırdı – və yanlarında var gücü ilə çığıran bir uşaq da vardı.
Polisə zəng etmək ağlıma gəlsə də sonradan elə bil vəziyyət sakitləşdi. Qışqıran qadın qucağındakı uşaqla birgə evin içinə qaçdı. O biri isə bayırda qaldı. Evə tərəf qaçan qadın büdrədi, amma qamətini düzəltdi və
həyətdə qaça-qaça dövrə vurmağa başladı. Bu doğrudan da qəribə mənzərə idi. Allah bilir nə baş vermişdi!
Amma düzünü deyim ki, bu, bir neçə həftədir yaşadığım ən böyük həyəcan idi.
Daha getmək üçün qalereyam qalmadığına görə
günlərim də boş-bekar keçirdi. Qalereyam üçün darıxırdım. Hətta əllərində “Starbucks”ları ilə gəlib şəkillərə baxaraq dostlarına balaca Cessinin bağçada çəkdiyi şəkillərin bundan daha qəşəng olduğunu deyən darıxdırıcı, mükəmməl analar üçün belə darıxırdım.
Bəzən, – “keçmişdəkilərdən kimisə tapmağa çalı-şımmı görəsən”, – deyə fikirləşirəm, amma onlarla nə
danışa bilərdim ki? Evlənib xoşbəxt olan Meqanı heç tanımayacaqdılar. Onsuz da dönüb keçmişə baxmaq kimi bir riskə gedə bilməzdim, bu istənilən zaman üçün pis ideya idi. Yayın bitməsini gözləyirdim, sonra iş axtarmağa başlayacaqdım. Bu uzun yay günlərini boş keçirsəm, heyif olardı. Burda, bu yaxınlarda bir məşğuliyyət tapacaqdım, bunu bilirdim.
1
14 avqust 2012, Çərşənbə axşamı
Səhər
Bir də gördüm ki, qarderobun qarşısında dayanıb, az qala yüzüncü dəfə gözəl geyimlərimin olduğu rəfə
baxıram. Bu kiçik, amma modern incəsənət qalereya-sının müdiri üçün əla qarderob idi. Ordakı heç bir geyim dayəyə uyğun gəlməzdi. Aman Allah, bu sözün özü belə ürəyimi bulandırırdı. Cins şalvar və köynək geyinib saçlarımı arxaya daradım. Hətta makiyaja belə
ehtiyac duymadım. Bütün günümü bir körpəylə keçi-rəcəyəm deyə gözəlləşməyin nə mənası vardı ki?
Hirsimi tökməyə yer axtararaq sürətlə aşağı düşdüm. Skott mətbəxdə qəhvə hazırlayırdı. Gülümsəyib mənə baxan kimi əhvalım dəyişdi. Qaşqabağım gülümsəmə ilə əvəz olundu. O, qəhvəmi verib məni öp-dü.
Buna görə onu qınamağın mənası yox idi, mənim fikrim idi. Eyni küçədə yaşayan qonşunun uşağına dayəlik etməyi mən özüm istəmişdim. Onda fikirləşirdim ki, maraqlı ola bilər. Bu tamamilə dəlilik idi, doğrudan da, yəqin sərsəmləmişdim. Darıxırdım, havalanmış-dım, maraqdan dəli olurdum. Görmək istəyirdim. Deyəsən, bu fikir onun həyətdə ağlamasını eşidəndən sonra ağlıma gəlmişdi. Nə baş verdiyini bilmək istəyirdim. Əlbəttə ki, bunu soruşmamışdım. Belə bir şeyi ne-cə soruşmaq olardı ki?
Skott məni cəsarətləndirmişdi. Bunu təklif edəndə
sevincindən uçmuşdu. Körpələrlə vaxt keçirməyin 1
məni sakitləşdirəcəyini güman edirdi. Əslində isə tamamilə əks təsir göstərirdi; işim qurtaran kimi qaçaraq evə gəlir, tələsik paltarlarımı soyunub özümü vanna otağına atır, üstümdən gələn uşaq qoxusundan canımı qurtarmağa çalışırdım.
Baxımlı, saçları düzəldilmiş halda qalereyaya gedib, yetkin insanlarla incəsənət, kino və ya hər hansı mövzuda müzakirələr etdiyim günlər üçün darıxırdım.
Heç nə Anna ilə etdiyim söhbətlərdən pis ola bilməzdi.
Aman Allah, o qadın necə də darıxdırıcı idi! Əvvəllər bəlkə də özüylə bağlı nəsə danışardı, amma artıq yeganə mövzusu uşağı idi. Üşümür, elə deyil? Tərləməyib ki? Nə qədər su içib? Üstəgəl, həmişə də evdə idi; ona görə də çox vaxt özümü ehtiyatda qalmış adam kimi hiss edirdim. Mənim işim Anna dincələndə uşaqla məşğul olmaq idi. Hansı səbəbə görə dincəlirdi ki? Bu azmış kimi həm də çox gərgin idi. Fasiləsiz olaraq evdə
ora-bura fırlanıb öz varlığını hiss etdirirdi. Nə vaxt bir qatar keçsə diksinir, telefon zəng çalanda isə gözlənilmədən yerindən sıçrayırdı. “Necə də həssasdırlar, elə
deyil?” – deyirdi və bu barədə onunla razı idim.
Evdən çıxıb ağırlaşmış ayaqlarımla Blenheym küçəsindəki evlərinə qədər 50 metrə yaxın yolu piyada getdim. Addımlarımı sürətləndirə bilməzdim.
Bu gün qapını Anna yox, əri açdı. Tom kostyum və ayaqqabılarını geyinmiş, işə getməyə hazır vəziyyətdə dayanmışdı. Kostyum ona çox yaraşırdı. Əlbəttə, Skotta yaraşan qədər yox, çünki o, nisbətən daha bəstəboy idi, daha solğun dərisi vardı və diqqətlə baxanda gözlərinin bir-birinə bir az yaxın olduğu hiss olunurdu; amma elə də pis deyildi. O, mənə geniş bir 1
“Tom Kruz gülüşü” göstərib getdi. Evdə mən, Anna və
uşaq qalmışdıq.
16 Avqust 2012, Cümə axşamı
Günortadan sonra
İşi atdım!
Özümü indi daha yaxşı hiss edirdim, elə bil, artıq hər şey mümkün idi.
Eyvanda oturub yağışı gözləyirdim. Başımın üstündəki səma bozarmışdı; dairələr çəkərək burulur, buludları ağuşuna alırdı, hava nəmdən ağırlaşmışdı.
Skott təxminən bir saata evdə olacaqdı və mən hər şeyi ona deməli idim. Ancaq bir-iki dəqiqəlik hirslənəcəkdi; könlünü necə alacağımı bilirdim. Bütün günümü evdə
keçirməyi planlaşdırmırdım: bir müddətdir ki, müəyyən planlar qururdum. Fotoqraflıq kursuna gedə bilərdim, ya da bir mağazada yer götürüb zərgərlik məmu-latları sata bilərdim. Yemək bişirməyi də öyrənmək olardı…
Məktəbdə müəllimlərimdən biri mənə bir dəfə demişdi ki, özümü davamlı olaraq yenidən kəşf edə bilirəm. Onda nə demək istədiyini tam başa düşməmiş, sözlərini ciddi qəbul etməmişdim, amma indi bu fikri bəyənməyə başlayırdım. Qaçaq, sevgili, həyat yoldaşı, ofisiant, qalereya müdiri, dayə və daha nələr… Bəs sabah kim olmağı arzulayırdım?
İşdən çıxmağı doğrudan da istəmirdim, amma sözlər ağzımdan qeyri-ixtiyari çıxdı.
1
Mətbəx stolunun arxasında oturmuşduq, Anna uşağı qucağında tutmuşdu və Tom da evdən bir şey götürməyə gəldiyi üçün mətbəxdə idi – qəhvə içirdi.
Əslində, bu çox gülünc idi; mənim orada olmağımın heç bir mənası yox idi. Ən pisi də o idi ki, özümü çağırılmamış qonaq kimi yersiz hiss edirdim.
Birdən ağzımdan, – “başqa bir iş tapmışam”, – kəlməsi çıxdı, – “ona görə daha bu işi görə bilmərəm”.
Anna mənə tərəf çevrildi, deyəsən, inanmamışdı.
Sadəcə olaraq, – “çox təəssüf”, – dedi. Amma sözləri elə də səmimi alınmamışdı. Elə bil rahatlanmışdı. Məndən nə iş tapdığımı belə soruşmadı. Buna görə mən də
rahat olmuşdum, çünki inandırıcı bir yalan fikirləşməyə fürsət tapmamışdım.
Tom isə elə bil bir az çaşmışdı. – “Səninçün darıxa-cağıq”, – dedi, amma təbii ki, yalan danışırdı.
Əslində, məyus olacaq yeganə insan Skott idi, ona demək üçün nəsə fikirləşməli idim. Məsələn, Tomun məndə gözü olduğunu deyə bilərdim. Və bu hər şeyə
nöqtə qoyardı.
20 Sentyabr 2012, Cümə axşamı
Səhər
Saat təzəcə yeddi olmuşdu, sərin idi, amma bura –
yan-yana düzülmüş, yaşıl və soyuq, bitdikləri cığırlar-dan canlarını qurtarıb onlara həyat verəcək günəş
şüalarına qovuşmağa can atan bu bağ-bağça çox gözəl idi. Neçə saatdır oyaq idim, yata bilmirdim. Neçə gün idi ki, gözümə yuxu getmirdi. Bu vəziyyətdən zəhləm 1
gedirdi, yuxusuzluğa heç nəyə olmadığı qədər nifrət edirdim. Sadəcə olaraq, burda uzanmışdım; beynimin içindəki səsləri dinləyirdim: tık, tık, tık, tık… Hər yerim qaşınırdı. Başımı qırxdırmaq istəyirdim.
Qaçmaq istəyirdim. Üstü açıq maşınla uzun bir sə-yahətə çıxmaq istəyirdim. Maşınımı sahilə sürmək istəyirdim; hər hansı bir sahilə. Sahildə gəzmək istəyirdim. Qardaşımla mən davamlı olaraq maşınla səyahət edəcəkdik. Benlə belə bir planımız var idi. Əslinə qalsa, planın çox hissəsini Ben qurmuşdu, o əsl xəyalpərəst idi. Motosikletlə Parisdən Kot-d'Azura, ya da Amerikaya gedib, Sakit okean sahillərinə düşəcəkdik; Sietldən Los-Ancelesə gedəcəkdik, Buenos Ayresdən Karakasa doğru Çe Gevaranın yolunu izləyəcəkdik.
Bəlkə bütün bunları eləsəydim, indi nə edəcəyimi bilmədən burada oturmazdım. Bəlkə də bunları eləsəydim, məhz burda, vəziyyətimdən məmnun halda oturardım. Amma edə bilməmişdim, çünki Ben Parisə qədər gedə bilmədi. Hətta Kembricə qədər belə gedib çıxmağı bacarmadı. A10-da4 öldü, kəllə sümüyü təkərlərin altında əzildi.
Hər gün onunçün darıxırdım. Məncə, hamıdan da-ha çox… Həyatımdakı, ruhumun mərkəzindəki ən böyük boşluq o idi. Bəlkə də sadəcə olaraq bir başlanğıc idi. Dəqiq bilmirdim. Bütün bunların Benlə əlaqəli olub-olmadığına da əmin deyildim. Hər şeyin ondan sonra və ondan əvvəl baş verənlərlə əlaqəli olub-olmadığını da anlamırdım… Bildiyim yeganə bir şey vardı: bir anlıq hər şey qaydasına düşür, həyat gözəlləşir, heç 4 İngiltərənin şimalıyla cənubunu birləşdirən əsas yol 1
bir şeyə ehtiyac duymur, sonra birdən tamamilə uzaqlaşmağa can atır və alt-üst olurdum.
Onda psixoloqa getməli idim. Bu, eyni zamanda həm qəribə, həm də maraqlı ola bilərdi. Həmişə fikirləşirdim ki, katolik olmaq, günahlardan arınmağa getmək, yüklərdən xilas olmaq və səni bağışladığını, keçmişə bir xətt çəkdiyini deyən kiminsə olması əyləncəli ola bilər.
Bu, əlbəttə ki, eyni şey deyildi. Bir az gərgin idim, amma son vaxtlar yata bilmirdim və Skott da eynilə
mənim kimi görünürdü. Ona demişdim ki, tanıdığım insanlarla bu barədə danışmaq mənimçün çətindir, hətta bunu səninlə belə danışa bilmirəm. O da mənə
problemin elə bunda olduğunu, tanımadıqlarımla hər şeyi danışa biləcəyimi söyləyirdi. Amma bu elə də düz deyildi. Birdən-birə hər şeyi danışa bilməzdim. Yazıq Skott. Məsələnin heç yarısını da bilmirdi. Məni o qədər sevirdi ki, bu məni çox pərişan edirdi. Bunu necə bacara bilirdi, bilmirdim. Öz-özümü dəli edəcəkdim.
Amma nəsə etməli idim və ən azından bu nəyəsə
çalışmaq sayılırdı. Bütün planlarım – fotoqraflıq kursu, aşpazlıq dərsləri – doğrudan da indi fikirləşəndə bir az mənasız gəlirdi; elə bil reallığı qəbul edib yaşamaq əvəzinə rol oynayırdım. Özümə bir məşğuliyyət tapmalı idim, məsrəfli bir məşğuliyyət. Mən bunu edə bilməzdim – sadəcə həyat yoldaşı olmaqla kifayətlənə bilməzdim. İnsanların günlərini necə boş-bekar keçir-diklərini başa düşə bilmirdim. Kişilərin evə gəlməsini və onları sevməsini gözləyirdilər. Ya da günlərini keçirmək üçün müvəqqəti nəsə axtarırdılar.
1
Axşam
Gözləməli oldum. Seansım yarım saat əvvəl başlamalı idi, amma hələ da burda, gözləmə otağında oturmuş, “Vogue”un səhifələrini çevirərək çıxıb getmək haqqında fikirləşirdim. Həkimlərin qəbullarının gecikə biləcəyini bilirdim, amma psixoloqların?! Filmlər-dən öyrəndiyim qədəri ilə otuz dəqiqəniz bitən kimi sizi yola salmalıdırlar. Deyəsən, Hollivud Dövlət Sağlamlıq Mərkəzindəki psixoloqları nəzərdə tutmamışdı.
Elə həkimin qapısında kifayət qədər gözlədildiyi-mi, daha artıq gözləməyəcəyimi deməyə hazırlaşırdım ki, ofisin qapısı açıldı və çox hündür, caydaq bir adam içəridən çıxıb üzrxahlıqla mənə əlini uzatdı.
– Missis Hipvel, sizi gözlətdiyimə görə üzr istəyirəm, – dedi.
Gülümsədim və narahat olmamasını xahiş etdim.
Onda doğrudan da bir narahatçılıq olmadığını düşünürdüm, çünki hələ sadəcə iki dəqiqədir yanında olmağıma baxmayaraq, artıq özümü yüngülləşmiş hiss edirdim.
Deyəsən, buna səbəb səsi idi: mülayim və ahəstə
bir səs. Gözlədiyim kimi, yüngül ləhcəsi vardı, çünki adı Dr. Kamal Abdik idi. Tünd bal rəngli dərisinin onu cavan göstərməsinə baxmayaraq, otuz yaşlarında olduğunu güman etmək olardı. Üzərimdə olduğunu təsəvvür etdiyim əlləri vardı, barmaqları uzun və incə idi, sanki dərimə toxunduğunu hiss edirdim.
Elə əhəmiyyətli bir şey danışmadıq; sadəcə giriş
verdik, tanış olma mərhələsini keçdik, məndən problemin nə olduğunu soruşanda qarabasmalarımdan, yu-1
xusuzluqdan, gecələri yuxuya getməkdən qorxub gö-züaçıq uzanmağımdan danışdım. Bu mövzu haqda bir az da aydın danışmağımı xahiş etdi, ancaq mən hələ
buna hazır deyildim. Narkotik və alkoqoldan istifadə
edib-etmədiyimi soruşdu. Ona bu yaxınlarda başqa günahlar işlətdiyimi deyərək gözlərinin içinə baxdım.
Deyəsən, nə haqda danışdığımı başa düşmüşdü. Sonra, elə bil, məsələyə daha ciddi yanaşmalı olduğumu hiss etdiyimə görə qalereyamın bağlanmasından, özümü davamlı olaraq boşluqda hiss etməyimdən, istiqa-mətimi itirməyimdən, vaxtımın çoxunu reallıqla yox, düşünməklə keçirməyimdən danışdım. Elə də çox danışmır, arada bəzi cavablar verirdi; amma danışığını eşitmək istədiyimə görə seans bitəndə ondan haralı olduğunu soruşdum.
– Meidstondanam, – dedi, – Kentdən. Ancaq bir neçə il əvvəl Korliyə köçmüşəm, – deyə əlavə etsə də, sualıma cavabın bu olmadığını anladı və hiyləgərcəsi-nə gülümsədi.
Skott evdə məni gözləyirdi; əlimə bir içki verdi, seans haqda ətraflı öyrənmək istəyirdi. Hər şeyin qaydasında olduğunu dedim. Psixoloq haqda suallar verdi: Ondan xoşum gəldimi? Necə adam idi? Yaxşı olduğunu dedim, çünki çox həvəsli görünmək istəmirdim.
Ben haqda danışıb-danışmadığımızı soruşdu. Skott elə
hesab edirdi ki, hər şeyin səbəbi Bendi. Bəlkə də haqlı idi. Bəlkə də məni düşündüyümdən daha yaxşı tanıyırdı.
1
25 Sentyabr 2012, Çərşənbə axşamı
Səhər
Bu gün tezdən durmuşdum; cəmi bir neçə saat ya-ta bilmişdim, amma bu son həftədə irəliləmə hesab oluna bilərdi. Yerimdən duranda özümü demək olar, yenilənmiş hiss etdim və eyvanda oturmaq əvəzinə piyada gəzintiyə çıxmaq qərarına gəldim.
Özüm də fərqinə varmadan uzun müddətdir özümü evə qapatmışdım. Bu günlərdə getdiyim yeganə
yer mağazalar, pilates dərslərim və psixoloqum idi. Bəzən də Taragilə gedirdim. Qalan vaxtımı isə evdə keçi-rirdim. Narahatçılığım təəccüblü deyildi.
Evdən çıxıb sağa döndüm, “Kinqli” küçəsinə gedən yola çıxdım. “The Rose” adlı barı keçdim. Ora tez-tez gedirdik, artıq niyə getmədiyimiz belə yadımda deyildi. Əslində, oranı elə də sevmirdim, qırx yaşlarına yaxın çoxlu cütlük sərxoş olana qədər içib, daha yaxşı seçimlərinin olub-olmadığını öyrənmək və cəsarətlə-rini yoxlamaq üçün ora-bura boylanırdılar. Bəlkə də
ora getməyə buna görə son qoymuşduq, çünki bu xoşuma gəlmirdi. Barı və mağazaları keçdim. Çox uzaqlaşmaq istəmirdim, məqsədim bir az ayaqlarımı açmaq idi.
Səhər tezdən, dərs başlamamış, işə tələsənlərin izdihamı yaranmamışdan evdən çıxmaq yaxşı idi; bu vaxt küçələr boş və təmiz, gün gözlənilməzliklərlə do-lu olurdu. Yenidən sola döndüm və bizim yeganə yaşıllıq ərazimizə – kiçik oyun parkına tərəf yollandım.
İndi boş idi, amma bir neçə saata təzə yeriməyə başlamış körpələr, analar, dayələrlə dolacaqdı. Pilatesdəki 1
qızların yarısı – elastik, gözəl formalı bədənlərdən və
“Starbucks”larına bükülmüş manikürlü əllərdən ibarət qızlar, – bura gəlib “Sweaty Betty”ə tərəf yola düşəcək-dilər.
Parkı keçərək yoluma davam etdim, Rozberi Bul-varına doğru irəlilədim. Ora dönsəm qalereyamın –
bir vaxtlar mənim olan və artıq boş bir mağaza pəncərəsinə çevrilmiş qalereyamın yanından keçməli olacaqdım, amma bunu etmək istəmirdim, çünki hələ də
yadıma düşəndə dilxor olurdum. Uğur əldə etmək üçün çox çalışmışdım. Yanlış yer, yanlış vaxt – bu cür yaşayış massivində incəsənətə ehtiyac yox idi; bu cür maddi vəziyyət ilə mümkün ola bilməzdi. Əvəzində
sağa dönüb “Tesco Express”in və ev alqı-satqı ofisindən tanıdıqlarımın getdiyi digər bir barın yanından öt-dum. Sonra da evimizə qayıdan yola girdim. Artıq uçuşan kəpənəkləri hiss edirdim, narahat olmağa başlamışdım. Uotsonlarla üzbəüz gəlmək istəmirdim, çünki onları görəndə qəribə vəziyyət yaranırdı; təzə iş tap-mamağım, onlarla işləmək istəmədiyimə görə yalan danışmağım açıq-aydın ortada idi.
Sadəcə olaraq Annanı görəndə də qəribə olurdum.
Tom özünü görməməzliyə vururdu. Anna hər şeyi öz üzərinə götürürdü. Bəlkə də elə düşünürdü ki, qısa dayəlik karyeram onun, ya da uşağının ucbatından bit-məli olub. Uşağın tez-tez ağlamağı onu sevməyi çətin-ləşdirirdisə də, bu, mənimçün problem deyildi. Əslində, vəziyyət tamam qarışıq idi; təbii ki, bunu ona deyə
bilməzdim. Nə isə… Deyəsən, özümü evə qapamağı-mın səbəblərindən biri də Uotsonları görmək istəməməyim idi. Ürəyimdə burdan köçmələrini arzulayır-1
dım. Annanın burdan xoşu gəlmədiyini bilirdim.
Onun bu evdən, ərinin keçmiş arvadından və qatarlar-dan zəhləsi gedirdi.
Tində dayanıb yeraltı keçidə baxdım. Soyuq və
nəm iyi həmişə tüklərimi biz-biz edirdi. Bu, altında-kıları görmək üçün qayanı tərsinə çevirməyə bənzəyirdi: nəm, qurdlar və torpaq…
Bütün bunlar mənə uşaqlıqda həyətdə oynayarkən Benlə birgə gölməçəyə gedib qurbağa axtarmağımızı xatırladırdı. Yeriməyə davam etdim. Küçə təmiz idi –
Tom və Anna görünmürdü – əslinə qalsa hər şeyi dra-matikləşdirməyə meyilli tərəfim olduqca təəssüflənirdi.
Axşam
Skott zəng edib işi gec bitəcəyinə görə gecikəcəyini xəbər vermişdi və bu məni məyus etdi. Onsuz da özümü bütün gün narahat hiss etmişdim və bu hal hələ də
davam edirdi. Rahatlaşa bilmirdim. Evə gəlib məni sakitləşdirməsinə ehtiyacım vardı. Halbuki gəlməsinə
saatlar qalmışdı və fikrimdə yenə nələrsə fırlanır, fırlanır, fırlanırdı; məni yenə də yuxusuz gecələrdən birinin gözlədiyini bilirdim.
Burda elə-belə oturub qatarlara tamaşa eləyə bilməzdim. Çox gərgin idim. Ürəyim qəfəsdəki quş kimi çırpınırdı. Başmaqlarımı geyinib aşağı düşdüm. Qabaq qapıdan Blenheym küçəsinə çıxdım. Saat haradasa 8-in yarısı olardı, işdən qayıdan izdihamdan sadəcə bir ne-çə nəfər qalmışdı. Ətrafda başqa adam olmasa da şam yeməyi üçün içəri çağırılmamışdan qabaq həyətlərində
1
oynayaraq yay günəşinin son şəfəqlərindən həzz alan uşaqların səs-küyü eşidilirdi.
Küçə boyunca stansiyaya qədər piyada getdim. Bir anlıq iyirmi üç nömrəli evin qarşısında dayanıb zəngi basmaq haqqında düşündüm. Nə deyə bilərdim ki?
Qəndim qurtarıb? Söhbət etmək istəyirdim? Nə?
Jalüzlər yuxarıya qədər çəkilmişdi, amma içəridə
heç kim görünmürdü.
Döngəyə qədər gedib çox fikirləşmədən yeraltı keçidə düşdüm. Yolun yarısına çatmışdım ki, qatar gəldi
– olduqca cah-calallı görünürdü. Zəlzələ kimi idi; onu bədəninizin mərkəzində hiss edə bilərdiniz, qanınızı sürətləndirirdi.
Yerdə bir şey gözümə dəydi. Bənövşəyi rəngdə, genəlmiş, çox istifadə olunmuş saç rezini idi. Çox güman qaçmağa gələnlərdən birindən düşmüşdü. Amma nəyə görəsə tüklərim biz-biz oldu və tez bir zamanda günəş işığına çıxmaq istədim.
Evə doğru gedərkən yanımdan maşınla keçdi, bir anlıq gözlərimiz toqquşdu və mənə baxıb gülümsədi.
1
1
REYÇL
12 İyul 2013, Cümə
Səhər
Çox yorğun idim, yatmaqdan başım ağırlaşmışdı.
İçdiyim vaxtlar demək olar ki, yata bilmirdim. Bir-iki saat gözümü yumandan sonra diksinir, özümdən bezgin halda yuxudan oyanırdım. İçmədiyim günlər isə
çox dərin yuxuya dalır, bihuş vəziyyətdə olurdum; səhər açılanda da yaxşı ayıla, yuxululuqdan canımı qurtara bilmirdim. Bu hal bəzən bütün gün davam edirdi.
Bu gün vaqonumdakıların sayı bir əlin barmaqlarını keçməzdi; heç biri də yaxınımda deyildi. Mənə baxan olmadığına görə başımı pəncərəyə dayayıb gözümü yumdum.
Qatarın əyləcinin səsinə oyandım. İşığa çıxmışdıq.
Səhərin bu vaxtı, ilin bu vaxtı günəş şüaları birbaşa dəmir yolunun kənarındakı evlərin üzərinə düşür, onları işıq selinə qərq edirdi. Səhər yeməyi süfrəsində oturub həmişə mənimkilərdən daha isti olduğuna görə ayaqlarımı ayaqlarının üstünə qoyub gözümü qəzetə zillə-yərək Tomun qabağında oturduğum o gün günəş
şüalarının istiliyini üzümdə və qollarımda hiss edirdim. Mənə gülümsədiyini, mənalı baxışlarının nəticəsi kimi sinəmdən boynuma qədər qızardığımı hiss edirdim.
1
Gözlərimi qırpdım və Tom yoxa çıxdı. Hələ də
işıqda idik. Cessin həyətdə olduğunu gördüm. Arxasındakı kişi evdən çıxırdı. Əlində nəsə vardı – yəqin ki, qəhvə fincanı – və diqqətlə baxanda onun Ceyson olmadığını gördüm. Bu kişi daha uzun və daha arıq idi; dərisinin rəngi də daha tünd görünürdü. Bəlkə də ailə
dostlarından biri idi, ya da Cessin, yaxud Ceysonun qardaşı ola bilərdi. Əyilib fincanları eyvandakı metal stolun üstünə qoydu. Onun Avstraliyadan bir neçə
həftəliyinə gəlmiş qohum da olması ağlıma gəldi; ya da Ceysonun köhnə dostu, toylarındakı sağdışı ola bilərdi… Cess ona tərəf gedib əllərini belinə doladı, uzun və ehtiraslı şəkildə öpdü. Qatar hərəkətə gəldi.
İnana bilmirdim. Ciyərlərimi havayla doldurdum, bir də ayıldım ki, sən demə, bayaqdan nəfəsimi tut-muşam. Niyə belə bir şey etmişdi görəsən? Ceyson onu sevirdi, bu aydın idi, xoşbəxt idilər. Onun belə bir şeyi etdiyinə inanmaq istəmirdim; axı buna layiq deyildi.
Doğrudan da həddindən artıq məyus olmuşdum, elə bil, xəyanətə məruz qalan Ceyson yox, mən idim.
Döş qəfəsimdə tanış bir ağrı hiss etdim. Əvvəllər də bu cür ağrını yaşamışdım. Əlbəttə, o zaman o, daha dərin və daha güclü idi, lakin kədərin hansı qəbildən olduğunu dəqiq xatırlayıram. Belə şeylər unudulmur.
O vaxt, bu günlərdə hamının tez-tez düşdüyü tələyə düşdüm – elektron tələyə. Buna bəzi hallarda bir yazılı, bəzən isə bir səsli mesajı misal göstərmək olar.
Mən müasir dövrümüzdə “yaxalıqda pomada izi”
rolunu oynayan e-maili tapmışdım.
Bu təsadüfən baş vermişdi; doğrudan da, onun kompüterini eşələmək məqsədim yox idi. Ümumiy-1
yətlə mən Tomun kompüterinə yaxın düşməməli idim; qorxurdu ki, səhvən lazım olmayan bir şeyə basıb
“Troyan”, ya da onun kimi bir virus salaram.
Bilmədən e-mail adresindəki bütün kontaktları siləndə, – ”Texnologiya ilə aran elə də yaxşı deyil, hə
Reyç?” – demişdi. Yəni, bu o demək idi ki, kompüterə
daha əl vurmamalı idim. Amma əslində, yaxşı bir iş
görməyə çalışırdım; son vaxtlar miskin və çətin yola gedilən biri olduğuma görə üzrxahlıq etmək üçün xüsusi olaraq dördüncü ildönümü səyahəti planlaşdırırdım və mənim fikrimə görə, bununla da əvvəlki günlərimizi xatırlayacaqdıq.
Sürpriz etmək istədiyim üçün ondan gizli iş təqviminə baxmalı idim.
Eşələməyə çalışmırdım, gizli bir şey axtarmırdım, bu cür şeylər edən adamlardan deyildim. Ərlərinin ciblərini eşələyən özündənşübhəli qadınlardan olmaq fikrim də yox idi.
Bir dəfə o vanna otağında olanda telefonuna cavab vermişdim; bu onu çox məyus etmiş, məni ona güvən-məməklə təqsirləndirmişdi. Hərəkətimin ona belə təsir etdiyinə görə özümü çox pis hiss etmişdim.
İndi isə iş təqviminə baxmalı idim və iclasa getmək üçün evdən çıxanda noutbukunun açıq qaldığını gördüm. Mənim üçün əla fürsət idi, təqvimə baxıb bəzi tarixləri özüm üçün qeyd etdim. Təqvimlərlə birgə
brauzerini də bağlayandan sonra gözümə açıq qalmış
e-mail adresi dəydi. Ən axırıncı e-mail aboyd@cinna-mon.com-dan gəlmişdi. Üzərinə basdım. XXXXX. Sadəcə olaraq, bunlar var idi, bir dolu sətir X. Əvvəl elə
1
bildim ki, spamdır; sonra anladım ki, öpüş mənasında-dır.
Bu, Tomun bir neçə saat əvvəl, saat yeddidən sonra, mən hələ yerimizdə uzanıb mürgüləyərkən göndərdiyi e-mailə cavab olaraq yazılmışdı:
Dünən gecə səni düşünərək yatdım,
Dodaqlarını, döşlərini, qasığını öpdüyümü təsəvvür etdim,
Bu səhər fikrimdə səninlə oyandım, Sənə toxunmaq üçün alışıb-yanıram, Məndə şüur axtarma, sən varsansa o olmaz.
Mesajlarını oxudum, onlarla idi. “Admin” adlı bir qovluqda gizlədilmişdilər. Adının Anna Boyd olduğunu və ərimin ona vurulduğunu başa düşdüm. Ona bu-nu tez-tez deyirdi. Əvvəl heç vaxt belə bir şey hiss etmədiyini, birgə olacağı günü səbirsizliklə gözlədiyini yazmışdı.
Həmin gün nə hiss etdiyimi izah etməyə söz tapa bilmirdim, amma indi bu qatarda əsəbdən dodaqlarımı çeynəyir, dırnaqlarımı əllərimə batırırdım. Gözlərim yaşarmışdı. Hiss etdiyim qəzəb həmişəkindən daha böyük idi. Elə bil, məndən nəsə oğurlamışdılar. Bunu necə edə bilmişdi? Cess bunu necə edə bilmişdi? Nə
olmuşdu ona? Onların həyatlarına bir bax, necə də
gözəl idi! Heç vaxt başa düşmürdüm ki, insanlar ürək-lərini dinləyərək qırdıqları qəlblərə necə bu qədər laqeydcəsinə yanaşırlar. Kim deyirdi ki, ürəyin səsini dinləmək yaxşı şeydi? Bu əsl eqoizm, hər şeyi əldə etməyə çalışan bir insanın xudpəsəndliyi idi. Daxilim nifrətlə dolmuşdu. İndi o qadını görsəm, Cessi deyi-1
rəm, indi görsəm, üzünə tüpürərdim. Gözlərini çıxa-rardım.
Axşam
Xətdə nə isə problem olmuşdu. Stoka gedən 17:56
sürət qatarı ləğv edildiyinə görə sərnişinləri mənim olduğum qatara doluşmuşdular. Vaqonda ancaq ayaq üstə dayanmaq üçün yer qalmışdı. Yaxşı ki, oturmuşdum; amma pəncərə qırağında yox, dəhlizdə idim.
Çiynimə, dizimə söykənən bədənlər yerimi daraldırdı.
Onları itələmək, ayağa durub acıqla arxaya sıxmaq istəyirdim. Hərarət gün ərzində daha da artmış, məni ağuşuna almışdı; elə bil, üzümə nəfəs almağıma mane olan maska taxmışdım. Bütün pəncərələrin açıq olmasına baxmayaraq, hərəkətdə olarkən belə ağzı bağlı sandığı xatırladan vaqona hava girmirdi. Ciyərlərimə
lazımi qədər oksigen ötürə bilmirdim. Ürəyim bulanırdı. Səhər qəhvə dükanında baş verən hadisə gözümün qabağından getmirdi; özümü hələ də oradaymı-şam kimi hiss edirdim; baxışlarından canımı qurtara bilmirdim.
Hər şey Cessin təqsiri idi. Bu səhər ancaq Cess və
Ceyson barədə, Cessin etdiyi şeyin qarşısında – Ceyson bunu biləndə – onun reaksiyası, eynilə məndə baş
verdiyi kimi həyatının alt-üst olması barədə düşünürdüm. Heyrət içində çaşıb qalmışdım; hara gedəcəyimlə
bağlı diqqətimi cəmləyə bilmir, ora-bura fırlanırdım.
Düşünmədən Hantinqdon Uaytlidə çox adamın istifadə etdiyi qəhvə dükanına girdim. Qapıya təzəcə
çatmışdım ki, onları gördüm və geri qayıtmaq üçün 1
gecikdiyimi başa düşməyim çox çəkmədi; mənə baxırdılar, baxışlarına bir gülümsəmə əlavə etmək ağıllarına gələnəcən, gözlərini qırpmadan bir müddət baxmağa davam etdilər. Əl-qol işarələri ilə məni yanlarına çağıran Martin Maylz, Saşa və Harritdən ibarət may-maq kişilərin triosu…
– Reyçl! – deyərək Martin qollarını uzadıb məni qucaqladı. Bunu gözləmirdim, əllərim aramızda ilişib qaldı, gülməli formada bədəninə toxundu. Saşa ilə
Harrit gülümsədilər, çox yaxınlaşmamağa çalışaraq hava öpüşləri göndərdilər. – Burda neyləyirsən?
Uzun müddət, olduqca uzun müddət susub dayandım. Döşəməyə baxdım, qıpqırmızı qızardığımı hiss etdim. Bununla vəziyyəti daha çıxılmaz hala saldı-ğımı başa düşüb süni şəkildə gülümsədim, ancaq və
ancaq, – Görüş… görüşüm var, – deyə bildim.
– Hə, – Martin təəccübünü gizlədə bilməsə də, Sa-şa və Harrit başlarını yelləyib gülümsədilər, – Kiminlə?
Ağlıma heç bir ictimaiyyətlə əlaqə şirkətinin adı gəlmirdi. Bircə dənə belə! Alqı-satqı şirkətlərinin də
adları uçub getmişdi; işçi qəbul edən bir şirkətin belə
adını yadıma sala bilmirdim.
Bir müddət hərəkətsiz dayanıb sonra işarə barma-ğımla alt dodağımı qaşımağa başladım. Nəhayət, Martin, – O qədər gizlidi? Bəzi şirkətlər belə qəribə olur da!
Müqavilə bağlanıb, iş rəsmiləşənə kimi heç kimə heç nə deməyə icazə vermirlər, – dedi.
Bu, cəfəngiyyat idi və o da bunu bilirdi; məni vəziyyətdən çıxarmaq üçün demişdi; amma təbii ki, heç kim buna inanmamışdı. Bununla belə hamı özünü inanmış kimi göstərib başını yellədi.
1
Harrit və Saşa gözlərini arxamdakı qapıya zillə-mişdilər, mənim yerimə utanmış və bundan can qurtarmaq üçün yollar fikirləşməklə məşğul idilər.
– Yaxşısı budur, gedim qəhvəmi sifariş verim, –
dedim, – gecikmək istəmirəm.
Martin əlini qoluma toxundurub, – Səni görməyimə şadam, Reyçl, – dedi. Açıq-aydın mənə yazığı gəlirdi. Həyatımın son bir-iki ilinə qədər bu cür acınacaqlı halda olmağın necə utandırıcı bir şey olmasının fərqinə
belə varmamışdım.
Planımda Tiobalds küçəsində yerləşən Holborn ki-tabxanasına getmək vardı, amma riskə getmək istəmədim, onun əvəzinə Recents parkına getdim. Ən uzağa, zooparka qədər piyada addımladım. Bir çinarın kölgəsində oturub qarşıdakı boş saatlar haqda fikirləşərkən qəhvə dükanındakı söhbəti yenidən təsəvvürümdə
canlandırdım; mənlə sağollaşanda Martinin üzündə
yaranan mənasız ifadəni xatırladım.
Mobil telefonum zəng çalanda artıq yarım saata yaxın idi ki, orda otururdum. Zəng yenə də Tomdan idi; bu dəfə ev telefonundan zəng etmişdi. Onu xəyalımda günəşli mətbəximizdə oturub, noutbukunda işləyərkən canlandırdım, amma bu səhnə yeni həyatının hücumu ilə darmadağın oldu. Annanın kölgəsi də bir küncdə çay dəmləyərkən, ya da körpə qızlarını yediz-dirərkən Tomun üstünə düşəcəkdi. Telefonun zəng çalıb, avtocavablayıcıya keçməyini gözlədim. Çantama qoyub unutmağa cəhd etdim. Daha eşitmək istəmirdim; hər halda, bu gün yox! Bu gün onsuz da kifayət qədər dəhşətli gün oldu; halbuki saat hələ səhər 11-in yarısı belə olmamışdı.
1
Üç dəqiqəyə yaxın gözləyib telefonu əlimə aldım.
Özümü əvvəllər danışığı qəhqəhələrlə müşayiət olunan, indi isə ancaq nəsihət vermək, təsəlli vermək, ya da yazığı gəlmək üçün zəng edən Tomun səsinin verdiyi əzaba hazırladım, amma mesaj ondan gəlməmişdi.
– Reyçl, Annadı, – zəngi sonlandırdım!
Nəfəsim daralırdı, ağlımdan keçənlərə və bunun təsiri altında hər yerimin qaşınmasına mane ola bilmirdim.
Ayağa durdum, Titçfild küçəsindəki mağazalardan birinə girib özümə dörd qutu cin tonik alaraq parkdakı yerimə qayıtdım. Birincini açıb bacardığım qədər tez içdim, sonra ikincisini açdım. Qaçanları, uşaq arabası ilə gəzintiyə çıxanları və turistləri görməyim deyə, arxamı onlara çevirmişdim. Uşaq kimi, elə bilirdim ki, mən onları görmürəmsə, onlar da məni gör-mürlər. Təzədən avtocavablayıcını yığdım.