Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Yalnızıq», страница 5

Шрифт:

Çaşıb qaldı. İrəli getdi və yenə də ayaq saxladı. Öz otağına qaçıb getmək gəldi ağlına. Lakin nə üçün? Şübhəsini gizli saxlaya bilərdi. Bir neçə addım da irəlilədi. Bu vaxt burnuna lavanda ətri dəydi… İndi də bunun mənasını anlaya bilmirdi… Hətta hamam məsələsi də içinin şübhəsini qıcıqlandırmaqda davam edirdi…

“Bu saatda hamamda nə işi var idi bu qızın?”

Gözlərini qapıya zillədi. Nə edəcəyini bilmirdi. Gözlədi. Bir neçə addım da irəli doğru sürükləndi. İndi hamamın qapısı düz qarşısında idi. Suyun artıb-çoxalan şırıltısı yorğunlaşıb süstləşmiş diqqətini uyuşdurur, daha da keyləşdirirdi.

Səlmin hamam otağından çıxdı və qaça-qaça öz otağına tərəf getdi. Onu görmədi də. Qapısını açdı və heyrət içərisində dayandı. Yəqin ki, işığı söndürdüyünü xatırlamış və kimin yandırdığını düşünməyə başlamışdı.

Məfharət özünü irəli atdı. Ayaq səslərini hiss edən Səlmin başını çevirib anasını görən kimi əvvəlcə tərəddüd hissi keçirdi və qapını bağladı.

Məfharət də bir anlıq tərəddüd yaşadı. Şübhə və maraq hissindən daha çox qəzəbə bənzəyən bulanıq bir duyğunun təsiri altında irəli getdi, qapını döydü. Bir az gözlədi. İçəridə bir hərəkətlənmə olmayınca qapını təkrar taqqıldatdı.

Səlminin əsəbi səsi eşidildi:

– Nə istəyirsən?

– Aç!

– Əynimi soyunuram!

Qapı açılmadı. Məfharət belə bir saatda paltar dəyişdirməyin beynini döyəcləyən qarmaqarışıq mənaları içərisində eşələnməkdən ehtiyat edərək bir az da gözlədi.

Aradan ötən zaman ona çox uzun göründüyü üçün qapını təkrar döydü.

Cavab gəlmədi. Məfharət bu dəfə qapını yumruqladı və bağırdı:

– Aç, aç deyirəm sənə. Yoxsa pis olacaq!

Qapı açıldı. Səlmin kimonosunu çılpaq bədəninə keçirmişdi, indi də kəmərini bağlayırdı. Qaşları çatılmışdı. Anasına qəzəb dolu bur heyrət hissi ilə baxırdı:

– Səhərin bu vaxtında nə istəyirsən məndən?

Məfharət gözucu çarpayının aşağı tərəfində qıvrılıb qalmış alt paltarlarına ilə baxdı, hələ də qüvvətli bir lavanda ətri verən havanı qızının gözünə çarpacaq bir şəkildə ciyərlərinə çəkdi və soruşdu:

– Səhərin bu saatında bu nə ətirdir belə?

– Nə ətiri?

– Bu nə lavanda ətridir deyirəm sənə? Nə hamamlanmadır? Nə alt paltarı dəyişdirməkdir?

Səlmin anasının üzündə dolaşan diqqət dolu baxışlarını güclə qopararaq bəzənmə masasına doğru çevrildi və lavanda şüşəsinin döşəməyə dağılmış qırıqlarını göstərdi:

– Bir damla belə vurmadım, – dedi, – şüşəni göz önündən götürüb qarderoba qoyacaqdım. Əlimdən düşdü, qırıldı. Onsuz da, içində az idi, o da töküldü. Hamama da girməmişdim. Üzümü, boynumu yuyurdum.

Məfharət otağa girdiyi vaxt ayağı stula ilişdi.

– Günün günorta saatlarına qədər yatan bir adam niyə bu gün səhərin erkən belə vaxtında yuxudan oyansın?

Səlmin çarpayısının kənarında oturdu. Kimonosunun qabağından görünən dizlərinin üstünü örtərək dedi:

– Belə məsələlərə də qarışacaqsan? Nə olub səhər-səhər qalxmışamsa? Dünən gecə yuxuya gedə bilmədim, indi də erkəndən qalxdım…

Anası barmağı ilə siqaret kötüklərinin qalağını göstərərək:

– Bəlli olur, – dedi, – siqaret kötüklərindən hər şey bəlli olur…

– Əgər bəllidirsə, o zaman niyə soruşursan?

– Soruşaram, əlbəttə…

Məfharət verdiyi cavabın mənasızlığını anladığı üçün hücumunu yeni dəlillərlə təzələmək ehtiyacı hiss etdi. Qaşlarını çatdı, düşündü. Səlmin qarderoba tərəf gedib alt paltarı boxçasını çıxartdı. Anasının arxası ona tərəf idi. Kimononu çiynindən atdı və əlinin birini qarnının üstündə gəzdirərək güzgüdə çılpaq bədəninə tamaşa elədi.

Sonra sürətlə alt paltarını geyindi və üstündən də kimononu yenidən əyninə keçirdi. Gecə köynəyini çarpayının üstündən götürməmişdi.

Gəlib yenidən yatağının bir küncündə əyləşdi və siqaret yandırdı.

Məfharət sözə necə başlayacağını hələ də bilmirdi. “Mən sənin üçün səkkiz il dul qaldım”… Yox, belə başlamaq olmazdı… Bu pis bir başlanğıc olardı. İndiyə qədər çox demişdi bu sözü. Səlminin də cavabları məlum idi. “Qalmasaydın! Mən sənə yalvarmışdımmı? Atamın xətri sənin üçün heç bir məna daşımırdımı? Kaş ki bir dəfə də evlənəydin, mənim işimə də bu qədər qarışmayaydın…”

Xeyr, inadkarlığı tutduğu zaman bu qızı minnət altında qoyacaq nəsə söyləmək mümkün deyildi. Lakin Məfharətin ürəyində: “Nankor!” – deyə sözə başlamaq və “Nəyin əksik idi sənin? Belə bir ana haradan tapacaqsan bir də?” – deyə soruşmaq ehtiyacı var idi. “Nankor! Nankor!”

Yalnız bu kəlməni söyləsə, ürəyini doldurmuş böyük bir hiss külçəsini boşaltmış olacaqdı. Lakin birdən-birə “nə münasibət?” soruşa bilərdi qızı… Bu söhbətə başlamaq üçün nə isə giriş tapmaq lazım idi. İndi Məfharət onu axtarırdı. Bir bəhanə… Ondan çox, ondan bol nə var idi ki? Lakin elə bu dəqiqə, bir andaca bu ana, bu saniyəyə uyğun gələn bəhanə tapmaq çətin idi. Yadına heç bir şey düşmürdü.

Bundan daha çox susa da bilməyəcəkdi. Qızı bu dəqiqə onun belə bir vaxtda, günün bu saatında buraya gəlməsinin səbəbini anlamaq istəyən alçaldıcı baxışları üstünə yağdırırdı. Dərhal bir şey söyləmək lazım idi.

Düşünmədən soruşdu:

– Niyə bütün gecəni yatmamısan?

Səlmin cavab vermədi, qalxdı, siqaretinin külünü bir az kənarda duran külqabına silkələdikdən sonra çarpayısının ayaq tərəfindəki gecəköynəyinin şalvarını götürdü və ayağına keçirdi.

Məfharət də siqaret çəkmək istəyirdi. Lakin Səlmin siqaret qutusunu cibinə qoymuşdu. Ondan siqaret istəmək, haradan başlamaq lazım gəldiyi haqqında hələ düşünmədiyi bir davanın hazırlıq anında qızına kiçik bir üstünlük fürsəti vermək demək idi. Amma nə qədər istəsə də, gözlərini siqaret tüstüsündən ayıra bilmirdi.

Səlmin o dəqiqə bunu başa düşdü, siqaret qutusunu çıxardı və anasına doğru uzatdı:

– Çəkirsən?

Məfharət istəyin pəncəsində qıvranan bir qürurun boğduğu səslə:

– İstəmirəm, – dedi.

Səlmin onun içindəki mücadiləni gözləri ilə görürmüş kimi təkid etdi:

– Al, al! Sən bura mənimlə dalaşmağa gəlmisən! Bunu da siqaretsiz edə bilməyəcəksən. Ona görə də al!

Anası qızardı. İstəyi də, qüruru da eyni andaca yerlə bir oldu sanki. Otağına gedib öz siqaretini götürmək gəldi ağlına. Amma Səlmin onun bu hərəkətinə güləcəkdi… Hər şeyi başa düşən bu qızın ağlına qarşı hiss etdiyi heyranlıq, inadı ilə bağlı hiss etdiyi qəzəb, günahı ilə bağlı hiss etdiyi kin, qüruruna qarşı hiss etdiyi üsyan və bütün gecə ərzində onu yuxusuz qoyan iztirabları ilə bağlı hiss etdiyi analıq şəfqəti Məfharətin ruhunda qarmaqarışıq duyğular oyatmışdı. Qadının içi elə bir şəkildə silkələndi ki, nə edəcəyini bilmədi. Əlini siqaretə uzatdı, amma tez də götürmədən geri çəkib ayağa qalxdı. Amma sonra özünü birdən-birə boşluğa buraxırmış kimi kresloya çökdü və hıçqırmağa başladı.

Səlmin stola yayxanıb siqaretini söndürdü. Sonra ayağa qalxıb başını aşağı salaraq fikirləşməyə başladı. Üzü gərginləşmişdi. Gözü yaşlı anası onun da hönkürüb ağlamaqdan özünü güclə saxladığını yaxşı başa düşürdü.

– Bir yaylıq ver mənə, – dedi.

Gözlərinin yaşını silə-silə başını buladı:

– Görürsən də, nə haldayam?! Bir dəfə də olsun, fikirləşmisən heç? Anayam mən, ana!.. El-aləmin bir cavan oğlanını mənə qurban vermisən, çoxdurmu? Sənin xoşbəxtliyini düşündüyüm üçün onu istəmirdim. Onun səni sevdiyinə inanmırdım mən. Heç sən də onu sevmirdin… Mənə demişdilər, bilirdim. Onunla bütün münasibətləri qırdığını dedikləri vaxt çox sevindim. Belə olduğu halda mənim günahım nədir axı? Niyə mənə düşmən oldun? Niyə məndən hayıf çıxasan deyə ailənin namusunu bir qəpiklik edəcək hərəkətlər etdin? Kiminlə? Heç olmasa, bunu de ki, mən də narahatlıqdan qurtulum. Sonra da bunun çarəsinə baxarıq. Heç kim heç nədən xəbər tutmaz.

Səlmin dizlərini bir-birinə vururdu. Gözlərini düz qarşısına dikmişdi. Anası bir daha təkrarladı:

– Söylə. Bir çarəsini taparıq. Təki heç kim duymasın. Heç kim xəbər tutmasın. Bax, gör, nələrə razı oluram mən. Səni öldürmədiyimə şükür elə!

Səlmin çiyinlərini çəkdi. Alt dodaqlarını gəmirir, başını pəncərəyə tərəf çevirərək yavaş-yavaş içəri soxulan səhər şəfəqlərini dalğın baxışlarla süzürdü.

– Mən bunun çarəsinin tapılmasını istəmirəm.

– Nə edəcəksən bəs?

Qız yenidən gözlərini qarşısına dikdi və asta səslə dedi:

– Uşağı doğacağam.

Məfharət ağzını açdı, dərindən nəfəs alıb yerindəcə donub qaldı. Böyük həcmdə hava udduğundan sinəsi şişdi. Sonra birdən-birə nəfəsini boşaldaraq bağırdı:

– Sən ağlınımı itirmisən?

– İtaliyaya gedəcəyəm. Ya da Vyanaya… Bəlkə də, Parisə… Hələ ki qərar verməmişəm. Lakin gedəcəyəm. Orada doğacağam. Artıq Tarlabaşındakı dükana müştəri də tapmışam. Satacağam… Bir neçə min lirəm var… Əslində, satmasam da, keçinərəm. Qərarımı vermişəm…

Üzü birdən-birə qızarıb şişməyə başlayan Məfharət bədənini yuxarı dartdı, sonra özünü buraxdı. Əlini ürəyinin üstünə qoydu:

– Ay aman… – dedi və udqundu.

Başı hərlənirdi.

– Allahım, mənə qüvvət ver.

Bir dəfə də dərindən nəfəs aldı.

– Sonra? Sonra nə olacaq? Bicini doğub buramı qayıdacaqsan?

– Orada ailə quracağam. İki il keçəndən sonra ayrılıb gələcəyəm.

Məfharət arxasını qızına çevirdi və başqa biri ilə danışırmış kimi dedi:

– Vallah bunun ağlı başında deyil, gör bir nə axmaq-axmaq sözlər danışır? Vallah bu dəli olub.

Sonra üzünü Səlminə tərəf çevirərək əlavə etdi:

– Ay balam, sən nələr danışırsan? Məgər ər küçələrə tökülüb ki, sən də tapasan?

– Mən taparam, narahat olma.

– Əcnəbiyləmi evlənəcəksən? Sonra necə ayrılacaqsan ondan? Məgər ayrılmaq beləmi asandır?

Məfharət bu dəfə də tavana baxaraq:

– Vallah, billah bu qız ağlını itirib! – bağırdı.

Yerindən qalxdı, Səlminin cibindən siqaret qutusunu götürdü. Kibriti yandırdığı zaman əlləri titrəyirdi.

– Bütün bunları mənim acığımamı edirsən sən? Nişanlın ilə evlənməyinə razılıq vermədimmi deyə edirsən? Onu bu evdən qovdummu deyə? Yaxşı elədim qovdum. İstəyirsən lap pozğunxanalara düş. Yenə də o oğlanı bizim evə soxmağına imkan vermərəm.

Məfharətin bütün vücudu tir-tir titrəyirdi.

– Allahım, mənə qüvvət ver! – dedi. – İndi beynimə qan sızacaq. İflic keçirəcəyəm! Başım hərlənir. Bu qız məni öldürəcək. Ölsəm, canım qurtarar… Hər şey cəhənnəmə, yataq xəstəsi olacağam.

Səlmin ayağa qalxdı, anasının yanına bir stul da dartıb gətirdi və üstünə külqabı qoydu.

Məfharət onun biləyini havadaca tutdu:

– Dayan! Mənə söylə görüm hələ bir! Niyə bicinin atası kimdirsə onunla evlənmir, başqa birini axtarırsan?

Səlmin biləyini onun əlindən dartıb çıxarmağa çalışır, lakin bu hərəkətinə ciddi bir mübarizə mənası verməmək üçün son qüvvəsini xərcləmirdi.

– Onunla evlənmərəm, istəmirəm, – dedi.

Anası qızının biləyindən daha möhkəm yapışaraq özünə tərəf çəkdi:

– Niyə? Yoxsa o adam evlidir?

– Bilmirəm, bəlkə də…

Məfharət bu dəfə də qızının biləyini sıxmağa və bağırmağa başladı:

– Söylə! Tez ol de, görüm, “bəlkə” nə deməkdir? Evlidirmi, evli deyilmi?

Biləyini anasının əlindən çıxarmaq üçün var qüvvəsi ilə çabalayan Səlmin səs-küy qopardı:

– Burax, ana! Burax! Qolumu qıracaqsan! Burax deyirəm sənə!

– Qıracağam! Niyə qırmıram ki? Hələ başını da partladacağam sənin! Kimdir, tez ol, söylə!

Bundan sonra qız var gücü ilə qışqırmağa və yerində qıvrınmağa başladı!

– Ana, burax! Burax! Burax deyirəm sənə!

Məfharət bu dəfə hər iki əli ilə qızının biləyindən yapışaraq dırnaqlarını, demək olar ki, onun ətinə keçirmişdi:

– Söylə, sonra buraxacağam! Yoxsa əlimdən qurtara bilməyəcəksən!

Səlmin var qüvvəsi ilə silkələndikdən sonra:

– Burax, söyləyəcəyəm, – dedi.

Anası, nəhayət ki, onun əlini buraxdı.

Biləyi anasından qurtular-qurtulmaz arxaya səndələyən qız yatağın kənarında əyləşdi və qıpqırmızı kəsilən ətini ovxalamağa başladı. Ayağa qalxan anası hələ də bayaqkı sözlərini təkrarlayırdı:

– Söylə, kimdir? Evlidirmi? Subaydırmı? Kimdir axı o?

Dərin-dərin nəfəs alan Səlmin cavab verdi:

– Evli deyil.

Məfharət uzun zaman tərəddüd etdikdən sonra:

– Bu evin içindədir? Kimdir? – deyə soruşdu.

Səlmin anasının üzünə yüngülcə toxunaraq uzaqlara qaçan dalğın baxışlarla cavab verdi:

– Hə…

Sonra bir fəlakətin qarşısını almaq üçün həqiqəti bir qədər mübhəm saxlamaq istəyirmiş kimi əlavə etdi:

– Onun kimi bir şeydir.

– “Onun kimi bir şeydir” nə deməkdir belə? Anlamışdım onsuz da mən. Bu evin içindədir o adam. Sən qorxdun, ona görə sözünü dəyişdirmək istədin… Onsuz da, hiss edirdim. Bu evin içindədir. Bu dəqiqə ağlımı itirəcəyəm. Bu evin içində dayıların var ancaq. Hansıdır? Söylə, yoxsa boğacağam səni. Hansıdır? Ağabəyimmi?

Səlmin başını buladı:

– Yox!

– Bıs kimdir? Bəsimmi? Axı başqa kim var bu evin içində? Tez söylə, deyirəm sənə! Bu dəqiqə yıxılacağam, bir də heç qalxmayacağam! Axırıma çıxacaqsan sən mənim! Öldürəcəksən”

– Var!

– Kim var?

Səlmin yerindən qalxdı və pəncərəyə tərəf bir neçə addım atdı.

Arxasınca qaçan anası özünü ona yetirib çiyinlərindən tutdu və var qüvvəsi ilə silkələməyə başladı:

– Kim var, tez ol de?!

Səlmin geri çəkildi. Üzü ağappaq ağarmışdı. Gözləri elə bərəlmişdi ki, ağlını itirəcəyi ilə bağlı insanın içində xof düşməyı bilməzdi. Solğun dodaqları tir-tir titrəyirdi. Anasının yeni bir hücumundan qorunmaq istəyirmiş kimi qollarını irəli uzatmışdı. Gözlərini qırpmadan baxır, qaşları öz-özünə qalxıb-enirdi.

Sonra… Birdən-birə qolları yanına düşdü. Qarşısına baxdı və cavab verdi:

– Ac adam!

Məfharət iki əlini birdən yanaqlarına uzatdı, sonra da pırtlaşıq saçlarına doğru apardı. Ağzı açıq qalmışdı, gözləri qızarmış, bərəlmiş, qaşları yuxarı dartılmışdı. Bir anlıq yerindəcə donub qalmışdı.

Amma bir neçə saniyə sonra durduğu yerdəcə yırğalanmağa, əsməyə başladı. Müvazinətini saxlaya bilməyəcəyi bəlli idi…

Yerə yıxılmamaq üçün bütün qüvvəsini topladı. Pəncərəyə tərəf getdi. Siqareti əlindən düşmüşdü. Fərqinə belə varmadı. Otağın ortasına doğru addımladı və özü də hiss etmədən ayağını stula çırpdı.

Səlmin qorxu içində ona doğru bir addım atdı.

Anası otağın qapısına doğru addımladı. Qapı ilə danışırmış kimi:

– Səsim çıxdığı qədər bağırmasam, ölərəm, – dedi.

Tir-tir titrəyirdi. Əlini başından çəkdi və ovucundakı bir ovuc saçı yerə atdıqdan sonra ani bir qərarın təsiri altında sıçrayaraq otaqdan çıxdı və bağırmağa başladı:

– Ağabəy! Ağabəy! Bəsim! Hasibə! Gəlin! Gəlin bura! Tez olun! Ağlımı itirəcəyəm! Ağlımı itirəcəyəm!

Sonra divara söykəndi! Elə bil özündən getməyə, huşunu itirməyə hazırlaşırdı, lakin getmədi! Başına bir ağrı saplanmışdı! Gicgahlarından yapışaraq başını ovucunun içinə aldı və ovuşdurmağa başladı.

***

Ən şiddətli arzular mənə ən mənasız anlarda və ən uyğun olmayan təhrik qüvvəsi ilə gəlir. Ablamın ayaqlarını ləyəndəki isti suyun içərisində qıpqırmızı qızarmış görüncə səhərin bu alaqaranlığında ürəyim ilbiz istədi. Onun qışqırığını eşidib qaçıb-gəldiyim üçün hələ ki səhər yeməyini yeməmişdim. Otağına apararaq yerinə uzandırmaq və isti su hazırlanana qədər əsəblərini sakitləşdirmək üçün ağabəyimlə əməlli-başlı əziyyət çəkdik. Ac adamın sevgilisi öz otağına qapanmışdı, üzünü görə bilmədik. Hasibə titrəyən əlləri ilə ablamın ayağını qurulayarkən ağabəyim arxasını bizə döndərib pəncərədən bağçanı seyr edirdi. Bayaqkı qiyamətin yanında indiki səssizlik dünyanın yaradılmazdan əvvəlki halı ilə yarışa bilərdi. Ürəyimdən Hasibənin buradakı işini tez bitirib dərhal səhər yeməyini hazırlamağa getməsini demək keçirdi. Zavallı qadının üzündə fırtınalar coşmuşdu. Ac adamın Səlminlə yaşadığı macəra ablam qədər onun da ağlını başından almışdı. Hərifə vurulmuşdu, deyəsən. Lakin ablam kimi hay-küy salmağa və ayaqlarını isti suya qoymağa haqqı olmadığından titrətməklə yetinməli olurdu. Hansısa bir xidmətçiyə qarşı bu belə qibtə ediləcək azadlıq demək idi.

Sonra ablamın ayaqlarını və dizlərini ovxalamağa başladı. Barmaqlarında elə bir kin var idi ki, əlləri xanımının boğazına qədər çıxsaydı, onu boğa da bilərdi. Bu, bir masajdan daha çox cinayətə görə cəzalandırmağa bənzəyirdi. Ablamın qarnının üstünə çatanda Hasibənin qəzəbli əlləri qudurmuş kimi oldu. Bəlkə də qulluqçu qadın o anda Səlminin doqquz ay on gün bu qarında yatdığı haqqındamı düşünürdü…

Ablam bağırdı:

– Yavaş ol görək! Öldürəcəksən məni!

Ağabəyim çarpayıya yaxınlaşırdı. Tünd qəhvə rəngli gecə pünyarına bürünmüş zəif vücudu ilə bir dağ manastrının ucu görünməyən qaranlıq dəhlizlərində, səssiz və ağır addımlarla səhər ibadətinə gedən rahibin xəyalətinə bənzəyirdi. Masaj bitdikdən sonra ovcunu ablamın alnına qoydu və dayandı. Hasibənin yerdən ləyəni alıb otaqdan çıxmasını, qapını bağlamasını və ayaq səslərinin uzaqlaşmasını gözlədi. Sonra mənə tərəf baxdı. Enerji dolu gözlərlə boşboğazlıq etmək ehtimalımı geri oturtduqdan sonra bir az da gözlədi. Səssizlik onun sehr və təlqin şərtlərindən biri idi. Dünən Aydına da belə eləmişdi. Bir az ablama tərəf əyildi və çöldən gələn xoruz səslərinin təsiri altında tamamilə ağırlaşan bir səs tonu ilə ona əmr verdi:

– Gözlərini yum!

Oturduğum kresloda ablamla birlikdə mən də gözlərimi yumdum və dünən biz Aydının müalicəsi ilə əlləşdiyimiz zaman Aləmdağından gələn kərə yağının açılış mərasimində neçə dəqiqə sonra ola biləcəyimiz haqqında düşünməkdən özümü saxlaya bilmədim. Bəlkə də, Hasibə indi çörəkləri qızardırdı. Soyuyarsa, işə yaramayacaqdılar. Ləzzətləri itəcəkdi.

Otaqdan o dəqiqə çıxmağa cəsarətim çatmadı.

Ağabəyim ablamdan soruşdu:

– Heç olmasa, indi bir az yaxşısanmı?

– Yaxşı deyiləm.

– Bir az yaxşıyam deməyini xahiş edirəm.

Ağabəyim bu bir cümləni ablama bir neçə dəfə pıçıltı ilə təkrarlatdı. Köhnə vasitədir, amma mən bunun faydasını öz üzərimdə çox hiss etmişdim. İnsanın ən asanlıqla aldada bildiyi axmaq özüdür.

Ağabəyim sözünə davam etdi:

– Fərz elə ki dənizə düşmüsən. Düşün ki, əgər çabalayarsansa, boğulacaqsan. Anladınmı? Çabalamaq, çırpınmaq pisdir. Təhlükəlidir. Gözünün qabağına gətir. Özünü suyun üzərində sərbəst burax. Daha sərbəst. Daha sərbəst… Özünü heç sıxma… Qollarını, ayaqlarını tamamilə rahat burax… Qorxma… Hesab et ki, mən də sənin yaxınlığında üzürəm. İndə də buludsuz, masmavi, sakit bir göy üzünü gözlərinin önünə gətir. Buludsuz, masmavi, sakit… Suyun üzündə, arxası üstə yataqda uzanmış kimi rahat, sahilə tərəf üzürük. Anladınmı? Bu rahatlığı, əminamanlığı çırpınmaqdan, çabalamaqdan, hayqırmaqdan qorumağa borclusan. Bu haqda fikirləş… Yaxşı-yaxşı fikirləş… Çırpınmaq və çabalamaq batmaqdır. Hayqırmaq boğulmaqdır. Sakit ol. Özünü rahat burax. Əmin ol… Batmayacağından, salamat çıxacağından əmin ol… Bax, indi gör vəziyyətin nə qədər düzəldi. Yenə gözünün qabağına gətir. Buludsuz, masmavi, sakit bir göy üzünü təsəvvür et… Təhlükə keçdi. Artıq sahilə yaxınlaşırıq. Sən daha dərindən nəfəs almağa başlayırsan. Çünki rahatlaşmısan, yaxşısan artıq… Elə deyilmi? Düzünü de mənə.

Ablam titrək səslə cavab verdi:

– Hə. Doğrudan da…

Ağabəyim dikəldi:

– İndi gözlərini ağır-ağır, yavaş-yavaş aç, – dedi, – aç gözlərini. Bədənini daima sərbəst burax. Heç bir yerin yığılmasın, gərgin olmasın. Heç bir ani hərəkət də eləmə.

Ablam gözlərini açınca əllərini ciblərinə qoyan ağabəyim xəstə üzərində qurduğu hakimiyyətə görə qürur duyduğunu hiss etdirməyəcək bir şəfqətlə dedi:

– Həyat da belədir, Məfharət, həyat da belədir… Çarəsizlik və təhlükəli anlar var ki, belə dəqiqələrdə nə çabalamağa, nə də hay-həşir salmağa dəyməz… İnsan belə olduqda batar, boğular… İnsanın ən böyük bacarığı həmin anlardan keçə bilməkdir. Sonrası isə getdikcə asanlaşır. Həmin anlarda taleyə təslim olmaq lazımdır. Bu, aciz, miskin, mənfi bir barışıq məcbutiyyəti deyil. Başa düşürsən? Üsyan texnikasıdır… Yəni səbirdir. Müsbət, enerjili, hədəfi olan, yaxşı bir səbir… Sözümə diqqətlə yanaş. Bu dünyada ölümdən başqa, demək olar ki, hər şeyin çarəsi var. Qarşımıza çıxan çətinliklərin bir çoxunu öz ruhumuzun içində həll edə bilərik. Mən dünən sənə Aydınla bağlı nə dedim? Bax indi… Mükafatını necə tez gördün… Yenə də eyni şeyi söyləyirəm. Qəbul elə ki, Ac adamla Səlminin macərası məsələsi doğrudur. Ruhunun bunu həzm edə bilməsi sənin öz əlindədir. Bundan sonra beynin dərhal aydınlanacaq. Onu da fikirləş ki, tək deyilsən. Biz sənin yanındayıq və bir-birimizdən fərqimiz keçirdiyimiz o hiss qarışıqlığının dərəcəsindədir. Hərəmiz bir cürə yaşayırıq bunu. Üsyan etməyin faydasız ola biləcəyi bir hadisə ilə qarşı-qarşıyayıq. Heç bir hay-küy, heç bir üsyan Səlminin taleyini dəyişdirə bilməz. Artıq olan olub. Lakin mən sənə bir şeyi də söyləyə bilərəm: baş vermiş bu hadisənin mütləq bir başqa və müəmmalı tərəfi də var ki, Səlminin göründüyü qədər iyrənc olmadığı həqiqətini bir gün mütləq sənə qəbul etdirəcək. Bunu görmək üçün isə səbir lazımdır.

Çıxışın bitdiyi qərarına gəldiyim üçün ayağa qalxmaq üçün yerimdən dikəldim. Lakin ağabəyim sanki birdən-birə həvəsə gələrək yenidən danışmağa başladı:

– Sənə bir misal da çəkim. Cavan vaxtlarında bir zamanlar Sipahi ocağına yazılmışdın. Ata minərdin, yadındadır da… Cins atlar belindəki atlının əsəbləşməsini, çırpınmasını, onu mahmızlamasını xoşlamaz. Qəzəblənər. Sonra da üstündəki adamı yerə çırpa bilər. Buna görə də əvvəlcə atın reflekslərinə uyğunlaşmaq, sonra da hiss etdirmədən ona hakim olmaq lazımdır. Taleyin maneələri qarşısında çətinliyə uyğunlaşmaqdan hakimiyyətə gedən səbir yolunda sakit qalmalısan. Məgər elə deyil? Bizim səni nə qədər çox istədiyimizi bilirsən. Mənim namus, şərəf məsələsinə nə dərəcədə bağlı olduğumdan da xəbərin var. Əgər sənin kimi üsyan edərək hay-həşir salmırıqsa, daha gözəl yollar gördüyümüz üçün belədir. Yoxsa sənin dərdin bizim də dərdimizdir, Məfharətim.

Mənim bu ağabəyim yaman çoxbilmiş hərifdir, adamı elə tilsimə salır ki, heç özünün də xəbəri olmur. Ablamın ona dikilmiş heyranlıq və minnətdarlıq dolu gözlərində iri yaş damcıları var idi. Mənim də gözlərim yaşarmışdı. Gör nə çoxbilmişdir ki, ona Səlmini və Ac adamı, mənə isə istridiyyəni və Aləmdağının kərə yağını unutdurub ikimizi də ağlada bildi.

O, ablama son dəfə təlqin etdi:

– Sən bir az yat, – dedi, – çox tez yuxudan qalxmısan, əsəblərini də lap əldən salmısan. İndi yaxşıca yuxunu alarsan.

Ablam yorğun bir səslə:

– Bir yuxu dərmanı alım, – dedi.

– Yox, yox, buna ehtiyac yoxdur, inan mənə, dediyim kimi elə beləcə də yatacaqsan.

Ablamın yuxu dərmanı olmadan da yuxuya gedəcəyi dəqiq idi, lakin Hasibənin qızartdığı çörəklərin soyumadığına əmin deyildim. Onunla heç olmasa başımı tərpətməklə sağollaşmağı belə unudaraq tez özümü süfəyə yetirdim. Ağabəyim ağır addımlarla arxamdan gəldiyi vaxt mən artıq sürətlə pilləkənləri aşağı düşürdüm. Birinci mərtəbədə dəhlizdə Hasibə ilə qarşılaşdım. Gözlərində qara buludlar, üzündə şimşəklər, əynində başından tələm-tələsik keçirdiyi üçün çalın-çarpaz qalan geyimi, əlində havaya atmağa hazırlaşdığı bir əl bombası kimi qaldırdığı çantası qabağımdan keçərkən dayandı:

– Ah, – dedi, – Bəsim bəy, mən polis idarəsinə gedirəm.

Heyrətləndim və bağırdım:

– Nə polis idarəsi? Çörək qızartmamısanmı? Səhər yeməyini hazırlamamısan ki? Polis idarəsində nə işin var?

Əlindəki çanta ilə havada qəribə bir işarə cızaraq cavab verdi:

– Gedirəm. Heydəri polisə şikayət edəcəyəm. Komunistdir o… Aşağıda bə qədər bəyannaməsi var. Bolqar sərhədlərindən alıb İstanbula gətirirmiş davamlı olaraq.

Çaşqınlıqdan yerimdəcə donub qaldım. Kommunist? Ac adam, bəyannamə, Bolqar sərhədləri, polis idarəsi, polis, təhqiqat… Aləmdağından pay gələn kərə yağının açılış mərasimi baş tutmayacaqdımı? Zəhmimi köməyə çağıraraq sərt bir şəkildə əmr verdim:

– Bu axmaqlıqlara son qoy görək! O barədə biz fikirləşərik. Sənin polis idarəsində nə işin var? Get çörəklərini qızart.

– Ayişəyə demişəm, hamısını o hazırlayacaq. Hətta artıq hazırlayır… Polis idarəsinə özüm getməliyəm. Yoxsa sonra ona yer vermişəm deyə mənim də cəza almağım mümkündür.

Arvad qaçıb getdi. Arxasınca baxa-baxa qaldım. Ağabəyim pilləkənləri ağır-ağır enmişdi. Yəqin, danışdıqlarımızı eşitmişdi ki:

– Burax, qoy getsin, biz qarışmayaq, – dedi.

Yemək otağına girdik. Qulluqçu qız süfrəni hazırlayırdı. Ağabəyim qabağımda dayandı və gözlərimin içinə baxaraq:

– Heç xəbərimiz olmadan, – dedi, – iki aydan bəri imiş ki, bu evdə bir ucu polisə qədər gedib çıxan macəra yaşanırmış. Bu nə məsələdir belə?

– Anlamıram, – dedim.

Gözümün ucu ilə süfrədə baş verən təkamülün heç bir anını gözdən qoymadığım üçün işini bitirən Ayişəyə əmr verdim:

– Tez ol, çörəkləri qızart. Dünən gətirdikləri kərə yağının qutusunu da bura ver. Özüm açacağam. Yaşıl zeytun da gətir.

Qız key-key üzümə baxırdı.

– Saxlanc dolabın açarı Hasibə ablamdadır, – dedi.

– Sənə vermədimi?

– Xeyr.

– Dalınca qaç, tez ol.

Ağabəyimlə süfrə arxasına keçdik. Nəşəmin qaçması üçün səbəblər getdikcə çoxalmaqda idi. Ablamla birlikdə bir müddət susduq. Nəhayət ki, dedim:

– Səlmini görmədim mən. Onunla danışa bilməmişəm… Anlamıram… Hərif çoxmu gözəldir? Acdırmı, toxdurmu, kommunistdirmi, əyyaşdırmı? Kimdir axı o? Görmürsən, Hasibə də ona aşiqdir. Məsələni öyrənincə yaman qəzəbləndi. Əməllicə özündən çıxdı… İndi də gedib xəbər verəcək. Qadın qismi belədir də. Eşqi daima birinci planda görür… Hətta eşq onun üçün aclıqdan belə vacibdir… Bizim evin birinci mərtəbəsində gör bir necə qazanlar qaynayırmış, xəbərimiz olmayıb. Bu hərif lap marağımı çəkdi mənim. Bu gün gələcəkmi, görəsən?

Ağabəyim dalğın baxışlarla baxan gözlərini ağır-ağır qırparaq mızıldandı:

– Səlminin halı iki-üç aydır ki, bir başqa cürdür. Donuqdur bir az… Az danışırdı. Özünə qapılmışdı. Nişanlısını və ailəsini eyni zamanda özündən çıxartmaq üçün belə bir dəlilik etmiş ola bilərmi, necə düşünürsən? Ağlım kəsmir nəsə…

Qaça-qaça özünü yetirən Ayişə təngnəfəs halda danışmağa başladı:

– Açar Hasibə ablamda deyilmiş. “Bu gün də kərə yağı yeməsinlər”, – dedi mənə.

Qan beynimə vurdu. Ağabəyimin üzümə dikilmiş yanpörtü baxışı Hasibəni yoldan qaytarıb bura gətirməsi üçün Ayişəyə yeni bir əmr verməyimə mane oldu. Çarə yox idi, bu dəfə süfrədə nə var idisə, onunla kifayətlənməli olacaqdıq. Səlminin başımıza gətirdiklərinə ilk dəfə idi ki, əsəbiləşən kimi olurdum. Yoxsa o bəxtiyar adamın ac və ya tox, fəhlə və ya burjua, kommunist və ya faşist olması mənim nəzərimdə tamamilə əhəmiyyətsiz idi. Çünki bu hadisə mənim üçün bir bardaq ayran və ya şampan şərabı içməkdən daha böyük məna daşımırdı… Seçim haqqı da Səlminə aid idi. Biz niyə qarışırdıq ki söhbətə?

Bu fikirdə olduğumu ağabəyimə hiss etdirmək üçün dedim ki:

– Protoplazmanın17 ərz üzərindəki iki yüz əlli milyon illik uzun macərasından sonra belə insanın ən bəsit təbiət hadisələri qarşısında bu cür boş etiqada görə həyəcanlanması, narahat olması axmaqlıq deyilmi?

Ağabəyim yenə də yanakı üzümə baxaraq cavab verdi:

– O zaman aşağıdakı bəyannamələri götür sən apar payla da, nə dayanmısan? Bu ki əsl kommunist əxlaqıdır… Dursana…

– Başqa cür olması da mənim ağlıma batmır, – dedim.

– Təbii, – dedi, – zooloji antropologiyanın sənə bağışladığı heyvanca bir tələqqii düşüncə içərisindəsən. Qəbahət səndə deyil. Bütün şansını maddədə axtaran bugünkü elmin – böyük idealistlər istisna olmaqla – insana layiq görməyə məhkum olduğu əxlaq budur. İllərlə səninlə münaqişə etdik. Mübahisələrimiz, müzakirələrimiz oldu… Amma heç dəyişmədin. Bu əxlaq səndə artıq bədən quruluşu halına gəlib. Daima mədənin əmri altındasan. Ona tabesən…

Yalan demirdi. Ayişənin süfrəyə qoyduğu çaydanlıqdan çıxan buğun qoxusu burun pərlərimi titrədirdi. Bufetdən nə gətiriləcəyini də böyük maraqla gözləyirdim. Ağabəyim yalnız bir fincan çay içdi və ilk siqaretini yandırdı. Mən qızardılmış çörəyin üstünə bəyaz pendir çəkir, üstünə də qızılgül mürəbbəsi yaxırdım. Çeynədiyim yeməklə fikirlərimin bir-birinə bağlı olduğu şübhəsiz idi. Lakin bu münasibəti bir dəlil kimi irəli sürə bilməzdim. Çünki ağabəyim də belə bir bədən quruluşunun təşəkkül tapmasında fikirlərimizin və inanclarımızın əsas rol oynadığını söyləyəcəkdi. Və üç min illik münaqişəni yenidən təkrarlamış olacaqdıq. İlk səhər loxmasının bakirə ləzzətini buna qurban verə bilməzdim. Susduq…

Bir qədər sonra Hasibə yarı qızarmış, yarı göyərmiş halda gəlib ağabəyimin qarşısında durdu:

– Bəy əfəndi, – dedi, – aşağıda mülki geyimli bir məmur var. Bəyannamənin paketini araşdırır və sizi görmək istəyir.

Üçümüz də birlikdə aşağı düşdük.

Məmur yerə çömələrək paketi bağlamaqla məşğul idi. Bizi görən kimi yerindəcə dikəldi və salamlaşdı. Cavan adam idi. Qarabuğdayı və arıq… Lakin çatma qaşları altında kəskin baxışlı gözləri, qabarıq alnı, irəli doğru uzanmış sivri çənəsi onu həm dalaşqan, həm də ağıllı bir adam kimi göstərirdi. Ağabəyimə dedi:

– Heydəri nə vaxtdır ki, axtarırıq. Ədirnə Əmniyyət Müdirliyindən də arayırlar. Bütün dəmir yol məmurlarına şəkillərini paylamışdıq. Lakin bu qadından öyrəndim ki, İstanbula maşınla gəlib-gedirmiş. Yarım saat sonra başının üstünü alacağıq. Buraya gələcək, deyilənə görə. Əgər icazə versəniz, sizin evinizdə gizlənəcəyəm. Bu qəzetlərdən bizdə də var. Bolqarıstandakı türklər üçün çıxarılır, amma fürsət tapan kimi sərhəddən içəri keçirirlər. Bəyannamə deyil, qəzetdir. Təbii ki, kommunist propoqandası…

Mən soruşdum:

– Kimdir bu Heydər axı?

– Əslən Bolqarıstanlıdır, daha dəqiqi, Razqratlıdır. Bura da tez-tez gəlirmiş. Heç görmədinizmi siz?

– Gündüzlər görməmişəm. Ancaq alatoranlıqda…

Məmur pulqabının içində nə isə axtara-axtara danışırdı:

– Çoxbilmişdir. Lisey təhsili alıb. Hər cildə girməyi bacarır. Fəhlə ilə fəhlə, zəngin ilə zəngin kimi danışar. Şəkilini axtarırıram… Hə, budur…

Ağabəyim çəkingən adamlar kimi dayandığı üçün məmur şəkli mənə tərəf uzatdı. Allah bilir, neçənci reproduksiya olduğu halda şəkildən belə Heydərin gözəlliyi, zirəkliyi və çoxbilmişliyi hiss olunurdu. Hər halda, sarı və özündən qıvırcıq olan parlaq saçları, geniş alnı, açıq yaşıl, mavi qarışıq gözləri var idi. Aslan kimi bir oğlan idi, doğrusu, Səlminə haqq qazandırdım. Mən də qız olsaydım, belə bir oğlan qarşısında özümü itirərdim. Şəkili ağabəyimə uzatdım. Gözücü baxdı:

– Bəli, atletik və dejenere astenik18 bir tipdir. Özü də ağıllı və enerjili…

Başqa bir söz demədi. Mən onun əlindən aldığım şəkilə təkrarən baxdığım zaman soruşdum:

– Arvadbazdır?

Kişi elə bil harasınısa bərk ağrıdıblarmış kimi dilləndi:

– Uffff! Özü də nə arvadbaz… Ardında üç bəkarət pozma davası var. Ələ keçirə bilmədikləri üçün elə hey qiyap19 qərarları verildi.

Hasibənin bağırtısı eşidildi:

– Arvadbaz da sözdürmü? Gözü çıxmış adam…

Heç bu qədər hündürdən deyilmiş qadın etirafı eşitməmişdim.

Zəmanənin əxlaqı mənim kimi adamı belə heyrətləndirirdi.

Ağabəyim məmura:

– Buyurun, harada istəyirsinizsə, gizlənin. Biz yuxarıda olacağıq.

Mən içimdəki şübhəni bu adamdan gizlətmədim:

– Siz təkbaşına Heydəri zəbt edə biləcəksinizmi? – deyə soruşdum.

Məmur əlini arxa cibinə tərəf apararaq dedi:

– Allahın izni ilə!

Sanki Allah arxa cibində idi.

Ağabəyim qabaqda getdi. Pillələrlə çıxa-çıxa mən öz ürəyimdə: “Bu Heydəri bir görə biləydim”, – deyirdim. Səlmin bu bəxtiyar adamın dördüncü bəxtiyarlığı imiş… Hələ bilmədiyimiz daha neçəsi var idi, onu bir Allah bilir. Hamısı da, görəsən, burjua qızları idimi? Bu da, bir növ, natural kommunist peyvəndi hesab oluna bilərdi. Hadisələrə hislərini qarışdırmadan baxan rahat düşüncəli insanlar üçün bəsit və əyləncəli iş… Amma insan qəhrəmanı da görmək istəyir…

Бесплатный фрагмент закончился.

246,83 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
440 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают