Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Yalnızıq», страница 3

Шрифт:

“Nəhayət, budur, o… Onun kölgəsi… Heç aldanmadım indiyə qədər… Yenə də yanılmamışam… Şüşənin üstünə düşək əksi böyüməyə başlayır. Odur… Bu dəfə mütləq odur. Lakin gözlərimin gördüyü rahatlığa mənən də qovuşmaq üçün qapının heç bir hərəkətini gözdən qoymamağa çalışıram. Əvvəlcə, kiçik bir aralıq açılır… Sonra onun əli, biləyi və mavi geyiminin qolu görünür. Yerimə mıxlanıb qalmışam. O mənim görüş bucağıma daxil olan kimi məkanın içərisində açıq-aydın görünür… Necə əzəmətli olduğunu ona sezdirib qürurunu yolundan azdırmamaq üçün ruhumun kəpənəklərini sakitləşdirib yerə endirirəm: qarşıma baxıram. Ancaq yaxınlaşdığı zaman başımı qaldırıram. O mənim üzümə deyil, heç bir şey görmürmüş, ən əsası, məni görmürmüş kimi sağ və sol tərəfə baxmaqdadır. Özümdə təbii olduğunu düşündüyüm hiss coşqunluğunun onda olduğunu bilsəm, bunu ona bağışlamaram. Çünki görüş anının ən böyük ümidlər və qorxularla dolu olan həyəcanı onun üzündən mənim üstümə bir eşq şəlaləsi kimi tökülməlidir.

Lakin üzü nə qədər donuqdur. Sanki onu istəyinin əksinə gedərək tale özü itələyib mənim yanıma gətirmişdi. Addımlarında nə qədər ağırlıq var!.. Hər an geri çevrilib çıxıb gedəcəkmiş kimi bir təəssürat yaradan bu istəksizlikdə, bəlkə də, iradəsini əldən salan bir zəhmət, gizli tutulan müdhiş bir həyəcan gizlənib… Lakin bu “bəlkə”lər o anın sevincini bulandıran, ona kölgə salan qorxunc etibarsızlıqdan başqa bir şey deyil…

Yaxınlaşır. Yerimdən qalxıram. Başını aşağı salaraq, gözlərini qarşısına dikərək əyləşir. Baxışlarım ona zillənib. Bu fərq iki cinsin təbiəti, yoxsa hislərimizin dərəcəsi ilə bağlıdır? Görüş anının ilk müəmması budur”.

“Üzümə baxır. Gözləri həm boşdur, həm də müxtəlif mənalarla dolmuş kimi gülümsəyir… Lakin bu da dəqiq deyil. Gec gəlməsini gündəlik həyatın bəsit maneələri ilə izah edərkən səsinin təbiiliyi aramızdakı münasibəti adi ruh təmaslarının sadəliyi içinə salır”.

***

– Aman, Bəsim!

– Qoy görək… İmkan ver oxuyaq da… Bir neçə dəqiqə içində aləm bir-birinə qarışır. Qəzetdə Üçüncü Dünya müharibəsinin başladığını oxusam, bəlkə də, abim qədər həyəcan hiss etmərəm. Sən heç aşiq oldunmu, abla?

– Təbii ki, oldum… Fazilə dəli kimi vurulmuşdum.

– O zaman bu cür həyəcan keçirmisənmi heç?

– Aaaa… Əlbəttə… eynilə… eynilə… Axşamlar evə gələcəyi saatlarda mən də belə olurdum…

– Çox qəribədir....

***

“– Necəsiniz?

– Mersi, siz?”

***

– Abla, mən qalib gəldim.

– Niyə?

– Bir-birlərinə “siz” deyirlər. Ağabəyim Səlminlə belə rəsmi danışmır.

– Əşşi, o elə-belə, …

– Xeyr, əfəndim.

– Vallah, billah, naz xatirinə elə danışıblar… Mən ərimə hər kəsin içində “sən” deyərdim, tək qalanda isə “siz”… Rəsmiyyət hər kişinin qürurunu oxşayır… Həm də onu hərəkətə gətirir… Aradakı məsafəni çoxaldır.

***

“– Dünən gecə gözümə yuxu getmədi.

– Niyə?

– Yaşıl məsələsinə görə…

– Yaşıl?

– Xatırlamadınızmı? Maşının yaşılını bəyənməmişdiniz.

– Xatırladım.

– Yaşıl rəngi heç vaxt sevməmisiniz?

– Sevmirəm.

– Səkkiz ay əvvəl isə sevirdiniz.

Kiprikləri çırpındı.

– O yaşıl başqa… Badamı ilə tirşe10 arasında bir tondur. Çox sevirəm onu, amma maşındakı yaşıl deyildi”.

“İzah mükəmməldir, – gülümsədim. Dünən gecə bu nüansı nə üçün qaçırmışdım? İçimdəki müxalifətin oyunudur bu… Qəlbə qarşı çıxan bu müxalifətin ağıldan və qürurdan qaynaqlandığı düşünülür. Məncə, bu, qəlbin özünümüdafiəsidir. Sevgilidə qeyb olmamaq üçün nifrət etməyə səbəb axtarır, tapa bilmədikdə də özü yaradır. Bax beləcə, özünü aldatdığını anlayınca utanır və ona daha çox bağlanır. Öz yalanlarını özünə bağışlaya bilməyən qəlbin özünə verdiyi cəza…”

“Aşiqlərə bir xəbər vermək istəyirəm. Qəlbin bütün məsələləri yalnız qəlbdə həll edilir. Çünki bir hissin öhdəsindən yalnız başqa hiss gələ bilər. Ümidsiz eşqin əks zəhəri nifrətdir. Fikirlər isə yalnız bu müqavimət hislərini yaradan təhrik və təlqin ünsürləridir”.

***

“Əlini öpdüm.

– Bəlkə, sevgilinin böyük təsiri altında olduğumuz üçün, yaxud bəlkə də… Onunla danışarkən sürətlə dəyişən təsir məqamları içində diqqətimizi yalnız bir nöqtə üzərində cəmləşdirdiyimiz üçün qavaraya bilmədiyimiz təfərrüat ondan ayrılar-ayrılmaz yeni bir məna işığı altında görünməyə başlayır.

Onu yaşadığı küçənin tinindən ötürüb geri qaydarkən birdən-birə xatırladım: səkkiz ay əvvəl sevdiyim yaşıl rəngin bir nümunəsini ona göstərmək üçün axtararkən gözlərim əlindəki şeir kitabının üz qabığına sataşmışdı. Daha doğrusu, orada əks olunmuş çizgiyə… Bu, badamı ilə tirşə arasında bir ton deyildi. Maşının rəngi ona daha yaxın olardı… O da o vaxt zövqümü dəstəkləmişdi.

Bunu xatırlayınca məsələ daha əhəmiyyətli rəng qazandı… Az qala, bütün düşüncələrimi qəsb etdi. Başa düşdüm ki, kipriklərinin çırpındığı an içində ildırım sürətilə işləyən yalan industriyasının bu “ton” izahını dərhal axtarıb tapıb. Ürəyimdə kədər uğultuları baş qaldırdı. Qatarda yanımda əyləşmiş Ələddin bəyin danışdığı əhvalatları…

***

– Mən uddum, abla, mən uddum. Bax, qızı küçənin tinində qoyub. Özü isə qatara minib. Deməli, fərqli yerlərdə yaşayırlar.

– Səlminin bəzən İstanbulda, həftələrlə yengəsinin yanında qaldığını yadından çıxarırsan axı… Təbii ki, məhz o zamanlarda görüşməyə üstünlük verəcəklər.

– Sənin öhdəndən gəlmək mümkün deyil. Qərarını vermisən də artıq… Oxuyaq, görək nə olur.

***

“Artıq dinləmirdim. İzah edərkən niyyətim yaxşı olsa belə, məni incitməmək üçün dediyini güman etdiyim bu yalan şübhələrimi daha da artırırdı… Yalan sevdası vardı ürəyində… Bu isə ən qorxunc inamsızlıqdan belə betər idi. Onun söylədiyi yalanın bir rəng vasitəsilə gizlədildiyindən əmin olmaq mümkün deyildi. Aramızdakı bütün fikir və zövq münaqişələrini xatırlamaq lazım gəlirdi.

Lakin Ələddin bəy nə dərəcədə diqqətli olduğumu anlamaq üçün danışdığı əhvalatların mənə olan təsirini arayan suallar verirdi. Kəndə çatana qədər onun məni rahat buraxdığı çox qısa anlar içində bu münaqişələrdən bəzilərini xatırladım. Lakin onlar haqqında çox düşünə bilmədim. Evə gəlincə süfrədə Bəsimin boşboğazlıqları və Məfharətin son günlərdə məni həddindən artıq göz dustağı edən və bir an belə gözdən qoymayan baxışları rahat düşünməyimə imkan vermədi. Yeməkdən sonra otağıma çəkildim”.

“Bu dəftərdəki ilk xatirələrimi oxudum. Onların arasında diqqətimi çəkən birinin üzərində dayandım. Bir yaz axşamı, Möhürdardan dənizi seyr edərək Kadıköy istiqamətində gəzərkən onunla birlikdə alçaq səslə bir musiqi mızıldanmışdıq. O vaxt bir neçə anlıq dayanmış: “Ah, nə gözəldir!” – demişdi. Onda mən bu həyəcanın sol tərəfimizdəki dənizdə salxımlanan qürubun narıncı rəngindənmi, söylədiyimiz havadanmı gəldiyi haqda xeyli fikirləşdim. Amma heç bir şey soruşmadım. Təxminən on gündən sonra – xatirələrimə, adətən, bir tarix yazmıram – boğazda bir dəfə də gəzdiyimiz zaman bu havanı yenə də dodaqaltı mızıldandım… Bax bu məqamda ondan heç gözləmədiyim bir diqqətsizlik gördüm. O, bu duyğu dolu anları məhv edən əhəmiyyətsiz bir şey soruşdu. Mən də Möhürdardakı həyəcanının daha çox qürub mənzərədən qaynaqlandığı qənaətinə gəldim. O vaxtlar kiçik bir kədər hissi ilə diqqətimi çəkən bu detalı yanlış mənalandırdığımı anladım. Yaşıl məsələsi qədər olmasa da, hər halda, bu da bir hiss yalanına bənzəyirdi”.

“Bu seriyaya daxil olan aldanmalardan ibarət bir ümid boşluğu və təhlükələr haqda düşünməyə başlayınca getdikcə içimdə daha da dərinləşən kədər hissi ilə çarpayıma uzandım. Onunla iki gün sonra görüşəcəkdik. Onun izahını tələb edən ehtiyac hissinin iki saat belə dözməyə səbri yox idi. Evə zəng vurmaq haqqında düşünürdüm. Əgər dəstəyi özü qaldırmasa idi, başqaları səsimi tanıyacaqdılar”.

***

– Gördünmü, Bəsim? Mən sənə demədimmi? Səlminin yengəsinin də evində telefon var.

– Yalnız oradamı telefon var?

– Diqqət et, “ev”ə deyir, “evinə” demir. Bu ifadədə aralarındakı yaxınlığın daha çox olduğu hiss edilir, elə deyilmi? Özünün də qohumu olduğu bir evdən söhbət gedir…

– Hə… Sənin də ağabəyimdən bir fərqin yoxdur. İynə ilə quyu qazırsan.

– Oxu, oxu, özü də görəcəksən. Axır-əvvəl mən deyənə gələcəksən…

***

“Fikrimi dəyişdim… Gözlərimi qapadım. Simeranyada belə bir məsələnin nə dəyəri ola biləcəyi haqqında düşünməyə başladım. Qeyd dəftərçəmi açdım. Elə birinci cümlədəncə aramızdakı bütün mübarizənin mahiyyətini başa düşmüşdü”.

“Sizi eşq institutuna aparacağam, – dedi, – orada “qədim dünya problemləri” şöbəsi var. Sizin problemləri bilirlər və hər şeyi izah edərlər”.

Bələdçim məni küçələrdən sonra xüsusi olaraq izah etmək istədiyim yepyeni bir üsulla keçirdi. Bir bağçanın içərisində tamamilə fərqli memarlıq üslubunda tikilmiş böyük binaya girdik. Birinci mərtəbədə, kiçik və boş otaqda böyük, rahat kreslo var idi. Bələdçim mənə:

– Sizi indi tək qoyacağam, – dedi, – bu kresloda rahatlanın, gözlərinizi qapayın, sizi narahat edən məsələ haqqında hündürdən danışa-danışa eyni zamanda da düşünün. Yanınızdakı qurğu səsinizi qeydə alacaq. Sonra ayağa qalxın və çölə çıxın. Mən dəhlizdə gözləyəcəyəm. Sabaha qədər probleminiz araşdırlacaq. Sonra sizi çağıracaq və problemin nədə olduğunu izah edəcəklər.

Ertəsi gün eyni binada, başqa bir otaqda məni qəbul edən yaşlı, ciddi və sevimli bir adam bələdçimin tərcümə etdiyi bu sözləri söylədi:

– Məsələniz araşdırıldı. Tipik haldır. İnstitutumuzun “qədim dünya problemləri” bu cür bir çox müşahidələr aparmış, müxtəlif faktlar toplamışdır. Hadisəni sizin psixoloqlarınızın elədiyi kimi, sadəcə, elmi cəhətdən və psixologiyanın işığında aydınlaşdırmağa imkan yoxdur. Qədim dünya elminin ən böyük xətalarından biri də “bütün”ü gözdən qaçırdıqları üçün heç bir hadisəni əsaslı və doğru izah edə bilmədiklərini anlamamasıdır. Simeranya elmində “fiziki hadisə”, “bioloji hadisə”, “sosial hadisə” deyə bir-birindən ayrı hadisələr seriyası yoxdur. Bu hadisələrin hamısı “bütün”ün işığı altında aydınlaşdırılır. Bir şeyin içərisində hər şey mövcud olduğu üçün bir məsələ başqa məsələni öz daxilində daşıyır. Məsələn, insan ruhunu anlamadan atomu izah etmək mümkün deyil. Dalğa mexanikası ilə həzm funksiyası, yaxud öskürəklə göydə ulduzun düşməsi arasında sıx əlaqələr var və bunlar böyük var olma prosesinin fərqli görüntüləridir. İnstitutumuz eşq hadisələrinə aid müşahidələri toplayır və “İnsan tədqiqatları mərkəzi”nə yollayır. Sizin məsələniz çoxdan tədqiq edilmiş olduğu üçün, sadəcə, fakt kimi dosyeyə əlavə edildi. Hadisə sizin dünyanızda göründüyü kimi, sadəcə, psixoloji, hətta sosial da deyil. Hər bir fakt kimi insan bilgisinin bütün şöbələrini eyni plan içərisində maraqlandırmaqdadır. Əgər bu cür toplu araşdırma metodundan istifadə edilməzsə, heç bir hadisə öz cəbhəsində, öz sərhədləri daxilində bizi qane edəcək nəsə söyləyə bilməz. Köhnə dünya elminin mahiyyəti, qavramaq istiqamətində göstərdiyi əzm bununla bağlıdır və inkara qədər gedib çıxması bir dalandan başqa dalana düşməsinin nəticəsi idi. Simeranyanın elmi nəzəriyyələri haqqında sizə bəsit bir məlumat vermək məcburiyyətindəyəm. Yoxsa sevgilinizin kiçicik hissi yalanı ilə bütün varlığın ziddiyyət prinsipi arasındakı münasibəti qavramağınız mümkün deyil.

Qədim dünyada, bundan yüz əlli il əvvəllərə qədər bütün həyat şəkillərini, sosial müəssisələri və məsləkləri əhatə edən yalan amili təkamülün zəruri xüsusiyyətlərindən biri olduğu qədər “qütbləşmə dramı” adını verdiyimiz “əsas ziddiyyət” gerçəyinin ən əhəmiyyətli məqamlarından idi. Əvvəla, bu gerçəklə bağlı Simeranyada mövcud düşüncələri sizə başa salmaq lazımdır”.

***

– Ayyyy!

***

– Nə var, abla?

– Bunları ötür, canım.

– Mənim üçün maraqlıdır, bir az səbr et.

– Boşla, boşla… sən başqa bir gün gəl, özün oxu bunları. Səhifələri çevir, görək…

***

“Milli duyğularının zəifliyi məndə nifrətə çevrilmək üçün fürsət gözləyən bəzi narahatlıqlar oyadır. (F…) ilə bağlı hadisəyə görə aramızda münaqişə oldu. O, qızı müdafiə etdi. Dame de Sionda iki yerə ayrılıblarmış… Yoldaşların bir qismi (F…)-ni qınayırmış. Mən onların haqlı olduğunu düşünürdüm. Bir ailə qızının bara düşməsi üçün kimsəsizliyin və pul ehtiyacının yetərli bəhanə olmadığını söylədim. Əməllicə əsəbiləşdi. Onda çox az gördüyüm…”

***

– Bəsim, anladınmı indi? Kəs! Bitdi! Dame de Sion! Bitti! Səlmin! Səlminin məktəbi!

– Dayan görək bir!

– Bitdi! F… dediyi Fərihadır. O hadisə yadından çıxıbmı? Qızın atası öldü, anası məktəbin pulunu verə bilmədi, xəstələndi. Qız da bir az yüngülxasiyyət idi. Səlminin yoldaşı… Fərihadır da, ay balam. Xatırlamadın? Yadına düşmədi? Barlara düşdü… Müəllimləri o qədər nəsihət etdilər, amma dinləmədi ki, dinləmədi. Məktəb də onu pulsuz-parasız oxutmağa razılıq vermişdi, amma razılaşmadı. Yadına düşdü?

– Hə, xatırladım… Amma Səlmin ki onu müdafiə etmirdi. Əksinə, qınayırdı…

– Sən ona baxma. Səlmin həmişə öz fikirlərini bizdən gizlədib.

– Abla!

– Vallahi o… Fəriha… Fəriha… Səlminin rəfiqəsi idi… Adının baş hərfini yazmasaydı, mən yenə də başa düşərdim. Artıq hər şey ortadadır… İndi sən bax, tamaşa elə, gör o Səlminin anadan əmdiyi südü necə burnundan gətirirəm… Görəcəksiniz!

***

Ayağa qalxan Məfharət birdən-birə dayandı və diqqətlə ətrafı dinşədi. Yuxarıdan qışqırıq səsi gəlirdi. Oğlunun səsini o dəqiqə tanıyan qadın qıpqırmızı qızaran üzündə daha çox diqqət çəkən gözünün ağı bərəldi, böyüdü… Sonra dəftəri stolun çəkməcəsinə qoyan Bəsimin üzünə dəhşətlə baxıb qapıya doğru qaçdı.

Aydın əlləri yanaqlarında, üzünü yastığa basmışdı. Yerində qıvrılır, qıvrıldıqca da bağırırdı.

– Çoxmu ağrayır, oğlum?

Başını qaldırıb yenidən yastığa basan Aydın cavab vermir, yalnız dayanmadan qışqırırdı. Bəsim, Səlmin və Hasibə bir-birinin dalınca qaçaraq otağa girdilər.

Əllərini saçlarına atan Məfharət: “İmdad”, – deyə bağırmaq istəyirmiş kimi pəncərəyə tərəf qaçdı, lakin nə fikirləşdisə, geri çevrildi və Hasibənin üstünə yeridi:

– Qaç həkimin yanına, qaç, başa sal, gəlib iynə vursun, tez ol, qaç!

Xidmətçinin arxasınca gedən Səlmin:

– Mən də zəng vurum, – dedi və otaqdan çıxdı.

Məfharət heç cür oğlunu qucaqlamağa nail ola bilmirdi. Özünü yataqdan atacaqmış kimi çırpınan Aydın anasının qucağından çıxır, əli ilə tutduğu başını o tərəf-bu tərəfə yelləyir, sakitləşmirdi. Üzünü pəncərəyə tərəfə çevirdikcə hər dəfə gözlərini yumurdu. Buna fikir verən Bəsim içində “Eyvah”, – dedi. Məfharət isə bütün bunların heç fərqində də deyildi. Saçlarını yola-yola otağın qapısı ilə çarpayı arasında ağır bədənini ora-bura çırpırdı.

Yatağa tərəf əyilmiş Bəsim uşağa səbr etməsini söyləməyə çalışdı:

– Bir az da səb et, həkim indi gəlir, iynə vurar, heç bir şeyin qalmaz.

Sonra da oğlundan daha çox anasını yüksək təzyiq qəzasından qurtarmaq üçün klassik yalanlardan birini axtarıb tapdı:

– Qalatasarayda imtahana hazırlaşdığım vaxt məni də belə bir başağrısı tutmuşdu. Xatırlayırsan? Həkim bir morfi vurdu, o dəqiqə rahatlaşdım. O an hiss etdiyim kefi heç yadımdan çıxarmaram.

Həkim gələnə qədər bacısına təskinlik vermək üçün onu yalan bombardmanına tutan Bəsim zehni yorğunluqdan qaynaqlanan baş ağrılarının çox kəskin və tez də keçən olduğuna inandıran müxtəlif hadisələr uydurub danışırdı.

Qoca Nikolaides ağır addımlarla çarpayıya yaxınlaşan zaman bir xəstəyə, bir də anasının və Bəsimin üzünə baxaraq:

– Bu nədir? – soruşdu, – Nə olub bu uşağa?

Məfharətin dağınıq saçlarına göz qoyan həkimin sualları iki mərtəbə pilləkən çıxmağın yorğunluğunu aradan qaldırmaq üçün vaxt qazanmağa da imkan yaradırdı. Lakin ümidlə gözləyən və susan qadın qoca həkimin çaşqınlığını görüncə onun əlindəki kiçik çantaya gözlərini dikərək bağırdı:

– Tez bir iynə vur, həkim, tez!

– Vurmağına vuraq, amma nə olduğunu anlayaq, sonra!

O, xəstəyə doğru əyildi və qolundan yapışaraq onun yastığa basdığı üzünü görmək istədi.

– Şiddətli baş ağrısı var. Başqa heç bir şikayəti yoxdur. Siz əvvəlcə iynə vurun, sonra müayinə edərsiniz. Çox əzab çəkir, görmürsünüzmü?

Həkim ətrafına nəzər saldı və masaya tərəf getdi. Aydının kitabları, qaralanmış rəqəmlərlə dolu kağız-kuğuz arasında yer tapdı, çantasını açıb iynə hazırlamağa başladı. Bəsim onun yanında hərəkətsiz dayanmışdı. Gözucu Aydına baxırdı.

Uşağın ruhunda bu müdhiş sancını, hətta ölümü belə riyaziyyatın ağlı başdan alan rəqəmlərindən üstün tutan ruhunda gizli qalan künc-bucağın olub-olmadığı haqda düşünürdü. Xəstəliyin belə bir müdhiş seçimdən sonra başlaması mümkün idi.

Ablası həkimə yardım etməkdən daha çox hərəkət halında olarkən həyəcanını azaltmaq üçün stolun başına boş-boş dolanır, qapıya tərəf gedib-gəlirdi. Səlmin yatağın qırağında əyləşmiş, ayağını ayağının üstünə aşırmışdı.

İynə vurulduqdan sonra təsirini gözləyərkən otağın havasını dolduran ümid xəstənin də iniltilərini azaltdı. Məfharət oğluna tərəf əyilərək içərisində qəzəb üzən şəfqətli səsi ilə tez-tez təkrar edirdi: “İndi keçər, heç bir şeyin qalmaz, bir az da səbr elə, bitdi, bitir artıq!”

Bəsim həkimin qolunu azacıq sıxıb ona gizli bir işarə vurduqdan sonra:

– Riyaziyyatdan imtahanı var idi, çox çalışırdı, – dedi, – bütün bunların səbəbi zehni yorğunluq deyilmi?

– Əlbəttə, təbii ki, sürmönaj, sürmönaj11

Və ağrı tutmaları getdikcə azalmaqda olan xəstəyə yaxınlaşdı.

Aydın üzüqoylu yatırdı. Həkim işığın onun gözlərinə necə təsir etdiyini anlamaq üçün arxası üstə çevrilməsini xahiş etdi. Uşaq soldan sağa çevrilərkən pəncərədən gələn işığı görüncə yenə də gözlərini bərk-bərk yumdu. Bəsim də buna fikir vermişdi. Məfharət isə heç nəyin fərqində deyildi. Həkimin daha rahat müayinə edə bilməsi üçün yatağın baş tərəfindən kənarlaşdı.

Otaqdan çıxdıqları zaman Bəsim bacısının narahat və gərgin üzündən iki sapand daşı kimi atılan baxışlarının həkimə saplandığını gördü və klassik bir yalan eşidəcəyini zənn etdi. Nikolaides isə bu cür işlərin ustası deyildi. Səsində tərəddüd işartıları var idi.

– Ola bilsin ki, zehni yorğunluqdandır.

Bəsim bacısını uşağın yanına yolladıqdan sonra həkimlə birlikdə aşağı enərkən ondan miningit ehtimalının olub-olmadığını soruşdu və gözlədiyi cavabı aldı:

– Analiz götürülməlidir, lomber12. Çox bənzəyir. Uşaq işığa baxa bilmir. Baş ağrısı da həddindən artıq çoxdur. Bu bir komjestion13 deyil. Çırpınmalar, bağırmalar tipik haldır.

– Zehni yorğunluq meningitə səbəb ola bilərmi?

– Elə deyirlər. Mən iki belə hadisə ilə qarşılaşmışam. İmtahana hazırlaşmaqdan olub… Biz serebro-spinal baraj14 təsəvvür edirik. Bu bənd yıxılarsa, menenqoklar15 beyinə girər deyə düşünürük. Amma bunlar yalnızca fərziyyələrdir.

Bəsim xəstənin otağına qayıtdığı vaxt o artıq yuxuya getmişdi. Bacısı da bir kresloda yayxanaraq başını arxaya söykəmişdi. Qırmızılığı azalmış üzünə narahat bir sükut çökmüşdü. Səlmin otaqdan çıxmağa hazırlaşırdı. Dayısını görüncə ayaq saxladı.

Bacısına doğru gedən Bəsim asta səslə dedi:

– Sən də get yat, bir az dincəl.

Qadın gözlərini yumdu və mızıldandı:

– Bura yaxşıdır.

Bəsimlə Səlmin baxçaya endilər.

– Bu çəhrayı güllərin niyə qapqara qaralmadıqlarına heyrət edirəm. Ablamın üzündə faciənin son pərdəsi kimi açılan göz qapaqlarının altındakı əzab dolu baxışlar ən nəşəli çiçəklərin belə rənglərini soldura bilər. Mən bildim-biləli belədir. Saymamışam, amma ayda iki dəfə qəhqəhə ilə gülər, ya gülməz. Özü də güləndə elə bil nərə çəkir. Üzü əksər hallarda yas mərasiminə dəvət edilmiş adamın üzü kimi kədərli olur. Sanki bu dəqiqə hansısa bir fəlakətdən xəbər verəcək. Amma… atan heç ölməli adam deyildi. Çox nəşəli, deyib-gülən insan idi. Sən onu qəhqəhə çəkdiyi zamanları xatırlamazsan. O qədər gülərdi ki… Yazıq adamın xasiyyəti dəyişdi ananın yanında. Sonra da işləri heç gətirmədi. Çünki Məfharətin gözləri ancaq pis şeyləri görür. O buna alışıb… İnsanın cəsarətini qırmaqda, həvəsdən salmaqda tayı-bərabəri yoxdur. Yoxsa atan o ciftliklə bağlı məhkəmədə qətiyyən uduzmazdı. İnan mənə, bütün bunlar ancaq Məfharətin mənfi emosiyasının nəticəsində oldu. Zalım qızı elə bil fəlakəti özünə çəkir. Atan da çox bezmişdi bütün bunlardan. Sepsis, vərəm, xərçəng… Bunların hamısı boş söhbətdir. İnsanı ancaq bir xəstəlik öldürür – dərd, sıxıntı… Yerdə qalan xəstəliklər bunun bədəndəki fərqli-fərqli formalarıdır.

İndi sənin qardaşın da çox bezdi. Bir yandan riyaziyyat, bir yandan da anasının yüz ton ağırılığında mənəvi basqısı… O dözülməz despotizmi. Kinoya belə güclə gedirdi oğlan.

– O, baş ağrılarının, çırpınmaların səbəbi nədir? Həkim nə dedi? Qorxulu bir şey yoxdur ki?

Bəsim aşağı əyildi, bir çiçək qopararaq Səlminə verdi:

– Bunu bir qaba qoy, otağına apar, sonra da keç qarşısında otur, beynini boşalt, heç bir şey düşünmə, gözlərini buna dik, o beş dəqiqə başqa heç yerə baxma. Ruhuna ağlına gəlməyən bir rahatlıq, bəxtiyarlıq dolacaq. İnan mənə. Get təcrübədən çıxar.

Səlmin gül tutduğu əlini aşağı saldıqdan sonra dayısına yanakı baxdı və soruşdu:

– Menengitdir, elə deyil?

– Sənin ağlının qarşısında ən gözəl güllər belə məğlub olar. Hələ ki dəqiq deyil… İstəyirsən belə düşün… Alışmaq lazımdır. Sən də alışmalısan. Analizdən sonra hər şey ortaya çıxacaq. Deyilənə görə, oxşayır. Amma sən bu haqda çox da fikirləşmə.

Səlmin çiçəyi burnuna yaxınlaşdırdı. Bu hərəkəti mexaniki idi. Nə qoxusunu hiss edir, nə də gülün rəngini görürdü. İçində ağır günlərin sıxıntısı var idi. Yaddaşı da, düşüncəsi də bulanmışdı. Aydının ölümünə bənzər acı bir hissin içinə qırmızı rəng də qarışırdı. Anasının üzü gözlərinin qarşısında görünüb yox oldu. İkinci mərtəbəyə uzanan pilləkənlərin məhəccərləri arasından alt mərtəbədəki kreslonun üstündə yadından çıxardığı kitabın üz qabığını görür və qapı cırıltılarını eşidirmiş kimi olurdu. Birdən-birə ürəyi bulandı, əlini ağzına tutdu. Üzü, yəqin ki, saralmışdı ki, dayısı ona diqqətlə baxıb soruşdu:

– Nə oldu? Özünü pis hiss edirsən?

Səlmin üzünü turşutdu, çiyinlərini atdı. Bəsim hələ də ona diqqətlə baxır, eyni zamanda bu evdə özündən başqa hər kəsin bir problem yaratdığı haqda düşünürdü. Nə oldu bu qıza birdən-birə?

Təkrar bir də soruşdu:

– Nə olub sənə?

Səlmin əlini ağzından çəkdi. Udqundu və özünü ələ almağa çalışdı. Rəngi yavaş-yavaş özünə gəlirdi. Sonra əlini yenidən ağzına doğru apardı və əsnəməyə başladı.

– Kecdi, – dedi.

Bəsim ən qarışıq məsələlərin belə bir kəlmə ilə qarşısını almaq ehtiyacı duyduğunun fərqinə vararaq başını buladı:

– Əsəbdəndir!

Sonra da bağça qapısına tərəf baxdı. Səmim gəlirdi. Səlmin böyük dayısının üstünə yüyürdü. Bəsim də ağır-ağır onun ardınca getdi. Ağabəyi Səbri həkimi tapa bilmədiyindən danışırdı. Bəsim isə baş verənlər haqqında bir-bir ona məlumat verdi.

– Bəxtimiz gətirdi ki, ablam qoyulan diaqnozun fərqinə varmadı. Axmaq Nikolaides güc-bəla ilə, nəhayət ki, bir yalan uydura bildi. Deyəsən, analiz ediləcək, məncə, mütləq edilməlidir də. Qalatasaraylı Nahidi tanıyırsan… Sonra Şükran… Onlarda da xəstəlik elə bu cür başlamışdı.

Bağçada oturdular. Səlmin tez-tez böyük dayısını yanakı süzürdü. Səmim gözlərini Aydının yatdığı otağın pəncərəsindən ayırmırdı. Sonra yenə də önünə baxdı.

– Məncə, yalan danışmağa ehtiyac yoxdur.

– Sən ablamın halını görsəydin, – Bəsim başını bulayaraq dedi. – Üzü qıpqırmızı qızarmışdı. Diaqnozun nə olduğunu öyrənsəydi, yəqin ki, beyninə qan sızardı… O anda ancaq yalanla vəziyyətdən çıxmaq olardı.

– Diaqnoz hələ ki qoyulmayıb. Bu bir ehtimaldır, həm də qüvvətli bir ehtimal… Bunu Məfharətə xəbər vermək lazımdır. Sabah məsələnin nə yerdə olduğunu birdən-birə öyrənər, ya da sezərsə, bax o zaman, həqiqətən də, beyninə qan sıza bilər.

Səmim asta və kədərli səslə sözünə davam etdi:

– Bizim səhvimiz bundadır. Hiyləgərlik etməyə çalışaraq kiçik ağlımızla böyük hadisələrin qarşısına çıxmağa çalışırıq.

Səlmin yerindən qalxıb Səmimə yaxınlaşdı. Əlindəki gülü onun yaxasına sancarkən:

– Mən sizin kimi düşünmürəm, dayı, – dedi.

Bəsim bağırdı:

– Təbii… Əşşi bax bu gül belə, yalan söyləyir. Elə bir təzə-tər duruşu var ki, gəl görəsən… Elə bil öz görünüşü ilə lovğa-lovğa: “Mən solmayacağam, mən əbədiyəm”, – deməyə çalışır. Halbuki sabaha qədər solacaq… Yəni yalan söyləyir.

Səmim yaxasından tutub gülü burnuna yaxınlaşdıraraq dedi:

– Solacağını bilmir, – dedi, – sadəcə, gələcəyindən və gözəlliyindən əmindir.

Bəsim ayaq üstündə dayanan Səlmini göstərdi:

– Lakin bu gül bilir. Amma yenə də solmayacaqmış kimi qürurlu görünüşü var. Elə deyilmi, Səlminciyim? Gözəlliyin sonsuz olduğu ilə bağlı özün özünü aldadırsan.

Qız cavab vermədi, bir az qabağa getdi, əyilib qızılgül kolundan sarı bir gül də qopararaq Bəsimin yaxasına taxdı:

– Bu, yalanı müdafiə etməyiminmi mükafatıdırmı? – deyə dayısı soruşdu.

– Bəli.

– Adı üstündə… Yalan dünya. Yalansız bir dünya təsəvvür edə bilərsinizmi?

Sonra da Səmimə tərəf çevrilərək soruşdu:

– Sizin Simeranyada müalicəsi olmayan xəstələrin üzünə qarşı həkimlər öləcəklərini elə-beləcə birbaşa söyləyirlərmi?

Ağabəyi cavab vermədi. Bəsim onun Simeranya xəyalında bu tərəfin hələ ki əskik və ya əlavə düşüncələrə möhtac olduğunu düşünürdü. Səmim hər hissəsi yerli-yerində olan bir maşın kimi qüsursuz dünya yaratmış ola bilməzdi. Bəsim bu rahatlığın verdiyi üstünlük hissi ilə ayağını ayağının üstünə aşıraraq:

– Sən bu haqda yaxşı-yaxşı fikirləş, ağabəy, – dedi.

Səmim yüngülcə başını arxaya verib qardaşının üzünə baxdı. Hər dəfə Simeranyasından danışmağa başladığında olduğu kimi, xəyalının qəribəliyinə gülmək üçün hər kəsi qabaqlayaraq gülümsədi.

– Mən bu məsələ haqqında çox fikirləşmişəm, – dedi. Simeranyada yalan tamamilə lüzumsuz bir şeyə çevrilib. Məlum olub ki, bu, təbiətin və həyatın içindəki ziddyyətləri barışdırmayan insanın ahəng yaratmaq üçün əks qütblər yaratmaq ehtiyacı ilə bağlıdır. Əgər insnın ruhundakı ziddiyyətlər aradan qalxarsa, yalana da ehtiyac qalmaz. Yəni prinsipində qütbləşmə dayanan Olmaq faciəsinə qarşı aciz olan insanın əlindəki keçici silah yalandır.

Bəsim yerindəcə dikəldi və bir qulağını ovucları arasına alıb Səmimə tərəf uzadaraq bağırdı:

– Necə, necə?

Səmim qırıq-qırıq qəhqəhə ilə gülərək cavab verdi:

– Dayan bir, sənə misal ilə başa salım: ildırım elektrik hadisəsidir, elə deyilmi?

– Elədir.

– İnsan fiziki sahədə müsbət və mənfi arasındakı ziddiyyəti uzlaşdıraraq elektrik işığı əldə edir. Təbiətin bu dağıdıcı qüvvəsi insanın əlində faydalı xüsusiyyət qazanır. Fiziki sahədə belədir. Lakin içinə insan ruhunun qarışdığı sosial həyatda bütün ziddiyyətlərin barışması mümkün deyil. Olmur da. Bax yalan o zaman müsbət və mənfi qütblərdən birini müvəqqəti müddətə pərdələmək, gizlətmək üçün ziddiyyəti aradan qaldırır. Təbii ki, müvəqqəti olaraq…

– Buna da bir misal çək.

– Bax, məsələn, zavallı Aydın. Bir yandan onun ağır bir xəstəlik təhlükəsi qarşısında olduğu, başqa bir yanda analıq şəfqətinin üsyanı müxtəlif qütblərdə yerləşir.

Sən bu ziddiyyəti aradan qaldırmaq üçün həkimin qolunu dürtmələyir və təhlükənin üzərinə yalan örtüyü çəkirsən. Halbuki reallığın kobud əli bir gün o örtüyü qəfildən qaldırdığı vaxt ziddlyyət ən mürəkkəb və əhmiyyətli nəticələri ilə ortaya çıxacaq.

– Başqa nə edə bilərdim ki?

– Niyə ki? İstəsən, edə bilərdin… Məsələn, bu qütblərdən ikincisini yalansız aradan qaldıra bilərdin. Analıq şəfqətini üsyan halından müsbət bir hissə – Allaha şükür duyğusuna çevirə bilərdin. Bax mən bunu edəcəyəm, indi görəcəksən.

Bəsim ayağa qalxdı və Səmimə doğru addımlayaraq səsini qısdı və bağıra-bağıra demək istədiyi var gücü ilə pıçıltıya çevirə bildi:

– Qətiyyən ha, ağabəy, ablam çox pis haldadır.

Səmim təkrar etdi:

– İndi özün də görəcəksən.

Təkrar Aydının yatdığı otağın pəncərələrinə tərəf baxdı.

Bəsim iki əlini də ona tərəf uzatdı:

– Hələ bir dayan. Səbr et… Yuxarı çıxma… Aydın yatır axı… Ablam da səni görən kimi həyəcanlanacaq.

Səmim arxaya söykəndi və yenə də gülümsəyərək dedi:

– Simeranyada əsl məsələ xəstə ilə xəstəliyi arasındakı ziddiyyəti aradan qaldırmaqdır. Bütün müalicələrin əsasında məhz bu amil durur. Bax bu çox maraqlı məsələdir, yaxşı-yaxşı qulaq as…

– Qulağım səndədir, ağabəy…

– Bizim indiki dünyamızda iki nəzəriyyə və tətbiq vardır ki, məhz onlar Simeranyada gələcək dünya təbabətinin əsaslarını formalaşdırır. Bu nəzəriyyələrdən birinə görə, istisnasız olaraq hər xəstəlik orqanizmin öz işinə zidd təsirlərə qarşı hiperreaksiyasıdır. Daha doğrusu, bədənin qəzəblənməsidir, üsyanıdır. İkinci bir nəzəriyyəyə görə – bu nəzəriyyə daha məşhurdur.... İsveçrəli Turnyenin nəzəriyyəsi… Deməli, belə… Bu nəzəriyyəyə əsasən, bir çox xəstəliklərin səbəbini xəstənin bədənindən əvvəl onun həyatında axtarmaq lazımdır. Yəni xəstəlik əksər hallarda taleyin bəxş etdiyi pis hadisələrə, uğursuzluqlara qarşı ruhun, onun da ardınca vücudun üsyanıdır.

Oturacaqda əyləşən Bəsim birdən-birə canlanaraq:

– Üsyan deyil, sıxıntı, – dedi, – bir az bundan qabaq mən də Səlminlə elə bu haqda danışırdım.

– Hər bir sıxıntı üsyana hazırlıq deməkdir. Ruhda başlayan bu hazırlıq bədənin xəstələnməsi şəklində təbii üsyan halını alır.

– Deməli, belə… Aydındır…

– Bax Simeranyada müalicənin dayaq nöqtəsi budur. Lakin onu da söyləməliyəm ki, orada təbabət deyə elm və hər hansı şöbə yoxdur.

– O necə olur ki?

– Fikrini qarışdırmamaq üçün bunu sonra başa salacağam. Davam edək: hər xəstəlik əvvəlcə ruhda başlayıb sonra bədənə təsir edən üsyandır.

Bəsim yenə də ayağa qalxdı və əllərini arxasına qoyaraq:

– Pardon, – dedi, – mikroblu xəstəliklərdəmi?

– Hamısı.

– Axı bu necə olur? Mikroblu xəstəliklərdə xəstəliyin amili mikrobdur, sıxıntı-filan deyil. Bu hamının bildiyi bir məsələdir.

– Lakin mikrobun xəstəliyi bədənə gətirə bilməsi üçün vücudda uyğun bir mühit tapması lazım deyilmi? Bu mühiti də sinir sistemi vasitəsilə ruh hazırlayır. Üsyan bədənə oradan keçir. Yəni insanda xəstəlik əksər hallarda taleyin uğursuzluqlarına qarşı dirənməkdən, uyğunlaşmağa çətinlik çəkməkdən meydana çıxır. Simeranyada hər cür xəstəliyin səbəbini əvvəlcə xəstənin həyatında və ruhunda axtarırlar. Çox vaxt da səbəbin heç bir çarəsi olmayan uğursuzluqlardan, həyat çətinliklərindən birinin olduğunu meydana çıxararlar: ümidsiz bir eşq, çox sevilən birinin ölümü, namus ləkəsi, vicdan əzabı kimi əlacı olmayan hadisələr… Bu cür ağır iztirab yükünü qaldıra bilməyən ruhun sıxıntısı, üsyanı beləcə xəstəliyə çevrilir… Bax elə bu zaman xəstəni həyatın qarşısına çıxardığı talesizliklərə uyğunlaşdırmaq üçün ruhunun müalicəsinə başlanılır və bu da öz möcüzəvi nəticəsini verir.

Etiraz etmək cəsarətini getdikcə itirməkdə olan Bəsim soruşdu:

– Aydın Simeranyada olsa idi, onunu ruhunu necə müalicə edərdilər?

– Orada hər kəs xəstələnməzdən əvvəl həyatın çarəsizlikləri qarşısında sərhəd qurmamağı, üsyan etməməyi öyrənir. Bütün ailələrdə və müəssisələrdə hər gün ruhun inkişafı, sağlamlığı üçün idman kimi tətbiq edilən məhz budur. Orada insanlar özlərinə uyğun müəyyən ayinlər yerinə yetirirlər. Ona görə də Simeranyada dərin bir sükut və ahəngdar bir barışıq havası hökmranlıq edir. Ora ilk addımını atar-atmaz özünü hər tərəfə yayılmış ümumi bir barışıq və ahəng duyğusu içərisində hiss edirsən. Hər kəs ruhun sağlamlığı üçün mövcud olan bu yollara bələddir və xəstələndikdən sonra da üsyandan barışığa, istənilən halı qəbul etməyə doğru gedən yolu tapmalarına kömək edəcək təlqinlərə üz tuturlar. Bunun üçün müəyyən hazırlıqlar aparılır.

246,83 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
440 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают