Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları», страница 4

Шрифт:

Amma belə bir gözəl adətin olması pis adətinin ləğv edilməsini çox çətinləşdirir.

Əgər “aloon-aloon” (rəhbərin malikanəsinin qarşınında gözəl ağaclarla bəzədilmiş meydan) bellənməyibsə, qonşuluqdakı əhali buna görə utanc hissi keçirəcək, onların oranı qamışlıqdan təmizləməsini, naibə yaraşan səviyyədə səliqə-səhman yaratmasını əngəlləmək üçün böyük qüvvəyə ehtiyac olacaq. Buna görə ödəniş etmək hər kəs üçün alçalma kimi qəbul edilir. Amma bu “aloon-aloon”a yaxın, yaxud başqa bir yerdə sahələri şumlamaq çox zaman millərlə uzaqda yerləşən su kanalından su gətirmək üçün “savahlar” gözləyirdi. Həmin “savah”lar naibliyə məxsusdur. O, bütün bir kəndin əhalisini çağırır, onların “savahları” da bu kimi işlərə ehtiyac görür. Budur, bu da sənə alçalma.

Bu məsələ Hökümətə bəllidir. Funksionerlər üçün qanunlar, təlimatlar, nizamlamalardan ibarət rəsmi sənədləri oxuyan hər kəs onları yaratmağa təsir edən insanlığı alqışlayır. Yavanın içərilərində güc-qüvvə ilə təmin edilmiş avropalıya deyilir ki, onun ilk öhdəliklərindən biri insanların hörmətini qazanmaq və hər kəslə dil tapmaqdır.

ALTINCI BÖLÜM

Nəzarətçi Verbruc yaxşı adam idi. Onu manşetlərində və yaxalığında palıd və narıncı budaqlarla işləməli mavi parçadan tikilmiş paltosunda orada oturan gördüyündə biləsən ki, Hind adalarında ondan daha yaxşı Holland tapa bilməzsən. Yeri gəlmişkən, bu tip holland, Hollandiyadakılardan tamamilə fərqlənir. Etməyə bir işi olmadığında asta hərəkətlərlə, çaxnaşmasız filansız – Avropada belə şeyləri təlaş olaraq qəbul edirdilər. Amma iş tələb ediləndə o qeyrətli olurdu. Ətrafındakılara qarşı səmimi və sadə, ünsiyyətcil, kömək etməyə meyilli və qonaqpərvər, sərt olmadan çox nəzakətli, həssas, gözəl təəssürat yaradan, bu hisslərin şahidi olmadan səmimi və içdən olan, hər yerdə özünü evindəki kimi hiss edən biri idi. Bununla belə heç kim risk edib onu öz adı ilə çağırmazdı. Əslində bunu o heç özü də arzulamırdı.

O, “pendoppo”nun qarşısında, üzərinə ağ örtük sərilmiş, müxtəlif təamlarla bəzədilmiş masaya yaxın dayanmışdı. Ara-sıra böyük bir səbrsizliklə, Xanım Blubeardın sözləri ilə baxılası bir şey varmı deyə “mandooru” xəbər aldı. (Bu adamlar polis rəisi və komendantın əlinin altında çalışan rəsmilər idi.) Sonra o, boş-boş oturmaqdan bezdi, ayağa qalxdı və siqaretini yandırdı və yenidən oturdu. O az danışırdı, amma istəsə, çox danışardı, çünki yalnız deyildi. Mən “pendoppo”da oturub dil-boğaza qoymadan danşan 20-30 yavalı xidmətçidən danışmıram. Gözləmək hər zaman yorucudur. 15 dəqiqə adama bir saat kimi gəlir. Velbruc bundan daha söhbətcil ola bilərdi. Lebakın naibi intelligent, yaşlı bir kişi idi. O, istənilən mövzuda hisslərlə və mühakimə ilə söhbət edə bilərdi. Bir dəfə ona baxmaq kifayət idi ki, onunla ünsiyyət quran avropalıların ondan öyrəniləcək çox şeyi olduğunu başa düşəsən. Əksinə deyildi. Onun aydın qara gözlərinin yanğısı, ağ saçları və yorğun sifət çizgiləri ilə kontrast təşkil edirdi. Onun dedikləri çox zaman yaxşı qəbul edilirdi, mədəni şərqlilərlə bağlı çox zaman məhz belə olurdu. Və əgər onunla söhbət etsən, başa düşürdün ki, sən onun sözlərini hərflər kimi qəbul etməlisən, həmin hərflərin surəti onun arxivində var. Zərurət olarsa, onları yenidən xatırlaya bilər. Bu durum Yavalı əsilzadələrlə söhbətləşməyə alışıq olmayan adamlar üçün anlaşılmaz görünə bilər. Hərçənd dalana dirənəcək istənilən mövzulu söhbətlərdən qaçmaq mümkündür. Çünki onlar heç zaman söhbətə kəskin istiqamət dəyişikliyi verməyəcəklər. Çünki şərq təfəkkürünə görə bu qarşı tərəfə nəzakətsizlik hesab edilir. Beləliklə də müəyyən mövzulardan yayınma səbəbi olan hər kəs az məna kəsb edən şeylərdən danışa, bununla da əmin ola bilər ki, Yavalı rəhbər onu pərt edib söhbəti istəmədiyi həmin məcraya daha qaytarmayacaq.

Bu əslilzadələrlə, rəhbərlərlə münasibət qurmaq haqda da müxtəlif fikirlər mövcuddur. Məncə istənilən diplomatik riyakarlıqdan uzaq səmimilik üstün tutulur.

Hər necə olsa da, Verbruc söhbətə hava haqqında qeydlə başladı:

– Hə, cənab nəzarətçi, yağışlı mövsümdür.

İndi Verbruc bunu çox gözəl bilirdi, yanvar ayı idi, amma naib də bilirdi, o, yağış haqda nə deyir. Sonra yenə araya sükut çökdü. Naib güclə seziləcək hərəkətlə başı ilə “pendoppo”nun qarşısında çöməlib oturan xidmətçilərdən birinə işarə etdi. Əynində ağ şalvar, qızılı ilmələrlə haşiyələnmiş möhtəşəm Saronq qurşağı və mavi məxməri jaket olan, gözəl geyinmiş balaca oğlan başında xoşagələn içində “Sirie”, laym, tütün, pinanq və qambier olan qızıl qutunu gətirib naibin qarşısına qoyanda “Kain Kapalnın” altından oynayan qara gözlərini onun ayaqlarına zilləndi. Hər iki əlini birləşdirib alnına apararaq “Slamaatını” elədi. Yüngül təzim elədi, sonra qiymətli qutunu qaldırıb sahibinə doğru uzatdı.

– Yollar bu qədər yağışdan sonra çox çətin olacaq, – naib sanki belə uzun sürən fasiləni izah etmək üçün dedi. Eyni zamanda o, limonları qara istiot yarpaqlarının üzərinə düzdü.

– Pandaqlanqda yollar elə də pis deyil, – Verbruc cavab verdi. Nə zaman ki, o, razılaşmadığı bir məsələ ilə bağlı cavab verməli olurdu, bu zaman cavabı bir qədər düşünmədən verərdi. Çünki nəzərə almalı idi ki, Lebakın Naibinə Pandaqlanq yollarının təriflənməsi xoş gələ bilməz. Hətta həmin yollar Lebakın yollarından çox-çox yaxşı olsalar belə.

Adhipatti səhv edib dərhal cavab vermədi. Balaca “maas” artıq “pendoppo”nun yanında idi. Orada o, öz yoldaşları ilə dayanmışdı. Naibi dodaqları, geridə qalan dişləri qara istiot yarpaqlarının şirəsindən qızarmışdı. O dedi:

– Hə, Pandaqlanq daha izdihamlıdır.

Lebakın durumu onun üçün sirr olmayan həm naib, həm də nəzarətçi ilə tanış olan adam üçün söhbətin artıq davaya çevrildiyi tamamən aydın olardı. Qonşu əyalətdəki yolların daha yaxşı durumda olması haqda eyham Lebakdakı yolların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bütün cəhdlərin səmərəsiz olmasının fonunda vurulurdu. Amma naib də Pandaqlanqın daha izdihamlı yer olması haqda qeydində haqlı idi. Oranın əhalisi çox, ərazisi az idi, bu isə yolların keyfiyyətinin yaxşılaşdırılması üçün birgə əməyin bu işə yönləndirilməsini asanlaşdırırdı. Lebakda isə bir neçə yüz metr mil ərazidə cəmi 70 min əhali yaşayırdı.

– Bu doğrudur, – Verbruc dedi, – bizim əhalimiz çox deyil, amma…

Adhipatti sanki hücum gözləyirmiş kimi ona baxdı. O bilirdi ki, “amma”dan sonra onun razılaşmadığı hansısa söz gələ bilər. O axı 30 ildir ki, Lebakın naibidir. Verbruc söhbəti yekunlaşdırmaq istədiyindən “mandoordan” yenidən kiminsə gəlib-gəlmədiyini xəbər aldı.

– Cənab Nəzarətçi, mən Pandaqlanq tərəfdən kiminsə gəldiyini görməmişəm, amma o biri tərəfdə at belində kimsə var, bu komendantdır.

– Dəqiq olsun, Donqso! – Verbruc çölə baxaraq dedi. O, bu tərəflərdə ov edir, səhər çox erkəndən çıxıb. Ho! Duklari! Duklari!

– Cənab, o, sizi eşidir. Bura gəlir. Oğlu atını onun arxasınca sürür.

– Komendantın atını tut! – Cənab Verbruc xidmətçilərin-dən birinə göstəriş verdi.– Sabahın xeyir, Duklari! İslanmısan? Nə vurmusan? Keç içəri!

Əynində heç bir hərbi geyim olmasa da, hərbi görkəmli, 30 yaşlarında qüvvətli bir kişi “pendoppo”ya daxil oldu. Bu Rankas-Betonq ərazisində kiçik bir qarnizonun komendantı olan Leytenant Duklari idi. Hərbçilər üçün tikilən yeni qalanı gözləyərkən Duklari bir müddət Verbrucun evində yaşadığından onlar ailəvi dost idi. O, əl verib görüşdü, naiblə nəzakətli salamlaşdı və oturub xəbər aldı:

– Nə var – nə yox buralarda?

– Çay içirsən, Duklari?

– Əlbəttə ki, yox! Mənə kifayət qədər istidir! Bəlkə kakos südün olar? O təravətləndiricidir.

– Bunu içməyinə imkan verməyəcəyəm. Məncə islanmış biri üçün kakos südü çox yararsızdır. Bu həm səni qıc edər, həm də maddələr mübadiləsini pozub podaqra ağrısına səbəb olar. Dik dağlara ağır yüklər qaldıran hamballara bax! Onlar fəallıqlarını və enerjilərini ya isti su, ya da Koppi dahoen içməklə təmin edirlər. Zəncəfilli çay da yaxşıdır.

– Nə? Koppi dahoen? Qəhvə yarpaqlarından hazırlanmış çay? Mən belə bir şey görməmişəm.

– Çünki sən Sumatrada xidmət etməmisən. Orada bu geniş yayılıb.

– O zaman icazə ver mən qəhvə yarpaqları, yaxud zəncəfil deyil, çay içim. Demək, sən Sumatrada olmusan, yeni komendant da orada olub, eləmi?

Bütün bu söhbətlər holland dilində gedirdi və naib heç nə başa düşmürdü. Ya Duklari onu bu şəkildə söhbətdən çıxdaş etməyi nəzakətsiz hesab etdi, ya da nəsə başqa şey düşündü, çünki qəfildən Malaya dilinə keçib naibə ünvanlandı:

– Adhipatti nəzarətçinin yeni komendantla tanış olduğunu bilirmi?

– Yox. Mən belə demədim, onu tanımıram, – Verbruc Malay dilində dedi. Mən onu heç zaman görməmişəm. O məndən bir neçə il öncə Sumatrada xidmət edib. Mən sənə sadəcə demişəm ki, onun haqda çox şey eşitmişəm.

– Nə fərqi var, eyni şeydir də. Bir insanı tanımaq üçün onu görməyə gərək yoxdur. Adhipatti bu barədə nə düşünür?

Həmin anda Adhipatti xidmətçini çağırmaq istədi. Bir qədər keçdikdən sonra dedi: O komendantla razıdır, amma eyni zamanda ona görə bir insanı mühakimə etməzdən öncə çox zaman onu görmək zəruri olur.

– Ümumi danışsaq, bəlkə də bu həqiqətdir, – ya həmin dili daha yaxşı bildiyindən və nəzakətli olmaq üçün kifayət qədər jest etdiyini düşündüyündən, ya da yalnız Verbruc tərəfindən başa düşülmək istədiyindən Duklari holland dilində davam etdi, – Ümumi götürsək, bu doğru ola bilər, ama Havelaara gəldikdə şəxsi tanışlığa ehtiyac yoxdur. O, axmaqdır.

– Mən belə demədim, Duklari.

– Yox, sən belə demədin, amma sənin bütün danışdıqlarından sonra mən bunu deyirəm. Mən iti köpək balığından xilas etmək üçün suya atılan hər kəsə axmaq deyirəm.

– Hə, bu dəlilik idi, amma…

– Və, General van Dammın epiqramı kimi təqdim etdiyin… o heç də münasib olmadı.

– Bu hazırcavablıq idi.

– Amma cavan biri Generalın hesabına hazırcavab olmaya da bilər.

– Bəs onun oğurladığı hindquşu?

– O, bunu Generalı əsəbləşdirmək üçün etmişdir. – Bu dəqiqliklə belədir. Cavab bir kişi Generalı əsəbləşdirə bilməz, xüsusən əgər həmin general sivil qubernatordursa, onun rəhbəridirsə – epiqrama gəldikdə, onun çox gülməli olduğunu düşünürəm. Amma yenə də bu duel…

– O, bunu ümumiyyətlə başqasının əvəzindən edirdi, o, hər zaman zəiflərin çempionu olub.

– Hmm. Əgər mütləq bir dava olmalıdırsa, o zaman qoy hər kəs özü üçün savaşsın. Mənim özümə gəldikdə isə mən düşünürəm ki, duel çox nadir hallarda zəruri olur, əgər nə zamansa zəruri olursa, bunu qəbul edə bilərəm. Amma bunu adətə çevirməyi qəbul etmirəm. Ümid edirəm ki, o, bu xüsusda dəyişəcək…

– Əlbəttə ki, bu barədə heç bir şübhə ola bilməz. O, indi çox yaşlıdır, uzun müddətdir ki, evli və komendantdır. Bundan əlavə, hər zaman onun ürəyinin yaxşı durumda olduğunu və düzgün mühakimə qabiliyyətinə sahib olduğunu eşitmişəm.

– Həm də o, Lebak üçün tam uyğun bir adamdır. Bu gün səhər bir şey baş verdi, səncə naib bizi başa düşür?

– Mən düşünmürəm, amma mənə oyun çantandan bir şey göstər və o, elə düşünəcək ki, biz ondan danışırıq.

Duklari çantasını götürdü, oradan iki taxta xoruz çıxartdı, əlini onlara çəkib sanki öz idmanından söz açırmış kimi Verbruca bir yavalı tərəfindən izləndiyini dedi. Həmin yavalı ondan əhalinin altında inlədiyi təzyiqi azalda bilib-bilməyəcəyini xəbər almışdır, – və, o davam etdi. Bu çox şey deməkdir, Verbruc. Yox söhbət mənim fakta təəccübləndiyimdən getmir. Burada nələrin baş verdiyini bilmək üçün artıq Bantamdakı iqamətgahımda kifayət qədər çox vaxt keçirmişəm. Amma ümumən rəğbəti ilə bağlı səmimi və təmkinli olan adi yavalının bu məsələyə heç bir dəxli olmayan birindən bu xahişi etməsi məni təəccübləndirir.

– Bəs sən nə cavab verdin, Duklari?

– Dedim ki, bu mənim işim deyil. Ya sənin yanına gəlməlidir, ya da Rankas-Betonqa gedəndə orada yeni komendanta şikayətini etməlidir.

– Budur gəlirlər, – xidmətçi Donqso qəfildən dedi. Mən toodonqunu (yağışdan və gündən qorunmaq üçün enli kənarları olan samandan hazırlanmış şlyapa) yelləyən “mantrieni” (naziri) görürəm.

Hər kəs ayağa qalxdı. Duklari ondan vəzifəcə böyük amma müdiri olmayan, hələ bir də axmaq olan biri ilə görüşmək üçün sərhədə kimi gəldiyini bilməklərini istəmirdi. O atına sıçradı və xidmətçiləri ilə birgə atını sürüb uzaqlaşdı.

Adhipatti və Verbruc “pendoppo”nun girişində dayanıb yaxınlaşan faytonu izləyirdilər. Tezliklə palçığa bürünmüş, dörd at qoşulmuş fayton bambukdan tikilmiş binanın yaxınlığında dayandı.

Həmin faytonda nəyin olduğunu zənn etmək xeyli çətin olardı. Bu zaman Donqso, faytonu müşahidə edənlər və naibin evinə məxsus bir dəstə xidmətçinin köməyi ilə nəqliyyat vasitəsininin büründüyü qara dərin örtüyün iplərini və düymələrini bir-bir açmağa başladı. Bu əməliyyat adamın yadına zooparkların hələ yalnız menaqariyalarla hərəkət etdikləri vaxt şəhərlərlə səfər edərkən şirlərin, pələnglərin davranıldığı ehtiyatlı tərzi salırdı. İndi isə bu faytonda nə şir vardı, nə pələng, onlar faytonu bu cür yalnız ona görə bürümüşdülər ki, indi qərb mansoonu (yağışlı mövsüm) zamanı idi və yağışdan qorunmaq üçün hazır olmaq zəruri idi.

Bəlkə nadir hallarda edən, yaxud da heç səfər etməyən əksini düşünə bilər, amma yolboyu uzun müddət silkələnən faytondan aşağı düşmək indi elə də asan deyildi. Antediluvian dövründə uzun müddət dayandıqlarından gilin ayrılmaz parçasına çevrilən – hərçənd başlanğıcda onlar ora qalmaq üçün girməmişdilər – biçarə Saurianlar kimi uzun müddət faytonun içində sıxılıb qalaraq hərəkət edənlərlə bağlı da mənə görə assimilyasiya adlı bir şey baş verir. Sonda adam dəri yastığın harada bitdiyi, fərdiliyin harada başladığını bilmir. Bəli, mən hətta düşünürəm ki, belə durumda adamın dişağrısı, qıcolmaları da tuta bilər. İnsan bu durumda çox asanlıqla çaş-baş qala, nəyin nə ağrısı olduğunu ayırd etməyə bilər.

Materiya dünyasında düşünən insana intellektual müşahidələr etməyə imkan verməyən yalnız bir neçə durum var, beləliklə mən tez-tez özümə bu sualı vermişəm: etdiyimiz bu qədər yalnışlar, bizim üçün adiləşən doğru hesab etdiyimiz bu qədər “səhvlər”in əsas mənşəyi çox uzun müddət eyni adamlarla, eyni faytonda səyahət etməkdən qaynaqlanırmı? Solda balaca albalı səbəti ilə şlyapa qutusu arasında bir yerə qoyduğun ayaq, yanında oturduğun qadın onun ismətinə və ləyaqətinə hücum etdiyini düşünməsin deyə fayton qapısına sıxdığın dizin, yağış sağdan vurduğu üçün uzun müddət sola əydiyin boynun… Bütün bunlar axırda necəsə biçimsiz bir duruma düşür. Məncə zaman-zaman faytonçuları, oturacaqları və yol yoldaşlarını dəyişmək yaxşı olar. Belədə sən boynunu o biri tərəfə əyə bilərsən, dizini ara-sıra tərpədə bilərsən, ola da bilər rəqs ayaqqabılarında yanında bir qadın otura bilər. Yaxud da ayaqları yerə dəyməyən azyaşlı bir oğlan! Bu zaman ayaqlarının altında torpaq hiss edənə kimi normal baxa, normal gəzə bilmək şansın daha çox olacaq.

Bilmirəm “pendoppo” qarşısında dayanan fayton davmalılığı pozurdumu, amma bir şey dəqiqdir, nəsə peyda olana kimi bir qədər zaman keçdi.

Etiketlərlə bağlı sözlərə baxsaq, müəyyən bir çətinlik yaşanırdı. “Zəhmət olmasa, madam” və “Komendant”… Hər necə olsa da, sonda mənim haqqında danışdığım Saurianlara oxşar bir görkəmi və münasibəti olan bir kişi faytondan yerə düşdü. Bir şey deyim, onun hərəkətsizliyi heç də fayton səyahəti ilə assimilyasiya edilməməlidir. Çünki ətrafında heç kim olmayanda da, o, bir çox Saurianlını qısqandıracaq dərəcədə sakitlik, astagəllik və ehtiyatlılıq sərgiləyirdi. Və o, çoxlarının gözündə sakit, müdrik və təmkinli əlamətlərə sahib insan idi. O, Hindistanda olan bir çox avropalı kimi idi. Əlbəttə ki, intellektual inkişafdan xəbər verən düzgün sifət cizgilərinə sahib idi. Amma baxışlarında nəsə soyuqluq vardı, bu soyuqluq sənə loqorifmalar cədvəlini xatırladırdı. Və ümumi tərzi bütövlükdə xoşagəlməz və iyrənc olmasa da sifətindəki uzun burnunun bir zamanlar onu qıcıqlandırdığını düşünməmək əldə deyildi.

O, nəzakətlə əlini qadına uzadıb ona düşməyə yardım etdi. Sonra isə hələ də faytonda olan centlmendən uşağı – bu 3 yaşlarında balaca sarışın oğlan uşağı idi – götürdü və onlar “pendoppo”ya daxil oldular.

Sonra həmin centlmen özü də düşdü və Yava ilə tanış olan hər kəs dərhal müşahidə edə bilərdi ki, o, fayton qapısının ağzında yaşlı yavalı “baboe”yə (dayə-xidmətçi) yardım etmək üçün gözləyir. Üç xidmətçi faytonun arxasına yapışan dəri "fincan”dan düşüb gəldilər.

Faytondan birinci düşən centlmen əlini naibə və nəzarətçi Verbruca uzatdı. Onlar uzanan əli hörmətlə sıxdı. Və bu münasibətdən sən onların hörmətli bir insanın qarşısında dayandıqlarını görə bilərdin. O, Bantanın komendantı idi, Lebak o böyük əyalətin yalnız bir rayonu idi, yaxud rəsmi dildə desək, onun köməkçi komendantı idi. Mən çox zaman bədii kitablar oxuyanda yazıçının ictimaiyyətin zövqünə az hörmət göstərməsinə görə inciyirdim. Dili başa düşməyən, ən azından onu səhv tələffüz edən adamı məcbur edirlər ki, danışsın. Misal üçün fransız holland dilində belə danışır:

“Ka kavrv na de Krote Krak”, yaxud da Krietje Kooit Keen Kare Kronte Kraavek.” Mən axmaq “vaudevil”ə də şahidlik etmişəm, çünki onun içində kimsə vardı, hər zaman “ Mənim adım Meyrdir” deyərdi. Məncə, bu ağıllı görünməyin çox ucuz yoludur və düzünü desəm, əgər bunu gülməli hesab edirsənsə, sənə çox acığım tutur. Amma hazırda sənə oxşar bir şeyi mən özüm təqdim etməliyəm. Zaman-zaman sənə bir insan göstərməliyəm, – bunu bacardığım qədər nadir hallarda etməyə çalışacağam – mən həmin insanın danışıq tərzinin səni güldürmək üçün uğursuz bir cəhd olduğundan şübhələnirəm. Bu səbəbdən də səni əmin etməliyəm ki, haqqında danışdığım Bantamın çox təmkinli komendantı özünü ifadə tərzinə görə çox özünəməxsusdursa, bunu ifadə etmək mənim üçün çox çətindir. Elə danışırdı ki, sanki hər sözdən sonra bir dövr, uzun fasilə var. Və mən onun sözləri arasındakı bu məsafə üçün kilsədəki uzun duadan sonra deyilən “Amin”dən sonra gələn səssizlikdən daha yaxşı müqayisə tapa bilmərəm. Bildiyiniz kimi bu fasilə hər kəsə burnunu çəkmək və öskürmək üçün bir imkan yaradır. Dedikləri çox zaman yaxşı qəbul edilirdi və o, əgər həmin yersiz fasilələri ötürməklə bağlı özünü yola gətirə bilsəydi, onun cümlələri ən azından ritorik nöqteyi-nəzərdən məqbul sayıla bilərdi. Amma bütün o xırdaçılıq, kəkələmək, sərtlik onu dinləməyi çox yorucu edirdi. Çox zaman onun bitirdiyini düşünüb cavab verməyə başladığın anda – və qalanları sənin ixtiraçılığına buraxılır – yenidən başlayır üyüdüb-tökməyə, onun sözləri məğlub edilmiş ordunun geridə qalan sınıq-salxaq əsgərləri kimi yenidən axır ağzından. Və sənə elə gəlir, sən onun sözünü kəsirsən, bu düşüncə isə hər zaman xoşagəlməzdir. Seranq ictimaiyyəti və hökümət işində işləməyən insanlar onun söhbətini incə adlandırırdılar. Amma hökümət işində işləyənlər daha səmimi idilər. Bu sözün gözəl olduğunu düşünmürəm, amma etiraf etməliyəm ki, bu söz komendantın bəlağətini çox gözəl təsvir edirdi. Hələ bu vaxta kimi Maks Havelaar və onun arvadı haqqında bir kəlmə də deməmişdim. Çünki o ikili faytondan komendantdan sonra öz övladları və “babeo” ilə birgə düşdülər. Ola bilər, onların xarici görünüşünün təsvirini sənin güclü xəyal gücünə və hadisələrin sonrakı axarına buraxmaq yaxşı olardı. Amma bir halda ki, hazırda təsvirlərlə məşğulam, bir şeyi də deyim ki, madam Havelaar gözəl biri deyildi, amma həm danışığında, həm görünüşündə gözəl nələrsə vardı və rəftarının sadəliyi ilə dünya gördüyünü və üst sinfi təmsil edənlərin yanında özünü suda balıq kimi hiss etdiyini nümayiş etdirirdi. Özünü “cırıb-dağıdıb” xoşagəlməz snobluq nümayiş etdirmək, hər şeydən çəkindiyini göstərmək, “seçilən” olduğunu nümayiş etdirmək üçün gərginliyi və xoşagəlməzliyi yox idi. Və başqa qadınların haqqında çox düşündüyü xarici görünüş haqqında da narahat deyildi. Paltarında da sadəlik nümunəsi olduğu sezilirdi. Mavi saya çit parçadan Caodjoe və mavi Cordeliyer geyinmişdi. Məncə buna Avropada “peignoir” deyirlər, səfər kostyumunun rəngi məhz belə idi. Boynunda nazik, ipək parçadan şarf vardı, oradan iki balaca medalyon asılmışdı, bu medalyonlar görünməz idi, çünki onun paltarının qatlarının altında qalırdı. Saçında çələng vardı “a la Chinoise idi.” Kondek onun geyim dəstini tamamlayırdı.

Mən dedim ki, o gözəl deyil, amma onun çirkin olduğunu düşünməyini də istəmirəm. Ümid edirəm ki, onu sənə göstərmək şansım olan kimi sən onu gözəl hesab edəcəksən. Söhbət onun Maksından gedəndə “dahiyə məhəl qoymama” adlandırdığı anlarda qəzəblə yanırdı. Yaxud da məsələ onun övladının rifah halı ilə bağlı olduqda belə olurdu.

Tez-tez deyirlər ki, sifət qəlbin aynasıdır, bizim üçün tərpənməz sifət haqda xoş sözlər danışmaq o deməkdir ki, həmin ürəyin əks etdirməyə bir şeyi yoxdur. Hə, onun nəcib ürəyi vardı, əlbəttə onun simasını gözəl hesab etməyən əri kor idi. Çünki üzünə baxanda onun ürəyini oxumaq olardı.

Havelaar təxminən 35 yaşlarında bir kişi idi. O arıq və hərəkətlərində qıvraq idi, bircə istisna hədsiz ifadəli və qısa üst dodağı, bir də iri, solğun gözləri idi. O, sakit əhvalda olduğunda bu gözlər xəyalpərəst ifadə alırdı, böyük düşüncələrlə çalışıb-vuruşanda isə onlar alışıb yanırdı. Xarici görkəmində xüsusi diqqətçəkici bir şey yox idi. Açıq düz saçları gicgahını örtürdü və mən inana bilərəm ki, sən əgər onu ilk dəfə görsən, qarşındakı insanın həm baş, həm ürək etibarı ilə nadir keyfiyyətlərə sahib olan biri olduğu qənaətinə gələ bilərsən. O, ziddiyyətlərlə dolu biri idi. Ülgüc kimi iti, qız kimi yuxaürəkli, acı sözlərinin təsir edib yaraladığı ilk insan elə özü olurdu. Və o, yaralanandan daha çox özü əziyyət çəkirdi. Tükü-tükdən seçən idi, ən yüksək və ən həssas məsələləri həmin andaca başa düşür, çətin məsələlərin həlli ilə özünü əyləndirirdi. Və bütün təhsilini, məşəqqətini və səylərini bu kimi işlərə sərf edirdi. Hə, tez-tez olurdu ki, uşağın belə ona izah edə biləcəyi ən sadə məsələləri başa düşmürdü. Ədalətə, düzgünlüyə böyük sevgi duyduğundan çox zaman ədalətsizliyə dərman olmaq üçün daha çox mübarizə aparır, daha çox səy göstərirdi. O, cəngavər və igid idi, amma çox zaman Don Kixot kimi mübarizə əzmini külək dəyirmanında yelə verirdi. O, doyumsuz ambisiyalarla alışıb yanan adam idi. Bu xüsusiyyətinə görə həyatın bütün adi fərqlərinə boş şey kimi baxırdı. Və özünün ən böyük xoşbəxtliyini evdə, təcrid olunmuş şəkildə sakit həyat yaşamaqda görürdü. Yüksək söz duyumuna sahib şair idi. Bir qığılcım gördüyündə günəş sistemi haqqında xəyallar qururdu, öz yaratdığı varlıqlarla oranı məskunlaşdırırdı, özünü öz yaratdığı dünyanın kralı hesab edər, sonra bir anın içində düyü qiymətindən, qrammatik qaydalardan, yaxud süni inkubasiyanın Misir sistemindən söhbət etməyə başlaya bilərdi. Heç bir elm sahəsi ona tamamilə yad deyildi. Bilmədiklərini “intuitiv olaraq tapırdı” və bildiyi az şeydən (hər kəs az şey bilir, amma hərçənd o, başqalarından bir qədər çox bilirdi, yenə də bu qaydaya istisna təşkil etmirdi.) biliyini bir neçə dəfə artıq göstərəcək tərzdə istifadə edə bilmək kimi yüksək bacarığa sahib idi. O, fövqaladə səbirli, dəqiq və intizamlı idi. Amma düşüncə tərzi, bir qədər yabanı, hadisələri qiymətləndirmək baxımından astagəl və məhdud olduğundan məhz bu keyfiyyətlər: səbrlilik, dəqiqlik və intizamlılıq onun üçün çətin idi. Fəqət yekun qərarlarını tez verdiyini eşidən insanlar onun astagəl və gec düşünən olduğunu sanmırdı. Onun təəssüratları davamlı hesab edilmək üçün çox canlı idi, hərçənd tez-tez onların davamlı olmasına cəhd edirdi. Onu çəkən şeylər böyük və ülvi nəsnələr idi, eyni zamanda isə uşaq kimi sadə və saf idi. O dürüst idi, comərdlik dərəcəsində dürüst idi. Və minlərlə pulu ona-buna elə-belə verdiyindən, ödəmədiyi xeyli borcu qala bilərdi. Zəkasının başa düşüldüyünü hesab etdiyi yerlərdə zəkalı və əyləncəli olurdu. Yoxsa küt və təmkinli aparırdı özünü. Dostlarına qarşı içdən, səmimi, əziyyət çəkənlərin yanında, sevgiyə və dostluğa hissiyyatlı, verdiyi vədə doğru, xırda məsələlərdə güzəştə gedən, amma xarakter nümayiş etdirməyin zəruri olduğunu düşündüyü yerlərdə qaya kimi sərt olurdu. Onun intellektual üstünlüyünü qəbul edən insanların yoldaşlığında mütavazi və yardımsevər, ona qarşı gəlməyə çalışanlarla isə başağrıdan və deyingən ola bilirdi. Qürurlu, səmimi, birbaşalılığının səhv başa düşüləcəyini düşündüyü yerlərdə bəzən təmkinli, sözlərinin məhsuldar torpağa gömüldüyünü sandığı yerlərdə gözəl danışan, bəlağətli, içindən təhrikedici səs gəlməyəndə astagəl, içindəki səs onu təhrik etdikdə isə qızğın, atəşli olurdu. Bundan əlavə, davranışlarında mülayim, nəzakətli idi, kimisə günahlandıran rəftarı yox idi. Bu, Havelaarın xarakterinin qısa təsviri idi.

“Qısa təsvir” deyirəm, çünki əgər bütün tərifləri vermək çətindirsə, gündəlik gördüyümüz insanlardan xeyli fərqlənən birinin təsvirini vermək lap çətindir.

Düşünürəm ki, bəlkə də bu səbəbdən romans yazan şairlər öz qəhrəmanlarını ya mələklərdən, ya şeytanlardan seçir. Ağla qaranı çəkmək asandır, amma həqiqətə hörmət etməli olanda, heç bir tərəfi nə çox tünd, nə çox açıq çəkməyə iza-cə olmayanda iki ifrat arasındakı fərqləri hasil etmək daha çətindir. Hiss edirəm ki, Havelaar haqda verdiyim eskiz qeyri-mükəmməldir. Qarşımdakı material elə genişdir ki, onlar zənginliyi ilə mənim mühakiməmi məhdudlaşdırır. Sənə çatdırmağı arzu etdiyim hadisələr sırasında ola bilsin ki, əlavə kimi bu boşluğu doldurum. Bu dəqiqdir: o, adi adam deyildi və əlbəttə ki, dəqiq öyrənilməyə dəyər biri idi. Hələ indi görürəm ki, onun əsas keyfiyyətlərindən birini verməmişəm: O, hadisələrin, şeylərin gülməli və ciddi yönlərini dərhal və eyni cəldliklə anlayırdı. Bu qəribə keyfiyyətinə görə onun dinləyiciləri dərin şübhə içinə düşürdülər, görəsən onlar Maksın sözlərindən təsirlənməlidirlər, yoxsa onların ciddiliyini bir anda pozan zarafatlarına indi gülməlidirlər.

Xeyli diqqətçəkən durum o idi ki, onun xarici görünüşü, hətta emosiyaları belə keçmiş həyatı haqqında çox az iz verirdi bizə.

Təcrübə ilə öyünmək gülməli və adi bir şeyə çevrilib. İnsanlar var ki, üzdüklərini düşünüb 50-60 il axının səthində qalıblar. Onlar həmin zaman kəsimi haqqında A meydanından B meydanına hərəkət etməklərindən azca çox danışa bilərlər. Həmin saçlarını belə asan ağardan insanların həyat təcrübələri haqda öyünərək danışmalarını dinləmək qədər heç nə adi ola bilməz. Başqa insanlar düşünür ki, yalnız onlar daxili həyatlarına təsir edən təcrübələri böyük iddia elə başqaları ilə bölüşə bilərlər. Təsəvvür edə bilərəm, vacib hadisələrə şahidlik etmək, yaxud onun iştirakçısına çevrilmək bəzi insanların qəlbinə çox az, yaxud heç təsir etməyə bilər. Bu məsələyə şübhə edənlər özlərinə sual edə bilər: təcrübə həmçinin, 1815-ci ildə Fransada yaşayan qırx, əlli yaşlı sakinlərə də aid edilə bilərmi? Bu insanlar yalnız 1789-cu ildə Fransada başlanan böyük dramatik hadisələrə şahidlik etməmişdi, onlar hətta həmin dramatik hadisələrdə bu və ya digər formada rol almışdı.

Və əksinə, nə qədər insan xarici təsirlərin şərtləndirmədiyi hadisələrdə dərin emosiyalar yaşaya bilər? Robinson Kruzo haqda, Pellikonun əsirliyi, Saintidən valehedici “Pic-cola” haqda qoca xidmətçinin sinəsindəki savaşı düşün. Bu adam bütün həyatı boyu bir sözlə də olsun xəyanət etməmişdir, yalnız sevgi hissi duymuşdur. Hadisələrin axarına cəlb edilən Filantropun emosiyaları həmyerlilər üçün çox maraqlıdır. O, alternativ olaraq nə qədər çox qorxursa, ümid edirsə, bir qədər gözəl ideya üçün hər bir entusiazmı, alovu, dəyişikliyi müşahidə edə bilir. İnsanlara öz hücrəsindən nəyin həqiqət olduğunu öyrətməyə çalışan, səsinin macərapərəst, riyakarlar tərəfindən batırıldığını hesab edən filosof haqda düşün. Sokrat haqqında düşün, – zəhərli fincanı boşaltdığını nəzərdə tutmuram, – çünki mən burada əqlin təcrübəsindən danışıram, mənim varlığını xarici amillərə borclu olanlarla işim yoxdur – onun kimi düzgün və həqiqi olanı sevən birinin cavan, Allahlara nifrət edən biri tərəfindən rüşvətxor adlandırılması onun qəlbini necə sındırıb, qəmgin əhvala sala bilər, bunu düşün. Yaxud da, bundan daha yaxşı, dərin kədər içində Yerusəlimə tamaşa edən və “olmayacağından” şikayət edən İsanı düşün.

Belə kədər çığırtısı – istər zəhərlənmiş fincan olsun, istərsə də xaç olsun – sınanmamış ürəkdən gəlmir. Kədər, əziyyət olmalıdır – təcrübə budur!

Bu hiddət məndən yan qaçmışdı, indi bu hiss mənimlədir və mənimlə qala bilər. Havelaar çox şey yaşayıb. Misal üçün sən A küçəsindən tərpənmək üçün tarazlaşdırıcı nəyəsə ehtiyac duyursanmı? Onun gəmisi dəfələrlə qəzaya uğrayıb, o, yanğın, qiyam, sui-qəsd, müharibə, duellər, cəh-cəlal, aclıq, kasıblıq, vəba, sevgi və “sevgilər” yaşamışdır. O, Fransanı, Almaniyanı, Belçikanı, İtaliyanı, İsveçrəni, İngiltərəni, İspaniyanı, Portuqaliyanı, Rusiyanı, Misiri, Ərəbistanı, Hindistanı, Çini və Amerikanı ziyarət edib. Həyatının belə qarışıq olmasına gəlincə onun təcrübə qazanmaq üçün şansı çox olub, həqiqətən də çox şey yaşayıb, həyatın onu bolluca təqdim etdiyi təəssüratları görməzdən gələrək həyatını sürdürməyib. Verilən imkanları əldə etməsinə səbəb isə ürəyinin həssaslığı və zəkasının cəldliyidir. Onun çəkdiyi əzablardan, yaşadıqlarından xəbərdar olan, tanıyan, fərz edən hər bir kəsi heyrətləndirən və marağına səbəb olan məqam onun üzündə bu barədə demək olar ki, heç nə görə bilməməsidir. Əlbəttə sifət cizgilərində yorğunluğa bənzər nəsə görə bilərdin, amma bu anda sən qocalığa yaxınlaşmaqdan daha çox vaxtından əvvəl yetişmə haqda düşünərdin. Hərçənd, bu elə qocalığa yaxınlaşmaq olmalı idi, çinki Hindistanda 35 yaşlı adam artıq cavan hesab edilmir. Daha əvvəl qeyd etdiyim kimi onun emosiyaları da cavan qalmışdı, o, uşaqla uşaq kimi oynaya bilərdi və çox vaxt balaca Maksın hələ də çərpələng uçurtmaq üçün çox kiçik olduğundan şikayət edərdi. Çünki o – “Böyük Maks” bunu çox sevirdi. Oğlanlarla “hoppanan qurbağa” oynayardı, qızların naxışları üçün nümunələr çəkməyi sevərdi. Hətta bəzən onlardan iynəni alır və özü əylənərək bu işi görərdi. Hərçənd hər zaman onlara “tikişləri mexaniki saymaqdan” daha yaxşı işlər görə biləcəklərini söyləyirdi. 18 yaşlı cavan oğlanlarla o, cavan tələbəyə çevrilirdi, “Patriam conimus”u, ya da “Gaudeamus igitur”u oxuyardı onlarla. Mən tam əmin deyiləm, yaxınlarda, o, Amsterdamda tətildə olanda xoşuna gəlməyən bir lövhəni aşağı endirmişdi, çünki həmin lövhədə ağzında uzun qəlyan olan avropalının ayağına zəncirlənmiş zənci təsvir edilmişdi. Altında da əlbəttə belə yazılmışdı: “Qəlyan çəkən cavan tacir.”

Onun əlindən tutub faytondan düşməsinə kömək etdiyi “baboe” bütün Hindistandakı “baboe”lərin yaşlı vaxtlarına bənzəyirdi. Sən elə xidmətçilər tanıyırsansa, qadının necə göründüyünü sənə deməyə ehtiyac görmürəm. Əgər bilmirsənsə, senə deyə bilmərəm. Onu Hindistanda başqa xidmətçilərdən fərqləndirən yeganə məsələ onun görməyə az işinin olması idi. Çünki madam Havelaar uşağına baxan ana nümunəsi idi. Uşağı üçün edilməli olan hər şeyi kiçik Maksa özü edirdi. “Uşaq üçün qul olmağı” düzgün hesab etməyən bir çox başqa qadın onun bu davranışını doğru hesab etmirdilər.

Бесплатный фрагмент закончился.

308,54 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
20 октября 2022
Объем:
1 стр. 2 иллюстрации
Переводчик:
Правообладатель:
Alatoran yayınları / Алаторан

С этой книгой читают