Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları», страница 2

Шрифт:

ÜÇÜNCÜ BÖLÜM

Növbəti gün, mübadilə məntəqəsindən qayıtdığımda Fred mənə dedi ki, kimsə zəng vurub mənimlə danışmaq istəyib. Əlamətlərin təsvirinə görə bu Şalman idi. O, məni necə tapa bilmişdi axı? Hə, bildim. Kart!

Bu durum məni məcbur etdi ki, uşaqlarımı məktəbdən götürmək haqqında düşünüm. Çünki 20-30 il sonra palto əvəzinə şala bürünən, saatın neçə olduğunu bilməyən bir sinif yoldaşın tərəfindən narahat edilmək çox bezdiricidir. Mən həmçinin, köşklər qoyulduğu müddətdə Vestern Marketə getməyi qadağan etmişdim.

Növbəti gün böyük bir bağlamada məktub aldım. Dərhal açıb oxumağa başladım.

“Əziz Dristubl, (məncə o, cənab yazmalı idi, mən axı dəllalam!) Dünən bir şey xahiş etmək üçün evinə zəng vurmuşdum. Güman edirəm ki, durumun yaxşıdır. (Bu doğrudur, ofisdə 13 nəfərik.) Və mən sənin durumundan istifadə edərək mənim üçün çox önəmli olan bir xüsusu sənin nəzərinə çatdırmaq istərdim. (Yəqin yaz hərracları üçün mənə əlavə komisyon faizi verəcəyini düşünmürsən.) Başıma gələn bədbəxtliklər fonunda hazırda bir qədər pula ehtiyacım var. (Bir qədər! Əynində köynəyi yoxdur, bir qədər yazıb.) Həyatı yaşanıla bilən etmək üçün zəruri olan hər şeyi arvadıma verə bilmirəm, uşaqlarımın təhsili isə maddi sıxıntılardan dolayı istədiyim kimi getmir. (Həyatı yaşanıla bilən etmək? Uşaqlarımın təhsili? Nə düşünürsən, arvadına operaya mövsümlük bilet istəyir, yoxsa övladlarını Cenevrədəki gimnaziyaya yerləşdirmək düşüncəsindədir?) Payız idi, hava çox soyumuşdu, o isə sobasız çardaqda yaşayırdı. Ondan məktubu alanda bundan xəbərsiz idim, amma sonradan yanına getdim. Və hələ də məktubunu yazdığı axmaq tərzə görə ona acıqlıyam. Bu nə axmaqlıqdır! Hansı kasıb belə şey deyər? Kasıb adamlar olmalıdır da! Bu, cəmiyyət üçün vacibdir. Əgər o, əl açıb ianə ummursa, heç kimi bezdirmirsə,onun yoxsulluğu vecimə deyil. Amma məsələni maskalamaq çox yersizdir. İndi gəlin görək başqa nə yazıb. “ Mən öz ailəmi dolandırmağa məcburam. Mən, məndə olduğunu düşündüyüm istedaddan istifadə etməyə qərar vermişəm. Mən şairəm. (Paah, böyük iş olub, oxucu, özün bilirsən də, mən və başqa düşüncəli insanlar bu barədə nə düşünür.) Həm də yazıçıyam. Uşaqlıqdan mən öz hisslərimi misralarla ifadə etmişəm, sonradan da buna davam etmişəm. Mən qəlbimin hisslərini şeir misralarına tökmüşəm. Düşünürəm ki, bəzi qiymətli işlər ortaya qoymağı bacarmışam və özümə naşir axtarıram. Çətinlik bundadır. Mən geniş oxucu kütləsinə tanış deyiləm, naşirlər isə adamı yazdığının məzmununa görə deyil, reputasiyasına görə qiymətləndirirlər. (Biz də qəhvəni məhz belə qiymətləndiririk: onun ticarət markasına görə.) Mənim işimin məziyyəti yalnız “nəşr” olunandan sonra formalaşa bilər. Kitab satıcıları isə bütün xərcləri qabaqcadan tələb edirlər. (Bu məsələdə onlar tamamilə haqlıdır.) Bu durum isə hazırda mənə heç uyğun deyil. Mən isə öz növbəmdə elə əminəm ki, işim bütün xərcləri qarşılayacaq. Mən söz verirəm, bu barədə istənilən adamı əmin edirəm.Və mən bizim srağagünkü görüşümüzdən ilhamlanmışam. (O, bunu “ilhamlanma” adlandırır. Mən qərara gəlmişəm ki, sən mənim üçün kitabsatanlara zamin dayanarsan. Yalnız ilk nəşr üçün, lap kiçik bir kitab olsa belə. Göndərdiyim bağlamada sən bir neçə əlyazma da görəcəksən, həmin əlyazmalardan sən mənim nə düşündüyümü, nə üzərində işlədiyimi və nələr yaşadığımı böyük ölçüdə öyrənmiş olacaqsan. (Onun necə bir işlə məşğul olması haqqında heç zaman eşitməmişdim.) Və əgər məndə “özünü ifadə etmək” istedadı varsa, istəmirəm ki, mənim özümü ifadə etmə bacarığım, istedadım itib-batsın. Səndən xoş cavab alacağıma ümid edirəm. Sənin keçmiş sinif yoldaşın. (Və yazının sonunda adını yazıb, amma adını sirr kimi saxlamaq istərdim, çünki heç kimi faş etməyi xoşlamıram.)

Əziz oxucu, yəqin misralara gömülən bir dəllal kimi necə axmaq göründüyümü təsəvvür edə bilirsən. Əminəm ki, əgər “Şallı adam” – onu belə adlandırmağa davam edəcəyəm – məni gündüz vaxtı görsəydi, o, məndən belə bir xahiş etməzdi. Çünki ehtişam və ləyaqəti gizlətmək olmaz. Amma axşam vaxtı idi deyə mən etiraz etmədim.

Əlbəttə, bu cəfəngiyata baş qoşmaq mənlik deyildi. Onun harada yaşadığını bilmirdim, onun haqqında heç nə eşitməmişdim. Onun ya xəstə, ya ölmüş olduğunu sanırdım. Keçən həftə Rozemeyrdə – şəkər çuğunduru dəllalları – bir məclis vardı. Fred ilk dəfə bizimlə gəldi. Onun 16 yaşı var və mənim fikrimcə, onun yaşında bir cavan gərək dünyanı görə, bilə. Yoxsa ya Vester Marketə, ya da ona bənzər bir yerə gedəcək. Qızlar piano çalır və oxuyurdu, desert gələn vaxt isə biz eyvanda oynayarkən onlar da bir-birlərini qıcıqlandırmağa başladı. Bu, Fredi narahat edirdi.

– Hə, hə, Luisa, – Betsi Rozemeyr dedi, – sən ağladın. Ata, Fred Luisanı ağlatdı.

Arvadım dedi ki, Fred belə dəcəldirsə, bir də gərək bizimlə çıxmasın. O, Fredin Luisanı çimdiklədiyini, ya buna bənzər nəsə etdiyini düşünmüşdü. Bu isə heç də qəbuledilən davranış deyil. Mən də həmçinin bu barədə nələrsə deməyə özümü hazır etmişdim. Bu anda Luisa dedi:

– Yox, yox. Fred nəzakətli idi. İstəyirəm yenidən etsin bunu.

– Sonra nə? O, qızı çimdikləməyib. O, əzbər şeir deyirdi. Vəssalam. Əlbəttə ev sahibəsi desert vaxtı istəyir hamı desin-gülsün. Bu kompaniyanı canlandırır. Xanım Rozemeyr Luisanı ağladan şeyin bizi əyləndirdiyini düşünmüşdü. Bu səbəbdən də hind quşu saqqalı kimi qıpqırmızı olan Freddən onu təkrarlamağı xahiş etdi. Onun nə etdiyini başa düşə bilmədim. Bu həqiqətdir, həmin yaşda qız çox tez hönkürtü ilə ağlayır.

– Gəl Fred! Zəhmət olmasa bunu et! Və Fred başladı. Mən oxucunun marağını uzatmaq istəmədiyimdən burada qısa bir şey deyim ki, onlar evi tərk etməzdən öncə “Şallı kişi”nin bağlamasını açdılar və Fredlə Meri hərəsi oradan mənə sonradan böyük problem yaradacaq bir parça sentimentallıq çıxartdı. Bu kitab öz varlığına görə həmin bağlamaya borcludur və bunu indidən, zamanında deməliyəm. Çünki istəyirəm hər kəs mənim həqiqəti sevdiyimi bilsin. Və mən həm də yaxşı biznesmenəm. (“Last və Ko” qəhvə dəllalları. Laurier küç 37.) Fred cəfəngiyat dolu bir şeiri əzbərdən dedi. Cavan bir oğlan anasına aşiq olduğunu, sevgilisinin başqası ilə evləndiyini (məncə, bu xüsusda qız düz edib.) deyir. Bununla belə, anasına hər zaman onu sevdiyini bildirir. Bu bəyanat doğrudur, yoxsa yox. Səncə bunu demək üçün nə qədər sözdən istifadə edilib? Hər bir halda, Fred söhbətini sonlandırmazdan öncə bir parça çörəyimi və pendirimi yeyib qurtarmışdım və ikinci armudumu da bitirmək üzrə idim. Amma Luisa yenidən ağladı və xanımlar bunun çox gözəl olduğunu bildirdilər.

Sonra Fred – mən düşünürəm ki, o, şah əsərini elan etdiyini sanırdı – onlara dedi ki, əzbər dediklərini bizim evimizə “şallı kişi”nin göndərdiyi bağlamadan götürüb. Və mən bəylərə bunun necə baş verdiyini izah etdim. Amma Fred də orada olduğu üçün yunan qızdan, yaxud Kapelsteqdən heç nə demədim. Hər kəs mən tərəfdən həmin kişidən qurtulmağın doğru addım olduğunu sanırdı. İndi sən görəcəksən ki, qutuda daha dəyərli başqa şeylər də vardı, onlar irəlidə bu kitabda peyda olacaqlar. Çünki həmin şeylərin şirkətin qəhvə auksionu ilə bağlılığı var.

Sonra naşir məndən Fredin əzbərdən dediyi bir parça şeirə mənim nəsə əlavə edə bilib-bilməyəcəyimi soruşdu. Mən razılıq verdim, amma qabaqcadan istədim deyəm ki, ifadə olunan hisslərə görə məsuliyyət daşımıram. Hər şey cəfəngiyatdır. Hərçənd bu istəyimdən çəkindim. Bircə şeirin – “Padanqda” 1843-cü ildə yazıldığını qeyd etdim. Padanq qəhvəsini nəzərdə tuturam.

 
Şeir:
Of, əziz anam, evdən çox uzaqlardayam,
Mənə həyat verən ölkədən də.
Ümidsiz, tərk edilmiş vəziyyətdə sərgərdan gəzirəm.
Mən yer üzünün bir qəribiyəm.
 
 
Həmin evdə olanda gözlərim yaşardı,
Bir cüt göz yaşı parıldadı gözlərimdə,
Nəvazişli bir əl qorxumu qovdu.
Anamın sevgisi yaxında idi artıq!
 
 
Məni etibarlı ürək qoruyurdu,
Həmin köməksiz uşağı
Əvvəl ayaq deyməmiş yerlərlə gedərkən,
Mülayim sözləri və baxışları ilə bələdçim idi.
 
 
Amma tale bu bağları qırdı
Bizi, ikimizi birləşdirə həmin tale,
Və indi yad sahillərdə olarkən,
Mən yalnız Allahlayam, başqa kimsəm yoxdur.
 
 
Amma əziz anam həmin sevgi hələ də mənimlədir.
Həm kədərdə, həm sevincdə yanımdadır.
Həmin sevgi azalmayan rayihə ilə
Həmin sevilən oğlanın ürəyini doldurur.
 
 
Evdə, qorxulu dörd il bundan öncə
Mən bir sahildə dayanmışam.
Və məncə mən gələcək düzləri görürəm,
Bilinməyən, qarşıdakı, gözəllikləri də dururam.
 
 
Qəfildən mən bu günə nifrət edirəm.
Xəyallarım qururam, üzərimdə lütf duyuram
Özümü cənnətdə bilirəm.
Digərləri vecimə olmur.
 
 
Mən xudahafiləşirəm, indi peşmanam.
Bu qəfil bir səhnə idi,
Çox tez də yox olub itdi,
Off, necə də aldanıldım.
 
 
İldırımlarla dolan zaman,
Artıq həmin izlər geridə qaldı.
Bu zaman məlahətli bulağı qurutdu,
Mənim hüzurmu, dincliyimi pozdu!
 
 
Mən həm kədəri, həm sevinci yaşamışam.
Mən düşünmüşəm, mən cəhd etmişəm.
Səmimi dualarımla sakitlik axtarmışam.
Amma hələ də içimdə fırtınalar var.
 
 
Və mən Ona gözlərimdə yaş təşəkkür etmişəm.
Mənim olanı özününkü etdiyi üçün.
Mən ahlarım keçid alır sevinc..
Mən ona yalnız, təkbaşına dualar edirəm.
 
 
Sevgi qəlbimi əvvəl qayğı ilə
Sonra narahatlıqla doldurarkən,
Tapdığım yalnız kədər və ağrı oldu.
Hərçənd məhz orada dinclik axtarırdım.
 
 
Onun xətrinə sevinclə əziyyət çəkirdim,
Kədər içində, əzizim üçün qovrulurdum.
Bütün qurbanlara gedərəm, təki bircə,
Taleyim onu burada, yanımda saxlasın.
 
 
Onun rəsmi ürəyimdə kök salıb.
Son nəfəsimə kimi bu fikirdə qalacam.
Uzaqlarda olsam da, bir gün yenə,
Onun əziz ana vətənində qovuşacam!
 
 
Amma bəs belə bir parlaq sevgi,
Həyatımı başlayan bu sevgi,
Göylərdən gələn bu sevgi,
Oğul mərhəhəməti, şəfqəti deyil nədir?
Ana bətnindən yenicə ayrılan körpə,
Ana gözlərindəki şeh dənələri
Tutqunluqdan, qaranlıqdan görünən işıq.
Onu ətrafında nə varsa işıqlandırır.
O, anasının sinəsini əmir,
Ona həyat verən həmin axını.
Uca yaradan məni özünə götürmə!
Əvəzində anamı mənə ver!
 

DÖRDÜNCÜ BÖLÜM

Davam etməzdən öncə cavan cənab Sternin gəldiyini deməliyəm. Yaxşı oğlandır. Fəal və ağıllı görünür. Amma məncə o, – almanlar dediyi kimi – “fantaziyalı” biri idi. Merinin 13 yaşı var. Onun geyimi çox yaxşıdır və əlində Holland stilini məşq etmək üçün qeyd dəftərçəsi var. Mənə maraqlıdır, görəsən tezliklə Lüdviq Sterndən sifariş alacağammı? Meri onun üçün bir cüt tərlik toxuyacaq. Cavan cənab Sterni nəzərdə tuturam. Busenlik və Voterman səhv etmişdir, hörmətli dəllal nəyinsə yerinə nəsə qoymur. Dediyim budur. Şəkər çuğunduru taciri Rozemeyr ailəsinin təşkil etdiyi məclisdən bir gün sonra mən Fredi çağırdım və “Şallı kişi”nin qutusunu gətirməyi də tapşırdım. Oxucu, bilməlisən ki, mən öz ailəmdə din və mənəviyyatla bağlı məsələlərdə çox dəqiqəm. Dünən axşam, ilk armudumu yediyim anlarda qızlardan birinin sifətindən oxudum ki, “Şallı kişi”nin qutusundan çıxan şeirdəki nəyinsə səhv olduğunu düşünür. Mən özüm dinləmirdim, amma Betsinin çörəyini əzib parçaladığını gördüm və bu mənə kifayət edirdi. Yəqin, başa düşmüsən, oxucu, mən dünya adamıyam. Freddən xahiş etdim ki, dünənki qutudan gözəl şeiri çıxardıb mənə gətirsin. Tezliklə Betsini çörəyini əzib ovxalamağa məcbur edən misraları gördüm. Orada anasının sinəsinə sıxılan bir körpədən söhbət açılır. Bu barədə mən heç nə demirəm. Amma – “anasının uşaqlığını yenicə tərk etmiş körpə” – bunu bəyənmədim, arvadım da. Merinin 13 yaşı var. “Kələm” və başqa şeylər haqqında biz danışmırıq. Mən mənəviyyata böyük önəm verdiyimdən burada hər şeyi öz adı ilə çağıra bilmərəm. Və mən şeiri əzbər bilən Fredi məcbur elədim mənə söz versin ki, bunu bir daha təkrar etməyəcək. Ən azından Doktrinanın üzvü olan kimi – çünki ora cavan qız gəlmir. Sonra onu siyirtməmə qoydum, şeir yazılan kağızları deyirəm. Amma mənə həm də maraqlı gəlirdi, görəsən qutuda başqa adamı incidən təbiətə sahib nəsə vardımı? Açıb diqqətlə baxmağa, təftiş etməyə başladım. Hər şeyi oxuya bilmədim, çünki yazılanlardan çoxu bilmədiyim xarici dildə yazılmışdı. Amma sonda gözüm “Menado iqamətgahında Qəhvə mədəniyyəti” adlı bir sənədə sataşdı. Ürəyim sevincdən guppuldamağa başladı, çünki mən Laurier kanal 37 ünvanında qəhvə dəllalı olaraq çalışıram və “Menado” çox yaxşı marka hesab edilir. Beləliklə bu, mənəviyyatdan uzaq misralar yazan “Şallı kişi” Qəhvə ticarətində olubmuş. İndi qutuya tamam başqa gözlə baxırdım. Onun içində tam olaraq başa düşmədiyim sənədlər, razılaşmalar gördüm. Amma onlar ticarət bilikləri nümayiş etdirirdi. Onların arasında məğzini tam olaraq başa düşmədiyim bəyannamələr, problemlər, razılaşmalar vardı. Və hər şey elə dəqiqliklə, elə qayğı ilə yazılmışdı ki, mən sözün qısası – çünki mən böyük həqiqət aşiqiyəm – bu “Şallı kişi” ilə bağlı düşündüm ki, əgər üçüncü məmur işdən çıxsaydı, – bu isə ehtimal olunan gedişatdır, çünki o həm qoca, həm də axmaqdır – asanlıqla onun yerinə işə girə bilərdi. Əlbəttə, hər şeydən öncə mən istərdim ki, onun dürüstlüyü, dini baxışları və hörməti haqqında bir xasiyyətnamə alım, çünki hər yoldan ötəni işə götürmürəm. Bunlar mənim üçün oturuşmuş prinsiplərdir. Sən onları mənim Lüdviq Sternə yazdığım məktubda da görmüsən.

Qutunun içindəkilərə maraq göstərdiyimi Fredə bildirmək fikrində deyildim. Bu səbəbdən də onu oradan uzaqlaşdırdım. Bir-birinin ardınca müqavilələri əlimə götürdükcə beynim dumanlandı. Doğrudur, onların arasında şeir çox idi, amma faydalı olan şeylər də az deyildi. Və müxtəlif, çoxçeşidli mövzular məni xeyli təəccübləndirdi. Qəbul edirəm, – çünki mən həqiqəti sevirəm – bütün ömür boyu qəhvə biznesində olan biri kimi tənqid etmək durumunda deyiləm. Amma hələ bu qədər uzaq getmədən kifayət qədər maraqla bəzi nəsnələrin adını çəkə bilərəm. Artıq yunanın tarixçəsini sizə danışdığımdan, mənim cavanlıqda latın dilini öyrəndiyimi bilirsiniz, hərçənd yazılarımda sitatlardan qaçmağa çalışıram, – bu isə bir qəhvə dəllalının iş yerində doğru olmazdı – amma bütün bunları görəndə ağlımdan keçirdiyim məhz aşağıdakı sitat oldu:” De omnibus aliquid, de toto nihi.” yaxud “ Multa non multum.”

Hə, bunları daha çox əsəbi olduğum üçün, həm də latın dilində danışmaq üçün dedim. Əslində dediklərimi ciddi nəzərdə tutmurdum. Çünki nəyisə bir müddət nəzərdən keçirirdimsə, mən gərək müəllifin bu haqda bütün biliklərə sahib olduğunu düşünərdim. Və hətta bu düşüncəni dəstəkləmək üçün kifayət qədər sağlam arqumentlərim də vardı. Mən qutunun içində müqavilələr və araşdırmalar haqqında sənədlər tapdım:

• Sanskritdə, Teutonic dillərin anası kimi.

• Körpə öldürmənin cəzası haqqında.

• Nəcibliyin mənşəyi haqqında.

• “Sonsuz zaman və əbədilik” anlayışlarının fərqi haqqında.

• Şanslar nəzəriyyəsi haqqında.

• İş kitabı haqqında. (İş haqqında daha başqa nələrsə vardı. Amma onlar şeir formasında idi)

• Atmosferdəki protein haqqında.

• Rus siyasəti haqqında.

• Saitlər haqqında.

• Hücrələrdəki dustaqlar haqqında.

• Qədim hipotezalar haqqında.

• “Horror vacui” haqqında.

• Cəzaların ləğvinin arzulanması haqqında.

• Hollandların ispanlara qarşı qiyamının səbəbləri haqqında. Bu səbəbin dini istək və siyasi azadlıq olmaması haqqında.

• Əbədi hərəkət haqqında.

• Dairənin kvadrata çevrilməsi haqqında.

• İşıq barədə düşünmək haqqında.

• Xristianlıq başlayandan sivilizasiyanın məhvə doğru getməsi haqqında.

• İsland mifologiyası haqqında.

• Rosusseaunun Emiliyası haqqında.

• Günəş sisteminin mərkəzində olan Sirius haqqında.

• Faydasızlıq, kobudluq, ədalətli olmama, mənəviyyatsız (bu haqda daha əvvəl heç zaman eşitməmişəm) kimi idxal keyfiyyətlər haqqında.

• Ən qədim dilin misraları haqqında. (buna inanmıram)

• Ağ qarışqalar haqqında.

• Düyü mədəniyyəti haqqında.

• Hidravlik məsələlər haqqında.

• Qərb sivilizasiyasının aşkar yüksəlişi haqqında.

• Yava qəhvəsinin qiyməti haqqında.

• Çindəki gizli cəmiyyətlər haqqında və s.

Bu son deyildi. Şeirlərdən danışmasaq – onlar isə hər dildə yazılmışdı – bir çox kiçik müqavilənin heç adı yox idi. Malay dilində romanslar, yava dilində müharibə nəğmələri. Çoxlu bilmədiyim dillərdə məktublar da tapdım. Bəziləri ona ünvanlanmışdı, bəziləri onun tərəfindən yazılmışdı, bəziləri isə yalnız sürətləri idi. Amma açıq-aşkar bəzi xüsusi səbəblər üçün yazıldığı bilinirdi. Çünki bütün məktublar başqa adamlar tərəfdən imzalanmışdı. Onlar imzaları ilə orijinalla razılaşdıqlarını təsdiqləyirdi. Mən həmçinin, gündəlikdən seçmələr, qeydlər və adda-budda fikirlər – onların sayı çox idi – də gördüm. Daha əvvəl də qeyd etdiyim ki, bəzi müqavilələri kənara qoymuşdum. Çünki mənə elə gəldi onlar biznesimdə mənə faydalı ola bilər. Və mən öz biznesim üçün yaşayıram. Amma etiraf etməliyəm ki, çoxu ilə nə edəcəyimlə bağlı heç bir fikrim yox idi. Qutunu ona göndərə bilməzdim, çünki harada yaşadığını bilmirdim. Bu indi açıq idi. İçindəkilərə baxdığımı inkar edə bilməzdim. Bu qədər həqiqət carçısı olan birinin bunu inkar etməsi mümkün deyildi. Çünki qutunu çalışıb açılmazdan öncəki vəziyyətinə qaytarmaq istəsəm də, alınmamışdı. Həm də açığı qəhvə haqqında bəzi yazılar diqqətimi çəkmişdi, onlar mənə faydalı ola bilərdi, istəmirdim qaytarım. Hər gün bir az ordan, bir az burdan oxuyuram və hər gün daha çox əmin oluram ki, bu sətirlərin müəllifi – dünyada baş verən bu qədər çox şeydən xəbərdar olduğu üçün – qəhvə dəllalı olmalıdır. Tam əminəm ki, şəkər çuğunduru biznesi ilə məşğul olan Rozemeyrlər belə bu qədər geniş bilgiyə sahib deyil.

İndi isə qorxurdum ki, bu “Şallı kişi” qəfildən, gözlənilmədən peyda ola bilər. Deyər sənə yenə sözüm var. Hazırda həmin axşam Kapelsteqdən keçdiyim üçün üzgün idim. Gərək həmin dəbdə olmayan küçələrdən keçməzdim, indi buna görə özümü narahat hiss edirdim. Əlbəttə, əgər gəlsə, məndən bir qədər pul istəyəcək, öz qutusu haqda danışacaqdı. Ola bilsin, mən də ona nəsə verəcəkdim. Və əgər növbəti gün mən ona qutunu göndərsəydim də yaxşıca çeşidləyib, ələyib sonra göndərəcəkdim. Kitabım üçün lazım olanları bir kənara qoyar, digərlərini yandırardım, ya da zibil qutusuna tullayardım. Bunu indi edə bilməzdim. Çünki geri dönsəydi, onun əmlakını yenidən hazırlamalı olacaqdım. Və o, mənim onun bəzi müqavilələrində gözüm olduğunu görüncə tezliklə şirniklənər və bunun üçün çox böyük məbləğ tələb edərdi. Çünki bir satıcıya qiymətini qaldırmaq üçün heç nə alıcının doğrudan da onun malları ilə maraqlanması qədər stimul vermir. Bu səbəbdən işini bilən tacir də belə durumlardan imkanı olduğu qədər qaçır. Mənim daha əvvəl qeyd etdiyim digər bir ideyam var, həmin ideya tez-tez qəhvə mübadiləsi məntəqəsinə gələn bir insanın həm də insan təəssüratlarına necə açıq olduğunu sübut edir. Bu Bastianus idi, üçüncü məmur. Qocalan və getdikcə gicbəsərləşən həmin məmur. Son zamanlar ayın 30 günündən heç 25-ini də ofisdə olmur. İşə gələndə də çox vaxt işini pis görür. Səmimi bir insan kimi şirkətin maraqlarını ön planda tutmağa məcburam. Meyrlər təqaüdə çıxdığından “Last Və Ko”nun maraqlarını üstün tutmağa, hər kəsin öz işi ilə məşğul olmasına nəzarət etməyə məcburam. Çünki səhv etməyə, şirkətin pullarına qarşı hisslərimlə davranmağa haqqım yoxdur. Bu mənim prinsipimdir. Həmin Bastianusa öz cibimdən 3 qulden verməyi üstün tuturam, nəinki hər il onun layiq olmadığı 700 qulden verməyi!

Hesabladım ki, bu adam keçmiş adı “Last və Meyr” olan, -amma indi Meyrlər şirkəti tərk etmişdi – “Last və Ko”da çalışdığı 35 il müddətində 15 min quldenə yaxın pul qazana bilərmiş və onun durumundakı biri üçün bu, çox az adamın sahiblənə biləcəyi böyük bir məbləğdir. Onun şikayətlənməyə haqqı yoxdur. Mən bu hesablamanı “Şallı kişi”nin qutusundan çıxan sövdələşmə vərəqlərinə əsasən apardım. Şallı kişiyə baxanda onun çox kasıb olduğunu düşünmüşdüm, o, heç saatın neçə olduğunu bilmirdi, mən ona Bastianusun mövqeyini necə həvalə edə bilərdim? O halda ona deyirdim ki, mənə “cənab” demək onun öhdəliyidir. Bu məsələni ümid edirəm ki, mən ona demədən də bilər. Çünki bir işçi müdirini adı ilə çağıra bilməz. İşə 4 yaxud 5 yüz qulden maaşla başlaya bilər. Bastianus 7 yüz quldenə çatmazdan öncə bir neçə il işləməli olmuşdur. Və sonra mən yaxşı bir iş görmüş oldum. Bəli, 3 yüz quldenlə o, çox gözəl başlaya bilərdi, çünki təcrübəsinə əsasən ilk ili, əlbəttə ki, şəyirdlik hesab edəcəkdi, bu isə öz növbəsində tamamilə doğru olardı, çünki o, köhnə işçilərlə bərabər ola bilməzdi. Tam əminəm ki, iki yüz quldenlə də məmnun qalardı.

Amma onun davranışı ilə bağlı rahat deyildim, onun çiynində şal vardı, bundan əlavə, harada yaşadığını da bilmirdim.

Bir neçə gün sonra cənab Stern və Fred “Vapen van Bern” otelində kitab hərracını ziyarət etmişdir. Mən Fredə nəsə almağı qadağan etmişdim. Amma çox pulu olan Stern bir az zir-zibil almışdı: bu onun işidir. Amma Fred “Şallı kişi”ni gördüyü haqda xəbərlər gətirmişdi, orada işə düzəlibmiş, işi kitabları rəflərdən götürüb hərrac iştirakçılarına vermək imiş. Fred onun çox solğun göründüyünü və orada söz sahibi olduğu bilinən cənabın Aqlayanın cildlərinin tamamını əlindən saldığı üçün onun üstünə bağırırdığını dedi. Onun tərəfdən belə valehedici qadının kitabını zədələmək çox yöndəmsiz hərəkət idi. Azarlama əsnasında Fred onun günə 15 pense qazandığını öyrənib. “Nə hesab edirsən, hər gün sənə 15 pensi elə-belə verirəm?” Cənabın ona sözləri belə olubmuş. Hesabladım ki, hər günə 15 pense – bazar günlərini və bayramları saymasaq, yoxsa biz aydan, ildən danışmalı olardıq – qazansa, bu ilə 225 qulden pul edir. Mən qərarlarımı tez verirəm – bu qədər uzun müddət biznesin içində olan adam dərhal nə etmək lazım olduğunu bilir – və mən növbəti səhər Qaafzuirgerə zəng vurdum. Hərracı keçirən məhz bu kitabsatan şəxs idi. Mən ondan “Aqlaya” cildlərini əlindən yerə salan işçi haqqında soruşdum. “İşdən çıxıb artıq.” – Qaafzuirger dedi, – o, məğrur, iş görməyən tənbəl biri və xəstə təfəkkürlü idi.

Mən bir qutu vafli aldım və dərhal Bastianusa digər bir şans vermək qərarına gəldim. Qoca kişini belə gözlənilməz şəkildə küçəyə atmaq ağlımın ucundan da keçmirdi. Ciddi olmaq lazımdır, amma eyni zamanda həm də bəzən tolerant davranmalısan. Mənim prinsipim hər zaman belə olub. Hərçənd heç zaman biznesimdə faydalı ola biləcək heç bir informasiyanı əldə etmək imkanından məhrum etmirəm özümü. Bu səbəbdən də Qaafzuirgerdən bu “Şallı kişi”nin harada yaşadığını soruşdum. O, ünvanı mənə dedi, mən isə onu yazdım. Kitab haqqında düşündüm, amma həqiqəti xoşladığımdan sadəcə sənə onu deyim ki, bunu necə edəcəyimi bilmirdim. Bir şey dəqiq idi: mənim “Şallı kişi”nin qutusundan tapdığım şeylər qəhvə dəllalı üçün vacib şeylər idi. Yeganə məsələ bu materialları düzgün çeşidləmək idi – hər bir dəllal qutuları düzgün çeşidləməyin necə önəmli olduğunu bilirdi. Amma yazışma, özü də müdirlərlə yazışma, mənim prinsiplərimə ziddir. Hiss edirdim ki, yazmalıyam, çünki ticarətimin gələcəyi bu məktubdan asılı idi. “Şallı kişi”nin qutusundan əldə etdiyim informasiya elə deyil ki, “Last və Ko” istisnasız olaraq ondan bəhrələnsin. Yoxsa hər kəs başa düşərdi ki, mən gərək Busselink və Votermanın xeyri üçün bir kitab nəşr etdirməyin əziyyətini çəkməməliyəm. Çünki ticarətdə rəqibinə yardım edən hər kəs axmaqdır, bu, mənim üçün dəyişməz prinsipdir. Yox mən bütün qəhvə bazarının başının üstünü kəsdirmiş təhlükəni görürdüm. Bu, yalnız bütün dəllalların birgə səylərlə qarşısını ala biləcəyi təhlükə idi. Amma hətta bu belə yetərli olmaya bilərdi, onda şəkər çuğunduru təmizləyənlər və indiqo tacirləri də ola bilsin kömək etməli olsunlar.

Və yazdıqca düşünürəm ki, bəlkə gəmi sahibləri də bu işdə necəsə maraqlı ola bilərlər. Və dəniz kommersiyası… Əlbəttə bu doğrudur, yelkən düzəldənlər də, maliyyə nazirləri də, kasıbları görməzdən gələnlər də, başqa nazirlər də, şirniyyat hazırlayanlar, dükan sahibləri, qadınlar, gəmi düzəldənlər, topdan satış tacirləri, pərakəndə satışla məşğul olanlar və bağbanlar da…

Yazarkən düşüncələrin ora-bura necə qaçması maraqlıdır, mənim kitabım həmçinin, dəyirmançılar, keşişlər, Hollovey həbi satıcıları, likör distillə edənlər, kafel düzəldənlər, milli borc hesabına yaşayanlar, nasos düzəldənlər, kəndir düzəldənlər, toxucular, qəssablar, dəllallar, məmurlar və Holland ticarət şirkətinin səhmdarları haqqındadır. Faktiki olaraq başqa insanlar da nəzərdə tutulub – Kral da həmçinin – bəli, hamıdan çox Kral düşünülüb bu kitab yazılarkən. Mənim kitabım bütün dünyanı səyahət etməlidir. Bunun qarşısını heç nə ala bilməz. Busselink və Votermanın bunu oxuması vecimə deyil – mən paxıl deyiləm, amma düşüncəm budur ki, onlar qoca qadınlar və idman ayaqqabılarıdır. Eyni sözləri bu gün səhər cavan cənab Sternə özümü “Artis” kimi təqdim etdiyimdə də dedim. O, bu barədə evə yaza bilər.

Beləliklə bu, bir neçə gün öncə baş verib, kitabımla nə edəcəyimi bilmirdim, amma Fred mənə dilemmamı çözməyə yardım etdi. Ona belə demədim, çünki heç kimə ona borclu olduğumu göstərməyi doğru hesab etmirdim. Bu mənim prinsipimdir və doğru prinsipdir. O dedi ki, Stern ağıllı oğlandır, Holland dilində sürətlə inkişafa nail olub, bir də dedi ki, o, “Şallı kişi”nin alman dilindəki şeirlərini holland dilinə tərcümə edib. Görürsünüz də, holland alman dilində yazıb, alman isə onu holland dilinə tərcümə edib. Hər kəs öz dili ilə məşğul olsaydı, bir çox problemlərin qarşısını almaq mümkün olardı. Amma mən düşündüm ki, kitabım bu Stern tərəfindən yazılmış olsaydı, nəsə əlavə etməli olduğumda zaman-zaman yeni bölümlər yaza bilərdim. Fred də mənə kömək edə bilərdi. (Onun çətinliklər lüğəti vardı.) Meri ədalətlə üzünü köçürə bilərdi və bu, bütün mənəviyyatsızlıqlara qarşı təminat idi. Çünki sənin də başa düşdüyün kimi hörmətli bir dəllal mənəviyyata və hörmətə zidd olan heç nəyi qızının əllərinə verməz.

Cavan insanlarla planım haqda danışdım və onlar bunu bəyəndi. Yalnız, ümumiyyətlə, almanları xoşlayan Stern düzənsiz ədəbiyyata malik idi, bununla belə o, məsələnin həlli yönündə müəyyən paya sahib olmaq istəyirdi. Mən bunu bəyənmədim, amma tezliklə Yaz hərracı olacağından və Lüdviq Sterndən hələ heç bir sifariş gəlmədiyindən onun arzularına qarşı çıxmaq istəmədim. Beləliklə biz aşağıdakı şərtlərlə razılaşdıq:

• O, ümumi işə hər həftə iki bölümlə kömək etməli idi.

• Mən isə onun köməyinə heç bir dəyişiklik etməməli idim.

• Fred qrammatik səhvləri düzəldəcək.

• Kitaba hörmətli görkəm vermək üçün mənim ara-sıra bölümlər yazmaq azadlığım olacaq.

• Kitabın adı Holland ticarət şirkətinin qəhvə hərracı olacaq.

• Meri mətbuat üçün ədalətli üz köçürəcək. Amma paltar yuma günü onunla bağlı səbrli davranacağıq.

• Tamamlanmış bölümlər hər həftə bizim məclisdə oxunacaq.

• Bütün mənəviyyatsızlıqlardan qaçılacaq.

• Dəllal olduğumdan mənim adım titul vərəqində qeyd edilməyəcək.

• Stern mənim kitabımın alman, fransız və ingilis tərcümələrini çap etdirmək səlahiyyətinə sahib olacaq. Çünki onun özünün də təsdiqlədiyi kimi belə əsərlər xarici ölkələrdə evdə olduğundan daha yaxşı başa düşülür.

• Mən “Şallı kişi”yə kağız, qələmlər və mürəkkəb göndərməliyəm. (Stern buna görə çox israr etdi.)

Kitabı bitirmək istədiyim üçün hər şeylə razılaşdım. Artıq növbəti səhər Stern ilk bölümü bitirmişdi və burada, əziz oxucu bir qəhvə dəllalının (“Last və Ko”da çalışan, Laurier Kanal 37 ünvanında qalan) necə kitab, romana oxşar bir şey yazması sualına cavab tapmış oluruq.

Amma Stern kitaba elə yenicə başlamışdı ki, çətinliklər onu haqladı. Hər an üzləşdiyi materialları seçmək, onları düzüb-qoşmaq çətinliyi ilə bərabər onun əlyazmada başa düşmədiyi, hətta mənim özümü də çaş-baş salan söz və ifadələr mövcud idi. Bunlar çox zaman yava, yaxud malay dilində idi. Eyni zamanda orda-burda aça bilmədiyimiz qısaltmalar da vardı. Belə başa düşdüm ki, biz “Şallı kişi”ni çağırmalı olacağıq. Və cavan bir oğlanın bizim kampaniyaya düşməsini uyğun görmədiyimdən onu gətirmək üçün nə Sterni, nə Fredi göndərdim. Son məclisdən sonra qalan iki cananı (çünki mən hər zaman hər şey haqqında düşünürəm) götürüb onun axtarışına çıxdım. Onun yaşayışı əlbəttə ki, möhtəşəm deyildi. Amma bütün insanların bərabərliyi, evlərinin bərabərliyi bir xəyaldır. Onun özü də “Xoşbəxtlik iddiaları” risaləsində bu barədə söhbət açır. Bundan əlavə, hər zaman narazı olan insanları sevmirəm. Bu, Lange-Leidsche Dwaraatraatın arxa otağında olmuşdur. Zirzəmidə fincanlar, boşqablar, mebellər, köhnə kitablar, stəkanlar, Van Speykin portretlərini və s. satan dənizçi dükan sahibi yaşayırdı. Ehtiyatlı olmağa çalışırdım ki, heç nə sındırmayım, çünki belə adamlar nəsə sınanda hər zaman həmin şeylərin dəyərindən daha artıq pul tələb edirlər. Evin qarşısındakı pilləkəndə balaca qız oturmuşdu. O, gəlinciyini geyindirirdi. Cənab “Şallı kişi”nin burada yaşayıb-yaşamadığını xəbər aldım. O qaçıb getdi, anası göründü.

– Bəli cənab, o, burada yaşayır. Hörmətli cənab yalnız yuxarı qalxsa yetər, oradan birinci meydançaya çatar, sonra ikinciyə, sonra üçüncüyə və hörmətli cənab o yaşadığı yerə yetişər. Minni, get de bir cənab gəlib. Kim gəlib desin, cənab?

Dedim desin ki, Laurier Kanalı 37 ünvanında yaşayan qəhvə dəllalı, cənab Dristubl gəlib. Amma dedim özüm-özümü təqdim etmək istərdim. Onlar deyən qədər yuxarı dırmaşdıqdan sonra, üçüncü meydançada oxuyan bir uşaq səsi eşitdim: Atam tezliklə gələcək, şirin atam. Qapını döydüm və bir qadın, yaxud xanım onu açdı. Onun haqda nə düşünəcəyimi bilmirdim. O, çox solğun görünürdü və sifət cizgilərində yorğunluq nişanəsi vardı. O, mənə arvadımın paltar yuma günü bitəndə olan halını xatırlatdı. Əynində dizlərinə kimi uzanan, belində ipi olmayan uzun ağ xalatı vardı. Xalatın yaxalığı öndən qara sancaqla sancaqlanmış-dı. Hörmətli ətək əvəzinə o, altdan güllərlə örtülmüş qara parça geyinmişdi – sanki bu parça onun bədəninə, budlarına, dizlərinə tarım sarılmışdı. Qadın olduğunu xatırladan heç bir qabarıq nəsə, çıxıntı yox idi. Fredi göndərmədiyimə sevindim. Çünki onun geyimi fövqəladə qeyri-adi idi və geyimin qəribəliyi onun lətafətli hərəkətləri ilə ucalırdı. Sanki belə özünü tamamilə haqlı hesab edirdi, sanki başqa qadınlar kimi görünmədiyindən tamamən xəbərsiz idi. Həmçinin, mənim gəlişimin onda çaşqınlıq yaratmadığını anladım, o, nəyisə masanın altına dürtmədi, stulları çəkmədi, bir sözlə, evə qəfildən hörmətli bir cənab girəndə hər zaman edilən şeyləri etmədi.

Saçını çinlilər kimi geriyə daramışdı və başının arxasında düyünəbənzər bir şəklə salmışdı. Sonradan öyrəndim ki, paltarı hind kostyumunun bir növüdür, Hindistanda bu paltara saronq və kabaai deyirlər, amma məncə çox çirkin idi.

– Sən “Şallı kişi”nin arvadısan? – mən xəbər aldım.

– Kiminlə danışmaq şərəfinə layiq görülürəm? – o soruşdu. Və soruşduğu tondan belə başa düşdüm ki, mən də gərək şərəf deyərdim.

Bilirsiniz, mən komplimentləri xoşlamıram. “Müdirlə” bu məsələ bir qədər fərqlidir və mən vəzifəmi bilmədən biznes adamı olmuşam. Amma üçüncü mərtəbədə özümə çox zülm verməyi vacib hesab etməmişdim. Belədə qısaca adımın cənab Dristubl olduğunu söylədim. Dedim ki, Lauirier Kanalı 37 ünvanında qəhvə dəllalı işləyirəm və onun əri ilə söhbətləşmək niyyətindəyəm.

308,54 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
20 октября 2022
Объем:
1 стр. 2 иллюстрации
Переводчик:
Правообладатель:
Alatoran yayınları / Алаторан

С этой книгой читают