Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Mövcudluq mübarizəsi», страница 3

Шрифт:

– Məhmət Akifin qəbrini ziyarətə gedirik. Gəlmək istəyənlər çöl qapının qarşısında toplaşsınlar.

Kifayət qədər böyük bir kütlə çöl qapıda yığışdı. Arxa yoldan getməyə başladılar. Yolboyu köhnə bayramlardan, məmləkətin, İslam aləminin, bəşəriyyətin dərdlərindən danışırdılar.

Dəmir qapının qarşısında dayandılar, üzləri qəbiristanlığa tərəf idi. İnsana hər zaman çox təsir edən qaraçöhrə ağacları bu mövsümdə onlara bir başqa cür görünürdü; axirət, sanki onların ardında idi. Məhmət “Fatihə” verdi. Əllərini açdılar, dodaqları qımıldanmağa başladı.

Məhmət Akifin qəbrinə gəldilər. Üstü torpaqlandığından çətin ayırd edilirdi. Depressiyadan depressiyaya düşən millətinin fəryadlarını əbədiləşdirmiş, İslamı zireh kimi libasda, əziyyətlərə, yoxsulluqlara sinə gərmiş, hər şeyini millətinə vermiş böyük şairə göstərilən etinasızlıq gənc ürəkləri sızlatdı. Bir müddət kədərli baxışlarını ətrafda gəzdirdilər. Məhmət “Bismillah” deyib, “Yasin” oxumağa başladı. Ruhu sakitləşdirən səsi küləyə qarışırdı.

Qəbiristanlıqdan çıxanda Erol deyinməyə başladı:

– Xristianların bir keşişə verdiyi əhəmiyyət qədər biz milli şairimizə dəyər vermirik. Məhmət də durub üstünlüyümüzdən bəhs edir.

Məhmət ona mənalı-mənalı baxınca, Erol davam etdi:

– Hirslənmə, Məhmət, hirslənmə. Bəlkə də, böyüyük, amma kartof kimiyik, dəyərlərimiz torpaq altındadır.

* * *

Bayramın ikinci günündə müəllimlərin məktəbdə toplanıb əvvəlcə öz aralarında, sonra da şagirdlərlə bayramlaşmaları ənənəvi hal almışdı. Onlar günortadan sonra müəllimlər otağına toplanıb, bir-birinin bayramını təbrik etdilər və qarşılıqlı xoşbəxtliklər dilədikdən sonra yerlərinə keçdilər.

Qapı döyüldü və içəriyə bir qrup tələbə girdi. Gələcək siniflərin şagirdləri qabaqda dayanmışdılar. İllərdir bayramlaşdıqları üçün haradan başlayacaqlarını, necə hərəkət edəcəklərini bilirdilər. Hörmətlə direktorun əlini öpüb davam etdilər.

Murad həyəcanlıydı; məktəb direktorunu uzaqdan görmüşdü. Dərslərinə gəlməyən müəllim özünü yad hiss edir, onlara necə davranacağını bilmirdi. Məhmət qardaşından heç ayrılmırdı. O nə edirsə, təkrar etməli idi.

Növbə onlara gəlib çatmışdı. Qarşıdan Məhmət, arxadan Murad və onların qrupu içəri girdi. Məhmət hörmətlə direktorun qabağında əyildi, əlini öpdü, digər müəllimlərə üz tutdu. Murad həyəcanlıydı, hələ direktorun əlini tutmadan əyildi. Təlaşı və səyi direktoru da güldürdü. Əlini öpəndən sonra direktor onu buraxmadı.

– Adın nədir, övladım?

– Muraddır, əfəndim.

– Hansı sinifdənsən?

– 1B-dəyəm.

– Afərin, Murad, neçə bayramlar görəsən!

* * *

Murad bağa çıxanda siniflər sıralarını tamamlayırdılar. Qaça-qaça sinfinin arxasında dayandı. Direktor müavini pilləkəndə görünəndə izdiham dayandı.

– Bundan sonra beş-yeddi dərsi yoxdur. Uzaq yerlərdən olan şagirdlərdən kim istəsə, sabah səhərdən etibarən icazə veriləcək. Nuş olsun!

Şagirdlər sevinc çığırışları ilə yeməkxanaya doldular. Hər kəs bir başqasına necə və nə vaxt gedəcəyini izah etməyə çalışırdı. Məhmət qardaşı ona tərəf çevrildi.

– Sabah səhər getmək istəyirsən?

– İstəyirəm, qardaş.

– Anana hədiyyə aparacaqsan? Pulun varmı?

Murad hədiyyə haqqında heç düşünməmişdi. Yaxşı ki, Məhmət qardaşı soruşdu. Qürbətdən gələnlər analarına bir şey gətirmirlərmi? Duruşu, baxışı Məhmətə təsir etmişdi.

– Pulun yoxdur, deyəsən? Məndə var. Böyüyəndə qaytararsan.

“Qaytararsan” sözü Məhmətin ağzından gülümsəyərək çıxmışdı.

– Var, qardaş, – dedi və qıpqırmızı oldu.

Anasının iç cibinə qoyduğu pulu ona da deməmişdi. Çox sevdiyi Məhmət qardaşından sirri olmamalıydı. Anası “Heç kəsə demə” – deyə tənbeh etmişdi. Lakin Məhmət qardaşı “kimsə”lərdən deyildi axı…

Pilləkənlə çıxarkən söz demək istədiyini Məhmət sezmişdi. Murad ilk sinfin qapısında dayandı.

– Murad, niyə dayandın?

– Bıçağın var, elə deyilmi?

– Var.

– Bu sinfə daxil olaq.

Girdikləri sinif boş idi. Murad qapını örtdü. Köynəyini çıxararkən Məhmət nə etdiyini bilmək üçün ona baxırdı. Pencəyinin iç cibini çevirdi; sıx yamaq çirkli bir dil kimi sallanırdı.

– Yamağı sökək.

– Orda nə var?

– Anam tikmişdi, sökək.

Məhmət yamağı diqqətlə açıb Murada uzatdı. Murad cəld açanda içindən qırışıq bir əlli lirə çıxdı. Həyəcanla pula və gülən Məhmət qardaşına baxır, utandığı da bəlli olurdu.

– Anam tikmişdi, qardaş.

Məhmət onu sakitləşdirmək üçün:

– Əlbəttə, analar övladlarını fikirləşirlər, – dedi. – Bunları unutma, böyüyəndə anana yaxşı bax. Bu günə qədər pullarını boş yerə xərcləməmisən. Əhsən sənə. Pulu cibinə qoy, pencəyini geyin, gedək.

Bazara çıxdılar. Bir donluq pambıq parça, iki qara baş yaylığı götürüb qayıtdılar.

Murad paketi Məhmət qardaşına verdi. Qapını vurub içəri girəndə direktor müavini qarşısındakı sənəddən başını qaldırdı.

– Təpəköylü Murad, gəl, görək.

Muradı sevirdi; bir kölgə kimi məktəbin astanasından sivişib, çalışqan şagirdlər arasında yerini almışdı. Murad masanın qarşısına keçib dayandı. Üzü rəngdən-rəngə düşürdü.

– İcazə istəyirsən?

– …

Tərpənən dodaqlarından bir kəlmə çıxmamasına baxmayaraq, direktor müavini istədiyini anladı.

– Sabah səhər gedərsən.

Muradın dodaqları yenə də tərpəndi və dayandı. Başını sinəsinə əydi. Direktor müavini gülməyə başladı.

– Yoxsa qiymətlərini öyrənmək istəyirsən?

Bu dəfə Muradın dodaqları arasından sözlər güclə çıxdı.

– Bəli, əfəndim.

– Qiymət cədvəlin hələ yazılmayıb. Məktəb bağlanacağı gün verəcəyik. Amma sənə deyim; həm sinfini keçdin, həm də tərifnaməyə layiq görüldün. Gündəliyini Məhmət qardaşına verərik, sənə göndərər.

Sevinclə direktor müavininin əlini öpdü. Geri – qapıya doğru getdi, azacıq əyilərək bayıra çıxdı. Qapını çəkməsilə yerindən atılması bir oldu. Şüşənin qarşısında duran Məhmət qardaşına tərəf qaçdı.

– Tərifnamə aldım, qardaş.

Məhmət də sevincinə qoşuldu, başını sığalladı.

– İnşallah, növbəti illərdə də eyni uğuru göstərərsən. Paketi dolaba qoyaq. Axşam çamadanını hazırlayaq. Səhər səni yola salarıq.

* * *

Eşşək qaranlıqda Muradın varlığını hiss edəndə qulaqlarını şəklədi. Molla İbrahim də orada bir insanın olduğunu hiss etdi.

– Salam-əleyküm.

– Əleykəs-salam, İbrahim əmi.

Bir uşaq səsi eşidildi; “İbrahim Əmi” sözündən yad olmadığını anladı.

– Tanımadım, övlad, gecə vaxtı.

– Fadimə bacının Muradıyam.

– Ah, Murad, xoş gəldin. Qocalıq, qaranlıqda gözüm seçmir. Tək gəlmisən?

– Təkcə gəldim.

Murad Molla İbrahimin əlini öpdü.

– Sağ olasan, övladım. Əlindəkiləri at eşşəyin üstünə.

Muradın torbasını eşşəyin – yüklü kisələrin üstünə qoydu. Eşşəyə bir dəyənək vurdu; quru yolda taqqıltı başladı.

– İstanbulda nə var, nə yox?

– Nə olsun, İbrahim əmi? Bildiyin kimi.

– Ah, oğlum, biz nə bilək? Dünyadan hərbçi və jandarmlardan başqa kimsəni tanımırıq. Cahillik çətin şeydir. Qırx ilin başında şəhərə gedirik, əfəndinin birindən bir-iki söz eşidirik. Bizim də taleyimiz bu imiş. Sinfini keçdinmi?

– Keçdim, İbrahim əmi.

– Afərin, oğul. Anan, kim bilir, nə qədər sevinəcək! Ananı unutma, oğlum. Sən gedəndən tamamilə tək qalıb. Dul bağrına qara daş basıb. Bir dəfə məktubunu müəllimə oxudarkən rast gəlmişdim, nə qədər sevinirdi.

– Kənddə nə var, nə yox, İbrahim əmi?

– Necə qoyub getmisən, elə. Kənd yeridir, nə dəyişəcək ki? Kəndlərdə ölüm və ya doğum olur. Sən gedəndən bəri, Allaha şükür ki, heç kim ölməyib. Muxtarın Kezbanı ərə getdi.

Molla İbrahim qəbiristanlığın qarşısına gələndə dönərək əllərini açdı. Murad da “Fatihə” oxumağa başladı.

Molla İbrahim əllərini üzünə çəkərək:

– Oğlum, atan çox yaxşı insan idi, – deyə sözə başladı. – Heç kimə pisliyi keçməmişdi. Çörəkli adamdı. İbadəti əskik olmazdı. Son nəfəsində səni, bəlkə də, hamımızı düşünərək oxutmağı vəsiyyət edib. Allah mükafatsız buraxmaz, oğlum. Getdiyiniz səhərin gecəsi qəbiristanlıqdakı söyüdün dibində bir top alov görmüşdüm. Allah bilir, bəlkə də, atanın məzarına nur enmişdi.

Eşşək qapıya yaxınlaşanda anqırdı. Molla İbrahim qışqırdı.

– Osman, eşşəyi Fadimə bacının qapısına sür, Muradın əşyasını qoy, geri dön.

Həyətdən çıxan Molla İbrahimin nəvəsi Osman, Muradla yaşıddı. İbtidai sinifdə də bir oxumuşdular, bir yerdə də heyvan otarardılar. Murada yaxınlaşanda həyəcanlandı. Nəsə demək istəyirdi, amma:

– Xoş gəldin, – dedi.

Yerdən götürdüyü çubuğu eşşəyin kürəyinə sürətlə vurdu. Osman xəcalətindən eşşəyin dalınca qaçır, çatanda yenidən dəyənəyi vururdu. Murad evinə yaxınlaşanda əsasını havada yelləyərək çığırdı.

– Fadimə bacı, Murad gəldi.

Çölə çıxan Fadimə bacının gözlərindən bir neçə damla yaş axdı. Həyəcanlanmışdı: çaşdığından nə edəcəyini bilmirdi. Murad qaça-qaça anasının boynunu qucaqladı. Qaranlıqda Muradının yanaqlarından rahat öpürdü.

Yeməyi Murad çətinliklə bitirdi. Tezliklə hədiyyələrini anasına vermək istəyirdi. Çamadanını açıb, donluğu, qara yaylıqları anasına uzadarkən ayrı bir duyğu onu bürümüşdü. Fadimə bacı Muradın verdiklərinə dolu gözlərlə baxdı, sanki ürəyində bir ildırım çaxdı.

– Rəbbim sənə ən gözəl günləri nəsib etsin, oğlum! – dedi və otağa keçdi. Sandığa qoyarkən göz yaşını saxlaya bilmədi.

* * *

Məktəbin qarşısından keçərkən divarın dibində müəllimi üzünü yuyurdu. Ona görünmədən uzaqlaşmaq istədi, amma müəllimi onu görmüşdü.

– Ooo, Murad, gəl, görək.

Həyəcanlandı: nə deyəcəyini, necə davranacağını bilmədi. Müəllim üzünü, əllərini tələsik silərək dəsmalı çiyninə atdıqdan sonra, əlini Murada uzatdı.

– Xoş gəldin, oğul.

Murad əlini öpərkən müəllim digər əli ilə saçlarını sığalladı.

– Ömrün uzun olsun, Murad. Müəllimliyin nə qədər uca bir dəyər olduğunu indi daha yaxşı dərk edirəm. Sinfini keçdiyini Molla İbrahim dedi, çox məmnun oldum. Kim bilir, anan nə qədər sevinib! Qürbətin birinci ili əziyyətlidir. Hər səviyyədəki məktəbin ilk sinfi çətindir. Bu əziyyətə və çətinliyə baxmayaraq sinfini keçmisənsə, deməli, yolu tutmusan. Sənə bir şey demək lazım deyil, çünki sən məsuliyyətli oğlansan. İnşallah, kəndimizdən də insanlığa faydalı bir adam çıxar. İstanbul necədir, gözəldirmi?

Muradın həyəcanı azalmışdı.

– Gözəldir, əfəndim.

– Məktəbinizdən, müəllimlərinizdən razısanmı?

– Məmnunam, əfəndim.

Məktəbinizin maddiyyat və mənəviyyatın birləşməsi üzərində qurulduğunu güman edirəm. Əslində, bizdə maddiyyat və mənəviyyat ayrılmır. Amma təcrübəsinə əsaslandığımız ölkələrdə keçirildiyi üçün, eyni təsnifatdan biz də istifadə edirik. İnşallah, bizim intibahımız da oralardan yaranar. Əslində, sevilməyən məktəb, sayılmayan müəllim yoxdur. Müxtəlif xarakterdə müəllimlər var. Amma inan ki, bütün müəllimlərin idealı yaxşı tələbə yetişdirməkdir.

* * *

Günəş vurmasın deyə, Murad da digər uşaqlar kimi başına xeyli böyük bir dəsmal örtmüşdü. Kotanın üstündə bardaş qurub, öküzləri sürürdü. Əlləri yanmış, buğda saplarının sürtünməsindən bəzi yerləri soyulmuşdu. Camışlara o qədər də qıymırdı: hələ balacaydılar, işləri də çox idi. Xırmandan sonra növbə oduna gələcəkdi.

Fadimə bacı xırmana gələndə günorta olmuşdu, hava çox istiydi.

– Kifayətdir, dincələk.

Murad kotandan düşdü, camışı xırmanın kənarına sürüb boyunduruqdan çıxardı. Qabaqlarına quru yonca atdı.

Fadimə bacı boğçasını kölgədə açdı, ana-oğul “Bismillah”la yeməyə başladılar. Ətrafdakı xırmanlardan səslər gəlirdi. Fadimə bacı gözucu Murada baxdı: üzündən tər damcıları süzülürdü.

– Sən də yorulursan. Nə edək, oğlum, bu, bizim alın yazımızdır. Yaradanımıza həmd olsun, bu həyatı O, bizə verdi. O, necə istəsə, elə olar. Yay gələndə əkin-biçin, odunla məşğul oluruq, qışda da qar alır hər tərəfi. Ah, oğlum, sayılı günlər nə tez keçir?! Günlər insana uzun gəlir, amma keçənlər unudulur. Allah imandan, “Quran”dan ayırmasın. Qocalıram: payız yağışları ürəyə yüngül ölüm qorxusu doldurur.

– Ana, namazını qılır, orucunu tutur, Allahın əmrlərini əlindən gəldiyi qədər yerinə yetirməyə çalışırsan. Ölümdən niyə qorxursan?

– Ölümdən o qədər də qorxmuram. Yaradan yaradarkən bizdən necə soruşmayıbsa, ölümü də soruşmayacaq. Bu dünyadan məmnun olduğumuz kimi, bəlkə də, ölümümüzdən daha çox məmnun olacağıq. Ancaq…

Hicabının ucları ilə tərini silmək bəhanəsi ilə gözlərinin yaşını da quruladı.

– Ancaq?

– Utanmaq var, oğlum! Allah günahkar qullarının arasına salmasın, etməsin. Atan qarşılayanda, başımı aşağı əyməkdən qorxuram.

Fadimə bacı yaylığının uclarını yenidən əlinə aldı.

* * *

Payızın sərin küləkləri Muradın ürəyinə kədər salırdı. Anasından, kəndindən ayrılacaqdı. Bir daha səkkiz ayı necə keçirib, bura qayıdacaqdı? Bu dağların, fəryad atdığı bağçaların həsrətinə uzun müddət necə dözəcəkdi? Məhmət qardaşı da artıq yoxdu, uğurlu tələbədi, mütləq məzun olmuşdu. İşi bu il daha çətin idi.

Vəziyyəti məktəbin həyətində dayanan müəllimin diqqətini çəkdi. O da internatda oxuduğu üçün qürbətin nə olduğunu bilirdi; hələ ilk günlər çəkiləcək hislər deyildi.

– Murad!

Başını qaldıranda sevgi və mərhəmət dolu baxışları ilə müəllimi onu süzürdü. Murad ona doğru yeridi.

– Balam, görürəm ki, kədərlisən. Haqqın var, asan deyil. Lakin bir il əvvəl buradan gedən Muradla buraya qayıdan Muradın bir olmadığını düşün. Yaxşı, nəcib nələrəsə malik olmaq çətindir. İnşallah, gələn il daha bilikli olaraq dönəcəksən. Keçən il necə keçdi? Görəcəksən, bu il daha tez keçəcək.

Sinifdə, dəhlizlərdə, künc-bucaqda, sanki ötən ilin günlərini görürdü. Hər səsdə Məhmət qardaşını axtarırdı. Məhz burada, yağışlı bir gündə uzun-uzun dərdləşmişdilər. Bu oturacağın ucunda oturublar, Məhmət qardaşı gələcəyə dair nə gözəl sözlər söyləmişdi.

Kədərini unutmaq üçün dəhlizdə qaçır, bağa çıxıb sentyabrın doğma işıqları ilə qucaqlaşır, ötən ilin ilk günündə qibtə etdiyi həyatı yaşamaq istəyirdi. Bəzən uğurunun, bəzən kədərinin əsiri olurdu.

Zəng vuruldu. Direktorun çıxışı yenə əsaslı və həyəcanlı idi. Direktor müavininin işarəsi ilə şagirdlər məktəbə girməyə başlayanda dəhlizi səs-küy bürüdü, amma qısa bir müddət sonra səslər siniflərə çəkildi.

Həmin günlərin, eyni əzabların içindən gələn Emin müəllim sinfə girdi. Bir az arıqlamış, sanki üzü azacıq uzanmışdı. Kürsüyə oturdu; baxışlarını sinifdə gəzdirərək gülümsədi.

– Uşaqlar, siz bura alışacaqsınız, şübhənizin, qorxunuzun ömrü azdır, demişdimmi? Bir il əvvəl sinfə girəndə hamınız ürkək idiniz, sanki sıraya yerləşmirdiniz. Hanı o ürkək hərəkətləriniz? Bu il heç bir şey anlamadan, ötən ildən daha tez keçəcək. İllər bir-birinin ardınca elə düzüləcək ki, bir-biri ilə qarışdıraraq xatirələrin hansı illərə aid olduğuna şübhə edəcəksiniz. Bir də görəcəksiniz ki, son sinifdəsiniz. Yetər ki, oxuyun, dərslik kitabları ilə kifayətlənməyin, oxuyun. Dost, düşmən demədən oxuyun. Gələcəyin Türkiyəsi bilikli insanların ölkəsi olacaq. Onların təqaüdləri yüksələcək, tərləri millətimizin əsrlər boyu yaşamasını təmin edəcəkdir. İmansızlığı elm düşünən ağılsızlar, elmə gözlərini yummuş mövhumat silinib gedəcək. Müqəddəs kitabımızın müxtəlif ayələrində, Həzrəti Peyğəmbər müxtəlif hədislərində elm əmr edir. Tariximizdə elmi qadağan edən Qərbdəki inkvizisiyaya bənzər məhkəmələr görülmədiyi kimi, heç bir din və mədəniyyətdə bəyənilmədiyi qədər, bizdə elm bəyənilir.

Emin müəllim düz deyirmiş. Günlərin necə keçdiyi bilinmirdi. Dərs, etüd, yemək, yataqxana deyərkən, gün gecəyə qovuşurdu.

Dərslərini oxuyur, tapşırıqlarını yerinə yetirir, xoşbəxt bir yorğunluqla özünü yuxunun qollarına buraxırdı. Səhər böyük bir arzu ilə qalxır, yeddi-səkkiz etüd öyrəndiklərinə göz atır, könül rahatlığı ilə dərsə girir, dərsi xüsusi qəddarlıqla uzadan qorxunu tanımırdı.

Şənbə, bazar, digər istirahət günlərində müəllimlərinin tövsiyə etdiyi kitabları, jurnalları oxuyurdu. Emin müəllim nə demişdi? Sabahkı Türkiyə bilikli, imanlı insanların əməkləri ilə yüksəlməyəcəkdimi?

Bazar günüdür, tək-tük ayaq səslərindən başqa, məktəbdə hərəkət yox idi. İçində oyanan tənhalıqla baş etmirdi. Bayırda qiyamət qoparan külək, yağışın ilk damcıları pəncərə şüşələrinə vurduqca tənhalığı da artırdı. Açdığı kitabın ilk sətrində ilişib qaldı. Anası gözünün qabağından getmirdi. İndi nə edirdi? Dolanışığı necəydi? Ona verdiyi xərclikdən əlavə özünə bir şey qalırdımı?! Üç həftədir məktub yazmadığını xatırladı, lakin ayrılarkən anasının “tez-tez yaz, məni nigaran qoyma” sözləri qulaqlarında səslənirdi. Dəftərindən bir vərəq qoparıb “Anacan!” deyə yazmağa başladı. Çətinlik çəkmədən cümlələri bir-birinin ardınca düzdü. Müəlliminə, qonum-qonşuya salam yazdıqdan sonra, “Duanı əskik etmə” cümləsi ilə bitirdi. Zərfə qoyarkən eyni sinifdə anasına məktub yazmağa çalışdığı zaman ağladığını, Məhmət qardaşının köməyi ilə yazdığını xatırladı. Zərfin üstünü yazacağı anda qapı açıldı. Məhmət qardaşının başı içəri uzandı.

– Murad.

– Məhmət qardaş! – deyib yerindən sıçradı və boynunu qucaqladı.

– Məktub yazdın?

– Bəli, qardaş.

– Birlikdə göndərək?

Baxışlarından hər ikisinin eyni vaxtda bir il əvvəlki günü xatırladıqları məlum olurdu. Murad gülümsədi, üzündə çəhrayıya çalan rəng görünüb yox oldu.

– Necəsən?

– Yaxşıyam, qardaş.

– Dərslərinin də yaxşı olduğunu təxmin edirəm.

– Yaxşıdı, qardaş.

– Ən yüksək qiymətini soruşmuram. Ən aşağı qiymətin neçədir?

– Ötən gün fizikadan yeddi aldım.

– Necədir, məktəbimizi evin kimi hiss elədin?

– Hiss edirəm, qardaş. Amma sənin yoxluğun mənə ağır gəlir.

– Bilirsən, İslam İnstitutu bura uzaqdı. Həftə sonları da işim çıxır. Üzrlü say, tez-tez gələ bilmirəm.

– Yox, qardaş, imkan tapdıqca gəlirsən də…

* * *

Təpəköyün isti və soyuğunun qovurduğu Murad yox olub, İmam-Xətib məktəbinin havasında cücərən Murad ortaya çıxarmışdı. Gündəlik həyatının parçası halına gələn nöqtəli qara qalstukunu bağladıqdan sonra, ağ köynəyinin yaxalığını düzəldir, üzərində qutu kimi oturan ləkəsiz, hər gün ütülədiyi qara paltarını geyinirdi. Hamar, ipək kimi, sözə baxmayan saçları Muradın alnını kiçildir, sükunətlə uzanan burnu sifətinə ciddilik verirdi.

Ağırbaşlı, ölçülü, gülərüzlüydü. Sanki hər kəsin qəlbinə işıq salan bir sevgi mənbəyi idi. Kiçik və həmyaşıdlarından hörmət, böyüklərdən ehtiram görürdü.

Məktəbinin bütün xüsusiyyətlərini – günün necə başlayıb, necə bitdiyini yaxşı bilirdi. Hətta təhsilinin ilk günündən son gününə qədərki müddətdə özü planlamış kimi çox şeyə hakim olurdu. İlk həftənin başlanğıcı, ilk utancaqlığın yox olması və sonrakı ayların aşılması…

Şənbə günləri çantasını qoltuğuna vurur, kitab dükanlarının yolunu tutaraq, vitrinlərin qarşısında saatlarla vaxt keçirirdi. Alnına tökülən saçlarının altında qalan baxışlarını kitablarda gəzdirirdi. Ani həzdən nə çıxardı? Anın həzzinə çatmaq üçün didinmək, ömrü bu yolda sərf etmək necə də kədərlidi! Bəzilərinin bəhs etdiyi anlayışlar kütlələr üçün deyildi. Qəzanı, Mövlanəni, Yunisi, Dekartı əsrlərdən çıxarsaq, qaranlıq səs-küydən başqa bir şey qalmaz.

Anasının göndərdiyi pulları uzun müddət düşündükdən sonra xərclədi. Onun üçün hər qəpiyin əhəmiyyəti vardı, çünki necə qazanıldığını bilirdi.

Siniflərdən, dəhlizlərdən, yataqxanadan xatirələr axırdı. Uşaqlığının fəryadları, hönkürtülü göz yaşları, beyninə sızan ilk işıqların izləri oralarda canlıydı. Sanki dəhlizlərdə hər an qəhqəhələri əks-səda verir, lal divarların sinəsində hıçqırıqları ah çəkirdi. Hara baxsa, ötən günlərlə göz-gözə gəlir, hara addım atsa, doğma işıqlar, sanki ruhunu didişdirirdi.

Günlər, hətta illər nə tez keçdi. Hələ dünən məktəbin həyətində titrək bir kölgə kimi idi; ürəyi şübhələrin pəncəsində sıxılırdı. Əlini uzatsa, o günü, o halını, qayğılarını tutacaqdı. Dırnaqları ilə basanda büzərək şişirtdiyi yanağındakı hərarət artır, sızanağı oyaraq güzgüdə sifətinə baxırdı.

– Xeyir ola, Murad? Səni ilk dəfədir güzgünün qarşısında görürəm.

Diksindi, ləkəni gülümsəyərək örtməyə çalışdı.

– Bir tük qıvrılıb, batıb, onu çıxarıram.

– Heç də elə görünmür, – deyən Seyid də gülümsədi.

Muradın sözlərinə inanmışdı, amma inanmamış kimi davranaraq ona ilişməyə davam etdi:

– Yaraşıqlı kişisən. Qızlar səni qapmırmı?

– Nə deyirsən?

– Ciddi deyirəm. Güzgüdə özünü görüb başqaları ilə müqayisə etsənə.

– Seyid, belə kobud zarafatların yeri deyil.

– Neçə gündən bir təraş olursan?

– Bilmirəm. Vaxtı gələndə, deyəsən.

Sabun kifayət qədər köpüklənmirdi; su soyuq, saqqalı seyrəkdi.

* * *

İmtahan hazırlığında Murad tək deyildi. Bəziləri paltarını ütüləyir, kimisi başını kitabdan qaldırmırdı.

İlk imtahan idi. Üç müəllimlə direktor sinfə girdi. Direktor kürsüyə gedərkən digərləri sinfin müxtəlif yerlərində əyləşdilər.

Direktor tribunada dayanıb baxdı: hamı tək-tək oturmuşdu, bir-birinin boyunlarını görürdülər. Hamının həyəcanlı olmasına baxmayaraq, sanki sinifdə nəfəs alınıb-verilmirdi. Tribunadan düşüb lövhənin yanına gəldi.

– İmtahan bu dəqiqədən etibarən başladı. Bir-birinizdən qələm, pozan almaq olmaz: heç bir pıçıltı eşitmək istəmirəm. Yazacağım cümlə çox aydın cümlədir.

Oxunaqlı hərflərlə lövhəyə bu cümləni yazdı: “Özlərini adam etməyənlər, başqalarının adamı olmağa məhkumdurlar”. Sinfə tərəf çevrildi.

– Ən arxadakı şagird, xahiş edirəm, ayağa qalxın və yazdığımı oxuyun.

Şagird ayağa qalxıb ucadan oxudu.

– Təşəkkür edirəm! Buyurun, oturun, hamınıza uğurlar arzulayıram.

Murad lövhədəki cümlənin mənasına haqq verirmiş kimi başını yellədi. Bir neçə dəqiqə “Haradan başlamalıyam?” – deyə düşündü. Beynində layihə formalaşdırmaqda gecikmədi. Bu cümlə fərd və cəmiyyətlər üçün də doğruydu.

* * *

İmtahanlar bir-birinin ardınca düzülmüşdü. Murad həyəcanını itirmiş, təbii həyatına qovuşmuşdu. Səhərin erkən saatlarında qalxır, imtahanına girəcəyi dərsin kitabının başlıqlarına göz atıb, mövzuları beynində canlandıraraq səhifələri çevirirdi.

Tarix imtahanı iyunun ortalarındaydı. Murad şifahi imtahanın keçirildiyi sinfə girəndə kobud davranışlarında ata sevgisi gizlənən tarix müəlliminin təbəssümü ilə qarşılaşdı.

– Murad, həyəcanlısan?

– Bir az, əfəndim.

Tarix müəlliminin uzatdığı torbadan sual kağızını çəkdikdən sonra düşünmək üçün qoyulan partaya oturdu. Seyid danışmağa başlamışdı. Murad sualları nəzərdən keçirib, birincisinin üzərində düşünməyə başladı. Danışacaqlarını beynində götür-qoy etdi; qısa məzmunu kağızına yazıb, digər sualların cavablarını da eyni şəkildə hazırladı.

Müəllimlərin qarşısında oturdu və kağızını masaya qoydu. Səsinin tonu qalınlaşmağa başlamışdı. Hecaların və hərflərin haqqını verərək danışır, sözlərində şübhəyə yer qoymurdu . Bir sualın cavabını tam bitirmədən tarix müəllimi:

– Digər suala keç, – deyirdi.

Son sualın cavabı olaraq hələ bir neçə cümlə demədən tarix müəllimi:

– Təşəkkür edirəm, Murad, – dedi.

– Davam edə bilərəm, əfəndim.

– Mənim üçün kifayətdir. Onsuz da bilirdin. Güman edirəm, dostlar da qane olub.

Digər müəllimlər “bəli” mənasında başlarını yelləyərkən baxışları ilə Muradı təbrik edirdilər. Tarix müəllimi:

– İnşallah, məktəb qurtarır, nə etməyi düşünürsən? – deyə soruşdu.

– Alınsa, İnstituta girmək istəyirəm.

– Hansı ixtisasa?

– Müəllim olmaq istəyirəm, əfəndim.

– Əziyyətli bir həyat seçdiyini bilirsən, yəqin?

Murad təbəssümlə kifayətləndi.

* * *

Yeməkxanadakı çəngəl-bıçaq səslərində, dəhlizlərdəki gülüşlərdə, yataqxanada mızıldanan mahnılarda bir məzlumluq vardı. Bu işıq bu gözləri son dəfə işıqlandırırdı. Hələ indidən içlərində bir sancı tutması başlamışdı. Halbuki, illərlə buradan qurtulmağı xəyal etmişdilər. Arzuları həyata keçirdi. Niyə qəlbləri kədərlə dolu idi?

İstanbula yağan işıq yağışı yataqxananın pəncərələrindən də süzülürdü. Bura hakim olan səssizliyə baxmayaraq, yataqxanada hərəkətlilik, bəzən də pıçıltılar olur, yataqlarda qaranlıq kölgələr yaranır, bir dənəsi ayrılıb gedirdi. Bəzi pıçıltılar, ovuclarda boğulan qıqqıltılara çevrilirdi.

Sabah tezdən yola çıxacaqdı deyə, Murad yatmaq istəyirdi. Amma yata bilmir, beyni keçən illərlə məşğul idi. Yeddi il – dilə asan gəlirdi. O biri tərəfə dönəndə Seyidin yatağında oturduğunu gördü.

– Seyid, sən də yatmamısan?

– Bir ara huşa gedən kimi oldum.

– Çətin bir gecə keçiririk. Bura hələ körpəlikdən gəlmişik. Beynimizi, şəxsiyyətimizi burada tapdıq. Elə gün gəldi ki, xatirələrimizdən qopuruq.

– Xatirələrimizdənmi, yoxsa həyatımızdanmı, tam ayırd edə bilmirəm.

– Halımızı gözəl ifadə etdin.

– Nə etməyi düşünürsən?

– Qismətsə, sabah kəndə gedəcəyəm. Tətilimi anamın dizinin dibində keçirəcəyəm. Ona kömək edəcəyəm. Axşamlar da şam işığında kitab oxuyacağam. Əlbəttə, institut imtahanlarına hazırlaşmağı da gözardı etməyəcəyəm.

– Yenə də müəllimlik istəyirsən?

– Daha cəlbedici, ödənişli ixtisaslar ola bilər. Amma məncə, günümüzün ən xeyirli işi müəllim olmaq, yeni nəsillər yetişdirməkdir. Ancaq bu yolla millətimiz yeni bir sivilizasiya dövrünə girə bilər. Millətlər dünya sivilizasiyasına nələrsə töhfə verəndə yaşayır. Varlığımızı gün işığına çıxara bilməyimiz üçün dəyərlərimizi tərimizlə cücərtməliyik. Bu yolda şagirdlər yetişdirmək istəyirəm. Bəs sən nə etməyi düşünürsən?

– Vurnuxuram. Ağlına, fərasətinə inanıram. Mənə nə tövsiyə edərsən?

– Özüm üçün düşündüyümü dedim. Sənin barəndə də eyni şeyi düşünürəm.

– Davamlı uşaqlarla məşğul olmaq çətin deyilmi? Cəmiyyətdə də yeri yoxdu; “Müəllim” deyib, dodaq büzürlər.

– Uşaqlar gələcəyimizdir. İdealist – gündəlik həyatdan üz döndərmiş insan deməkdir. Adətən təkdir. Bir şey gözləmədən, kimsənin görmədiyi yerlərdə əlindən gələn xidməti edəndir. Sivilizasiyalar qayələrə könül verənlərin malıdır; izdiham isə onlardan yararlanır. Cəmiyyətdə yerimiz olmayacaqmış! Olsa nə olacaq, olmasa nə?

* * *

Darıxdırıcı bir axtarışdan sonra adını tapdı, halbuki ilk cərgələrdə idi. Rahat nəfəs alıb, siyahını yuxarıdan aşağıya oxumağa başladı. Seyid də daxil olmaqla, yoldaşlarının hamısı qəbul olmuşdular. Tanış adlara rast gəldikcə, tək qalmayacağını düşünərək sevinirdi.

Təəssüf ki, xoşbəxtliyi uzun sürmədi. İmam-Xətib məktəbində ikən bu çətinlikləri təsəvvür də etmirdi. Sən demə, yemək, yataq nə qədər əhəmiyyətliymiş! Anasının göndərdiyi pul ona çatmırdı, bütün diqqətini xərclərinə yönəltməsinə baxmayaraq, keçinə bilmirdi. Anasından daha çoxunu gözləmək insafsızlıq olardı.

Həyatın yükünü hər keçən gün daha çox hiss edirdi, ancaq müqavimət göstərmək istəyirdi. Səhərin erkən saatlarından gecəyə qədər iş yerlərini gəzirdi. Ləyaqətinə uyğun gələn hər bir işi etməyə hazırdı: tər iyi arasında idealına doğru getmək istəyirdi. Amma qapılar bir-bir üzünə bağlandıqca ümidsizləşir, axşamlar yataqxana halına gətirilmiş köhnə mədrəsəyə qayıdanda özünə gəlməsi çətin olurdu. Bəzən, “Kəndə qayıdım, qismətimi sahələrimizdə axtarım” – deyirdi. Mədrəsənin daş divarlarına öyrəşdikcə bədbinliyi də azalırdı. “Yox, yox. Belə düşünməyim. Çətinliklərdən qaça-qaça bu hala gəlmədikmi? Bəs mən inanırdım axı…”

* * *

Səhər qəzetlərə göz atdı. Üç iş yeri kadr axtarırdı. Maaşın miqdarı əhəmiyyətli deyildi. Anasının göndərdiyinə bir az əlavə etsəydi, bəs edərdi. Cəhdi yenə nəticəsiz qaldı: üç iş yerinin heç biri onu işə götürmədi. Elan verən şirkətlər müxtəlif ərazilərdə idilər. Piyada getmişdi. Yağış bütün gün yağmış, quru yer qalmamışdı.

Yeni avtomobillərin sırayla düzüldüyü kontorun vitrininə düşən əksini gördü. Üzü ölü rənginə bürünmüş, almacıq sümükləri qabarmışdı. Çatılmış qaşları daha da tündləşmişdi. Üzünə düşən saçlarının altında alnı iki barmaq enində solmuş bir kəməri xatırladırdı. Özünü süzərkən Emin müəllim qarşısında dayanıb, ona mərhəmətlə baxırdı. Ağıllı siması necə də dəyişmiş, taleyin cizgilərində boğulmuşdu. Həmişə qəşəng geyinən Muradın xarici görünüşü də acınacaqlı idi. Mütləq ciddi bir dərdi vardı.

Бесплатный фрагмент закончился.

218,97 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
230 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают