Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Mövcudluq mübarizəsi», страница 2

Шрифт:

Direktor köməkçisi:

– Direktor bəyimizin sözü var, – dedi.

Ağsaçlı direktorun səsi məktəbin həyətinə hakim oldu.

– Başlayan yeni məktəb ilimizin kollektivimizə və millətimizə xeyirli olmasını diləyirəm. Sevimli gənclər, böyük mübarizənizin hazırlıqlarını burada edəcəksiz. Elmlə, irfanla beyinlərinizə tükənməz aydınlıqlar dolacaq. Qızıl üzüyün qırılmaz bir hissəsi olaraq, ölkəmizin uzaq əyalətlərində tər tökən qardaşlarınızın sıralarına qoşulacaqsınız. Buradan aldığınız biliklər həyatda həm işığınız, həm də sərmayəniz olacaq. Məktəbinizi bu gözlə görün, bu sevgiylə sevin, müəllimlərinizə hörmətiniz bu duyğu ilə olsun. Əli öpüləsi müəllimlər həyatın nemətlərinə üz çevirib sizə yönəldilər. Bura eyni zamanda sevgi yuvasıdır. Analarınızın, atalarınızın yoxluğu ilə çırpınan ürəkləriniz müəllimlərinizin sevgilərində sakitliyə qovuşacaq. Boranlı, fırtınalı həyatda tezliklə ayaqda durmaq, yaşaya bilmək burada bir-birinizə yaxşıca bağlanmağınıza bağlıdır. Bu da ancaq bir-birinizi sevməklə mümkündür. Böyük çətinliklərə sinə gərərək, izdihamın iniltisini dindirən neçə nəfərsiniz? Bir-birinizi fəda etməyin, özünüzü fəda edin. Qaranlıqlar işığınızda boğulsun!

Gözlərində diri bir ruh alovlanmışdı. Çuxura düşmüş gözlərini dəsmalıyla quruladı. Həyəcanını gizlətməyə çalışaraq davam etdi:

– Anadolum! Bu günün qaranlıqlar diyarı… Nemətlərinlə böyüdük; təəssüf ki, sənə bir şey verə bilmədik. Aclar, yoxsullar məmləkəti… Qarşımda artıb sıralanan səfi görərək, ölkəm, sənə cəsarətlə qışqırıram: ölməyəcəksən! Böyüyəcəksən! Bağrından qopan Mövlanələrin, Yunislərin insanlığa yenə yol göstərəcək.

Astaca əyilərək bir addım geri çəkildi. Direktor köməkçisi yuxarı sinif şagirdlərinə:

– Birinci siz, – dedi.

Şagirdlər səssizcə məktəbə daxil oldular. Çöldən içəriyə yalnız ayaq səsləri gəlirdi. Təzə şagirdlərə sıra gəldikdə, direktor köməkçisi qarşılarına keçdi. Zala daxil olan kimi cibindən çıxardığı siyahını oxuyaraq onları siniflərə böldü.

Ürəkləri şübhə ilə dolu idi. Sinifdə səs yoxdu. Gözucu bir-birini süzür, qorxaq baxışlarını aşağı əyirdilər.

Sinifdə ayaq səsləri canlandı. Qapıdan Emin müəllim girdi. Gülümsəyərək baxışlarını sinifdə gəzdirdi; hamısı ayaq üstdə idi.

– Sabahınız xeyir, uşaqlar.

– Sağ ol.

– Siz də sağ olun. Oturun.

Sinif səssizliyə qərq oldu. Emin müəllim kresloya oturdu. Gülümsəyən gözlərini şagirdlərdə bir-bir gəzdirərkən öz uşaqlığını, bu sıralara ilk gəlişini, ürkək hərəkətlərini xatırladı.

– Çoxunuz Anadolunun müxtəlif yerlərindən gəlmisiniz, demək olar ki, hamınız ilk dəfədir evinizdən ayrı düşürsünüz. Ata-analarınız, qardaşlarınız üçün indidən darıxırsınız. Kəndiniz, qonşularınız, mal-qaranız gözlərinizin qarşısındadır. Necə kədərləndiyinizi bilirəm: mən də sizin kimi idim. Bu məktəbə ilk gəlişimi, bu sıralara ilk oturuşumu xatırlayıram; gözlərimin qarşısında anam, yaxınlarım, kənd canlanır, heç cürə yadımdan çıxmırdı. Dözə bilməyəcəyimi düşünürdüm. İlk günlər mənim üçün çox çətin olmuşdu, amma qısa vaxtda məktəbimə, müəllimlərimə, dostlarıma öyrəşdim və onları çox sevdim. Gözümü açıb-yumunca ilin axırı gəlib çatdı. Kəndə qayıdanda qoyub gəldiyim hamını, hər şeyi yerində gördüm. Buradakı narahatlıqlarımın əbəs olduğunu başa düşdüm. Yay aylarının tez bitməsini, məktəbi, dostlarımla görüşməyi istəyirdim. Məktəbimiz ikinci il mənə daha isti gəldi və günlər sürətləndi… Hər ötən il məktəbimizə daha çox bağlanır, hər il mənim üçün daha gözəl olurdu. Və nəhayət, bu məktəbi bitirdim. İllərcə darıxdım. Buraya müəllim olaraq təyin olunmaqla məktəbimə qovuşdum, amma o illərin həsrətindəyəm. İndi hamınızın içində qorxu var: görən, bir şey olmadı ki? Atam, qardaşlarım necədi? Heç narahat olmayın, hamısı qoyub gəldiyiniz kimi yaxşıdılar. Hər şeyin başlanğıcı çətindir, hələ ayrılığın ilk günləri çox dözülməzdir.

Emin müəllimin ağzından çıxan bu sözlər uşaqlara rahatlıq gətirir, özlərini toplamalarına kömək edirdi. Murad əlini gicgahına dayayıb, gözlərini müəlliminə zilləmişdi.

Şübhələrlə dolu ilk günü dərindən yaşayaraq düşünürdülər: “Görən, necə bir müəllim gələcək?” sualı ilə ürəkləri döyünürdü. Müəllim sinfə daxil olan kimi, onu ürkək baxışlarla süzür, dəqiqələr irəlilədikcə öyrəşirdilər. Hər dərsin bitməsi ilə, elə bil, dünya dəyişirdi.

Səhərin son dərsinin bitmə zəngi səslənən kimi müəllim:

– Siz təzəsiz, – dedi, – Yeməkxananı tanımaya bilərsiniz. Digər şagirdlərin ardınca gedin.

* * *

İzdiham səssizcə pilləkənlərdən aşağı axırdı. Murad da aralarına qoşuldu. Qorxurdu: belə bir kütlənin içində yeməyə, yaşamaya öyrəşməmişdi. Necə bacaracaqdı?! Birdən üstünə dağıdardısa?! Hər addımı onu həyəcanlandırırdı. Bir an içindən geriyə qayıtmaq keçdi. Acmışdı, hara gedəcəkdi?! Yeməkxanaya girdi. Masalar düzülmüşdü: ağ süfrələrin üzərindəki boşqablar, çəngəllər, bıçaqlar tər-təmiz idi. Şagirdlər sıra ilə yerlərinə əyləşdilər; bir masa dolduqdan sonra ikinci masada yerlərini almağa başladılar. Qapının kənarındakı beton dirəyin dibində dayanan Murad titrəyirdi; sırada dayanmağa utanmışdı. Ürəyində, “Deməli, belə olacaq” – deyirdi; təəssüf ki, özünü heç cürə sıraya sala bilmirdi. Gözləri bir anlıq yaşla doldu. Çölə çıxmağı düşünsə də, bacara bilmədi. Emin müəllim gülərək yanına gəldi.

– Vay, balaca, adın nədir?

Üzü qızardı, ağlamsınaraq kövrək bir səslə:

– Murad, – dedi.

Murad başını aşağı əydi. Emin müəllim saçlarını oxşayanda əlinin içində kiçik bir ürəyin çırpıntısını hiss edirdi. Əlindən tutanda yuxarı sinifdəki şagirdlərin birləşdiyi masada boş bir oturacaq gördü. Emin müəllim gələndə masadakı şagirdlər ayağa qalxdılar.

– Məhmət, Murad sənə əmanətdir. Hər yeməkdə yanına alacaqsan. Bir ehtiyacı olarsa, maraqlanacaqsan. Ehtiyac olarsa, məni də xəbərdar edəcəksən.

– Baş üstə.

Emin müəllim Muradın qoltuqlarının altından tutub oturacağa oturtdu və getdi. Başını əyən Murad qulaqlarına qədər qızarmışdı. Məhmət ona tərəf əyildi.

– Murad, haralısan?

Başını qaldırmadan:

– Təpəköydən, – dedi.

– Atanın adı nədir?

– Atam yoxdu.

– Nə oldu atana?

– Ölüb.

– Allah rəhmət eləsin! Yenə də bir adı vardı, yəqin?!

– Çoluğun Yusif.

Masalardan qaşıq, boşqab səsləri gəlirdi. Muradın həyəcanı yavaş-yavaş ötürdü. Məhmət çömçə ilə şorbanı boşqablara çəkdi.

– Hə, Murad, “Bismillah” deyib başlayaq.

Murada elə gəlirdi ki, hamının nəzəri ondadı. Qaşığını əlinə alanda birtəhər oldu; şorba qaşığından masaya dağılanda nə edəcəyini bilməyərək donub qaldı. Məhmət gülümsədi.

– Fikir eləmə, Murad, biz balaca olanda nələr etmirdik… İndi də dağıdırıq. Sən tərbiyəli, diqqətli uşaqsan, qısa vaxtda necə öyrəşdiyini görəcəksən.

Məhmətin sözlərindən Muradın gərginliyi azaldı. Şorbanı üfürərək içirdi. Masanın ab-havasına öyrəşir, danışanlara qulaq asırdı. Növbə çərəzlərə çatmışdı. Məhmət yeməkləri boşqablara bölüşdürdü. Kəndlərində belə yeməyə az rast gəlinirdi. Tulumba şirniyyatını heç vaxt görməmişdi. Məhmət qardaşını gözlədi. Çəngəlin ucuyla bölür, bölünən hissəni çəngəli ilə götürürdü. Murad da eynisini etdi. Məhmət şirniyyatı bitirən kimi bir stəkan su içdi. Murad da içdi. Məhmət masadakılara “Nuş olsun” – deyərək qalxdı.

– Gedək, Murad.

Murad Məhmətin arxasınca gedirdi. Yuyunma yerinə gəldilər. Əllərini sabunla yuyub quruladıqdan sonra çölə çıxdılar.

* * *

Şagirdlərin əksəriyyəti kənddən idi. Bu ərəfələr İstanbuldan və başqa şəhərlərdən gələnlərin sayı azalmışdı. Çoxu kimi o da məktəbə öyrəşməmişdi. Bir səhv edərsə, məktəbdən qovulacağını düşünürdü. Hara gedərdi? Molla İbrahimin Süleymanı bura gələndən ona bir daha baş çəkməmişdi. Sağollaşanda, “Səni tez-tez yoxlayacam, atamın əmridir” – demişdi, amma o gündən bəri bir dəfə də görünməmişdi. Bir də pulunu itirərdisə, halı necə olardı? Yavaşca əlini sinəsindən qabırğasına doğru sürüşdürdü, pencəyinin astarındakı cibinə barmaqlarının ucuyla toxundu. “Oldu” deyərək rahatca nəfəs aldı və içinə şirin istilik yayıldı. Fadimə bacı Muradın cibinə xərcliyini qoymuş, ayrıca əlli lirə də bir bezə bürüyüb iç cibinə tikmişdi. “Heç vaxt buna əl vurma; pulun qutaranda, məktub yaz, göndərərəm. Nə olar, nə olmaz. Yollar qar olar və ya pulunu itirə bilərsən, onda heç kimin görmədiyi yerdə bu cibi sökərsən. Pulu xırdalayandan sonra da bir qismini yenə ora qoyarsan” – deyə bərk-bərk tapşırmışdı. Murad gündə bir neçə dəfə heç kimsəyə bildirmədən iç cibini yoxlayıb rahatlaşırdı.

Yatağa girəndə, sanki anasıyla göz-gözə gəldi: dərin baxışları məyus halda ürəyinə dolurdu. Göz yaşları axmağa başladı. Hıçqırdıqca çarpayı cırıldayırdı. Axşam vaxtıydı; Qarabaş çöldə yallanırdı… Sonra özünə gəldi. Tərləmişdi; yorğanı üstündən atdı. Məhmət qardaşını düşünərək rahat olurdu. Qısa vaxtda ona öyrəşmişdi… Necə də yaxşı insandı! Səssiz-səssiz içindən gələn hıçqırıqları boğduğunu hiss etdi. Yatağında dikəldi; yanındakı çarpayıya gözlərini zillədi. Boğuq bir hıçqırıq sinəsini deşirdi. Yorğanın altına girən kimi göz yaşları yenə axmağa başladı.

* * *

– Oyanın, saat yeddi olur.

Murad oyananda direktor köməkçisi yataqxananın qapısında dayanmışdı. Əlini qapıya bir neçə dəfə vurdu.

– Qalxın!

Yataqxanadan çıxanda Məhmətlə qarşılaşdı.

– Necəsən, Murad? Rahat yata bildinmi? – deyə Məhmət gülümsəyərək soruşdu.

Boynunu bükdü, yalan danışmağa öyrəşməmişdi, nə deyəcəyini də bilmirdi. Hərəkəti Məhmətin ürəyini yumşaltdı, ona təsəlli verəcək sözlər deməyə vadar etdi.

– Ötən günlər necə keçdisə, bu günlər də belə keçər; həm də daha rahat.

Murad da içində Məhmətin dediklərini təkrarladı, amma bu təəssüratın heç keçməyəcəyini, anasına qovuşmayacağını düşünürdü. Məhmət mütaliə sinfinin qapısının yanına çatanda dedi:

– Fikir eləmə, Murad, çalış, ananın ümidlərinə layiq ol.

* * *

Vaxt ötdükcə Murad Məhmətin gözündə sevimli bir insan olurdu. Qorxaqlığını, utancaqlığını günlər süpürüb aparır, gül kimi bir uşaq gün işığına çıxırdı. Muradda da Məhmət qardaşını çoxdan tanıyırmış kimi hiss vardı; ilk xatirələrinin arasında onu tapmış kimiydi; elə bil Təpəköylüydü, həm də anasının çox yaxınıydı.

Noyabr yağışları İstanbulu amansızca döyəcləyirdi. Bazar günü olduğundan məktəb sakitdi. Yağışın damları döyəcləməsinə səssizlik qəribə hislər qatırdı. Məhmətlə Murad pəncərənin qarşısında dayanaraq yağışı seyr edirdilər. Havanın kədəri onları da ağuşuna almışdı. Belə anlarda həsrətin insanın içini yandırdığını Məhmət yaxşı bilirdi. O, baxışlarını Murada çevirdi: kədər bütün acılığı ilə üzünə çökmüşdü. Ona nəsə bir söz deməliydi.

– Kənddən ayrıldığın nə qədər oldu?

Murad gözlərini Məhmət qardaşına çevirdi. Üzündə yaranan təbəssümlə kədəri dağılmağa başladı.

– Bilmirəm ki! Qaranlıq bir səhər idi. Molla İbrahimin Süleymanı, anam və mən şəhərə gəlmişdik. Çox olar.

– Bura gələndən neçə gün sonra məktəb açıldı?

– Bir axşam yatdıq, sabah açıldı.

– Kənddən bura neçə günə gəldiniz?

– Bir axşam Eskişehirdə yatdıq.

– Məktəb iyirmi dörd sentyabrda açılıb. Sən də iki gün öncə evdən çıxmısan. Bu gün noyabrın üçüdü. Hesabla, görüm!

Murad zehnində hesablamağa çalışdı, amma bacarmadı. Barmaqlarıyla saydı, qarışdırdı. Güldü, üzündə xəfif qızartı əmələ gəldi. Onu çətin vəziyyətdə qoymamaq üçün Məhmət cavab verdi:

– Təxmini qırx gün edir. Anana məktub yazmısan?

– Yazmamışam.

– Gələndə səni tənbeh etmədi?

– Etdi. “Pulun bitəndə yaz” dedi.

Murad əmanəti xatırladı. Gözucu nəzər saldığı Məhmət qardaşı çölə baxırdı. Əlini sinəsindən astaca iç cibinə sürüşdürdü, barmağının ucu yamağa dəyəndə sevindi. Sürətlə əlini çəkdi.

– Məktub yalnız pul üçün yazılmır ki. Ananın səndən başqa kimsəsi də yoxdur. Onu nigaran qoyma. Sinif boşdur: bu saat yaz, göndərək.

Sinfə girdi, dəftərindən kağız qoparıb partada oturdu. Ağlına bir şey gəlmir, qələmi ağzına salıb düşünürdü. Anası gözlərinin qarşısına gəldi. Qələmi barmaqlarının arasında oynatdı. Kənddə qürbətdən gələn məktubları xatırladı. Necə də gözyaşlarıyla oxuyurdular. “Mən də qürbətdəyəm. Anama məktub yazıram!” – deyə içində düşünərkən gözləri yaşardı. Dodaqlarını dişlədi. Məhmət qardaşını düşünərək ağlamaqdan utanırdı. Yaralı sərçə kimi çırpındı.

Məhmət sinfə gələndə Murad hıçqırırdı. Yanına oturdu; hıçqırıqları ürəyini güllə kimi deşirdi, amma nə edə bilərdi? Murad yaxşıca rahatladıqdan sonra özünə gəldi. Məhmətin səsi ürəyini oxşayıb, sakitləşdirirdi.

– Anan indi çox yaxşıdır. Dul qadının oğlunu oxutması nə deməkdir? Elə bilirsən, hər qula nəsib olacaq bir işdir? Böyüyərsən, böyük adam olarsan, ananı yanına alıb rahat yaşayarsan.

Başını qaldıranda utandı. Üzü göz yaşları ilə islanmışdı. Məhmət qardaşına baxmadan soruşdu:

– Evi, tarlaları, mal-qaranı satacağıq?

– Mal-qaranı satarsınız, evin qapısını bağlayarsınız, yaydan-yaya gedərsiniz. Tarlaları da icarəyə verərsiniz. Ata mülkünə toxunmaq olarmı? İnsanın başına hər cür iş gələ bilər. İndi yaz, görək.

– Nə yazım? Ağlıma bir şey gəlmir.

– Yaxşı olduğunu, dərslərini, salam-filan yaz.

– Qələmi əlimə alan kimi unuduram.

– Onda mən deyim, sən yaz.

Muradın qarşısındakı kağız islanmışdı, çantasından yeni bir kağız çıxartdı. Məhmət əliylə göstərərək:

– Bura tarix yaz, – dedi.

“Sevgili Anam!

Məktubu Məhmət qardaşla birgə yazıram. Məhmət qardaşdan məndən nigaran qalmayasan deyə, bəhs edirəm. Burada tək deyiləm. Dostlarım var: onlar da müxtəlif yerlərdən, kəndlərdən gəliblər. Məktəbimə, müəllimlərimə öyrəşmişəm. Məktəbimiz çox rahatdır; müəllimlərimiz də mənim təsvir etməyəcəyim qədər yaxşı insanlardır. Allaha şükür, heç bir dərdim və ehtiyacım yoxdur, pulum da var. Məndən nigaran qalma. Amma mən səndən çox nigaranam, ağlımdan heç çıxmırsan. Mənə dua et!

Dərslərimin də xeyri olur. Əlimdən gəldiyi qədər dərslərimi edirəm; səni düşündükcə daha da çox çalışıram.

Məktub yazdırıb mənə göndərsən, çox sevinərəm. Kənddən, qonşulardan da xəbərlər gözləyirəm. Dolanışığın yaxşıdımı, anam?! Onu da bilmək istəyirəm.

Müəllimimə, qonşulara çoxlu-çoxlu salam de! Əllərindən öpürəm! Məhmət qardaş da salam deyib, əllərindən öpür. Dəyərli anam, əllərindən öpür, dualarını gözləyirəm.”

Altına ünvanı yazdı. Məhmət zərfi bağladı, cibindən bir marka çıxarıb yapışdırdı:

– Yağış yağır, amma poçta gedib göndərəcəm, – dedi.

Axşam yeməyində, dərs oxuyanda anasının üzü gözləri qarşısından çəkilmir, əlindəki məktubla Murada baxıb-baxıb gülümsünürdü. Neçə günə alacağını, cavabın nə vaxt gələcəyini hesablayırdı, bu günə qədər yazmadığı üçün də heyfsilənirdi.

* * *

Tətil günlərində, tənəffüslərdə Məhmət qardaşından ayrılmazdı. Həmyaşıdlarına özünə hörmət etdirən və sevdirən Məhmət qardaşının ətrafında ümumillikdə bir qrup olurdu. Trabzonlu Erol Məhmətlə eyni sinifdə oxuyurdu. Digərlərinə görə azacıq yaramaz idi.

Bir gün Murad, Məhmət və yanındakılar gülürdü. Məhmət tez-tez:

– Heç bu qədər gülməmişdim, – deyə təkrarlayırdı.

Yanlarına yaxınlaşan yuxarı siniflərdən digər şagirdlər də:

– Bizə deyin, biz də gülək, – dedilər.

Məhmət:

– Ən yaxşısı Erol danışsın, – cavab verdi.

Erol Qaradəniz ləhcəsiylə danışmağa başladı.

– Tarix müəllimi məni lövhəyə çıxartdı: “Kromvel haqqında danış” – dedi. Mən də, “Kromveldən mənə nə? Mənə öz tariximizdən sual verin” – cavabını verdim. “Onda Navarin basqınının səbəb və nəticələrini dinləyək” deyincə qan vurdu başıma. “Məndən qalib gəldiklərimizi soruşun. O basqınları edənlər bilsinlər. Onlara lazım olar. Biz qalib gəldiklərimizi bilsək, kifayətdi. Məndən İstanbulun fəthini soruşun. Fatih dədəmi, Yavuz, Qanuni dədələrimdən danışım” – dedim.

Yuxarı sinifdən olan bir şagird gülərək soruşdu:

– Müəllim nə dedi?

– Bir şey demədi, məni yerimə oturtdu.

– Neçə verdi?

– Demədi, səncə, neçə verəcək?

* * *

Gözləməyin çətin olduğunu Murad da başa düşürdü. Məktubun yazıldığından bəri uzun müddət keçməsinə baxmayaraq, anasından cavab gəlməmişdi. Hər gün həyəcanla poçta baxırdı; məktub olmadığını öyrənincə, boynu bükük qayıdırdı. Bəzən anasına gec yazdığı üçün kədərlənirdi, bəzən də anasının ona laqeyd qalmayacağına inandığından pis düşüncələrə qapılırdı. Bu anlarında Məhmət ona təsəlli verirdi.

– Təpəköyə çox qar yağdığını sən deyirdin. Bu qiyamətdə rayona gedib-gələn olmadığı üçün, anan ya məktubunu almayıb, ya da yazdırdığı cavabı göndərə bilməyib. Məktubu gəlməyən təkcə sən deyilsən ki…

* * *

Bir gün Məhmət qardaşı ilə sinifdə riyaziyyatdan bir məsələ həll edirdi.

Qapını Erol açdı, içəriyə girmədən əlindəki məktubu uzadaraq:

– Murad, sənə məktub var, – dedi.

Yerindən sıçramağıyla məktubu alması bir oldu. Həyəcanla açarkən Məhmət gülümsəyirdi.

– Sənə demədimmi, Murad! Analar uşaqlarını unutmazlar. Əvvəlcə məktubunu oxu, sonra dərsimizi edərik.

“Sevgili oğlum!

Məktubunu müəlliminə oxutdum. Bu məktubu da o yazır. Allah sənə xeyirli ömür versin. Dualarım səninlədir. Heç bir “amin”imdə əskik deyilsən. Məndən nigaran olma! Bura kənd yeridir. Biz burada böyüyən bir ailəyik. Bir-birimizə hirslənsək də, qışqırsaq da, ət və dırnaq kimiyik.

Molla İbrahim tez-tez səni soruşur. Oğlu Süleyman səni məktəbə qoyduqdan sonra, çox uzaq bir yerdə iş tapdığı üçün yanına gələ bilməyib. Molla İbrahim də Süleymana hirslənir. “Nə qədər uzaq olur-olsun, insan uşağı bir gedib görər” deyir.

Allaha şükür, buralarda pis bir şey yoxdu. Ötən gün Molla İbrahimin yoldaşı Safinaz bacı bir az nasazlamışdı. Çox şükür, o da yaxşılaşdı.

Qar artıq çoxdan yağıb. Bəzən yağır, bəzən hava açılır. Bu il qış ağır keçir. Amma biz öyrəşmişik; buralarda dünyaya gəldik, buralarda yaşa dolduq.

Müəllimin yaxın vaxtlarda bir toplantı üçün rayona gedəcək. Bu məktubu göndərəcək. Sənə çatdırılması üçün ona bir miqdar pul da verdim. Oralarda qərib qalma: həmd olsun, yağımız, pendirimiz, pulumuz da var.

Məktub yaza bilsən, yaxşı olar. Biz anaların gözləri yoldadır.

Məhmət qardaşına da salam de! Allah ona da arzuladığını nəsib eləsin!

Müəllimin də yazmaq istəyir.

Allaha əmanət olasan, övladım.”

“Sevgili Murad!

İbtidai təhsildən sonra davam edən, kəndimizdən ilk çıxan sən oldun. Mənə sənətimin dəyərini hiss elətdirdin. Ömrün uzun olsun!

Anandan nigaran qalma, dərslərini yaxşı öyrən! Anan kəndimizin bacısıdır. Əlimizdən gəldiyi qədər ona kömək edirik.

Sənin qayğına qaldığı üçün Məhmət qardaşına təşəkkür edir, gözlərindən öpürəm.

Mənim ağıllı və gözəl şagirdim. Allah sənə uzun ömür versin! Fadimə bacını Muradına çatdırsın. Gözlərindən öpürəm!

Müəllimin

Həmzə Bayır.”

Məktubu dəfələrcə oxudu; yuxusunda anasını, müəllimini, Molla İbrahimi gördü.

* * *

Semestr tətili yaxınlaşdıqca məktəb tənhalaşırdı. Tətilə bir-iki gün qalmış uzaq yerlərdən gələnlər icazə alır, çamadanlarını yığıb sevinclə gedirdilər. Hər gedəni gördükcə Muradın ürəyi titrəyirdi. Təpəköyün qarla örtülmüş dağları, dərələri keçilməz olduğu üçün, getməyi düşünsə də, Məhmət qardaşı “olmaz” demişdi.

Son gün Məhmət qardaşı da gedəndən sonra məktəb lap kimsəsiz oldu. Onu avtobus dayanacağına qədər yola salıb, məktəbə qayıdarkən adamlar arasında tez-tez gözlərinin yaşını silmək məcburiyyətində qalmışdı.

Murad kimi tətildə evə getməyib qalanların sayı xeyli az idi. Yemək üçün bir neçə masa hazırlanmışdı. Yeməkdə hər kəs kədərini bir-birindən gizlədirdi. Daha çox xəyal gücləri danışırdı. Muradın gözlərindən rayonlarına uzanan yoldakı qarlı dağlar, bir də anasının üzü əskik olmurdu. Anası göndərdiyi məktubda “Yaxşıyam, dualarım səninlə” demişdi. Görəsən, eləydimi? Məktubu yazdırdığı da çox olmuşdu.

Qəmli ayaq səsləri yataqxanaya çıxırdı. Qurbətin ilk günlərindəki kimi özlərini tənha hiss edir, yatağa girən kimi yorğanı başlarına çəkirdilər.

* * *

Pakizə xanım mələk kimi bir insandı. Həmişə “balam”, “övladım” – deyərək bütün şagirdlərlə ana şəfqəti ilə davranırdı. Əllərini bir-birinə keçirib səssizcə sinifdə gəzişir, mövzuları hekayələrlə bəzəyərək izah edirdi.

Lövhədəki xəritəyə əl uzadanda baxışları saatına dəydi.

– Aa! Üç dəqiqə qalıb.

Kürsüyə çıxıb oturdu. Çantasından bir kağız çıxartdı və yumşaq baxışlarıyla sinfə nəzər yetirdikdən sonra:

– Sabah nədir, uşaqlar? – deyə soruşdu.

Qabaq sıralardan bir şagird səsləndi:

– Cümə, müəlliməm.

– Hər həftə cüməni yaşayırıq. Bunu heç soruşmuşammı?

Arxadan incə bir səs yüksəldi:

– Ramazan, müəlliməm.

Sinif birdən qışqırdı.

– Ramazan! Ramazan, müəlliməm!

Pakizə xanım əl işarəsiylə sinfi sakitləşdirdi.

– Direktor köməkçisi oruc tutanların adlarını yazmaq vəzifəsini bizə tapşırıb. Sayınıza görə sahur yeməyi olacaq. Siz hələ balacasınız, amma soruşmağı yenə də lazım bildim. Kim oruc tutacaqsa, əlin qaldırsın: nömrəsini və adını yazacam.

Bütün sinif birdən əlini qaldırdı; gülüb, sevinirdilər. Pakizə xanım gülümsəyərək sinfə baxdı.

– Əllərinizi aşağı salın. Siz hələ balacasız, oruc tutmağa məcbur deyilsiniz, amma həvəsinizi qırmamaq üçün soruşuram. Çətindir, gecə oyanacaqsız, dərsləriniz olduqca ağırdı. Bir ay dözə bilməzsiniz. Yaxşı-yaxşı fikirləşin. Mənim fikrimi bilmək istəyirsinizsə, məncə, tutmayın. Təkrar soruşuram, oruc tutanlar əlini qaldırsın.

Əllər havadaydı. Pakizə xanımın solğun bir ayı xatırladan üzündə illərin cizgiləri dərinləşdi.

– Heç olmasa, oruc tutmayanları yazım. Tutmayanlar qaldırsın əlini.

Əl qaldıran olmadı. Pakizə xanım ayağa qalxdı, kürsüdəki çantasını əlinə alıb sinfi ötəri süzdü.

– Ramazanınız mübarək olsun!

– Sağ ol.

Tənəffüsdə, yemək vaxtı “Ramazan” kəlməsi dillərdə gəzirdi. Şagirdlər bir-birlərindən “Tutacaqsan?” – deyə soruşur, Ramazanlarını təbrik edirdilər. Köhnə şagirdlər məktəbdə keçirilən Ramazanlardan danışır, yenilər də dinləyirdilər.

* * *

Kiçik bir tıqqıltı Muradın oyanmasına bəs etmişdi. Yanındakı yatağın boş olduğunu gördü. Tələsik geyinəndə ürəyinə sevinc doldu.

Gündüzün canlılığı yeməkxanada yox idi; kimi gəlir, kimi gedirdi. Paltosuna bürünən Məhmət qapıdan girdi: saçları dağınıqdı, üzündə yuxu izləri vardı.

– Murad, sən də qalxmısan?

– Allahın izni ilə tutacam, qardaş.

– Hələ balacasan axı, sənə çətin olar. Dərslərini axsatmaz ki?

– Tutmaq istəyirəm. Dərslərimlə daha çox məşğul olaram. Allah da köməyim olar.

– Özün bilərsən.

Gözlərini yumub açmasıyla səhər oldu. Mədəsində yüngül turşuluq hiss edirdi, dodaqları qurumuşdu.

Gözlərini tavanda gəzdirərək oruc olduğunu düşünüb gülümsədi. Dodaqlarını dili ilə islatdı. Qalxandasa imsaqdakı sevinci hiss edirdi daxilində.

Vaxt keçmək bilmirdi; altı saatlıq dərs sona çatmış, Murad da yorulmuşdu.

Şagirdlər dəhlizdə qruplaşaraq gəzir, Ramazandan danışırdılar. Dərslərin yorğunluğu və orucun əzginliyi hərəkətlərini soldurmuşdu. Məhmət yoldaşlarına bir mənalı dərdini danışarkən, Murad da canı-qəlbdən dinləyirdi.

– Hanı əvvəlki Ramazanlar?! Milyonlarla kilometrləri aşan vətənimiz başqa bir aləmə girir, adətən gəlinlik duyğuları ilə bəzənirmiş! İnsanlar bir-birinə qarşı daha səmimi davranır, Allah rizasını qazana bilmək üçün cəmiyyətdəki mövqeyindən asılı olmayaraq dəstək olurlarmış. Hələ o iftar süfrələri… On bir ayın qənaəti açılır, süfrələr böyüyür, fağır-füqəra da varlılarla eyni süfrədə oturur, eyni çörəyi paylaşmağın, həyatı bölüşməyin ləzzəti hiss olunurmuş. Çox rahatlıqla Ramazan keçirirlərmiş. Hər şeyilə bizimmiş. İyirminci yüzilliyin seli onu silib-süpürüb. Müasirləşmədik, zəmanənin gətirdiklərini özümüzü qoruyaraq almadıq. Böyük pisliklər, bəlkə, kəndlərə qədər uzanmadı, amma böyük şəhərlərimiz qarışıq bir hal aldı. Fatihin yüksək minarələrindən mahyalar1 xalqa nəsə söyləyirmiş kimi alışıb yanarkən, şəhərimizin bəzi hissələri baraban səsləri ilə addımlamaqdadır. Bu ayrılığı evlərdə belə, görmək mümkündür. Alt mərtəbə iftarın, üst mərtəbə isə bala getməyin təlaşındadır. Qayğısız iftar açanlarımız da az deyil. Kasıbın iztirabını varlılarımızın yanlız bəziləri hiss edir.

Hava qaralırdı; pilləkəndə, salonda böyük qələbəlik hökm sürürdü. Məhmət saatına baxdı, “vaxtdır” – deyərək əliylə işarə etdi. Pilləkəndən enəndə ruhları oxşayan bir azan səsi gəlirdi.

* * *

Çarpayı sirkələnəndə üzündə bir tərpəniş göründü və silindi. Sarsıntı təkrarlananda gözlərini açdı; ayaq ucunda Məhmət qardaşı oturmuşdu.

– Namaza gedirəm, gəlmirsən?

Yatağından dik atıldı, şkafını açdı, paltarlarının altından ən yeni köynəyini çıxarıb geyindi.

Böyük şəhər məzar səssizliyinə bürünmüşdü. Məktəbin qapısından çıxan ayaq səsləri müxtəlif yönlərə gedirdi.

Məhmətlə Murad döngəyə çatanda bir qapı cırıldadı. İşıq altında iki kölgə səkiyə düşdü. Hicablı bir qadın ərini və altı-yeddi yaşlı oğlunu yola salırdı. Atasının əlindən tutan uşaq sevinclə tullanırdı.

Dar küçələrdən keçirdilər. Küçənin hər iki yanındakı məhəccərli pəncərələr, qəfəsli eyvanlar az qala bir-birinə dəyəcəkdi. Sanki bir-birinin üstünə söykənirmiş kimi sıralanmış evlər dinc sükuta qərq olmuşdu.

Baş küçəyə çıxanda ilk “Allahu əkbər” səsi qaranlığa doğru yayılmağa başladı və bu, sanki bir çağırışdı. Şəhərin müxtəlif yerlərində, məscidlərdə, sultan məscidlərində azanlar oxunmağa başladı. Bunlara davudi bir səs qarışdı; həssas, duyğulu olan bu səs qəlblərə işləyirdi. Məhmət dayananda, Murad da ayaq saxladı. Davudi səs arxa səmtlərdən yenə də yüksəlirdi.

– Bilal Həbəşi kimi.

– Bilal Həbəşi kimdir, qardaş?

– Peyğəmbərimizin müəzzini. Səsi çox gözəlmiş.

Məsciddə Məhmətlə Murad ancaq qapının yanında yer tapdılar. İçəriyə axirət ab-hava hakimdi. Həzin “Quran” səsi başqa aləmdən gəlirdi.

Məscidin saxsıları parlamağa başladı. Bayram namazının vaxtı çatmışdı. Təkbirlə əllər bağlandı. İnsanlar səf olmuşdu; zəngin-kasıb, rəislər, məmurlar cərgələrdə yoxa çıxmışdı. Bəşəriyyətin başını yeyən fərqlənmə, ayırıcılıq burda sona çatmışdı. Mütləq bərabərlik vardı. Əllər açıldı, ürəklərdən qopub gələn “Amin” səsləri məscidin divarlarında əks-səda verərkən ruhları çırpınırdı.

Həyətdə dostlar, tanışlar, küsülülər bayramlaşırdı. Murad ayaqqabılarının dabanına basaraq bir kənara çəkildi. Məhmət qardaşı görünmürdü. Duyğunlanmağa başladı. Bayram səhəri idi, görəsən, anası indi nə edirdi?! Hər bayram səhəri atasının məzarına birlikdə gedərdilər. İndi anası təkdi. Göz yaşları parıldamağa başladı. Bulanıq bir şəkildə izdihamın arasında Məhmət qardaşını gördü. Arxaya çevrildi; cibindən çıxardığı dəsmalla gözlərini sildi, burnunu çəkdi. Təkrar geriyə qayıdanda Məhmət qardaşı gülərək ona doğru gəlirdi. Göz yaşlarını Məhmət görmüşdü, ancaq özünü görməzliyə vurdu. Murad əlini öpmək üçün əyildi.

– Neçə belə bayramlar görək! – deyərək Məhmət gözlərindən öpdü.

Şagirdlər sevinmək, Allahın bayram etdiyi bu günü layiqincə yaşamaq istəyirdilər. Təəssüf ki, sanki həmin gün qürbət həsrəti bayram günlərində duyğularını doldururdu. Analarını, bacılarını xatırlayıb ah çəkənlər, bəzən gizli-gizli gözlərini silənlər də vardı.

Yuxarı sinif şagirdləri də eyni hisləri bölüşürdülər, amma onlar böyük qardaş idilər. Məsuliyyətləri vardı. Qürbət hislərinə baxmayaraq, bayramı keçirtmək məcburiyyətdə idilər. Zaman irəlilədikcə, bir-biri ilə bayramlaşarkən qəlblərindəki qürbətdən xilas olub, fərəhli duyğulara, hislərə qapılırdılar.

Bayram yeməkxanada də hiss olunurdu, yeməklər çeşidlənmişdi, ardına aşura də əlavə olunmuşdu. Yeməkdə Məhmət bir təklif etdi:

– Məhmət Akifin məzarını ziyarət edəkmi?

Masadakılar razılıqlarını bildirdilər. Yemək bitəndə Erol ayağa qalxıb qışqırdı:

218,97 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
230 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают