Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Ömər Xəyyam. GAH», страница 5

Шрифт:

Ömər yenicə oxuduğu barədə düşünür. O yunan necə yazmışdı? Səadət hər yerdə mövcuddur və hər yerdə iki şərtə əməl olunmaqdan asılıdır: birincisi, hər cür fəaliyyətin son məqsədini düzgün müəyyənləşdirməkdən, ikincisi, son məqsədə doğru aparan müvafiq vasitələri axtarıb tapmaqdan. Necə də gözəl deyilmişdir. Dəqiq və yığcam. Həyat qısadır, insan isə dünyada hər şeyi dərk etmək istəyir. Amma, təəssüf ki, onun bir qarış hissəsini belə dərk etməyə vaxt çatmır. Bununla belə gənclik ömrün baharıdır. Qüvvə çoxdur. Elmə maraq sonsuzdur. Elmlərin içində isə bir bütöv, ən ciddi və dəqiq elm vardır. Bu riyaziyyat elmidir. Lakin bu elmdə də nə qədər qaranlıq səhifələr və həll olunmamış problemlər vardır. Deməli, məqsədim bax bu olmalıdır. Bəs hansı vasitələrlə? İdrakımla, sağlamlığım və gəncliyimlə bu məqsədə çatacağam.

 
Bu torpaq ki, onu tapdayır heyvan,
Olmuş bir zamanlar gül üzlü canan,
Eyvanda gördüyün kərpic yaranmış
Vəzir barmağından, sultan başından.
 
 
Xilqətin başlıca mehvəriyik biz,
Dərk etsən, bəsirət cövhəriyik biz.
Cahan dairəsi qızıl bir üzük,
Onun ən dəyərli gövhəriyik biz.
 

II FƏSİL
MAVƏRAÜNNƏHR
(1066 – 1074)

Orta əsr müsəlman coğrafiyaçıları və səyyahları Mavəraünnəhri Amudərya və Sırdərya hövzəsinin islamlaşdırılmış ərazisi hesab edirdilər. Şimalda Mavəraünnəhr türk və monqol köçəriləri məskunlaşmış Türküstanla sərhəd idi. Cənubda və cənub-şərqdə Çeyhun (Amudərya) İran və Mavəraünnəhr arasında daha çox rəsmi sərhəd idi.

Yaradıcı şəxsiyyət həqiqi ardıcıl təfəkkürlə məşğul olarkən, son nəticədə özü üçün özünün məhdudluğunu aşkara çıxarmalıdır. O, faciəli dilemma qarşısında qalır: ya şübhələri başından çıxarıb atmaqla şəxsi etiqad sistemini yaratmağa başlamaq, ya da son nəticədə onun da məhdud olduğunu dərk etməklə daha mürəkkəb və harmonik təfəkkür sisteminin axtarılmasını davam etdirmək lazımdır.

* * *

Hava tezdən sərin idi. Günəş hələ ağımtıl səmada görünmür, onun yandırıcı şüaları hələ şəhəri etinasızcasına bürküyə bürüməmişdi. Amma Səmərqənddə artıq hava işıqlaşmışdı. Bağlarda və üzümlüklərdə müxtəlif quşların civiltisi və qurultusu eşidilir, küçələr adamların getdikcə daha güclü səs-küyü ilə, arabaların cırıltısı, atların kişnəməsi, eşşəklərin və dəvələrin nəriltisi, qoyunların və keçilərin mələşməsi ilə dolur. Bu gün böyük bazar günüdür, mömin müsəlmanlar, şiştəpə papaq qoymuş atəşpərəstlər, araqçınlı yəhudilər şəhərin əsas bazarlarının yerləşdiyi Ras ət-tək tərəfə tələsirdilər.

Amma, görünür cavan oğlan Səmərqənddə olan adi səs-küyü hiss etmirdi. O, ətrafdakılara baxmayaraq tələsmədən yol gedirdi. Orta boydan uca, sifətinin cizgiləri bir qədər uzun, kiçik saqqalı səliqə ilə qırxılmış olan bu adam, görünür, ya acıqlı idi, ya da möhkəm yorulmuşdu. Ömər həqiqətən yorğun idi: o son bir neçə həftəni demək olar qətiyyən yatmamış, son bir neçə ay ərzində məşğul olduğu riyazi tənliklərin həllinə təkrar-təkrar qayıtmışdı. Hələ Səmərqəndə gəlişinə qədər o məşğul olduğu riyazi tədqiqatlar sahəsində gördüyü işlərə möhkəm aludə olmuşdu, indi bütün maneələrin dəf olunduğu, meydana çıxan problemlərin həll olunduğu və riyazi tənliklərin tapılmış sistemlərini yalnız birləşdirmək lazım olduğu bir vaxtda, bütün bunlar nədənsə qəflətən gözlənilmədən dayandı.

Onun həm özünə, indi ona gərəksiz görünən öz işinə, onunla birlikdə Səmərqəndin came məscidinin kitabxanasında işləyən başqa alimlərə, şəhərin baş qazisinə, bütün aləmə acığı tutmuşdu. O öz idrakı ilə başa düşürdü ki, ona sadəcə olaraq yaxşı yatmaq lazımdır və onda acığı da keçib gedəcəkdir. Amma daxilində nə isə onun taqətdən düşməsinə mane olurdu. Ömər artıq onu bezikdirən işi mümkün qədər tez başa vurmaq arzusu ilə təkcə yaşamırdı. O başqa bir şey – bu riyazi tənliklərlə məşğul olduğu vaxt başına gəlmiş olan yeni ideyalar və obrazlar haqqında sakitcə düşünmək istəyirdi.

Budur, artıq neçə həftə, hətta həftə yox, bir neçə aydır ki, o özünü xüsusilə tənha hiss edirdi. O demək olar heç kəslə danışmırdı, onu çağırdıqda isə özünü eşitməzliyə qoyurdu. Yaxud təngəgətirici suallardan və danışıqlardan yaxa qurtarmaq üçün məscidin uzaq bir küncünə çəkilirdi.

Bu tənhalıqda insan özünü sanki əzilmiş, heç nə hesab edir, adama elə gəlir ki, bu qaranlıq həyatda təkcə sənin naməlum və nə üçünsə vird edən vücudun qalmışdır. Amma Xəyyam tənhalığı ilhamlandıran və ona yüksək sevinc bəxş edən başqa şey də bilirdi, ona elə gəlirdi ki, bütünlüklə sən, sənin vücudun və sənin qəlbin keçici, fanilikdən məhrum olmuş yüksək harmoniyanın doğulmasını hiss edən, görən vahid gözdür. Və birdən hiss edirsən ki, bu yüksək, ahəngdar, hələ haqqında söylənməmiş və əbədi bir şeylə sən də bağlısan. Təsadüfi deyil ki, bir qədər sonra, XX əsrdə belə bir nəticəyə gələcəklər ki, insanın yaradıcı potensialı yüksəldikcə, ona tənhalıq, öz tədqiqat işlərinə inam hissinin və fikir cəmləşməsinin olmaması daha çox xas olur.

Bəzən o dua edirdi, müqəddəs kitabdan xüsusilə qəribə ayələri təkrar edərək qəzəblə və xeyli dua oxuyurdu. Amma məhvedici tənhalıq hissi onu tərk etmirdi. Bir neçə dəfə sanki ayıqlıqda öz atasını görmüşdü, atası kirpiklərini qırpmadan və danışmağa cəhd etmədən ona baxırdı. Ömər sentimental deyildi, cavanlığına baxmayaraq, hisslərinə bir o qədər də inanmırdı. Amma iki il bundan əvvəl həyatdan köçmüş atasının zillənmiş və diqqətli baxışını hiss edərək ağlamaq istəyirdi. Onun özünə, atasına, qohumlarına yazığı gəlirdi. Amma nədənsə gözündən yaş axmırdı.

Nişapurlunun yaşını müəyyən etmək istəyənlərin demək olar hamısı səhv edirdi. Çox vaxt ona 26 yaş verirdilər.

«Axı bir neçə gündən sonra mənim yalnız iyirmi yaşım tamam olur», – deyə Ömər gülümsədi. O, çuxura düşmüş gözləri ilə mavi səmaya laqeydcəsinə baxan və arıq, demək, olar, qanı qaçmış dodaqları ilə nəyisə səssiz təkrar eləyən dilənçi qocanın yanında dayandı. 1068-ci ilin may ayının ortaları idi. Qarşıda Mavəraünnəhrin adi isti yayı gəlirdi. Ömər qocanın qabağına yarım dirhəm atıb, tez ondan uzaqlaşdı.

Əgər ondan Səmərqəndin xoşuna gəlib-gəlmədiyini soruşsaydılar, iyirmi yaşlı Ömər Xəyyam təəccüblə sual verənə baxardı. Gənclik həmişə və hər yerdə, heç nəyə baxmadan hər şeylə maraqlanır. Səmərqənd – Mavəraünnəhrin birinci şəhəri, alimlərin sığınacaq yeridir, onun kitabxanalarına, daş və gil lövhələrdə öz əksini tapmış keçmişin böyük və sirli yaddaşına məkər o laqeyd qala bilərmi?

Amma çox vaxt izdiham narahat və sərt xarakterli Öməri əsəbiləşdirirdi. O vaxt şəhərdə yarım milyona qədər hay-küylü və qarışıq əhali yaşayırdı. Səmərqənd qədim dövrlərdən Hindistandan (Bəlxdən), İrandan (Mərvdən) və türklərin hüdudsuz torpaqlarından keçən başlıca ticarət yollarını birləşdirirdi. Ətraf yerlərin qeyri-adi məhsuldarlığı da həmçinin adamların külli miqdarda bir yerə yığılmasına səbəb olurdu.

O vaxt şəhər öz ətrafındakılarla birlikdə 12 fərsəngdən (təxminən 80 kilometr) ibarət ikiqat divarla əhatə olunmuşdu, divarların iki hissədən ibarət 12 darvazası vardı. Hər darvazanın arxasında başqa, həmçinin ikiqat darvaza var idi. Birinci və ikinci darvazaların arasında qapıçıların yaşayış məskəni yerləşirdi.

Səmərqənd şəhər kənarında yerləşən qəsəbələrlə 6000 (1 çərib 1952 kvadratmetrə bərabər tutulur) ərazini əhatə edir. Səmərqəndin tarixi mərkəzi sayılan şəhristanda məscid və hökmdarın istinadgah olan saray yerləşirdi.

Şəhristana dörd darvazadan keçdikdən sonra düşmək olardı: Şərqdə hündür yerdə olan Çin darvazasından çoxlu pillələrlə Zərəfşana tərəf aşağı düşürdülər; qərbdə Növbahar, yaxud Dəmir darvazaları, şimalda – Buxara yaxud Osruşan darvazaları, cənubda isə Kəş yaxud Böyük darvazalar var idi. Şəhristanın qüdrətli divarları hələ Ərəb istilasından əvvəl tikilmişdi. Tikinti çoxlu gil tələb etdiyindən divarın yanında böyük xəndək yaranmışdı. Bu xəndəklə şəhərə su gətirmək üçün əs-Saffarun deyilən yerdə daşdan bənd tikilmişdi. Su şəhristana arxla Kəş darvazasından daxil olurdu. Arx divarın xəndəyi üzərindən keçirdi. Arxın sahillərində yerləşdirilən torpaq sahələrindən əldə olunan gəlir onun saxlanılmasına sərf olunurdu. Səmərqənddə yaşayan atəşpərəstlərin natural mükəlləfiyyətini bəndin təmirində işləmək təşkil edirdi, buna görə də onlar can vergisindən azad edilmişdilər.

Şəhristanın xarici tərəfində Kühək adlı təpə var idi. Şəhər tikintiləri, qabların hazırlanması və digər əşyalar üçün buradan daş və gil götürüb aparırdılar. Çin darvazasından başlanan yol çaya doğru aşağı düşürdü, buradan isə körpü vasitəsilə keçirdilər. Körpünün altından axan çayın dərinliyi 2 kəmala (təxminən 3,7 metrdir) bərabər idi. Dağlarda qar əriyərkən su bəzən körpüdən yuxarıya qalxır və Səmərqəndin əhalisi daşqının qarşısını ala bilmirdi.

Şəhərdə çoxlu bağ var idi: bu bağlar Səmərqəndin fəxri hesab olunurdu. Demək olar hər bir evdə meyvə ağacları və üzümlüklər var idi. Ömər bir dəfə şəhərdə ən hündür bir yerə qalxmışdı. Oradan yaşıllıq dənizi gözü qarşısında canlanmışdı.

Bağçılıq süni becərmə sayəsində inkişaf etmişdi. Şəhərə çəkilmiş su dörd qola, onların də hər biri iki qola bölünmüşdü. Bütün iri arxların sayı səkkiz idi. Səmərqənddə cəmi 680 bənd var idi.

Ömər iqamətgahın yaxınlığında yerləşən came məscidinə tərəf gedirdi. Onun keçdiyi küçələrə, demək olar, başqa küçələrin əksəriyyəti kimi daş döşənmişdi. Səmərqənd bir maraqlı xüsusiyyəti ilə məşhur idi: şəhərdə buzlu suyu havayı verən 2000-ə qədər yer var idi. Su fontanlarda saxlanar, yaxud mis səhənglərdə və gildən hazırlanmış cürdəklərdə verilərdi. Şahidlərdən biri bunu belə təsvir etmişdir; «Mən karvansarada, küçələrin tinində, meydanda və ya divarın yanına yığılmış insan qruplarına Allah naminə paylanan buzlu suyu nadir hallarda görmürdüm; həm kərpic anbarlardan, həm də bürünc çənlərdən 2000 yerdə ianə məqsədilə su paylayırdılar».

Şəhərdə çoxlu sənətkar yaşayırdı, qışda və yayda qızğın ticarət gedirdi. İri ərəb səyyahlarından biri olan Məqdisi Mavəraünnəhrdən gətirilən malları sayaraq yazmışdır: «Səmərqənddən gümüşə tutulmuş parçalar və Səmərqənd parçaları, böyük mis qazanlar, qəşəng küplər, çadırlar, üzəngilər, dəhnələr, qayışlar, türklərə göndərilən zərxara və qırmızı qumaş parçalar, fındıq və qoz aparılırdı. Buxara ətinin və Buxarada «əş-şaq» adı ilə məşhur olan yemiş növünün, xarəzm soğanının, şaş11 qab-qacağının və Səmərqənd kağızının tayı-bərabəri yoxdur».

Səmərqənd kağızı təkcə müsəlman mədəniyyətinə deyil, həm də Avropa mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. Belə hesab olunur ki, ərəb sərkərdəsi Ziyad ibn Sahibin əsir aldığı çinlilər səmərqənd ustalarına kağızın hazırlanmasını öyrətmişlər. Çində aşqarlanmamış əski kağızlar artıq II əsrdə hazırlanırdı. XI əsrin əvvəllərində Səmərqənddə hazırlanan kağız papirus və perqamenti müsəlman ölkələrindən tamamilə sıxışdırmışdı. Səmərqənd həm də burada yerləşən Şərqdə ən böyük qul bazarı ilə tanınırdı.

Yenidən Ömər Xəyyama qayıdaq. Onun adının xatırlandığı? bütün məşhur tarixi mənbələrdə Ömər Xəyyamın nə üçün Səmərqəndə gəlməsi, öz vətəni Xorasanı tərk etməsi barədə izahat belə verilmir. Biz gənc Xəyyamı Mavəraünnəhrə getməyə məcbur edən səbəbləri yalnız güman edə bilərik.

1066-cı ildə onun atası vəfat edir, o Öməri oxutmuş və gözəl təhsil verdirmişdir. Həmin vaxta qədər istedadlı nişapurlunun həyat yolunun, demək olar ki, əsas cəhətləri– həqiqəti dərk edən nəcib yol müəyyən olunmuşdu. Hətta güman etmək olar ki, atasının ölümündən sonra onun maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir, çünki adi şəraitdə o müsəlman dünyasının o vaxt ən böyük elmi mərkəzi olan Nişapurda qalıb işləyə və öz dərslərini davam etdirə bilərdi.

Amma hansı səbəblərə görə isə o Xorasanda qala bilmədi. Bundan başqa, Xəyyam düşmən Səlcuqilər dövlətinə gəlib düşür. 1064-cü ildən etibarən Mavəraünnəhrin qaraxanilər dövlətinə Alp-Arslanın daimi hücumları başlanır. Güman etmək olar ki, Xəyyam təqiblərdən xilas olmaq üçün Nişapurdan qaçmağa məcbur olmuşdur. Bunu o özü də heç gizlətmirdi. Mavəraünnəhrə gəldiyi vaxt yazdığı riyaziyyat əsərinin giriş hissəsində o deyir: «Mən… sübutlara əsaslanaraq bütün bu növləri tədqiq etmək və bu növlər arasında mümkün və qeyri-mümkün hadisələri bir-birindən fərləndirmək üçün daim qızğın səy göstərmişəm, çünki bu növlərdə mən nə qədər çətin misalların olduğunu bilirdim. Amma mən bu işlə müntəzəm məşğul olmaq imkanından məhrum idim, hətta bəxtin dönüklüyündən mənə maneçilik olduğuna görə onun barədə fikrimi cəmləyə bilmirdim. Biz alimlərin məhv olmasının şahidi olmuşuq, indi çox iztirab görmüş bır yığın alim qalmışdır. Bu dövrdə taleyin sərtliyi onların özlərini elmin tam təkmilləşməsinə və dərinləşməsinə həsr etməsinə maneçilik törədir. Hazırda alim görkəmində olan şəxslərin böyük bir «hissəsi həqiqəti yalan kimi qələmə verir, elmdə saxtalaşdırmadan kənara çıxmır və özünü bilikli göstərməyə çalışır. Onlar malik olduqları bilik ehtiyatlarını yalnız alçaq şəhvətlik məqsədləri üçün istifadə edirdilər. Əgər onlar həqiqət axtaran və həqiqət sevən, yalan və ikiüzlülüyü dəf etməyə alışan, lovğalıqdan və yalan danışmaqdan imtina eləyən bir insana rast gələrlərsə, onda həmin adamı özlərinin nifrət və gülüş obyektinə çevirərlər».

Gənc riyaziyyatçının yazdığı bu sətirlərdə aşkar kədər və qəzəb duyulur. Ömər Xəyyam təkcə özünün «elmlə müntəzəm məşğul olmaq imkanından deyil, həm də ona «taleyin dönüklüyünə görə» maneçilik törədildiyi üçün hətta fikrini cəmləşdirə bilmədiyindən danışır. O əsl alimlərin məhv olduğunu, «çox az, bir yığın iztirab çəkən insanın qaldığını» görmüşdü. Nişapurlu «bu dövrdə taleyin sərtliyi» dedikdə nəyi nəzərdə tuturdu? Əgər Xəyyamdan əvvəlki dövrün dramatik mərhələsinə nəzər salmasaq bu şəraiti (bu şərait Ömər Xəyyamın sonrakı həyatında mühüm rol oynayacaqdır) tamamilə aydın təsəvvür etmək çətin ola bilər.

VII əsrin birinci rübündə Məkkədə, Qərbi Ərəbistanın dağları və daşlı-kəsəkli yarımsəhrası arasında salınmış kiçik ticarət şəhərində bir-birinin dalınca hadisələr baş verdi. Bu hadisələr dünya tarixinin gedişinə qətiyyətlə təsir göstərdi, qəflətən və əbədi olaraq nəinki Ərəbistan bütpərəstlərinin, həm də bir çox başqa xalqların taleyini dəyişdirdi, dünyanın ən iri sivilizasiyasını yaratdı.

Burada, Məkkədə, rəvayətdə deyildiyi kimi, yetim, çoban, sonra isə varlı dul qadının ticarət işlərini aparan Abdulla oğlu Məhəmməd12 çığıraraq öz qəbilə üzvlərini meydana toplayır, göydən ona «ilahi vəhy» göndərildiyini elan edir. Onu daşa, söyüşə basır və hədələyir, sonra isə doğma şəhərdən qaçmağa məcbur edirlər. Amma artıq heç nə hadisələri saxlaya bilmir: «vəhydən» islam dini yaranır. «İş» isə dünya üçün xalqların nəhəng hərəkatına, yüz illərlə saysız-hesabsız vuruşmalara, İranda, böyük Sasanilər imperiyasının və İspaniyada Vestqot krallığının süqutuna, Bizans imperiyasının ağır məğlubiyyətinə, İranın, Suriyanın, Misirin, Şimali Afrikanın ərəblər tərəfindən istila edilməsinə gətirib çıxartdı.

VII əsr böyük fəlakətlər və dəyişikliklər dövrü oldu. Bir çox xalqların mədəniyyətinin inkişafını müəyyənləşdirən, həm Avropa, həm də bütün ümumdünya sivilizasiyasının formalaşmasına böyük töhfə vermiş olan ərəb-müsəlman sivilizasiyasının yaradılması həmin dəyişikliklərin nəticəsi idi.

630-cu ildə Məhəmmədin başçılığı altında Ərəbistanın siyasi cəhətdən birləşdirilməsi başa çatdı. Eyni zamanda (imam) və siyasi (əmir) başçı hesab olunan «müavinlər» (xəlifələr) onun varisləri oldular. İlk dörd xəlifə (mömin xəlifələr)– Əbubəkr (632-634-cü illərdə idarə etmişdir), Ömər (634 – 644-cü illər) Osman (644 – 656-cı illər) və Əli (656 – 661-ci illər) Məhəmmədin qohum və yaxın silahdaşları sırasına mənsub idilər.

Xilafət dövrünün mövcud halda ən əvvəl əhəmiyyəti ondadır ki, məhz o zaman orta əsrlərin gözəl müsəlman mədəniyyəti yaranmışdır. Nəticəsinə görə onun mürəkkəb, ziddiyyətli və zəngin olan tarixi tükənməyən və kəskin dini mübahisələrin gedişində yaranmış dünyanı dərketmənin, dünyabaxışının əsas formalarının, təfəkkürün əsas tiplərinin inkişafı ilə sıx bağlı olub bir-birinə qarışmışdır. Bunun da nəticəsində o dövrün fəlsəfi dini sistemi formalaşmış, cilalanmış və dağılmış, zəngin intellektual mühit yaranmışdır.

Əsl fikir nəhəngləri təkcə öz dövrünün deyil, həm də keçmişin məhsuludur. Amma onların yaradıcılığı hökmən gələcəyə də gəlib çatır. İnsan meydana gəldiyi və yaşadığı cəmiyyətdə hətta mürəkkəb sosial-iqtisadi, siyasi, ideoloji əlaqələri kor-koranə yaratmır. Yaradıcı şəxs elə ona görə yaradıcı insan sayılır ki, onlar bizim planetdə gah burada, gah da orada meydana çıxan tarixə nəinki cəlb olunurlar, həm də ondakı intellektual sıçrayışların dərinliyini və genişliyini müəyyən edirlər.

Yaradıcı şəxsiyyət – bu, bəlkə də tarixin hər mərhələsinin daha mürəkkəb ziddiyyətidir. Axı həqiqi yaradıcılığın əsl stimulu – bu, tarixin mövcud anında yaşayan təfəkkürün bütün tiplərinin qeyri-mükəmməl olmasını dərindən şəxsən dərketməkdir.

 
Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fağanə gəldim.
Mənsiz də dünyanın işi keçərmiş,
Əcaba, nə üçün Cahana gəldim?
 

Böyük Ömər ibn İbrahimin həyatı intellektual mühiti müəyyən edən fəlsəfi-dini doktrinaların və cərəyanların yaranması və mübarizəsi kontekstində nəzərdən keçirilməsə, Xəyyam kimi belə mürəkkəb və nadir şəxsiyyəti tam mənada çətin qiymətləndirmək mümkündür. İnsanın gizli fikrini açmaq üçün sxolastika geyimləri çox vaxt həddən artıq sıx olurdu; dünya dərk olunandırmı; əgər dərk olunursa, onda necə dərk olunur; insan idrakının hüdudu vardırmı; bu hüdudun arxasında nə durur; insan həqiqət naminə etdiyi öz əməllərində, hərəkətlərində azaddırmı; əgər azad deyildirsə, onda bunun səbəbi nədir və s.

 
Cəhənnəmdən qorxan, cənnət axtaran,
Əl çəkməz məsciddən, gəlisalardan
Allahın sirrindən olan xəbərdar
Qəlbində bu toxmu əkməz heç zaman.
 

Lakin yenidən VII əsrin birinci yarısına qayıdaq. Alim Y. E. Bertels bu dövrü xarakterizə edərək yazmışdır: «İstər Məhəmmədin hakimiyyəti illərində, istərsə də onun ilk iki «müavini» Əbubəkrin və Ömərin hakimlik etdiyi illərdə Məkkə və Mədinənin ərəb cəmiyyəti özlüyündə dini icmanı təmsil edirdi, sözün tam mənasında bu icmada mahiyyət etibarilə kübar hakimiyyəti yox idi, burada qanunvericilik və inzibati sərəncam bilavasitə Allahın hökmü kimi qəbul edilirdi. Ehtimal etmək olar ki, Əbubəkrin və Ömərin həyat tərzi icmanın hər hansı bir üzvünün, o cümlədən, hətta maddi cəhətdən az təmin olunmuş üzvün həyat tərzindən belə həqiqətən az fərqlənirdi.

Lakin artıq üçüncü xəlifənin– Osmanın vaxtında hər şey dəyişməyə başladı. Onun vaxtında başlanmış çaxnaşma axırda özünün məhvinə gətirib çıxardı. Öz sələflərinin qoyduğu qaydaları açıq-aşkar pozması buna səbəb olmuşdu. Müsəlman icması qəzəblənmişdi, o bir neçə ev almış, sürülərini artırmış, torpaq sahələrini ələ keçirmiş və həmçinin xəlifənin bütün qohumlarının varlanmasına kömək etmişdi.

Osmanın öldürülməsi kəskin və şiddətli siyasi-dini mübarizənin başlanmasına səbəb oldu, bu mübarizə xəlifə Əlinin bütün qısa hakimiyyəti dövründə davam etdi, Əməvilər nəslinin nümayəndəsi Müaviyə ibn Əbu Süfyan daxili müharibələrdən məharətlə istifadə edərək 661-ci ilin payızında hakimiyyəti ələ aldı.

Əməvilər zəbt etdikləri mövqeləri möhkəmləndirmək üçün xəlifənin taxt-tacına yiyələnmək iddiasında olanların, ilk növbədə Əlinin varislərini aradan götürməkdə bütün vasitələrdən istifadə edirlər. Artıq onları heç bir ənənə saxlaya bilmir, hətta Müaviyənin vaxtında müqəddəs Məkkə şiddətli toqquşmalar meydanına çevrilir.

Lakin Əməvilər özlərinin xüsusi ardıcıllarını çoxlu gözəl bəxşişlərlə ələ almağa çalışırdılar, buna görə də xəzinənin fasiləsiz olaraq doldurulması tələb olunurdu. Hərbi qənimət bölüşdürülərkən, peyğəmbərin vaxtında olduğu kimi, bu işdə bütün icmanın iştirak etməsi barədə artıq söhbət belə ola bilməzdi. Sürətlə əmlak differensiyası başlanır.

Əməvilər dövləti möhkəmləndikcə, müvafiq dini-ideoloji əsasların Məhəmmədin vaxtında yaranmış ənənələrdən uzaqlaşması tələbatı da güclənirdi. Quran bütöv məlumatları özündə yazılı əks etdirməsinə baxmayaraq, müxtəlif həyati vəziyyətlərdə meydana çıxan hər bir suala heç də cavab verə bilmirdi. Müqəddəs kitaba əlavələr edilməsinə tələbat artırdı. Eyni hadisə barədə peyğəmbərin nə deməsi və o vaxt onun hərəkətinin necə olması haqda Məhəmmədin ən yaxın tərəfdarlarının xatirələri belə əlavələrin təbii mənbəyi idi.

Lakin Osmanın ölümündən sonra qəsbkarlıq müharibələri və başlıca olaraq daxili mübarizə Məhəmməd haqqında belə xatirələri saxlamış olan bir sıra adamların xeyli sürətlə azalmasına gətirib çıxardı. Beləliklə, bu rəvayətlərin (hədis) toplanması və yazılması ən mühüm hüquqi, əxlaqi, ideoloji vəzifələrdən biri hesab olunurdu. «Mühəddislər» (hədisləri toplayan və izah edənlər) peşəsi yaradılır, onlar hədis toplamaq üçün xilafətin getdikcə genişlənən ən uzaq guşələrinə gedirdilər.

Ən məşhur və nüfuzlu ilahiyyatçılar hansı hədisin düzgün, hansı hədisin isə qeyri-düzgün olmasını deməkdə çətinlik çəkirdilər. Bəziləri yalnız on yeddi, başqaları isə üç yüz həqiqi hədis olmasını hesab edirdilər. Məşhur Əs-Səhih hədislər külliyyatının tərtibçisi tanınmış Əbu Abdulla əl-Buxari hədisin miqdarını doqquz min iki yüzə çatdırmışdır, imam Əhməd ibn Hənbal isə əlli min hədisin olmasını hesab edirdi.

Birinci mühəddislər ən müxtəlif sosial təbəqələrdə böyük nüfuza malik idilər. Lakin müsəlman icmalarının sıravi üzvləri arasında əməvilərin hərəkəti narazılıq doğuraraq bir sıra üsyanlara səbəb oldu, bu vaxt sadə adamlar inanmağa başlayırdılar ki, mühəddislər icmanın hüquqlarını nəinki müdafiə etmir, həm də çox vaxt açıq-aşkar hakimiyyət tərəfinə keçirdilər. Vəziyyət dəyişirdi.

Narazı şəxslərin arasından qanunauyğun olaraq yeni tipli mühəddislər meydana çıxdılar. Bu adamlar aşağıdakı son dərəcə ağıllı və praktik meyar irəli sürdülər: mühəddisə yalnız o halda etimad (deməli, onun məlumatına da həmçinin) etmək mümkündür ki, o nəinki hədisləri danışır, həm də həqiqi müsəlman üçün qadağan olunan hər şeydən qaçaraq tərki-dünya həyatı keçirməklə onlara riayət edir. Heç də təsadüfi deyildir ki, bu ikinci tipli mühəddislər arasında tərki-dünyalıq cərəyanı inkişaf etməyə başlayır. Belə adamlara adətən zahid (münzəvi, tərki-dünya) deyirdilər.

Əvvəllər zahidlərin hərəkatının əsasında heç bir mürəkkəb nəzəriyyə durmurdu. Dinin, məlum xüsusiyyətlərdə dini praktikanın emosional qavrayışının yüksək intensivliyi onları geniş dindarlar dairəsindən fərqləndirirdi. Məsələn, Quranın «xatırlayın məni ki, mən də sizi xatırlayım» ayəsindən (şeirdən) çıxış edərək, onlar bütün asudə vaxtlarında müqəddəs «Allah» sözünü təkrar etməyə can atırdılar.

Nəyə «icazə verilməsi» və nəyinsə «qadağan olunması» mövzusunda uzun və mürəkkəb mübahisə aparılırdı. Belə bir fikirdən çıxış edirdilər ki, hakimiyyət daşıyıcılarından və ya onların əhatəsində olan şəxslərdən alınmış hər cür ianə danışıqsız olaraq «qadağan» hesab olunmalıdır, çünki hökmdarların sərvəti halal zəhmətlə qazanılmamış, zorakılıq yolu ilə əldə edilmişdir. Xəlifədən və ya onun əhatəsində olan şəxslərdən hər hansı bir bəxşişi almaqdan bu mömin ərlərin tamamilə imtina etməsinə dair hekayətlər bütün zahidlərin tərcümeyi-halında çoxdur. Hətta onlardan biri qonşunun – xəlifənin ordusundan olan döyüşçünün damına uçub qonduğuna və orada dən dimdiklədiyinə görə öz şəxsi toyuğunu natəmiz hesab edirdi. Hökmdarlara nəsihət verməyi onlar öz borcları hesab edir, amma onlardan bir tikə çörək almağı belə arzulamırdılar.

Şübhəsiz ki, islamda tərki-dünyalıq cərəyanı Ömər Xəyyamın dünyaya münasibətinin formalaşmasına öz təsirini göstərmişdir. Bu, sonralar onun fəlsəfi əsərlərində öz əksini tapacaqdır.

Erkən dövrlərdə yaşayan zahidlərin tərcümeyi-halında maraqlı xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu adamların əksəriyyəti özü üçün çörək qazanmağın yalnız iki üsulundan birini yerinə yetirirdilər: onlar ya çöldən tikan yığır, onu bazarda satır, ya da su daşıyırdılar. Əsas fikir tamamilə aydın idi. Həm tikan, həm də su (ictimai yerlərdən və çaylardan) heç kəsin deyildir, qiymətləri yoxdur. Onlar yalnız uzaq yerlərdən gətirildiyinə, istifadə üçün yararlı olduğuna görə qiymət kəsb edirlər. Deməli, onlar üçün haqq alan şəxs satdığı mala görə deyil, yalnız onun gətirilməsinə görə pul alır. Başqa sözlə desək, zahid burada ancaq öz şəxsi fiziki əməyini satır.

 
Zahid, tənə vurma bizə sən müdam,
Deyilik dünyada sənin kimi xam.
Sənin istədiyin namaz, təsbehdir,
Mənim sevdiyimdir canan, bir də cam.
 

O vaxt zahidlərin tərki-dünyalığı ortodoksal teoloqlar tərəfindən tez-tez güclü müqavimətlə və düşmənçiliklə qarşılanırdı. Axı, islamın ilk illərində, xüsusən Əməvilərin hakimiyyəti dövründə tərki-dünyalığa qarşı əhvali-ruhiyyə hakim idi. «Din uğrunda müharibələr» həddən çox sərvət gətirdi. Geniş istilalar və külli miqdarda hərbi qənimətlərin ələ keçirilməsi qanuni olaraq özlüyündə zənginləşmə etikası növünün yaranmasına gətirib çıxarmalı idi, «qanuni» və Quran tərəfindən təqdis olunmuş ümidlə «din uğrunda müharibədə» iştiraka görə bir mükafat kimi nəzərdə tutulan hərbi qənimətlərdən varlanmaq həmçinin tərki-dünyalıq əhvali-ruhiyyəsini müdafiə edirdi. Buna cavab olaraq zahidlər bildirdilər ki, Allaha «dünyəvi tamah naminə» deyil, «gələcək həyat naminə» cahadda iştirak edənlər lazımdır.

Zahidlər hərəkatı təkcə ictimai cərəyan deyildi. Tədricən müvafiq nəzəri zəmin yaranmağa başlayırdı. Bu zəmin boş yerdə deyil, xilafətdə müxtəlif fəlsəfi-dini cərəyanların kəskin surətdə fəallaşması şəraitində yaranırdı. Biz onlardan Ömər Xəyyamın həyatına və yaradıcılığına hiss ediləcək dərəcədə, həm də mürəkkəb təsir göstərən yalnız bəzilərini nəzərdən keçirəcəyik.

 
Onlar ki, oldular ağıl dəryası,
Saçdılar ellərə irfan ziyası
Qaranlıq gecədən baş çıxarmadan
Bir əfsanə dedi: çatdı röyası.
 

Bu dövrdə mötəzililər intellektual tarixdə xüsusi rol oynamışlar. Vasil ibn-Əta onların təlimlərinin banisi hesab olunur. Vasil özü və onun bütün yaxın varisləri yuxarıda deyilən tərki-dünyalıq təriqətinin nümayəndələri idilər. Onlar müxalifətçiləri təmsil edirdilər, amma bu müxalifətçilər azlıq təşkil edərək fasiləsiz olaraq məğlubiyyətə uğrayırdılar.

Mötəzililər islamda ilk dəfə olaraq səmərəli arqumentlərin köməyilə dini və dünyəvi problemlərin izah edilməsi və əsaslandırılması metodunu geniş tətbiq etməyə başladılar. Söhbət yunan məntiqi və fəlsəfəsi, habelə fəlsəfə terminologiyası metodlarından geniş istifadə edilməsindən gedir. Mötəzililər hətta atomlar barədə təlimi qəbul etmiş, məkan və zamanın atomların birləşməsindən ibarət olduğunu bildirmişlər.

Onlar Allahın insanabənzər görkəmdə təsəvvür edilməsinə qarşı inadla çıxırdılar. Mötəzililər qeyd edirdilər ki, Allaha insani xüsusiyyətlər vermək, onun insan görkəmində taxt-tacda əyləşməsini təsəvvürə gətirmək qədər sadəlövhlükdür. Allah – insan düşüncəsində saf və müəyyənedilməz tamlıqdır, öz yaratdıqlarına (insanlara) bənzəmir və onlar tərəfindən dərkolunmazdır. Allahın tamlığı, diniliyi, qeyri-müəyyənliyi və dərkolunmazlığı – allah haqqında təlimin mahiyyəti bax bundan ibarətdir. Buna görə də onlar allahın intuisiya yolu ilə, ürəklə dərk olunması və insanın allahla bilavasitə ünsiyyətinin mümkünlüyü haqqında təlimi rədd edirdilər.

Yalnız Qadir Allah əbədidir və heç kim tərəfindən yaradılmamışdır, buradan belə nəticə çıxır ki, Quran əbədi deyildir, vahid allah tərəfindən yaradılmışdır. Bir halda ki, Quran Allahın böyük yaratdıqlarından yalnız biridir, onun hər bir yerini hərfi mənada və düşüncəsiz qəbul etmək olmaz və lazım da deyildir. Quran – müqəddəs kitabdır, lakin mötəzililər deyirdilər ki, o allah tərəfindən yaradıldığı üçün bu müqəddəslik Quranın hər ifadəsinə, hər hərfinə deyil, Quranın yalnız ruhuna, ümumi məzmununa, onun prinsiplərinə və ideyalarına aiddir. Buna görə də Quranın ayrı-ayrı yerlərini alleqorikcəsinə izah etmək, «Allahın kitabının» daxili məzmununu açmağa çalışmaq zəruri hesab olunurdu.

Mötəzililər allahın ədalətli olması haqqında ümumislam təlimindən iradə azadlığı təlimini çıxarmış və alın yazısını inkar etmişlər.

Allah ədalətli olduğu üçün, o son nəticədə yalnız ədalətli, ağıllı və məqsədyönlü olanı yaradır, buna görə də o şərin və ədalətsizliyin mənbəyi, insanlar tərəfindən edilən pis işlərin və ağılsız hərəkətlərin yaradıcısı ola bilməz. Şərin mənbəyi Allah deyil, allah tərəfindən yaradıcılarına verilmiş azad iradədir. İnsanlar allahın onlara verdiyi azad iradədən istifadə edərək özlərinin xeyir və şər əməllərini yerinə yetirirlər. Odur ki, mötəzililər deyirdilər ki, cənnət və cəhənnəm insan həyatının işlərinə görə ədalətli əvəzdir.

Nəhayət, mötəzililər belə hesab edirdilər ki, imam-xəlifənin təkcə dil və əl ilə deyil, həm də qılıncla etiqadı təsdiq etdirmək hüququ vardır və hətta buna borcludur, başqa sözlə desək, o təkcə yaymaq və yazmaqla deyil, həm də bütün kafirləri təqib etməklə etiqadı təsdiq eləməyə borcludur. Mötəzililər özlərinin rasionalizmində heç də dini azadfikirliliyin azadlıq tərəfdarları deyildilər və təcrübədə başqa cür düşünənlər və başqa dinə inananlar üçün iradə azadlığını inkar edirdilər.

Antik elmin tətbiqi üçün hamıdan çox iş görmüş olan abbasilərin yeddinci xəlifəsi əl-Məmunun vaxtında mötəzililik xilafətdə dövlət ideologiyası oldu. Məmun bütün müsəlmanlar üçün vahid, icbari etiqad müəyyən etməyə çalışdı. Bu, çox zəruri idi, çünki xəlifənin siyasi düşmənləri dini şüarlar altında çıxış edirdilər.

Məmunun hərəkəti islamda xeyli yeniliyə səbəb oldu. İslam özünün yarandığı ilk iki ay ərzində müxtəlif fikirlərin, məktəblərin, qanun təriqətlərinin plüralist məcmusunu təmsil edirdi.

Bu zaman islamda ortodoksal islamdan ayrılmış – şiələrə oxşar nəinki «kafirlər» – «sünnə və icma adamları» meydana çıxır. Hətta bu sonuncular arasında müxtəlif məzhəblər (yəni dini məktəblər) o vaxt bir-birilə mübahisələr edir və düşmənçilik saxlayırdılar. Bu günədək islamda dörd əsas mömin məzhəbi olmuşdur: hənəfilər, malikilər, şəfailər və hənbəlilər. Onlar başlıca olaraq hüquq və mərasimkeçirmə məsələlərində fikircə ayrılırdılar. Onların hamısının eyni bir mömin sünni icmasına mənsub olmasına baxmayaraq bununla belə tarix bu məzhəblər arasında gedən qatı, kəskin və qanlı toqquşmalarla doludur. Xəyyamın taleyinə üç belə təriqət: hənəfilər, şəfailər və hənbəlilər bilavasitə yaxud dolayı yolla xüsusi təsir göstərmişdir.

Xristianlıqda olan dini məsələlər üzrə hamı üçün məcburi qaydaları qəbul edə bilən məclisin islamda olmaması o vaxt hansı fikrin dini, hansı fikrin isə küfrliliyini müəyyənləşdirməkdə çətinlik törədirdi.

Xəlifə Məmun rəqabət aparan təriqətlərdən mötəzililər təlimini seçmişdi, çünki bu, ən çox işlənib hazırlanmış məntiqi dini sistem idi, bundan əlavə, bu doktrina daha zərif idi və fəlsəfi fikir ruhuna müvafiq olaraq müsəlman dünyasında yayılmağa başlamışdı.

11.Şaş-Orta Asiyada Sır-dərya çayının sağ sahilində vilayət olmuşdur. III əsrdən başlayaraq qədim əkinçilik mədəniyyətinə malik rayon kimi adı məxəzlərdə çəkilir.
12.Müxtəlif tədqiqatlarda islamın əssını qoyanın adı bir çox transkripsiya variantlarında işlənilir: Məhəmməd, Maqommet və s. Burada istifadə olunan transkripsiya adın ərəbcə səslənməsinə daha yaxındır.

Бесплатный фрагмент закончился.

213 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
1 стр. 2 иллюстрации
ISBN:
978-9952-8450-6-0
Правообладатель:
JekaPrint

С этой книгой читают