Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Ömər Xəyyam. GAH», страница 2

Шрифт:

I FƏSİL
HƏQİQƏT HA=QQINDA QƏRİBƏ ARZU
1048 – 1066

 
Bu ucsuz-bucaqsız göyün altında
Şən keçin, dövranda az deyil cəfa.
Sənə növbə çatdı, heç ah eyləmə
Hamı gedəcəkdir, çünki torpağa.
 
 
Gəlişimdən fayda görmədi həyat,
Getsəm də dəyişməz qoca kainat.
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyhat.
 

Yaradıcı şəxsiyyətlərdə özlərinin daxili dünyalarına diqqət çox zaman erkən vaxtlardan başlayaraq oyanır. Valideynlər onları ya həvəsləndirir yaxud hər halda onlarda qeyri-adi qabiliyyətlərin və bacarıqların yaranmasına mane olmurlar. Uşaq vaxtı bu adamlara yaşıdlarına nisbətən böyük müstəqillik verilirdi. Valideynləri ilə onların nə çox sıx, nə də həddən artıq soyuq münasibəti var idi.

* * *

Çadırçı İbrahimin arvadı Fatimə dördüncü gün idi ki, doğuşqabağı ağrı çəkirdi. Bütün bu müddət ərzində usta İbrahim gözlərini yummadan evin ətrafında gəzişirdi. Onun qurumuş dodaqları biixtiyar olaraq «Allah birdir, Məhəmməd isə onun rəsuludur» sözlərini təkrar edirdi. Sifətinin kəskin cizgiləri, çuxura düşmüş gözləri – bütün hər şey ustanın uzun müddət yeməyə əl vurmadığını göstərirdi. İndi yemək vaxtı deyildi.

Onun Fatiməsi üçüncü dəfə doğurdu. İbrahimin yarı canı onun yanında idi. Yazıq qadın, doğrudanmı onun bətni Allah tərəfindən lənətlənmişdir. Yox, inanmaq olmur.

İbrahimin hər şeyi – nadir olduğu qədər də gəlirli sənəti, xoşbəxt Nişapur şəhərində hörməti, köhnə, gildən qayrılmış evi var idi, doğrudur, İbrahim birinci uşaq doğulduqdan sonra yenidən ev tikəcəyinə and içmişdi. Hər bir firavan yaşayan insan kimi onun da emalatxanası, hətta paxıllığını çəkənlər və düşmənləri var idi. Allah-taala bir cəhətə görə onu məğmun etmişdi: Nişapurda hörməti olan usta hələ atalıq sevincini dadmamışdı. Artıq onun yaşı qırxı keçmişdi. Bundan əvvəlki iki uşağı anadan ölü doğulmuşdu.

İbrahim arvadına heç nə deməmişdi, ancaq burnunun üst hissəsindəki qırışlar getdikcə dərinləşirdi. İldən-ilə ərinin artmaqda olan dərdini hiss edən Fatimə də (yaşına görə xeyli cavan idi) arıqlamış və vaxtından qabaq qocalmışdı. Üçüncü dəfə onun bətninə uşaq düşdükdə, o gecələr çox vaxt göz yaşı içində oyanır, qorxu içində uşağın ürəyinin vurub-vurmamasına qulaq asırdı.

İndi doğuşun dördüncü günü idi…

İbrahimin evindən və emalatxanasından başqa içindən arx axan bağ-bağçalı böyük bir həyəti də vardı. Sənətkarlarda, hətta dövlətlilərdə belə bu cür həyət-bacaya həmişə rast gəlmək olmur. Daş təpələrinin ətəyində salınmış Nişapur şəhərində məhsuldar torpaqlar çox deyildi. Belə torpaqlar əsasən varlı və adlı-sanlı adamlara verilirdi. Onlar bu torpaqlarda çox bahalı evlər tikir, xallı marallar və tovuz quşları gəzən, sərin havası olan bağlar salırdılar. Kasıblara isə dağətəyi sahələrdən istifadə etmək qalırdı.

İbrahim, öz dörd oğlu ilə düz bir il dağın döşündəki sahəni daşlardan təmizləyən, qayanı parçalayan, ora torpaq daşıyan bir qoca tanıyır. Nişapurun ətrafında belə süni əkin yerləri az deyil. Dağdan axıb gələn su hələlik hamıya çatır. Buna görə də ətrafda kəndlər çox, Xorasanın başqa yerlərinə nisbətən yaşıllıq sıx idi.

İbrahim çox da varlı deyildi ki, tacirlərlə bəhsləşə bilsin. Ancaq buna baxmayaraq o düzənlikdə, sözün əsl mənasında torpaqda yaşayırdı. Bu işdə ən əvvəl onun əcdadları «günahkardırlar».

Onun üçün həsəd ediləsi bir peşəni irs qoyub getmişdilər. Çadır hamıya gərəkdir. Ömürlərinin böyük bir hissəsini qışın soyuğunda və yayın qızğın çağında bazarda keçirən tacirlərə xüsusilə lazımdır. O, Nişapurda rabade1 adlı yerdə yaşayır, bura hələ lap qədimdən Böyük dördkünc meydan adlanır.

İbrahim yaşadığı yerə görə böyük qürur hissi keçirirdi. İş bundadır ki, bazarın abadlaşdırılmasına nə az, nə çox, yüz min dinar xərcləmiş şəhər idarəsinin rəisi Əbu Əli əl-Həsən ibn Məhəmməd ibn əl Abbas Mikalinin sifarişinə əsasən onun hazırladığı çarsu bütün meydanın üstünə çəkilmişdi. Belə sərfəli sifarişi yerinə yetirdikdən sonra, İbrahim həyət ala bilmişdi.

Başqa bir vaxtda o bu zaman gərgin əməkdən sonra məmnuniyyətlə bir-iki saat oğurlayardı ki, qayışını çəkib qaş qaralandan quşların səsinə həzz alaraq qulaq assın, əncir və qoz ağaclarının, xurma kollarının ciyərləri dolduran tündkəskin ətrindən nəşələnsin. Hər halda İbrahimin qəlbində yəqin ki, əkinçi olan uzaq əcdadı yaşayırdı. Əgər o kasıbların çörəyi olan arpa yaxud kətan və buğda əkirdisə, usta xurmaya, qoza, üzümə üstünlük verirdi.

Əcdadlar… Bu söz atası, Samanilər dövründə yaşamış babaları barədə xatirələri oyatdı. İbrahim ana babasını, onun öz həyatı haqqında danışdığı hekayətləri yaxşı yadında saxlamışdı. Onun babası Samanilər sülaləsi dövlətinin çiçəkləndiyi və varlı olduğu vaxtı görmüşdü. Nişapur bazarlarında kimlərə rast gəlmək mümkün deyildi. Babasının hekayətləri o qədər rəngarəng idi ki, onlar uşaq beyninə əbədi həkk olunmuşdu.

Budur, dolu bədənli bizantlılar zərxaradan tikilmiş paltarlarda öz malları ilə gəlmişlər. Varlı bir müştəri onlara yaxınlaşıb mücrüləri açmağı xahiş edir. Mücrülərin qapağı bir göz qırpımında açılır, varlı müştəri heyrətini gizlədə bilməyərək, qeyri-iradi geri çəkilir. O, gözlərini qıyır. Gözləri rənglərin qarışığından qamaşır. Zərif işlənmiş vəsfəgəlməz gözəllikdə olan zərgərlik məmulatları qarşısına səpələnir. Burada üzərinə zümrüd düzülmüş qızıl qolbaqlar, mirvari boyunbağılar, oyuq-oyuq, bölünmüş minalı qaş-daşlar var idi. Uzaq şimal ölkəsindən solğun bənizli ruslar da bura gəlmişdilər. Onlar çəlləklərdə kəhrəba rəngli bal, xovlu dərilər gətirmişdilər.

Ticarət qızğın gedirdi. Kiprdən gəlmiş yaşlı kişi və onun yanında durmuş cavan həmkarı iri torpaq sahibkarlarına, dehqana fil sümüyündən hazırlanmış mücrünü satırdı. Mücrü onun çox xoşuna gəlirdi, yanında o qədər pulu var idi ki, o sahibi qarışıq bütün çadırı belə ala bilərdi. Ancaq bazarın qanunları başqadır, buna görə də o hamını cəlb edir. Bütün maraq da ondadır ki burada qiyməti aşağı salmaq olar. O, nifrətedici tərzdə gülümsünərək mücrüsünü bir qədər dala qoyur. Alver başlanır. Hər üçü əl-qol atır, farsca, yunanca çığırır. Tezliklə qarşılıqlı razılıq əsasında sövdələşirlər.

Amma adi sənətkar olan İbrahimin babasının ailəsi heç də yaxşı yaşamırdı. Hökmdarın və onun əhatəsində olanların acgözlüyünün hədd-hüdudu yox idi. Müxtəlif vergilər şəklində xalqdan toplanmış yeni-yeni gəlirlər xəzinəyə axırdı. Həqiqət haradadır? Nə üçün biri kasıb, başqası varlı olur?

Qərmətilər hərəkatının əsasını qoyanlar öyrədirlər ki, yeddinci peyğəmbərin – Mehdinin zühur etməsini gözləyin, o yer üzərində ədaləti bərpa edəcək, hələlik isə icmalara torpaq, bütün sahələrdə hamıya bərabərlik veriləcək. Qərmətilərin bu şüarı bu təriqətin bayrağı altına bir çoxlarını, o cümlədən İbrahimin babasını da cəlb etdi. Əmir Nuh onları qəddarcasına cəzalandırdı, amma onun babası edamdan qaça bildi.

Lakin Samanilər dövrü başa çatmaq üzrə idi. Vaxtilə qüdrətli bir dövlət içi boş müqəvvaya çevrilərək, özünün son günlərini yaşayırdı, türklərin zərbələri altında məhv olurdu. Ah, təşəxxüslü Samanilər bilsəydilər ki, onların döyüşçü qulu, qulamı gələcəkdə hansı rol oynayacaqdır, onlar bu döyüşçünü necə də nifrətlə Alp Təkin adlandırardılar. Merkuri2 tacirlərinin himayədarlığı altında yaşamağa öyrənən, öz saraylarının cah-cəlalı, naz-neməti və kölgəli bağlarında çimən Samanilərin sonuncu nümayəndələri hərbi işi muzdla tutulmuş adamlara tapşırmışdılar. Onlar isə silah gücünə tez bir vaxtda özlərinə sərvət yığaraq, artıq öz növbəsində, zəifləmiş sülalənin hakimlərinə qarşı yuxarıdan aşağı baxmağa başlayırdılar.

Yalnız nifrət və kin getdikcə daha açıq biruzə verdikdə Samanilər gec də olmuş olsa ayıldılar. Türk qvardiyasının sərkərdəsi Alp Təkin buludların sıxlaşmasını hiss edərək, hindukundan keçərək sədaqətli dostları və silahdaşları ilə Qəznəyə qaçdı. O və sonralar onu əvəz edən Sebuktəkin orada məskən saldılar. Zəifləmiş Samanilər dövlətinin tədriclə zəifləməsi onları müharibə aparmağa sövq etdi. Müharibə ilə öz torpaqlarını başqa ərazilərin hesabına genişləndirirdilər.

Onların vaxtı çatdı. Sebuktəkini əvəz edən oğlu Mahmud qaraxanilərin hücumundan istifadə edərək, vaxtilə qüdrətli Samanilər səltənətinin torpaqları ilə birlikdə Xorasanı da tutdu.

İbrahim atasının gülməsini xəyalında təsəvvür edirdi. O, öz həyatından qeyri-adi əhvalatlar danışanda daima beləcə gülərdi. Amma o Mahmud Qəznəvinin Hindistan və Xarəzm üzərinə etdiyi on yeddi yürüşdən birində oğlunun iştirak etmək arzusunu mənasız hesab elədi. Buna təkcə o deyil, bütün ətrafdakılar da gülürdü. Bir bax ha! Nəsillikcə usta olan şəxslərin oğlu iynəni qılıncla əvəz etməyi düşünüb! Bunu hələ bilmək olmaz… Bəlkə də, gülənlərdən kimsə İbrahimlə öz qəlbində razı idi.

Narahat zəmanədir. Vergilər ikiqat ağır olub. Adi vergilərlə bərabər, fövqəladə vergilər də, məsələn, bütpərəstlərə qarşı cahad müharibəsində iştirak edəcək atların qoşqu ləvazimatına görə də vergilər tutulurdu. Bu o demək idi ki, Mahmud yenidən Hindistanı talan etməyə hazırlaşır və ona pul lazımdır. Adamlar arasında belə bir söhbət gəzirdi ki, keçən dəfə, Sultan qələbə ilə qayıdarkən böyük qənimət – 20 milyon dirhəm pul və cəvahirat, 57 min qul, 350 fil gətirmişdi. Ordunu saxlamaq üçün böyük vəsait lazım idi.

Qaçaqlar yolları kəsmişdilər. Ticarət də zəifləmişdi. Belə bir vəziyyətdə insan yolundan necə çıxmayıb islamın yaşıl bayrağı altında durmayaydı? Özü də bu xeyli fayda verirdi. Kimə fayda verirdi? İbrahim bu suala altı aydan sonra cavab verə biləcəkdi.

Çadırçı müəyyən şeyləri sataraq sürətlə qaçan bir at aldı. Amma İbrahim öz xeyrini bilən adam idi, o öz işlərini tamamilə yerindən tərpətməmək qərarına gəldi. Evini və emalatxanasını baxmaq üçün atasına tapşırdı. Arvadını anasına həvalə etdi. Allahın adı ilə yola düşdü.

Nişapurdan Qəznəyə gedən yol yaxın deyildi. Budur, nəhayət ki, səhər tezdən qəznəvililər dövləti paytaxtının darvazaları göründü. Burada onu az sorğu-suala tutdular: O mömin müsəlmandırmı? Mahmuda qulluq etməyə, kafirlərə və bütpərəstlərə qarşı aparılan cahad müharibəsində iştirak etməyə hazırdırmı? Silah işlədə bilirmi?

İbrahim Mahmudun ordusunda kimlərə rast gəlmədi. Burada çoxlu xorasanlı var idi, çadırçı onların bəzilərini bazarlarda görmüşdü, azdanışan puştular və çoxdanışan ərəblər, qıyıqgöz köçərilər, hətta zülmət kimi qara olan həbəşlər də var idi. Hamıya türklər başçılıq edirdi. Hər dəstə başında Mahmudun öz qəbiləsindən olan döyüşçü dururdu. Bu döyüşçülər danışıqsız itaət etməyi tələb edirdilər, buna görə də orduda intizam möhkəm idi. Bir dəfə İbrahim iki nəfər türkün bir xorasanlını necə döyməsini görmüşdü. Axşam atına az yem verildiyinə görə xorasanlı cəsarətlənib şikayət eləmişdi. Doğrudur, belə hadisələr nadir hallarda olur. Hər bir döyüşçü onun üçün müəyyən olunmuş həyati qayda-qanunu, nə barədə susmağı, nə barədə isə danışmağı çox gözəl bilirdi. Hətta xüsusilə diribaş döyüşçülər bədbəxt xorasanlıdan bir həftə sonra dillərini dişləri altında möhkəm saxlayırdılar.

Mahmud haqqında deyirdilər ki, o çox mömin adamdır. Onun Qəznə şəhərində ucaltdığı təmtəraqlı mədrəsə və məscidlər bir daha bunu təsdiq edir. Bu tikintilər həqiqətən çox gözəl idi. Mədrəsədə gənc ruhanilər nəinki dini kitabları və onların saysız-hesabsız şərhini verən əsərləri, həm də qədim filosofların əsərlərini oxuyub öyrənirdilər.

İbrahim Mahmudu ilk dəfə gördükdə «Yox, bu mömin insan deyildir və onun Allaha münasibəti də səmimi deyil» deyə fikirləşmişdi. Kaş çadırçı özünün necə haqlı olduğunu biləydi! Yer üzündə nəhəng müsəlman dünyasının sultanı olan Mahmud Qəznəvi yuxusuz gecələrdə bağışlanması üçün Allaha yalvarırdı. O, allahın adı ilə nələr etməmişdi! İstila etdiyi torpaqların insanlarını öldürmüş, zorlamış, büsbütün talan etmiş və üzərlərinə ağır töycü qoymuşdu.

Bəli, Mahmud Allah qarşısında qorxu hissi ilə yaşayırdı, lakin bu qorxu heç də bir müsəlmanın qəlbində olan qorxudan deyildi. Onun ürəyində ən rəzil, cismani qorxu hissi yaşayırdı.

O heç şübhə etmirdi ki, ölümündən sonra axirət dünyasında cəhənnəm odunda daim yanacaq. Ona qüdrət, hakimiyyət və güc vermiş olan Allahın onu sınaqdan keçirməsinə də artıq şübhə etmirdi. O isə Allahın adı ilə bəlalar törədirdi. Mahmud daxilində yaranmış bu dərin boşluqdan getdikcə daha da kobudlaşır, qəddarlaşır və cəsarətli olurdu. Onun iri ağız nahiyələrində həmişəlik ikrahedici qırışlar qalmışdı. Bütün siması təzad içində idi. İri, əzəmətli başında tez-tez o yan bu yana qaçan xırda gözləri yerləşmişdi. Kiçik yastı burnu, düz alnından bitmiş qara sərt tükləri məqsədinə çatmaq üçün bu adamın hər şeyə hazır olduğunu bildirirdi.

Bir dəfə şeyx Qurandan ona ayə oxudu: “Onlar həyatda özlərini düşünürlər, gələcəyə isə laqeyddirlər: Mahmud bu fikrə sakitcə cavab verdi: «Bilirəm, sən bu fikrin mənə aid olduğunu demək istəmirsən. Bir bax, axı mənim bütün həyatım bütün əzəmətlilərdən əzəmətli olan peyğəmbərin işinə xidmət etməkdir. Sən mənim hakimiyyətim müddətində əsl dinimizin möhkəmlənməsini və qüdrətli olmasını inkar edə bilməzsən. Zülmətdə yaşayan bütpərəstlər və kafirlər öz ürəklərində həqiqət işığını duymuşlar. Mən Sünnilik təriqətinə sadiq olan sünni müsəlmanlardanam, amma mənim qoşunumda bütün məzhəblərə etiqad edən müsəlmanlar – şiələr, sünnilər şəfailər və hənbəlilər tapmaq olar. Fikir ver: bir bayraq altında birləşmiş bu müsəlmanlar bir-birilə düşmənçilik etmirlər. Yürüşlərdən gətirdiyim sərvətlər məni varlandırmır (mən özümü düşünməyə can atmıram), bu sərvət qoşunun saxlanmasına və məscidlərin tikintisinə sərf olunur. Əgər varisim işlərimin layiqli davamçısı olsa, mən rahat vicdanla ölə bilərəm».

Mahmud ona lazım olmayan sərvətlərdən danışarkən, açıq-aşkar yalan deyirdi. Təəssüf ki, nə bəhanələr gətirilsə də soyğunçuluq davam edirdi. Hətta qəznəvi dövlətinin paytaxtını «Hindistan anbarı» adlandırırdılar.

Yürüşə hazırlaşan çadırçı onu əhatə edən adamlara və şəraitə diqqətlə baxdı. Mahmudun xoşbəxtliyindən döyüşçülər yaxşı silahlanmışdılar. Demək olar hər birinin atı var idi. Çadırçıya otuz ox, ülküc kimi iti qılınc vermişdilər.

…Hindistana yürüşü bu dəfə də uğurlu oldu. Böyük qənimətlə qayıtdılar. Yüklənmiş fillər qızıl, qaş-daş, parçalar daşıyırdılar. Əsir alınmış hindli döyüşçülər də gətirilirdi. Onların bəziləri yol gəlməkdən, xəstəlikdən və daha çox vətən həsrətindən, bir də qarşıda onları gözləyən qeyri-müəyyənlikdən zəifləyərək uçuruma atılırdılar. Amma canlı qənimətlər də sərvət hesab olunurdu, odur ki, Mahmud onları bir-birinə bağlamağı əmr etdi. Bunun səbəbi var idi. Onun həyata keçirdiyi dövlət torpaq mülkiyyətini möhkəmləndirmək xətti işçi əlləri tələb edirdi. Qul əməyi ən ucuz əmək hesab olunurdu. Məhz bu siyasətə görə pay torpaqların bir hissəsi əllərindən alınan yerli iri torpaq sahibkarları onu görmək istəmirdilər. Lakin ağıllı Mahmud özünə əlavə düşmən qazanmaq istəmirdi. O, gətirdiyi qullardan arabir onlara hədiyyə verirdi.

Yürüş zamanı əldə olunmuş qənimətlərdən ona pay verdikdə İbrahim təəccübləndi: Belə az! Amma başqa sıravi döyüşçülər heç də ondan çox pay almadılar. Lakin onlar sevinirdilər, firavan yaşayışa alışmamış ailələrinə bu qənimət xeyli kifayət edəcəkdi. Türk döyüşçülərinə qənimət iki dəfə çox çatdı. Hərbi rəislərin əldə olunmuş qənimətdəki payını müzakirə etmək ciddi şəkildə qadağan olunmuşdu. Yox, çadırçı o vaxt özünə dedi, sənət ən etibarlı qazancdır.

…Dərddən üzülmüş anası və qorxmuş arvadı evdə onu gözləyirdilər. Atasının ölümü ilə əlaqədar müsəlman adətilə müəyyən olunmuş bütün mərasimləri yerinə yetirmək üçün pul ancaq çatdı. İbrahim ibadət etdikdən sonra təsərrüfatın bərpasına başladı.

İllər keçirdi. Köhnə kədər yaddaşdan silinirdi. Həyat çeşməsi fərəh və uğursuzluqları öz dalğaları ilə ört-basdır edirdi. Hindistandan gətirilmiş dəhşətli qıcolma xəstəliyindən Mahmud ölür. Taxt-tacda onu əvəz etmiş böyük oğlu Məsudun hətta öz hərbi rəisləri arasında belə hörməti yox idi. Bir çox mühüm dövlət qərarlarını o ağılla deyil, kef hesabına qəbul edirdi. Kənizlərin rəqsinə baxıb həzz almaq, özünün ağ bədəninə tamaşa etmək, uydurma xəstəliklər barədə danışmaq, tabeliyində olanların nankorluğundan şikayətlənmək onun sevimli məşğuliyyəti idi… O müxtəlif qüsurlar içində itib batırdı. Adamlar deyirdilər ki, bu padşah hərdənbir paltarını dəyişir və gözəl oğlan uşaqları axtarmaq üçün küçələri və bazarları dolaşırdı.

Bəli, Məsud atasına oxşamırdı. İndi də möhkəm bir əlin olmadığını hiss edərək hərbi rəislər arasında tez-tez ixtilaflar baş verirdi. Qoşunda intizam zəifləyirdi. Torpaq sahibkarları olan dehqanlar öz torpaqlarının geri qaytarılmasını tələb edirdilər. Adi adamlar arasında da narazılıq artırdı. Məsud bütün bunlardan nə qədər kənar olsa da ona yaxınlaşmaqda olan təhlükəni hiss edirdi.

…Səhər tezdən Qəznədəki saraya atlı dəstəsi gəlmişdi. Başlarındakı qeyri-adi hündür qalıntüklü papaqlar, toz basmış üz-gözləri bildirirdi ki, onlar böyük yol qət etmişlər. Onların başçıları sultanla görüşmək istəyirdi.

– Mərhəmətli, lütfkar Allah naminə. Mən Çağrı bəy Davud Səlcuqun nəvəsiyəm, kınıq tayfasındanam, – deyə onlardan biri dedi,– Biz köçərilər saysız-hesabsız at ilxısına, böyük qoyun və keçi sürüsünə malikik. Heç birimiz onların dəqiq sayını bilmirik. Amma bir xüsusi sürü vardır. O, böyük deyil. Bu sürüdə dünyada ən yaxşı, təmiz qanı olan atlar yetişdirilir. Xüsusilə sənin üçün ən yaxşı qaçan atları seçib gətirmişik. Onları qəbul elə.

Sənin atan bizi tanıyırdı, biz onunla dostluq edirdik. İndi sənin dövlətinin şimalında bizim tayfalarımız kimi çoxlu köçəri tayfa yaşayır, mən bilirəm ki, onlar səni necə narahat edirlər. Bu tayfaların basqını çəyirtkədən də pis olur. Mən hər dəfə növbəti yürüşdən sonra onların vəhşi çığırtılarını eşitdikdə sənin atanın bu tayfalarla dostluğunu xatırlayıram: o buna yol verməzdi. Mən qardaşım Toğrul bəy Məhəmmədlə bu haqda danışmışam.

Köçəri öskürürdü. O, Mahmudla olan dostluğunu bir qədər şişirtmişdi. Amma Məsudun bundan xəbəri vardı. Bundan başqa diplomatiyada mübaliğə etməyə yol verilir.

– Tayfamız artmışdır. Yeni köç yerləri tapmaq tələb olunur. Əgər sən Mərv, Sərəxs, Əbiverd və Nis rayonlarında bizə torpaq versən, biz buna görə sənin xidmətində durmağa və dövlətini düşmən hücumundan qorumağa hazırıq.

Məsudu başdan çıxaran şey çox idi. İndi o bu ağır vaxtlarda ucuz başa gəlməyən şimal sərhədlərindən öz qoşunlarını götürə bilərdi. Digər tərəfdən, müttəfiqlər etibarlıdırmı? Onlar öz təbəssümləri arxasında qılınc gizlətmirlər ki? Ona etibar etmək olarmı? Düzünü desək, dişi maral öz erkəyini axtarırsa, deməli sümsüyə gedir. Dövlət daxilində yaranmış vəziyyət hər hansı bir yolu seçmək imkanı qoymamışdı. Və sonra… Hər hansı bir adamı öz yeni dostları ilə daim qorxutmaq mümkündür. Məsuda elə gəlirdi ki, o hiyləgər və uzaqgörən bir siyasətçidir.

Bu söhbətdən heç üç il keçmədi, zaman Sultanın necə bir səhvə yol verdiyini göstərdi. 1037-ci ildə Mərv Çağrıbəyin əlinə keçdi. 1038-ci ildə isə Toğrul Nişapur şəhərini tutdu. Səlcuqlar sonrakı döyüşlərdə dəfələrlə məğlub olsalar da, bununla belə, 1040-cı ildə Məsudun şəxsən rəhbərliyi altında Mərvə yürüşü qəznəvi sultanının böyük məğlubiyyəti il başa çatdı.

Amma Məsud zəngin Xorasanı özü üçün geri qaytarmaq ümidindən qətiyyən imtina etmədi. O, oğlu Mödüdü Bəlxdə qoyaraq özü isə köçərilərə–səlcuqlara qarşı vuruşmaq üçün yeni böyük qoşun toplamaqdan ötrü Hindistana yola düşdü. Lakin Sultan qoşununun tez-tez məğlubiyyətə uğraması türk əmirləri arasında daha çox narazılıq və inamsızlıq yaradırdı. Hindistan sərhədlərini keçdikdən sonra qoşunun bir hissəsi üsyan edib, Məsudun daim hər yerə öz arxası ilə daşıdığı qardaşı Məhəmmədi əsarətdən xilas elədi. Üsyançılarla Sultana sadiq qalmış qoşun arasında döyüş baş verdi, bu döyüşdə ilk dəfə olaraq, üsyançılar qalib gələrək Məsudu əsir aldılar. Onu qalaya saldılar, bir il sonra isə quyuya atıb üstünü daşla örtdülər.

 
Tusun barısında, gördüm ki, bir quş
Caynağında Keyin başını tutmuş,
Kəlləyə söyləyir, əfsuslar olsun,
Zənglərin səsini aləm unutmuş.
 

«Hə, indi narahat zamandır, – deyə İbrahim fikirləşir. Belə deyirlər ki, İsfahan vahəsində yerləşən kənd dördayaqlıların məskun olduğu münbit bir yerdir. Səlcuqlar buranı: yerlə yeksan etmişlər, insanlar isə hara gəldi qaçıb dağılmışlar. Heç kim bilmir ki, Toğrul bəy sabah nə edəcək. O bu gün torpaq sahibkarları, tacirlər, imamlar və şeyxlər ilə mehriban və xoşrəftardır. Bəs sabah nə olacaq? Amma digər tərəfdən, çadırçı düşünməkdə davam edir, elmlə mənim tanışlığım olmasa da görürəm ki, imam və tacirlər Toğrul bəyə öz müdafiəsi üçün lazımdır. Toğrul bəy özü də alver etməkdən imtina etməzdi. Biz ustalar nədən qorxmalıyıq? Axı, yeni padşahımızın bu qədər can atdığı ticarət öz mahiyyətinə görə bir gün də sənətkarlarsız yaşaya bilməz. Digər tərəfdən, ticarət olduqca sənətkarlıq da olacaq. Yox… Yeni hökumət əvvəlkindən çox yaxşıdır. Başlıcası odur ki, vergilər adama bir o qədər də əzab vermir. Doğrudur, firavan yaşamasaq da, amma yaşamaq olar.

May axşamı yalnız yaxşı şeylər haqqında fikirləşmək istəyirdim.

…Çığırtı və səs-küy onu həyata qaytardı. İbrahim gözlərini açdı. Məlum oldu ki, o özündən xəbərsiz möhkəm yatmışdı. May gecəsi qısa olur: şərqdə artıq çıxmaqda olan günəş qızarırdı. Bəs bu nə səs-küydür belə?

– Sevin, usta, oğlun olub!

İbrahim üçün bu gün – 1048-ci ilin 18 may tarixi xoşbəxt gün idi.

…Həmin dövrün heç bir tarixi xronikasında Ömər Xəyyamın anadan olduğu il haqqında dəqiq məlumat yoxdur. Tarixçilərdən heç biri onun dünyaya gəldiyi günü xatırlamır. Əl-Beyhəqqi «Müdrikliyi mühafizə edənlər»ə Əlavələr»də məlumat verir ki, «Xəyyam həm doğuluşu, həm valideynləri, həm də əcdadları etibarilə Nişapurdandır». Tarixçi Əhməd Tatəvi özünün «Minlərin tarixi» əsərində yazır ki, Ömər Nişapurda doğulmuşdur, onun əcdadları da həmçinin nişapurludur».

Əl-Beyhəqqi həmçinin Ömər Xəyyamın doğulduğu anda göy cisimlərinin vəziyyəti barədə də məlumat verir. Ömər Xəyyamın qohumları ilə onun tanışlığını nəzərə alaraq, Əl-Beyhəqqinin verdiyi məlumata kifayət qədər ciddi yanaşılmalıdır: «Əkizlər bürcü onun (Xəyyamın) ulduzlar cədvəli idi: Günəş və Merkuri əkizlər bürcünün üçüncü dərəcəliyində, Merkuri birləşmiş vəziyyətdə (Günəşlə) idi, Yupiter isə ona nisbətən üçbucaq vəziyyətində olmuşdur».

Hind tədqiqatçısı Svami Qovinda Tirtha orta əsrlərdə hind efemerid cədvəli3 üzrə Merkuri və Yupiterin geosentrik uzunluğunu təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, Xəyyam 1048-ci il mayın 18-də anadan olmuşdur. Sovet alimi Ş. Q. Şərəf Tirthinin nəticələrini yoxlayaraq sübut etmişdir ki, Merkuri 1015–1054-cü illər arasında 17–18–19 may tarixində yalnız üç dəfə–1022, 1035 və 1048-ci illərdə Günəşlə birləşmiş vəziyyətdə olmuşdur. Amma Yupiter yalnız 1048-ci ildə üçbucaqlı şəklində olan şərtləri təmin etmişdir.

Hər üç gündən – 17, 18 və 19 may tarixindən daha çox 17 may günü ehtimal olunur, çünki həmin gün Günəş və Merkurinin geosentrik uzunluğunun fərqi 4 dərəcə əvəzinə 6 dərəcə və mayın 18 və 19-da isə 2 dərəcəyə bərabər olmuşdur. Sonuncu iki tarixdən günəş uzunluğu cədvəlində göstərilən 18 may tarixinin 63 dərəcəsi tam uyğun gəlir.

 
Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas
Belə nazik fikri dərindən duyub,
Ağıl ölçüsüylə dərk etmək olmaz.
 

Uşağın dünyaya gəlməsi evdə həmişə sevincə səbəb olur. Yolu səbirsizliklə gözlənilən evdə isə oğlan uşağının doğulması ikiqat şadlıqdır. Təsadüfi deyil ki, hər bir mömin müsəlman «Qadir və Qüdrətli allaha çox şükür ki, o məni kişi yaratmışdır» sözlərini təkrar etməlidir. Oğul – bu, atanın köməkçisi, qocalıqda etibarlı dayağı, onun işlərinin davamçısı, ananın fərəhi deməkdir. Allah oğula ağıl-kamal verərsə onu oxutmaq da olar (İbrahim bunun üçün əvvəlcədən pul yığmağa başladı), kim bilir, bəlkə oğlu böyük bir adam olacaqdır. Necə deyərlər, böyük səy göstərilsə, daşda da ot bitər. Həqiqətən, Allah böyükdür. Belə deyirlər ki, iki yüz il bundan əvvəl Xorasanda Abdulla ibn Tahir adlı hökmdar var idi. Onun dövründə elmlə məşğul olmaq istəyən hər bir kəsin üzünə elmin qapıları açıqdı. Xalq, xüsusilə əkinçilər çox yaxşı yaşayırmış, o, əkinçiləri bütün yerdə qalan əhalinin dayəsi adlandırırdı.

Nişapurun tozlu küçələrilə bazara tərəf gedən çadırçı İbrahim belə düşünürdü. Yeni doğulmuş uşağı və onun anasını çoxlu mamaçanın və xidmət göstərən qonşuların himayəsində qoyaraq, o özünə hörmət edən hər bir nişapurlunun getdiyi yerə gəldi. Bugünkü səhərin ona gətirdiyi xoşbəxtlik haqqında tanış tacirə və sənətkara xəbər vermək, onu qonaq çağırmaq xoşdur. Amma ən başlıcası, qədim adətə görə arvada hədiyyə almaq lazımdır. İndi bu nişapurlu ənənə barədə bir o qədər fikirləşmirdi. O, xoşbəxt bir insan olmuşdu, bu səadəti ona sevimli Fatiməsi vermişdi.

Nişapurun cənub tərəfində bazarlar yerləşirdi. İbrahim şəhristan darvazalarından çıxan vaxt dilənçi bir dərviş gördü. Dərviş yerdə oturmuşdu, o yırğalanaraq dodağının altında nə isə mızıldanırdı.

– Al bunu, ey allahın mücahidi. Mənim oğlum olub.

İbrahim ona dirhəm uzatdı. Sufinin göz qapaqları açıldı, çıxardılmış gözlərini bir neçə saniyə çadırçıya dikdi.

– Mən səni tanıdım. Sən çadırçı İbrahimsən. Talançılıqla və adamöldürmə ilə əldə etdiyin murdar pullar hesabına öz bədənini yağlı yeməklərlə əzizləyən həmin o şəxssən. Sən öz əlaltılarının damarlarını sorursan. Sən soxulcanlara yem olacaqsan. Hələ sən mənə öz mənfur pulunu da təklif edirsən? Rədd ol buradan!

İbrahim tələsik geri çəkildi. O, ətrafında kiçik dükanları olan daş döşənmiş yola çıxdıqda dərvişin az başa düşülən qarğışlarını hələ uzun müddət eşidirdi, bu yol baş bazar meydanına aparırdı.

Belə gözəl başlanan gün korlanmaq təhlükəsi altında idi. İbrahim mövhumatçı idi. Bu hər hansı pis əlamət deyildimi? Oğlu fitnəkar, yaxud allah tərəfindən istənilməyən insan olmayacaqmı? İbrahim bir tərəfə çəkilərək namaz qılmağa başladı.

Bütün bunlara baxmayaraq sevinclə nurlandırılmış səhər öz işini görmüşdü. İnsan əgər özünə pis gün arzulamasa, heç vaxt o özünü pis hiss etməz. Artıq şəhərdə canlanma əmələ gəlmişdi. Budur, sudaşıyan bulağa tərəf tələsir. Su şəhərə kanal vasitəsilə gətirilir, amma bu kanallar torpağın dərin qatlarında qazılıb gizlədilmişdir (bulağa tərəf gedən pillələrin sayı hətta yüzə çatırdı), şəhərə gələnlərin heç də hamısı bu kanallara gedən yolu tanımırdı. Hətta onlar yolu tanısalar belə, çətin ki, ondan istifadə edə bilərlər, çünki bu kanalları xüsusi adamlar mühafizə edirlər. Bununla belə cümə günündə, bazar vaxtının hər dəqiqəsinin qızıla bərabər olduğu bir vaxtda, yəqin ki, belə bir işlə məşğul olmaq heç kimin ağlına gəlməzdi. Bir parç soyuq suya görə cingiltili sikkə vermək daha yaxşıdır.

Hələ xeyli vaxt vardır. Amma özlərinin uzunqulaq və dəvələrini qovan tacirlər dərsə gecikən məktəblilər kimi tələsirlər. Heyvanlara ağır taylar yüklənmişdi. Bacardıqca qızğın və gur alver gedən yeri tez tutmaq, malları elə yerləşdirmək lazım idi ki, oradan (tacirlər bu ustalığı heç kimdən öyrənməməlidirlər) bir alıcı belə laqeyd keçə bilməsin. Nallanmış uzunqulaqların saldıqları tappıltılar ev heyvanlarının mələməsinə və movultusuna qarışmışdı. Heyvandarlar öküzləri, qoyunları, keçiləri və hər cür ev heyvanlarını bazara aparırdılar.

Çörəkbişirənlər öz təndirlərinin yanında ovsunçuluğa başlayır, yol ətrafında olan aşxanaların və karvansaraların sahibləri ocaq yandırırdılar. Günortaya yaxın bütün bazar əhli yemək istəyəcəkdi (İbrahim bir dəfə məscidin imamından eşitmişdi ki, Nişapurda 200 min yerli əhali yaşayır, gəlmələr isə allah bilir nə qədərdir), odur ki, yeməyi əvvəlcədən, həm də çox hazırlamaq lazımdır. Çox da baha olmayan qiymətə isti arpa kökəsi, varlılar isə buğda kökəsi, düyü, yaxud paxla şorbası, qızardılmış ət-kabab ala bilərlər.

İbrahim bu gün tələsmirdi. O, böyük dördkünc meydana, bazarın mərkəzinə tərəf gedir, yolda bu yaxınlarda yeni düyü növü ilə gətirilmiş xurmanın qiymətini soruşur, başı çıxan bir adam görkəmi alaraq onun qozla birgə dadına baxırdı.

Nişapur kiçik şəhər deyil. Onun ətrafı bir fərsəng olar. Böyük bir hissəsini rabad– şəhərkənarı tutur. Onu dövrə vurub hər bir tacir və sənətkarla salamlaşmaq üçün bir həftə belə çatmaz. İbrahimin ağlına nə isə gələrək tələsməyə başladı. O əsas ticarətin genişləndiyi yerə getməli idi.

Bazar… İbrahim bura gələrkən tanış və əziz bir mühitə düşürdü. O bilirdi ki, hər bir tacir özünün ən yaxşı malını ona göstərəcək. Əgər təbiətdə yalnız yeddi rəng vardırsa, Nişapur bazarında minlərlə rəng tapmaq olar. Şirazdan, Qəzvindən, Reydən, İsfahandan gələn tacirlər ipək, zərxara, yun, pambıq parçalar gətirmişdilər.

Xalça satılan cərgədə Şirazdan və Reydən gəlmiş tacirlər daha çox idi. Belə deyirlər ki, bu şəhərlərdən olan ustalar hazır xalçaları tozlu küçələrə atır və hər gün minlərlə adam həmin xalçaların üstündən keçir. Bununla da onlar evləri və sarayları bəzəyən öz məmulatlarının möhkəmliyinə və zərifliyinə nail olurlar. Amma emal olunduqdan sonra xalçalar elə bir mükəmməl görkəm alır ki, qonşu ölkələrin hakimləri qəbahət hesab etmədən onları bir-birinə hədiyyə verirlər. Doğrudan da xalçaya vurulmuş naxışlara çox baxdıqda, adamın başı hərlənə bilər.

Bazar meydanının mərkəzindən dörd istiqamətə məscidin yerləşdiyi şərqə tərəf, İbrahimin gəldiyi şəhristandan şimala tərəf, Hüseynin nəsli dəfn olunmuş cənuba tərəf yol ayrılır. Yolun hər tərəfində karvansara və dükanlar durur. Ən qızğın yol isə kiçik dördkünc meydana tərəf aparan qərb yoludur. Ondan bir qədər aralı, Hüseynin nəsli dəfn olunmuş meydanda Əmir ibn Leys tərəfindən ucaldılmış əla bir saray durur. Saraya bitişik isə sonralar həbsxana tikilmişdir (eh, taleyin acı zarafatına bax).

İbrahim bazarı keçib, uzun ağac ayaqlarla gedişi və ağzından od püskürməsi ilə xalqı məşğul edən hoqqabazların yanında durdu, kiçik dördkünc meydana tərəf getdi. Burada sıra ilə düzülmüş dükanlar «Min bir gecə nağılı»nı xatırladırdı: Reydən, Kaşan və İsfahandan gəlmiş tacirlər müxtəlif saxsı qablar satırdılar. Öz malları ilə onlar yerli rəqiblərini sıxışdırmışdılar. Nişapurlular günbəz və binanın üz tərəflərinə çox vaxt mavi, yaxud firuzəyi rəngdə bəzək vurmaq üçün onlardan qab və lövhələr alırdılar.

Sonra misgərlər, güləbatınçılar, dabbaqlar cərgə ilə düzülmüşdülər. Buradan xış və ya kotan, toxa–kimə nə lazımdısa almaq olardı. Alverçilər mis qabları və səhəngləri cingildədirdilər. Parlaq təmizlənmiş bürünc günəşin altında bərq vururdu. Metal güzgülər günəşin şüalarını əks etdirirdi. Qəşəng tikilmiş araqçınlar və xalatlar qarmaqlardan asılmışdı, yaxında isə yumşaq dəridən və tumacdan tikilmiş uzunboğaz çəkmələr gorunürdü. Amma, pul olarsa, bu cərgələrdə başdan-ayağa qədər nəinki təkcə geyinmək, həm də bəzənmək asan idi: sırğalar, üzüklər, qaşlı üzüklər, qolbaqlar, toqqalar, qızıl və gümüşdən hazırlanmış boyunbağılar nəinki dəbpərəst kişi və qadınları, həm də çöldə yaşayan insanları da heyran edə bilərdi. Bir qədər aralı fil sümüyündən və kömür kimi qapqara olan abnos ağacından hazırlanmış zərif əşyalar satan tacirlər oturmuşdular.

1.Orta Asiyanın, İranın və Əfqanıstanın feodal şəhərlərində sənətkarların hökmdarın və adlı-sanlı şəxslərin iqamətgahından aralı yerləşən şəhərətrafı qəsəbəsi
2.Qədim Roma mifologiyasında ticarət, bəlağət, yollar allahı, səyahətçilərin himayədarı. Merkuri qədim yunan mifologiyasındakı Hermisə uyğundur. Məcazi mənada Merkuri müjdəçi, elçi deməkdir.
3.Nücum təqvimi: ilin müəyyən günündə göy cisimlərinin hansı vəziyyətdə olacağını göstərən astronomik cədvəl
213 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
1 стр. 2 иллюстрации
ISBN:
978-9952-8450-6-0
Правообладатель:
JekaPrint

С этой книгой читают