Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Dil hökmdarlığına səyahət», страница 3

Шрифт:

Yerlik önə gələrək qardaşlarını və atasını salamlayır. Təzim edərək şahın qarşısında diz çökür və danışmağa başlayır:

– Qibleyi-aləm, mənə iki nökər kifayət edər. Adları da “Da” və “Də” olsun.

Şah 5-ci oğluna diqqətlə baxıb səbəbini soruşur.

Yerlik başını qaldırmadan davam edir:

– Dağları və dərələri sevirəm. Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Əksər çaylar mənbəyini dağlardan götürür. Səmaya ən yaxın zirvələr dağlardadır. Təpələrsə dağlardan kiçik olan ucalıqlardır. Qoy, nökərlərim mənə hər gün döyüşlərdə, yürüşlərdə qalib gələrək ucalmağa səsləyən torpaqdan uca, göylərdən alçaq olan dağları və təpələri xatırlatsınlar. Unutmayım ki, ucadan uca olmağın sirri təvazökarlıqda, çalışqanlıqdadır. Ən uca dağların başı səmalara çatmağa can atsa da, dayağı torpaqdır. Qoy, torpaqdan güc alım, əziz atam.

Şah bu oğluna da iki nökər verir. Sonuncu, sonbeşik oğul Çıxışlıq içəri daxil olur. Bütün qardaşlarını sevinə-sevinə salamlayır və baş əyir:

– Əziz atam, qibleyi-aləm, sevimli qardaşlarım, sizi çox sevirəm. Hər birinizdən nələrisə öyrənmişəm. Buna görə sizin hər birinizə minnətdaram. İcazənizlə, mən də “Dan” və “Dən” adlarında iki nökər istəyim. Birinci nökərim Dan mənə hər qaranlıq gecənin bir sabahı olduğunu, Dan yeri söküləndə yeni günün və həyatın başlandığını, ikinci nökərim Dən isə hər şeyin toxumdan cücərdiyini daim xatırlatsın. Qoy, səbrim çətinliklərin içində daralıb məni sıxanda Dən toxum kimi torpağa sığınıb cücərməyin möhtəşəmliyindən xəbər versin.

Oğlunun sözləri şahın xoşuna gəlir və əmr edir ki, ona da iki nökər versinlər.

Beləliklə, şah oğlanları ilə ölkəsini idarə etməyə davam edir. İsim şahlar içində ən ədalətlisi olduğuna görə müharibələrə, başqalarının torpaqlarını zəbt etməyə çalışmır. Qərarlar verəndə oğlanları ilə məsləhətləşir, əhvalı pozulub haldan-hala düşəndə hər oğlunu hüzuruna çağırıb söhbət edir.

Oğlanları hər dəfə atalarının hüzuruna gələndə nökərləri ilə birgə gəlir, sehirli bağçalarında işləyəndə isə nökərlərinə dincəlməyə izn verirlər. İndiyə kimi də şahın oğlanları ilə o sehirli bağçada nədən söhbət etdiklərini bilən yoxdur.

Sifət

Sifət şahlıqlardan ən rəngarəngi idi. O, Dil hökmdarının iki qızından birincisi, böyüyü idi. Onun torpaqlarında gözəlliklərə tamaşa etməkdən doymaq olmurdu. Bu şahlıqda hər kəsə iki şeyə görə dəyər verilirdi. Biri daxili, digəri xarici əlamətlərə görə. Şahzadə Sifət əmin idi ki, insanın xarici görkəmi qədər, onun daxili aləminin, keyfiyyətlərinin vacibliyi gözlə görünə bilən üstünlükləri qədər əsasdır. Hətta şahlığın bütün alim və müəllimlərinə tapşırıq verilmişdi ki, insanlarda olan keyfiyyətləri müqayisə etmək, fərqləndirmək üçün müqayisə dərəcələri müəyyən etsinlər. Hər şeydə üstün olmağa çalışan Sifət ölkəsində məktəblər açdırmışdı. Bu şahlıqda dünyaya gələn hər uşaq böyüyüb səlis danışmağı öyrəndikdən sonra məktəbə gedirdi. Bu məktəblərdə balacalara əlamətlərin “necə”, “nə cür”, “hansı” suallarına cavab verdiyini, daha çox çalışmağı, rəngləri, dadları, keyfiyyətləri, görkəmi, əşyaların formasını, həcmini izah etməyi öyrədirdilər. Məktəblərdə siniflər üç hissəyə bölünmüşdü. Adi, azaltma, çoxaltma dərəcəsinə görə bölünən bu siniflərdə şagirdlər bilik və bacarıqlarına görə fərqlənirdilər. Bu məktəbləri bitirən ən bacarıqlı aşpazlar hökmdarın, onun övladlarının saraylarına göndərilirdilər. İstedadlı rəssamlar ölkələri gəzərək azad yaşayır, Dil hökmdarının və şahlıqlarının şöhrətlərini təsvir etdikləri əsərlər vasitəsilə dünyaya göstərir, öz ölkələrinin fəxri olurdular. Dünyada ən böyük muzeylər Sifətin şahlığında yerləşirdi. Cəsur, qorxmaz, cəsarətli, cüssəli, boylu-buxunlu, ağıllı, tədbirli, hiyləgər şagirdlər məktəbi bitirib ordu sıralarında xidmət edirdilər. Onlar altı şahlığın – Dil diyarının əsgərləri olurdular. Gümrah, çalışqan, uzaqgörən şagirdlər dünyanın ən yaxşı tədris mərkəzlərində təhsillərini davam etdirib Dil səltənətinə geri dönər, bu ölkələrdə şahlara məsləhətçi kimi qulluq edirdilər.

Hökmdarın və övladlarının bağbanları, bostançıları da Sifətin məktəblərini bitirən şagirdlər idi. Bir sözlə, bu məktəblər Azərbaycan diyarının ən tanınmış məktəblərindən idi.

Sifət bacı-qardaşlarının içində ən çox İsmi sevirdi. Tez-tez onun sarayına baş çəkər, hal-əhvalını soruşardı. Sifət İsim şahlığına qonaq gedəndə xalq:

– Sifət ən çox sevdiyi qardaşıgilə İsimləşməyə gedib, – deyərdi.

Qardaşının dərdlərinə ortaq olan bacı öz səltənətində baş verənləri də qardaşı ilə bölüşər, məsləhətləşərdi. Gedəndə qardaşını öz ölkəsinə qonaq dəvət edərdi. İsim də hərdən sevimli bacılarından birinə qonaq gedəndə onun xalqı:

– İsim Sifətləşməyə gedib, – deyərdi.

“Xalqın gözü tərəzidir”, – deyib dədə-babalarımız. Bu dəfə də xalq səhv etmirdi. Sevimli şahların bir-birinə qonaq olduğu zamanlarda Sifət İsmə bənzəməyə, onu yamsılamağa necə çalışırdısa, İsim də Sifətin xüsusiyyətlərini öz davranışlarında təqlid edirdi. Bacı və qardaş bir-birinə qonaq gəlməmişdən öncə yollara rəngli çiçəklər səpilir, şeypurlar çalınmağa başlayırdı. Bu gün də yollara səpələnmiş çiçəklər görəndə, şeypur səsləri eşidəndə hər kəs Sifətin İsmə, ya da İsmin Sifətə qonaq getdiyini anlayır.

Say

Say Dil hökmdarının 3-cü övladı, 2-ci oğlu idi. İti zəkası, mükəmməl savadı ilə seçilirdi. Dəqiq elmlərə uşaqlıqdan marağı var idi. Hər şeyin miqdarını, sırasını bilməyi çox sevərdi. Buna görə də atası Dil onu yeni biliklər qazanmaq üçün yunan riyaziyyatçısı Pifaqorun yanına göndərir. Pifaqorun sevimli şagirdinə çevrilən Say riyaziyyat elminin sirlərini öyrəndikdən sonra Vətəni Azərbaycana geri dönür. Gəlişi ilə ölkəsinə dəqiqlik gətirir. Əhalinin hamısını siyahıya alır. Beləliklə, Dil öz səltənətində hər şeyin dəqiq sayını bilir. Say öyrəndiyi elmləri bacı-qardaşları ilə bölüşərək onların da hesab-kitab işlərində bir sahman yaradır. Sıra və miqdar anlayışını ölkəsində hər kəsə tanıdır. Şahzadə Sayın şərəfinə bütün rəqəmlərin Dil hökmdarına məxsus olan səltənətlərində say adlandırılması əmr olunur. Daha sonralar şahzadə Say miqdar anlayışını da üç hissəyə bölərək xalqına öyrədir. Dəqiq sayı məlum olanları müəyyən miqdar sayları, dəqiq sayı məlum olmayan hər şeyi qeyri-müəyyən miqdar sayları, tam, bütöv hissənin parçalanmasından yaranan sayları isə kəsr sayları adlandırır. Say da böyük bacısı Sifət kimi qardaşı İsmi çox sevir. Sifət İsmə qonaq getməyi xoşladığı kimi Say da İsmin sarayına tez-tez baş çəkərdi. İsim də böyük qardaş kimi onu hər dəfə görəndə çox sevinər, işlərinin çoxluğundan gileylənər, Sayın sarayına gələ bilmədiyi üçün üzr istəyər, saysa ondan incimədiyini və onu dünyalar qədər sevdiyini hər dəfə təkrar edərdi.

Бесплатный фрагмент закончился.

218,97 ₽
Возрастное ограничение:
12+
Дата выхода на Литрес:
15 декабря 2022
Объем:
50 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают