Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Qızıl böcək», страница 3

Шрифт:

– Arxanızca göndərdim ki… – mənim böcəyə baxıb qurtarmağımı gözləyən Leqran ciddi tonda bildirdi, – Yupiteri arxanızca göndərdim ki, məsləhətinizi alıb, Taleyin və böcəyin hökmünü aydınlaşdırmaqda sizdən yardım istəyim…

– Əzizim Leqran, – deyə onun sözünü kəsib çımxırdım, – siz xəstələnmisiniz, gərək müalicə olunasınız. Elə bu dəqiqə çarpayıya uzanın, siz sağalmayınca bu evdən bir addım da atan deyiləm! Siz qızdırma içində yanırsınız!

– Buyurun, nəbzimi yoxlayın, – o dedi.

Onun nəbzini yoxladım və etiraf etməliyəm ki, heç bir qızdırma əlamətinə rast gəlmədim.

– Qızdırmasız da xəstəlik olur. Bu dəfə məsləhətimə qulaq asın! Əvvəl çarpayıya uzanacaqsınız, sonra da…

– Yanılırsınız, – deyə sözümü kəsdi, – mən tamamilə sağlamam, amma çox narahatam. Əgər yaxşılığımı istəyirsinizsə, bu narahatlıqdan qurtulmağıma yardım edin.

– Bunu necə edim?

– Çox sadə. Yupiterlə mən materikin dağlarına ekspedisiyaya çıxmaq istəyirik və etibarlı köməkçiyə ehtiyacımız var. Tamamilə inandığımız yeganə insan da sizsiniz. Orada uğur qazanacağıq, ya yox, deyə bilmərəm, amma bu məni narahatlıqdan qurtaracaq.

– Sizə faydalı olacağıma çox sevinərəm, – dedim, – amma bir şey soruşum: dağlardakı ekspedisiyanın bu böcəyə necəsə aidiyyəti varmı?

– Var!

– Elədirsə, onda sizin bu köndələn hoqqanızdakı iştirakdan imtina edirəm.

– Heyf! Çox heyf! Onda gərək tək gedək.

Tək gedək? Onun başı əməlli-başlı xarab olub ki!

– Dayanın. Orada nə qədər qalmağı düşünürsünüz?

– Gərək bütün gecəni qalaq. Orada nə olur-olsun, elə bu dəqiqə çıxıb dan yeri söküləndə evə qayıdacağıq.

– Onda mənə söz verirsinizmi ki, istəyiniz yerinə yetəndən və bu böcəklə bağlı (Aman Tanrı!) hoqqalar xoşbəxtliklə bitəndən sonra, evə qayıdıb bir ailə həkimi kimi mənim məsləhətlərimə əməl edəcəksiniz?

– Hə! Söz verirəm! Tezliklə yola düşməliyik. Zaman gözləmir.

Ağır olsa da, dostumun təklifini qəbul elədim. Günorta təxminən saat dörddə yola düşdük – Leqran, Yupiter, it və mən. Yupiter dəhrə və belləri gətirirdi: o bunu maraq və ya həvəsdən yox, məncə, əlindəkiləri sahibinə etibar edə bilməməyin qorxusundan edirdi. Tərsliyi tutmuşdu. Bütün səyahət boyu ondan eşitdiyim yeganə cümlə bu oldu – “Lənət olsun böcəyə!”

Mənə iki dənə lampa verilmişdi. Leqran böcəyi aparırdı. Böcək naqilin ucuna bağlanmış, Leqran da onu cadugərlər kimi əlində asta-asta fırladırdı. Dostumun başına hava gəldiyinin bu yeni sübutunu görəndə özümü ağlamaqdan güclə saxladım. Bununla belə, Leqrana hələ heç nədə mane olmamağı və nəsə təcili ölçü götürmək üçün yaranacaq vəziyyəti gözləməyi qərara almışdım. Bir neçə dəfə səyahətimizin məqsədi barədə söz salsam da, faydasız oldu. Məni onlarla birgə getməyə razı salmış Leqran, görünür, daha heç nə danışmaq istəmir və mənim bütün suallarıma bir kəlmə ilə cavab verirdi:

– Görərik!

Boğaza çatıb qayığa mindik və materikə yön aldıq. Hündür sahildə düşdük, şimal-qərbə istiqamətlənib, sanki hələ insan ayağı dəyməmiş yabanı səhraya çatdıq. Leqran əmin halda bizi irəli aparır, yalnız arada dayanıb, deyəsən, əvvəlki gəlişində nişanladığı orientri dəqiqləşdirməyə çalışırdı.

İki saat belə davam elədik və gün batana yaxın qarşımızda görünüşündən zəhrimar tökülən, indiyə kimi keçdiyimiz yerlərdən daha bədbin bir məkanın mənzərəsi açıldı. Bura təhlükəsiz yamacda başdan-ayağa ağacla örtülmüş yayla idi. Yamacdakı nəhəng qaya daşları elə görünürdü, sanki daha aşağı getmək üçün onlara ağaclar mane olub. Yaylanı hər tərəfdən əhatələmiş dərin yarğanlar peyzaja daha qorxulu görkəm verirdi.

Addımladığımız yamac böyürtkən kollarıyla örtülmüşdü. Tezliklə aydınlaşdı ki, dəhrəsiz cəngəllikdə hərəkət etməyimiz mümkün olmayacaq. Leqranın əmriylə Yupiter qeyri-adi hündürlükdə olan zanbaq ağacına doğru getdiyimiz cığırdakı maneələri biçib tökməyə başladı: bu ağac xeyli palıdla əhatələnmiş, ondan sonra isə qollu-budaqlı, əzəmətli gözəl yarpaqları və zəngin görünüşü ilə diqqəti cəlb edən ağaclar uzanırdı. Nəhayət, biz mənzil başına yetişəndə Leqran Yupiterə sarı dönüb soruşdu ki, bu ağaca dırmaşa bilərmi. Qoca əvvəlcə sualdan çaşıb qaldı və heç bir cavab vermədi. Sonra bu meşə nəhənginə yaxınlaşıb, ətrafında dairə vurdu və diqqətlə yuxarısına baxdı. Özlüyündə nəyisə aydınlaşdırıb Leqrana tərəf çevrildi:

– Hə, böyük Vill. Dünyada hələ elə bir ağac bitməyib ki, Yupiter ona çıxa bilməsin.

– Onda yubanmadan dırmaş, çünki bir azdan zülmət çökəcək və heç nəyi çatdıra bilməyəcəyik.

– Çox hündürə qaxmalıyam? – Yupiter soruşdu.

– Sən dırmaş, çatanda mən qışqırıb deyəcəm… Ey, dayan! Böcəyi də götür!

– Böcəyi, böyük Vill? Qızıl böcəyi? – qoca zənci təlaş içində yerindən sıçrayıb qışqırdı, – Böcəyin ağacda nə işi var? Ona əlimi vursam, bütün müqəddəslər mənə qənim olsun!

– Qulaq as, Yupiter, əgər sən – sağlam düşüncəli zənci ziyansız ölü həşərata toxunmağa qorxursansa, onda heç olmasa, onun bağlandığı naqilin o biri ucundan tut, yox, əgər ümumiyyətlə, onu götürməkdən boyun qaçırırsansa, onda təəssüf ki, mən bu beli sənin başında sındırmağa məcbur olacam!

– Şüvənlik eləməyə ehtiyac yoxdur, – pərt olduğu aşkar bilinən üzüyola Yupiter dilləndi, – siz də gedib-gəlib bu qoca zəncini danlayırsız. Zarafat edirdim də! Mən boyda adam böcəkdən qorxacaq? Yox bir…

Bunu deyib ehtiyatla naqilin ucundan tutdu və qolunu aralayıb ağaca çıxmağa hazırlaşdı.

Zanbaq ağacı və ya Liriodendron Tulipiferum – Amerika meşələrində bitən ən ecazkar ağaclardandır. Hələ balaca olanda sürüşkən səthinə görə digərlərindən fərqlənir və yalnız başında budaqlar bitir. Amma getdikcə qabığında məsamə və düyünlər artır, beləliklə, ağacda xırda oyuqlar əmələ gəlir. Ona görə də, Yupiterə tapşırılan iş yalnız ilk baxışdan mümkünsüz görünürdü. Böyük dirəyi diz və əlləriylə möhkəm qucaqlayan, azacıq içəri batmış oyuqlara barmaqlarını keçirib yuxarı təkan verən və iki dəfə yıxılmaqdan qurtulan Yupiter ilk haça budağa çatanda missiyasını yerinə yetirdiyini zənn elədi. Əsas təhlükə, həqiqətən, arxada qalmışdı, amma Yupiter hələ də altmış-yetmiş fut hündürlükdəydi.

– Yenə qalxmalıyam, böyük Vill?

– Bax, o qalın budağa tərəf getməlisən!

Zənci dərhal əməl etməyə başladı, dırmaşmaq daha çətin olmamalıydı. O dayanmadan hündürə qalxırdı, getdikcə onun iri cüssəsi sıx yarpaqlar arxasında görünməz oldu. Bir azdan uzaqdan səs gəldi:

– Yenə qalxım?

– İndi hardasan? – Leqran soruşdu.

– Çox hündürdəyəm, – zənci cavab verdi, – ağacın başını və səmanı görürəm.

– Səmaya az bax və diqqətlə qulaq as, gör nə deyirəm! Aşağı bax, keçdiyin budaqların sayını de mənə!

– Bir, iki, üç, dörd, beş. Mənə qədər beş budaq var.

– Birini də qalx!

Tezliklə Yupiter bizi inandırdı ki, artıq yeddinci budağa çatıb.

– İndisə, Yup, – Leqran özündən asılı olmayan həyəcanla qışqırdı, – o budağın üstünə çıx və səni saxlayana qədər irəlilə! Nəsə tapsan, bizə bildir.

Bayaqdan dostumun dəli olduğuna azacıq da olsa şübhəm qalmışdısa, indi hamısı uçub getdi. Təəssüf ki, onun başına hava gəlmişdi! İndi onu evə necə aparıb çıxarmaq haqqında düşünmək lazım idi. Məni bu fikirdən Yupiterin səsi ayırdı:

– Bu budaqla daha irəli gedə bilmərəm. Qup-quru budaqdı.

– Deyirsən ki, budaq qurudur, Yupiter?! – Leqran uca səslə qışqırdı.

– Hə, böyük Vill, o dünyaya hazırdır!

– Aman Tanrı, bəs nə edək? – deyə, Leqran aşkar narahatlıqla bildirdi.

– Nə edək? – sözün mənə çatması sevinciylə dedim, – Evə qayıdıb çarpayıya girmək! Ağıllı olun, artıq çox gecdir. Həm də siz mənə söz vermişdiniz…

– Yupiter! – mənim sözümə əhəmiyyət verməyən Leqran bağırdı, – Eşidirsən məni?

– Eşidirəm, böyük Vill, niyə eşitməyim ki?

– Bıçağı götür, budağı taqqıldat. Ola bilsin, çox da çürük deyil.

– Əlbəttə ki, çürükdür, – bir az keçməmiş zənci dedi, – cəmi bir az qabağa gedə bilərəm. Amma tək.

– Bu nə deməkdir?! Məgər orda tək deyildin?

– Böcəyi deyirəm. Çox ağırdır. Bunu aşağı tullasam, düşünürəm ki, budaq mənim kimi qoca zəncini saxlayar.

– Qoca fırıldaq! – Leqran bir az da ucadan qışqırdı, – Boş-boş danışma! Böcəyi əlindən buraxsan, boynunu qıraram! Yupiter, eşidirsən məni?

Бесплатный фрагмент закончился.

123,42 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
70 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают