Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Onlar da insandı», страница 5

Шрифт:

– Müsəlman yeməyi dadlıdır, amma arağı insanın mədəsinə həzm etdirmir. İçəcəksən?

İvan:

– Ho, ho! – deyə cavab verdi.

Kala Mala araq şüşəsini oğluna uzatdı. İvan atasının yanına oturdu. Kala Mala ağ kirpiklərini endirib qırmızı yorğun gözlərini bağladı, bir müddət dərin bir düşüncəyə daldı, sonra gözlərini açdı, qalın yumruğunu qəflətən süfrəyə vurdu:

– Bezdim!

Yumruğunu elə şiddətli vurmuşdu ki, masanın üstündə rəsmli taxta qaşıqlar taqqıldayaraq sıçradılar.

İvan başını arxaya atdı, gözlərini bağladı, iki qurtum araq içdi, jaketinin qırağını iylədi:

– Ho, ho! – dedi.

Kala Mala bu dəfə yumruğunu süfrəyə daha hirslə vurdu:

– Bezdim, İvan! Bezdim. Sən?

İvan da atası kimi yumruğunu masaya elə hirsli vurdu ki, bir litrlik araq şüşəsi havaya sıçradı.

– Ho, ho! Mən də bezdim.

– Sən də?

– Ho, ho! Mən də!

– Aaa, demək sən də?

– Sən niyə bezdin?

– Bəs sən niyə bezdin?

Gecənin sərin küləyi dəhlizdə asılı salxımların, çiçəklərin şirin qoxusunu dəhlizdə açıq pəncərələrdən evin otaqlarına götürürdü.

Kala Mala ilə oğlu İvan yan-yana oturmuşdu. İvanın sağ əli atasının boynunda, atasının sol əli İvanın boynunda növbələşə-növbələşə əldən-ələ keçən şüşədən araq içərək, yüksək səslə yalnız özlərinin başa düşdüyü bir şeylər danışır, nəyinsə müzakirəsini edirdilər.

İndi növbə İvanda idi. Şüşəni qaldırdı. İki, üç, dörd, beş, altı qurtum içdi, pencəyinin qırağını iylədi, yumruğunu süfrəyə elə bərk vurdu ki, taxta qaşıqlar taqqıldayaraq süfrədən dəhlizin taxtalarına düşdülər.

– Əvvəlcə sən söylə, niyə bezdin?

– Mən? Mən haa! Mən…

Bu zaman Kala Mala əlini İvanın boynundan çəkdi. Saçını, saqqalını ovuclarına alaraq hönkür-hönkür ağlamağa başladı:

– Mən yol getməkdən bezdim, yol getməkdən! Xolera gəbərtsin məni! Xolera! Getmərəm mən bu müsəlman evdən artıq. Getmərəm. Xolera gəbərtsin məni, İvan, getmərəm!

Qəflətən necə ağlamağa başladısa elə qəflətən də susdu və bir, iki, üç, dörd, beş, altı qurtum araq içdi, başını İvana çevirdi:

– Bəs sən?

İvan bir an səslənmədi.

– Sən?

İvan yavaşca dedi:

– Ho, ho!

Kala Mala təkrar dedi:

– Sən?

İvan çiyinlərini qaldırıb və dedi:

– Bilirəm ki mən…

Araq get-gedə başlarına vurur, gözləri qanla dolurdu, bulanıq nəfəsləri bir-birinə qarışdırırdı, cəhənnəmdən çıxmış zəbanilər kimi Bəkirin dəhlizində, nazlı güllərin yanında oturaraq vəhşi-vəhşi baxırdılar. Kala Mala güldü, barmağını qaldırdı:

– Hişt, İvan!

Başını İvanın qulağına uzatdı:

– İvan! Bu müsəlman torpağına yerləşsək, haa? Olmaz ki, haa? İvan, haa?

– Ho, ho!

– İndi torpaqlar kasıblara keçir. Haa?

– Ohoo, ho!

İvan başını dənizə çevirdi, Ayı Dağa baxdı. Ayın gümüş şüaları altında ağarmış Dərmənkənd təpələrinə baxdı, sonra gözlərini üzünə dikdi, yumruğunu süfrəyə vuraraq dedi:

– Yox, istəmirəm!

Kala Mala da yumruğunu süfrəyə vurdu:

– Niyə?

– Torpaq dərə-təpədir burada… Yollar dar. Pul yox, donuz yox. Donuz olsa belə bu dərələrin içində donuz saxlanıla bilməz. Donuzsuz torpaq kimə lazım?

Kala Mala saqqalını tutdu, bir an düşündü, sonra saqqalının tüklərini qaşıdı:

– Müsəlmanın atını, inəyini, qoyunlarını, keçilərini satsaq on dənə donuz ala bilərik.

İvan da saqqalını tutdu, bir an düşündü, sonra saqqalının tüklərini qaşıdı:

– On beş dənə!

Kala Mala yumruğunu süfrəyə daha hirslə vurdu:

– İyirmi dənə!

İvan yumruğunu süfrəyə ondan da hirslə vurdu:

– İyirmi beş dənə!

Kala Mala ayağa qalxdı, araq şüşəsini ağzına qaldırdı, dibinə qədər içdi. Boş şüşəni dəhlizin qarşısındakı bostana atdı, pencəyinin qırağını iylədi, süfrəyə bir təpik vurdu:

– Əlli dənə!

İvan ayağa qalxdı:

– Donuzu harada saxlayacağıq?

Kala Mala barmaqları ilə saqqalını qaşıdı, dənizə baxdı, sonra əlini qaldırdı, məzarlığın bir ucundan o biri ucuna baxıb, dedi:

– Orada! Orada o ağacları kəsərik. Daşları təmizləyərik, donuzlarımızı oraya salarıq.

Sonra ikisi birdən bir-birinin boynuna sarıldılar, hönkür-hönkür ağlamağa başladılar:

– Bu müsəlman pis adam!

– Ho, ho! Pis adam…

– Çox pis adam!

– Ho, ho! Çox pis adam!

– Amma sən qorxmazsan.

– Ho, ho! Qorxmaram.

– Əlli donuz!

– Ho, ho! Əlli donuz!

Bir az uzaqdan, məzarlıq tərəfində Battal Ənvərin evindən bir köpək hürüşü eşidildi. Səs yavaşdan başlamışdı. Hər halda, Ənvərin köpəyi idi, çünki çox yaxından gəlirdi. Sonra kənddə kəndin, gecənin, insanların hüzurunu pozan kimsələrin olduğunu hiss ediblər kimi bütün itlər hürməyə, daha hirslə hürməyə başladılar.

Hava sakit və küləksiz idi. Səma açıq, buludsuz olduğu halda havada bilinməyən bir sıxıntı vardı. İndi hər evdən gecənin pərdəsini yırtan köpək səsləri gəlirdi. Hinlərdə yuxulu toyuqlar kənddə nə baş verdiyini bilməyərək tez-tez qanad çırpırdılar, hirsli-hirsli sıçrayırdılar. Tövlələrdə o biri heyvanlar da narahat olmağa başlamışdılar. Tənbəl inəklər də oyanmışdı. Başlarını boş yalaqlara uzadıb su axtarırdılar, tapmayınca böyürürdülər.

İnsanlar da oyanmışdı. Heyvanlar bir zəlzələ hiss edib, deyə kişilər dəhlizlərə, bağçalara enirdi, qadınlar balaca uşaqlarını alıb bağlara, açıqlıqlara çıxırdılar, dənizə, yamacın üstünə, dağlara baxırdılar, amma səma açıq, yüksək və buludsuz idi. Dəniz də sakit idi, ay işığında parıldayırdı. Kəndlilər göydə, yerdə görünən bir təhlükə olmadığını başa düşüncə daşlar, çubuqlar, qışqırışlarla səs salan itləri susdurmağa başladılar.

Bəkir də oyanmışdı. Paltarını geyinib dəhlizə çıxdı. Dənizə, yaylanın üstünə baxdı. Amma o da nə yerdə, nə səmada təhlükəyə oxşayan bir şey görmədi. “Tanrı yenə gözəl bir gün verəcək!” – deyə düşündü. Allahın verdiyinə şükürlər etdi. Kala Malanın köməyi ilə sabah tarlanı çatrapı armudlarına qədər qıracağını düşündü.

Köpək səsləri yavaş-yavaş kəsildi. Heyvanlar susdu, toyuqlar sakitləşdi, kənd yenidən köhnə səssizliyə daldı.

Bəkir dəhlizdən endi, tövlə getdi, tövlənin qapısını sakitcə açdı. Kala Mala ilə oğlu yan-yana kirli paltarlarını başlarına çəkib yatmışdılar. Bəkir ürəyində dedi: “Zavallılar, heyvan kimi tövlədə yatırlar!” və qapını bağladı. “Sabah bizim Əsma ilə yaxşıca danışaram. Bəlkə bir az qəlbini yumşaldaram. Onun da qəlbi padşah qəlbi kimidir.”

Birdən yoldan əncir ağaclarının arxasından biri səsləndi:

– Bəkir Ağa, nə olub sənin evində?

– Sənsən, Ənvər?

– Mənəm.

– Nə olub ki? Heç nə.

– Necə heç nə? Bizim köpək sənin evinə baxaraq elə hürürdü ki! Mən əvvəlcə bizim hinə tülkü girdi düşündüm. Sonra zəlzələ gəldi ağlıma…

– İlahi! Bizim evdən tülkü çıxmaz, Ənvər! Çıxsa-çıxsa insan çıxar.

– Yox, Bəkir Ağa, mən səni incitmək istəmədim. Gördüyümü deyirəm.

– Nə gördün? Nə oldu?

– Sənin dəhlizində iki kişi gördüm.

– İnsansız ev olur ki?

– Olmur, amma onlar ruşca danışırdılar. Həm məncə, “Qorxmaram, qorxmaram!” – deyə qışqırırdılar.

– Həə, onlar!

– Kimlər?

– İki zavallı rus. İndidə mənim pəyəmdə yatırlar. Uzun yol gəliblər. Yarı ölü, yarı diri gəlib ayağıma qapandılar. Yatacaq yer deyə yalvardılar yazıqlar.

– Yazıqdılarsa niyə “Qorxmarıq. Qorxmarıq!” – deyə qışqırırdılar?

– Mən nə bilim!

– Amma kimdən qorxmurlar? Kənddə bizdən başqa kim var ki qorxsunlar?

– Bilirəm ki? Birinin adı Kala Mala, birinin İvan! O İvan dünyada heç bir şeydən qorxmaz!

– Soruşmadın Allahdan da qorxmaz?

– Soruşdum.

– Bəs nə dedi?

– “Ho, ho!” dedi

– “Ho, ho!” nə deməkdi?

– Mən nə bilim!

İkinci bölüm

1

Bəkir həyatının ən məsud günlərini yaşayırdı.

O axşam Kala Mala ilə oğlu İvanın işinə yarayıb-yaramayacağından şübhə etmiş, amma indi bu şübhə qəlbindən silinib getmişdi.

Düzdü, rusların Bəkirin yanında yerləşmələrini kəndlilər soyuq qarşılamışdılar. Amma Bəkirin vəziyyətini, köməksiz işin bitirə bilməyəcəyini bildikləri üçün də fikirlərini Bəkirdən gizlədirdilər. Zatən Bəkir rusları iki həftəlik saxlayacaqdı. Amma yenə də Bəkirdən incimişdilər, hələ çoban Səid Əlinin oğulları və Ənvər. Çünki ağır zamanlarında ilk onlar Bəkirin köməyinə gələrdilər.

Bir axşamüstü çoban Səid Əli Ənvərə belə demişdi:

– Bəkir bizim köməyimizi münasib bilmədi, getdi dünyanın, bilmirəm, hansı küncündən bir Kala Mala tapdı gətirdi!

Ənvər Bəkirdən yana çıxmaq istəmişdi, amma Səid Əli susdurmuşdu onu:

– Boş-boş danışma! Bu torpaq müsəlman torpağıdır, yad məmləkətdən gələn ağac, kök tutmaz burada!

Bir neçə gün sonra Battal Ənvər bu söhbəti Bəkirə təkrarlayanda Bəkir çoban Səid Əlidən çox Ənvərə hirslənmişdi. Amma evinə dönərkən yolboyu çoban Səid Əlinin sözlərini düşünmüşdü dərin-dərin. Bir neçə dəfə ürəyində bu sözləri təkrarlamışdı: “Yad məmləkətdən gələn ağac kök tutmaz müsəlman torpağında… Bəkir bizim köməyimizi münasib görmədi.”

Bəkir bu sözləri çoban Səid Əlinin dediyinə inanmırdı. Evinə çatmadan dayandı, peysərini qaşıdı:

“O cingöz Ənvər də az aşın duzu deyil haa! Özü uydurdu bu sözləri. Dur sən, dur! İşləri bitirim, Kala Mala məmləkətinə getsin, Məcik öküz balalasın, göstərəcəm mən sənə Yalta qəhvəsini də! Çağırarsan bir daha sən məni! Dur sən, dur! Çıxardaram sənin gözünü!”

Qəbahəti Ənvərdə tapırdı, amma o gündən sonra Ənvər deyil, çoban Səid Əli idi bir qurd kimi onun içinə girən. Ya kənddə biri çıxıb “kəndə rusları aldın” deyə ondan üz çevirərsə? Bunu düşündükcə tükləri ürpəşir, içi titrəyirdi. Amma kimə ziyanı toxunmuşdu, iki həftə üçün yanına iki saqqallı alıbsa! Sanki bütün kəndi yadlara satmışdı, durub hələ söz edirlər? İki həftə üçün, iki həftə!

“Kimə nə? İstəsəm iki həftə deyil, iki il işlədərəm tarlamda! Torpaq mənim, mal mənim, keyf mənim! İşlərimi gördüm. Kala Mala namuslu, İvan bacarıqsız, amma çalışqandır. Tütünləri uzun ağaclara yaxşı bağlaya bilmirmiş, Ayşənin dediyinə görə! Amma çalışqandı. Həm Ayşə nə bilir, durub aləmə dərs verir. Öyrənər yavaş-yavaş. İkisi də namuslu insanlardı. Kimə zərər etdilər ki? Bərbər Həsən gəlib ikisinin də saçını, saqqalını kəsdikdən sonra onlar da bizə oxşamayacaqlar ki? Oxşayacaqlar! Biz nəyik? Başımız var, ayaqlarımız var, əllərimiz var. Elə onların da var! Düzdü, onlar sünnətli deyil, məscidə getmirlər. Nə olsun? Kilsəyə də getmirlər. Məscidə getmirlər, kilsəyə getmirlər, demək ki, mübah insanlardı! Amma boyunlarında asılı xaç görsəm, bax o başqa! O zaman iş dəyişər! Yox, canım, pis insan deyil bunlar. Başqasının sözünə deyil, öz gözünə inan! Kala Mala, İvan kim olursa-olsunlar, bütün kənd yenə də məni sevər, sayar. Bir it hürməyi ilə bir karvan geri dönməz! Hamısı o Ənvərin işidir!”

Amma bunları Ənvərə deyə bilmirdi, çünki Ənvəri öz oğlu kimi sevirdi. Çoban Səid Əli bu sözləri həqiqətən söylədisə! – deyə düşünürdü, onda o zaman kürəyindən aşağı soyuq bir titrəmə keçirdi. Çünki aranın pozulması, fitnə, fəsad yox idi kənddə. Yeni-yeni oldusa mütləq komolizma kəndə gözə görünməyən cinlər göndərir, bu cinlər məzarlıqda gizlənir, gecələri ortaya çıxıb evlərə dalır, yatan insanların ürəklərinə gizli-gizli soxulurdular.

Bəkir eyni günün axşamı qızını, arvadını götürüb çoban Səid Əlinin evinə qonaq getməyi düşünmüşdü, amma onu bu fikrindən Əsma daşındırdı:

– Səbr et! İşlərin qızğın vaxtında qonaqlıq olmaz, ayıbdır. İşlər bitsin, Ayşəni götürüb gedərik.

Bəkir arvadının haqlı olduğunu düşündü, amma uzun saçlıların kişidən daha ağıllı olduqlarını düşünməməsi üçün:

– Dur indicə gedək, demədim ki! – dedi, – Gözləyək, işlər bitsin, mən Yaltaya gedib oğlanlarına xırda şeylər alım, elə gedərik!

Bunu ikisi də uyğun gördülər. Ayşə də çoban Səid Əli gilə gedəcəkləri günü səbirsizliklə gözləyirdi…

Kala Mala ilə oğlu İvan Bəkirə namuslu, yaxşı insanlar kimi görünürdülər. Tövlə yerləşdikləri gecənin səhəri Bəkir çox tez qalxmışdı. Geyinib, çarıqlarını bağlayıb dəhlizdə dayandığı zaman səma yeni ağarmağa başlamışdı, göyü xallı edən ulduzların çoxu sönməmişdi. Bəkir dəhlizin kənarında dayandı. Sinəsini qabartdı, səhərin sərinliyinə qarışan, insanı sərxoş edən güllərin qoxularını içinə çəkdi, güldü, təkrar sinəsini qabartdı, yumruqlarını polad kimi qatı, sağlam hiss etdiyini sinəsinə söykədi.

Səhərin bu dəqiqələrində o, qoca bir kəndli deyildi. Bir gənc idi, sevən, sevilən bir gənc! Dünənki xəstə bu səhər qəflətən dərmanını tapmışdı, illərdir gözlədiyi taxtına çıxan bir şah, bir pəhləvan idi, enəcəyindən əmin bir pəhləvan! Çünki bilirdi ki, bu gün İvanın köməyi ilə dünən buraxdığı yerdən tütünləri qırmağa başlayacaq, Günəş Ayı Dağın üstünə gəlmədən çatrapi armudlarına qədər bitirəcək, tarlanı təmizləyəcəkdi. Bundan əmin idi, əmin olmaq elə xoş bir şeydi ki!

Bəkir dəhlizin ağac pilləkənlərindən endi, tövləyə tərəf getdi, amma hələ tövləyə çatmamışdı ki, Əsma çıxdı dəhlizə. Səsini ərindən başqa kiminsə eşitməsini istəmirmiş kimi yavaş bir səslə:

– Bəkir, bura gəl! – dedi, sonra dərhal yandakı otağa girdi.

Bəkir arvadının hərəkətini anlaya bilmədən Əsma əlində böyük bir qazan pilləkənlərdən endi. Bəkirə heç baxmayaraq bostanın kənarındakı çınqıl döşənmiş yoldan getdi, düz əncir ağaclarının yanındakı daş divara çatdı.

Arvadının nə edəcəyini hələ başa düşməyən Bəkir qah arvadına, qah qazana baxırdı, belə səhər-səhər arvadının evdən bu qazanı nə üçün çıxardığını düşünürdü. Əsma hər səhər olduğu kimi canlı idi bu səhər də! Tez-tez evə girib çıxırdı, evdən bəzən bir qutu, bəzən bir qab, bəzən kibrit, bəzən də qucaq-qucaq quru budaq daşıyıb divarın dibinə yığırdı. Bostanın kənarındakı yolda gedərkən də boynuna, sinəsinə sallanmış dağınıq saçlarını darayardı, hörürdü, hörüklərini arxasına atırdı.

Bəkir isə düşünürdü. Arvadı ya əlində, ya qoltuğunda bir şeylə evdən çıxdıqca Bəkir peysərini qaşıyırdı, arvadına baxırdı: “Bizim arvada nəsə olub bu səhər!” – deyə düşünürdü. Çünki başa düşə bilmirdi arvadının məqsədini. Başqa evə köçürdü, Bəkiri buraxıb gedirdimi? Niyə?

“Qadın xeylağının işini bilsə-bilsə, şeytan bilər!” – deyə əlini sallayaraq tövlənin qapısına tərəf getmək istəyirdi ki, arxadan təkrar Əsmanın səsi eşidildi:

– Ey, Bəkir, dayan!

Bəkir dayandı, arvadına tərəf döndü, eyni sağlam və gür səslə arvadına səsləndi:

– Qiyamətə qədər duracaq burada! Kala Malanı oyatmaq lazımdır. Günəş doğmadan qırmağa başlasaq günortaya, bəlkə, çatrapi armudlarına çatarıq.

– Burax Kala Malanı!

– Həə, nə dedin?

– Burax Kala Malanı, dedim. Görmürsən etdiyin işi?

– Görürəm! Evdə qab-qacaq buraxmadın. Qazanlarıda daşıyırsan divarın dibinə. Sanki İvanın sünnət günüdür. Bütün kənd xalqına aş bişirməyi düşündün?

– Bağla ağzını! Kafirin pis yerindən söz etmə mənə Allahın bu təmiz səhərində. Onları yuyub təmizləmədən bağıma, bağçama su vermərəm!

Bəkir arvadının məqsədini açıqca başa düşməməklə bərabər sözü daha uzatmayaraq tövlənin qapısına getdi. Amma qapıya çatmadan təkrar səsləndi:

– Sən get tarlaya, tütünləri qırmağa başla! Atı və səbətləri Ayşə gətirər.

Bəkir təəccüblənərək soruşdu:

– Bəs Kala Mala?

Əsma ərinə yaxınlaşıb qarşısında dayandı, gözlərini ərinin üzünə dikdi. Əlini qaldıraraq təpəsi qara kölgələrin altından çıxmış, bayırlardakı bağ və bağçaların əbədi gözətçisi kimi dəniz kənarında duran yüksək böyük Cənəviz qalasını işarə etdi:

– Bu Cənəviz qalasını görürsən?

– Kor deyiləm!

– Bilirsən, neçənci ildən bəri dayanır o qala orada?

– Yaxşı, qadın, sən ağlını itirdin bu səhər? Neçənci ildən dayanırsa, dayansın da, Cənəviz qalasından mənə nə?

– İki min ildən çox dayanır orada.

– Sənin nəslində Cənəvizlidi deyəsən, Cənəvizcə danışdığına görə!

– Bəlkə! O qala şahiddir bu işə. Yeddi göbəkdən bəri mənim bağıma-bağçama Kala Mala qılığında insan ayaq basmamışdı. Mən indi qoyaram ki bassın? Öldüyüm gün mənim şirin canım sənin evindən çıxmadan atam məzarından qalxıb gələr, əlimdən tutub məni düz cəhənnəmə aparar. Vallah, billah, saçlarımdan tutub məni cəhənnəm atəşinə atar…

– Sən…

– Demə elə! Atam gəldi ağlıma anamla. İkisi də qan ağladı səhərə qədər. Gözlərindən tökülən qanlara atamın ağ saqqalı qırmızı oldu. Anam da saçlarını yolaraq başını torpağa vururdu. İkisi birdən: “Xeyirsiz övladlar, xeyirsiz övladlar!” – deyə qışqırırdılar, “Bu pis insanları ata torpağına götürdünüz, xeyirsiz övladlar!” – deyə qışqırıb saçlarını yolurdular.

– Amma gecə sən deyildin…

– Sonra birdən-birə yeddi qat yerin dibindən süd kimi ağ bir at çıxdı. İkisi birdən-birə o ağ ata oturub havaya qalxdılar, sonra birdən-birə iki parça bulud oldular. Sonra bir külək qopdu, anam-atam buludların üstündə uçaraq Cənəviz qalasının üstünə qondular, oradan mənə baxaraq yumruq görsətdilər, qəflətən gözdən itdilər.

– Yaxşı düş… Ata minən muradına çatar.

– Bəlkə çatar, bəlkə çatmaz. Amma sən Kala Malanı burax.

Bəkir iki addım geri çəkildi:

– Canım, danışdırma məni. Yuxuna da, sənə də!

Əsma hirsləndi:

– Ağzını bağla!

– Canım, sən deyildin “götür yanında tütünləri qaldırmağa kömək etsinlər” deyən?

– Mən idim.

– İndi nə oldu?

– Yenə də deyərəm.

– Daha nə?

– Amma qoymaram onlar elə tövlədə yatsınlar. Qoymaram pis ayaqları ilə gəzsinlər tarlamda. Sən indi get, qırmağa başla. Mən divarın dibində alov yandırıram, Ayşə qız da çeşmədən su daşıyar. İsti su ilə çirkli dərilərini yusunlar əvvəlcə. Bütün günü rahat olsunlar, sabah səhər işə başlayarlar. Madam ki, götürdün yanına, əvvəl insana bənzət ikisini də. Amma tarlaya gəldikləri kimi girsələr, kəsilər torpağın bərəkəti, vallahi-billahi!

Bəkir arvadının məqsədini ancaq indi başa düşdü. Həm də çox düz deyirdi arvadı. Ayaqlarında, qollarında Rusiyanın bütün pisliyi ilə tarlaya girib Bəkirin tütününü qıra bilməzlər, əlbəttə. Atı da Kala Malanı o halda görsə, bəlkə, yanında getmək üçün inad edəcəkdi. Düzünü deyirdi arvadı, həm də çox ağıllı idi, insanı aldatmaq üçün min dəridən su gətirərdi. İndi Cənəviz qalasından tutmuşdu, söz uzansa nəslinin Cənəvizlilərdən olduğunu da inandırardı insana.

Bəkir arvadının haqlı olduğunu başa düşüncə söhbəti qısa kəsdi, əlini salladı:

– Evdə kişi varkən uzun saçlı komandanlıq edərsə, hər əskikliyi gözlə, Bəkir! – deyib kəsdirməyə tərəf getdi, yola çıxdı, əncir ağaclarına çatmadan başını çevirdi, arvadına baxdı, özü-özünə, “Düzünü dedi qadın. Düz sözə səhv deyə bilmərəm!” – deyib tarlasına getdi.

2

Əsma da ərinə izah etdiyi kimi etdi. Böyük qazanı divara asdı, altında ocaq yandırdı. Ayşə qalxdı, çeşmədən su daşıdı, sonra tövləyə getdilər. Kala Mala ilə İvanı oyatdılar. Təmizlik başladı.

Və o səhər kənd qadınları, uşaqları ilk dəfə rus gördülər. Qadınların, qızların, uşaqların bir çoxu divarların, damların üstündən rusları seyr edirdilər. Kala Malanın saqqalını qəribə hesab edən uşaqlar arxasından qaçırdılar, kənddən çıxana qədər arxasından ayrılmırdılar.

Amma bir axşamüstü Əsma bərbər Həsəni evinə çağırdı. Həsən gəldi. Əvvəlcə Kala Malanı, sonra İvanı köhnə kötüyə oturtdu, bir saat içində saçlarını, saqqalını kəsib də insan qılığına saldı. O gündən sonra uşaqlar arxalarına düşmədilər, çünki artıq insana oxşayırdılar.

Günlər keçdikcə rəngləri, üzləri, hətta yerişləri və hərəkətləri dəyişirdi. İvanın bədəni kökəlirdi, qolları, biləkləri qalınlaşırdı, gözlərindən alov çıxırdı, ağ üzü tunclaşıb qızıl kimi parıldayırdı. Təkcə danışmağı bacarmırdı yaxşı. Bəkir onu neçə dəfə danışdırmaq istəsədə, “ho, ho”dan başqa bir cavab almamışdı. Bəkir İvanın səssizliyini, baxışlarını, hoo deməsini arvadına deyincə: “Sən onun hohosunu nə edəcəksən? Çalışqan olsun, qalanına fikir vermə!” – deyirdi Əsma.

İlk həftə Bəkirin işi tam istədiyi kimi getdi. Çatrapi armud ağaclarına qədər Bəkir özü qırdı tütünləri, armudların sonrasını İvana buraxdı. Kala Mala atı arana aparıb gətirirdi, İvan da tütünləri qırırdı.

Bəkir indi evi ilə məşğul ola bilirdi. Evin damını bərpa etdi, kif tutmuş kirəmitləri dəyişdirdi, pəncərələrin çərçivələrini yaşıl rəngə boyadı. Ara-sıra tarlaya gedib İvanın işini gözdən keçirməyə, sahələrə çıxıb tütünlərin uzun ağaclara düzülməsində arvadı ilə Ayşəyə kömək etməyə də vaxt tapırdı.

Həftə bitmədən tarlanın tütünləri qırılıb qurtardı. Sonra tütün saplarını torpaqdan çıxardılar, dərə başında toplayıb yandırdılar, beləcə tarla tam hazır, quru, təmiz oldu.

İkinci həftə aranın qarşısındaki iki illik kübrə də tarlaya daşındı, tarlanın aşağı hissələrinə səpildi. İndi Bəkir sinəsini iftixarla qabarda bilirdi, səbəb var idi çünki!

Amma çox çəkmədi. Bəkirin evinə gizli bir uğursuzluq girməyə başladı. Əvvəlcə Məcikdə hiss olundu bu. Heyvanın südü günü-gündən azalırdı. Bir axşam Əsma ancaq qabın dibini örtülə biləcək qədər süd sağa bildi. Bir axşamüstü Ayşə Məciki çobandan götürərkən Topuzlu çeşmə başında qoca çoban Səid Əliyə rast gəldi. Səid Əli atasının xətrini soruşdu. Ayşə cavab verdi. Amma Məcikin südünün kəsildiyini deməyə başlayınca Səid Əli dedi:

– Heyvana Kala Malanın nəzəri dəydi. Atan rusları evdən qovsa heyvanın da südü çoxalar.

Ayşə:

– Məcikin nəzər muncuğu var! – dediyi zaman çoban Səid Əli Ayşəyə dik-dik baxdı.

– Rus kafirin gözünə nəzər muncuğu belə çatmaz! – deyib qışqırdı.

Həmin o axşam Ayşə bunu atasına təkrarladığı zaman Bəkir çox hirsləndi. Qaranlıq düşənə qədər əllərini arxasına qoyub dəhlizi bir ucundan o biri ucuna gəzdi, dayandı: “Vallahi billahi mənim dəli damarıma basdılar, qan beynimə doldusa gedib təpələrini əzəcəm!” – deyə diş gıcırdatdı.

Amma hələ ertəsi gün Səid Əliyə hirsi keçmədən Bəkirin peysərində bir çiban çıxdı. Kala Mala Ənvərin evinin yanından keçib gedərkən Ənvərin beş yaşındakı oğlu damdan düşdü, alnı qoz boyda şişdi. Bəri yanda Əsma da: “Divar dibində iki balqabaq qurudu birdən-birə!” – deyə tutdurmuşdu.

Böyük Günəş Roman Koşunun arxasına hələ gizlənməmişdi ki, Ayşə Məciklə bərabər kəndə girirdi. Heyvan ağır-ağır gedirdi, üç-beş addımdan bir dayanırdı, başını uzadıb böyürmək istəyirdi, böyürmürdü, gözlərini Ayşəyə çevirib kədərli baxışlarla bir müddət Ayşənin üzünə baxırdı, yenə ağır-ağır irəli getməyə davam edirdi. Ayşə heyvanın halsızlığını gördüyü üçün heç tələsmirdi. Bəzən Məcikin önünə keçirdi, bir az irələyirdi, Məcik dayanınca dərhal geri dönürdü, heyvanın başını oxşayırdı, sonra yenə ağır-ağır getməklərinə davam edirdilər.

Ayşə uzun ağaclara yaxınlaşanda kölgələr səssizcə bayırları bağlayırdı, alçaqlarda qalan evlərin lampaları yanırdı, köhnə quyuların ətrafında sazlıqlarda qurbağalar quruldayırdı. Mavi rəngli səma qaralırdı və ulduzlar parlamağa başlayırdı. Tarla yollarında çoxdan insan görünmürdü, kənd küçələri də boşalmışdı. Qızıldaşın üzərinə gecənin sakit, yüngül qanadları enirdi, hər yer gecəyə bürünürdü.

Kala Mala axşamdan tövləyə girmişdi, indi daş kimi yatırdı. İvan köhnə kötükdə oturmuşdu, siqaret çəkirdi, Bəkir isə arvadı ilə dəhlizdə səbirsizliklə Ayşəylə Məciki gözləyirdilər.

Amma heç birinin gözünə nə Ayşə, nə Məcik dəyirdi, buna görə də hava qaraldıqca ikisi də narahat olmuşdular, bir-birlərinin üzünə baxırdılar, sanki bir-birlərindən soruşurdular: “Nə olub? Haradadılar? Niyə hələ gəlməyiblər?”

İnsanlar dəhlizlərində, heyvanlar tövlələrində, toyuqlar hinlərində, yollar, küçələr, uçurumlar səssizlik içində ölü kimi idilər. Yumşaq qanadları ilə kəndin üzərinə çökən tilsimli gecə Bəkirin Əsmanın qəlblərinə soxulurdu, kinayə ilə sanki belə deyirdilər: “Qızınızı Rəmziyə layiq görmədiniz də, baxın necə sizi buraxdı, qaçdı. Görə bilmərsiniz bir daha Ayşəni!”

Amma buna nə Əsma inanırdı, nə də Bəkir! “Topuzlu çeşmə başında Rəmzi ilə bir az danışdısa bundan nə çıxar?” – deyə düşünürdülər, özlərini bununla təsəlli edərək Ayşəni gözləyirdilər.

Ayşə isə gəlmirdi. Məcik də yox idi. Məcik haradasa Ayşə də orada olacaqdı. Bəkir bir neçə dəfə məhəllə başına qədər getdi. Ayşəni və Məciki axtardı, tapmadı. Çoban Səid Əlinin oğulları bilməsələr kimsə bilməz, deyə düşünərək Səid Əlinin evinə qədər getdi. Amma evə girməyə, Səid Əliyə görünməyə cəsarət etmədi.

Evinə gəlirdi, döndü. Heyvan huysuzluq etdi və başqasının bostanına girdi deyə düşünərək bostanlara getdi. Bağçalarda, tarlalarda axtardı, heç bir yerdə tapmadı.

Qaranlıq yaxşıca hər yanı bürüdü, alnındakı təri sildi, bir siqaret yandırdı, “bəlkə, başqa yoldan evə getdilər” – deyərək o da evə tərəf getdi.

Ay işığı havanı aydınladırdı. Arabir dayanıb yol kənarındakı daş divarlara çıxırdı, tarlalara, bostanlara göz gəzdirirdi, amma heç bir yerdə qızını və heyvanını görə bilmirdi.

Ancaq evinə yaxın bir yerdə heyvanın ayaq izlərini gördü, diz çökdü, kibrit yandırıb izlərə baxdı. Üç addım qabaqdan da burnuna təzə kübrə qoxusu gəlirdi. Atəşini kübrənin üstünə tutdu, diqqətlə kübrəyə baxdı. İzlərlə kübrənin Məcikə aid olduğuna şübhəsi qalmamışdı. Kübrə təzə idi, hələ dumanlanırdı, demək ki heyvan bir-iki dəqiqə öncə getmişdi. Bəkir Məciklə Ayşənin evə bu qədər gec gəlmələrini çox qəribə sanırdı. Çox düşünmədən addımlarını sürətləndirib, evə tərəf getdi. Tələsirdi, həyətə girən kimi Ayşəni sorğuya çəkəcəkdi. Ayşə Topuzlu çeşmə başında Rəmzi ilə rastlaşdısa desə, vallah-billah, qayışını çıxarıb döyəcəkdi qızı.

Amma məsələ heç də Bəkirin zənn etdiyi kimi deyildi. Evinə yüz addım qalanda, kəsdirmənin yanında üç-beş insan kölgəsi ilişdi gözünə. Alçaq divarın arxasında da bir fənər işığı gördü, həyətdən qulaqlarına tək-tük kəlmələr, səslər gəlirdi. Öncə: “Bizim arvad birinin suyunu kəsdi deyəsən. Millət də bizim bostanın başına toplandı, su davası edirlər” – deyə düşündü. Amma bu düşüncəsindən dərhal imtina etdi.

Çünki Əsmanı dəhlizdə qoyub çıxarkən arvadının bostanı sulamaq niyyətində olmadığını xatırladı. Məciklə Ayşəni gözləyərək bostan sulamazdı! Hər halda, başqa bir şey vardı, amma nə?

“Bəlkə erməni satıcı gəlib, yaxud saqqızçı. Açıb səbətini bizim həyətdə, toplayıb milləti başına. Bir saqqız parça alış-verişidir gedir” – deyə düşündü Bəkir. Ya da başqa bir şey. Çünki həyətdən gələn səslər bazarlığa bənzəmirdi. Bəli, nə satıcı idi, nə də su duası. Çünki kəsdirmənin yanında duranlardan birinin Battal Ənvər olduğunu seçmişdi. Ənvər də Bəkiri gördü uzaqdan, kütləni yarıb çıxdı, əlini sallayıb qışqırdı:

– Bəkir Ağa, tələs, sənin Məcikivə nəsə olur.

Bəkirin bel sümüyündən soyuq bir titrəmə keçdi, ürəyini bir şey sıxdı, birdən-birə dizində taqət kəsildi. Qorxusunu sakitləşdirmək istədi, bəlkə də Ənvər başqa bir şey deyər, qəlbini yumuşadar ümidi ilə səsləndi:

– Nə olub bizim Məcikə!

– Necə! Heyvan…

Ənvər sözünü bitirmədən divarın arxasında səslər eşidildi. Ənvər kütləni yarıb Bəkirin həyətinə girdi. Bəkir dayandı, titrəyən əli ilə peysərini qaşıdı.

– Ənvər də bağırır! Polis kimi. Çıxdı ortaya, Məcikə bir şey oldu deyə. Nə olar mənim Məcikimin südü azacıq kəsildisə…

Lakin evinə çatmamışdı ki, Ayşənin kütlənin arasından əllərini başına vuraraq, ağlayaraq ona tərəf qaçdığını görüncə, titrəməyə başladı. Məcikin bir fəlakətə düşdüyünü artıq şübhəsi qalmamışdı.

Ayşə qaçaraq gəldi, atasının sinəsinə bağlandı.

– De görüm ağlamadan.

Ayşə qəhərlənərək:

– Məcik ölür, atacan! – dedi, – Heyvana nəsə oldu, ölür. Boğazına sarımsaq tökdük, duz tökdük.

Ayşənin bu xəbərinə Bəkir ildırım vurmuş kimi oldu. Hər bəxtsizliyi düşünə bilərdi, amma Məcikin ölümü…

Ayşə ağlaya-ağlaya təkrar evə qaçdı. Bəkir olduğu yerdə dayanırdı, nə edəcəyini bilmirdi. Əlini ombasına vurdu, boğazı tıxandı, gözləri doldu, boğularaq:

– Hay anasını! – dedi, – Bəlanı da Tanrı sanki yalnız mənim üçün yaratdı bu dünyada.

Olduğu yerdə çöməlib başını ovuclarına almaq, ağlamaq istədi, amma kəsdirmənin yanında dayanan millətin gözü Bəkirə dəydi.

– Hay anasını! Qızıl kimi inək idi! Allah bunu da əlimizdən aldı, həm də təzə aparmışdım Rum öküzünün yanına. Öküz balalayacaq deyə sevinərkən indi inəksiz qaldıq. Hay anasını!

Başını sinəsinə əydi, ayaqlarını sürüyə-sürüyə evinə tərəf getdi. Kəsdirmənin yanında dayananlar Bəkirə baxaraq nəsə danışırdılar, amma Bəkir başa düşmürdü, səslərini eşitmirdi belə. Qulaqlarında bir uğultu vardı, içində bir əzab. Evinə könülsüz girdi.

– Hay anasını! Komolizmadan betər oldu bu… İnsan inəksiz qalacağına komolizma gəlsəydi, daha yaxşı olardı! Evdə qadın başçılıq edəndəə belə olar. Malın, mülkün əriyib gedər. Hay anasını! Məcik də yaxşı inək idi!

Bəkir evə yaxınlaşırdı. Kəsdirmənin yanındakı insanlar Bəkirə baxırdılar, Bəkir isə heç bir şey görmürdü.

Boğazındakı qatılıq xirtdəyini sıxdıqca başını yumruqlayıb ağlamaq istəyirdi, bunu edə bilməyincə də yanırdı. Bir an insanlara baxdı:

– Millət toplandı bizim evin başına. Yox bir, sabah axşam hamınız da təzə ətli lobya şorbası yeyərsiniz süfrənizdə. Yox bir, ayın son çərşənbəsi kimi kimə zərər, kimə yarar. Hay anasını! Bizim mülk qarət oldu el aləmə!

Bəkir kütləyə yaxınlaşdı. İnsanlar yol açdılar, Bəkir həyətə girdi. Solda kübrələrin üstündə Məcik uzanılı haldaydı.

Ayşə ovucları ağzında hönkür-hönkür ağlayırdı. Əsma ilə Battal Ənvər diz çökmüşdülər. Ənvər Məcikin başını qaldırmış, ağzını açmışdı. Əsma əlindəki çanaqdan Məcikin boğazına şoraba deyilən duzlu sudan tökürdü.

Əsma ərini görüncə duz çanağını əlindən düşürdü, birdən yerə çökdü, başını ovuclayıb ağlamağa başladı. Kəsdirmə arxasındakı insanlar maraqla önə tərəf əyildilər: “Heyvanın son nəfəsi gedir, çarə yox, can verir!” – deyə pıçıldadılar.

Battal Ənvər Məcikin başını yavaşca yerə yatırdı. Heyvan başını bir az da uzatdı. Bəkir arvadının ayağının ucunda duran fənəri aldı, Məcikin başına tərəf tutdu. Məcik sahibindən imdad və mərhəmət gözləyən kimi başını çevirdi, duman basmış, kədərli gözlərlə Bəkirə baxdı. Bəkir fənəri yerə buraxdı, qaşqabağını tökdü: “Mən çəkim çəfanı, ellər sürsün səfanı!”

Sonra arvadının yanına çöməldi, başını ovuclarına basdırdı:

– Hay anasını… Amma da zalım olur Tanrı cəzası! Bir inəyimiz var idi, onu da çox gördülər bizə. Hay anasını!

Battal Ənvər inəyin ətrafında dolanarkən düz uzun ağaclarının arxasından səslər eşidildi:

– Heyvana bir az öz südündən içirdin, damarını kəsin qarnının altından. Bəlkə qanı fışqırar.

– Qanı fışqırarsa, bəlkə, qurtular heyvan.

– Sarımsaqlı su içirdin heyvana!

– Soyun heyvanı gec olmadan…

– Çoban Səid Əlini çağırın, o bilər.

– Çoban Səid Əli kömək edə bilməsə heç kim kömək edə bilməz.

Battal Ənvər Bəkirin yanında dayandı. Əyildi, Məcikin gözlərinə bir daha baxdı. Bəkirə dedi:

– Bəkir Ağa, üzülmə elə, canım, heyvan hələ ölməyib!

– Ölməyibsə bir az da gözlə, ölər.

– Canım, bir çarə tapmalıyıq.

– Necə çarə?

– Damarı açın. Qan fışqırınca, bil ki, heyvan qurtular.

– Get işinə sən də! Boş-boş danışma, bilirəm mən işimi!

– Mən boş-boşuna danışmıram. Amma dedim, yenə də deyərəm, heyvanı çoban Səid Əli kömək edə bilməsə, heç kim kömək edə bilməz.

– Onun bildiyi qədər biz də anlayırıq heyvandan. Sən bizi kosa hesab eləyirsən?

– Ey, hirslənmə, Bəkir Ağa! Vallah, insanı köpək yerinə belə qoymursan sən. Nə desəm uçurdursan sözümü havaya alman topu kimi. Mən sənin yaxşılığını istəyərək gəldim bura. Vallah, yeməyimi yemədən gəldim, amma yeməyimi də zəhər etdin mənə! Nə etdim ki belə danışırsan?

Gənc Ənvər çox hirslənmişdi. Əlini tez ombasına vurdu, həyətdən dərin səssizlik içində çıxıb evinə getdi. Ənvərin bu acı sözlərinə Bəkir heç də fikir vermədi.

Бесплатный фрагмент закончился.

186,12 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
400 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают