Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Onlar da insandı», страница 2

Шрифт:

Bəkir Ağa ocağın yanındakı uzun ağ tüklü keçi dərisinə oturdu. Danışmırdı, qızına belə baxmırdı. Ayşə asta səslə dedi:

– Yorğunsan, ata!

– Dünya qədər yol getmişəm. Günəş də əməlli-başlı yandırdı bu gün. Sən sahələrə getdinmi?

Ayşə atasının qarşısına diz çökdü, Bəkir Ağanın çarıqlarını çıxardaraq:

– Xeyr, – dedi, – mən getmədim, anam getdi.

– Səid Əlinin oğulları kömək etməyə çıxmışdılar bizim sahələrə, eləmi?

Ayşə başını qabağa əydi, yavaşca cavab verdi:

– Bəli, ata. Xatırlamağa gəlmişdilər. Öz işləri çox geridəymiş.

– Elədir. Çox şükür. Öz tütünləri tarlada yatarkən bizə köməyə gəlməzlər ki!

– Böyükləri Rəmzi deyib ki, Ağama deyin, onu köməksiz buraxmarıq.

– Eləmi? Rəmzi…

Əlində qablar, ağac qaşıqlarla otağa Əsma girdi. Ayşə atasının çarıqlarını çıxartmışdı. Əlində çarıqlar dəhlizdə gedərkən, Bəkir Ağa qızının boyuna, buxununa, çiyinlərinə baxıb, düşündü: “Bəlkə də vaxtı gəldi verməyə”.

Əsma ərinin üzündə bir şeylər oxumuş kimi, Ayşənin çıxdığı qapıya tərəf baxdı, qızının dəhlizdə olduğuna əmin olunca üzünü ərinə çevirdi:

– Sən kefsiz qayıtdın bu axşam!

Bəkir Ağa bir an cavab vermədi, nədən bəhs edəcəyini heç yaxşı bilmirdi. Sözə Battal Ənvərdən eşitdiklərindən başlayacaqdı, amma bu fikrindən dərhal imtina etdi. “Uşaq-muşaq laqqırdısıdı bu! Ayşənin ağılında ər yoxdu hələ!” – deyə düşündü.

Əsma Ayşə dəhlizdən otağa gələr deyə qapıya təkrar bir göz atdı, sonra ərinin üzünə baxaraq asta səslə soruşdu:

– Yəqin, rum öküzündən məmnun qalmadın?

– Onu get inəkdən soruş, mən nə bilim!

Əsma əlini ağzına qoyub qısaca güldü:

– Of, qırx beş yaşlı insanın dediyinə bax!

Amma bu kiçik və günahsız söz ürəklərinə dolmuş dərdli axşamın çətinliyini sanki yumuşaltdı. Bəkir bütün günü isti Günəşin altında inəyinin arxası ilə gedərkən hələ arvadının da evdə onu həsrətlə gözlədiyini düşündü, yorğun vücudunda şirin ürpərtilər hiss etdi. İndi qızını unudub gülən gözlərilə arvadının üzünə baxırdı:

– İnəyin işi öküz ilə, bizim işimiz…

Əsma ərinin nədən danışdığını anlamağa vaxt tapmadan, Ayşə əlində mis ləyənlə otağa girdi.

– Bizim işimiz tütünləri tarladan yığmaq!

Bəkir Ağa indi ciddiləşmişdi. Gah arvadına, gah qızına baxır, sinəsini qabartaraq danışırdı.

– Mən səhər erkən qalxım. Allahın iznilə dərə başından başlar Günəş Ayı Dağın zirvəsində olmadan armudlara qədər çıxaram. Ayşə də səninlə sahələrda qalsın. Atın yanında getməyə hacət yox. Battal Ənvər bizim tarlanın yanından keçir. Öz uzunqulağı ilə bizim atı da idarə edər. İndidən gedib qonşulara yalvarmaqdansa əvvəl əlimizdən gəldiyi qədərini özümüz edək. Bitirsən nə əla! Yəni bacardığımız qədər, sonrasına Allah kərimdi!

Bəkir Ağa yanında ayaqda dayanan gənc sağlam qızına baxdı. Qızının özünü cahil bir kəndli hiss etməməsi üçün, bəlkə də qızı ilə arvadının yanındakı etibarını yüksəltmək məqsədi ilə:

– Biz zəngin deyilik, əlimizdə nə var? – deyərək, sonrada Molla Rəcəbin sözlərini əlavə etdi, – Yədullah leysə lil-insani illa mə sea!

Atasının başa düşmədiyi bu sözləri Ayşənin çox xoşuna gəldi. Dirsəklərinə qədər çəkilmiş ağır qalın və çalışqan əllərinə qabdan su tökərkən soruşdu:

– Mənasını deyərsən, atacan?

– Yedullah, yəni Allahın qüdrəti. Biz kəndlilərin çalışmaqdan başqa çarəmiz yoxdur, qazandığımıza şükür etməliyik.

– Kommunizm kimi desən, ata!

– Komolizma?

– Komolizma yox, ata, kommunizm!

– Eeeh, komolizma olsun! Amma komolizmanı ruslar uydurublar. Madam ki, ruslar uydurublar, bizim millət uymaz.

– Xeyr, ata, kommunizmi ruslar deyil, almanlar çıxardıblar. Kommunizmin atası Karl Marksdır.

Bu arada Əsma da sözə qarışdı:

– Dünya qədər yeni şeylər öyrəndi bizim Ayşə! Bax, səni belə susdurdu. Kala Malanın nə olduğunu bilirsən sən? Əlbəttə, bilməzsən!

– Bilirəm.

– Nə bilirsən!

– Bilirəm dedim sənə!

– Ellezi halâk-al-mevte ve-l-hayate… Sən bunu bilirsən, amma Kala Malayı bilmirsən.

Ayşə başını arxaya atdı, bir qəhqəhə çəkdi:

– Ay ana, Kala Mala deyil, Karl Marks!

– Aman, aman, dilim dönmür, Kala Mala olsun!

Ayşə əlindəki dəsmalı atasının dizinə qoydu, ləyəni götürüb dərhal dəhlizə çıxdı, əlində bir qəzet tez geri qayıtdı. Masadakı lampanı atasının yanına yerləşdirib, qəzeti açdı:

– Bax, ata, Karl Marksın şəkili.

– Bax, dedim axı sənə, rusdur!

– Rus deyil, ata!

– Rusdur, rus! Mən tanımıram ki?

– Ayşədən yaxşımı biləcəksən?

– Bilirəm.

– Amma almandır.

– Saqqalına bax! Almanda belə saqqal nə gəzir? Rusdur, vəssalam.

– Xeyr, atacan. Vallahi, almandır. Özüm oxudum.

– Tövbə de! Qəsd etmə! Almandan belə komolizma kimi şeylər çıxmaz. Saqqalından başa düşdüm mən… Ya rusdur, ya yəhudi.

Bu söhbət daha çox uzanacaqdı, əgər Əsma böyük bir qabda buğlana-buğlana ətli paxla şorbasıyla otağa girməsəydi:

– O Kala Malaları buraxın indi, keçin ətli paxlanın başına! Biz kasıbların qarnını nə Kala Mala doyurar, nə də komolizma. Yeməyinizi yeyib Allahın verdiyinə şükür edin. Torpağımız var, suyumuz var. Nə lazım daha bizə?

Artıq otağı örtmüş axşamın kölgələri ilə sarılı, lampa işığına toplanmış otururdular, süfrədə dumanı üstündə paxla çanağı dururdu. Üçü də pıçıltı halında bir-bir “bismillah” deyərək yeməyə başladı. Yeməklərini səssizcə yeyib, ata torpaqlarına baxan kimi iftixarla süfrələrinə baxır, yorğunluqlarını gizləyərək Allahın verdiyinə şükür edirdilər…

2

Səma ağarmağa başlamışdı. Ayı Dağının təpəsi duman içindən çıxmış bir gəmi kimi görünürdü, səhər yavaş-yavaş torpağa enir, dənizə uzanan evlərin damları qara kölgələrdən qurtularaq ağarırdı.

Bəkir dəhlizə çıxanda dənizi samaya bağlayan bənövşəyi üfüqdə parlaq bir ulduz keçən gecəni uğurlayıb, gələn səhəri salamlayır, hələ də parıldayırdı. Amma onun da parıltısı çox davam etməyəcəkdi, çünki Ayı Dağın arxasındakı qızarmış üfüqdən Qızıldaşın tütün tarlalarına, çəmənlərinə, evlərinə gözəl səhər gəlirdi.

Bəkir Ağa yeməyini yeyən kimi yatmasına baxmayaraq oyanmış, yataqdan gücbəla ilə qalxmışdı. Battal Ənvərdən eşitdiklərini heç düşünmədiyi halda ürəyində bir sıxıntı hiss edir, dünən getdiyi yolun bütün ağırlığını bu səhər sümüklərində duyurdu.

Dəhlizin taxta pilləkənlərini enib solda tövlənin qapısını açıq gördü.

– Ay Əsma, sənsən tövlədə?

– Kim olar başqa? Kəndə Yaltadan oğrumu gəldi?

Bəkir tövləyə tərəf getdi, hələ çatmamışdı ki, dəhlizdən Ayşənin səsi gəldi:

– Ana, Məcikin muncuqları hardadı?

Dönüb qızına baxdı, bu səhər daha tez qalxdığını sandığı üçün qızını dəhlizdə görüncə çaşdı.

– Xoruz kimi bannama! Bu saatda qadın qismi yatağında yatar, üstəlik də yuxu görər… Kişinin işi kişinindir, siz isə…

– Oğlumuz yoxdu deyə, kədərlənirdin dünən axşam, atacan. Mən də bir kişi kimi işə yaramıram?

– Zır-zır etmə, evə gir, dedim sənə!

Əsma Məciki tövlədən çıxarıb divarın yanına bağladı.

– Nədir səhər-səhər bu səs-küy, canım? Əsma, Ayşə qızı niyə qaldırdın tezdən? Artıq qaraçı tayfası olduq?

Əsma ərinin sözlərini eşitmirmiş kimi dəhlizdə səssizcə dayanan Ayşəyə tərəf çevrildi:

– Muncuqları duası ilə bərabər döşəyin altındadır. Zınqovurunu da gətir!

Sonra ərinə döndü:

– Zəhmətsiz mal yeyilməz. Dünən axşam Allahın verdiyi bu havada “tütünləri yığmasaq işimiz fırıqdır” deyə sifətin kül-əhəng olmuşdu. Səhərə qədər kirpiyimi qırpmadım.

– Dedimsə dedim, siz də niyə döşəklərinizdən qaçdınız? Elə bil, yanğın bacanı qucaqlamışdı!

– Bacanı sarmadan çarə tapmalıyıq. Sən get dərə başından qırmağa başla. Biz də Ayşə ilə sahələrə gedək. Battal Ənvərdən də xahiş et, öz uzunqulağına baxarkən bizim ata da baxsın. O baxar. Qızıl kimi insandır. Səhər işin bərəkəti çox olur.

– Hey, komandir kimi qışqırma. Mən işimi bilirəm.

– Əsəbləşmə, zarafat etdim, bütün aləm eşitdi səsini…

Ayşə dəhlizə çıxdı:

– Tapdım, ana!

– Bura gətir. Zınqırovu da.

Ayşə anası ilə birgə Məcikin boynuna yaşıl muncuqları və zınqovuru bağlayarkən, Bəkir Ağa mızıldaya-mızıldaya tövləyə girdi. Tövlə olduqca qaranlıq idi, isti kübrə qoxusu gəlirdi. Bəlkə arvadının səhər-səhər bu qışqırığı, hələ ürəyini gəmirən yaş məsələsi – gizli bir başqa səbəb üzündən, Bəkirin könlü heç rahat deyildi bu səhər.

Bəkir elə düşünərək atı tövlədən çıxarmaq istəyirdi, at isə yeri eşəliyir, diqqətini çəkmək üçün sahibinin çiynini, arxasını itəliyirdi. Qapıda arvadı qışqırmasaydı, Bəkir hələ çox fikirləşəcəkdi.

– Heyvana azanmı oxuyursan tövlədə? Üfüqlər qızardı, günortaya gedəcək deyilsən ki tarlaya!

Elə bu vaxtda atı da arxadan dürtmələdi.

– Arı sancsın səni! Biri qabaqdan, biri arxadan, dəli edəcəklər adamı. Gəl, tələsirsənsə aparım səni işə!

Amma Bəkir heç tələsmirdi. Əllərində atının ipini tutmağa belə gücü qalmamışdı. Atına baxıb dedi:

– Mən də zəifləmişəm haa!

Atı çölə çıxardı. Sonra yenə tövləyə girib tütün səbətlərini, orağını, baltasını, ipini, köhnə paltarlarını, yəni tarlada lazım olacaq şeyləri çölə çıxartdı. Qızı və arvadı hələ Məcik ilə məşğul idilər. Məcik dünən Rum öküzündən döndü deyə, bəlkə də səhərin sərin və şirin olmasından, Əsma da bu səhər həmişəkindən daha şən, daha canlı idi. İşin birini bitirib dərhal ikincisinə başladı, işləyərkən də hərdən ərinə və ya qızına əmrlər verirdi.

– Ayşə! Çobana yaxşıca izah et Məcikin halını. Çöllərdə göz-qulaq olsun, heyvandan uzaqlaşmasın, gözdən qaçırmasın. De ki, balalayanda, gözaydınlığına gəlsin!

Ayı Dağın arxasındakı qızılı rəng tündləşirdi, dənizə uzanan evlərin nəmli damları gecədən qurtulub Günəşi gözləyirdi. Hər evdə, Bəkir Ağanın evindəki kimi bir hazırlıq var idi. Hər qapıdan, hər bağçadan, hər dəhlizdən bir səs, bir səsləniş, yolların daşlarında nal səsləri eşidilir, keçilər mələyir, yuxulu inəklər başlarını qaldıraraq uzun-uzun böyürürdülər.

Üfüqə aldanıb göy ağardıqca insanlar da vaxtın yaxınlaşdığını evdən-evə, insandan insana bildirirmiş kimi, daha yüksək, daha sürətli səslərlə danışır, Günəş doğulmadan evlərindən ayrılıb tarlalarına getmək istəyirdilər. Təpələrdə çobanlar heyvanları gözləyərkən, kəndin içində yollar sıxlaşırdı, evlər get-gedə boşalırdı.

Artıq gündüz olmuşdu, heyvanlar başlarını torpağın yaşıl otlarına endirmişdilər. İnsanlar əlləri, qəlbləri və ümüdləri ilə torpağa əyilirdilər. Qızıldaşın bütün həyatı torpağa bağlanırdı. Yüz ildən bəri atalarının, babalarının ayaqları ilə açılmış yollarda elə sıxlıq, elə canlı, təcrübəli bir hərəkət var idi ki! Hamısı da sanki bir-birlərini qovur, bir-birlərindən daha əvvəl tarlalarına çatmaq, torpaqlarına sarılmaq istəyirdilər.

Kənd tezliklə boşalır, evlər sükuta qərq olurdu. Qabağı çiçəkli dəhlizlərdə səksən-doxsan yaşında, ağ başıbağlı nənələr, uzun əl ağaclarını tutan ağsaqqal babalar məsud, bəxtiyar, tarlalarına gedən övladlarına baxırdılar. Dəhlizlərə açılan otaqların qapılarını açıq qoyurdular, çünki oğurluq eşidilməmiş bir şeydi, evlərin qapısını kilidləmək, bağçaları hündür divarlarla ayırmaq kəndlərində çox ayıb sayılırdı. Yol üstündəki evlərin açıq qapılarından otaqlardakı əşyalar görünürdü, kimsədən sirr saxlanmırdı. Birinin halı ortalıqda müəyyən idi, o birindən şikayətçi deyildi. Bərəkətli illərdə varlığa sevinir, Allahın verdiyinə şükür edirdilər, qıtlıq olsa da yanır, “aza qənaət etməyən çoxu tapa bilməz!” – deyib ayaqlarını yorğanlarına görə uzadaraq yaşayırdılar.

Ayşə Məciklə kənddən çıxanda Qızıldaş tamamilə boşalmışdı. Ayşə indi Gəlinqayaya yaxınlaşmışdı, buradan evlərini, kəndini, tütün sahələrini, dəniz sahilinə qədər uzanan tütün tarlalarını, hətta tarlasının kənarında işləyən atasını da görə bilirdi.

Kənd boş və səssiz idi, lakin artıq qəribə deyildi, çünki gündüz olmuşdu. Evlərin damlarında, köhnə quyuların ətraflarında qaranquşlar, yol kənarlarında çör-çöpün arasındakı müxtəlif quşlar ailə qurur, tövlələrin qarşısındakı kübrə yığınlarından çoxlu toyuqlar yalnız özlərinin başa düşdüyü bir dillə danışaraq gəzişir, dəhlizlərin qabağındakı çiçəklərdə arılar uçuşur, yaşıl səssiz ağacların kölgəsində babaların ətrafını çevirən Qızıldaş evləri, yolları, bağçaları indi arılar, quşlar, kəpənəklər, toyuqlar diyarı olmuşdu. Yollarda nə bir insan, nə bir heyvan vardı. Yalnız yolda bir-iki saatdan bir avtomobil görünür, xorultular, bəzi yerlərdə pat-pat səsləri, yolun kənarındakı bağlarda, bağçalarda duman pərdəsi buraxaraq, Qızıldaşın içindən keçib gedirdi.

Gəlinqayanın yanından bütün bu yollar yaxşıca görünürdü, amma nə qədər çoxdular! Qəlbdən çıxan qan damarları kimi bu yollar Qızıldaşdan çıxır, hər tarlaya, hər sahəyə, hər bağa, hər bağçaya, çaylara, su başlarına, dəniz kənarlarına uzanırdı. Bəzi yerlərdə yollar kəsişir, bəzi yerlərdə isə bir-birinə qovuşmayan iki zavallı sevgili kimi yan-yana uzanıb gedirlər.

Min il əvvvəl bu torpaq bu insanlara sanki Tanrı tərəfindən verilmişdi. Hər torpağ parçasının alçaq divarlarla nə zaman hasara alındığını kimsə xatırlamır, kimsə bilmirdi. Amma nəsildən-nəsilə keçən torpaqlara uzanan yolları hansı ailənin, hansı nəslin ayaqlarının açdığını hər kəs bilirdi, hansı yolun kimə aid olduğundan kimsələr şübhə etmirdi.

Çobanın heyvanları otardığı təpə bir çağırış məsafəsindəydi, amma Ayşə Məciki yormamaq üçün heç də tələsmirdi. Arada durub kəndə, tütün sahələrınə baxır, Günəşin gümüş şüaları altında titrəyən dənizi seyr edirdi. Dəniz sahilinə getməyi nə qədər istərdi! Amma təkbaşına gedə bilməzdi, çünki işlərin ən qızğın vaxtı idi. Həm də qızların təkbaşına dənizə getməyi qadağan olmasa da, adət deyildi. Ayşə də indi dənizin bu qədər yaxın, bu qədər gözəl, bu qədər dost olmasına baxmayaraq gedə bilməzdi. Tütünlərin tarladan sahələr yığılmasını işləri qurtarandan sonra kəndlilərlə getməklərini gözləyəcəkdi. Həm hamılıqla getmək daha xoş, daha əyləncəli olurdu. Arabaları ilə kəndin kənarına yığışır, qızlar atların yəhərlərinə çiçəklər taxır, çalğı, şənlik arasında dənizə gedirdilər. Analar sahildə qayaların arasında kabab, qəhvə hazırlayır, gənclər dənizdə üzür, axşama yaxın yenidən arabalara minib mahnı oxuyaraq, şən, məsud evlərinə dönürdülər.

Eh, Ayşə də tütünlərin yığılıb bitməsini gözləməli idi. Bunu təkcə Ayşə yox, bütün kənd gözləyirdi. Yaz işləri bitdikdən sonra kəndə yenidən həyat gələcəkdi. Dağın başı ağ qarlarla ağararkən evlərin bacaları yenidən qaralacaq, qış gecələrində evlərdə əyləncələr olacaq, qızlar, gənclər qonşu evlərində yığışaraq oyunlar oynayacaqdılar. Evlənmə yaşına çatmış qızlar da az deyildi, işləri bitirincə, gələn nişan və toylarda olacaqdı. Ayşə düşündü: “Görəsən kimlər evlənəcək?”.

Barmaqları ilə qızları saydı: Cəmilin Zeynəbi, Çilingirin Xədicəsi, Barmaqsızın Təvhidi… Üçü də on altı, on yeddi yaşlarındadılar. Özünü də düşündü. Üzü qızardı, gözlərini aşağı salıb dayandı. Sonra Məcikə yaxınlaşaraq yumru yanağını Məcikin boynuna söykədi, bir şey gözləyən kimi səssizcə uzaqlara baxdı. Qara gözlərini örtən uzun kirpiklərinin arasında yaşlar toplanırdı. Ağlamaq istədi, amma niyə, nə səbəbdən ağlayacağını özü də bilmədi. Çünki könlü məsud idi, həyatı və insanları sevirdi, amma yenə də gözləri dolurdu.

Əvvəlcə ata evindən ayrılan təzə gəlin kimi ağlamaq, yanaqlarından aşağı damla-damla isti yaşlar axıtmaq istədi, sonra gülümsədi – astadan güldü. Sonra başını arxaya çevirib güldü, yolun kənarındakı kollardan bir budaq qoparıb Məciki qovaladı.

Sağda yoldan çox hündürlükdə bir təpə vardı. Təpənin arxası dağların çəmənlik ətəklərinə bitişirdi, önü isə uçurum. Təpənin bəzi yerləri qara torpaq, bəzi yerləri qırmızı, boz-qara qayalar. Ayı Dağın üstündəki Günəş şüalarını bu uçurumlara səpdiyi zaman müxtəlif rənglər daha da müxtəlif görünürdü. Qızıldaşlılar kim bilir niyə qəribə və qorxunc olan bu təpənin kənarında atlarını sürətlə keçirtmişlər.

Ayşənin durduğu yerdən baxanda təpənin tam kənarındakı bu yol insanın başı üstündə sanki bir rəf kimi asılı görünürdü. İşin qəribə tərəfi isə – Ayşənin olduğu yolla təpənin kənarındakı yol arasında bir qaya vardı, qayanın alt hissəsi qırmızı, üst tərəfi isə boz idi.

Qızıldaşlılar bu qayaya Gəlinqaya deyərdilər. Keçmişdə Qızıldaşa yaxın Dərmən kəndində çox gözəl bir qız varmış. Qızıldaşlı bir çoban bu qıza aşiq olub, qız da çobanı sevirmiş. Çoban qızın yaşa dolmağını gözləyib və qızı istəməyə gedib. Amma qızın atası çobanın bu istəyini rədd edib, qızını Qızıldaşlı bir varlıya verib. Gəlin Dərmən kənddən gələrkən Qızıldaşın igidləri bu təpənin üstündə faytonun qarşısını kəsib, gəlindən dəsmal istəyiblər, gəlin atlılara dəsmal verəndə aralarında sevdiyi çobanı görüb, ürəyi dözməyib birdən özünü faytondan atıb. Amma uçurumun dibinə düşməyib, yarı yolda daş qayaya ilişib qalıb. O gündən sonra Qızıldaşlılar bu qayaya Gəlinqaya deyirlər.

Ayşə hər səhər Məciki çobana apararkən durub Günəş işığında uçurumlar rəngdən rəngə dəyişərkən qaya olmuş gəlinə baxmağı çox sevərdi. Gəlinin artıq daş kəsildiyindən sonra bir daha diriləcəyindən şübhə edirdi, amma yenə də durub Gəlinqayaya baxıb, ürəyində dua edrrdi: “Allahım, onu dirilt və zavallı çobana ver!”

İndi də uçurumdakı gəlinə baxırdı ki, təpənin kənarındakı yolda bir atlı gördü. Hava sakit, səma mavi və buludsuz idi. Təpədəki yol çox yüksəkdə olduğundan, Ayşə atlını kim olduğunu seçə bilmədi. At tərpənmirdi, insan isə heyvanın üstündə canlı bir heykəl kimi durmuşdu. Ayşə düşündü: “Kimdir o, görəsən?”. Çobanlardan biri idi, bəlkə də. Amma bu saatda çobanlar heyvanları buraxıb belə yüksək təpələrə çıxmazdılar. Ayşə: “Yaylaq çobanlarından ola bilər!” – deyib gedərkən, atlı birdən atını sürdü, təpənin kənarındakı yolu ildırım kimi keçdi, solda qara torpağa düşdü, bir toz buludu qaldıraraq aşağı, Ayşəyə tərəf gəldi.

Atlının gəldiyi yol çox təhlükəliydi. Enişin qaya yerlərində heyvan qabaq ayaqlarını torpağa batırırdı, başını sallayıb getmək istəmirdi. Bəzən də yenə qabaq ayaqlarını torpağa batırıb, qıçı üstə otururdu, qulaqlarını dikədib solurdu. O zaman təcrübəli atlı əsəbləşirdi, heyvanın başını sağa-sola çəkir, yenə də getmək istəmədiyini başa düşüb qamçı ilə atı zorla getməyə məcbur edirdi. At yavaş-yavaş qabaq ayaqları ilə sola dönür, atın qorxusunu keçdiyini düşünüb, heyvanın başını birdən sağa çəkir, at kişnəyir, üç-beş dəqiqə içində atıyla birlikdə toz-duman içində Ayşənin gözlərindən silindi. Sonra yenə göründü, inadkar atı qamçılayaraq Ayşəyə tərəf çapdı.

Atlı toz buludunda itəndə Ayşə qorxu ilə gözləyirdi, atlı atıyla bərabər yamacdan yuvarlanacaq, Məciki itələyəcək, özü də öləcəkmiş kimi titrəyirdi. Atlı toz buludundan sağ-salamat çıxdıqca balaca əlini ağzına tutaraq: “Görəsən kimdir bu?” – deyə soruşurdu özü-özünə.

İndi atlının papaqlı olduğunu yaxşı görürdü. Qırmızı köynək geyinmişdi. Sinəsində parlayan bir şey isə çoban cüzdanı idi, deyəsən.

Ayşə: “Ya çobandır, ya da dəli!” – deyə düşündü. Amma çoban idi. Başındakı qəhvəyi papağı çoban papağı olduğunu göstərirdi. Ayşədən xeyli uzaqda Məcik sürətli gələn atlının təhlükəsini hiss etmiş kimi qorxu ilə yerində dönüb dururdu. Ayşə Məcikin qorxduğunu ancaq indi gördü. Bir an atlının qəzaya düşmə ehtimalını unudub qaçdı və Məcikin boynunu qucaqladı:

– Qorxma, Məcik! Qorxma, baxma o sərsəmə sən! Qorxma, qızım, qorxma. Vücudumla mən səni qoruyaram. Sən ölsən, mən də səninlə bərabər ölərəm. Qorxma, qızım, qorxma!

Başını yenidən atlıya çevirdi, amma artıq qorxuya səbəb yox idi, çünki adam sağ-salamat düzənliyə çıxmış, atını dördnala Ayşəyə tərəf çapırdı. İndi Ayşənin də qorxusu keçmişdi. Artıq indicə ağır, sakit havası birdən dəyişdi, hardan gəldiyini bilmədiyi sərin külək əsməyə başlamışdı. Ayşənin bu küləkdə üzü, könlü oxşanırdı.

Atlı bir ildırım sürəti ilə gəldi, bir az kənarda dayandı. Atlının kim olduğunu görüncə, Ayşənin içindən qəribə bir titrəmə keçmişdi. Qarşıdakı atlı çoban Səid Əlinin Rəmzisi idi. Qəhvəyi papağı, dar qırmızı köynəyin içindəki pəhləvan vücudu, cüzdanı, çoban paltarında Rəmzini qarşısında görüncə Ayşə özünü itirdi. Çünki Rəmzi ailənin ən böyük oğlu idi, işlərin bu qızğın zamanında çobanlığı qardaşları edirdi.

Rəmzi atdan düşdü. Ayşə Rəmzi yanına gələcək deyə həm ürkdü, həm də könlündə nəsə hənirti hiss etdi. İki addım geri çəkildi. Rəmzi yaxınlaşsa yazıq Ayşə nə edəcək, nə deyəcək? Üzü qızardı, durmadan dualar edirdi, amma nəyə dua etdiyini özü də yaxşı bilmirdi. Bəlkə, Rəmzinin daha yaxın gəlməməsi, kəndlilərin onun Rəmzi ilə Gəlinqaya yanında görməmələri üçün dua edirdi, Rəmzinin uzaqdan danışmasını istəyirdi. Könlü bir-birinə zidd hislərlə doldu, nə edəcəyini bilmirdi. Rəmzi niyə gəlmişdi, niyə?

Rəmzi olduğu yerdə dayandı, ətrafa baxıb başını sinəsinə endirdi, üzü qızardı, arada üzünü qaldıraraq bir şeydən çəkinən kimi gizlicə Ayşəyə baxır, bir şeylər demək istəyirdi, amma deyə bilmirdi.

Ayşə də danışmaq istəyirdi, amma çox çətin idi danışmaq.

Rəmzi kömək gözləyən Məcikə baxdı. Amma Məcik bir sirdaş kimi başını yol kənarındakı cır fındıqlarının yarpaqları altına soxmuş, ot yeyirdi.

Səssizlik uzandıqca Rəmzi sıxıldı. Hələ indicə təpədən Ayşəyə baxarkən deyəcəklərini hazırlamış, sıraya qoymuşdu. Könlündə nə varsa hamısını demək fikri ilə təpədən enmişdi, amma indi… İndi Rəmzi səssiz idi, niyəsini bilmirdi.

“Hələ indicə təpədən Ayşəyə baxarkən “şirin söz ilanı ailəsından çıxarar” deyən sən deyildin, Rəmzi? Ayşə qarşındadı. Dünyanın ən gözəl çiçəyi kimi qarşında. Niyə danışmırsan? Niyə? De dərdini, de, Rəmzi! Sevgi başqa bir bəladır, de, izah et hər şeyi Ayşəyə!”

Amma deyə bilmirdi. “Qızın yolunu kəsdin, ana-atasından gizli qızla danışmaq istəyirsən. Alçaqsan, Rəmzi, xainsən!” – deyə özü-özündən nifrət edirdi. Yenidən atını aşağı sürməyə razı idi, Gəlinqayanın üstünə çıxıb uçurumdan atmağa razı idi, yetər ki, Ayşə yolunu kəsdiyini düşünməsin! Qaçmaq, Ayşənin gözlərindən gizlənmək istəyirdi.

Amma bu qədər utanmağa səbəb yox idi, çünki balaca qardaşları bu səhər şəhərə getmişdilər, heyvanları otlağa Rəmzi götürəcəkdi. Ayşə ilə görüşməkləri sadəcə bir təsadüf idi.

Bu düşüncə ilə fərəhləndi, amma Ayşə ilə danışmağa yenə də cəsarət edə bilmədi. Ancaq Ayşə Məcikə tərəf gedərkən, Rəmzi cəsarətə gəldi, yavaşca dedi:

– Ayşə, Məciki mənə tapşır, qardaşlarım Yaltaya gediblər, heyvanları bu gün mən otaracam.

Ayşə dayandı, gözləri yerdə, üzü qızarmış, eyni asta səslə cavab verdi:

– Yaxşı, Rəmzi Ağa!

Rəmzi indi danışmağa hazır idi, amma Ayşənin utandığını gördü. “Az danışmaq bəlkə də çox danışmaqdan yaxşıdı!” – deyə düşünərək atını Məcikə tərəf sürdü.

Ayşə qəlbində birdən bir ağrı hiss etdi, qəbahətli kimi başını sinəsinə əydi, döndü, sahəyə gedəcəkdi, amma gedə bilmirdi. Başını çevirdi, qayaların arasında atının üstündə Məciki aparan Rəmziyə baxdı. Qışqırmaq, qışqıraraq bir söz demək istəyirdi. Bütün deyəcəkləri qəlbində idi, amma səsini çıxara bilmirdi, tez-tez nəfəs alıb Rəmziyə baxırdı.

Rəmzi də Ayşə kimi idi. Kifayət qədər uzaqlaşmışdı. Dönüb Ayşəyə baxdı və əl etdi:

– Sağlıqla qal, Ayşəcik!

– Sağlıqla qalın, Rəmzi Ağa, sağlıqla qalın! Məcikə yaxşı baxın.

Ayşə birdən anasının dediklərini xatırladı, Rəmziyə tərəf getdi, üç-beş addım qalanda dayandı, həyəcanla dedi:

– Anam dedi ki, Məcikə yaxşı baxın! Ona göz-qulaq olun, gözdən qaçırmayın. Balaladığı gündə göz aydınlığa gəlin, Rəmzi Ağa. Anam mənə dedi, mən də sizə deyirəm. Gələrsinizmi?

– Gələrəm, Ayşə, gələrəm.

– Amma mütləq gələrsiz, eləmi, Rəmzi Ağa?

– Mütləq gələcəm, Ayşə!

İndi ikisinin də üzü gülürdü, ikisinin də könlü şən idi, bir-birlərini hiss edirdilər.

– Uğurlar olsun, Rəmzi Ağa!

Məcik Rəmzidən bir az uzaqlaşmışdı. Düzənliyin arxasında heyvanlar həzin-həzin səslənirdilər, Rəmzini çağırırdılar. Günəş tam ayı Dağın üstündə idi. Günəşin istisi torpağı yandırmadan heyvanları otlağa aparmaq lazım idi.

– Sağlıqla qal, Ayşə!

Rəmzi atını sürdü. Arabir dönüb Ayşəyə baxırdı, əl edirdi dəsmalla, gülümsəyirdi, gözləri və qəlbləri ilə bir-birlərinə çox şirin, çox həsrətli şeylər deyirdilər.

Məcik yoxuşun gerisində gözdən itdi. Rəmzi də yoxuşda sonuncu dəfə dayandı, döndü, Ayşəyə baxdı, sonuncu dəfə əl etdi. Ayşədə dəsmalı ilə: “Bəli, bəli, könlüm səninlə!” – demiş kimi cavab verib ayrıldılar.

Ayşə tək qaldı. Məcik ilə Rəmzi tam gözdən itdilər. Yoxuşun arxasındakı heyvanların qəribə səsləri də yavaş-yavaş kəsilmişdi. Amma Ayşənin könlü bu yalnızlığı hiss etmirdi. Xeyr! Bu səhər onun könlünə bir şey girmişdi, şirin qiymətli bir şey… Bu səhər həyatındakı bütün səhərlərdən bambaşqa idi, hamısından ən yaxşısı. Ürəyinə hardan gəldiyini bilmədiyi şirin, xoş duyğular dolurdu, bütün beyni ilə bir quş kimi xəfifləyirdi, uçub Gəlinqayaya qonmaq, ötüb sevincini dünyaya bildirmək istəyirdi.

Ayşə heç özünü bu qədər rahat hiss etməmişdi. Həyatında çox şirin, çox xoş bir şey olmuşdu. Nə idi? Yaxşı bilmirdi, amma hiss edirdi.

Tütün sahələrınə tərəf getdi. Yüksəklikdəki qayaların arasından dar yolu seçdi. Məxmər yorğanla örtülü kimi yamyaşıl otlu çayırlığa gəldi. İndi aşağıdakı kənd, bağlar, bağçalar gözlərinin qarşısında idi. Getdi, çayırı keçdi, düzlüyə endi. Cır fındıqların arasından bir sevdanın gözyaşı kimi sakit, duru su axırdı. Suyun kənarında durdu, diz çökdü, iki addım uzaqda suda balaca quru bir çalı vardı. Kolların budaqları arasından keçən su yüngül dalğalanaraq, koldan uzaqlaşınca axırdı.

Kənd, dəniz, tütün sahələrı görünmürdü. Hələ indicə Günəşin qızıl işıqlarına bürünən Qızıldaş Ayşəni qəflətən tərk edib uzaqlarda gizlənmiş kimi idi. Səssizliklər içində yalnız mavi göy və yaman uçurumları ilə Gəlinqaya Ayşəyə baxırdılar.

Səssizlik və təklikdən bir az qorxmuş kimi idi Ayşə. Hələ diz çökdüyü yerdə suya baxdı. Qırışıqlar edərək axan suda başını çirkin, burnunu yumru, gözlərini qəmli gördü. Qorxdu, əlləri titrəməyə başladı, təkrar baxdı suya. İçindən bir səs dedi:

– A qız, sən nə qədər çirkinsən!

Başı suya əyik, gözləri bağlı, içinə dolan acı ilə üzünün, burnunun, gözlərinin çirkinliyini suya axıtmaq istəyən kimi diz üstə çökdü. Sonra gözlərini açdı, təkrar suya baxdı. Amma su axırdı, çirkinliyi isə qırışan suyla bərabər axıb getmirdi.

Ürəyi qırıq, gözləri qəmli, içi ağrılı ayağa qalxırdı ki suyun kənar tərəfində qaralmış, köhnə bir kötüyə bir quş qondu. Qara qanadlarının ucu ağ, sinəsi qırmızı, çox cana yaxın bir quş idi. Kiçik burnu ilə əvvəl arxasını, sonra qanadlarının altını qaşıdı.

Quşu ürkütmək istəmədiyindən Ayşə hərəkətsiz durdu, gülən gözlərilə quşu seyr etdi. Quşun təmizlənib bəzənmə zamanı idi,deyəsən, balaca burnu ilə qanadlarının altını, sonra sinəsini qaşıyırdı.

Quş balaca başını təkrar sağa bükdü, sola bükdü və pırıl-pırıl uçaraq suda yatan budağa qondu. Quşun ağırlığı altında budaq aşdı. Ayşə üzünü quş tərəfə çevirməyə vaxt tapa bilmədən quş uçdu, cır fındıq ağaclarının yaşıl yarpaqları arasında gözdən itdi.

Ayşə qəmli-qəmli suya baxdı. Amma daha indicə kolların budaqları arasından qırışıqlar edərək axan su indi düz axırdı. İndi Ayşənin sudakı üzü də dəyişmişdi. Ayşə gözlərinin, dodaqlarının bütün gözəlliyi ilə sakit axan suya baxaraq güldü.

Təkrar gözlərində alovlar, yanaqlarında qızartılar, ürəyində ümidlər canlandı. Qalxdı, bayıra dırmaşdı, yüksəklərə çıxdı, yenə aşağıda Qızıldaşın, Qara dənizin gözəl panoramasını gördü. Solda çoxlu çalıların yanından kəndin arxasındakı tütün sahələrınə uzanan yola tərəf getdi. Çox fərəhli idi. Qaçmaq, bayırları, təpələri, dərələri aşmaq istəyirdi. Ayaqları Ayşəni çox uzaqlara aparmaq istəyirdi, kolların içindəsə quşlar oxuyurdu. Hamısı da Ayşəyə sanki deyirdilər: “Gözəlsən, çox gözəlsən!”

Quşların nəğməsi, Günəşin qızıl şüaları, dəniz, kənd və həyət yüksək göyün altında elə gözəl, elə xoşdu ki, Ayşənin gənc qəlbini elə qucaqlamışdı ki, bütün bu həyəcanını tökmək, fərəhlənmək ehtiyacı ilə bir şeylər etmək istəyirdi: qaçmaq, qışqırmaq, yaxud yerə yatıb torpağı, həyatı atəşli dodaqları ilə öpmək…

Çiyinlərinə tökülən dalğalı gur saçlarını arxaya atdı, başını qaldırdı, sahələrə uzanan yolda gedərkən gənc, dinc səsi ilə bir mahnı oxudu:

Qaya kimi saz olar,

Gül açarsa yaz olar.

Mən sənə gül demərəm,

Gülün ömrü az olar.

Səsi yüksəlir, uzaqlara uçur, səsi yüksəldikcə sinəsi iftixarla qabarır, bütün dünyaya eşitdirmək istəyirmiş kimi daha da sürətli oxuyurdu. Ayşənin bildiyi, gördüyü dünya Qızıldaşın evləri, dağları, dənizi idi. İndi səsi dağlarda hər yerə, hər kəsə çatırdı.

Yolun aşağısında küləkdə uçmasın deyə damları daşlarla basdırılmış ilk sahələr göründü. Sahələrin qarşısında qızlar işlərini buraxmış, Ayşəyə baxırdılar, Ayşə də qızlara eşitdirmək istəyirmiş kimi gur səsi ilə mahnını davam edirdi:

Qaya qayaya baxar,

Qayadan sellər axar

Sırma bığ dayanarkən

Saqqallıya kim baxar?

Sahələrin yanında Ayşəni seyr edən qızlar, nəhayət, yola tərəf gəldilər. Uzaqda dayandılar, əllərini ağızlarına qaldırıb ovuclarını boru edib qışqırdılar:

– Nə var, Ayşə qız, bığlı atlı yolunu kəsdi?

Ayşə də dayandı, əlini ağzına qaldırıb cavab verdi:

– Kəsdi də!

Qızlar Ayşəyə yaxınlaşdılar. Ayşə də qızlara tərəf getdi. Hamısının da ayaqlarında çarıqlar, dizlərinə qədər çıxan qırmızı, ağ, qəhvəyi rəngli yun corablar var idi. Yolun kənarında çör-çöplə örtülü, alçaq daş divarın arxasında durdular. Sərt torpaqla məşğul olmaqdan əlləri, barmaqları quru və çatlaq idi. Günəşdə qızarmış, yanmış, toz-torpaq içində üzləri ilə torpaqdan doğmuşa bənzəyirdilər, torpağın uşaqları kimi idilər.

Yalnız Ayşə fərqli idi onlardan. Evin bircəcik qızı idi. Qumral, parlaq saçlı Ayşə, axşamlar anası yanaqlarına, əllərinə, ağ qollarına odekolon sürtdüyü üçün gül kimi qoxulu və təzə idi. Bəlkə, dəhlizdə çiçəklərin, salxımların altında uzun zaman oturaraq bir şəhər qızı kimi qəzet oxuduğu üçün yaxşını pisdən ayıra bilirdi, pisliklərə kədərlənirdi. Kəndin torpağı, Günəşi, havası ilə bəslənmiş, böyümüş sağlam bədənində incə bir ruh inkişaf etmişdi. Tez həyəcanlanır, həyəcanı keçincə sonra oturur, dizlərini qolları ilə qucaqlayaraq səssizcə ağlayardı. Səssizlik uzandıqca özünü ölmüş, cənnətdə görürdü. Cənnət quşları ilə oynayır, dənizin, torpağın, dağların, kəndinin səadət və dincliyini könlündə hiss edirdi.

İndi kolluğun kənarında kənd qızları, özlərinə baxaraq görəsən nələr düşünürdülər? Aralarında gözəllər də var idi, o gözəllər gül kimi təzə Ayşəni qısqanmırdılar, boynuna-buxununa, üzünün gözəlliyinə paxıllıq etmirdilər? Bəlkə! Çünki Ayşə qısqanılacaq qədər gözəl idi.

Kolların kənarında qızlar danışırdılar:

– Gözəl Ayşə, bütün aləm tütün qırarkən, sən Moskva xanımları kimi dağlarda gəzirsən…

– Ondakı gözəllik məndə olsaydı da işsiz-gücsüz gəzərdim dağlarda…

Ayşə kolların arxasından gələn səslərin səmimi olduğuna inandı, güldü:

– Mənim kimi hamınız gözəlsiniz, qızlar!

– Demə, qız, demə! Sənin kimi gözəl olsaydıq biz də inəyi aparardıq.

– Gəlinqaya başında çoban Səid Əlinin Rəmzisini söhbətə tutardıq həm…

Ayşənin üzü birdən-birə qızardı, başını sinəsinə əydi, tütün sahələrınə tərəf getdi. Qızlar arxasından gülüşərək ona baxırdılar. Gülüşmələr arasından bəzən Ayşənin qulaqlarına qırıq-qırıq kəlmələr, səslər gəlirdi, amma Ayşə bunları eşitmirdi. Çünki Rəmzi adını eşidincə ürəyində anlaşılmaz bir ağrı hiss etmişdi. Səssizcə irəliləyərkən çox geridə qalmış qızlardan biri arxasından səslədi:

186,12 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
400 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают