Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Bir səsin faciəsi», страница 3

Шрифт:

Çəmən deyirdi bu sözləri, ucarlayırdı, çox söz deyirdi və hamı da ürəyində onun sözünü haqq hesab eləyirdi. Amma deyəsən, elə xanımın da qulağına Çəmən çatdırdı, ya başqası dedi. Elə çatdığı kimi də Şahnisə xanımı od götürdü. Otağına keçdi. Gülsənəmi yanına çağırtdırdı. Qalan kənizləri evdən uzaqlaşdırdı.

– Rədd ol burdan! – dedi.

Sonra incə, mötərizəyə bənzəyən çatma qaşlarını bir qədər də çatıb hirsli-hirsli Gülsənəmin üstünə fısıldadı:

– A köpək qızı, bura qız ərə verməyə gəlmisən? Pişiyüvi xanım eləməyə gətirmisən? Ya çörək yeməyə gəlmisən? Çörəyim səni tutsun! Nöş qorumadın qancığuvu? İtdən törəmövü? Mən sənə nə demişdim, hə? Kürsəyə gəlirdi qancığun? Koriydi gözün? Nöşün demədin mənə əvvəlindən? Yoxsa başını da özün tutmuşdun xanımlığın iddiasıynan? Ağa qayınanası olmaq həvəsiynən? Hə-ə-ə?

Gülsənəm əllərini sinəsində çarpazlayıb bu söyüş-qarğış şarıltısı altında durmuşdu; bir kəlmə danışa, gözlərindən yaz leysan yağışı kimi tökülüb axan yaşları silə, başını tərpədə, kirpiklərini qaldırıb xanımın üzünə baxa bilmirdi.

– Sənnən döyüləm, ay itin qarnından çıxan? Ay it küçükləyən? Qancığı nöş qorumadın? Nöş qorğalamadın? Yükdən, ağır iş-gücdən necə qoruyub qorğalayırsan? Bəs bunnan nöş çəkindirmədin? Səfərə nə var, cavan oğlandı. “Düyə göz eləməsə, kələ sıçramaz”. Küçüyün göz eləyib buğaya gələn düyə kimi, o da sıçrayıb. Bax, bir gör, nökərlərdən ondan o yana kim əl uzadıb sənin haramzadana?

– O haram deyil, xanım.

– Haram döyüldü? Haram döyüldüsə, nöş haram yeyirdi? Nəcisdən mundar qələt eləyib.

Gülsənəm nə cavab verəcəkdi? Gülsənəm inləyirdi. İnildəyirdi. İniltisini də bir özü, bir də Allahı eşidirdi. Göylərdə, başının üstündə uçan Baxtıkəmin ruhuydu. Başının üstündə qanad çalan Baxtıkəmin ruhuydu. Haradasa getdikcə göy gur-gur guruldayır, kükrəyirdi. Deyəsən, guruldayan Şahnisə xanımdı axı:

– Bilirsən, nə var, mənim öyüm4 haram görməyib. Mənim öyüm bəd əməl görməyib. Mənim öyüm pakdı. Yığışdır şələ-şülövü, götür çəngivi də, rədd ol mənim qapımdan.

Dizləri əsdi Gülsənəmin. Taqəti qalmadı ayaq üstə durmağa. Diz çökdü, əllərini aman istər kimi uzatdı:

– Xanım, qurban olum, hara gedə bilərəm? Hara üz tutum?

– Onun day mənə daxlı yoxdu. Özün bilərsən, hansı cəhənnəmə gedirsən, get! Gün axşama gedir, dəymirəm sənə. Nə qədər əlim-ayağım dəyməyib heç birinizə, nə qədər nökər qabağında rüsvay eləməmişəm, sabaynan – obaşdan, gün çıxmamış üzüqaranı da götür, itilin qapımdan. Bir də buralarda görünmə!

Gülsənəmin də, Reyhanın da bundan əvvəl illərlə yaşadıqları o evdə, o imarətin həyətində keçirdikləri son gecə ömürləri uzunu yadlarından çıxmadı sonralar.

Çəmən öyrənmişdi, bilirdi ki, xanım artıq qovub Gülsənəmi də, qızını da. Elə bil bədbəxt Gülsənəmdən, talesiz Reyhandan nəyinsə, kiminsə intiqamını alırdı Çəmən. Əslində, heç nəyin intiqamını almırdı. Sadəcə Çəmənin təbiətində zarafat həddini ötürdü. O zarafatın, şuxluğun qədərini, dərəcəsini bilmirdi.

Kimdisə axşamdan bəri Reyhana sataşmaqda olan Çəmənə dedi:

– Sən özün guya Ağa Səfər kimi novcavanın qabağında duruş gətirərdin? Sən özün duruş gətirərdin Ağa Səfərin qabağında?

Balaxanım dedi:

– İnsafın olsun, a-a-az, oğlu yerindədi ki, Çəmənin Ağa Səfər?!

Bu sözə ən çox hırıldayan hamıdan əvvəl Çəmən özü oldu, dedi:

– No-olsun? Vallah, heçcə yerə “yox” deməzdim. Bilirsən, neynərdim? Çoban döl vaxtı birinci doğulan quzunu qucağına alan kimi çəkərdim onu qoynuma. Başını qoyardım sinəmə. Yaylaq quzusu duz yalayan kimi yalardım onu. Deyərdim: “əm bu ağ dələmələrimi5. Dərdin mənə gəlsin. Mənimçün elə, özünçün öyrən. Ərsəyə çatanda, dişlərin çıxanda gərəyin olar, məni onda yada salarsan”.

Hamı qaqqıltıyla gülürdü. Təkcə küncə qısılmış Gülsənəmlə Reyhandan başqa. Kimsə dilləndi:

– Bu-u-uy… Allah ətüvü töksün.

“Ha-ha-ha” səsləri otağı başına götürmüşdü. Kənizlərdən biri gülə-gülə Çəməndən bir çimdik qopardı:

– Az-z-z, arvadda iştaha bax ha.

– İştah vaxtında mələ.

Çəmən ufuldadı, amma özü də zarafatyana gülə-gülə cavab verdi:

– İştahama korluq verən deyiləm.

Balaxanım arvad bayırdan gələn nökərlərdən birinin sifarişini kənizlərə yetirdi:

– Xanım xəbər göndərib ki, az qaqqıldasınlar. Səhər kim işləməli olacaq? Kəsün səsüvüzü. Baş-beynim dəng oldu. Qulağım getdi. Evdə, həyətdə heç kimi yatmağa qoymursuz.

Elə bil qurbağa gölünə daş atdın. Hamının səsi kəsildi. Gülsənəm və Reyhan bir-birinə qısılıb guya özlərini yuxuya getmiş kimi göstərirdilər. Amma oyaqdılar. O gecə karvanqıranla birlikdə darvazadan çıxanda arabir itlər hürürdü. Kəndin qırağına çatanda çaqqalların, kaftarların səsini eşidəndə canlarına qorxu doldu. Gülsənəmin də, qızın da bağrı yarıldı. Amma neyləmək olardı? Getməliydilər.

Xanımla axırıncı görüşü Gülsənəmin qəlbində, gözlərinin önündə təkrarlanırdı, axşamdan bəri Şahnisə xanım yatağının baş ucundan nəsə götürdü. Bükülü bir kağızdı. Deyəsən, manatlıqdı. Arvad pulu hikkəylə Gülsənəmin qucağına tulladı:

– Ala, başuvu bir yerə soxanacan gərəyin olar.

Gülsənəm sinəsinə tullanan pulun nə qədər olduğunu heç bilmədi. Əyilmədi, götürmədi. Göz yaşlarını yumruğunun dalıyla silə-silə otağı tərk etdi. Divarlardan tuturdu ki, yıxılmasın. Qabağına birinci çıxan Çəmən oldu:

– Hə-ə-ə-ə… Nə sımsığuvu sallamısan? No-oldu? Nə dedi xanım sənə?

Balaxanım özünü yetirdi:

– Aa-a-az rədd ol! Qoy, xalx öz dərdini çəksin.

Çəmən yenə fınxırdı, pıqqıldaya-pıqqıldaya xoruzlandı:

– Başımıza xeyir, bilməmişik. Day heç ağzımızı da açmayacağıq. Başımızın üstünə təzəlikcən böyük xanım yetişib. Təzə xanımlar tikiblər başımızın üstündə.

Gülsənəm otağa çəkilmədi. Birbaşa tövlələrə tərəf getdi. Bu gün nökərlər kərmə kəsirdilər. Kərmə kəsənlərə yardım eləmək borcuydu. Gülsənəm gözünün yaşını yaylığının ucuyla silə-silə nökərlərə kömək etməyə başladı. Heç kəs heç nə deməsə də, heç bir şey elan olunmasa da, artıq bütün həyət adamları hadisənin nə yerdə olduğunu bilirdi.

Karvanqıran6 doğanda Gülsənəm yerindən qalxdı. Hələ dan ulduzuna xeyli vardı. O isə karvanqıranı dan ulduzu saymışdı. Yavaşca balasını tərpətdi. Deyəsən, o da yatmamışdı. Birlikdə, heç kəs duymasın deyə pəncələri üstündə otaqdan çıxdılar. Həyətə endilər. Axşamdan Gülsənəmin gizlətdiyi boğçanı götürdülər. Boğçanın yanında bir-iki dənə kisə vardı. Gülsənəm yola götürmüşdü. Neçə ildən bəri çalışdığı, əmək sərf elədiyi bu yerdən, bu dolu evdən, bu kaşanədən nəydi qazancı? Bu iki boş kisə… Kisələrin dibini deşib oyuq açmışdı. Birini qızın, birini də özünün başına keçirtdi. Səhər ayazından qorunmaqçün. Əyinlərində nə vardı ki? Yavaş-yavaş, daldalarla evdən aralandılar. Hara gedəcək, kimə üz tutacaqdılar? Kimi tanıyırdılar bu göy çadır altında? Bu göy qübbə altında yaşayan minlərlə, milyonlarla insan içində? Hələ ki, heç biri nəsə bilmirdi. Xüsusilə, ana qayğılıydı. Gülsənəm bircə onu bilirdi ki, sığınacaq tapmalıdı. Balasının, özünün başını soxmaqçün. “Bir yandan bağlayan bir yandan açar” deyiblər. Dünya yaxşı insanlardan xali deyil. Elə rast gəldikləri birinci adam, onlara daldalanacaq verən birinci insan elatda el anası sayılan Anaqız oldu.

Anaqız bu kəndlər arasında falçılıq, əbəçilik7, türkəçarəçilik eləyən, tanınmış, hörmətli qadındı. Yaşını bilən yoxdu. Özü yaşdan söz düşəndə deyərdi ki, “tay-tuşlarımdan, həmyaşlarımdan qalan bircə mənəm. Mən də ancaq ona görə qalmışam ki, doğan arvadların, çətinliyə düşən zahıların fəryadına çatım. Azarlıların kürəyinə bardaq qoyum, əmləyim. Ot-ələfdən, tanıdıqlarımdan, bildiklərimdən dərman-dava düzəldib verim. Ona görə qalmışam Allahın köməkliyilə bu dünyada, yəqin ki”.

Əslində, Anaqız Gülsənəmi uzaq-yaxın tanıyırdı. Qapılar gəzən arvad idi. Hansı evdə olmamışdı ki? Bütün el-obanın içində, bütün qonşu, yaxın-uzaq kəndlərdə, demək olar ki, hamını tanıyırdı. Elə vaxtında Reyhanı da o tutmuşdu. Vaxtıyla Baxtıkəm onun qapısını döymüşdü:

– Nənə, ay nənə!

– Can nənə! Qurbanın olum, niyə gəlmisən, demirəm. Azarın var?

– Yox, ay nənə, üzüm ayağının altında. Bizim öy əhlinin vaxtı çatıb, deyəsən.

– Bıy, ba-aşuva dönüm. Tez ol, götür kürsünü cınağuva, gedək, – demişdi Bəxtiyara.

Dünyaya ətirli bir Reyhan gətirmişdi. İndi həmin Reyhan özü ana olmağa hazırlaşırdı. Daldalanacağı ona “nənə” deməyə başladığı Anaqız vermişdi. Ona da, anasına da. Anaqız Gülsənəmin dərdini, iki əl, bir təpə qalmağını başa düşdü.

– Ad deyirəm, ay bala, ad deyirəm, de. Bu dar dünyada kimim-kimsənəm yoxdu. Başqaları kimi Bəxtiyar da balamdı. Sizi çox tez qoydu, getdi. Heç yarı yol eləməmişdi. Çox tez qoydu, getdi. Deyir:

Fələyi dindireydim,

Bilməzin bildireydim.

Sənə yazı yazanda

Qələmin sındıreydım.

– Qızım! Qal burda. Mənə nökər-qulluqçu lazım deyil. Bir parça çörəyimi bir təhər qazanıram. El-camaat sağ olsun. Əlindən gələni sən də elərsən. Baxaq, görək, başımıza nə gəlir. Allah kərim Allahdı.

Azdan-çoxdan kəndin kattasına, onun arvadına əl yetirə-yetirə Gülsənəm özünün, qızının bütün ağırlığının Anaqızın çiyinlərinə düşməyinə razı olmadı. Ola da bilməzdi. Arvad özü nə qazanırdı ki? Əlqərəz, üçlükdə baş-başa verdilər, baş bir yaxadan çıxardılar. Birtəhər evdən çölə ayaq qoymayan Reyhanı qorudular, yad, narahat nəzərlərdən uzaqlaşdırdılar. Söz-sova yer qoymadılar. Üzüqara saysalar da, canına qıymadılar. Bir də ki, əslində, Reyhan özünü üzüqara hesab eləmirdi. Bu elə bir məhəbbət idi ki, bu elə bir dünya idi ki, bu elə bir hiss idi ki, Reyhan bu hissə candan təslim olmuşdu. Bəhrəsini görəcəkdi bu yaxınlarda. Səfərin yadigarını sinəsinə sıxacaqdı, az qalmışdı. Hərdən-hərdən sinəsindən bir az aşağı əlini qarnının üstünə qoyur, çır-çır çabalayan balasını dinləyirdi. Balasını. Səfərin balasını! Hələ bala dadını bilmirdi. Amma bilirdi ki, o bu dadlı günlərin, o dadlı günlərin yadigarıdı. Həm balıdı, həm balasıdı, həm bəlası.

Arabir Gülsənəmlə Anaqız arasında xısıltılı söhbət gedirdi. Reyhanın bundan nə xəbəri? O, öz aləmindəydi. Səfərdən ayrı düşsə də, onunla özü arasında incə bir tel vardı, bətnindəydi, çabalayırdı. O öz aləmində, qadınlar da öz aləmlərindəydilər.

– Səni deyib gəlirdim, yolu Allahım mənə salığ verdi, elə bil Baxtıkəmin ruhuydu bizə yol göstərən o gözəgörünməzin izniylə, nənəcan – deyirdi Gülsənəm.

– Nənən qurban.

– Göydə Allah…

– Növzənbillah… Allah umudunu kəsməsin.

– Göydə Allah, yerdə səndən umudluydum. Bədbəxtdan sən sarıdan o qədər xoş söz eşitmişdim ki…

Baxtıkəmi nəzərdə tuturdu. Hər ikisinin gözləri yaşardı.

– Allah rəhmət eləsin, varsa, günahından keçsin. Özü canlara dəyən igidiydi. Nə günahı vardı? Yanı Allah ona da rəhmət eləyib cənnətlik eləməsə, kimə elər, bilmirəm. Özü bilən məsləhətdi.

– Özü bilən məsləhətdi… – Gözünün yaşını yaylığının ucuyla silən Gülsənəm əks-səda kimi səsləndi.

– Rəhmətlik, balam, Reyhan qız doğulandan sonra hər qış qabağı Əsgərəyə8 gedəndə Allahdan gün oğurlayıb gələrdi. “Nənə, odununu gətirim?” – deyərdi. Deyərdim, “Ay gözümün görəri, qoca arvadam, günüm onun-bunun ocağının qırağında keçir. Öydə də olanda təzəknən-kərməynən keçinirəm. Mənə nə odun? Deyərdi, “Yox, ay nənə! Sən bütün elin nənəsisən. Qoca sümüklərin evdə də yaxşıca qızına, gərək ki, azarrının, zahının, dünyaya gələnin imdadına yetəsən”.

Cənnətlik, malağan furqonu dolusu odunu hardan alıb gətirirdi, neçəyə alırdı, bilməzdim. Bir günün içində yarardı, doğrardı, öz əliylə qurduğu çardağın altına səliqə-sahmanla elə yığardı, qışda, qar-girvədə, şaxtada-sazaqda odunu hasand götürə bilim, çox zəhmət çəkməyim. Əynində köynək elə islanırdı… Sıx-sər. “Ver, qurudum, ay bala”, – deyirdim. Utanardı. Verməzdi. Zorunan üstünə qurama yorğançanı atardım. “Çıxart-çıxart”, – deyərdim, “irağ-irağ sətəlcəm olarsan. Sonra gərək sənə özüm türkəçarə eləyəm, bardağ qoyam. Arvad-uşağının yanında xəcalət ollam”. Çıxardım dəhlizə, mən gələnəcən soyunardı. Qurama yorğançaya bürünərdi, oturub kəklikotudan, qantəpərdən dəmlədiyim çaydan içərdi. O içənəcən mən də köynəyini ocağın üstündə qurudub verərdim… Dünyanın işi belədi, biri yeyir, yağlansın, biri çəkir gödən ağrısın.

Anaqız arvad ildə bircə gün baş verən hadisəni, xatirəni elə canlı, elə yerli-yataqlı təsvir edirdi ki, bütün o sadə, sadə olduğu qədər də anlaşıqlı, doğma hallar, sözlər Gülsənəmin qəlbini titrədir, gah gülümsünür, gah da gözlərindən gilələnən yaşları silirdi. Bütün varlığıyla sevdiyi əri haqqındakı ən sadə hekayəti can-başla dinləyirdi. İnanırdı. Bilirdi. Baxtıkəm elə beləydi. Başqa cür ola da bilməzdi. Kimi dindirsən, kimdən soruşsan, kimlə qohumluğu, iş əlaqəsi olmuşdusa, Şirvan mahalında, şamaxılı qohumlarından üzübəri hamısı Bəxtiyar – Baxtıkəm haqqında belə danışar, belə vaysınar, onun cavan ərinə, beləcə, cənnət arzular, Allahdan rəhmət dilərdilər. Bu dost və tanışların, qohumların bir çoxu barəsində vaxtilə, uzun qış gecələrində Baxtıkəm ona şirin nağıl kimi danışmışdı. Elə buna görə də Gülsənəm “hara üz tutum, Allah?” – deyə ürəyində fəryad edəndə yadına hamıdan əvvəl Anaqız düşmüşdü.

– Mənə gəlməmiş kimə gələcəkdin? Hara gedəcəkdin? Allah da elə məsləhət bilib, salıb ürəyüvə. Qızçün da bu silahdı. Vaxtında. Vədəsində.

– Kaş, o vədə heç gəlməyəydi. İçində boğulaydı.

– Asi danışma, qızım, asi danışma. Necə olsa, Məhəmməd hümmətidi. Atası bəlli, anası bəlli. Neynəyəsən ki, yiyələri namərd çıxdı? Bilmək olmaz. Bəlkə, Allah ürəklərinə rəhm saldı. Aparram. Məhəbbət gözdədi. Şahnisə xanım nəvəsin görər.

Gülsənəm bütün varlığıyla etiraz elədi:

– Yox. Yo-o-ox… Özünü urvatdan salmağa qoymaram səni. Onlar elə adam döyüllər. İllah da ki xanım…

– Bəlkə, Şamaxı qohumları əl yetirə.

– Nə bilim, Vallah. Əvvəli orda qoca anası qalmışdı. Düzdü, ev-eşiyi filan olub, qalıbmış. İndi bu bir neçə ildə kişi rəhmətə gedəndən sonra əlaqəmiz tamam üzülüb. Genə özü sağlığında xəbər tuturdu. Heç day bilmirəm, o qoca anası sağdımı? Nə əl yetirə bilər? Sonra da Şamaxıdan qannılıq üstündə çıxıb axı. Anası bədbəxt qızı heç bircə günlüyə görüşə getməyinə də razı olmurdu. Deməyinə görə günahsızmış, qorxurmuş, o qannılıqla heç bir alağa-salağası olmayan balasına xata-bala toxunmasın. Qannıları çox güclüymüş. Nəsillərində kişi qismindən bir başıpapaqlı qalıbmış, o da bizimki.

– Nə deyirəm, ay bala! Onda başqa fənd quram, gərək.

Anaqızın düşüncələriylə Gülsənəmin düşüncələri arasındə fərq vardı. Əgər Gülsənəm bu çətin vəziyyətdən nə olursa-olsun fikri təkcə qızını xilas etməkdisə, Anaqızı düşündürən həm Reyhanını… Və həm də, ən başlıcası, bəlkə də, daha çox onun həyat verəcəyi körpənin taleyi idi. Anaqız istəyirdi ki, doğulan uşağı… Hələ nə olacaq? Dünyaya kim gələcək? Hansı bəxtikəm oğlan, ya hansı talesiz qız qədəm basacaq bu misilsiz, gözəl dünyamıza? İndidən nə bilmək olar, əziz oxucum? Azca da səbir elə.

* * *

Qonçabəyim təzəcə otuzunu doldurmuşdu. İndiki anlayışla cavan gəlin, o zamankı anlayışla artıq oturuşmağa başlayan arvaddı. Yaşıdları üç-beş, bəlkə, daha çox uşaq sahibi anaydı. Amma Qonçabəyimin övladı olmamışdı. Bədəni gənc qız təravətini saxlamışdı. Qəddü-qamətliydi. Çox zərif, incə vücudu zərxara, kimxa tuman, qanovuz köynək içində alışıb-yanırdı.

Hərdən Murad ağa tovuz quşu kimi otaqlarda qanad gərən Qonçabəyimi məhəbbət gözüylə seyr etdikcə düşünürdü: “Övlad vermədi böyük Allah bizə. Amma sənə baxanda fikrimə gəlir ki, o böyük, o qadir Allah, bəlkə də, səni elə təkcə məhəbbətçün yaradıb?! Qismətimə gözəllərin gözəli, incələrin qönçəsi düşüb. Bu da böyük xoşbəxtlikdir, duyan, gözəlliyin qiymətini bilən ər kişiyçün. Madyan, inək cinsindən deyilsən, mələk soylusan, Tanrım yaradan. Doğmayan, doğulmayan mələyimsən”. Vücudunda gərginlik duyulurdu. Bu gərginlik şirindi, dadlıydı, çağırırdı.

– İnşallah, xeyir olar.

– Nə yuxudu, canım? Danışsana.

– Yuxumda başdan-ayağa yamyaşıl paltar geymiş, yaşıl şal örtmüş arvad xeylağı sağ əlini sənə tərəf uzatdı: “Qonçanı pirə – peyğəmbər qəbrinə9 apar”.

– Amin! Göz üstə. Hardadı o pir?

– Bilmirəm.

– Yanı genə pir qalıb? Xıdır Zində10.

– Aparmısan.

– Sofu Həmid11.

– Getmişik.

– Pir Abdulkərim12.

– Keçən yaz.

– Şeyx Əyyub baba13.

– Ötən yay.

– Pir Xanəgah14.

– O payız.

– Qara Sofu15.

– Görmüşəm, nəzrini də vermişəm.

– Şıx Dursun16.

– Görmüşəm, ziyarət eləmişik.

– Sarı Seydan17.

– Olmuşuq.

– Baba Samit18.

– Qurbanı olduğumun iki dəfə ziyarətinə getmişik.

– Bibi Heybət19.

– Olmuşuq.

– Nənəmə danışdım yuxumu. Dedi, “Həzrət Fatimeyi-Zəhranı görmüsən yuxuda. Xanımlar xanımı, Peyğəmbər salavatullahın qızı. O pir də haradasa bu yaxın tərəflərdədi. Apararsan Qonçabəyimi. Hil-mixəkdən ətir almış tər qoca içəri girəndə ərindəki haləti daxili hisslə duyan, anlayan, anlaqlı qadın, nazla, qıyğacı-qıyğacı, ərkyana təbəssümlə Murad ağaya baxır, sonra da onun açıq qolları arasına şığıyır, gözəl başını kişisinin məğrur, amma ürəkdən bütün vücuduyla sevən sinəsinə söykəyirdi.

– Murad ağa…

– Nədi, canım?

– Bir yuxu görmüşəm.

– Xeyir olsun.

– Tez öyrən pirin yerini ha.

– Gözüm üstə, canım. Lap dünyanın o biri başında olsa da. Qoy bir soraqlaşım, yerin-yurdun öyrənim.

– Gözün ağrı görməsin.

İki bədən bir canda birləşdi…

Səhəri gün obaşdan, hələ gün çırtlamamış faytonçu Sadıq faytonunu darvazanın önündə hazır saxlamışdı. Dal həyətdə çıraq işığına ərzaq tədarükü görülür, kəsiləcək heyvan, təndir çörəyi, orada yuxa bişirmək üçün un, sac, çay üçün samovar, dəm çaydanı, qab-qacaq, paltar-palaz, gecələməkçün yatacaq tədarük edilir, seçilib furqona yığılırdı.

Qoşa at qoşulmuş faytondan çox da geri qalmamaqçün yükü ağır furqona dörd at qoşulmuşdu. Pir üstündə kişi işini faytonçu Sadıqla furqonçu Qasım görəcəkdi. Arvad iş-gücündən ötəri bircə diribaş kəniz Gülnigarı götürmüşdülər. Çöldə-bayırda olanda Murad ağanın etirazına məhəl qoymayan Qonçabəyim özü də iş gücə əl-ayaq verirdi.

Gün çıxmamış üfüqdə xəfif qızartısı bəlirəndə, dan yeri təzəcə-təzəcə qızaranda Murad ağayla Qonçabəyim faytona əyləşdilər. Sadıq kişi dal həyətdəki furqonçu da hərəkət əmrini eşitsin deyə ucadan səsləndi:

– Allah, Məhəmməd, ya Əli… Ağamı Allah saxlasın. Hay… Gözünə döndüyüm – deyə qamçısını atların üstündə havada oynatdı. Qamçı enmədən onu duyan atlar tərpəndi. Hər tərəf hələ qaranlıqdı. Qonçabəyim qaranlıqda sübhün sərin havasını köksünə çəkib əsnədi, bəzəkli başını ərinin çiyninə dayadı. Ürəyinə ümid dolu sükunət çökdü. Arxalarınca qoca Nisə qarının “qırxhaçar camı” dolusu su atıb dediyi sözləri eşitməsə də, duyurdu:

– Allah muradını versin, gəlin! Kaş bu yoldan əliboş qayıtmayasan. Rəbbim, bu rəbbi-qiblə ikinizi də muradınıza qovuşdursun. Amin, ya rəbbül-aləmin!

… Göz işlədikcə uzanan sapsarı, qumlu-torpaqlı çöldə əvvəlcə tünd kölgəli xəyal kimi görünən məscid, əlavə tikililər, xüsusilə, uca çinar, tut ağacları görünəndə Qonçabəyim gözlərini növbəti mürgüdən açıb gülümsədi, Murad ağa onun çutqudan ucları çıxmış cığalarını sığalladı:

– Ay yatdın ha.

– Çox yatmışam?

– Çiynimdən soruş. Deyəsən, o da “yatıb”.

Qonçabəyim “can-can” deyə-deyə ərinin çiynini ovuşdurdu.

– Bəsdi, əlini yorma. Zarafat eləyirəm.

– Murad ağa.

– Nədi, canım?

– Canın ağrımasın. Bu hansı pirdi, dedün? Adı belə bir təhərdi ey… Dilimə yatmayıb hələ.

– Cərcis peyğəmbərin mübarək qəbridi. Deyilənə görə, yüz iyirmi dörd min peyğəmbərdən dördü; İdris, Yunis, Asif, bir də bizim burdakı Cərcis peyğəmbər dörd dəfə kafirlər tərəfindən öldürülüb. Amma böyük Allahın əmrilə yenidən dirilib. Dörd dəfə ölüb dirilənlərdən biridi bu məzarda yatan müqəddəs.

– Can… can… Murad ağa, yanı bizim torpaqda da peyğəmbər olub?

– Nöş olmasın? Bizim torpağa nə gəlib ki?

Бесплатный фрагмент закончился.

218,97 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
160 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают