Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Bir səsin faciəsi», страница 2

Шрифт:

Görmüşdü o balaca ürəyin necə çırpındığını, hiss eləmişdi. İndi özünün ürəyi də cələyə düşmüş o sərçənin ürəkciyi kimi çırpınırdı. Bu dəfə qulluqçulardan biri içəri girdi:

– A-a-a-az, nə soxulmusan küncə? Çıxıb işüvü görsənəm.

– İndi gəlirəm.

– Yo-o-ox… Niyə pörtmüsən? Üstünə qaynar su atıb qovublar?

– Yo-ox…

– Azar ox! Çıx iş-gücüvü gör. Genə pişik balası döyülsən ki, kim isə səni nazlandıra? Elə bilirdin, elə belə keçəcək? Elə bilirdin, yuxa arasında halva var? Həmişə günün toy-bayramda, xanımın balağı dibində, artığıynan yağ içində böyrək olacaqsan?

Başqa bir qulluqçu söhbətə müdaxilə edirdi:

– Bəsdi! Nə istəyirsən qızdan? O neynəsin ki, xanım.

– Çor xanım, dərd xanım! Sən nə mına tərəf tutursan? Atanın qızı, bacundı?

– Allahın fağır bəndəsidi.

– Allah da qənim olsun ona, bəndə də.

– Niyə qarğıyırsan, a dili yanmış?

– Dilin də yansın, canın da.

– Anası elə üç adamcan işləyir. Bəsdi də. Onun əvəzinə də işləyir, öz əvəzinə də. Qızı gözümçıxdıya salma!

– Bəs onda bu gərək bizim üstümüzdə xanım ola? İşləməyə? İş-güc görməyə? Qoy indidən yaxşı-yaxşı bilsin ki, o xanımın heç ayağının tozu da deyil ki, xanımlıq iddiasına düşə. O xanım deyil! İndi heç pişik balası da deyil. Qulluqçudu. Qulluqçu qızıdı!

– Bunu bilirəm, – deyə Reyhan qapı arasından baxıb Səfərin artıq həyətdə olmadığını gördükdə otaqdan bayıra qaçdı. Həmişə belə mübahisələrdən, bu təhqirlərdən uzaqlaşır, gedir, anasının böyrünə cumur, tapşırıqlardan yerinə yetirməyə çalışırdı. Üzülmürdü, gücləndikcə, öyrəşdikcə, alışdıqca anasının ağır işlərini öz üzərinə götürür, Gülsənəmin zəhmətini yüngülləşdirməyə can atırdı. Amma əlbəttə, Gülsənəm də qızını qoruyurdu. Ən ağır işlərdə onun indidən üzülməsini, sınmasını istəmirdi.

– Ay bədbəxt bala, ay bədbəxtin balası bala, hələ ömrün qabaqdadı. Kimə irast olacaqsan? Kimə? Kimə gedəcəksən? Kimə verəcəklər səni? Nə iş gördürəcəklər? Ömrün necə keçəcək, bala? Bilinmir ki! İndidən yük altına girmə bu qədər.

Nökər və qulluqçuların pisi də vardı, yaxşısı da. Yaxşının biri yaxşılara, üzüyolalara ürək-dirək verirdi. Anaya da, balaya da. Yetim qızın, Baxtıkəmin yetim balasının körpəlikdən çox da ağır işə cəlb olunmasına razı olmurdular. Qoruyurdular. Amma kənizlərin içində eləsi də vardı ki, qıza göz verirdi, işıq vermirdi. Elə anaya da:

– A-a-a-az, bu xanızadanı genə nə qorğalayırsan?

– Şahzadaya ərə verəcək. Ona görə. İstəmir ki, əlləri indidən eybəcərləşsin. Vallah, o əllərin də bizimki kimi islahatı qalmayacaq iş-güc əlindən.

– Bizimki kimi bir az bərkiyəndən sonra.

– İnsafınız olsun. Onun əlləri hələ uşaq əlidi.

– Sən Allah, bəsdi. Özüvüzdən hoqqa çıxartmayın. Nə uşaq əli, nə böyük əli? Var, iş görən əl, görməyən əl.

– Bir də can yandıran görür-eləyir, can yandırmayan görmür-eləmir.

– Xanımın pişik balasıynan işüvüz olmasın. Ağlayar, gözünün sürməsi gedər.

– Ha-ha-ha.

– Sürməyə bax! Reyhan gözünə bax! Pişik balasının xanımlığı getdi. Taxtdan düşdü. Oldu bizim birimiz. Anası indi güldü, sənəmdi, qızı Reyhan.

– Bəsdi. Bəsdürün! Ağzuvuza qadağa verin. Başınızın üstündə Allah var. Dövrənizdə adamlar. Ayıbdı, günahdı axı.

– Kimdən ayıbdı, a-a-az? Xanımın özünün ağlı başına gəldi. Başa düşdü ki, bu qız orda qalası döyül. Günün birində ağa balası təcrübə keçər.

– Bəsdürün, dedim. Qızın… Uşağın yanında abırsız-abırsız danışmayın.

– Mən nə deyirəm ki? Nə abırsız söz dedim? Dedim ki, ağanın oğlu.

– Dedim sənə, bəsdi!

– A-a-az, nə bəsdi-bəsdi salmısan? Sən də bizimçün xanım olmusan? Başımızın ağasısan? Nə dedim mən o köpək qızına? Atasın söymədim, anasın söymədim. Neynədim mən o canı yanmışa? Döymədim, qarğımadım. Mən o ciyəri çıxmışa öl demədim, it demədim, alışıb yanasan, demədim. Mən o qarabaxtın, kəmbaxtın balasına, balon qabağıva döşənsin, demədim, qapılardan qovulasan, əl açasan, demədim. Nə dedim?

– Usan axı… Sicilləmə sözləri düzmə bir-birinin dalıycan, mıncıq düzən kimi. Nə istəyirsən camaatdan?

– Qızlar! Düz deyir, bəsdi, dağılışın işinizə. İndi xanım xəbər tutar ki, yeyib-içəndən so-ora bir saat da naqqallıq eləyirsiz, deyər yalları artıq düşüb, qudurublar.

– Hə, vallah, düz deyirsən.

Belə hallarda ən əvvəl durub bayıra cuman, işinə-gücünə girişən Gülsənəm olurdu. Elə Reyhan da ondan geri qalmırdı. Beləcə, böyüyürdü. Hərdən-hərdən həyət-bacada bir iş tutanda, xanım görəndə:

– Necəsən, pişik balası? – deyəndə başını aşağı salıb dillənə bilmirdi.

Xanım əlini ona tərəf uzadanda tez bu əli tutub öpür və qaçırdı, hərdən-hərdən əlində bir şey xanımın otağına göndəriləndə bundan betər olurdu. Qız bu otaqda elə günlər keçirmişdi ki! Onun ürəyində elə arzular doğmuşdu ki! Elə bilmişdi ki, dövran belə keçəcək. Xanım özü onu böyüdəcək. Amma… Amması yoxdu ki. Sonralar başa düşmüşdü ki, o xanım üçün, xanımın sevimli balası üçün oyuncaqdan, elə ad qoyduqları kimi pişik balasından başqa bir şey deyilmiş. Bir şey deyilmiş. O zaman uşaqlıq illərində xanımın yanında böyüyəndə çox şey öyrənmişdi. Xanımın kitabları var idi. Hərdən-hərdən keyfi, xüsusilə, duru olanda xanım ona qara tanıtmışdı. Xanım onun həvəsini görüb bəzi-bəzi sözlərin necə yazılmağını, necə oxunmağını öyrətmişdi ona. Qara tanıyırdı qız. Təkdənbir yazmaq da bilirdi Reyhan. Amma nə olsun ki? Onun yazı-pozu bilməsi də, qara tanıyıb oxuması da, bəzən qulluqçu və nökərlərdən birinin əlində kağız gəlib, “Ay bala, ay İreyhan, gör, bura nə yazıb göndəriblər, ba-aşuva dönüm?” – deyə müraciət eləməsi də. Bütün bunlar hamısı, xanımın köhnə-küləsindən geyim-kecimi, ən vecsiz paltarın belə ona yaraşması, söz deyəndə yanaqlarının dağ laləsi kimi qızarması hər şey. Hər şey… Bəzi kənizlərin paxıllığına səbəb olurdu. İş-gücə əvvəllər əlinin yatmamasını, “xanımlığa öyrəşib” – deyə ələ salanların dillərinin əzbəriydi. Alışandan sonra da ona öcəşir, sanki keçən xoş günlərinin acığını çıxırdılar ondan. Xüsusilə, Çəmən adlı biri vardı. Qıza göz verib, işıq vermir, gününü qara eləyirdi hər saatda. Elə ki qulluqçular bir yerə yığıldı, başlayırdı:

– Hə… Nə var genə, özünə belə sığal vermisən?

Reyhan da ixtiyarsız əlini alnına atıb qıvrım cığalarını şalının altına çəkəndə Çəmən hırıldayırdı:

– Hə… Hə… Telləndir cığalaruvu! Bu gün sabah… Daha az qalıb Ağa Səfər.

– Ay qız, bəsdi axı.

– Hə, nə bəsdi? Bu gün sabah Ağa Səfər… Bir az “oğlanlar bulağından” su içəndən so-ora nələr olacaq? Bilmirsiz, deyim: Xan öpəcək, xanım olacaq pişik balası. Hi-hi-hi… Pişik balası xanım olacaq.

– Ay qız… Çəmən…

– Nə ay qız, ay arvad!? Yalan deyirəm? Salman ağa cavanlığında azuvuzu üçgünlük xanım eləyib Şahnisə xanım xəbər tutanacan? Az görmüşük? Az eşitmişik belələrini, bir az qoqalası babat olanı? Ağaların…

– Bəsdi… Usan, yorul axı!

– Genə deyir, bəsdi. Neynək, mısmırığızı sallamayın. Məni də heç yerə danlamayın. Qarnı dombalanda deyərəm sizə.

– A-a-a-az, ayıfdı, qızın üzün açma!

– Mən nöş açıram? Açan açacaq.

Həmişə də etiraz eləyən Balaxanım kənizlərin ən yaşlısıydı. O olardı. Çəmən Balaxanım arvada o qədər də söz qaytara bilməsə də, Balaxanımdan çəkinsə də, yenə özünü o yerə qoymurdu:

– Yalan deyirəm? Görərsiz. Amma qarına gələndə… Hi-hi-hi… Elə şeylər mənim əlimdən gəlməz. Ağa Səfər bacarar.

– Ay urvatsız, ayıbdı. Ayıbdı, deyirəm sənə. Dilüvə qadağa ver!

– Bu-u-u-uy… Nə dedik, xanımların damağına dəydi, keyfin pozdu? Çör, demədik, çor, demədik. Soğan yeməmisiz, içiviz niyə göynəyir, hə? Göydən Göy İmam gələ ha, Ağa Səfər belə malı ötürməz, dedik dənə. Day nə dedik xanımlara? Dərd demədik, ölüm demədik, kefinə soğan doğramadıq. Açsın gözün, açsın qulağın, sərvaxt olsun, analı-balalı hər ikisi dedik dənə.

Çəmən dili uzun olsa da, elə bil qızın taleyini yuxuda görmüşdü. Elə bil Reyhanın başına gələnlər qabaqcadan ayan olmuşdu arvada. Elə bil falçıydı Çəmən. Fala baxmışdı. Neynəmişdi? Nə hadisələr baş vermişdi? Reyhana nə olmuşdu? Səfər ağa nə iş tutmuşdu? Tələsmə, əziz oxucum, tələsmə! Biləcəyik vaxtında.

* * *

“Göyərçin” adlandırdıqları qara xallı boz at gələndən sonra Səfər ağa hər şeyi unutmuşdu. Yaşı on altını adlamış, bığ yeri təzəcə tərləmişdi. Gözəlliyinə gözəllik qatmışdı dünya elə bil. At minəndən sonra necə deyərlər, qız da, qızıl da yadından çıxmışdı. Heç nə görmürdü. Hardan yerləşmişdi ağlına heç özü də bilmirdi. Amma atın rənginə uyğun əşyalar: yəhər, yüyən, üzəngi, özü üçün də xüsusi geyim sifariş eləməyə başladı. Yəhəri gümüş, kaşı ilə bəzətdirdi. Üzəngiləri qıraqdan baxanda ildırım kimi şox verirdi. Par-par yanırdı. Atın yüyənində, yəhərin qaşında qancığasında3 yer-yer gümüş parçaları, gümüş bəzəkləri min rəng çalırdı. Oğlan özünə də gümüşü mahuddan çuxa sifariş vermişdi. Çuxanın qollarının ağzını, yaxasını, ətəyini gümüş rəngli baftaynan bəzətdirmişdi. Boz rəngli Buxara papaq qoyurdu. Oğlan bu geyimdə ata minəndə, elə bil gümüşdən yaranmış heykəldi, durub. Təzə həvəslə minib çapırdı. Gəzintilərdən geri qayıtdığını görəndə nökərlər, qulluqçular, kənizlər tamaşaya dururdu. Qəribəydi. Oğlan səhər çayını içirdi. Yerindən duran kimi qapıda kişnəyə-kişnəyə ləbləbi-kişmiş gözləyən, səkil ayağını torpağa çırpa-çırpa bala-bala kişnərtiylə sanki ağasını çağıran ata sıçrayır, bir də axşamüstü ac, ləlöyün qayıdırdı evə. Çox vaxt düzünə qalsa, ac olmurdu. Haradasa gümüş bəzəkli aynalı tüfəngiylə Muğan düzündə gəşt eləyən ceyranlardan vurduğu ovu çöldəcə kabab eləyib yeyirdi. Çox yerlərdə keçirdi günü hələ lazımınca cavanlıq həddinə çatmamış Səfər ağanın. Qız da çıxmışdı yadından, qızıl da, qızdırma da. Bir az əvvəl təzə boy atan qızlara, cavan kənizlərə, qaravaşlara yol vermir, yeriməyə qoymurdu. Bulaq üstündən qayıdanda, su tələb eləyəndə bir içim su verməsələr, sənəklərini daşa basan oğlan indi daha belə xırdaca oyunlardan əl çəkmişdi. İndi daha özünü kişiləşmiş bilən, özünü kişi hesab eləyən oğlançün bu oyunlar uşaq işiydi. İşi yoxuydu belə şeylərdə, belə əyləncələrdə daha. İndi o, boz atlı, gümüş-bəzək aynalı ovçuydu. Özünü gah-gap Ovçu Pirim, gah Qaçaq Adıgözəl bilirdi. Özünü o zamanlar elin ən tanınmış, ən adlı-sanlı, sayılan adamlarından hesab eləyirdi. Gah ona elə gəlirdi ki, dağlardan enəndə dağ seli, düzlərdən enəndə sübhün dumanı, təpələrdə, şiş uclu qayalar başında çaxan ildırımdı. Qəribə dünyası var idi oğlanın. At gələndən sonra bir ayacan belə keçdi. Ancaq atı, geyimini düşündü. Amma o çaparaq keçəndə oğlanların, qızların tamaşaya durduğunu duyduqca, arxadan baxan yüzlərlə gözü hiss etdikcə, evə qayıdanda dayəsi, anası başı üstündə duz-üzərlik və atil-batil yandırıb tüstüsünü ona verdikcə ürəyində başqa bir hiss də canlanmağa başladı. Boylanırdı. Daha çox cavan qız-gəlinin onu seyr etməsi ürəyini hərarətlə doldururdu. Sevinclə doldururdu. İstəyirdi ki, tamaşaçıların bu qismi daha çox olsun. İstəyirdi ki, onların ön cərgəsində Reyhan dayansın. Reyhan! O, hərdənbir xəyallarında arzu edirdi ki, Reyhanı quş kimi, qartal cücə qapan kimi caynaqlarına keçirib atın tərkinə alsın. Dünyanı, gəzib gördüyü çəmləri, çəmənləri, dağları, dərələri göstərsin. Bulaq başında otursun onunla. Vurduğu ovlardan kabab çəksin onunçün. Gur bulaqlardan su içirsin ona, kabab yedirsin ona. Birlikdə yesinlər, içsinlər. Xəyallarında bircə o qız qalmışdı. O birilər hamısı kənara çəkilmişdi. Ancaq Reyhan! Ancaq Reyhanın gözlərini, yalnız Reyhanın təbəssümünü, təkcə Reyhanın baxışlarını axtarırdı. O tamaşaçılar içində ona bircə Reyhan gərəkdi. Bircə reyhan ətri burnundan əskik olmurdu. Bağça-bağa girəndə qızılgüllərdən də öncə reyhan ətri duyur, reyhanın o yaşıl, badımcanı qarışıq yarpaqlarını görürdü. Ən əvvəl reyhandan bircə, xırdaca budaq dərirdi. Bir qanad götürüb burnuna tərəf aparırdı: Qoxlayır, gözünün qabağında Reyhan qız canlanırdı. Ətrini ciyərlərinə çəkirdi. Elə bilirdi ki, Reyhanın nəfəsidi. Reyhanın dodaqlarıdı. Gözünün önündə Reyhanın dodaqlarına dəyən körpə, amma kişi, körpə – ancaq yetişməyə başlayan qız canlanırdı. Reyhan canlanırdı. O nə özünün, nə də Reyhanın gələcəyini düşünəcək haldaydı. Evlənmək haqqında da düşünmürdü. Bilirdi ki, atası, anası onu Reyhanla evləndirməz. Çünki çox yerdə belə şeylər görünmüşdü. Ağalar kənd qızlarıyla evlənib “xanım” eləmişdilər. Çəmən demişkən, xan öpüb xanım olmuşdu belə qızlar. Təkcə bu – Şahnisə xanım ola bilməzdi, izin verməzdi. Onsuz da, Səfər indi heç evlənmək haqqında düşünmürdü. Sadəcə, bütün qəlbi, bütün varlığı bu məhəbbətlə, bu istəklə dolmuşdu. Yavaş-yavaş ən böyük məhəbbətə çevrildi bu istək, bu arzu, bu dilək. Bu eşq bütün hüceyrələrini, bütün vücudunu doldururdu. Bütün arzularının başıydı bu məhəbbət, bu dilək. Reyhanlı dilək. Sirrini heç kəsə, ən yaxın dostlarından birinə də ona güləcəyindən qorxub, deməmişdi. Ona elə gəlirdi ki, Reyhan məhəbbəti ürəyində elə gizlənib ki, nə görən var, nə duyan. Amma görən də vardı, duyan da. Təcrübəsiz gəncin daxilində ən günahsız səhvi; hərəkəti, təbəssümü, baxışı, reyhan ətirli, reyhan budaqcığıyla rəftarı ürəklərə axırdı şübhəli ürəklərə. Bəzi içi qara ürəklərə yer eləyirdi. Bəzən yuxa ürəklərin birinin qıza yazığı gələrdi. Bilirdilər ki, lüzumsuzdur bu. Nə atası, nə anası belə məhəbbətə məhəl qoyar. Məhəl nədi, heç eşitmək istəməzlər. Heç biri Səfər ağanı Reyhana yaxın getməyə qoymaz. Reyhanı xanım eləyib bu evə, bu alışan imarətlərə qoymazlar. Şahnisə xanım pişik balasını özünə gəlin eləməz. Gəlin gözüylə baxmaz qulluqçudan doğulan qıza. Kənizin qızı kənizə. Dünya gözəli olsa da. Oğlunun ilk məhəbbəti olsa da. Oğlunun ürəyində yer eləyib dərin yara açsa da, razı olmaz bu eşqə, bu məhəbbətə. Heç qoymaz ki, bu məhəbbət cücərə. Çiçək aça, bar verə, meyvə gətirə. Yox!!! Mümkün olmayan işlərdi. Mümkün olmayan diləklərdi. Bəzi qıza acıyanlar, Gülsənəmə hayıfsılananlar, Baxtıkəmin talesiz qızını qorumağa çalışırdı bu bəladan. Ürəyində deyirdi: “Kaş qızın da gözü bu oğlana düşməyəydi. Qızın da ürəyinə bu məhəbbətin toxumu düşməyəydi, cücərməyəydi”. Amma mümkündü? Mümkündümü bu? Atəş içinə, od-alov içinə düşüb yanmamaq mümkündümü? Bilmirdi. Heç kəs bilmirdi bunu. Bir Allah bilirdi ki, insanların taleyini “qalü-bəla”da alınlarına yazırdı. Bu da elə. Baxtıkəmin talesiz qızı – pişik balası xanım olmayacaqdı. Ola bilməyəcəkdi. Heç vaxt! Mümkün deyildi. Kaş, heç ürəyində də olmayaydı bu məhəbbət! Yoxsa özü də Reyhandan Bəxtikəmin talesiz qızı bədbəxta çevriləcək. Dünya… Dünya! Harda sənin o gəzəl nemətindən, o şirin, o dadlı nemətindən, əzəli, əbədi ismətindən qisməti olmayanlara nəsib olur. “Hayıf səndən” deyib hayıfsılanma, əziz oxucum, biləcəyik axırını. Bir az səbir elə! Bir az da mənə yol yoldaşı ol. Biləcəyik axırını.

Meşə yox idi, meşəyə getsinlər. Dağlıq yox idi, dağa çıxsınlar. Dərələrdə, yarğanlarda, kahalarda gizlənsinlər. Görüşsünlər. Amma sevənlər üçün, özü də bu yaşda görüş yeri, dalda yeri tapmaq çətin olmur. Heç axtarmırlar da. Belə yerlər öz-özünə gəlib çıxır qabaqlarına. Köhnə samanlıqlar, qədim zağalar, atılıb qalmış, yiyəsiz balıstanlar… Bu zağaların birində necə, nə təhər, haçan sözləşdilərsə, haçan görüşdülərsə, haçan ürəkləri bir-birinə xəbər verdisə… Bir o gözəgörünməz, o qadir Allah bilir! Bəlkə, heç, növzənbillah, onun da xəbəri yoxdu. Məhəbbət deyilən o əzəli, o bəşərin davamiyyəti olan bir duyğu onların, o iki gözəl cavanın əlindən tutub apardı o zağaların birinə. Zağaların birində bir-iki dəfə elə-belə görüşdülər. Bir-iki dəfə əl-ələ tutuşdular. Nəfəs-nəfəsə dayandılar. Təmiz saman iyi verən, qızıl kimi par-par parıldayan samanların üstünə, gözərlərin üstünə nə zaman yan-yana oturduqlarını, nə zaman qol-qola olduqlarını özləri də bilmədi. Heç birisi. Nə Səfər Reyhanı rüsvay eləmək haqqında düşünmüşdü, nə də Reyhan Səfərdən ona bəla gələcəyini. Beləcə, günlərin birində qol-boyun, bu zağalardan birində iki sevgili o əbədi, o əzəli, o İNSAN davamiyyətinin amili olan hissin təsiriylə bir-birinə qovuşdular. Bir-birinə qovuşdular. Qovuşdular!!! Amma bir zaman özlərinə gəldilər ki, y-y-y-o-o-o-o!!! Heç özlərinə gəlmədilər! Həmin hiss ürəkciklərinə əbədi hakim kəsildi. Xudavəndi-aləm kimi hakim kəsildi! Pərvərdigari-aləm kimi hakim kəsildi! Heç biri yaman bir şey düşünmədi. Nə əvvəlini, nə axırını! Heç biri yaman bir şey düşünmədən bu şirin, bu dadlı hissin ardınca bir-iki gün, bir neçə dəfə dalbadal həmin zağada görüşdülər. Taleyin hazırladığı gərdək otağı kimi. Zülmün, sitəmin hazırladığı qınaq, danlaq, sərgərdanlıq başlanğıcı kimi!

Gülsənəm qızındakı dəyişikliyi əvvəldən hiss eləmişdi. Arabir pıçıltıyla, “Bala, gözümin işığı, a birdənəm, amandı, Ağa Səfərdən uzaq ol!” – demişdi. Amma deməkdən fayda nəydi? O qızını döyə bilmirdi, söyə bilmirdi. Baxtıkəmin adını dilinə gətirməliydi söyəndə, Baxtıkəmin ruhu inciyərdi döyəndə! Amma hər halda arabir qızı bərk çimdikləyir, çiyinlərini tutub sıxır, “Özünə də, mənə də qara gün ağlama, bala!” – deyirdi. Axır günlərdəysə lap ayrı cür olmuşdu qız. Nə gördüyü işi bilirdi, nə danışdığı sözü. Əlinə nə götürürdü, düşürdü. Gözləri od saçır, bəxtiyarlıqdan par-par yanırdı. Fikriysə yuxulu kimi xəyaldaydı. Kimin xəyalında olduğu Gülsənəmə də, elə kənizlərin, qaravaşların da hamısına bəlliydi.

Arabir Balaxanım arvad da Gülsənəmi yanlayır, pıçıldayırdı:

– Qızdan muğayat ol! Deyəsən, ömbərini bada verib.

– Nə danışırsan, ay xala?

– Xala neynəsin, bala? Gördüyümü deyirəm. Görmürsən, qız özündə-sözündə deyil? Qorxuram, səhv eləməyəm, verib ömbərini bada yazıq.

Belə söhbətlər yandırırdı Gülsənəmi. Onu da deyim ki, Şahnisə xanım özü də oğlundakı dəyişikliyi duymuşdu. Çörək yeyəndə də hərdən xəyala gedirdi. Dindirəndə də gözlərində bir sevinc, bir coşqunluq elə parıldayırdı ki, “hə” deyəsi yerdə “yox” deyirdi. Səadətinə qovuşmuş kimiydi.

Amma Şahnisə xanım Gülsənəm kimi narahat deyildi balasıyçün. Kişi xeylağına belə şeylər ayıb hesab olunmurdu. Dəcəllikdi, vəssalam. “Canı çıxsın, saxlasın özünü”. Bəla qızın bəlasıydı. “Canı çıxsın gözünün içindən. Kor deyil, kar deyil. Eşitmir böyüklər deyəni? Ölsün, saxlasın adını”. Bəli, qızın bəlasıydı. Oğlana nə var ki?! Oğlan belə şeylərdə sudan quru çıxırdı. Günah bilmirdilər. Nadinclik kimi baxırdılar onun günahına. Qız üçünsə… Özü də qulluqçu qızı üçün… Özü də kəniz qızı üçün! Bu, böyük bər-bəlaydı. Gülsənəmi qapıdan qova bilərdilər. Çörəksiz qalardı.

Yavaş-yavaş qızdakı dəyişiklik artdı. Qızdakı dəyişiklik artdıqca ananın da dünyası dəyişirdi. Qızın ürəyi bulananda yeriklədiyi anaya aydın oldu. İki əlilə öz başına qapaz saldı:

– Qoruya bilmədim bircə balanı, Baxtıkəm! Qoruya bilmədim. Nə bəlaydı düşdüm, Allah?! Nə bəlaydı düşdüm, Allah?! Özün qutar bizi.

Anayçün çətin olsa da, Gülsənəm ən ağır işləri gündən kölgələdiyi, yağışdan daldaladığı, ana ürəyində qoruduğu balasına gördürürdü. Ağır satıllar, ağır güyümlər doldurtdurur, ağır taylar verirdi arxasına. Gədələr dəyirmana dən daşıyanda ən ağır tayları qızın belinə qoyurdu. “Qızıl ipə bağlı deyil ki! Allah kərimdi, düşər, canımız qurtarar. Düşər, canı qurtarar bədbəxt balamın”. Çəmən demiş, “Elə bicin ömrü qızıl ipə bağlıymış”. Məhəbbət meyvəsi möhkəm oturubmuş yerində. Heç nə kömək eləmədi.

– A-a-a-az, xanımın pişik balasını niyə belə incidirsən? O ağır tayları nöş verirsən dalına? Qorxmursa-a-a-an? Ağazadəyə zərər toxunar, toxunmaz? Bilmirsən ki, belə ağacın meyvəsi möhkəm bağlanır budağına?

– Çəmən!

– Nə Çəmən, a-a-az? Vaxtında demədim sizə? Sımsığuvuza dəyirdi. “Öl” demirdim, “İt” demirdim, “Qarnı dombalar” deyirdim dənə. “Qaç” demirdim, “Qov” demirdim, gəlin olmamışa “Gözün açılsın” deyirdim.

218,97 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
160 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают