Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Seçilmiş əsərləri», страница 3

Шрифт:

Dedi:

– Deyəsən qəribsən, bilmirsən?

Dedim:

– Bəli.

Dedi:

– A başına dönüm, din-məzhəb aradan çıxıbdır. Ata-babamız qoyan qaydanı buraxıblar, indi buranı tikiblər, adını da “məktəbi-ürfan” qoyublar, deyirlər gərək uşaqlarınızı gətirəsiniz, burada oxusunlar. Heç görünübdürmü ki, uşaq stul üstə oturub dərs oxusun?

Dedim:

– Əmi, adın nədir?

Dedi:

– Qulamın Əliəkbər. Mənə məşhur “mömin” və müqəddəs deyərlər.

Gəzə-gəzə o biri hücrələrin qabağına getdim. Gördüm burada çoxlu mollalar var. Bir nəfər də hücrənin qabağında durub baxır.

Dedim:

– Qardaş, bura nədir?

Dedi:

– Molla fabrikasıdır.

Bunu deyib getdi. Bu halda içəridən bir molla çıxdı. Bundan xəbər aldım ki, siz bura nəyə yığılıbsınız?

Dedi:

– Molla olmaqdan ötəri.

Bu sözü deyib ah çəkdi. Dedim:

– Balam, niyə ah çəkdin?

Dedi:

– Keçən günlər yadıma düşdü.

Dedim:

– Necə məgər?

Dedi:

– İşlər günbəgün çətinləşir. Ha bir yandan bağırırlar, mədəniyyət olduqca işlər asan olacaqdır. Amma mən görürəm ki, bu yalan sözdür. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Amma indi işi çətin eləyiblər. Gərək tamam bir il qalasan. Fəqir-füqəranın evi yıxılır. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Bundan hesabını tut.

Dedim:

– Səbr elə, Allah kərimdir.

Buradan ötüb keçdim. Altı-yeddi hücrə gördüm. Hər birində on-on beş nəfər əyləşib söhbət edirdilər. Bunların bir nəfəri molla idi, yerdə qalanları mollaya oxşamayırdılar. Bir nəfərdən xəbər aldım ki, bura nədir?

Dedi:

– Bura da Şah Abbasın tənbəlxanasıdır.

Dedim:

– Oradakılar kimdir?

Dedi:

– Gəncənin hacıları və məşədiləri.

Dedim:

– O molla nə qayırır?

Dedi:

– Onlara nağıl söyləyir. Hər tənbəlxananın bir nağıl deyəni vardır. Bunların qışda odunu mövqufatdan17 verilir, özlərinin də adları nəqibin18 dəftərinə düşübdür. Hər yerdə aş olsa, bunlar orda başdır. Kefləri kök, yeyib sabahdan axşama kimi burda yatırlar.

Bu halda gördüm bir hücrədən ucadan oxumaq səsi qalxdı. Dedim:

– Bu oxuyan kimdir?

Dedi:

– Gəncə mərsiyəxanlarıdır. Səsləri açılmaqdan ötrü məşq eləyirlər.

Bir neçə hücrələrdə gördüm adam yoxdur. Ancaq hər birində bir nəfər molla əyləşibdir. Dedim:

– Bunlar nədir?

Dedi:

– Bunlar da molla dükanıdır. Müştəri gözləyirlər.

Gördüm vaxt keçir, getdim mənzilə.

Axşam saat altıda yuxudan oyanıb samavar istədim. Nökər samovarı gətirib stolun üstünə qoydu. Çaynikə çay salıb, üstünə su alıb qoydu samavarın başına. Çay dəm alınca, mən də əl-üzümü yuyub, gəlib əyləşdim.

Bir az keçmişdi, Məşədi Həsən gəldi. Məşədi Həsənlə bahəm adama bir neçə stəkan çay içdik. Sonra Məşədi Həsən dedi:

– Dur gedək gəzməyə.

Dedim:

– Bundan sonra haranı gəzəcəyik?

Dedi:

– Bir az gedib Sərdar bağında gəzərik, oradan da gedərik dumaya. Bu gün orada yığıncaq olacaq, bizim dumaya baxarsan, görərsən Tiflis dumasına oxşayır, ya yox.

Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb, durdum ayağa paltonu geydim, ağacı aldım əlimə, dedim. “Bismillah”.

Məşədi Həsən də ayağa durdu, bir yerdə düzəldik bağa tərəf. Nömrədən çıxıb, sağ tərəfə gedib, oradan da Yaqubson küçəsinə döndük ki, birbaş Sərdar bağına və birbaş da müsəlman qiraətxanasına çıxır.

Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, iki tərəfindən uca çinarlar qalxıb baş-başa dəyib, gündüz günün işığını, gecə Ayın işığını camaatdan kəsir. Ancaq gündüz eyib eyləməz, sərin olur. O ki gecə, Allah göstərməsin, gözə barmaq dürtsən görülməz, xiyabanda, duma tərəfdən üç çıraq asıblar, çıraqlardan da heç işıq düşmür, deyirlər ki, duma buyurub ki, neftə qənaət olunsun. Bağın sair yerlərində çıraq yoxdur, ancaq göy ot və uca ağaclar adamın könlünü açır. Bunlara baxıb Gəncənin cavanlarına şükür edirdim ki, Qarabağ cavanları tək ağaclarda xəncərlərini imtahan edib, şəhəri bağsız qoymuyublar. Xülasə, Gəncənin bağı hər barədə tərifə layiqdir. Xiyabanın iki tərəfində skamyalar qoyulub ki, gəzənlər əyləşib dincəlsinlər və səyahət edən gimnaziya uşaqlarına tamaşa etsinlər. Bir az gəzib, biz də yorulub bir skamya üstündə əyləşdik. Mənim sağ tərəfimdə də üç nəfər cavan müsəlman əyləşmiş idilər. Gördüm cavanlardan biri üzünü o birilərinə tutub dedi:

– A kişi, burada oturmaqdan fayda yoxdur, durun gedək bir az yellədək.

O saat yoldaşları bunun sözünü təsdiq edib durdular ayağa. Üçü də getdi.

Dedim:

– Məşədi Həsən, yellədək nədir?

Dedi:

– Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər, bunlar bu saat getdilər “Sansusi” deyilən restorana içməyə.

Soruşdum:

– “Sansusi” haradadır?

Dedi:

– Yaxındadır, elə dumanın yolundadır.

Dedim:

– Amandı, məni bir oraya çək.

Bağdan çıxıb əvvəl sol tərəfə getdik, sonra döndük bulvar küçəsinə, küçə ilə gedib əvvəl Çeralovun hamamı, sonra “Sentralnı” deyilən qastinsənin yanından ötüb, çatdıq “Sansusi”yə. “Sansusi” ibarətdir iki otaqdan: biri bufetdir və biri də zaldır. Həm bufetdə, həm zalda çoxlu stollar qoyulub. Stolların hamısında gördüm müsəlman cavanları əyləşib urhaura məşğuldurlar: pivə, araq, şərab Gəncə çayına dönüb.

Götürhagötürün, stəkanların bir-birinə taqqıltısının səsindən qulaq tutulur. Biri deyir: məşədi filan, sənin sağlığına ha. Biri deyir: kərbəlayı filan, çox razıyam. Xülasə, çox mehribançılıq və ittihad nişanəsi gördüm. Şərab, pivə içən hamısı müsəlman və heç birisindən şkola üzü görüb obrazovaniya almaq nişanəsi görünməyirdi. Öz-özümə dedim: yazıq bunların ataları bunları şkolaya qoymayıblar ki, gedib çaxır içərlər. Əlhəmdüllah, bunlar da atalarının haqq-səyini itirməyiblər və hər gün “Sansusi”də ibadətə məşğuldurlar.

“Sansusi”dən çıxıb getdik dumaya. Yuxarı mərtəbəyə çıxıb bir dar və alçaq otağa daxil olduq. Otağın bir başında bir böyük göy mahud örtülü stol, stolun dalında üç dənə kürsü, biri qlavaya, ikisi də üzvlər üçün qoyulub. Camaat vəkilləri yığılıb koma-koma orada-burada söhbət edirdilər. Bir az keçmişdi qapının zəngi çalındı: storojlar, piserlər, hamısı yüyürdülər qapıya. Bir də gördüm bir qoca kişinin qolundan neçə adam yapışıb yuxarı çıxartdılar, axırda gətirib üzvlər üçün müəyyən olan kürsülərin birisinin üstünə qoydular. Soruşdum:

– Bu kimdir?

Məşədi Həsən dedi ki, bu uprava üzvü Afşarov cənablarıdır.

Bu halda dübarə zəng çalındı, camaat qapıya yüyürüşüb tez ayrı qoca kişini haman qərar gətirib o biri kürsünün üstünə qoydular. Məşədi Həsən dedi ki, bu da ikinci üzv Cahangirxan Xoyski cənablarıdır. Məşədi Həsəndən soruşdum ki, səbəb nədir ki, hər bir şəhərdə uprava üzvlərini cavanlardan seçirlər, amma Gəncədə belədir?

Dedi:

– Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar; upravada da gərək təcrübəli adamlar əyləşsinlər. Bu cənab Afşarov həmin ermənidir ki, bir vaxtında Gürcüstan padşahı İkinci İrakliyə hame olubdur və Cahangirxan cənabları Axtaxan19 əsrində Xoydan gəlib, o vədədən Gəncədədir; gələndə də cavan oğlanmış.

Dedim:

– Dur gedək.

Dedi:

– Dayan görək nə danışacaqlar?

Dedim:

– Lazım deyil, belə cahandidə20, cəngamudə21 üzvlərin danışı-ğında diqqət olmaz. Mənim də qələmim onların vəsfini yazmaqdan acizdir, necə ki, şair deyibdir:

 
Bəni-adəm əzaye yekdigərənd,
Ke dər afərineş ze yek cohərənd,
Ço ozvi bedərd avərəd ruzqar22
 
 
Bəravərənd qolamane u derəxt əz bix23.
 

Məşədi Həsən dedi:

– Axır qafiyə düz gəlmədi.

Dedim:

– Eybi yoxdur, bunu da Sədi deyib.

Dumadan mənzilə qayıdıb yatdım.

Sabah tezdən Məşədi Həsən gəldi, getdik şəhəri gəzməyə. Gəncə şəhərinin ortasından bir böyük çay axır. Bu çay şəhəri iki hissəyə bölüb, yuxarı hissəsi ermənistandır, aşağı hissəsi müsəlmanıstan. Ermənistandan bir şey yazmaq istəmirəm, çünki hər şəhərin ermənistanı bir növdür. Keçək müsəlmanıstana. Müsəlmanıstan neçə məhəllədir ki, bura dilində küçə deyirlər. Küçələr: Ozan, Zərrabi, Əttarlar (burada, keçmişdə cavanların qazancı dərin bir quyuya düşüb hələ də gedir), İmamlı (burada bir hacı Seyid Ağa Bala var), Toyuqçu (məşhur mücahid Molla Əta kişinin vətəni) və Sofulu.

Ozanda olanlar gecə-gündüz yatmayıb, əllərində tüfəng, qarovul çəkirlər, çünki orada sakin olanların malı quldurlara çox şirin gəlir. Zərrabi Gəncənin Yevropasıdır: dövlət idarələri və urus qulluqçuları hamısı Zərrabidə olurlar. Əttarların ləzzəti, cuhudun evi bağlanandan bəri qaçıb. Toyuqçu və Sofulu küçələrinə gedə bilmədik, çünki yağış yağmışdı, yolun palçığından tərpənmək olmayırdı, hətta tat məscidinin qabağında bir camış arabası palçığa batmışdı. Neçə adam çalışırdı, nə camışları, nə arabanı palçıqdan çıxarda bilməyirdilər. İmamlı küçəsində ancaq hamamları gördük. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Dedi:

– Xuda nə kərdə, Hacı Seyid Ağa Balanın əlinə düşərsən, evin yıxılar.

Soruşdum:

– Hacı Seyid Ağa Bala mənə nə eyləyəcək?

Dedi:

– Sənin canın üçün, əlinə düşdünmü, üç günün içində səni ya Məkkəyə göndərəcək, ya Kərbəlaya, ya Xorasana. Elə ki, eşidib birisinin əlinə bir az pul keçib, məsələn, bağ meyvəsi satıb, ya irs alıb, o saat gəlib ona iki min məzəmmət eyləyib göndərəcək ziyarətə. Ziyarətə gedənləri aparıb ötürür, kimisini vağzaladək, kimisini – dövlətlilərdən Bakıyadək, ya Batumadək. İyirmi beş manatdan, əlli-yüz manata qədər çavuşluq24 həqqi alır. Neçə adamı bu növ ziyarətə göndərib. İndi bu adamların çoxusu gəliblər, çörəyə möhtacdırlar, amma Hacı Seyid Ağa Bala İmamlıda çayın kənarında iki mərtəbə barigah tikdirib.

Həqiqət, fikir elədim ki, bu adam xatalı adamdır, amma öz-özümə də qət elədim ki, bir gedim təklikdə onu görüm, çünki xatircəm idim ki, mən özüm xahiş etməsəm, məni yüz Hacı Seyid Ağa Bala ziyarətə göndərə bilməz. Məşədi Həsənə dedim:

– Eybi yoxdur, hacıdan uzaq qaçırıq, ancaq bir hamama girək.

Girdik hamama. Hamamın suyunun rəngi sapsarı, suyun üzündə o qədər yağ var idi ki, əgər içinə bir beş-altı pud noxud töksən yaxşı bozbaş olardı. O biri hamamlara girdik, o da həmçinin, axırda dedilər ki, hamamların birində nömrələr var. Nömrəli hamama getdik, orada da çimmək bizə mümkün olmadı, çünki nömrələrin içində çust qurudurdular.

Ona görə yer yox idi. Məşədi Həsən dedi ki, çust tikən hamamçı ilə oduna şərik olub, şərt edibdir ki, nömrələrdə çust qurutsun.

Hamamçı dedi:

– Əgər bir saat gözləsəniz, çustları bir tərəfə yığaram, a biri tərəfdə çimərsiniz.

Dedim:

– Allah razı olsun, elə çimmiş kimi varıq.

Xülasə, hamamların heç birisində bizə çimmək mümkün olmadı. Axırda gedib Çeralovun gürcü saxlayan təmiz nömrələrində çimib qayıtdıq mənzilə.

Gəncəni artıq gəzməyi lazım bilmədim. Hər yerdə əxz elədiyim bu oldu: yağış bərk yağanda müsəlman hissəsində nəinki piyada, dəvə ilə də gəzmək mümkün deyil. Evlər taxtapuşsuz olmağına görə hamısının içində yağışdan sonra qurbağalar quruldayır, bununla belə, küçələrə elektrik işığı çəkirlər. Mən təəccüb ilə dedim ki, sair yerlərdə şəhəri aşağıdan yuxarı abad edirlər, yəni əvvəl küçələr, sonra evlərin taxtapuşları, axırda elektrik. Amma burada işlər tərsinədir. Yuxarıdan aşağı abad edirlər.

Təəccüb etməyin ki, molla əmi25, bu məktubu sizə Bakıdan yazıram. Öz xudsərliyimin26 ucundan bəlayə düşmüşəm: axı mən niyə Məşədi Həsən tək aqil şəxsin sözü qulaq asmadım? Axı mənim nə işim var idi Hacı Seyid Ağa Balanın evində? “Arığın qoruğda nə işi var, vuralar qılçasına?” Xülasə, iş işdən keçib. İndi gəlmişəm, “İslamiyyə”27 nömrələrində, dizlərimi qucaqlayıb fikrə getmişəm.

Deyirəm: Ay Allah, İranın bu şuriş28 vaxtında görəsən başıma nə müsibətlər gələcək, qayıdıb genə bir Tiflisi görəcəyəmmi? Axı mən hara, Xorasan hara? Sözüm yoxdur, Xorasan bir müqəddəs yerdir, ancaq ora mənim tək qəzet-qüzet yazan yeri deyil. Bir də fikir etdim ki, Qafqazın şəhərlərindən ildə yeddi min yeddi yüz yetmiş yeddi qumarbaz Xorasana gedir, hətta Qarabağdan məşhur lotu Qulu da gedib məşədi olub gəlib, genə toylarda lotuluğunu eyləyir. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eləyirdi. Bu fikirdən sonra dedim: “Məgər qəzet yazan lotudan pisdir, niyə Xorasana gedə bilməz?” İndi bu xəyal ilə özümü sakit etmişəm. Sizin üçün də təfavüt eləməz: İrandan da bir az səyahətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Gəlib o qədər yazacağam ki, axırda özünüz deyəcəksiniz “kifayətdir”.

Əhvalatı başdan deyim: Məşədi Həsənlə Çeralov hamamından gəldik mənim mənzilimə. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Məşədi Həsən də getdi evinə.

Axşam durub üzümü yuyub çıxdım yola. Faytonçudan soruşdum ki, Hacı Ağa Balanın evini tanıyırsanmı?

Dedi:

– Çox gözəl tanıyıram, buyur əyləş.

Əyləşdim, gəldim hacının qulluğuna. Hacı mənə həqiqət artıq iltifat eylədi: özü qapıya – qabağa çıxıb, məni otağına apardı, əyləşdik.

Əhval-pürsanlıqdan sonra hacı üzünü mənə tutub buyurdu:

– Bağışlayın, sizi tanıya bilməyirəm.

Mən ərz eylədim ki, mən tiflisliyəm, adım da Mozalanbəydir.

Dedi:

– Bəli, bəli, eşitmişəm, Məşədi Mozalanbəy sizsiniz?

Ürəyim əvvəl bir gupp elədi. Dedim:

– Bağışlayın, ağa, mən məşədi deyiləm.

Buyurdu:

– İnşallah məşədi olarsınız, bəs Gəncəyə nə əcəb buyurubsunuz?

Dedim:

– Mən Qafqazı səyahət edirəm və bu niyyət ilə Gəncəyə gəlmişəm.

Hacı buyurdu:

– Dəxi gözəl, indi ki səyahətdir, bir Xorasana da səyahət edin, İranı da görün, həm də öz müsəlmanlıq təklifinizdən çıxın, mən özüm sizi gərək yola salam.

Mən istədim bir az danışam, hacı durdu çıxdı, bir azdan sonra genə qayıtdı. Dalınca bir oğlan iki stəkan lətif çay gətirdi, yanında neçə növ mürəbbə. Çay içəndən sonra hacı xahiş etdi ki, mən ona keçmiş səyahətlərimdən nəql edim və buyurdu ki, mən səyahətnamə oxumağa çox bəndəm, ancaq “Molla Nəsrəddin”nin yazısını gözüm əməlli seçməyir, ona görə oxuya bilmirəm.

Bir az söhbət elədik, durdum ayağa, mənzilə gedim. Hacı qoymadı, plova saxladı. Plovdan sonra durdum xudahafiz elədim. Hacı qapıyadək məni ötürüb soruşdu:

– Haraya düşübsünüz?

Dedim:

– “Tehran” nömrələrinə.

Gəldim soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Sübh durub çay içirdim, qapını döydülər. Mən güman etdim ki, Məşədi Həsəndir, dedim: “Məşədi, gəl”. Qapı açıldı. Hacı Seyid Ağa

Bala daxil oldu.

– Salam, Məşədi Mozalanbəy.

– Əleykəssalam, hacı.

Əyləşdi, bir stəkan çay içdi və sonra dedi:

– Sabah saat xoşdur, inşallah günorta maşını ilə yola düşərsiniz.

Dedim:

– Ay ağa, axır bu bir günün işi deyil, gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-iki həftə möhlət istəyir. Mən necə sabah gedə bilərəm?

Bu növ istədim ağanın əlindən yaxamı qurtaram, olmadı. Cibindən bir İran paşpurtu çıxarıb dedi:

– Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata düzəlir, amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Dörd manat verib özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib mənə verərsiniz. Mən də sahibinə verrəm.

Paşpurtda yazılmışdı: “Mazandaran vilayətində, Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlu”. Paşpurt da mənim dilimi kəsdi. Ələlxüsus, ağanın buyurmağı ki, mənim tək seyidin sözündən heç kəs çıxa bilməz.

Paşpurtu qoydum cibimə. Ağa getdi. Məşədi Həsən gəldi gördü çamadanı qablayıram. Soruşdu:

– Nə işdir?

Dedim:

– Dinmə, Xorasana gedirəm.

Dedi:

– Evin yıxılmasın, yoxsa Hacı Ağa Bala səni tapdı?

Dedim:

– Lazım deyil, danışma. Söz müxtəsər yaxşıdır.

Sabahdan Hacı Seyid Ağa Bala və Məşədi Həsən gəldilər. Bala seyidi çağırıb hesabını çəkdim. Bir fayton tutub getdik vağzala. Hacı Seyid Ağa Bala yol uzunu minacat oxuyurdu. Gəldik vağzala. Saat dördə on bir dəqiqə işləmiş maşın gəldi. Hacı Seyid Ağa Bala məndən iyirmi beş manat səlaməti alıb, “iltimasi-dua” deyib qayıtdı şəhərə. Məşədi Həsən maşın yola düşüncə dayandı. Maşın üç dəfə fışka29 verdi. Məşədi Həsənlə öpüşüb ayrıldıq. İndi, necə ki ərz elədim, Bakıda “İslamiyyə” nömrələrindəyəm. Bakını səyahət etməyə macal yoxdur, çünki bu axşam saat onun yarısında gərək paraxoda minəm. İnşallah, qayıdanbaş bir neçə gün Bakıda qalıb, oradan da əhvalat yazaram. Hələ ki, xudahafiz.

Qarabağa on manat göndərin, seyid qəbrinin üstündə Yıxılqo əmiyə bir gün təkiyə edin. Bəlkə mənə İranda Mədəli30 tərəfdarlarından bir xəta toxunmasın.

Dilinin ucundan avara düşən:

Məşədi Mozalanbəy.

BOMBA

Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:

– A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!

Kərbəlayi Zal cavab verərdi:

– Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.

Belə danışıqdan sonra arvad həmişə sakit olardı.

– Nə deyirəm, kişi, özün bil!

Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:

– Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.

Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:

– Nə var?

Dedi:

– Heç, bir az başım ağrıyır.

Arvad abguşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.

Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.

Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”.

O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.

– Vot Patap, bomba rabatay!

– Qde?

– Dom Feyzulla bomba pirnesom.

Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qala bəyinə, qala bəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, saldat, qorodovoy bürüdü.

Qapını döydülər.

Usta Feyzulla çıxdı, xəbər aldı:

– Kimsən?

Dedilər:

– Aç qapını.

Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər:

– Danışma, gərək sənin evin axtarılsın!

Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.

Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:

– Barin, vot, vot bomba!

Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.

Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:

– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.

Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.

O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.

Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

BİR NEÇƏ SÖZ

“Cəhənnəm məktubları” adlandırdığım bu əsərim “Marallarımın” mabədi olaraq, bir para mənfi tiplərdən və mövhumatdan bəhs edən bir əsərdir.

Cəhənnəmin təsviri, şöbələri və şöbələrinin adları, günahkarlara olan cəzaların növləri – heç birisi xəyali deyil. Hamısı “Tənbihül-qafilin” və o qəbil sair cəhətlərdən götürülmüşdür. Bu əsəri yazmaqdan məqsəd mövhumatın avam türk xalqının başında nə dərəcədə möhkəm bir mövqe tutmasını göstərmək idi.

Mədinənin ətrafında peyda olan əjdaha və Adəmlə Həvvanın Xənnası31 yedikləri xüsusda yazılanı oxuyanlar deyəcəklər: “Bu, müsənnif tərəfindən böhtandır”. Sizi inandırıram ki, bu, böhtan isə də, müctəhidlərin kitablarında yazılıbdır.

Qara camaat arasında indi də baqi qalan bir para mövhumi adətləri göstərmək, məsələn, pirlərə inanmaq, qudurmuş it tutanda təbib əvəzinə topal seyid yanına getmək, habelə camaat arasından götürülməsi vacib olan adətlərdən danışmağı həmçinin lazım bildim.

Söz yox ki, cəhənnəm özü bir mövhumi məkandır. Amma bu əsərdə “cəhənnəm” sözünü “mənfi tiplər” cəmiyyəti mənasında düşünməlidir.

Ə. H.
17.Mövtufat – vəqfə verilmiş şeylər: vəqf – xeyrat, ehsan: məscid, məktəb xeyrinə sərf olunmaq üçün qoyulmuş mal, mülk və sairə.
18.Nəqib – Bir qövmün və ya qəbilənin rəisi, yaxud vəkili.
19.İran şahı Ağa Məhəmməd şah Qacara (1742-1797) verilən addır.
20.Cahandidə – dünya görmüş, təcrübəli.
21.Cəngamudə – müharibələrdə sınaqdan çıxmış, təcrübəli.
22.Əslində belədir:
Bəni-adəm əzaye yekdigərənd,Ke dər afərineş ze yek cohərənd,Ço ozvi bedərd avərəd ruzqarDigər ozvhara nəmanənd qərar.  Mənası: İnsanlar bir bədənin üzvləridir. Onlar bir cövhərdən yaradılmışdır.
  Ruzigar bir üzvü ağrıtdıqda digər üzvlər də ağrıya dözə bilmir.
23.Əslində belədir:
Əgər zebağe rəiyyət məlik xorəd sibi,Bəravərənd qulamane u derext əz bix.  Mənası: Əgər şah rəiyyət bağından bir alma yesə, onun qulları ağacı dibindən çıxararlar.
24.Müqəddəs yerlərə ziyarətə gedənlərə bələdçilik edən.
25.“Molla Nəsrəddin”ə işarədir.
26.Özbaşınalıq, heç kəsin sözünə qulaq asmamaq.
27.Mehmanxana adıdır.
28.Qarışıqlıq, üsyan. Burada Səttarxan hərəkatına işarədir.
29.Fit, fışdırıq.
30.Məhəmmədəli şah.
31.Guya şeytanın oğlu imiş.
259 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
Объем:
18 стр. 31 иллюстрация
ISBN:
978-9952-8252-7-5
Правообладатель:
JekaPrint

С этой книгой читают