Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Seçilmiş əsərləri», страница 6

Шрифт:

Qərb vəkilləri şərqlilərin43 təbiətlərinə bələd olduqlarından, özləri ilə bir neçə nəfər Avropa paytaxtlarının küçələrində özlərini satan xanımlardan gətirmişdilər. Bu xanımları öz arvadları adından şərq vəkilləri ilə tanış etmişdilər.

Gündüz vəkillərlə danışırlar və gecələr də mühüm məsələlərin həlli üçün xanımları göndərirdilər.

Bu tövrlə sərhəd məsələsi qərb vəkillərinin xahişincə həll olundu.

Bu quyuya təpəsi üstündə salınanlar belə vəkillərdir.

Və yenə iki padşahlığın arasında sərhəd məsələsi vaqe olmuşdu44. Dövlətlərdən biri bir özgə vilayətdə olan səfirini belə işlərdə mahir bilib göndərmişdi. Bu səfir bir dənə parıldayan döş ulduzuna və bir həmayilə aldanıb bir çox böyük və gülüstana bənzər mülkü iki quru dağa dəyişibdir ki, üstündə dərman üçün bir göyərti tapılmaz. Belə adamları da Veyl quyusuna salırlar.

Əlavə, qədim hakimlərdən birisi xəbər tutubdur ki, qonşu hakim, çox müharibədən sonra bir böyük padşaha təbiyyət edibdir. Hakim o saat atını minib birbaş çapıb, güclü padşahın sərkərdəsinin qulluğuna gələrək, ərz eləyibdir ki, əgər sənin padşahın mənə yaranallıq versə, mən öz məmləkətimi ona bağışlaram. Əlbəttə, yaranallıq o saat verilib və zəif hakimin mülkü müftə alınıbdır. Amma lənət yalançıya, deyilənə görə, hakim cənablarına yaranallıqdan savay iki stəkan şampanski də veriblər. Bu hakimi də təpəsi üstündə Veyl quyusuna salıblar45.

Belə xəyanətkarlar xüsusunda Mirzə Riza xan Ərfəüddövlə bir yaxşı kitab yazıbdır. Əlbəttə, oxuyarsınız.

Mən həmişə belə güman edirdim ki, qiyamətdə bizim okrujnoy sud kimi bir divanxana tərtib edib, hər vəfat etmişi gətirib o divanxananın qarşısında durğuzacaqlar. Onlardan dünyada tutduqları əməllər haqqında sual verib, cavab istəyəcəklər. Hərçənd burada şahidə də ehtiyac yoxdur. Çünki xudavəndi-aləm öz bəndələrinin əməllərini aydın görür. Əlavə hər bəndənin çiyinlərində iki nəfər kiramülkatibeyn deyilən mələk əyləşib. Onun günahlarını və savablarını yazır. Bununla belə, axundların buyurmalarına görə, o məhkəməyə həm şikayətçilər, həm də şahidlər çağırılacaqlar. Müctəhidi-ələm cənab şeyx Əhməd Bəhreyninin rəyinə görə, o şahidlərin içərisində heyvanat və cəmadat da olacaq. Məsələn, bir nəfər bir düşməni tüfəng və ya xəncərlə vurub öldürüb. Qiyamətdə haman tüfəng və xəncər gəlib şəhadət edəcəkdir. Və yenə haman büzürgvarın xəbərinə görə, heyvanat həmçinin şəhadətə cəlb olunacaqdır.

Məsələn, tutaq ki, bir bulaq kənarında neçə nəfər yoldaş bir quzu kəsib istirahətlə kabab yeyib, şərab içən vaxt aralarında bir qiylü-qal düşür. Yoldaşlardan birisi vurub o birisini öldürür. Qiyamət məhkəməsinə haman əti yeyilən quzu gəlib deyəcəkdir:

– Bəli, mənim ətim yeyilən vaxt filankəs vurub filankəsi öldürdü.

Mən bu etiqadda olub, fikir edirdim ki, bu məhkəmədə Əzrail prokurorluq və hər peyğəmbər öz ümmətinin advokatlığını edəcəkdir.

Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya göndərilməsini təyin edəcəkdir: ya behiştə, ya cəhənnəmə, ya ərəfata.

Amma belə deyilmiş. Qiyamətə gələnlərin hamısını, bir körpü var, onun üstündən keçməyə məcbur edirlər. Bu körpünün adına Püli-Sirat və bizim dildə “Qıl körpüsü” deyirlər. Bu körpü qıldan nazik və ülgücdən itidir. Hər qiyamətə gələni gətirib, körpünün başında dayandırıb, əmr edirlər ki, körpüdən keçsin. Əhli-savab qırğı kimi yüyürüb körpünün o biri tərəfinə keçir. O ki əhli-günahdır, iki qədəm qoyduqdan sonra guldurum-gurp təpəsi üstündə gedir cəhənnəmin təkinə.

Odabaşı söyləyirdi:

– Bu körpüdən yıxılanların adlarını eşitsən, ayağının altından yer qaçar. Məsələn, burada bir şəxs uçdu ki, onun dalında tamam İran və Qafqaz müsəlmanları namaz qılırdılar. Əmirəl-möminin xalis şiələrindən, adı da gərək ki, Molla Ağa Dərbəndi idi46.

Bunu eşidən tək, həqiqət, yer ayağımın altından qaçdı. İstədim inanmayam. Sonra fikir etdim: bu kişi bitərəf adamdır. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdan onun mənzuru nə ola bilər?

Heç bir şey!

Aman, xudaya! Molla Ağa Fazili-Dərbəndi qıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulaq quşqunu! Molla Ağa Fazili-Dərbəndini kim tanımır? Cəmi üləma, sadat, rövzəxanlar onun adını ehtiramla çəkirlər. Birdən belə iş?

Osmanlılar deyirlər: “Böyük iftizah”

Molla Ağa Fazili-Dərbəndi kimdir? Cəmi mərsiyəxanların mürşidi, ağköynək olub baş yarmağın, zəncir vurmağın, bədənin dərisini yırtıb oraya qıfıl, palanduz, sümbə, kotan dəmiri taxmağın binasını şiələr arasında qoyan belə böyük və müqəddəs vücud. Belə də iftizah?!

Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik babam, Molla Ağanı Təbrizdə görmüşdü. O, belə nağıl edərdi:

– Aşura günü mən Təbrizdə idim. Ərk adlanan topxana meydanında iynə atsaydın yerə düşməzdi. Təbriz əhalisi ünasən və zükurən oraya cəm olmuşdu. Deyirlər ki, gələn camaatı məscid tutmadığından, Fazili-Dərbəndi meydanda mərsiyə oxuyur.

Birtəhər camaatı yarıb özümü irəli verdim və baxıb nə gördüm: Fazil meydanın ortasında başı açıq, qurşağadək çılpaq əyləşib. Sağ tərəfində bir təşt palçıq və sol tərəfində bir səbət saman. Bir əli ilə sifətinə, başına, sinəsinə palçıq sürtür və o biri əli ilə də saman tökür başına. Kənardan baxana bir taya saman kimi görünür. Camaatın hönkürtüsü, “ağa vay” naləsi göyə çıxır. Bir də baxdım ki, bir nəfər qarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı.

Fazili-Dərbəndi bu haləti görüb ucadan qışqırdı:

– Əyyühənnas, hər kəs bacarır özünü bu xalis şiə kimi imam yolunda qurban versin. Onun ruhu bu saat behiştdə peyğəmbərin öz qulluğundadır47.

İranın şəhərləri birbəbir Fazili qonaq çağırırdılar. Ağa şəhərə yaxınlaşanda tamam şəhər onu istiqbal edib, salavatla şəhərə gətirib ən zəngin bir tacirin evində mənzil verirdilər. Neçə gün plov qurşağa çıxırdı; gecələr də ki, ağanın qulluğuna siğə üsulu ilə cavan qızlardan gətirib təbrik edirdilər. Axır, ağa Tehrana gəlməli oldu. Tehranda bir nəfər ikiayaqlı qalmadı. Hamı şəhərdən çıxdı. İş bir məqama yetdi ki, Nəsrəddin şah özü də Fazili-Dərbəndinin istiqbalına çıxmağa məcbur oldu.

Fazil yetişib faytondan düşən tək şah qabağa yeriyib iki əlini ona tərəf uzatdı. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu, diqqətlə şahın üzünə bir neçə saniyə baxıb buyurdu:

– Qayçı gətirin!

Camaat əhvalatdan bir şey anlamayaraq, dayanıb tamaşa edirdi.

Qayçı gətirdilər.

Fazil qayçını alıb şaha tərəf yeridi və dedi:

– Sənin bığının qabağı gərək alınsın. Çünki sənin yeyib-içdiyin hamısı haramdır. Həmçinin səninlə mülaqat da haramdır.

Bunu deyib öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Bu keyfiyyət şaha çox toxunsa da, heç cavab vermədi. Neçə gün Fazil Tehranda istirahət edəndən sonra şah tərəfindən ona bir fincan qəhvə gətirib içirtdilər. Və qəhvəni içən tək ağa daribəqaya rehlət buyurdu.

Sübh, Fazili-Dərbəndinin ficətən vəfatının xəbərini Tehran əhalisinə yetirdilər. Camaat görünməmiş bir təntənə ilə onun nəşini aparıb, Tehranın qəbiristanlığında dəfn etdi.

Odabaşı üləmadan çox adamın adlarını çəkdi. Ancaq bir Fazili-Dərbəndidən danışmaq kifayətdir. Günahkar cəhənnəmə düşən kimi Qəllaz və Şəddad adında məlaikələr, rus qazaxları, əlsiz-ayaqsız füqəranın üstünü alan kimi onun üstünü alıb, başlayırlar onlara odlu taziyanələrlə vurmağa və zəncir bağlayıb odun içində sürüməyə.

Bu məlaikələrin yetmiş min köməkçiləri – türküsü – qorodovoyları var ki, hər birisinin yetmiş min əli və hər əlində yetmiş min barmağı var. Bunlar da hər tərəfdən tökülürlər günahkarların üstünə. Bəziləri onların saqqallarını yolurlar, bəziləri ətlərini didirlər, bəziləri sümüklərini sındırırlar.

Xülasə, nə ərz edim. Lap bizim qorodovoylar kimi! Mən bu yetmiş min əlli məlaikəni görəndə dedim:

– Nə yaxşı olardı bunların birisini Rusiya vəzirləri şurasına sədr edəydilər. Əgər gündə hər əli ilə bir inqilabçı tutub boğazından asdırsa, iki aydan sonra Rusiyada qurd quzu ilə otlayar. Nə dum lazım olar, nə mum. Hərçənd bunun, Şuşa uyezdi naçalniki Gerasimov tək şəxslərin ciblərinə ziyanı var. Çünki ondan sonra dörd min manat çıxan deşiklər hamısı tutular.

Cəhənnəm əhlindən birini yanıma çağırıb soruşdum:

– De görüm, sənin də canını alandan sonra bu əziyyətləri verdilər?

Dedi:

– Ay kişi, ciyərim yanır. Əgər mənə bir içim su əlac eyləyə bilsən, deyərəm.

Bu binəva su istəyən tək bir məlaikə əlində bir qab ərinmiş qurğuşun gətirib ona içirtdi. O saat yazığın qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su axmağa başladı.

Mən ovcumla o sudan bir az tutub ona içirtdim. Su içib dedi:

– A kişi, hər kəsin ürəyi yananda bu lehmədən içirdirlər və acanda zəqqum ağacının meyvəsindən verirlər, yeyir.

Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin.

Dedi:

– Qoy bu kişi nağıl eləsin görək bunun canını necə aldılar. Sonra, baş üstə, göstərərəm. Doğrudur, mənim özümə də çox əziyyət veriblər, amma bu şəxsə deyəsən məndən də çox əziyyət dəyibdir.

Cəhənnəmli məndən soruşdu:

– Başına dönüm, heç yüzbaşı camaatdan qızıl pul yığanda görübsənmi?

– Görmüşəm. Çox yaxşı görmüşəm. Bir kasıbın on yeddi şahı verəcəyi var idi. Amma pulu yoxdu. Yüzbaşı mənim öz yanımda ona o qədər dəyənək vurdu ki, axırda ürəyi getdi (döyülənin ürəyi getdi, nəinki yüzbaşının). Axırda mənim yazığım gəlib yüzbaşıya on yeddi şahı verib, kəndlini o zalımın əlindən qurtardım.

Cəhənnəmli dedi:

– Başına dönüm, mən can verən vaxt çəkdiyim əzab bundan da artıq oldu. Qulaq ver ərz eyləyim: mən öləndə gördüm mələkəlmövt gəldi. Amma nə halətdə? Başı əvvəlinci göydə, bir ayağı məşriqdə və bir ayağı məğribdə, çox qeyzli, rəngi qara, nəfəsindən od çıxırdı; əlində oddan bir şiş tutmuşdu ki, onun neçə haçası var idi. Yanınca beş yüz köməkçi gəlmişdi. Hər birinin əlində bir odlu taziyanə.

Qabaqca İsfəhtail adlı məlaikə mənə bir şərbət verdi ki, o cür isti və acı şeyi mən ömrümdə görməmişdim. Sonra Əzrail şiş və çəngəl salıb ruhumu ayaqlarımdan çəkməyə başladı. O çəngəlin hər bir haçası bir damara bənd olmuşdu. Əzrailin köməkçiləri də əllərindəki taziyanələrlə başıma, qarnıma, çiyinlərimə və ayaqlarıma döyürdülər. Mənim ruhumu bu cür çəkdilər.

Yazıq kişi söhbətini qurtaran tək bir məlaikə daldan yetişib onun boynunun ardından beş-on yumruq ilişdirib, axırda elə bir zərbə ilə vurdu ki, yazıq cumdu odun içinə.

Odabaşı məni heyrətdə görüb dedi:

– Bu günahkar yetmiş il odun içinə cumacaq. Sonra bir məlaikə gələcək, yetmiş min ərəş onun əllərinin uzunluğudur. O məlaikə, əlini salıb onun odunu təknədə axtarıb, tapıb çıxardacaq. Onun dalınca birinci mələk gəlib, onu götürüb yenə həmin qərar atacaq odun içinə.

Bundan sonra odabaşı ilə bir yerdə getdik zəqqum ağacının tamaşasına.

Zəqqum ağacı cəhənnəmin yeddinci təbəqəsindədir. Onun kökü yetmiş min illik yol uzunluğundadır. Kötüyünün uzunluğu, həmçinin, yetmiş min il yolçaqdır. Onun yetmiş min şaxəsi var. Hər şaxəsində yetmiş min cür meyvələr var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır.

Zəqqum ağacının tamaşasından qayıdanda gördüm bir çığır-bağır var ki, cəmi cəhənnəmi səs götürüb. Guya Qarabağda, ya Naxçıvanda məhərrəm ayında dəstəbaşılıq üstündə dava düşübdür.

Odabaşıdan soruşdum:

– Bu nə səsdir?

Dedi:

– Cəhənnəm əhli İblisi arakəsməyə salıblar.

Bunu eşidən kimi yüyürdüm və yazıq odabaşı da mənim dalımca tez-tez zəif ayaqlarını sürüməyə başladı. Yığıncağa yaxınlaşıb gördüm: İblis ki, cəhənnəmin sədri-idarəsidir, bir uca taxtın üstünə çıxıb sağa və sola şıllaq atır. Cəhənnəm əhli onun ətrafını alıb, hər bir dillə ona föhş verir və cəhənnəmə düşməyində də onu müqəssir tutur.

Biri deyir:

– Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim.

O birisi deyir:

– Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım. Məni sən yoldan çıxartdın.

Birisi deyir:

– Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim, hamısını eyləyən sənsən.

Birisi deyir:

– Xudavəndi-aləmin lənəti sənin canına gəlsin. Məgər sən olmasaydın, mən bir kəllə qəndə, bir girvənkə çaya, on manat pula aldanıb Ramazanın kəbinli arvadını Şəbana, ya Rəcəbin kəbinli arvadını Səfərə verərdimmi?

Birisi deyir:

– Səni görüm həmişə Allahın qəzəbinə giriftar olasan. O sən deyildimi ki, məni yoldan çıxartdın, mən də Kazım kişinin səkkiz yaşında qızını on dörd yaşında yazıb ərə verdim. O da gedən kimi öldü?

Birisi deyir:

– Allahın lənəti sənin o kor gözünə gəlsin. (Məlumdur və “Nasixüttəvarix” də yazılıb ki, Həzrət İbrahim əsrində, Həzrət Cəbrayıl mübarək qanadı ilə vurub şeytanın bir gözünü tökdü. Odur ki, şeytana lənət oxuyanda deyirlər “Lənət sənə gəlsin, kor şeytan”). Məgər sən deyildin, bizim qulaqlarımızı həmişə dolduran ki, camaat elmdən nə qədər geri qalsa, bir elə sizə mənfəəti var? Biz də hər bir yolla camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrlərinə hökm edirdik.

Birisi deyir:

– Məgər taqsır səndə deyilmi ki, riyasət odunu bizim canımıza doldurdun? Biz də camaatı otuz firqə edib, hər birinə bir ad qoyub, hamısının aralarına ədavət saldıq?

Birisi deyir:

– Sən deyildin məni öyrətdin ki, müqəssir taqsırını boynuna almayanda yaxşı olar ki, onun başının ətrafına xəmir yapışdırıb, ortasına qurğuşun əridib tökəsən? Mən də neçə-neçə adamlara bu növ əziyyət verib taqsırsız öldürdüm?

Birisi deyir:

– Məgər mən bilməyirdimmi ki, yetim malı yeyənin başına Allah daş salar? Niyə sən məni yoldan çıxartdın? Sən də üç yetimə bir-birinin dalınca qəyyum olub, üçünü də quru yurdda qoydum.

Birisi deyir:

– Məgər mən istibdadın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə gecə-gündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir, nə qədər döyülsə bir o qədər yumşaq olar? Mən də sən tək kor məlunun sözünə inanıb rəiyyətin tamam malını, pulunu, var-yoxunu xəfiyyələrə xərc elədim. Axırda məmləkətim parça-parça olub, əlimdən getdi, özüm də sən Allahın lənətinə gəlmişin ucundan bu əzabı çəkirəm48.

Birisi deyir:

– Məgər mən öz abrımdan keçib camaat malına xəyanət elərdim? Sən məni yoldan çıxardıb deməyirdinmi ki, İrəvan əhli bir yazıq məxluqdur, heç birisi cürət edib sən tək böyük şəxsə bir söz deyə bilməz və mən də sən məlunun sözünə aldanıb, camaatın yığıb mənə tapşırdığı on iki min manat pulunu alabaxta palıd udan kimi uddum49.

Birisi deyir:

– Sən deyildinmi mən tək ağsaqqal hacını öz düşmənimi öldürmək qəsdilə qovduğum yerdə yoldan azdırıb, arvad hamamına salan ki, orada çılpaq arvadlara baxıb, günaha batıb, qiyamət əzabına giriftar oldum?

Birisi deyir:

– Mən özüm tibb elmində çox mahir bir şəxsəm. Və özüm də çox yaxşı bilirəm ki, insan qarnı torpağı əritməz. Bainhəmə, sən məlunun sözünə baxıb, anbarlardakı buğdanın yarısını torpaq edib, çörək bişirib satdım camaata.

Birisi əlində bir varaq kağızı İblisə göstərib deyir:

– Ay Allahın lənəti sənə gəlsin, sən deyildinmi mənə dəğ-dəğə verən və mənə deyən ki, apar bu kağızı uyezd naçalniki Vinokurova ver? Mən də sənin sözünə baxıb aparıb verdim. İndi bu kağızı mənim boynumdan asıb, göndəriblər cəhənnəmə. Nə qədər özüm yanıram, bu kağıza bir zad olmur150.

Bu danışanı mən tanıdım. Amma ondan qabaq İblisə məzəmmət edənlərin heç birisini tanımadım. Bu şəxs Qocaqurd mahalının mülkədarlarındandır və kağızın əhvalatı da belədir:

Oxucular məni bağışlasınlar. Kağızın əhvalatını öyrənməzdən qabaq istəyirəm onları Qocaqurd bəyləri ilə bir müxtəsər tanış edim: Qocaqurd mahalında üç sort bəy var. Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər.

Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri… və i.a. Bunların hər biri bir mövqedə xanın xoşuna gəlib. Xan da gətirib ona bir neçə kənd bağışlayıb. Özünə də bəylik təliqəsi veribdir.

Misali-məşhurdur: hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz. Molla Pənah haqqında yuxarıda söhbət etmişdik. İndi qatırçı Muraddan danışaq:

Ağdam tərəfə yolları düşənlər, orada Muradbəyli adlı kənd olduğunu yəqin eşidiblər. Bu kənd hal-hazırda Ağdam şəhəri ilə birləşməkdədir. Bu kəndin birinci sahibi Murad bəy olubdur ki, qabaqca Qarabağ xanının qatırçısı olubdur. Qatırçılıqda çox mahir olduğundan xan ona bəylik verib, haman kəndi də ona bağışlayıb. İndi Murad bəyin nəvəsi Tərtər kənarında neçə min desyatin yerə malikdir və özünə də anası şahzadə olduğundan xan deyilir.

Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunların ciblərində ildə üç ay pul olar, doqquz ay müflisdirlər. İndi “pişxurd” ləfzini də bir izah etmək lazımdır. Bu ləfz fars ləfzidir. “Pişxurd” – qabaqca yeyilən deməkdir. Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Yay çox isti olduğundan, buğdanı biçib taya vurub gedirlər yaylağa. Payız arana qayıdandan sonra xırman salıb buğda döyməyə şüru edirlər. Əkinçilərin bəzisi bir yol xərcini düzəltmək üçün buğdanın bir azını qabaqca döyüb satırlar. Belə döyülən buğdaya “pişxurd” deyirlər.

Yuxarıda dedik ki, pişxurd bəylərinin doqquz ay cibləri pul görməz. İsti düşəndə lazımdır ki, özlərini Şuşa qalasına versinlər. Odur ki, yığdıqları taxılın bir hissəsini pişxurd döydürüb, satıb gedirlər şəhərə. Şəhərdə bir neçə gün evdə əyləşib dərzidən, papaqçıdan, çəkməçidən çağırtdırıb özlərinə libas tikdirirlər; libas hazır olduqdan sonra tovuz quşu kimi bəzənib çıxırlar bazara, meydanlara, kluba, bulvara. Yay qurtaran tək kəndə qayıdıb, qalan taxılı döydürüb, satıb, yayda şəhərdə etdikləri qumar borclarına verirlər. Altdakı il də bu minvalla.

Çetvorti sort da bəylər var. Bunlara “cır bəylər” deyirlər ki, var-yoxlarını qumara, Tiflis və Bakı kefinə verib, indi dövlətli bəylərin qapılarında sülənirlər. Bunların ciblərində pul olmaz. Amma təşəxxüsləri yeri yırtar. Salam verənlərin salamlarına bığları ilə cavab verərlər. Hər məclisdə də özlərindən danışmayıb, babalarını, atalarını tərif edərlər. Dördü bir yerdə cəm olanda Tiflis qəstinlərində sürdükləri kefdən bir-birlərinə söyləyərlər.

Bəli, kağızın əhvalatı belədir:

– Bir gün Qocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb bir yerə məsləhət tökürlər ki, gərək bu zülümkarın əlindən böyüyünə bir şikayət verək. Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir. Bir yerdə bəylər bir ərizə yazırlar və cəm olan on beş nəfər həmin ərizəyə qol qoyurlar. Bu hində, cəhənnəmdə gördüyüm bəy özünü məclisə yetirir. Ərizəni görən tək deyir:

– Sizin ki belə fikriniz var idi, mənə niyə xəbər eləməyirdiniz? Çox gözəl iş görübsünüz. Mən özüm də çox həvəslə bu ərizəyə qol çəkərəm. Ancaq on beş nəfər adamın qolundan bir şey çıxmaz. Lazımdır ki, Qocaqurd mahalının cəmi bəyləri bu ərizəyə qol qoysunlar. Vinokurov tək zalımı yıxmaq bizim hamımızın borcudur. Mən burada borclu oluram ki, bu ərizəni götürüb cəmi mahalı gəzib, bəylərin hamısına qol qoydurub gətirim. Sonra ərizəni aparıb lazım olan yerinə verməyi və dalınca getməyi də öz boynuma götürürəm.

Məclis hamısı bəydən razılıq edib, ərizəni ona tapşırırlar.

Bəy ərizəni qoynuna qoyub, bir az söhbət edib, çay içəndən sonra durub, atını minib yola düşdü və dedi:

– İnşallah bir həftə çəkməz ki, ərizə hazır olar.

Bəy at üstündə getdikdə belə fikir edirdi və öz-özünə söyləyirdi:

– Bircə siz bu tülkülərə baxın. Dərənin iti-qurdu özlərini adam cərgəsinə qoyub, yığılıb bir yerə məsləhət edirlər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? İndi gəlib adını bəy qoyub yuxarı başa keçir. Sən bir o burnucırığa bax! Ona deyən gərək filan-filan şüdə, sən haçandan bəy olub ortalığa çıxıbsan? Sənin dədə-babanı heç bir tanıyan varmı? İndi rusca üç-dörd söz öyrənibsən, gəlib özünü bəylər cümləsinə qatırsan? Ərizə-filan yazırsan? Sənin atan aclıq ili mənim atamdan bir çuval buğda aparıb, hələ də borclu deyilmi? Sən adını nə qoyub ortalığa düşübsən?.. O çopur sifəti toyuq dimdikləmiş qarpız qabığına oxşayan!.. Papağı da təşəxxüslə qoyub gözlərinin üstünə, deyir: “Alçaq dağları mən yaratmışam”. O kimin oğludur? Onun əmisini mənim atam neçə il dustaqxanada yatırtdı, o da özünü adam hesab eləyib ortalığa atılır?! Buyursun, barmağını yumsun görüm, hansı pristav onun evində bir parça çörək yeyibdir? Bu mahala neçə naçalnik gəlib-gedibdir, hansı onu bəyənib, ona əl veribdir? Əsil və nəcabətindən xəbəri olsa, heç xəcalətindən evdən çölə çıxmaz. Onun anası qaçaq Qurbanəlinin bacısı deyildimi? İndi bunlara bir deyən gərək: budur, yığılıbsınız məsləhət eləyirsiniz. Çox gözəl! Niyə deməyirsiniz, mahalın nəcib bəyləri var, ağsaqqalları var? Bir belə iş düşəndə lazımdır ki, yığılıb gedək onların birinin evinə. Deyək, ağsaqqal, bir belə məsləhətimiz var. İstəyirik Vinokurovdan ərizə verək. Bu işə sən nə deyirsən? Bəlkə heç ərizə vermək məsləhət deyil. Nəinki mahalın beş-on bambılısı yığılıb bir yerə – nədi, nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq! Axır siz nəsiniz adam yıxasınız?

İndi mən də bunun əvəzini sizə yetirərəm. Bundan sonra böyükdən məsləhətsiz iş görməzsiniz. Mən bu ərizəni bu saat aparıb qoyaram Vinokurovun qulluğuna. O da sizin haqqınızda fikir çəkər.

Mən, əvvələn, gərək öz gücümü bunlara tanıdım və saniyən Vinokurova da bir ixlas göstərəm. O kişinin səbəbindən ildə dörd-beş min manat mənfəət edirəm. Şərab həmişə müftə, yağ müftə, düyü müftə, motal, qatıq… hamısı müftə. Quzudan bir sürü qayırmışam. Bunun hamısı mənim Vinokurovla bir quruca dostluğumdandır. Mən bir belə mənfəəti əldən buraxsam, gərək başıma müalicə ola. İndi mən bildiyimi elərəm; qoy Vinokurov o adlarını bəy qoyan gədə-güdələrin atalarına od vursun.

Bəy bu fikri eləyib, atını birbaş sürdü Vinokurov cənablarının mənzilinə.

Vinokurov otaqdan çıxıb bəyə əl verəndə, bəy elə bildi ki, bu saat ona bir nişani-şiri-xurşid əta olundu.

Bəy içəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım da samovarın yanında əyləşib. Bəy ədəblə xanıma təzim etdi və xanım da iki barmağının ucunu ona uzadıb dedi:

– Buyurun bir stəkan çay için.

Bəy:

– Çox razıyam, – deyib əyləşdi və xanım da öz lətif əlləri ilə ona bir stəkan çay töküb verdi.

Bəy çay içəndən sonra Vinokurov onu öz kabinəsinə çəkib, başladı mahalın işlərindən bir-bir xəbər tutmağa. Vinokurov bu bəyin vasitəsi ilə mahalda hər bir xəlvət törənən işdən xəbərdar olub tədbir edirdi.

Bəyi xəlvətcə çəkib dedi:

– Söylə görək nə var, nə yox? Səndə həmişə qiymətli xəbərlər olar.

Bəy cavab verib dedi:

– Qaspadin naçalnik, sizə elə bir əhval gətirmişəm ki, eşitsəniz məndən yerdən göyədək razı olacaqsınız.

Naçalnik qalxıb kürsünü götürüb, gəlib bəylə dizbədiz əyləşdi.

– Söylə görək, nə xəbərdir?

– Daha nə xəbər olacaq. Getmişdim “Güngörməz” kəndinə. Gördüm ki, orada bir para adlarını bəy qoyan əclaflar bir yerə toplaşıb ərizə yazdırırlar.

Soruşdum:

– Bu nə ərizədir?

Dedilər:

– Bəs bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzlərdə qalıb dilənsinlər. Ondan ərizə yazırıq. Bəlkə buradan götürərlər. Yazıq camaat da rahat nəfəs ala.

Vinokurov bu sözləri eşidən kimi qalxıb ayağını yerə bir cür çırpdı ki, eynək gözündən düşdü. Qışqırıb dedi:

– And olsun Allaha, gərək onların hamısını birbaş Sibirə itirim. Kimin nə həddi var məndən şikayət yaza bilə? Bu da Saxsı qalası deyil ki, qulağım eşidə-eşidə məndən qoburnata şikayət edələr. Pajalusta, de görüm o məndən ərizə yazdıranlar hansılardı?

Bəy ərizəni qoltuğundan çıxardıb qoydu naçalnikin qulluğuna.

– İzvolte!

Vinokurov sonra bəylərə nə elədi dursun kənarda. Amma haman ərizəni bəyin boynundan asıb cəhənnəmə göndəriblər.

Cəhənnəm əhli qışqırdıqca İblis şıllaq atırdı. Və hərəni bir cür başa salırdı ki, onda taqsır yoxdur və deyirdi:

– Ay camaat, məndən əl çəkin! Mənim yaxamı düşmənlərim bir dəfə sizin əlinizə veriblər. İndi hər bir dünyada törənən bəd əməli mən bədbəxtdən görürsünüz. Doğrudur, məndən yaxşı əməl baş verməz, amma yenə sizi inandırıram ki, dünyada baş verən bəd əməllərin çoxundan nə mənim xəbərim var, nə də mənim övladımın. Gedin öz içinizi axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinə su tökməyə yaramaram. Budur ha! Birisi gəlir, baxın görün şeytan odur, yoxsa mən?

Bu halda camaat arasından bir şəxs ayrılıb, İblisə tərəf yeriyib söz demək istəyəndə İblis qızardı.

Bu şəxs həmçinin Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boynunun gödəkliyindən başı iki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxırdı. Bu şəxsin qəribə keyfiyyətləri var: mən ancaq birini nağıl edim.

Neçə vaxt bundan əqdəm Qocaqurd mahalının naçalniki mahalın dörd nəfər dikbaş, artıq-əskik danışanlarından iki yüz altı qazağın qabağına salıb, qovdurub atların ayaqlarının altında dörd nəfər taqsırsız biçarələri paymal etmişdi. Onlardan əlavə bir nəfər çox danışanın boğazına kəndir saldırıb, ucunu qazağın əlinə verib, o qədər süründürmüşdü ki, axırda yazığın iki gözü də yerindən pırtlamışdı.

Naçalnikin bu hərəkəti tamam mahal əhlini həyəcana gətirdi. Bu əhvalatı hər yerdə, hər kənddə, hər evdə söyləyib naçalnikə nifrin edirdilər. Camaat bir neçə nəfər ağsaqqal intixab edib məsləhət üçün həmin bəyin yanına göndərdilər. Bəy camaat vəkillərinə üz tutub dedi:

– Gedin evinizdə dinməz oturun. Bu sizə Allah tənbehidir. Allah bəndəsinin ləyaqətinə görə ona hökumət göndərər. Siz belə hökumətə layiqsiniz. Böyüyün hörmətini saxlamazsınız, bəy görəndə salam verməzsiniz, hökumət ərkanının dalınca artıq-əskik danışarsınız, nəticəsi də belə olar. Sizə naçalnik nə edibsə haqqı var. Gedin öz tay-tuşunuzu tapın. Ondan kömək istəyin. Mənim başımı ağrıtmayın.

Camaat vəkilləri bəyin qulluğundan məyus evlərinə qayıtdılar.

Vəkillər gedəndən neçə gün sonra, həmin bəy bir belə zülm edən naçalniki yüzədək adamla evinə qonaq çağırıb, onunçun elə bir ziyafət düzəltdi ki, tamam Qocaqurd bəylərinin hamısı bir yerə yığışaydılar bacarmazdılar.

Qocaqurd mahalının camaatı bəyin bu hərəkətini öz əleyhinə açıq-açığına bir ədavət sayıb sözü bir yerə qoydular ki, onu “bayquş” eləsinlər (Qocaqurd mahalında bir molla var “bayqota” “bayquş” deyir).

Bir müddət camaat sözünə əməl elədi: salam vermədilər. Bəy qulaq asmadı, dedi:

– Müsəlmandırlar, bir işin dalınca axıradək nə vaxt gediblər ki, yenə gedələr?

Bazarda ət satmadılar, başladı qapısındakı toyuqlardan bir-bir kəsib yeməyə. Buğda satmadılar, anbarın ağzını açıb öz buğdasını çıxartdı. Atına arpa, saman vermədilər, yazdı, qazaq əfsəri göndərdi. Beləliklə, neçə müddət keçdi. Bəy baxıb gördü ki, xeyr, camaat sözünün üstündə möhkəm dayanıbdır. Toyuqlar qurtardı, qazaq əfsəri də təngə gəlib bəyin nökərini qovdu, dedi:

– Get ağana degilən başımdan rədd olsun.

Yavan çörəklə də iş keçmədi.

Axırda bəy bir gün çıxdı bazara. Bazarda da çox yığıncaq var idi. Bəy bir damın üstünə çıxıb üzünü camaata tutub dedi:

– Camaat! Siz məni bayqot edibsiniz. Bu sizin işinizdir, sizin məsləhətinizdir. Mənim də sizə bir sözüm yoxdur. Ancaq izn verin sizə ikicə kəlmə söz deyim, ondan sonra gedim həmişəlik oturum evimdə.

Camaat qışqırtı salıb bəyə söz vermək istəmədi.

Ağsaqqallardan biri xalqa üzünü tutdu:

– Camaat! Qoyun sözünü desin. Bəlkə əməlindən peşman olub, bizdən üzr istəyəcək.

Hər yerdən səs gəldi:

– İstəmirik, danışmasın. Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə də bəlasını. Güclə yaxamız əlindən qurtarıb.

Ağsaqqal dübarə camaatdan xahiş edəndən sonra dedilər:

– Danışsın. Ancaq uzun eləməsin.

Bəy dedi:

– Mən necə ki, dedim, sizə ikicə söz deyəcəyəm. Sözüm budur: siz bu bayqotu mənim üstümdən götürün. Götürməsəniz, mən də gedib dönüb rus olacağam, vəssalam. Bu mənim sözüm.

Bəy bunu deyib damdan endi və getdi evinə.

Camaat səs-səsə verib dedi:

– Bəy əcəb söz danışdı! “Gedib rus olaram”, cəhənnəmə get rus ol, gora rus ol! Müsəlmanlığında camaata nə mənfəətin dəyibdi ki, rus olanda camaat ağlasın. Biz də dedik, görəsən bəy nə buyuracaq?!

Yenə həmin ağsaqqal ortalığa çıxdı.

– Camaat! Siz bəyin sözlərini səhl sanmayın. Cəmi mahal bunun ağlını təsdiq eləyir. Bu, havadan söz danışmaz. Yəqin sözünün canı var. Amma məlumdur ki, bunun hiylələrinin müqabilində şeytan məəttəl qalar. Bu sözləri bizi qorxutmaq üçün dedi. Və biz də gərəkdir qorxaq.

Bu ki müsəlmanlıqda bu camaatın haqqında bir neçə zülm eləyib, əgər dönüb rus olsa, gərək cəmi Qocaqurd mahalının əhli evindən-eşiyindən əl çəkib, arvad-uşağının əlindən tutub mahaldan çıxa. Yoxsa burada dolanmaq mümkün olmaz.

Camaat bir az fikrə gedib, sonra hamısı qocanın sözünü bəyənib getdilər bəyin evinə və dedilər:

– Bəy, biz bayqotu götürdük. Səni də uşaqların canına and veririk məzhəbindən dönmə!

İblis dedi:

– Camaat! Şeytan mən deyiləm, bu kişidir, indiyədək bir xeyir iş yoxdur ki, bunun vücudu ilə bərpa ola. Bir şəxs tapılmaz ki, onun haqqında dilini xeyrə bulamış ola. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badi-fənaya gediblər. Belə şeytanlardan insanlara artıq ziyan dəyir, nəinki məndən.

İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi ki, binəva az qalmışdı istefa (yəni otstavka) verib qulluqdan çıxsın. Amma buna bir şey mane oldu.

Nagah havadan bir mələk göründü və mələk sol əli ilə bir zorba qoçun buynuzundan yapışıb, sağ əlində də bir xəncər tutmuşdu. İblis mələyi camaata göstərib dedi:

– Baxın görün, o havadakı nədir? Mənim gözüm əməlli görmür.

Cəhənnəm əhli qoçu görən tək əzabı yaddan çıxardıb:

– Ay camaat, qoç döyüşdürəcəklər! – deyə qışqırıb qoça tərəf yüyürüşdülər.

İblis də bundan istifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi.

Qoça tərəf gedənlərin lap qabağında bakılılar yüyürürdülər. Onlardan dal qarabağlılar, irəvanlılır, eşqabadlılar… Daha sanamağın mənası yoxdur. Xülasə, bir şamaxılılardan savay hamı getdi. Şamaxılılar bir yana çəkilib dedilər:

– Qardaş, qoç döyüşməsi nə böyük tamaşadır? Allah versin bildirçinə, döyüşdürəsən ruhun ləzzət apara!

Bu halda gördüm bir içərişəhərli bakılı camaatdan ayrılıb şamaxılılara tərəf qayıdır. Dedim:

– Ədə, nöşün qayıtdın?

İçərişəhərli sözümə cavab verib dedi:

– Bir mənə deyən gərək ay ur… ay şoğərib, ay filani, sənə nə düşüb camaatın ardınca yüyürürsən? Məgər sənin başında ağıl yoxdur? Nahaq-napras yerə ayaqlarımı ağrıtdım. Süz öləsüz, meytvüzü görüm, Kürdəmir tərəfindən adını eşidib, gedib yüz altmış manat verib bir köpək alıb gətirmişəm ki, bir paraxoda dəyər. İçərişəhərdə boğmamış köpək qalmayıb. Kosavay Məhəmmədin oğlu Yusifcavadın köpəyini iki rəs qovdu. Kəblə Meydanəlinin yüz manatlıq köpəyini boynunun ardından alıb, yerə belə çırpdı ki, iki dal qıçları üzüldü… Odur ki, Kəblə Meydanəli qoçularından birisinə pul verib iti öldürtdü. Mən də min manat verib Kəblə Meydanəlinin özünü öldürtdüm. Kəblə Meydanəlinin də əmisi nəvəsi Kitabullah məni vurub öldürdü ki, mən də buraya gəlmişəm. Xeyir a… nə qoç bir şeydir, nə bildirçin bir şeydir, nə dəvə güləşdirmək bir köpük manata dəyər. Ləzzətlərin böyüyü köpək boğuşdurmaqdadır. Köpək, köpək, yenə köpək! Siz öləsüz, meytvüzü görüm, ermənidi yalan deyən, hər dəfə ki, mənim köpəyim bir alayı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantan elədi…

43.İran-rus hökumətləri arasında 1828-ci ildə bağlanmış “Türkmənçay” müahidənaməsinə işarədir. Bu xüsusda tarixdə bir şey yoxdur və ola da bilməz (Müəllif qeydi).
44.Türküstan-İran hüdudunu müəyyən etmək üçün İran tərəfindən Mirzə Riza xan Daniş göndərilmişdi. Bu şəxs Rusiya imperatoru tərəfindən əta olunmuş nişanlara susayıb Eşqabadın yaxınlığında vaqe “Firuzə” adlanan yaylağı iki quru dağa dəyişmişdi. Hərçənd rus hökuməti “Firuzə”nin əhalisini öz yerlərində qoymağı vəd etmişdisə də, müahidə hökumətlər tərəfindən imzalanandan sonra haman əhalinin yerlərini əllərindən alıb özlərini İrana sürgün elədi (Müəllif qeydi).
45.1804-cü ildə Gəncə xanlığı birinci dəfə alındıqdan sonra Qarabağ xanı İbrahim xan əhvalatdan xəbərdar olub, öz xahişi ilə Kürəkçayda knyaz Sisyanovun xidmətinə gələrək, xanlığında baqi qalmaq şərtilə Rusiya imperatoruna izhari-təbəiyyət etmiş. Knyaz məmnuniyyətlə qəbul edib, padşah tərəfindən xanı general-mayor ləqəbi ilə təbrik edəndən sonra imperatorun şərəfinə içmək üçün xana bir bakal şampanski təklif etmiş, xan şampanskini içmiş və şərab damağına çox dadlı gəlmiş. Bir qədər söhbətdən sonra xanın könlündən yenə şampanski içmək keçmiş, üzünü knyaza tutub xəbər almış:
  – Padşahın şərəfinə bir dəfə də içmək olarmı?
  Sisyanov: “Çox gözəl olar” – deyə ikinci bakalı xanın damağına vermiş (Müəllif qeydi).
46.Ağa Baqiri-Məclisi, Fazili-Ərdəbili və Fazili-Dərbəndi mövhumat sahəsinin ən fəal qəhrəmanlarıdırlar. Bunlardan həm Azərbaycanda, həm İranda məşhur olan Dərbəndli Molla Ağadır ki, adına Fazili-Dərbəndi deyirlər. Kitabçamızda onun xüsusundə yazılanlar hamısı həqiqətdir. Fazili-Dərbənd cəmi rövzəxanların mürşididir: minbərlərdə onun adı ehtiramla çəkilməkdədir. Fazili-Dərbəndi mövhumata dair neçə kitab yazmış. O cümlədən “Əsrarüşşuhəda” adlı kitabı on-on iki cilddən ibarətdir. Bu kitablar hamısı Kərbəla vəqəsinə aiddir. Ondan əlavə “İrşadülqülub”, “Məxzənülbüka” və “Xabnamə” adında üç kitab yazmış. Bu kitabların ikisi mərsiyə kitablarıdır. Üçüncüsü isə Fazilin röyalarına havidir. Bu kitabda Fazil röyada gördüklərini həqiqət hesab edir və avam camaat da buna etiqad bağlayır. Məsələn, “Xabnamə”nin bir yerində deyir: mənim vətənim olan Dərbənddə bir yəhudi var idi. Bu şəxs həmişə şürbiliyə, fisq-fücurə məşğul idi. Yəhudi öldü. Gecə aləmi-röyada mən haman yəhudini behiştin qəsirlərinin birində görüb təəccüb etdim və onun behiştə nə növ düşməsini xəbər aldım. Yəhudi cavab verdi: Bir gün yol kənarında uzanmışdım. İttifaqən İmam Hüseyn zəvvarları gəlib mənim yanımdan addadılar və onların atlarının ayaqları altından qalxan tozdan bir qədər mənim siftimə qondu. Odur ki, yəhudiliyimə, tutduğum əməllərə baxmayaraq məni behiştə gətirdilər və cəmi günahlarım xudavəndi-aləm tərəfindən əfv olundu (“Xabnamə”). Fazili-Dərbəndinin şüarı: “Mən bəka, ov əbka, fətəbəka vəcəbət ləhül-cənnə”, yəni “ağlayana, ağladana və ağlayanlara özlərini oxşadanlara behişt vacibdir” (Müəllif qeydi).
47.Bu əhvalatı gözü ilə görmüş bir şəxs nəql edirdi (Ə.H.).
48.Sultan Əbdülhəmid
49.İrəvan müsəlman cəmiyyəti-xeyriyyəsinin 1902-1907-ci sənədə sədri olan İrəvan xanlarından birisi.
50.Cavanşir qəzası mülkədarlarından Adıgözəl bəy Adıgözəlova işarədir.

Бесплатный фрагмент закончился.

259 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
Объем:
18 стр. 31 иллюстрация
ISBN:
978-9952-8252-7-5
Правообладатель:
JekaPrint

С этой книгой читают