promo_banner

Реклама

Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Bomba», страница 2

Шрифт:

Hacının evindən nalə bülənd55 olub, məhəllə əhlinə onun vəfatını bildirdi.

Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət56 etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi. Ona görə bu şəxs nəinki öz xiş57 və əqvamının, bəlkə, cəmi şəhər əhlinin əlindən getdi.

Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola:

 
Dövləti-cavid yaft hər ki, nigunam zist,
Kəz əqəbəş zikri-xeyr zində künəd namra58.
 
II

Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə59 saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində60 əyləşdi.

Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü, onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub, nökəri göndərdi, çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə.

Əkbər Rüstəmi neçə il idi, görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan 15 yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi.

Əkbər yoldaşının bu neçə ildə harada olduğunu sual elədi.

Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb, bir-iki qullab alıb dedi:

– Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm, haradan sənə söyləyim. – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib, atama dedim ki: “Gərək məni hökmən Parisə göndərəsən”. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən 1000 manat pul vurub “ağanı Allah saxlasın”… birbaş Parisə, Paris nə Paris! Yer üzünün behişti desəm, yenə xata eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən, bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafeşantanlarında61 görmüşəm, sən görəsən, Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz62 baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd63 sözlü! Sən də deyirsən, dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı64 budur.

Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:

– Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə “kafeşantan” sözü dedin, o nə deməkdir?

– Kafeşantan, yəni xurma çuvalı… Xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin, Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!”65 Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən, səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən, bilməzsən. “Şənidən key büvəd manəndi didən”66. Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım, gördüm min manatdan ancaq 200 frank ki, eləsin bizim pul 75 manat, cibimdə pul qalıb. Atama tel vurub 1000 manat da istədim və daldan da bir kağız yazdım ki: “Hər ay mənə 300 manat pul göndərməsən, özümü öldürəcəyəm”. Atam 1000 manatı göndərib, sonra da bir kağız yazmışdı ki: “Bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır. Mən sənə ayda 500 manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva kişi belə fikir edirdi ki: “Bəli, mənim oğlum oxuyub böyük yaranal67 olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm”. Dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsi ilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi!

İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan, oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən, adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətini göstərəm. Sən bir fikir elə gör, bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyyə68 mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə, mən işrət mədənlərindən savayı heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alış-veriş elərəm ki, bir tacir bacarmıya.

Xülasə… Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb Əkbərdən üç günün müddətinə 100 manat qərz69 alıb yola düşdü.

Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki: “Bala, nə üçün belə tez qayıtdın?”. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”.

Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab70 hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu.

O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin “Bolon meşəsini” və kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah Berlinin “Cökə xiyabanını” gözünün qabağından keçirirdi. Sübh Əkbər bir şiddətli başağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana. Günorta vaxtı Rüstəm gəlib soruşdu ki: “Qardaş, nə üçün dünən dükanda yox idin”. Cavab verdi ki: “Başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub, sübhədək yata bilməmişəm”. Rüstəm dedi ki: “Bu gecə də mən səni qoymayacağam, yatasan; mən səni bir qəribə yerə aparacağam ki, indiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxir71 libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm”.

Əkbər cavab verdi ki: “Bəlkə, anam razı olmadı”. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma indi ki belədir, deyərsən: “Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən, inciyərəm”. Və söz də verərsən ki, tez qayıdarsan”.

Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi.

Axşam Əkbər evə gəlib anasından izin istədi və vədə də verdi ki, tez qayıtsın. İzin alıb təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqülbab72 edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü, Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhabtək73 sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki: “Rüstəm, bu nə yerdir, məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm”.

Rüstəm dedi:

– Heç danışma, sənin borcun itaətdir.

Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlanları və iki rus xanımları əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi:

– Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim.

Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi:

– Xanımlar, təvəqqe edirəm, bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur.

Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyyat74 mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi, çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbir yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onu orada dəfn etsinlər.

Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi, nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi. Nökər daxil olub, mizin üstünü təmizləyib başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki: “Yəqin, bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətən balaca uşaqsan: qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır”.

Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb iki piyalə şərab töküb birini özü alıb, birisini Əkbərə uzatdı, dedi:

– Təvəqqe edirəm, bu piyaləni mənim sağlığıma içəsən!

Əkbər dayandı. Bilmədi, nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki: “Əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və ikincisi, bu xanımı özündən artıq incidirsən”. Rüstəm, əlində piyalə, qalxıb üzünü Əkbərə tutub dedi:

– Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov!75. Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, “begir in cami-təlx əz dəsti-şirin”76.

Əkbər bilmərrə özün itirib, bixub şərabı xanımın əlindən alıb başına çəkdi.

Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətindir.

Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni də boşaltdı. Sonra Rüstəm, əlində piyalə, ayağa qalxıb dedi:

– Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvəba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi77 cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol!

Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o, yığıncağın sağlığına içsin. Çünki qayda belədir. Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa. Axır keflənib divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar. Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi:

– Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayağı bir-bir qoyarlar nərdivana.

Camaat ayağa qalxıb nökəri çağırıb buyurdular hesab gətirsin. Əkbər istədi, pul versin, qoymadılar. Amma dedilər ki: “Gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik”. Əkbər çox şadlıqla onları qonaq çağırdı.

Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü, anası yatmayıb və gecəyarısı Kərbəlayı Qulaməli də iki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.

Əkbər anasının sualına başladı növbənöv hədərənpədərən cavab verməyə: gah dedi: “Rüstəmgildə, gecə keçməyinə görə yatmışdım; onun üçün elə deyiblər”. Gah dedi: “Xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq”. Axır, elə gördü, anası onun yalanının anlayıb dedi:

– Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən!

Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-iki dəfə Kərbəlayı Qulaməliyə dedi ki: “Kərbəlayı, deyəsən, Hacı Xəlilin yurdunda bayquş uluyacaq!” Amma kərbəlayı cavab verdi ki: “Uşaqdır, beyni qandır; mən ona nəsihət elərəm, inşallah, düzələr”.

Əkbər anasının məğlubə olmağından əvvəl dilgir78 olub və sonra öz-özünə dedi ki: “Bu, yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər”.

Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü, Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib.

Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona “afərin” deyirdilər. Sübhədək kef edib Əkbər 1000 manatdan artıq pul verib evə gəldi.

Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib, gedib yatdı.

Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb Tanrı rəhmətinə getdi.

Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi Kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə 24000 manata danışıb və qabaqca neçə min manatlıq libas və cəvahirat alıb, özü ilə vətənə gətirib mehmanxanada mənzil verdi. Və başladı evin övzayını dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə 100 manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir kareta və dörd rəs Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi.

Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.

Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.

Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur, iki aydır, ona pul çatmır və peşkəş gəlmir. Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir.

Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.

Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü79 kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə, onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir80 etdi.

Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü, bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar. Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.

İki ildən sonra mövqiflərin81 birinə varid olub gördüm, qoca Kərbəlayı Qulaməli mövqifin qabağında dalını divara söykəmiş əyləşib.

Soruşdum:

– Kərbəlayı, sən hara, bu yerlər hara?

Dedi:

– Qurbanım olum, əlacım nədir. 40 il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar.

Dedim:

– Kərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir?


Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm, ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu:

– Gördün?

Dedim:

– Gördüm, kərbəlayı, bunu haraya aparırlar?

Dedi:

– Kəsiblər, İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.

Dedim:

– Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?

Dedi:

– Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm, qorxuram, qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.

Bir azdan sonra dəmiryol qatarı gəlib mövqifin qabağında dayandı. Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:

– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.

Qatar yola düşdü və mən də məhbut82 onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:

 
“Bu bədan yar gəşt həmsəri-Lut
Xanəndani nübüvvətəş güm şüd”83.
 

BOMBA

Qorodovoy84 Kərbəlayi Zal 25 ildən artıq idi, polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:

– A kişi, sənin saqqalına nə şaşka85 yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!

Kərbəlayi Zal cavab verərdi:

– Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də mən 25 ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.

Belə danışıqdan sonra arvad həmişə sakit olardı.

– Nə deyirəm, kişi, özün bil!

Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav86 çağırıb demişdi:

– Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.

Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:

– Nə var?

Dedi:

– Heç, bir az başım ağrıyır.

Arvad abgüşt87 bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdur” deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.

Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecəyarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.

Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.



– Vot Patap, bomba rabatay!

– Qde88?

– Dom Feyzulla bomba pirnesom.

Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, soldat, qorodovoy bürüdü.

Qapını döydülər.

Usta Feyzulla çıxdı, xəbər aldı:

– Kimsən?

Dedilər:

– Aç qapını.

Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki: “Bəs niyə buyurubsunuz?”

Dedilər:

– Danışma, gərək sənin evin axtarılsın!

Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.

Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:

– Barin, vot, vot bomba!89

Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.

Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:

– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin, qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.

Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.

O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.

55.Bülənd (olmaq) – yüksəlmək, ucalmaq
56.Rehlət – ölüm, vəfat
57.Xiş – qohum-əqrəba
58.Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: Yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.
59.Təziyə – yas
60.Məsnəd – məqam, mövqe, böyük mənsəb
61.Kafeşantan – adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana
62.Şəhbaz – qızıl quş
63.Şəhd – bal
64.Zindəgan – burada: həyat, yaşayış
65.Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.
66.Eşitmək hara, görmək hara!
67.Yaranal – keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması
68.Bəzzaziyyə – parça, arşınmalı
69.Qərz – borc
70.Rəxti-xab (rəxtxab) – yorğan-döşək, yataq
71.Faxir – gözəl, parlaq
72.Dəqqülbab – qapını vurma, döymə, tıqqıldatma
73.Tiri-şəhab – meteor; yəni iti sürətlə gedən
74.Həlviyyat – şirniyyat
75.Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol.
76.Bu acı piyaləni şirin əldən al.
77.Şürbi – şərab düşkünü, əyyaş
78.Dilgir – qəmli
79.Tərəddüd – get-gəl
80.Mütəğəyyir – əsəbi
81.Mövqif – duracaq, stansiya
82.Məhbut – heyrətlənmiş
83.Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.
84.Qorodovoy – Çar Rusiyasında: aşağı rütbəli polis xidmətçisi, polis nəfəri
85.Şaşka – tiyəsi uzun, azca əyri, ucu şiş, kəsici soyuq silah; qılınc
86.Pristav – Çar Rusiyasında: yerli polis rəisi
87.Abgüşt – bozbaş, piti
88.Varvarizm, “harada” mənasındadır.
89.Tərcüməsi: Ağa, budur, budur bomba!

Бесплатный фрагмент закончился.

399
492,67 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
11 апреля 2023
Объем:
11 стр. 19 иллюстраций
ISBN:
978-9952-311-90-7
Правообладатель:
TEAS PRESS