Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Tera», страница 4

Шрифт:

Ata, anamı da gözləyək, – Gili deyir. Amnonun necə məcburi dayandığını, üzünü gizlətdiyini, əyilərək Gilini yerə qoyduğunu görürəm. Onlara çatanda Gili bir əlini mənə uzadıb o biri əli ilə Amnonun əlini tutur:– Dünyanın ən yaxşı anası və atası sizsiniz, digər bütün ana -atalardan daha yaxşısınız, – deyir və bu gözlənilməz tərifin verdiyi sıxıntıyla çiyinlərimi ataraq bu kəlmələrin arxasında gizlənən qəzəbin ölçüsünü təxmin etməyə çalışıram. Bəli, kefsiz simamıza baxıb təkrarlayır:

–Həqiqətən, bəzən sizin əsəbiləşdirdiyimi bilirəm, amma dünyada ən çox sizi sevdiyimi də unutmayın, mənim üçün çox şey edirsiniz.

Mən onu susdururam, ağzından çıxan tək kəlməyə belə dözəcək gücüm yoxdur, bizi təhqir etsə, yumruqlasa bundan yaxşıdır. Susaraq yeriməyə davam edirik, o bunu istəməsə də aramızda onun balaca vücudundan keçən barışmaz bir hava əsir, məktəbdən evlərinə dönən ailələr yanımızdan keçir, qadınların ətirləri uşaqların səsinə qarışır, yolun ortası ilə gedirlər və tək-tük keçən maşınlara könülsüz yol verirlər, mərkəzi küçədə belə nəqliyyat yoxdur, şəhər ağlamağı dayandıran və, sadəcə, sürətli nəfəs alıb verişləriylə keçmişin acısını xatırladan uşaq kimi, nəhayət, səssizliyə bürünmüşdü.

Gilinin balaca dalı axşam küləyində titrəyir və mən onu isitmək üçün özümə tərəf çəkirəm, nərdivanlara çıxan qapının önünə gəlirik. Gili ikimizi də arxasından içəriyə doğru çəkir, amma mən tez-tələsik, eynən yeni müəllimə kimi qərarlı bir tonda: – atan bizimlə birlikdə yuxarı gəlmir. Gili, – deyirəm, – o indi gedir, sabah gələcək və səni bir neçə saatlığa özü ilə aparacaq, Amnon mübahisə yaratmayaraq mənim təəccübümə səbəb olur, donuq üz ifadəsi ilə əyilib onun alnından öpür və heç nə demədən, az qala qaça-qaça, Gilinin qəflətən ağlamağa başladığını eşitməyəcək qədər tez uzaqlaşır.

Bu axşam içimdə daşdan qəlb yarandı, ağır və bağlı bir qəlb, onun mərhəmət diləyən göz yaşlarını rədd etdim, orada, digər ailələrin arasında, Şabatın təsiri altında, bir anlıq gücsüzləşmişdim, amma burada, evdə yenə güclüyəm. Gili ağlamağı dayandırır və, nəhayət, yuxuya gedir. Evdə tək qalmış gənc qız kimi, anidən qovuşduğum azadlığımı qeyd edirəm, kimsə məndən heç nə soruşmur, nələrsə demir, heç kimin mənə ehtiyacı yoxdur, kimsə bütün diqqəti ilə məni izləmir, varlığım başqa kiməsə rahatsızlıq vermir və özüm özümə xəbərdarlıq edirəm: gördüyün o ailələrin yalanlarına inanaraq əsla öz fikrindən dönmə, evdəki bu azadlıq necə də xoşdur, sanki bu ev təvazökar çöl çiçəkləri ilə dolu, isti və xoş ətirli portağal baxçasıdır. Bu dəfə geri addım atmayacam, məni axtaran valideynlərimin yalvarışlarını eşitsəm belə bu dəfə geri addım atmayacam.

Keyflə divanda uzanmışam, yoxuşla sona çatan uzun bir yürüş etmiş biri kimi taqətdən düşmüşəm, küçədəki səssizliyi dinləyirəm, o qədər səssizlikdir ki, yarpaqların ağaclardan qoparaq yerə düşməsini eşitmək olar. Gilinin yuxuda mızıldandığını eşidirəm. Arada telefonun zəng çalması və ard-arda gələn səsli mesajları eşidirəm, rahatlığımı pozan səslər Amnonun gecəki qəribəliklərindən danışır. İstəmədən onlara qulaq asıram, xeyr, evdə yoxam, sizə kömək edə bilməyəcəm, bu gecə məndən nəsə gözləməyin, çünki bu gecə başqa gecələr kimi deyil.

Ella, cavab ver, evdə olduğunu bilirəm. Amnon az əvvəl burada idi, həqiqətən, çox pis haldadır, ona zəng etməlisən, özünə nəsə etməsindən qorxuram. İnan mənə, söz xatirinə mən belə bir şey demərəm. Amnonu uşaqlığından, altı yaşından bəri tanıyıram və onu indiyə qədər belə vəziyyətdə görməmişəm. Ella, nə etdiyini yaxşı düşün, hər nə olursa – olsun, o, sənin uşağının atasıdır. Oğlunun atasız böyüməyini istəyirsən? Ona bir şans da verməlisən, yoxsa gələcəkdə buna peşman olacaqsan.

“Ella, yenə mənəm, Qabi. Telefonu açmamaqla düz etmirsən. İnan mənə, düzəlməyə çalışacaq. Bilirəm, sənin üçün onunla yaşamaq asan deyil, amma səni, həqiqətən, sevir. Bəlkə, ailə terapiyasına gedəsiniz? İtirəcək nəyin var axı? Gili üçün hər şeyi yoxlamalısan, yoxsa ömrün boyu əzab çəkəcəksən”.

“Ella, mənəm, Talya. Amnon az əvvəl getdi. Məndən xahiş etdi ki, səninlə danışım. Sənin dostun olmağıma baxçayaraq düzünü bilmək istəyirsənsə onun üçün, həqiqətən, narahatam. Axmaqlıq etmə. Evliliyinə bir şans da ver. Buna qulaq asdıqdan sonra mənə zəng vur. Öpürəm”.

Cavab vermədiyim üçün səsləri ətrafımda qalır, rahatlığımı pozurlar, kimsə onları uzaqlaşdırmır, heç kim onları qovmur, evin içində gəzişirlər, mənə hücum edirlər, təhdid edirlər və artıq mən istədiyim kimi tək deyiləm, istəmədiyim halda Qabi evimdə qalır, istəmədiyim halda Talya qonağım olur, onların gileylərini dinləyirəm və qarşılıq vermirəm, onların səslərinin mənim səsi olacağı anı gözləyirəm.

Onlara verə biləcəyim tək bir cavab var, amma onlara gözləmədikləri o cavabı verə bilmərəm: Mən balaca qız olanda ərim yox idi, tək nəfəs aldım, kitabları tək oxudum, uşaqlıq mübarizələrimi sonuna qədər tək apardım, yandırıcı qumun üstündə ayaqyalın və tək gəzdim, buludlu bir gecədə çəpərin üstünə tək çıxdım, ətri olmayan sarı jasmin çiçəklərinin ortasında idim.

“Salam, Ella, mən məktəbdən, Mikal, Yotamın anası. Yo-tam Gilini sabah günortadan əvvəl bizə dəvət edir. Onu gətirmək üçün vaxtın yoxdursa biz gəlib götürə bilərik. Xahiş edirəm, dinlədikdən sonra mənə zəng et”.

“Ella, səninlə mütləq danışmalıyam. Atan yatandan sonra yanına gəlməyə çalışacam. Sənə demək istədiyim vacib bir şey var”.

Amma mən uşaq olanda mənim ərim yox idi, bunu necə unuda bildin, ana, sənin ərin var idi, mənim yox idi və bizim aramızda olan yeganə fərq bu idi, çünki sən də balaca qız olmaq istəyirdin, mənimlə birlikdə portağal baxçasına qaçdın, mənimlə gizlənpaç oyununu oynadın, çünki mən bəzən ondan gizlənə bilirdim, amma sən əsla gizlənə bilmədin və orada, məruz qaldığın təhqirləri mənə nümayiş etdirdin və məni hakim elan etdin, ağacların arasında əzab çəkərək inim-inildəyirdin. Mən sənə nə verə bilərdim axı? Sadəcə, sevgimi, eynən sənin mənə verdiyin kimi, hər zaman gizli və əvəzini ödəyərək.

Həqiqətən, gəldi, qapını döymədən içəri girdi, sanki mənim evim onun da evi, mənim həyatım onun həyatıdır. Qışın gəlməsinə hələ çox var, buna baxmayaraq palto geyinib, qarşımda oturur və danışmağa başlayır, o danışdıqca ətrafa yediyi qızardılmış toyuq budlarının kəskin qoxusu yayılır, paltosunun altında iri budlarını örtən yun şalvar və uzun illər əvvəl mənim üçün hördüyü qalın və zövqsüz sviter var. Gördüyün kimi, qürurla deyir, heç nəyi atmamışam, xatırlayırsan, bu sviteri sənin üçün hörmüşdüm, aylarımı almışdı. Uyumsuz rənglərə diqqətlə baxıram, qırmızının yanında tünd yaşıl və altında sarı zolaq, məni sinifdəki şənliyə bu sviterdə göndərmişdin, bunun bütün sviterlərdən ən gözəli olduğunu və mənim bütün qızlardan ən gözəli olacağımı dediyində sənə inanmışdım və mən, sadəcə, utanaraq üzümü sviterin gülünc dərəcədə geniş qollarında gizlədərək sənin qollarına geri dönə bilmişdim, mənim heç kim rəqsə dəvət etmədi, mənimlə heç kim danışmamışdı və sən mənə təsəlli verərək: “sadəcə, səbr et, dəlilər kimi seviləcəksən”, demişdin.

“Bax, hələ də çox yaxşı vəziyyətdədir”, qürurla deyir, “bəlkə onu sənə verim yenidən, hər geyindiyində sənə çox yaraşardı, Allah xətrinə, yox, bu geniş qollu şeyi istəmirəm”. Divanda onun qarşısında oturub, qarşımdakı gülünc görüntünü ümidsizcə izləyirəm, nə mövsümə nə də yaşına uyan köhnə paltarlar içində çox kök bir qadın. Mənimlə nə barədə danışmaq istəyirdin?

“Atan mənə söhbətinizdən bəhs etdi”, – iç çəkərək deyir. Tez sözünü kəsirəm: “Söhbət? Nə vaxtdan bura elə bir şeyə söhbət deyirlər, o bir xəbərdarlıq idi, daha doğrusu cənazə söhbəti, yaxşı, Ella, atanı tanıyırsan, o hər zaman haqlı olduğundan əmindir, bunu əsla dəyişdirə bilmərsən, xüsusən də ümumilikdə, həqiqətən, haqlı olduğuna görə, mən artıq daha öncə eşitdiyim sözləri səssizcə dinləyə bilmirəm, anama qışqırıram, sən nə danışdığını başa düşürsən, dünən onun mənə nə dediyini bilirsən? Yenə iç çəkir. “Bəli, onu tanıyırsan, o hər şeyi çox ciddiyə alır, amma bunu, sadəcə, narahat olduğu üçün edir, sənin və Gili üçün narahat olur”.

“Mən buna inanmıram, o, sadəcə, özü üçün narahat olur, nə bu məsələ nə də başqa bir məsələ ilə bağlı onunla danışmaq niyyətində deyiləm, mən artıq on altı yaşında da deyiləm, o daha mənə nə etməli olduğumu deyə bilməz, Gilini hər zaman-kı kimi sizə gətirəcəm amma onunla danışmayacam. Anam gözlərini yerə dikir. “Qulaq as, Ella, mənim sənə demək istədiyim elə bununla bağlıdır, buna görə bura gəlmişəm, məsələ bu qədər asan deyil, Gilini bundan sonra bizə gətirə bilməyəcəksən, atan onu görmək istəmir”.

“Nə? Bu nə deməkdir, atam onu görmək istəmir, tək nəvəsini rədd edir, deməli belə? Həm də Gilinin sizin dəstəyinizə ehtiyacı olduğu dönəmdə, hə?” Anam bəhanələr gətirir, əslində istəmir deməyək, “atan onu görə biləcək halda deyil” demək istəyir, “Gilinin dərdinə dözmək ona çətin gəlir, onun üçün çox narahatdır və beləcə narahat olduğu üçün ona nəsə zərər verə biləcəyindən qorxur, onu günahlandırma, Ella, o buna layiq deyil və mən özümdən çıxıram, onu günahlandır-mayım?” Əvvəllər onun belə tərəfini saxlamazdın, əvvəllər o səni incidəndə, mənim onun hərəkətlərinə haqq verməməyimi eşidəndə xoşuna gəlirdi və indi o məni incidərkən, mən bunu qəbul etməliyəm və sən onun tərəfindəsən, elə?

Tamamilə onun tərəfində deyiləm, -deyərək mızıldanır, – sizi görməmək üçün ona söz verməmi istəyir, amma narahat olma, o xaricdə olanda mən sizə gələcəm, bəxtimizdən tez-tez səyahət edir, ya da o yatanda gələcəm. Amma o yatanda Gili də yatır, deyərək qarşı çıxıram, bu nə axmaqlıqdır axı, sən bu sözlərinlə bizi görməməyin üçün ona söz verdiyini deməyə çalışırsan? Başqa seçimim yoxdur, onun necə biri olduğunu bilirsən, o nəsə istədisə, ona qarşı çıxmaq olmur, amma mən sizə gələcəm və o bunu bilməyəcək, alış-verişə getdiyimi deyəcəm və Gilini görmək üçün bura gələcəm, bir-birimizə bu qədər yaxın oturduğumuz üçün çox şanslıyıq, – deyərək özünə ürək-dirək verir. Qəzəbdən özümdən çıxıram: “Sənin gizlin ziyarətlərinə mənim ehtiyacım yoxdur, mən sənin üçün nəyəm, ərin uzaqlarda olanda görə biləcəyin bir sevgilin? Nə danışdığının fərqindəsən? Başa düşmürəm, əgər, həqiqətən, Gili üçün narahatdırsa, niyə ona kömək etmir, Gili ona çox bağlıdır, onun indi uşaq üçün güc mənbəyi olmağı lazım idi, Gilinin ailəsi dağılır, bu vəziyyətin atama ağır gəlib -gəlməməsinin nə mənası var, o özünə hakim olmalıdır”. “Sakit ol, bu qədər kəskin danışma”, deyir, “bunlar hamısı keçəcək, atan bir neçə həftəyə sakitləşəcək və hər şey yoluna düşəcək, bu məsələni bu qədər böyütmə”.

– Bir neçə həftəyə mən artıq sizin kimliyinizi unudacam, -deyə qışqırıram, Gili də sizi çoxdan unudacaq, uşaqların yaddaşı necədir bilirsən, indi isə get, bu şərtlər altında səni görmək istəmirəm, səni bu evə yalnız gizli halda gəlməsən alaram. Anam dəhşət içində ayağa qalxır və paltosunu geyinir. “Bu məsələni çox böyüdürsən, Ella, belə reaksiya verəcəyin ağlımın ucundan da keçməzdi, eynən atan kimi şişirdirsən, bir arada olmaq sizə bu qədər çətindir”. Anam dərindən ah çəkir, çünki bir -birinizə çox oxşayırsınız. Oxşayırıq, deyə qışqırıram, mənim ona oxşadığımı necə deyə bilərsən axı, onun adam olmadığını görmürsən, adam deyil, o adam deyil!

O sənin atandır, – deyir, elə deyir ki, sanki bu mənim günahımdır, onu özü yox, mən seçmişəm, fikrini dəyişəcəyinə ümid edirəm, Ella, ona görə məni günahlandırmağın doğru deyil və mən, onun etdiyi daha pisdir, o mənim oğlumu cəzalandırır, deyirəm, həm də mənə görə edir bunu, mən bunu qəbul etmirəm. Niyə onun önünə keçib, bura mənim də evimdir və Gilinin canı nə vaxt istəsə buraya gələ bilər demirsən? Sən ki bunu edə bilmirsən, o zaman get, səndən elə bunu gözləyirdim”.

Mən özümü ona qarşı öz tərzimdə müdafiə edirəm, deyir alçaq səslə və mən ofuldayıram: “Öz tərzində? Bura ondan xəbərsiz gəlməklə? Buna özünü müdafiə deyil, onun səni əzməsinə göz yummaq deyilir, niyə bunu görmürsən axı, mən bir gün sənin kimi olacağımdan ölümünə qorxduğum üçün Amnondan ayrılıram”. Anamın əhvalı tamamilə korlanır, şiş qarnını ağrayırmışcasına tutur və mən uzun-uzadı, başının ətrafına doladığı dəbdən düşmüş saç hörgüsünə baxıram, siçan quyruğu qədər incədir. “Ümid edirəm boşanmaq üçün daha tutarlı səbəblərin var, Ella, unutma ki, fədakarlıq olmadan evliliyi qoruyub saxlamaq olmaz”.

Doğurdan, lağlağı edərək soruşuram, bəs o nədə fədakarlıq elədi? Həyatında bir dəfə belə olsun, nədənsə imtina etmədi ailəsi üçün, amma anam, atan bir qadından imtina elədi, deyir. Özü qədər mükəmməl bir qadından imtina elədi və onunla bu qədər uyğun olan qadının yerinə, ona baxan bir qadını seçdi, düşünmə ki bunları bilmirəm, və hətta bəzən o ondan imtina etdiyi üçün kədərlənirəm və bilirsən, mənim gözümdə bunun adı sevgidir”. Qürurla çiyinlərini çəkir, sənin nəslində sevgi mübahisəli məsələyə çevrilib, o mənə hörmət etmir və mən buna görə onu sevməməli və mənə hörmət edən birinə aşiq olmalıyam? Bizim üçün, mənim nəslimdə sevgi qismət kimi bir şeydir, mübahisə edilməyən bir şeydir. Professora qulluq etmək, ona yeməklər bişirmək və geyinəcək olduğu paltarları təmizləmək illər keçdikcə ona qürur hiss verib. Mənə tərəf gəlir və yanağımdan öpməyə çalışır, amma o məni öpməsin deyə geri çəkilirəm, ah çəkir və gecən xeyrə, deyir, ümid edirəm fikrini dəyişəcəksən, sabah sənə zəng edəcəm. Sən öz fikirini dəyişəndə mən də fikrimi dəyişəcəm, səndən öncə fikrim dəyişməyəcək, deyirəm. O getdikdən sonra qapını sürətlə bağlayıram və qapının arxasından nərdivanlardan enməsini dinləyirəm. Oturacağın üstündə iyrənc rəngləri olan tüklü bir şey qalıb, onu yadından çıxartdı yoxsa bilərəkdən oraya qoydu, bilmirəm, sviteri qucaqlayıram, qızartma yağı və köhnəlik ətri gəlir, gəncliyimin pis günlərinin ətrini yayır, siyitmədən qayçı götürürəm və onu yavaş-yavaş kəsərək balaca yun hissələr halına gətirirəm, hissələr yerə düşür və sonunda yeri bürüyür, eynən yolunmuş saçlar kimi.

4

Pərilərin yastığının altına qoymuş olduğu bir hədiyyə kimi, düşən süddişi kimi, ona qonaqlıqdan bəhs edəndə, bütün kədərini kənara atır, gözlərini açanda xoş xəbəri ona deyirə: “Yotam səni evinə dəvət edir”. O, təəccüblə gülümsəyir: “Doğrudan? Bu gün?” Ayağa qalxıb boynumu qucaqlayır, başını çiyilərimə qoyur, saçları yanaqlarıma sığal çəkir, bu dünyada səhərki qucaqlaşmadan daha qüsursuz bir yaxınlıq var, görəsən, yuxudan durub mənə tərəf uzandığında, qollarıma sığınaraq məni qucaqlayanda bir uşaq qədər gözəl ətir saçırdı, çox rahat idi, dünənki ağlamağından, ümidsiz istəklərindən əsər-əlamət yox idi. “Dərhal geyinməliyik”, deyirəm, “çünki Yotam çoxdan gözləyir, sən yatanda iki dəfə zəng etmişdi. Gili yeni dostu ilə məşqul olacaq və atasının artıq burada olmadığını, nənəsi ilə babasının yox olduqlarını düşünməyəcək”. Gözəl payız səhəri çölə çıxırıq, onun sevinci mənə cəsarət verir, buludlar xəfif yelkənlilər kimi səmada süzürlər və mən bizim də balaca və sağlam bir yelkənli olduğumuzu düşünürəm, sadəcə, iki nəfərlik yelkənli, üç nəfər olsaydıq yellənər və darmadağın olardıq.

“Demək olar ki, daha axsamırsan”, təəcüblə deyir və kəpənək kimi ətrafımda fırlanır, “topallamırsan, çünki mən ağrayan yeri öpdüm, Yotamgildə çox əylənəcəyimə əminəm, sən də mənimlə olacaqsan, elədir?” “Bu mənim üçün əyləncəli olmaz, ailəsini demək olar ki, tanımıram”, deyirəm, amma o israr edir, bir evdən digərinə qaçır, bəlkə bu evdir, ya da bu, baxışları ağır və kobud görünüşlü binalarda gəzişir. Uşaq parkının qarşısında demişdi, burada, gözəl binadır, təmirdən təzə çıxmış kimidir, həm köhnə həm də təzə görünür, küçəyə baxan dar və uzun balkonları var və yuxarıda, ən üstdəki balkonda duran balaca uşaq əl yelləyərəq qışqırır, Gili, buradayam.

Bəlkə də yuxarı tək çıxmalısan, deyirəm, bu göstərişli binanın və Şabata təslim olmuş küçənin mənzərəsi mənə sıxıntı verir, hər yerdə üstlərində bayram paltarı əllərində isə dua kitabları ilə evlərinə dönən insanlar var, sanki dünən evə gedərkən gördüklərimiz də eyni insanlardı, Şabatı axtarmağa ehtiyac yoxdur, o bizi izləyir, gözlənilən, lakin özündən tez bezdirən yapışqan bir qonaq kimi və əsəb pozucudur. Onu başa salmağa çalışıram: “Onları rahatsız etmək mənim üçün xoş olmaz, onları demək olar ki, heç tanımıram, səni dəvət ediblər, məni yox”. Mikalın arxasında döşəkdə oturan və onu masaj edən adamın mənə məsafəli baxışını yadıma salıram, amma Gili inad edir, mən onun arxası ilə gedirəm. Ona doğru qaçan Yotamın addımlarını eşidirəm və birdən-birə böyük bir şey aşağı düşür, yanımdan fövqəladə bir sürətlə ötüb keçir və bir partlama səsi ilə altımızdakı mərmər zəminə çırpılır, dəhşətə gəlirəm, bu nə idi, sonra uşaqların güldüklərini eşidirəm. “Su qabı atırıq aşağı”, deyə Gili qürurlu və həddən artıq sevincli səsi ilə qışqırır, amma mən sakitləşməkdə çətinlik çəkirəm, onlara yalvarıram: “Tutacaqlardan uzaq durun, yoxsa siz də aşağı düşərsiniz, evə girin, bu oyun təhlükəlidir”. Onların ardınca gedirəm, açıq qalmış qapıdan zəngi çalmadan içəri girirəm, sanki burası mənim evimdir və bu uşaqlar iksi də mənim uşaq-larımdır. İçəridə varlığımı hiss etdirmək üçün yüngülcə öskürürəm, lakin buna baxmayaraq heç bir otağın qapısı açılmır, hətta Yotamın otağının qapısı sürətlə bağlanır, Gili içəridən çıxaraq qışqırır, ana getmə, bir az da gözlə və mən Yotamdan soruşuram: – Ananla atan haradadır? “Yatırlar”, deyir və mən nə edəcəyimi bilmədən qapının ağzında dayanıram, özümdən asılı olmadan təmiz və səliqəli evə baxıram. Otaqda böyük və rahat dəri kreslo, önündə böyük İran xalçası, antik olduğu bəlli olan yellənən stul, divarda şəkillər, aralarında bəzəkli çərçivəsi olan güzgü, güzgüdə həyəcanlı üzümü görürəm, makiyajsız, dağınıq saçlı, dəvətsiz bir qonaq.

Yemək masasının üstündə qara naxışlı meyvə qabı var, içində də gildən düzəldilmiş kimi görünən qırmızı armudlar, özümdən asılı olmadan onların həqiqi olub -olmadığını yoxlamaq üçün armudlardan birini götürürəm, sərt və soyuqdur, məni kimsənin görmədiyindən əmin olmaq üçün ətrafıma baxdıqdan sonra armudu dişləyirəm, dişlərimdə sərt keramikanı hiss etməyə özümü hazırlayarkən, təəccüblənirəm, çünki armud sulu və yumşaqdır və çox dadlıdır, mebellərin arasında gəzişərək armuddan yenə dişləyirəm. Deməli belə yaşayırlar, ev uçsa, dağıntıların arasından tapdıqları əşyalar bunlar olacaq, dilsiz tapıntıları danışdırmağa, bu evdə yaşayanların xüsusiyyətlərini onların köməyi ilə öyrənməyə çalışıram, sanki qazıntı zamanı tapılmış evin önündə dayanmışam.

Açılan qapının səsini eşidirəm və Mikala içdən gülümsəməyə özümü hazırlayıram, çiynəmiş olduğum armudu tez uduram, amma bir az sonra səhv etdiyimi görürəm, gələn o deyil, əynində qara köynək və ağ damalı, armud kimi qırmızı şort var, şort ona çox böyükdür, atasının şortunu geyinərək yoxlayan oğlan uşağına oxşayır, xırda və mexaniki addımlarla mənə tərəf gəlir, yuxuda gəzən adam kimi fikirli və gözləri az qala bağlıdır, mənə fikir vermədən kolidorun sonundakı tualetə tərəf gedir, unitazın qarşısında dayanır və konsentrasiya olaraq işəməyə başlayır, qapı açıq olduğu üçün qırıq-qırıq fışqıran sidiyinin səsi kəlir, gözlərimi ondan çəkə bilmirəm, gülmə krizinə tutulmamaq üçün armuddan dişləyirəm və su içən pişik kimi təəccüblə tualetə baxır, başı unitaza çox yaxındır və dört tərəfə boylanaraq baxır, sanki nədənsə şübhələnmiş kimi, sonra sifonu çəkmədən düzəlir və tualetdən çıxır, mətbəxə keçir, su qızdırıcının düyməsini basır, nəsə əksikliyin olmadığını görmək üçün ətrafa baxır və yalnız o an məni görür.

Qəflətən gülməyə başlamasaydım böyük ehtimal məni görməyəcəkdi, amma özümü saxlaya bilmirəm, divara söykənir və boğazım ağrayana qədər gülməyə başlayıram, o çaşqın halda qarşım dayanıb və mənə düşmən kimi baxır və bir qədəh şərabı onu şərəfinə qaldırırmış kimi armudu havaya qaldırıram. Möhtəşəm armudlarınız var, deyə mızıldanıram, düşünürdüm ki, onlar həqiqi deyil və o bəlli olacaq dərəcədə mənə qəzəblidir. “Biz tanışıq?” – deyə soyuq səslə sual verir, mənim qədər əylənmədiyi səsindən açıq hiss olunur. “Tam olaraq tanış deyilik, mən Gilinin anasıyam, Mikal Yotamla oynaması üçün onu bura dəvət edib, düşünürəm biz çox tez gəlmişik. Sizi utandırdığım üçün təəssüf edirəm”, deyirəm və yenə qəhqəhə çəkərək gülməyə başlayıram, amma o, mənim gülüşümə qarşılıq vermir. “Ən azından nəsə deyə bilərdiniz, məsələn sabahınız xeyir deyə bilərdiniz, tək olmadığımı anlamaq üçün məni xəbərdar edə bilərdiniz, izləndiyimi bilmirdim”. Cəld tualetə gedib sifonu çəkir. “Sizi izləmədim, deyirəm, mən, sadəcə, burada idim, təəssüf edirəm, unudaq getsin, amma xahiş etsəm unitazın içində nə axtardığınızı deyə bilərsiniz?” Marağıma əngəl ola bilmirəm və o, “qan” deyə cavab verir, təəccüb içində soruşuram: Qan? Niyə? “Problemli genetik quruluşu olan insanlar üçün bu normal haldır, deyir”.

“Bəs, tapa bildiniz qanı?” “Çox şükür ki, yox, sabah yenə baxacam, istəsəniz gəlib məni izləyə bilərsiniz”, o gülümsəyərək deyir. “Qəhvə istəyirsiniz?” deyə soruşur, madəm ki, buradasınız, bir şeylər için”. Mən təlaşla: “xeyr, təşəkkür edirəm”, deyirəm, “getməliyəm, belə görürəm ki, Gilinin mənə ehtiyacı olmayacaq”. Amma o israrla, “gözləyin, demək olar ki, qəhvə artıq hazırdı”, deyir, qaynamış suyu tez qəhvənin üzərinə tökür, qəhvənin kəskin ətri ətrafa yayılır və mən bu gözəl ətrin məni başdan çıxartmasına göz yumuram, qarşımdakı insana maraq dolu gözlərlə baxmamaq üçün bu dəfə icazə alaraq divardakı rəsmlərə və soyuducunun üstündəki notlara baxıram. O hələ də o geyimlə fırlanır və qəhvələri süzür, qarşıma şəkər və süd qoyur, bir də ulduz formalı şokoladlı peçenyelərlə dolu bir qab qoyur və mən narahatlıqla uzun kolidora baxıram, Mikal gəldiyində məni onun əri ilə qarşılıqlı oturub qəhvə içdiyimizi görəndə nə düşünəcək, görəsən?

“Düşünürəm ki, üstünüzə nəsə geyinsəniz yaxşı olar”, adını belə bilmədiyim adama məsləhət verirəm, “yoxsa Mikal bizi səhv başa düşər”, gülərək kvadrat formalı dişlərini göstərir, “məni utandırmaq sizi narahat etmədi, indi isə utanmaq sırası sizdədir”. Fitnə ilə dolu olan səs tonu xoşuma gəlir, əslində bu məni elə də maraqlandırmır, bu onun problemidir, mənim deyil, buna baxmayaraq Mikala dərin və uzun yuxu arzulayıram. Evdəki səslərə diqqətlə qulaq asıram, bir anlıq otaqlardan birindən xəfif bir inilti gəldiyini eşidirəm, uşaqların sevinc dolu səslərindən güclə eşidiləcək bir inilti. Narahatlıqla ətrafıma baxıram, amma o, mənə fikir vermir və peçenyelərə tərəf uzanır, şokoladlı peçenyedən götürür və çayında isladır, peçenye islanaraq qopub çaya düşməsin deyə tez ağzına aparır, buna baxmayaraq barmaqlarının arasından tökülür və isti qəhvənin üzündə qırıntılar qalır, nəsə mövzu açmır söhbət etməyə, mən də həmçinin, söhbət etmirəm və onun peçenyelərlə olan oynunu izləyirəm.

“Nəsə yeyin”, – israrla deyir. “Ac deyiləm”, deyirəm. “Başqa nəsə istəyirsiniz?” – deyə soruşur, – “yenə armud istəyirsiniz?” İmtina mənasında başımı yelləyirəm, icazəsiz götürdüyüm armudun sulu və yapışqan çöpü nədənsə hələ də əlimdədir, danışmağa bir mövzu da tapa bilmirəm, eynən onun kimi az danışıram, bəlkə də bilərəkdən söhbət açmır, nə siyasətdən, nə uşaqlardan, nə də yeni məktəb haqqında danışmır, harada yaşadığımı və nə işlə məşqul olduğumu da soruşmur, sanki bu etapları çoxdan keçmişik, sanki danışmağa ehtiyac duymayan səmimi cütlük kimi qısa jestlərlə yetərlənirik. Arada bir özümdən aslı olmadan kıkırdayaraq gülürəm, o zaman əlindəki peçenyeni yerə qoyub gülümsəyərək mənə baxır, eynən su dolu qabları aşağı atan Yotamla Gili kimi, əyləncəli oyun zamanı eyni günahı işləmiş iki yaramazlar kimiyik, onun haqda nələrsə öyrənmiş olsaydım, təbii ki, bu məni məmnun edərdi, lakin buna baxmayaraq suallarımla onu narahat etmirəm, zəif bədəninə baxıram, gördüklərimlə yetinməyə çalışıram, dik çiyinlər, uşaq ayaqlarına oxşayan çılpaq ayaqlar, uzun üzü, yanaqlarında batıq, qalın qaşlarının altında çuxura düşmüş gözlər, dolğun və tünd rəngli dodaqlar, indi məni öpsə üstümə yüklənmiş bu narahatçılığı bir anlıq unudardım. Dodaqları dodaqlarımda qışda örtündüyüm isti adyal kimi olurdu, məni sakitləşdirər və rahatlıq verərdilər, ona diqqətlə baxıram, heç vaxt bu qədər canlı və belə mənalı dodaqlar görməmişəm, əslində mənə aid olmayan, gözlənilməz bir öpüşə hiss etdiyim bu arzunu daha əvvəl heç dadmamışam. Qəflətən çeynəməyi dayandırır və mənə baxır, barmaqlarını yalayır və mənə baxaraq soruşur: -“ Hər şey yaxşıdır”? Gülümsəməyə çalışıram: “bunu niyə soruşdunuz?” “Narahat görünürsünüz, ona görə soruşdum”. Ona cavab vermək əvəzinə salfet götürüb gözlərimdəki yaşı silirəm, hər yaxşıdır deməyə çalışıram, öncəki gülüşüm və indiki ağlamağım bir-birinə qarışır, dadlı və duzlu, içimdə yüksələn iniltini gizlətmək üçün dodaqlarımı bir-birinə sıxıram.

“Nəsə eşidirsiz? Ağlayan, görəsən, uşaqlardandı”, – narahatlıqla soruşuram, o isə, “xeyr, heç nə eşitmirəm”, deyir və davam edir, “dünən Şabata gəlmişdiniz? Dünən sizi gördüyüm yadıma gəlmir, ah, hə, çox gec gəldiniz, necə də bezdirici bir yığıncaq idi, həmişə eyni şey, görəsən, niyə maraqlı şeylər olmur, böyük qızımızda bezəcək dərəcədə tədbirlərdə iştirak etmişəm, Gili sizin ilk övladınızdır, elə deyilmi, deyə sual verir və mən cavab verirəm, bəli, ilk və son. Yəni o dərəcədə pisdir? – o, gülümsəyərək soruşur, “əksinə, çox yaxşıdır”, deyirəm və o, “sizi başa düşmürəm”, deyir. Söhbət zamanı qapının səsi gəlir, ikimiz də koridora baxırıq, onun üzündə şübhəli bir ifadə var, sanki o qapıdan başqa qadın içəri daxil olacaq, lakin qapıdan qaçaraq çıxan bizim uşaqlardı, onların bir-birinə bu qədər oxşaması məni yenə təəccübləndirir, görəsən, o da bu bənzərliyi hiss edir? “Ata, kakao və peçenye götürə bilərik?”-Yotam mızıldanaraq soruşur. Atası onu özünə tərəf çəkir, “bu səhər məni öpməmisən, ilk olaraq səndən öpüş ala bilərəm?”

Oğlu meymun kimi onun dizlərinə dırmanır və onun boynundan öpür və atasının da dolğun, qəhvə və keks dadındakı dodaqları oğlanın alnından öpür, amma onu öpərkən gözləri məndədir və mən dilimi dodaqlarımda gəzdirirəm. Ata, alnımı islatdın, Yotam üzünü büzür, atasının qollarından çıxaraq peçenye olan qabı götürür və Giliyə uzadır, “al götür, bunları anamla birlikdə bişirdik”, amma Gilini əlini uzatmır, mənə yetkin və qəlbi qırılmış tərzdə baxır, bu Amnonun son həftələr mənə baxdığı baxışlar kimidir, ac deyiləm deyir, amma o peçenyeyə heç vaxt yox deməz, Yotam onun qolundan tutur, gəl otağıma gedək, amma Gili birdən-birə yanıma qaçır, başını dizlərimə qoyub mızıldayır, evə getmək istəyirəm.

Evə getmək istəyirsən? – Yotam təəccüblə soruşur və etiraz edir: hələ yeni gəlmisən, hələ heç nə etməmişik, gəl, oynayaq, gəl.

Amma Gili istəmir, qəflətən yox olan sevincindən əsər-əlamət yoxdur. Bir azdan atam məni görməyə gələcək, bəhanə axtararaq onu evdə gözləmək istəyirəm. “Atanı sonra da görə bilərsən”, Yotam deyir və Gili ona səbirlə, kədərli bir səslə izah edir, mənim atam daha bizimlə yaşamır, anam qalmasına icazə vermir bunun üçün o sonra evdə olmayacaq və bir anda altı qaralmış tünd rəngli gözləri də daxil mənə baxır. Bir canavara baxırmış kimi Yotam mənə ürkək-ürkək baxır və “niyə qalmasına icazə vermirsən?” sualını verir. Gülümsəməyə çalışıram, əslində buna mənim izin vermədiyimi demək olmaz, biz öz aramızda bir razılığa gəlmişik, lakin, Gili, bu, həqiqətən də problem deyil, sənə söz verirəm sən atanı sonra da görə bilərsən, indi ona zəng edib deyərəm ki, o sonra gəlsin. Amma Gili qərarından dönmür, Yotamın təhdidlərinin belə bir faydası yoxdur, səni bir daha dəvət etməyəcəm və əbədi olaraq sənə qəzəbli olacam.

“Mənə bax, bu nə danışıqdır? – atası o dəqiqə müdaxilə edir, – onun nə qədər çətin bir vəziyyətdə olduğunu görmürsən? Adam da dostuna belə kömək edər?” az öncə alnından öpülən Yotam bu danlanmaya görə bağıraraq ağlamağa başlayır, özü özünü məyus edən və hər şeyi məhv edən, yeni istəkli dostunun yanında ani qərarının nəticələrindən qorxan Gili də ağlamağa başlayır və mən balaca küçüklər kimi uluyan, önə əyilmiş iki başa görə çətin nəfəs almağa başlayıram, sanki yolumun üstündə bir barrikada yaranıb, amma bu bildiyimiz, işıqları yanıb sönən barikada deyil, təxminən bir metrə boyu, iyirmi beş kiloqram çəkisi olan balaca bir uşaqdır, yolun ortasına uzanıb, mənim irəli getməyimə mane olur və mən qəzəblənirəm. “Sən atanla birlikdə yaşamağa məni məcbur edə bilməyəcəksən, sən məni hər şeydən imtina etməyə və bezdiyim bir həyata geri dönməyə məcbur edə bilməyəcəksən!” Lakin qəzəbim tez də keçir və yerini mərhəmət hissi doldurur, öz atası heç vaxt olmamış kimi necə də dostunun atasının qolları arasında olmasına həsrətlə baxır.

Su dolu qablar kimi nərdivanlardan yerə düşürük və yerə çırpılaraq partlayırıq, ətrafa dağılan su necə ki, geri qabına dola bilməzsə, biz də o evin qapısından bir daha içəri girməyəcəyik, mənzildən çıxarkən yenə parlama səsinə oxşayan bir gurultu eşidilir, su dolu selofan ayaqlarımızın önündə vida kimi qəzəblə partlayır. Söyüş söyüldüyünü eşidirəm, lakin yuxarı baxmıram, bütün diqqətimi burnunu yuxarı dik tutan və əlimi incidəcək dərəcədə sıxan Giliyə yönəldirəm.

Pəncərələrdən çölə qab-qaşıq, qırıq-qırıq söhbətlər, uşaqların sevinc dolu səsləri gəlir, gec səhər yeməyinin bir pəncərədən digərinə keçərək gözəl ətirlər bir-birinə qarışır, orada qalan içmədiyim, ağzına qədər dolu olan qəhvəni xatırlayıram və yenə qəzəblənirəm, “sənə nə olub axı, axırda tək qalacaqsan”, deyirəm, “Yotam səni çox gözlədi, o səninlə dost olmaq istədi, amma sən onu məyus etdin, bu hərəkətin heç xoş deyildi və o ağlamaq üçün mənim deyinməyimi gözləyirdi sanki, mən atamı istəyirəm, dünən atamın bu gün səhər gələcəyinə söz vermişdin, Yotam məni maraqlandırmır, sən məni maraqlandırmırsan, mən, sadəcə, atamı istəyirəm və mən əsəbiləşərək yumruğumu göstərirəm, qızarmış armudun çöpü hələ də əlimdə olduğunu o an hiss edirəm və onu gördüyüm ilk zibil qutusuna atmaq əvəzinə ağzıma tıxayıram, qəzəblə çeynəməyə başlayıram. Hönkür-hönkür ağlayan oğlumu sakitləşdirmək əvəzinə, güldüyüm gülüşün, içib bitirmədiyim qəhvənin, yemədiyim peçenyenin və almadığım öpüşün dadı ağzıma dolur, sulu armudun çöpünü dişlərimin arasında gəzdirirəm, evimizə girərkən tanış kişi səsini eşidəndə də onu atmaq istəmirəm. Gili, ata, deyərək qışqırır və mətbəxə qaçır, nədənsə soyuducunu açır, sanki atası oradan çıxacaq, amma bu Amnonun səsi deyil, telefonda səsli mesaj qoyan Qabinin səsidir, öz tərzinə uyğun olaraq ağır-ağır danışır.

328,45 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
20 октября 2022
Переводчик:
Правообладатель:
Alatoran yayınları / Алаторан

С этой книгой читают