Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «İblis busəsi», страница 4

Шрифт:

O bunları elə sakit nəql edirdi ki, sanki dövlət əhəmiyyətli bir sirrin üstünü düşmənə açırdı.

Güləndə də səssiz kinodakı kimi ağzının açılıb-yumulması görünür, sonradan-sonraya cingiltili, qəribə bir xışıltı eşidilirdi. Birdən nəsə fikirləşib şübhəli-şübhəli o yan-bu yana boylanıb dəsmalı ağzına tutdusa da səssiz gülüşünü güclə saxlayıb ciddi görkəm aldı.

– İncimə haa, – dedi, – mən ölum düzünü de, mənim batalyonum zasadaya düşsəydi, buraxardun sağ-salamat? Tolko, çesno de, buraxardun?

Doğrusu, bu sualı heç gözləmirdim. Özündən razı halda mənim nə deyəcəyimi gözləyirdi.

Bəlkə düşməninə aman verdiyi, içini didən peşimançılığının yükünü, ağırlığıni çiyinlərindən atmaq üçün, neçə vaxtdı mənimlə beləcə üz-üzə gələcəyini gözləyərək dilinin ucunda gəzdirirmiş bu sualı?! Bir yandan da fikirləşdim ki, elədiyi qəhrəmanlığı qabartmaqla, bir növ gözə soxmaqla, dostlarımın yanında özünə hörmət-izzət qazanmaq istəyir, yəni baxın, mən belə oğulam e!.. Nə deyəcəyimi bilmədim. Armen də mənim çətin seçim arasında qaldığımı duyub, dostlarımın diqqətini çəkəcək tərzdə, sualına özü də cavab verdi:

– Anamın goruna and içaram haa, bəlkə də sən buraxardın, bilmirəm, amma…  buraxsaydun, sani gəbərdərdilər, masab haqqi!

– Bəs sən?.. Əgər o hadisəni danışmasaydım, ya da Rafikin yerində başqa birisinin qardaşı, qohumu olsaydı necə? Axı o günə kimi Rafiklə görüşməyə də bilərdin?! Çox güman ki, onda mənim varlığım, yoxluğum səninçün bir əhəmiyyət kəsb etməzdi. Hə, birdən sənin yerində Karapetin qardaşı, lap elə özü olsaydı, mənim aqibətim necə olardı, təsəvvür edirsən?!

Mədətlə Vəfadar mənim düşündüyümdən də çox maraq göztərdikləri söhbətimizin nə vaxtsa yekunlaşacağını səbirlə, hövsələlərini basıb gözləyirdilər ki, nəhayət, əməlli-başlı yeyib-içsinlər. Amma söhbət getdikcə onları da özünə çəkirdi. Dedim axı, ilk dəfə görüşdüyümüzdən onun da, mənim də ürəyimiz doluydu, elə bil bu günə, ba saata qalmışdı hər şeyi ortalığa töküb ayırd eləmək…

– Həə, təsadüflər… Nə yazıq ki, təsadüflər həmişə belə xoş olmur.

O çox məmnun görünürdü.

– Peşmansan?.. – Qəfil soruşdum. Karıxdı.

Armen xeyli fikirə getdi, sonra qədəhinə konyak süzüb başına çəkdi, bir dilim limon götürüb yedi. Qətiyyətlə:

– Yoox, – dedi. – Bilirsən niyə?

– Niyə?

– Birincisi ona görə ki, kişi adamsan; kimdi, nəçidi bilmədən uşağı xilas eləmisən – Rafiki deyirəm, qoymamısan ölməyə. Bilirsən, Rafik Rastova gələndən sonra bütün məclislərdə sənin sağlığına badə qaldırırdı. Deyirdi ki, o mənim Anqel-xranitelimdir!

Deməli, yaşasın TƏSADÜF?!!

Həyatda elə təsadüflər olur ki, ağlına gəlməyən bəlalara düçar olmağa şərait yaradır, səni bir dünyadan başqasına aparır, yaşayışın cəhənnəmə dönür…  Oturduğun, durduğun yerdə əsl zibilə düşər, xəstəlik, bəla tapar, hətta ölümlə üzləşər, özü də bu o qədər gözlənilməz, o qədər ixtiyarsız olar ki, nə qədər soyuqqanlı olsan belə həmən təsadüfdən uzaqlaşmaqda imkansız olarsan. Və elə təsadüflər də var ki, ağlın, dərrakən səni başqa səmtə yönəlməyi, bəlkə də qaçmağı tələb edəndə belə ürəyinin hökmünə üstünlük verirsən – bu nə qədər təhlükəli və mənasız olsa belə…

Əsir düşəndə, ermənilər Cavidə işgəncə verərkən çoxdan unutduğum, bəlkə də əhəmiyyət vermədiyim bir hadisəni yadıma salmışdım. Nədən? Özümü, nə olacağını düşünmədən qoluzorbalının Cavidin başına gətirəcəyi müsibəti hiss etdiyimdən. Cavid Qarabağlıydı və onu əsiri olduğumuz ermənilər tanımışdılar, başa düşürdüm ki, ilk baxışdan çox çəlimsiz görünən, amma olduqca qıvraq olan Caviddən nəyinsə qisasını almaq istəyirlər. Təsadüfdən, xoş təsadüfdən, həmən Armen mənim ürək ağrısıyla danışdığım hekayəti eşidirmiş. Tanrının işinə bax ki, gəncliyimdə bir uşağın iztirabına biganə qalmamağım illər ötəndən sonra dörd nəfər döyüş yoldaşımın sağ qalmasına səbəb olmuşdu…

…Son vaxtlar Marqo ilə evlərində, valideynləri işdə olanda görüşürdük. (Qurd ürəyi yemişdik!) İkinci dəfə idi Bakının “Ermənikənd” deyilən məhəlləsinə gəlirdim. Hə, bəlkə də Allah həmin anda Rafiqə görə mənim orda olmağımı istəmişdi, bilmirəm.

Qonşular duyuq düşməsin deyə “santexnik” adıyla (Marqonun tapıntısıydı) məni həyətlərindəki hamam otağına salır, guya mən də başı çıxanlar kimi orada bir az qurcalanır, heç bir təhlükə olmadığını yəqin edəndən sonra məni evə cağırırdı. Beləcə oğrun-gizlin xosunlaşırdıq. Həmən gün də əlüstü-ayaqüstü görüşüb, azarımızı öldürəndən sonra tələsik küçəyə çıxanda artıq hava qaralmışdı.

Sərin yaz axşamı. Gilavar, qöca söyüdlərin asvaltı süpürən salxım budaqlarıyla vals oynayırdı. Barmaqlarımla saçımı darayıb, kefikök, Lenin prospektinə çıxan arkaya təzəcə çatmışdım ki, tindəki taxta köşkün dalından tükürpədici inilti eşitdim. Cəld səsə tərəf döndüm. Köşklə divarın tininə qısılan on beş-onaltı yaşlarında cılız bir oğlan uşağı al qanın içində zarıyırdı. Ətrafa baxdım – heç kəs yox idi – küçədən əl-ayaq yığışmışdı, tərslikdən Marqo da evlərinə qayıtmışdı. Doğrusunu boynuma alım ki, bu məhlənin adamlarını tanımadığımdan, əvvəlcə xata-bəladan uzaq olmağı üstün tutaraq, cinayət yerindən iti addımlarla uzaqlaşmaq istədim. Qorxdum desəm lap yerinə düşər. Niyə də qorxmayım; zəmanə pis idi, özüm də tələbə. Allah göstərməsin, milis cinayət yerində səni yaxalasa, deməli işlərin şuluq olacaq; belə vəziyyətdə tülkü tülkülüyünü sübut edincə gözünü açıb-yumarsan, görərsən ki, hop, əməlli-başlı zibildəsən, milislər son vaxtlar nə qədər açılmayan cinayətlər var sırıyıblar sənin boynuna və onlar bunu necə ustalıqla ediblərsə, hətta əşyayi-dəlillər də sənin əleyhinə “danışır”. Lənətə gəlmiş belə bir zəmanədə şahidlik etmək də elə kəndiri öz boynuna keçirmək kimi bir şeydi.

Uşağın iniltisinə ürəyim dözmədi, bir də gördüm işıqlı prospektin ortasında, əllərim havada maşın saxladıram. Birinci saxlayan “Qaz-21” in sürücüsü məni dinləmədən yeddimərtəbəli söyüş söydü, ürəyi soyumadı, hələ əlavə də etdi:“Yoldan çıx, ay gic…” deyib, maşını sürüb getdi. Mən də onun arxasınca deyinə-deyinə dəli kimi, şütüyən avtomobillərə məhəl qoymadan, yaxınlaşan “Jiquli” nin qarşısına atıldım. Saxladı. Yaşlı kişiydi. Xahiş etdim ki, kömək eləsin, cavan oğlan can verir, yazıqdı, onu xəstəxanaya çatdırmaq lazımdır. Ürəyiyuxa kişiymiş – razılaşdı. Uşağı qucağıma götürüb maşına mindirdim. O, oğlanın vəziyyətini görüb “ay oğul, bu ki, mollalığdı?” deyib maşını yerindən elə tərpətdi ki, on dəqiqədən sonra “Semaşko” nun qəbul otağında olduq…

Sağ olsun növbətçi həkim, oğlan çoxlu qan itirdiyindən vəziyyətinin necə kritik olduğunu görüb tez əməliyyata götürmüşdü.

Düzünü boynuma alım ki, adi prosedurları saymasaq birinci dəfəydi xəstəxanaya işim düşürdü. (Allah düşmənimə də göstərməsin – bura düşmək cəhənnəmi görüb qayıtmağa oxşar bir ziyarət imiş?!) Başlandı, nə başlandı – milis çağırmaq, sorğu-sual, onu yaz, bura qol çək…  Milislərə dedim ki, oğlanı tanımıram, küçədə yaralı gördüm, yazığım gəldi, qucağımda gətirmişəm. Zalım uşağı, inanmaq istəmirdilər. Mənim kimi səriştəsiz və sadəlövhün biri əllərinə göydəndüşmə sərvət idi deyə, o qədər biyöndəm suallar verib məni çaşdırmaq istəyirdilər. Bir anlığa fikirləşdim, yaxşı ki, sürücü bizi düşürdən kimi aradan çıxdı. Yəqin başı çox çəkibmiş yazığın…

Əməliyyat gecə saat 2–20 də qurtardı. Gecə vaxtı taksi tutub yataqxanaya qayıtmağa pulum qalmamışdı. Növbətçi həkimin razılığıyla palatada, narkozun təsirindən sayaqlayan oğlanın yanındakı döşəksiz çarpayının üstündə uzanıb səhəri dipdiri acdım…

Sonralar öyrəndim ki, Marqonun ondan uşağa qaldığından bixəbər Armen, yataq xəstəsi olan anasını və balaca qardaşı Rafiqi taleyin umuduna qoyub birdəfəlik Rastova gedəndən sonra nəzarətsiz qalan uşaq məktəbdən yayınır, özündən böyük məhlə uşaqlarına qoşulub, tez-tez onlarla qumar oynayırmış. Uşağın əli tez-tez gətirsə də cüvəllağı Karapetin kart düzməsindən xəbəri yoxmuş, daha doğrusu inanırmış qonşusuna. Karapet də ki, bu yolla, onu əvvəlcə şirnikləndirib, sonra da elə tavana qoyub ki, yazıq uşaq borcunu qaytarmaq üçün xəstə anasından gizlincə evdəki qiymətli şeyləri yavaş-yavaş əridirmiş. Bir, iki, üç…  belə, işdən xəbər tutan anası nə qədər yalvarıb-yaxarırsa da Rafiq əl çəkmir qumardan, bir növ “kişiliyinə” sığışdırmır, deyir: – ” Karapeti mələtməsəm, əl çəkmərəm!” Nə isə, günlərin bir günü, axşamçağı qumar oynayanda yenə də Karapetin fırıldaq gəlməsini duyan Rafiq onunla əməlli – başlı tutuşub. Xoruzlanıb üstünə. Söhbətin axırı ana söyüşündə dirənib. Stadionun hasarına bitişik uçuq binadan çıxıb evlərinə gedəndə, Karapet əl atıb bıçağa. Rafiq götürülüb ki, qaçsın, amma pinəçi Zakirin köşkünün tinində ayağı büdrəyib yıxılanda ona çatan Karapet bıçağı düz iki dəfə sancıb kürəyinin ortasına və aradan çıxıb. Sonradan Marqodan eşitmişdim ki, Karapet Yerevana, dayısının yanına qaçsa da milis izinə düşüb, onu ordaca həbs eləyib…

Üç gündən sonra Marqo ilə onu yoluxmağa gələndə qonşusunu – sevgilisi Armenin qardaşını tanımışdı. Xəstəxanadan çıxana kimi Marqo, oğlunun vəziyyətindən xəbər tutmamaq üçün Rafiqin anasına min cür yalan uydurur, xəstə arvad da ya bu yalanlara inanır, ya da bir söz demədən göz yaşı tökürdü. Mənimlə hər gün onu yoluxmağa gələn Marqo yəqin ki, sonralar Rafiqə xilaskarı barədə hər şeyi danışıbmış…

– İkincisi, – deyə sozünə davam etdi. – Sizi əsir götürəndə neçə nəfərdiz, yadındadır?

– Beş…

– Vot…  Kim nə deyirsə desin, axı mən indiyə kimi özümü bakılı sayıram. Bakılılar kəsdiyi duz-çörəyə təpik atmaz, arada ölüm olsa da! Biz duz-çörək kəsməsək də arada Rafiq vardı. Başqa cürə bacarmazdım. Bilirsən, siz gedəndən sonra necə rahatlandım?.. Allah mərdimazara lənət eləsin, bizi düşmən elədi, ara…  Bax, iki il döyüşdüm, evim – səngər, döyüş yoldaşlarım – ailəm oldu. Neçə canlar aldım, qanlar tökdüm…  Üç dəfə yaralandım. – Başını qabağa əyib güclə eşidiləcək səslə dedi. – Axırda nə oldu, həə? – Əlini çiynimə qoyub sual dolu gözlərini sifətimə zillədi. Özünü ələ alsa da gözlərinin dərinliyində bir nisgil, kədər vardı. Tez başını yana çevirdi ki, o kədərin nə qədər acı olduğunu duymayaq…  – Axırda, biz aldığımız torpaqlarda müharibədən xəbərsiz avropalı mafiozlar, işbazlar ağalıq eləməyə başladı…  Başa düşdüm ki, mənim kimi qolu güclü dəliqanlılar onların yalançı vətənpərvərlik əqidələrinin qurbanıdır. Biz aldanmışıq, Rufatcan, aldanmışıq…  Elə siz də…  Mən iyrəndim bu davadan.

Elə bil rahatlandı. Hiss eləmışdim ərk eləyib yerlilərinə deyə bilmədiyini bizlə bölüşdüyünə, ürəyini boşaltdığına görə dərindən nəfəs alıb sevindi də.

Ofisiant sifariş etdiyimiz quzu kababını gətirsə də heç kəs əlini süfrəyə uzatmırdı. İştahımız tamam küsmüşdü. Armenin kədərli etirafları hamını birtəhər eləmişdi. Ürəyimdə onun vaxtsız gəlişini lənətləyirdim; Mədətin qonaqlığına bir hüzn, ürəksıxıcı bir qüssə gətirdiyinə görə.

– Nə oldu…  bəs deyirdin Bakıda görüşərik? – Sualım onu tutdu.

– Həə, demişdim, – deyib, bic-bic gülümsədi. – Fərqi nədir, ara, ora olmasın, bura olsun?! – Restoranı göstərdi. Amma o Bakıyla bu “Bakı” nın fərqinin nə qədər çox olduğunu ondan yaxşı bilən yox idi. Bir az kövrəldi, deyəsən bu cür deməyinə peşiman oldu. – Gül kimi yaşayırdıq, məsəb haqqı! – Bir az ara verib soruşdu. – Görürəm, buralar sənin də xoşuna gəlib, haa?!

İstədim var gücümlə bağıram:” Axı, lənətə gəlmiş müharibədən kimin xoşu gəlir?! Soyuq səngərdə yatmaqdan, hər an snayper atəşinə tuş gəlməkdən, gözünün qənşərində bığ yeri hələ tərləməmiş cavan-cavan uşaqların minaya düşüb parça-parça olmasından…  hansı oğraş həzz ala bilər axı?! “ Onsuz da ovqatı pozulmuş Mədətgilə görə deyə bilmədim, boğuldum.

Özümü güclə ələ alıb gözlərinin içinə baxıb soruşdum:

– İndi rahat yaşayırsan?

– Ha…

– Bəs yuxu necə, heç yuxu görürsən?..

Mənim gözlənilməz, bəlkə də yersiz sualımdan devikdi. Başını qeyri-müəyyənliklə tərpətdi.

– Sən bizi azad buraxandan sonra aclıq, soyuq bizi əldən salmışdısa da dayanmadan yol gedirdik. Təsəvvür edirsənmi insan öz torpağında özünü özgə mülkünə təcavüz etmiş öğru kimi hiss edəndə hansı hisslər keçirir? Bu dəhşətdi!.. O yolun nə qədər uzun və cansıxıcı olduğunu anlamaq səninçin çətin olar; hər an arxadan bizə basqın edəcəyinizi düşünərək irəliləmək, daima gözlərimiz arxada, qulağımız səsdə. İki gündən sonra boşalmış bir kəndə girdik. Təsəvvür edirsən, bomboş, bir-iki yiyəsiz it sülənən kənddə, ömrü boyu bu kənddən qırağa addımını da qoymayan qocayla qarıya rast gəldik. Quruyub yerimizdə qalmışdıq. Əlləri dizlərinin üstündə oturub kimisə gözləyirdilər. Soruşanda ki, ata, hamı kəndi tərk edib, siz niyə qalmısız? Bilirsən nə dedi? Dedi ki…  dedi ki, oğlum söz verib…  gəlib bizi aparacaq. Mütləq gələcək!.. Nə qədər yalvar-yaxar elədik, fikrindən döndərə bilmədik qocanı, getmədi bizimlə…  Məcbur olub qocanı qarısıyla boş kənddə qoyub uzaqlaşdıq. Bir saatdan sonra “Qrad” ın uğultusuna dönəndə nə görsək yaxşıdır? Gördük ki…  g-gördük ki, həmən kənd alov içində yanır…  Bax, o gündən evinə, ocağına sidqi-ürəklə bağlanmış o qocanı hər gün yuxumda görürəm və nədənsə fikirləşirəm ki, bəlkə heç onun oğlu da yoxmuş?! Eləcə oturub öz doqqazında, doğmaca ocağında halallıca ölümünü gözləyirmiş…  Bilirsən, bu dava çox ədalətsiz davadı. Ən dəhşətlisi də odur ki, bunu hamı bilir, hamı…

Bu qoca əhvalatını danışanda Mədətin doluxsunduğunu gördüm. Sanki unutduğu əzizləri yadına düşmüşdü, kimisə xatırladı, yarası sızıldadı, göynədi. Əlimi biləyinə toxundurdum, ovutmaq, sakitləşdirmək istədim. Başını tərpətdi ki, keçib gedər, amma bir anlığa üzündən ötən qara bulud yox oldusa da, kölgəsi qalmışdı – uzaqlaşmaq istəmirdi.

Yaman toxunmuşdu ona, yaman…  Mədəti hələ bu cürə qəmgin, çarəsiz görməmişdim və düşündüm, yarasını sızıldadan nədir görən, niyə içini bizə açmadı, bəlkə soruşum?.. Sonra da bu fikirdən vaz keçdim ki, əgər biz hər şeyi bittə-bittə danışırkən, o susdusa, deməli münasib bilmədi. Məncə hər kəsi göynədən bir şey var ki, onun ağrısını içində saxlayır, özününküləşdirir…  Daha dərinə getmədim.

Sonralar onlarla, yüzlərlə Mədətkimilər gördüm; qayğısını, ağır dərdini, inanılmaz faciəsini içində dilim-dilim edib parçalayır, nə qədər pul-para qazanıb ətrafdakılara xoşbəxt görünsə də yalandan gülüb-danışır, özgələrə təsəlli də verir, amma xərçəng kimi canının qəsdinə durmuş öz dərdinə əlac eləyə bilmir.

– Allah mərdimazara lənət eləsin, ara…  – deyib, Armen başını aşağı saldı.

– Aa-min!..

Hamımız bir xeyli susduq. Vəfadar siqaret yandırıb ciyərinə çəkdi…

Lap körpəlikdən valideynləriylə Azərbaycandan köçüb Moskvaya gələn Vəfadar üçün bəlkə də, nə bəlkə, yüz faiz nağıla bənzəyən bu əhvalata bir az sonra qayıdacam. İndi isə məclisi şuxlandırmaq, heç olmasa əvvəlki məcrasına yönəltmək lazım idi. Vəfadar elə bil ürəyimi oxudu:

– Ay canım, – dedi, – gəlin içək, içək xoş təsadüfün şərəfinə! Bu ki əladı!

Qədəhlər yenə doldu. Amma bu dəfə qədəhlərin cingiltisi eşıdilmədi…

Armen içəndən sonra yenə bir dilim limon götürüb ağzına qoydu, üzr istəyib masamızdan uzaqlaşanda qulağıma pıçıldadı:

– Marqodan xəbərin var? – deyə soruşdu. Çaşıb qaldım. Marqonu məndən niyə soruşurdu ki?!.. Əvvəlcə çiyinlərimi çəkdim. Özümü nə qədər bilməməzliyə qoydumsa da alınmadı. Sifətim tutuldu. – Ara, məndən nəsə gizlədirsən ha?

– Nəyi gizlədəcəm ki?..

Baxışlarındakı qeyri müəyyənlikdən, tərəddüddən başa düşdüm ki, eşitdiyi, bildiyi nəsə var və o “nəsə” ni dəqiqləşdirmək istəyir. Nə eşitmək istəyirdi məndən? Marqo ilə mənim aramda olan eşq macarasından xəbəri ola bilməzdi. Çünki, Marqonu Bakıda qoyub Rastova getdiyi vaxtdan bir daha ora qayıtmamışdı. Bəlkə uşaq barədə öyrənmək istəyir? Marqo, abort elətdirsə heç vaxt uşağı olmayacağını biləndə peşiman olsa da acığından mamaçaya pul verib dörd aylıq uşağını götüzdürmüşdü. Yox, yox, bütün məhlədəkilər kimi Rafiq də Marqonun uşağı götüzdürməyini bilirdi və yəqin ki, ona ucundan-qulağından deməmiş olmazdı. Bir də ki, gör neçə illər keçib? Bəlkə Rastovda, ya da Krasnodarda qızın atasını görüb, Marqonun Bakıda, o köçhaköçdə, o qaçaqaçda evdən getdiyini, bir daha evə qayıtmadığını eşıdıb? Bunları bilməsəydi, “Marqodan xəbərin var “ deyə soruşmazdı axı?.. Bayaqdan orda-burdan söhbət eləyib içini boşaldanda da hiss edirdim ki, məqsədi başqadır; ola bilsin ağzımı arayır, ürəyimi yumşaldıb həqiqəti məndən öyrənmək istəyirdi.

Mədətgil heç nə anlamadan gərgin vəziyyətdə bizə baxır, bu müəmmalı təfsilatların nəylə başa çatacağını intizarla gözləyirdilər.

Deyəcəm. Burda nə var ki?!.. Qoy rahatlansın. İndi onun məndən eşidəcəyinə necə reaksiya verməsini daha yaxşı görmək üçün burnunun ucunda durub sakitcə:

– Bakıdadı Marqo, – dedim.

Armenin kostyumu kimi qaralmış sifətində bütün əzələlərinin necə gərildiyini görsəydin! Gözlərində qəzəb dolu ifadə qırmızıya çaldı. Bığlarını çeynədi. İri burnunun pərləri bir az da genəldi. Dodaqaltı nəsə dedi, deyəsən erməniycə söyürdü. Sonra dişini dişinə sıxa-sıxa bağırdı:

– Qan-cığğ!..

Başa düşmədim? Onu yandıran nəydiki? Armen Marqonu bu qədər sevirmiş bəyəm? Sevirdisə, niyə qarnı burnunda qoyub aradan çıxmışdı?.. Yox, bu başqa şeydi, başqa…

– Haa…  deməli, Bakıda “döydürür”?!..

Onun hər şeydən xəbəri vardı – Marqonun Bakıda qaldığını da bilirmiş, uşağı tələf etdiyini də, atasının pinəçi Zakir olduğunu, bəlkə mənimlə yatdığını da… Onu haldan çıxaran təkcə bunlar idimi?.. Bilmirəm. Marqonun məsumluğundan, saf sevgisindən xaincəsinə istigadə edib bakirəliyini əlindən alan, yağlı dil töküb gözəl gələcək vəd edən Armen, aldanmış qızın çıxış yolu tapmayanda məcbur olub onun dalınca dünyanın o başına da gedəcəyinə əmin imiş. Ancaq o, yanılmışdı. Marqo elə həmən axşam vücudunu ona təslim edəndən sonra Armenin ehtiras düşkünü olduğunu başa düşüb öz saf məhəbbətini də baltalamışdı.

– Neobrezannıy xoşlamadı?! Qəh-bəəə!

Axırıncı kəlməni bağıranda yaxşı ki, orkestr gec susdu, zal dondu, hamı çaşqınlıqla gah musiqini yarımçıq kəsmiş orkestrə, gah da bizim səmtə baxdı. Ayaq üstə olduğumdan maraq dolu nəzərləri bizə tuşlanmış izdihama baxdıqca qıpqırmızı qızardım, onun da yerinə xəcalət çəkdim. Yaşlı inzibatçı qaçaraq zalın ortasında əsəbini cilovlaya bilməyən Armenə yaxınlaşdı. Mən onu sakitləşdirərək başa saldım ki, hər şey yaxşıdır, narahat olmayın…  sadəcə tutması var, kantujennidir, vəssalam! Söhbətin nədən, kimdən getdiyinin fərqinə varmadan yerlərindən dik atılan Mədətlə Vəfadar mənim heç nə olmayıbmış kimi sakit dayandığımı görüb əsəblərini güclə cilovladılar. Armen vəziyyəti bu hala gətirib çıxardığına görə, gec də olsa, özünü toxdatdı, əlini ürəyinin üstünə qoyaraq peşımançılıq hissiylə bütün zaldan üzr istədisə də hamı təəssüflə başlarını yelləyərək çəp-çəp ona tərəf baxmaqda davam etdilər. Restoranın inzibatçısı əliylə orkestrə işarə edəndən sonra musiqi çalındı və elə bil od üstünə sərin su səpələndi…

Armenin nə hallara düşdüyünü görəndə fikirləşdim ki, nə yaxşı əsir düşən zaman Marqo barədə məndən heç nə soruşmamışdı, yoxsa, hər şey tamamilə başqa cürə ola bilərdi. Yəqin ki, o vaxt bu barədə məlumatı yox imiş, hər şeyi sonradan öyrənib, yoxsa…

Bax belə. O bir az sakitləşib özünü ələ almaq istədi, yarı rusca, yarı erməniycə dodağının altında mızıldandı, bir əlini havada yelləyib məndən aralandı, öz masalarına yaxınlaşıb dostlarına nəsə dedi, qızlardan birinin qolundan tutub vestibülə tərəf tələsdi…

Günah işlətmiş uşaq kimi masaya yaxınlaşıb üzr istədim. Mənim pərt olduğumu görən Mədət:

– Lənət şeytana, – dedi, – hər şeydən ötəri özünü üzmə. Bir də ki, sənin nə günahın var?..

Mən:

– Gərək belə olmayaydı, – dedim. – Hər şey korlandı…

Vəfadar isə marağını gizlədə bilmədi:

– Qardaş, deyəsən, o əsirlik məsələsindən başqa aranızda bölə bilmədiyiniz nəsə olubmuş?!

Mədətin də bic-bic gülməyi məni lap utandırdı.

– Əşi, elə şey deyil, – cavab verdim.

– Qadınlar, qadınlar…  – Mədət mənalı bir görkəm aldı. – Onlar həm quran, həm də uçurandır.

Vəfadar da şairanə görkəm alıb onun sözlərinə qüvvət verdi:

– Biri mələk, biri iblis…

– Yox, şair, – Mədət düzəliş verdi. – Kiminçin mələkdir, kiminçin iblis – belə daha poetikdir, hə?..

Hər ikimiz Mədətin yaxşı filosof, daha doğrusu şairanə filosof olduğunu vurğuladıq, o da bundan qürur hissi keçirib təşəkkür etdi. Elə bil qırışığımız da bir az açıldı.

Kabab soyumuşdu. Könlümü almaq üçün nəzakət xatirinə məclisi davam etdirsələr də qanımız it qanına döndüyündən çox oturmadıq, hesabı verib çıxdıq.

Hər an cazibəsindən qurtulmağa çalışdığım keçmişim yenə də yaxamdan bərk-bərk yapışıb əl çəkmirdi…

Бесплатный фрагмент закончился.

312,52 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
29 октября 2022
Дата написания:
2022
Объем:
330 стр. 1 иллюстрация
Правообладатель:
Автор

С этой книгой читают