Читать книгу: «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr», страница 2

Шрифт:

Saçlarına dən salarlar

 
  Saçlarına dən salarlar,
  Gizlət gülüm, gizlət gülüm!
  Səni məndən gen salarlar,
  Az gəl gülüm, az get gülüm!
 
 
  Ürəyimdə eşqin dağı,
  İtirmişəm solu, sağı,
 Sən üstəlik qınamağı,
 Tərgit gülüm, tərgit gülüm!
 
 
 Arzularım dəsə – dəstə,
 Tənha qalan ürək səsdə…
 Bir sığnaq ver sinən üstə,
 Gözlərində gizlət, gülüm!
 
 
 Sənsən mənə məndən əziz,
 Qəlbim təmiz, eşqim təmiz,
 İnciməsin qoy bəxtimiz,
 Azca məni gözlət, gülüm!
 

Hə kİməm, beləyəm

Vahid Çəmənli 50

Bu gün 60 yaşım tamam oldu. Amma ürəyim əvvəlki şövq ilə vurur.

(Vahid Çəmənli)

 
Hər kiməm, beləyəm, öz aləmim var,
Bir tufan çağlayır içimdə mənim.
Durub boylanıram yar gələn yola,
Od tutub alışır içim də mənim.
 
 
Fərqi yox yolların enişi, diki,
Gedirəm boz gurd tək, bir aslan təki,
Sözdən bal çəkirəm, yüküm bal yükü,
Bal verir arım da, beçəm də mənim.
 
 
Vətənim ürəyim, vətənim qalam,
Nə qədər xam yerdə hələ iz salam…
İnana bilmərəm yollarda qalam,
Səliqə – səhman var köçümdə mənim
 
 
Dəli Çəmənliyəm, ürəyim dolu,
Basaram bağrıma mən sağı, solu,
Getdiyim Haqq yolu, ədalət yolu,
Yollar Tanrınındı, seçim də mənim!
 
 
Baxıram göy üzü sanki bir ayna,
Qardaşım, yaxşı bax yollara, dayna…
Könlünü şad elə, qol götür oyna,
Ruhum var bu ölçü – biçimdə mənim.
 
 
Yanar bir baxışla aşıqın canı.
Mərd ol, dözümlü ol, iradən hanı?
Dərdi ver dağlara, bir süz dörd yanı,
Qəmin də mənimdi, qəmçın də mənim!
 
 
Vahidəm, düşmərəm heç xam xəyala,
Ölərəm, kimsədən qalmaram dala.
Ömür köhlənimi çapım dördnala.
Yollarda çıxacaq dincim də mənim.
 
11.06.2016

Şəkİldə görünən qara nöqtə nədİr?

Şəkildə görünən qara nöqtə nədir?


Bu şəkili 10 avqust 2015 – ci ildə Nabranda üç günlük istirahətdə olarkən çəkmişəm. O gündən ötən bir il ərzində şəkillərə bir neçə dəfə baxsam da, kadra düşən bu kiçik nöqtəyə ilk dəfədir diqqət yetirirəm.

Nabranda istirahət edərkən hər səhər dəniz sahilinə enir, Xəzərin mavi sularını yara – yara doğan Günəşi seyr edirdim. Getdikcə qırmızı rəngi artan üfüqdən gözlərimi çəkmir, ilk şəfəqin üfüqdən boylanmasını səbirsizliklə gözləyirdim. Budur, mavi sular yavaş – yavaş aralanır, Günəşin ilk şəfəqləri məni salamlayır. Adama elə gəlir ki, Xəzərin sularından islanan Günəş yuxarı qalxdıqca suyu süzülür, nəhayət sudan aralanaraq üfüqdə bütün gözəlliyi ilə bərq vurur. Hər dəfə bu mənzərəni oğlanlarıma danışdıqca, onlar maraqla qulaq asır, hər dəfə də dənizə Günəşın doğmasını seyr etməyə gedərkən onları da oyatmağı məndən xahiş edirdilər. Lakin mən onları qaldırmaq istərkən, – «ata, bu gün yox, sabah» – deyə – deyə yatmağı üstün tuturdular. İstirahətin axırıncı günü gördüklərimi çəkərək onlara göstərmək məqsədilə foto – aparatı da özümlə götürdüm. Mən sahilə enəndə Günəşin doğmasına hələ bir neçə dəqiqə qalırdı. Ozümə rahat bir yer tapıb oturdum. Tez – tez qızartısı getdikcə artan üfüqün şəklini çəkir, onun ilk şəfəqinin parladığı anı qaçırmamağa çalışırdım. Nəhəyət, Günəş üfüqdə göründü. Mən daha bir neçə şəkil çəkdim, sonra foto – aparatı söndürüb ayaqyalın nəm qumların üzərində gəzinməyə başladım. Həmin gün şəkilləri uşaqlara göstərdim, Oğlanlarımın şəkillərə o qədər də dərin maraq göstərmədiyini görəndə, onları arxivlədim. Ötən bir il ərzində hərdənbir şəkillərə baxsam da, Günəşin doğulmasını əks edən kadrlar mənə yeknəsəq göründüyündən, onlara dərin diqqət yetirmədən çevirirdim. Bu gün, 11 sentyabr 2016 – cı ildə, düz bir il, bir aydan sonra bu şəkillərə yenidən baxarkən, təsvirlərin birində bu kiçik qara nöqtəni gördüm. Əvvəlcə, düşündüm ki, yəqin bu balıqçı gəmisidir. Bəs necə olub ki, bu kadrları çəkərkən gəmini nəzərdən qaçırmışam? Lakin o biri kadrlarda qara nöqtəni görmədiyimdən, anladım ki, bu, balıqçı gəmisi deyil. Balıqçı gəmisi belə tez gözdən itməzdi. Şəkili böyüdərək daha diqqətlə baxanda, qara nöqtənin suyun üzərində deyil, ondan xeyli yuxarıda olduğunu gördüm. Həmin kadrı sizə təqdim edirəm. Özünüz baxın, nəticə çıxarın. Suyun üzərində görünən bu qara nöqtə nədir?

11.09.2016

Bİr baxışlıq sevgİ

Qoşa govaq ağaclarının yanındakı oturacaqda tək oturmuşdu. Rəfiqəsini gözləyirdi. Ətrafda həyat qaynasa da, o heç nəyə baxmırdı. Telefonla oynayırdı. Oynamırdı. Facebookda idi. Virtual dostları ilə qızğın mübahisə edirdilər. Birdən kiminsə nəzərlərini üzərində hiss edib başını qaldırdı. Yaxınlıqdan keçən gənc, qədd – qamətli bir oğlan ona baxırdı. Baxışlar toqquşdu, ürəklər çırpındı, gözlər danışmağa başladı,

«Batmış, nə qəşəngdir»

«Gözəl qızdır».

«Yaxınlaşmaq istəyir, qələt eləyir, yaxınlaşsa qovacam»

«Görəsən, yaxınlaşsam məni qovmaz ki?»

«Amma çox şirin gülür, ürəyi təmiz oğlana oxşayır»

«Görəsən niyə tək oturub, bəlkə gözlədiyi var?»

«Yaxınlaşmaz… ürək eləməz… elə biləcək görüşə gəlmişəm»

Bir az gözləyim, bəlkə elə belə oturub?»

«Tərsdi a, çıxıb getmir»

«Bəlkə yaxınlaşım bir söz deyim?»

«Ürəksizdi, ürəkli olsa yaxınlaşardı, amma sırtıq deyil, elə gözləri ilə baxır, bu nədi, ay aman düz ustümə gəlir!»

«Salam».

«Salam.»

«Oturmaq olar?»

«Mənim yerinm deyil ki, oturun dəə».

«Təşəkkür edirəm»

«Dəyməz!»

Bağışlayın, bir söz soruşmaq olarmı?»



«Gözlədiyiniz var?»

«Hə!»

«Onda durum gedim!»

«Rəfiqəmi gözləyirəm.»


Bir saatacan oturdular. Sonra, durub getdilər. Uzun müddət qoşa qovaq ağacının yanındakı oturacaq onların görüş yeri oldu. 3 aydan sonra…

Yox, bunların heç biri olmadı. Nə oğlan cəsarət edib qıza yaxınlaşa bildi, nə qız ondan xoşlandığını biruzə verə bildi. Bircə baxışlıq oldu bu sevginin ömrü… Oğlan dərindən köks ötürüb yoluna davam etdi. Qız, oğlan gözdən itənə qədər onun dalınca baxdı.

BİR zaman mən sənİ sevİrdİm gözəl

 
Bir zaman bu dünya çox qəşəng idi.
 Çaylar da sevincdən coşub daşırdı.
 Hər çiçək elə bir bir çələng idi,
 Yaşıl çəmənlərə çox yaraşırdı.
Çırpıla – çırpıla bəyaz daşlara,
 Dalğalar atılıb – düşərdi necə…
Xəbər çatmamışdı o sərt qışlara,
 Günəş gizlənməzdi, düşməzdi gecə,
 Necə qəşəng idi bu dünya əzəl…
 
 
Hələ qarşıdaydı ömrümün çoxu,
 
 
 Keçən günlərimi soraqlamazdım.
 Gecələr gözümə getməzdi yuxu,
Yazıb – yaratmaqdan əl saxlamazdım…
Elə vurgun idim təbiətə mən,
 Nə görsəm o an da gözüm düşərdi.
Çəmənlər zəriflik içib sözümdən,
 Sanki sətir – sətir şerləşərdi,
 Yaşamaq gözəldi, Yaratmaq gözəl…
 
 
Sözlər… hələ sözlər şəkər – qənd idi,
 Sözlərdən savayı nə umulurdu?
Tək bircə kəlməyə könül bənd idi,
Tək bircə baxış də bəsim olurdu..
 Ağzımda şipşirin bir dad var idi,
Gözümdə heç vədə solmayan bir rəng.
 Bir zaman dilimdə bir ad var idi,
 Bir də dağ çayından aldığım ahəng,
 Bir zaman mən səni sevirdim, gözəl…
 

Həyat prozası

Dostum Elğün çox fikirli idi. Hətta oruc tutduğunu belə unudub dəm vermişdi siqaretə. Salam verdim, səksəndi. Sənsən? – dedi. Hə mənəm! Bəs sən oruclu deyilsən? Ah, qardaş, tamam yadımdan çıxıb. Özümün də xəbərim yoxdu özümdən.

– Nə olub? – deyə soruşdum.

– Heç – dedi.

Təkid etdim.

Oğlum… oglum bir qıza vurulub. Bilirdim. Ayırmışdım onları. İndi təzədən başlayıblar. Dünən anasına deyb ki, Aytənə elçi gəlir. o da qaça – qaça gəlib oğluma deyib ki, məni ərə verirlər. İndi oğlum deyir ki, ya o qızı mənə alın, ya da başımı götürüb çıxıb gedəcəm.

Aman Allah, yer üzündə təzə heç nə yoxdur. Bütün bunlar tanış sözlər, tanış hərəkətlərdir.

Dostumdan soruşdum ki, nə etmək niyyətindədir? Dedi ki, baş tutan sevda deyil. Oglumun cəmi 18 yaşı var. Qız 1 yaş da ondan böyükdür. Qabaqda institut, əsgərlik var. Axı onun hələ evlənən vaxtı deyil.

Söz tapıb məsləhət vermək çətin idi. Heç nə demədim.

Axşam evə gəldim.16 yaşlı oğlumun otağına girəndə o, kompüterin monitorundakı görüntünü sildi. İçimdə suallar baş qaldırdı. O nə edirdi? Nəyə baxırdı? Nə yazırdı? Özümün 16 yaşım yadıma düşdü. İlk məktublar, ilk həyəcanlar, ilk sarsıntılar…

Səssizcə otaqdan çıxdım.

Bəli, həyatda heç nə dəyişməyib. Heç nə… Təzə insanlar… köhnə mahnılar… Məhəbbət mahnıları və sonda proza.

Həyat prozası…

Əlİsa Nİcatın 80 İllİyİ münasİbətİlə

Əlisa Nicat

Əlisa Nicatın 80 illiyi münasibətilə.

«Mən kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək…»

Hörmətli Əlisa müəllim, mən sizi çoxdan, lap çoxdan tanıyıram. Hələ orta məktəbdə oxuyarkən «Azərbaycan» yurnalında Sizin «Nəğməyə dönmüş ömür» adlı əsərinizi oxumuşdum. Əsəri oxuyandan sonra keçirdiyim hisləri qələmə almaqda acizəm. Yadınızdamı, qaçırdığı xan qızını Mirzə Şəfinin əlindən alıb, onu Tiflis yolunda tək-tənha qoymuşdunuz. Yolun ortasında tək-tənha qalan şair bilmirdi nə eləsin, hansı yana getsin, dərdini kimə desin, içini yandıran sevginin odunu necə söndürsün… Şairin düşdüyü bu ümidsiz hal məni elə sarsıtmışdı ki, bir neçə gün nə yemək yeyə bildim, nə də su içə bildim. Doğrudan da ümidsiz olmaq pis şeydir. Şairin ümidsiz halı mənim körpə ürəyimi parçalayırdı. Siz inanmazsınız, üstündən bəlkə də, 44—45 il keçib, amma yenə də «Nəğməyə dönmüş ömür» əsərinin son sətirlərini yadıma salanda kədərlənirəm.

İllər keçdi. Bir dəfə «Elm və həyat» jurnalının redaksiyasında sizi gördüm. O vaxtlar tez-tez sizinlə bir yerdə işləyən Aqil Abbasın yanına gəlir, cızma-qaralarımı ona göstərirdim. Aqil müəllim yazılarımı oxuyur, mənə ürək-dirək verirdi. Onun xoş sözlərindən sonra qanadlanıb uçmaq istəyirdim. Siz Aqil Abbasdan mənim kim olduğumu soruşdunuz, dedi ki, eloğlumdur, şerlər yazır. Mən də Aqil Abbasdan sizin kim olduğunuzu soruşdum. Dedi ki, Əlisa Nicatdır. Ürəyimdə özümü bir xeyli danladım. Necə olmuşdu ki, sizin kimi bir dahini tanımamışdım? Amma mənim təqsirim yox idi. «Nəğməyə dönmüş ömür» əsərinizdən sonra mən sizdən heç nə oxumamışdım. Oxumağa bir şey tapmamışdım. Heç zaman üzünü, şəklini görmədiyim, amma xəyalımda əlçatmaz, ünyetməz hesab elədiyim Əlisa Nicatı necə tanıya bilərdim? Qəribədir, çox qəribədir, bu yaxınlarda yenə sizin bəşəriyyətin sonu ilə bağlı bir yazınıza rast gəldim. Adı da çox maraqlı idi: «Mən Kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək». Siz, özünüzün dediyiniz kimi pessimist əhval-ruhiyəli sənətkarsınız, Əlisa müəllim. Bizim qalaktikamızın Andromeda dumanlığı ilə necə toqquşacağını təsvir edir, yenə də gələcək insan nəslininn yaşamağına heç bir şans qoymursunuz. Eynən Mirzə Şəfini 4 yol ayrıcında ümüdsiz, kimsəsiz qoyduğunuz kimi… İnciməyin, amma mənə elə gəlir ki, möcüzələrlə dolu bu aləm bir anda əriyib, yox olub gedə bilməz, yox olub getməyə haqqı yoxdur. Əgər yox olub gedəcəksə bu işin qalaktikaların toqquşmasından deyil, insan faktorununun nəticəsində baş verəcəyini düşünürəm. Amma mən optimist olmağa çalışıram. Hətta milliard illər bundan sonra baş verəcək bu toqquşmanı müşahidə edən insanlara bir inam yeri qoymaq istəyirəm. Mən onları sevindirmək istəyirəm. Mən onların içinə ümid toxumları səpmək istəyirəm. Mən onlara demək istəyirəm:

«Narahat olmayın, Allahın insanlara vəd etdiyi ən mükəmməl planet olan Cənnət elə Andromeda dumanlığındadır!»

Əlisa müəllim, bu günlər Azərbaycanımız sizin 80 illik yubileyinizi qeyd etməyə hazırlaşır. Siz əfsanələrə dönmüş ömrünüzün zirvəsindəsiniz. Zirvədən hər şey əlçatmaz göründüyü kimi, həm də gözəl görünür. Gözəlliyi sevməyi, onun qayğısına qalmağı dədə-babalarımız bizə tövsiyə edib. Onların dediklərini gələcək nəsillərə çatdırmaq hamımızın borcudur. Hə, Əlisa müəllim, sizə bir şer də həsr eləmişəm. Bilirəm, bədii cəhət-zad… bu sözlər həmişə populyar olub, indi də populyardır. Amma Siz böyüklük edib oxuyun. Bilirəm, pessimistlik sizin ən gözəl, ən təsirli silahınızdır. Siz insanları duyğulandırmağı bacarırsınız, bunu çox ustalıqla edirsiniz. Mən isə qocaman bir dağa bir çəngə sərin bulud təklif edirəm. Bəlkə həzin, sərin yağışı yağdı?

Adınız, sənətiniz, istedadınız qarşısında baş əyirəm.

İSTƏ…

 
Ruhuma dərd gətirir,
Hər tökülən göz yaşı,
Bir sızlayan görəndə,
Yanır qəlbimin başı,
Dostum, çətin olsa da,
Üzmək axına qarşı,
Sıx dişini dişinə,
Sürünmə dizi üstə…
 
 
Ötən günün dalinca,
Boylanma fağir-fağır,
Ümidli sabahlara
Xeyir-bərəkət yağır,
Yer üzündə imanla,
Gəz dolan ağır-ağır,
Heçə hikmət duyarsan,
Eşıtdiyin hər səsdə..
 
 
 Qəm çəkməklə qəm artar,
Qəm azalmaz, əzizim.
Keçib gedər bu qəm də,
Belə qalmaz, əzizim,
Ömrə mərhəmət olar,
Möhlət olmaz, əzizim,
Tövbə elə-Tanrıdan
Bəxtinə ağ gün istə…
 
Bakı İyul 2016
P.S. Az qala yadımdan çıxmışdı, mənim də bu il 60 yaşım tamam olur.

«BİR neçə cümləİilə»

İnsan Yer üzündə qonaqdır

(Lirik miniatyuralar)


Tanrı insana Yerdə yaşamaq üçün çox az bir zaman verib.

Bəzən adama elə gəlir ki, bu, dünyanın əşrəfi olan insan üçün haqsızlıqdır.

Lakin, Tanrı insanları Yerdə yaşamaq üçün yaratmayıb.

İnsan Yerdə qonaqdır.

Qonaq, vaxtı gələndə çıxıb getməlidir.

«Bir neçə cümlə ilə» silsiləsindən…

Qorxu hİssİ

Qorxu hissi insanı həm insan edən, həm də insanlıqdan çıxaran bir hissdir.

Qorxuya qalıb gələn qəhrəman, qorxi ilə bacarmayan satqın olur.

«Bir neçə cümlə ilə» silsiləsindən

Qalİbİ mühakİmə etmİrlər

Həmişə başqalarının ağzına baxıb, bizim haqqımızda nə deyəcəkləri barədə düşünürük.

Amma…

Başqalarının sizin barənizdə nə deyəcəyi barədə heç narahat olmayın.

Məğlub olsanız sizi unudacaqlar, qalıb gəlsəniz sizin tərəfinizə keçəcəklər.

«Bir neçə cümlə ilə» silsiləsindən

Mİn İl yaşa

Bəzən bizə bir yaxşılığı keçən insanlara deyirik:

«Səni görüm min yaşayasan!»

Min il yaşamaq mümkün deyil axı…

Onda niyə belə deyirik?

Burada təəccüblü heç nə yoxdu.

İnsan – onu ananlar, yada salanlar, dalınca rəhmət oxuyanlar varsa öz xeyir əməlləri ilə həyatdadı demək.

Bir – birinizə «səni min yaşa» deməkdən çəkinməyin.

Ən azından həmin insanı həyatda xeyirli işlər görməyə kökləyirsiniz.

«Bir neçə cümlə ilə» silsiləsindən

Yaxşılığı öz hesabınıza edİn

Yaxşılığı öz hesabınıza edin.

Başqasının hesabına yaxşılığı qoy başqası özü eləsin.

«Bir neçə cümlə ilə» silsiləsindən…

Nə dəyİşəcək

Tanrı rəhimlidir, mərhəmətlidir, ancaq insana yazdığı ömrü bir saniyə də olsa artırmaz.

Artırsaydı, nə dəyişəcəkdi?

Heç nə…

Əminəm ki, incan o günə qədər necə yaşamışdısa, o cür də yaşamağına davam edərdi.

Ona görə qiyamət günü insanın, – Məni dünyaya qaytarın, səhvimi düzəldim – yalvarışına məhəl qoyan olmayacaq.

«Bir neçə cümlə ilə» silsiləsindən

Zaman

Zaman, – zamanın özünün uydurduğu elə bir hoqqadır ki, bizi qəflətən yaxalamayınca onun varlığından belə xəbərsiz oluruq.

«Bir neçə cümlə ilə» silsiləsindən

Ömür adlı sürət qatarının yolçuları


Bir nənəmiz vardı, yaşı səksən beşi haqlamışdı.

Şıkayət edərdi tez – tez, – Ay bala, günlər elə ağır gedir ki, ha gözləyirəm, axşam düşmür ki, düşmür.

Bir dəfə sual verdim:

– Ay nənə, axşamın düşməyini neynirsən, hara tələsirsən, keçən günlər səni ölümə yaxınlaşdırır axı?

Nənə güldü:

– Nə olsun ay bala, yaxınlaşdırsın dəə…

İnsan niyə günlərin tez keçməsini istəyir?

Mən bu hikməti anladım.

…Biz, zaman deyilən sürət qatarında mənzil başına tələsən yolçular kimiyik.

Yollar nə qədər gözəl olsa da, bizi getdiyimiz mənzilbaşı daha çox cəzb edir.

Ölüm mənzilbaşıdır.

Biz mənzilbaşına tələsirik.

Hər bir səfərə çıxan adamı mənzilbaşında gözəl görüşlər, xoşbəxt anlar gözləyir.

Ömrün mənzil başında da bizi gözəlliklər gözləyir.

Ona görə də tələsirik.

«Bir neçə cümlə ilə» silsiləsindən

Yağmurlu Bahar

Bahar, görüş vəd edən qadın kimidi.

Deyir, gözlə gəlirəm, amma özü hələ də hamam xalatında oturub dırnaqlarını boyayır.

«Bir neçə cümlə ilə» silsiləsindən

Söz demək asan İş deyİl

Söz demək çətin işdi.

Bizim düz saydığımız söz hələ «düz sözdür» demək deyil.

Bu, özümüzün «düz sözümüz» – dür, onu düz kimi qəbul etdirmyə heç kimim haqqı yoxdur.

Ona görə də söz deyəndə diqqətli olmalıyıq.

Gərək sözü elə deyəsən ki, həm içində qalan söz səni öldürməyə, həm də «düz sözünə» görə səni oldürməyələr.

«Bir neçə cümlə ilə» silsiləsindən

ALLAH (C.C) İNSANLARDAN DA QISQANCDIR

Görəsən, sevgi ilə ehtiras arasındakı gözəgörünməz sərhəd haradan başlayır?

Görəsən, sevdiyin bir qadının yanında ruhən, qəlbən, cismən təmiz olmaq yaxşıdır, yoxsa şirin əyləncələrin ağuşunda əylənmək?

Görəsən, qayğı ilə, nəvazişlə övladlarını böyütmək yaxşıdır, yoxsa dünyaya övlad gətirib, sonra onları taleyin burulğanına atmaq? Bir də, kim zəmanət verər ki, həmin uşaqlar böyüyüb atalarının buraxdığı səhvləri təkrar etməyəcək?

Bir dəfə yolunu sapdınmı, sonra öyrəncəkli olursan.

Bəziləri deyir ki, çətindi.

Anlayıram.

Bir dəfə gənc dostum həyat yoldaşından ayrılıb yeni ailə qurmaq istəyirdi.

Səbəbini soruşanda dedi ki, bütün günü deyinir, işləməyimi istəyir, ev istəyir, isti su istəyir…

Necə bilirsən, – deyə sordum. Yeni qurmaq istədiyin ailə hava iləmi dolanacaq? Ona ev, isti su, paltar lazım olmayacaqmı?

Biz bəzən dəliqanlı oluruq. Bu yaxşıdır. Amma ailə üçün heç yaramır. İnsanlar qayda – qanunu sevirlər. Allah (c.c.) da qayda – qanunu sevir.

İnanın ki, Allah (c.c) sədaqət, etibar məsələsində insanlardan da qısqancdır.

«Bir neçə cümlə ilə» silsiləsindən
Bakı 12 may 2017

BƏSİRƏT GÖZÜ

Lirik lövhə


Cənabi – Haqq bizə bəsirət gözü vermişdi. Biz onu şikayətlənərkən, qeybət edərkən, mənasız mübahisələr edərkən qeyb etdik…

Salam, məni eşidənlər!

Deyəsən bu qışın caynağına bərk ilişmişik. Heç qurtarmaq bilmir.

Necə yaşayırsınız?

Məhəbbət hissi insanın qəlbində, ötən illər simasında dərin izlər qoyur.

Qəlbiniz necədir?

Bəs surətiniz necədir?

İllərin üzünüzdə qoyduğu dərin izlərə görə sevinə bilirsinizmi?

İndi yenə yaz gəlir.

Amma bayaq demişdim axı, qış bizi buraxmır.

Qəlbinizdəki qışdan danışıram.

Narahat olmayın, qəlb ağrılarının çarəsini bilirəm.

Özüm yoxlamışam.

Dodağlarını bərk – bərk dişləyirsən..

Heç olmasa, bircə dəqiqəliyə qəlbindəki ağrıları unutmaq üçün…

Sonra yenə… yenəəə…

Həyat adiləşənə qədər.

Sonra da hər şey bitir…

Amma, biz özümüzə belə xoşbəxtliyi rəva görə bilmərik.

Biz baharımızı gözləyirik axı…

Ömrümüzü çiçəklərə qərq edəcək baharımızı…

«Bir neçə cümlə ilə» silsiləsindən
12 may 2017
Bakı ş

QAYIT, GÖZLƏRİMDƏ SEVİNC ALIŞDIR

(Atam aşıq Valehin xatirəsinə)


 
Qüssədən saralıb o çöl, o çəmən,
Çiçəklər nəğməyə yas tutur indi.
Bir zaman əlindən şirinlik əmən,
Sazın tellərini pas tutur indi.
 
 
Sənsiz qəribsəyir ağsaçlı dağlar.
Boylana – boylana yoluna baxır.
Bulaqlar həsrətdən səssizcə ağlar,
Çaylar da elə bil bulanıq axır.
 
 
Kəsib şırıltısı şəlalələrin,
Şırnaqlar qəlbin tək pərişandılar.
Zozalıb yanağı al lalələrin,
Onlar sən sarıdan nigarandılar.
 
 
Qayıt, gözlərimdə sevinc alışdır.
Elə istəyirəm ondan bir dadam.
Qayıt, bu dünyayla məni barışdır,
Sənsiz dünyaya da ögeyəm, yadam.
 
 
Könlüm yoxluğuna çətin uyuşa,
Adını anırlar toyda – büsatda.
Nə qədər dünyada nəğmələr yaşar,
O qədər ömrün var ata, həyatda…
 

BİR İMAN YERİ VAR MİN GÜMAN YERİ

 
Bir iman yeri var, min güman yeri,
İman olmayanda güman min olar.
 İmanı qəlbinə çıraq eləsən,
 Dünya qəmlərinə məlhəmin olar.
 
 
Halal qazancına haram qatmasan,
Kasıbı, fağırı heç unutmasan;
 Özgənin haqqına əl uzatmasan,
 Sənin HAQQ yanında aləmin olar.
 
 
 Bəd dua eləmə bir kimə heç vaxt,
Kor şeytan önündə dayanıb sərvaxt;
Uğursuz yollara çıxma baxta – baxt,
 Bu yolda çox dərdin, çox qəmin olar.
 
 
 Yaxşıya yaxşı de, pisə pis demə,
 Xeyir söyləyən ol, heç vaxt nəhs demə,
 Bir kimə Xudadan ziyan istəmə,
Sənə də istəyən bir kimin olar.
 
 
Vahid, pozulmasın əhdin, ilqarın,
On dörd məsum olsun sevgili yarın;
 Yapış ətəyindən Pərvərdigarın,
Məhşərdə əlində bir şəmin olar…
 
may 2011 – ci il.

ANA ANADI

Ananın dərdinə səssiz yanın.

Ana anadı.

Ana döyüşçü deyil.

Ana siyasətçi deyil.

Ana qisasçı deyil…

Ana zəifliyi ilə, göz yaşları ilə qəhrəmandı.

Ana böyütdüyü oğlu ilə qəhrəmandı.

Ana sevgisi, nəvazişi ilə qəhrəmandı.

Dəyməyin anaya, onun yaralarını təzələməyin, qoyun səssiz çəksin dərdini, qoyun doyunca ağlasın şəhid olan balasını…

Yanında dayanın, əgər ürəyiniz yanarsa siz də ona qoşulub ağlayın.

Toxunmayın anaya, kameralarınızı, mikrofonlarınızı ona tuşlamayın, başsağlığı verməyin, başın sağ olsun, deməyin…

Ana öz balasının əvəzinə yüz dəfə şəhid olardı, «uf» deməzdi…

Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…

Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?

Ananın öz övladlarına məktubu

Balalarım!

Əgər Allah qismət eləsə, elə bir gün gələr, görərsiniz ki, mən qocalıram, sözlərim, hərəkətlərim sizə qəribə gəlir, yaşlanıb ağlını itirən, deyingən bir qarıya çevrilirəm, onda bir anlığa ürəyinizin səsinə qulaq verib, səbirlə məni anlamağa çalışın.

O zaman ki, yediyim yemək titrək əllərimdən düşüb yaxama dağılar, o zaman ki, paltarlarımı geyinməyə gücüm qalmaz, mənim indi edə bilmədiklərimi sizə necə təmkinlə öyrətdiyimi yadınıza salaraq, siz də təmkinlə mənə yardım edin.

Əgər məndən xoşunuza gəlməyən qoxu hiss etsəniz məni danlamayın, sizdən qoxu gəlməsin deyə sizi necə yuyundurduğumu, necə tər – təmiz paltarlar geyindirdiyimi yadınıza salın.

Elədiyim hərəkətlərin sizin məntiqinizə sığmadığını görsəniz mənə gülməyin, mənim itən yaddaşım, getdikcə zəifləyən gözüm olun.



Əgər bu dünyada necə yaşamağın qaydalarını sizə mən öyrətdimsə, indi siz mənə necə yaşamağın yollarını öyrədə bilərsinizmi? Beşikdən qiyamətəcən necə yaşamalı olduğunuzu mən sizə öyrətmişdim axı…

Mənimlə söhbət edərkən asta – asta danışmağımdan, bəzən söhbətlərmin ardını gətirə bilmədiyimdən, bir zamanlar mənimlə dərdini – sərini bölüşdürən insanların adını unutmağımdan sinirlənib məni danlamayın. Unutmayın ki, bu dəqiqələrdə məni xoşbəxt edən sizə nə isə danışmağım yox, sizin mənim yanımda olmanız, mənim dediklərimə qulaq vermənizdir.

Əgər sizinlə bir yerə gedəndə ayaqlarım yer tutmasa, tez – tez yorulub dayansam səbirli olun, məni tələsdirməyin, əlimdən tutun, mənə dayaq olun. Yadınıza salın, mən sizin ayaq tutub yeriməniz üçün əllərinizdən tutub yıxılmağa qoymamışam. Əlimdən tutub mənə yeriməkdə kömək edərkən utanmayın…

Unutmayın ki, çox tez bir zamanda sizin özünüzün də əlinizdən tutub, sizə yardım edən bir ələ ehtiyacınız olacaq.

Unutmayın ki, mən sizin kimi həyata doğru yox, artıq ölümə doğru gedirəm, mən ölümü bir qurtuluş kimi gözləyirəm, ona görə də mənimlə birgə olun. Birgə olun ki, sonra yadınızda öz ananızı xatırlaya biləcək bir şey qalsın.

Əgər bir səhvimi görsəniz üzə vurmayın, mən nə etmişəmsə sizin yaxşılığınız üçün etmişəm.

Mənim ağır günlərimdə sizin mənə edəcəyiniz ən mühüm yaxşılığınız mənim nöqsanlarımı əfv etmənizdir. Məni əfv edin ki, Allah da sizi əfv eləsin.

Unutmayın, sizin təbəssümünüz həmişə mənə qol – qanad verdiyi kimi indi də mənə qol – qanad verir. Gülümsər çöhrənizi məndən əsirgəməyin, eşidirsiniz, gülümsər çöhrənizi məndən əsirgəməyin. Siz doğulanda mən sizinlə idim, mən öləndə siz də mənim yanımda olun, məni çiyninizdə apararkən müvəqqəti ağırlıqdan üzülməyin, bu sizin mənə etdiyiniz son yaxşılığınızdır, şikayətlənməklə onu qaraltmayın.

Bir gün, bu məktubumu oxumaq üçün öz övladlarınıza verin.

Sizi dərin məhəbbətlə sevən ananız…


Allah sizı qorusun.

Ananın məktubunu qələmə aldı Vahid Çəmənli
17.06.2016
Bakı şəhəri

Бесплатный фрагмент закончился.

320 ₽
Возрастное ограничение:
6+
Дата выхода на Литрес:
09 июня 2017
Объем:
163 стр. 40 иллюстраций
ISBN:
9785448527531
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают