Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Dahi», страница 8

Шрифт:

ON ÜÇÜNCÜ FƏSİL

Ancela Yucinlə özünü vəfa əhdi ilə bağlanmağa hazır olduğu halda iki həftədən sonra qayıtdı. Yucin onun ağızından bu cavabı eşitmək arzusu ilə yanaraq, səbrsizliklə gözləyirdi. O, Ancelanı vağzalın tüstülü qübbəsi altında qarşılamaq, Kinslidə birlikdə nahar etmək, ona çiçəklər təqdim etmək və əvvəlcədən hazırlanmış üzüyü (bu üzük yetmiş beş dollar qiymətində idi və onun bütün pullarını udmuşdu) onun barmağına keçirmək istəyirdi. Lakin Ancela bu anın ciddiliyini yaxşı anlayırdı və onunla ancaq xalasının qonaq otağında görüşmək istəyirdi. O, Yucini burada bütün gözəlliyi ilə silahlanmış halda gözləyəcəkdi. Ancela səhər tezdən gələcəyini ona yazdı və şənbə günü axşam saat səkkizdə Yucin onun yanına gəldikdə, Ancela, Aleksandriyada ilk görüş zamanı geymiş olduğu daha artıq “romantik” hesab etdiyi paltarda onu qarşıladı. O öz korsajını çiçəklərlə bəzəməmişdi, çünki o bu çiçəkləri Yucindən gözləyirdi. Yucin ona qırmızı gül təqdim etdiyi zaman Ancela onu kəmərinə taxdı. Ancela təravət saçan gənclik mücəssiməsi idi, onda çox şey həqiqətən Kral Arturun saray qadınlarından birini – gözəl İleyni xatırladırdı. Onun qızıla çalan saçları ağır düyünlə boynunun ardına toplanmışdı; üzü həyəcandan qızarmışdı, dodaqları nəm idi, gözləri yanırdı. Bütün varlığı ilə o, Yucinin gəlişinə şad olduğunu bildirirdi.

Yucin sevincdən özünü itirmişdi. Hər cür romantik vəziyyət onu vəcdə gətirirdi. Məhəbbətin gözəlliyi, gəncliyin təsviredilməz təravəti qanında həyəcan coşğunluğunu alovlandıraraq, qəlbində mahnı kimi səslənirdi.

Yucin onun hər iki əlini tutmağa cəhd edərək:

– Nəhayət gəldiniz, Ancela! – dedi. – Cavabınız nədir?

– Məni tələsdirməyin, – deyə Ancela cavab verdi. – Mən əvvəlcə sizinlə danışmaq istəyirəm. Mən indi sizə bir şey çalaram.

Yucin onun arxasınca royala doğru gedərək:

– Yox, mən bu saat bilmək istəyirəm, – dedi. – Mən bilməliyəm. Artıq mənim gözləməyə halım yoxdur.

– Mən hələ qərara gəlməmişəm, – deyə Ancela boyun qaçırırcasına cavab verdi. – İcazə verin, fikirləşim. Yaxşısı budur ki, sizin üçün bir şey çalım.

– Yox, yox! – deyə Yucin təkid etdi.

– Lütfən, icazə verim çalım.

Yucinin xahişlərinə baxmayaraq, royal səsləndi. Ancela çaldığı zaman Yucinin burada olduğunu daim duyurdu, sanki bir qüvvə onun üzərində hakim kəsilmişdi. O, çalmağı qurtarıb musiqinin təsiri altında bütün hisləri daha artıq kəskinləşdiyi zaman Yucin, bir zaman olduğu kimi, onun çiyinlərini qucaqladı. Lakin Ancela yenidən dartınıb çıxdı və hürkmüş heyvancığaz kimi küncə sıxıldı. Yucin sevinclə Ancelanın pörtmüş simasına, dağınıq saçlarına, kəmərindən asılmış qızılgülə baxdı.

Onun qarşısında duraraq:

– Nə oldu, – dedi. – Siz mənim arvadım olmağa razısınızmı?

Qız şübhələrlə mübarizə edərək, onun inadkarlığından qorxmuş kimi başını lap aşağı saldı. Onun gözlərinin içinə baxmaq üçün Yucin dizi üstə düşdü və əllərini onun belinə doladı.

– Hə, Ancela?

Ancela onun yumşaq, qara və sıx saçlarına, təmiz ağ alnına, qara gözlərinə və yaraşıqlı çənəsinə baxırdı. O “hə” sözünü mümkün olduğu qədər artistcəsinə demək istəyirdi və bu dəqiqəni münasib hesab edirdi. O, Yucinin başını əlləri içərisinə aldı və gözlərinin içinə baxdı. Gözlərini ondan ayırmadan:

– Sən məni sevəcəksən? – deyə soruşdu.

– Hə, hə! – deyə Yucin səsləndi. – Sən özün bilirsən, Ancela. Axı mən səni dəlicəinə sevirəm.

Ancela onun başını qaldırdı və dodaqlarını onun dodaqlarına yapışdırdı. Onun öpüşündə atəş və işgəncə var idi. O, uzun müddət Yucini buraxmadı, nəhayət, o qalxdı və qızın üzünü, ağzını, gözlərini, boynunu öpüşlərə qərq etdi.

– İlahi! – deyə Yucin səsləndi, – sən nə qədər gözəlsən!

Onun səsi Ancelanı qorxutdu.

– Belə olmaz.

– Lakin mən özümlə mübarizə etmək iqtidarında deyiləm. Sən nə qəşəngsən!

Bu kompliment üçün Ancela onun bütün təqsirlərindən keçdi.

Ehtiraslı dəqiqələr başladı. Ancela onun ağuşunda məstanə uzanmışdı, o isə Ancelanı bağrına basaraq ona gələcək planlarını pıçıldayırdı. O, Ancela üçün aldığı üzüyü çıxartdı və onun barmağına taxdı. O, böyük rəssam olacaqdır, Ancela isə rəssam arvadı. O, Ancelanın qəşəng üzünü, saçlarını, bədənini çəkəcəkdir. O, məhəbbət səhnəsi çəkmək istədikdə onların indi keçirdiklərini tabloya köçürəcəkdir. Onlar gecə saat birə qədər söhbət etdilər, Ancela onun getməsini xahiş etdi, ancaq Yucin getmədi. O yalnız gecə saat ikidə getdi, bu şərtlə ki, səhər tezdən yenidən gəlsin və onlar kilsəyə getsinlər.

Yucin üçün gözəl dövr – onun bütün mənəvi və yaradıcılıq qüvvələrinin çoşğun inkişafı dövrü başladı. Onun ədəbiyyat və incəsənət hadisələrini qavramaq qabiliyyəti daha dərin və daha kəskin olmuşdu. Ancelaya olan məhəbbəti isə onda minlərlə yeni, alışmadığı fikirlər doğururdu. Fövqəladə kəskinləşmiş qavramaq istedadı ona əvvəllər üzərində düşünmədiyi məsələləri anlamağa yardım edirdi: dini ehkamların insanlar qarşısında qoyduğu tələblərin münasibətsizliyi, əxlaq məsələlərində hökmranlıq edən dolaşıqlığın ümidsizliyi, bizim ictimai orqanizmin daxilində çoxlu müxtəlif aləmlərin mövcud olması, əslində hamı üçün və hər kəs üçün məcburi olan heç bir müəyyən möhkəm görüşlərin yaranmaması. Metyuz ona fəlsəfədə müxtəlif cərəyanlar haqqında – Kant, Hegel, Şopenhauer haqqında – danışmışdı və Yucin onun sayəsində onların təfəkkür və nəzəriyyələri ilə qismən tanış olmuşdu. Yucin Xoreys Xaudan o zaman məşhur olan və yeni əhvali-ruhiyyənin carçıları olan Pyer Loti, Tomas Qardi, Meterlnik, Tolstoy kimi yazıçılar haqqında eşitmişdi. Yucin həmişə kitablarla məşğul olan adamlardan deyildi – həyat arzusu onda olduqca çox idi – lakin o maraqla qoşulduğu mübahisələrdən çox şey öyrənmişdi. İndi ona elə gəlirdi ki, o hər bir işin – şeir, pyes, povest yazmağın, şəkil çəkməyin, tablolar yaratmağın və sairənin öhdəsindən gələ bilər. O gah özünü sərkərdə, gah natiq, yaxud siyasi xadim təsəvvür edir və hər hansı bir iş üzərində möhkəm durarsa, nə qədər yüksəklərə qalxa biləcəyi haqqında xəyala dalırdı. O bəzən küçədə dolaşarkən quraşdırdığı nitqlərdən atəşli parçaları ucadan söyləyirdi. Lakin bütün bu gənclik arzuları əməyə olan səmimi məhəbbət hissi ilə bağışlanırdı. O heç nədən boyun qaçırmırdı və hansı vəzifə olursa olsun, həvəslə üzərinə götürürdü.

İnstitutda axşam məşğələlərindən sonra Yucin bəzən Rubigilə tərəf yollanır və on birdə ora çatırdı. Onlar əvvəlcədən bu barədə razılaşırdılar; onun heç kəsi narahat etmədən gəlməsi üçün küçə qapısı açıq qoyulurdu. Dəfələrlə o, Rubini qonaq otağı ilə yanaşı olan balaca otağında yatmış görmüşdü. O, yumaq kimi büzüşərək, qara qıvrım saçlı uşaq kimi, öz qırmızı ipək paltarında uzanırdı. Rubi gözəl və zərif şeylərə olan meylinin Yucinə xoş gəldiyini bilirdi və xüsusi bir səylə geyinməyə çalışırdı. O, qırmızı qalpaq altında yanan şamı çarpayının yanındakı balaca stolun üstünə qoyur, Yucin içəri daxil olarkən guya oxuduğunu düşünsün deyə, kitabı səliqəsiz halda yorğanın üstünə atırdı. Yucin səssizcə daxil olur, yuxulu-yuxulu qızı qolları üzərinə alır, dodaqlarından öpərək onu oyadır, sinəsinə basaraq qonaq otağına aparırdı, orada isə əzizləyərək, qulağına ehtiraslı sözlər pıçıldayırdı. O, Ancelaya eşq elan etdikdən sonra belə Rubinini sevməkdən çəkinməmişdi. O, ürəyində belə hesab edirdi ki, bu hislər bir-birinə mane olmur. O özünə deyirdi ki, Ancelanı sevir, lakin Rubi də onun xoşuna gəlir və o bu qızı çox qəşəng hesab edir. Hərdənbir onun qıza yazığı gəlirdi: o elə zəif, avam məxluq idi ki, onunla kim evlənəcəkdir? Onun axırı necə olacaqdı?

Öz məşuqunun belə münasibətinə cavab olaraq, qız ona daha şiddətlə bağlanırdı və onun xatirinə hər bir fədakarlığa hazır idi. O, insanlardan uzaqda, balaca otaqda Yucinlə bir yerdə yaşamağın necə yaxşı olacağı haqqında xəyala dalırdı. O özünün modelçilik peşəsindən imtina edər və ev işləri ilə məşğul olardı. Yucin fikrən belə bir imkanla oynayaraq və yəqin ki, heç bir zaman bunun baş tutmayacağını tamamilə dərk edərək, özü bu barədə söhbət salırdı. O, Ancelayla evlənmək istəyirdi, lakin belə düşünürdü ki, pulu olsaydı, Rubini də bir başqa yerdə saxlayardı. Buna Ancelanın nə deyəcəyi onu azacıq belə təşvişə salmırdı, təkcə orası mühüm idi ki, o bu barədə heç bir şey bilməsin. Yucin heç birinə digəri haqqında bir söz deməmişdi, o tez-tez özündən soruşurdu ki, əgər onlar həqiqəti bilmiş olsaydılar, bir-biri haqqında nə düşünərdilər. Pul, pul – başlıca maneəçilik törədən bu idi. Pul omadıqda o heç biriylə – nə Ancelayla, nə də Rubiylə evlənə bilərdi. Evlənmək haqqında ciddi düşünmək üçün maddi vəziyyətin təmin olunmasına nail olmaq lazımdır. O bilirdi ki, Ancela ondan bu təminatı gözləyir. Əgər Rubini mühafizə etmək istəyirsə, yenə buna müvəffəq olmalıdır.

Pulsuzluq Yucini getdikcə daha artıq əzirdi. O öz yaşayışının bütün miskinlik və yoxsulluğunu anlamağa başlayırdı. Ondan çox alan Metyuz və Xaunun yaxşı yaşamaq imkanı var idi. Onlar gecə restoranlarına, teatrlara, Çikaqoda qaranlıq çökəndə bohema nümayəndələri üçün xüsusi gözəllik kəsb edən məhəllələrin hər cür əyləndirici yerlərinə: Çikaqo çayı sahilinin Mol adlandırılan məşhur hissəsinə, Klark-stritin cənub hissəsindəki Kemblers-Rouya, həmçinin qəzetçilərin toplaşdığı “Uaytçepel” klubuna, ədəbiyyat adamlarının və daha görkəmli jurnalistlərin sevdiyi başqa yerlərə gedirdilər. Təbiəti etibarilə gördüklərini düşünən, mülahizəçiliyə meyl edən Yucin bu əyləncələrdə iştirak etmirdi. Bu yerlərə xas olan gurultulu zövqsüzlük onun estetik hislərini təhqir edirdi, bundan başqa isə, onun belə əyləncələrə vəsaiti çatmırdı. Tələbələr institutda məşğələlər zamanı özlərinin dünənki macəraları haqqında danışır və öz danışıqlarına böyük cazibə qüvvəsi vermək üçün boyalamağa xəsislik etmirdilər. Doğrudur, Yucin qaba, vulqar qadınları və hərc-mərclik olan içki məclislərini sevmirdi, lakin bununla belə öz-özünə etiraf edirdi ki, istəsə belə, bu cür əyləncələrdə iştirak edə bilməz. Eyş-işrət məclisləri üçün pul lazım idi, onun isə pulu yox idi.

Yəqin ki, gənc, təcrübəsiz və bacarıqsız olduğundan ağaları onun maaşını artırmağı xəyallarına belə gətirmirdilər. Onlar, görünür, elə hesab edirdilər ki, o, az əmək haqqına da qane olar və pul üçün mübahisə etməz. Əmək haqqının artırılmasına başqalarından daha artıq layiq olduğu halda Yucin, buna heç bir işarə vurmadan, yarım il redaksiyada işlədi. Yucin öz mənafeyini müdafiə etməyi bacaran adamlar təbəqəsinə mənsub deyildi, lakin bu vəziyyət onu axırda həyəcanlandırmağa başladı. Onun hirsi və həmişə olduğu kimi, vicdanla işləməsinə baxmayaraq, işdən çıxmaq arzusu getdikcə artırdı.

Ağaları tərəfindən göstərilən bu laqeydlik Yucində Çikaqodan getmək arzusu oyatdı, lakin başlıca səbəblər, əlbəttə – Ancela, böyük rəssam olmaq fikri, təbiətən narahat olan xasiyyəti və öz qüvvəsinə getdikcə daha artıq inanması idi. Onun gələcək haqqında arzuları Ancelada təcəssüm etmişdi. Əgər o, Ancelayla evlənə bilsəydi və bir yerdə möhkəm qərar tapsaydı – xoşbəxt olardı. Rubiyə gəlincə, Yucin artıq ondan doymuşdu və əslində ondan ayrılmağa hazır idi. Rubi bu ayrılığı yəqin ki, ürəyinə salmayacaqdı, bunun üçün onun məhəbbəti kifayət qədər dərin deyildi. Bununla bərabər o, Rubiyə qarşı insafsız olduğunu yaxşı başa düşürdü. Rəssamlar arasında Rubinin əlaqələrinə olan marağını itirərək, onun yanına gec-gec getməyə başladıqda, çox vaxt öz sərtliyindən utanırdı. Yucin uzun müddət görünmədikdə Rubinin bütün hərəkətləri göstərirdi ki, o, əzab çəkir və onun getdikcə soyuduğunu başa düşür.

Bir dəfə Rubi:

– Sən bazar günü axşam gələcəksənmi? – deyə soruşdu.

– Yox, heç vəchlə gələ bilməyəcəyəm, – deyə Yucin özünə bəraət qazandırmağa başladı. – İşim var.

– Sənin nə işin olduğunu bilirəm. Necə istəyirsən et. Mənim üçün fərqi yoxdur.

– Rubi, nə üçün belə danışırsan! Axı mən həmişə sənin yanında otura bilmərəm.

– Mən işin nə yerdə olduğunu çox yaxşı bilirəm, Yucin. Sən artıq məni sevmirsən. Bir də ki, bu tamamilə əhəmiyyətsizdir.

O:

– Rubi, əzizim, bəsdir, belə danışma, – deyirdi.

O getdiyi zaman isə Rubi uzun müddət pəncərənin yanında durur, məyus halda küçəyə baxır və kədərlə ah çəkirdi. Bu adam Rubiyə onun indiyə qədər rast gəldiklərinin hamısından əziz idi. Lakin Rubi göz yaşı tökənlərdən deyildi.

“O məni tezliklə atacaq, – deyə, o daim fikirləşirdi, – o məni tezliklə atacaq”.

Holdfarb çoxdan Yucinə nəzər yetirirdi. O, Yucinin işi ilə maraqlanır və onun necə istedadlı olduğunu anlayırdı. O özü yaxın zamanda başqa, daha iri qəzetə, bazar günü nömrəsinin redaktoru vəzifəsinə keçməyə hazırlaşırdı və elə hesab edirdi ki, Yucin burada boş yerə vaxt itirir və bunu onun nəzərinə çatdırmaq lazımdır.

Bir dəfə şənbə günü işin qurtarmasına az qalmış o, Yucinə dedi:

– Mən düşünürəm ki, sizin burada olan nüfuzlu qəzetlərdən birinə keçməniz yaxşı olardı. Bizim qəzetdə siz heç bir şey əldə bilməzsiniz. O çox nüfuzsuzdur. Özünüzə bir mötəbər qəzet axtarın. Nə üçün siz “Tribun”a getmirsiniz? Bu da olmasa, Nyu-Yorka gedin. Mənə belə gəlir ki, sizə jurnalda işləmək lazımdır.

Yucin onun hər bir sözündən məst olurdu.

– Mən artıq bu barədə fikirləşmişəm, – dedi. – Hər ehtimala qarşı mən Nyu-Yorka gedəcəyəm. Mən orada bundan yaxşı işə düzələrəm.

– Mən sizin yerinizdə olsaydım, müəyyən bir qərara gələrdim. Bu cür qəzetdə uzun müddət işləməyin zərərdən başqa heç bir xeyri yoxdur.

Yucin öz yerinə qayıtdı. Qarşıdakı təbəddülat haqqında fikir onun başında çıxmırdı. Getmək lazım idi. Yüz əlli, iki yüz dollara qədər pul yığmağa başlar və o zaman Şərqdə taleyini sınayar. O, Ancela və Rubidən ayrılacaqdır. Birinci ilə müvəqqəti, ikinci ilə isə, yəqin həmişəlik. O utana-utana bunu etiraf edirdi. O çoxlu pul qazanar, geri qayıdar və öz blekvudlu idealı ilə evlənər. Onun təxəyyülü irəli qaçaraq, kənd kilsəsində romantik nigah mərasimini və yanında ağ paltarda duran Ancelanı təsvir edirdi. O, Yucin Vitla, o vaxtacan Şərq ştatlarında şöhrət qazanmış bir rəssam, Ancelanı Nyu-Yorka aparar. O, daim Şərqin bu əzəmətli şəhəri haqqında, onun sarayları, şöhrəti haqqında düşünürdü. Bu, Paris və Londonla müqayisəyə layiq olan, haqqında çox eşitdiyi gözəl şəhər idi. O, təxirə salmadan ən yaxın vaxtda oraya gedəcəkdir. Orada nəyə nail olacaqdır? Ona şöhrət qazanmaq mümkün olacaqmı? Özü də bu tezliklə?

O belə xəyallarla yaşayırdı.

ON DÖRDÜNCÜ FƏSİL

Nyu-Yorka getmək xəyalına düşən Yucin bu fikri asanlıqla həyata keçirtdi. O bütün pullarını Ancelanın üzüyünə xərclədikdən sonra kitabçaya altmış dollar qoymağa müvəffəq olmuşdu və indi bu məbləği, mümkün qədər tez, üçqat artırmağı və yola düşməyi qət etdi. İşə düzələnə qədər bir növ dolanmaq lazım idi. Əgər jurnallarda onun şəkillərini qəbul etməsələr, o, qəzetdə iş axtarar. Bir də ümumiyyətlə o əmin idi ki, birtəhər dolanacaqdır. O lap yaxın vaxtlarda Şərqə köçmək istədiyini Xoreys Xauya və Metyuza bildirdi. Onların hər biri bu yeni xəbəri başqa cür qarşıladı. Çoxdan Yucinə qibtə edən Xau ondan qurtulduğuna şad idi, bununla bərabər, bu küçüyün qətiyyətinin ona nə kimi parlaq mənsəb vəd etdiyi fikri onu didib gəmirirdi. “Ola bilsin, o, həqiqətən də müstəsna müvəffəqiyyətlərə nail olacaqdır, – deyə o düşünürdü. – O elə qəribə, elə inadcıldır ki”. Metyuz, acı təəssüf hissi ilə olsa belə, Yucin üçün sevinirdi. Eh, Yucinin cəsarəti, onun atəşi, onun istedadı onda olsaydı!..

Bir dəfə Metyuz, Xoreys otaqda olmadığı zaman, – o, anlayırdı ki, Xoreys Yucinə paxıllıq edir, – Yucinə dedi:

– Siz orada müvəffəqiyyət qazanarsınız. Bunun üçün sizdə bütün imkanlar vardır. Sizin buradakı işlərinizdən bəziləri orada sizin üçün yaxşı xasiyyətnamə olar. Mən də getmək istərdim!

– Bəs nə üçün getmirsiniz? – deyə Yucin soruşdu.

– Kim? Mən? Mən hara, ora hara? Mənim üçün hələ tezdir. Mən hələ o yerə çatmamışam. Bəlkə bir zaman mən də cəsarət etdim.

– Sizin işləriniz mənə çox xoş gəlir, – deyə Yucin bilə-bilə yalan dedi. Bir qəzet eskizləri kimi pis olmasa belə, Metyuzun işlərini Yucin əslində həqiqi sənət əsəri hesab etmirdi.

– Siz belə düşünmürsünüz, Vitla, – deyə Metyuz səsləndi, – mən nəyə qabil olduğumu gözəl bilirəm.

Yucin susdu.

– Hərdənbir olsa da, Nyu-Yorkdan heç olmasa məktub yazın, – deyə Metyuz davam etdi. – Mən sizin işinizin yaxşı getdiyini eşitsəm, şad olaram.

Öz qərarının oyatdığı maraqdan xoşlanmış Yucin:

– Mütləq yazaram, – deyə cavab verdi. – Mütləq.

Lakin o, bir dəfə də yazmadı.

Yucinin qarşısında Rubi və Ancelanın simasında iki çətin problem dururdu. Hər nə cür olursa, o bu problemləri həll etməli idi. O, Rubiyə, onun acizliyinə, korlanmış həyatına acıyır, onun haqqında kədər və təəssüflə düşünürdü. O özünə görə qəşəng və sevimli idi, lakin nə ağlı, nə də qəlbi ilə Yucinə tay deyildi. Əgər o istəsəydi belə, bu qız onu qane edə bilərdimi? Rubi onun üçün Ancela kimi bir qızı əvəz edə bilərdimi? İndi o, Ancelanı da uzaqlara çəkib aparmışdı, çünki bu qız nişanlısı olduğu vaxtdan onu yeni cəhətdən öyrənmişdi. Zahirən belə təvazökar və məsum görünən bu qız bəzən od almış qov kimi yanırdı. Yucin onun gözəl saçlarını açıb tökdüyü və onların qalın dəstəsini əlinə aldığı zaman qızın gözlərində alov parlayırdı. Yucin deyirdi: “Reyn qızı! Mənim balaca Loreleyim! Sən gənc məşuqunu su pərisi kimi saçlarının toruna salıb aparırsan. Sən Marqaritasan, mən isə sənin Faustun. Sən qəşəng Qretxansan. Mən bu hörülmüş, bu qəribə saçları nə qədər sevirəm. Oh, mənim sevincim, mənim gözəlim! Bir zaman mən sənin surətini tabloda əbədiləşdirərəm. Mən səni şöhrətləndirərəm”.

Bu sözlərədən Ancelanın bütün bədəni əsirdi. O, Yucinin alışdırdığı odda qovrulurdu. O, hərarətli və uzun sürən öpüşləri ilə dodaqlarını Yucinin dodaqlarına yapışdırır, onun dizləri üzərində oturur, saçlarını onun boynuna dolayır və onun üzünü bu ipək tellərlə yuyurmuş kimi oxşayırdı. Belə dəqiqələrdə Yucin özünü itirir və onu coşqun öpüşlərə qərq edirdi. Əgər Ancela, Yucin tərəfindən göstərilən ilk cəsarətli hərəkətdə ondan daha artıq öz-özündən ehtiyat edərək onun ağuşundan qurtulub çıxmasaydı, Yucin bununla kifayətlənməzdi.

Ancela onun məhəbbəti haqqında yaxşı rəydə olduğunu deyərək, onu danladı və Yucin onun etimadını üstün tutaraq, özünü ələ almağa cəhd etdi. O buna müvəffəq oldu, çünki gözəl bilirdi ki, istədiyinə nail ola bilməyəcəkdir. İzafi həvəs ancaq Ancelanı qorxuda bilərdi. Onların bu məhəbbət mübarizələrinin həddi hüdudu yox idi.

Payızda Ancela ilə nişanlanmasından bir neçə ay sonra, Yucin həqiqətən Çikaqonu tərk etdi. Gələcək haqqında təşvişli fikirlərə qapılaraq, yay mövsümünü bir növ keçirtdi. O getdikcə Rubidən daha çox qaçırdı. Nəhayət, onunla vidalaşmadan çıxıb getdi, halbuki son dəqiqəyə qədər özünü inandırırdı ki, onunla vidalaşmalıdır.

Yucin qəmgin və əzgin halda Anceladan ayrılırdı. İndi ona elə gəlirdi ki, o, Nyu-Yorka öz arzusu ilə deyil, acı zərurət üzündən gedir. Burada, qərbdə, onun yaşamaq üçün kifayət qədər qazanmaq imkanı yoxdur. Onun gəliri ilə onlar yaşaya bilməzlər. Bunun üçün də o getməlidir və gedərkən də Ancelanı itirə bilər. Vəziyyət ona ən facianə boyalarda görünürdü.

Ancela Yucinin yola düşməsi ərəfəsində şənbə və bazar günləri qalmaq üçün evdən birtəhər çıxaraq, xalasının evinə düşmüşdü. İndi Yucin burada, onların sərəncamında qalmış saatları sayaraq və onun arxasınca zəfər qazanaraq qayıtdığını təsvir edərək, qaşqabaqlı halda o tərəf bu tərəfə gəzişirdi. Bu qayıtmağa mane ola biləcək hadisələrdə doğan uğursuz qorxular Ancelanı az təşvişə salmırdı. O, böyük şəhərlərə gedib bir daha qayıtmayan şairlər və rəssamlar haqqında povestlər oxumuşdu. Axı Yucin də görkəmli şəxsiyyətdir – birdən Ancela onu saxlaya bilmədi, onda nə olsun? Lakin o, Ancelaya vəd vermişdir, o Ancelanın sevgisindən başını itirmişdir, buna şübhə ola bilməz. Bu inadlı, ehtiraslı, ruhi əzabla dolu nəzərlər əbədi sevgidən başqa nəyi ifadə edə bilər? Həyat ona misilsiz xəzinə bəxş etmişdir: böyük məhəbbət və rəssam sevgili.

Nəhayət, Ancela Yucinin başını əlləri içərisinə alaraq:

– Get, Yucin, narahat olma! – deyə kədərlə səsləndi. – Mən səni gözləyəcəm. Nə zaman qayıtsan, məni burada taparsan. Ancaq tez gəl, axı sən tez gələcəksən, deyilmi?

Yucin onu öpərək:

– Hələ soruşursan da! – deyə cavab verdi. – Soruşursan da! Gözlərimə bax. Məgər hiss etmirsən?

Ancela onun ağuşuna atılaraq:

– Hə, hə, hə! Əlbəttə. Hiss edirəm, – deyə səsləndi.

Sonra onlar ayrıldılar. O, həyatın nə qədər mürəkkəb və faciəli olması fikrinin ağır təsiri altında getdi. Oktyabr səmasında parlaq şəfəq saçan ulduzlara baxaraq, o, kədərli fikirlərə daldı. Dünya gözəldir, amma onda yaşamaq bəzən ağır olur. Lakin hər şeyə dözmək olar, gələcəkdə isə onu yəqin ki, səadət və rahatlıq gözləyir. Bunların hər ikisini o, Ancelanın öpüşləri ilə nəşələnib məhəbbəti ilə məst olaraq, onun yanında tapacaqdır. Belə də olmalıdır. Bütün dünya buna inanır. Stelladan, Marqaretdən və Rubidən sonra hətta o özü də buna inanır. Hətta özü də.

Çikaqodan gedən qatarda dərin fikrə dalmış bir gənc oturmuşdu. Qatar saysız-hesabsız köməkçi yollardan keçib, miskin həyət və evlərin, küçə ayırıcılarının, nəhəng fabrik və dəyirmanların yanından keçdikcə, Yucin böyük şəhər həyatına atılmaq üçün etdiyi ilk cəsarətli addım olan başqa bir səfərini xatırlayırdı. Hər şey necə dəyişilmişdir! O necə yonulmamış və sadəlövh idi. O vaxtdan bəri o, rəssam-illüstrator ola bilmişdir, pis yazmır, qadınların xoşuna gəlir və həyat haqqında müəyyən təsəvvürü vardır. Doğrudur o, pul yığmamışdır, lakin incəsənət institutu kursunu qurtarmış, Ancelaya brilyant üzük bağışlamışdır və indi onun yanında iki yüz dollar vardır ki, bu pulun vasitəsilə o, Amerikanın ən böyük şəhərlərində kəşfiyyat aparmaq niyyətindədir. Qatar əlli yeddinci küçədən keçirdi. Yucin Rubinin yanına gəldiyi yerləri tanıdı. O yenə də Rubi ilə vidalaşmadı. Budur, orada, uzaqda, ikiotaqlı taxta evlər cərgəsi görünür, onlardan birində Rubinin atalığıgil yaşayır. Zavallı balaca Rubi! Axı Rubi onu sevir. O çox pis hərəkət etdi, lakin çarəsi nə idi? O, Rubidən soyumuşdu. Doğrudur, Rubi haqqında düşünmək onu həqiqətən qüssələndirirdi, lakin o bacardıqca bu fikirlərdən tezliklə yaxa qurtarmağa cəhd edirdi. Dünyada bu qədər adi olan belə faciələrə qüssəli fikirlərlə kömək edə bilməzsən.

Qatar indi İndiananın şimal hissəsinin hamar düzləri ilə sürətlə gedirdi, əyalət şəhərciklərini ötüb keçərkən Yucin Aleksandriyanı xatırladı. Görəsən Conas Layl və Con Sammers nə edirlər? Mirtl yazırdı ki, onun toyu baharda olacaqdır. O hesab edir ki, buna hələ vaxt var və tələsməyin mənası yoxdur. Bəzən Yucinin ağlına gəlirdi ki, Mirtl ona oxşayır – onun da əhvali-ruhiyyəsi tez-tez dəyişir. O, möhkəm əmin idi ki, heç vaxt Aleksandriyaya qayıtmaq istəməyəcəkdir, bəlkə yalnız qısa bir müddətə qayıtdı, lakin bununla bərabər, atasının, anasının, doğulduğu evi xatırlamaq ona xoş gəlirdi. Onun atası həqiqi dünyaya necə də bələd idi.

Qatar Pitsburqu ötüb keçdidən sonra Yucin zirvəsini təntənə və əzəmətlə səmaya qaldıran yüksək dağları və borularından alovlu dillər uzanan koksyandıran sobaların nəhəng cərgələrini ilk dəfə olaraq gördü.

O, işləyən adamları, sürətlə bir-birini əvəz edən yatmış şəhərləri görürdü. Amerika nə qədər ucsuz-bucaqsız ölkədir! Bu ölkədə rəssam olmaq nə qədər yaxşıdır! Axı burada milyonlarla adamlar vardır, bununla belə, bu vaxta qədər bütün bunları – heç olmazsa bu koksyandıran sobalar kimi pafosla dolu adi şeyləri əks etdirən dahiyanə bir əsər belə yoxdur. O buna nail olsa idi! Adının Fransada Dorenin, Rusiyada Vereşşaginin adı kimi səslənməsi üçün bütün ölkəni sarsıtmağa qüvvəsi çatsaydı! Əgər özündə duyduğu atəşi öz əsərlərinə verməyə müvəffəq olsaydı!

Gecədən çox keçmiş Yucin öz yerinə qalxdı, dalğın nəzərlərini qatı qaranlığa və ulduzlara zilləyərək uzun müddət yata bilmədi və sonra yuxuya getdi. O ayıldığı zaman artıq səhər idi. Qatar Filadelfiyanı ötmüşdü və indi geniş çəmənlikdən keçərək Trentona yaxınlaşırdı. Yucin qalxdı və yanından ötüb keçən, sanki əsgər kimi düzülmüş Trenton, Nyu-Bransvik, Metuçen, Elizabet şəhərlərini nəzərdən keçirərək geyindi. Bu yerlər nədənsə ona İllinoys ştatını xatırladırdı – bura da eləcə dümdüz idi. Nyu-Arkı keçdikdən sonra qatar geniş düzənliyə çıxdı və Yucin dənizin yaxınlığını hiss etdi: o bu düzənlikdən o tayda olmalı idi. Buradan dəniz qabarmasından qidalanan Pasaik və Xakensak çayları axırdı – limanlarda kərpic və kömürlə yüklənmiş balaca gəmilər və barajlar dayanmışdı. Bələdçi vaqonları dolaşıb: “Cersi-Siti” – deyə elan etdikdə onun bədəninə titrətmə düşdü. Nəhəng perrona çıxdıqda isə ürəyi sıxılırdı. O yalnız idi. Nyu-Yorkda, bu zəngin, soyuq, bədxah şəhərdə tamamilə yalnız idi. O burada necə müvəffəqiyyət qazanacaqdı?

Yucin vağzaldan çıxıb alçaq qübbə altında bərələr yerləşən yerə getdi və bir an içərisində onun nəzərləri qarşısında şəhərin mənzərəsi açıldı, – körfəz də, Qudzon da, Azadlıq heykəli də, bərələr də, kiçik paraxodlar da, okean gəmiləri də – hamısı yağışın boz pərdəsinə bürünmüşdü və onun gurultusu arasında həzin fiq səsləri eşidilirdi. Yucinin gözü qarşısında elə bir mənzərə var idi ki, onu heç bir vaxt görməyənlər təsəvvür edə bilməzlər, kükrəyən dalğalarla sahili döyən əsl şor suların pıçıltısı isə ruhunu musiqi kimi oxşayırdı. Gəmilərin və qüvvətli balinaların yarıb keçdiyi anlaşılmaz sirlərlə dolu olan bu dəniz necə də gözəldi! Nyu-York, okean sahilində duran və onun dalğaları ilə qucaqlaşan, ucsuz-bucaqsız ölkənin ürəyi olan bu şəhər nə qədər qəribədir! Budur, dəniz dalğalanır, o yanda isə – dünyanın bütün limanlarına gəmilər göndərilən nəhəng doklar görünür. Yucinin nəzərlərinə onların boz və qara rənglə boyanmış heybətli korpusları sataşdı. Onlar dənizin içinə doğru uzanan uzun dalğalarla bağlanmışdı. O, fitlərə, şiddətlə sahilə çarpan dalğaların səsinə qulaq asır, başının üzərində qanad çalan qağayıları müşahidə edir və bu şəhərdə nə qədər saysız-hesabsız insan yaşadığını bütün varlığı ilə duyurdu. Burada Cey Huld və Rassel Ceys, həqiqi, canlı vanderbiltlər və morqanlar yaşayır, hamısı da burada. Uoll-Strit, Beşinci avenyü, Medison-skver, Brodvey – bu küçələr haqqında o nə qədər eşitmişdi. İndi onun həyatı nə cür olacaq? Müvəffəqiyyət qazana biləcəkmi? Nyu-York bir zaman ona bəxti gətirmişlərin nəsibi olan dəbdəbəli qonaqpərvərlik göstərəcəkdirmi? Yucin bütün qəlbi ilə şəhərə doğru can ataraq, geniş açılmış gözləri ilə ətrafa baxır və gördüklərinə intəhasız dərəcədə valeh olurdu. Olsun, o bu şəhərə daxil olacaqdır, – hər halda təşəbbüs edəcəkdir, sonra isə kim bilir… bəlkə də… Lakin onun qəlbində kədər var idi. O indi Ancela ilə olmağı, onun ağuşunda etibarlı sığınacaq tapmağı necə istəyirdi. O öz üzündə onun əllərinin, onun saçlarının təmasını hiss etməyi necə istəyirdi. O zaman o, yalqız mübarizə etməli olmazdı. Lakin o tək idi, onun ətrafındakı şəhər okean kimi dalğalanırdı. O oraya daxil olmalı və mübarizəyə başlamalı idi.

379 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
1 стр. 1 иллюстрация
ISBN:
978-9952-8245-8-1
Правообладатель:
JekaPrint

С этой книгой читают

Новинка
Черновик
4,9
181