Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Hekayələr / Рассказы», страница 3

Шрифт:

ACLAR

Alçaq və pəncərəsiz bir odada qapının sağ tərəfində yatmış olan bir çocuğun başı üstündə anası əyləşib, gözlərini bir nöqtəyə dikərək, dərin fikirlərə qərq olmuşdu. Hava soyuq olduğundan odanın yeganə qapısı örtülmüşdü. Oda qaranlıq idi. Ancaq qapının taxtaları arasından gələn işıq odanın bir qismini, bacadan düşən işıq isə ikinci qismini işıqlandırmaqda idi.

Odada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıq-cırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı: oda tamam boş idi.

Nəhayət, uyuyan uşaq tərpənib gözlərini açdı. Üzü saralmış, gözlərinin altı göyərmiş, dodaqlarının rəngi qaçmış olan çocuq diri bir ölü kimi görünürdü. Çocuq oyanan kimi anasının üzünə baxdı. Ayağa durmaq deyil, əllərini belə qaldırmağa taqəti qalmamışdı. Sevimli övladının ayılmasını görüncə:

– Cəlil, oyandınmı? – deyə anası sordu.

– Ana… ana…

Uşaq taqətsiz olduğundan sözünü deyə bilmədi. Lakin onun sönük gözlərinin solğun baxışı nə demək istədiyini andırırdı. Anası anladı ki, acdır. Cəlil yemək istəyirdi.

– Heç bir şeyimiz qalmamışdır, oğlum; axırıncı parça çörəyi dünən səhər yedin. Bu saat bacın Züleyxa gələr, onu çörək axtarmağa göndərmişəm… Bir az səbir elə, oğlum.

Bu söhbət əsnasında Züleyxa gəldi.

Züleyxanın əliboş olduğunu görcək anası anladı ki, qonşularda da yeməli bir şey tapılmamışdır.

Züleyxa anasına:

– Ana…

Lakin anası qızının səsini kəsərək:

– Qızım, gəl Cəlilin yanında qal, mən gedim, görüm sizə nə taparam, – dedi.

Bu möhnətli ana Cəlilin üzündən öpüb getdi.

Züleyxa və Cəlil yenicə atasız qalmışlardı. Ataları kəndləri talan olan zaman öldürülmüşdü. Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. Var-yoxları qarət ediləndən sonra tamam kənd əhli kimi, bunlar da azuqəsiz, ac və yalavac qalmışlardı. Yəqin ki, belə gedəcək olursa, tamam kənd əhli tələf olacaqdı. Başqa bir çarə bulmayan köylülər: “Allah kərimdir”, – deyə kömək gözləyirlərdi.

Nə edəcəklərdi? Amansız müharibə heç bir kəsin torpaq və yurdunda gözü olmayan bu zavallı köylülərin yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini da dilənçi halına salmışdı. Onlar yalnız ümid ilə yaşayırlardı. Ümid olunurdu ki, bədbəxt insanların halına yanan tapılacaqdır.

Ana gedəndən sonra balaca Züleyxa o zərif qolları ilə qardaşını qucaqlayıb, sakit etmək və təsəlli vermək məqsədilə:

– Cəlil, əzizim, bu saat ana gələr və bizə yemək gətirər, – deyirdi.

Əvvəlcə anasının, indi də bacısının təsəllisini sakit dinləməkdə olan Cəlil bacısına baxır, heç bir söz deməyirdi.

Soyuq olmasın deyə, Züleyxa qardaşının üstünə parça palazı da əlavə saldı.

Anaları evdən çıxdıqdan sonra bir az dayandı, fikrə daldı: “Əcəba, haraya getsin?”

…Sahibi xanımın həyətə çıxdığını görən it onun o yan-bu yanına dolanıb yalvarıcı bir nəzər ilə mərhəmət dilər kimi baxmağa başladı.

Xanım bunu hiss elədi və itin halına acıyaraq:

– Yazıq it, sən də acmısan? Lakin sənə verməli bir şeyim yox, – deyə iti əli ilə tumarladı.

İt anlayır kimi, gözlərini aşağı dikdi.

Arvad bir az durduqdan sonra yenə sabiqdə arpa və buğda saxladıqları dama girib, birər-birər arpa və buğda yığmağa başladı.

Züleyxa qardaşını sakit etməkdə ikən, birdən qapı döyüldü.

– Kimdir?

– Bacı, aç, sizə un gətirdim.

Haman saat Züleyxa qapını açdı. İki cavan oğlan un kisəsini verərək:

– Bacı, bu unu sizə gətirdik. Alın, – dedilər.

Sonra cavanlardan biri əlindəki kitabın bir vərəqəsinə bir-iki söz yazaraq:

– Neçə nəfərsiniz? – deyə sordu.

Gözlərini bu gələnlərdən çəkməyən Züleyxa:

– Üç nəfər qaldıq… Atamı öldürdülər, anam çörək axtarmağa getdi. Bu da Cəlil – yatır, – dedi.

– Çox gözəl, bu vərəqəni al, hər həftə anan məscid yanına gəlib, bu vərəqə ilə un payınızı ala bilər.

– Sağ ol!

– Bu un sizə yardım cəmiyyəti tərəfindən göndərilmişdir.

Cavanlar getdi. Qız anasını harada axtaracağını bilməyərək, səbirsiz gözləməyə başladı. Unu var gücü ilə içəri çəkdi.

– Cəlil, gördünmü, bizimçün un gətirdilər? İndi ana gələr, bizə yemək hazırlar… – Bir az düşünəndən sonra: – Bax, Allah bizə kömək oldu, gəl Allaha dua edək, – bu sözləri əlavə edərək, qız üzünü qibləyə tərəf tutub, zərif qollarını qaldırdı və:

– Ya Allah, ya Allah, şükür sənə, ya Allah, – deyə böyüklər kimi dua edə bildiyini zənn edir və bundan çox razı qalır kimi, duasına davam ilə gah qapıya, gah da Cəlilə baxırdı.

Balaca Cəlil bacısının duasını təkrar etmək istəyərək, zəif və eşidilməz bir səslə ancaq bunu deyə bildi:

– A…al…şü…kür…

Anası daxil olcaq qız duasını kəsərək, sevincli bir surətdə:

– Ana, bizə un gətirdilər, – deyə bayaq verilən kağızı anasına göstərdi: – Deyirlər sən bu kağızla hər həftə bizim un payımızı məscid həyətindən ala bilərsən. Bax, bu kağızda yazdı. Sordu neçə adamsınız, bax, adını da yazdı.

Bu sözlərlə qız guya kağızın yazılarını oxuyur kimi, barmağı ilə kağızın qaralarını anasına nişan verdi.

– Bilirsən, qızım, bunu bizim qardaşlarımız bizə göndərmişlərdir, – dedi.

Haman saat ana övladları üçün yemək tədarük etməyə başladı. Bir azdan sonra Züleyxa və Cəlil anasının bişirmiş olduğu yayma çörəyini yeyirdilər.

Sonra anası uşaqlarına insanların mərhəmətindən danışıb deyirdi:

– Baxın, qardaşlarımız uzaqdan bizim halımıza yanıb, bizim üçün un göndərirlər ki, acından həlak olmayaq…

Züleyxa onun sözünü kəsərək:

– Ana, bəs, insanlar bizim kəndi niyə dağıtdılar? Niyə atamı öldürdülər? Bəs, niyə mərhəmət göstərmədilər?

Anası qızın sözünə cavab tapmayaraq:

– Qızım, o müharibədir, elə olar, – dedi və bir az fikirdən sonra əlavə etdi:

– Balalarım, yediniz ki, Allaha şükür edin!

O gecəni sabaha kimi ana əllərini səmaya qaldırıb, razi-niyaz edirdi. Çocuqlar uyuyurdular.

Qızı Züleyxa birdən oyanaraq, anasını dua edən görüncə:

– Ana, ana… atama da dua elə!.. – dedi.

1916

ƏZAB QORXUSU

Məktəb – qəza maarif şöbəsi tərəfindən arvadlara məxsus açılmış savad kurslarından ibarət idi.

Kurslar rəsmən beş ay əvvəl qəza icraiyyə komitəsi sədrinin gəlməsi münasibətilə açılmış idisə də, ancaq dərslər üç ay tamam idi ki, başlanmış idi və hal-hazırda da bir növ, adi surətdə davam edirdi. Kurslarda oxuyanlara hökumət tərəfindən pal-paltar veriləcək, – deyə səs dağıldığından bir çox arvad və qız kurslara yazılmışdısa da, amma kurslarda dərs oxuyan 20-25 adam idi.

Kursların dərsləri hər gün saat 4-də başlayacağı elan olunmuşdusa da, saat 4-də Zinət xanımdan başqa bir kəs olmazdı. O idi ki, dərslər saat dörd əvəzinə saat beş tamamda, bəzi vaxt bir neçə dəqiqə də ötmüş başlanırdı. Bunu kurs müəlliməsi Dilavər xanım da bilirdi və beş tamamda məktəbdə hazır olurdu.

Bu barədə Zinət nümunə ola bilərdi. Saat dörd oldumu, əlində nə işi olsa buraxaraq, kitab-dəftərini alıb bənövşə rəngli çadrasını başına salar və dərsə doğru yollanar. Yoldaş və qonşularının evləri yanından keçərkən, məktəbin vaxtı gəldiyini elan edərdi.

– Bilqeyis, tez ol, mən getdim.

– Gülcahan, qız, gəl, vaxtdır, axşam oldu.

– Anabacı, dərsin vaxtı keçir. Tələs! – Hərəsini bir növ dəvət edə-edə Zinət xanım məktəbə hər gün birinci gəlirdi. Tez çadrasını atıb kitabını açır və oxumağa başlardı. Bir-bir qızlar cəm olardılar.

Hər gün qızlardan bir neçəsi gəlməzdi. Müəllimə onların adlarını yazar və sonra səbəbini sorardı; məlum olardı ki, gəlməyənlərə ev və ailə işləri mane olurmuş.

– Gülçöhrə! Dünən nə üçün gəlməmişdin?

– Dünən ev təmizləyirdik! Gec qurtardıq!

– Sən nə səbəbə gəlməmişdin, – deyə o birisindən sorur.

– Xalamgil bizə gəlmişdilər…

Hər dəfə belə cavablardan sonra müəllimə deyirdi:

– Bacılarım, bunlar xüsusi ev işləridir, bunlar dərsə mane ola bilməzlər. Gərək bu işlərə baxmayıb gələsiniz! Bunların sizə dəxil yoxdur.

Amma qızlar heç başa düşməyirdilər, nə üçün bu işlərin onlara dəxli yoxdur.

Dərsdən qabaq qızlar təzə əhvalatları bir-birinə nağıl edirdilər.

– Axundun qızı üçün nişan getdi!

– Görəsən nə apardılar?

– Gülcahan arvad deyir ki, dörd dəst paltar, ipək corab…

– Ey, bəsdir, qadam onun ağzına da, paltarına da…

– Nə üçün, ay Səknə, məgər pis qızdır?..

Səknə xanım “ey”, – deyib cavab vermədi, Səknə xanım gözəl olduğu üçünmü və ya bəy qızı olduğu üçünmü, heç kəsi bəyənməzdi. Hamısına gülərdi…

Zinət məzəmmət edərdi.

– Allah xeyir eləsin, yazıqdır!

Zinətin rəhmli, xeyirxah olduğunu hamısı bilirdi. Heç bir kəs onun sözünün qabağına bir söz deməzdi. Zinət, qızların ağıllısı hesab olunurdu. Qızlar qilü-qal salıb söhbət edər və qəhqəhə ilə gülərdilər; amma Zinət ağır, samit qulaq asar, sonra öz fikrini söylərdi.

Bu gün hamı qızlar gəlib təəccüblənirdilər:

– Zinət gəlməmişdi.

Qızlar, gələndən sorurdular.

– Ay qız, Zinətdən xəbərin varmı?

– Nə olub ki?

– Görməyirsən ki, gəlməyibdir! – Heç kəs bilməyirdi ki, nə üçün bu gün Zinət yoxdur. Bəziləri zənn edirdilər ki, gələr, bəlkə gecikmişdir; bəzisi deyirdi ki, gəlməz və ona görə də təklif edirdilər ki, dərsləri buraxıb gedib səbəbini bilsinlər.

Bir azdan sonra Zinət xanımın qonşusu Bilqeyis gəldi, onu görən kimi qızlar əhatə edib soruşmağa başladılar.

– Ay qız, Zinətə nə olub ki, yoxdur?

Bilqeyis xəbər verdi ki, bir şey yoxdur, gecikmişdir, çünki dayısıgildə mərsiyəxan oxudurlar. Şəhərdən bir mərsiyəxan gəlib on gün oxuyacaqdır. Bunu eşidən qızlar sakit oldular.

Qızlar yenə öz adi söhbətlərinə məşğul olmuşdular ki, Zinətin çadrasını pəncərədən gördülər. Hamısı bayıra tərəf atıldı. Zinət xanım sakit, başı aşağı içəri daxil oldu.

Zinət xanımın həmişəki gülər üzündə böyük bir qəm var idi. Bunu hamısı gördü. Görməmək olurdumu? Gülərüzlü, məlahətli Zinət bu gün ağlamış, dolmuşdu.

Qızlar Zinət xanımın belə acıqlı, daha doğrusu, qəmli olduğunu görüncə karıxdılar. Bir-birinə baxıb Zinət xanımın başında bir iş olduğunu işarə ilə bildirdilər. Bir şey var! Ancaq o nədir? Həmişə qəhqəhə ilə gülən, oynayan Səknə, qızların bir neçəsini kənara çəkib:

– Gərək qızın dərdini bilək, – dedi.

Birdən Səknə xanım Zinətin kitabsız gəldiyini gördü.

– Bəs sənin kitabın, dəftərin hanı, ay qız?

– Gətirmədim, hamısını da yandıracağam!

– Ay qız, nə olmuşdur?

Zinət məlahətli gözlərilə yoldaşlarının üzünə baxıb dedi:

– Mən daha oxumayacağam! Gəlməyəcəyəm.

Hamısı təəccüb etdi. Yerbəyerdən səbəbini soruşmağa başladılar. Zinət başladı:

– Bu gün dayımgildə mərsiyəxan oxuyurdu. Mərsiyəxan şəhərdən gəlmiş bir seyiddir. O deyirdi ki, əgər bir qız bu dünyada əlinə qələm alıb yazı yaza, o qələm, o dünyada onun əlində od tutub yanacaq, bu dünyada qızın yazdıqları xətlər, qiyamət günündə ilan kimi qızın bədəninə sarılacaq, çünki qızlara oxumaq, yazmaq haramdır. Bircə Qurandan başqa qızlar ayrı kitab oxuya bilməzlər… Bir də mərsiyəxan dedi ki, şkolada oxuyan qızları 19 dəfə yandıracaqlar, ata və analarını oddan qayrılmış gürzlə döyəcəklər.

Qızlar hamısı məbhut, mat qulaq asırdılar. Kimsə bir söz söyləməyirdi. Zinət sözünə davam edib dedi:

– Mən bu gün mərsiyəxandan eşitdiyim sözlərdən sonra dərs oxumayacağam, tövbə edəcəyəm, nəzir verəcəyəm, bəlkə Allah bağışlasın.

Bunları eşidən Səknə titrək və zəif bir səda ilə:

– Mən də oxumayacağam, dərsə gəlməyəcəyəm, qorxuram. – Bu hində qapı açıldı, müəllimə üzündə təbəssüm olaraq içəri daxil oldu. Qızlar salam verdi. Qızlar hamısı sakit durmuşdular. Müəllimə mizin yanına keçib kitablarını mizin üstünə qoydu və üzünü qızlara tutub:

– Nə üçün durmuşsunuz, yerinizdə oturun! – dedi.

Kimsə cavabında bır söz söyləmədi. Hamısı Zinət xanıma baxırdı. Birdən Zinət xanım ağlaya-ağlaya:

– Mən günahdan və onun əzabından qorxuram, oxumayacağam, sağ ol, – deyib getdi.

Onun dalınca Səknə, sonra o biri qızlar birər-birər çıxıb getdilər. Axırda qalan qızlardan birini müəllimə saxlayıb, bu hadisənin səbəbini bildi…

O gün müəllimə təcili surətdə bu barədə qəza maarif şöbəsinə xəbər verdi və bu gündən arvadlara məxsus savad kursları öz-özünə qapandı…

1923

HAQSIZLIQ DÜNYASINDA

Otağın bir guşəsində zəif və sarı bənizli bir qadın uzanmışdı. Bu, gənc yaşlarında vərəm xəstəliyinə düşmüş Rüxsara xanım idi.

Saralmış üzündə və çubuq kimi nazikləşmiş qollarında ətdən bir əsər də qalmamışdı, bir dəri, bir sümük idi. Amma bununla belə, Rüxsara xanımın keçmişdə nadir bir gözəlliyə malik olduğunu görməmək mümkün deyildi. Üzünün zəif şəkli, dərinə düşmüş və dövrəsi rəssam əlilə qaralanmış kimi görünən iri gözləri, bu gözləri mühafizə edən uzun kirpikləri, balaca ağzı, nazik dodaqları, arıqlıqdan iriləşmiş burnu həmin gözəlliyin birər nişanəsi idi.

Rüxsara xanımın keçmiş gözəlliyinin bir nişanəsi olan sinəsi üzrə ilan kimi sürünən qoşa hörükləri də qalxıb-düşürdü. Nəzərə elə gəlirdi ki, Rüxsara xanımla bərabər qara hörükləri də nəfəs çəkir…

Rüxsara xanım bir il bundan əvvəl soyuqlayıb naxoşlamışdı, ömründə azar bilməyən bu gənc qadının xəstələnməsinə əvvəlcədən etina edilməmişdi. Türkəçarə ilə keçəcəyini zənn edərək, lazımi tədavi olunmamışdı. Lakin naxoşluğun uzanması da Rüxsara xanımın qayınana və qayınatasının xoşuna getməyirdi. Bu da səbəbsiz deyildi.

Əvvələn, Rüxsara xanım il uzunu yatmasına görə, ev işlərinə köməyi də dəyməyirdi. İkincisi də, bu “urus həkimlərini” çağırıb onların yazdıqları bahalı-bahalı dava-dərmanları almaq bir çox izafi pul tələb edirdi. Bu xərc məsələsi Rüxsara xanımın qayınatası Hacı Muxtar üçün ən kəskin məsələ idi.

Hacı Muxtarın hər işdən təqib etdiyi bir qanun vardısa, o da ümumən az xərc eləmək idi.

Əvvəldən bəri bu qanunla yaşayan və bu qanun sayəsində “beş-on şahı” qazanmış olan Hacı Muxtar, indi – ev və gəmisi bolşevik hökuməti tərəfindən zəbt olunandan sonra, qənaət üsulunu daha da dərinləşdirmişdi. Hələ yaxşı ki, Hacı Muxtar başqaları kimi pulunu banka qoymamışdı. Yoxsa qırx il müddətində “dişlə-dırnaqla” topladığı qara pul, gəmi və imarət kimi, bir günün içində əlindən çıxacaqdı. Onda Hacı ya gərək evin var-yox olan müxəlləfatını satıb dolanaydı, ya da ki muzdurluq edə idi… “Kim bilir ki, bu bolşeviklərin dövrü nə qədər sürəcək!” – deyə Hacı Muxtar düşünürdü. Ona görə də qət eləmişdi ki, hər halda qənaətlə dolanmaq yaxşıdır.

Rüxsara xanımın naxoşlaması – bu lap artıq xərc istəyirdi. Həkimin də elə bil ki, heç dünyadan xəbəri yoxdur; Abastuman və ya Krıma aparılmasını təklif edir. Lakin Hacı Muxtar bu məsələyə razı ola bilərdimi? Əlbəttə ki, yox!

Naxoş Abastumana və ya Krıma göndərilsə, səhhət taparmı, yoxmu? Bunu indidən bilmək olmaz; amma bu cür müalicənin təsirini Hacı Muxtarın bolşeviklərdən gizlətdiyi sandığı hiss edəcəkdir. “Nə lazım, aparılmasa nə olar? Rüxsara xanım gənc yaşında ikən ölər, tələf olarmı?”

– Bütün məxluq öləcək! …Ya beş gün əvvəl, ya beş gün sonra!.. Sağalmaq isə – bu, Allahın əmrinə bağlıdır! Allah istəsə, naxoş burada da səhhət tapar… İstəməzsə, dünyanı gəzdir, bir şey çıxmaz.

Hacı Muxtarın arvadı Gülbacı ərinin bu fikrini çox yaxşı dərk eləmişdi. Yanında Rüxsara xanımın müalicəsindən söhbət açıldıqda deyirdi:

– Həkim də deyir ki, şəhərdə saxlamayın, Krıma aparın, nə bilim, hara aparın… Deyirəm ey-y-y… sən də bəxtəvərlikdən dəm vurursan. O sayaq azarlıya səfalı yerlər nə çarə edəcək?

Bu da Gülbacının müalicəsi!

Bəs Rüxsara xanımın əri Kərbəlayı Səftər nə deyirdi?

Arvadı naxoşlayandan sonra Kərbəlayı Səftər ev işləri ilə əsla maraqlanmırdı. Biləks ev qadınından danışanda özünü bədbəxt göstərməyə çalışırdı.

– Fələk mənimlə rəftar etmir. Nə edim, gətirməyəndə, gətirməyir. Bədbəxtəm.

Zənn edilməsin ki, Səftər arvadının xəstələnməsini və bu xəstəlikdən tələf ola biləcəyini özündən ötrü bir bədbəxtlik sanırdı.

Yox!

Səftər özünü yalnız ona görə bədbəxt və talesiz hesab edirdi ki, arvadı Rüxsara xanımın naxoşluğu uzanırdı və arzu etdiyi kimi tez tamam olmayırdı.

Bədbəxt oldum, – deyərkən öz-özlüyündə o, belə fikir edirdi: “Ölsəydi, canım qurtarardı”.

Odur ki, xəstə ümidsiz bir halda özbaşına buraxılmışdı. Nə qayınata, nə qayınana, nə də ər onun qayğısında deyildi. Ancaq Səftərin bacısı Reyhan xanım naxoşa pərəstarlıq edirdi.

Doğrudur, hərdənbir Rüxsara xanımın ata və anası gəlib əhval soruşarlardı, lakin qızlarının müalicəsi barədə bir şey bilməyirlərdi, çünki bu məsələ Hacı Muxtarın daxili işi hesab olunurdu və Hacının daxili işlərinə qarışmağa əsla cürət etmirdilər.

Hacı Muxtarın arvadı bunlara belə cavab verirdi:

– Elə bil ki, sağ əlim yoxdur… Çox çətin keçir, gəlinsiz ev nə olacaq, ay balam!..

Ömründə azar bilmədiyindənmi, gənc olduğundanmı, Rüxsara xanım sağalacağına inanır və səhhət tapıb yataqdan duracağını artıq ümidlə gözləyirdi.

Çox vaxt tək qalarkən, bu barədə düşünürdü, hərdənbir də keçmiş günləri xatırlayırdı.

Bu gün də Rüxsara xanım tək idi. Yenə keçmiş günlərini yadına salırdı. Amma nədənsə, bugünkü xatirələr ona çox təsir edirdi.

Rüxsara xanımın xatirələri çocuqluq əyyamından başlayırdı. On yaşlarında molla Səkinənin məktəbində Quranı tamam etmişdi. Başqa kitabdan dərs oxumasına atası razı olmamışdı. Ona görə də Quranı çıxandan sonra, molla Səkinənin məktəbini tərk etmişdi.

Bu zaman ev işlərində anasına kömək edər və əl işiylə məşğul olardı.

Yadındadır, on iki yaşında idi. Atasının dostu Kərbəlayı Əzimin qızı Firəngizlə bərabər araqçın çəkirdi. Hər ikisi incə surətdə güləbətin işi işləyirdi.

Firəngizin qardaşı Həsən, onlar üçün toxum və saqqız alardı. Onlarla bir yaşda idi. Qızlar əl işi ilə məşğul olan saatlarda çox vaxt Həsən də onların yanında oturub dərsini oxuyurdu. Hərdənbir üçü bir yerdə oynadıqları da “beşdaş” oyunu olardı…

Həsən onları udanda, oyunun qaydası mövcibincə bacısının əlinə döyərdi, amma Rüxsara xanımın əlinə vurmağa ürəyi gəlməzdi.

– Səni bağışladım, – deyə Rüxsaranın uzanmış əlini tutardı. Onda bir-birinə baxıb gülərlərdi…

Rüxsara xanımın yadındadır… Həsən üçün bir yaxşı araqçın çəkmişdi… Üstündə nə qədər çalışmış, nə qədər səy etmişdi!.. Bir gün Firəngizdən təvəqqe etdi ki, araqçını Həsənə bağışlasın. Ancaq Rüxsaranın tərəfindən olduğunu deməsin…

– Söylə ki, özün çəkmisən. Qoy bilməsin!

– Nə üçün? Qoy bilsin!

– Yox, bilməsin!

Firəngiz çatma qaşların dartaraq:

– də görüm, biləndə nə olar? – deyə sordu.

Rüxsara xanım “istəmirəm” cavabını verdi. O araqçın indi də Rüxsara xanımın gözü qarşısındadır…

Bənövşə rəngli bir araqçın idi…

Özü də Həsənə yaxşı yaraşırdı…

Bəlkə, ona görə yaxşı yaraşırdı ki, onu Rüxsara xanım xüsusi səy və səliqə ilə çəkmişdi?! Bəlkə ona görə yaxşı yaraşırdı ki, Həsən Rüxsara xanımın xoşuna gəlirdi?!

Bir axşam Rüxsara xanım yenə Firəngizin yanında idi. Rüxsara xanımın ardınca evlərindən adam gələcəkdi. Gözlədi, gələn olmadı. Firəngiz təklif etdi:

– Qoy Həsən aparıb ötürsün!

Rüxsara xanım razı oldu…

Həsən irəlidə, Rüxsara xanım da onun ardınca gedirdi.

Uzun dalandan keçərkən, necə oldusa, Həsən ayaq saxladı, Rüxsara xanımla yan-yana getməyə başladı.

– Niyə üzünü bərk-bərk örtürsən?

– Elə-belə…

Rüxsara xanım ixtiyarsız üzünü açdı. Birdən Həsən çadranın üstündən Rüxsara xanımı qucaqladı… Hər ikisi dayandı… Dalan xəlvət idi… Heç kim yox idi… Adam olsaydı da, Rüxsara xanımı görməyəcəkdi.

O ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli dodaqlarını hiss edirdi.

Yenə yollarına davam etdilər… Bir söz danışmadılar. Sözə hacət vardımı?.. Mütəqabil məhəbbətlə dolu iki qəlb bir-birini danışıqsız anlayırdı,..

Öskürək gəlməsi Rüxsara xanımı şirin xatirələrdən ayırdı… Otaq qaranlıqlaşdı… Qapı açıldı: Reyhan xanım daxil oldu. Rüxsara xanımı görüncə gülümsündü; muncuq kimi düzülmüş ağ dişləri göründü…

– Yatmışdın deyəsən, qəfildən səni ayıltdım?

– Yox, yatmamışdım… Huşa getmişdim…

Reyhan xanım naxoşun yatağına yaxın gəlib, bacılığının üzünə diqqətlə baxdı, sonra onun alnının bahar şəbnəmini xatırladan tərini sildi.

– Bilirsən, yenə qadınlar klubuna getmişdim; bibigildən gəlirdim, dedim, baxım bir görüm nə var… Bir az da orada gecikdim. Qadınlar barəsində birisi danışırdı… Adam o qədər idi ki, böyük zal dolmuşdu.

– Danışan nə deyirdi?

– Mən o yerdə çatdım ki, deyirdi: “İndi biz qadınlar daha qul deyilik. Şura hökuməti bizə də azadlıq verdi. Bundan sonra gərək öz hüququmuzu əlimizdə saxlayaq…” Çox belə-belə sözlər deyirdi. Belə xoşuma gəldi ki…

– Qoy buradan durum, mən də gedəcəyəm.

– Mən səni apararam, heç kəs bilməz…

– Qoy bilsinlər! Qorxmayıram…

Sonra Reyhan xanım naxoşdan nə istədiyini sordu:

– Nə istəyirsən, de, gətirim. Süd içirsən?

Rüxsara xanım təşəkkür izhar edən gözləri ilə sevdiyi yoldaşına baxıb, başını tərpətdi, bir şey istəmədiyini bildirdi.

– Yox… süd iç!.. Tez yaxşı olarsan!.. Qoy gətirim!..

Rüxsara xanım illərdən bəri sevdiyi Reyhan xanıma indi daha artıq məhəbbət bəsləyirdi. Reyhan xanım onun yeganə həmdəmi, söhbət edəni idi…

İçəri evlərdən Reyhan xanımın anası Gülbacının səsi eşidildi:

– Ay qız, yenə orada nə oynayırsan? Gəl görüm… Bayaq da bibigilə getməyin iki saat çəkdi. Axşamdır, samovarı qaynat!

Həmişə Reyhan xanım Rüxsaranın yanına gələndə anası bir şeyi bəhanə edib qızını səslərdi. Reyhan xanım da naxoşun otağını tərk etməyə məcbur olurdu.

– Gedim, yenə çağırır. Bu gün lap acıqlıdır.

Reyhan xanım gedəndən sonra yenə Rüxsara xanım öz xatirələrinə qərq oldu.

…Yaxşı yadındadır. Firəngizin toyu idi. Bütün bu toy gecəsi Rüxsara xanım bir neçə dəfə Həsəni gördü… Həsən ona çox baxırdı. Oğlan evindən Firəngizi aparmağa gəldilər… Rüxsara xanım Firəngizin soldışı idi. Gəlini ər evinə müşayiət etdi. Lakin görünməmiş bir iş: gəlinin qardaşı, gəlini aparanda evdə qalar. Həsən isə bu adəti pozdu…

Bacısını yol uzaq etmək fikri ilə o da getdi. Amma necə oldusa, qayıdarkən Rüxsara xanım Həsənlə bərabər bir faytona mindilər. Başqa bir kəs olmadı… Yol uzun, aşkar şeydir ki, söhbət Firəngizdən olmalı idi… Rüxsara xanım söz açdı:

– Yazıq Firəngiz ağlayırdı… Deyir: “Məni tək buraxmayın!”

– Nə üçün?

– Çünki ərini görməmiş, sevməmişdir. Mən də ağladım.

– Sən nə üçün, Rüxsara?

– Firəngizə yazığım gəldi…

Həsən bir söz demədi…

Ancaq Rüxsara xanımın əlini ixtiyarsız tutub sıxdı. Rüxsara xanım da o sayaq cavab verdi. O yol uzunu Rüxsara xanım nə xoş dəqiqələr keçirtdi!.. Xatırından çıxmaz… Evə az qalmışdı. Həsən atəşli dodaqlarını Rüxsaranın dodaqlarından ayırıb:

– Firəngiz xoşbəxt olacaqmı? Bilmirəm. Mən bu gecə xoşbəxtəm, – dedi və əlavə etdi ki: – Söz versəydin, həmişəlik məni xoşbəxt edərdin. Nə deyirsən?

Rüxsara xanım bir söz söyləmək istədi, lakin deyə bilmədi.

Evə çatdılar. Həsən Rüxsaranın iki əlini tutub, yenə sordu:

– Mənə nə deyirsən?

Rüxsara xanım cavab vermədi… O vaxt Rüxsara xanım bilməyirdi ki, qızın ixtiyarı özündə olmalıdır. Atasından qorxurdu.

O gündən sonra Həsənlə görüşmədilər. Həsən başqa şəhərə oxumağa getdi…

Qapının açılması Rüxsara xanımı ayıltdı. Gələn yenə Reyhan xanım idi. Rüxsara xanım üçün süd gətirmişdi.

Rüxsara xanımın qızarmış yanaqları Reyhan xanımın diqqətini cəlb etdi… Reyhan xanım əlini Rüxsara xanımın alnına qoydu… Rüxsara xanım qızdırmağa başlayırdı.

– Reyhan! Getmə… Yanımda qal!.. Qorxuram…

Rüxsara xanım nədən qorxurdu? Onu qorxudan, xatirələrinin mabədi idi. Burayadək gələn xatirələri ömrünün xoş dəqiqələrini yada salırdısa, bundan sonrakı xatirələri bir qəm dəryasından ibarət idi; Rüxsara xanım bir daha o dəryada boğulmaq istəmirdi.

– Nə var ki, nədən qorxursan?

– Keçmiş günlər yadıma düşür… Ürəyim davam etmir.

– Qorxma! Yadından çıxart!.. Bir aydan sonra camaat bağa köçəcək, biz də gedəcəyik. Orada lap yaxşı olarsan… İndi bir az yat!..

– Yata bilmirəm.

Elektrik şüası naxoşun üzünə düşdü, gözlərini qamaşdırdı…

Reyhan xanım axtarıb bir ipək parçası ilə işığı örtdü. Rüxsara xanım gözünü açdı. Lampa şüasından onun gözlərini mühafizə edən parçanı tanıdı. Firəngizlə bərabər çəkdiyi əl işlərindən biri idi. Lakin təəssüf! …Həsən üçün çəkdiyi araqçın da bu parçadan idi.

– Rüxsara, bu südü iç, bacım; mən də gəlirəm. Sənin üçün firni bişirirəm…

Reyhan xanım getdi.

Rüxsara xanım gətirilən süddən bir az içdi. Sonra stəkanı bir tərəfə qoydu. Gözlərini lampanın üzərinə salınmış örtüyə dikdi. Yorulmuş gözlərinə huş getməyə başladı. Keçmişin canlı xatirələri yenə Rüxsara xanımın gözləri qarşısında durdu. Foc-foc gələn bu xatirələri qovmaq istəyirdisə də, qüvvəsi çatmayıb, müvəffəq ola bilməyirdi.

Yadındadır… Soruşmadan, fikir və rəyini bilmədən atası onu Kərbəlayı Səftərə ərə verdi…

Hacı Muxtarın xahişini atası rədd etmək istəməmişdi. Rüxsara xanım da atasının sözündən çıxa bilməmişdi.

Nə edə bilərdi? Ölkəyə təzə qaydamı qoyacaqdı?

Bir axşam onu da Firəngiz kimi köçürdülər. O da Firəngiz kimi ağladı. Həmin indi uzandığı otaqda buraxıb getdilər.

Həyatının qəmli günləri ərə gedəndən sonra başladı. Əziyyət və məşəqqətlərin intəhası görünmədi.

Hacı Muxtar evin bütün işini Rüxsara xanımın boynuna yüklədi. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. Bircə Reyhan xanım anasının acıqlanmasına baxmayaraq Rüxsara xanıma kömək edirdi.

Xatırlayır: bir dəfə ərinə şikayət etdi. Kərbəlayı Səftər elə bərk qışqırdı ki:

– Mən bilməyirəm, mən ev işinə qarışmayıram. Anam nə desə odur, ona qulaq as!

Gülbacı da, Allah göstərməsin, bir dəqiqə də gəlinin rahat oturmasına razı olmayırdı.

Qayğı və nəzakət içərisində böyüdülmüş zərif bədən ağır işlərə davam etmədi. Rüxsara xanım günü-gündən solmağa başladı.

Bir dəfə çörək yapdıqdan sonra qayınanasının təkidiylə ərinin paltarını yudu. O gün soyuqlayıb naxoşladı. Əvvəldən naxoşluğuna fikir verən olmadı. Lazımi surətdə tədavi edilmədi. Günlər, aylar keçdi… Xəstə yataqdan dura bilmədi…

Qapı cırıldadı. Rüxsara xanım gözlərini açdı. Bu dəfə gələn Kərbəlayı Səftər idi.

– Hə, necəsən?

Rüxsara xanım Kərbəlayı Səftərin tox və harın sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi.

Səftər də diqqətlə otağın hər bucağına baxdı. Otaqda Rüxsara xanımın atası evindən gətirilmiş şeylərdən başqa bir şey görmədi.

– Qorxma, ürəyinə başqa fikir-filan gətirmə!

Bu dildə Kərbəlayı Səftər bir dəfə də olsun, Rüxsara xanımla danışmamışdı. Rüxsara xanım elə zənn etdi ki, bu gün o, bir qədər yaxşıdır; zatən xoş söz söyləməyən Kərbəlayı Səftər də ona “qorxma” deyir, təsəlli verir. Sevinmək istədi. Yan-yörəsinə baxdı…

Lakin Kərbəlayı Səftər ayrı bir şey düşünürdü. O fikir edirdi ki, Rüxsara xanım ölməsini yəqin edib də, atası evindən gətirdiyi şeyləri heyifsiləyir. Bu barədə də arvadına təsəlli vermək üçün:

– Qorxma, rahat ol! Səndən sonra yad adam sənin şeylərinə əl vurmayacaq. Sənin ev-eşiyinə bacın sahib olacaqdır, – dedi.

Rüxsara xanım bu vəhşi sözləri eşidincə, başını qaldırıb, zəif qollarına təkiyə etdi. Hiddətli nəzərlə Kərbəlayı Səftərə baxdı.

– Daha ürəyini sıxma, Allah işidir. Bacı sənindir.

– Danışma, cəllad!.. Qarşımda durma!..

Reyhan xanımın daxil olması bu danışığı kəsdi. Kərbəlayı Səftər çıxdı. Rüxsara xanım əlləri ilə üzünü örtdü.

– Nə oldu? Nə üçün belə oldun? – deyə Reyhan xanım gətirdiyi firni boşqabını bir tərəfə qoyub, Rüxsara xanımın başını qucaqladı. – Sən ağlayırsan? Bu nədir?

Rüxsara xanım doğrudan da ağlayırdı. Bu gün bədbəxt qadın anladı ki, onun ölməsi yəqin edilmişdir. Bildi ki, əri Səftər onun ölməsini gözləyir: gözləyir ki, onun yerinə bacısı Gülnisanı alsın.

– Reyhan, sabah Gülnisanı çağır.

– Yaxşı! Sən də bu firnini ye, sonra yat; bu gün heç yatmadın.

– Sağ ol, bacım!

Reyhan xanım getdi… Rüxsara xanım gözlərini yumdu, ancaq yata bilmədi…

Səhər tezdən Reyhan xanım Gülnisanı çağırtdırmışdı.

– Rüxsara, Gülnisa gəldi…

Rüxsara xanım yuxulu gözlərini açıb bacısını gördü. İşarə ilə yanında oturmasını rica etdi.

– Bacı, kefin yaxşıdır? Bu gün elə özüm gələcəkdim…

Rüxsara xanım solğun nəzərlə əvvəl bacısına, sonra Reyhan xanıma baxıb, dodaqlarını bir-birinə döydü. Məlum idi ki, bir şey söyləmək istəyir, lakin söylədiyi eşidilmədi, anlaşılmadı.

Reyhan xanımla Gülnisanın nəzərləri bir-birinə rast gəldi. Hər biri düşünürdü. Lakin Gülnisa Rüxsara xanımın fikrindən nələr keçdiyini, nə demək istədiyini bilmirdi. Sordular, Rüxsara xanım cavab vermədi. Gözlərini yumdu. Dodaqları tərpəndi… Dərindən bir ah çəkdi… Əzabdan qurtardı.

Bacısına deyəcəyi sözləri Rüxsara xanım söyləyə bilmədi.

Bir dəqiqədən sonra Reyhan xanımla Gülnisanın ağlaşması ətrafı basdı.

Rüxsara xanımın qayınanası Gülbacı ağlaşma səsini eşidib özünü hövlnak otağa saldı.

– Getdi… Vayy… İndi bolşeviklər bu otağı da əlimizdən alarlar, – deyə iki əlini başına vurdu.

1923

Бесплатный фрагмент закончился.

167 ₽
Жанры и теги
Возрастное ограничение:
6+
Дата выхода на Литрес:
29 октября 2022
ISBN:
978-9954-6666-6-1
Правообладатель:
JekaPrint

С этой книгой читают