Читать книгу: «Özgə ağrısı», страница 2

Шрифт:

– Pəri rəhmətə gedib, bala. – Yanından ötüb keçən Rəhman dayı Abbası tanımadı. Abbas da tanışlıq vermədi. Eləcə:

– Haçan? – deyə soruşdu.

– Üç ildir. Yazıq dünyanın əzabından qurtuldu.

– Hansı əzabından?

– Təklikdən. Biçarənin kimsəsi yox idi.

Abbas ürəyinə çökmüş ağırlığı yox etmək üçün toyxanaya yollandı.

Ayişə barmaqlarının ucunda dəhlizdən öz otağına keçdi. Bədənnüma güzgünün qabağında oturub özünə tamaşa etməyə başladı. Sınıxmış sifəti, kölgələnmiş gözləri, dən düşmüş saçları onun əhvalını bir az da korladı. Əvvəlki gözəlliyindən bircə uzun kirpiklərlə dövrələnmiş iri qara gözləri qalmışdı. Amma bu gözlərdə də əvvəlki parıltı, həyat eşqi yox idi. «Qocalıram», – deyə fikirləşdi. Alnında əmələ gələcək iki qırışın yeri özünü göstərirdi. Kitab şkafının siyirməsindən albomunu çıxarıb şəkillərə tamaşa etməyə başladı. «Aman Allah, gör necə dəyişmişəm? Doğrudanmı şəkildən baxan o gözəl qız mən idim?» Dönüb yenidən güzgüyə baxdı. Oradan baxan əksini şəkli ilə müqayisə etdi. Bundan ürəyi sıxıldı. Albomu yerinə qoymaq istəyirdi ki, arasından Abbasın şəkli düşdü. Hər dəfə saatlarla bu şəkillə dərdləşən, sonra öpüb yerinə qoyan Ayişə bu dəfə ona ötəri, gözünün ucuyla baxıb şəkli albomun arasına qoydu.

Bayaqkı görüş gözləri önündən getmirdi. Son dəbə uyğun geyinmiş boylu-buxunlu, yaraşıqlı Abbasın yanında necə acınacaqlı göründüyünü təsəvvür edəndə xəcalət çəkdi. Birdən daxilindən qalxan bir hiss üsyan etdi: «Niyə xəcalət çəkirsən? Sənin kimi qızları gözü yolda qoyan oğlanlar xəcalət çəksinlər. O oğlanlar ki, valideynlərinə sahib çıxmırlar, o oğlanlar ki, sevgilərinə sadiq qalmırlar… Sən başını uca tut, Ayişə. Qardaşlarının əvəzinə ata-anana oğulluq edirsən».

Ayişə qapqara qaralmış əllərinə indi qürurla baxdı. «Bu, zəhmətdən qaralmış əllərdir. Yoxsa Abbasın ağappaq, yupyumşaq əlləri kimi? Doğru deyiblər ki, ağ gün ağardar, qara gün qaraldar. Mənim kimi qızların qara gündən qaralmağının, evdə qalıb qarımağının nə əhəmiyyəti var ki… Təki onlar ağca xanımlarla ağ gün görsünlər». Acı-acı güldü.

Ayağa qalxıb güzgünün qabağında fırlandı. Diqqətlə özünə baxdı. Paltar əynində torba kimi qalırdı. Arıqlayıb dümdüz olmuş sinəsinə baxıb hirsləndi. Təzəlikcə görüşdüyü sinif yoldaşı Mirvari yadına düşdü. Məktəbdə ən cılız, ən çirkin qız idi. Onuncunu qurtaran kimi qonşu rayona ərə getmişdi. O vaxtdan onu görməmişdi. Bir həftə əvvəl kənddə rastlaşanda Ayişə heyrətdən yerindəcə donub qalmışdı. Əvvəlki Mirvaridən əsər-əlamət qalmamışdı. O, ətə-qana dolmuş, gözəlləşmişdi. Analıq səadəti, ailə xoşbəxtliyi üz-gözündən oxunurdu.

– Ölmüş, ərə getmək sənə nə yaman düşüb? – deyə Ayişə özünü saxlaya bilməmişdi.

– Eh, Ayişə, Allah insaf versin cavanlara, hamısı kənddənkəsəkdən qaçaq düşüb… Öz evi, ailəsi olmaq ayrı şeydi. Allah qismətini yetirsin! – demişdi Mirvari.

Güzgünün qabağından çəkilib yatağına uzandı. Nə edəcək, necə yaşayacaq, kim üçün yaşayacaq bundan sonra? Bu da sevgisinin ona gətirdiyi yolun sonu…

Birdən ata-anası gəlib gözləri önündə canlandı. Sualından utandı. «Bəs bunlar? Mən ailə qursaydım, bu zavallılara kim baxacaqdı?» Qocalıb əldən düşmüş bu iki əziz adamını bir gün itirə biləcəyini fikirləşib dəhşətə gəldi, dörd divar arasında tək-tənha qalacağından qorxdu. İnnən belə qardaşlarından nə Məmmədşah, nə də Əlişah şəhərdən kəndə qayıtmayacaq. O, bu evdə yalquzaq kimi ömür sürməyə məhkum olacaq…

Ayişənin havası çatmadı. Pəncərəni taybatay açıb qabağında dayandı. Amma bu halı keçmədi. Ona nə olmuşdu? Bəlkə olan-qalan qətiyyətini Abbas əlindən almışdı? Bəlkə bu, ilk məhəbbətin əzabı idi? Yox, məhəbbətdən, sevgidən ona acı nisgildən başqa bir xatirə qalmamışdı. Ürəyini darıxdıran, onun bütün olan-qalan səbrini əlindən alan başqa şey idi. Sevillə Dilbəri xatırladı. Sevil yaşıdı idi, Dilbər isə onlardan iki yaş böyük idi. Onlar da Ayişə kimi ailə qura bilməmişdilər. Təkcə onlar deyildi. Kənddə yaşı otuzu ötmüş yeddi subay qız vardı. Həmin qızları bircə-bircə gözləri önündə canlandırdı. O qızların xoşbəxt olmamaları, ailə qura bilməmələri fikri ona rahatlıq gətirmədi. Nədənsə təsəlli tapdığı vaxtlar arxada qaldı. İndi o, ayrı adam idi. Ümidsiz, mənasız, sevgisiz ömür sürən bir zavallı idi. Artıq o, aldadılmış, heysiyyəti tapdanmış, tənhalığa məhkum edilmiş, qarımış bir qızdı. Pərinin taleyini yaşayanlardandı.

«Kənddə yeddi Pəri var», – deyə Ayişə fikirləşdi və bu fikirdən dəhşətə gəlib, yenidən güzgünün önünə keçdi. Diqqətlə tamaşa edəndə ona elə gəldi ki, güzgüdən baxan Pəridi, dünyada ən çox qorxduğu, xatirəsindən belə çəkindiyi, ehtiyat etdiyi Pəri. Uşaqlıqdan Pəri onun yaddaşında təklik, soyuqluq, yalqızlıq rəmzi kimi qalmışdı. Onun üz-gözündən, görkəmindən, hətta səsindən soyuqluq yağırdı. İndi Pərinin halına daha çox acıdı. Onun təkliyinə səbəb olanları qınadı ürəyində. Özünə acığı tutdu: «O yazığa niyə nifrət edirdim? Onu duymaq üçün onun halına düşməkmi lazım idi?»

Ayişə özünü qocalmış, əldən-ayaqdan düşmüş vəziyyətdə təsəvvüründə canlandırdı. Bu halda özünü Pəridən başqa heç kəsə oxşada bilmədi. Alnında dərin qırışlar, üzündə yad bir ifadə olan qoca Ayişə Pərinin soyuq baxışları ilə güzgüdən ona baxırdı. O, Abbasın böyürtkənlikdə Ayişəni öpdüyü gün onlara baxdığı kimi baxırdı güzgüdən. Pəri kimi kirpiklərini qırpmadan, biganəlik və təəssüf qarışmış qəribə bir ifadə ilə baxırdı. Bu baxış Ayişənin bədəninə üşütmə saldı. O, var gücü ilə güzgüyə yumruq ilişdirdi.

Anası qonşu otaqdan səsə gələndə Ayişənin çilik-çilik olmuş güzgünün qabağında oturub, əlindən döşəməyə axan qana fikir vermədən harasa, naməlum bir nöqtəyə baxdığını gördü… «Tərəkəmə»nin oynaq sədaları gecənin səssizliyində daha aydın eşidilirdi.

…Səhərisi Ayişə həyətlərindən topladığı güllərlə qəbiristanlığa – Pərinin məzarını ziyarətə getdi. Orada kiminsə olduğu uzaqdan gözünə dəydi. Yaxınlaşanda Abbasın vaxtilə səbəbini bilmədən nifrət etdikləri Pərinin məzar daşını sildiyini gördü… Bu ziyarət səbəbsiz nifrətin bağışlanması üçün idimi, yoxsa birinin məhkum etdiyi, o birinin məhkum olunduğu bir həyat tarixçəsinin acı bir sonluğunun qaçılmaz nəticəsinə baxmaq istəyi idimi? Kim bilir…

OĞURLUQ

Yasəmənin bihuşedici ətri dörd tərəfi bürümüşdü. Yaz axşamının könül oxşayan, ürəyin ən incə tellərini titrədən sərin mehi yasəmən ağacının budaqlarını yelləndirir, onun yarpaqlarına, çiçək qomlarına sığal çəkir, ətrini ətrafa yayırdı.

Mehriban yasəmən ağacının bu qədər çiçək açdığını görməmişdi. Bəlkə də neçə il idi ki, Fatma xalanın yasəmənlərini görmürdü deyə ona belə gəlirdi. O, bu güllərin həsrətini çox çəkmişdi… Evlərinə gələn kimi tez Fatma xalanın evinin qarşısına, yasəmən ağacının kölgəsinə gəlmişdi.

Çiçək salxımlarının sayı-hesabı yox idi. Onlar o qədər gözəl, o qədər təravətli idilər ki, Mehriban gözlərini çiçəklərdən ayıra bilmirdi. Yasəmənləri qoxlamaqdan doymurdu. Son illər yaz gəlib yasəmənlər açanda o, Bakıda yolunu tez-tez bazardan salar, böyük bir yasəmən dəstəsi alıb evə gətirərdi. Lakin onların ətri rayondakına bənzəmirdi. Özünə söz vermişdi ki, bu il yasəmən çiçəkləyəndə mütləq rayona gedəcək, doyunca onları qoxlayacaq…

O, gözünü açandan qonşuları Fatma xalanın həyətindəki yasəmən ağacını belə görmüşdü: eyni hündürlükdə, eyni yaraşıqda. Səliqə ilə rənglənmiş hündür taxta hasarın arxasından görünən üstü çiçək salxımları ilə dolu yasəmən ağacı həmişə hər kəsin diqqətini cəlb edərdi. Çəpərdən küçəyə sallanan bu salxımlar ötüb-keçənləri öz gözəlliyi ilə heyran edərdi. Mehriban heç yerdə, heç zaman belə iri ləçəkləri olan yasəmən çiçəkləri görməmişdi.

Fatma xalanın bağı əsl möcüzə idi. Bu qadının çiçəklərə olan sevgisi heç nə ilə müqayisə oluna bilməzdi. Əri çoxdan vəfat etmiş, övladı olmamış Fatma xala hər çiçəklə, hər yarpaqla uşaq kimi danışar, onlara nəvaziş göstərər, qulluq edərdi. İl on iki ay əlindən bel, dırmıq düşməzdi. Bu bağda Mehribanın tanıdığı, eləcə də ömründə ilk dəfə gördüyü o qədər gül bitirdi ki, onlara heyran olmamaq mümkün deyildi.

Gözəllik aşiqi olan Fatma xala simicliyi ilə də ad-san qazanmışdı. O, heç vaxt heç kəsə çiçək toxumu, gül şitili verməzdi. Yazda budayıb atdığı gül budaqlarını belə kimsəyə qıymazdı, «Gül vermək mənə düşmür», – deyərdi. Əslində isə düşüb-düşməməyin onun üçün elə bir əhəmiyyəti yox idi. O, güllərini başqalarına qısqanırdı. Əlləri ilə yaratdığı bu qeyri-adi gözəlliyin başqa yerdə təkrar olunmasını istəmirdi. Gül-çiçəyin bol vaxtında belə bircə çiçəyi kimsəyə pulsuz verməzdi. Səhərlər adəti üzrə dərdiyi gül-çiçəkləri səliqə ilə böyük zənbilə yığıb bazara satmağa aparardı. Bazarda onun gülü necə ustalıqla satdığını görəndə Mehriban düşünərdi:

«Görəsən, bu qədər pul onun nəyinə gərəkdir?»

Mehriban məktəbə gedəndə də, məktəbdən qayıdanda da adəti üzrə Fatma xalanın həyəti qarşısında ayaq saxlayıb, çəpərin arxasından buradakı gözəllikləri seyr edərdi. Hər dəfə də bağın tuşuna çatanda məktəbdə onunla paralel sinifdə oxuyan qonşuları İlhamı öz qapılarının ağzındakı skamyada oturmuş görərdi. Bəstəboy, qaraşın olduğuna görə hamı onu Kişmiş çağırardı. Qış-yay Kişmişi burda görməyə adət edən Mehriban təsadüfən onu skamyalarında görməyəndə təəccüblənərdi. Sanki Fatma xalanın bağının çiçəklərinin keşiyini çəkirdi Kişmiş. O, özünü elə aparırdı ki, guya Mehriban onu qətiyyən maraqlandırmır. Qız küçədə görünən kimi, özünü görməzliyə vuraraq ya mahnı zümzümə edər, ya da fit çalardı. Lakin Kişmişlə üzbəüz evdə yaşayan Sara Mehribana xəbər vermişdi ki, o, küçəyə Mehribana görə çıxır. Uzaqdan onu görən kimi tez küçəyə qaçır, amma özünü elə göstərir ki, elə bil çoxdan orada oturub.

Bu xəbərdən sonra Kişmişi görəndə Mehribanı gülmək tuturdu. Ciddi görkəm alıb sanki nə barədəsə fikirləşən bu oğlanın yaşından böyük görünmək arzusu onun nəzərindən yayınmırdı. Fatma xalagilin çəpərinə yaxınlaşanda, nədənsə Mehriban özünü kinolardakı kimi təsəvvür edərdi. Budur, gözəl bir musiqi çalınır, Mehriban mahnı oxuya-oxuya bağda dolaşır, hər ağacdan bir çiçək dərib qoxlayır. Gözəl bir oğlan da onunla duet oxuya-oxuya çiçəklərdən çələng hörüb Mehribanın başına taxır. Bu gözəl oğlan da, təbii ki, Fərid olardı. Az qala siniflərindəki bütün qızların bir könüldən min könülə aşiq olduqları Fərid.

O il Mehriban səkkizinci sinifdə oxuyurdu. Fatma xalanın yasəmən ağacı sanki həmişəkindən gözəl, həmişəkindən bol açmışdı, onların ətri bütün küçəni bürümüşdü. Çiçək salxımları arasında yaşıl yarpaqlar görünməz olmuşdu. Mehriban onlara baxdıqca baxmaq istəyir, tamaşasından doymurdu.

Bir dəfə məktəbdən qayıdanda qəribə bir əhvalat baş verdi.

– Salam, Mehriban!

Səsə tərəf dönəndə, iki-üç addımlığında dayanıb utancaq baxışlarla, çəkinə-çəkinə onu süzən Kişmişi gördü. İlk dəfə idi ki, Mehriban onun səsini belə yaxından eşidirdi.

– Salam, – Mehriban təəccüblə cavab verdi. Birinci dəfə idi ki, Kişmiş onunla danışırdı. Qonşuluqda yaşadıqları, bir məktəbdə oxuduqları uzun illər ərzində ilk dəfə üz-üzə dayanıb kəlmə kəsirdilər.

– Axşam sənə söz deyəcəyəm, bircə dəqiqəliyə bayıra çıxarsanmı? – Kişmiş onun gözlərinin içinə baxmaqdan qorxurmuş kimi tez-tez kirpiklərini qırpırdı. Bu vəziyyətdə yaman gülməli görünürdü. O, cavab gözləmədən: – Mən belə fit çalacağam, – deyib bülbül cəh-cəhinə bənzər səslər çıxardı. Mehriban sual verməyə, nə isə soruşmağa macal tapmamış, oğlan bir göz qırpımında öz həyətlərinə girdi. Bu, elə tez, elə ani baş verdi ki, Mehribanın təəccüblənməkdən başqa çarəsi qalmadı.

«Görəsən, Kişmiş mənə nə deyəcək?» – deyə yolboyu fikirləşdi, amma ağlına heç nə gəlmədi. Məktəbə çatanda Kişmiş də, onun dediyi sözlər də yadından çıxdı.

Gecə yarısı pəncərəsinin altından bülbül cəh-cəhi eşidəndə Mehriban yerindən dik atıldı. Ağlına ilk gələn Kişmişin səhər ona dediyi sözlər oldu. «Bu da söz deməyə vaxt tapdı da», – deyə ürəyində ona acığı tutdu. Evdəkilərin duyuq düşəcəyindən qorxub, əvvəlcə yerindən tərpənmək istəmədi. Amma quş cəh-cəhi bir də təkrar olunanda ehmallıca qapını açıb otaqdan çıxmaqdan başqa çarəsi qalmadı.

Həyətə düşüb, çöl qapısını açanda Mehriban gözlərinə inanmadı: Kişmiş bir qucaq yasəmənlə küçədə dayanmışdı. Böyük çiçək dəstəsinin arxasından Kişmişin başı güc-bəla ilə görünürdü. Mehribanı gülmək tutdu. Amma tez özünü ələ alıb bunları haradan dərdiyini, niyə gecənin bu vaxtı gətirdiyini soruşmaq istəyirdi ki, Kişmiş yasəmənləri ona verib, bir göz qırpımında qaranlıqda gözdən itdi. Bu, elə tez, elə ani baş verdi ki, böyük çiçək dəstəsi ilə qaranlıqda tək qalan Mehriban özünü itirib nə edəcəyini bilmədi.

Çox sevdiyi yasəmənlər bu dəfə ona sevinc yox, qorxu qarışıq məyusluq gətirdi. İndi bu qədər gülü neyləsin? Evə aparsa, ondan soruşmazlarmı ki, gecə yarısı gülləri ona kim verib, nə münasibətlə verib? Atasının sərt üzü gözləri qarşısında canlandı. O, bilsə ki, qızına gecə vaxtı kimsə gül bağışlayır, Allah bilir, onu necə cəzalandırar.

Mehriban həyətdən ehmalca bağa keçdi. Evdəkilərin duyuq düşə biləcəyi qorxusu onun qaranlıq qorxusunu üstələmişdi. Gülləri gizlətməsə, evdə tufan qopardı. Həyəti axtarıb bir vedrə tapdı. Onu su ilə doldurub, gülləri içinə yığdı, kimsə görməsin deyə qarağat kollarının dalında gizlətdi. Sonra isə ayaqlarının ucunda ehtiyatla içəri girib yatağına uzandı. Xeyli vaxt gözlərinə yuxu getmədi. Ürəyinin döyüntüsü onu yatmağa qoymurdu. Yasəmən salxımları arxasında görünməz olan Kişmişin gülməli sifəti təkrar-təkrar onun gözləri qarşısında canlanırdı. Heyf ki, bu gülləri gətirən Fərid deyildi. Əgər onları Fərid gətirmiş olsaydı, bu dünyada Mehribandan xoşbəxt adam olmazdı. Bu fikirlərlə yalnız səhərə yaxın yuxuya getdi.

Sübh tezdən yerindən qalxıb məktəbə hazırlaşdı. Nə qədər ki, ata-anasının başı mal-qaraya qarışmışdı, evdən tez çıxmaq lazım idi.

Xidmətçilərdən başqa məktəbə hələ heç kəs gəlməmişdi. Onlar dəhlizin yuxarı tərəfindəki otaqları silib-süpürürdülər. Mehriban sinif otağının qapısını açıb sakitcə içəri girdi. Özüylə gətirdiyi yasəmənləri yalnız indi doyunca qoxladı. Gecə evdəkilərin görə biləcəyindən ehtiyat edib onları qoxlaya da bilməmişdi. Səhər havasından daha da təravətlənmiş çiçəklərin ətri otağa yayıldı.

Onun heç zaman bu qədər yasəməni olmamışdı. Düşünəndə ki, bir saatdan və ya bir gündən sonra onların hamısı solacaq, güllərin yarımçıq ömürlərinə heyfi gəldi. O, hər partanın üstünə bir yasəmən, Fəridin partasına isə iki dənə qoydu: «Biri mənim, biri Fəridin».

Mehriban dəhlizdə kimsənin olmadığına əmin olanda sinif otağından çıxdı, yaxşı ki, heç kimlə rastlaşmadı. O, yalnız zəng çalınanda qayıtdı. Otaqda bir səs-küy vardı ki… Hamı bir-birinə dəymişdi.

– Görəsən, bu gülləri bura kim qoyub? – deyə uşaqlar bir-birindən soruşurdu. Mehriban heç nədən xəbəri yoxmuş kimi onlara qoşuldu.

– Bu nə tapmacadı, kimdi bizi bu qədər sevən? – deyə hər şeyə xüsusi maraq göstərən Sənubər dilləndi. O gün məktəbdə hər kəs bu sinfin yasəmənə bələnməsindən danışdı…

Dərsdən sonra məktəbdən evə qayıdanda Mehriban Fatma xalanın qapısı ağzında qələbəlik olduğunu görüb onlara yaxınlaşdı. Anası da, qonşular da onların arasında idi. Fatma xalanın qarğış səsi ətrafı götürmüşdü:

– Səni görüm əllərin qurusun! Səni görüm ciyərin yansın! Səni görüm…

– Nə olub, ana? – deyə Mehriban xəbər aldı.

– Kişmiş gecə Fatmanın yasəmənlərini yoluşdurub.

– Kişmiş? – Mehriban qulaqlarına inanmırmış kimi heyrətlə soruşdu. – Fatma xala nədən bildi ki, bunu Kişmiş eləyib?

– Bir yasəmən ilişib Kişmişgilin çəpərində qalıbmış. Bir də ki, Kişmiş özü də boynuna alıb. Hamının yanında deyib ki, Fatma xala kimi xəsisə bu da azdır.

Mehriban yasəmənlərin haradan dərildiyini yalnız indi anladı. Qəribədir, dünəndən bəri bu, onun ağlına gəlməmişdi. Həyəcan və qorxu içində olduğundan bu sual onu düşündürməmişdi. İndi isə anasından bunları eşidəndə qeyri-ixtiyarı pərt oldu. Dünəndən bəri keçirdiyi həyəcanı bir az da artdı.

«Birdən kimsə bilsəydi ki, bu güllər mənə görə yolunub, nə cavab verərdim?» – deyə özündən biixtiyar titrədi. «Eybi yox, Kişmiş, baxaq görək bu oğurluğa nə ad verəcəksən», – deyə ürəyində söyləndi.

Ertəsi gün səhər məktəbə gedəndə Kişmiş həmişəki kimi evlərinin qarşısındakı skamyada oturub gülümsər gözlərlə ona baxırdı. Mehriban ona çatanda:

– Sənin belə işlərin də varmış, hə? Qəhrəmana bax! – deyə acıqlı-acıqlı dilləndi. – Bilmək istəyirsənsə, özgə bağından oğurlanan güllər mənə lazım deyil. Gərək dünən onları səndən almayaydım. Sən oğrusan! Eşidirsənmi, oğru! – Bunları birnəfəsə deyən Mehriban hirsini soyutduğuna məmnun oldu.

Kişmişin gözlərindəki gülüş bircə anda yox oldu. O, xəcalətindən və pərtliyindən pörtüb heç nə deyə bilmədi. Peşmanlıq qarışmış incik baxışlarla onu süzdü. Sonra evlərinin darvazasına sarı gedib içəri girdi, qapını arxasınca bağladı. Yalnız bundan sonra Mehriban sözlərinin nə qədər acı, ittihamının nə qədər ağır səsləndiyinin fərqinə vardı. Ancaq gec idi, ox yayından atılmışdı.

Həmin hadisədən sonra Kişmiş dəyişdi, tamam başqa cür oldu. O, Mehribandan qaçırdı, qızı görəndə özünü görməzliyə vurur, ya da tez yolunu dəyişir, başqa səmtə dönürdü. Mehriban səhərlər onu bir daha skamyalarında oturmuş görmədi, baxışlarını üzərində hiss etmədi. Kişmişi hər gün evlərinin qabağında görməyə elə adət etmişdi ki, indi onu görməmək Mehribana həm qəribə, həm də ağır gəlirdi. Günlər keçdikcə ona aydın oldu ki, Kişmişin xətrinə dəyib, özü də elə dəyib ki, bundan sonra neynəsə də könlünü ələ ala bilməyəcək. O, Kişmişin ürəyini yaralamış, heysiyyətinə toxunmuşdu. Sən demə, Kişmiş onun düşündüyündən də ciddi və həssas adam imiş. Bunu düşündükcə Mehriban öz-özündən utanır, dediyi sözlərə görə xəcalət çəkirdi.

İki il sonra onlar orta məktəbi başa vurdular. Mehriban Bakıda Pedaqoji İnstituta qəbul olundu, Kişmiş isə Odessada Dənizçilik Məktəbinə girdi.

O vaxtdan düz beş il keçirdi. Bu müddət ərzində Mehriban ilk dəfə idi ki, yasəmən çiçəkləyəndə doğma rayonda olurdu. Hər şey beş il əvvəl necə idisə, indi də eləcə idi. Amma bu, zahirən belə idi, əslində hər şey dəyişmişdi. İndi başqa uşaqlar öz uşaqlıq dövrünü yaşayırdılar. Bir vaxtlar onların ötdükləri yollardan keçir, oynadıqları oyunlarla başlarını qatır, öz qayğısız həyatlarını yaşayırdılar. Mehribanın tay-tuşları çoxdan uşaqlıq adlı şirin dünyadan ayrılmışdılar. Keçmiş illərdən yadigar qalan bircə Fatma xalanın yasəmənləri idi.

Fatma xalanın həyətindən boylanan yasəmən salxımları bu dəfə onun ürəyini qüssə ilə doldururdu. Onların zərif ətri qəlbində keçmiş xatirələri oyadırdı. Məktəb yoldaşları üçün çox darıxmışdı, onlardan ötrü lap burnunun ucu göynəyirdi. Bu xatirələr içində, sözsüz ki, qucağında özündən böyük yasəmən dəstəsi tutmuş Kişmiş də vardı. O, daha tez-tez gözləri qarşısında canlanırdı. Bir məhəllədə yaşadıqları neçə illər ərzində onlar ikicə dəfə üz-üzə dayanmışdılar. Daha doğrusu, Kişmiş ona cəmi-cümlətanı bir cümlə demişdi. Sonra isə Mehriban Kişmişin xətrinə dəymişdi, həm də yaman dəymişdi. Oğlanın gözləri yadından çıxmırdı: incik, pərişan, küskün gözləri. Ötən bu beş il ərzində, kim bilir, neçə dəfə Kişmişin o pərt halı gözləri önündə canlanmışdı. Hər dəfə də öz-özünə etiraf etmişdi ki, günah işlədib, Kişmişin ürəyinə bərk toxunub, onun qəlbini qırıb. «Kaş Kişmişdən üzr istəyəydim, gec də olsa üzrxahlıq edəydim…»

Mehriban qaranlıq düşənə kimi evlərinin qarşısındakı skamyada oturdu. Yenicə evə qayıtmışdı ki, küçədə bülbül cəh-cəhinə oxşayan fit səsi eşidildi. Qulaqlarına inanmadı. Ürəyi həyəcanla döyündü. «Bu, Kişmişdir!» – deyə sevinclə fikrindən keçdi. Bir an sonra fit səsi təkrar olunanda heç bir şübhəsi qalmadı. Bir göz qırpımında bayıra çıxdı: lakin kimsə yox idi. Birdən qonşu tindən pıçıltı səsi eşidildi. Tez həyətə düşüb, çəpərin arxasında gizləndi. Bir azdan qol-qola gələn iki qaraltı onların qapılarına çatdı.

– Yasəmənlər hardandır? – qız soruşdu.

– Fatma xalanın bağını yoluşdurmuşam. – Bunu deyən oğlan Kişmiş idi. Onun səsini o saat tanıdı.

– Qorxmadın?

– Yox, təcrübəm var. Məktəbdə oxuyanda bir dəfə bu bağı qarət eləmişəm. Bir qızdan ötrü.

– Qısqanıram ha! Bir də belə şeylər demə, – qızın səsi titrədi.

– O, mənim ilk məhəbbətim idi. Daşa dəyən ilk məhəbbətim. Sən isə son məhəbbətimsən. Yasəmən qoxulu sevdamsan. Ömrüm boyu məni yaşadacaq sevdam.

Onlar üz-üzə dayandılar. Səssiz keçən bir neçə dəqiqə sanki Kişmişin sözlərinin təsdiqiydi.

– Gedək, birdən evdən axtararlar məni, – deyə qız həyəcanla dilləndi.

Qonşunun həyətinin tuşundan keçəndə işıqda arxalarınca baxanda bu ucaboy, yaraşıqlı oğlanın bir vaxtlar sısqa, qaraşın olduğuna görə Kişmiş çağrılan İlham olduğuna inana bilmədi… Mehriban «toyunda barışarıq», – deyib özünə təskinlik verdi…

199 ₽
Возрастное ограничение:
6+
Дата выхода на Литрес:
21 декабря 2021
Дата написания:
2018
Объем:
250 стр. 1 иллюстрация
Редактор:
Правообладатель:
Автор
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Новинка
Черновик
4,9
177