Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «General Polad Həşimov xatirələrdə», страница 2

Коллектив авторов
Шрифт:

Söhbətləşdi: Şəmil Sadiq, Səbuhi Şahmursoy

“GÖR, NƏ DEYİRƏM…”

Kəmalə Həşimova

Polad Həşimovun bacısı

– Polad necə qardaş olub?

– Poladla biz on yeddi il birlikdə yaşamışıq. Hər ikimiz hiperaktiv uşaqlar idik. Mən yaşca ondan iki yaş böyük olmuşam. Davamız, söhbətimiz – hər şeyimiz onunla birlikdə olub. Poladla mənim söhbətim yaxşı tuturdu. Böyük bacımla qardaşım sakit idilər, bizsə yox. O, inadcıl uşaqdı, amma ürəyi yumşaq idi. Onunla şahmat oynayırdım: uduzanda çox əsəbiləşir, fiqurları dağıdırdı. Sonra dağıtdığı fiqurları səbirlə toplayır, bir azdan yenə gəlirdi ki, gəl, oynayaq. Bir də çox yaxşı nərd oynayardı. Ard-arda uduzanda kefi pozulur, nərdi qultuğuna vurub həyətə düşürdü ki, başqa adamlarla oynasın, onları udsun. Uduzmağı sevməzdi, gərək mütləq qalib olaydı. O, kinli deyildi, ürəyinin təmizliyindən həmişə əziyyət çəkirdi.

– Polad bəy hansı kitabları oxuyardı?

– Müxtəlif cür kitabları oxuyurdu. Riyaziyyatı yaxşı bilirdi, hətta Sumqayıtda olimpiadada ikinci yeri tutmuşdu. İngilis dilini də yaxşı bilirdi. Bədii kitabları xüsusi zövqlə oxuyurdu. Evimizdə çoxlu kitab vardı: onları oxuyub bitirəndən sonra, yaxınlığımızda yerləşən kitabxanaya gedir, ordan kitablar alıb gətirirdi. Xatırlayıram ki, Rafaello Covanyolinin “Spartak” kitabını oxuyub bitirəndən sonra haqqında həvəslə danışırdı. Tarixi roman oxumağı sevirdi. O hər şeyə vaxt tapırdı: həyətə düşüb futbol oynayırdı, karateyə gedirdi və s.

– Qısqanclıq mövzusunda necə idi?

– Qəti qısqanc deyildi. O çox namuslu oğlan idi: özündə heç bir pis niyyət olmadığı üçün, hamını özü kimi bilirdi. Hətta bizim evə mənim rəfiqələrim gələndə o, evdən çıxıb gedərdi ki, biz rahat oturaq. Polad hər şeyin yaxşısını sevirdi – yeməyin də, geyimin də. Bir gün işdən evə gələndə mənim əynimdəki paltar onun xoşuna gəlməmişdi. Mənə dedi ki, gedək, sənə paltar alaq. Dedim, paltarım var, sadəcə bu, ev paltarıdır deyə belədir. O, qəşəng, səliqəli görünməyə önəm verirdi. Rəqs etməyi sevmirdi. Artıq-əskik hərəkətlərlə də arası yox idi. Polad çox yumşaqqəlbli adam idi və bundan çoxları istifadə edirdi. O, insanlara güvənirdi, amma bilirsiniz ki, adamın sinirlərinin də bir həddi var: Polad o həddə çatanda sakitcə çıxıb-gedirdi.

– Məktublaşırdınızmı?

– Yox, bir-birimizə məktub yazmamışıq. Gənclikdə birlikdə yazı yazardıq, sonra bir-birimizin yazısını müqayisə edərdik ki, görək, kim yaxşı yazıb. Onun yazısı həmişə səliqəli alınırdı – qəşəng yazırdı.

– Məktəb vaxtına aid xatirə dəftəri varmı?

– Özünə aid yox idi, amma bəlkə də, qız sinif yoldaşlarında qalmış olar. O, fotoaparatla şəkil çəkməyi xoşlayırdı. Kəndə gedəndə babama kömək edərdi, odun doğrayardı, hər kəsə kömək edərdi.

– Evlənmə prosesindən bəhs edin, zəhmət olmasa.

– Poladın 28 yaşı olanda atam xəstəydi. Hər kəs Poladı evləndirməli olduğumuzu deyirdi. Anam onunla danışdı ki, bəlkə, istədiyi ola. Polad onda da zarafatından qalmadı: “Dağın başında qız var ki, istədiyim də olsun?” Anam dedi ki, sənə qız tapaq, o da dedi, özünüz bilərsiniz. Anam kənddən qız tapdı, mən də gedib gördüm, sonra da Poladı aparıb görüşdürdük. Yəni çox uzun müddətli tanışlıq olmadı: bir dəfə görüşdülər, sonra toy oldu. 2003-cü ilin 6 sentyabrında evləndilər.

– Uşaqları ilə münasibəti necə idi?

– Uşaqlarını çox istəyirdi. Ümumiyyətlə, uşaqları çox sevirdi. Bacımın qızı balaca olanda onu başının üstündə gəzdirirdi. Uşaqlara qarşı çox həssas idi, amma ərköyünləşdirməzdi.

– Sizə qarşı işlətdiyi ən sevdiyi söz hansı idi?

– Maraqlıdır, mənə həmişə müraciət edəndə deyərdi ki, “gör, nə deyirəm”, yəni adımla nadirən müraciət edərdi, elə “gör, nə deyirəm”lə işi yola verərdi.

– Sizin ixtisasınız nə olub?

– Mən BDU-da meteorologiya ixtisasını bitirmişəm.

– Poladla bağlı elə bir xatirə varmı ki, yadınıza düşəndə istər-istəməz gülümsəyəsiniz?

– Deməli, mən məktəbə gedəndə iki qardaşım uşaq bağçasına gedirdi. Anam işdə olurdu deyə onları bağçadan mən götürürdüm. Bir gün gedəndə gördüm ki, Poladla İlham əl-ələ verib gəlirlər. Əyin-başları da səliqəsiz. Dedim, hara gedirsiz? Polad da dedi ki, mən bağçadan qaçmışam, ora getmək istəmirəm. İlhamı orada tək qoymasın deyə, onu da özüylə qaçırmışdı. Hər dəfə bu hadisə yadıma düşəndə gülümsəyirəm. Polad uşaqlıqda da cəsur olub.

Bizim uşaq vaxtı dəcəlliklərimiz çox olub. Bir dəfə Poladla mən dalaşanda o, əlindəki topu mənə atarkən mətbəxin qapısına dəydi və aynası sındı. Biz qorxub susduq, dava etməyimiz yadımızdan çıxdı. Sonra Polad balaca əllərilə o şüşələri təmizləməyə başladı. Anamızdan qorxduğumuz üçün bu haqda heç nə demədik. Polad şüşələri elə təmiz yığmışdı ki, anam pəncərədə şüşə olmadığını fərq etməmişdi. Yalnız bir ay sonra şüşələri siləndə bilmişdi.

Yadımdadır onun bir adəti vardı – dırnaqlarını yeyirdi. Atam da bunun qarşısını almaq üçün onun barmaqlarına “brilyant suyu” maddəsi sürtmüşdü. O da buna məhəl qoymadan barmaqlarını yeməyə davam edirdi.

– Sirlərini ən çox kimə danışırdı?

– Sirlərini ən çox mənimlə bölüşürdü. Çox yaxın idik, mənimlə dərdləşərdi. Amma hərbi sirri heç kimə deməzdi. Bilirdim ki, onun işi çox ağırdır, amma bu haqda bir kəlmə də şikayət etməzdi.

– Bəs həyatdan şikayətləri vardımı?

– Yox, qətiyyən şikayət etməzdi. Həyatdan zövq alırdı. O qədər əziyyətin qabağında yenə öz qaydaları ilə yaşamağı bacarırdı.

Yadıma gəlir ki, uşaq vaxtı çox qaçırdı: məktəbdə bu sinifdən o biri sinfə də qaçaraq gedirdi. Buna görə, həmişə paltarı dağınıq olurdu, köynəyi şalvarından çıxıb tökülürdü. Bəzən onun paltarlarını müəllimləri düzəldirdi. O, yaxşı oxuduğu üçün müəllimləri tərəfindən sevilirdi, dəcəlliklərinə göz yumurdular. Onun ruhunda azadlıq vardı, haqsız qərarlara tabe olmağı sevmirdi.

– Bir bacı olaraq Poladın yoxluğu sizə necə təsir edir??

– Çox ağır… İndi xatirələri gülümsəyərək danışıram, çünki xatirələrdə Polad mənimlədir, amma hər gecə yatarkən düşünəndə ki o artıq yoxdur, beynim sanki cərəyan keçirir, elə bilirəm, haradadırsa, indi yenə gələcək. Onsuz da gec-gec gəlirdi, telefonla danışırdıq. İndi onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Yadıma düşəndə ki onu bir də heç vaxt görməyəcəm… Çox ağırdır… Bilmirəm…

– O, söhbətlərində bu mövzuda nəsə danışırdımı?

– Danışırdı. “Şəhid olacam” demirdi, amma biz ona “Ehtiyatlı ol” deyəndə, “Vətən uğrunda o ölməsin, bu ölməsin, bəs kim ölsün?” kimi ifadələr işlədirdi. Sizə tam səmimi deyirəm: onun ölümü ilə bu vətən, bu ordu çox şey itirdi. Polad general vəzifəsinə öz əməyi ilə, öz əziyyəti ilə gəlmişdi. Çox təəssüf…

– Siz onu heç yuxuda görürsünüzmü?

– Yox, hələ görməmişəm. O gün bacım görüb yuxuda. Mən onun yoxluğu ilə barışa bilmirəm. Belə insanları itirmək adama təsir edir. Çox arzuları vardı, hamısı yarımçıq qaldı. Sanki bir ulduz söndü. İnanın, qardaşım olduğu üçün demirəm: Polad adi adam deyildi – seçilmiş insan idi.

– Polad Həşimov bizim üçün bir qəhrəmandır, generaldır. Amma siz bacısısınız, o sizin canınızın bir parçasıdır. Onun şəhidlik zirvəsinə ucalması acınızı az da olsa, azaldırmı?

– Bu, şərəfli ölümdür. Vətənpərvər hərbçilər xidmətə gedəndə kəfənini boynuna alıb gedirlər. Amma şəhid olsa da, qardaş itirmək bacı üçün həmişə ağırdır. Hərdən düşünürəm ki, onun pis hərəkətini yadıma salım, bəlkə, yanğım sönə, bir az sakitləşəm… Amma yadıma düşmür, Poladla bağlı pis heç nə xatırlaya bilmirəm.

Söhbətləşdi: Şəmil Sadiq, Səbuhi Şahmursoy

“SEVİRDİ ÇƏTİNLİYİ”

İlham Həşimov

Polad Həşimovun qardaşı

– Ananızın da təsdiq etdiyinə görə, Poladın tərbiyəsində babasının böyük rolu olub. Bir az o mühitdən danışaq.

– Əvvəlcə onu deyim ki, Qəbələnin Vəndam kəndində 33 hektarlıq qəbiristanlıq vardı: oradakıların hamısı qocalıb ölənlər deyildi – xəstəliklərdən, duz çatışmazlığından vəfat edənlər, döyüşdə ölənlər də vardı. Bir də bizim kəndin girəcəyində “Girvə düzü” deyilən yer var, vaxtilə – XX əsrin əvvəllərində ora döyüş meydanı olub. Biz uşaq vaxtı oynayaraq gedib oralara çıxırdıq. Orada “Xan yolu” deyilən yol da var, ümumiyyətlə, oraların hamısı tarixi yerlərdir. Bu kimi yerləri babamın təqdimatında tanımışıq. O tarixçələr uşaq beynimizə güclü təsir edirdi. Biz, demək olar ki, oraların tarixi söhbətlərilə böyümüşük. Mikayıl babam ustaydı, “Quran” oxuyurdu, 1941-1945-ci illər müharibəsinin iştirakçısıydı: o bizim üçün məktəb olub. Babam təhsilsiz olub, amma iki dil bilirdi – rus və ərəb dillərini. Vaxtilə molla təhsili almışdı.

Haqlısınız, bizim tərbiyəmizdə babamızın böyük rolu olub. Biz həmişə rayona, kəndə sevinə-sevinə getmişik. Babam bizə həm ata, həm baba olub. Onun yanında özümüzü arxayın hiss etmişik. Bizə müharibə xatirələrini danışardı. Bu yaxınlarda babamın sandığına baxırdım, oradan onun müharibədə yaralanmasına dair arayış tapdım. Ümumiyyətlə, onun vaxtilə danışdıqlarının sübutuna zaman-zaman rast gəlmişəm. Həmişə deyirdi ki, bizə heç kim ağa olmayıb, biz də heç kimin qulu olmamışıq. Atam da həmişə bunu bizə misal göstərirdi.

– Atanızgil neçə qardaşdır?

– Atamgil üç qardaş olub, bir ögey qardaşları da var. Həmin əmimin iki oğlu Qarabağda müharibədə olub, əmim özü də cəbhə bölgəsində “Təcili yardım” maşını sürüb. O uşaq da babamızın tərbiyəsi ilə böyüyüb.

– Həmişə ata babanızdan danışırsınız, bəs ana babanız yadınızda qalıbmı?

– Mən ana babamı görməmişəm. Deyəsən, bacılarım görüb. Anamızın anasını görmüşəm, amma atasını yox.

– Qısa şəcərənizi bilməmiş olmazsınız…

– Atamızın adı İsrayıl, onun atası Mikayıl, onun atası Qurban, onun da atası Həşim olub.

– Mikayıl babanızla bağlı başqa nə xatırlayırsınız?

– Babam həmişə bizə ovdan danışırdı. Onun silahı vardı, həmişə kənardan durub ona baxırdıq. Bir gün mən o silahı əlimə alanda babam əsəbiləşdi və mənə izah etdi ki, heç vaxt silahı yoldaşına doğrultma, içinin boş olduğunu bilsən də. Ov haqqında söhbət edərkən ovun halallığından danışırdı, deyirdi: “Meşədəki heyvanı Allah yaradıb ki, biz ac qalmayaq. Amma onu ovlayıb satışa çıxarmaq haramdır. Aclıq vaxtı biz növbəylə ova gedirdik. Ovdan gətirdiklərimizi qonşularla paylaşardıq”.

– Uşaq bağçasına Poladla getdiyiniz illəri xatırlayırsınızmı?

– 1980-ci illərin əvvəlləri… Bizim aramızda iki yaş fərqi var, bağçaya da bir yerdə getmişik, eyni məktəbdə oxumuşuq. Onun doğum yeri Qəbələdir. Sonra ailəmiz Sumqayıta köçüb, mən Sumqayıtda doğulmuşam.

– Sumqayıtda neçə nömrəli məktəbdə oxumusunuz?

1982-ci ildə məktəbə gedib Polad. Əvvəllər bizim yaşadığımız qəsəbədə məktəb yox idi. Sonra buraya köçmüşük və 77 nömrəli məktəbdə oxumuşuq. Bu mikrorayonda cəmi bir bağça var idi. Sonra onuncu mikrorayonda yerləşən 28 nömrəli məktəbdə birinci sinfə getmişik. Polad orada dörd il oxuyub, mən üç il oxumuşam. Sonra bizim mikrorayonda 33 nömrəli məktəb tikilib. Köçüb gəlmişik bura, üçümüz də. Böyük bacım buraxılış sinfi olduğu üçün o məktəbdə qaldı, biz üçümüz bura gəldik. Sonra 33 nömrəli məktəb işləyə-işləyə 34 nömrəli məktəb tikildi və sıxlıq olmasın deyə, uşaqların yarısını ora köçürdülər. Beləliklə, biz xeyli məktəb dəyişmişik.

– Məktəbə bir yerdə gedib-gəlirdiniz, yoxsa valideynləriniz aparıb-gətirirdi?

Birlikdə gedib-gəlirdik. Poladın birinci sinfə getməyi yadıma gəlmir, çünki onda mən bağçaya gedirdim.

– Mən üç bilirdim, deməli, dörd uşaqsınız?

– Hə, dörd uşağıq. Böyüklər bacılarımdır, sonra biz – iki qardaş. O vaxt indiki kimi deyildi, biz birinci sinfə gedəndə bir neçə dəfə aparırdılar məktəbə, yolu tanıyırdıq, özümüz gedib-gəlirdik. Sonra növbə dəyişikliyi olurdu, bəzən o gedəndə mən gəlirdim, mən gedəndə o gəlirdi. Kimin ağlına gələrdi ki, o, bu boyda tarix qoyub gedəcək…

– “Polad Həşimovun uşaqlığı” deyəndə… Onu uşaq kimi necə yadınızda saxlamısınız, necə xatırlayırsınız?

– Uşaq vaxtı əyləncələri çox idi. Ovaxtkı uşaqların əksəriyyəti yaradıcı olurdu. Özlərinə “samokat” düzəldirdilər. İndikilərə desən, belə bir şey düzəlt, durub baxa-baxa qalacaqlar. Poladın da özünə düzəltdiyi belə şeyləri çox olurdu.

– O zaman Poladın ən sevimli əşyası nə idi?

– O vaxt oğlan uşaqlarının əsas oyuncağı silah olardı. Onun da silaha marağı güclü idi. Sonra çox şeyə həvəsi, marağı olub. Məsələn, mən idmana getməmişəm, amma o gedib. Yüngül atletikaya gedib, qaçışa gedib, fotoya, foto çəkməyə marağı olub. Çox peşəni seçdi, dəyişdi… Yaradıcılığa marağı vardı. O zamanlar yaradıcılıq mərkəzləri olurdu, Polad da onlara qoşulurdu. Hamısını seçdi, sınadı, sonda hərbçi oldu.

– Ali təhsilini də hərb üzrə alıb?

– Hə, ali hərbi təhsili vardı.

– Yeri gəlmişkən soruşum: atanızın ixtisası nə idi?

– Atam metallurgiya mühəndisi olub.

– Poladın dava-dalaşla arası necə idi?

– O zamanlar dava etməyən adam az olurdu… Bu, onun hərbi məktəbdə oxuyan vaxtlarıdır, kursantdır (şəkilləri göstərir). Onlar döyüş bölgəsinə gedib-gəlirdilər. O dövrdə altdan qalın köynək geyinməyə icazə verilmirdi, bunlar geyinirdi, bığ saxlamağa qoymurdular, bunlar saxlayırdı.

– Sərbəstliyə meyilli adam olub, deyəsən?

– Sərbəst qərar verən adam idi. Düzgün bildiyini edərdi.

– Şəkil çəkdirməklə arası necə idi?

– Ən çox özü şəkil çəkməyi sevirdi.

– Yaradıcılığı olan insan istedadını harda olur-olsun, istifadə edir.

– Bildiyin şey heç vaxt sənə ziyan etməz, nə vaxtsa köməyinə çata bilər. Başın içində olan şey adama yük olmur.

– O vaxtlar Sumqayıt mühiti bir az qarışıq idi…

– Naxələflərlə birlikdə böyümüşük, ruslarla, azsaylı millətlərlə qonşu olmuşuq. Düzdür, o vaxtlar mehribanlıq idi, amma Allah onların üzünü qara eləsin. Bizi heç kimə qarşı düşmən kimi böyütməyiblər. O vaxt bizim binada 70 ailə vardı, üç şəhid vermişdilər. 1990-cı illər müharibəsində döyüşən uşaqlar çox olub.

– Aranızda olan maraqlı hadisələrdən danışın, lap aranızdakı davadan da danışa bilərsiniz.

– Mən sonbeşik olmuşam, sonbeşiklərə həmişə güzəştlər olur. Amma bir şey də var ki, nəsə xəta edən vaxtlarımızda onu valideynlərim danlayanda mən artıq öz payımı alırdım. Bəzən olurdu ki, o məni qoruyurdu. Mənim də səhvlərim olurdu. Biz valideyn tərəfindən çox şiddət görməmişik. Bu özünü onun əsgərlərə qarşı münasibətində də göstərib.

Bizim aramızda iki yaş fərq olub deyə, bağçada ayrı qruplarda otururduq. Bir dəfə bağçada həyətə çıxanda günorta vaxtı Polad məni götürüb qaçırmışdı. Düzdür, qaçdığımız yer evimiz idi, amma o vaxt bağça evimizdən çox uzaqda yerləşirdi. O zaman valideynlərimizin hər ikisi işdə idi və biz gəlib evə girə bilməmiş, həyətdə gözləməli olmuşduq. Uşaq vaxtı bütün həyətin uşaqları yığışıb icazəsiz dənizə gedirdik.

– Üzməklə arası necə idi?

– Üzməyi bizə atamız öyrədib. Özü dənizə girə bilmirdi, mədəsi xəstə idi, amma bizə üzməyi öyrədirdi. Bizim kənddə çay vardı. Uşaqlar özləri göl düzəltmişdilər. O, 17 yaşından sonra nə kəndə, nə də bura çox gəlib. Məktəb dövründə də 28 nömrəli məktəbdə qaçış, yüngül atletikaya gedib. O vaxtlar məktəbin özündə təşkil edirdilər… futbol kursları vardı. Polad da getmişdi ora. Sonra məktəbdə yaradıcılıq kursuna gedəndə üç nəfər, bir də müəllimləri dəzgah düzəltmişdilər. Buna görə onlara qulaqlıq hədiyyə etmişdilər. O qulaqlıq hələ də durur.

– Atanızla necə, dost münasibəti vardımı?

– Atam öz atasıyla necə olubsa, bizlə də elə münasibətdə olub. Yəni bizimlə həmişə yaxşı davranıb.

– Atanız nəvaxt rəhmətə gedib?

– 2005-ci ildə. O vaxtlar onunla əlaqə yaratmaq çox çətin idi, hərbi xətt vasitəsilə Polada atasının rəhmətə getdiyini xəbər vermişdik. Gözləmişik, o gəlib, sonra atamızı aparıb rayonda dəfn etmişik.

– Nəsildə Poladdan başqa hərbçi varmı?

– Hərbçi əmimoğlu olub, xidmətə yeni başlayanda rəhmətə gedib. Başqa əmim oğlanları da olub. Onlar bir az ögey idilər. Onları babam saxlayıb, böyüdüb, özününkülərdən qabaq onları düşünüb həmişə. Babam bizi milli əxlaqla böyüdüb. Həmişə bizə deyərdi ki, haqqınızı heç kimə yedirtməyin, heç kimin də haqqını yeməyin. Mən bunu Poladın xidmətində görmüşəm. O da haqqını yedirtməyib və heç vaxt heç kimin haqqını yeməyib.

– Hərbçi olmaq öz istəyi idi, yoxsa?

– Özü istədi. O dövrdə əvvəl hərbçiliyə sənəd verilirdi, sonra başqa ixtisaslara. Polad da lap əvvəldən sənədlərini hazırlayıb qoymuşdu ki, hərbiyə verəcəm. Savadı da imkan verirdi ki, istədiyi məktəbə girsin. Tarix, fizika, kimya ilə maraqlanırdı.

– Oxuduğu kitablardan yadınızda qalıbmı?

– Polad tarixi çox sevirdi. Yadımdadır ki, Ziya Bünyadovun kitabını almışdı. Çox kitab oxuyurdu, oxumaqda həvəsdən düşmürdü. “Xəmsə”ni oxuduğunu xatırlayıram, “Quran”ı da azərbaycanca oxumuşdu.

– Belə görürəm ki, Poladın mal-dövlətə, pula, rahatlığa heç vaxt marağı olmayıb…

– Onda belə bir xüsusiyyət vardı, çətinliyi görürdü, amma rahatlıq yaratmağa can atmırdı. Elə bil, sevirdi çətinliyi.

– Azərbaycanda yaşadığımız üçün bilirik də, nəsə bir işimiz olanda qohum-qardaş, dost-tanış axtarırıq. Bəs sizdə olubmu ki, kim üçünsə ona ağız açmısınız? Bu zaman onun reaksiyası, ifadə tərzi necə olub?

– Bir dəfə istəmişəm, onda da peşman olmuşam. Bir sinif yoldaşım vardı, ondan ötrü Poladın yanına getmişdim. O uşağın məktəb vaxtından qulağında eşitməklə bağlı problem vardı. Əsgər yoldaşları onu ələ salırdılar, inanmırdılar ki, həqiqətən, elədir, elə bilirdilər, bunu qəsdən edir. Ondan ötrü vəziyyəti izah etmək üçün onun yanına getdim. Polad həmişə belə əsgərlərə xüsusi diqqət ayırırdı. Mən bəzən öz-özümə deyirdim ki, bu necə yorulmur orda. Bu insan əsgərlərlə birgə səngərdə yatıb, qar suyu əridib içib… Polad həmin uşağı özü ilə briqadaya gətirmişdi ki, yuxarıda ona çətin olmasın. Polad orada hər zaman əsgərlərinə diqqət ayırırdı, hər kəsə eyni münasibət göstərməyə çalışırdı. Bunu mənə də xatırlatdı.

– Söhbət yayıldı ki, belə bir generalın yetişməsi Türkiyə təhsilinin nəticəsidir. Mən bununla razı deyiləm, məncə, bu, ailəylə bağlı şeydir. Siz buna necə baxırsınız?

– Əvvəlcə tərbiyə ailədən gəlir, bundan əlavə, o, çox şeylə maraqlanırdı. Polad Türkiyəyə gedənə qədər burada təhsil alıb, burada müharibə görmüşdü. Birinci dəfə Ağdam istiqamətində gedən döyüşlərdə yoldaşlarından biri şəhid olmuşdu.

O, Türkiyəyə kursa gedib, gələndən sonra oranı çox tərifləyirdi. Polad hər dəfə ora gedəndə gördüyü yeniliklərlə maraqlanır, bizə çoxlu, müxtəlif qalın kitablar göndərirdi ki, bunları kopyalayıb saxlayın. Müxtəlif ixtisaslar üzrə kurslara gedirdi. O, üç ay Türkiyədə oxudu, qayıdanda leytenant oldu. Həmin dövrdə hamı gedə bilməmişdi, zabit çatışmazlığı ucbatından qayıtmışdılar. Polad Türkiyədə oxuduğu müddətdə paralel olaraq buradakı hərbi məktəbdə keçilən kitabları da alır, surətini çıxartdırıb özü üçün saxlayırdı. Bəlkə də, o, əsgərə sevgini Türkiyə təhsilindən götürüb, amma silah işlətməklə bağlı bacarıqlarını buranın təhsilindən götürüb. Bundan başqa, rus hərbi sisteminə də bələd idi. Hər dəfə Türkiyədən gələndə buradakı vəziyyəti görəndə çox əsəbiləşirdi. İstəyirdi ki, orada gördüyü yaxşı şeylər burada da olsun. Hər dəfə gələndə maaşı imkan verdiyi qədər əsgərlər üçün diş məcunu, fırça alardı. O, Türkiyənin döyüş bölgələri ilə də maraqlanırdı.

– Bəs orduda döyüş ərəfələrində necə, bir şeylər danışırdımı sizə?

– Döyüşdən danışan deyildi, hərbi sirr necə qorunmalıdısa, o da elə edirdi – danışmazdı. Daşkəsəndə bir post almışdı, yoldaşları bilirlər. Azərbaycanın istehsal etdiyi silah yeni çıxan vaxtlar idi. Polad bunu götürüb çıxıb yuxarı, sınaqdan keçirmək üçün düşmənin mövqeyinə atıb. Deyirdi ki, çox yaxşı silahdır, gücü çoxdur. Sonralar bu işdən ötrü onu çox incitdilər, çox başı ağrıdı buna görə. Amma yenə də geri çəkilmədi, düzgün bildiyi şeyi etdi. Sadəcə, ona dəstək lazım idi. Amma o, heç vaxt mənə deməyib ki, erməni vurmuşam, öldürmüşəm. Babam da o vaxt bizə çox şey danışardı müharibədən, o da belə şeyləri dilinə gətirməzdi: “kimisə vurdum, başını kəsdim, filan” – belə şeylərlə fəxr etməzdi. İnsani hissləri vardı.

82,61 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
160 стр. 1 иллюстрация
ISBN:
978-995-256-616-1
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают

Новинка
Черновик
4,9
161