promo_banner

Реклама

Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Toy gecəsi», страница 6

Шрифт:

«QAYTAR MƏKTUBLARIMI»

Toran təzəcə qovuşmuşdu. İşdən həmişəki kimi yorğun qayıtmış Söynalı kişi dəmirləri çıxmış, ortası çökmüş divanda oturub ayaqlarını ilıq suya sallamışdı. Söynalı cavanlıqdan buna adət eləmişdi. İşdən qayıdan kimi ayaqlarını ilıq suya qoyar, bununla da gündüzün yorğunluğunu canından çıxarardı.

Küçədən maşın səsi gəldi. İt hürə-hürə darvazaya tərəf cumdu. Sonra səs eşidildi:

– Söynalı, ay Söynalı!

Gülbuta dəhlizə çıxdı.

– Kimsən, ay çağıran?

– Qızım, mənəm, sədrin şoferidir, dədənə de, bir bəri dursun.

Gülbuta içəri keçib sədrin onu çağırdığını atasına dedi. Söynalı ürəyində «xeyir, ola», deyib, ayaqlarını quruladı, uzunboğaz çəkməsimi geydi, pencəyini çiyninə atıb çubuğunu doldura-doldura darvazaya sarı getdi. İt yenə hürdü. Söynalı itə təpindi:

– Rədd ol, quduz dəymiş!

Darvazanın kiçik gözünü açdı, başını əyib küçəyə çıxdı. Sədrin maşını küçədə dayanmışdı. İrəli yeriyib sədrə salam verdi.

– Bə burda niyə durmusunuz? İçəri keçsəniz! Sədr, başın üçün Qaratel bir çığırtma bişirib, barmağının beşini də yala. Hələ desən, tut arağım da var.

Sədr nəşəli halda:

– Nə vaxtdan araqbaz olmusan, ay Söynalı? – soruşdu.

– Qarakənddən Levon kirvəm gəlmişdi, o gətirib, mən də saxladım qonaq-qara üçün. Düş, düş bəri gəl, sən canın.

– Üz vurma, düşən deyiləm. Doqquza heyət çağırmışam. Elə belə yolüstü dedim sənə dəyim. Bir balaca söhbətim var səninlə. – Sədr şoferə tərəf dönüb əlavə elədi: – Sən düş get idarəyə, maşını mən özüm gətirərəm.

Şofer «baş üstə» deyib uzaqlaşdı. Sədr sükanın arxasına keçib Söynalını yanında oturtdu. Söynalı ilk dəfəydi sədrin maşınına minirdi. Sədr ani sükutdan sonra:

– Deyirəm, sən də ağıllı bir kişisən, bu ferma batır, axı. Müdirdən ağlım heç nə kəsmir, ölüvayın biridir. İşləri tamam korlayıb.

Söynalı ürəyindən keçəni dilinə gətirmədi: «Neyniyim batır? Öz kadrındı də, filan qədər alıb qoymusan, özün də çək dərdini».

– Səndən söz soruşuram, axı, niyə dinmirsən?

Söynalı bilmədi nə cavab versin.

– Nə deyim, özün bilən məsləhətdir.

Sədr bir siqaret yandırıb sümürdü.

– Görünür, özüm bilən məsləhət deyil ki, səndən soruşuram də, gənəşikli don gen olar, deyiblər, istədim bir sənin də fikrini biləm. Neçə ildir çobanlıq eliyirsən.

İşin içindəsən, fermanın cikini də bilirsən, bikini də. Səncə fermanı kimə tapşırsaq yaxşıdır?

Söynalı yenə çiynini çəkdi, bayaqkı sözlərini təkrar elədi:

– Nə deyim, vallah…

Sədr siqaretini sümürüb yerə tulladı. Söynalıya tərəf döndü.

– İndi ki, sən demirsən, qoy mən deyim. İstəyirəm, səni müdir qoyum fermaya, ağlın nə kəsir?

Söynalı sədrin bu gözlənilməz təklifinə birdən-birə cavab verə bilmədi. Nəinki cavab verə bilmədi, həm də çaşdı. Həftələrlə ev üzü görməyən, obaşdan qoyun sürüsünü örüşə aparıb gün batandan sonra arxaca qaytaran Söynalı kəndin vəziyyətindən o qədər hali olmasa da, fermaya bələd idi. Ferma müdirini də, çobanları da, zootexniki də yaxşı tanıyırdı. Səhərin alatoranında qoyunu yaylıma aparanda sürüyə ötəri nəzər salan kimi bilərdi ki, gecə sürüyə dəyən olub, ya yox. Bilən kimi də baş çobana eşitdirərdi: «Qarabağı qaraqoç yoxdu, ha», Baş çoban da deyərdi: «Narahat olma, gecə sədr apartdırdı», ya da «Vacib yerə göndərdik».

Söynalı başını bulaya-bulaya çomağını fırlayıb sürünü haylar, «Mənə nə var, aparan yerini də düzəldər», – deyə özünə təskinlik verib fermadan uzaqlaşardı. Söynalı bircə şeyə arxayın idi. Doğrudan da özləri üç-üç, beş-beş apardıqları qoyunların hesabını itirməz, dəftər-kitabını qaydalaşdırardılar. Söynalı bütün bunların necə qaydalaşdırıldığından da xəbərdar idi. Bunun bir neçə yolu var idi: davaq aktı, zəhərlənmə aktı – bu bir. Yəni üç-dörd adam bir yerə toplaşıb akt bağlayıb qol qoyurdular ki, filan qədər qoyun o söz… Bu aktların bircə çətinliyi dəri məsələsi ilə əlaqədar idi ki, bu da düzəlirdi. Bazarın qəssablarının canı sağ olsun. Neçə dəri istəyirsən – onlarda!

İkinci yol əkiz quzuların, üçəmlərin hesaba salınmaması idi. Bundan fələk də baş açmazdı. Qoyunun dili yox, ağzı yox, mələyib deməyəcəkdi ki, mən birini yox, ikisini, üçünü doğmuşam. Sayı düz gəlsin, vəssalam.

Üçüncü yol isə qoçların, şaqqalıların toğlu-moğlu ilə, quzularla əvəz edilməsi yolu idi. Bir də görürdün 50-60 kiloluq qoçlar, quyruğu yer süpürən qoyunlar bir gecədə yox olub, hesabı arıq-tırıq quzularla, ortası ortasından keçən qoyunlarla düzəldilib.

Bəli, bütün bunları yaxşı bilirdi və onu da bilirdi ki, ferma müdiri sədrin öz adamıdır, sağ əlidir. «Kişinin qonağı gəlib», «Kişi sifariş eləyib», «Kişi rayona göndərəcək» kimi sözlər müdirin dilinin əzbəri idi. Bəs bütün bunlarla belə sədrin bu təklifinin mənası nə idi, bu nə gələk idi ki, sədr Söynalının başına açırdı?!

Sədr dözmədi:

– Nə dərin fikrə getdin, ay Söynalı? Yoxsa, elə bilirsən fermaya müdir tapılmır? Vallah ətək-ətək maya qoyanlar var.

Söynalı sönmüş çubuğuna dərin bir qullab vurub kənara çırt atdı və dedi:

– Ay sədr, xətrinə dəyməsin, elə belə eliyirsiniz ki, xiyar əyri bitir də, beşinci sinfi gücnən bitirmiş Söynalıdan müdir olar? Bacarmaram, başın üçün.

Sədr ərklə Söynalıya bir dürtmə vurdu.

– Ay səni pir olasan, burda bacarmalı nə var ki? Biz ölmüşük, yoxsa? Yaxşı, düş get fikirləş, mən də bir əməlli-başlı götür-qoy eləyim, sabaha, birisi günə bir mənə dəyərsən.

Söynalı maşından düşdü. Sədr maşını işə salıb başını pəncərədən çıxartdı.

– Qaratel bacıya da məndən salam de, amma söhbət hələlik öz aramızda qalsın ha, nə dil bilsin, nə dodaq.

– Salam göndərən sağ olsun, uşaq ha deyiləm…

Maşın kənd arası yola işıq salıb uzaqlaşdı. Söynalı elə bayaqkı yerindəcə dayanıb kisəsini çıxartdı. Uzun qarağat çubuğundan olan demisini tənbəki qarışıq tütünlə doldurub odladı. Sümürdü. Onu fikir götürmüşdü. «Balam, sədrdən çıxmaz iş. Birdən-birə nə olub, görəsən? Başqa vaxt allahın salamını zorla alan sədr hara, Söynalının doqqazına maşın sürdürmək hara? Onu məsləhətə çağırmaq hara? Ferma kimi yağlı yeri ona təklif eləmək hara? Əvvəla, sözü vardı, məni idarəyə çağırtdıra bilərdi, özü niyə gəlib dalımca? İkincisi, sədr bu vaxta qədər birdən-ikiyə mənimlə məsləhətləşib ki, indi də məsləhətləşsin? Gün hardan doğub, görəsən? Söynalı birdən-birə niyə belə gülməşəkər olub, başbilən olub? Yox, burda bir gələk var. Bəlkə məni müdirliyə itələyir ki, fermanın əyər-əksiyini yıxsın üstümə? Ya da, bilir ki, dilsiz-ağızsızın biriyəm, sonra mənim əlimlə başlasın sökməyə, satıb-sovmağa… Nə bilim, vallah… Gedək çığırtmamızı yeyək görək başımıza nə gəlir…»

Söynalı içəri girən kimi arvadı soruşdu:

– Sədr nə deyirdi, kişi!

– Vallah, heç özüm də başa düşmədim, çığırtmanı çək gətir, görək. Qızım, Gülbuta, sən də Levon kirvənin şüşəsini gətir qoy ortalığa.

Qaratel çımxırdı:

– Nə iştəha çıxarırsan, kişi? Sən nə vaxtdan araq içən olmusan?

– Bu axşam içəcəm, arvad. Deyirlər bu zəhrimarı içəndən sonra adamın başına yaxşı-yaxşı fikirlər gəlir.

– Kişi, vallah sən dəli olmusan.

– Arvad, artıq-uzun eləmə sən babayın goru. Qızım, sənə söz dedim axı, bir parç da ayran gətir.

Söynalı tut arağını qalın stəkana ləbələb doldurub birnəfəsə başına çəkdi. Hovxurdu. Nəfəsindən elə bil alov püskürdü. Tez ayran parçını axırıncı damlasınacan sümürdü, bir balaca özünə gəldi.

– Lənət səni düzəldənə! Bu lap zəhrimarmış ki…

Qaratel əlüstü ərini sancdı:

– Düzəldənə yox, içənə!

Söynalı çığırtmanı iştahla yedi, boşqabın dibini axırıncı loğması ilə sivirib içəri ötürdü. O andaca gözləri süzüldü. Arvadı ərinə baxıb güldü:

– Kişi, yatırsan ki…

– Yox, arvad, yatıb eləmirəm… Yatan sədrdi…

– Dur, dur gir yerinə sən canın, səfehləmə…

Söynalı stuldan ağır-ağır qalxdı, səndirlədi.

– Çox sağ ol, arvad, – dedi, – yamanca dadlı çığırtmaydı, lap sənin özün kimi, – arvadının üstünə yeridi.

Bu vaxtacan atasını belə vəziyyətdə görməyən Gülbuta pərt oldu, Qaratel geri çəkildi.

– Boy. başıma xeyir canıyanmışın çıxartdığı pəstahaya bax, ey!

Söynalı qolunu arvadının boynuna salmaq istədi. Qaratel dəhşətli araq iyi hiss edib başını aşağı əydi, ərini divanın üstünə itələdi:

– Farağat otur, kişi, başına hava gəlib deyəsən.

Elə o andaca fikirləşdi: vay bunu içən kişilərin arvadlarının halına, yazıqlar bu it iyinə necə dözürlər?

Söynalı divana sərildi. Qalxmaq istədi, ayaqları sözünə baxmadı. Mızıldandı:

– Mənim yox, sədrin! Heç bilirsən necə hava gəlib başına? Lap ləzgi-həngi havası… Gözün aydın, arvad, Söynalı da bu gündən kişi oldu qoşuldu kişilərə. Söynalı da bu gündən başladı Levonun arağını içməyə…

Çırtıq çalıb dodaqaltı zümzümə eləmək istədi:

– Qara qoyun dadlı olar, qovurması südlü olar… Ay sənin canınacan sədr, ay sənin çığırtmanacan, Qaratel, ay sənin…

Gülbuta sarısını udmuş halda işarə ilə anasını başa saldı ki, evimiz yıxıldı, deyəsən dədəm dəli olub.

Səsi birdən-birə xıra kəsildi Söynalının. Arvad əl-ayağa düşdü, kənarda dayanıb matdım-matdım atasına baxan Gülbutaya dedi:

Bu bədbəxt öldü, yoxsa?..

Söynalı ha istədi ki, sədrin ona münasibəti barədə fikirləşsin, ha istədi ki, dediklərin xırdalasın, bacarmadı, göz qapaqları qeyri-iradi qapandı, onu dərin yuxu apardı, vahiməli xorultusu otağı başına götürdü.

Qaratel əllərini qoynuna qoyub ərinə baxdı, baxdı, sonra əllərini açıb bütün hisslərini bu sözlərlə bildirdi:

– Aley!.. Səni qara yerə qoyum. Boyuna qəmiş ölçüm…

Bir həftə sonra sədrin belə bir sifarişini fermada ona çatdırdılar: «Axşam evdə olsun, ona qonaq gələcəyik». Söynalı yenə bir şey başa düşmədi. İşdən sonra evinə qayıdıb ayağını ilıq suya qoydu, xoşhallana-xoşhallana Qaratelə dedi:

– Arvad, çaydan-çörəkdən irahla, qonağımız olacaq.

– Nə qonaq, ay kişi, xeyir ola?

– Lənət şərə! Yenə xeyir olar, sədr bizə qonaq gələcək. Qaratel barmağını dişlədi. Qızı məsələni iridən-xırdadan ona bir balaca çıtızmışdı. Sədrin arvadı da onun ağzını aramışdı. Sədrin oğlununsa bir neçə dəfə maşınla tarlaya gəlməsindən, Gülbutanı maşında evlərinə ötürmək istəməsindən xəbərdar idi. «Ağrım onun maşınına da, gicbəsər sifətinə də» deyən Gülbutanın qırımını gördüyü üçün mətləb üstə gəlməmişdi.

Qaratel birbaşa söhbətə girişdi:

– Kişi, – dedi, – o gün də soruşdum, bir söz demədin, sədrin bizə birdən-birə belə mehr salmağı xeyir ola?

– Xeyirdir, arvad, sədr məni ferma müdiri qoymaq istəyir.

Qaratel sevindi:

– Boy, sən canın doğru sözündür? Lap elə özü dedi ki, səni müdir qoyur?

– Yox bir, mən dedim! – Söynalı demini sümürüb çırtatdı:

– Amma qorxuram, arvad. Müdirlik mən girən kol deyil.

Qaratel bir anlığa müdir arvadı olduğunu təsəvvürünə gətirib şənləndi. Budur, Qaratel oturub müdirin maşınında. Şofer ondan soruşur: «Qaratel xanım, – xanım olmaq da bir aləmdir ha! – hara sürüm?» Qaratel də əmr eləyir: «Sürgünən şəhərə. Məni hamamda qoyarsan, özün də gedərsən bazara, yemiş-qarpız alarsan, göy-göyərti alarsan, qənd-çay alarsan gedərik fermaya kişiyə baş çəkməyə. Bir az ətdən, pendirdən, qaymaqdan götürüb qayıdarıq kəndə». Şofer maşını işə salıb ədəblə deyir: Baş üstə, Qaratel xanım. Qaratel ölürdü də bu «xanım» sözündən ötrü. Yanında dəfələrlə müdirin üfürsən yıxılan arvadına «xanım» demişdilər, o, şellənmişdi, Qaratelsə dilxor olmuşdu. Ürəyində də dolandırmışdı: «Mənim nəyim əskikdir bu başacan qılçadan?»

Qaratel bu hisslərin ləzzətinə uyaraq ərini qınadı:

– Məndən qorxursan, kişi? Gözümü açıb səni qoyun-quzu arasında görmüşəm. Bəs deyil? Day nə vaxtacan çoban olassan? Bir gör neçə müdiri yola salıbsan? Onların hansı ağıllı olub səndən? İşi görən sən, kefi çəkən onlar! Elə bilirsən vəzifəyə adamı savada görə, ağıla görə qoyurlar? Hərə öz simsarını axtarıb iş başına gətirir. Gətirir ki, bərk ayaqda dalında dursun, özü vəzifədən getsə də əsabələri, qohum-əqrəbası, dostu-tanışı vəzifədə qalıb ona görüm-baxım eləsinlər, köhnə palan içi tökməsinlər. Onun zir-zibillərini qurdalamasınlar. Başa düşdün?

– Başa düşməyinə düşdüm sən deyənləri. Lap elə tutalım sən deyəndi. Axı mən hardan sədrə simsar oldum, qohum-əqrəba oldum, arxa-dayaq oldum?

Qaratel hesabı içəri verdi: «Doğrudan ey!» Amma yenə də müdir arvadı olmaq ləzzətindən əl çəkmək istəmədi.

– Kişi, sən deyən mənim də ağlıma batır. Bəlkə elə bu bir xoşbəxtlikdir ki, kişinin quşu sənə qonub, şadlığından şitlik eləmə. Kişi dağ kimi duracaq dalında. Atalar deyib, ay mənimnən olsun, ulduzların zadına o söz…

– Elə söhbəti açanda özü də dedi ki, qorxub eləmə, biz ölməmişik ha!

– Da deynən kişinin sözü səhihdir, dayna!

– Arvad, nə deyim, vallah… Ha fikirləşirəm, bir tərəfə çıxarda bilmirəm sədrin bu təklifini.

Ərinin bu sözündən sonra Qarateli də fikir götürdü: «Yaxşı, müdir, qoyur, qoysun. Çağırsın idarəyə, yığsın heyəti, versin əmrini. Day evə qonaq gəlmək nə məsələdir?» Ürəyindən keçəni dilinə gətirməzdən əvvəl – «Gülbuta, bir bax gör samovar qaynadımı?» – deyib Gülbutanı başından eləyəndən sonra. – Kişi, – dedi, – dalağım sancdı, vallah burda başqa söhbət var. Mən biləni sədrin ürəyindən bizim Gülbuta keçir. Amma, bil ha, birdən saqqızını oğurlarlar, onların axtardığı itik bizdə tapılmaz.

Söynalını, elə bil, silkələyib ayıltdılar. Yalnız indi sədrin ona münasibətinin səbəbini başa düşdü. Fikirli-fikirli kisəsini çıxarıb qəlyanını doldurdu, odladı. Sümürdü, tüpürdü, tüpürdü, sümürdü… Hannan-hana mızıldandı:

– Hə, belə de də, rəhmətliyin qızı. Mən də qalmışam fikir yükünün altında mıqqıldaya-mıqqıldaya. Yəqin qız ürəyini açıb sənə?

– Açıb deyəndə ki, elə belə, ucundan-qulağından deyib.

– Arvad, birdən doğrudan da sən deyən oldu. Nə cavab verim onlara? – Söynalı narahatlıqla, yazıq-yazıq soruşdu.

– Nə cavab verəcəksən, kişi? Sənə demədim ki, onların axtardığı itik bizdə tapılmaz?

– Niyə elə deyirsən, Qaratel? Kişinin rayon boyda adı-sanı, hörməti-izzəti. Varını-dövlətini bir hesabdar üç gün şotkaya çəkib qurtara bilməz.

– İndidən sıyılma kişi! Qadam onun varına da, dövlətinə də! Adına da, sanına da!

Söynalı arvadını qınadı:

– Qızışma, sən canın! Zamana arxa zamanasıdır, dayı zamanasıdır, qanırsan, heç? Qoysana biz də bir kişi olub qoşulaq kişi cərgəsinə!

Qaratel qızışdı:

– Qanan canına o yox dədəm qurban! Sənə dedim ki, bizimki onlarnan tutmaz. Xavərin yelinin qabağında çəp kimi fırlanmağa halım yoxdur mənim. Bir də ki, qız daş atır, başını tutur.

– Nə deyir, axı?

– Nə deyəcək? Camaat deyəni deyir.

– Camaat nə deyir, axı?

– Özünü bilməməzliyə vurma, sən canın! Guya heç eşitməmisən o gədə haqqında kənddəki söz-söhbəti?!

– Hə, qandım. Yəqin gədənin qız qaçırmaq məsələsini deyirsən… – Yenə fikir götürdü Söynalını. Güc verdi demisini sümürməyə. – Cavanlıqda hər şey olar, arvad. Cavan oğlandır, beyni qandır, elə şeylər keçib gedər…

– Keçib gedəcək, deyirsən? Bəs elin ağzını yummaq olar? Sümüyümüzü aparıb it sümüyünə calayaq? Gül kimi uşaq böyütmüşük, deyirsən aparıb verək dəmdəməkinin, gicbəsərin birinə?!..

Söynalı hesabı içəri verdi. Qaratel hücuma keçdi:

– Mənciyəz razı deyiləm, özün bilərsən. Sonra peşman olub başına döyəndə deyərəm sənə!.. Bir də köhnə zamandı bəyəm, qızın qolundan tutub verəsən küçədən keçənin birinə?

– Bəlkə qız Turala görə…

– Lap elə Turala görə! Nə olub Turala? Gül kimi cayıldı. Laydivar oğlandı. Görürsən, öz gücünə necə getdi girdi məktəbə? Bu gün-sabah incinar olub qayıdacaq, qandın?

– Başımı ağrıtma, sən canın! Yetimin, lütün biridir, arxasız, köməksiz! Atası da dustaqxanada dəm alır. Düşmənləri göz qabağında. Elə bilirsən, qayıtsa da, Vəli uşağı sağ qoyacaq onu? Sədr əl çəkəcək ondan? Qardaşının qanını bağışlayacaq ona? Ağlını başına cəm elə, arvad. Atalar deyib ki, arxalı köpək qurd basar.

Qaratel yenə təslim olmadı:

– Mənciyəz sözümü dedim. Özün bilərsən, – o qızın, o sədr, o da sən… Təmənnasız müdirlik olsaydı, bir yeyib beş paylayardım. Amma baxıb görürəm, torbada pişik var.

– Dağıtdırma mənə bu evi arvad, sədrnən düşmən eləmə bizi!

– Niyə uzadırsan, kişi? Dedim ki, özün bilərsən.

Söynalını yenə fikir götürdü. Doğrudan da Əbil kənd arasında çox pis ad çıxartmışdı. Zornan, güc-bəla ilə, ölüm-zülüm orta məktəbi qurtardı. Atası bir ətək pul töküb Kirovabadda instituta düzəltdi. Nə olsun ki, əclaf oxuyan zibildi bəyəm? Oxumamağı cəhənnəm, ağlı da yoxdu bu əclafın. Gündə bir qızı maşınına basır ki, alıram səni. Kirovabaddan gətirdiyi qızın əhvalatı zurnaya qoyulub hələ də çalınır. Sən demə, evində kirəsinə qaldığı Haykanuş pozğun arvadın biriymiş. Yığırmış özü kimi küçədə qalmışları evinə, başlayırmış kefə, Əbil kimi yelbeyinlər də toplaşarmış başına – milçək şirəyə toplaşan kimi. Sənə deyən gərək, ay əclaf, bir işdi oldu, Haykanuş gətirdi, sən də kefini çəkdin, bəs yaxşı, utanmadın onu maşına basıb kəndə gətirəndə? Bilmədin ki, soxursan kişinin papağını itin nə bilim harasına? Atan da hərifdi, bəyəm? Min elə zibildən çıxıb. Getdi, soraqlaşdı, öyrəndi. Sonra da gəlib iti qovan kimi qovdu it qızını… Ay qovdu ha! İndi də oğlanı məhkəməyə çəkir ki, uşağa qalmışam səndən. Ya min manat ver, əl çəkim, ya da məhkəmə aylıq kəsəcək mənə. Uşaq düz pasport alanacan gərək tərləyəsən…

Hələ kimya müəllimini kənd arasında basıb döydüyünü, kəndin ağsaqqal həkimini toza basdığını, ağsaqqal-ağbirçək yanında hərzə-hədyan danışdığını demirəm…

Söynalı bütün bunları fikirləşir, ürəyində Qaratelə haqq qazandırır, amma yenə sədrlə çomaq-çomağa gəlməkdən qorxurdu. Qızı barədə isə qətiyyən düşünmək istəmirdi. «Qələt eləyir; uşaqdır, nə qanır xeyrini-şərini? Bir az o yan-bu yan eliyər, bir-iki şillə çəkərəm ağzına, ağlı başına gələr…»

…Söynalı çubuğunu sümürüb çırt atdı, arvadına dedi:

– Qaratel, indidən qarğa məndə qoz var eləmə. Dur, əməlli-başlı hazırlıq gör. Bəlkə elə doğrudan da, müdirlik barədə mənimlə söhbət eləmək istəyir? Bəlkə heç Gülbuta məsələsi açılmayacaq?

Qaratel: «Allah ağzından eşitsin», deyib ayağa qalxdı.

– Təki sən deyən olsun, kişi. Amma onu bilirəm ki, qız eşitsə özünü öldürəcək.

Söynalı qızışdı.

– Bəd gətirmə, arvad! Qismətdən artıq yemək olmaz. Bəlkə elə xeyir burdadır. Düzdür, gədədən mənim də ağlım bir şey kəsmir. Amma fikirləşirəm ki, bu, həmişə belə səfeh olmayacaq, ha. Bir gün ağıllanacaq, vallah! Özü də sonbeşikdir. Ev-eşik, var-dövlət, dəm-dəsgah…

– Allah ağzından eşitsin, kişi… Gülbuta yazıqdır, ağ gün görməli qızdır.

Söynalı həyətdəki çolpaların üçünü tutub kəsdi.

– Yaxşı bir çığırtma bişirərsən, – dedi, – şər qarışanda Gülbutanı da ötür getsin qonşuya.

Söynalı divana uzanaraq:

– Arvad, o yorğanı tulla üstümə, – deyib gözlərini yumdu.

Qaratel həyətdə güllərə su verən Gülbutanı səslədi:

– Qızım, mən çolpaları yolunca bir-iki qamqalaq qayır at samovara, qoy soyumasın, ocağı da qala, beş-on baş da soğan soy.

Gülbutanın bu təcili, qeyri-adi hazırlıqdan ağlı bir şey kəsmədi.

– Xeyir ola, bu nə dəm-dəsgahdır, belə?

– Xeyirdir, qızım, qonağımız olacaq, sədr bizə gələcək.

Gülbutanın ürəyi qırılıb düşdü ayağının altına:

«Əcəb də xeyirdir. O gələn yollara daş döşənəydi, qaratikan basılaydı, qədəmləri qırılaydı sədrin».

Anasının ağzını aramaq məqsədi ilə soruşdu:

– Sədrdən çıxmaz iş, o hara, biz hara?

– Kişini ferma müdiri qoymaq istəyir, yəqin söhbəti var kişiylə, Gülbuta dəhrəni götürüb qamqalaq doğramağa başladı. Əli işləsə də, dəhrənin oduna vursa da, fikri başqa yerdə idi: «Hə, deməli, belə. Deməli, məsələni dağ eləmək istəyirlər». Tural yadına düşdü, ürəyi nanə yarpağı kimi əsdi, «yazıq Tural…» –deyə inildədi. Dəhrəni fikirli-fikirli vurduğundan əlini kəsdi. Anası onu danladı:

– Bir az ehtiyatlı ola bilməzsən? – Cəld əski parçası yandırıb qızının yarasına basdı. – Səndən mənə kömək olmaz, – dedi, – yaxşısı budur, keç qonşuya, özüm qamqalaq doğrayıb ocaq çataram.

– Day məni niyə evdən qovursan, ana? Bəyəm dədəmin vəzifəyə qoyulması elə bir məsələdir ki, mən bilsəm iş pozular?

Qaratel qızını başından elədi.

– Ay uzunçusan, ha… Kişi dedi ki, qonşuya keçib televizora baxsın.

Gülbuta hisslərini gizlətmədi:

– Yaxşı, bu saat gedirəm. Ana, amma onu bil ki, mən bu məsələyə. qətiyyən razı deyiləm. Özümü boğub öldürərəm, yandıraram özümü, o əclafla baş yastığa qoymaram!

Anası onun ağzından vurdu:

– Özündən çıxma sən canın, əzginiş-əzginiş danışma. Sel gəlməmiş başlama çirmənməyə. Nə tiyanda barama var, nə çarxda ipək, sən də başlamısan dərzi çağırtdırıb paltar biçdirməyə.

– Getməyinə gedirəm qonşuya. Ancaq dədəmə deginən ki, bu iş mənim ürəyimcə deyil, sonra peşman olarsınız.

Küçədən maşın səsi gəldi.

İt hürüb darvazaya tərəf dartındı.

– Ay Söynalı, itin qabağına dursana!

Qaratelin ürəyi guppuldadı: «Gəldilər, allah axırımı xeyir eləsin».

Söynalı qonaqları qarşılamağa çıxdı.

– Bağlıdır, keçin içəri. Xoş gəlibsiniz.

Sədr iclasdakı kimi öz başının dəstəsiylə gəlmişdi. Partkom, hesabdar, aqronom… Yalnız anbardarı – Cəlil kişini gətirməmişdi, Seyidağanı da özlərinə qoşmuşdular. Bu kənddə, bəlkə də bütünlüklə Qarabağda xeyirdə, şərdə ağsaqqallıq eliyən Seyidağanı.

Söynalı hamı ilə əl verib görüşdü. Seyidağanın adını ayrıca çəkməyi lazım bildi:

– Ağa bizə xoş gəlib.

Qonaqlar keçib əyləşdilər. Çay gəldi. Heç kəs əlini stəkana vurmadı. Araya dərin bir sükut çökdü. Çay buğlanır, hamı bir-birinə baxıb susurdu. Sükutu sədrin öskürəyi pozdu. Bu «Ağa, başla», demək idi.

Seyidağa təsbehini çevirə-çevirə, dodaqaltı zikr eləyə-eləyə sözə başladı və birbaş mətləbə keçdi:

– Söynalı, el adətincə qapına gəlməkdə bir məqsədimiz var. Sədr səninlə qohum olmaq istəyir. Biz də bu işə «Allah xeyir versin», – deməyə gəlmişik.

Söynalı ilə Qarateldən başqa hamı bir ağızdan «Allah xeyir versin», dedi. Seyid sözünə bir qədər ara verib əlavə elədi:

– Sən qızın atası, bu da anası. Deyin görək fikriniz nədir?

Elçilər yer-yerdən dilləndilər:

– Nə fikirləri olaсaq? Ağa məsləhət biləndən sonra…

Söynalı Qaratelə baxdı, Qaratel Söynalıya. Doğrudan da çox çətin işmiş qız vermək. Heç biri dinmədi.

Hesabdar hövsələsizlik elədi:

– Ağa sizi gözləyir axı.

Söynalı üstündəki ağır yükü götürüb kənara atdı:

– Nə deyim, vallah… Ağa məsləhət görürsə…

Seyidağa bu dəfə qız anasına müraciət elədi:

– Qaratel bacı, heç sən dinmədin axı.

Qaratel əli ilə palazın saçaqlarını oynada-oynada dilləndi:

– Atası olan yerdə, mən nə deyə bilərəm ki… Amma…

Ağa müdaxilə elədi:

– Ürəyində nə mətləbin var, açıq söylə, Qaratel bacı. Örtülü bazar dostluğu pozar, deyiblər. Mən könülsüz işə xeyir-dua verə bilmərəm.

Qaratel ürəkləndi:

– Deyirəm, əgər ağa məsləhət bilsə, atası bir qızın özü ilə də danışsın, sonra fikrimizi deyərik.

Bayaqdan bəri paya udubmuş kimi dimdik əyləşən sədr söhbətə qarışmağı lazım bildi:

– Bizə sizin razılığınız lazımdır, Qaratel xanım! O ki, qaldı qızınızla danışmağınız, onu özünüz bilərsiniz. Biz sizin yanınıza gəlmişik, qızınızın yox.

Elçilər yenə ağız-ağıza verdilər:

– Ağıllı baladır Gülbuta, valideynlərinin sözündən çıxmaz.

– Qız nə deyib, razı olmayacaq, axı? Namxuda, şaqqalı cavandı, kor deyil, keçəl deyil!

– Allah xeyir versin.

– Daim-qədim olsun bu qohumluq!

Söynalı da astadan:

– Allah xeyir versin, – dedi.

Qaratel isə başını yerdən qaldırmadan hey palazın saçaqlarını oynadırdı. Axır ki, Söynalı dilləndi:

– Fikrə getmə arvad, allah qoysa, hər şey yaxşı olar, dur qonaqların çayını təzələ, şirin eləsinlər. Xörəyi də yavaş-yavaş çək gətir…

Qaratel tənbəl-tənbəl ayağa qalxdı. Hamı bir ağızdan:

– Mübarək olsun, – dedi.

«Gülbutaya elçi gəliblər», «Gülbutanı Əbilə nişanlayıblar»!

Bu xəbər bütün kəndə yayıldı. Səhər iş üstə hamı Gülbutanı təbrik edir, ona xoşbəxtlik arzulayırdı.

Yalnız Sarıtel ona yaxın düşmədi. Nahar tənəffüsünə qədər onu kənardan qanlı-qanlı süzdü. Axır ki, onlar qarşılaşdılar. Gülbuta suçlu adamlar kimi baxışlarını qaçırtdı. Üzünü yana tutdu, başını aşağı saldı. Sarıtelsə səhərdən bəri ürəyini yağır eləyən sözləri ona deməli idi. Deməsə, ürəyi soyumazdı. Odur ki, başını aşağı salıb, yanından keçmək istəyən Gülbutanın qolundan möhkəm yapışıb saxladı:

– Bir başını qaldır, üzümə bax! – dedi.

Gülbuta başını qaldırmadı. Sarıtel çiyinlərindən tutub onu silkələdi:

– Özünü tülkülüyə qoyma! De görüm, bu nə məsələdir? Keçmiş zamandır bəyəm səni zorla nişanlasınlar? İndi qaqaşıma nə cavab verəcəksən? Yazacağam ona qoy gətirib töksün göndərdiyin məktubları o atası kimi biqeyrət Əbilin qabağına!

Gülbutanı qəhər boğdu, dodaqları titrədi, çiyinləri qalxıb endi. Ağladı, hönkür-hönkür ağladı. Sarıteli qucaqlayıb ağladı. Sarıtel də ona qoşuldu. Ağlayıb-ağlayıb kiridilər. Bir-birlərinin göz yaşlarını silə-silə kiridilər.

Daha heç nə danışmayıb ayrıldılar.

Sarıtelin sözləri uzun müddət Gülbutanın qulaqlarında cingildədi, hər dəfə də onu diksindirir, ürəyini titrədir, bədənini soyuq yel kimi üşüdürdü; qızdırmadan əvvəl gələn titrətmə kimi üşüdürdü. Fikirlər axın-axın onun üstünə hücum çəkir, gecələr yatmağa qoymurdu, gündüzlər işləməyə. Doğrudan, birdən Tural yığıb göndərdi məktubları Əbilə. «Al, oxu bunları, ürəyin yerinə gəlsin. Kənddə xoruz kimi qaqqıldayırsan. Özünü cayıl hesab eləyirsən. Al, oxu, bir az da başını yuxarı tut, bir az da toqqaya gəlməyən qarnını irəli ver, bir az da hul yeri…» Əbil də dəlinin biri. Gətirib tökər məktubları atamın-anamın qabağına. Oxuyub yerə girərlər, qızlara üçün xəcalət çəkərlər, utanarlar hamıdan. Sonra da kəndə yayılar bu söz-söhbət.

…Gülbuta hövllə o biri böyrü üstə döndü. Yorğanı başına çəkdi, gözlərini yumdu ki, yatsın. Unutsun dünyanı. Unutsun hamını. Turalı da, Əbili də, atasını da, anasını da… Fəqət bu mümkün idimi? Ucaboylu, şivərək Tural onun gözləri qarşısında gəlib dayanır, hicran dolu, kədər dolu, giley dolu, danlaq dolu iri qara gözlərin onun bənövşəyi gözlərinə zilləyib baxır, baxırdı. «Deməli, sən də belə, Gülbuta. Daha bundan sonra kimə inanmalı? Deməli, yalanmış sənin sözlərin, deməli, yalanmış yazdıqların. Gözlərindəki məhəbbət ifadələri də, dodaqlarındakı təbəssüm də, ürəyinin məhəbbət vurğuları da yalanmış… Əgər sən dönük çıxdınsa, əhdinə vəfa eləmədinsə, söz verib sözünü tutmadınsa, yalanmış hər şey! Məhəbbət də yalanmış, həyat da yalanmış! Niyə susursan, Gülbuta, heç olmasa, din, heç olmasa danış, özünü müdafiə üçün söz tap».

«Nə deyim, Tural, haqlısan, mənim əzizim… Bacarmadım Tural, iradəm çatmadı. Elə bil, dilimi-ağzımı bağladılar. Bağırmaq istədim, səsim çıxmadı, qışqırmaq istədim, nəfəsim çatmadı… Ürəyimi anama açdım: «özümü öldürəcəyəm» dedim. Yenə öz bildiklərini elədilər».

«Gedirdin, heç olmazsa, məndən yaxşısına gedəydin; atırdın, heç olmazsa məndən yaxşısını tutaydın. Hardan tapdın bu gicbəsəri? Özündənrazı dəmdəməkini necə sevdin, Gülbuta? Necə sevə bildin?»

«Mən tapmadım, mən sevmədim, Tural! Mən sevmirəm, heç zaman da sevə bilməyəcəyəm, Tural!»

Gülbuta öz səsindən vahiməyə gəldi. Anası da hövlnak yuxudan qalxdı. cəld işığı yandırıb özünü qızının üstünə atdı.

– Yatmamısan, qızım? Sayıqlayırdın yoxsa, qulağıma səs gəldi.

Gülbuta heysiz halda gözlərini anasına dikdi.

– Yuxu görürdüm, ana.

– Nə gördün yuxuda, qızım?

– Turalı gördüm, ana.

Gülbuta anasına sığınıb ağladı. Anası da kövrəldi. Amma birtəhər özünü ələ alıb qızına öyüd-nəsihət verməyi lazım bildi:

– Ağ eləmə, qızım. Day çıxart bu Tural fikrini birkərəmlik başından.

Ana üzdən belə desə də, ürəyində başqa cür fikirləşirdi: «Mərdiməzarın evini allah yıxsın. Uşağım şam kimi əriyir gilə-gilə, gözüm görə-görə əriyir». Ana sözlərini bir də təkrar elədi:

– Olan olub, keçən keçib. Unut Turalı. Elə bil heç yoxmuş Tural.

Gülbuta yenə inildədi:

– Elə bilirsən unutmaq asandır? Elə bilirsən unutmaq istəmirəm? Amma, neyniyim? Hara gedirəm, gözləri ilə məni izləyir. Hara baxıram, gözlərimə görünür. Yuxuda da məni rahat buraxmır. Kitab oxuyuram, kitabın sətirlərindən boylanır. Pambıq yığıram, şaxlar arasından çıxır. Su içirəm, sudan baxır üzümə…

– Yat, qızım, yat, uzan yat. Bir azdan hər şey keçib gedər. Yəqin o da məsələdən agah olub səni unudar, şəhər yeridir, o qədər qız var ki… Birini tapıb evlənər. Bəlkə də tapıb, nə bilmək olar.

– Yaxşı, get sən də yat, ana. Bağışla ki, səni də yuxudan elədim.

Qaratel yatağına uzandı, bir azdan onun xorultusu eşidildi. Nə bilmək olar, bəlkə də qəsdən xoruldayırdı ki, qızı yatsın.

Gülbuta isə yata bilmədi. Ürəyində səhər Turala göndərəcəyi məktubu necə yazacağı barədə düşünür, hər sözü, hər fikri ölçüb-biçirdi. Məktubun qısaca məzmunu belə olaсaqdı: «Məni bədbəxt elədilər, Tural. Məni istəmədiyim bir adama nişanladılar. Xahiş edirəm, qaytarasan məktublarımı. İstəmirəm ki, o məktublar səndə qalıb uğursuz məhəbbətimizi tez-tez sənə xatırlatsın. Unut məni, Tural. Sənə daim xoşbəxtlik arzu edirəm.

Bədbəxt Gülbuta»

Qaratel Gülbutanın vəziyyətini, gecələr yata bilmədiyini, Turalı unuda bilmədiyini, Əbilə isnişə bilmədiyini ərinə danışdı. Söynalı əvvəl-əvvəl fikrə getdi, çubuğunu kisəyə salıb tənbəki doldurdu, odladı, sümürdü, tüpürdü… Hanan-hana dilləndi:

– Qızına deynən məni el içində rüsvay eləməsin. Fermanı təzəcə təhvil götürmüşəm. Yavaş-yavaş biz də adam olub adam arasına çıxırıq. Kənddə bir məclis olmaz ki, buyur-buyurla yuxarı başa keçirilməyəm. Həmən Söynalıyam dayna, həmişə məclislərdə çomağıma söykənib qapı ağzında dayanmırdım? Nə oldu birdən-birə, gülməşəkər oldum? Bunlar hamısı kişiyə görədir, arvad! Ağıl qoy qızıyın başına. Tanrısına təpik atmasın. Atalar deyib: yüz acını yeyərlər, bir şirinin xətrinə. Əyər qızın ağlını başına toplamasa, əlacım bircə onadır ki, çomağımı alım əlimə, kənddən birkərəmlik çıxım.

Qaratel diksindi:

– Hara gedəssən, kişi?

– Ayağım hara getdi, ora. Çoban babayam, harda olsa bir parça çörək taparam. Özün bilirsən ki, indinin cavanları özlərini işə verən deyillər. Bir balaca ayaqları yer tutdumu, üz çevirirlər şəhərə. Kimdi obaşdan şər qarışanacan qoyun hərləyən, mal otaran? Sözümün canı budur ki, çobana hər kolxozda, hər sovxozda iş tapılar.

– Kişi, bəs biz? Bəs ev, bəs həyət-baca, bəs ailə?

Söynalı çubuğunu sümürərək:

– Tanrına qurban olum, arvad, başqa əlacım yoxdur, axı, – dedi. – Özün ol mənim yerimdə, fikirləş gör, neynəmək mümkünsə, mən də onu eləyim.

Qaratel susdu, hesabı içəri verdi. Altındakı palazın saçaqlarını oynada-oynada susdu və ürəyində Söynalıya haqq qazandırdı: «Doğrudan, neynəsin yazıq? Başına haranın daşını, qayasını salsın bu binəva?!»

Söynalı sönmüş çubuğunu sümürdü, tüpürdü, bir də sümürdü, yenə tüpürdü. Hannan-hana hiss elədi ki, çubuğu sönüb, kibrit götürüb odladı, yenə sümürdü, yenə tüpürdü…

– Qızına deynən atan deyir ki, əgər başqa fikrə düşsə, o adda qızım yoxdu mənim. Elə bilərəm allah heç mənə bala payı, övlad payı verməyib. Elə bilərəm bir çürük diş idi, çəkib tulladım, vəssalam!

Söynalı danışır, Qaratel palazın saçaqlarını oynada-oynada düşünür, heç bir fikrə gələ bilmir, heç bir qərar verə bilmirdi. Qalmışdı odla su arasında. Bir tərəfdə gözünün ağı-qarası bədbəxt Gülbuta, o biri tərəfdə ömür-gün yoldaşı, əri Söynalı. Od yandırır, su aparır…

Бесплатный фрагмент закончился.

198 ₽