promo_banner

Реклама

Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Kukaraça», страница 2

Шрифт:

Rayon milis şöbəsinin rəisi camaatın arasından irəli çıxdı.

– David, bilirsən?!. Bu qadın mənim arvadımdır… Özü də təmizdir, o, bax, yanaqlarına süzülən göz yaşı qədər təmizdir… Başa düşdün?!

David başını tərpətdi. Kukaraçanın quru dodaqlarına sakit təbəssüm qondu.

– İnqa, – deyə o davam elədi,– hər yan dumandı… çəhrayı duman… Mən səni görmürəm… Ay səni Murtalo, alçaqcasına vurdun məni, murdar köpək oğlu… – Kukaraça təəssüflə başını yellədi, sonra gözlərini qaldırıb İnqaya baxdı, əlini onun üzünə sarı uzatdı. Əl ani olaraq havada donub qaldı və üzülmüş halda yanına düşdü.

Ləyaqətlə öldü Kukaraça, ahsız-ufsuz, səssiz-səmirsiz, üzündə təbəssüm öldü milis leytenantı Georgi Tuşuraşvili…

* * *

Təzə mənzilimizdə ilk qonağımız (biz Anastasyevskidən akademik Marr küçəsinə köçmüşdük) ucaboylu, qarayanız, yaraşıqlı milis leytenantı oldu. Anam qapını açan tək, o, icazəsiz-filansız içəri girdi, birbaş mətbəxə keçib, stulda əyləşdi.

– Siz kimsiniz, nə lazımdır sizə?– deyə bu naməlum adamın həyasızlığından çaşmış anam soruşdu.

– Mən, hörmətli… – leytenant necə müraciət edəcəyini bilmirdi.

– Aniko!– deyə anam sərt səslə köməyə gəldi.

– Mən, hörmətli Aniko, Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının Tiflis şəhər Orconikidze rayon şöbəsinin sahə müfəttişin Georgi Tuşuraşviliyəm, ləqəbim də Kukaraça6, – leytenant bu sözləri bir nəfəsə söylədi.

– Ləqəbin pis seçilməyib, – anam güldü.

– Hə… Qara rəngi allah məndən əsirgəməyib.

– Tamamilə düzdür.

– Məni elə beləcə də çağıra bilərsiniz – Kukaraça!

– Siz elə bu sözü deməkçün təşrif gətirmisiz?

– Yox, əlbəttə, yox! Mən rayonumuzda yaşayan bütün yeniyetmələri qeydə alıram, belə ki, mənə onların evdən, məktəbdən kənarda davranışlarını izləmək tapşırılıb – Kukaraça planşetindən bir ümumi dəftər, qələm çıxartdı.

– Hörmətli… e-e-e… Kukaraça, təsadüfən siz ünvanı səhv salmamısız ki? – deyə anam soruşdu.

Leytenant istehzanı başa düşməyib, ciddi cavab verdi:

– Yox, siz nə deyirsiniz! Marr küçəsi, ev 2, birinci blok, dördüncü mərtəbə, mənzil 8, Vladimir İvanoviç Qurieli. Yoxsa səhv eləyirəm?

– Özü də böyüyündən! Mənim ərim rayon partiya komitəsinin birinci katibidir, bizim milislə heç bir əlaqəmiz yoxdur və ola da bilməz, nə qədər ki, canım sağdır, oğlumun tərbiyəsiylə bir kəsin məşğul olmasına ehtiyacım yoxdur… – Anamın sifətini qırmızı ləkələr bürüdü. – Sizə də məsləhət görərdim ki, tərbiyəli ailələri yoxlamaqdansa, xuliqanlarla, oğrularla məşğul olaydınız. Bildiniz.

– Elə deməyin, hörmətli Aniko! – deyə Kukaraça sakitcə cavab verib dəftəri qapadı.

– Mən nə dediyimi bilirəm. Mənim uşağımın hələ on iki yaşı yoxdur! Hansı milis qeydiyyatından söhbət gedə bilər?

– Elə deməyin, hörmətli Aniko!– deyə leytenant təkrar elədi.

– Əşi, nə başlamısan «elə deməyin, elə deməyin». Xahiş eləyirəm bir də belə işlərə görə özünüzü bərkə salıb qapımızı döyməyin! – Anam qalxdı. Leytenant da qalxdı.

– Nə deyirəm ki, allah eləsin mənə sizin heç vaxt işiniz düşməsin… Amma, açığını deyim ki, mən oğlunuz yaşda olanda gizlində siqaret də çəkirdim. Məhləmizin uşaqlarıyla kart da oynayırdım, baxın, hələ əlimi tuşla bəzətdirmişdim də, – Kukaraça qolunu çırmaladı.

– Narahat olmayın! Qolunuzu çırmalamasanız da görünür! – anam sözü onun ağzında qoydu.

– Acığınız niyə tutur, hörmətli Aniko. Mən sizinlə dava-dalaşa gəlməmişəm…

– Bax, bu oldu əla. Əlvida!

– Görüşənəcən! – Kukaraça qapıya sarı döndü. Mən dəhlizdə dayanıb onların söhbətinə qulaq asırdım. Hələ anamı belə qəzəbli görməmişdim. Böyrümdən keçəndə Kukaraça ayaq saxlayıb, başımı sığalladı.

– Adın nədir?

– Tamaz! – deyə mırıldadım və sərt hərəkətlə geri çəkildim.

Kukaraça təbəssümlə:

– Sağ ol ki, əlimi dişləmədin! – dedi, qapını da bağlayıb getdi.

– Qanacaqsız! – anam onun arxasınca deyindi.

İndi danışacağım bu əhvalat Kukaraçanın bizə gəldiyi gündən düz bir ay sonra baş verib.

Biz Varazisxevi küçəsi ilə Verye çayına düşdük. oradan da heyvanxana hasarını aşıb, iri qoz ağacının altına yığışdıq.

– Haydı, başlayın! – Kuçiko pıçıltıyla əmr elədi, sonra sallağı əyləşdi, – adama bir qucaq!

Mən onun çiyninə çıxıb alt budaqdan sallandım, sonra dartınıb budağa qalxdım, asta-asta yuxarı dırmaşmağa başladım. Mənim ardımca Dudu, yunan Kostya, İraça və nəhayət Kuçikonun özü dırmaşdılar.

Tez-tez, səs-küysüz işləyirdik. On beş dəqiqədən sonra qoynumuz-qoltuğumuz qoz ilə dolu idi.

– Bəsdirin! Düşün aşağı! – Kuçiko göstəriş verdi.

Biz ağacdan endik, çətinliklə hasarı adlayıb sinəsinə, sıra ilə çay yuxarı yola düzəldik.

– Dayanın! Buradır! – Kuçiko əmr verdi.

Balaca bir su bəndinin yanındaydıq.

– Boşaldın!

Ciblərimizi, qoyun-qoltuğumuzu boşaltdıq. Torpağın üstündə filan qədər yaşıl qoz qalaqlandı.

– Başlayın!

Hərəyə bir qənbər tapıb sütül qozları xəşili çıxanacan döyəclədik. Göy qoz qərzəklərinin şirəsi üstümüzə sıçrayırdı, əlimizi, üz-gözümüzü qara ləkələr bürümüşdü. Kuçikonun əmri eşidildi:

– Bəsdirin! Qozları suya atın.

Biz qoz horrasını gölməçəyə tullayıb, səbirsizliklə gözləməyə başladıq.

Bir dəqiqə keçdi… Sonra daha bir dəqiqə… Beş dəqiqə…

Budur, ilk zəhərlənmiş balıq qarnı yuxarı çevrilmiş halda suyun üzünə çıxdı. Sonra daha biri, daha ikisi, yenə, yenə. Bir neçə dəqiqə keçməmiş suyun üzündə başdan-başa balıq qarınları ağarırdı. Doğrusu, belə hədiyyəni heç birimiz gözləmirdik. Hər cür ehtiyatı unudub suya atıldıq. Hay-küylə, hırıldaya-hırıldaya yarımcan balıqlari yığışdırırdıq.

– Tut, tut!

– Bu mənim!

– Qoltuğuna bas onu!

– Əhsən sənə, Kuçiko!

– Səni kim öyrədib!

– Özüm tapmışam.

– Əjdahasan!

Bizim vəhşi bağırtılarımız yarım saat çəkdi. Axır ki, bütün balıqları sudan yığdıq və təpədən dırnağa islanmış halda, yorğun-arğın sahildə yerə sərələnib qaldıq. Sonra Kuçiko balığı aramızda tən böldü və xəbərdarlıq elədi ki, əgər kim soruşsa ki, balıq haradandır – deyək ki, qarmaqla tutmuşuq.

Hamımız fərəhlə, özümüzdən razı halda, evimizə dağılışdıq.

Məni başdan ayağa islanmış, çirk içində, əlimi üzümü qapqara görəndə, anam çaşdı.

– Bu… bu nədi belə?… Bu nə haldır düşmüsən?.. Balıq hardandır?

– Çaydan… Hamısını özüm tutmuşam!

Anam balığı tullamaq istədi, amma sonra mənim yalvar-yaxarımdan rəhmə gəldi, onları yarıb təmizlədi, unlayıb günəbaxan yağında qızartdı, əvvəlcə özü dadına baxdı, təəccüblə dedi: – Gör ha! Dadlıdı, – və boşqabı qabağıma qoydu.– Ye!

Mən axırıncı balığa əl atmaq istəyəndə, qapının zəngi çalındı. Anam qapını açdı. Otağa üzündə təbəssüm, əlində qarğı tilov tutmuş Kukaraça daxil oldu.

– Xoş gördük, hörmətli Aniko! Olarmı?– deyə o, ədəblə soruşdu.

– Buyurun! – anam bu dəfə, nədənsə, çox sakitcə cavab verdi və keçib dairəvi stolun arxasında əyləşdi.

Kukaraça tilovu divara söykədi, planşetindən qırmızı cildli balaca kitabçasını çıxarıb anamla üzbəüz əyləşdi.

– Sizi dinləyirəm, hörmətli Kukaraça, buyuracaqsınız. Bu qarğı nə üçündür?– anam soruşdu.

– İndicə hər şeyi izah edəcəyəm… Bu, adi tilovdur, bu isə Gürcüstan Sovet Sosialist Respublikasının Cinayət məcəlləsi.

– Hə, nə olsun… mənim evim hara, belə şeylər hara?

– Bilirsinizmi tilovla balıq tuturlar, cinayət məcəlləsinin köməyiləsə adam…

– Bura baxın, leytenant, tapmacaları qoyun kənara… Birbaşa mətləbə keçin – sizə nə lazımdır? – Anamın səsindəki hirs açıq-aydın sezilirdi. Kukaraça isə təmkinlə əlindəki kitabı vərəqlədi. Axtardığı yeri tapıb anama baxdı:

– Bax, icazə verin dinləyək, görək bu mötəbər mənbədə nə yazılıb. Buyurun siz də əyləşin, cavan oğlan! – deyə o, birdən mənə müraciət elədi. Ürəyimə damdı ki, nə isə xoşagəlməz bir iş olacaq, ancaq özümü ələ alıb əyləşdim. Kukaraça davam elədi:

– Yetişməmiş qozları məhv etməklə dövlət əmlakını şüurlu surətdə talamaq barədə mən hələlik susuram. Başlayaq nisbətən yüngül cinayətlərdən… Deməli… 175-ci maddə… «Balıqçılıq və digər su heyvanlarını qeyri-qanunu ovlamaq». Belə… Belə… Aha. «Partlayıcı və zəhərləyici maddələrdən istifadə yolu ilə… Dörd ilə qədər azadlıqdan məhrum edilməklə cəzalandırılır…»

Kukaraça kitabı örtdü və mənə baxdı.

Hər şey aydın oldu, bədənimi soyuq tər basdı. İndi bildim ki, Kuçiko nəyə görə bizə dönə-dönə dilimizi dinc qoymağı tapşırmışdı. Mən axmaqsa fikirləşmişdim ki, bir-iki balıq nə böyük matahmış. Qoy cəhənnəm olsun, kimə lazımdır bu qotur zirzibil! Başlıcası isə, sən demə, balıqcığazları necə tutmaqmış. «Zəhərləyici maddələr»…

Anama baxdım. Onun rəngi tabaşir tək ağarmışdı. Mən dözməyib başımı aşağı saldım.

– Hə, indi deyin görüm, mən neyləyim? – Kukaraça dilləndi. – Cinayətkarın yağlı dodaqlarından bilinir ki, balığı müsadirə eləmək mümkün olmayacaq…

Anam tez ayağa qalxdı, içərisində tək bircə bütöv balıq qalmış boşqabı götürdü, gətirib Kukaraçanın qabağına qoydu.

6.Kukaraça – çox qara mənasında
107 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
ISBN:
978-9952-8050-1-9
Правообладатель:
JekaPrint

С этой книгой читают

Дом лжи
Хит продаж
4,9
972