Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Əsərləri», страница 3

Шрифт:

«Sərasər bir yerə yığılsa xublar…»

 
Sərasər bir yerə yığılsa xublar,
Sənin bir muyinə tay ola bilməz.
Günəş təki şölə verər camalın,
Belə gözəllikdə ay ola bilməz.
 
 
Heç gözəli sən tək şux görməmişəm,
Nə fayda, hüsnünü çox görməmişəm.
Uzun kirpiyin tək ox görməmişəm,
Qaşların tərzində yay ola bilməz.
 
 
Həsrətindən bağrım qan ilən dolub,
Heyva təki rəngim saralıb-solub,
Bu xubluq ki, həqdən bəxş olub,
Heç kimsəyə belə pay ola bilməz.
 
 
Qəddin şahbaz, ağ bədənin səmən tək.
Yanağın lalədən ziyada göyçək.
Ustad səni çəkib manəndi-mələk,
Bundan artıq həqqü say ola bilməz.
 
 
Vaqifəm, mən sənə heyran olmuşam,
Qaşların yayına qurban olmuşam,
Dərdindən didəsi giryan olmuşam,
Qanlı yaşım kimi çay ola bilməz.
 

«Dəhanın sədəfdir, dişlərin inci…»

 
Dəhanın sədəfdir, dişlərin inci,
Sanasan ağızın püstədir, ay qız!
Xumar gözlərini sevəndən bəri,
Dərdə düşüb canım xəstədir, ay qız!
 
 
Sərasər əndamın təzə qar kimi,
Zülfün gərdənində şahimar kimi,
Rəngi bəyaz, özü xırda nar kimi,
Qoynundakı əcəb nəstədir, ay qız!
 
 
Niqab çəkib məndən yaşınma, zalım,
Pərişan olubdur mənim əhvalım,
Əqlü huşum mənim, fikrü xəyalım
Şux gözdə, qəmzədə bəstədir, ay qız!
 
 
Cəmalın günəşdir, qəmərdir üzün,
Şəkərdir dəhanın, şirindir sözün,
Yağıdır müjganın, cadudur gözün,
Cəllad kimi qəmzən qəsdədir, ay qız!
 
 
Vaqifəm, mən Məcnun, sən mənim Leylim,
Baxdıqca, gözümdən tökürəm seylim,
Mən sənə mailəm, səndədir meylim,
Demə, səndən qeyri kəsdədir, ay qız!
 

«Çoxdan bəri yarın fərağindəyəm…»

 
Çoxdan bəri yarın fərağindəyəm,
Nə olaydı bir buraya gələydi,
Çəkəydi könlümü künci-zülmətdən,
Döndərəydi üzün ayə, gələydi.
 
 
Görməyə-görməyə gülüzarımı,
Bülbül tək artırdım ahü zarımı.
Təbibim oluban bu azarımı
Yetirəydi bir dəvayə, gələydi.
 
 
Gedibən kuyində qıllam şivəni,
Yığaram başıma dostu, düşməni,
O ha billəm gəlməz görməyə məni,
Barı, gendən tamaşayə gələydi.
 
 
Ünümdən titrədi tamam vilayət,
Elə sandılar ki, qopdu qiyamət,
Nə qayım durubdur ol sərvi-qamət,
Tərpənəydi, bir lərzayə gələydi.
 
 
Cəm olsa yanımda tamam sənəmlər,
Dağılmaz könlümdən fikrü ələmlər
Ayağa salıbdır Vaqifi qəmlər,
Baş çəkəydi binəvayə gələydi.
 

«Bədənini gül yaradan ilahi…»

 
Bədənini gül yaradan ilahi,
Sərasər ətrini ənbər eylədi,
Gözəllikdə kimdir sənə tay ola,
Hüsnün mələkləri çakər eylədi.
 
 
Surətini çəkdi ol gün ki, nəqqaş,
Cəmalını qıldı hər gözəldən baş.
Cəbininə qoydu bir müqəvvəs qaş,
Siyah kirpiyini xəncər eylədi.
 
 
Zülfünü bənzətdi müşkin kəməndə,
Ucun həlqə qoydu sibi-zəğəndə,
Ləbiyin ləzzətin bənzətdi qəndə,
Dəhanını şəndü şəkkər eylədi.
 
 
Səni xəlq eylədi gül dəstəsi tək,
Pəridən əlasan, mələkdən göyçək,
Cismindir münəvvər ağü nazikrək,
Ol səmən sinəni mərmər eylədi.
 
 
Ey gözəllər şahı, kərəm et mana,
Baxmagilən hərgiz əğyardan yana,
Şükr olsun Allaha – Vaqifi sana
Qapında qulami-kəmtər eylədi.
 

«Badi-səba, bir xəbər ver könlümə…»

 
Badi-səba, bir xəbər ver könlümə,
Ol güli-xəndanım neçün gəlmədi?
Xəyalım şəhrini qoydu viranə,
Sərvərim, sultanım neçün gəlmədi?
 
 
Sərxoş yerişinə qurban olduğum,
Görməyəndə dəli-devran olduğum.
Mina gərdəninə heyran olduğum,
Sərvi-xuramanım neçün gəlmədi?
 
 
Qaşı kaman, kirpikləri qəməlim,
Ağzı şəkkər, dodaqları yeməlim,
Əlvan kəlağaylı, bəyaz məməlim,
Sinəsi meydanım neçün gəlmədi?
 
 
Mehrabü mənbərim, Kəbeyi-ülyam,
Əqlim, huşum, canım, həm dinim, dünyam,
Elim, günüm, obam, Misrü Züleyxam,
Yusifi-Kənanım neçün gəlmədi?
 
 
Nəsrin binaguşlum, bənəfşə muylum,
Pərilər tələtlim, məlaik xoylum,
Büllur lətafətlim, sənubər boylum,
Huriyü qılmanım neçün gəlmədi?
 
 
Ağzı xeyir sözlüm, dili diləklim,
Tər qollum, ağ əllim, gümüş biləklim,
Qarıçqay cilvəlim, tavus bəzəklim,
Libası əlvanım neçün gəlmədi?
 
 
Vaqif, ilə döndü bir saətimiz,
Nə səbrimiz qaldı, nə taqətimiz.
Bu gündən belədir qiyamətimiz;
Gəlmədi cananım, neçün gəlmədi?
 

«Siyah telli bir sənəmin ucundan…»

 
Siyah telli bir sənəmin ucundan
Badə getdi din-imanlar, əfəndi!
Ol oda ki, mən düşmüşəm yanıram,
Düşməsin heç müsəlmanlar, əfəndi!
 
 
Könül deyil sən gördüyün havada,
Dərdim olur gündən-günə ziyada,
Hər zaman düşəndə ləbləri yada,
Tökülür gözümdən qanlar, əfəndi!
 
 
Bilməm nə nəhs gündə çıxdım bu dağa,
Bir lalə üzündən düşdüm irağa,
Yana-yana qaldım belə fərağa,
Bərbad olsun ol zamanlar, əfəndi!
 
 
Mənim meylim yoxdur sultandan, xandan,
Yarımın arzusun saxlaram candan.
Xalq da bilir, mənim könlümdür ondan
Olsa yüz min növcavanlar, əfəndi!
 
 
Molla odur hər nə görsə kitabda,
Onu şərh eyləyə haqda-hesabda,
Vaqif deyir sənə, mənə bu babda,
Hələ azdır bu divanlar, əfəndi!
 

«Boyun surahıdır, bədənin büllur…»

 
Boyun surahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
 
 
İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!
 
 
Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
 
 
Avçısı olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın.
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!
 
 
Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən.
Duaçınam, salma məni nəzərdən,
Əksik olmayasan sənadan, Pəri!
 
 
Cəmalın gözümdən nihan olalı,
İstərəm baxmayım dünyayə, Pəri!
Xəyal eylədikcə o sərv qəddin,
Dönər qanlı yaşım dəryayə, Pəri!
 
 
Olsalar yüz mələk, yüz huri qılman,
Yüz mina gərdənli, zülfü pərişan,
Yüz lalə yanaqlı, ləbləri mərcan,
Könül dönməz səndən kimsəyə, Pəri!
 
 
Sən gedəli, mən ziyadə ağlaram,
Vermişəm ömrümü bada, ağlaram,
Hər düşəndə qəddin yada, ağlaram,
Ünüm çıxar ərşi-əlayə, Pəri!
 
 
Səndən ayrı bağrım kababa dönmüş,
Yıxılmış dil şəhri xəraba dönmüş,
Firqətin damu tək əzaba dönmüş,
Didarın cənnətül-məvayə, Pəri!
 
 
Bir görəydim sənin gül cəmalını,
Cadu gözlərini, yay hilalını,
Müənbər saçını, hindu xalını,
Yetərdi hər dərdim dəvayə, Pəri!
 
 
Peyvəstə qurulsun qaşın kamanı,
Oxların sinəmdən keçsin nihanı,
Gül bədənin heç görməsin yamanı,
Lütf eylə Vaqifi-şeydayə, Pəri!
 

«Ey huri liqalım, mələk simalım…»

 
Ey huri liqalım, mələk simalım,
Gözəllikdə olmaz kimsə sən kimi!
Al yanağın həlqə-həlqə yanında
Bənəfşə zülflərin – yasəmən kimi.
 
 
Gərdənində tellər nə gözəl teldi,
Onların məskəni o nazik beldi,
Nə səngi-mərmərdi, nə bərgi-güldi,
Bu ağ əndam kimi, bu bədən kimi.
 
 
Qamətin tək heç bir qamət biçilməz
Dodaqların tər qönçədən seçilməz,
Bülbül cəh-cəh vurub güllər açılmaz,
Belə şirin-şirin sən gülən kimi.
 
 
Nə xoş sitəmkarsan zalimü xunxar,
Onun üçün səndən çox gileyim var,
Bilmənəm ki, sənə nə demiş əğyar,
Xəyalındır məndən genə gen kimi.
 
 
Vaqifi möhnətü fərağa salma,
Əğyarın sözünü qulağa salma,
Məni öz dərindən qırağa salma,
Heç aşiq tapılmaz sənə mən kimi.
 

«Badi-səba, bir xəbər ver könlümə…»

 
Badi-səba, bir xəbər ver könlümə,
Görüm o yanağı lalə gəlirmi?
Həsrətindən könül dönübdür qana,
Baş çəkməyə bizim halə gəlirmi?
 
 
Sallananda eylər nazü qəmzələr,
Üz döşər payinə görən kimsələr,
Qaşa-gözə çəkmiş siyah sürmələr,
Sığal verib xətti xalə, gəlirmi?
 
 
Allah muradını versin o yarın,
Rəqibi kuyindən sürsün o yarın,
Mübarək guşuna, görsün o yarın,
Mən çəkdiyim ahü nalə gəlirmi?
 
 
Ox kirpiyin ucu a yaşa dönmüş,
Gözlərin cəlladı tamaşa dönmüş,
Səg rəqibin canı nə daşa dönmüş,
Bir zəvalə gör həvalə gəlirmi?
 
 
Vaqifəm, yarıdım dosta, düşmənə,
Ta ki, cünun oldum yetişdim sənə.
Sənin təki gözəl sevən kimsənə
Dəxi əqlə, bir kəmalə gəlirmi?
 

«Bu necə zülmdür mənə eylərsən…»

 
Bu necə zülmdür mənə eylərsən,
Adam məgər bir insafa gəlməzmi?
Bir gün görərsən ki, vallah, ölmüşəm
Bu qədər dərd çəkən axır ölməzmi?
 
 
Xubların bəzisi necə zad olur,
Yarın qəmgin qoyar, özü şad olur.
Bir sevgi ki, sevgisindən yad olur,
Məgər onun yaxşılığın bilməzmi?
 
 
Xublarda adətdir, nəzakət satar,
Genə xəyalını xəyala qatar,
Gözəl olan məgər başın dik tutar
Aşiqinə doğru heç əyilməzmi?
 
 
Eşq oduna yandı canım sərbəsər,
Allaha bax, ey zalimü sitəmkər,
Aşiqinə qanlar ağladan dilbər
Rəhmə gəlib göz yaşını silməzmi?
 
 
Bir pəri olaydı bu dəmdən ötrü,
Özün öldürəydi adəmdən ötrü,
Qədr bilən yaxşı həmdəmdən ötrü
Vaqif, can üzülür, bəs üzülməzmi?
 

«Nədən küsüb təbi nazik olan yar…»

 
Nədən küsüb təbi nazik olan yar,
Bilmənəm ki, buna nə çarə gərək?
Nə deməkdir dost – dostundan əyilmək,
Gərəkdir düzələ yol, ara gərək.
 
 
Görəsən, nə demiş rəqibi-bipir,
Yar olubdur məndən habelə dilgir,
Mən ondan etmərəm canımı təqsir,
Amma ki, özündən işarə gərək.
 
 
Ətəkliyi altun, qəsabəsi zər,
Çəhrayı çarqatı qəddə bərabər,
Başında bərq vurur gün kimi zivər,
Onu görən düşə odlara gərək.
 
 
Əşrəfindən üzlük üzündə göyçək,
Boğazı altında sığallı birçək,
Qabaq belə bəyaz, yanaq lalə tək,
Göz ala gərəkdir, qaş qara gərək.
 
 
Oxuyub Vaqifin həm əzzəlindən,
Şirin qafyəsindən şux qəzəlindən,
Durub öpüb ayağından, əlindən,
Barışmaq yalvara-yalvara gərək.
 

«Açıqbaşda əgər olsa bir dilbər…»

 
Açıqbaşda əgər olsa bir dilbər,
Onda bu nişanlar müəyyən gərək.
Əndamı ayinə, qəddi mötədil,
Siyah zülfü qamətinə tən gərək.
 
 
Yanağı laleyi-bahari kimi,
Ləbləri yaqutun kənari kimi,
Bir danə nasüftə mirvari kimi,
Başdan ayağadək ağbədən gərək.
 
 
Təmizlikdə ola meylü həvəsi,
Olmaya aşiqə nazü qəmzəsi,
Gül təki qoxuya nitqü nəfəsi,
Zülfü ya bənəfşə, ya səmən gərək.
 
 
Əl-ayağı qaidədə, disturda,
Saqi fərbeh, topuqları çuxurda,
Bir qat ət içində, sümüyü xırda,
Ağzı-burnu nazik, üzü gen gərək.
 
 
Növrəsidə, on dörd, on beş yaşında
Eyb olmaya kirpiyində, qaşında,
Həyası üzündə, əqli başında,
Qulluqda, söhbətdə müstəhsən gərək.
 
 
Tovus kimi cilvələnə hər səhər,
Bəzək verə camalına sərbəsər,
Dindirməmiş verə könüldən xəbər,
İşarə anlayıb hal bilən gərək.
 
 
Yaşadıqca cavanlana, enlənə,
Bir hicabda, bir pərdədə əylənə,
Nitqü nəfəsindən canlar dinlənə,
Şirin danışıban xoş gülən gərək.
 
 
Qövli sadiq ola, hər feli həlal,
Bilməyə kim, fitnə nədir, məkrü al,
Şam kimi qabaqda dura nitqi lal,
Kəsilsə də başı, dinməyən gərək.
 
 
Vaqif, yaxşı canan gərək can üçün,
Nədir çox çalışmaq bu cahan üçün,
Bir gözəl lazımdır bizim xan üçün,
Vali qulluğunda ərz edən gərək.
 
198 ₽
Жанры и теги
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
1 стр. 2 иллюстрации
ISBN:
978-9952-8889-0-4
Правообладатель:
JekaPrint

С этой книгой читают

Новинка
Черновик
4,9
123