Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Linkoln», страница 2

Шрифт:

Sprinqfilddə vəkil

İyirmi səkkiz yaşlı Avraam Linkoln 1837-ci il aprelin ortalarında Sprinqfildə gəldi. O, atını Coşua Spid adlı bir nəfərə məxsus mağazanın yanında saxlayıb içəri daxil oldu və yataq dəstinin qiymətini soruşdu. Spid qiyməti söylədi – 17 dollar. «Ucuz olsa da, – Linkoln dedi, – mənim bu qədər pulum yoxdur. Əgər mənə inanıb borca versəniz, vəkil kimi işim yaxşı gətirdiyi təqdirdə, borcunuzu mütləq qaytaracağam». Spidin ona ürəyi yandı və dükanın altındakı otaqda birlikdə qalmağı təklif etdi. Beləcə, onların dostluğu başladı və uzun illər davam etdi.

Yeri gəlmişkən, qəhrəmanımızın Senqamon dairə məhkəməsinin klerki Uilyam Batlrlə də dostluğu həmin dövrdə yaranmışdı. O, Linkolna evini təklif elədi, üstəlik, heç zaman ondan pul almayacağını dedi.

Dairə məhkəməsi Qofman küçəsindəki ikimərtəbəli binada yerləşirdi. «Stüart və Linkoln» yeni vəkil firması həmin binanın ikinci mərtəbəsini kirayələmişdi.

Stüartın başı namizədliyini konqresə irəli sürməyə qarışmışdı. Odur ki vəkillik işini Linkoln öz üzərinə götürmüşdü. Avraam boş vaxtlarında siyasətlə məşğul olur, müxtəlif ünvanlara siyasi məzmunlu müraciətlər, məktublar yazırdı. Siyasi və ictimai həyatın ən kəskin məsələlərindən biri isə hələ də quldarlıq olaraq qalmaqda idi.

1838-ci ildə Linkoln ştatın qanunverici məclisinə öz namizədliyini yenidən irəli sürdü. Avqustun 6-da keçirilən seçkilərin nəticələrinə görə isə 17 namizəd arasında birinci oldu!

Qanunverici məclisin sessiyası dekabrda öz işinə başladı. Həmin vaxt viqlər Linkolnun namizədliyini məclisin sədri vəzifəsinə təklif etdilər. Təklif səsverməyə qoyuldu, ancaq qəbul edilmədi. Bununla belə, Avraam məclisdəki viqlərin rəhbərinə çevrildi.

Növbəti ilin martında Sprinqfildə qayıdan Linkoln vəkilliklə məşğul olmağa davam etdi. Həmin dövrdə o, ağlını başından çıxaran qadınla tanış oldu.

«Uzundraz doqquzlar»dan biri, əsilzadə, İllinoysun keçmiş qubernatorunun oğlu Ninian B.Edvards qəhrəmanımızla eyni yaşda idi və onlar çox vaxt birlikdə olurdular. Edvardsın ikimərtəbəli kərpic evi var idi. 1839-cu ildə bu evə Leksinqtondan9 bir qız gəlmişdi. O, iki il əvvəl də qısa müddətlik burada qalmışdı. İndi isə burada həmişəlik yaşamaq fikrində idi. Həmin qız Edvardsın baldızı – arvadının kiçik bacısı olan Meri Tod idi. Onların atası senator, üstəlik, Leksinqtonda fəaliyyət göstərən bir bankın prezidenti idi.

Meri Todun 21 yaşı var idi. Öz füsunkarlığı ilə göz qamaşdırırdı. Fransız dilində yazıb-oxumağı bilirdi. Bəs Meri ata evini niyə tərk eləmiş və Sprinqfildə üz tutmuşdu? Bunun səbəbi qızın analığı ilə yola getməməsi idi.

Linkoln və Meri 1840-cı ildə nişanlandılar. Edvardsla arvadı bu evliliyə qarşı idilər. Odur ki onlar Merini fikrindən daşındırmaq istəyir, səhv qərar verdiyini, Linkoln ilə cəmiyyətin ayrı-ayrı təbəqələrinə aid olduqlarına onu inandırmağa çalışırdılar. Ancaq Meri inadından dönmədi. O nə istədiyini bilirdi, Linkolnun gələcəyinin parlaq olacağına inanırdı.

Aylar ötdü. Linkoln bütün diqqətini öz işlərinə yönəltdiyindən Meri Toddan get-gedə uzaqlaşırdı. Onunla rəqsə, konsertə, məclislərə gedə bilmirdi. Meri isə onu qısqanır, vaxtını başqa kişilərin mühitində keçirirdi. Fürsət tapıb Linkolnla görüşəndə isə nişanlısını ona qarşı laqeydlikdə günahlandırırdı. Onlar mütəmadi dalaşır, sonra yenə barışırdılar. Nəhayət, toyun vaxtı təyin edildi. Ancaq nəsə baş verdi, oğlan, ya qız, ya da hər ikisi evlənməkdən imtina etdilər.

Qanunverici məclisin növbəti sessiyası başa çatandan sonra, sentyabrın ortalarında Linkoln İllinoysa qayıtdı.

Ayrılıq Linkolna çox pis təsir etmişdi. Bunu dostu Coşua Spidə yazdığı məktublardan da hiss etmək mümkündür: «…mənə elə gəlir, bədbəxt elədiyim qadın haqqında düşüncələr xoşbəxt olmağıma imkan vermir. Bu fikir məni məhv eləyir!»

Bu peşmançılığı sezən «Senqamo cornel» adlı qəzetin redaktorunun arvadı missis Frensis hərəkətə keçdi: o, Linkolnu təşkil etdiyi ziyafətə dəvət elədi və ziyafətin gedişində Avraamı miss Todla barışdırdı. Beləliklə, Linkoln yenidən Meri ilə dostlaşdı. Ancaq onlar nəyə görəsə bunu hamıdan gizlədirdilər.

Bir dəfə Frensislərin evində Meri qəhrəmanımızdan tələb etdi ki, toyun vaxtını təyin eləsin, əvvəllər olduğu kimi bunu çox sonraya saxlamasın. Linkoln iki-üç həftə sonra küçədə Ninian Edvardsla rastlaşdı və axşam Meri Todla toyu olacağını dedi. Edvards cavab verdi ki, o, Merinin qəyyumudur və toy onun evində olmalıdır. Həmin vaxt Linkolnun 33, miss Todun isə 24 yaşı vardı.

Aradan bir müddət keçdi. 1843-cü il avqustun 1-də Linkolnla Merinin oğlu oldu. Uşağın adını Robert qoydular.

1844-cü ildə isə Linkoln öz hüquq kontorunu açdı və Uilyam Qerndon adlı gənc vəkili özünə partnyor10 götürdü…

Konqres üzvlüyünə namizəd

Linkoln 1842-ci ildə konqresə namizədliyini irəli sürmək fikrinə düşdü. O, istəyinə çatdı və konqresə, Nümayəndələr Palatasına11 seçildi. Həmin dövrdə ABŞ-la Meksika arasında münasibətlər kəskinləşdi. Bunun səbəbi Birləşmiş Ştatların həmin vaxt Meksikanın tabeliyində olan Texas əyalətini özünə birləşdirmək istəməsi idi.

Linkoln 1845-ci ildə «Texas məsələsi» ilə elə də maraqlanmadığını yazmışdı. Baxmayaraq ki, Texas, Nyu-Meksiko və Kaliforniya ştatları böyük, eyni zamanda zəngin ərazilər idi. Ona görə də Birləşmiş Ştatlar həmin torpaqları hər vəchlə ələ keçirmək niyyətində idi.

1845-ci ilin martında konqres Texasın ABŞ-a ilhaqı ilə bağlı qətnamə qəbul elədi. İşi belə görən Meksika hökuməti həmin torpaqların ona məxsus olduğu barədə Birləşmiş Ştatlara ultimatum göndərdi. Bununla da kifayətlənməyərək müharibəyə həmin dövr üçün yetərincə böyük məbləğ – 4 milyon dollar ayırdı.

Ovaxtkı ABŞ prezidenti Ceyms Noks Polk (1795–849) orduya Rio Qrande adlanan bölgədəki mübahisəli «zolağı» zəbt etmək əmri verdi. Döyüş 1847-ci il sentyabrın 14-də Birləşmiş Ştatlar ordusunun qələbəsi ilə sona çatdı. Bununla da Texas, Nyu-Meksiko və Kaliforniya ABŞ-a birləşdirildi.

Linkoln isə bütün bu baş verənlərə qarşı idi. O, aparılan siyasətin Birləşmiş Ştatlara şərəf yox, üzqaralığı gətirdiyini düşünürdü. Avraam senator Tomas Korvinin bu sözləri ilə tamamilə həmfikir idi: «Mən meksikalı olsaydım, deyərdim: «Məgər öz ölülərinizi basdırmaq üçün ölkənizdə torpaq yoxdur?!»

Həmin illərdə Linkoln bakenbard saxlayır, qara kostyum, ağ köynək geyinir, qara ipək qalstuk taxırdı. Bununla belə, səliqəsiz geyinir, saçları həmişə pırtlaşıq olurdu. Nəsə danışanda dizlərini qucaqlayıb yırğalanırdı. Öz evində, Sprinqfilddə boş vaxtlarını odun yarmaqla, soba qalamaqla, atları qaşovlayıb inəkləri sağmaqla keçirirdi.

Bundan başqa, Linkoln quldarlıq əleyhinə çıxmaqda davam edirdi. Bir dəfə o, çikaqolu vəkillərin biri ilə qızğın mübahisəyə girişmişdi; Avraam sübut etmək istəyirdi ki, köləlik ABŞ-ın milli birliyini parçalayır. «Ertəsi gün səhər tezdən, – həmin vəkil sonralar xatırlayırdı, – onunla yenidən qarşılaşanda hələ də dünənki mübahisənin təsiri altında olduğunu gördüm.

– Əzizim, – o dedi, – axı bizim xalq yarı kölə, yarı azad insan olaraq mövcud ola bilməz».

Linkoln 1847-ci il oktyabrın 25-də arvadı, eləcə də övladları – dörd yaşlı Robert və doqquz aylıq Edvard ilə Kentukki ştatına, Sent-Luis şəhərinə yollandı. Meri Tod fəxr etdiyi konqresmen ərini məmnuniyyətlə doğmalarına, dostlarına göstərdi. Linkoln kölə zəncilərin işlədiyi fabriki gəzdi. Eyni zamanda o, apardığı müşahidələr nəticəsində Kentukkidə quldarlığa qarşı hərakatın genişləndiyini hiss etdi. Avraam həmçinin ştat paytaxtında bir çox görkəmli şəxslərlə görüşdü. Qəhrəmanımız noyabrın ortalarında böyük auditoriya qarşısında çıxış edən görkəmli dövlət xadimi, hüquqşünas Henri Kleyin (1777–1852) nitqini maraqla dinlədi. Kley öz çıxışında Meksika müharibəsinin «lazımsız və təcavüzkarlıq» olduğunu dedi. Natiq hesab edirdi ki, Birləşmiş Ştatların bütün Meksikanı özünə tabe etdirməyə haqqı yoxdur. Ancaq həmin vaxt Birləşmiş Ştatlarda bir çoxları bu barədə israrlı idi. Kleyin fikrincə, ABŞ-ın işğalçı siyasəti uzaqbaşı ələ keçirilən torpaqlarda quldarlığın yayılmasına şərait yaradacaqdı.

Linkoln və ailəsi Vaşinqtonda

Linkolnlar ailəsi 1847-ci il dekabrın əvvəllərində ABŞ-ın paytaxtına – Vaşinqtona gəlib çıxdılar. Onlar burada missis Spriqin pansionunda12 yerləşdilər. Onlar ilk dəfə idi ki, planlı şəkildə tikilmiş enli küçələri, meydan və parkları olan şəhər görürdülər. Vaşinqtonun qırx minlik əhalisindən 8 mini azad zənci, 2 mini isə kölə idi. Burada saraylar və yoxsulların yaşadığı daxmalar iç-içə idilər. Qazlar, toyuqlar, donuzlar küçələrdə, xiyabanlarda gəzişirdilər.

Hərdən küçə ilə aparılan qandallanmış zənciləri görmək olurdu.

Linkoln bir dəfə Konqres Binası yaxınlığında həbsxanaya rast gəldi. Cənuba göndərilməmişdən əvvəl zənciləri orada «heyvan sürüsü» kimi saxlayırdılar.

Missis Spriqin pansionu Linkolnun xoşuna gəlmişdi. Ancaq arvadı burada özünə əyləncə tapa bilmədiyindən üç ay sonra uşaqlarını götürüb Leksinqtona, atasının yanına getdi.

Linkoln konqresdə fəaliyyətə and içərək başladı. O, Nümayəndələr Palatasının lap axırıncı skamyasında, viqlərin arxasında otururdu. Ondan irəlidəki stolların birinin arxasında 1825–1829-cu illərdə ABŞ prezidenti olmuş Con Kuinsi Adams (1767–1848) əyləşmişdi. Onun atası Con Adams tarixə Birləşmiş Ştatların ikinci prezidenti kimi düşmüşdü.

C.K.Adams hesab edirdi ki, ABŞ-ın Meksika ilə müharibə aparmasının səbəbkarı, əslində, quldarlardır. Çünki onlar bununla quldarlığın daha geniş ərazidə yayılmasını istəyirlər.

Zaman keçdikcə Birləşmiş Ştatlar ordusu işğal etdiyi Meksika ərazilərində möhkəmlənirdi. Müharibə hökumətə 27 milyon dollara başa gəlmiş, Amerika xalqı isə 27 min əsgər itirmişdi.

Meksika üzərində qələbədən sonra ABŞ-da müharibə ilə bağlı bəzi suallar ortaya çıxmışdı: «Məğlub tərəfdən nə qədər pul tələb eləməliyik? Əgər Meksikanın pulu yoxdursa, əvəzində nə qədər torpaq istəyə bilərik? Bəlkə, bütün Meksikanı tutaq?»

1848-ci il yanvarın 12-də Linkoln Nümayəndələr Palatasında viqlərlə eyni mövqedən çıxış edərək dedi: «Prezidentin Meksika ilə başladığı müharibə lazımsız və konstitusiyaya zidd idi!»

Hər halda, reallıq ondan ibarətdir ki, Meksika ilə müharibə fevralda yekun anlaşma ilə sona çatdı: Nyu-Meksiko və Kaliforniyanın şimal hissəsi ABŞ tərəfindən zəbt edildi, Texasın yeni sərhədləri müəyyənləşdi. Bundan başqa, Birləşmiş Ştatlar ilhaq etdiyi ərazilərin müqabilində Meksikaya 15 milyon dollar təzminat ödəməyə boyun oldu.

Linkoln konqresdə tez-tez nitq söyləyirdi. O, Nümayəndələr Palatasındakı çıxışlarında köləliyə qarşı açıq fikirlər səsləndirir, ciddi təkliflər irəli sürürdü. Məhz Avraam və həmfikirlərinin ardıcıl səyləri nəticəsində önəmli qərarlar qəbul olundu. Belə ki, 1850-ci il yanvarın 1-dən etibarən yeni doğulacaq zənci uşaqlar azad olunmalı, onların anaları isə öz sahiblərindən müəyyən miqdarda yardım almalı idilər. Həmçinin uşaqlar da öz tərəflərindən sahiblərinə bəlli yaşa qədər xidmət göstərməli idilər. Bu təkliflərin qəbul edilməsi Birləşmiş Ştatlarda quldarlığın tədricən aradan qaldırılmasına səbəb olacaqdı.

Linkoln həmçinin viqlərin müxtəlif vəzifələrə qoyulması üçün prezidentə məktublar yazırdı. Nəticədə bir neçə köhnə dostunu vəzifəyə qoymaq ona müyəssər olsa da, o özünə düşmənlər də qazandı…

Yenə Sprinqfilddə

Nümayəndələr palatasının iclasları başa çatan kimi Linkoln doğma Sprinqfildə qayıtdı. O, burada öz vəkillik fəaliyyətini davam etdirməyə başladı. Eyni zamanda qraflıqları gəzir, adamlarla, onların ailəsi ilə tanış olur, iş-gücləri ilə maraqlanırdı.

1850-ci ilin fevralında Linkolnun ailəsində faciə yaşandı – onun dörd yaşlı oğlu Edvard xəstəlikdən vəfat etdi. Linkolnun öhdəsinə dərddən üzülən arvadına dayaq durmaq kimi çətin bir iş düşdü. Missis Linkoln övladının ölümündən sonra kilsə icmasının üzvü oldu və dinin köməyi ilə təsəlli tapmağa çalışdı. Linkolna arvadından nümunə götürməyi məsləhət gördülər, lakin o, buna lüzum olmadığını dedi.

Həmin vaxt Avraam əsasən qəzetlər oxuyur, Vaşinqtonda baş verən siyasi yeniliklər barədə düşünürdü. Bu zaman ona atası Tomas Linkolnun xəstələndiyi barədə xəbər gəldi. Bir neçə gün sonra aldığı ikinci məktubdan isə məlum oldu ki, təhlükə sovuşub – Tomas tezliklə ayağa qalxacaq. Lakin bir müddət sonra atasının ölüm ayağında olduğunu eşidən Linkoln ögey qardaşı Cona belə bir məktub yazdı: «…indi ailəmi tək qoya bilmərəm, arvadım xəstədir… Atamın sağalacağına inanıram. Ona deyin ki, yaradana pənah aparsın… Yaradan ondan üz döndərməz… Çox keçməz ki, hamımız atamla onun getdiyi yerdə görüşərik».

Tomas Linkoln 1851-ci il yanvarın 17-də vəfat etdi. Həmin vaxt başı məhkəmə işlərinə qarışan Avraam onun dəfninə gedə bilmədi.

Bunun ardınca isə Linkolnlar doğulan dördüncü uşağı babasının şərəfinə Tomas adlandırdılar. Linkoln ilə Meri Tod artıq on bir ildi birlikdə idilər. Onlar bir-birinin güclü və zəif cəhətinə yaxşı bələd olmuşdular. Linkoln öz vərdişlərinin əsiri idi. Xalçanın üstündə uzanıb oxumağı xoşlayırdı. Süfrə arxasında adətən pencəksiz oturur, nə yediyinin fərqinə varmırdı – fikri haradasa uzaqlarda dolaşırdı.

Missis Linkoln isə əri üçün, bir növ, stimulyator rolunu oynayırdı. O, Linkolndan həmişə mübarizlik tələb edirdi. Ərinin siyasət aləmində yüksək mövqe tutmasının onun da mövqeyini möhkəmləndirəcəyini bildiyindən, Avraama dəstəyini əsirgəmir, işlərində daha əzmkar və qətiyyətli olması üçün əlindən gələni edirdi.

1852-ci ilin iyununda Henri Kley vəfat etdi. Kleyin xatirəsinə həsr edilmiş yığıncaqda Linkoln mərhumun sözlərindən sitat gətirdi: «Afrikaya onun öz övladlarının (zəncilər nəzərdə tutulurdu – red.) qaytarılması ideyasının mənəvi tərəfləri var. Onların əcdadları zorakılıqla doğma torpaqlarından qoparılıblar. İndi vətənlərinə qayıdan zəncilər özləri ilə sivilizasiyanın bəhrələrini, qanun və azadlıqları aparacaqlar». Bu planın nə qədər ümidsiz olduğu Linkolna öz acı təcrübəsindən məlum idi. Məsələ ondadır ki, ABŞ-ın cənub ştatlarında 3 milyon 204 min kölə yaşayırdı. Vergi kitablarında onların ümumi qiyməti milyard yarım dollar olaraq göstərilirdi. Belə sərvəti kimsə itirmək istəməzdi. Bircə yol qalırdı: həmin zənciləri əşya kimi alıb Afrikaya köçürmək! Henri Kley kimi Linkoln da məhz bu planın həyata keçməsini arzulayırdı.

***

Partnyoru Uilyam Qerndonun yazdığına inansaq, Linkoln onun rast gəldiyi «ən qapalı adam» idi. Avraamın başqa bir tanışı isə deyirdi: «Linkoln heç vaxt ürəyindəkiləri açıb söyləmir».

«O, göyərçin kimi sakit, ilan kimi müdrikdi, – bu sözləri də qəhrəmanımızın vəkil dostlarından biri demişdi. – Bütün məsləhətlərə ehtiramla qulaq asır, ancaq onlara nadir hallarda əməl eləyirdi».

Qerndon vəkil kontoruna səhər saat səkkizdə, Linkoln isə saat doqquzda gəlirdi. Qerndon yazır: «O, öncə qəzetləri götürüb köhnə divana uzanır, ayaqlarını stulun üstünə qoyub bərkdən oxumağa başlayır, bu isə mənim işləməyimə mane olurdu». Linkoln bir dəfə ona izah eləmişdi: «Bərkdən oxuyanda nə oxuduğumu həm görür, həm də eşidirəm, bu isə mətni yaxşı yadımda saxlamağa imkan verir».

Bazar günləri Linkoln uşaqları Villi ilə Tedi kontora gətirirdi. Həmin günlər Qerndonun halı lap ağlamalı olurdu. Uşaqlar rəfdəki kitabları töküşdürür, mürəkkəb qabını aşırırdılar. Linkoln isə kontorda ondan başqa heç kim yoxmuş kimi öz yazı stolunun arxasında sakitcə işləyirdi.

Coşua Spid bir dəfə ona iti ağlı olduğunu söyləyəndə Avraam bununla razılaşmamışdı: «Mən hər şeyi zorla yadımda saxlayıram, ancaq sonra da unutmuram… Mənim beynim polad kimidir – onu çətinliklə cızmaq olar, ancaq sonra o cızığı silmək, demək olar, mümkün deyil».

Linkoln ölkədə baş verən yenilikləri, dəyişiklikləri təhlil edirdi. O, sivilizasiyanın Birləşmiş Ştatlar boyunca necə sürətlə irəlilədiyini görürdü. Beş min əhalisi olan Sent-Luis iyirmi il ərzində 74 min əhalisi olan şəhərə çevrilmişdi. Sprinqfilddə əhalinin sayı 700 nəfərdən 6 minə çatmışdı. İllinoysa isə axın-axın almanlar, irlandlar, ingilislər gəlirdi. Bütün bunların nəticəsi idi ki, 1850-ci ildən 1860-cı ilə qədər ABŞ əhalisi 23 milyondan 31 milyona çatmışdı. Bu artım Avropadakı hadisələrlə sıx bağlı idi. Londondan Moskvaya, Prussiyadan Siciliyaya qədər hər yerdə inqilablar müşahidə olunur, barrikadaların qurulduğu şəhərlər qanlı toqquşmaların meydanına çevrilir, nəticədə dinclik axtaran insanlar Amerikaya üz tuturdular.

Elə həmin vaxtlarda Kaliforniya ştatından qəribə xəbərlər gəlməyə başlamışdı: on kişi bir həftə ərzində milyon dollar dəyərində qızıl yuyurdu. Bundan xəbər tutan kimi San-Fransiskoda şəhər idarəsi dərhal öz işini dayandırmışdı, kilsələr bağlanmışdı, qəzet redaksiyaları boşalmış, dənizçilər öz gəmilərini atmış, əsgərlər fərariliyə başlamışdı – hamı bir ovuc qızılın minlərlə dollar qazandırdığı qızıl mədənlərinə cumurdu.

Çox keçmədi ki, bu çaxnaşma yat-küt oldu. Tarixə «Qızıl qızdırması» kimi düşən təlatüm arxada qaldı. Qatillər, oğrular, dələduzlar Kaliforniyada, San-Fransiskoda hakimiyyəti ələ keçirdilər.

Həmin illərdə Avraam Linkoln özünün sınıq-salxaq, ikiyerlik arabasında ABŞ-ın müxtəlif yerlərini gəzir, baş verənlərin mahiyyətini anlamağa, qarşıdan gələn hadisələri proqnozlaşdırmağa çalışırdı.

Çiçəklənən Amerika

Belə bir gərgin dövrdə Demokratlar partiyası özünün yeni liderini müəyyənləşdirdi. Bu, Stiven Duqlas13 idi. Partiyanın gəncləri 1852-ci ildə onun namizədliyini prezidentliyə irəli sürdülər. Otuz doqquz yaşlı Duqlas başqa namizədlərdən çox səs aldı. O, Sakit okean sahillərinə dəmir yolu çəkməkdə maraqlı olan dairələrlə sıx bağlı idi. Duqlasın inadkarlığı sayəsində Böyük göllərdən Meksika körfəzinə dəmiryol xətti çəkilmişdi. Nəticədə Mərkəzi İllinoys dəmiryol idarəsi ömürlük pulsuz istifadə üçün Duqlasa vaqon bağışlamışdı.

Tezliklə Birləşmiş Ştatların tarixi baxımından növbəti önəmili hadisə baş verdi: Cənub ştatlarının konqresmenləri indiyə qədər toxunulmaz sayılan «Missuriya kompromisi14» adlı sənədə düzəliş edilməsinə nail oldular. Bu düzəlişlə ABŞ-ın azad və quldarlıq ştatları arasındakı sərhəd silindi.

Bu zaman «Kanzas – Nebraska» layihəsinin qəbul edilməsi xəbəri bir çox ştatlarda iğtişaşlara gətirib çıxardı. (Həmin layihəyə əsasən indiyə qədər məskunlaşdırılmamış Kanzas və Nebraska bölgələrində yaşayış məskənləri yaradılacaqdı. Quldarlığın ləğv edilib-edilməməsi isə orada yaşayacaq əhalinin özündən asılı olacaqdı). Ruhanilər senata məktub göndərib layihənin əleyhinə çıxdılar. İllinoysda bəzi siyasi liderlər də bu sənədin əleyhinə olduqlarını bəyan etdilər. Camaat etirazını üzərinə Duqlasın adı yazılmış müqəvvaları yandırmaqla ifadə edirdi. Araqarışdıranlar arasında adına «heç nə bilməyənlər» deyilən gizli təşkilatın üzvləri də var idi. Bu adın verilməsi səbəbsiz deyildi üzvlərindən təşkilatın nə məqsədə yarandığını soruşanda onların cavabı belə olurdu: «Mən heç nə bilmirəm». Təşkilatın üzvləri seçkilərdə mühacirlərə və katoliklərə səs verməyəcəklərinə and içirdilər. Onların şüarı konkret idi: «Amerikanı amerikalılar idarə etməlidir!» Milyonlarla alman, irland mühacirin əksəriyyəti katolik idi. Həmin mühacirlər şəhərlərdə böyük və aparıcı qüvvəyə çevrilmişdilər, seçkidə isə əsasən Duqlas kimilərə səs verirdilər.

Hadisələr getdikcə alovlanırdı: Massaçusets ştatında iki katolik kilsəsi dağıdılıb yağmalandı, monastır yandırıldı. Nyu-Cersi ştatında protestantlar irlandlarla toqquşdu. Nəticədə bir nəfər həlak oldu, xeyli adam isə yaralandı. Sonda «Heç nə bilməyənlər» irlandların nümayişini dağıtdılar.

İlin sonunda «heç nə bilməyənlər» ölkəni təəccübləndirdilər: Filadelfiya və Vaşinqtonda öz nümayəndələrinin mer seçilməsinə nail ola bildilər. Massaçusetsdə isə keçmiş viqlərlə ittifaq quraraq hətta ştatın qubernatoru vəzifəsinə seçilməyi bacardılar.

Linkoln «heç nə bilməyənlər» barədə susmağa üstünlük verirdi. Lakin bir dəfə bu barədə ondan soruşanda əsl amerikalıların hindular olduğunu demişdi: «Biz onları öz torpaqlarından qovduq, indi isə ya bizdən əvvəl, ya da bizimlə birgə Amerikaya gələnlərin üstünə atılırıq».

1854-cü il seçkilərində «nebraskaların15» əleyhinə olanlar böyük qələbə qazandılar. Linkoln öz çıxışında bunu ictimai rəydə ciddi dəyişikliyin göstəricisi kimi qiymətləndirdi. O öz qənaətində yanılmamışdı. Belə ki, çox keçmədən quldarlığın yayılmasının əleyhinə olanlar yeni partiyanın yaradıldığını elan etdilər. Bu, Respublikaçılar Partiyası idi.

İllinoysda və başqa ştatlarda yeni partiyanın yerli təşkilatlarını yaratmaq üçün qurultaylar çağırıldı. Linkoln da həmin prosesdə fəal iştirak edirdi. Hətta ABŞ-ın Minnisota ştatının Bluminqton şəhərində keçirilən qurultayda kürsüyə çıxan bir natiq çıxış etməyə macal tapmadı, çünki zalı qışqırıqlar bürüdü: «Linkoln! Linkoln!»

Bu çağırışlardan sonra Avraam tribunaya qalxdı. «Biz çətin bir dövrdən keçirik, – Linkoln dedi. – Əgər ictimai rəy kifayət qədər güclü olmasa, dəyişikliklərə nail olmasaq, qan töküləcək, qardaş qardaşa əl qaldıracaq. Quldarlığa imkan verməyək! Bunun qarşısını almasaq, köləlik bütün ölkədə bərqərar olacaq!»

Qəhrəmanımızın nitqi alqışlarla qarşılandı. Qurultay nümayəndələri ayaqlarını yerə döyür, qışqırır, yaylıqlarını yellədir, şlyapalarını havaya atırdılar. Hər şey aydın idi: Linkoln onların düşüncələrinin ifadəçisinə çevrilmişdi!

9.Leksinqton – ABŞ-nın Kentukki ştatında şəhər (red.)
10.Partnyor – burada: birgə işgüzar münasibətdə olan tərəflər
11.ABŞ Nümayəndələr palatası – ABŞ Konqresinin aşağı palatası. Yuxarı palata isə Senatdır.
12.Pansion – ev üslubunda qurulmuş və hər cür şəraiti olan kiçik mehmanxana
13.Stiven Duqlas (1813–1861) – Demokratlar partiyasının üzvü. 1858-ci ildə seçkilərdə Linkolnun rəqibi olub ona qalib gəlsə də, iki il sonra keçirilən prezident seçkilərində Avraama uduzmuşdur.
14.Missuriya kompromisi – ABŞ Konqresinin üzvləri arasında 1820-ci ildə əldə olunmuş razılaşma. Həmin razılaşmaya əsasən Missuri ştatı quldar, Men isə azad ştat kimi ABŞ-ın tərkibinə daxil edilmişdi.
15.Nebraskalar – ABŞ-ın Nebraska ştatındakı eyniadlı çayın sahillərində qədimdən bəri məskunlaşmış yerli tayfalara verilən ümumi ad (red.)

Бесплатный фрагмент закончился.

164,22 ₽
Возрастное ограничение:
12+
Дата выхода на Литрес:
27 октября 2022
Объем:
1 стр. 2 иллюстрации
ISBN:
9789952245097
Правообладатель:
Altun Kitab / Алтын Китаб

С этой книгой читают