promo_banner

Реклама

Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Seçilmiş əsərləri», страница 2

Шрифт:

«Hər dəm ğəmində naləvü ahim yetər mana…»

 
Hər dəm ğəmində naləvü ahim yetər mana.
Dünya yüzündə ol yüzi mahim yetər mana.
 
 
İsbat qılmışam rüxi-zərdü əşki-sürximi,
Dəviyi-eşqə böylə güvahim yetər mana.
 
 
Aləm xəlayiqi mənə cümlə həsud ola,
Ol asitanın iti pənahim yetər mana.
 
 
Zahid, ögünmə, taleyi, sədəm deyib yügüş,
Sən var işinə, bəxti-siyahim yetər mana.
 
 
Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən,
Cümlə xətadə lütfi-ilahim yetər mana.
 

«Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana…»

 
Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana,
Bağçan içindən axan su abi-heyvandır mana.
 
 
Məscidə varmaq nə hacət, dedim, ey zahid, mana
Ruy ilə zülfi anın küfr ilə imandır mana.
 
 
Müddəilər tənəsindən sanmanız kim, mən dönəm,
Ol mənim canım içində cani canandır mana.
 
 
Mən səninlə söyləşəndə gər zimistan, gər bahar,
Hər nə çağ görsəm səni, aləm gülüstandır mana.
 
 
Ey Xətayi, çün sənə həqdən nəzərdir hər zaman,
Eşqin ilə bu həyatım baği-rizvandır mana.
 

«Xaki-payin, dilbəra, bir taci-dövlətdir mana…»

 
Xaki-payin, dilbəra, bir taci-dövlətdir mana,
Bəs yüzün görmək sənin bəxtü səadətdir mana.
 
 
Çün ğəmi-eşqində ölməkdir həyati-cavidan,
Həq bilür ölmək degil ol, eyni-rahətdir mana.
 
 
Munca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa,
Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana.
 
 
Gərçi məndən dər hicab olursan, ey arami-can,
Yüzünü görsətdigin eyni-inayətdir mana.
 
 
Düşdə gərdü dün Xətayi, yar olubdur həmdəmi,
Ya düşümdür, ya xəyalım, bu nə halətdir mana?
 

«Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana…»

 
Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana,
Can səninlə getdi, ismi-natəvan qaldı mana.
 
 
Taki sən getdin yanımdan, ey dilaramım mənim,
Haləti-vəslin könüldə pasiban qaldı mana.
 
 
Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim,
Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.
 
 
Gər nihan oldu gözümdən ol pəri peykər sənəm,
Gögdə mah onun yüzündən bir nişan qaldı mana.
 
 
Taki səndən ayrı düşdi bu Xətayi xəstə dil,
Buyi-muyin müşk ilə ənbərfişan qaldı mana.
 

«Həqq əzəl meyxanəsindən verdi bu cami mana…»

 
Həqq əzəl meyxanəsindən verdi bu cami mana,
Kainat əhli təəccüb qıldılar qamu mana.
 
 
Bilməz idim xətti-rüxsarın sifatın söyləmək,
Fitnə çeşmin qəmzəsi öyrətdi ilhamı mana.
 
 
Səbrü aramım gedibdir, görməzəm eynimdə xab,
Firqətin bir eyləmişdir sübh ilə şami mana.
 
 
Çox cəfa hasil olur səndən mana, ey bivəfa,
Aqibət eylər xəyalın rəsmi-bədnami mana.
 
 
Köynəyindən çıx dedim şol sərvi-gül xəndanıma,
Zərrəcə qayınmadı, göstərdi əndami mana.
 
 
Ey Xətayi, zülfinin zəncirinə qeyd etmə dil,
Danədir xali anın, həm zülfidir dami mana.
 

«Xaki-payin sürmədir eynimə, ənan et mana…»

 
Xaki-payin sürmədir eynimə, ənan et mana,
Gər qəbul olmaz muradim səndən, elam et mana.
 
 
Dərdimin dərmani rüxsarini görməkdir sənin,
Təşnəyəm, billah, dodağın şərbətin cam et mana.
 
 
Çün könül xalin ucundan düşdü zülfin qeydinə,
Bigünah öldürməgil hər ləhzə, aram et mana.
 
 
İstəmən zahirdə faş olmaq, anınçün gözlərəm,
Mehri-eşqin razini, ey yar, ilham et mana.
 
 
Bu Xətayidən götürgil möhnəti-hicranini
Ey pəri ru, tanrı içün ancaq ilzam et mana.
 

«Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana…»

 
Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana,
Çünki mən Xızram, dodağın abi-heyvandır mana.
 
 
Bilməzəm aləmdə, yarəb, gərdişi-əyyami-ğəm.
Lütfü ehsanınmıdır, ya cövri-hicrandır mana?
 
 
Vermişəm imanimi zənciri-zülfin küfrinə,
Bəndi-zülfin küfrini gördüm, nə imandır mana.
 
 
Dün rəqibi-kafiri-gümrahilə eybində kim,
Hər hekayətlər ki, qıldın cümlə pünhandır mana.
 
 
Bu Xətayi birlə solmuş bir dəxi, ey şahi-hüsn,
Ta dəhanın xatəmi-möhri-Süleymandır mana.
 

«Ya ilahi, istərəm səndən bu ənami mana…»

 
Ya ilahi, istərəm səndən bu ənami mana,
Edəsən həmdəm kim ol sərvi-güləndami mana.
 
 
Şol büti-namehriban hərgiz məni yad etmədi,
Bir məhəbbət qılmadı axır sərəncami mana.
 
 
Cövri-hicran çəkdigimdən qalmayıbdır taqətim,
Ya nəsib etsən noleydi səbrü arami mana.
 
 
Könlüm aldın bitəkəllüf, canımı almaqdadur,
Güldürür eşqində daim xas ilən ami mana.
 
 
Keçdi ömrün, ey Xətayi, uş bu zaye dünyada,
Şol vəfasız ləbləridən vermədi kami mana.
 

«Dust yolunda halal olsun, dila, qeyrət sana…»

 
Dust yolunda halal olsun, dila, qeyrət sana.
Qeyridən bir zərrə minnət çəkmədin, rəhmət sana.
 
 
Ol sənəm əzmi-səfər etdi, könül, əylənmə kim,
Bir nəfəs didar gər kim, qalmaya həsrət sana.
 
 
El dilü din, siz çıxın evdən ki, dildarım gəlür,
Sən də, ey can, durma kim, biz vermişiz rüxsət sana.
 
 
Çareyi-behbudimi sordum müalicədən, dedi:
– Dərd dərdi-eşq isə, mümkün degil səhhət sana.
 
 
Ey Xətayi, sən şəhidi-ğəmzeyi-dildarsən,
Həşrdə rəşk aparar yetmiş iki millət sana.
 

«Rövşən yüzün ki, zülfin olubdur niqab ana…»

 
Rövşən yüzün ki, zülfin olubdur niqab ana,
Nisbətdir əbr içində məhü afitab ana.
 
 
Eşqin sənin ki, məxzəni-gənci-ilahidir,
Andandurur ki, məskən olubdur xərab ana.
 
 
Eşqin nədir cahanda sənin, ey pəri sifət,
Heyrandurur fələkdə gəzən mahtab ana.
 
 
Uyxudə gözlərim necə görsün cəmalını,
Eşqində çünki gəlmədi bir zərrə xab ana.
 
 
Aşiqdurur yanağına zülfin Xətayi tək,
Andan düşər bir vəchilə bu piçü tab ana.
 

«Eylədim bünyad əvvəl bəndə əz nami-xuda…»

 
Eylədim bünyad əvvəl bəndə əz nami-xuda,
Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza.
 
 
Aciz olma, ey könül, münkir gərəkməz əhli-dil,
Həqtəala buyruğudur mur əlində əjdəha.
 
 
Eylə sultandır ki, yoxdur mislü həm həmta ona,
Buyruğundan kim, onun çıxmaz şəhü mirü gəda.
 
 
Kim ki, həqqə münkir oldu, qoy cəzasıdır onun,
Zərrəcə rəhm etməgil sən ta kim, ol halın duya.
 
 
İt rəqiblər tənə edərsə, Xətayi, həqqə sal,
Olma qəmgin kim, sana qıldığını həqdən tapa.
 

«Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba…»

 
Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba,
Taki uyxuda görərmən sən təki bir məhluqa.
 
 
Taki eşqinin bəlası canıma kar eylədi,
Ey təbibim, bilməzəm kim, varmı bu dərdə dəva?
 
 
Daneyi xalinə ta kim, mürği-can qıldı təmə,
Dami-zülfin həlqəsinə oldu canım mübtəla.
 
 
Ey mürüvvət mədəni, məndən kərəm qılma diriğ,
Qənbərinəm mən sənin, şahim, beeşqi-Mürtəza.
 
 
Özgə aşiqlər əgərçi dil verər dildarinə,
Bu Xətayi xəstə gör, yolunda qıldı can fəda.
 

«Ey könül, sidq ilə hər kim şah ilən yoldaş ola…»

 
Ey könül, sidq ilə hər kim şah ilən yoldaş ola,
Yüz gərək döndərməyə hər necə kim, yol daş ola.
 
 
Yolu gər daş ola, gər yay ola, gər oxü qılıc,
Mürşidindən dönənin mənidə ismi laş ola.
 
 
Qul gərək tanıda öz doğruluğun həq yoluna,
Etiqaddan azmaya, gər bayü gər qəllaş ola.
 
 
Ey könül, cəhd eyləgil doğri ola gör şahə sən,
Aqibət qəlbi çıxar, hər kimsə kim, qəllaş ola.
 
 
Ey Xətayi, sidq ilə bu şah əyağinə gələn
Aqibət bir gün, gümansız, xəlq içində baş ola.
 

«Hər kimə kim, səncələyin bir pərivəş yar ola…»

 
Hər kimə kim, səncələyin bir pərivəş yar ola,
Əqlü huşü xanimanından dəxi avar ola.
 
 
Başinə hər kimsənin düşsə saçın sevdaləri,
Tərk edüb dünyanı ömründən dəxi bizar ola.
 
 
Sən kimi aləmdə olmaz, gər olarsa, dilbəra,
Bu gözü cadusifət, həm qaşları məkkar ola.
 
 
Dərdü ğəm gəldikcə səndən şad olurmən, dilbəra,
Görüm, onları mənim könlümdə bərxurdar ola.
 
 
Qıla dönmüşdür vücudim möhnəti-cövrin çəkə,
Sağ gəzən düşmənlərin bu bəndə tək bimar ola.
 
 
Həmdəmin daim rəqib olmuşdur, ey gül yüzlü yar,
Xanda bir gül bitsə, lazımdır yanında xar ola.
 
 
Eşqinə hər kim giriftar oldu, ey kafir necə,
Şeyx Sənan tək belinə bağlayan zünnar ola.
 
 
Vəsl ilən şad eylə, qurtar dərdü qəmlərdən məni,
Dərdi hicranın çəkən ki, bu dili-əfkar ola.
 
 
Varmıdır bir kimsə, yarəb, əhli-üşşaq içrə yar,
Bu Xətayi xəstə dil tək aşiqi-didar ola.
 
 
Ey bəndə, gər cəhanda pənahın ilah ola,
Kəmtər qulun məqamı sənin padişah ola.
 
 
Aşiq odur ki, dəvi edərsə sözinə,
Qanlı yaşilə çöhreyi-zərdi güvah ola.
 
 
Mehrabi var o zahidin, amma ki, aşiqə
Məşuqinin əyağı izi qibləgah ola.
 
 
Bədxahim ola cümlə cəhan, çəkməzəm məlal,
Çün ol sənəm mənimlən əgər nikxah ola.
 
 
Başdan ayəğə bəndə Xətayi xətaludur,
Zahid, xaçan ki, xubları sevmək günah ola.
 

«Neylərəm ol cənnəti içində dildar olmasa…»

 
Neylərəm ol cənnəti içində dildar olmasa,
Qoy anı viranə qalsun, baxçada bar olmasa.
 
 
Ğəflət əhli qaldı həqdən şöylə bil kim, binəsib,
Qanda didarı görür, ol bunda bidar olmasa.
 
 
Dünyada aşiq olan geydi məlamət donunu,
Hər yetən aşiq olurmi, dərd ana kar olmasa?
 
 
Aşiqin meydanda başi top yerinə çalınur,
Başını meydana qoymaz, kim ki, sərdar olmasa.
 
 
Doğruluq dost qapısıdır, doğru gəl gir bu yola,
Əgri meydanda utanur, onda iqrar olmasa.
 
 
Ey Xətayi, gövhəri xərc eyləmə nadanə sən,
Gövhərin qədrini bilməz, gər xiridar olmasa.
 

«Hüsnün bəyani sureyi-Yasinü haləta…»

 
Hüsnün bəyani sureyi-Yasinü haləta,
Ey Kəbeyi-mübarəkü vey Mərveyi-Səfa.
 
 
Dövri-fələk verürsə mənə ixtiyarini,
Bir tari-muyini dü cəhanə qılam bəha.
 
 
Gəlmiş degil, gəlibdürə bilməz beruzi-həşr
Dövri-qəmər sənin təki bir şahi-məhliqa.
 
 
Kim ki, vüsalin istiyə ixlas ilə sənin,
Üstündə zilli-sayeyi-səadət dutar hüma.
 
 
Torpağə bas əyağini, ey gözlərim nuru
Kim, xaki-payini dilərəm bəhri-tutiya.
 
 
Şeydavü məstü valehü heyranəm, ey sənəm,
İxlas ilə yolunda mənəm rindü canfəda.
 
 
Xurşidü mahü cümlə sitarə bər əncümən
Qıldı sücud surətinə, ey əzizi-ma.
 
 
Ruh müsəvvər oldu yüzündən beabü gil,
Sənsən, şəha, bu əhsəni-təqvimə kimiya.
 
 
İnsan deyirdi göydə mələk yox idi hənuz,
Sən var idin cəhanda, əya dürri-ibtida.
 
 
Həmtasi ol şahənşahi-əzəm nigarımın
Yoxdur behəqqi-hörməti-övladi-Mustəfa.
 
 
Yarın yolunda xəstə Xətayi yoruxmə tiğ,
Olgil şəhidi-dəşti-biyabani-Kərbəla.
 

«Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva…»

 
Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva,
Həm anın şənində münzəl ayəti-şəmsüz-züha.
 
 
Sureyi-Tahavü Yasinü təbarək hüsninə
Gör nə təzim eyləmişdir həq təala rəbbəna.
 
 
Münfəildir tələtindən dər fələk xurşidü mah,
Şol cəhətdən kim, yüzün nurundan almışdır ziya.
 
 
Valehü sərgəştədir aləmdə əhli-mərifət
Vəchinə, ey gövhəri-pakizeyi-ərzü səma.
 
 
Bu Xətayidən inayət kəsmə, ey şahi-kərəm,
Canə yetmişdir cəfadan lütf edib qılgil vəfa.
 

«Minbəd əgər mənimlə həbib olsa aşina…»

 
Minbəd əgər mənimlə həbib olsa aşina,
Mən canımı yolunda onun eylərəm fəda.
 
 
Gülgün yüzün xəyalına düşdü könül yenə,
Bənzim saraldı dərd ilə manəndi-kəhrəba.
 
 
Darüş-şəfayə getmədigim canandan ötrüdür,
Ey cismimin həyatı, ləbindir mənə şəfa.
 
 
Çeşmin cəhanda fitnəvü aşub göstərir,
Hər dəm qiyaməti qoparır qamətin mana.
 
 
Yastan, Xətayi, yar eşiginə etiqad ilə,
Şamü səhər də dövlətinə eyləgil dua.
 

«Vəchində peydadır sənin ənvari-zati-kibriya…»

 
Vəchində peydadır sənin ənvari-zati-kibriya,
Ol yüzə qarşu dəxi şərməndədir şəmsüz-züha.
 
 
Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm,
Fərhadvar istər könül Şirin dodağından şəfa.
 
 
Cami-müsəffadan mana saqi içirdi bir qədəh,
Sufi nə bilsin mən necə ol camdən buldum səfa.
 
 
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir.
Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
 
 
Mən cahilü nadan idim, ol hüsn içün heyran idim,
Ta gənc ikən pünhan idim, şimdi gözümdən zahira.
 
 
Eynül-yəqin hər sirrinə idrak edən insan idim,
Ey mərifətdən bixəbər, insafə gəlgil (bidəğa).
 
 
Canü cəhani sizsizin neylər Xətayi xəstə dil,
Səndən müdam ehsan dilər, çünki gədadır binəva.
 

«Zərreyi-mehrində daim, ey cəmalı afitab…»

 
Zərreyi-mehrində daim, ey cəmalı afitab,
Əbr yüzündən götürgil, dutmagil məndən hicab.
 
 
Dur dedim yarın kuyindən, ey rəqibi-rusiyah,
Xəstə bülbül var ikən neylər gülüstanda ğürab?
 
 
Ey gözü nərgiz, yüzü gül tək, boyu sərvi-rəvan,
Taki səndən ayrı düşdüm, xəstəyəm, halım xarab.
 
 
Cənnəti-vəslindən, ey canım, məni dur eyləmə,
Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab.
 
 
Bu Xətayi həqqinə daim dutubdur çox ümid,
Aqibət rəhm eylə anə saəti-yövmül-hesab.
 

«Gəldi sürahi məclisə, rəf eyləmiş niqab…»

 
Gəldi sürahi məclisə, rəf eyləmiş niqab,
Nur eylədi bu məclisi zərrinpər afitab.
 
 
Manəndi-cami-Xızr nəbidir misal ilən,
Abi-həyat içindəki can bəxş edən şərab.
 
 
Qül-qül deyər mütariyə, yəni di gəl, di gəl,
Baş endirir piyaləyə kim, qılma ictinab.
 
 
Məşuqi-sərvqamətü məhbubi-simtən,
Tavusi-rövzə cilvə qılır, çıxmış əz hicab.
 
 
İçmiş şərabi-ləl çü sərxoş öpər əyağ,
Nəql eyləməkdə canü cigərdən dilər kəbab.
 
 
Ayineyi-İskəndərü həm cami-Cəm budur,
İzhar edər cəhanı, qılur şeyxi çün şəbab.
 
 
Hər yerdə kim, otura, Xətayi, o xurvəş,
Gögdə məlayik oxur: “Ya leytəni turab”.
 

«Bu aləm hüsninə heyrandır, ey dust…»

 
Bu aləm hüsninə heyrandır, ey dust,
Sana bu qönçə ləb xəndandır, ey dust.
 
 
Mən ol Yəqub nisbət zar boldum,
Cəmalın Yusifi-Kənandır, ey dust.
 
 
Hilali qaşını ta gördü çeşmim,
Bu canım eydinə qurbandır, ey dust.
 
 
Sana bu künfəkan valeh bolubdur,
Ki, hüsnin surəti-rəhmandır, ey dust.
 
 
Cəmalın səfhəsində xəttü xalın,
Yüzündə ayəti-Qurandır, ey dust.
 
 
Sənin eşqin vücudim şəhdi içrə
Bu könlüm təxtinə sultandır, ey dust.
 
 
Xətayiyə, demişsən, cövr edim çox,
Yenə lütfü yenə ehsandır, ey dust.
 

«Əhli-həyatə söylərəm, ey həyyi-laməmat…»

 
Əhli-həyatə söylərəm, ey həyyi-laməmat,
Fani cəhanda kimsəyə munis degil həyat.
 
 
Baqidir ol ki, derlər ani vacibəl-vücud,
Fərmandır anə mümtənəat ilə mümkinat.
 
 
Can bəxş edər məmatə ləbin, ey Məsih dəm,
İsalərin əcəbmi dəmindən bu möcüzat?
 
 
Məhdi-zəmin içində ki, tifli-nəbat edər,
Ana həmişə dayeyi-lütf əmirdir nəbat.
 
 
Şətrənci-dəhr içindəki at oynadan xani?
Təqdir beydəqi ani bir dəmdə qıldı mat.
 
 
Çün qul olan qapında görər qədri-səltənət,
Bir qulunam ki, vermişəm ol qədr içün bərat.
 
 
Yetməz, Xətayi, zikr ilahın nüfusinə,
Bir zat imiş ki, irməz anə zat ilən sifat.
 

«Sərxoşi-cami-ələstəm ta əbəd hüşyar məst…»

 
Sərxoşi-cami-ələstəm ta əbəd hüşyar məst.
Məsti-layəqəl gəzərmən şəhr içində ar məst.
 
 
Sordular məndən ki, neyçün bidil oldun, mən dedim:
– Ol səbəbdən bidil oldum, dilbərü dildar məst.
 
 
Həqqinə aşiq olanlar şirin cana qalmasın,
Didara müştaq olanlar qibləsi didar məst.
 
 
Hər qəmişdən şəkkər olmaz, hər tikəndən tazə gül,
Hər keyikin göbəyindən nafeyi-tatar məst.
 
 
Adəmi oldur ki, anda hüsnü xülqü lütf ola,
Adəmi demə anı kim, cübbəvü dəstar məst.
 
 
Daima istər Xətayi şah cəmalın görməgə,
Şol gədayi-alihümmət talibi-didar məst.
 

«Bu, qəmzə degil, bəladır, ey dust…»

 
Bu, qəmzə degil, bəladır, ey dust,
Bu, xəndə degil, cəfadır, ey dust.
 
 
Şəkkər ləbin ağzuma söyərsə,
Sögmək degil ol, duadır, ey dust.
 
 
Yer yüzi həvayi-qəddün ilə
Cənnət kimi xoş həvadır, ey dust.
 
 
Dil mürşidinə xəyali-zülfin
Həm xirqəvü həm əsadır, ey dust.
 
 
Aşiq olalı sana Xətayi
Balaına mübtəladır, ey dust.
 

«Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox…»

 
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox,
Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.
 
 
Hicr evində mən kiminlə həmdəm olum, ey sənəm,
Könlümün şəhrində mehman səndən özgə kimcə yox.
 
 
Xızr tək zülmətdə qaldım, bir mədəd qıl tanrıçün,
Təşnə içün abi-heyvan səndən özgə kimsə yox.
 
 
Hər nə kim, hökm eyləsən, eylə mənə, ey eşqi-yar,
Könlümün təxtində sultan səndən özgə kimsə yox.
 
 
Bu Xətayi xəstənin vergil murdaın, ya ilah,
Kim, mənə lütf ilə ehsan səndən özgə kimsə yox.
 

«Ol pəri kim, bu cəhanda hüsninin həmtası yox…»

 
Ol pəri kim, bu cəhanda hüsninin həmtası yox,
Sərvi-rənanın xuraman qəddi tək balası yox.
 
 
Gecə-gündüz mən anın hicrində yanmaqdır işim,
Neyləyim kim, ol məhin məndən yana pərvası yox.
 
 
Ögmə, ey zahid, mana rizvanü gənnət bağini
Kim, anın yarın yüzü tək bir güli-həmrası yox.
 
 
Qılma, ey naseh, mənə zülfin sevərsən deyə tən,
Xansı aşiqdir kim, andan başda bir sevdası yox.
 
 
Gərçi çoxdur dünyada üşşaqi ol mahin, vəli
Bu Xətayi xəstə tək bir aşiqi-şeydası yox.
 

«Bu könlüm şad olur qəmdən rüxi çün laləgun görgəc…»

 
Bu könlüm şad olur qəmdən rüxi çün laləgun görgəc,
Misalı-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.
 
 
Əgər ah eyləsəm, topraq olur dər ləhzə ahimdən,
Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc.
 
 
Anunçün əyləməz ahi bu canım rəhgüzarində,
Həramilər çaparlar karivani çün tütün görgəc.
 
 
Məhü səyyarələr şərməndədir yüzünə baxmaqdan,
Fələk övcində xurşidi həyadən sərnigun görgəc.
 
 
Xətayi, rəsm beylə eyləyibdür ehtiraz ilə,
Hezaran naz edər xublar ki, aşiqni zəbun görgəc.
 

«Həq kəlamı sevmişəm, sireyi-Yasindən mədəd…»

 
Həq kəlamı sevmişəm, sireyi-Yasindən mədəd
Kim, mana incili-fürqanın duasindən mədəd.
 
 
Ey behəqqi möcizati verdin ol Musayə sən
Kim, mana Musayi-İmranın əsasindən mədəd.
 
 
Ey yaradan aləmi ol şahi-xuban eşqinə,
Ol rəsuli-axiratın möcizasindən mədəd.
 
 
Kim ki, kamin almadı, dünyadə oldur binəva,
Binəvanıın vergilən, yarəb, nəvasindən mədəd.
 
 
Bu Xətayi der: – Əzəldən mən imamin quluyam,
Ey imami-həqq Əliyül-Murtəzasindən mədəd.
 

«Munca cövr etdin mana, namehribanlıqdan nə sud…»

 
Munca cövr etdin mana, namehribanlıqdan nə sud?
Öldürəndən sonra, ey can, mehribanlıqdan nə sud?
 
 
Qəhrin ilən təlx keçdi çünki ömrüm dünyədə,
Yaşım yüzdən istəyübən şadimanlıqdan nə sud?
 
 
Bilməzəm neyçündürür düşmənligin bu növ ilən?
Lütfini görsətməyib, həm bu yamanlıqdan nə sud?
 
 
Çünki rəhmin yoxdurur mən piri-eşqin halinə,
Bu cəhan bağində, ey sərvim, cavanlıqdan nə sud?
 
 
Ey Xətayi, dilbərin çünkim cəfa eylər sana,
Bivəfa aləmdə böylə zindəganlıqdan nə sud?!
 

«Fələknin gərdişindən dadü fəryad…»

 
Fələknin gərdişindən dadü fəryad.
Məni ayırdı səndən dadü fəryad.
 
 
Məni yardan ayırdı bu zəmanə,
Zəmanə gərdişindən dadü fəryad.
 
 
Mənim iki cəhanım sevgili şah,
Səni sevmədigindən dadü fəryad.
 
 
Yaxam yırtım gedim əğyar əlindən,
Bu rəhmi yox dilindən dadü fəryad.
 
 
Necə biçarəvü büryan olubdur,
Xətayi yar əlindən dadü fəryad.
 

«Ərzə yazdım mən sana, ey şahi-xubanım, mədəd…»

 
Ərzə yazdım mən sana, ey şahi-xubanım, mədəd.
Ərzi-halim sən bilürsən, dinü imanım, mədəd.
 
 
Şərmsarəm, pürgünahım sən bağışla, ya kərim,
Cümlələrni yarlığayan kamil insanım, mədəd.
 
 
Məstü Məcnun olmuşam mən firqətindən, ya həbib,
Ey həqiqət aləmində incə ərkanım, mədəd.
 
 
Bu əlimdür daməniniz, ya Əliyül-Murtəza,
Buyi-vəslindən sənin hər dərdə dərmanım, mədəd…
 
 
Hər yana əzm eylər olsan, sureyi fəth oldu fəth,
Açılar bağlu qapu dövlətlü dərbanım, mədəd.
 
 
Bu Xətayinin günahin sən götürmə yüzinə,
Şahi-mərdan, şiri-yəzdan, sirri-sübhanım, mədəd.
 

«Hüsn ilə ziba imişsən, ya Əli, səndən mədəd…»

 
Hüsn ilə ziba imişsən, ya Əli, səndən mədəd,
Görk içində bay imişsən, ya Əli, səndən mədəd.
 
 
Eşqlə məşuqü aşiq səndə olmuşdur zühur,
Sirri-ma ovha imişsən, ya Əli, səndən mədəd.
 
 
Eşq oxirlər adini rahi-həqiqətdə sənin,
Eşq ilə şeyda imişsən, ya Əli, səndən mədəd.
 
 
Övliyalar, ənbiyalar çoxdurur, illa ki sən,
Cümlədən əla imişsən, ya Əli, səndən mədəd.
 
 
Möminə irşad edirsən lütfü ehsanü kərəm,
Kafirə qovğa imişsən, ya Əli, səndən mədəd.
 
 
Yerdə, gögdə istəmir şol kor münafiqlər səni,
Zahirən peyda imişsən, ya Əli, səndən mədəd.
 
 
On səkiz min aləmin sirdaş sən sirrindədir,
Mürşidi-bina imişsən, ya Əli, səndən mədəd.
 
 
Qisməti-ruzi-əzəldə həm müini-Mustəfa,
Hərgisi-şəhla imişsən, ya Əli, səndən mədəd.
 
 
Anca kim, seyr eylədim, gəzdim vücudim şəhrini,
Misli-bihəmta imişsən, ya Əli, səndən mədəd.
 
 
Bu Xətayi xəstədil birliginə iqrar edir,
Vahidi-yekta imişsən, ya Əli, səndən mədəd.
 
213 ₽
Жанры и теги
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
3 стр. 6 иллюстраций
ISBN:
978-9952-8450-9-7
Правообладатель:
JekaPrint