Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Tom dayının daxması», страница 4

Шрифт:

VI FƏSİL

QAÇMAĞIN ÜSTÜ AÇILDI

Axşamkı uzun mübahisədən sonra mister və missis Şel-bilər çox gec yuxuya getdilər və səhər həmişəkindən gec oyandılar.

– Başa düşmürəm. Eliza nə üçün belə ləngidi? – missis Şelbi artıq neçənci dəfəydi ki, zəngi çəkirdi.

Mister Şelbi güzgünün qabağında dayanıb ülgücü itiləyirdi. Bu dəm qapı açıldı və yataq otağına zənci oğlan daxil olub üz qırxmaq üçün su gətirdi.

– Endi, – missis Şelbi ona müraciət elədi. – Elizanın qapısını döy və de ki, artıq üçüncü dəfədir zəngi çalıram. – Köks ötürüb yavaşcadan əlavə etdi. – Zavallı.

Bir neçə dəqiqədən sonra Endi təəccübdən gözləri bərəlmiş halda qayıtdı.

– Missis! Lizzinin otağında bütün siyirmələr açıqdır, şeylər hara gəldi atılıb. Deyəsən, qaçıb.

Mister və missis Şelbilər bir anda baş vərmiş hadisəni anladılar. Mister Şelbi qışqırdı:

– Deməli, Eliza nədənsə şübhələnib və qaçmağı qərara alıb?

– Allah eləsin, elə belə də olsun, – missis dedi.

– Siz cəfəngiyat danışırsınız, missis! Nə vəziyyətdə qalacağam mən? Heyli görürdü ki, uşağı satmaq istəmirəm və bu işdə mənim əlim olduğundan şübhələnəcək. Bu mənim şərəfimə toxunur. – Və o, surətlə otaqdan çıxdı.

Sonrakı on beş dəqiqə ərzində evdə vurnuxma kəsilmədi: qapılar çırpılır, qapıların dalından həyəcanlı sifətlər boylanırdı.

Təkcə bir nəfər baş vermiş hadisə barədə nəsə danışa bilərdi, lakin təmkinlə susurdu. O, baş aşpaz Xloya xala idi. Onun güləş üzünü ağır düşüncə kölgələmişdi. Sükutla səhər yeməyi üçün qoğal bişirməyində idi, elə bil ətrafındakı qaçaqaçı, vurnuxmanı nə görür, nə də eşidirdi.

Eyvanın bəzəkli sürahisində şüvülə düzülmüş qarğalar kimi on nəfərə yaxın qara əcinnə oturmuşdu, onlar yad sahibkarın düşdüyü müsibəti necə qarşılayacağını birinci görməyə çalışırdılar.

– Ay qəzəblənəcək ha! – Endi dedi.

– Sən qulaq as, gör bir necə söyüşlər söyəcək, – balaca Ceyk ona səs verdi.

–U–ux, yaman söyüşcüldü! – Qıvrımsaç Mendi dilləndi. – Mən dünən onlar nahar edəndə eşitmişəm. Missisin böyük bardaqları saxladığı anbara girmişdim. Sözbəsöz eşitmişəm.

Başqalarının söhbətinə pişik balasından çox diqqət yetirməyən Mendi qeyri-adi, çoxbilmiş görkəmlə, şəstlə eyvanda gəzişirdi. Həmin vaxt o anbarda olsa da, yumaq kimi yumurlanıb bardaqların arasında şirin yuxuya getdiyini tamamilə unutmuşdu.

Çəkməli və mahmızlı Heyli nəhayət ki, gəlib çıxdı və hər tərəfdən onun üstünə bəd xəbərlər yağış kimi yağmağa başladı. Eyvanda vurnuxan balaca əcinnələr yanılmamışdılar. Onlar hirslənmiş yad sahibkarın bir-birinin ardınca yağdırdığı söyüşlərə diqqət kəsildilər. Sahibkarın qamçısından qəhqəhəylə yayınaraq axırda aşıb eyvanın qabağındakı solub-saralmış çəmənliyə yıxıldılar, var səsləri ilə bağıra-bağıra ayaqlarını havada oynatmağa başladılar.

– Əlimə düşərsiz, şeytanlar! – Heyli dişlərini qıcayıb mırıldandı.

– Hələ ki, düşməmişik! – Endi təntənəylə əlini yelləyib qışqırdı, uğursuz qul alverçisi bir qədər aralandıqda isə, üz-gözünü turşutdu, sifətini eybəcər şəklə salaraq onu yamsıladı.

– Bu nə işdir, başıma gətirirsiz, Şelbi! – Heyli icazəsiz qonaq otağına girdi. – O məlun uşağı da götürüb aradan çıxıb?

Mister Heyli, missis Şelbi burdadır! – Şelbi dilləndi.

– Üzr istəyirəm, xanım! – Heyli üzünün sərt ifadəsini dəyişmədən yüngülcə təzim etdi. – Ancaq mən yenə də təkrar edirəm: qəribə xəbərlər eşidirəm, ser! Doğrudanmı belədi?

– Ser, – mister Şelbi dedi, – əgər “mənimlə söhbət etmək istəyirsinizsə, xahiş edirəm, centlmenə layiq ədəb qaydalarını gözləyəsiniz…” Endi, mister Heylinin şlyapasını və qamçısmı al! Əyləşin, ser. Bəli, ser, çox təəssüflər olsun ki, bu cavan qadın güman ki, bizim söhbətimizi eşitmiş, ya da kimdənsə öyrənərək, bu gün gecə uşaqla birlikdə yoxa çıxmışdır.

– Belə fırıldağı sizdən heç gözləməzdim! – Heyli dedi.

– Sizin bu sözləri necə başa düşək, ser? – Mister Şelbi birdən ona tərəf döndü. – Düzlüyümə və namusuma şübhə eləyənlər üçün mənim ancaq bir cavabım var.

Qul alverçisi qorxdu və tamam başqa bir tonda dedi:

– Bəs namuslu adam özünün bu cür aldadılmasına necə dözə bilər?

– Mister Heyli! – Şelbi davam elədi, – mən sizin dilxorluğunuzu tamamilə anlayıram və qonaq otağımda bu cür nəzakətsizliklə peyda olmağınızı yalnız buna görə bağışlayıram. Bununla belə, nəzərinizə çatdırmağı vacib bilirəm ki, bu dərəcə çirkin bir işdə məndən şübhələnməyə və təmiz adıma ləkə yaxmağa heç vaxt icazə vermərəm. Bundan başqa, qaçqınların axtarılmasmda sizə hər cür kömək göstərəcəyəm. Mənim atlarım, qullarım hamısı qulluğunuzda müntəzirdir. Qısası, Heyli, – o, həmişəki mehribanlığını saxlayaraq, əlavə etdi, – məsləhət görürəm ki, əhvalınızı pozmayasmız və birgə nahar eləyək, sonrakı tədbirləri ordaca müzakirə edərik.

Missis Şelbi ayağa qalxaraq naharda iştirak edə bilməyəcəyini söylədi və qulluqçu mulat qadına centlmenlərə qəhvə verməsini tapşırıb otaqdan çıxdı.

– Xanımınızın məndən nəsə xoşu gəlmədi, – Heyli yöndəmsiz bir ədabazlıqla dilləndi.

– Mən arvadım barədə belə açıq-saçıq danışığa adət etməmişəm, – mister Şelbi sərt cavab verdi.

– Üzr istəyirəm. Sizinlə zarafat etmək də olmur! – Heyli sözlərini saxta bir gülüşlə tamamladı.

– Hər zarafatdan da xoşlanmaq olmur, – Şelbi etiraz etdi. “Gör mənimlə haqq-hesabı üzəndən sonra necə cəsarətə gəlib?! – Heyli öz-özünə donquldandı. – Elə bil heç dünənki adam deyil!”

Tomun taleyi onun yoldaşları arasında elə bir həyəcana səbəb olmuşdu ki, heç baş nazirin işdən götürülməsi xəbəri saray dairələrinə bir belə təsir göstərməzdi. Evdə də, tarlalarda da ancaq bundan danışırdılar. Elizanın qaçması da bu yerlərdə görünməmiş hadisə idi və ümumi həyəcana az təsir göstərməmişdi.

Qara Sem, (yerli zəncilərin hamısından qara olduğuna görə onu belə çağırırdılar) bu hadisələrə dair, əsasən, öz şəxsi mənafeyi baxımından dərindən-dərin mülahizələr yürüdürdü. Vaşinqtondakı, ağ siyasətbazların hər biri onun uzaqgörənliyinə həsəd apara bilərdi.

– Şər deməsən xeyir gəlməz… Allahın işinə bax! – Sem təntənəylə dilləndi, şalvarını çəkib aşırmasına, qopmuş düymənin yerinə iri bir mismar keçirtdi. Öz kəşfindən tamam razı halda təkrar elədi: – Bəli, şər deməsən xeyir gəlməz. İndi ki, Tomun dalından dəyirlər, deməli, onun yerinə başqa zənci qoyacaqlar. Bəs elədə, deyək ki, niyə məni qoymasınlar? Tom aləmi gəzirdi. Əli-ayağı təmiz, icazə vərəqəsi cibində, dünya vecinə deyildi. Niyə indi Semi onun yerinə qoymasınlar? Bax, bunu mən bilmək istəyirəm…

– Ey, Sem! Sahibkar buyurur Billi və Cerrini yəhərləyəsən! – Endi onun sözünü kəsdi.

– Yenə nə olub?

– Məgər bilmirsən ki, Lizzi uşağını da götürüb qaçıb?

– Bilməyənlərə danış! – Sem sonsuz nifrətlə cavab verdi. – Səndən qabaq bilirəm. Məni nə hesab edirsən, axmaq yerinə qoymusan?

– Yaxşı, yaxşı! Bir qulaq as, gör sahibkar nə tapşırıb: atları yəhərlə, biz səninlə və mister Heyliylə birlikdə Lizzini tutmağa gedəcəyik.

– Bax, bunu başa düşürəm! İndi Sem lazım oldu. Sem lap baş zənci olacaq. Mən onu tutacağam, arxayın olun. Sahibkar onda görər Semin fərasətini!

– Dayan, Sem! – Endi onun ağzından vurdu. – Son əvvəlcə yaxşı-yaxşı fikirləş. Missis axı, istəmir ki, Lizzi tutulsun.

– E-e! – Sem gözlərini bərəldib səsini ucaltdı. – Bunu hardan çıxartdın?

– Səhər-səhər üz qırxmaq üçün sahibkara su aparanda missisin dediklərini özüm eşitdim. O məni göndərdi ki, baxım görüm Lizzi zəngin səsinə niyə gəlmir, mən isə qaça-qaça qayıdıb dedim: “Yoxdur, aradan çıxıb!” O bunu eşidən kimi elə be-ləcə də dedi: “Allah eləsin!” Sahibkarsa, ah, o necə də hirslənmişdi, missisi danlamağa başladı: “Missis Şelbi, siz cəfəngiyat danışırsınız!” Əşi, o, missisin qabağında dayana bilməz. Mən bilirəm, axı, bu işin sonrasını. Ən yaxşısı missisin tərəfini saxlamaqdır.

Qara Sem başını qaşıdı, onun bu pırtlaşıq saçlı kəlləsi ağıl dəryası olmasa da, “küləyin haradan əsdiyini” təyin etməyi bacaran müxtəlif şimali və hər növdən olan siyasətbazlar üçün zəruri olan bəzi keyfiyyətlərə malik idi. Sonra o, yenidən şalvarını dartdı, görünür, bu onun fikirləşməyinə kömək edirdi və nəhayət dilləndi.

– Bu bir həqiqətdir ki, bilmirsən bu dünyada qazandığın nədir, itirdiyin nə?! – Sem “bu” kəlməsini elə məxsusi vurğuyla söylədi ki, onun bu fəlsəfi nəticəyə başqa dünyalarla yaxın tanışlıqdan sonra gəldiyini güman etmək olardı. – Mən isə fikirləşirdim ki, missis bütün dünyanı ələk-vələk etməyə hazırdır, təki bircə Lizzi tapılsın!

– Tamamilə doğrudur! – Endi dedi. – Ancaq hər halda, sən zəncisən axı, burnundan uzağı görmürsən. Missis istəyir ki, Lizzinin oğlu bu mister Heylinin əlinə düşməsin. Bax, məsələ bu cürdür!

– E-e, – yenidən Sem sözünü uzatdı.

– Mən sənə başqa şeylər də deyəcəyəm, – Endi davam elədi, – sən bir az tez ol, atları yəhərlə, missis bayaqdan səni soruşur. Bəsdir çərənlədin!

– Bunu eşidən Sem vurnuxmağa başladı və tez evə cumdu. O, atı dördnalla çaparaq yəhərdən yerə tullandı və atların ağzını birdən döndərərək bağlamağa apardı. Mister Heylinin oynaq ayğırı diksindi, cilovu dartışdırıb yerində dingildədi.

– O-ho! – Sem qışqırdı, – Qorxmaginən! – Onun qapqara sifətindən hiyləgərlik yağırdı, – İndi sənə də əl qataram.

Atlar bağlanan yerdə iri bir fıstıq ağacı bitmişdi, altı tikanlı fıstıqla dolu idi. Sem fıstığın birini götürüb, ayğıra yaxınlaşdı, güya onu sakitləşdirib yumşaltmaq üçün tumarlamağa başladı. Sonra guya yəhəri düzəldərək, həmin tikanlı fıstığı gizlicə onun altına soxdu, ürkək ayğır minicinin ağırlığını hiss edən kimi, fıstıq dənəsi ata elə bir ciddi zərər verməsə də, o saatca özünü bildirəcəkdi.

– Belə! – Sem özündən çox razı halda gözlərini süzdürdü, – Məsələ həll olundu!

Missis Şelbi bu anda eyvanda göründü, onu yaxına çağırdı. Sem onun çağırışına elə həvəslə yüyürdü ki, elə bil çoxdan iş axtaran bir adam Sent-Ceyms sarayında, yaxud Vaşinqtonda boşalmış yerə, əldə etdiyi təyinat üçün gedirdi.

– Haralarda itib-batmısan, Sem? Mən axı, Endini sənin dalınca göndərmişəm.

– Aman Allah! Məgər atları tutmaq asan işdir? Onlar, Allah göstərməsin, söz zad da qanmır, gör çapıb haralara gedirlər – ən ucqar otlağa!

– Sem! Sənə nə qədər demək olar – hər boş şeyçün Allahın adını tutma. Yaxşı deyil axı!

– Ah, aman Allah! Unutdum, missis, unutdum! Bir də demərəm.

– Sən elə dediyini deyirsən!

– Doğrudanmı? Ay Allah, bax… Əşi yox, mən qəti istəmirdim ki…

– Özünə qarşı bir az diqqətli ol, Sem.

– Olacam, olacam! Siz bircə mənə macal verin, sonra hər sözümü ölçüb-biçəcəm!

– Məsələ belədir, Sem, hazırlaş, mister Heyliylə gedəcəksən. Kömək elə ona, yolu göstər, ancaq atlardan muğayat ol. Keçən həftə Cerri bir az axsayırdı, sözün qısası, onları çox qovub əldən salmayın.

Missis Şelbi son sözlərini yavaşcadan, lakin çox zəhmli bir tərzdə söylədi.

– Mən, missis, başa düşən adamam, – Sem mənalı-mənalı ətrafa boylandı, – siz atlara görə narahat olmayın.

– Bilirsən, Endi, – o, fıstıq ağacının altına qayıdıb davam elədi, – əgər bu centlmen ata minərkən onun ayğırı tərslik etməyə başlasa, qoy buna başqaları heyrətlənsin, mən təəccüblənməyəcəyəm. Hərdənbir, Endi, bu atlar qəribə oyunlar çıxarırlar, – və Sem Endinin böyrünü dürtmələdi.

– E-e! – Endi o saatca işin nə yerdə olduğunu başa düşdü.

– Görürsənmi, Endi, missis vaxtı uzatmaq istəyir. Bunu hər bir axmaq başa düşər. Nə etmək olar, mən ona az da olsa, kömək edəcəyəm. Əgər bu atlar bağdan açılıb meşə tərəfə götürülsələr, onda yad sahibkar belə tez yola düşə bilməyəcək.

Endi gülümsədi.

– Tutaq ki, Endi, – Sem davam elədi, – tutaq ki, mister Heylinin ayğırcığazı birdən şıltaqlıq eləməyə başladı. Biz nə edərik? Biz köməyə qaçar və əlbəttə ki, mister Heyliyə kömək edərik!

Hər ikisi başlarını dala əyərək, şaqqanaq çəkdilər və sevinclərindən özlərini unudaraq çırtıq çalıb oynamağa başladılar.

Elə bu vaxt Heyli eyvanda göründü. Bir neçə fincan yaxşı kofe içəndən sonra hirsi soyumuş, kefi durulmuşdu, o gülür, nəsə danışırdı, belə görünürdü ki, əhvalı o qədər də pis deyil.

Semlə Endi şlyapa yerinə bir dəstə palma yarpağını başlarına keçirərək, sürətlə at bağlanan yerə, “özgə sahibkara köməyə” götürüldülər.

Semin başında palma yarpaqları, lap Ficci adalarındakı hindi rəhbərlərinin hərbi baş geyimi kimi dörd bir yana dağılmışdı. Endinin şlyapasının kənarları yox idi və o, papağın təpəsini ovcuyla məharətlə şappıldadaraq, özündən razı halda ətrafa boylanır, sanki soruşurdu: “Nədir? Xoşunuza gəlmir?”

– Hə, uşaqlar, – Heyli onlara müraciət etdi, – tərpənin! Vaxt itirmək olmaz!

– Bir dəqiqəni də itirmərik, – Sem sol əliylə yüyəni Heyliyə uzatdı, sağ əliylə üzəngini saxlamışdı, Endi isə o biri iki atı açırdı.

Heyli yəhərə toxunan kimi, dəliqanlı ayğır dal ayaqları üstə şahə qalxaraq öz sahibini yumşaq quru otun üstünə çırpdı. Sem fəğan qopararaq irəli atıldı. Cilovu qoluna doladı, lakin, tərs kimi, yuxarıda qeyd olunan palma yarpaqlan ayğırın gözünə toxunub onu daha da özündən çıxardı. O, Semi də aşıraraq, hiddətlə fınxırdı, sonra da ayaqlarına güc verib, arxalarınca Endinin muşqurub qovduğu Bill və Cerrinin müşayiətilə dördnalla çəmənliyin o başına çapdı. Danışığa görə, Endi onları yubanmadan açmışdı.

Bir çaxnaşma düşdü ki, gəl görəsən. Sem ilə Endi bağıra-bağıra o baş-bu başa qaçır, itlər hürüşür, Mayk, Moz, Mendi, Fenni və bu yerlərin digər azyaşlı sakinləri çığırışır, çəpik çalır, böyük bir həvəslə, yorulmaq bilmədən irəli-geri qaçırdılar.

Heylinin dəliqanlı, harın boz ayğırı bu tamaşada böyük ehtirasla iştirak edirdi. Hər tərəfdən meşəylə əhatələnmiş, az qala yarım mil uzunluğunda çəmənlik onun ixtiyarındaydı və o bundan böyük ləzzət alırdı. Bilirdi ki, onu tutmaq istəyənləri lap yaxına buraxmaq, sonra isə fınxırıb, dördnala çaparaq meşənin dərinliklərində gözdən itmək olar. Sem atları vaxtından tez tutmağa azca da olsa təşəbbüs göstərmirdi, lakin onun atları ələ keçirmək üçün göstərdiyi şeylər, kənardan baxanlara əsl fədakarlıq təsiri bağışlayırdı. Onun palma yarpaqlarından olan şlyapası Şir Ürəkli Riçardın* həmişə döyüşün qızğın yerində parıldayan qılıncı kimi, atların tutulma təhlükəsi olmayan yerlərdə görünüb yox olurdu. Sem var gücü ilə həmin yerlərə götürülür və qışqırırdı: “Budur o! Tut! Saxla!” – və bununla da ancaq ümumi qarmaqarışıqlığı və mərəkəni artırırdı.

Heyli o yan-bu yana vurnuxur, söyür, lənətlər yağdırır, ayaqlarını yerə döyürdü. Mister Şelbi hədər yerə Endinin və Semin fəaliyyətinə rəhbərlik etməyə çalışır, missis Şelbi isə öz otağının pəncərəsi önündə dayanaraq gah gülməkdən uğunub gedir, gah da, bütün bu həngamənin əsl səbəbini başa düşdüyündən, çaşqınlıqla çiyinlərini çəkirdi.

Nəhayət, günortaya yaxın qalib Sem Cerrinin belində, Heylinin atı da yedəyində göründü. Ayğır tamam köpük içində idi, lakin qızmış gözləri və körüklənib şişmiş iri burun pərələri onda azadlıq eşqinin hələ sönmədiyindən xəbər verirdi.

– Tutdum! – Sem təntənəylə qışqırdı. – Əgər mən olmasaydım, hələ də qovurdular, amma mən tutdum!

– Sən tutdun! – Heyli o qədər də lütfkarlıq göstərmədən donquldandı. – Sən olmasaydın, heç bu işlər baş verməzdi!

– Nə danışırsınız, ağa! – Sem kədərlə səsləndi. – Mən axı, can yandırdım, yüyürdüm, vurnuxdum! Yeddi köynək tər axıtdım!

– Yaxşı, yaxşı! – Heyli dedi. – Sənə görə üç saatımı itirdim, maymaq! Bəsdir, özünü gicliyə qoydun, getdik!

– Nə deyirsiniz, ağa! – Sem yalvardı. Siz bizi də, atlarımızı da məhv edərsiniz. Biz güclə ayaq üstə dayanırıq, atlar isə hələ də su içindədir. Doğrudanmı, siz nahar etməmiş getmək istəyirsiniz, ağa? Hələ atınızı da, ağa, təmizləmək lazımdır, – bir baxın, görün necə çirklidir! Cerri isə axsayır. Biz bu cür yola düşsək, missis inciyər… Əşi, şübhə etməyin, ağa, Lizzini tutacağıq. Hardadır onda o zirəklik?!6

Missis Şelbi bu söhbəti məmnuniyyətlə dinləyirdi və hiss elədi ki, indi də söz onundur. Eyvandan Endi, baş vermiş qanqaralığa öz təəssüfünü bildirdi və Heylini nahara qalması üçün dilə tutmağa başladı. İnandırdı ki, nahar ləngimədən, təcili olaraq veriləcək.

Heylinin çox pərt halda qonaq otağına doğru addımlamaqdan ayrı əlacı qalmadı. Sem isə onun eybəcər mimikasını yamsılayaraq təşəxxüslə atları həyətə çəkdi.

– Gördün, Endi? Yox, gördün? – Atları bağlayıb tövlənin arxasına keçən Sem dilləndi. O necə söyürdü, oynaqlayır, ayaqlarını yerə döyürdü, – sadəcə, ləzzətli bir tamaşaydı! Mənsə öz-özümə deyirdim: “Söy, söy, qoca iblis! Atı sənə indi verək, ya gözləyirsən, tutandan sonra!” Ah, Endi! Yadımdan çıxara bilmirəm onu! Hər ikisi tövlənin divarına söykənib, ucadan qəhqəhə çəkdilər.

– Bir görəydin, mən atı gətirəndə o, gözlərini necə bərəltmişdi. İxtiyarı çatsaydı, yerimdəcə öldürərdi! Mənsə heçnə olmamış kimi dinməz-söyləməz dayanmışam, dəvə gördünmü, heç qığını da görməmişəm!

– Gördüm, gördüm! – Endi dedi. – Hiyləgərsən ha, Sem! Əsl tülküsən!

– Düz sözə nə deyəsən, – Sem razılaşdı, – missis pəncərə önündə dayanıb gülürdü. Mən fikir verirdim. Bəs sən?

– Hardan görə bilərdim, axı dəli kimi vurnuxurdum, – Endi dedi.

– Bax, görürsənmi, Endi, – Sem tələsmədən Heylinin atını təmizləməyə başladı, – mən çox yaxşı adamam, ona görə ki, hər şeyə fikir vermək adətimdir. Bu, çox vacibdir, Endi. Sənə də məsləhət görürəm: cavan vaxtlarından bu vərdişi özündə inkişaf elətdir… Bir onun ayağını qaldır, Endi… Məsələ bundadır ki, Endi, bəzi zəncilər çox yaxşı olurlar, bəziləri yox. Bütün fərq də elə bundadır. Bəyəm mən səhər hiss etmədim küləyin hardan əsdiyini? Bəyəm mən hiss eləmədimmi bizim missisə nə lazımdır? Baxmayaraq ki, o, ağzından bir söz də qaçırmadı. Deməli, Endi, mən fövqəladə bir adamam. Nə etmək olar – istedad! Ayrı-ayrı adamlarda istedad da başqa-başqadır – birində çoxdur, birində azdır. Ancaq sən qəm eləmə, səy göstərsən çox şeyə nail olarsan. Əgər mən bu gün səhər sənə bəzi şeyləri qandırmasaydım, belə qeyri-adi bir zənci ola bilməzdin. – Endi gülümsündü. – Endi Sem dedi, – sən dərrakəli oğlansan, yüksələcəksən. Səni tərifləmək mənim üçün həmişə xoşdur, Endi. Və əgər sənin kimilərdən nəsə öyrənirəmsə, bunda qəbahətli heç bir şey yoxdur. Bizim hamımız müvəffəqiyyətsizliyə uğraya bilərik, Endi, nahaqdan burnunu dik tutmaq nəyə lazım? İndi isə, Endi, gedək evə. Ürəyimə damıb ki, missis bu gün bizi dadlı xörəklərə qonaq edəcək!

VII FƏSİL

ANANIN MÜBARİZƏSİ

Eliza Tom dayının komasından aralanarkən bu dünyada ondan yazıq, ondan yalqız bir insanın varlığını təsəvvür etmək çətin idi.

Ərinin möhnəti və onu dəqiqəbədəqiqə izləyən təhlükə, oğlunu itirmək qorxusu – bütün bunlar şüurunda əzici risk duyğusuyla qarışmışdı. Doğma yuvasından qaçıb sevimli havadarlarının himayəsindən uzaqlaşmaqla o özünü çox ağır, sıxıntılı bir hiss qarşısında qoymuşdu. İsnişib meyil saldığı doğma yerlərin – uşaqlıqdan tanıdığı malikanənin, altında oynadığı bu ağacların, əvvəlki xoşbəxt zamanlarda cavan əriylə gəzməyə çıxdığı bu çəmənliyin ayrılığı da ona əzab verirdi. Bütün bunlar indi ulduzların soyuq və parlaq İşığına bələnib önündə dayanmışdı və sanki məzəmmətlə soruşurdu: belə bir evdən hara qaçırsan?

Lakin bu təhlükəli anda az qala dəlilik dərəcəsinə çatmış ana məhəbbəti bütün təəssüf hisslərindən güclü və yenilməz idi. Harri artıq böyük oğlan idi və Eliza, adətən, onun əlindən tutub aparırdı. Ancaq indi oğlunu qucağından yerə qoymaq fikri belə onu qorxudurdu və oğlunu sinəsinə basaraq sürətlə addımlayırdı. Azca donmuş torpaq ayaqları altında xırçıldayır, bu səsdən vücudu əsirdi. Yarpaqların xışıltısı, kölgələrin titrəməsi onun ürəyinə səksəkə salır, addımlarını yeyinlətməyə məcbur edirdi. Özü də anlaya bilmirdi ki, bu qədər güc onda hardandır, hər yeni qorxu, səksəkə sanki onun qüvvəsini qat-qat artırır, qucağındakı isə bir lələk qədər yüngül görünürdü.

– Allah, rəhmin gəlsin! Qoru məni, Tanrım! – Bu onun qanı qaçmış dodaqlarından tez-tez qopan yaralı sözlər idi.

Əgər, möhtərəm xanım, "bu sizin öz Harriniz, yaxud sizin öz Villiniz olsaydı və qəddar qul alverçisi sabah tezdən onu sizin əlinizdən alası olsaydı, əgər siz bu adamı öz gözlərinizlə görmüş olsaydınız və bilsəydiniz ki, bütün kağızlar imzalanıb artıq ona təqdim olunub, qaçıb canınızı qurtarmaq üçünsə gecəyarıdan dan üzünəcən cəmi-cümlətanı bir neçə saatınız qalıb – onda sizin də, yəqin ki, bax beləcə tələsməkdən ayrı çarəniz olmazdı! Bir qısaca gecə ərzində öz candan əziz balanızı ürəyinizin başına sıxaraq və onun etimadla boynunuza dolanmış bapbalaca, zərif əllərini, çiyninizdə atılıb-düşən yuxulu başını bütün varlığınızla hiss edəndə neçə mil qaçıb qət eləyə bilərdiniz görəsən?

Harri yatırdı. Bu qeyri-adi gecədə oyandıqdan sonra onun yuxusu qaçmışdı, ancaq anası bir söz də deməyə qoymamış, inandırmışdı ki, əgər sussa, onu xilas edəcəkdir. Oğlan qollarını anasının boynuna dolayaraq kirimişdi. Yuxusuzluq onu əldən salanda isə soruşdu:

– Ana, mənə yatmaq olmaz?

– Olar, əziz balam, yat, yat.

– Bəs əgər yuxuya getsəm, o məni sənin əlindən almaz ki?

– Yox, sən nə danışırsan?! – Ananın bənizi daha da ağardı, qara gözləri alışıb-yandı.

– Doğrudan, almaz?

– Yox, yox! – Öz səsindən özü qorxaraq təkrar etdi. Səsi ona çox yad göründü.

Oğlan yorğun başını anasının çiyninə söykədi və tezcə yuxuya getdi. Boynunda oğlunun isti əllərini və sakit mışıltısını duyan Elizanın hərəkətlərində bir hərarət, bir qüvvə sezilirdi!       İnamla ona qısılan uşağın zərif təması cərəyan kimi iliklərinə işləyirdi. Ruhumuzun cismimiz üzərində hökmü ölçüyəgəlməz dərəcədə böyükdür, elə böyükdür ki, bəzən cismimiz və əsəblərimiz daştək bərkiyir, əzələlərimizə bir polad mətinliyi gəlir və onda, hətta ən zəif varlığın belə gücü – taqəti heç bir hədd-hüdud tanımır.

Malikanənin hüdudları, xiyaban, ağaclıq ona yuxudakı kimi görünürdü, Eliza isə addımlarını yavaşıtmadan, bir dəqiqəni də itirmədən elə hey gedirdi. Dan üzünün sarımtıl şəfəqləri onu tanış yerlərdən çox-çox uzaqlarda, geniş araba yolunun üstündə haqladı.

Eliza öz xanımı ilə birlikdə dəfələrlə Şelbilərin Ohayo çayının sahilindəki kiçik T. qəsəbəsində yaşayan qohumlarıgildə olmuşdu, ona görə də bu yolu yaxşı tanıyırdı. Ora çatmaq, o biri sahilə keçmək – qaçışın aydın olmayan planını o, bu cür fikirləşmişdi, sonra isə… sonra isə ancaq və ancaq göydəki Allahın rəhminə ümid bağlayırdı.

Yolda atlılar və arabaçılar görünməyə başlayanda, Eliza təhlükə altında olan adamın ağlına gələ bilən bir fəhmlə anladı ki, onun tələsik yeriməyi və həyəcanlı görkəmi kənar adamların diqqətini cəlb edər və onlarda şübhə oyada bilər. Buna görə də o, uşağı qucağından yerə qoyub, üst-başını qaydaya saldı, arxayın və təmkinli görünməyə çalışaraq aram addımlarla yeriməyə başladı. Eliza yol üçün tədarük görə bilmiş, alma və piroq götürmüşdü, indi bunların köməyi ilə uşağı yüyürdürdü. O, bağlamadan bir alma çıxarıb yol boyu diyirləyir, oğlan isə var gücü ilə onun arxasınca qaçırdı. Bu kələklə onlar bir milə qədər yolu arxada qoydular.

Tezliklə onlar qalın bir meşəyə yaxınlaşdılar. Meşədən çayın şırıltısı gəlirdi. Harri artıq aclıqdan və susuzluqdan şikayətlənirdi. Eliza onunla birlikdə çəpərdən aşıb, böyük bir daşın dalında torpağın üstə əyləşdi ki, yoldan keçənlər onları görməsin və yemək boğçasını açdı. Harri anasının heç nə yemədiyini görəndə təəccübləndi və kədərləndi, bir əliylə onun boynunu qucaqlayıb, ağzına piroq dürtməyə başladı, ancaq Eliza bircə tikəni də uda bilmədi – elə bil qıc olmuşdu.

– Lazım deyil, Harri! Anan səndən arxayın olmayınca yeyə bilməyəcək. Biz indi uzaqlara, lap uzaqlara gedəcəyik… çaya doğru, – və o, təzədən oğlunu yola çıxartdı, təzədən özünü arxayın, asta-asta yeriməyə məcbur etdi!

Onun tanına biləcəyi yerlər uzaqda, arxada qalmışdı. Əgər o, təsadüfən bir tanış adama rast gəlsəydi də, heç kəs onun, xeyirxahlığı hamıya yaxşı bəlli olan sahibkarlarından qaçdığını ağlına gətirməzdi. Yad isə, onların bəyaz dərilərini görəndən sonra, çətin ki, Harridə və onda zənci qanı olduğundan şübhələnərdi.

Günortaya yaxın onlar səliqə-sahmanlı bir fermaya çatdılar. Eliza burda bir azca dincəlməyi, özünə və oğluna yemək almağı qərarlaşdırdı. O təhlükədən uzaqlaşdıqca dəhşətli ruhi gərginliyi də yavaş-yavaş azalır, yorğunluq və aclıq isə getdikcə öz güclü təsirini göstərirdi.

Fermanın sahibəsi açıqürəkli, söhbətcil bir qadın idi. O, qonaqla söhbətləşmək imkanı düşdüyünə sevindi. Eliza bir qədər aralıda dostlarının yaşadığı və bir həftəliyinə onlarda qonaq qalmaq istədiyini bildirəndə, evin xanımı bu sözlərə tamamilə inandı.

Günün batmağına bir saat qalanda Eliza yorulub əldən düşmüş halda, lakin əvvəlki kimi tam qətiyyətlə T. qəsəbəsinə daxil oldu. Bədbəxt ananın bütün nəzər-diqqəti çaya yönəlmişdi. O biri sahildə onu azadlıq gözləyirdi.

Artıq yaz girmişdi, çayın suyu artmış və gurlaşmışdı. İri buz parçaları bulanıq suda fırlana-fırlana üzürdü. Kentukki ştatının girintili-çıxıntılı sahili çayı qövsvari əymişdi. Dar boğazda buz yığını yaranmışdı. Buz layları bir-birinin üstünə qalaqlanmış və iki sahil arasındakı boşluğu tamamilə tutmuş, yırğalanan buz körpüsü əmələ gəlmişdi.

Eliza o saatca başa düşdü ki, bərə barədə heç düşünməyə də dəyməz və çaydan aralanıb sahildəki kiçik mehmanxanaya daxil oldu.

Tavanın yanında əlləşərək, nəsə cızıldadıb qızardan sahibə Elizanın qüssəli və zərif səsini eşitdi, çəngəli əlindən buraxmayaraq dikəldi.

– Sizə nə lazımdır? – O soruşdu.

– Deyin, buralarda sal, yaxud qayıq olurmu? Mən B.–yə getməliyəm, o biri sahilə.

– Qayıq nə gəzir burda! Bir də ki, qayıq gedən vaxt deyil indi, – qadın cavab verdi, ancaq Elizanın ümidsiz və məyus görkəminə nəzər salıb soruşdu. – Siz o tərəfə getməlisiniz? Xəstəniz var? Tələsirsiniz?

– Mənim uşağım təhlükədədir, – Eliza dilləndi. – Mən bunu ancaq dünən bilmişəm, bu gün isə bütün günü yolda olmuşam ki, heç olmasa, bərəyə çatım.

– Bədbəxtliyə bax! – Qadın səsləndi, ana ürəyi o saatca başqasının kədərinə şərik çıxdı. – Dərdinizi bölüşməyə bilmərəm… Solomon! – O, pəncərədən boylanıb qışqırdı.

Kiçik anbarın qapısı ağzında dəri döşlük geymiş əlləri çox çirkli olan bir adam göründü.

– Qulaq as, Sol, – qadın ona müraciət elədi, – bu gün o biri sahilə gedəcəklər?

– Deyirlər çox təhlükəlidir, ancaq hər halda, sınamaq istəyirlər, – Sol cavab verdi.

Burda bir fermer var, Ohayoya tərəvəz aparmaq istəyir, əgər çay imkan versə… O buraya şam yeməyinə gələcək, gözləməyinizi məsləhət görürəm.

Sahibə Harriyə piroq uzadıb əlavə etdi:

– Sizin necə qəşəng oğlunuz var! Yorulub əldən düşmüş uşaq ağladı.

– Zavallıcığazım mənim! O heç ömründə bu qədər yol getməyib, mən onu heç yatmağa da qoymamışam! – Eliza köksünü ötürdü.

– Uşağı bu otaqda yatızdırın, – qadın rahat çarpayısı olan kiçik yataq otağının qapısını açdı.

Eliza yorulmuş uşağı çarpayıya uzatdı və əllərini ovcuna alıb gözlərinə yuxu gedənəcən yanından çəkilmədi. Özünün istirahəti haqda heç düşünmürdü də. Təqib olunması fikri onun cızdağını çıxarır, elə hey uzaqlaşmağa can atırdı və o özüylə azadlığı arasına düşən bu sərt və gur burulğanlı çaya kədərli-kədərli baxırdı.

İndi isə biz müvəqqəti olaraq Elizanı tərk edək və görək onu izləyənlər neyləyirlər?

Doğrudur, missis Şelbi naharı gecikdirməyəcəyini vəd elədi, ancaq qədim bir atalar sözündə deyildiyi kimi, tək əldən səs çıxmaz. Heylinin yanında lazımi göstəriş verilmiş, Xloya xala xəbərdar edilmişdi. Lakin həmin hörmətli aşpaz xanım ən azı beş yeniyetmə elçini dinləyərək cavab əvəzinə çımxırmış, başını aşağı salaraq adət etmədiyi bir ləngliklə və ciddi-cəhdlə öz işinə davam etmişdi.

Hansısa anlaşılmaz səbəblərdən bütün qulluqçularda belə bir fikir yaranmışdı ki, xanım naharın gecikməsinə o qədər də təəssüflənməyəcək və hamı işin gedişini ləngidən bu qədər əngəlin hardan çıxmasına yalnız heyrətlənməli olurdu! Bir bədbəxt sous qazanını çevirdi və sousu təzədən lazımi diqqətlə və mürəkkəb qaydaları gözləməklə hazırlamaq lazım gəldi. Xloya xala qazanda qaşığı güclə hərləyərək, gözünü ondan çəkmir və xahişlə onu tələsdirənlərə sərt cavab verirdi: "Kim isə kimi tutmalıdır deyə, mən stola alaçiy sous verə bilmərəm". Onun əlaltılarından biri vedrə ilə bərabər yıxıldı və quyuya, su dalınca ikinci dəfə getməli oldu. Üçüncü yağı dağıtdı. Kim isə hərdənbir mətbəxə qaçıb gəlir və gülə-gülə xəbər verirdi ki, "mister Heyli özündə deyil, bir yerdə otura bilmir, irəli-geri gəzişir, gah pəncərəyə boylanır, gah eyvana yüyürür".

– Cəzasıdı, qoy çəksin! – Xloya xala hiddətləndi. – İndi başını itirib, əgər ağlı başına gəlməsə, sonrası daha pis olacaq. Bütün bu günahlarına görə bir gün onu da məhşər ayağına çəkən tapılacaq! Baxarıq, onda nə hava çalacaq?!

– O, mütləq cəhənnəmə düşəcək! – Balaca Ceyk dedi.

– Yolu ancaq oradır, – Xloya xala qeyzlə təsdiq elədi. – Onun ucbatından gör nə qədər ürəkdən qara qanlar axır! Qulağınıza sırğa edin bu sözümü və o, qaşıq tutduğu əlini yuxarı qaldırdı, – mister Corcun o dəfə oxuduğu kimi, hər şey Müqəddəs Kitabda necə yazılıb, eləcə də olacaq: günahsız ölənlərin ruhları qurbangah qapısında ağlaşır və yalvarışlarla Tanrını intiqam almağa çağırır! Və gün gələcək, Tanrı eşidəcək onları! Mütləq eşidəcək!

Mətbəxdə böyük hörmət sahibi olan Xloya xalanı dinləyənlərin həmişə ağzı açıla qalırdı, indi isə, artıq nahar stola qoyulub qurtarmışdı və hamı asudəliklə onun sözlərinə diqqət kəsilərək bacardığı qədər söhbətdə iştirak edirdi.

– Beləsi cəhənnəm odunda bişəcək! – Endi dedi.

– Onun necə bişdiyini görmək qiyamət olardı! – Ceyk səsləndi.

– Uşaqlar! – səs gəldi.

Hamı səsə tərəf boylandı. Bu, Tom dayı idi. Qapının ağzında dayanıb onların söhbətinə qulaq asırdı.

– Uşaqlar, – o təkrar etdi, – özünüz də bilmirsiniz nə danışırsınız. “Əbədi” – dəhşətli sözdür, mənim balalarım. Bu söz barədə qorxusuz fikirləşmək belə mümkün deyil. Əbədi iztirablar! Heç kimə arzulamaq olmaz bunu.

Belə qaniçənlərə olar. – Endi dedi. – Bu yaramazlara elə hamı bunu arzulayır.

Təbiətin özü bunlara qarşı dilə gəlib, – Xloya xala dilləndi. – Məgər körpəcə çağaları analarının sinəsindən qoparıb satan onlar deyilmi? Kiçik uşaqları da satırlar; onlar ağlaşır, analarının ətəyindən yapışıb qopmaq istəmirlər, bu vəhşilərinsə heç tükü də tərpənmir, zorla uşağı anasından ayırır və satmağa aparırlar. Hələ nə qədər arvadı ərindən ayırıblar? – Xloya xala hıçqıraraq ağladı. –Axı, onların nə vecinə ki, insan həyatı məhv olur! – Heç dərd-sərləri də yoxdur; şənlənirlər, şərab içirlər, qəlyan çəkirlər. Əgər Allahın da bunlara gücü çatmırsa, onda bəs o, nəyə gərəkdir! – o, dama-dama önlüyü ilə üzünü örtüb hönkür-hönkür ağladı.

– Müqəddəs Kitab yazır: öz düşmənlərinə dua et, – Tom dayı dedi.

– Düşmənlərə dua et? – Xloya xala qışqırdı. – Xeyr! Buna mənim dilim gəlməz. Mən onlara dua eləyə bilmərəm!

– Xloya, sən deyirsən ki, təbiətin özü bunlara qarşı dilə gəlib. Düzdür, ruh bizdə çox güclüdür, lakin Tanrının mərhəməti onu da ram edir. Sən bircə onu fikirləş ki, bu adamın nə qədər çirkin qəlbi var və səni başqa cür yaratdığına görə Allahına şükür et. Qoy məni bundan sonra lap on dəfə satsınlar, təki vicdanım onunku kimi ləkələnməsin. Yaxşı ki, sahibkar bu gün heç yana getməyib, – Tom davam etdi, – yoxsa satılmağım mənə lap pis təsir edərdi. Getsəydi, onun üçün daha asan olardı. Bəs mənə?! Axı, mən onu uşaqlıqdan tanıyıram… Hər halda, biz onunla görüşdük, indi isə mən Allanın iradəsinə qurban gedirəm. Bizim sahibkar başqa cür eləyə bilməzdi, o, düzgün fikirləşib. Bircə ondan qorxuram ki, mənsiz burda çox şey tələf olsun. Axı, o hər şeyə xırdalığına qədər fikir verməyəcək, mənimtək hər işə qarışmayacaq. Camaatımız pis deyil, ancaq çox səhlənkardır. Bax, bircə bundan narahatam.

372,24 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
590 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают