Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Qaçaqmalçı zirvəsinin sirri», страница 2

Шрифт:

Qaçaqmalçı zirvəsi

Bir neçə saat yol getdikdən sonra sürücü nahar etmək üçün maşını köhnə bir mehmanxananın qarşısında saxladı. Nahardan sonra sürücünün dostu olan mehmanxana sahibi dedi:

– Deməli, Kimsəsiz dağa gedirsiniz. Lap yaxşı. Ancaq oralarda ehtiyatlı olun!

– Kimsəsiz dağ? – Culian təəccüblə soruşdu. – Məgər Qaçaqmalçı zirvəsinin yerləşdiyi təpə belə adlanır?

– Hə, – mehmanxana sahibi cavab verdi.

– Bəs niyə ona Kimsəsiz dağ deyirlər? – Enn soruşdu. – Eşitmişik ki, əvvəllər ora ada olub.

– Qətiyyən, – mehmanxana sahibi etiraz etdi. – Qədim əfsanədə deyilir ki, bu dağ nə zamansa sahildə yerləşib. Orada pis adamlar yaşayıb, bu isə tanrıların qəzəbinə səbəb olub. Dağı dənizə atıb, ada beləcə yaranıb.

Dik söhbətə qarışdı:

– Ancaq, ola bilsin, orada yaxşı adamlar da yaşayıblar. Çünki dəniz çəkilib və indi sahildən bu təpəyə aparan quru yolu da var!

– Düzdür, ora qalxmaq üçün quru yolu var, – mehmanxana sahibi dedi, – lakin həmin istiqamətdə getsəniz, heç bir halda yoldan kənara çıxmayın! Yoxsa bataqlıq dərhal sizi dartıb özünə çəkə bilər. Belədə heç qışqırıb kömək istəməyə də macal tapmazsınız!

Corc dedi:

– Bu söhbətlərdən sonra həmin yerlər mənə lap qeyri-adi dərəcədə cazibədar görünməyə başladı. Kimsəsiz dağda Qaçaqmalçı zirvəsi! Özü də ora cəmi bir yol çıxır!

Bu zaman sürücü saatına baxaraq:

– Getmək vaxtıdır, – dedi. – Axşam düşmədən mənzilbaşına çatmaq yaxşı olardı.

***

Xeyli getdikdən sonra, nəhayət, sürücü geri, uşaqlara sarı çevrilib dilləndi:

– Çatmağa lap az qalıb. Tezliklə yolumuza bataqlığın kənarı ilə davam edəcəyik və ünvana yetişəcəyik.

Uşaqlar intizar içində pəncərədən boylandılar, lakin gördükləri mənzərədən məyus oldular! Bataqlığı büsbütün örtmüş dumanın altından yalnız bir qədər yüksəkdəki hamar yolu görmək olurdu. Arada, az-az da olsa, duman parçalarının arasından bataqlığın yeknəsəq mənzərəsi gözə dəyirdi.

Culian sürücüyə müraciət elədi:

– Zəhmət olmasa, bir dəqiqəlik dayanın. Bataqlığa yaxşı-yaxşı nəzər salmaq istəyirəm.

– Bircə yoldan kənara çıxma, – maşını saxlayan sürücü xəbərdarlıq etdi. – İti də buraxmayın. Heyvan yoldan kənara tullansa, bataqlığa düşüb o dünyalıq olacaq.

– Necə yəni, «o dünyalıq olacaq»? – Enn təəccüblə xəbər aldı.

– Yəni ki bataqlıq Timmini dərhal özünə çəkəcək, – Culian dedi. – Yaxşısı budur, onu maşında saxlayaq, Corc.

Belə də etdilər: Timmini maşında qoyub qapını bağladılar. Heyvancığaz buna bərk əsəbiləşdi: o, pəncələri ilə qapını cırmaqlayır və pəncərədən boylanmağa çalışırdı. Sürücü ona tərəf çevrilib iti sakitləşdirməyə çalışdı:

– Hər şey qaydasındadır. Sakit ol. Onlar indicə qayıdacaqlar.

Timmi sanki sürücünün dediklərini anladı və sakitləşdi. O, indi səssizcə uşaqların arxasınca baxırdı.

Dostlar isə bu zaman bataqlıqla yolu bir-birindən ayırmaq üçün iri daşlardan ibarət səddin yanında dayanmışdılar. Culian daşlardan birinin üstünə qalxıb bataqlığın hamar sahil xəttinə tamaşa etdi.

– Bu, lehmədir, – o söylədi. – Qatı, xırçıldayan lehmə! Baxın, ayağınla ona toxunanda tərpənir! Ayağımı bassam, ikicə saniyədə məni özünə çəkəcək.

Bu, Ennin xoşuna gəlmədi və o, qardaşına dedi:

– Yaxşısı budur, daşın üstündən düşəsən. Yoxsa yıxıla bilərsən.

Digərləri də Ennə haqq qazandırdılar. Bundan sonra uşaqlar geri, maşına qayıtdılar. Culian elə hey fikirləşirdi: görəsən, bu qəribə bataqlıqda indiyədək neçə səyyah izsiz-tozsuz məhv olub? Oğlan həmin sualı sürücüyə də ünvanladı. Sürücü cavab verdi:

– Burada, həqiqətən də, çox adam xəbərsiz-ətərsiz itib, onların sonrakı taleyi barədə bir daha eşidən olmayıb. Deyirlər, sahildən Kimsəsiz dağa aparan bir-iki dolama cığır var, bu yol çəkilməmişdən əvvəl insanlar həmin cığırlardan istifadə edirmişlər. Ancaq bu cığırlara beş barmağın kimi bələd olmalısan, yoxsa ayağın büdrəyəcək və gözünü açanda görəcəksən ki, artıq bataqlığın içindəsən.

– Bunu düşünmək belə qorxuncdur, – Enn dedi. – Gəlin daha bu barədə danışmayaq. Bəs Kimsəsiz dağı buradan görmək olar?

– Olar. Odur, dumana bürünüb, – sürücü cavab verdi. – Zirvə dumanın içindən görünməyə başlayır, baxın. Qeyri-adi mənzərədir, hə?

Uşaqlar dinməzcə gözlərini uzaqlara zillədilər. Asta-asta burulan dumanın içindən sıldırım yamacları olan hündür təpə görünürdü. Təpənin üstündə evlər vardı, onlar uzaq məsafədən qədim qəsrləri xatırladırdılar. Bəzi evlərdən qəribə qüllələr ucalırdı.

– Yəqin, Qaçaqmalçı zirvəsi elə ən hündürdəki o evdir, – Culian öz ehtimalını söylədi. – Görünüşünə baxsaq, onun bir neçə əsr yaşı var. Yəqin, elədir ki var! Onun yanındakı qülləyə baxın! Yəqin, oradan baxdıqda ətrafda olduqca gözəl mənzərə açılır.

Uşaqlar gözlərini dörd açıb tətil boyunca yaşayacaqları evə baxırdılar. Ev adi tikilidən çox, sənət əsərini xatırladırdı, çox romantik görkəmi vardı, bununla belə, həm də nəyə görəsə kədərli, tutqun görünürdü.

Enn dedi:

– Onda nəsə… qəribə sirlilik var, – qız dostlarının da ürəklərində düşündüklərini dilə gətirdi. – Elə bil əsrlər boyu topladığı sirləri bu gün də etibarla qoruyub saxlayır. Dili olsa, bəlkə də, o bizə çox şey danışa bilərdi.

Duman getdikcə qatılaşırdı, odur ki avtomobil sürətini xeyli azaltmalı oldu. Yolçular, nəhayət, Kimsəsiz dağın ətəyinə çatdılar. Yol buradan üzüyuxarı çıxırdı.

Sürücü dedi:

– Tezliklə biz divarda tağ şəklində nəhəng oyuq görəcəyik. Nə zamansa orada şəhər darvazaları olub. Şəhər hər tərəfdən qala divarları ilə əhatə olunubmuş, bu divarlar indi də durur. O elə genişdir ki, arasında gəzmək olar, istəsən, dövrə vurub gəldiyin yerə də qayıdarsan. Əgər hava aydın olsa, oradan baxdıqda ecazkar mənzərənin şahidi olacaqsınız.

Yol getdikcə çətinləşirdi, avtomobil dağa qalxdıqca titrəyib at fınxırtısına bənzər səs çıxarırdı. Onlar divardakı tağlı oyuğa yaxınlaşdılar. Tağın altından keçən maşın ünvana yetişdi. Uşaqlar nə vaxtsa Kimsəsiz dağda yerləşən, indi isə, sadəcə, divarları qalmış şəhərə çatmışdılar.

– Mənə elə gəlir, sanki biz zamana səyahət edib bir neçə əsr əvvələ qayıtmışıq və çox qədim dövrlər gözümüzün önündə canlanmağa başlayıb! – Culian gözlərini daş döşənmiş küçələrdən, qədim evlərdən və rombşəkilli pəncərələri, eləcə də nəhəng, möhkəm qapıları olan balaca dükanlardan çəkmədən çığırdı.


Onlar darısqal, sıldırım, əyri-üyrü küçəylə üzüyuxarı qalxmağa başladılar və nəhayət, tökmə dəmirdən olan iri darvazanın qarşısında dayandılar. Sürücü siqnal verdi, darvaza açıldı. Avtomobil maşın üçün salınmış xiyabanın sıldırım yollarını çətinliklə qalxıb evin qarşısında dayandı.

Bura Qaçaqmalçı zirvəsi idi!

Kömürcük Lenuar

Uşaqlar onları haqlayan qəfil bir ürkəklik hissi ilə maşından düşdülər. Böyük, qədim ev elə bil onları görüb qaşlarını çatmışdı. O, ağacdan və kərpicdən tikilmişdi, evin giriş qapısı həddən artıq böyük idi.

Rombşəkilli pəncərələrdən qoşaçatılı pərdələr asılmışdı. Evin şərq hissəsi konusşəkilli damı olan iri, dəyirmi qüllədən ibarət idi. Qüllədəki bütün pəncərələr də dəyirmi formada idi.

Dik qapı çəkicinin çuqun qulpunu aşağı çəkdi və dərhal içəridən səs eşidildi. Sonra kimsə qaça-qaça gəlib ağır qapını yavaş-yavaş açmağa başladı. Çox keçmədən qapının ağzında iki uşaq göründü. Qız təxminən Ennlə, oğlansa Diklə yaşıd olardı.

– Nəhayət, gəlib çıxdınız! – qara gözləri parıldayan oğlan çığırdı. – Artıq ümidimi üzmüşdüm!

– Bu, Kömürcükdür, – Dik onu qızlara nişan verdi. Axı qızlar onu heç vaxt görməmişdilər.

Enn və Corc diqqətlə oğlana baxdılar. O, doğrudan da, hədsiz qarayanız idi. Saçları, gözləri, qaşları kömür rəngindəydi, üzü də elə bil kül içindən çıxmışdı. Qızılı saçları, göy gözləri və güclə sezilən nazik qaşları olan bacısı onun yanında solğun və zəif görünürdü.

Kömürcük dedi:

– Bu, bacım Meribeldir. Həmişə deyirəm ki, yan-yana dayananda biz gözəllə bədheybəti xatırladırıq.

Kömürcük suyuşirin uşaq idi, bu, ilk dəqiqələrdən bəlli oldu. Odur ki qonaqların ondan dərhal xoşu gəldi. Hətta kimisə ilk baxışdan bəyənməyən və ondan uzaq dayanmağa çalışan Corcun da!

– İçəri keçin, – Kömürcük onları evə dəvət etdi. – Sürücü, siz isə maşını digər qapının yanında saxlaya bilərsiniz. Blok əşyaları boşaldar və sizə çay verər.

Qəfildən Kömürcük ciddiləşdi, üzündəki təbəssüm çəkildi. O, Timmini görmüşdü!

– Ey! Bura baxın… Yəqin, bu it sizin deyil, hə?

– Bu mənim itimdir, – Corc bildirdi və əlini nəzakətlə Timminin başına qoydu. – Hara getsəm, onu özümlə aparıram. Timmisiz bir gün belə qala bilmirəm…

– Başa düşürəm, ancaq biz evdə it saxlaya bilmərik, – Kömürcük narahatlıqla dedi və qorxa-qorxa ətrafa nəzər saldı. Elə bil kiminsə qəfil çıxıb Timmini görəcəyindən ehtiyat edirdi. – Atalığım icazə vermir. Bir dəfə evə sahibsiz bir it gətirmişdim. Bunu gördükdə atalığım məni elə kötəklədi ki, ağrıdan uzun müddət otura bilmədim.

– Cənab Lenuarın itləri sevmədiyindən xəbərim var, – Corc dedi. – Lakin mən fikirləşdim ki… fikirləşdim ki, bəlkə, burada qaldığımız müddətdə onu haradasa gizlədə bilərik. Əgər bu, mümkün deyilsə, mən indicə maşına oturub evə qayıdıram! Görüşənədək!

Qız bunu deyərək üzünü çevirib arxa qapının yanında dayanan maşına doğru getdi. Timmi də onun arxasınca götürüldü. Kömürcük onun dalınca baxıb var gücü ilə çığırdı:

– Qayıt, axmaq qızcığaz! Bir şey düşünərik!

Belə dedikdən sonra o, pilləkənləri sürətlə düşüb Corca çatmağa tələsdi. Uşaqlar da onun ardınca götürüldülər. Hətta Meribel də qapını arxasınca ehtiyatla örtüb onlara qoşuldu.

Corc divardakı balaca qapının yanında dayandı. Kömürcük onu saxlayıb qəfildən içəriyə tərəf möhkəm itələdi. Oğlan eyni zamanda qapını açıq qoydu ki, o birilər də keçə bilsinlər.

Corc əsəbiləşdi:

– Məni belə itələmə! Yoxsa Timmi səni dişləyər.

– Dişləməz, – Kömürcük gülə-gülə cavab verdi. – İtlər məni çox istəyir. Lap sənin qulağından da dartsam, bu it qarşımda quyruğunu bulayacaq!

Uşaqlar qaranlıq dəhlizə düşdülər. Dəhlizin sonunda qapı görünürdü. Kömürcük dedi:

– Beş dəqiqə gözləyin, baxım görüm sahildə adam varmı. Atalığım evdədir. İti görsə, dərhal sizi geri göndərəcək! Mənsə bunu heç istəmirəm: sizin gəlişinizi elə səbirsizliklə gözləyirdim ki!

Kömürcük bunu deyib gülümsədi. Uşaqlar isə artıq indidən cənab Lenuardan qorxmağa başlamışdılar. Eşitdiklərindən belə məlum olurdu ki, o çox qəddar adamdır!

Kömürcük barmaqlarının ucunda dəhlizin sonundakı qapıya yaxınlaşıb onu açdı. Otağa nəzər salandan sonra uşaqların yanına qayıdıb dedi:

– Heç kəs yoxdur. Mənim yataq otağıma gizli yolla çıxacağıq. Bizi heç kəs görməyəcək. Otağa çataq, orada nə edəcəyimizi düşünərik. Hazırsınız?

Gizli yol barədə söhbət çox cəlbedici səslənirdi. Uşaqlar qeyri-ixtiyari özlərini macəra romanlarının qəhrəmanları kimi hiss edirdilər. Onlar sakitcə qapının o üzündəki otağa keçdilər. Bu qaranlıq otağın divarlarının aşağı hissəsi çinar ağacından haşiyələnmişdi, yazı masası və çoxlu kitab rəfi buranın iş otağı olduğundan xəbər verirdi. İçəridə heç kəs yox idi.

Kömürcük ağac panellərdən birinə yaxınlaşdı, əli ilə yoxladı və hansısa düyməni basdı. Arakəsmə astaca yana sürüşdü, Kömürcük əlini salıb onu bir az da araladı ki, uşaqlar keçə bilsinlər.

– Getdik, – Kömürcük astadan söylədi. – Lakin mümkün qədər səssiz olun!

Maraqdan alışıb-yanan uşaqlar oyuqdan içəri keçdilər. Kömürcük hamıdan axıra qaldı, o neylədisə, arakəsmə yenidən əvvəlki yerinə oturdu və gizli keçid görünməz oldu.

Uşaqlar zil qaranlığa düşdülər. Kömürcük cib fənərini yandırdı və dostları daş keçiddə olduqlarını gördülər. Bura elə darısqal idi ki, iki nəfər yan-yana dayana bilməzdi. Kömürcük fənəri qabaqda dayanmış Culiana ötürüb:

– Daş pilləkənlərə çatanadək düz gedin, – dedi. – Onunla yuxarı qalxın, sonra sağa dönün və irəli gedin, axırda divar görəcəksiniz. Ondan sonra nə etmək lazım olduğunu deyəcəyəm.

Fənərlə yolu işıqlandıran Culian irəli düşdü. Ensiz daş dəhlizin tavanı o qədər alçaq idi ki, Ennlə Meribeldən başqa hamı başını əyməli olurdu. Tezliklə onlar pilləkənə çatdılar.

Bütün bunlar Ennin xoşuna gəlmirdi. O, qapalı, darısqal yerlərdə özünü narahat hiss edir, qorxurdu. Bəzən yuxusunda da heç cür qaçıb çıxa bilmədiyi dar dəhlizləri görürdü. Belə hallarda qızcığaz yuxudan hövlnak oyanırdı.

Nəhayət, Culian dilləndi:

– Pilləkənə çatdıq. Yuxarı qalxmağa cəhd edək.

Bunu eşidəndə Enn bir qədər rahatladı.

– Bircə səs-küy salmayın! – Kömürcük pıçıldadı. – Bu divarın o biri üzü yeməkxanadır, oradan da bu dəhlizə yol var.

Hamı səsini kəsdi. Onlar barmaqlarının ucunda yeriməyə çalışırdılar. Bu isə çox çətin idi, çünki əyilərək yerimək lazım gəlirdi.

Uşaqlar dik, uçulub-sökülməkdən qövsə oxşayan pilləkənlə on dörd pillə çıxdılar. Culian sağa döndü. İndi də qaranlıq dəhlizlə yuxarı qalxmalı oldular. Birdən hamıdan öndə gedən Culianın burnu az qaldı ki, daş divara dəysin. Oğlan fənəri divara tərəf tutdu. Arxadan Kömürcüyün zəif səsi eşidildi:

– Sən divara çatmısan, Culian. Dəhlizlə divarın birləşdiyi yerə işıq sal, orada dəmir dəstək görəcəksən. Onu var gücünlə sıx.

Culian işığı deyilən tərəfə saldı və dəstəyi gördü. Fənəri sol əlinə alıb sağ əliylə qalın dəmir dəstəkdən yapışdı, onu var gücü ilə sıxdı.

Divarın ortasındakı nəhəng daş səs çıxarmadan irəli sürüşdü və oradan iri bir oyuq açıldı.

Heyrət içərisində olan Culian dəmir dəstəyi buraxdı və fənəri oyuğa tərəf tutdu. Qaranlıqda heç nə görünmürdü!

Arxadan Kömürcüyün səsi eşidildi:

– Hər şey qaydasındadır. Mənim yataq otağımdakı divar şkafının qarşısındasan. İçəri keç, Culian. Biz arxanca gəlirik. Orada heç kəs yoxdur.

Kömürcüyün paltar şkafına Culian hamıdan qabaq girdi. Əliylə şkafın qapısını tapıb onu açdı. Gün işığı dərhal oğlanın gözlərini qamaşdırdı. Culian artıq Kömürcüyün otağında idi.

Qalanlar da çətinliklə – paltarlara dolaşa-dolaşa bir-bir şkafdan çıxdılar.

Hamıdan axırda şkafdan çıxan Kömürcük nəhəng daşın üzərindəki dəstəyi sıxıb yeraltı keçidi ehtiyatla bağladı. Culian fikirləşdi ki, bu dəstək düymə rolunu oynayır.

Dostlarının arasına qatılan Kömürcük itin xaltasından bərk-bərk tutmuş Corca baxıb gülümsədi:

– Hər şey qaydasındadır, Corc. Burada sizi heç bir təhlükə gözləmir. Bacımla mənim otağım evin kənar hissəsində yerləşir. Bura gəlmək üçün uzun dəhlizdən keçməlisən!

Oğlan dediyini əyani şəkildə göstərmək üçün qapını açdı. Bir qədər aralıda görünən yataq otağı Meribelin idi. Döşəməsi boyu xalılar sərilmiş uzun daş dəhlizin o biri başındakı pəncərədən içəri işıq düşürdü. Orada da möhkəm bağlanmış qapı vardı. Bu nəhəng qapı da çinar ağacından hazırlanmışdı.

Kömürcük dedi:

– Görürsünüz, sizi burada heç bir təhlükə gözləmir, öz əliniz, öz başınızdır. Timmi istədiyi qədər hürə bilər, onu heç kəs eşitməyəcək.

Enn təəccüblə soruşdu:

– Bəs bura heç kəs gəlmir? Otağı yığışdıran kimsə olmalıdır axı…

Kömürcük cavab verdi:

– Hər səhər Sara gəlib yığışdırır. Adətən, başqa gələn olmur. İstənilən halda dəhlizin sonundakı qapı açılmazdan əvvəl bundan xəbər tuta bilirəm!

Oğlan qapını göstərdi, uşaqlar heyrətlə ona nəzər saldılar.

Dik soruşdu:

– Axı bu necə ola bilər?

Kömürcük qürrələndi.

– Hiyləgər bir üsul düşünmüşəm. Qapı açılan kimi otağımdakı qurğu astadan vızıldayır. Mən indi gedib qapını açacağam, siz isə burda dayanıb qulaq asın.

Oğlan dəhlizin sonundakı qapıya tərəf cumub onu açdı. Həqiqətən də, otağın bir küncündən vızıltı səsi eşidildi. Qəfil səsə hamı yerindən dik atıldı. Timmi də içini çəkdi, qulaqlarını şəkləyib qəzəblə hürdü.

Kömürcük qapını bağlayıb geri, uşaqların yanına qaçdı.

– Vızıltını eşitdiniz? Əla ideyadır, hə? Mən həmişə belə şeylər ixtira eləyirəm.

Qonaqların heç bir şübhəsi qalmadı ki, həqiqətən də, olduqca maraqlı bir yerə gəlib düşüblər. Onlar sadə mebellə bəzədilmiş otağa diqqətlə nəzər saldılar, burada səliqəsizlik hökm sürürdü. Enn rombşəkilli iri pəncərəyə yaxınlaşıb çölə baxdı və təəccübdən az qaldı nəfəsi kəsilsin: pəncərənin altındakı uçurumu görəndə adamın başı gicəllənirdi! Ev dik, dağlıq bir təpənin lap zirvəsində yerləşirdi. Kömürcüyün yataq otağı isə düz uçurumun üstündə idi.

– Bir bura baxın! – Enn heyrətlə çığırdı. – Yarğana baxanda adamın tükləri biz-biz olur!

Hamı pəncərəyə tərəf toplaşdı. Sakitcə aşağı baxdılar. Bu hündürlükdən baxanda, həqiqətən, az qalırdı adamın nəfəsi kəsilsin…

Uşaqlar pəncərənin qarşısından çəkildilər. Corc üzünü Kömürcüyə tərəf çevirib soruşdu:

– Əminsən ki, Timmini gizlədə biləcəyik? Onu necə yedirəcəyik? Hələ iti gəzdirmək də var!

Kömürcük cavab verdi:

– Dedim axı, bir şey fikirləşərik. Narahat olma. Mən itləri sevirəm. Nə yaxşı ki, Timmi bizimlə olacaq! Lakin özünüzə də məlumdur ki, atalığım bundan xəbər tutmamalıdır. Onun itləri niyə sevmədiyini bilmirəm. Deməzdim ki, o, itlərdən qorxur. Yəqin, başqa səbəbi var. Ögey atam çox qəribə adamdır!

Dik soruşdu:

– Necə yəni, qəribə adamdır?

Kömürcük cavab verdi:

– Necə deyim… Sanki hamımızdan nəsə gizlədir. Bəzən bura gizlicə qəribə insanlar gəlirlər, kim olduqlarını heç kəs bilmir. Bəzən isə gecələr qüllədə işıq yanır: məlum deyil ki, orada kim var, nə işlə məşğul olur. Düzdür, öyrənməyə çalışdım, alınmadı.

Enn qəfildən xəbər aldı:

– Ola bilər ki, ögey atan qaçaqmalçıdır?

Kömürcük cavab verdi:

– Ağlım kəsmir… Əslində, burada bir qaçaqmalçı var və hamı onu tanıyır. Təpədən aşağıda sağdakı evi görürsünüz? Həmin evdə yaşayır. Pulunu balta kəsməz! Adı Barlinqdir. Bütün polislər onun fırıldaqlarından xəbərdardırlar, di gəl adama bata bilmirlər. Barlinq çox zəngin və nüfuzlu adamdır, odur ki istədiyini eləyə bilər, buna görə isə heç kim ona «gözün üstə qaşın var» deyə bilməz!

– Qəribə yerdir! – Culian dedi. – Mənə elə gəlir, burada bizi bir-birindən maraqlı macəralar gözləyir!

Kömürcük etiraz elədi:

– Nə danışırsan?! Əslində, burada heç vaxt maraqlı nəsə baş vermir. Sadəcə, gördüyün gizli yollar, qaranlıq dəhlizlər səndə belə təəssürat yaradıb. Düzünə qalsa, bunda təəccüblü heç nə yoxdur: təpə başdan-başa vaxtilə qaçaqmalçıların istifadə etdiyi belə yollarla doludur!

Bu zaman Kömürcüyün bir küncdə quraşdırdığı qurğu vızıldamağa başladı. Kimsə dəhlizin sonundakı qapını açırdı.

Kömürcüyün valideynləri

– Kimsə gəlir! – Corc təşviş içərisində vurnuxdu. – Timmini neyləyəcəyik? Tələsməliyik!

Kömürcük Timminin xaltasından yapışdı, onu divardakı şkafa tərəf itələyib qapını örtdü.

– Sakit otur!

Ağıllı heyvancığaz nə baş verdiyini anlamışdı, odur ki səssizcə dayanıb qulaqlarını şəklədi.

Həmin vaxt qapı açıldı və qara şalvar, ağ kətan pencək geymiş kişi otağa daxil oldu. Kömürcük onu gördükdə saymazyanalıqla dilləndi:

– Sənsən, Blok? Xoş gördük! – oğlan üzünü qonaqlarına sarı çevirib izahat verdi. – Blok atamın xidmətçisidir. Düzdür, onun qulaqları eşitmir, lakin burnu çox itidir, elə bil iy bilir, nədən danışıldığını dərhal başa düşür. Ona görə də Blokun yanında artıq-əskik danışmamaq məsləhətdir.

Blok nəsə itiribmiş kimi gözlərini otağın künc-bucağında gəzdirərək Kömürcüyə dedi:

– Valideynlərin maraqlanırlar ki, nə üçün hələ də dostlarını onlara təqdim etməmisən? Niyə onları görüşdürmək əvəzinə uşaqları bura gətirmisən?

Corc həyəcanla fikirləşdi: «Dəqiq bilir ki, biz özümüzlə it gətirmişik, üstəlik, indi onu burada gizlətmişik. Ona görə gözləri dayanmadan nəsə axtarır…» Qız ümid edirdi ki, Blokla söhbətində sürücü heyvanla bağlı ağzından bir söz qaçırmayıb.

Kömürcük cavab verdi:

– Düzü, mən görüşümüzə o qədər sevindim ki, qonaqlarımızı birbaşa öz otağıma gətirdim. Hər şey qaydasındadır, Blok. Bir dəqiqəyə aşağı düşürük.

Üz ifadəsi heykəl kimi hərəkətsiz olan Blok başqa heç nə deməyib otaqdan çıxdı. Nə gülümsündü, nə də narazılığını ifadə etdi!

– Ondan gözüm su içmir, – Enn söylədi. – Bu adam çoxdan sizdə işləyir?

Kömürcük cavab verdi:

– Yox, bir ildən az olar. Heç bilmədik ki, haradan necə peyda oldu! Yeni xidmətçinin gələcəyindən anamın da xəbəri yox idi! Blok bir gün evimizə gəldi, bir kəlmə də demədən bu ağ kətan pencəyi geyinib işə başladı. Məncə, atam üçün bu o qədər də gözlənilməz hadisə deyildi, lakin nə üçünsə o, anamı yeni xidmətçi ilə bağlı əvvəlcədən xəbərdar etməyi ağlından keçirməmişdi. Anam buna elə təəccüblənmişdi ki…

– Yeri gəlmişkən, anan necə adamdır? – Enn xəbər aldı.

– Ondan xoşunuz gələcək, çox mehriban qadındır! Burada onun günü gün deyil, bu evdə qətiyyən yaşamaq istəmir, lakin atalığımın qorxusundan bir kəlmə də demir.

Meribel o qədər utancaq idi ki, bayaqdan bəri bir dəfə də söhbətə qoşulmamışdı. Elə indi də qardaşının sözlərini təsdiqləmək üçün yalnız başını tərpətməklə kifayətləndi.

– Getdik, – deyə Kömürcük ucadan səsləndi. – Hər ehtimala qarşı Timmi biz qayıdana qədər şkafda qalsa, yaxşıdır. Düzdür, Blok bura gəlib nəsə axtarmaq istəyə bilər, ancaq narahat olmağa dəyməz. Mən indi şkafın qapısını bağlayıb açarı da özümlə götürəcəyəm.

Uşaqlar birlikdə evin geniş zalına daxil oldular. Kömürcük hamıdan əvvəl içəri girib dedi:

– Nəhayət, hamımız toplaşa bildik. Bağışla, ata, qonaqları görəndə necə sevinmişdimsə, onları dərhal öz otağıma çıxardım.

Oyma ağacdan düzəldilmiş nəhəng kresloda oturan cənab Lenuar bəm səsi ilə dedi:

– Görünür, sənin tərbiyənlə ciddi-ciddi məşğul olmaq lazım gələcək.

Uşaqlar bu zəhmli adamı diqqətlə nəzərdən keçirdilər. Onun çox ciddi görünüşü vardı, kül rəngli saçlarını arxaya daramışdı, gözləri Meribelinki kimi mavi idi. Gülümsəyəndə yalnız dodaqları qaçırdı, baxışları isə soyuq və ifadəsiz idi.

Enn görüşmək üçün cənab Lenuara yaxınlaşanda onun əllərinin də gözləri kimi soyuq olduğunu anladı. Cənab Lenuar qıza gülümsəyib onun çiynini yüngülcə döyəclədi.

– Nə mehriban qızdır! – o çığırdı. – Sən Meribelə yaxşı rəfiqə olacaqsan. Kömürcük üçün üç oğlan dost və Meribel üçün bir qız rəfiqə. Ha-ha!

Cənab Lenuar, aydındır ki, Corcu oğlan bilmişdi. Onu qınamaq olmazdı: qız həmişəki kimi cins şalvar və sviter geymişdi, saçları isə oğlansayağı qısa vurulmuşdu…

Heç kəs cənab Lenuarın səhvini düzəltmədi ki, Corc oğlan deyil, qızdır. Təbii ki, Corc özü də dillənmədi! Onun ardınca Dik və Culian da əllərini cənab Lenuara uzatdılar. Uşaqlar Kömürcüyün anasının da içəridə olduğuna çox gec fikir verdilər. Balaca boyu, boz saçları və gözləri olan bu qadın nəhəng kresloda itib-batmış kuklanı xatırladırdı. Enn ona yaxınlaşdı və özünü saxlaya bilməyib:

– Siz necə də balacasınız! – dedi.

Cənab Lenuar qəhqəhə çəkdi. Belə görünür, o, həmişə gülmək üçün səbəb tapırdı. Bəzən isə səbəbsiz gülürdü… Cənab Lenuarın xanımı ayağa qalxıb gülümsədi. Boyca Enndən hündür olmazdı, əlləri və ayaqları isə çox xırda idi. Enn hələ böyüklərin arasında belə zərif qadın görməmişdi. Bu, qızın çox xoşuna gəldi. Əlini qadına uzatdı. Xanım Lenuar dedi:

– Yaxşı ki, gəldiniz. Eşitdim, dama düşən ağac evinizə ciddi ziyan vurub…

Cənab Lenuar bu dəfə də qəhqəhə çəkdi. Nəsə bir zarafat elədi, kimsə bir şey anlamasa da, hamı nəzakət xatirinə gülümsündü.

Cənab Lenuar dedi:

– Ümid edirəm ki, burada vaxtınız xoş keçəcək. Pyer və Meribel sizə qədim şəhəri göstərəcək, ehtiyatlı olacağınıza söz versəniz, başqa maraqlı yerləri də görə biləcəksiniz.

– Çox sağ olun, – uşaqlar xorla cavab verdilər və yenə cənab Lenuarın süni gülüşü eşidildi. Qəfildən o, Culiana tərəf dönüb dedi:

– Sənin atan çox ağıllı adamdır, – Culian başa düşdü ki, kişi onu Corcla səhv salır. – Ümid edirəm, qayıtmaq vaxtı çatanda o sizin dalınızca gələcək və biz söhbət eləyə biləcəyik. Onunla bir sahədə təcrübə aparırıq, lakin atan məni bir xeyli qabaqlayıb.

– Oooo! – Culian ədəblə təşəkkür etdi. Həmin anda xanım Lenuar cingiltili səslə danışmağa başladı:

– Blok sizə yeməyi Meribelin otağına gətirəcək ki, ərimi narahat etməyəsiniz. O, yemək zamanı danışmağı sevmir, masa arxasında altı uşaq oturubsa, onlardan dinməz dayanacaqlarını gözləmək isə sadəlövhlük olardı…

Cənab Lenuar yenə güldü. Sonra dedi:

– Yeri gəlmişkən, Pyer, əvvəllər olduğu kimi sənə təpənin ətəyindəki mağaranın yanında dolaşmağı qadağan edirəm. Eyni zamanda xəbərdar edirəm ki, xüsusən də indi – evdə qonaqlarımız olan vaxt şəhər divarlarına dırmaşmayasan. Bilirsən ki, bu çox təhlükəlidir. Ona görə də qanıqaralıq yaratmağa ehtiyac yoxdur. Mənə söz verirsən?

Kömürcük etiraz etdi:

– Mən şəhər divarlarına dırmaşmıram. Çünki heç vaxt özümü təhlükəyə atmaram.

– Sən bəzən özünü axmaqlığa qoyursan! – cənab Lenuar bu cavabdan elə bağırdı ki, burnunun ucu ağardı. – İndi isə hamınız rədd olun!

Belə görünür, cənab Lenuar tamamilə özündən çıxmışdı.

Qorxmuş uşaqlar – Culian, Dik, Enn və Corc qaçıb otaqdan çıxdılar, Meribellə Kömürcük də onların arxasınca gəldilər. Qapını bərk-bərk bağlayan Kömürcük sevincdən parıldayan üzünü onlara tərəf çevirib dedi:

– Mən ona heç nə vəd vermədim. Atalığım bizi əyləncədən məhrum etmək istəyirdi. İlk baxışdan adama elə gəlir, bizim tərəflərdə maraqlı heç nə yoxdur, ancaq araşdırsan, görərsən ki, belə deyil. Mən sizə çoxlu maraqlı yerlər göstərəcəyəm…

Bu zaman Corc dilləndi:

– Hələ də anlamıram ki, nə üçün bura gizli keçidlərlə, sirli yollarla doludur?

Culian dedi:

– Bu ki aydın məsələdir. Axı buralar qaçaqmalçıların sığınacağı olub, yəqin, onlar dəfələrlə öz mallarını gizlətməli olublar, hərdən özləri də bir müddət buradakı mağaralarda gizləniblər! Dostumuz Kömürcüyün dediyinə inansaq, indi də burada əsl qaçaqmalçı var! Deyirdin, onun adı Barlinqdir, hə?

– Hə, – Kömürcük cavab verdi. – Gəlin yuxarı qalxaq, sizə otaqlarınızı göstərim. Pəncərələrdən bizim şəhərciyimizə gözəl mənzərə açılır.

Qonaqlar üçün ayrılmış iki yanaşı otaq Kömürcüklə Meribelin otaqları ilə üzbəüz yerləşirdi, aralarında geniş pilləkən vardı. Otaqlar iri olmasa da, yaxşı bəzədilmişdi. Buradan baxdıqda Kimsəsiz dağın ətəyində yerləşən əyri-üyrü damlar və qüllələr görünürdü.

Corcla Enn bir, Culianla Dik isə digər otaqda yatmalı idi. Cənab Lenuardan fərqli olaraq qonaqların iki oğlan, iki qız olduğunu bilən xanımı hər şeyin qeydinə qalmışdı!

– Çox qəşəng və rahat otaqlardır, – Enn dedi. – Çinar ağacından hazırlanmış bu arakəsmələr mənim xoşuma gəlir. Kömürcük, yoxsa bizim otaqlarda da gizli yollar var?

Kömürcük gülümsündü:

– Tezliklə biləcəksiniz! Bu da sizin əşyalar: çamadanlarınızın hamısı açılıb, paltarlarınız səliqəylə yığılıb. Bu, yəqin ki, Saranın işidir. O sizin xoşunuza gələcək. Yaxşı qızdır, yupyumru, gonbul və şəndir. Bloka bir damcı da olsun, oxşamır!

– Bəs bizim Timmi necə olacaq? – Corc dedi. – O, həmişə mənim yanımda olub, başa düşürsən? Biz onu yedirməli və gizlicə gəzintiyə çıxarmalıyıq.

– Hər şey yaxşı olacaq, – Kömürcük qızı əmin etdi. – Timmi ac qalmayacaq. Fürsət tapan kimi sirli yolla çölə çıxara da bilərik, beləcə, ürəyi istəyən qədər gəzər! Biz onunla əla vaxt keçirəcəyik, görərsiniz!

– Axı istəyirəm, o, gecələr mənimlə yatsın. Yoxsa Timmi elə bir hay-küy qaldıracaq ki, bütün ev silkələnəcək!

– Neyləmək olar, buna da bir şey fikirləşərik, – Kömürcük bir qədər tərəddüdlə cavab verdi. – Lakin istənilən halda çox ehtiyatla davranmaq lazımdır. Başımıza iş aça bilmərik. Sən hələ atalığımın necə adam olduğunu görməmisən!

Əslində isə uşaqlar cənab Lenuarın çox qəzəbli biri olduğunu artıq anlamışdılar.

Бесплатный фрагмент закончился.

131,38 ₽
Возрастное ограничение:
6+
Дата выхода на Литрес:
07 октября 2022
Объем:
7 стр. 12 иллюстраций
ISBN:
9789952244724
Правообладатель:
Altun Kitab / Алтын Китаб

С этой книгой читают