Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Azadlıq Haqqında», страница 2

Шрифт:

Hər hansı bir hərəkəti edib-etməmək məsələlərində qanunlar ya da ictimaiyyətin fikriylə müəyyənləşmiş davranış qaydalarını təyin edən digər bir prinsip də insanların öz ruhani sahiblərinin və ya tanrılarının fərz edilən razılıqlarına ya da narazılıqlarına gözübağlı şəkildə qulluq etmələri olmuşdur. Öz-özlüyündə eqoist olmaqla birlikdə bu qulluq ikiüzlülük deyil. İnsanlara sehrbazları və azğınları yandırdacaq qədər ürəkdən gələn nifrət hisslərinə səbəb ola bilmişdir. Əxlaqi duyğuların istiqamətləndirilməsində bu qədər adi təsirlər arasında, şübhəsiz ki, cəmiyyətin ümumi və aşkar mənfəətlərinin də payı, hətta böyük bir payı olmuşdur. Ancaq bir qiymətləndirmə vasitəsi və sadəcə bu mənfəətləri qorumaq üçün olmaqdan çox, bunlardan doğan simpatiya və antipatiyaların nəticəsi kimi özünü göstərir. Necə ki, cəmiyyətin mənfəətləri ilə az əlaqəli olan və ya heç əlaqəsi olmayan bəzi simpatiya və ya antipatiyalar əxlaq qaydalarının yaradılmasında özlərini az qala eyni dərəcədə və böyük bir güclə hiss etdirmişdir.

Cəmiyyətin ya da onun qüdrətli bir hissəsinin bəyəndiyi və ya bəyənmədiyi şeylər qanun ya da ictimai fikrin diktəsi altında, cəmiyyətin əsas hissəsi tərəfindən riayət olunmaqla qoyulan prinsipləri praktik həyatda təyin edən başlıca faktorlardır. Ümumiyyətlə, duyğu və düşüncədə cəmiyyətdən irəlidə olanlar təfərrüatlarda qarşı çıxmış olsalar da, əsasən bu vəziyyətə qarşı mübarizəyə girişməmişlər. Onlar cəmiyyətin bəyəndiyi və ya bəyənmədiyi şeylərin fərdlər üçün bir qanun olmasının lazım olub-olmadığını araşdırmaqdan çox, cəmiyyətin hansı şeyləri bəyənib-bəyənməməsinin lazım olduğunu araşdırmaqla məşğul olmuşlar. Bu cür insanlar ümumi axına uyğun gəlməyənlərlə birlikdə hərəkət edərək azadlığı müdafiədə işbirliyi etməkdən çox, şəxsən özlərinin hər kəsdən ayrıldıqları müəyyən mövzularda insanların duyğularını dəyişdirməklə məşğul olmağı üstün tutmuşlar. Xırda-para istisnalar nəzərə alınmasa, hər kəs tərəfindən yüksək bir prinsip kimi qəbul edilən və sabit bir şəkildə qorunan yeganə nümunə dini inanc məsələsidir. Bu nümunə əxlaqi duyğu deyilən şeydə yanılmağın mümkün ola biləcəyinin ən nəzərə çarpan nümunəsini meydana gətirməsi baxımından olduqca öyrədicidir. Çünki səmimi bir fanatikin gözündə odium theologicum4 heç bir şübhə götürməyən əxlaqi duyğu hallarından biridir. Özünü ümumdünya kilsəsi adlandıran şeyin boyunduruğunu ilk qıranlar inanc fərqliliyinə icazə vermə məsələsində bu kilsə qədər az istəkli idilər. Lakin bir-birilə razılaşmamanın şiddətli dövrü tərəflərdən heç birinə tam mənasıyla qələbə gətirmədən sona çatınca və hər kilsə və ya məzhəb ümidini o anda işğal etməkdə olduğu yeri əldə saxlamağa çalışmaqdan başqa bir şey edə bilməyəcək hala gəlincə, azlıqlar çoxluğa çevrilmələri ehtimalı olmadığını görərək, başqa düşüncədə olmağa icazə verilməsini müdafiə etməyə məcbur oldular. Bax beləcə fərdin cəmiyyət qarşısındakı haqlarının prinsiplərin təməlinə əsaslanaraq ortaya atılması və cəmiyyətin müxaliflər üzərində nüfuzundan istifadə etmə iddiasının açıqca müzakirə mövzusuna çevrilməsi bu təməl, hətta demək olar ki, sadəcə bu təməl üzərində olmuşdur.

Dini azadlığın əldə edilməsinə görə dünyanın borclu olduğu böyük yazarlar ən çox vicdan azadlığının insanın ləğvedilməz haqqı olduğunu iddia etmişlər. İnsanın öz dini inancına görə başqalarına hesab verməyə məcbur olmasını mütləq surətdə rədd etmişlər. Bununla yanaşı, həqiqətən əhəmiyyət verdikləri hər hansı bir şeydə insan üçün dözümsüzlük o qədər təbiidir ki, öz səssizliyinin teoloji döyüşlərlə pozulmasından xoşlanmayan dini laqeydliyin ağırlığını hiss etdirdiyi yerlər istisna olmaqla dini azadlıq az qala heç bir yerdə həqiqətən təsdiqlənməmişdir. Demək olar ki, bütün dindar insanların zehinlərində, hətta ən tolerant ölkələrdə belə, tolerantlıq qəti olaraq ancaq bir sıra çəkingənliklərlə qəbul edilir. Bəziləri kilsə hökuməti məsələsində fərqli düşünməyə dözür, lakin doqma məsələsinə dözümsüzlük göstərir; bəziləri katoliklərlə unitarlar xaricində hər kəsə qarşı dözümlü davrana bilər; bəziləri vəhyə əsaslanan dinə inanan hər fərdə dözümlü davrana bilər; bəziləri də bir az artıq lütfkar ola bilər, lakin bunu Tanrı və axirət inancında dayandıra bilər. Qısa desək, əksəriyyətin duyğusunun qarışıqsız və sıx şəkildə olduğu hər yerdə onun itaət edilmək iddiasından çox az imtina etdiyi görünür.

Siyasi tariximizin xüsusi hal və şəraitinə görə İngiltərədə ictimai fikrin boyunduruğu ehtimalla daha ağırdırsa da, qanunun boyunduruğu Avropanın digər ölkələrinin çoxunda olduğundan daha yüngüldür. Qanunverici və ya icraedici orqan tərəfindən fərdin davranışlarına birbaşa müdaxilə edilməsinə qarşı böyük bir həssaslıq vardır. Bunun belə olması fərdin müstəqilliyinə qarşı göstərilən hörmətdən daha çox hələ də mövcud olan bir vərdişdən, yəni hökumətə cəmiyyətin mənfəətinə zidd bir mənfəəti təmsil edən gözüylə baxma vərdişindən irəli gəlir. Əksəriyyət hökumətin iqtidarını öz iqtidarı, fikirlərini öz fikirləri olaraq hiss etməyi hələ öyrənə bilməyib. Bunu öyrəndiyi gün fərdi azadlıq ehtimal ki, hökumətin istilasına bugünkü ictimaiyyətin istilasından daha çox məruz qalacaq. Lakin yenə də fərdlərin qanun tərəfindən nəzarət edilməsinə öyrəşmədikləri məsələlərdə qanunun hər hansı bir nəzarət etmə cəhdinə qarşı hərəkətə keçməyə hazır olan yığılıb qalmış hisslər yığını vardır. Həm də məsələnin qanuni nəzarətin qanun sahəsinə girib-girmədiyinə çox da baxılmır. O qədər ki, bütövlüklə son dərəcə möhkəm olan bu hiss xüsusi hallarda tətbiq edilməyə başlayarkən ehtimal ki, çox vaxt yerində istifadə edilmiş olmur. Təcrübədə hökumət müdaxilələrinin uyğun olub-olmadığını hər vaxt məqsədəuyğun şəkildə ölçmək üçün qəbul edilmiş bir qanun yoxdur. Hər kəs bu məsələdə öz fərdi seçimlərinə görə qərar verir. Bəziləri ediləcək hər hansı bir yaxşılıq və ya çarəsi tapılacaq bir pisliklə qarşılaşdıqları zaman hökumətin işi öz üzərinə götürməsini böyük həvəslə təşviq etmək istəyirlər. Digərləri isə bəşəri mənfəətlərinin hökumət nəzarəti altına salınan qisminə yenisini əlavə etməkdənsə, hər cür sosial mənfiliyə dözməyi üstün tuturlar. İnsanlar hər hansı bir məsələdə öz hisslərinin bu ümumi istiqamətinə görə tərəflərdən birinin cərgəsində yerlərini tuturlar. Öz hisslərinin ümumi istiqamətindən əlavə, insanlar hökumətin etməsi təklif olunan müəyyən şeylərə olan maraqlarının dərəcəsinə görə, yaxud hökumətin onu özlərinin bəyəndikləri tərzdə edəcəyi və ya etməyəcəyi barəsində bəslədikləri inama görə tərəf saxlayırlar. İnsanların «bir hökumət tərəfindən görülməsi uyğun olan işlər nələrdir» barəsində olan yeknəsəq düşüncələrinə görə bir mövzunun lehinə və ya əleyhinə münasibət bildirdikləri çox nadir hallarda rast gəlinir. Mənə elə gəlir ki, bu qayda ya da prinsip yoxluğunun bir nəticəsi olaraq hələ də tərəflərdən biri digəri qədər tez-tez yanıla bilir. Hökumət müdaxiləsi, az qala bərabər bir şəkildə bəzən yerində olmadan edilir, bəzən də yerində olmayaraq mühakimə edilir.

Bu tədqiqatın məqsədi cəmiyyətin fərd ilə olan məcburetmə və nəzarət tərzindəki əlaqələri məsələsində istifadə edilən vasitələrlə əlaqədar sadə bir qanunu bəyan etməkdir. Bu vasitələr qanuni cəzalar şəklindəki maddi güc tərzində ola biləcəyi kimi, ictimai fikrin mənəvi təzyiqi şəklində də ola bilər. Burada irəli sürülən prinsip iki vəziyyət üçün də etibarlıdır. Bu prinsip insanların fərdi olaraq ya da kollektiv olaraq aralarından hər hansı birinin hərəkət sərbəstliyinə müdaxilələrinə yol verən yeganə səbəbin ancaq «nəfsi qoruma» səbəbi olacağı prinsipidir. Mədəni cəmiyyətin hər hansı bir üzvü üzərində, onun arzusuna baxmayaraq, gücün haqlı olaraq istifadə edilə biləcəyi tək yer başqalarına gələcək zərəri önləmə məqamının olduğu yerdir. Fərdə maddi ya da mənəvi olsun, öz xeyri üçün müdaxilə kafi bir səbəb deyil. Heç kim bir şeyi etməyə və ya buna dözməyə, sırf belə etməsi onun üçün xeyirli olacağı üçün, onu daha xoşbəxt edəcəyi üçün, başqalarının düşüncələrinə görə belə etməsi ağıllı yaxud doğru olacağı üçün məcbur edilə bilməz. Bu heç bir şəkildə haqlı deyil. Bunlar bir nəfərlə əlaqədar olaraq başa qaxmaq, onunla mübahisə etmək, onu razı salmaq və ya ondan xahiş etmək üçün haqlı səbəblər ola bilər, ancaq o başqa cür etdiyi təqdirdə onu məcbur etmək və ya hər hansı bir pisliyə məruz qoymaq üçün heç bir zaman haqlı bir səbəb yarada bilməz. Ona müdaxilənin qanuni olması üçün onun etməməsini istədiyimiz davranışının başqasına mütləq surətdə zərər verəcək xüsusiyyətdə olması lazımdır. Bir fərdin davranışına görə cəmiyyət qarşısında məsul ola biləcəyi qismi o davranışın başqasını maraqlandıran qismidir. Onu maraqlandıran qismində azad olması onun üçün mütləq bir haqdır. Fərd özü üzərində, öz bədəni və beyni üzərində şəxsən özünün istədiyi kimi hərəkət edə bilər.

Bu məqamı xüsusilə vurğulamaq lazımdır ki, bu prinsip bacarıqlarında yetkinləşmiş insanlara tətbiq olunmaq üçün ortaya atılmış bir prinsipdir. Uşaqlardan yaxud qanunların həddi-büluğ yaşı olaraq təyin etdiyi yaşdan daha kiçik yaşda olanlardan danışmırıq. Hələ başqalarının himayəsinə möhtac halda olanların başqalarından gələcək zərərlərə olduğu qədər, şəxsən öz hərəkətlərinə qarşı da himayə olunmaları lazımdır. Eyni səbəbə görə bir irqin hələ yetkinlik çağına gəlməmiş sayıla biləcəyi o geridəqalmış cəmiyyət hallarını da bu prinsipin xaricində buraxa bilərik5. Öz-özünə reallaşan irəliləmənin yoluna çıxan çətinliklər o qədər böyükdür ki, onları aradan qaldırma yollarını bəyəndiyimiz kimi seçməyimiz nadir hallarda mümkün olur. Bu baxımdan varlığı islahat ruhu ilə dolu bir liderin böyük ehtimalla başqa cür yetişilməyəcək olan bir məqsədə çatdıracaq hər növ çarədən istifadə etməsi qəbul ediləndir. Mədəni olmayan cəmiyyətləri idarəetmədə despotizm qanuni bir hökumət tərzidir. Yetər ki, məqsəd onların islahı olsun və istifadə edilən vasitələr bu məqsədlə istifadə edilmiş olsun. Bir prinsip olaraq azadlığın insanların sərbəst və bərabər müzakirə ilə düzələ biləcək hala gəlmələrindən əvvəlki hər hansı bir vəziyyətdə tətbiq olunmasına imkan yoxdur. O zamana qədər onların (əgər belə birini tapacaq qədər şansları varsa) hər hansı bir Əkbərə yaxud Böyük Karla mütləq surətdə itaətdən başqa yolları yoxdur. Lakin insan inanaraq və inandırılaraq, qurtuluşa üz tutma qabiliyyətinə çatar-çatmaz (burada maraqlanmağa məcbur olduğumuz bütün millətlərdə bu mərhələyə çoxdan çatılmışdır) artıq istər birbaşa, istərsə qanundan kənara çıxanlara əza və cəza şəklində güc tətbiq olunması insanların öz xeyirlərinə bir çarə olaraq qəbul edilə bilməz; yalnız başqalarının təhlükəsizliyi üçün haqlı olaraq görünə bilər.

Bunu demək yerinə düşər ki, mən «fayda»dan asılı olmayan bir şey olaraq, «mücərrəd haqq» fikrindən iddiam lehinə çıxarıla biləcək olan hər cür üstünlükdən imtina edirəm. Bütün əxlaqi məsələlərdə mən faydanı üz tutulacaq ən son ölçü olaraq görürəm. Lakin bunun ən geniş mənada, proqressiv varlıq olaraq bir insanın daimi mənfəətinə əsaslanan fayda olması lazımdır. Bu mənfəətlər iddia edirəm ki, fərdə aid olan seçimləri xarici nəzarətə tabe etməyə ancaq fərdin başqa şəxslərin mənfəətini maraqlandıran hərəkətlərindən söz düşdükdə yol verər. Əgər bir kimsə başqalarına qarşı zərərli bir hərəkət edərsə, onu qanun yoluyla, yaxud qanuni cəzaların düzgün formada tətbiq olunmadığı hallarda, ümumi təqdirsizlik ilə cəzalandırmak üçün prima facia (əsli sabit olana qədər etibarlı olan) olan vəziyyət vardır. Yenə başqalarının istifadəsi üçün fərdin haqlı olaraq çətinlik çəkə biləcəyi bir çox müsbət hərəkət də vardır. Məsələn, bir məhkəmədə şahidlik etmək, vətənin müştərək müdafiəsinə və ya himayəsindən faydalandığı cəmiyyətin mənfəəti üçün lazımlı olan ortaq bir işdə üzərinə düşən hissəni öhdəsinə götürmək, bir həmcinsinin həyatını qurtarmaq və ya müdafiəsiz olanları pis rəftarlara qarşı qorumaq üçün araya girmək kimi bəzi fərdi yaxşı davranışlar bir insanın cəmiyyətə qarşı vəzifəsidir. Bunları etməsə, həmin adam cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bir şəxs başqalarına təkcə hərəkətləri ilə deyil, eyni zamanda laqeydliyi ilə də pislik edə bilər və hər iki vəziyyətdə də o zərərə görə onlara qarşı haqlı olaraq məsuldur. Bu da bir həqiqətdir ki, ikinci vəziyyət birincisindən daha ehtiyatlı güc tətbiq edilməsini tələb edir. Hər hansı bir şəxsi başqalarına pislik etdiyinə görə məsul tutmaq bir qaydadır. Onu pisliyin qarşısını almadğı üçün məsul tutmaq, o biriylə müqayisə edildikdə, bir istisna olaraq baxılır. Bununla birlikdə bu istisnanı haqlı göstərməyə yetəcək qədər aşkar və dəhşətli olan bir çox vəziyyət vardır.

Cəmiyyətlə əlaqələrinə aid hər mövzuda fərd mənfəətlərindən söz gedən şəxslərə və lazım olduqda onların qoruyucusu vəziyyətindəki cəmiyyətə qarşı hüquqi baxımdan məsuldur. Çox vaxt onu məsuliyyətdən qurtaracaq səbəblər ola bilər. Lakin bu səbəb elə bir səbəb olmalıdır ki, fərdin öz seçiminə buraxıldığı təqdirdə, cəmiyyətin fərdi sınama gücünə sahib olduğu hər hansı bir şəkildə, nəzarətə tabe edildiyi halındakından daha yaxşı bir vəziyyətin ortaya çıxması ehtimalı olsun. Yaxud da nəzarət etməyə cəhd etməklə bu nəzarətin önləyə biləcəyindən daha böyük mənfilikləri meydana gətirəcək vəziyyətin ortaya çıxmasından söz getsin. Bu kimi səbəblər məsuliyyətin tətbiq olunmasını imkansız hala gətirdiyi zaman boş qalan hakimlik kürsüsünə fərdin şəxsən öz vicdanı keçməli və başqalarının xarici himayədən məhrum olan mənfəətlərini qorumalıdır. Fərd özü haqqında daha sərt hökm verməlidir, çünki məsələ onun digər həmcinsləri tərəfindən mühakimə olunmasına uyğun deyil.

Lakin bir hərəkət sahəsi vardır ki, onda cəmiyyətin fərddən asılı olmadan bilvasitə mənfəəti vardır. Bu sahə bir şəxsin həyat və hərəkət tərzinin təkcə şəxsən özünə təsir edən qismini özünə cəlb edir. Təkcə şəxsən özünü dediyim zaman, «birbaşa» və «əvvəlcə» demək istəyirəm. Çünki ona toxunan hər hansı bir şey onun vasitəsilə başqasına təsir edə bilər. Bu ehtimalla yarana biləcək olan etirazdan daha sonra danışacağıq. O halda bu, insan azadlığının xüsusi sahəsidir. Bunun içinə əvvəlcə şüurun iç sahəsi girir ki, ən geniş mənada vicdan azadlığını və mütləq mənada hər növ mövzuyla əlaqədar düşüncə və duyğu azadlığını əhatə edir. Bu mövzular praktik ya da spekulyativ ola biləcəyi kimi, elmi, əxlaqi ya da teoloji də ola bilər. Düşüncə bəyan etmə və yayma azadlığı başqa bir qanuna girirmiş kimi görünə bilər. Çünki bu azadlıq fərdin davranışının başqa şəxsləri maraqlandıran qisminə aiddir. Lakin düşüncə azadlığının özü qədər çox əhəmiyyətli olduğu üçün, böyük bir qismi etibarilə eyni səbəblərə əsaslandığından praktikada ondan ayrılmaz. Bu prinsip ikinci olaraq zövqlərimizdə və məşğuliyyətlərimizdə sərbəstliyi; həyatımızın planını öz xarakterimizə uyğun gələcək şəkildə tənzimləməni; xarakterimizi axmaqcasına, əksinə ya da səhv olaraq dərk etsə belə etdiyimiz şeylər onlara zərər vermədiyi müddət ərzində həmcinslərimizin maneə törətməsinə məruz qalmamağı və ola biləcək nəticələrinə dözməyimiz şərtilə bəyəndiyimiz tərzdə davrana bilmə azadlığını tələb edir. Üçüncü olaraq, fərdlərin öz aralarında bir araya gəlmə azadlığı ilə başqalarına zərəri olmayan hər hansı bir məqsəd üçün birləşmə azadlığı çıxır. Bir araya gələn fərdlərin həddi-büluğa çatmış olmaları, güc yolu ya da hiylənin təsiri altında olmamaları əsas şərtdir.

İdarəetmə forması nə olusa olsun bu azadlıqlara bütünlüklə hörmət göstərilməyən heç bir cəmiyyət azad deyil. Bu azadlıqların qeyd-şərtsiz var olmadığı heç bir cəmiyyət tam olaraq azad ola bilməz. Azadlıq adına layiq olan yeganə azadlıq başqalarını səadətlərindən məhrum etməyə və ya onların səadət əldə etmə səylərinə mane olmağa cəhd etmədiyimiz müddətcə öz yaxşılığımızı öz bildiyimiz yolda axtarma azadlığıdır. Hər fərd istər fiziki, istərsə də zehni və ruhi baxımlardan öz sağlamlığının əsl və yeganə gözətçisidir. Unudulmamalıdır ki, bəşəriyyət hər kəsin öz istədiyi kimi yaşamasına dözüm göstərdiyi zaman adamları başqalarına xoş gələcək şəkildə yaşamağa məcbur etdiyindən daha böyük qazanc əldə edər.

Bu təlim heç də yeni bir şey olmamaqla və bəzi şəxslər üçün bir təkrardan ibarət olmaqla birlikdə, mövcud olan düşüncə və tətbiqetmənin ümumi meyli ilə birbaşa zidd gələn yeganə doktrina olma xüsusiyyətini daşıyır. Cəmiyyət hər kəsi ictimai mükəmməllik anlayışına (öz doğruları istiqamətində) uyğun gəlməyə məcbur etmək üçün sərf etdiyi səyin bir bənzərini fərdi mükəmməllik anlayışına uyğun gəlmək üçün də sərf etmişdir. Qədim dövlətlər vətəndaşlarının bütün zehni və fiziki intizamına qarışmağa haqqı olduğu düşüncəsindən hərəkətə keçərək xüsusi həyat sahəsinin bütün təfərrüatlarını tənzimləmə məsələsində özlərinin səlahiyyətli olduğunu düşünmüşdülər. Filosoflar da ümumiyyətlə, bu düşüncəni müsbət qarşılayırdılar. Bu, ətrafları güclü düşmənlərlə çevrələnmiş, müntəzəm olaraq xarici təhlükə və ya daxili sarsıntı ilə yıxılma təhlükəsi altında olan kiçik respublikalarda qəbul edilə biləcək düşüncə tərzi idi. Oralarda siyasi enerji və gərginliyi qısa müddətə belə boşaltmaq çox asanlıqla onların həyatı bahasına başa gələ bilərdi. Bu baxımdan o respublikalar azadlığın xeyirli və davamlı nəticələrini gözləmək kimi bir riskə gedə bilməzdilər. Bugünkü dünyada siyasi cəmiyyətlərin həcmlərinin daha geniş olması və xüsusilə ruhi və dünyəvi fəaliyyətlərlə bağlı səlahiyyətlərin bir-birindən ayrılması (insanların vicdanlarının idarəsini dünya işlərinə nəzarət edən əllərdən başqa əllərə verən), xüsusi həyatın təfərrüatlarına qanun tərəfindən bu dərəcədə böyük bir müdaxilənin qarşısını almışdır. Lakin yenə də hər fərdin özünə xas səbəblərə görə hakim düşüncədən ayrılma istəyinə qarşı mənəvi təzyiq alətlərindən istifadə edilmişdir; hətta ictimai mövzularda olduğundan daha enerjili bir şəkildə istifadə edilmişdir. Əxlaqi duyğunun təşəkkülünə daxil olan ünsürlərin ən güclüsü olan din daim ya insan davranışının hər bir qismini nəzarət altına alma arxasınca qaçan bir iyerarxiyanın ehtirasına ya da puritanizm6 düşüncə tərzinə bağlı qalmışdır. Keçmişin dərin izlərinə qarşı ən şiddətli müxalifəti göstərmiş olan müasir islahatçıların bəziləri ruhani hakimiyyət haqqı iddia etmə məqamında nə kilsələrdən, nə də məzhəblərdən geri qalmışlar. Məsələn, O.Kontun sosial sistemi onun “Syteme de la Politique Positive” (Pozitiv siyasət sistemi) adlı əsərində izah etdiyi kimi, qədim yunan filosofları arasında ən sərt doktrina tərəfdarı olanları geridə buraxacaq şəkildə cəmiyyətin fərd üzərində despotizm qurmasını qarşısına məqsəd qoymuşdur.

Bəzi mütəfəkkirlərin özlərinə xas inanclarını bir kənara qoysaq, yer üzünün hər tərəfində cəmiyyətin şəxs üzərindəki səlahiyyətlərini həm ictimai fikir gücüylə, həm də qanun gücüylə lazım olduğundan daha çox genişləndirmə məsələsində getdikcə artan bir meyil görünməkdədir. Dünyada meydana gələn bütün dəyişikliklərin istiqaməti cəmiyyəti daha çox gücləndirməyə, buna qarşı fərdin səlahiyyətlərini daha çox daraltmağa doğru olduğuna görə bu təcavüz elə öz-özünə ortadan qalxa biləcək bir mənfilik deyil.

Əksinə getdikcə daha bərbad bir hal alacaq mənfiliklər-dən biri kimi görünməkdədir. İstər idarə edənlər, istər adi vətəndaşlar olaraq öz düşüncə və seçimlərini başqalarına bir davranış qaydası olaraq zorla qəbul etdirmə meyli insanın təbiətindəki ən yaxşı və ən pis duyğuların bəziləri ilə elə güclü bir şəkildə dəstəklənməkdədir ki, bunu olsa-olsa ancaq «səlahiyyət məhdudiyyəti» nəzarət altında saxlaya biləcəkdir. Çox təəssüf ki, səlahiyyət də azalmayıb çoxalmaqda olduğuna görə bu pis gedişin önünə möhkəm bir əxlaqi inanc əngəli qoyulmazsa, dünyanın mövcud vəziyyəti və şəraiti daxilində onunartımına şahid olacayıq.

Dərhal ümumi tezis barədə danışmaq əvəzinə əvvəlcə fikrimizi onun bir hissəsi üzərinə yönəltməyimiz mövzunun müzakirə edilməsi üçün daha uyğun olacaq. Bu yeganə bölmə «Düşüncə azadlığı”dır. Eyni soydan olan danışma və yazma azadlığını da bundan ayırmaq mümkün deyil. Hərçənd bu azadlıqların bir çoxu dini dözümlülüklə azad təşkilatların tərəfində olduqlarını söyləyən bütün ölkələrdə artıq siyasi əxlaqın bir hissəsinə çevrilmişdir. Lakin bu azadlıqların əsaslandığı fəlsəfi və praktik təməllər nə ümumi düşüncə üçün bir o qədər alışılmış bir şeydir, nə də ictimai liderlərin bir çoxunda belə ümid edildiyi qədər tam şəkildə təqdir edilməkdədir. Düzgün başa düşüldükdə, bu təməllərin mövzunun sadəcə bir hissəsindən çox daha geniş bir tətbiq sahəsinə sahib olduğu görünəcək. Mövzunun bu qisminin tam olaraq araşdırılması yerdə qalan qismi üçün də yaxşı bir başlanğıc nöqtəsi olacaq. Bu baxımdan bir az sonra söyləyəcəklərimdə özləri üçün yeni bir şey tapmayan şəxslər təxminən üç əsrdən bəridir müzakirə mövzusu edilən bir məsələni bir daha müzakirəyə çıxardığıma görə ümid edirəm ki, məni üzrlü hesab edərlər.

4.Teoloji eyib, günah
5.Mədəni mərhələyə çata bilməmiş ibtidai cəmiyyətlər nəzərdə tutulur (red).
6.Xristianlıqda dini və əxlaqi məsələlərdə arınmadan bəhs edən doqmatik cərəyan
232,90 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
27 октября 2022
ISBN:
978-9953-8066-2-7
Переводчик:
Правообладатель:
Alatoran yayınları / Алаторан

С этой книгой читают