Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Seçilmiş Əsərləri», страница 6

Шрифт:

Naximov məktəbini qurtarıb dənizçi-mühəndislər yetişdirən hərbi məktəbə imtahan vermək üçün Leninqrad səfərinə hazırlaşan Yuri Andrey Andreyeviçgilə vidalaşmağa gəldi.

Görən Yurini tanımazdı. Boyu uzanmış, səsi dəyişmiş, kürəyi enliləşmişdi.

– Mən bu günü çoxdan arzulayırdım, Yuri. İlk tanışlıqdan. Əminəm ki, dostluğumuz davam edəcək. Və köhnə dost kimi mən sənə nə isə demək istəyirəm. Şərtimi də indidən eşit: istərsən cavab verərsən, istəməzsən verməzsən!

Andrey Andreyeviç ayağa qalxdı. Yuri də durmaq istədi, amma Andrey Andreyeviç çiyinlərindən basdı:

– Sən otur… Otur və qulaq as! – Ciddi görkəm alıb arxası pəncərəyə dayandı. – Məncə, sən nəyi isə məndən gizlətmisən, Yuri. Sənin haqqında bildiyim az deyil: başın pis işləmir, tərbiyəlisən, ciddi, sözü düz oğlansan. – Andrey Andreyeviç susdu. Yura fikirli-fikirli pəncərəyə baxırdı. Dinmirdi.

– Tələsmə, düşün. Bu çox vacibdir. Sirr saxlamaq qəbahət deyil. Hamıya sirr demək olmaz. Lakin mən hiss edirəm ki, gizlətdiyin sirr sənə əzab verir. Bax bu pisdir!..

Sükut uzun sürdü. Nəhayət Yuri dilləndi:

– Siz haqlısınız, Andrey Andreyeviç. Mən ömrümdə bir dəfə alçaq hərəkətə yol vermişəm. Mənə yaxın olan adamların qəlbini incitmişəm. Səhvimi düzəldəcəyəm, Andrey Andreyeviç. Əgər məni bağışlasalar… Bilmirəm… Sizə minnətdaram, Andrey Andreyeviç.

Yuri gündüz qatarına mindi. Səhər Moskvaya çatdı. Tələsirdi. Ömründə tələsmədiyi kimi. Tez metroya mindi. Qorki parkında düşmək istədi. Həmişəki kimi. Amma gördü ki, xətt uzanıb. Elə bildi Frunze akademiyasının yanındakı dayanacaqdır. Eskalatorla qalxdı. Gördü ki, evlərinə lap yaxındır.

Həmən gəzdikləri bağ, dəmir hasar. Küçələri tanınmaz olmuşdu: tramvay xətti götürülmüşdü, trolleybus gedirdi. Doğma Usaçovka küçələri. Budur, evləri…

Həyətə girdi və ilk gördüyü adam süpürgəçi qadın oldu.

Vaxtı ilə ucaboy olan arvad indi çox kiçik görünürdü. Həyətləri də balaca idi. Heç təsəvvür etməzdi ki, meydançaları belə darısqaldır. Yuri arvada yanaşdı, lap yaxın gəldi. Süpürgəçi təəccüblə tanımadığı enlikürək, ucaboy oğlanı süzdü. Əlində tutduğu və çiçəkləri suladığı rezin borudan su asfalta axdı.

Yuri gülümsündü və yüyürə-yüyürə evlərinə girdi.

Arvad dərhal oğlanı tanıdı. Qışqırıb saxlamaq, xəbərdarlıq etmək istədi. Amma dinmədi. İlk zərbəni dili vurmuşdu. İndi də ağzını açsa, bad xəbər verəcəkdi.

Yuri pillələri iki-bir, üç-bir qalxdı. Qapıya çatıb nəfəsini dərdi. Qulaq asdı. Əlini zəngin düyməsinə aparıb saxladı. Zəng basmağa ürək eləmədi. Birdən qapı özü açıldı. Qapıda David İsayeviç göründü.

– Salam, ata!

Yura elə bu sözü demişdi ki, David İsayeviç divara söykənib gözlərini ağrıdan sıxdı. Yuri atasını yıxılmağa qoymadı. Qucağına alıb, içəri apardı. Heç bilməzdi ki, atası belə yüngüldür.

Boylanıb ətrafa göz gəzdirdi. Anasını çağırmaq istədi. Hiss etdi ki, evdə heç kim yoxdur.

Atası əlini cibinə salıb qutu çıxartdı, dərman atdı.

– Səfərin çox uzandı, oğul. Yolda anamızı itirdik…

Ata-oğul pəncərə qabağında durmuşdular.

Küçədə gediş-gəliş yavaş-yavaş çoxalırdı.

Hamı metroya tələsirdi.

ADALAR

Anam Məxfirət Məlikməmməd qızının unudulmaz xatirəsinə


I

İlk səs – çığırtı… Hamıya məlum həqiqətdir – doğulanın çığırtısı: mənim də, sənin də. Deyir, ay camaat, ay dünya, gəlmişəm, səsimdən məni tanıyın. Daha nələr gizlənir? Yaz, yoz, poz, yenə yaz – uydurma məharəti: nə bilən var, nə deyən-danışan.

İlk göz yaşları nə mənim yadımdadır, nə də sənin. Amma deyirlər ki, yumulu gözlərdən axıb çığırtını yuyan bu göz yaşları çay suyu kimi şirindir, sonralar dəniz suyu kimi acılaşır.

İlk gülüş… Bu da yadımızda deyil. Amma deyirlər ki, çox da deyirlər?! Qara buludlardan gözlənilmədən boylanan günəş kimi, göz yaşlarından doğulan gülüş həmin ilk gülüşlərdəndir: hələ dodaqlar əzik-üzük, gözlərdə isə gülüş qığılcımları… Təlxəyə, oyunbaza, məzəli sözə – hansı gülüş ilkindir?

Nə vaxtdan yadımdayam?

Düşün, fikrə get, ümidlən ki, bəlkə yuxuda gördün,– yox, yadıma gəlmir: qədimdən-qədim tarixim, qeyri-adi dövrüm, əfsanəvi zəmanə, bəlkə də heç olmayıb… Yaddaşımda xırda, işıltılı adalar, ətraf isə boşluq, qaranlıq, hansı ada əvvəlkidir, ən yaxındır.

Beş? Hə, deyəsən, beş yaşındayam.

Əmioğlum Ənvərlə qaçırıq. Elə qaçırıq ki, dayananda üzümüz istidən yanır, qaynar tər dodağımızı göynədir, sanki ürəyimiz elə bu dəqiqə ağzımızdan çıxıb şappıltı ilə yerə dəyəcək, qənbər kimi. Otağımızdan qızıl qülləsi görünən Aleksandr Nevski baş kilsəsinin şiş uclu, oxvarı dəmir milləri arasından çıxıb üzüyuxarı qaçırıq… İndi nə əmioğlum sağdır, nə həmin hasar durur, nə də baş kilsə var: dəniz uddu, qaynar alov əritdi, zəmanə yıxdı.

Qaçırıq… Və ilk dəfədir ki, mən təkcə özüm enli qozbel küçədəyəm. Boylanmadan, – indicə tutacaqlar! – qaçırıq. Əmioğlumla kilsə bağında əynində ağ paltar, başında qırmızı lent olan göygöz bir qız tutub saxlamışıq mən bir yanağından öpürəm, əmioğlum o biri yanağından, qız isə hərəkətsiz durub çığırır, haray qoparır: “Maaaa!..” Bığlı kişi hasarın o tərəfində qaldı, millər qoymadı ki, bizi tutsun. Hasar arxadadır. Hey qaçırıq. Evə! Həyətimizə!.. İri, göy, yumru-yumru qənbərlər yadımdadır… Əmioğlum məni ötdü, tini burulub gözdən itdi. Tez ol, tez!.. Uca, dəmir qapılar, daş pillələr, aynabənd… “Nə olub, nə xəbərdir? Bir dayan!..” Sonra isə – yaddaş uçurumu.

Bəlkə başqadır ilk yadda qalmağım?

Həmin baş kilsənin həyəti. Çəmənlik, gömgöy tər ot mən boydadır, məndən də uca. Atam kənddən gəlib, quzu gətirib, quzunu tozlu şəhərin çəmənlik adasında otarıram. Quzu tələsmədən, – bir özüdür, bir çəməndir, bir də mən, – otu xırda-xırda qoparıb yeyir, ağ dərili, yumru gözlü, alnı təpəl quzu… Nə kəsildiyi yadımdadır, nə dadı – uçurum!..

Yox, deyəsən ilk-əvvəl bu yadımdadır: qonşumuz oğlunu əzizləyir, sinəsində oturdub söyüş söyməyi öyrədir. “Ay sənin dilinə qurban!” – deyir. – Söy kimi istəyirsən!.. Məni?! Söy, dilinə qurban! Lap mənim özümü də söy!..” İsti gündür, məni və oğlunu gəzməyə aparır, şəklimizi çəkdirmək istəyir. Dar otaqda, qaranlıqda şəklimizi çəkirlər: oğlunun damağında uzun papiros, lap əməllisindən, mənim əlimdə isə kibrit, guya yandırıram, o da çəkir; papiros da yalan, kibrit də, təkcə şəkil həqiqətdir. Bir də ata, çünki sağdır, oğul isə – qayıtmaz dünyasında…

Bəlkə də bu deyil, budur: patefon çalınır. Çalanlar elə bil yeşiyin içində oturub çalırlar, üzə çıxsalar inanaram, çünki təəccüb nə olduğunu bilmirəm – xoruz belində bostan əkən cırtdandan az eşitməmişəm. Məni kətil üstündə taburetdə oturdublar, ayaqlarım nəinki yerə, heç taburetin iki ayağını birləşdirən tirə çatmır. Milis otağındayam, üçüncü şöbə… Milis idarəsi və patefon!.. Mənəm bir də kişilər – ucaboy, enlikürək böyüklər… Atam tez-tez deyirdi, mən onun sözlərini anlamırdım: “Mən fəhlə-kəndli milisiyəm!” Patefon ləzginka çalırdı, kişilər də burada – milis rəisinin darısqal, kiçik otağında atılıb-düşür, yeyin-yeyin oynayırdılar. Aşırma qayışlar cırıldayır, qalife şalvarlar daha da qabarmış, par-par parıldayan çəkmələr ətrafa işıq saçır. Atam oynamağı xoşlayır, oynamaqdan doymur, patefon da hey çalır, yorulmaq bilmirdi. Atam hərdən ayağının burnunda oynayır, qolları havanı qılınc kimi kəsib-doğrayır… Həmin bu ləzginkanı bəzən eşidirəm, çox nadir hallarda; o vaxtdan sanki əsrlər keçib, bəlkə yadımda qalan heç olmayıb, xəyaldır?.. Ləzginka və oynayan kişilər!.. Əksəriyyəti, atam kimi, kənddən gəlib, könüllü, “fəhlə-kəndli” milis libasını geyib, elədiklərinə qəlbən inanır və inandığını eləyirlər… Dodaqlarda, sifətlərdə, gözlərdə sevinc, gülüş… Xoş çığırtılar, şən səslər… Gözüm kişilərdədir!.. Onların arxasında dünyanı işıqlı görürəm və heç kimdən, heç nədən qorxum yoxdur. Oynayan kişilər!.. Tənəffüs idimi, bayram idimi?.. Təkcə bu danışdığım yadımdadır – kişilərin rəqsi… Kişilər… Onların yaşı nə idi ki? İyirmi, uzaq başı otuz… Mənim indiki yaşımdan çox-çox az… Məndən çox-çox cavan idilər o zamankı oynayan kişilər… Amma yadımda nəhəng qalıblar, ucaboy enlikürək kişilər.

Bəlkə bu da deyil ilk yadımda qalan?

Bəs ilk nə idi?

Birini danışdım, o birisindən dedim, amma duyuram: nə odur, nə budur, nə də üçüncüsü… İlk yadımda qalanı qovmağa çalışdım – olmadı ki, olmadı! Amma danışsam, heç kim inanmaz, deyərlər: “Ola bilməz! Uydurmadır!..” Həqiqətən: bu “ilkim” qeyri-təbii bir haldır, doğumdan əvvəl yadda qalmaq kimi bir şeydir – desəm, gülərlər.

Amma danışacağam. Qoy inanan inansın, inanmayan çiyinlərini çəkib gülümsəsin, heç üstünü vurmasın. Axı xırda cizgilərə qədər yadımdadır!.. Anam məni gündüz asma nənnidə yatızdırdı, özü isə irigövdəli, qara tut ağacının kölgəsində yerə sərilmiş xalçanın üstündə uzandı. Birdən yuxudan oyanıb məni nənnidə görmədi, tez qalxdı. “Vaxsey!..” Mən nənnidən yerə düşüb qum yeyirdim. Qumun dadı indi də yadımdadır: duzsuz, dadsız, yeyilmir ki, yeyilmir – xırçıldayır, dənə-dənə yığılıb ağızda qalır, dişlər arasında… Yox, hələ dişlərin çıxmasına xeyli var, bütöv bir tarixi əsr keçməliyəm – sürünə-sürünə, yıxıla-yıxıla, dilim söz tuta-tuta…

Yadımda qalan adalar…

İlk, birinci, əvvəlki…

İndiyə qədərki – başlanğıc idi, əsas mətləb isə irəlidədir.

II

Yadımda qalan ilk sevincim…

Düşün, düşün!..

Bəlkə budur:

Mən Pirşağı bağındayam.

Evin dal tərəfində divara yapışmış qum təpəsi; bu qumu Abşeronda tez-tez əsən şimal küləyi gətirib, divar dibinə yığa-yığa təpə düzəldib.

Biz damdan təpəyə hoppanıb təmiz quma yıxılırıq, quma batırıq.

Birdən elə bil kim isə dedi: “Anam gəlir!”

Əslində heç kim bir söz demədi, ürəyimə damdı.

Anam istirahət evindən gəlirdi.

Onun ilk və sonuncu istirahəti.

Qum təpəsindən ayağımı güclə çəkə-çəkə tilsimdən qurtaranlar kimi tələsə-tələsə çıxdım və ayaqyalın, ilıq toza bata-bata yumşaq, sakit kənd küçəsi ilə yüyürdüm.

Küçənin lay-lay tozundan ayaqlarıma dizəcən ağımtıl pərdə çökdü, elə bil toz bataqlığıdır, küçəni toza bürüyə-bürüyə hey yüyürürəm, elə qaçıram ki, ox da atsan çatmaz, – axı üzünü çoxdan – bir aydan bəri görmədiyim anamı qarşılamağa tələsirəm.

Uzaqdan yalnız anamın sifətini görürəm.

Üzünə gülüş yayılıb, axı o da sevinir – ayrı cür ola bilərmi?..

Budur – anam!

Qaça-qaça qucağına hoppanıram, məni tutur, bağrına basır, qucağında aparır, – sağlam, güclü, ən əziz… Yeganə. Əvəzolunmaz. Mənim…

Bəlkə…

Yox, deyəsən, ilk sevincim yalnız budur…

Amma yox, biri də yadıma düşdü: odumu ilk sevincim, bumu?..

Xalam – mənim cəld, qoçaq, dilli-dilavər xalam məni arabaçıya tapşırdı.

Kənddən şəhərə gəlirəm. Mən və arabaçı.

Araba hey gedir, axşam düşür, biz isə hələ də yoldayıq, mənzilə çata bilmirik.

Əvvəl qumlu-tozlu yolla gedirik, sonra daş yola çıxırıq, bizi dalbadal elektrik qatarları ötür… Arxadan gəldiyini eşidirik, qulağımıza dalğa-dalğa dolan uzun fit verib ox kimi keçir, ətrafa istilik yaya-yaya… Biz isə hey yol gedirik. Yaxında-uzaqda vışkalar görünür, ətrafa neft iyi yayılıb – mənim uşaqlığımın, mənim bütün həyatımın qanına keçmiş, canına hopmuş neftin iyi, nöyüt qoxusu: bu qoxuda – yollarım, doğma şəhərim, dəniz və məni keçmişimə, doğma yurduma bağlayan min-min tellər.

– Budur, təpə, buradan qəmbər yolu başlanır. Buradan, bu hündürlükdən şəhər görünür, çıraqlar içində, ev-ev, mülk-mülk. Az qalıb, çatmışıq…

Artıq şəhərdəyik.

Arabaçı arabanı birbaş küçəmizə sürür.

“Evinizi taparsan?” – soruşur. Üzü qapqaradır, tüklü-saqqallı. Qapqara gözlərini mənə, “şəhər uşağı”na dikib, deyəsən gülümsünür.

Bu nə sözdür? Necə yəni taparsan?! Odur – evimiz də, küçəmiz də, həyətimiz də.

Mən arabadan düşürəm və vidalaşmadan uzaqlaşıram. “Bəs çox sağ olun hanı?!” – soruşur. Mən isə artıq həyətimizin dəmir qapılarından keçib evimizə tələsirəm. Bağı da çoxdan unutmuşam, yolu da, arabaçını da… Evimizə! Çoxdan bəri qoyub getdiyim evimizə!..

Qapılar!..

Bir anlığa dayandım, ikinci mərtəbəmizə baxdım – otaqlarımızın hamısında işıq yanırdı. Balkonumuz da işıq içindəydi. Tərtəmiz silinmiş şüşəsi par-par parıldayır, qaynar elektrik lampaları ətrafa gur-gur, bol-bol işıq saçırdı. Bu işıqda o qədər istilik, doğmalıq, sevinc var idi ki!.. Bircə söz: evimiz!

Hamı sağ idi – atam da, anam da… Gənc, sağlam, güclü… Xoşbəxtlər, bəxtəvərlər… Yaxınlaşan, evin kandarında duran müharibədən xəbərsiz… İşığı söndürən müharibədən… Bəlkə də duyurlar, bilirlər, bəlkə mənə indi elə gəlir ki, bilmirdilər… Amma başqa faciədən həqiqətən xəbərsiz idilər, bilmirdilər ki, yaşamalarına çox az vaxt buraxılıb.

Bu işıq isə hey yanır və yanır, ilk sevinc işığım.

Kim bilir, nə qədər yanacaq, axı mənim, yalnız və yalnız mənim işığımdır, ilk və əbədi… Bu sözün mənasını indiyə qədər dərk etmirdim, indi-indi yavaş-yavaş dərk etməyə başlamışam… və yanıldığıma zərrəcə şübhəm yoxdur.

III

Yadımda qalan ilk kədərim…

Heç yada salmağa ehtiyac yoxdur.

Çığırtı!

Qonşu qızın çığırtısı!

Eyvanımızın o ucunda yaşayan nə anadangəlmə iki ayağından topal, mənim yaşıdım, indi isə boyca məni ötüb keçən beş oğul anası qonşu qızın qışqırtısı!..

Bakının qızmar avqust günü idi. Qapılar, pəncərələr – həm eyvana açılan, həm də küçəyə – taybatay, açıq. Ümidimiz buludsuz, rəhmsiz göyədir: ay səma, ay təbiət, – deyə yalvarırıq, – bəlkə azca da olsa yeləbənzər, küləkvarı nəfəslə bu durğun, alov dolu havanı tərpədəsən?..

Qız elə qışqırırdı ki!.. Telefon təkcə onlardadır və yalnız qonşularımız qızın çığırtısına səbəb olan bu faciəni ilk-əvvəl eşidə bilərdilər. Və qız eşitdi! Və eşidib inanmadı, amma çığırdı, eşitdiyi söz qışqırtıya qarışdı, qışqırtı içində təkrar olundu.

Və bu təkcə sözdən mən qurudum, ayaqlarım yerə mıxlandı.

Ağardım, ürəyim soyudu, sanki nazik bir sapdan asıldı.

Qonşum eşitdiyinə qışqırdı. Bu xəbər dünyada hamıdan çox, hamıdan əvvəl yalnız və yalnız mənə aiddir, mən çığırmalıyam, mən bağırmalıyam.

“Öldü?!”

Anam öldü.

Mənə elə gəlir ki, mən hələ indi-indi yaşayıram, hələ həyatımın əsas illəri irəlidədir, hələ ömür uzanacaq… Anam isə mənim indikimdən də az yaşadı, çox-çox az.

IV

Məndə baş qaldıran ilk qorxaqlıq…

Mən onu – bu qorxaqlığı, heç vaxt unutmuram. İstəsəm də unuda bilmirəm…

Xalamın gözləri qızarmışdı, səsi kallaşmış, elə bil dərin quyudan gəlirdi.

Məni çağırıb dedi:

– Get xəstəxanaya! Anan səni görmək istəyir!

Mən bilirdim, eşitmişdim ki, dünən anamı palatadan çıxarıblar, çarpayısını xəstəxanada dəhlizin bir küncünə sürüyüblər ki, o biri xəstələr ölən adamı görməsinlər…

Xalamın sözlərində mən: “Anan ölür, get ananla vidalaş!” eşitdim.

Və getmədim.

Getmədim!

Qorxdum!

Ölən adamı görməyə qorxdum.

Pəncəsi iti, əli sümüklü görürdüm mən onu, bu ölümü. Yapışsa – buraxmaz.

Bu ölüm indi anamın ətrafında fırlanır, anamın yanındadır – həm ruhdur, həm ətli-sümüklü canlı.

Getməyəcəyəm.

Durdum və yerimdən tərpənmədim.

Daş kimi susdum, qaya kimi lal oldum.

Birdən o (Kim “o”? Ölümmü? Anammı?.. Həm “o”, həm də “o”. Çünki “onlar” mənim qorxumda birləşmiş) yaxamdan yapışdı?! Birdən mənə: “Sən də gedək!” dedi?!

İstəmirəm!

Getməyəcəyəm!

Bəli, qorxuram!!!

Küt, heyvani qorxu!

Daş dövrü…

V

İlk qayğım…

Birillik ömür sürdü, mənim bu ilk qayğım…

Küçəmizin yoxuşu anama əziyyət verməyə başladı, işdən sonra təkbaşına qalxa bilmirdi.

Bir də – qaranlıq.

Küçələr axşamdan zülmət içində batır – işıq gözəgörünməz olub, gizlənib, çünki müharibədir.

Qaranlıq küçə təhlükəsiz deyil, vahimə də basa bilər – çünki müharibədir… Ən əsas isə – ürək, ürəyin gündən-günə şiddətlənən xəstəliyi. Anamla yanaşı gedəndə ürəyinin döyüntüsünü eşidirəm; mənə elə gəlir ki, anamın ürəyini hətta görürəm: yekəlib, sinəyə sığmır və təmiz havaya möhtacdır, havası çatışmır, qanı bədəndə qovub dolandırmağa gücü qalmayıb, az qala ürək dayanacaq ya partlayacaq… Köks də darlıq edir, ürəyi sıxır, ürək bu köksə sığışmır ki, sığışmır!..

Anam, mama işlədiyi doğum evindən çıxanda mən onu qapıda qarşılayıram. Qolumdan yapışıb, mənə arxalanıb, yavaş-yavaş gedirik. Əvvəl daşından belə yod iyi gələn doğum evi binasını və kiçik bağçasını əhatə edən dəmir hasarın böyründən keçirik, tinə çatıb darısqal Basin küçəsində tramvaya minirik və bu üç nömrəli tramvay bizi gətirib səs-küylü, tozlu-torpaqlı Bazar küçəsində düşürür.

Və bütün çətinliklər tramvaydan sonradır: küçəmizin yoxuşu.

Ağır-ağır, asta-asta üzüyuxarı qalxırıq. Kor pəncərəli, birmərtəbəli evlərin arası ilə. Küçə dardır. Divara toxuna-toxuna, divardan tuta-tuta bir tin keçdik. Qədim ikimərtəbəli evin qapısında anam ayaq saxlayır. Zülmət gecədə onun göyərən, rəngini itirən dodaqlarını sanki görürəm. Nə isə demək istəyir, nəfəsi çatmır ki, sözləri itələsin, çölə çıxartsın. Əlacsız qalıb başını aşağı salır, əlini evin ovulmuş, küləkdən-zamandan çopurlaşmış divarına yapışdırır, mən də yanında durmuşam, azca geri çəkilmişəm ki, havası bol olsun, mənim yaxınlığım onu darıxdırmasın, ürəyini sıxmasın… Ürəyinin döyüntüsünü də aydın eşidirəm… Az qala ağzından çıxıb düşəcək… Amma daha çatmışıq, evimizə çatmağa bircə tin var. Anam başını aşağı salır, hiss edirəm ki, özünü danlayır, ürəyini ürəkləndirir, ürəyinə ürək-dirək verir, ona keçmişi xatırladır: “Axı, sən belə deyildin, ay ürək!” deyir. – Axı bir zamanlar sən bu yoxuşu birnəfəsə qalxardın, indi nə olub sənə, ay ürək? Məni niyə belə incidirsən, axı mənim günahım nədir, ay ürək!” Danlayır, amma fikri artıq bu yoxuşda deyil, – pilləkəndədir, ikinci mərtəbəmizə qalxan pillələrdə!.. Eybi yoxdur, – anama deyirəm, – onu da keçərik, heç darıxma, təki evimizə çataq!..

Yenə yavaş-yavaş, asta-asta gedirik. Mən qəsdən bir addım geridə dururam, qəsdən addımlarımı yavaşıdıram ki, o da tələsməsin, elə bilsin ki, mən də yorulmuşam, elə bilsin ki, tələsən yalnız özüdür, ayaq saxlayıb bir az da dincələ bilər, nə xəbərdir, niyə tələsir?..

İkinci və sonuncu küçəni keçirik, budur – küçəmiz!.. Divarı dairəvi, daşları çəhrayı, rəngi qaranlıqda belə görünən evimiz, uca, dəmir alaqapımız, – Bakıda nə çox dəmir var: qapılar, hasarlar, pəncərə dəmirləri!.. Bu qapıdan pillələrə qədərki yol, yəni həyətin içi, o qədər də rahat-hamar deyil, qorxuludur, adam yıxan çökəkləri, təhlükəli döngə-uçurumları var, odur ki, tələsmək lazım deyil, ayaqlarını ehtiyatla at… Amma mən bu qısa yolun bütün sirlərinə bələdəm, gözüyumulu keçərəm, bilirəm ki, harada addımım uzun, harada isə qısa olmalıdır – bax burası çökəkdir, burada isə zirzəmiyə gedən pilləkən var, ağzına daş qoyublar ki, yıxılan olmasın; bura su süzülüb, çünki kranı bərk bağlamayıblar, ax, bizim bu kranımız! Addayıb keçmək lazımdır: burada isə azca sağa dönmək, çünki təpəcik var, sonra isə sola və iki addım sayıb əlini uzat – əlin pilləkənin məhəccərinə toxunacaq… Amma pilləkənə hələ xeyli həyətdəki yeraltı su yolunun dəmir qapağı azca dikdir, onu elə keçmək lazımdır ki, ayaq ilişməsin…

Budur, nəhayət, pilləkən məhəccəri. Anam bu tirdən yapışır və yenə dayanır, tez-tez nəfəs alır, sanki qüvvə toplayır. Otuz daş pillə! Son hücum!.. Düz otuz! Nə az, nə çox… Daşların ortası çuxur-çuxurdur, bizim addımlarımız, bizdən əvvəlkilərin addımları ilbəil, günbəgün bu daşları yalaya-yalaya, sürtə-sürtə ovub…

Evdə anam özünə tez gələrdi, axı evdir!.. Xoşladığı üstü meşin “kuşetkaya” oturub, gözlərini azca yumar, dincələrdi; ayaqlarından ağırlıq çəkilər, bütün bədəni ürəyə xidmət edərdi ki, ürək toxtasın, köksü vurub dağıtmasın… Qabırğalar incə, dərisi də kağız kimi nazik, açıq şabalıdı rəngdə, azca əsmər, mənimki kimi.

Ürək neyləsin – ürəyə saf hava lazımdır, şirə lazımdır…

Məgər təkcə bunlarmı?..

VI

İlk acığım.

İndi də – kütləşsə də, azca soyusa da – keçməyib mənim ilk acığım, bəlkə indi heç acıq deyil, yalnız düşüncədir? İnsan zəifliyi barədə acığabənzər duyğudur? Hissdir?..

Hərdən anamın dayısı Abdul kişi ilə rastlaşıram. Qocalıq onu qupquru qurudub. Tez-tez öskürür, öskürəyi də qupquru. Yazığım gəlir: elə qocalıb ki, canını güclə gəzdirir. Hal-əhval tuturuq – necə olsa, yenə də qohumdur, anamın yeganə dayısı, səksən yaşlı kişi…

Şəhərə çox nadir vaxtlarda gəlir, bağda olur, atadanqalma mülkdə… Meynəliklər, əncir ağacları, qum və bağın ortasında – nəhəng qara tut ağacı; ağacın ömrü əsri keçib, amma yenə də sağlamdır; bu yerlərin ən qocaman ağacı… Tutu da şirin, dadlı. İndi də dadı damağımdadır: iri dənələr, içi şirə dolu… Daha çox anamın dayısı oğlunu görürəm, – Akifi. İşi-peşəsi məlum deyil, gah tör-töküntü sifətində, gah da ki, təzəbəy kimi, keyfi kök, damağı çağ. Görürəm və atası yadıma düşür, qəlbimdə acığabənzər nə isə tərpənir. Qohumlar kimi salamlaşırıq, ondan-bundan hal-əhval və xudahafiz! Gələn dəfəyə qədər, gələn görüşə qədər!..

O ili müharibə axır ki, qələbə ilə nəticələndi… Cibimiz boş, anama isə dincəlmək hava-su kimi lazımdır! Yayı şəhərdə qalmaq olmaz – istidən bişib yanar, xəstə ürəklə səfərə çıxmaq da çətindir, haraya gedəsən? Nə cür?.. Ürəyə üzüm lazımdır, tut lazımdır – ağ ya qara!

Doğmaca dayısına ağız açdı. Pis dolanmırlar, gəliri yaxşıdır – şəhərin mərkəzində baqqal dükanında işləyir, keçən il müharibənin qızğın çağında bağdakı evini – gözəl, ikimərtəbəli, uca binadır – təmir elətdirdi.

Ağız açdı.

Yox, yox, söhbət ikinci mərtəbədəki otaqlardan getmir; tutu da pulsuz yeməyəcəyik, ənciri də. Bizə kiçik otaq lazımdır, özü də bilirsiniz hansı otaq? Pilləkanın altındakı, küçəyə balaca pəncərəsi olan, quyuya yaxın otaq; bu otaqda binədən heç kim yaşamır, burada yalnız təsərrüfata aid dəmir-dümür, xırda-xuruş şeylər saxlanır, onları odun anbarına da yığmaq olar…

Abdul kişi qaşqabağını salladı, arvadına baxdı… Arvadının üzündə onsuz da əbədi narazılıq həkk olunmuşdu – elə bil indicə ya turşu badımcan yeyir, ya gözü limon dilimindədir; ya da ki, piy basmış boynunu ağcaqanad sancıb… Səsi də üzünün ifadəsinə uyğundur – danışanda elə bil indicə ağlayacaq, sızıltılı, incik, şikayətli.

Anam hiss elədi ki, dayısı arvadı ağzını açsa, xahişimizi rədd edəcək, odur ki, onu qabaqlayıb dedi ki, otağı havayı istəmirəm; pul söhbətini eşidəndə təəccübləndim, axı bilirdim ki, pulumuz yoxdur.

Qohum danışmağa başladı: anamın dayısı.

Dedi ki, otağı başqasına söz vermişik (adını dedi, uzun-uzadı onun haqqında danışdı, “ağsaqqal adamdır”, “mömin kişidir”, “kəbleyidir” və sairə…). Hətta pulunun bir hissəsini almışıq (üçrəqəmli məbləğ deyilir), “əlbəttə, o qədər də böyük pul deyil, amma yenə də puldur, hər halda alınıb da, xərclənib də, məvacibə isə hələ xeyli var…”

Anam: “Pulunu qaytararıq” – deyir, yəni anamın verdiyi pulu dayısı həmin mömin kişiyə qaytarar.

Dayı qurtarıb, dayısı arvadı başlayır: deyir ki, “söhbət “beh”də deyil, bütün məbləğdədir; axı alacağı pulu indidən borca girib xərcləmişik, bağban tutub əvvəlcədən pulunu vermişik ki, qaçmasın, bağ işi ağır işdir, meynələr filan, məgər onların üzümünü almayacağıq!”, tut ağacı, tutu, əlbəttə, pulsuz da yeyə bilərik, “axı qohumuq…”

Anam deyir ki, bütün məbləği ödəyərik…

“Varmı pulumuz?! Niyə demir ki, axı dayımsan, belə qohumluq olmaz?!”

Anam da pulu fikirləşirdi: bahalı tirmə şalını, atamın ilk hədiyyəsini satar, üzüyünü lombarda qoyar, birtəhər toplayar bu pulu, təki razılaşsınlar.

Susub söhbətə qarışmaq istəmirəm, çünki anam əsəbiləşər, baxışımla qaynayan qəzəbimi qohumlarımıza yağdırıram, amma anamın dayısı görmür, saymır, qəzəbimi heç vecinə almır.

O yay anamın sonuncu yayı idi…

Amma ilk günlər bağ havası anama düşdü: özünü birdən-birə yaxşı hiss etməyə başladı, hətta bir dəfə özü, mənim köməyim olmadan alpinistsayağı ikinci mərtəbəyə dırmaşdı; pillələrlə yox, pillənin böyründən azca kənara çıxan daşlardan yapışa-yapışa, mən göstərdiyim kimi, tələsmədən yuxarı dırmaşdı, sonra əlini uzadıb eyvanın məhəccərindən adladı, o tərəfə, eyvana aşdı. Elə sevinirdi ki!.. Eyvandan dənizə sarı baxdı – gömgöy, ipək kimi işıldayan dənizə həsrətlə, ümidlə baxdı!.. Sonra başını əyib yuxarıdan aşağı məni süzdü, gülümsündü, saçını düzəldib, yenə də üzünü dənizə sarı tutdu, uzaq, mehriban, ilıq sulu, yumşaq qumlu dənizin seyrinə daldı, doymadı ki, doymadı.

Ürəyi də sözündən çıxmadı, istəyinə qul oldu, dəcəllik etmədi, – quzu ki, quzu!..

Demə, təhlükə kənarda durub acı-acı gülümsünürmüş. Bir həftədən sonra, avqustun əvvəllərində ürək ağrıları təkrarlandı, xəstəliyi şiddətləndi, tezliklə şəhərə döndük, anam öz ayağı ilə xəstəxana qapılarından keçdi, tramvay zənginə boylanıb qaynayıb-qarışan küçəyə xeyli baxdı…

Bağa köçməmişdən əvvəl pulu anamın dayısı Abdul kişiyə aparıb vermişdim. O zaman İçərişəhərdə olurdular, indi köçüblər: özü səksən neçə yaşında, odun kimi qupquru qurumuş və arvadı, – üzü turşumuş, səsi sızıltılı, ağlamsınan, elə bil ağcaqanad sancıb, yaxud limon diliminə gözü düşüb, indicə onu yeyəcək.

VII

İlk incikliyim…

Atamdan idi mənim ilk incikliyim: boğazım yandı, ağrı ürəyimi sıxdı, qəhərləndim. Əfsus ki, ağlaya bilmədim, ağlasaydım – yaş acını yuyub aparardı; incikliyi bəs necə, əridərdimi?..

Və atamdan incikliyim – onun sağlığında yox, onu basdırandan sonra.

Elə acı inciklik ki, nə edirsən et – keçmir ki, keçmir!..

İndi isə inciklikdən əsər-əlamət qalmayıb – acısı əriyib, zəmanə axını onu aparıb dəniz suyuna qarışdırıb, sadəcə qüssə qalıb.

Küçə ilə gedirdik: anam, bizim “jensovet” qonşumuz və mən.

Birdən anam dayandı, ağappaq ağardı, dodaqları əsdi.

– Dəlisən ey! – qonşumuz anamın üstünə qışqırdı. – Üz ürəyini, çürüt ömrünü, vur öldür özünü!.. Ay dəli, adam da eləsindən ötrü ürəyini yeyər? Bir üzünə bax, gör nəyə oxşayırsan… Al, bax! – qonşumuz cəld əl çantasından balaca güzgü çıxarıb anama uzatdı. – Al! Bax!

Anam isə qabağa, irəliyə baxırdı. Qonşumuz da o tərəfə baxdı.

– İstəyirsən, bax bu saat gedim, dizimlə onu daldan vurum, yıxıb bax bu dabanlarımla o ki var əzişdirim!.. Gedim? Niyə dinmirsən? Gedim? De “get!” və bax gör analar necə qızlar doğub!..

Anam susurdu. Ağappaq ağarmışdı. Sanki bu saat yıxılacaq, ürəyi gedəcək… Əli ilə ürəyini tutdu, son günlər ürəyi onu narahat edirdi, xüsusən o gündən sonra ki, atam…

Atam evə gec gəlməyə başladı.

Tez-tez əsəbiləşirdi, öcəşkən olmuşdu, anamı sancır, qəlbinə toxunurdu.

Kim isə anama dedi: onu sarışın arvadla görüblər. Hətta qadının ünvanını dedilər. Sözgəzdirənə nə var ki?..

Bir axşam atam evə qayıtmadı.

Səhər obaşdan anam geyinib evdən çıxdı.

Göstərdikləri ünvana getdi.

Və qapını döymədən itələyib açdı.

Atam ayaqlarını çarpayıdan salıb qalife şalvarını geyirdi; çarpayının yanında qoyulmuş xrom çəkmələri par-par parıldayırdı. O isə… həmin o qadın!.. Stola səhər yeməyi düzürdü…

Anamın ürəyi uçundu, silkələndi, sanki qaranlıq dünyaya düşdü.

Və indi biz üçümüz həmin o sarışın qadını gördük. O gedir, mən isə bizim “jensovet”in ona necə yaxınlaşdığını gözlərimdə canlandırırdım. O zaman bilmirdim ki, gördüyümüz o qadın kimdir. Atam öləndən bir il sonra anamın danışdığı hekayəni – səhər tezdən qadının evinə gedib orada qalife geyən atamı gördüyünü eşidəndə boğazım yandı, qəhərləndim.

Ağrı, daş olub boğazımın yolunu kəsdi.

Əfsus ki, ağlamadım. Çünki udquna bilmirdim. Ağlayanda isə udqunmalısan ki, boğazına tıxanan incikliyi uda biləsən…

İndi əriyən ilk incikliyim. Onu illər apardı.

Mənim bu incikliyimdən yalnız qüssə qalıb. Qüssəvarı duman. Yaxına tutub baxdığım bir kitabı bürüyən örtük kimi, ağımtıl pərdə kimi. Həmin o kitabı gözlərindən azca kənar et, bir qədər uzaqdan, eynək şüşəsinin müsbət “bir”, yaxud “bir yarım” məsafəsindən bax – örtük əriyib yox olur, kəlmələri açıq-aydın oxuya bilirsən: “Biri vardı, biri yoxdu…”

VIII

– Sənə baxıram: yanaqların yumru, dodaqların ətli, qarnın tox… Sən də mənə baxırsan. Həyatından razı baxışın mənə zillənib. Baxışın dərindir, bəlkə düşündüyümdən də dərin.

– Nə demək istəyirsən? Sözünü de qurtar!

– Aha!.. Gözlərində narahatlıq gəzdi!.. Buna mən varam!.. Özündən razı olanlardan zəhləm gedir.

– Bilirəm.

– İndi ki, bilirsən, qulaq as!

– Nə demək istədiyini də bilirəm.

– Bilsən də deyəcəyəm!

– Niyə? Yoxsa ürəyini boşaltmaq istəyirsən?

– İstəyirəm narahatlığım ürəyinə dolsun, ağır bir daş olub ürəyini əzsin!

– Ürəyimiz məgər bir deyil?

– İndi birdir! Amma əvvəlcə sənə baxanda, yumru yanaqlarını, tox gözlərini görəndə bir deyildi. Sən mənə yad idin. Mən uzaq müharibə gününü sənə xatırlatmaq istəyirəm!.. Anama dediyin sözlər yadındadırmı?!

– Mənim ilk qəddarlığım!.. İndi də bilmirəm necə oldu ki, mən o sözləri anama dedim.

– Bir də de, eşidim!

– Mümkün deyil!.. Desəm, dilim alışıb yanar!..

– Elə bilirsən yazmaq asandır?! Səndinmi “Çörəyi yolda yemisən” qışqıran?! Səndinmi “çörəyi böl” tələb edən?!

– Heç bilmirəm o sözlər dilimdən necə qopdu!..

– Niyə susdun? Danış!

– O sözləri yadına kim saldı?

– Həmişə yadımda idi.

– Bəs niyə indi, məhz indi deyirsən?!

– Bilmirəm.

– Bəlkə dünən gecə yuxuda uzaq müharibə günlərinə qayıtmışdın? Evinizi gördün? Üstünə müşəmbə salınmış dördkünc, iri stol, müşəmbənin bir ucunda ütüdən yanıq yeri, uca tavanlı otağımızı güclə qızdıran hisli keroqaz, yayları üzə çıxmış və meşini yırtıq, yamaqlı taxt, taxtın üstündə oturan yorğun baxışlı anan…

– Hərdən yuxumda görürəm, amma dünən gecə görməmişdim.

– Bəlkə…

– Səbəb axtarma! Əvvəl-axır deyəcəkdim bunu sənə!.. O sözləri anana dedin, bəs sonra? Sonra nə oldu?!

– Sən ki bilirsən.

– De!

– Anam heyrətdən böyümüş gözlərini üzümə dikdi. Həyəcandan dodaqları titrədi. Nə isə demək istədi, bacarmadı, dodağı əsdi. Birdən-birə otaq elə sakitləşdi ki, mən hövlnak vahimə içində yerimdən qalxdım. Dediyim sözlər beynimdə cingildədi. Anamın baxışına dözməyib otaqdan çıxdım, qəhər məni boğurdu.

– Anan doğrudan da yolda o qara çörəkdən bir tikə yemişdi…

– Sus!.. İllər keçdikcə xəcalətin yükü!..

– İndi necə?!

– Çox ağırdır!

– Çünki toxluqdan şişmisən?! Qarnın yekəlib?!

– O günləri qaytara bilsəydim!..

– Heyhat!

– Axşam evə döndüm. Anam məni gözləyirdi. Üzümə baxıb astaca, lakin qəti dedi: “Çörəyi başqaları kimi bölsək, ürəyim partlar”. “Mən də, – dedim, – bunu istəmirəm!”

– Bilirəm… Lakin anan o gün çörəyi böldü! Öz tikəsindən sənin payına…

– Sus, dinmə!.. Sən ki bilirsən, mən o tikəyə dəymədim!

– Afərin!

– Tikəni anama qaytardım!

– Alqışlar!

– Anama yedizdirdim!

– Ha-ha!..

– Bununla özümü təmizliyə çıxarmaq istəmirəm!

– Bacarmazsan da!

– Özümə bəraət!..

– Kəs səsini: o sözlər artıq deyilmişdi!

– Anam günahımı bağışladı!

– Yoxsa sən üzr istədin?!

– Yox.

– Bəs nə bildin ki, bağışladı?

– Hiss eləyirəm.

– Nədən?

– Anam ömrünün axırınadək məni əzizləyir, mən…

– Bəsdir! Sus!.. Anan bağışlasa da, mən bağışlamıram! Bağışlaya bilmirəm!.. Bəlkə ömrünün sonunda, ürəyinin dayanmasına bir saniyə qalmış, vaxt olsa, sənin əməllərin düşüncə tərəzisində çəkiləndə bağışlaram!.. Bəlkə!.. İndi isə itil gözümdən!..

IX

İlk, əvvəl…

Və sonuncusu.

Deməsən olmaz.

Qibtə və həsəd!

Tez-tez məndə oyanan. Və hər dəfə – təptəzə.

Oğluma həsəd, oğluma qibtə…

Anası var. Qaynar səsli, gənc və sağlam. Əli şəfqətli, baxışı qayğı dolu, məhəbbət dolu.

Бесплатный фрагмент закончился.

228 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
ISBN:
978-9952-8451-1-2
Правообладатель:
JekaPrint

С этой книгой читают